Kitabı oku: «Türk hekayələri», sayfa 3
Said Faiq Abasıyanıq
SİNAQRİT BABA
«Cəhənnəm nişanı» deyilən yerdə beş balıqçı qayığı vardı. Gözəl yanvar axşamı idi. Gilavar əsirdi. Dənizin üzündə yeddi rəngin hər çeşidini görmək olurdu. Bərk qaynadılmış cökə çayı rəngində dalğalar oynaşırdı. Qayıqlar ağır-ağır tərpənir, tilovlar gözləyir, adamlar susurdular.
Kim bilir, suyun otuz səkkiz qat dərinliyində, kələ-kötür qayalar arasında bu rənglər görünürmü? Görəsən Sinaqrit8 baba ovdan qayıdıbmı? Göy qurşağı kimi par-par parıldayan pullarını göstərərək, qədim dövr kralları kimi ağır-ağır, möhtəşəm, varlı, əliaçıq, alicənab və müstəbid ədası ilə gəzirmi? Bəlkə də qızıl, zümrüd, inci, mərcan, sədəf içində alışıb-yanan sarayı üçün darıxdığına görə tələsir?
Sinaqrit baba ömründə danışmamış, ömrü boyu evlənməmiş, həmişə tək yaşamışdı. Sinaqrit baba qovuğunun zümrüd pəncərəsindən nə qədər faciələr seyr etmişdi, nə qədər tilovlar qırmışdı!
Bu axşam Sinaqrit baba kiminsə tilovunu seçməli və bu yorucu ömrü bitirməli idi. Hələ ki, onun hər yeri par-par parıldayır, hələ ki, əti öz ləzzətini itirməyib, ömrü qurtarmaq lazımdır. Sonra günlərin birində dərisi yapışqanlı, murdar bir vəhşinin dişinə keçə bilərdi. Yaxşısı budur ki, sulardan kənar dünyada yaşayan ağıllı bir məxluqa özünü təslim etsin, böyük bir süfrəyə qoyulsun, zəfərlə dolu ömrünü ağ şərabla başa vursun.
Sinaqrit baba gedib tilovlardan birini imsilədi. Bu, balıqçı Xristonun tilovudur. Xristonun eyibləri çoxdur. O, acgözdür, xeyir güdəndir. Kasıb olmağına kasıbdır, amma mənliyi yoxdur. Sinaqrit baba belə hesab edir ki, insan kasıb olsa da, öz qürurunu itirməməlidir.
Sinaqrit baba o biri tilova yaxınlaşdı. İmsilədi. Bu, balıqçı Həsənin tilovudur. Keç! Onun hap-gopuna baxma! Qorxaqdır. Sinaqrit babanın cəsarətli adamlardan xoşu gəlir… Başqa tilova yanaşdı. Balıqçı Yaqub yaxşı adamdır. Xoşsifətdir, mülayimdir, amma qısqancdır. Sinaqrit baba qısqancları sevmir… O biri tilov xəsis adamındır. Sinaqrit baba əliaçıq adamları xoşlayır. Bir zərbəylə xəsisin tilovundakı qarmağı dümdüz etdi. Ucundakı yemi alıb çeynəməmiş uddu. Xəsis tilovunu tez yuxarı çəkdi:
– Bay atonnan… Nikoli, qarmağı gör nə hala salıb, – dedi.
Sinaqrit baba quyruğunu indi də Nikolinin tilovuna toxundurur, onun sahibində bir eyib axtarırdı. Onda eyib nə qədər desən vardı. Əvvəla, əyyaş idi. İkinci, əxlaqsız idi. Ancaq öz xeyrini düşünən adam idi. Buna baxmayaraq Nikoli cəsarətlidir, əliaçıqdır, qətiyyən qısqanc deyil. Kasıbdır, həm də qürurludur. Sinaqrit baba qürurlu kasıbları sevirdi. Lakin Nikolinin qürurunu bəyənmirdi. O, insan oğlunda əsil qürur – öz yerində, öz vaxtında görünən qürur axtarırdı. O da deyil; insan oğlunun hərəkətindən, davranışından, hətta tilov tutmağa qədər bütün halından bəlli olan qürur görmək istəyirdi. O, Nikoli kimi adamın salladığı tilovu kəsməz, qarmağını sındırmaz, yemini də qapıb aparmaz.
Sinaqrit baba beş qayıqdan sallanan tilovların hamısını imsilədi. Heç birini bəyənmədi.
