Kitabı oku: «Ana ürəyi», sayfa 2
–Siz çox gözəl danışırsınız. Elə bil kitab oxuyursunuz. Belə bəlağətli danışmayın. Qayıdaq geriyə. Siz universitetin kitabxanasında tanış oldunuz…
–Bəli, mən kitabxanadan çıxanda, o, qapıdan içəri girirdi. İkimiz də tələsirdik, möhkəm toqquşduq. Qucaqlarımızdakı kitablar yerə töküldü. İkimiz də eyni vaxtda aşağı əyildik. Onun uzun, hamar, ipək kimi yumşaq…
–Aydındır. Sonra nə baş verdi?
–Sonra baş verənlər sanki yuxu idi. Kim öz yuxusunu başqasına danışa bilib? Hadisələri danışa bilərsən, hissləri, duyğuları isə ifadə etmək mümkünsüzdür. Sevginin elə qiyməti bundadır ki, hər kəsi- qatili də, diktatoru da, qəhrəmanı da, mənim kimi qorxaq, yaraşıqsız, çəkingən adamı da mükafatlandırır. Sevgi bir çiçəyə bənzəyir. Bu çiçək zibilxanada da, xaraba qalmış binanın damında da, gölməçə kənarında da bitə bilər. Mən onu çoxdan gözləyirdim. Taleyimin məni mükafatlandıracağına, bu dünyada məni sevən bir qadınla qarşılaşacağıma əmin idim. Yerə tökülən kitabların arasında “Gənc Verterin iztirabları” əsərini görməyim, onun uzun, hamar, ipək kimi yumşaq saçından bir neçə tükün mənim köynəyimin düyməsinə dolaşması əminliyimi artırdı. Biz bədbəxt olduğumuz zaman başqalarının da bədbəxtliyini dərindən hiss edirik. Tənha adamlar da belədir. Başqalarının tənhalığını hiss edirlər. Mən onun sifətinə baxdım. Bəli, o da mənim kimi tənha və romantik idi. Tale bizi görüşümüzdən əvvəl, hər birimizi ayrı-ayrılıqda kifayət qədər incitmişdi. İndi isə mükafat olaraq bizi görüşdürmüşdü. Özü də necə, xəyal dünyamıza uyğun olaraq. Kitabxanada, romantik bir abu-havada. Mən bizim toqquşmağımızı, kitabların yerə tökülməsini taleyin əmri hesab etdim. Ayağa qalxdıqda heç vaxt edə bilməyəcəyim bir hərəkət etdim. Mən özümü unudaraq onun tənhalıq, romantiklik yağan çöhrəsinə baxaraq dedim: “Bu sizsiniz, mən sizi çoxdan gözləyirdim”. Bu sözləri necə dediyimi hələ də anlaya bilmirəm. Bu sözləri demək mənim iradəm xaricində idi. Bu sözləri bir qızın çöhrəsinə baxaraq demək, mənim həyatda atdığım ən cəsarətli addım idi. Bəzən mən öz-özümə düşünürəm, doğurdanmı mən o sözləri söyləmişəm? Bəlkə heç belə bir şey olmayıb. Özümü dərindən tanıyan birisi kimi bəyan edim ki, elə bir sözü söyləməyim mümkünsüzdür. Amma doğrudan da, mən “Bu sizsiniz, mən sizi çoxdan gözləyirdim” sözlərini demişəm. Bunu sonralar o, dəfələrlə təsdiq edib. Biz ayaq üstə dayanmışdıq. Onun nəfəsi mənim sifətimi oxşayırdı. Nə fiziki, nə də ruhi olaraq, heç vaxt, heç bir qadını bu qədər yaxından və dərindən hiss etməmişdim. Nə isə baş verməli idi. Bütün bu olanlardan sonra biz səssiz-səmirsiz ayrıla bilməzdik. O, gözlərini yerə dikmişdi. Sonra mənə baxmaq istədisə də, bacarmadı. Üzünü yana çevirdi və titrək səslə dedi: “Mən də sizi gözləyirdim”.
