Kitabı oku: «Mənim həyatım», sayfa 4
DAVAMI: TURGENEV VƏ URUSOV
…Haqqında danışdığım axşam, çox qızğın mübahisələr baş verdi və knyaz Urusov Turgenevə nə isə sübut etmək istərkən öz stulunda sürüşərək stoldan uzaqlaşdı və yıxıldı, həm də nə cür oldusa dərhal parketə oturdu. Demək olar, stolun altında oturan Urusov ifadəli şəkildə əl-qol ataraq öz qızğın sübutlarını davam etdirirdi ki, bu da ümumi gülüşə səbəb oldu. Turgenev isə Urusovun familiyasını qəsdən təhrif edərək, yorğun görünüşlə stolun yanından çəkilib dedi: «Ah, bu Trubetskoy məni lap əldən saldı, öz dəlilləri ilə o, məni dəli edəcək».
Bu gəlişində Turgenev bizə Antokolskinin heykəlinin9 ona bağışladığı təəssüratdan son dərəcə bədii şəkildə söhbət açdı, habelə Peqas adlı itdən danışdı.
1879
Lev Nikolayeviç Kiyevə yaman can atırdı və mənə məktubunda yazırdı ki, şəhər onu özünə cəlb edir. Amma artıq ikinci məktubundan aydın oldu ki, ümidləri boşa çıxıb.
Lev Nikolayeviç bu səfər haqqında belə danışırdı: o, Kiyevə gəlib çıxanda Lavrada məskən salmaq istəyirdi. Ancaq o qədər adam var idi ki, boş yer tapılmırdı. Darvaza yanında iki giriş qalaçasında rahibliyə hazırlaşan iki dalandar yaşayırdı. Lev Nikolayeviç onlardan qalmağa bir yer tapmağı xahiş etdi. Dalandarlar elə bildilər ki, onlara müraciət edən adi adamdır, çünki o vaxt Lev Nikolayeviç öz vərdişlərini və paltarını çox adiləşdirmiş, hətta xəsislik dərəcəsində sadələşdirmişdi. Dalandarlar onu qalaçalara dəvət etdilər. Lev Nikolayeviç orada iki gün yaşadı. Dalandarlardan biri Bessarabiyadan idi, sadə, işgüzar, heç bir dini təlabatı olmayan adamdı. Digəri Türkiyə ilə müharibədə iştirak etmiş, kafirlərlə döyüşməyin allaha xoş gəldiyinə inanan və monastıra dini etiqadlarına görə daxil olmuş hələ gənc bir əsgərdi. Lev Nikolayeviç deyirdi ki, o gözəl, ağıllı və qiyamət adam idi.
Özünün sadə və ürəkdən gələn etiqadına görə mağaralarda yaşayan gənc zahid də onun xoşuna gəlmişdi. Amma Lev Nikolayeviç özünün nimdaş paltosunda ali zahidlik sferasındakı zahidlərlə etiqad haqqında söhbət etməyə getdikdə, onlardan birisi onun ağa, hətta qraf olmasını bilməyib kəskin tərzdə demişdi: «Vaxtım yoxdur». Başqası isə kobudcasına və mənasız şəkildə müharibənin labüdlüyü və qanuniliyi üzərində təkid etmişdi.
1880
Aprelin axırında Turgenevdən bizə gələcəyi haqda məktub aldıq. O, deyəsən, mayın 2-si, yaxud 3-də Yasnaya Polyanaya gəldi və biz, xüsusilə mən, buna yaman sevindik.
Biz onunla Voronka çayının o tayına, Zaseka ilə həmsərhəd olan cavan meşəliyə, quşların uçuşuna tamaşa etməyə gedirdik. Lev Nikolayeviç və İvan Sergeyeviç kiçik talacığın müxtəlif tərəflərində durmuşdular. Mən də İvan Sergeyeviçin yanında durmuşdum, qulaq verirdik ki, meşəcüllütü uçur, ya yox. Mən İvan Sergeyeviçdən soruşdum:
– Niyə daha yazmırsınız?
– Yaza bilmirəm, – deyə cavab verdi.
– Bəs yazmaq üçün nə lazımdır? – deyə soruşdum.
