Kitabı oku: «Ana ürəyi», sayfa 3
O, mənim keçmişimlə maraqlanır, başıma gələnləri öz dilimdən eşitmək istəyirdi. Məni məcbur edirdi ki, həyatımı ona danışım. Qısa vaxtda mən çox şey danışdım. O hər dəfə hekayətimdən sonra mənə qarşı daha da nəvazişkar olurdu. Mənim bədbəxt uşaqlığım onda mərhəmət hissi doğururdu. Mənim etiraf-larımdan, hekayətlərimdən sonra biz adətən oturub uzun-uzadı söhbət edirdik. Bu söhbətlər zamanı o mənim keçmişimi özümə izah edirdi. Buna görə də mən öz həyatımı təzədən yaşayır və özüm haqqında bir çox təzə şeylər öyrənirdim.
–Üzr istəyirəm, siz cinsi əlaqədə olmuşdunuz? Ümumiyyətlə, cinsi əlaqə müstəvisində vəziyyət necə idi? Əgər siz utanırsızsa, fikirlərinizi terminlərlə ifadə edə bilərsiz. Narahat olmayın, mən sizi başa düşəcəm.
Zəruri müdaxilə:
Müəllif xəyalpərvər qatilin ifadə verdiyi otağın təsvirini oxumaqdan oxucunu məmnuniyyətlə xilas edir. Qısaca onu deyə bilərik ki, otaqda çoxlu kitablar var . Divarlara Qandinin, Volterin, Russonun, Nizaminin, Çexovun portretləri vurulub. Dahilərin portretləri müstəntiqin işinə xeyli kömək edirdi. İfadə verənlər başının üstünə dahilərin portretlərini vurmuş müstəntiqə vaxtından əvvəl inanırdılar. Portretlər müstəntiqin ən güclü təsiretmə vasitələrindən biri idi. Bundan başqa, biz şkafdakı kitab sıralarını bir az diqqətlə nəzərdən keçirsək, orda Tolstoyun “Dirilmə”, Dostoyevskinin “Karamazov qardaşları”, Hüqonun “Səfillər” , Turgenyevin “Atalar və oğullar”, Çexovun “6 nömrəli palata” kimi insanda vicdan və mərhəmət hissi oyadan əsərlərə rast gələ bilərik. Təbii ki, bu kitabların da öz təyinatı vardı. Müstəntiqin arzusuna uyğun olaraq, bu kitablar ifadə verənlərə mütləq öz təsirini göstərirdi. Hər şeylə maraqlanan oxucuların tələbatını nəzərə alaraq, müstəntiq haqqında bir az məlumat vermək məcburiyyətindəyəm. Həqiqətən də, bu müstəntiq bizim ölkənin ən xeyirxah, vicdanlı müstəntiqlərindən biri idi. Bütün hallarda ətrafındakı adamlarla müqayisə edildikdə, bizim müstəntiqə asanlıqla, heç tərəddüd etmədən mələk adı vermək olar. Bu zaman biz heç bir şişirtməyə və mübaliğəyə yol vermiş olmarıq.
