Kitabı oku: «Mənim həyatım», sayfa 3
1870
MÜƏLLİMLƏR ÜÇÜN SEMİNARİYA
Bu zamanlar Lev Nikolayeviçin ağlına gözəl bir fikir gəldi, kənd müəllimlərinin tərbiyəsi üçün (yalnız dərs vermək məqsədilə yox) seminar təşkil etmək. Bu müəllimlər də, öz növbələrində kənd məişətindən ayrılmayaraq, kəndli uşaqlarını yalnız öyrətməklə kifayətlənməyib, həm də gənc kəndli nəslini tərbiyə etməli idilər. Əgər Lev Nikolayeviçin bu fikri həyata keçsəydi, o zaman, əlbəttə, bizim camaat uşaqlıqdan düzgün və ağıllı tərbiyə alaraq, indi olduğu kimi yox, başqa şəkildə inkişaf edərdi. Yaxşı olardı ki, həmin müəllimləri, sonra isə onların vasitəsilə xalqı tərbiyə etmək barədəki bu gözəl fikir öz ardıcıllarını tapaydı. Lakin indi başçıları və işə sadiq adamları haradan tapasan? Lev Nikolayeviçin mülahizəsinə görə bu müəllimlər yayda öz kənd işlərinə qayıtmalı idilər.
Lev Nikolayeviç o vaxt həm bizim Yasnaya Polyanadakı fligelimizi müəllim seminariyası üçün hazırlayır, həm də pedaqoji kurslar üçün qaydalar yazırdı. Həmin dövrdə öz «Əlifba» və «Qiraət üçün kitablar»ının da planını qururdu. Ancaq pedaqogikanı nə qədər sevsə də, Lev Nikolayeviçdə əsl işi – yazıçılıq hər şeyə üstün gəlirdi.
Seminariyanın təşkilinin baş tutmamasının səbəbini Lev Nikolayeviç özü mənə danışdı. Bu işi başlamaq üçün, əlbəttə pul lazım olacaqdı. Bizdə isə pul yox idi. Pyotr Fyodroviç Samarin Lev Nikolayeviçə demişdi ki, Tulada xalq maarifi üçün hökumətin ayırdığı 30 000 manat pul vardır. Samarin deyirdi: «Bax, bu pulların bizim seminariyaya verilməsini xahiş edin». Lev Nikolayeviç bu barədə ərizə yazdı. Ümumi qurultayda qərara alındı ki, həmin pullarla II Yekaterina üçün heykəl qoyulsun və Lev Nikolayeviçə qəti rədd cavabı verildi.
Lev Nikolayeviç özünün çarıqlı universitet (nəzərdə tutduğu seminariyanı belə adlandırırdı) yaratmaq fikrindən soyudu və sonralar bir daha bu məsələyə qayıtmadı6…
UŞAQLARIN TƏHSİLİ VƏ HƏYATI
Həmin il mən artıq öz iki böyük uşağıma oxumağı və yazmağı, Seryojaya isə hesabı və musiqini də öyrətməyə başladım. Böyük uşaqlar ilə kiçiklərə nisbətən daha yaxşı və çox məşğul olduğumuza görəmi, bilmirəm, ancaq böyüklər – Seryoja və Tanya elə bil ən qabiliyyətli və ağıllı uşaqlar idi, onları öyrətmək çox fərəhli və asan idi, onlar özləri xahiş edirdilər ki, onları öyrətsinlər.
Seryoja 8 yaşına çatanda Lev Nikolayeviç artıq özü ona hesab öyrətməyə başladı və bu çox çalışqan və ağıllı oğlanın üstünə elə tez-tez və hövsələsiz halda çığırırdı ki, onu qorxudurdu, mənim isə oğluma yazığım gəlirdi və qapı arxasında acı-acı ağlayırdım. Doğrudan da, qorxudan və atasının çığırtısından əsən uşaq məsələni nə cür anlayıb qavraya bilərdi.
