Kitabı oku: «Türk hekayələri», sayfa 4
BİR MEŞƏ HEKAYƏSİ
Yanımda oturan qoça kişi danışmağa başladı.
– Meşə bizim hər şeyimiz deməkdir, cavan oğlan, o, bizim anamız, atamız, evimizdir…
Qaranlıq qarışırdı. Bir azdan sonra günəş tamam qeyb oldu. O andan etibarən hər şey dəyişildi. İndiyə qədər yaşayan, qımıldanan, səslənən oba artıq ölmüş, incə bir dumana bürünmüşdü. Bunun əksinə olaraq arxamızdakı meşə canlanırdı. Səhərdən bəri ancaq pıçıldaşan ağaclar indi danışır, gurultu salır, yellənir və əllərini bir-birinə uzadırdılar. Yalnız ağaclar deyil, otlar, quru yarpaqlar, ağacların gövdəsinə sarılan sarmaşıqlar, hətta qəhvəyi mantar və tünd-yaşıl yosunlar belə canlanmışdı. Meşədən dərin bir uğultu və qarma-qarışıq səslər gəlirdi. Zənn edirdim ki, arxa tərəfimizdə böyük bir şəhər gərnəşib oyanır. Birdən bu ahəngə heyvanlar da qarışdılar. Bayquş səsləri, ulamalar… Hərdən obaya qədər çatan, oradakı daimi sükutu pozan acı və kəskin bir inilti, onun dalınca da boğuşma və uzun xırıltılar qaranlığın düşməsi ilə canlanan meşəyə qorxunc bir mahiyyət verirdi.
Bir az irəlidə, əsəbiləşirmiş kimi qabaq ayağı ilə yeri eşələyən atım kişnədi, başını mənə tərəf çevirərək, iniltiyə bənzər səslər çıxartdı. Sonra yenə də otlamağa başladı.
Yanımdakı qoca dirsəklərini dizinə dayayıb oturmuşdu. Siqaret çəkirdi. Bürüşmüş dodaqlarının bir kənarından aşağı sallanan siqaretin gözü qocanın saqqalına qəribə bir qırmızılıq verirdi. Gözlərini qırpıb gah öz ayaqlarının ucuna, gah da mənim üzümə baxırdı.
Cavan oğlan, bizim hər şeyimiz, bütün varımız-yoxumuz meşədir, – deyə söhbəti davam etdirdi. – Meşəni biz öz evimizdən yaxşı tanıyırıq. Meşə bizim qayğımızı anamızdan çox çəkmişdir. Kəndimiz meşənin ortasında idi. Ağaclar kəndin ətrafına çəkilmiş divara bənzəyirdi. Uşaq vaxtı burda çubuqlardan araba qayırıb, içinə xəzəl doldurardıq. Daha sonralar atalarımıza kömək həvəsinə düşüb, itmiş köşəkləri axtarmaq üçün meşənin ən sıx yerlərinə gedərdik. Azmaqdan qorxmurduq. Heç tanımadığımız yerlərdə belə yolu asanlıqla tapırdıq. Qırılmış budaqlar və yıxılmış kötüklər bizə yol göstərirdi. Həm də insan öz evində heç azarmı? Böyüdükcə başa düşürdük ki, meşənin bizim üçün daha artıq əhəmiyyəti var. O bizim əynimizə paltar, qarnımıza yemək, evimizə taxta-şalban verirdi. Meşəsiz yaşamaq!.. Bunu heç ağlımıza da gətirmirdik.
Qoca mənim qolumdan tutdu. Əlləri titrəyirdi. Xırda və nursuz gözləri yaşarmışdı. Üzündəki qırışlar daha da artmışdı. Nəsə demək istəyirdi, amma boğazı tutulurdu. Onun üzündən, ağzından, gözlərindən, hətta vücudunun hər sarsıntısından tökülən acı kədər məni bürüyür, öz ağuşuna alırdı. Nəhayət, boğazına tıxanan bir şeyi çıxarıb atmağa müvəffəq olmuş kimi bağırtıya bənzər səslə dedi:
– Cavan oğlan, meşəmizi əlimizdən aldılar, bizi meşəsiz qoydular!.. Bir ağacımız da qalmadı…
Sonra əlini başına apardı. Papağını geri itələyib, ağ saçlarını qamarladı. Bir müddət beləcə qaldı. Mən onun qəlbində baş qaldıran həyəcanları duyur və dayanmaq vaxtı çatan bir divar saatının rəqqası kimi yavaş-yavaş necə sükunətə gəldiyini görürdüm.
Dodaqlarını yandırmağa başlayan siqareti tulladı. Saqqalına tökülən külü çırpdı. Üzümə baxmadan sakit-sakit danışdı:
– Atalarımız babalarımızdan, biz də atalarımızdan necə görmüşüksə elə işləyir, lap onlar kimi də yaşayırdıq. Güzəranımızdan razı idik. Axı, dünyada başqa şeyin olacağını bilmirdik ki, narazı da qalaydıq. Zənn edirdik ki, bütün vəzifəmiz bizə verilən əmanətləri oğullarımız üçün qoymaq, onlara da bizim kimi yaşamağı tövsiyə etməkdən ibarətdir. Kənardan uzanan bir əlin bunların hamısını alt-üst edəcəyini fikrimizə də gətirmirdik.
