Kitabı oku: «Zindan xatirələri », sayfa 3
Purafər və başqaları məni başa saldılar ki, havaya çıxarılmağım haqqında xahiş etməliyəm. Dəbir xahişi dərhal qəbul etdi. Lakin havaya çıxarılan yer elə bir vəziyyətdə idi ki, mən iylənmiş beşinci otağı oradan daha yaxşı hesab etdim. Məhbuslar oradakı üçbucaqlı və yalnız adamın gəzişməsi üçün kifayət edən həyətin adını “qazanca” qoymuşdular. Bir və iki nömrəli müvəqqəti həbsxananın, ümumi həbsxananın və başqa binaların tualetlərinin quyuları həmin həyətdə yerləşirdi. Beləliklə, birinci gündən başlayaraq ikinci, üçüncü, dördüncü, beşinci, onuncu və s. … günləri sayaraq, hər bir dəqiqədə Ettelaat İdarəsi tərəfindən çağırılıb, təklifimin məlum ediləcəyini gözləyirdim. Lakin oradan heç bir xəbər çıxmırdı. Get-gedə məyus olub müxtəlif fikirlərə dalırdım…
Gündüzlər də gecələr kimi qaranlıq və yorucu idi. Səhərdən gecəyarısınadək otaqda dolanır, sonra isə çarpayının üstünə uzanaraq cürbəcür fikirlərə dalırdım. Hətta yavaş-yavaş məhbus dostlarımın təskinverici sözlərindən də acığım gəlirdi. Evdən və ailədən xəbərim yox idi. Onların nə vəziyyətdə yaşamalarını bilmirdim. Hava təmiz olan gecələrdə tavandakı kiçik deşikdən ulduzları seyr edərək bununla fikrimi məşğul edirdim. Günəş gündüzlər üçün mənim saatım idi. Günləri divara xətt çəkməklə sayırdım. Robinzon kimi özüm üçün cizgilər kalendarı düzəltmişdim. Hətta Purafər və digər məhbuslar belə məmnuniyyətlə mənim təbii saat və kalendarımdan istifadə edirdilər. Ulduzlarla vaxtı, günəşdən daha dəqiq müəyyənləşdirə bilirdim.
On səkkizinci gün səhər tezdən sərçələrin cikkiltisi diqqətimi cəlb etdi. Başımı qaldırıb sərçələrin həmin deşık üzərindən dəstə-dəstə uçub getdiyini gördüm. Bunu yaxşı bir fal kimi yozub sevindim. Təsadüfən, həmin gün günortaya yaxın ilk dəfə ailə üzvlərimlə görüşdüm…
GÖRÜŞ
Zindan yaxşı məhəkdir. Oradan insan öz səmimi dostlarını və ən uzaq qohumlarını daha yaxşı tanıyır. Onların səninlə nə kimi münasibətdə olduqlarını müəyyənləşdirir.
İlk görüşüm çox gözlənilməz idi. O dəqiqəyədək zindandan xaric ilə əlaqə tapmaq imkanına inanmırdım. Öz arvad-uşağımı gördüyüm üçün çox sevindim. Daryuş görüş yerini, polisləri və oradakı qaydaları görüb mat qalmışdı. O, görüş vaxtının sonunadək bir kəlmə də danışmadı. Başqa görüşə gələnlər isə adi halda halımı soruşurdular. Görüşə gələnlər içərisində tanış olmadığım bir gənc diqqətimi cəlb etdi. Təəssüf ki, mən onu həmin günədək görməmişdim. Onun mərhəməti qarşısında minnətdar olduğumu bildirdim. Sonralar isə onun həyat yoldaşımın uzaq qohumlarından biri olduğunu bildim. Mərdlik, xeyirxahlıq və fədakarlıq yalnız ağır günlərdə müəyyən edilir. Bu təmizürəkli gənc mənə nicat vermək, məni zindandan xilas etmək yolunda dörd ay çalışdı. O, bu yolda hər cür fədakarlıq göstərməkdən çəkinmədi. Füruzeş deyirdi ki, mən bu qədər fədakar adam görməmişəm. Kölgə kimi ardıma düşüb hər gün, hər saat mənimlədir. Heç kəsin əli çata bilməyən yüksək rütbəli adamlardan səni buraxmaq haqqında tövsiyənamə gətirir. Belə bir səmimi qohumunuz olduğu üçün sizi təbrik edirəm.
