Kitabı oku: «Gələcəyə ön söz», sayfa 6
Ordum varsa, yurdum var…
Bəs bu ordunun tarixini yazmışlara ehtiram yoxdursa, necə?
Yasamal qəbirisanlığındakı dəfn mərasimi bitdi. Dünyanın ən hüznlü yerini yavaş-yavaş tərk edirdik. Köhnə qəbirlərin arasındakı nazik cığırlarla maşınların dayandığı darısqal yola tərəf tələsirdik. Bir-birinə sığınmış, uçulub-sökülməkdə olan qoşa məzarın yanından keçəndə gözüm baş daşındakı yazıya sataşdı. Bir anlığa yerimdə donub-qaldım, sanki məni ildırım vurdu. Qəbirlərə bir az da yaxınlaşdım, həyəcanım artır, ürəyim şiddətlə döyünürdü…
Yox, məni qara basmırdı, amma gördüyümə qəti əmin olmaq üçün tez-tələsik əyilib solmuş hərflərin üstünü sildim. İlahi, kimin qəbri olsa yaxşıymış bu? Bir vaxtlar adı Rusiyanın ucqarlarından tutmuş Avropanın iri paytaxtlarını dolaşan, elmi irsi dünyanın ən nüfuzlu hərbi akademiyalarında öyrənilən, 1918-1920-ci illərdə Azərbaycan milli ordusunun şərəf tarixini yazanlardan biri olmuş general Əliağa Şıxlinskinin. Port-Artur qəhrəmanı, dünya hərb elminə böyük töhfələr vermiş «rus artilleriyasının Allahı» tarixə biganəlik küləkləri əsdirən məmləkətimizin gözdən uzaq qəbiristanlığında əbədi uyuyurdu. Yanında da sevimli həyat yoldaşı, Azərbaycanın ilk tibb bacısı Nigar Şıxlinskaya…
* * *
Bir neçə gün əvvəl Milli Ordunun yaradılmasının 95 illiyi münasibətilə keçirilən hərbi parad, şübhəsiz ki, çoxlarımızı duyğulandırdı. İçimizdəki qürur və fərəh hissləri qırıcı təyyarələrin süzdüyü səmaya qədər yüksəldi. Bəli, biz neft pulundan bir az da orduya xərcləmişik, indi Cənubi Qafqazda ən güclü silah cəbbəxanasına malikik. Ordumuz sayca üstündür, müasir silahlarımız, qırıcılarımız, zenit toplarımız, düşməni lərzəyə sala biləcək raketlərimiz, pilotsuz təyyarələrimiz və bütün bunları məharətlə idarə edə biləcək ixtisaslı komandirlərimiz var. Deməli, «lazım gəlsə», hərbi sistem bir andaca işə düşəcək, işğal altında olan ərazilərimizi düşməndən təmizləyəcək. Əlbəttə, bunlar televiziya ekranlarından qəlbimizə, şüurumuza axıb gələn və fantaziyalarımızı qidalandıran hisslərdir.
Ordu gününün duyğuları bizi təkcə gələcəyə yox, həm də keçmişə aparır, 95 il əvvələ. Cümhuriyyət elan olunduqdan dərhal sonra ordu quruculuğuna başlandı. Müstəqil dövləti qoruyub yaşatmaq lazım idi. Hələ İstiqlal Bəyannaməsində göstərilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, düşmən qüvvələri zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Çünki müstəqil ordusu olmayan dövlət həmişə yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur. Odur ki bir yandan könüllülər yığılır, bir yandan da yüksək ixtisaslı hərbçilər, komandirlər axtarılırdı. Yaxşı ki belə ixtisaslı zabitlər, az da olsa var imiş. AC hökuməti əvvəlcə general Ə.Şıxlinskini dəvət etdi, sonra S.Mehmandarovu aradılar. «Müsəlman alayı»nın işə yaradığı Gəncədə hərbi quruculuq işlərinin əsası qoyuldu. İyul ayında burada ilk hərbi məktəb yaradıldı.