Bir gün eşitdik ki, hökumət meşənin o başında bir şirkətə işləmək icazəsi verib. Bunun nə demək olduğunu anlamadığımız üçün şirkətin orada işə başlamasına əhəmiyyət vermədik. Amma bir də gördük ki, meşənin o başında ağacları qırırlar, meydançalar əmələ gəlir. Təhlükə qarşısında qaldığımızı anladıq. Bu bəlanı özümüzdən uzaqlaşdırmağa çalışdıq. Lakin meşəyə düşən bu yara yavaş-yavaş kök atıb yayılmağa başladı. Ən qədim, ən böyük ağacları, qarşısında səcdə etdiyimiz, əcdadlarımız qədər sevdiyimiz qoca gövdələr bir-birinin dalınca yıxılır, çılpaq meydançaların sayı günü-gündən artırdı. Uşaq vaxtı aralarından güclə keçdiyimiz, günəşin belə girə bilmədiyi qalın və qaranlıq yerlər indi yoluq bir meydana dönmüşdü. Sonra bu yara yayılaraq, böyüyərək bizim kəndin yanlarına qədər gəlib çatdı. Burda yad balta səslərinin eşidilməməsi üçün hamımız müqavimət göstərdik. Söz vermişdik ki, pula aldanmayaq, hədələrdən qorxmayaq, ağaclarımızı qoruyaq. Lakin şirkət elə fırıldaqlar, elə kələklər işlətdi ki, axırda biz odunumuzu sata bilmədik, taxta-şalbanımızı su qiymətinə şirkətə verdik. Hətta cavanlarımızın çoxu işsiz qaldığı üçüi şirkətə odunçuluq eləməyə məcbur oldu. Biz bunu istəmirdik. Lakin axırda meşəmizi parça-parça əlimizdən aldılar. Razılaşmaqdan başqa çarəmiz qalmadı.
Cavan oğlan, biz kəndçi babayıq. Nə biləydik? Şirkət bizə: «bu meşələri təzə qaydada becərəcəyik» dedi. Müasir meşəçilik bunu tələb edir. Siz bacarmırsınız dedi. Bəlkə də o doğru deyirdi. Amma bu işdə bizim avamlığımızdan istifadə edərək, bizi əli qoynunda qoymaq allaha rəvadırmı? O öz pul kisələrini doldurmaq üçün bizim avamlıq və acizliyimizdən istifadə etdi. O bilirdi ki, biz onunla rəqabət apara bilmərik. Heç insaf etmədi, əlimizi boşda qoydu.
Uşaqlıq və cavanlığımızın keçdiyi yerlərdə gəzəndə ürəyimiz qan ağlayırdı. Gəncliyimdə qız qaçıran zaman dalına girib dörd adamla atışdığım bir ağac vardı. O vaxtdan gövdəsində qalan güllə yaraları hələ də dururdu. Onu kəsib yıxanda uzaqdan durub baxırdım. Elə bil mənim qollarımı kəsirdilər. Amma əlimdən nə gəlirdi? Gözlərimin yaşını silib, ayaqlarımı sürüyə-sürüyə oradan uzaqlaşdım.
Hər şey, hər şey məhv olmuşdu. Heç birimizin üzü gülmürdü… Kəndimiz əvvəlki kənd deyildi. Biz qocalar da onu zorla tanıya bilirdik. Bir vaxtlar ətrafını ağacların divar kimi tutduğu, dünyadan uzaq kənd deyildi bu kənd. İndi o kənd qəsəbə yolu kənarında, bir daxmada şirkət fəhlələrinə yemək-içmək satan yad adam kimi idi. Fəhlələr də kənd küçələrində yıxıla-yıxıla dolaşırdılar.
Əlimizdə beş-altı yüz ağaclıq bir sahə, qoruq qalmışdı. Ölsək də bunu satmamaq, əldən buraxmamaq qərarına gəlmişdik. Biz bununla dolanmalı idik. Ataların qoyub getdiyi qədim, böyük və sirlər yuvası olan meşəni uşaqlarımız burda tapmalı idilər. Bu, kənd üçün keçmiş günlərdən bir yadigar idi. Heç birimiz, heç birimiz buranı əldən vermək niyyətində deyildik. Görünür ki, şirkət də çox baş aparmaqdan və bizi qəzəbləndirməkdən qorxduğu üçün buranı almağa o qədər həvəs göstərmirdi. Lakin bunun çox davam edəcəyinə inanmırdıq. Düşündüyümüz kimi də oldu. Eşitmişdik ki, son günlərdə şirkətin ağaclarına qurd düşüb və şirkət bundan böyük ziyan çəkib. Yəqin ki, şirkət işin içindən çıxmaq üçün çarə axtaracaqdı. Bir sabah şirkətin odunçuları bizim qoruğa girdilər. Adamlar küçələrdə vurnuxmağa başladılar, hamını narahatlıq və pərişanlıq bürüdü. Hamımız səngərdə son gülləsini atıb, sonra həmin yerdə mütləq öləcəyini bilən bir əsgər kimi sükunət içində idik. Həmin əsgər kimi dodaqlarımızda acı bir istehza vardı. Bunlar tülkü ağzındakı bir cücənin yaxud boğazına bıçaq çəkilən bir qoyunun çırpınmasına bənzəyirdi…
Qoca susdu. Sərt külək əsməyə başlamışdı. Ağacların budaqları səslənirdi. Bu səslər fırtınalı dəniz gurultusunu andırırdı. Ağaclar böyük dalğalar kimi enib-qalxırdılar. Meşənin üstümüzə yıxılacağını zənn edirdim. Ara-sıra yüksəlib-alçalan, daim yerini dəyişən bu qüvvətli uğultu qocanın sözlərini böyüdür, yumaq kimi yuvarlayıb gəzdirirdi. Onun danışıqlarını orkestr içində başqa alətlərin səsinə qarışan bir fleyta səsi kimi eşidirdim. Qoca söhbətini davam etdirdi:
