Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Mənim həyatım», sayfa 2

Yazı tipi:

1863

ARILAR

Bu baharda Lev Nikolayeviç arılara yaman aludə olmuşdu. O, babam İslenyevdən bir neçə arı pətəyi almışdı, kitablar oxuyurdu, çərçivəli pətəklər düzəldirdi və elə bir görkəm almışdı ki, sanki onun üçün bütün dünyanın mərkəzi pətəklikdir və hamı yalnız arılarla maraqlanmalıdır. Mən arı həyatının bütün mühümlüyünü dərk etməyə çalışırdım, lakin buna çətinliklə nail olurdum.

Bu aludəçilikdə Lev Nikolayeviçin bütün ehtiraslı təbiəti özünü biruzə verirdi. Bütün həyatı boyu o ən müxtəlif sahələr: oyun, musiqi, yunan dili, məktəblər, yapon donuzları, pedaqogika, atlar, ovçuluq ilə (hamısını saymaq mümkün deyil) maraqlanırdı. Hələ əqli və ədəbi vurğunluğu demirəm: onlar ən ifrat dərəcədə idilər. O hər şeyə həmin anda həddindən artıq ehtiraslı münasibət bəsləyirdi və əgər müsahibini özünün aludə olduğu məşğuliyyətin mühümlüyünə inandıra bilməsəydi, hətta ona düşmən münasibət bəsləməyə də qabil idi.

Arılarla məşğuliyyət Lev Nikolayeviçi evdən və məndən uzaqlaşdırırdı, ona görə də tez-tez darıxır və hətta tək qalarkən ağlayırdım; gedirdim arılığa, bəzən özüm Lev Nikolayeviçə nahar gətirirdim, bir az otururdum, bəzən arı məni sancırdı və mən tənha evə qayıdırdım.

Təsərrüfatda uğursuzluq baş verəndə, bu isə kifayət qədər tez-tez olurdu, Lev Nikolayeviç ruhdan düşür və əhvalı pisləşirdi. Mən hətta bacıma yazıram ki, Lyovoçka ilə Moquçidə gəzintiyə çıxmışdıq, çox tez çapırdıq, elə şənlənmişdik ki, təsərrüfat uğursuzluqları da yaddan çıxmışdı.

Yazıçı ərimdə bir cəhət də müşahidə etmişdim, bu da ondan ibarət idi ki, qeyri-adi incə psixoloq təsiri bağışlayan Lev Nikolayeviç, çox vaxt adamları, xüsusilə, yenicə tanış olduğu adamları əslində heç tanımırdı.

Lev Nikolayeviç hər bir insanda bədii cəhətdən onu təmin edən bütöv bir tip görürdü. Ancaq əgər bu tipin xarakterinə, təsadüfən onun bütövlüyünə xələl gətirən bir cəhət daxil olurdusa, Lev Nikolayeviç bunu sezmir və görmək istəmirdi. Ona deyəndə ki, «fikir ver, bu adamı sən tamamilə əqli fəaliyyətlə bağlı bir şəxs hesab edirsən, o isə həmişə mətbəxdə xörək bişirməyi sevir…» Lev Nikolayeviç etiraz edirdi: «Ola bilməz». Yaxud: «Sən filan A.A.-nı idealizə edirdin, onu yüksək əxlaqlı və şairanə hesab edirdin, o isə başqa kişidən qeyri-qanuni oğlan doğmuşdur». Lev Nikolayeviç heç bir vəchlə inanmır və özünün təxəyyülündə bir dəfə yaratdığı surəti əvvəlki kimi görməkdə davam edirdi.

BİRİNCİ OĞLUMUN DOĞULMASI

İlk uşağımın doğulması ilə bağlı əhvalatları təsvir etmək mənim üçün çətin olacaqdır, ailəmizə yeni səadət gətirməli olan bu hadisə müxtəlif təsadüflər nəticəsində başdan-başa fiziki və mənəvi iztirab oldu.

Doğuşu iyulun 6-da gözləyirdim, Seryoja isə, yəqin ki, mənim pilləkandan yıxılmağım nəticəsində vaxtından əvvəl, iyunun 28-də anadan oldu.