Onda Bakı bolşeviklərin dəstəklədiyi S.Şaumyanın əlində idi. Çar ordusunun silah və sursatına, həmçinin canlı qüvvəsinə yiyələnmiş bolşevik Bakı kommunasının güclü ordusu, hətta təyyarəsi vardı. Bu ordu özünə o qədər arxayın idi ki, Gəncə istiqamətində hücum etmək və elan olunmuş Azərbaycan Cümhuriyyətini beşiyindəcə boğmağı planlaşdırırdı. Lakin Cümhuriyyəti quran babalarımız işlərini ehtiyatlı tutaraq bir tərəfdən Türkiyə ilə danışıqlar aparır, hərbi təhlükəsizliyi təmin etməyə, digər tərəfdən cəbhədən qayıdan rus əsgərlərini tərk-silah edib silah-sursat ehtiyatı yaratmağa çalışırdılar. General Ə.Şıxlinski ordu quruculuğunu sürətləndirmək məqsədilə strateji təkliflər hazırladı. Plana görə, ilk növbədə hərbi nazirlik qurulmalı, 1919-cu ildə 25 minlik, 1920-ci ildə isə 40 minlik mütəşəkkil milli ordu yaradılmalı, ən vacib bölgələrdə yerləşdirilməli idi.
Milli ordu quruculuğu çox çətin hərbi şəraitdə aparılırdı. Türk zabitləri və Qafqaz İslam ordusunun Gəncəyə gəlişi, paytaxta yürüşün başlanması, Göyçay və Şamaxı istiqamətlərindəki uğurlu döyüşlər, nəhayət, 1918-ci il sentyabrın 15-də Bakının azad edilməsi ordu quruculuğu üçün əlverişli imkan yaratdı. Nazirlər Kabineti oktyabr ayının 23-də hərbi nazirliyin yaradılması haqqında qərar qəbul etdi. Həmin il dekabrın 26-da artilleriya general-leytenantı S.Mehmandarov hərbi nazir, general-leytenant Ə.Şıxlinski onun müavini, general-leytenant Suleyman Sulkeviç baş qərargah rəisi təyin edildi. Nazir S.Mehmandarovun əmri ilə qısa müddətdə hərbi çağırış elan olundu. Azərbaycanın Rusiyadan qoparaq müstəqil dövlət olması və Milli hökumətin qısa müddətdə ciddi uğurlar qazanması əhalidə milli orduya böyük inam yaratmışdı. Odur ki heç kim çağırışdan yayınmaq haqqında belə düşünmürdü.
Cümhuriyyət hökumətinin yaratdığı milli ordu qısa müddətdə misilsiz şücaətləri ilə Azərbaycan xalqının şərəf tarixini yaza bildi. Bu ordu tezliklə Biçeraxovun Lənkərandakı qiyam cəhdinin qarşısını alıb onu darmadağın etdi, Qarabağı erməni qoşunlarından təmizlədi, Zəngəzurdakı ağır döyüşlərdə Androniki əzib bu ərazilərdə Azərbaycanın müstəqilliyini təmin etdi.
Milli ordunun zəfər yürüşü müstəqil dövlətin sabahına böyük inam yaradırdı. 1920-ci ilin yanvarında Parisdə dünya dövlətlərinin Azərbaycanın müstəqilliyini tanıması bu ümidləri daha da artırırdı. Lakin zaman müstəqil dövlətin xeyrinə işləmirdi. Rusiyada bolşeviklərin vətəndaş müharibəsini qalibiyyətlə sona çatdırması, Avropa ölkələrinin bir çoxunda başlanmış siyasi-hərbi böhran, xüsusilə Cənubi Qafqazda hərbi durumun kəskinləşməsi, Qarabağda baş qaldıran erməni qiyamları və ölkənin qərbində – Ermənistanla sərhədlərdə bolşevik Rusiyasının təhriki ilə başlanmış silahlı təxribatlar AC hökumətini gücdən salırdı. Milli ordu da bir neçə istiqamətdə döyüşlər apardığından zəifləyirdi, xüsusən şimal sərhədlərini qorumaq üçün qüvvə çatışmırdı. Buna görə də 1920-ci ilin aprelində 72 minlik qoşunla Azərbaycana hücum çəkən 11-ci Qızıl ordunun qarşısına Samurda Milli ordunun cəmi 350 nəfərlik heyəti çıxmış, Yalama stansiyasında qəhrəmanlıqla döyüşərək hamısı həlak olmuşdu. Yəqin ki, nə vaxtsa Samurda həmin əsgərlərin xatirəsinə ucaldılacaq abidə onların ruhunu şad edəcəkdir.
