Kitabı oku: «Dörd şair, qırx dua», sayfa 2
… Rüstəm Behrudinin Tanrının özünə də müxalif olan şeirləri Tanrıya bakirə sevginin özü kimi qalacaq.
Sözün urvatdan düşdüyü bir zamanda yaşayırıq. Vətən qürbət olub, doğmalar yad. Sözün ucuzlaşdığı, sözün satıldığı, qul kimi bazara çıxarıldığı bu ağır dövrdə Allahın bizə yazığı gəlib. Millətin çörəklə, ocaq həsrəti ilə sınağa çəkildiyi bu ağır günlərdə Tanrı bizə təsəlli kimi, xilas kimi Söz verib, Dua verib. Bu müqəddəs Sözü, bu ilahi Duanı söyləyən Vaqif Səmədoğlunu, Ramiz Rövşəni, Vaqif Bayatlı Odəri, Rüstəm Behrudini verib. Tanrı onları vermədiklərinin əvəzinə verib.
İlin dörd fəsli, Azərbaycanın dörd şairi var. Şükür ki, var!
Nələrsə başlayacaq, nələrsə sona çatacaq. Söz qalacaq. Söz yaşayacaq. İlkin söz olub, son ucda da Söz olacaq.
ULU SÖZƏ SALAM OLSUN!
Kamil Vəli Nərimanoğlu
Vaqif Səmədoğlu
Mən burdayam, ilahi!
Vaqif Səmədoğlu qəribə insan olduğu qədər də qəribə şairdir. Hərdən mənə elə gəlir ki, Vaqif bəy üçün dünyada ən ağır şey şeir yazmaqdır. Şeir yazmaq ölümü yaşamaqdır. Yasaqları keçməkdir. Zamansızlığa sığınmaqdır. Şeir yazmaq Əzab-dır. Xilas əzabı. Özünü hissə-hissə, qəlpə-qəlpə, əza-əza öldürüb ətrafdakıları yaşatmaq əzabı.
Bu, mənim Vaqif Səmədoğlunu oxuyarkən duyduqlarımdır. Bəlkə də, yanlışdır. Ancaq bu mənim üçün belədir ki var.
Kamil Vəli Nərimanoğlu
Adın nədir, ev yiyəsi?
Səsin – anamın səsi…
Başım üstdən ağ buludlar,
qara buludlar keçir.
Ağ durnalar başım üstdən
qara yurdlara köçür.
Başım üstə cin oturub
səhər-axşam mey içir.
Zəmiləri qılınc ilə
sərxoş şeytanlar biçir…
Adın nədir, ev yiyəsi?
Səsin – anamın səsi…
Ev yiyəsi, Allah göydən
yerə nə ələyibmiş?
Anam məni çağa ikən
kəfənə bələyibmiş?
İllər tozuna batıram,
burda artıq yer tuturam,
eşiyə qoyun məni.
Ölsəm, dostlar, tabuta yox,
Beşiyə qoyun məni…
Adın nədir, ev yiyəsi?
Səsin – anamın səsi…
1996
Bir gün dəli olacağam.
İcazə versələr əgər.
Gedəcəyəm, baş götürüb,
Evimizdən səhər-səhər…
Söysələr də, öz-özümə
Ürək verib susacağam.
Söyüşləri yaxam üstdən
Orden kimi asacağam.
Səni deyib, yer üzünü
qapı-qapı gəzəcəyəm.
Qürbətə, qapısız vətən,
Görən necə dözəcəyəm?
Yox, görürəm bu dünyada
Mənə bir səs gülməyəcək.
Qorxu tutmuş əllərimdən
Dəlilik də gəlməyəcək.
Bu otaqda qalacağam,
Vicdanımla təkbaşına.
Bircə ümid bəsləyərək
Dost-aşnanın göz yaşına.
Ana yurdum, torpağında
Bir ləpir izim qalmadı.
Doğuldu, öldü şairin,
Sənin xəbərin olmadı…
1971
Sol əlimlə sağ əlimin
arasında duman, dağ,
hansı ölüm qürbətdədir,
hansı ölü, hansı sağ?
Sol əlimlə sağ əlimin
arasıyla çay axır,
Hansı əlim batır suda
hansı sahildən baxır?
Sol əlimlə sağ əlimin
arasında yağar qar,
hansı əlim istidədir,
hansı çöllərdə donar?
Sol əlimlə sağ əlimin
arasında qapı var,
hansı əlim döyər onu,
hansı, görəsən, açar?..
1985
Elə şirin yatmısan ki,
Hay qaçıb, haray gedib.
Elə bil, oxunan yerdə
Yuxuyla lay-lay gedib.
Köksündən çıxan nəfəslə
Beynimdən ağıl çıxır.
Yaddaşımın hər küncündən
İndi bir nağıl çıxır.
Bu gün məndən kədər nədir,
Qorxu da qorxub qaçır.
Bu yaşacan görməmişəm