Sinaqrit baba öz qayasının kənarında durmuşdu. Fosforlu tilovların, civəli qırmaqların lacivərd aləmdə işıqlandırdığı saray meydanını seyr edirdi. Mərcanlar şəhərinin düz ortasında on beş dənə gözəl-qəşəng fənər yellənirdi. Qonşu qovuqlardan çıxan mərcan balıqları fənərlərə hücum edir və axmaqcasına tora düşürdülər. Gözləri böyümüş halda yuxarı çıxarılan zaman dönüb yenə aşağıya gəlir, elə bil yuxarıdakı həyatı görməkdən vahimələnirdilər. Sinaqrit babaya baxıb, böyüyən gözləri ilə sanki: «bizi qurtar» deyirdilər. Sinaqrit baba fikirləşirdi. Gedib bir dişlək vursa, o işıq saçan ipin işini bitirə bilər. Amma getmirdi, onların heç birini xilas etmək istəmirdi. Sinaqrit baba onları qurtarmağın bu qədər asan olduğunu bilirdi, amma onun bildiyi başqa şey də vardı. O, başa düşürdü ki, nə suda, nə quruda, nə havada, nə heyvanat, nə də nəbatat aləmində tək bir adamın ağlı ilə müşkül məsələləri həll etmək mümkün deyil. Tilova ilişən həmcinslərini qurtarmaq üçün o işıq saçan ipi bərabər qırmaq zərurətini bütün balıqların dərk etmələri lazımdır. Yoxsa Sinaqrit babanın tilovu təkbaşına kəsməyindən nə çıxacaq? Bəs bir azdan sonra Sinaqrit babanın özü tutulanda necə olacaq? Onda tilovu kim kəsəcək? İşıqlı ipi kəsmək kimin ağlına gələcək?
Sinaqrit baba bu fikirdə ikən parlaq işıqlar saçan bir tilov aşağı endi. Sinaqrit baba sevincək ora qaçdı. Bu tilovu da imsilədi. Tanıya bilmədi. Yemi ağzına alanda zənn etdi ki, bu tilovun sahibi onun axtardığı adamın lap özüdür. Bunu fikirləşməyi ilə qarmağa keçməyi bir oldu. Çəkilib qayığa düşən zaman gözləri böyümüş Sinaqrit baba onu tutan adama sevinclə baxdı. Sinaqrit baba kənarları qırmızı, içi şəffaf, qara gözlərini çevirib balıqçıya bir də baxdı, yenə baxdı. Birdən diksindi. Hiddətindən ayaqlarını yerə döyən gənc qız kimi qayığın döşəməsini təpiklədi. Sinaqrit baba onu tutan tilovun sahibində bəlkə də, bizim sezmədiyimiz bir xüsusiyyət görmüşdü. Bu adam indiyə qədər təcrübədən keçirilməmişdi. Ömrü boyu hamı onu cəsarətli, mərd və məğrur bir adam kimi tanımışdı, Amma Sinaqrit baba bu balıqçıda bizim sezmədiyimiz bir xüsusiyyət olduğunu anlamışdı. Onu tutan tilovun sahibi özünün mərd və qürurlu olduğunu indiyə qədər sübuta yetirməmişdi. Bu vaxtacan Sinaqrit babanın da onu tanımaq imkanı olmamışdı. İndi Sinaqrit baba onun toruna düşməsəydi, bəlkə də həmin balıqçı imtahandan keçməyəcək, ömrünün sonuna qədər mərd, cəsarətli və qürurlu bir adam hesab ediləcəkdi. O nəkarə idi, necə adam idi? Sinaqrit baba belə bir adama hələ rast gəlməmişdi. Ölümqabağı həmin adama bir də baxdı. Namuslu, mərd və cəsarətli adam kimi tanınan və dünyadan bu adla getmək imkanı olan bu balıqçı əslində qorxaqların ən qorxağı, namussuzların ən namussuzu idi. Sinaqrit baba bunları onun alnından oxudu. Bu adamın ikiüzlü olduğunu öyrənmək üçün Sinaqrit baba macal tapmamışdı. Yoxsa Sinaqrit baba onun tilovuna keçərdimi? Sinaqrit baba hirsindən çırpındı. Bağırmaq üçün ağzını açdı. Yumdu. Sinaqrit baba insanlıq sınağından keçməmiş bir adamın qayığında peşmançılıq və məğlubiyyət hissi ilə can verdi.