Uzun zamanlardan bəri səsimizi çıxartmayıb, ürəyimizə saldığımız şeylər birdən-birə üzə çıxdı. Hamısının acısını birdən duyduq. Bu acı gəncləri, qocaları, qadınları və uşaqları birdən-birə canavar sürüsünə çevirmək üçün bəs oldu. Əlimizə balta, zopa götürüb meşəyə cumduq. Fəhlələr işə başlamaq üzrə idilər. Əllərini bir ağaca vursalar, analarını ağladacağımızı dedik. Dayandılar. Onlar az idilər. Belə bir şey gözləmirdilər. Dərhal şey-şüylərini yığışdırıb meşənin kənarına çəkildilər. Biz də onların qarşısında, ağacların altında oturduq. Adamlarımızdan bir nəfərini qəsəbəyə, meşə işinə baxan hökumət məmurunun yanına göndərib, onun gəlməyini gözlədik. O gələnəcən ağzımızı açıb danışmadıq. Handan-hana hökumət məmuru gəldi. Şirkətin məmurunu da özü ilə gətirmişdi. Bizim yanımızdan keçib getdilər. Fəhlələrin böyüyü ilə danışdılar. Sonra hökumət məmuru bizi yanındakı jandarmlara göstərib: «Onları meşədən sürüyüb çıxardın» deyə əmr verdi. Şirkətin 1 məmuru isə fəhlələrə: «işinizdə olun» dedi. ]
Bu zaman böyüklü-kiçikli bütün kənd camaatı ayağa qalxdı. Onlar bir-biri ilə sözləşməmiş və heç kimdən göstəriş almamışdılar. Buna baxmayaraq sanki onları bir əl idarə edirdi. Gözlərini yumub qabaqlarına çıxanı vururdular. Odunlar, balta sapları enib qalxırdı. Meşənin alaqaranlığında bir-biri ilə tutuşmuş, bir-birinin üstünə atılan kölgələr görünürdü. Kəsik və iniltiyə bənzər səslərdən başqa bir şey eşitmək mümkün deyildi. Çox keçməmiş şirkət işçiləri bir-bir qeyb oldular. Geri qalanlar da qaçıb canlarını qurtardılar. Yekəqarın hökumət məmuru ancaq kəndə qədər qaça bildi, orada kənd muxtarının otağına girib, qanını bağladı. !
Ertəsi gün əlavə qüvvə ilə gələn jandarmlar kənddə nə qədər kişi və qadın var idisə, hamısını iplə bir-birinə bağlayıb qəsəbəyə apardılar. Məmuru azad etdilər. Sonradan eşitdim ki, cavanlar və qadınlar məmurun gizləndiyi otağı səhərə qədər daşlayıblar. Elə bil şeytan yuvasına daş atırlarmış. Bədbəxtlər qəzəblərini bu yolla söndürməyə çalışıblar. |
Qoca susdu. Külək dayanmışdı. Meşə xəfif-xəfif uğuldayırdı. Yarpaqlar bir-birindən seçilməyən qəribə, əcaib səslər çıxarırdı. Meşə div boyda uşaq kimi xorul-xorul yatırdı və bu səslər sanki onun nəfəsi idi.
Qoca siqaret yandırıb ayağa qalxdı. Mənim bələd olmadığım səmtə üz tutub ağır-ağır getdi. Mən də atımı minib bu yatan meşənin zil qaranlığına qarışdım.
İDRİSİN TALEYİ
İdrisi tutmuşdular. Onu iki jandarm aparırdı. İdris ayaqlarını yerə basa bilmirdi. Jandarmlar onu yaman döymüşdülər. İdris bayram namazı vaxtı məscidə basqın edib, oradakıları soyduğunu, axırı ki, boynuna almışdı. Halbuki onun bu işdən xəbəri yox idi. Ancaq neynəmək olardı? Döyülmək zarafat deyil… Adama nə desən söylədər.
İndi İdrisi ən azı yeddi il həbs cəzası gözləyirdi.
İdris axsaya-axsaya yeriyirdi. Hərdən ayağı daşa dəyib büdrəyəndə jandarmlardan biri onun qolundan yapışırdı. Arabir İdrisə siqaret də verirdilər. Əslində bu jandarmlar pis adam deyildilər. Onlar nə edə bilərdilər? Vəzifələri belədir. Onları göndərəndə rəis demişdi ki, müqəssiri tapmamış gəlsəniz, gözümə görünməyin. Əsil müqəssir çoxdan aradan çıxdığına görə, hər halda bir müqəssir tapmaq lazım idi.
İdrisin özü də az aşın duzu deyildi. Neçə ildi ki, bu tərəflərdə avara-avara gəzir, min cür fırıldaqdan çıxırdı. Onu bir neçə dəfə siqaret kağızı və çaxmaqdaşı satan yerdə yaxalayıb həbs etmişdilər. Kəndlilər də ondan şikayətçi idilər. İlk zamanlar kənd mollası olan rəhmətlik atasının xətrinə ona hörmət edən adamlar indi onun kənddən rədd olub getməyini istəyirdilər. Ona görə də jandarmlar onu tutan kimi muxtarla kənd baqqalı söylədilər ki, onlar hadisədən bir gün əvvəl İdrisi İmamgöy tərəfə gedən görüblər.
Bu məlumat jandarmlar üçün kifayət idi. Gerisini İdrisə özləri söylətdilər.
İdris bayram namazı vaxtı İmamgöy məscidindəkiləri necə soyduğunu izah etdi…
İndi İmamgöyə gedirdilər.