Anam deyəsən, bir gün qalmış gəldi, onun tikib göndərdiyi uşaq dəyişəyi isə vaxtında gəlib çatmadı və hələ yolda idi. Yanımda Derp universitetində tərbiyə almış və oxumuş, mamaçalığı yəqin ki, oranın klinikalarında öyrənmiş bir polyak mamaça yaşayırdı. Onun adı Marya İvanovna Abramoviç idi, o dul olduğundan yeganə qızı Konstansiyadan ötrü bütün ömrü boyu zəhmət çəkirdi.

Marya İvanovna, 1 aylığında ölmüş Nikoluşkadan savayı bütün uşaqlarımı tutmuşdu, deməli o, 25 il mənim köməkçim olmuşdu: axı 1863-cü ildə anadan olmuş birinci oğlum Seryoja və 1888-ci ildə sonuncu doğulmuş Vaneçka arasında 25 il fərq var.

Balacaboy, sarışın, kiçik cəld əlləri olan Marya İvanovna ağıllı, diqqətli və istiqanlı bir qadın idi. O zaman məni uşaq sayaraq necə də mehribanlıqla və ana kimi fərəhlə rəftar edirdi.

İyunun 26-dan 27-nə keçən gecə özümü nasaz hiss etdim, lakin qarnı ağrımağa başlayan bacım Tanya ilə görüşüb mənim də qarnımın sancdığını ona xəbər verərkən, hər ikimiz bu qərara gəldik ki, biz həddindən çox giləmeyvə yediyimizdən mədəmizi pozmuşuq. Mən onunla laqqırtı vururdum, gülüşürdük, lakin onun ağrıları get-gedə azaldı, mənimki isə daha da artdı. Mən Lev Nikolayeviçi oyatdım və onu Marya İvanovnanın dalınca göndərdim. O, ciddi və qayğılı surətdə məni müayinə edərək qonşu otağa keçdi və təntənəli tərzdə Lev Nikolayeviçə elan etdi: «Doğuş başlanıb». Bu zaman 27-si, səhər saat 4 idi. İyun gecələri çox işıqlı olur, günəş artıq çıxmışdı, təbiət şən, hava isə isti idi.

Lev Nikolayeviç çox həyəcanlanırdı, anamı çağırdılar, hazırlığa başladılar, evin xarratının cökə ağacından düzəltdiyi hündür, narahat nənnini gətirdilər.

Bütün gün ərzində dəhşətli əzab çəkdim, Lyovoçka da yanımda idi, görürdüm ki, onun mənə çox yazığı gəlir, nəvazişli gözlərində yaş damcıları parlayırdı, dəsmal və odekolon ilə alnımı silirdi, mən hərarət və tər içində idim, saçlarım gicgahlarıma yapışırdı, o üzümü və əllərimi öpürdü, mən isə onun əllərini öz əllərim arasından buraxmır, gah onun əllərini dözülməz əzabdan sıxır, gah da ona öz mehribanlığımı, bu əzablara görə hər cür məzəmmətdən uzaq olduğumu sübut etmək üçün onları öpürdüm.

Bəzən o gedirdi, onu anam əvəz edirdi. Axşamüstü Tuladan tüfəng zavodunun baş həkimi, balaca boylu polyak, doktor Şmiqaro gəlib çıxdı, doğuşun çox uzandığını görən mamaçanın xahişi ilə onun dalınca adam göndərmişdilər…

Uşaq doğulan dəqiqədə qorxunc sükut hökm sürürdü. Mən Lev Nikolayeviçin sifətindəki dəhşəti, Marya İvanovnanın qorxunc, təlaşlı həyəcanını və onun körpə ilə əlləşməsini görürdüm. O körpənin üzünə su çiləyir, kiçik bədənini şappıldadır, onu o yan-bu yana çevirirdi və nəhayət, körpə yavaş-yavaş ucadan ciyildəməyə başladı və çığırdı.