İlahi, mən həmin an xoşbəxtlikdən ölə bilərdim. Deməli, həyatda həqiqətən də xoşbəxtlik varmış. Bu, şairlərin, yazıçıların uydurması deyilmiş. Əgər həmin anda əlimdə iti bıçaq olsaydı, mən damarlarımı doğrayıb universitetin divarlarına qanımla “mən hədsiz dərəcədə xoşbəxtəm” yazardım. Özümü pəncərədən aşağı atmamaq üçün bütün iradəmi səfərbər etmişdim. İçimdəki sevinc məni hər cür dəliliklər etməyə səsləyirdi. Mən bir anda o qədər xoşbəxt oldum ki, ölmək, gözümü əbədi olaraq yummaq istəyirdim. Daha mənə həyatda heç nə lazım deyildi. Rahat ölə bilərdim. Mən məsum, uzun saçlı qızın dilindən “mən də sizi gözləyirdim” sözlərini eşitmişdim. Bir romantik, xəyalpərvər gənc üçün bundan böyük səadət ola bilməz. Mənim ayaqlarım qəlbimin təlatümlərinə tab gətirməkdə çətinlik çəkirdi. Soyuq sudan çıxmış adam kimi titrəyirdim. Bununla belə, mən özümdə elə bir qüvvə hiss edirdim ki, yerin altını üstünə asanlıqla çevirə bilərdim. Mən yerin dayaq nöqtəsini tapmışdım. Həmin an mənim üçün yerin dayaq nöqtəsi qadın məhəbbəti idi. Əgər kişini ürəkdən təpədən dırnağa qədər sevəcək qadın varsa, o asanlıqla yerin altını üstünə çevirə bilər. Bəndin bir yerində deşik əmələ gələn kimi su böyük bir qüvvətlə ora hücum edir. İllərlə sinəmizdə yığılıb qalmış sözləri bir-birimizə demək üçün universitet binasını tərk edib birbaşa bulvara getdik.
Hisslərimiz aşıb daşırdı. Bir-birimizin sözünü kəsə-kəsə danışırdıq. İllərlə yığılıb qalmış sözləri bir anda ürəkdən çıxarmaq mümkündürmü? Biz nə danışdığımızı bilmirdik. Gah səki ilə gedir, gah da maşınların arasıyla küçənin o tərəfinə keçirdik. Özümüzü uşaq kimi aparırdıq. Biz tüstüyə, dumana bürünmüş kimi, ətrafımızdan xəbərsiz danışa-danışa gəzirdik. Min cür rabitəsiz, mənasız söz deyirdik. Vulkan kimi püskürən hisslərimiz bizi gah gülməyə, gah da ağlamağa məcbur edirdi. Beləliklə, ilk tanış olduğumuz gün, həyatımın ən xoşbəxt günündə biz gəzə-gəzə dayanmadan yeddi saat danışdıq. O, evə qayıtmaq istəyirdi. Mən də onun bu istəyinə etiraz etməyə cürət göstərməyərək, onu evlərinə qədər ötürməyi qət etdim. Amma o, yarıyolda fikrini dəyişdi və biz təzədən bulvara qayıtdıq. Vaxt onun yanında o qədər sürətlə keçirdi ki, havanın qaralmağını belə hiss etməmişdim. Mən sevincimdən özümü dənizə atmaq istəyirdim. Bu vaxta qədər həmişə üzümə solğun görünən ay üzümə gülümsəyir və bir az da bicliklə mənə göz vururdu. Mən dənizdə şən mahnılar oxuyan balıqların səsinin eşidirdim. Hər kəsə yaxşılıq etmək, hamını bir-bir qucaqlayıb bağrıma basmaq, hamını bir-bir öpmək, əzizləmək istəyirdim. Qəlbimdə gözəl hisslər yaz bulağı kimi qaynayırdı. Buludlar mənə çox yaxın görünürdü. O qədər yaxın ki, əlimi göyə uzadaraq istənilən buluda toxuna bilərdim. Özümü ələ ala bilmirdim. Başımı divara çırpıb partlatmaq, özümü maşının altına atmaq, ölmək, yalnız ölmək istəyirdim. Həmin gecə mən xoşbəxtlikdən yata bilmədim. Səhərə qədər o tərəf, bu tərəfə çevrildim. Sağa-sola çevrilməkdən gücdən düşsəmdə, hisslər göz qapaqlarımın yumulmasına imkan vermirdi. Səhəri gün biz dərsə getmədik. Səhər tezdən