İdris fikrə getmişdi. Onu düşündürən nə yediyi kötək, nə də məhkum ediləcəyi yeddi illik həbs cəzası idi. O, tamamilə başqa şey haqqında fikirləşirdi. Bu fikir ona döyülməkdən və həbsdə qalmaqdan daha ağır gəlirdi. İdrisin çox işləməyə alışmamış beyni bir çıxış yolu tapa bilmirdi.
İdris döyülməyə tab gətirməyib, camaatı soyduğunu boynuna almışdı. Amma məsələ bununla qurtarmırdı. Dəlil də lazım idi. Pulları və gümüş saatları hara qoyduğunu da deməli idi.
Nə pul? Nə gümüş saat? Nə soyğun? Amma demək lazım idi. Yumruq, tüfəng qundağı və çəkmə zərbəsinə dözmək mümkün olan şey deyildi. Başı partlayırdı: nə desin?
«İmamgöy camaatını mən soymuşam» demək asandır, amma pulları və gümüş saatları ortaya çıxartmaq çətin…
Həm də çox çətin…
Yumruq, təpik, tüfəng qundağı… İdris bayılmaq dərəcəsinə gəldi. Gözləri qaraldı. Əlini yavaşca yuxarı qaldırdı:
– Qoyun deyim!
Jandarmlar dayandılar. İdrisin üzünə su səpdilər. Bir siqaret verdilər. İdris ağlına gələn ilk adamın adını dedi:
– Pullar İmamgöyündə qəhvəçi Süleymandadır.
Daha İdrisi döymədilər. İdrisin də istədiyi elə bu idi. Lakin İmamgöyünə tərəf yola çıxanda onu fikir götürdü:
«Yazıq Süleymanın evi yıxıldı!».
Süleyman həmişə İdrisə arxa duran yeganə adam idi. Süleyman öz qəhvəçi dükanında ona yatacaq verir, doğru yol göstərir, məsləhətlərini ondan əsirgəmirdi.
Bu yazığın adı onun ağlına haradan gəldi?
İndi jandarmlar hər şeydən xəbərsiz qocanı dama salıb döyəcəklər. Ölənə qədər döyəcəklər.
Süleyman «bilmirəm» deyəcək, and içəcək, amma yenə döyəcəklər. Titrək səslə yalvaracaq, inandırmağa çalışacaq, ağrıdan qıvrılacaq, amma döyəcəklər.
Ağsaqqal kişinin ağlamağını, saqqalından axan göz yaşlarını İdris təsəvvürünə gətirdi. Qocanın ikiqat olmuş belinə vurulan təpiklər, tüfəng qundaqları gəlib gözlərinin qabağında durdu. Ona elə gəldi ki, Süleymanın nuru getmiş gözləri qalın qaşlarının altından məhzun-məhzun baxır və «Əməlini bəyəndinmi, İdris?» – deyir.
İdris belinə yeni bir qundaq zərbəsi dəymiş kimi inildədi.
Jandarmlardan biri ona nəzər saldı. Bir siqaret çıxarıb verdi…
İdris qandallı əlləri ilə siqareti tutub dodaqlarının arasına qoydu. Bir-iki dəfə dərin qullab vurdu.
Beş-on addım getdilər…
Siqaret İdrisin ağzından düşdü…
Yox! İdris bunu edə bilməyəcək…
Qabaqda İmamgöy görünürdü… Əvvəlcə yoluq ağaclar… Sonra bir neçə kərpic ev… Beş-on çılpaq uşaq… Yüz addım gedəndən sonra kəndə çatacaqlar… Və Süleyman…
İdris yan-yörəsinə baxdı… Şose yolunun sağ tərəfi kol-kosluq idi. Jandarmlara baxdı: silahlarını əllərində tutub gedirdilər.
İdris birdən sıçrayıb yolun kənarındakı xəndəyin o biri tərəfinə atıldı. Yıxıldı. Qalxıb qaçmağa başladı. Jandarmlar avtomatı şaqqıldatdılar. Havada qısa və kəskin bir vıyıltı eşidildi… İdris yerə yıxıldı.
Jandarmlar İdrisin yanına qaçdılar. Ağzından nazik zolaqla qan gəlirdi. Gözlərini açdı: «Süleymanın bundan xəbəri yoxdur…» – dedi. Başı yana düşdü. Ağzından yenə qan gəldi. Təkrarən gəzlərini açıb: «Mənim də…» dedi.
Gözlərini bir daha yuma bilməyib, xəfifcə gərildi. Quruyub yerində qaldı.
Kamal Tahir
ARABAÇI
O, Çərkəşdən çıxanda arabanı saxladı. Yerə düşdü.
Arabanın döşəmə taxtaları yox idi. Arxa təkərlərin oxunu geri çəkdi. Araba öz oxu boyunca uzandı. Oğlan toyuq lələyini yağdandan çıxardıb, təkərləri yağladı. Arpa və saman çuvallarını daldakı oxun üstünə çəkdi. Yaxşı-yaxşı bağladı. Atların yem torbalarını, çullarını və öz yorğanını qabaq tərəfə qoyandan sonra, yenə arabaya mindi. Cilovları əlinə yığdı. Qamçısını ehmal-ehmal atların sağrısına toxundurdu.
– Dəh… dəh… Mənim pəhləvan atlarım! – dedi.
Günəş batmaq üzrə idi. Ağacların başı qızarmışdı. Dumanlı axşam qaranlığı içində şose yolu hamar görünürdü. Yolun kənarlarında bəzən qovaq ağacları gözə çarpırdı. Tarlalardan çox uzaqlarda boz təpələr başlayırdı.