Atası rəhmətə gedəndə onun cəmisi on yaşı vardı. Anası beş uşağı geyindirməyi və yemləməyi bacarmadığına görə qohumların köməyinə möhtac qaldılar. Qohumların nə vaxt kömək edəcəyi isə onların ovqatından asılı idi. Beləliklə, bizim müstəntiq hələ lap uşaqlıqdan qorxa-qorxa, minnətlə çörək yeməyə alışdı. Dərslərini yaxşı oxuyurdu. Universitetin filologiya fakültəsinə asanlıqla daxil oldu. Universitetə daxil olana qədər o artıq xeyli kitab oxumağa vaxt tapmışdı. Kasıbçılıq, qohumların minnətlə verdiyi çörək, qorxaqlıq, çəkingənlik və sadalaya biləcəyimiz bir xeyli digər səbəblər onu hələ lap uşaqlıqdan kitablara doğru itələyirdi. Bizim müstəntiq yalnız kitabların arasında özünü bir balaca rahat hiss edirdi. Oxuduğu əsərlərin təsiri ilə xəyallar qurmaq bizim müstəntiqin xoşuna gəlirdi. Onun xəyal qurmaqdan savayı əlindən başqa bir iş gəlmirdi. Universitetdə oxuyanda çox pis geyinirdi. Şənliklərdə iştirak etmirdi. Çünki şənliklərdə iştirak etmək üçün onun nə pulu vardı, nə də normal bir paltarı. Üzündə daima sızanaqlar olurdu. Qışda soyuqdan tir-tir əsirdi. Universiteti bitirənə qədər bir dəfə də olsun əyninə təzə palto, təzə gödəkçə geyə bilmədi. Paltarının köhnə olması müstəntiqi daha da qorxaqlaşdırırdı. O, adamların ona heç bir diqqət göstərməməsini açıq-aşkar görürdü. Ətrafdakılar üçün maraqsız adam olduğunu dərk edirdi. Heç kim onunla söhbət etmək istəmirdi. Onun fikirləri kimsə üçün maraqlı deyildi. Müəllimlərin ondan zəhləsi gedirdi. Qızlar onu dolayırdılar. Geyimini, danışığını lağa qoyurdular. Müstəntiq həmişə ac olurdu. Kafelərin yanından keçərkən yeməklərin iyi onun xəyal gücünü daha da qıcıqlandırırdı. Müstəntiq nə vaxtsa bu kafelərdə oturub xoşbəxt adamlar kimi doyunca yemək yeyəcəyini xəyalında canlandırırdı. O, başqalarının xoşbəxtliyinə, yaraşığına kədərlə baxırdı. Bədbəxt olmaq əsl faciə deyil, əsl faciə öz bədbəxtliyini dərk etməkdir. Müstəntiq öz bədbəxtliyini dərk edən adamlardan idi. Zəmanəmizin ədəbiyyatında bədbəxt sözü yersiz və həddindən artıq işləndiyindən öz etibarını itirmiş olsa da, bu söz bizim müstəntiqə, doğrudan da, çox yaraşır. Onun daxili aləmini sökülmüş bir tikintiyə bənzətmək olardı. O, həyata tənbəl-tənbəl, yuxulu bir halda baxırdı. Yer üzündə onun üçün xoşbəxtlik olmadığına özünü inandırmış, taleyilə barışmışdı. Ümumiyyətlə, onun bütün görünüşü qaranlıq yuvasından başını çıxardıb qulaqlarını şəkləyərək bığlarını tərpədə-tərpədə baxan, yaxınlıqda pişiyin gizlənib-gizlənmədiyini bilmək istəyən, şübhəli bir halda havanı qoxlayan siçanı xatırladırdı. O, bu cür görünüşlə adamlarda istər-istəməz ikrah doğurardı. Elə adamlar var ki, onların sifəti başqasının qəlbində pis duyğular oyadır. Müstəntiqin sifəti də adamlarda pis duyğular oyadan sifətlərdən biri idi. O, gənc əyalət aktyorları kimi bəlağətlə və nəzakətlə danışmağa üstünlük verirdi, amma nə etməli, bu cür danışıq da adamlarda ikrah hissi doğururdu. Nədən ki, dabanı əyilmiş ayaqqabısı, boynu kirli köynəyi, qırışıq şalvarı bəlağətli danışığına və nəzakətli davranışına uyğun gəlmirdi. Bu cür danışıqla adamlar onun geyimindəki bərbad vəziyyəti daha aydın görürdülər. Hardansa tapıb boğazına doladığı qırmızı ipək şarf onu bir balaca da dəliyə oxşadırdı. Bizim qara camaat, adətən, belə adamlara “oxumaqdan başı xarab olub” möhürü vururlar. Yaxşı qidalanmadığına görə daima özünü əzgin hiss edirdi. Elə bil, çiyninə ağır yük götürmüşdü və həmin yükü daşımağa gücü çatmırdı. Geyim mağazasının qarşısında dayanıb kədərlə manekenlərə geyindirilmiş paltarlara baxır və ümid edirdi ki, həsədlə baxdığı bu geyim əşyalarını gələcəkdə ala biləcək.
Universiteti bitirənə qədər müstəntiq belə yaşadı. Universiteti bitirəndən sonra xeyirxah bir müəlliminin köməyi ilə “Venera” ədəbiyyat jurnalına korrektor vəzifəsinə işə düzəldi. Müstəntiqin geyimi bir balaca dəyişdi. Şairlər ona araq içməyi öyrətdilər. Müstəntiq saqqal saxlamağa başladı. Elə bir saqqal ki, o gülümsünəndə saqqalı bütün sifətini örtürdü.