XƏRİTƏDƏ BİR NÖQTƏ
Uşaqlığımdan bəri xəritəyə baxanda gözüm ada axtarır. Şəhər, vilayət, mahal adlarını oxuyandan sonra nəzərlərim yenə mavi sahillərə yönəlir. Əlbəttə, Robinzon Kruzonu oxumuşam. Lakin xəritənin mavi rəngləri üstündə tənha bir ada görəndə xəyala dalmağım bu kitabdan deyil. Adaları, oxuduğum romanların təsiri ilə sevdiyimi deyə bilmərəm. Amma belə bir təsirin olduğunu inkar etmək də olmaz. Xəritədə gözüm adaya ilişər-ilişməz qəlbimdə dostluq, sevgi hissləri baş qaldırır. Həmin dəqiqə, gözlərimin içinə baxan bir köpək, az danışan, təmkinli, çalışqan bir balıqçı, yan taxtaları qaralmış qayıq, qayığın dalınca uçan bir quş, pul-pul sədəflər, sahildə duran məlahətli uşaqlar, balıqçı komaları, balıq şorbası, kərəviz ətri, buğlanan qara bir qazan, üfüqlərini duman sarmış bir dəniz canlanır nəzərlərimdə.
Çox zaman təbiət insana dost olur. Düşmən kimi görünən vaxtlarda belə o, insan oğluna öz qüdrət və qüvvətini sınaqdan keçirmək imkanı verən ciddi bir ataya bənzəyir. Fırtınalar adamın qayığını batıranda ona üzməyi, küləklər daxmasının damını uçurub aparanda daha qüvvətli, daha hünərli olmağı öyrədir; vəhşi heyvanlarla qarşı-qarşıya gələn insana cəsarət və əzm verir; orda, dörd tərəfi su ilə əhatə olunmuş yerdə insanların iradəli və namuslu olmalarını, bir-birlərinə arxa olmalarını tövsiyə edir; küləklərə, fırtınalara, dəniz heyvanlarına, günlərlə, həftələrlə qayalara çırpılan dalğalara ancaq təbiət qanunlarının müəyyən etdiyi şəkildə yanaşmağın mümkün olduğunu öyrədir; qüvvətli və sağlam əzələlərin zəiflərə yardım üçün, iti ağlın daha korş, daha süst ağla, hətta ağılsıza kömək üçün verildiyini təlqin edir; şorbanın şorbasızlar arasında bölünəndə ətir iyi verdiyini öyrədir. Belə düşüncələrlə xəritələrdəki maviliyin ortasında, böyük qitələrin kənarındakı böyük dənizlərin bir tərəfinə düzülmüş adalara baxa-baxa qalırdım.
Yataq otağımdan da bir xəritə asmışam. Gecə oxuduğum kitaba inanmayanda, yorulub gözümü kitabdan ayıranda həmin xəritəyə baxıram. Xəritəni görən kimi bir ada, ada görəndə isə fırtınaları, küləkləri, uğultuları, köpək balıqlarını, sonra da adanın namuslu sakinlərini xatırlayıram.
Gecələrin birində motorlu qayıq gözlənilmədən qatranlı körpüyə yan alır. Xəritədə nöqtə şəklində gördüyüm adaya çıxıram. O saat orta yaşlı, saqqalı çoxdan qırxılmamış bir adam gülə-gülə mənə yanaşır:
– Gəldin, qardaş?
– Gəldim, qağa.
– Daha getməyəcəksən ki?
– Ah… İstəmirəm… Bəsdir…
– Adamızdan yaxşı yer yoxdur.
– Yox imiş, qağa.
– Atam ömrünü sizə…
Gözlərimiz yaşardı. Taxta hasarlı həyətə girdik.. Üzüm çardağının altından keçdik. Həyətin aşağısında bir çeşmə vardı. Suyu sərin, dupduru… Çeşməyə tərəf getdim.
– Mən əl-üzümü yuyum, – dedim. Həyəcan, kədər və utancaqlıq duyurdum. Bədənim əsirdi. Əl-üzümü yudum. İki-üç adam boynuma sarıldı. Qonşular gəldilər. Ürküdülmüş toyuqlar qaqqıldaşır, anam ağlayır, qardaşım çörək doğrayır, mən divardan asılmış balıqçı torlarını seyr edirdim.
Qardaşımdan soruşdum:
– Bu gün gilavar əsirdimi, qağa?