bulvarda görüşdük. Mən görüşə gecikmək qorxusundan, görüş yerinə təyin olunan vaxtdan iki saat əvvəl gəlmişdim. İlahi, necə gözəl, al-əlvan, möcüzəli günlər idi. Uşaqlıqdan, yeniyetməlikdən intizarını çəkdiyim əfsanəvi məhəbbət aləminə qədəm basmışdım. Əsl, real, həqiqi gənclik həyatının başlanması münasibəti ilə özümü xoşbəxtlərin xoşbəxti hesab edirdim. Daha heç kim mənə gülə bilməz. Daha heç kimin məni lağa qoymağa haqqı yoxdur. Yanımda məni sevən bir qız var idi. Bu yuxu, bu xəyal deyildi. Mən bu qızın sevimli çöhrəsinə, mehriban gözlərinə tamaşa edə-edə beş gün, beş saat, beş il sakitcə otura bilərdim. Bu çöhrə bu vaxta qədər yaradılmış ən gözəl çöhrə idi. Mənə elə gəlir ki, indiyədək hələ heç bir şair, heç bir yazıçı sevgini düzgün təsvir etməmişdir. Bu zərif, fərəhli, həm də iztirab verən hissi, çətin ki, təsvir etmək mümkün olsun. Sevgini heç olmasa bir dəfə dadmış adam onu sözlə ifadə edə bilməz. Məndə həm şiddətlə yaşamaq, həm də ölmək ehtirası yaratmış məlahətli, cazibədar, məsum baxışlara davam gətirmək, dözmək mümkün deyildi. Bu baxışlara davam gətirə bilmək üçün qüvvəni hardan ala bilərdim? Onun çox alicənab duruşu vardı. Mən onu qeyri-adi xilqət, demək olar ki, məleykə hesab edirdim. Onun bir sözüylə hər bir hərəkəti etməyə hazır idim. O əmr etsəydi, bir an da tərəddüd etmədən özümü Qız qalasından aşağı atardım.
Onu hər gün görmək, onun sevimli səsini hər gün eşitmək mənim üçün zərurətdən də artıq bir şey olmuşdu. Tək-tük günlərdə, hava çox pis olanda, biz görüşmədikdə mən özümü pərişan, həyatımda ən əsas, ən mühüm şeydən məhrum olmuş kimi hiss edirdim. Hər bir məşğələ mənə sıxıntılı, artıq bir iş kimi görünürdü. Bütün varlığım qəlbimi isidən, könlümə nur saçan onun sevimli simasına tərəf can atırdı. Mənim heç bir istəyim yox idi, mən sakitcə oturub onun xoş simasına baxmaq istəyirdim. Onunla görüşdən evə qayıdanda insanın ürəyini çəkən, ürək parçalayan acı bir kədər hiss edirdim. Biz başqa sevgililərdən fərqli olaraq, bir-birimizə məhəbbətimizi tez-tez etiraf etmirdik. Bəzən saatlarla sakitcə oturub bir-birimizin gözünün içinə baxırdıq. Onun gözləri məhəbbətlə işıq saçırdı. Hər şey mənə gözəllikdən, xoşbəxtlikdən, xeyirxahlıqdan danışırdı. Hər şey asan və mümkün görünürdü. Mən özümdən soruşurdum: necə olub ki, mən bunu əvvəllər anlaya bilməmişəm? Qabaqlar necə də səfeh olmuşam. Həyat necə də sadə və gözəl imiş. Məhəbbət mənim həssaslığımı artırmışdı. Asfaltın yarıqlarından qalxan sırtıq otların, yanımdan ötüb keçən adamın ayaqqabı boyasının qoxusunu hiss edirdim. Sevginin həyəcanlı və intizarlı arzusu mənəviyyatıma günü-gündən hakim kəsilirdi. Arzuma çatıb-çatmayacağımı, ona qovuşub-qovuşmayacağımı tez-tez yoxlayırdım. “Ağ çiçəyim” gül mağazasından aldığım çobanyastığının yarpaqlarını bir-bir qoparmaqla, buludların formasına baxmaqla, dəmir pulu havaya atmaqla özümə fal açırdım. Mənim həyatda yalnız bir arzum vardı: ömrümün sonuna qədər onunla bir yerdə yaşamaq. Elə hey onun haqqında düşünürdüm. Bəzən düşünməkdən halsızlaşır, taqətdən düşürdüm. Mənim xəyallarımın süjeti tamam dəyişmişdi. İndi gələcəklə bağlı bütün xəyallarımın əsas qəhrəmanı o idi. Onun xoşbəxt olması, qayğısız yaşaması üçün hər bir fədakarlığa hazır idim…