Sağdakı at (Dəliqız) bərk gedirdi, soldakı at (Pambıqqız) da ondan geri qalmamağa çalışırdı.
Arabaçı yaxşı bəslənmiş cavan atlarına məhəbbət və iftixarla baxdı. Atların ikisi də təlim görmüş əsgər kimi qulaq-qulağa gedirdilər. Arabaçı oxa dayadığı çəkməli ayaqlarını altına çəkib, siqaret yandırdı. Təkər qıcırtıları atların boynundakı zınqırov səslərinə qarışmışdı. Alışdığı bu səslər arabaçıya ləzzət verirdi. Siqaret tüstüsü üzünə yayıldıqca gözlərini qıyırdı. Arabaçının almacıq sümükləri çıxıq, bığı sallaq olduğuna görə üzü həmişə təbəssümlü görünürdü.
Eşşəklə gedən üç kəndlini ötüb keçməyi arabaçıya ləzzət verdi.
– Hey, mənim qoçaqlarım, haydı igidlərim! – qamçısının ucu ilə atları oxşadı.
Şosenin yanındakı gölməçədə, qamışların ortasında leylək durmuşdu, dimdiyini döşündə gizlədib, bir ayağı üstdə dincəlirdi. Arabaçı barmağının ucu ilə siqaretini çırtmalayıb leyləyə tərəf fırlatdı.
– Buyur, Hacı baba, qəlyanı yandır! – dedi.
Arabaçı lap uşaqlığından leyləklərin dimdiyini qəlyana bənzədirdi.
Dirəkləri tərpənən taxta körpüdən gurultu ilə keçib şose yoluna dönəndə xeyli qabaqda gedən iki qadın gördü. Ətəklərini yellədərək yeyin-yeyin gedirdilər. Hava qaranlıq olsa da, qadınlardan birinin çiynində xurcun olduğu görünürdü.
Arabaçının fikrinə arxa oxun üstünə qoyduğu çuvallar gəldi. «Onları arabaya götürüm, yazıqdırlar, dua edərlər» dedi. Arabaçı qadınların cavan ya qoca olduqlarını uzaqdan seçə bilməsə də, qara şlyapasının yağışdan əyilmiş kənarlarını düzəltdi. Bığını sığalladı.
Araba yaxınlaşanda qadınlar dönüb ona baxdılar.
Arabaçı atların cilovunu çəkdi.
– Ay xala, Suhizarına yol burdandırmı?
Çiyni xurcunlu qadın kişi səsi ilə güldü:
– Müftə deyə bilmərik, oğul. Bizi arabana götürsən, sənə yolu göstərərik. Dua edərik.
– Sizi arabaya götürmək çətin deyil. Amma oturmağa yer yoxdur. Arabanın döşəməsini çıxartmışıq. Araba çılpaq qalıb. Arxadakı çuvalların üstündə oturarsınızmı?
– Oturarıq, əskik olma, təki ayağımız yerdən götürülsün.
– Onda çıxın arabaya!
Arabaçı o biri qadının yaşını müəyyən etməyə çalışdı, lakin yaxşı görmədiyi üçün bir şey başa düşmədi. Qadın üz-gözünü bərk-bərk bağlamışdı. Arabaçı söhbətə başlamaq xətrinə atları qamçılayıb soruşdu:
– Burdan Suhizarına getməyimiz neçə saat çəkər?
– Piyada getsək, beş-altı saat.
– Onda yaxşıdır, bizim atlar üç saata gedə bilərlər.
– Gedərlər, əlbəttə, maşallah olsun.
– Amin, xala!
Danışan yalnız o səsi yoğun arvad idi.
Bir az susdular.
Arabaçı Suhizarına qaçaq taxta yükləməyə gedirdi. Çərkəşdən ora üç saat yarımlıq yol olduğunu ona demişdilər. Bunun doğru çıxmasına sevindi.
Yoğun səsli qadın sükutu pozdu:
– Sən suhizarlısanmı, arabaçı?
– Xeyr.
– Yəqin kirə daşımağa gedirsən.
– Bəli, kirə daşımağa gedirəm.
– Daşpınardan sonra yolu dönəcəksən. Dönəcəyim yeri göstərərik.
– Allah qoysa… Amma Suhizarına bir saat qalmış atları sulamalıyam.
– Yolda su çoxdur. Daşpınarda sulayarsap.
O biri qadın ilk dəfə söhbətə qarışdı; arabaçını xəlvətcə güldürəcək qədər kəkələyirdi:
– Taxtamı daşıyacaqsan, oğul?
– Bəli.
– Taxtaları Çərkəşə aparacaqsan?
– Oradan da uzağa. Qurşunlu nahiyəsinə. Dəmir yolu salınan yerlərə…
– Hə, dəmir yolu salınır deyirlər. Deyilənə görə buralara da gələcək.
– Bura nə var ki?.. Qarabükə, Zonquldağa gedəcək.
Yoğun səsli qadın:
– Bizim rəhmətliyin qardaşı o tərəflərdə olur,– dedi, – bilmirəm tanıyırsanmı. Sarıyanız bir adamdır. Ayağı da bir az topal. Adı Əbdürrəhmandır.
– Tanıya bilmədim.
– Arvadının kəndi İlqazın yaxınlığındadır. O danışırdı ki, dəmir yolu qıtlıq gətirir. Dəmir yolu ilə gələnlərin hamısı pis adamlardır. Allah özü saxlasın.
– Onlar boş danışıqlardır, ay xala… Dəmir yolu niyə qıtlıq gətirir? Qağam da mənim kimi arabaçıdır, amma varı mənimkindən çoxdur. Dörd cüt atı, iki arabası var… Dəmir yolunu o da xoşlamır. Deyir ki, dəmir yolu bir gün çörəyimizi əlimizdən alacaq.