– Başlayanda gilavar başladı, axşama doğru qərbə döndərdi. İndi şimal-qərbdən əsir, amma dəyişəcək, xəzriyə çevirəcək.
– Xəzri qar gətirərmi, qağa?
– Sən gəldiyin yerlərə qar gətirər, amma biz tərəflərə çox yağmaz… De görək, sən necəsən? Maşallah, rəngin yaxşıdır!
– Çox şükür, qağa!.. Kənddə nə var, nə yox?
Gördüyün kimidir! Elə o cürdür… Uşaqlar karta dadanıblar. Başqa pis işləri yoxdur.
– Kartı pullamı oynayırlar?
– Yox, canım. Pulları haradadır ki, pulla oynayalar? Şey-meydən oynayırlar: balıqdan, çəngəldən, iynəcikdən… Elə bir o qalmışdı ki, puldan oynasınlar. Atalarını yandıraram.
Mən ziyanın yarısından qayıtmış kimiyəm. Yatağımda uzanaraq israfçılıqdan, dəlilikdən, sərsərilikdən ayrılıb doğru yola düşdüyümü fikirləşirəm. İşığı söndürməyimlə yuxumun başlanğıcı arasına günəşli bir sabah, qayıqlar, bir kəndin camaatı dolur. Böyrünə çiçək və balıq rəsmi çəkilmiş cüt kürəkli qayıqlar bir an içində uzaqlaşırlar.
Bu gün dəniz mehriban bir ana kimidir. Dəniz bu qədər sakit, bu qədər nəvazişli, işıqlı, rezin çəkmə kimi parıltılı olmamalıdır. Bu günün sabahı da var. Dalğanın qırıq şüşə kimi kəskin və soyuq olduğu zamanlar da gələcək; o qorxulu su başımızdan girib, ayağımızdan çıxacaq…
Budur, uşaqlıq və ilk gənclik xatirələrim məni həsrətini çəkdiyim bir adaya təsadüfən gətirib çıxartdı. Ömrün yarısı keçəndən sonra əsil yuvama qayıtmışdım. O vaxt, on dörd yaşında, sarışın bir oğlan ikən motorlu bir gəmi məni götürüb böyük şəhərlərə aparmışdı. Orda yaxşı ömür sürmüşdüm: cibim pul görmüşdü; qadın görmüşdüm, şəhvət dadmışdım; qumar oynamışdım; oğurluq etmiş, həbsxanaya düşmüşdüm; fahişəxanalarda olmuşdum; cibgirlərlə, oğrularla yoldaşlıq etmişdim; mənə sataşmışdılar, mən sataşmışdım, ac yatmışdım; pul oğurlamışdım; namusa toxunmuşdum; sevmiş, sevilmişdim. İndi, budur, hamısını, hamısını itirib, həmin getdiyim motorlu qayıqla yenə geri qayıtmışam.
İndi mən ömrümün sonunu burda, bu namuslu insanların arasında, heç vaxt gülməyən, əylənməyən, hər şeyə laqeyd olan və başına vuranda əlindən çörəyini verən bir adam kimi balıq ovuna getməli, yaxşılıq həsrəti ilə yaşamalı idim.
Payız uzun və gözəl keçdi…
Adamların arasına gec-gec çıxmağa çalışırdım. Atamızdan qalan evi anam idarə edirdi. Mən isə bu evdə başını qara soxmuş qırqovul kimi idim. Ətrafımdakı adamları özümdən xeyli yaxşı, xeyli namuslu bilirdim. Onları maraqla seyr edirdim. Amma onların haqqında yazmaq niyyətim yox idi. Balıq ovuna çıxmaq istəyirdim. On quruşa qəhvə içəcək, iyirmi quruşluq siqaret çəkəcəkdim. İtirmiş olduğum hər şeyi – insanlığı, əsarəti, səhhəti, yaxşılığı, saflığı, dostluğu, alın tərini, tənhalığı yenidən əldə edəcək, yeni bir adam olmasam da, təmiz həyat içində, heyranlıq, məyusluq və utancaqlıq içində ömrümün son gününü gözləyəcəkdim. Bilirdim ki, burda adamlar məni çox da sevməyəcəklər. Çünki mən onlar kimi deyiləm. Balıqçılığa gedəsi olsam, onların nə deyəcəklərini də bilirdim. Deyəcəkdilər ki: «Əməlli-başlı ev-eşiyi ola-ola bunun balıqçılıqda nə azarı var? Dəli olub nədir? Ona pay da düşməz… Fərsiz övladdır. Yaxşı ki, anası var, yoxsa ata malını satıb sovurar». Onlar heç zaman bilməyəcəkdilər ki, mən ağır keçən dəqiqələrimi sayıram, küləyin, balığın, dənizin, balıq torunun həsrətini çəkə-çəkə son dəqiqəmi gözləyirəm.