Adəti üzrə körpə yuyuldu, təmizlik işləri görüldü, biz isə körpəyə aid dəyişəksiz çox narahat bir vəziyyətə düşdük. Oğlanı Lev Nikolayeviçin gecə köynəyinə bükdülər və köynəyin qolu ilə onu bələdilər. Səhərisi gün bəzi şeylər tikildi, lakin Moskvadan anam tərəfindən hazırlanmış əla uşaq dəyişəyi gəlib çıxana qədər vəziyyətimiz ağır oldu. Dayəmiz yox idi. Lev Nikolayeviç çox ciddi surətdə tələb edirdi ki, mamaça gedən kimi, mən özüm uşağı həm yedizdirim, həm də ona qulluq edim. Mən hələ ona danışıqsız itaət edirdim və o zamanlar onun bütün arzu və fikirlərini qüsursuz və şübhəsiz yaxşı hesab edirdim.

Mənim vaxtından qabaq doğulmuş, zəif oğlum hey yatırdı. Onun bədəni sarı idi, döş də götürmürdü.

Seryoja doğulan gecə, nədənsə bütün evdəkiləri oyatmağı lazım bilmişdilər. Şampan şərabı gətirdilər, qədəhlərə töküb ana və uşağın sağlığına içməyə başladılar. Saşa Kuzminskinin və onun qardaşının yuxulu və pərişan saçlı başları, bacım Tanyanın – canlı, lakin bir cür əzgin, Tatyana Aleksandrovnanın məsud sifətləri yadımda qalmışdır. Xaç suyuna çəkmək üçün Lev Nikolayeviçin qardaşı Sergey Nikolayeviçi çağırdılar, Tatyana Aleksandrovna da onunla birlikdə xaç suyuna çəkirdi. Əvvəlcə uşağa Nikolayın adını qoymaq istəyirdilər, ancaq mən Lev Nikolayeviçin çox tez ölmüş atası və qardaşının adını qoymağa qorxurdum; lakin Tolstoylar ailəsi üçün müvafiq bir ad olsun və bununla da ərimə xoş gəlsin deyə mən oğlumu Sergey adlandırmağı qərara aldım…

Lev Nikolayeviç heç zaman Seryojanı əlinə götürməzdi. O, oğlu olmasına sevinir, onu özünə xas şəkildə sevir, lakin ona ürkək bir heyrətlə baxırdı. Yaxınlaşır, baxır, dindirir, vəssalam. Bir də görürsən onun uzunsov kəlləsinə baxaraq oğlunu «Funt» deyə çağırır, yaxud «Serquleviç» deyərək, dodaqlarını marçıldadır və çıxıb gedirdi…

1865

FET

Bir dəfə Lev Nikolayeviç bacısı ilə Dyakovun yanına getmişdi; dayəni nahara buraxaraq balaca Tanyam ilə tək oturmuşdum ki, zəng səsləri eşitdim. Biz darısqallıqda yaşayırdıq, ev qulluqçularının hamısı nahar edirdi, hər yer açıq idi. Tezliklə bir cənab içəri girdi və tanış olmayan adam kimi birbaşa özünü təqdim etdi, «Fet, ərinizin köhnə dostu, icazə verin yenə özümü sizə təqdim edim».

Mən əvvəlcə onu tanımadım. Hədsiz pərt oldum, dedim ki, ərim evdə yoxdur, əyləşməyi təklif etdim. Tərslikdən uşağı əmizdirmək vaxtı idi, mən onu dizlərim üstə tutmuşdum və o, bütün qüvvəsi ilə mənim ağ nansuk paltarımı açmağa, daha doğrusu, cırmağa çalışırdı. Mən elə pərt olmuşdum ki, ağlamağım tutmuşdu. Nəhayət, Fet təbəssümlə dedi: «Sizin qızınız qanuni tələblərini bildirir, xahiş edirəm, mənə görə sıxılmayın».

KƏSMƏ

Bir dəfə Lev Nikolayeviç bizim küsüşmələr haqqında, bütün yaşadığımız dövrdə yadda saxladığım və başqalarına da danışdığım müdrik fikir söylədi. O ər-arvadı təmiz ağ kağızın iki hissəsi ilə müqayisə edirdi. Yuxarıdan onları cırmağa, yaxud kəsməyə başla, bir az da, bir az da… və iki hissə bir-birindən tamamilə ayrılar.