Turgenev zarafat edirmiş kimi hər tərəfə göz gəzdirərək pıçıltı ilə məndən soruşdu:
– Burada bizi heç kəs eşitmir ki? Bax belədir. Canım, sizə deyim ki, hər dəfə bir şey yazmamışdan qabaq məni məhəbbət qızdırması titrədərdi. Yazmaq üçün kiməsə vurulmalıyam. İndi isə, əfsus ki, qocalmışam, nə onu bacarıram, nə bunu.
– Heyf, çox heyf… Onda heç olmasa mənə vurulun. Təki yenidən yazasınız, – deyə mən zarafat etdim.
– Yox daha heç kəsi sevə bilmirəm. Hər şey bitdi.
Turgenev bu sözləri qüssə ilə, fikirli bir tərzdə əlavə etdi, mən qeyri-ixtiyari onun «Qoca» adlı mənsur şerini xatırladım və kədərləndim.
Axşam çox gözəl idi. Amma meşəcüllütünü vurmaq yalnız Lev Nikolayeviçə müyəssər oldu. Onu da nə it, nə də biz tapa bildik.
Turgenev bizdə ikicə gün qaldı; o özünə xalis rus xörəkləri – şüyüdlü yarma şorbası, düyülü və toyuq ətindən piroq, qarabaşaq sıyığı və s. sifariş verirdi. O, saatlarla Lev Nikolayeviçlə söhbət edirdi. Bu zaman mehriban, sakit, nəvazişli olurdu və Lev Nikolayeviçə deyirdi: «Mən çox şadam, nə yaxşı ki, siz öz arvadınızla evlənmisiniz».
O vaxt Straxov Lev Nikolayeviçə yazırdı: «Sizin Turgenevlə görüşünüz və işiniz məni hədsiz dərəcədə sevindirir və Yasnayaya çəkir, Bəli, sevimli Lev Nikolayeviç, siz ən yüksək dərəcəyə çatmısınız və möhkəm dayanmısınız».
CAMAATIN MÜALİCƏSİ
Bunların hamısı şənlikdən doğan qayğılar idi, amma digər qayğılar da az deyildi. O vaxt nə bizim evdə, nə də yaxındakı kənddə həkim yox idi və ətraf kəndlərdən, əlbəttə, həmçinin Yasnaya Polyanadan da mənim yanıma həmişə xəstələr gələrdi. Öz uşaqlarımı, Kuzminskilər ailəsini, mürəbbiyə və xidmətçilərin hamısını mən müalicə edirdim.
Bu sahədə bəzi bilikləri atam evində yaşayarkən, digər məlumatları isə ərə gedəndən sonra ailəmizi müalicə edən həkimlərdən, eləcə də müalicə kitablarından, xüsusən Florinskinin10 kitabından əldə etmişdim. Həkimlərin reseptlərini mən həmişə saxlardım və onlara əsasən hansı hallarda dərman tələb olunduğunu ayırd edib, xəstələrim üçün də dərman götürərdim. Mənim əlim yüngül idi və xəstələrimin sağaldığını gördükcə çox sevinirdim. Bəzən, xüsusən yayda, elə olurdu ki, artırmaya çıxırdım, bura isə artıq yanı uşaqlı və ya tək arvadlarla, xəstələri gətirmiş arabalarla dolu olurdu. Onların hamısını dindirirdim, müayinə edirdim, dərman verirdim. Neçə dəfə də ağır doğuşda iştirak etmişdim.
Bir dəfə, demək olar ki, bütün gecəni zahı qadın ilə keçirdim. Ona hətta çovdar mahmızı yedirdirdim, səhərə yaxın isə hər şey yaxşı qurtardı. Amma doğmuş qadının bütün uşaqlarının skarlatinaya tutulması məni bərk narahat edirdi. Uşaqlardan birisi elə daxmanın içindəcə yerə qusurdu, ikisi səpmişdi, böyük oğlan şişmişdi, onun böyrəkləri xəstə idi, üç həftədən sonra o öldü.