Nə eybi var? Mən onları öz xəyalımdakı adanın sakinləri ilə müqayisə edəcək, onları sevəcəyəm. Günümü bir siqaret, bir ada çayı, bir kart oyunu ilə bitirəndən sonra həyata yenicə gəlmiş adam kimi yatağıma uzanacaq, yaxşı, namuslu və qəhrəman insanları, özgə haqqını yeməyənləri, çörəklərini alın təri ilə çıxardanları, bir-birlərinə fədakarcasına həyan durub yaşayanları seyr etməkdən duyduğum həzlə dərin və röyasız bir yuxuya dalacağam. Sabah yenə küləklə və yağışla oyanacaqdım. Günümü yenə şüşələri tərli bir qəhvə dükanında əlləri qabarlı, üzləri günəşdən və küləkdən zolaq-zolaq olmuş insanlar arasında günah və pislik etmədən başa vuracaqdım.
Bir seyrçi sifətiylə onların arasında məsud yaşayırdım. Şəhərə getmirdim. Hər şey xəyal etdiyim kimi idi. Yalnız pay məsələlərində bəzi nalayiq sözlər danışılırdı, onda da özümü eşitməməzliyə vururdum.
Bir səhər tezdən xülyalarımda gördüyüm kimi, qayıq ovdan qayıtmışdı. Yükü boşaldılmışdı. İndi torları yuyurdular.
Balıq bazarında pula getməyən on-on beş dülgər9 balığı qayığın dibində qalmışdı. Onlar hələ ölməmişdilər: incə, zər qanadları tərpənirdi. Bir azdan balıqçılar işlərini qurtaracaq və hərə bir dülgər balığı götürüb evinə gedəcəkdi.
Qayığı təmizləyənlər səkkiz nəfərdi. Yeddisi bizim adadan idi. Zəif, sarı, xəstə sifətli səkkizincini tanımırdım. Çox ürəklə, səylə işləyirdi.
Balıq bol olanda adaya kənardan da adam gəlirdi. Kənardan gələnlərə pay düşmürdü. Balıqçılarla rəis onlara lazım bildikləri qədər balıq verirdilər.
Həmin adam bir dülgər balığı qazanmaq üçün əlindən gələni edirdi.
Nəhayət iş qurtardı. İki dülgər balığını rəis özü üçün ayırdı. Balıqçılardan birinə:
– Bunu bizə apar, sonra da o birilərini paylaşdır, – dedi.
Kənardan gələn adam gözləyirdi ki, ona da bir balıq verəcəklər. Üzündə xoş təbəssüm, xəfif bir qızartı vardı. Pay bölənin əlində axırıncı balıq qalana qədər bu qızartı həmin adamın yanağından çəkilmədi. Sonra birdən-birə rəngi avazıdı. Təbəssümü üzündə donub qaldı. Kiminsə ona baxdığını gördü və üzündəki təbəssüm elə bil birdən-birə əriyib yoxa çıxdı. Gözləri böyüdü. Qayıqdakı adam sonuncu balığı dənizin qırağına fırlatdı. Kənardan gələn adamın üzü təzədən işıqlandı. İki addım irəli getdi. Balığı götürmək üçün əyildi. Amma əlində dülgər balığı olan balıqçılardan biri çəkməli iri ayağını yerdəki balığın belinə basdı.
– Nə edirsən, həmşərim? Hələ bir dayan görək. Bu yersiz gəldi, yerli qaç oldu, axı.
Yad adam əlini geri çəkdi. Bir söz demədi. Söz deyəcək halı yox idi. Sahildəki qəhvəxanaya tərəf getdi. Bu hadisəni görən yerli adamlardan biri səsləndi:
– Qoysana götürsün! O kişi də işlədi. Nə olar, bir dənəsini də ona ver. Durub haralardan bura gəlib.
– Mənə nə? Gəlməsin! Yalvarıb çağırmamışıq ha. O balığın iki lirə yarım qiyməti var. Balıq olmayanda, toru təmizləməyə heç yaxın durmurlar. Elə şey yoxdur, həmşərim, verən deyiləm.