Bu fədakar adamın fəaliyyəti və çalışqanlığı nəticəsində vəziyyətim bir az yaxşılaşdı. Evdən mənim üçün yorğan-döşək gətirilməsinə, xörək və kitab göndərilməsinə icazə verdilər. Mənim üçün müstəsna şərait yaradıldı. Mənə çıraq, çaynik və s. verdilər. Bundan başqa, zəmanətlə buraxılmaq barədə mənə verilən hökm də həmin adamın sayəsində düzəlmişdi. Bu barədə sonra ətraflı bəhs edəcəyəm. Lakin bu hökm həyata keçirilmədi. Ettelaat İdarəsi məmurları deyirdi ki, biz bu hökmü həyata keçirə bilmərik. Lakin əgər siz bir gün həbsdən azad olsanız, məhz həmin hökmün əsasında azad olacaqsınız…
Polis idarəsi işçilərinin böyük cinayətlərindən biri ittihamları yaymaqdan ibarət idi. Onlar bu yol ilə öz pis hərəkətlərini ört-basdır etmək istəyirdilər. Onların digər metodu hədə-qorxu gəlmək idi. Belə ki, günahsız bir adamın zindandan xilas edilməsi yolunda təşəbbüs edən hər hansı bir adamı çağırır, hədələyir, qorxudur və beləliklə, zindan haqqında bir daha danışmayacağı, belə işlərə qarışmayacağı barədə ondan iltizam alırdılar. Mənim dostum haqqında da həmin qaydaya əl ataraq, ona demişdilər ki, əgər ailəni, həyatını və kəsbkarını istəyirsənsə filankəsin ardına düşməkdən çəkinməli, onun sorağını tutmamalısan. Əks təqdirdə bir çox təhlükəli işlər görmüş həmin şəxslə əlbir olmaqda ittiham ediləcəksən. Lakin bütün bu hədə-qorxulara baxmayaraq o, mənim haqqımda imkan qədər çalışmışdı.
Digər işlər kimi görüş işi də gündən-günə çətinləşirdi. Birinci ildə deyirdilər ki, siyasi məhbuslar yalnız müstəntiqlərin və ya Siyasi İdarənin digər qulluqçularının yanında öz adamları ilə görüşə bilərdilər. Biz uzun müddət bu xoşagəlməz hərəkət əleyhinə mübarizə etdik. Həsən Purafər ilk görüş zamanı etirazını bildirərək həyat yoldaşına tapşırmışdı ki, o, bir daha bu cür görüşə gəlməsin, uşaqları da gətirməsin. Füruzeş isə onun bu hərəkətini qayda-qanuna uyğun olmayan hərəkət hesab edərək Həsən Purafəri istintaqa çəkmişdi. İstintaq zamanı Həsən Purafər ona daş sındırıcı cavablar vermişdi. O, demişdi: “Bəlkə də siz öz namus və abırınıza əlaqə bəsləməyirsiniz, bu, sizin öz işinizdir. Lakin sizin haqqınız yoxdur ki, başqalarını da özünüzə tay hesab edərək, adamların şərəf və namusuna toxunasınız. Biz öz adamlarımızı görmək xatirinə sizə icazə verə bilmərik ki, bizim abırımızla və namusumuzla oynayasınız”. Füruzeş bu sözləri Polis idarəsi rəisinə raport verdikdən sonra onu iyirmi dörd saat tək kamerada saxladılar. Sonra onun yanına vasitəçi göndərərək istintaq kağızlarını cırıb aradan apardılar.
Qısa sözlə desək, zindanda olduğum birinci və ikinci illər ərzində görüş məsələsi üstündə Zindan idarəsi ilə Siyasi İdarə arasında çəkişmələr davam etdi. Zindan idarəsi özü də yoxsul məhbusları həftədə bir dəfə Siyasi İdarəyə göndərmək istəyirdi. Əvvəllər görüşlərimiz Siyasi İdarədə də çox az-az təşkil olunurdu. Belə görüşlər Qəsr zindanında, eşik bağın içərisində yalnız bir polisin nəzarəti ilə keçirilirdi. Lakin getdikcə işlər çətinləşdi. Yeni təyin olunan rəislərin hər biri təzə qaydalar qoyurdular. Daha bağda görüşə icazə verilmədi. Görüş yeri daxili zindanın qapısı arxasına köçürüldü. Sonralar isə dəmir məhəccərli görüş otağını təşkil etdilər.