* * *
Milli ordu günü bütün bunlar barədə düşünmək, Azərbaycanın istiqlal tarixini yaratmış, o cümlədən ordumuzun qəhrəmanlıq salnaməsinə qızıl səhifələr yazmış parlaq tarixi şəxsiyyətlərə aid əzəmətli bir panteonun olmasını, şərəfli tarixin gənc nəslə dürüst anladılması üçün tədbirlər görülməsini arzulamaq zərərli deyil. Çünki hələ AC dövründə ordu quruculuğu siyasətində milli hiss, milli birlik, milli iftixar, vətənə, torpağa bağlılıq duyumu əsas prinsiplərdən biri idi. Hər bir zabit və əsgər keçmişini, kökünü, soyunu bilməli, vətənini, dilini, millətini sevməli, onların qeyrətini çəkməlidir. Çünki bunlar cəmləşəndə yenilməz döyüş ruhu və iftixar hissi yaradır. Yalnız belə olanda təntənəli hərbi paradın da, burada iştirak edən yaraşıqlı forma geymiş əsgər və komandirlərin də, nümayiş etdirilən müasir texnikanın, silah-sursatın da bizdə yaratdığı ruh oyanıqlığının, sevincin ömrü daha uzun olur. Əgər sevgi və ruh yoxdursa, heç olmasa, bir metr torpaq azad etməmiş ordu hər gün hərbi parad keçirsə belə, yalnız bəzəkli eksponat kimi baxılacaq. Bu yerdə, yəqin ki, yaxşı yumor hissi olan oxucunun yadına böyük pul müqabilində ticarət karvanının təhlükəsizliyini boynuna götürmüş lətifə qəhrəmanı düşəcək. Belinə iri xəncər bağlamış və əsl cəngavər görkəmi olan bu qəhrəman quldurların karvana hücumu zamanı qorxudan qaçıb gizlənir, var-dövlət çapılıb aparılandan sonra yenə belində xəncər peyda olur. Sərvəti əlindən getmiş tacirin xəncərə işarə ilə «bəs bu belindəki nədən ötrüdür?» sualına bizim qəhrəman özünü itirmədən «yaman günün yarağıdır» cavabını verir. Hə… xəncər də, ordu da yaman gündə gərəkdir, xalqın, Vətənin, millətin yaman günündə…
29.06.2013
Həqiqətin bahalaşan qiyməti
Demokratiya bir hakim olaraq sovet və kommunist imperializmini ölümə məhkum etmişdir.
Ə.Fətəlibəyli-Düdənginski
Kim nə deyir-desin, həqiqətin qiyməti getdikcə artır, çünki onu demək çətinləşir. Həm də həqiqəti söyləyənlərin sayı azalır. Sayı azalan bir şey isə həmişə qiymətli olur. İndi Azərbaycan cəmiyyətində həqiqət belə bir bahalı mənəvi-sosial sərvətə çevrilib. Yox, söhbət çayxana və kuluarlarda danışılan həqiqətdən getmir, onun ictimai miqyasda söylənməsindən, mətbuatın, televiziya və radionun həqiqətə nə dərəcədə sadiq qalmasından gedir.
* * *
Xalq hərəkatının başlandığı ilk illərdə kiçik vərəqələrdə, senzuradan gizli buraxılan əl nəşrlərində həqiqətin isti nəfəsi yavaş-yavaş insanları qızdırırdı. Sonra «Azərbaycan», «Gənclik, «Azadlıq», daha sonra «Yeni Müsavat», «Müxalifət», «Aydınlıq», «Yeni fikir», «Rezonans», «Avropa», «Monitor», «Ayna», «Zerkalo», «Gün səhər» kimi qəzet və jurnalların səhifələrindən qanad açaraq yayılmağa başladı. Amma onlardan çox-çox əvvəl bu həqiqəti xarici radiostansiyalar misqal-misqal sızdırırdı. Bəli, o vaxtlar da həqiqət ört-basdır ediləndə, yalanlar ayaq açıb yeriyəndə və insanlar dəqiq məlumat almaq ehtirası ilə yaşayanda «Azadlıq» və «Amerikanın səsi» kimi radiostansiyalar kara gəlirdi. 1990-cı ilin məşum yanvar gecəsindən sonra səsimiz heç yana yetməyəndə, baş-başa qaldığımız tranzistorlarda bir-birinə qarışmış dalğalar arasında biz «Azadlıq» radiosunun xışıltılarla gəlib çatan tanış və doğma səsini axtarırdıq.