Lev Nikolayeviç başa düşürdü ki, belə hirslənmək və çığırmaq düzgün deyil və hətta Seryojadan xahiş edirdi ki, onu dayandırsın. Lakin ürəksiz və ədəbli Seryoja əzab çəkir, atasının isə sözünü kəsməyə və onu dayandırmağa cəsarəti çatmırdı. Uşaqları oxudarkən biz – Lev Nikolayeviç və mən uşaq «Əlifba»larının və dərsliklərin çox qüsurlu olması qənaətinə gəlirdik. Yenə də Lev Nikolayeviçdə, uşaqlar üçün Amerika nümunələri üzrə «Əlifba» və ardıcıl qiraət üçün kitab tərtib etmək fikri oyandı; həm də bu, demək olar, uşaqlar üçün tərtib edilən bütün qiraət kitabları kimi saxta və darıxdırıcı deyil, maraqlı olmalı idi.
Ümumiyyətlə, mehriban uşaq aləmimiz getdikcə bizdən daha artıq maraq və diqqət tələb edirdi.
Qışda nohurun üstündə buz meydançası düzəltdik və biz hamımız iki böyük uşaq da, ingilis dili müəlliməsi də, bayrama gələn qardaşlarım, yaxud qonaqlar da – hamı böyük bir sevinclə konki üzərində sürüşürdük. Lev Nikolayeviç də hər işdə ona xas olan ehtirasla bir ayaq üzərində dairə çərtməyə və ümumiyyətlə konki üzərində müxtəlif əcayib rəqslər etməyə çalışırdı. Katokdakı bu məşğələlər hamımız üçün böyük əyləncə idi və bizə zövq verirdi. Katokumuzu qar örtəndə hamımız bel və süpürgə götürüb onu konki sürmək üçün təmizləyirdik. Bəzən beləcə biz iki saatımızı buz üzərində, parlaq şaxtalı günəş işığında, gözdən uzaq və hər tərəfdən ağaclarla əhatə olunmuş bizim böyük nohurun sakitliyində keçirirdik.
Dekabrda Lev Nikolayeviçin Moskvaya getməsi və mənim xahişimlə orada dəyişək üçün kətan, bizim üçün paltar, yolka oyuncaqları və başqa şeylər aldığı yadımdadır. Bunu o, həvəslə, böyük sevinclə edirdi və evə qayıdarkən aldıqlarını təntənə ilə düzər, bəzi şeyləri uşaqlara, mənə, bibiyə bağışlayar və hədiyyələrin müvəffəqiyyətinə sevinərdi. Bir dəfə o, balaca Tanyaya küləşdən toxunma uşaq arabası və çini gəlinciklər gətirdi. Bu gəlincikləri o, geyiminin hər yerinə: bluzkanın qollarına və boynuna, qoltuğuna və kəməri altına dürtüşdürmüşdü, indi bunları həmin yerlərdən bir-bir çıxarır və Tanyaya verirdi. Hər dəfə gəlinciyin belə gözlənilməz yerdən peyda olması ümumi qəhqəhəyə səbəb olurdu. Lev Nikolayeviç və hamı sevinc içərisində idi.
1871
QARALIQDA BAŞQIRDLAR İLƏ HƏYAT
Lev Nikolayeviç qardaşım Styopa ilə, yaşayış üçün tamamilə yararsız, sadə başqırd alaçığında, göz işlədikcə bir ağac belə olmayan çöldə məskən salmışdı. Burada Lev Nikolayeviç özünə at və ov iti almışdı və Styopa ilə birgə tez-tez ördək və dovdaq ovuna çıxırdı, ördəyi onlar yeyirdilər, dovdaq vurmaq isə mümkün olmamışdı.
Onlar bütün günü bolluca qımız içir və şiddətli isti zamanı ya soyunaraq alaçıqda otururdular, yaxud da çöldə çılpaq gəzirdilər. Həyat ən ibtidai və sərt idi, Lev Nikolayeviçlə məktublaşmamızda o, başqırdlar arasında qımız içməsi dövründə bütün həyatını və şəraiti gözəl əks etdirmişdi. Bəzən o, çox darıxır və bizim üçün, bütün ailə üçün narahat olur və mənə riqqətli məktublar yazırdı, lakin altı həftə qımız içərək səhhətini sazlamaq qərarında möhkəm dururdu. Qardaşım Styopa onu əyləndirir, ürək-dirək verir və ruhlandırırdı; Lev Nikolayeviç ilə hələ Qafqazda olmuş nökər İvan, onlara qulluq edir və keçmişdə Qafqazdakı kimi danışığına fransız sözləri qoşaraq aramsız zarafat edirdi.