O zaman mənim də çox uşağım vardı, kiçiyini isə əmizdirirdim. Deyəsən, bu elə sonra ölən körpə Nikoluşka idi. Yadımdadır, qış idi, daxmadan çıxıb birbaşa boş, isidilməmiş fligelə getdim, orada əynimdəki paltarların hamısını soyundum, tez-tələsik başımı yudum və yalnız bundan sonra evə qayıtdım. Bir dəfə də məni qan içində olan zahı qadının yanına çağırdılar. Gördüm ki, qanın axmasını saxlaya bilməyəcəyəm, o dəqiqə mama dalınca adam göndərdim. Mama Tuladan gəldi. Amma nə qədər çalışdısa, qanı saxlaya bilmədi və birdən özünü lap itirib qışqırmağa başladı: «Bunun əcəli çatıb, öləcək».
Onda mən onun üstünə qışqırdım və göstəriş verdim ki, tampon qoymaqda davam etsin. Səhərə yaxın arvadın halı yaxşılaşdı və bundan sonra o xeyli müddət yaşadı. Onun böyük oğlu İqnat bizdə arabaçı işləyirdi. Mən isə əzazil ərinin döydüyü və incitdiyi bu bədbəxt qadını çox sevirdim.
Müvəffəqiyyətsiz doğum keçirmiş qadını da bir dəfə xilas etmişəm: özüm xilas etmədim, həkimimiz, ağıllı və gözəl insan Aleksandr Matveyeviç Rudnevin dalınca adam göndərdim. Rudnev çətin cərrahiyyə əməliyyatına çox vaxt sərf etdi, çünki ölmüş uşağı ana bətnindən doğrayıb çıxarmaq lazım gəldi. Mən həkimə əlimdən gələn köməyi edirdim, amma bütün bu hadisələr məni bərk həyacanlandırırdı. Ona görə də mənə müalicə və mamaçalıq işini sevmək asan deyildi. Bizim arvadların isə mənə qəribə inamları vardı. Yadımdadır, kəndimizdə arabaçı Filippin gəlini üç gün əziyyət çəkdi, hər şeyin qaydası ilə getməsinə baxmayaraq onun yalnız bir xahişi vardı: «Qrafinyanı çağırın, onun əli yüngüldür, mən tez doğaram». Nə edəsən, getdim yanına, üç saat oturdum, müxtəlif zərərsiz xarici vasitələrdən istifadə etdim və doğrudan da, hər şey çox tez və yaxşı bitdi: onun gözəl bir oğlu oldu.
Sonralar mən bu işi qızım Maşaya tapşırdım. O, Moskvada xəstəxana və klinikalarda çox şey öyrənmişdi və buna görə də camaatı daha səylə və yaxşı müalicə edirdi. Bax, o həqiqətən müalicə etməyi sevirdi. Bir də ki, yaraları, qanı, əzabları görüb özünü itirmirdi. Onun səyi və fədakarlığı adamı təəccübləndirirdi. Məsələn, o hər gün üç verst uzaqda olan Telyatnikiyə gedirdi ki, mujikin ayağındakı yaranı yusun və sarısın. Yara artıq iy verirdi və çürümüş ətlər qopub düşürdü: o isə xeyirxah işini yarımçıq qoymurdu.
STASOV
1880-ci ilin oktyabrında ilk dəfə bizə Vladimir Vasilyeviç Stasov gəldi, mən də onunla yalnız bu zaman tanış oldum. Bizim yeknəsəq kənd həyatına belə bir adamın daxil olması böyük təsir bağışladı və həmin vaxt, o mənim çox xoşuma gəldi. Onun artıq 56 yaşı vardı, amma ehtiraslı, səs-küylü, hər şey haqqında yüksəkdən, dəbdəbəli və ibarəli danışdığından o, yaşlı adamdan daha çox gəncə oxşayırdı. Təəssüf ki, onun söhbətlərinin təfərrüatını nə xatirimdə, nə də məndə olan cüzi materiallar üzrə canlandıra bilirəm, yadımdadır ki, o, Lev Nikolayeviçdən Peterburqdakı ümumi kitabxana üçün «Müharibə hekayələri»nin əlyazmasını istədi və çıxıb gedərkən onu royalın üzərində qoyub unutdu. Mən buna çox sevindim və sonra əlyazmasını daha Stasova vermədim. O isə bundan ötrü məndən bərk incimişdi. Stasovda məni valeh edən ən başlıca cəhət onun hər bir incəsənət əsərinə olan ehtiraslı münasibəti idi. O, incəsənəti bütün təzahürlərdə sevirdi, bu cəhətdən də ona məndən artıq heç kəs hüsn-rəğbət bəsləyə bilməzdi.