Həmin radionun Azərbaycan xidməti öz tarixi missiyasını bugünkü şəraitdə də davam etdirir, həqiqətin və demokratik dəyərlərin yayılmasına öz töhfələrini verir, «onun proqramları Azərbaycanda müstəqil və obyektiv media üçün böyük ehtiyac duyulan nümunə funksiyası daşıyır». Mötəbər məlumat mənbəyi olan radionun proqramlarını ölkə əhalisinin əhəmiyyətli hissəsi dinləyir. Təsadüfi deyildir ki, ən populyar vaxtında FM dalğasından çıxarılsa da, bu gün «Azadlıq» internetdə ən çox dinlənilən radiolar sırasındadır.
Multimedia imkanlarından bəhrələnən radio, artıq bir neçə aydır ki, ayrıca telexəbər bülleteni də hazırlayaraq peyklə yayımlayır. Amma nə etməli ki, Azərbaycan həqiqətlərini əks etdirən bu yığcam xəbər bülleteni hakimiyyətdəki bəzi zəkası sönük məmurların xoşuna gəlmir. Ona görə də həmin bülletenin efirdə olduğu vaxtda peyk kanalı hücuma məruz qalır, səs və görüntü yararsız vəziyyətə salınır, bir sözlə, verilişlər vurulur. Beynəlxalq telekommunikasiya qaydalarına zidd olan bu hərəkətləri kimin törətdiyini ABŞ-da yaxşı bilirlər. «Ağ ev» in sözçüsü bu davranışı «soyuq müharibə dönəmində Sovet İttifaqının xarici radiostansiyalara qarşı geniş tətbiq etdiyi praktika» kimi səciyyələndirib.
* * *
Sovetlər birliyinin ideoloqları, həqiqətən, «soyuq müharibə mələkləri» adlandırdıqları xarici radiostansiyalardan çox qorxurdular. Ən böyük qorxu bu radiolarda həqiqətin söylənməsi idi. Qərb radioları rok musiqisi vasitəsilə sovet dinləyici auditoriyasına tilov atır, sonra qısa xəbərlərlə həqiqətləri çatdırırdı. Bu, II Dünya müharibəsindən sonra Çörçilin məşhur Fulton çıxışı ilə başlanan «soyuq müharibə»nin əsas psixoloji taktikası idi. Qərb avtoritar sovet sisteminin ən böyük qorxusunun həqiqət sarıdan olduğunu yaxşı bilirdi. Bu sistem geniş xalq kütləsinin həqiqətdən xəbər tutmaması üçün çox çalışır, xarici radiodalğaları vurmaq üçün milyardlar xərcləyirdi. Amma xeyri yox idi.
50-ci illərdə ABŞ Senatı federal büdcədən maliyyə ayırdıqdan sonra yayıma başlayan iki radiostansiya – «Azad Avropa» (1950) və «Azadlıq» (1953) radioları sovet işğalı altında olan respublikalarda insanlara öz ana dillərində fərqli xəbər almaq, həqiqəti bilmək imkanı yaradırdı. Var gücü ilə işləyən radiolar arasında konkret vəzifə bölgüsü var idi: «Azad Avropa» daha çox Şərqi Avropanın sosialist ölkələrini, «Azadlıq» isə (ilk vaxtlar «Qurtuluş» adlanırdı) SSRİ-ni hədəfə almış, onun bütün respublikalarının dillərində verilişlər yayımlamağa başlamışdı. Getdikcə qol-qanad açan bu stansiyaların dünyanın azı 100 ölkəsində 240 məlumat mərkəzi, 200-dən çox kitabxanası yaradıldı. Təkcə SSRİ xalqlarının 23 dilində həftədə 2 min saatdan çox veriliş hazırlanırdı. Əməkdaşların sayı qısa müddətdə 350-dən 1500-ə çatdırılmışdı.
1953-cü ilin martından «Azadlığ»ın Azərbaycan redaksiyası da fəaliyyətə başlamış, bu redaksiyanın ilk baş redaktoru Əbdürrəhman Fətəlibəyli – Düdənginski və Ceyhun Hacıbəylinin səyləri sayəsində Azərbaycanın siyasi mühacirləri üçün əsl tribunaya çevrilmişdi. Vətəndə «xain» adlanan bu adamlar Azərbaycan həqiqətlərini öz doğma dillərində həmvətənlərinə çatdırır, onları sovet rejimi ilə gizli mübarizəyə ruhlandırırdılar.