Burada məhbuslarla görüşə gələnlər arasında fasilə o qədər uzaq idi ki, onların səsi çətinliklə bir-birinə çatırdı. Adam iki dəmir məhəccər arxasından görüşə gəlmiş şəxsləri az qala tanıya bilmirdi. Qapıdakı yoxlama daha iyrənc idi. Çox çirkin bir qarı buraya görüşə gəlmiş qadınların bütün bədənini yoxlayırdı. Abbas Kəndxudanın icazəsi olmadan zindan rəisi siyasi məhbuslara görüş verə bilmirdi. Bundan başqa sərhəng (polkovnik) Rasixin də öz xüsusi siyasəti var idi. Onlar istəmirdilər ki, cinayətkar işlər zindanın uca divarlarını və dəmir qapılarını keçərək xaricə yayılsın. Buna görə də öz meylləri ilə məhbusların görüşünü məhdudlaşdırır və bəzən qadağan edirdilər. Həbsdə olduğum yeddinci ildə bir neçə dəfə mənə görüş icazəsi vermədilər. Görüş qorxulu bir işə çevrilmişdi. Adam onu incəlikləri ilə şərh etməyə utanır. Zindan məmurları bu yoldan çox çirkin şəkildə istifadə edirdilər. Hətta bir çox namuslu məhbuslar özlərini bu yeganə ümid yolundan da məhrum edərək, öz ailələrinə tapşırırdılar ki, bir daha görüşə gəlməsinlər. Onlar bu yolla öz abırlarını qorumağa çalışırdılar. Məhbus üçün görüşsüz qalmaq, adamsız olmaq çətindir. Lakin qeyd etdiyimiz vəziyyətdə görüş bundan daha ağır idi.
XAİNLƏR
Məhbuslar üçün xainlər həqiqətəndə Siyasi İdarənin işçilərindən və zindandakı casuslardan daha təhlükəli idilər. Deyə bilərəm ki, biz uzun müddət ərzində həmin xəyanətkar tiplərin əli ilə böyük əzab və əziyyətlərə məruz qaldıq. Bu əzab və əziyyətlər polis idarəsi məmurlarının bizə etdiyi əziyyətdən daha ağır idi.
Görək xəyanətkar nə cür adamdı? O, nə istəyir? Məhbusa hansı yol ilə zərər verir? Şübhə yox ki, zindana yolu düşməyən adamlar həmin suallara asanlıqla cavab verə bilməzlər. Zindanda xəyanətkar qardaşını öldürmüş, öz yoldaşının kəsilmiş qanlı başını satmış, yeganə və səmimi dostlarının evini bərbad edib, həyatını dağıtmış adama deyilir. Xəyanətkar özünü xilas etmək, neçə günlük alçaq və iyrənc həyat sürmək xatirinə, öz yoldaşlarını və dostlarını satıb polis və zindan rəisləri ilə əməkdaşlıq edənlərə deyilir. O, yalan sözlər toxuyur, vurduğu töhmət və iddiaları ilə guya sirləri açır.
Zindanda olduğumuz on bir il müddətində gördüyüm məhbusların çoxu istisnasız olaraq öz həmkarlarının xəyanəti nəticəsində tutulmuşdular. Polisin təklikdə əlindən heç bir iş gəlmir. Bir nəfər çox sadə bir iş üstündə təsadüfən tutulduqda nadanlıq, xudbinlik və yaxud iradəsizlik üzündən polisə aldanır, özünü xilas etmək üçün bir çoxlarını da ələ verir. Bəhanə ardınca gəzişən polis isə bu vəziyyətdən istifadə edərək, gizli təşkilatlar, geniş və təhlükəli özəkləri kəşf etməsi barədə raport düzəldir.