32 yaşı tamam olanda diribaş xalası qəfildən ona varlı bir qız tapdı. Qız müstəntiqdən beş yaş balaca olsa da, böyük həyat təcrübəsi qazanmağa müvəffəq olmuşdu. Xeyli ölkələri gəzmişdi. Müstəntiq 32 yaşa qədər cəmisi bir-iki dəfə qadınla yüngülvari, atüstü əlaqədə olmuşdu. Qız isə kişi deyilən varlığın sirlərini bütünlüklə öyrənmişdi. Seksin müxtəlif növlərini müxtəlif məkanlarda yaşamağa imkan tapmışdı. Meşədə, dəniz kənarında, oteldə, dağda, Avropada, Asiyada, Amerikada… Bu cazibədar qızın çoxlu imkanlı tanışları vardı. Ona sadəcə sakit, maymaq bir ər lazım idi. Toy şəhərin ən dəbdəbəli restoranlarından birində keçirildi. Mərasimin bütün xərcini gəlin öz boynuna götürmüşdü. Hətta bəyin əynindəki kostyumu da gəlin almışdı. Müstəntiq tərəfdən toyda cəmisi beş adam iştirak edirdi. Yerdə qalanlar gəlinin qohumları və imkanlı, vəzifəli tanışları idi. Toy bitən kimi gəlin elə gəlin paltarında harasa çıxıb getdi və bir də iki gündən sonra peyda oldu. Oxucular üçün bütün bunlar ağılasığan hadisələr deyil, müəllif də oxucuların arzusuna uyğun olaraq, bu hadisələri ağılasığmayan hadisələr adlandırmağa hazırdı, amma tərs kimi, bu hadisələr nəql edildiyi kimi olmuşdur.
Toydan sonra müstəntiq gəlinin evinə köçdü. Qısa müddətdə o yaxşıca kökəldi. Gözləri işıldadı. Maşın sürməyi, balıq tutmağı, bahalı marketlərdən alış-veriş etməyi və digər zəruri əməlləri öyrəndi. Varlı gəlin ərinin ədəbiyyat jurnallarında korrektor işləməsi qane ola bilməzdi. Üzü üzlər, dizi dizlər görmüş bu gəlin tanışlarının, əlaqələrinin sayəsində ərini korrektorluqdan birbaşa müstəntiq vəzifəsinə qaldırmağı bacardı. Əlbəttə, əgər arvadın pulu çoxdursa, kişi onun bir çox hərəkətlərinə səbirlə dözməlidir. Başqa yol yoxdur. Bu vaxta qədər bir neçə dəfə plastik əməliyyat elətdirmiş gəlin əriylə istədiyi kimi davranırdı. İstədiyi zaman heç bir xəbər vermədən istədiyi məkana gedirdi. Ərinə qohumlarla görüşməyi, məclislərdə danışmağı, evə kitab gətirməyi, ümumiyyətlə kitab oxumağı qadağan etmişdi. Varlı arvad həyat yoldaşını öz yatağına yaxın buraxmırdı. Ər evdə əndamlı, cazibədar, halal arvadı olduğu halda öz ehtirasını söndürmək üçün ononizmlə məşğul olmağa, özü-özünü ovutmağa məcbur olurdu. Saunaya, gecə klublarına arvadın qorxusundan gedə bilməzdi. Əgər qadağalardan birini pozsaydı, arvad onun dalına bir təpik vurub rahatca evdən küçəyə tullayacaqdı. O, isə bu rahatlığı itirmək istəmirdi. Keçmişdə gördüyü çətinliklər onu hər bir qadağaya, təhqirə dözməyə məcbur edirdi.