* * *
«Azadlıq», elə həmin «Azadlıq» dır. Yenə də həqiqətin və demokratiyanın yanındadır. Yenə də bu missiyasına görə avtoritar düşüncə sahibləri onu sevmir, FM-dən çıxarır, verilişlərini topa tutur, peykdəki yayımına əl uzadırlar. Deyəsən, yenə də xeyri yoxdur. İnsanlar azadlıq və həqiqət təşnəsindədir. Yalanlar çoxalanda adamlar həmişə həqiqətə, doğrunu söyləyənlərə tərəf boylanır. Bu, dünyanın hər yerində, o cümlədən, Azərbaycanda da belədir. Buna görə bizdə də düşünən, özünə dəyər verə bilən insanların çoxu tarixən həqiqət carçısı olmuş «Azadlığ»a üz tuturlar. Bu radionun ağzına əsgi basmaq, onun yaydığı proqramları peyk siqnalları ilə vurmaq, həqiqətlərin qarşısına fəza səddi çəkmək mümkünsüzdür. Çünki həqiqət maddi olan deyil, o ruha bağlıdır və mütləq dalğa sədlərinin arasından keçib onun həsrətində olan ünvana çatacaq. Lap sovet dönəmində olduğu kimi…
06.07.2013
Qızın iki adaxlısı olanda
vəziyyət xeyli qəlizləşir, şübhələr və bədgümanlar çoxalır
Azərbaycan kimi qəribə məmləkətdə yaşamağın adama mənəvi rahatlıq verən çox böyük üstünlükləri də var. Hələm-hələm avropalının anlamayacağı ən böyük üstünlük bizdə başını kola soxub, arxasını çöldə qoyan adamların sayca artması və bir də çoxlarının yavaş-yavaş bu tərzə öyrəncəli olmasıdır. Ətrafdan xəbər tutmayan belə adamlar üçün həqiqət, yalnız başlarını kəmali-ehtiramla dincə qoyduqları kolun dibindəkilərdən ibarətdir. Məsələn, bu həftə mətbuat şurasına daxil olan və barmaqla (amma barmağın arxasında pul və ev kimi şirnikləndirici vasitələr də var ha!) idarə edilən qəzet, jurnal işçilərinin qurultayı oldu. Qurultayda dedilər, güldülər, kol dibində boy atan jurnalistikanın böyük «nailiyyətlərindən» danışdılar, sonra da onları uğurlu gələcəyə aparacaq köhnə və yeni rəhbərləri seçib dağılışdılar. Amma bizim söhbət cəmiyyətin mənəvi dünyasını daraldan, həqiqəti deməkdən çəkinən, araşdırmalar aparmaqdan qorxan, hakimiyyəti tənqid etməyi tərgitməkdə olan, məmur görəndə rəngi avazıyıb səsi dəyişən müti mətbuat və qələm əhlimiz haqqında deyil.
* * *
Əslində, siyasətdən danışmaq istəyirdim. Daha doğrusu, cücələrin sayılma mövsümü olan payızdakı prezident seçkiləri ilə bağlı ölkənin siyasi həyatında tamamilə yeni mühit yaratmış Milli Şuranın vahid namizədi ilə bağlı ortada olan problem haqqında.
Məmləkətdə son iki ayın siyasi xronikası hər kəsə bəllidir. Uzun danışıq və məsləhətləşmələrdən sonra real müxalif düşərgəni təmsil edən siyasi qüvvələrin Milli Şurası yaradılıb. Ölkədə «avtoritarizmdən demokratiyaya keçidi dinc mübarizə üsulları ilə gerçəkləşdirməyi» qarşısına məqsəd qoymuş həmin Şura yetkin siyasi addım ataraq seçkiyə bütün demokratik qüvvələrin konsessusla qəbul etdiyi vahid namizədlə – görkəmli kino xadimi, yazıçı və dramaturq Rüstəm İbrahimbəyovla gedir.