REPİN
O zamanlar Moskvada rəssam Repin yaşayırdı və Lev Nikolayeviç onun yanına, emalatxanaya getmişdi.
O, incəsənət haqqında öz fikirlərini Repinə söyləyir və belə hesab edirdi ki, «Çağırışçının yola salınması» şəkli soyuqdur, «Zaporojyelilər» isə əslində heç şəkil deyil, etüddür, ona görə ki, onda ciddi, əsas fikir yoxdur. Şəklin mənası daha yüksək olmalıdır.
Lev Nikolayeviç emalatxanaya baş çəkdikdən sonra Repin ona yazdığı məktubda həm gəlişinə, həm də ümumən incəsənət, eləcə də onun şəkilləri haqqında rəyinə görə təşəkkürünü bildirirdi.
Repin 1880-ci il oktyabrın 14-də yazırdı: «Sizin hər sözünüz haqqında düşünərkən, sənətkarın əsl yolu mənə daha aydın görünür… Siz mənə böyük mənəvi xeyir verdiniz…»
Mən tez-tez hiss edirdim ki, Lev Nikolayeviç özünün məlahəti və incəsənətə alovlu münasibətilə hər bir rəssamı, musiqiçini, yazıçını – bir sözlə, incəsənət adamlarını ruhlandıra bilirdi və onlarda enerjini, eləcə də ən yaxşı qüvvələri təlatümə gətirməyi bacarırdı.
Repinlə də o zaman belə oldu. Lev Nikolayeviç Çaykovskinin kvartetini11 dinləyəndə də müəllifdən belə məktub almışdı. Eyni hissi vaxtı ilə bizə skripka çalmağa gəlmiş Naqornov, daha sonra isə digər musiqiçilər keçirmişdilər. Lev Nikolayeviçin mülahizələri və şəfqətindən sonra enerji və ən yaxşı mənəvi qüvvələrin vüsəti haqqında N.N.Straxov da, tənqidi məqaləsi Lev Nikolayeviç tərəfindən təriflənmiş Bakunin də yazırlar12.
LEV NİKOLAYEVİÇİN AXTARIŞLARI
Dini-fəlsəfi əsərləri üzərində səylə çalışan Lev Nikolayeviç öz ideyalarını təcrübədə də həyata keçirməyə çalışırdı.
O həmin vaxtlar həbsxana və dustaqxanalarda olur, vilayət və xalq məhkəmələrinə gedir, əsgərliyə gedənlərin arasında olur və elə bil qəsdən hər yerdə insan bədbəxtliklərini, onlara edilən zorakılığı axtarır, bəşəriyyətdə mövcud olan bütün həyat tərzini ehtirasla inkar edir, hər şeyi ittiham edir, hər şeyə görə özü iztirab çəkir və yalnız camaata hüsn-rəğbət bəsləyir və bütün əzilənlərin dərdinə şərik olurdu.
Bu ittiham və inkar mənə də, ailəmizə də, dövlətli, bədbəxt olmayan hər kəsə aid idi, Lev Nikolayeviçin birdən-birə bütün bəşəriyyət üçün dərd çəkdiyini və bunun nəticəsində çox tutqun olduğunu görmək acınacaqlı idi. Sanki o, dünyada sevinc və xoşbəxtlik gətirən hər şeydən üz döndərmiş və nəzərlərini əks tərəfə yönəltmişdi. Nikolay Nikolayeviç Straxov o zaman yazırdı ki, Lev Nikolayeviç qəribə dini əhvali-ruhiyyədədir və ona bu sözlərlə müraciət edirdi: «Siz xilası fədakarlıqda və donub qalmaqda deyil, aydın və canlı şüurda axtarırsınız… Sizdə həmişəki kimi süni həyatın bütün formalarına qüvvətli ikrah vardır…»
1881
Özünün dünyagörüşü haqqında Lev Nikolayeviç deyirdi ki, onun insanlar barədə fikri büsbütün dəyişmişdir. Əvvəllər doğma, yaxın adamlardan ibarət kiçik, məlum bir dairə mövcud idisə, indi milyonlarla adam qardaş olmuşdur.