Əvvəllər bu idarədə bir neçə savadlı, mədəni müstəntiq çalışırdı. Onların hərəsini bir bəhanə ilə idarədən uzaqlaşdırdılar. İndi isə idarədə adamlara “siz” deyə müraciət etməyi bacaran yeganə adam olduğuna görə, cinayət törətmiş tələbələri, həkimləri, müəllimləri, ümumiyyətlə ziyalıları danışdırmağı bizim müstəntiqə həvalə edirdilər. Seks həyatı olmayan bu adam acgöz kişi hərisliyi ilə mövqeyindən, vəzifəsindən sui-istifadə edərək, adamlara qəfildən ən intim sualları verirdi. Sevgililər, ər-arvad arasındakı şəxsi, sirli yataq söhbətlərinə qulaq asmaqla əylənirdi. Üzünə ciddi ifadə verərək hər şeyi ən xırda təfsilatına qədər soruşub öyrənirdi. Və guya bütün bu söhbətlər işin gedişatı üçün vacib idi. Sevgi söhbətlərini eşidərkən onun yumşaq bığları yavaşca qımıldanırdı, elə bil ki, bığında gözə görünməyən bir şey sürünürdü. Bizim müstəntiqin verdiyi sualı bütün bu söhbətlərdən sonra təkrar yazmağı özümə borc bilirəm.
–Üzr istəyirəm, siz cinsi əlaqədə olmuşdunuz? Ümumiyyətlə, sizin aranızda cinsi əlaqə müstəvisində vəziyyət necə idi? Əgər siz utanırsınızsa, fikirlərinizi terminlərlə ifadə edə bilərsiniz. Narahat olmayın, mən sizi başa düşəcəm.
–Yox…
–Necə yəni yox. Yəni bu müddət ərzində sizin aranızda cinsi əlaqə olmamışdı?
–Yox, olmayıb.
–Mən başa düşürəm, biz şərq ölkəsində yaşayırıq. Hər bir xalqın öz mentaliteti var. Bizim ölkədə qızların ərə gedənə qədər öz bakirəliyini qorumağı vacib şərtlərdən biridir. Bəli, hər bir qız öz bakirəliyini zifaf gecəsi öz ərinə hədiyyə etməlidir. Mən özüm bu adətin əleyhinə deyiləm. Lakin bu gün bizim bir çox gənclərimiz bakirəliyi fiziki mənada qəbul edirlər. Bakirəlik pərdəsi toxunulmaz qalsa da, oral və anal sekslə məşğul olurlar. Ola bilsin, siz də bu yola əl at-mısınız.
–Xeyir, əsla. Mən onu bir məleykə kimi qəbul edirdim. Onunla hər hansı fiziki yaxınlığı təsəvvür etmək belə sevgim üçün təhqir hesab edirdim. Mən öz sev gimi ilahiləşdirmişdim. Cinsi əlaqə haqda ümumiyyətlə düşünmürdüm. Mən belə söhbətlərdən uzağam. Qorxulu və dəhşətli söhbətlərdir.
–Qulaq asın. Mən sizin barənizdə hər şeyi incəliyənədək öyrənməyi qət etmişəm. Bunu özgəsindən öyrənə bilməyəcəm. Burda heç bir qəbahət yoxdur. Mən ömrümdə bir dəfə də olsun başqasının yanında lüt soyunmamışam, amma həkimə gedəndə soyunmağa məcburam. Bu sualları vermək mənim vəzifəm, işim tələb edir. Siz özünüz mənə bütün həqiqətləri danışmalısınız. Sizin necə bir insan olduğunuzu bilmək istəyirəm. Tez olun, başınıza gələn bütün sərgüzəştləri danışın.
–Sərgüzəşt? Axı sizə kim deyib mənim sərgüzəştlərim var? Mənim heç bir sərgüzəştim yoxdur.
–Bəs siz bu vaxta qədər sərgüzəştsiz necə yaşamısınız?
–Elə-belə. Mən sərgüzəştsiz yaşamışam. Mən həmişə tək olmuşam. Mən xəyalpərəstəm. Məsələn, birdən elə olur ki, Çin şəhzadəsi ilə evlənirəm. Yaxud eramızdan əvvələ qayıdıb Spartakla birgə qulları azad etmək üçün vuruşuram. Mən uzun müddət xəyalımdakı pərini sevmişəm. Həyatda hər şeydən çox adamların mənim bu məhəbbətimdən xəbər tutmasından qorxmuşam. Mənə elə gəlirdi ki, adamlar bu məhəbbətdən xəbər tutsalar, bu, mənim xəyalımdakı pəri üçün elə bir təhqir olar ki, bunu heç bir zaman mənə bağışlamaz…
Ücretsiz ön izlemeyi tamamladınız.