Oskar mükafatçısı, hər bir azərbaycanlının fəxri olan R.İbrahimbəyovun mədəniyyət platformasından siyasi səhnəyə sıçraması ictimai hərəkat tariximizdə yeni bir keyfiyyət mərhələsidir. İqtidar qəzetlərinin və bütün telekanalların səs-səsə verərək xorla R.İbrahimbəyova qarşı qara piar kampaniyası aparmasına baxmayaraq ustad sənətkar cəmiyyətdə təmiz, vicdanlı, ləyaqətli və dərin intellektli adam kimi tanınır, əsl ziyalı kimi qəbul olunur. Kino adamı kimi R.İbrahimbəyovu bütün dünya tanıyır, millət qarşısında böyük xidmətləri var. Həyatda bəxti gətirmiş sənətkardır, hər addımda uğur qazana bilir, onda bir az da mistika duyulur. Ən önəmlisi odur ki, bütün demokratik qüvvələri bir araya gətirmək gücü vardır. Ölkənin sabahına biganə qalmayan insanlar Rüstəm İbrahimbəyov fenomeninə xüsusi coşqu ilə baxırlar. Uzun illər boyu siyasi proseslərə arxa çevirən sadə insanlar bu günlər çox ümidlənib. Lakin görünür, sevinmək üçün bir az da gözləmək lazım gələcək, çünki Milli Şurada təmsil olunan Müsavat partiyasının başqanı İsa Qəmbərin hələ bu qurum yaranmazdan əvvəl prezidentliyə namizəd irəli sürülməsi mənzərəni bir az tündləşdirir. Qeyri-müəyyənliyə səbəb odur ki, Şura seçkiyə vahid namizədlə gedəcəyini bəyan etdikdən sonra da Müsavat başqanı qeydiyyata qədər qərarının qüvvədə qaldığını deyib.
Məsələnin bu cəhəti situasiyanı xeyli qəlizləşdirir və ortaya çətin suallar çıxarır. Analitiklərin əsas sualı isə bundan ibarətdir ki, bir siyasi qüvvə Milli Şurada təmsil olunursa, demokratikləşmə prosesini bu qurum çərçivəsində və hamı ilə birgə reallaşdırmaq öhdəliyini götürübsə, bəs onda bu namizədliyi saxlamaq və gələcək manevrlər üçün əl yeri qoymaq nə deməkdir?
Bəli, «siyasətdə səmimiyyət olmur, ancaq maraqlar olur» kimi əxlaqsız tezisi qəbul etsək, onda gərək «hansı maraqlar» sualını da verək. Şəxsi maraqlar, partiya maraqları, yoxsa hansısa qaranlıq otaqda oturub prosesləri ümidsizliyə tərəf aparmağa cəhd edənlərin marağı? Bu suallara cavab istəmək, yəqin ki, qəbahət sayılmaz. Amma bütün hallarda «boykot» və «risk» haqqında həyəcanlı bəyanatlar bu sualların cavabı deyil.
* * *
ABŞ-ın keçmiş dövlət katibi M.Olbraytın maraqlı bir ifadəsi heç yadımdan çıxmır: «siz sözlərə fikir verməyin, mahiyyətin harada gizləndiyini axtarıb-tapmağa çalışın». Bu məsələdə mahiyyəti axtarmağın da yolu təxminən bu suallardan keçir: tutaq ki, Şuranın vahid namizədi qeydiyyat çətinliyi ilə üzləşdi, o zaman Müsavat partiyası Şuranın namizədinə səmimi dəstək verib hakimiyyətə təzyiq kampaniyasında iştirak edəcək, yoxsa dərhal (və sevincək) öz seçki hazırlıqlarına başlayacaq? İ.Qəmbər ətrafındakılarla seçkidə iştirak edə biləcəkmi? Qalib gələcəkmi? Qələbə üçün şanslar varmı? Milli Şuradakı geniş koalisiya ona dəstək verəcəkmi? Təəssüf ki, bu vacib sualların heç birinin müsbət cavabı yoxdur.
Özünü ehtiyat namizəd kimi görən hər kəs seçkidə elə-belə iştirak etmək, sadəcə seçki gimnastikası ilə məşğul olub müxalifət düşərgəsi adından ona demokratik fon vermək istəyirsə, bu başqa məsələdir. Bu halda həmin namizədin seçkiyə qatılması, bütövlükdə seçkini boykot etmək taktikasından daha təhlükəli görünür. Bunun niyəsini izah etmək üçün yüz səbəb göstərmək olar, amma Sərdar Cəlaloğlu kimi Milli Şura əleyhdarlarının da bu ssenarinin gerçəkləşdirilməsi üçün dəridən-qabıqdan çıxdıqlarını demək kifayətdir.
13.07.2013
Müstəqil mətbuat: illüziyaların sonunda
yoxsa mənəvi iflasın başlanğıcındayıq?