O zaman hamı Lev Nikolayeviçin əhvali-ruhiyyəsindəki kəskin dəyişikliklə maraqlanır, bunun səbəblərini araşdırmağa çalışır və heyfsilənirdi ki, o daha bədii yaradıcılıqla məşğul olmur.
Qrafinya Aleksandra Andreyevna Tolstaya Lev Nikolayeviçə yazırdı ki, Dostoyevski Lev Nikolayeviçin əhvalı ilə çox maraqlanmışdı və xahiş edirdi ki, son zamanlar yazılmış dini məqalələri onun üçün əldə etsin13. Lakin Dostoyevski Lev Nikolayeviçin son əsərləri ilə tanış ola bilmədi, çünki o, gözlənilmədən həmin 1881-ci ildə öldü. Artıq fevralın 3-də mən yazırdım ki, Lev Nikolayeviç Dostoyevskini tanımırdı, lakin onun ölümündən kədərləndi…14.
Lev Nikolayeviç hər tərəfdən araşdırılıb müzakirə edildiyi vaxt, axtara-axtara, əzab çəkə-çəkə, hər cür dini etiqadlara qulaq verərək öz yolu ilə gedirdi. Məsələn, Lev Nikolayeviç bu zaman Xarkovda qulluq edən yeznəm Aleksandr Mixayloviç Kuzminskidən xahiş edirdi ki, öyrənsin, görsün Xarkovda ştundistlər varmı, onların vəziyyəti nə cürdür və doğrudanmı orada belə təriqət mövcuddur. O hətta Xarkova getmək də istəyirdi.
Yeznəm Kuzminski 1881-ci ilin 14 fevralında Xarkovdan cavab verirdi ki, burada ştundistlər yoxdur, yəqin ki, Lev Nikolayeviç onları Xarkovda çox olan subbotniklər ilə qarışdırmışdır.
ÇAR II ALEKSANDRIN ÖLDÜRÜLMƏSİ
1881-ci il martın 3-də mən Tulaya Lopuxinlərin görüşünə getdim: oğlum Seryoja tez-tez onlarda olurdu və Lopuxinlər ona qarşı çox mehriban idilər. Zastavanın yanında adamlar məndən soruşurdular: «Eşitmisinizmi, çarımızı öldürüblər?»… «Necə?», – deyə dəhşətlə soruşdum. «Azmı ayağının altını qazıyırdılar, indi də kareta partladı, o da öldü».
Mən bu xəbərlə evimizə, Yasnaya Polyanaya qanı qara gəldim. Burada da hadisəni yol keçən italiyalı oğlan xəbər vermişdi: o, qutuya qoyulmuş kağızları dimdiyi ilə çıxaran təlim görmüş quşu nümayiş etdirirdi. Quşu göstərərək öz yeknəsəq kədərli səsi ilə deyirdi: «Məni quş yemədi, çar öldürdü», «Nə? Kimi öldürdülər?» deyə Lev Nikolayeviç soruşdu. Oğlan təkrar edirdi: «Çar öldürdü».
Mən qayıdıb gələndən sonra balaca italiyalının məlumatını təsdiqlədim və Lev Nikolayeviçin necə də ürəkdən kədərləndiyini gördüm. Ümumiyyətlə isə, bizi cəmiyyətin və xalqın bu hadisəyə sakit və etinasız yanaşması heyrətə gətirirdi. Hər halda, bizdə, Tula və onun ətraflarında bu belə idi.
Lev Nikolayeviç xüsusilə ondan məyus olurdu ki, gənc çar taxta çıxarkən dərhal amansız bir iş görməli – atasını öldürənləri qətl etməli idi. Hələ məhkəməyə qədər, mart ayında Lev Nikolayeviç hökmdar III Aleksandra məktub yazmağı qərara aldı, bu məktubda qatilləri bağışlamağı xahiş edir və onu öz çarlığına pis işdən başlamamağa, şəri xeyir ilə, məhz xeyir ilə boğmağa çalışmağa çağırırdı; öz sözlərini Lev Nikolayeviç o zaman mənən tamamilə aludə olduğu İncil ilə əsaslandırırdı.15
Bu məktuba cavab olaraq III Aleksandr qraf Lev Nikolayeviç Tolstoya çatdırmışdı ki, əgər sui-qəsd onun özünə qarşı edilsəydi, o əfv edə bilərdi, lakin atasının qatillərini bağışlamağa haqqı yoxdur. Beləliklə, beş nəfər asıldı, Lev Nikolayeviçi dəhşətə gətirən o idi ki, qadın – Sofya Perovskaya da onların arasında idi və bu da o zaman çoxlarını qəzəbləndirirdi.