Küsüşmə zamanı da belə olur, hər bir küsüşmə ər-arvadın təmiz və bütöv, yaxşı münasibətlərində belə kəsiklər əmələ gətirir. Bu münasibətləri qorumaq və qırılmasına imkan verməmək lazımdır.

Mənə özümü ələ almaq çətin idi, mən özümdən çıxan, qısqanc, ehtiraslı idim. Dəfələrlə qızışdıqdan sonra Lev Nikolayeviçin yanına gəlir, onun əllərini öpür, ağlayır və üzr istəyirdim.

Onun xarakterində belə cizgi yox idi, məğrur və öz qiymətini bilən bu adam, bütün ömrü boyu mənə yalnız bircə dəfə «bağışla» demişdi; çox zaman isə bu və ya başqa səbəbdən məni incitdikdə, yaxud hər hansı bir işlə əziyyət verdikdə belə, sadəcə olaraq mənə yazığı gəlmirdi. Qəribədir ki, o məni hətta heç bir şeyə həvəsləndirməmişdi, heç bir şeydən ötrü tərifləməmişdi də. Gənc yaşlarında bu, məndə belə əqidə yaradırdı ki, mən tam miskin, bacarıqsız, səfeh bir məxluqam, əlimdən heç bir iş gəlmir. İllər keçdikcə bu məni kədərləndirirdi, qocalığa yaxın isə bu münasibətə görə ərimi töhmətləndirirdim. Həmin münasibət bütün qabiliyyətlərimi boğurdu, tez-tez məni ruhdan düşməyə və həyatdakı qətiyyətimi itirməyə məcbur edirdi.

Doğrudanmı mən heç bir şeyi yaxşı icra etmirdim? Axı mən çox çalışırdım.

Həvəsləndirmə, tərif bəzən insanlara qıcıqlandırıcı vasitə kimi təsir edir. Özünə güc gəlirsən və dirçəlirsən…

Yayda Fet ilə arvadı bizə gəlmişdi… Lev Nikolayeviç Afanasi Afanasyeviçə «Hərb və sülh»dəki hərbi səhnələri oxudu; o zamanlar mənim üçün vuruşların və hərbi əməliyyatların təsviri maraqsız idi. Fet isə hər şeyə çox valeh olurdu və həmişə hesab edirdi ki, Lev Nikolayeviçin əsərlərində epik forma daha yaxşıdır.

«Hərb və sülh»ün son fəsilləri barədə Lev Nikolayeviç yaxınlarda kiməsə danışırdı ki, Stendalın (yazıçıdır) müharibəyə münasibəti ona təsir göstərmişdir. Vaterloo döyüşünün Stendal tərəfindən təsvirini oxuyarkən Lev Nikolayeviç onunla özünün müharibəyə baxışları arasında o qədər ümumilik tapdı ki, eyni fikri «Hərb və sülh»ün hərbiyə and bəhsində də yürütdü.

1866

BAŞİLOVUN «HƏRB VƏ SÜLH» ÜÇÜN ŞƏKİLLƏRİ

Bilmirəm bu dəfə Lev Nikolayeviç nəyə əsaslanırdı, ancaq mənim arzum yerinə yetirildi və Lev Nikolayeviç «Hərb və sülh»ü şəkillərlə nəşr etmək arzusuna düşdü. Bu məqsədlə o zamanlar Myasnitskidəki rəngkarlıq və heykəltəraşlıq məktəbinin direktoru olan rəssam Mixail Sergeyeviç Başilovla əlaqə yaratdı. həmin Başilov anamın dayısı oğlu idi və mülklərindən satışa nə qədər ot və çovdar göndərilməsindən daha çox Bethovenin musiqisi və Rafaelin rəngkarlığı ilə maraqlanaraq, atası ilə birlikdə sadəcə olaraq başısoyuqluğu üzündən çox böyük sərvəti puç eləmişdi. Axırı onların var-yoxunu oğurladılar, onları müflis etdilər, Mixail Sergeyeviç çörək pulu qazanmağa, başlıcası isə böyük bir ailəni dolandırmağa məcbur oldu.