Özüm də duyuram ki, deyəsən, sərlövhənin havası bir az hamletsayağı oldu, həm də böyük «uğurlardan» danışmağa hazırlaşdığımız Mətbuat günü ərəfəsində heç yerinə düşmür. İradlarla razılaşmaq olardı, bu şərtlə ki, bəziləri dodaq büzüb deməsinlər ki, bəyəm bu, təzə məsələdir, mənəvi iflas guya indi başlayır? Bir yandan da jurnalistikanın nə olduğunu əməlli-başlı bilməyən, «mətbuat vətənpərvər olmalıdır» deyən həlim sifətli, yaltaqlığa alışmış utancaq universitet müəlliminin həzin sualı gəlir qulaqlarıma: insafla demək lazımdır də, guya ABŞ-da və ya Almaniyada mətbuatın vəziyyəti bizimkindən yaxşıdır?!
* * *
Belə qəribə sualları eşidən kimi britaniyalı rejissor Liz Merminin 3-4 ay əvvəl çəkib nümayiş etdirdiyi «Qəribə Azərbaycan» («Amazing Azerbaijan») adlı bir saatlıq sənədli film yadıma düşür. Azərbaycanda insan haqlarının vəziyyətindən bəhs edən həmin filmdə mətbuatın da qəribəliklərinə toxunulur, araşdırma jurnalistikasının problemləri önə çəkilir. Jurnalistlərə maneə olmaq, onları qorxutmaq, xəbər mənbələrinə çıxış imkanı yaratmamaq və s. kimi milli özəlliklər filmin qərbli rejissoruna qəribə görünür, amma biz bunlara bir növ alışmışıq.
Bəs bu ölkədə jurnalistikasının üzünü ağ edib ciddi araşdırmanı kimlər aparır, bu işlə hansı media qurumları məşğuldur? Əlbəttə, əvvəllər xeyli ad çəkmək olardı, amma son illərdə bu siyahıda Azadlıq radiosunun Azərbaycan redaksiyasının əməkdaşlarından başqa kimlərəsə rast gəlməzsən. Bəs niyə onlar ciddi mövzulara girişib araşdırır, amma bizim sinəsinə döyən çoxsaylı qəzet, TV və radiolarımız o həndəvərdən keçə bilmir. Təbii ki, bunun əsas səbəbi ikincilərin azad olmaması, müxtəlif səbəblərdən müxtəlif qurumlardan asılılığıdır. Bəs media üçün azadlıq, müstəqillik nə deməkdir, qəzetin, teleradio kanalının müstəqilliyi nə ilə ölçülür? Mətbuat günü ərəfəsində belə şeylərdən danışmaq ayıb olmadığı üçün bunu qısaca izah etməyə çalışaq: medianın müstəqilliyi ilk növbədə hakimiyyətdən, heç bir siyasi qüvvədən, heç bir biznes qurumundan və oliqarxdan asılı olmaması ilə ölçülür. Demokratik cəmiyyətlərdə hakimiyyətin fəaliyyətinə tənqidi yanaşmaq da müstəqilliyin vacib şərtlərindəndir. Əlbəttə, bunlar normal ölkədə normal şərt kimi, bizdə isə illüziya kimi qəbul olunur, çünki sistemin reallıqları peşəni küncə sıxan, insan ləyaqətini hədəfə alan, amma hər redaktor və jurnalistin yaxın buraxmayacağı başqa şərtləri diktə edir.
Azərbaycanda 90-cı illərin əvvəllərində müstəqilliyin göz qabağında olan real bəhrəsi kimi qəbul edilən azad mətbuatla bağlı vəziyyət bu gün, yumşaq desək, xeyli paradoksaldır. Hakimiyyət mətbuatın inkişafından, ona maddi yardımdan, hüquq müdafiəçiləri isə ölkədə söz-mətbuat azadlığının daralmasından danışır. Həqiqətən, xeyli qəzet KİVDF-dən hər il xeyli maddi yardım alır. Bunların arasında son illərə qədər adı heç bir dəftərdə olmayan, tanınmayan çoxsaylı qəzetlərlə yanaşı, «Azadlıq», «Yeni müsavat», «Zerkalo» və «Bizim yol» kimi tənqid yazan mətbu orqanlar da var. Amma maddi yardım mətbuatın çıxışlarının kəsərini, jurnalistlərin peşəkarlığını, yazıların cəmiyyətə təsirini, həmçinin fikir plüralizmini artırmır, əksinə, qəzetlərin çoxu bir-birinə oxşamaqla yeknəsəq xor yaradır, daha maraqsız və sönük olur. Ən pis odur ki, qəzet səhifələrində tənqid qeybə çəkilir. Bu isə artıq ortada peşə mənəviyyatı ilə bağlı problemlərin olmasından xəbər verir və həmin problemlərin kökündə dolayısı ilə daha çox siyasi amillər dayanır. Nəyə görə?