Həmin cinayətkar tipləri bir neçə yerə bölmək olar. Siyasi idarənin məmurları bir çox məhbusları müxtəlif yollarla əzab-əziyyət vermək, şallaq altına salmaq, qaranlıq otaqlarda saxlamaq və hədələməklə xəyanətkarlığa məcbur edirdilər. Heç kəsə əziyyət verməyən adamlar kimi tanınmış və ilk addımlarından tələyə düşmüş bu qəbil məhbuslar daha geri çəkilə bilmirdilər. Hiylə və fırıldaqlar yolu ilə alçaq işlərə düşən bəzi yazıq qadınlar kimi bunlarda öz istəklərinin əksinə olaraq hərəkət edir, günü-gündən daha abırız vəziyyətə düşərək rüsvay olurdular. Şəban Kəvə həmin tipin nümayəndələrindən biri idi. İsfəndiyari deyirdi ki, siz Kavənin işlərindən hədər yerə əsəbiləşirsiniz. Mən onu üç gecə-gündüz yatmağa qoymamışam. Nəhayət o, aldandı və üzləşməyə razılıq verdi. Onun ayrı bir çarəsi qalmadı. Bizim üçün işləməsəydi, necə deyərlər, bu tərəfdən qovulmuş, o tərəfə isə əli çatmamış adam çevrilərdi. O, istər-istəməz işə qarışıb Siyasi İdarənin göstərişinə əsasən, Şayəqan, Abdulzadə, Seyid Həmzə, Ağazadə və sairlərin həbsə alınmasının müqəddiməsini hazırladı. O, olmasaydı, şübhəsiz ki, Təbriz təşkilatı girə keçməzdi və siyasi məhbusların vəziyyəti bu mərhələyə çatmazdı.
İkinci tip Tacbəxş və ona yaxın olan adamlardan ibarətdir. Bunlar əzab-əziyyət, işgəncə, qaranlıq otaq və s. olmadan da polisin etimadını qazanmaq xatirinə öz yoldaşlarının ayağı altında dərin quyu qazırdılar. Tacbəxş lap ilk gündən etibarən, polkovnik Paşa xan ilə sazişə girdi. Onu Şəban, Musa və digərləri ilə müqayisə etmək olmaz. O, düşüncəli, dünyagörmüş, siyasi bir adam idi. İkitərəfli işləyən polis oğruları kimi öz yaxın tanışlarını girə vermək üçün xəfiyyə polisi ilə birlikdə zindandan çıxıb gedirdi. Dadizadə Ənzabi deyirdi ki, Tacbəxş “Ruzi nəvar” kafesinin yanında bizi tanıdı və polisə göstərdi.
İranbanın dəstəsinə daxil olan adamların bəzilərini də həmin təhlükəli tiplər sırasına daxil etmək lazımdır. Bunlardan bəziləri çox çirkin hərəkətlər etmişlər. Hətta öz yoldaşları bunların haqqında nələr danışırdılar…
İranban və Şahzadə Xaqani dəstəsinin tutulduğu birinci gün mən iki nömrəli müvəqqəti həbsxanada idim. Bu hadisə mən tutulandan bir il sonra baş vermişdir. Onların sayı çox idi. Mən casusluq ittihamı ilə tutulmuş bu siyasi adamların rəftar və davranışlarına diqqət yetirirdim. Doğurdan da məəttəl qalmalı idi. Onlar çalır, oynayır, bir-birlərinin otağına gedib, biri-digərini təbrik edir, zarafatlaşır və hay-küy salırdılar. Onlar bir-birlərinə deyirdilər ki, qalib gəlmişik, polis ilə razılaşmışıq,öz hökumətimiz ilə əməkdaşlıq edəcəyik, bizə böyük işlər və vəzifələr tapşıracaqlar.
Hətta onlardan bəzisinə məhkəmə qurtardıqdan sonra dərhal polis idarəsində işə başlamalarına dair hökmlərdə verilmişdi. İranbanın özünə “birinci polis” ləqəbi və rütbəsi verilmişdi.
İstintaq və müvəqqəti həbs dövründə onlara araq, tiryək gətirilir, və digər çirkin hərəkətlər üçün şərait yaradılırdı. Kamran onların hamısı ilə dost olmuşdu. Onlar gecə-gündüz xalqa quyu qazırdılar. Axmaqcasına belə düşünürdülər ki, öz təşkilatlarını polisə daha geniş göstərdikləri təqdirdə, günahlarıda bir o qədər az olacaq. Onlar belə xəyal edirdilər ki, siyasi ittihamlar adi xəyanətlər kimidir. Ədliyyə tərəfindən müəyyən olunan cəza guya bütün müttəhimlərin arasında bölüşdürüləcəkdir.