– Allah göstərməsin, arabaçı tayfasının çörəyini heç kim ala bilməz.
– Mən də onu deyirəm. İki ildir yollarda kirəylə yük daşıyıram. Dolanırıq. Dəmir yolu çəkiləndə arabaya niyə iş qalmasın? Bir zaman yük maşınlarından da belə şikayət edirdilər. Fikir vermə. Yalandır. Suhizarına… – «Qaçaq taxta yükləməyə…» demək istədi. Amma vaz keçdi:
– Suhizarına taxta yükləməyə də qatar gələsi deyil ha…
– Əlbəttə gələ bilməz, nə həddi var.
Arabaçı atlarına dost kimi baxdı. O, Dəliqızı dayça vaxtından alıb böyütmüş, şumluqda sürə-sürə miniyə alışdırmışdı.
Qadınlar öz aralarında qatar haqqında danışırdılar. Yoğun səsli qadın dedi:
– Otaqları bir-birinin dalına bağlayırmışlar, ev kimi imiş. Yepyekə… Deyirlər bizim kəndin camaatını içinə doldursan Bulğurlunun, Dəyirman arxasının əhalisinə də yer çatar. Gələndə elə bağırırmış… Camış sürüsü kimi.
O biri qadın kəkələdi:
– Bəs necə, kafir işidir… Əlbəttə, elə bağıracaq…
– Qoy bağırsın.
Arabaçı siqaret yandırmaq üçün kibrit çəkəndə yoğun səsli arvad soruşdu:
– Oğul, atan-anan varmı sənin?
Arabaçı yaşlı kənd qadınlarının ürəyini kövrəldən sözləri yaxşı bilirdi:
– Nə anam var, nə atam… Yer üzündə tək qalmışam.
– Bah… Bah! Heç qohum-qardaşın da yoxdur, ay oğul?
Arabaçının bir az bundan qabaq qağasından danışdığını deyəsən, arvad unutmuşdu. Arabaçı bundan razı qaldı.
– Heç kimim yoxdur, xala.
– Əslin haradandır?
«Çanqırının Şabanözü nahiyəsindən» demək əvəzinə qamçısı ilə uzaq yeri göstərdi:
– Burdan çox uzaqdır… Yozqat tərəfdənik!
– Evlisənmi?
Arabaçı lap kədərlənmiş kimi danışdı:
– Adamsız adam neçə evlənər? Evlənə bilmədik.
– Heyf sənə.
– Əlbəttə, heyf. Bədbəxtəm, mənim anam! Bədbəxtəm mən…
– Əsgərliyini çəkib qurtarıbsanmı?
Yaş kağızında yaşı az yazıldığı üçün əsgərliyə iki ildən sonra çağırılmalı idi. Lakin yenə yalan dedi:
– Əsgərliyimi çəkdim. İşim yaxşı oldu. Hələ çavuş rütbəsinə də çatdım.
– Allah səni dövlətə, millətə artıq görməsin!
– Amin, xala!
Bir müddət danışmadılar. Bir az gedəndən sonra kəkələyən arvad:
– Araba özünündürmü? – deyə soruşdu.
– Atlar da, araba da özümündür.
– Hər halda, mal sahibi olmağın yaxşıdır.
– Qulluq edib aylıq maaş almağı xoşlamıram. Bax, bu gördüyün Dəliqızı dayça ikən özüm bəslədim. Ona tay tapana qədər iyirmi gün gəzdim. Lakin indi ikisinə iki yüz lirə versələr, satmaram, həvəskarıyam.... Arabanı Amasyada xüsusi olaraq qayırtdırmışıq. Təkər taxtaları quraşdırma deyil, bütövdür. Arabaya atların necə qoşulduqlarını gərək gündüz görəsən. Qayış halqalarını, muncuqları, gülləri, zınqırovları, bəzəkləri Çanqırının ən məşhur sərracına başının üstündə durub hazırlatdırmışam.
– Maşallah, maşallah! Həvəslisən.
Tamam qaranlıqlaşmışdı. Hava isti və küləksiz idi.
Arabaçı, arvad tayfasının yaxşı atdan, yaxşı arabadan, yaxşı qoşqudan heç bir şey anlamayacağını düşünərək, kədərli-kədərli ah çəkəndə yoğun səsli qadın:
– Nə var, çavuş ağa, ürəyin doludur, yoxsa kiməsə vurulubsan? – dedi.
– Yox, canım!
– Hələ cavansan, eyib deyil. Sevib-sevilmək vaxtındır. Neçə yaşındasan?
– İyirmi dörd yaşımızı bitirdik, iyirmi beşə girdik.
– Görürsənmi, evlənmək vaxtındır, hələ bir az da keçib… Bəxtin üzdə deyilmiş, çavuş ağa.
Arabaçı qaranlıqda rahat-rahat gülürdü. Üç ay olardı ki, nişanlı idi. Yazda toy edəcəkdi.
– Adamsızlığın üzü qara olsun, xala… Qürbətdə qalmaq belimizi bükdü.
– Vay, yazıq!
Qadınlar pıçıldaşmağa başladılar. Arabaçı diqqətlə qulaq assa da, onların danışıqlarını başa düşə bilmədi. Qamçısını şaqqıldadıb atları tələsdirdi.
– Məni adi arabaçı hesab etməyin… Cütçülük, rəncbərlik işindən də başım çıxır. Atlarla elə işlər görürəm ki, məəttəl qalarsınız. Amma kotan lazımdır.