Qayıqdakıların heç biri dillənmədi.
Bir-iki nəfərə ümidim gəlirdi. Düşünürdüm ki, indi onlardan biri öz payına düşən balıqdan bir dənəsini, heç olmasa ən kiçiyini gəlmə adama verəcək.
Rəis qəhvəçi dükanının qabağında qəhvə hortuldada-hortuldada qayıqçılara baxırdı.
– Eyibdir, eyib! – dedi.
Paylarına düşən balıqlardan ən balacasını gəlmə adama verəcəklərinə ümid bağladığım qayıqçılardan biri dedi:
– Sən bu işə qarışma, usta! Eyib nə deməkdir? Eyib yorğan altında olar.
– Bu dəniz sizin atanızındır?
– Bəs onun atasınındır?
– Yox, amma gəlib, bizim qayığımızda iş görüb.
– Onu kim çağırmışdı? Gəlməyəydi.
Yad adam qəhvəçi dükanındakı stollardan birinin arxasında oturmuşdu. Qəhvəçi başının üstünü kəsmişdi. O, qəhvəçiyə:
– Qalxıb gedəsiyəm, qalxıb gedəsiyəm, – dedi.
Ayağa durdu. Onun üstündə danlanmış adama:
– Zərər yoxdur, həmşərim, zərər yoxdur, – dedi.– Qoy verməsinlər, istəməz.
Kiçik addımlarla gəmiyə doğru getdi.
Özümə söz vermişdim ki, yazmayacağam. Yazmaq da ehtiras deyilmi? Burada, namuslu insanlar arasında sakitcə yaşayıb öləcəyim günü gözləyəcəkdim. Ehtiras və hiddət nəyimə lazım idi? Özümü saxlaya bilmədim. Qaçıb karandaş, kağız aldım. Oturdum. Adanın kimsəsiz yollarında gəzərkən darıxmayım deyə çubuq yonmaq üçün cibimdə gəzdirdiyim bıçağımı çıxartdım. Karandaşı yondum. Sonra götürüb öpdüm. Yazmasam, dəli olardım.
Sabahəddin Ali
ARABA
Tarla məsələsi üstündə Savruqların Hüseyni arx başında Sarı Məhmədi vurub öldürdü.
Otuz evdən ibarət olan kənd bir-birinə dəydi. Adamlar özlərini itirdilər. Hamı qorxu içində jandarmların gəlməyini gözləyirdi. Jandarmlar gəlib çıxmaq bilmirdi; halbuki polis məntəqəsindən bura altı saatlıq yol idi. Kənd camaatından onlara xəbər çatdıran olmasaydı jandarmlar hələ on beş gün buraya ayaq basmazdılar. Bu fikir kəndlilərin ağlına sonradan-sonraya gəldi. Kəndin ağsaqqalları qəhvə dükanında Hüseynin atası Məvlud ağanın ətrafına toplaşdılar. Sarı Məhmədin, qoca anasından başqa heç kimi yox idi. Şikayətçi olmasın deyə ağsaqqallar gedib ona məsləhət verməyə başladılar. İmam deyirdi:
– Ay qarı, şikayət edib nə qazanacaqsan! Mevlud ağanın oğlunun adam öldürməyinə kim şahid duracaq? Lap şahid tapsan da ayda iki dəfə qəsəbəyə gedib, hər səfərdə dörd-beş gününü havayı itirəcəksən. Bəs sənin tarlanı kim becərəcək, işini kim görəcək? Qəsəbə iki günlük yoldadır. Bir dəfə deyəcəklər şahidlərin gəlməyib o biri həftə gəl, məhkəmə təxirə salınır. Bir dəfə günü yaddan çıxardıb özün vaxtında gedə bilməyəcəksən. Dalınca jandarm göndərəcəklər ki, gəl. İstəsən də yaxanı onların əlindən qurtara bilməyəcəksən. Evin-eşiyin dağılacaq. Bir qəzadır başına gəlib. Bu, allahın işidir. Allahın əmrinə qarşı məhkəmə ilə çıxacaqsan? Nə etsən də oğlun geri qayıtmayacaq. Gəl, bu işin üstünü ört-basdır edək. Əslində Sarı Məhmədin sənə bir xeyri də yox idi, pulunu arvadlara yedizdirirdi. Bax, Mövlud ağa bundan sonra sənə kömək duracaq. Nə deyirsən?