Bu boş xəyallarla onlar özlərinə çox dərin bir quyu qazmışdılar. O quyuya isə hamıdan əvvəl özləri düşdülər. Göstərdikləri “böyük” xidmətlər əvəzinə edam və ağır həbs cəzalarından ibarət mükafat aldılar. Onlar iş-işdən keçəndən, işləri hərbi tribunalara göndərildikdən sonra polisi tanıdılar.
Bu dəstəyə daxil olanlardan bir-iki nəfəri istisna etmək şərti ilə qalanları məhkəmə zamanı çox zəlil və alçaq hərəkətlərə yol verərək prokurora acizliklə yalvarıb və iltimas etməkdən belə çəkinmədilər. Məhkəmə müttəhimlərdən heç də yaxşı olmadığına görə onlara özlərini müdafiə etmək haqqı, danışmaq icazəsi də vermədi. Onlar yalnız son müdafiələrini yazılı surətdə məhkəmə rəisinə təqdim edə bildilər. Bu yazılar isə əsla oxunmadı. Məhkəmə rəisi demişdi ki, bütün qüvvələrin baş komandanlığının əmri hər hansı qanundan yüksək sayılır. Müttəhimlərin mühakiməsi, onların məhkəməyə aparılması və zindana qaytarılması işləri həqiqətən dəhşətli idi. Altmış-yetmiş nəfər müttəhimi yüz əlli nəfər əsgərin mühafizəsi və müşayiəti ilə məhkəməyə aparırdılar. Hərbi nazirlik binasının ətrafını qoruq etmişdilər. Hərbi məhkəmə tam dəbdəbə ilə təşkil olundu. Prokuror isə könlü nə istəyirdi, onu deyirdi. Vəkillər məhdudlaşdırılmışdı. Onlar müvəkkillərinin müdafiəsi haqqında artıq danışdıqda, məhkəmə rəisi dərhal sözü kəsir, mövzudan kənara çıxmasını bəhanə edərək danışığa son qoyurdu. Müttəhimlərin arvad-uşaqları hərbi nazirliyin ətrafındakı küçələrdə ürək döyüntüsü ilə dayanıb, qollarına zəncir vurulmuş adamlarını görmək və məhkəmənin nəticəsindən xəbərdar olmaq istəyirdilər.
Məhkəmə çox kəskin qərar çıxartdı. Qırx nəfər edama, qalanlar isə üç ildən on beş ilədək həbs cəzasına məhkum olundular. Haqqında edam hökmü çıxarılan adamlardan iki nəfəri hökmü eşidən kimi dəli oldu. İranban və Şahzadə Xaqani hökm həyata keçirilən zaman təbii vəziyyətdən çıxmışdılar. Zəndini dəlilər evinə göndərdilər. Digərləri isə təqribən qeyri-adi hala düşdülər. Buna baxmayaraq, onların əməllərini davam etdirənlər, yenə də öz hərəkətlərindən əl götürməyərək zindanda polisə yaxınlaşır, yerlərini şirin salmaq üçün casusluq və xəbərçilik edirdilər.
Xainlərin digər tipi ikitərəfli işləyənlər idi. Onlar həm Polis idarəsini əldə saxlamaq, həm də məhbuslar daxilində özlərinə hörmət qazanmaq istəyirdilər. Bu tip mühafizəkar olduğu üçün, çox təhlükəli idi. Çünki açıq və aydın surətdə polis tərəfinə keçmiş adamların təklifi məlum idi. Lakin bunlar ikiüzlülük edir, özlərini başqalarına yaxınlaşdırır və adamların etimadından istifadə edərək həssas vaxtlarda bəzi məsələləri Siyasi İdarəyə çatdırırdılar.