Biz görüşəndə həyat, incəsənət, ailə, uşaqların tərbiyəsi haqqında danışırdıq. Hər bir sadə hadisə, hər bir söz bizi düşünməyə vadar edirdi. Məhəbbət bizim gördüklərimizə, eşitdiklərimizə əlavə məna qatmışdı. Mən onun gülməyini çox sevirdim. O, güləndə özümü hədsiz dərəcədə xoşbəxt hiss edirdim. Onu güldürmək üçün mən özümü axmaq vəziyyətlərə salırdım. Özümdən lətifələr quraşdırırdım. Hətta bir dəfə bulvarda balaca bir itin üstünə it kimi hürmüşdüm. Bu hərəkətim qızı xeyli güldürmüşdü. Nəticədə mən özümü xeyli məsud hiss etmişdim. Bəzən biz bulvarda sakit bir yer tapır, heç bir səbəb olmadan hönkürərək ağlayır, göz yaşlarımızı bir-birinə qatırdıq. Onunla birlikdə ağlamaq mənim üçün sevinc idi. Tez-tez teatra tamaşaya baxmağa gedirdik. Tamaşadan aldığımız təəssüratı sözlə deyil, bir-birimizin əlini gah zəif, gah da bərk sıxmaqla ifadə edirdik. Coşub daşan sevinclər, gələcək səadət üçün şirin vədlər verirdi. Bulvarda məhəccərə söykənib dənizə baxanda onun isti nəfəsi boynumu sığallayırdı. Saçlarının ucları yanağımı qıdıqlayırdı. Günəş bizə göz vurur, bizi bu xoşbəxt dəmləri əldən verməməyə çağırırdı. Məni dinlərkən təbəssüm onun dodaqlarından əskik olmurdu. Bu zaman qara xallı ağ boynunu azacıq sağ tərəfə əyirdi. Bu, o dərəcədə gözəl bir mənzərə idi ki, mən heç nəyə baxmadan yerə sərilib gəbərmək istəyirdim. Həyatda belə dəqiqələr olur.
Bir dəfə biz bulvarda gəzərkən bir qaraçı qadına rast gəldik. Qadının bir əlində balaca bülbül, o biri əlində qutu vardı. Quşu elə öyrətmişdilər ki, quş fala baxdırmaq istəyənlər üçün qutudan içərisinə gələcək haqqında cürbəcür kəlamlar yazılmış kağızlar çıxarırdı. Biz də falımıza baxdırmaq qərarına gəldik. Quşun qutudan çıxardığı kağıza bu sözlər yazılmışdı: “hər şey qarşıdadır”. Mən hədsiz sevindim. Balaca bir quş adamı necə sevindirə bilərmiş. Elə həmin gün biz dənizə baxa-baxa öz gələcək övladlarımıza hansı adları qoyacağımızı müəyyən etməyə çalışdıq. Düzü, bu söhbət bir az məni utandırırdı. O, daha cəsarətlə və həvəslə danışırdı. Uzun müzakirədən sonra biz gələcək övladlarımızın adını müəyyən edə bildik. Bizim iki qızımız, iki oğlumuz olacaqdı…
Onun yanında vaxt çox sürətlə keçirdi. Bir dəfə biz hər şeyi unudaraq, səhərdən qaranlıq düşənə qədər söhbət etmişdik. Qəfildən ayıldıq, vaxtın gec olduğunu dərk etdik. O, evə getməli idi. Dəniz limanı tərəfdə sınıq-sökük, salxaq bir taksi tapdıq. Bu cür köhnə taksilər şəhərdə ancaq qaranlıq düşəndən sonra gözə dəyir. Gündüzlər onlar öz görkəmlərindən xəcalət çəkərək, küçəyə çıxmırlar. Biz maşına əyləşən kimi şıdırğı yağış yağmağa başladı. Sürücü qoca bir kişi idi. Köhnə maşınına cütlüyün minməsinə hədsiz sevinmişdi. Yağışlı havada sevən adamların köhnə taksidə gəzməsi necə xoş olurmuş. Biz bu gözəl anları bir az da uzatmaq üçün şəhərdə daha bir dövrə vurmağı sürücüdən xahiş etdik. Sürücü bizim xahişimizə gülümsəməklə cavab verdi.