OPTİNA PUSTINA İKİNCİ SƏYAHƏT
İyunun əvvəlində evdə hər şeydən usanmış Lev Nikolayeviç yenə Optina Pustına yollanmağa hazırlaşdı. O, bu dəfə piyada gedir və lakey Sergey Arbuzovu və Yasnaya Polyana məktəbinin müəllimi Dmitri Fyodoroviçi də özü ilə aparırdı. Onlar təxminən 1881-ci il iyunun 10-da yola düşdülər və artıq iyunun 11-də Lev Nikolayeviç elə yoldan mənə yazırdı: «Gözlədiyimdən daha çətin gəlib çatdım. Ayaqlarım qabar-qabar oldu. Mən heç də getməyimin peşmançılığını çəkmirəm. Təsəvvür etmək çətindir ki, özümüzdən ötrü düzəltdiyimiz dünyanı yox, böyük, əsl, dünyanı görmək qəlbimiz üçün (həyata baxış üçün) nə dərəcədə təzə, vacib və faydalıdır».
Lev Nikolayeviçin yolda karandaşla çəkdiyi eskizlər olan kiçik qeyd kitabçası qalmışdır. Burada səyahət haqqında bəzi məlumatlar var, məsələn, yolda dönüb Mananki kəndinə gediblər, buranın keşişi Yasnaya Polyana məktəbinin keçmiş müəllimi Vladimir Akimoviç idi və Lev Nikolayeviç onun evində istirahət edirdi. Bu kitabçada yol təəssüratları və ədəbi materiallardan ibarət anlaşılmaz (yalnız Lev Nikolayeviçin özünə aydın olan) eskizlər də var. Lev Nikolayeviç öz səyahəti haqqında belə yazır: «Mehmanxanaya gəldik. Yefim hirslidir. Bura əlillər evidir. Bax, burada da yat. Sən tıxmısan, mən heç yeməmişəm. Bax, burda otur…»
Yefim çirkli, taxtabitilərlə dolu əlillər evində rahib və qonaq qəbul edən idi. Lev Nikolayeviçin əynində göy mujik köynəyi, çuxa, ayaqlarında çarıq var idi, buna görə onu həqarətlə qarşılayırdılar. Hətta başında şlyapa olan lakey Sergeyə daha artıq hörmət edirdilər. Lev Nikolayeviçə taxtabitilərlə dolu balaca, çirkli nömrə verdilər və o, yolda yorulduğuna baxmayaraq, taxtabitilərin əlindən iki gecə yata bilmədi. O, ümumi rahib süfrəsindən yeyir və deyirdi ki, hər şey – kvas, borş, sıyıq çox dadlıdır. Bir neçə nəfər eyni kasadan yeyirdi və Lev Nikolayeviçin yanında bir lal oturmuşdu.
Hər dəfə yeməkdən qabaq ümumi dua oxunurdu, amma Lev Nikolayeviçin müşahidələrinə görə, heç kəs dua oxumaq istəmir və oxumurdu da.
İki gündən sonra Lev Nikolayeviç indi iyeromonax (adı yadımda deyil) olmuş keçmiş təhkimli kəndlisi ilə rastlaşır. O, Lev Nikolayeviçi dərhal tanıyır və ah-ufa başlayır. «Ali-həzrət, niyə siz belə itaətkar olmusunuz? Xahiş edirəm, başqa mehmanxanaya buyurasınız».
Və Lev Nikolayeviçi daha dəsgahlı mehmanxananın çox rahat nömrəsinə keçirirlər, burada ona ehtiram da tamam başqalaşır. Hamı bilir ki, qrafdır – təzimlər, ali-həzrətlər başlanır… Hər şey dəyişir.
… Bu mehmanxanada Lev Nikolayeviç elə hey «atamı, dədəmi öldürdülər, mən günahkarın evini yıxdılar» deyən bir qadına rast gəlmişdi.
Ücretsiz ön izlemeyi tamamladınız.