ZİNDAN CASUSLARI
Mən mərkəzi zindanın yeddinci koridorunda yaşayırdım. İki nömrəli müvəqqəti həbsxanadan əlavə mərkəzi zindanın ikinci, dördüncü və yeddinci koridorlarında da yaşamışdım. Bu koridorlar keçmiş üsuli-idarənin siyasət mərkəzinin ən həssas nöqtəsi idi. Biz siyasi məhbusların başlıca nümayəndəsi hesab edilirdik. Hətta Teymurtaşı, hərbi nazir Sərdar Əsədi və digər hökumət müttəhimlərini bizim yanımıza gətirməyə cürət etmirdilər. Polis məqamları tərəfindən göstərilən hər hansı təzyiq və işgəncə tədbiqləri ilk dəfə bizə tətbiq olunurdu. Zindanda işləməyə gələn hər hansı yeni qulluqçu öz iqbal və taleyini bizim müqəddəratımız üzərində sınaqdan keçirirdi. Siyasi İdarə işçilərinin heç biri bizim işlərimizə qarışmadan tərəqqi edə bilmir, rütbə və dərəcə əldə etməyə nail olmurdu. Zindan rəisi Rasix sərhəng Giqoya belə demişdi: “Bu qapıların arxasına qanlı əllər basılmışdır. Mən onlara yaxınlaşıb orada yaşayan adamlarla danışa bilmərəm”.
Beləliklə, üzərimizə qoyulmuş həmin siyasi ad nəticəsində biz polislər və bəzi məhbuslar üçün bir növ dükana (alverə) çevrilmişdik. Görüşünün xüsisi şəklə düşməsini, tək kamerada yaşamaq, azad tiryək çəkmək, bütün koridorları azad dolanmaq, bir kasa süd və ya iki yumurta almaq, zindan daxilindəki müəssisələrdə işləmək, heç olmasa nəzarətçi və ya xörək paylamaq vəzifəsinə keçmək, çayçılıq edib məhbusları soymaq, bir sözlə başqalarının bədbəxtliyindən istifadə etmək istəyən bütün adamlar üçün ancaq bir vasitə, bir sadə yol var idi ki, o da bizə göz olmaqdan ibarət idi. Zindan məmurları məhbusların zindana gəldikləri birinci gündən bu yolu onlara göstərirdilər. Qısa sözlə desək, alış-veriş vasitəsinə çevrilmişdik. Hamı yalnız bizə əzab-əziyyət vermək yolu ilə zindan məmurlarından müəyyən güzəştlər ala bilirdi. Hətta sonralar iş o yerə gəlib çatmışdı ki, biz ikilikdə bir-birimizlə danışa da bilmirdik. Fərruxini demək olar ki, əxlaqsız və cəfəng qoca, ərbab Güdərzi ölümə verdi. Bədbəxt şair öz həmyerlisinə inanaraq təzə şeirlərini onun vasitəsi ilə kiməsə çatdırmaq istəmişdi. O isə namərdcəsinə uzun-uzadı bir raportla birlikdə həmin şeirləri zindanın rəisinə çatdırmışdı. Şeirlər məzəli, ciddi, eyni halda təsirli və kəskin idi. Bu şeirlər əldən-ələ keçərək, nəhayət, şahın əlinə çatmışdı. Beləliklə, Fərruxinin öldürülməsi haqqında fərman verildi.
Mötəbər bir adamın dediyinə görə, məhbusların son ümümi aclıq elan etmələri haqqındakı xəbəri Lapidus və ayrı bir tanınmış məhbus polisə raport vermişdi. Lapidus göstərdiyi həmin xidmətə görə zindan çayxanasına başçı təyin edildi. Digərinin haraya aparıldığından isə xəbər tuta bilmədim.
Məhbusların kitab, qələm, kağız və s.-dən istifadə etmələrinin qadağan olunması “…” nin raportunun nəticəsi idi. Bir sözlə, qeyd etməliyik ki, zindandakı casus tipləri kəmfərasət, zərərli və təhlükəli idilər. Məhrumiyyətlərimizin çoxu həmin tiplərin əli ilə törənirdi. Zindanın rəisi açıqcasına deyirdi: “Füzul olmasa şah qalanın içində nələr baş verdiyini haradan biləcəkdir”.
Zindanda füzul çox idi. Onlar isə hamıdan artıq məhz bizə əzab və əziyyət törədirdilər.
ZİNDANDA QALMALI OLDUM
Neçə ay davam edən istintaqın sona çatmasından sonra məni nisbətən təmiz olan səkkiz nömrəli otağa köçürdülər və onun qapısını açıq qoydular. Lakin başqa məhbuslarla əlaqə yaratmağımı qadağan etmişdilər. Bu zahiri bir hədə-qorxu idi. Bu işin əməli olmadığını özləri də, yəni zindan məmurları da yaxşı başa düşürdülər.