Bütün bu sözləri oturduğu yerdə başını sallayaraq dinləyən, irinli və ağlamaqdan qızarmış gözlərini ağac budağına oxşayan iri damarlı, dərisi çatlaq-çatlaq olmuş əlləri ilə silən qoca qarı, imam sözünü bitirəndən sonra da əvvəlki kimi dərdli-dərdli yırğalanmaqda davam edirdi. O, başındakı yamaqlı və kirli örtüyünün altından çıxan xınası solmuş ağ saçlarını bir çəngə quru ot kimi üzündən və yaş yanaqlarından çəkdi, Anlaşılmaz sözlər mızıldadı.
Orada oturanlardan bir neçəsi də qoca qarının qarşısında çöməlib yarı məsləhət, yarı hədə ilə: «Elə deyilmi, hə? Tez cavab ver, sözünü tez desənə! Ağlın haradadır? Tez cavab versənə!» deyib ona dil tökürdülər.
Meyit qəhvə dükanı olan həyətə qoyulmuşdu. Üstünə köhnə və çirkli keçə salmışdılar. Başı üstündə üç çibin vızıldayırdı. Əllərində uzun dəyənək tutan bir dəstə uşaq günəşdən qamaşan gözlərini tez-tez qırpa-qırpa ölünün keçə altından çıxan ayaqlarına baxırdı. Altı və dabanı yırtıq, qalın corab içindəki bu hərəkətsiz ayaqlar və onların üzərində uçuşan yamyaşıl çibinlər, deyəsən, uşaqları əyləndirirdi. Ara-sıra uşaqlardan biri onu çağıran anasının səsinə gedir, bir azdan sonra yenə yüyürüb gələrək həmənki yerini tuturdu.
Qəhvə dükanındakılar yavaş-yavaş oradan çıxdılar. Qarı gedib oğlunun meyitinin yanında oturdu. Bir əli ilə çibinləri qovmağa, o biri əliylə qocalıqdan və xəstəlikdən kiçilib noxud boyda olmuş gözlərini silməyə başladı. O, elə bil xəstənin başı üstündə oturmuşdu. Əlini ağır-ağır tərpədərək, milçəkləri qovlayırdı. Boğuq səslə bağıran bir qoca kişi uşaqları evlərinə qovdu. Başqaları da yavaş-yavaş dağılışdılar. Cavanlardan bir neçəsi cənazəni götürüb evə apardı. Axşama doğru hər şey öz qaydasına düşdü. Ağır xəstəlikdən sonra öz əcəliylə ölmüş adam kimi onu yuyub, sakitcə dəfn etdilər. Mövlud ağa, Sarı Məhmədin anasına iki sağmal keçi, bir torba un və bir torba qənd yolladı.
Bu əhvalatdan təxminən bir ay sonra kəndə iki süvari jandarm gəldi. Qəhvə dükanının qarşısında atdan düşdülər. Bunları görəndə Muxtarın ürəyi qopdu. Çünki bunlar məntəqənin jandarmları deyildilər. Hər halda vilayətdən gəlmişdilər. Jandarmlardan biri o saat kağız-qələm çıxartdı. Qəhvə dükanında oturub, bir-bir adamlardan ifadə almağa başladı. O biri jandarm isə kənd meydanında aşağı-yuxarı dolaşmaqda idi.
Bu xəbər dərhal kəndə yayıldı. Savruqların Hüseyni ilə ədavəti olan və qəsəbədə çəkməçilik edən Qərib Məhməd kəndlilərdən eşitdiyi cinayət işini dərhal hökumətə bildirmişdi. Prokuror əvvəlcə özü həkim götürüb gəlmək istəyirdi. Sonra avqustun istisində at üstündə günlərlə yol getməyi özünə rəva bilmədi. İşi təhqiq etmək üçün kəndə iki diribaş jandarm yolladı. Həkim ehtiyat üçün jandarmlara bərk-bərk tapşırdı ki, əgər bir cinayət varsa, cəsədi çıxarıb qəsəbəyə gətirsinlər.