Qadınların ikisi də birdən qəribə bir sevinclə sual verdilər:
– Doğrudan da, rəncbərlik bacarırsan?
Arabaçı arxaya qanrıldı:
– Bacarırsan da sözdür? Mən cüt əkəm, siz də baxasınız.
Yoğun səsli qadın o birinin kəkələməsinə macal vermədi:
– Rəncbərlik çox ağır işdir. Adamı əldən salır. Arabada oturub, bu cür gəzməyə bənzəməz.
– Hər sənət çətindir, xala! Arabaçılığın da özünə görə çətinlikləri var. Birdən yolda araba qırıldı. De görüm onda neynərsən? Hələ bunun qürbətdə dolanmağını demirəm. Evin yox, adamın yox. Ömrün karvansaralarda çürüyür.
Qadınlar yenə pıçıldaşdılar.
Arabaçı pəltək qarının bir neçə dəfə: «heç elə şey olarmı, aaz?» dediyini eşitdi. Böyük qardaşının arabasını sürəndə müştərilərin danışıqlarına qulaq asmağa alışmışdı. Bu əyləncəli iş idi. İnsanın başı söhbətə qarışanda yolun uzunluğu yaddan çıxar. Amma arabanın gurultusu danışıqları eşitməyinə çox mane olurdu. Arabaçı saatına baxdı:
– Xala, nə qədər yolumuz qalıb? Çatmağımıza bir saat qalmış atları sulamalıyıq.
– Suhizarınımı soruşursan?
– Bəli!
– Aaz, bura haradır? Taxta körpüdürmü?
Pəltək arvad təsdiq etdi:
– Taxta körpüdür. Suhizarına yaxınlaşmışıq.
– Burdan dönəcəksən, oğlum.
– Hə, gərək dönəm. Dönəndən sonra nə qədər yol qalır?
– Yarım saatlıq…
Arabaçının yarım saatla bir saat arasında fərq görməyən adamlardan acığı gəlirdi. Uyuşan ayaqlarını oxun üstünə uzatdı. Taxtaları arabaya yüklədikdən sonra meşəbəyilər tutsalar, arabanı da, atları da müsadirə edib satılmağa verərlər. Bir gün Şabanözündə böyük qardaşının yüklü arabasını tutmuşdular. Qardaşına qalsaydı atları da əldən verəcəkdi. Yaxşı ki, arabaçı qayışları kəsib atları aradan çıxartmışdı. Arabanı satışa çıxartmışdılar. Satış on lirədən başlamışdı, amma kəndlilərin araba sahibinə yazıqları gəldiyi üçün qiyməti artırmamışdılar. On bir lirəyə araba yenə qardaşında qalmışdı.
Arabaçı adəti üzrə yavaşdan:
– Kəndli tayfası özünün, ya özgənin malına qəsd eləməz – deyərək bir siqaret yandırıb qadınlara üz tutdu: – Belə də işlər var, xalalarım… Bir təhər sürünürük.
Yoğun səsli qadın astadan güldü:
– Bizim kəndə yolun düşsə, yaxşı olar… Başa düşdünmü, arabaçı?
– Sizin kəndiniz çoxmu uzaqdır?
– Xeyr, uzaq deyil… Suhizarından bir az o yandadır… İki saat… lap çoxu üç saatlıq yoldur.
– Çox uzaq deyilmiş. Allahın izniylə bir gün o tərəflərə də yolumuz düşər, gəlib qonağınız olarıq. Kəndinizin adı nədir?
– Hə… Bəli… Bizim kəndə gələsi olsan… Bizim kəndin adına Aslanlar deyirlər.
– Aslanlara gəlsəm, məni bir stəkan ayrana qonaq edərsənmi, ay xala?
– Ayran da sözdür?.. Gələsi olsan… Bir söz soruşmaq istəyirəm, amma sən allah, doğru danış, çavuş ağa!
– Soruş görək.
– Evlənmək niyyətin varmı?
– Neçin olmasın? Bir halal süd əmmiş arvad tapa bilsəm, heç fikirləşmərəm.
– Yaxşı deyirsən… Bizim kəndə gəlsən, axtardığını mütləq taparsan.
– Doğrudanmı?.. Sizin kənddə halal süd əmmiş arvad tapmaq olarmı?
Çevrilib arvadlara baxdı. Araba onları atıb tuturdu. Üzləri görünmürdü.
– Bir layiqli adam tapa bilsəm, gələrəm… Vallahi ki, atları çapa-çapa sizın kəndə gəlib çıxaram.
– Orası səndən asılıdır, oğlum. Mən ancaq bunu deyə bilərəm ki, sənə layiq bir qız var… Gözəl desən, gözəldir. İşgüzar desən, səhərdən axşama qədər çalışandır. Namus tərəfinə gəlincə, bütün kənd onu yaxşı tanıyır…
– Çalışqan və namusludursa, bu mənə bəsdir. Gözəllik gəldi gedərdir, adama qalan namusdur. Kişi dediyın baca tüstüsü kimi bir şeydir, xala. Kişi səhər tezdən evdən çıxıb gedir, gərək onun gözü arxada qalmasın.
– O tərəfındən narahat olma. Qızımız lap körpədir. Amma bir eybi varsa, o da dul olmağıdır. Dula da razısanmı, arabaçı?
– Əlbəttə, razıyam. Hər şey allahın əmri ilə olur. Əri onu pis işinə görə qovmayıb ki?..
– Pis iş? Heç elə şey olarmı? Tövbə de… Yola gedə bilmədilər.