Casuslar hər gün ardıcıl surətdə öz raportlarını verirdilər. Bundan başqa, otağımı dəyişənlər özlərinin gizli bir casusunu da məhbus kimi qələmə verərək, ona tapşırmışdılar ki, məni gözdən qoymasın. O, qəribə bir adam idi. Boyu uca, üzü arıq, sifəti sarı və çimçəşdirici, dişləri isə qurt yemiş və qaralmış idi. O, oruc tutur və namaz qılırdı. Mən isə onu ilk gündə tanımışdım. O, öz pis təbiətini gizli saxlaya bilmirdi. Mənim üçün o, böyük bir maneəyə çevrilmişdi. Nəhayət, onu tanıdığımı özünə başa salmaq qərarına gəldim. Bununla özümü əzab və əziyyətdən xilas etmək istəyirdim. Çünki Siyasi İdarə polis özünü gizlədə bilmədikdə, dərhal onu əvəz edirdilər. Buna görə də mən ona açıqca dedim: “Gözümün qabağından get, əgər səni Siyasi İdarə göndərmişsə, döş nişanını mənə göstər ki, öz təklifimi başa düşüm”.
Digər bir casus həmin məsələni dərhal Siyasi İdarəyə çatdırmışdı. Buna görə də həmin gün axşam çağı Təhmasibi adlanan bu ağanı zindandan çıxarıb apardılar. Deyilənə görə, 1304- cü ildə (1925-1926-cı illər) ağayi Müsəvinin dəstəsini də həmin adam girə salmışdı. Az qalmışdı ki, onları da edam etsinlər.
1310-cu ilin fərvərdin və ordibeheştini (1931-ci ilin aprel və may ayları) intizarla keçirdim. Bir tərəfdən, taleyimlə barışaraq digər məhbuslar kimi öz mühitimin kiçik və məhdud hadisələri ilə başımı qatıdım. Digər tərəfdən isə hər saat zindandan azad olacağımın intizarını çəkirdim. Hətta Füruzeş özü də demişdi: “Bu haqda saraydan məktub yazmışlar. Biz müxalif olmasaq sizi buraxmaq olar. Hələlik biz də müxaliflik göstərmirik. Yalnız nəzmiyyə rəisinin Gorgandan16 qayıtmasını gözləyirik.
Bu, heç də yalan deyildi. Keçmişdə etdiyi yaxşılıqlarından danışdığım adam mənə buraxılmağım üçün müqəddimə hazırlanması haqqında sifariş də göndərmişdi. O, Ayrum gələndən sonra zindandan buraxılmağımı bildirmişdi. Hətta bir gün Nəsrullah İsfəndiyari həmin hökmü mənə göstərərək dedi: “İş qurtarmışdır. Ancaq heç bir siyasi işə qarışmayacağın haqqında iltizam verməlisən”.
Bütün bunlara baxmayaraq, mən şübhə edirdim. Belə sadəlikdə həbsdən buraxılacağıma inana bilmirdim. Ayrumun qayıtması qurban gününədək uzandı. Keçmiş adətim üzrə həmin gün səhər tezdən otaqdan çıxıb həyətdəki hovuzun kənarında idman etmək istəyirdim. Purafər hələ yatmışdı. Dəbir dəstəmaz alırdı. Sərhəng Giqo primusu yandırıb çay qoymaq istəyirdi. Zahirdə məhbusların həyatı adi vəziyyətdə davam edirdi. Baharın havası yüngül və ruhu oxşayan idi. Adam zindanın məhdudiyyətlərini az qala unutmaq istəyirdi. Qış fəslindən fərqli olaraq günəşin şüaları zindanın dərin həyətinin divarları üstünda oynayır, qəmgin ürəkləri sevindirirdi. Həmin günün mənim üçün ağır saatlardan biri sayılacağını hələlik bilmirdim. Hələ əl-üzümü yuyub qurtarmamışdım ki, “D” əl-ayağını itirmiş bir şəkildə yanıma gəldi. O günlər biz bir-birimizlə danışmırdıq. Lakin ciddi işlər zamanı bu cür müvəqqəti küsülü hallarının təsiri ola bilməzdi. O, “bilirsən nə olub, xəbərin var?” – deyə həyəcanla mənə müraciət etdi.