Reallıq bundan ibarətdir ki, bizim kimi ölkələrdə, hər şey siyasətlə bağlıdır və demək olar ki, siyasətdən kənarda heç nə yoxdur. Siyasət cadar torpağa sürətlə hopan, axıb başqa çala-çuxurları da dolduran bulanıq su kimi insan fəaliyyətinin bir çox sahələrini öz acgöz axarı ilə tutub. Siyasət mətbuatı da məngirləyib, çünki media bir güc, təsir vasitəsi, həm də niyyət və istəklərin göstəricisidir. Müstəqil və tərəfsiz məlumatlandırma ilə yanaşı, həm də azad fikirli insanların forumu olan mətbuat öz çıxışları ilə cəmiyyətdə fikir azadlığına stimul verir. Ona görə Qərbdə deyirlər ki, azad mətbuatsız normal cəmiyyət qurmaq mümkün deyil. Təbii ki, belə bir cəmiyyət qurmaq istəyən adam heç bir azad sözdən qorxub-çəkinmir və onda mətbuat da öz missiyasını rahatca gerçəkləşdirir. Bunun əksi olduqda isə azad fikirdən, həqiqətdən qorxan siyasətçilərin yaratdığı idarəetmə sistemi ilk növbədə mətbuatı öz çarxının amansız dişlərinə keçirib sürüyür.
Kimsə dəqiq yazmışdı ki, total düşüncəyə hakim olmaq istəyən siyasi sistemin ilk işi cəmiyyətdə çoxsaylı mənəvi barrikadalar qurmaq və bu barrikadalarda insanları bir-birinə qarşı qoymaqdı. Burada mətbuata həmin barrikadalara güllə daşımaq, el arasında deyildiyi kimi, topa güllə qoymaq rolu ayrılır. Belə mənəviyyat davası ləyaqət anlayışından bixəbər olanlar üçün qazanc və ucuz şöhrət mənbəyinə, əxlaq sərhədlərini aşa bilməyənlər üçünsə faciəyə çevrilir. Əxlaq kateqoriyaları ilə yaşadıqları üçün ikincilər bu davada uduzurlar. Tərəf tutmayıb müstəqil qalmaq istəyənlər də gülləyə tez tuş gəlir, çünki ona atəş hər iki tərəfdən açılır. Ən yaxşı halda belə, jurnalistlər hansısa hakimiyyət məmurunun qəzəbinə gələrək sarı vərəqə almış futbolçu kimi cəza skamyasında oturdulur: yəni özünü yaxşı aparmasan, qapılar üzünə bağlı qalacaq.
* * *
Keçid demokratiyası ölkələrinin jurnalistləri bəzən elə bilirlər ki, hakimiyyətin nəzarətindən yaxa qurtarsalar, artıq heç kəsin nəzarətində olmayacaqlar. Belə yanaşma, təəssüf ki, gerçəklikdən uzaqdır və nəticə etibarilə, jurnalistlərin özünə də elə bir fayda vermir. Təbii ki, mürəkkəb dünyamızda tam, mütləq müstəqillik çətin məsələdir. Çünki ən müstəqil qəzet belə bəzən iqtisadi vəziyyətdən, maliyyədən, ən müstəqil jurnalist isə qəzetin sahibindən və ya baş redaktordan asılı olur. Psixoloqlar ictimai fəaliyyətlə bağlı olan bu asılılıqları müvəqqəti hesab edirlər. Amma mənəviyyatla bağlı bir çox sahələr kimi, jurnalistikada da insanın asılı olduğu çox incə və güclü bir hakim var: onun adı VİCDANdır. Zaman-zaman hər şeyin, hər bir davranışın hesabatını istəyən bu hakim elə bir asılılıq yaradır ki, insan ömrünün sonuna qədər, pıçıltılarla olsa belə, onun ağır zəhmini duyur. Duymayanda barrikadaya güllə daşıyır…
20.07.2013
Ücretsiz ön izlemeyi tamamladınız.