Arabaçı güldüyünü bildirməmək üçün içini çəkdi. Bir taxta körpüdən də keçdilər. Yolun iki tərəfində qurbağalar quruldaşırdı. Əvvəlcə vaxt keçirmək üçün söhbətə başlayan arabaçı işin gəlib gənc bir dul arvada bağlandığını görəndə atları sulamağı belə yadından çıxartmışdı.
Yoğun səsli qadın yanındakı arvadla pıçıldaşandan sonra soruşdu:
– Bu gecə tələsik bir işin varmı?
– O qədər tələsik işim yoxdur. Ora sabah da gedə bilərəm.
– Onda gəl bir xeyir iş görək.
– Nə iş?
– Bax sənınlə açıq danışıram, çavuş ağa. Biz iki bacıyıq. Dediyimiz qız mənim bacımın qızıdır. İstəyirsənsə, gəl biznən kəndə gedək, qıza bax. O da səni görsün. Bir-birinizi xoşlasanız, allah xeyir versin. Kənddə qızımızı istəyənlər çoxdur. Amma nə bilmək olar, bəlkə sənin qismətindir! Allahın işini nə bilmək olar?.. Ev-eşik sahibi olarsan. Eşitdinmi?
Arabaçı birdən-birə cavab verə bilmədi. Özünü itirən kimi oldu. Qadın bir də təkrar etdi:
– Qızımıza baxarsan, əgər bəyənməsən, yol xərcini verərik.
– Yol xərci sözünü danışma… Tutaq ki, işimizi qoyub sizin kəndə getdik, bəs gecənin bu vədəsində atı-arabanı harada saxlayacağıq?
– Harada saxlayacaqsan, qızın həyətində.
– Atası, qardaşı nə deyər buna?
– Atası, qardaşı yoxdur… Təkcə anası var. Mənim evim ayrıdır.
– Onda mümkündür… Çox yaxşı, gəlin gedək.
Arabaçı tənəli bir təbəssümlə ürəyində: «Ya bəxt, nə olar olar!» deyib arabanı bərk sürməyə başladı. Yola çıxanda elə bil qız bəyənməyə gedəcəyini hiss etmişdi. Təzə paltar geyinib, çəkmələrini Çərkəşdə sildirmişdi. Bu tərəflərə dəmir yolu çəkilməyə başlayandan bəri həmişə səfərdə olurdu. Subaylıq onu cana doydurmuşdu. Kənarda bir arvad saxlamaq pis olmazdı. Kənddə molla nikahı kəsdirib, lazım olanda da qoyub getmək mümkün idi. Yozqatlı yetim arabaçını kim tapa bilərdi? Bu, saman anbarında iynə axtarmaq kimi bir şey idi. Arabaçının kefi duruldu. Mahnı oxumaq istədi. Lakin düşündü ki, «qayınananın» yanında tərbiyəli görünmək lazımdır. Ona görə də oxumaq fikrindən daşındı. Həmişə atları sulayanda olduğu kimi qısaca fıştırıq çaldı.
Yoğun səsli qadın izahata başlamışdı:
– Evlərində kişi yoxdur… Sən onlara böyük olarsan… Əlbəttə, qızımız ürəyinə yatarsa.
– Daha ürəyinə yatarsa nədir? Namusludur, ya yox?
– Namuslu olduğunu bütün kənd sənə deyər. Sənin rəncbərlik edə bilməyin yaxşıdır. Dərənin aşağı tərəfində onun noxud tarlası var, arpalığı var. İşləyən olsa, torpaqları boldur.
– İşləmək sarıdan heç qorxma. Arvadım qoçaq olsa, iki il keçməz ki, bir cüt öküzü iki cüt edərəm. Qoyun sürümüz, inəklərimiz olar. Gecə-gündüz demərəm, işləyərəm vallah. Bizim arabaçı olmağımıza baxmayın. İçkidən, qəhvədən tövbəliyik. Atam mömin adam idi. O, vəsiyyət edib.
– Yaxşı adam imiş, nur içində yatsın.
– Amin, xala.
Şosenin solunda, boş torpaqların o tərəfində zəif bir işıq göründü. Arabaçı təlaşa düşdü:
– Xala, o görünən Suhizarının işıqlarıdırmı?
– Yox, ora İlıca deyilən yerdir. Kənddir, üç evi var. Yoxsul kənddir.
Arabaçı qəm-qüssəyə batdı. Nıçıldaşan qadınlara qulaq verdi. Onlar da kasıb idilər. Varlı-hallı adam da küçədə kürəkən axtararmı?
Lazım olmadığı halda arabaçı atları qamçıladı. Öz-özünə «Əşi, qoy getsinlər! Suhizarına çatan kimi onlardan ayrılaram. Yalvarıb-yaxarsalar da, qohum-qardaşım olduğunu, nişanlımın toy gözlədiyini boynuma alaram» dedi və bu qərara gələr-gəlməz ürəyi rahat oldu.
O, pəltək arvadın qızını düşündü. Gözlərinin qabağına Qurşundakı dəli Əminə gəldi. Birdən onun kimi bəyaz, ətli-canlı olar?.. Əminə işə yarayan, qoçaq arvaddır; gövdəsi yoğun, boyu ucadır. Lap yataq malı… Amma belə bir arvadı əri niyə boşasın? Hərif yoxsa ölüb gedib? Zarafata salıb bu barədə soruşmaq istədi. Fikrini dəyişdi. Bəlkə də qara-quru bir şeydir… «Anasını gör, qızını al» deyiblər.
Pəltək arvadı qaranlıqda görə bilmədiyi üçün təəssüfləndi. Bu əsnada yoğun səsli qadın dedi:
Ücretsiz ön izlemeyi tamamladınız.