Başilov «Hərb və sülh»ə şəkillər çəkməyi boynuna götürdü və haqqı barədə razılığa gəlib dərhal işə başladı. Onları öz işinin mahir sənətkarı Rixau qravürləmişdi. Lakin Başilov çox ləng işləyirdi, o, az miqdar şəkil hazırladı və şəkilləri Lev Nikolayeviçin çox arzulamasına baxmayaraq nəinki birinci, hətta sonrakı nəşrlərə belə çatdıra bilmədi. Beləcə həmin şəkillər «Hərb və sülh» üçün istifadə edilmədi. Bu şəkillərin bir neçəsi Moskvada Tarix Muzeyində, Lev Nikolayeviçin kağızları arasında mühafizə edilir.

1867

Həyatımın təsviri eyni şeylərin: doğuş, hamiləlik, əmizdirmə, uşaq və s. ətrafında fırlandığından getdikcə daha az maraqlı olur. Lakin əslində də belə idi: həyatın özü hadisələrsiz, ictimai həyatdan uzaq, tədbirlərsiz, dəyişikliksiz və şənliksiz keçərək getdikcə daha çox məhdudlaşırdı. Onu Lev Nikolayeviç belə qurmuşdu və buna ciddi şəkildə riayət edirdi.

Lev Nikolayeviç özü isə tamamilə fikir, yaradıcılıq və mücərrəd məşğuliyyətlər aləmində yaşayır və həmin aləmdən tam razı qalırdı, ailəyə isə istirahət və əyləncə üçün gəlirdi.

Öz qeyd kitabçalarının birində yazır: «Şair həyatında yaxşı nə varsa götürür və öz əsərinə daxil edir. Ona görə onun əsəri gözəl, həyatı isə çirkin olur».

Lev Nikolayeviçin həyatı çirkin deyildi, sadəcə olaraq bu həyat yox idi: o yalnız ovda (Lev Nikolayeviç ovu sevirdi, başlıcası ona görə ki, təbiətə məhəbbət həmişə bununla bağlıdır), habelə yeni fikirlər və gələcək. yazının müzakirəsi üçün zəruri olan tənha gəzintilərdə özünü göstərirdi.

Neçə dəfə olurdu ki, qorxa-qorxa Lev Nikolayeviçdən xahiş edirdim: «Lyovoçka! Məni gəzməyə apar!» O isə boyun qaçırır və bunu gələcək yazını ətraflı düşünmək üçün təklikdə olmasının zəruriliyi ilə izah edirdi.

Təklik barədə Lev Nikolayeviç öz qeyd kitabçasına belə bir məsəl yazmışdı: «Adam tək gəzəndə, hər çiynində bir mələk oturur, ikilikdə gəzəndə bir mələk oturur, üçlükdə gəzəndə iblis oturur».

Lev Nikolayeviç özünün fiziki sağlamlığının qayğısına çox qalardı, o, gimnastika məşqləri edir, ağırlıq qaldırır, həzmə diqqət edir və havada mümkün qədər çox olmağa çalışırdı. Başlıcası isə yuxusunun və kifayət qədər yatmağın qayğısına qalırdı.

Yaxınlarda (indi 1906-ci ilin iyunudur) Lev Nikolayeviç, Biryukovun onun tərcümeyi-halını yazması ilə əlaqədar mənə deyirdi:

– Mən onu oxuyanda dilxor oluram, bu, mənim həyat təəssüratımın milyonda bir hissəsidir. Hamısı da elə miskin, təsadüfüdür ki. Mühüm olanlar deyilməyib, çox şey naməlumdur, xırda-para şeylər, təsadüfən sezdikləri isə aydın təsvir edilib. Hər şey çox natarazdır.

Həyatda da belədir. Bizim hərəkətlərimizin mühüm səbəbləri görünmür, təsadüflərinə isə böyük əhəmiyyət verilir.