– Nə xəbər var? Nə olmuşdur?
– Gecə yarısından təxminən bir saat keçmiş neçə nəfər təzə məhbus gətirdilər. Deyilənə görə, onlar da siyasi motivlə təqsirləndirilmişlər.
– Burada pis bir iş yoxdur. Siyasi müttəhimləri olmayan bir ölkə nəyə lazımdır. Siyasi müttəhimin olması özlüyündə millətin siyasi şüurunun yüksəldiyini göstərir. Məlumdur ki, ölkədəki işlər adi qayda ilə cərəyan etmir. Xoşagəlməz hadisələr çoxdur və günü-gündən artır. Bunun əksi baş versə idi, onda təəccüblənmək olardı.
“D” dedi:
– Axı bu işin sənin və mənim zindandan buraxılmağımızda təsiri ola bilər?
Mən dedim:
– Bu təsir kimlərin nə kimi ittihamlarla tutulmasına bağlıdır.
Söhbətimiz hələ qurtarmamışdı ki, birdən-birə zəng çalındı. Polkovnik Paşa xan gözlənilmədən daxil oldu. O, digər otaqlara diqqət yetirmədən birbaşa təzə gətirilən məhbusların otağına girdi. Azacıq fasilədən sonra, təzə məhbuslara bir qədər siqar və kibrit gətirilməsi haqda göstəriş verdi. Biz isə keçmiş adət üzrə dağıldıq. Hər kəs öz otağına gedib qapıları bağlayıb oturaraq gələcəkdə hadisələrin necə olacağını gözləməyə başladı. Biz belə xəyal edirdik ki, keçmişdə olduğu kimi yenə də gedəcəkdir. Lakin bu fikir düzgün çıxmadı. Ağayi polkovnikin həmin otaqda dayanması bir saatdan artıq çəkdi. O, kağız və karandaş da tələb etmişdi. Biz təqribən öz vəziyyətimizi başa düşmüşdük.
Polkovnik otaqdan çıxıb getdikdən sonra, mən maraqlanaraq özümü bir təhər təzə məhbusların saxlanıldığı kameraya çatdırdım. Orada ağayi Tacbəxşi gördüm. Biz bir-birimizi yaxşı tanıyırdıq. Paşa xan isə həmin kamerada yubanmışdı.
Mən dedim: “Tacbəxş, nə var nə yox? Paşa xan səndən nə istəyirdi? Səni nə üçün həbs etmişlər? Nə hadisə baş verib?”
Onu öz bacısı oğlu ilə birlikdə, müəyyən qonaqlıqda tutub, ev sahibi və onun başqa dostları ilə bir yerdə zindana gətirmişdilər. Çox əl-ayağa düşmüşdü. Nəzərə xoflu görünürdü. Bəlkə də özünü bu şəkildə göstərmək istəyirdi.
Mən Paşa xan haqqındakı sualımı təkrar etdim. O, cavab vermək istəmirdi.
Dedim:
– Tacbəxş, axı Paşa xan bu qədər dayanan adam deyildi. O, belə işlər görməz. Bütün zindanda cəmi beş-altı dəqiqədən artıq dayanmazdı. De görüm, nə hadisə baş verib, gözlə, nahaq yerə camaat üçün narahatlıq törətməyəsən.
– Yox baba, məgər uşaqsan? Mən sizi nə üçün zəhmətə salım? Paşa xanın mənimlə ailəvi qohumluğu vardır, əhvalımı soruşurdu… – dedi.
– Tacbəxş, mən səninlə öz tanışlıq borcumu yerinə yetirdim. Şübhəsiz ki, hər kəs öz işini daha yaxşı bilir.
– Onların haqqında nigaran olma. Bəlkə də indiyədək onları buraxmışlar. Gözlə, elə bir iş görməyəsən ki, adamları səbəbsiz olaraq tutub, zəhmətə salsınlar.
Tacbəxş çoxlu and-aman içib sən öl, mən ölüm deməklə söz verdi ki, adamların haqqında əsası olmayan və mənasız sözlər dilinə gətirməyəcəkdir.
Ücretsiz ön izlemeyi tamamladınız.