Sarı Məhmədin anası ifadəsində heç nə söyləmədi. Yalnız: «Mən heç kimdən şikayətçi deyiləm» dedi. «Oğlum öz əcəli iləmi öldü, yoxsa onu vurdular?» sualına da eyni cavabı verdi. Qarı, oğlunun dərdini yadından çıxarmamışdı, amma hökumət qapısına düşmək ona oğlunun ölümündən də qorxunc gəlirdi. Otuz il bundan qabaq kəndlilərdən birisinin qəsəbə bazarında bir torba yarmasını oğurlamışdılar, kəndli də onu şahid göstərmişdi. İndi Məhmədin anasının o zaman düz altı ay məhkəməyə gedib-gəldiyi və əkinin başlı-başına qaldığı yadına düşdü. Halbuki onda daha gənc idi…
Həm də Məhməd geri qayıdası deyildi. Mevlud ağa ilə düşmənçilik etməyin faydası yox idi. Kənddə acından ölərdi. Onun üçün də qarı, oğlunun qəsdən öldürüldüyünü danırdı.
Axşam tərəfi jandarmlar qəbiristanlığa gedib kəndlilərin yardımı ilə Məhmədin ölüsünü qəbirdən çıxartdılar. Ancaq yarım metrə qədər torpağa basdırılmış cəsəddən indi üfunət qoxusu gəlirdi. Hamı beş-on addım geri çəkildi. Jandarmlar Məhmədin anasını çağırıb dedilər: «Arabanı qoş! Oğlunu qəsəbəyə aparmalısan. Həkim müayinə edəcək!»
Qarı: «Balamı qəbrində də rahat qoymadılar!» deyib əllərilə dizlərinə döyür və bütün Anadolu qadınları kimi səs çıxarmadan, arabir hıçqıraraq ağlayırdı. Mütəmadiyən bədəni əsirdi. O, dərisi çatlamış quru əllərini tez-tez ağzına və gözlərinə aparırdı. Jandarmlardan biri ayağı ilə ona yavaşca toxunub dedi: «Qalx gedək!»
Qadın arabasını qoşdu. Oğlunun qurd basmış ölüsünü cırıq-cındır bir yorğana bürüdü. Arabanın içinə köhnə döşək sərdi və ölünü onun üstünə uzadıb kəndirlə bağladı. O, bəzən dayanıb bir müddət ağlayır, sonra öz-özünə söylənib təzədən işə başlayırdı. Gecə düşəndə qarı təkbaşına yola düzəldi. Jandarmlar ondan əvvəl muxtarı10, imamı11 və Savruqların Hüseynini bir-birinə cələkləyib12 qəsəbəyə aparmışdılar.
İxtiyar qadın iki sısqa və cansız öküzün çəkdiyi arabanın arxasınca əlində dəyənək yalın ayaqları daş-kəsəyə dəyə-dəyə yeriyirdi. Ağlamaqdan tutulmuş səsiylə hərdən öküzləri haylayırdı. Yay gecəsinin parlaq ay işığında, çaqqalların səsini batıran bir qıcırtıyla ağır-ağır irəliləyən bu araba ölü aparan arabaya oxşamırdı. Öküzlərin belinə düşən ay işığı onları canlı və qüvvətli göstərirdi. Yamaqlı yorğan da, köhnə araba da təptəzə, gözəl və yaraşıqlı görünürdü. Əlində dəyənək tutmuş qadının kölgəsi bəyaz daşların və kolların üzərindən adlayaraq rəqs edirmiş kimi sıçrayıb uzanırdı.
Arabadan yayılan ağır qoxunun təsirindən keyləşmiş altmış yaşlı bu qadın səndələyə-səndələyə yüyürür, bəzən sürətini artıran öküzlərdən geri qalmamağa çalışırdı. Qarı ayaqlarını zorla sürüyürdü. Göz yaşlarını içəri axıda-axıda ağlamaqdan onun sinəsi daralır, nəfəsi təngiyirdi.
O, arabanın cağından tutub bir az da yeridi. Ayaqları bir-birinə dolaşırdı. Öküzlərə «oooha» demək, bağırmaq istədi. Amma səsi çıxmadı. Əlləri arabadan ayrıldı. Yerə yıxıldı. Toz içində ayağa durub yüyürməyə başladı. Qarşıdan əsən sərin külək onun gen donunu və şalvarını13 yellədir, başındakı yırtıq örtüyü qara bayraq kimi dalğalandırırdı. Arabaya çatmamış o, yenə yıxıldı. Üzü yolun ağappaq və gül kimi narın tozuna bulaşdı.
Araba daşlara dəyərək içindəki ölünü atıb-tutur, yanıqlı-yanıqlı cırıldayır, ay işığında və gecə səssizliyində arxasınca xəfif toz buludu qaldıraraq, özü bildiyi səmtə doğru ağır-ağır gedirdi.