1868

Mənim pulum da yox idi. Lev Nikolayeviç pulu mənə təsərrüfat və şəxsi xərclərim üçün bacardığı qədər və məqsədəuyğun saydığı miqdarda verirdi. Pullar tamam tükənəndə yenə onun üstünə xahişə gedirdim və bu mənim üçün həmişə çətin və xoşagəlməz idi, ona görə də hər vəchlə çalışırdım ki, mümkün qədər az xərcləyim.

Onu da qeyd etməliyəm ki, pula və pul ilə əlaqədar mənə münasibətdə Lev Nikolayeviçin davranışından bundan da nəzakətli münasibət təsəvvür etmək mümkün deyildi. O, daxilən yəqin ki, xəsis idi, lakin bir dəfə də olsun hiss etdirməmişdi ki, bütün var-dövlət onundur, mən isə kasıbam, heç bir şeyi olmayan cehizsiz qızam. Hərdən özündə pul olmayanda soruşurdu: «Necə, pul bəyəm qurtardı?». Onda tələsik qeyd dəftərçəmin ardınca qaçır və ondan xahiş edirdim, yalvarırdım ki, mənim xərclərimi yoxlasın, daha harada qənaət etməyi öyrətsin. O, sakitcə dəftərçəni itələyir və deyirdi: «Lazım deyil».

Birgə həyatımızın sonuna yaxın o hər şeyi mənə həvalə etdi. Lakin bu barədə sonra.

1869

NİKOLAY NİKOLAYEVİÇ STRAXOV

Bu əsərə4 ilk tənqidi məqaləni Straxov yazdı və «Zarya» jurnalında çap etdirdi. Müəllifi son dərəcə tərifləyən bu məqalə bizim Straxov ilə, bu ağıllı, hərtərəfli savadlı adam ilə tanışlığımıza səbəb oldu.

Lev Nikolayeviç deyirdi ki, Straxov öz tənqidində «Hərb və sülh»ə, bu romanın yalnız xeyli sonralar aldığı və həmişəlik sabitləşdiyi yüksək qiymətini vermişdir. Halbuki, o zamanlar Tulada yaşayan Saltıkov (Şedrin) bu əsər haqqında həqarətli fikir söyləmiş və demişdi ki, «Hərb və sülh» ona dayələrin və nənələrin çərənçi hekayələrini xatırladır. Saltıkov əvvəllər Lev Nikolayeviç ilə tanış olmasına baxmayaraq Tulada qulluq etdiyi müddətdə bir dəfə də bizə gəlməmişdi.5

Mən əvvəllər bu barədə düşünsəydim bu mehriban adam, Straxov barədə çox şey danışa bilərdim. Onun şəxsiyyətinin əsas maraq doğuran cəhəti, təbii ki, əqli və mənəvi həyatı idi. Zahiri görünüşü baxımından o sakit, dinməz və utancaq qoca subay kişi idi. Onun özünün seçdiyi kitablardan ibarət böyük və əla kitabxanası var idi. Özü elə hesab edirdi ki, hər müəllifin ən yaxşı əsərini alır. Bu kitabları o, uzun illər kitabxanaçı işlədiyi Peterburq ümumi kitabxanasına vəsiyyət etmişdi.

O, keşiş oğlu idi və S.Peterburq universitetində tərbiyə almışdı, təbiyyət elmləri magistri idi və hər sahə üzrə geniş biliyə yiyələnmişdi. Bir də görürsən, onunla gəzərkən, bu və ya başqa şey barədə soruşursan. O, bilmək istədiyin hər şey haqqında müfəssəl, məntiqi, qısa və aydın danışır. Məsələn, o mənə Darvin nəzəriyyəsini söhbət əsnasında çox gözəl şərh etdi, vaxtım olmadığından onu özüm oxuya bilməmişdim. Bir dəfə isə o mənə ulduzlar barədə hər şeyi danışdı və bundan daha yaxşı astronomiya dərsi ola bilməzdi.

O, ədəbiyyatı çox sevirdi, çoxlu tənqidi məqalələr yazırdı, lakin özünün düşüncə tərzinə görə hər şeydən daha artıq filosof idi. Lev Nikolayeviç tez-tez Straxova deyir və yazırdı ki, o yalnız fəlsəfə ilə məşğul olmalıdır. Buna cavab olaraq Straxov bəzən Lev Nikolayeviçə deyir və yazırdı ki, o haqlıdır. «Lakin nə edə bilərəm ki, mən tənqid yazmağı bu dərəcədə sevirəm».

Bizə çox vaxt yayda, qışda isə yalnız bayramlar zamanı az-az baş çəkərkən Nikolay Nikolayeviç həmişə mübaliğəli şəkildə Yasnaya Polyana həyatını tərifləyir və bu həyatın ona gətirdiyi faydaya görə özünün hədsiz təşəkkürünü bildirirdi. Belə ki, məsələn, 1877-ci ilin avqustunda o, Lev Nikolayeviçə yazırdı: «Mən elə bil başqalaşmışam, elə bil mən həmişə əməl eləməli olduğum gümrahlıq və ciddilik normasını tapmışam».

O, hər vasitə ilə Lev Nikolayeviçin işinə yaramaq istəyirdi və «Hərb və sülh»ün ikinci nəşri zamanı mətbəə xətalarına və başqa səhvlərə lazımi düzəliş verməyi təklif edirdi. Bundan başqa, o naşirlərlə «Hərb və sülh»ün nəşri barədə danışıqlar aparır, onlarla sövdələşirdi, lakin heç bir razılığa gələ bilmirdi.

«Əlifba» və «Qiraət üçün kitablar» nəşr edilərkən Nikolay Nikolayeviç yenə fəal iştirakı ilə Lev Nikolayeviçə kömək etməyə çalışırdı. O, 1872-ci ildə şəxsən «Əlifba»nın korrekturasını yoxlamış və təshih etmişdi. Bu barədə o, Mşatkadan, Danilevskinin yanından yazırdı: «Əlifba»nın təshihinə hələ başlamamışam; onu Danilevskinin uşaqları böyük maraqla oxuyurlar».

O, Lev Nikolayeviçə habelə yazırdı ki, «Əlifba» barəsində elan azdır, sonralar isə təəssüflənirdi ki, onu pis təshih etmişdir və mətbəə xətası çoxdur.

1874-cü ildə Straxov «Əlifba» və «Qiraət üçün kitablar»ı elmi komitəyə təqdim etdi və yazdı ki, bu komitədə «Əlifba»nı bütün maddələr üzrə tənqid edirlər; 1874-cü il 22 sentyabr tarixli məktubunda o yazırdı: «Siz nə təklif edirsinizsə edin, bəyənilməyəcək, çünki qəbul və sübut edilmişə ziddir».

Lev Nikolayeviç Straxovu sevirdi, onun mülahizələrinə və dərin savadına həmişə ehtiramla yanaşırdı.

Straxovu mənim bacım Tatyana Andreyevna Kuzminskaya da sevirdi; Nikolay Nikolayeviç Peterburqda çərşənbə axşamları onlarda nahar edirdi. Mənim uşaqlarım da, xüsusilə Seryoja, Straxova məhəbbət, etibar və hörmət dolu münasibət bəsləyirdilər, o isə uşaqları ailəsiz qoca subay kişilər özlərinə əziz olan və yaxın dostların ailəsini sevən kimi sevirdi.

Son dəfə Straxov bizdə 1895-ci ildə oğlum Vaneçka öləndən sonra qonaq olmuşdu. Onun dilini yenicə operasiya etmiş, xərçəngi kəsmişdilər, lakin zəhər qanda qalmış, nə yollasa beyinə keçmişdi və Nikolay Nikolayeviç Peterburqda o biri qış, demək olar qəflətən vəfat etdi.

4.“Hərb və sülh”ə (tərc.).
5.Tolstoy M.Y.Saltıkov-Şedrinlə 1856-cı ildə tanış olmuşdu. 1856-1858-ci illərdə Tolstoy və Saltıkov bir-biri ilə görüşməkdə davam edirdilər.
₺59,03

Türler ve etiketler

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
29 ekim 2022
Hacim:
4 s. 7 illüstrasyon
ISBN:
978-9952-8276-9-1
Telif hakkı:
JekaPrint
Metin
Ortalama puan 3,7, 3 oylamaya göre