SAMARA ÇÖLLƏRİNİ ALMAQ FİKRİ
O zamanlar öz varını artırmağa çalışan Lev Nikolayeviç bu yerlərin torpaqlarının zənginliyini və bol buğda məhsulunu görüb burada torpaq almaq fikrinə düşmüşdü. Lev Nikolayeviçə demişdilər ki, general Tuçkov çar tərəfindən ona bağışlanmış 2700 desyatin torpağı, desyatini 7 manat 50 qəpikdən satır. Bu, Lev Nikolayeviçi çox şirnikdirirdi, o, məlumat topladı və bu sahəni aldı. Ancaq bir qədər gec, Yasnaya Polyanaya qayıtdıqdan sonra. Bu torpağı bölgüyə görə almış oğlanlarım və qızım Saşa, onu artıq hər desyatini 75 manata satdılar.
Qımız müalicəsində olarkən ilk vaxtlarda Lev Nikolayeviçdə titrətmə, qızdırma keçmir və xiffət ona yaman əziyyət verirdi: bu barədə o mənə yazırdı: «Bu duyğunu, can ilə bədənin bir-birindən ayrılmasından savayı düzgün ifadə edə bilmirəm».
BUZULUKDA YARMARKA
O, qardaşımla Buzuluka yarmarkaya getmişdi. Burada onu atlar və başqırd həyatının sərtliyi maraqlandırırdı. Yarmarka onların Qaralıqdakı düşərgəsindən 90 verst aralı idi. Bir də onlar başqırd kəndlərini gəzirdilər və hər yerdə onları qımız və qoyun ətinə qonaq edirdilər.
Yenə Lev Nikolayeviç üçün hər şey, sonralar öz əsərlərində əks etdirdiyi poetik nurla işıqlandı.
Başqırdları təsvir edərkən o deyir: «Yeni və maraqlı şey çoxdur: həm Herodot iyi gələn başqırdlar, həm rus mujikləri, həm də öz camaatının mehribanlığı və sadəliyi ilə seçilən kəndlər».
Səhhəti yaxşılaşdı, ruhu şövqə gəldi.
O yenə yazırdı: «Xiffət və etinasızlıq keçdi, özümü skif vəziyyətində hiss edirəm, hər şey maraqlı və yenidir».
Lev Nikolayeviç qımız müalicəsində düz altı həftə oldu və avqustun 5-nə yaxın sağlam, xoşbəxt və gümrah halda evə qayıtdı. Bu müalicə onun üçün uzun müddət faydalı oldu.
LEV NİKOLAYEVİÇİN TƏSƏRRÜFAT İŞLƏRİ
Samara çöllərini alandan sonra da Lev Nikolayeviç varını artırmaq fikrindən daşınmamışdı. O bir şey alarkən və bütün təsərrüfat məşğuliyyətlərində həmişə gələcək arzusu ilə yaşayırdı. Məsələn, at və mal-qara cinslərinin yaxşılaşdırılması, onların çarpazlaşdırılması, yaxud əkilmiş ağaclardan boy atmış meşə, yaxud yenicə salınmış və indi 1906-cı ildə misli görünməmiş məhsul vermiş meyvə bağı.
Samara quberniyasında torpaq sahəsi alarkən Lev Nikolayeviç xəyalında buğda və başqa məhsullardan tayalar, qəribə cinsli qoyun sürüləri və qırğız madyanları ilə ingilis ayğırlarından balalamış at ilxıları görürdü. Lakin Lev Nikolayeviçdə heç bir şeyə nə hövsələ, nə də bacarıq çatırdı. Hər bir iş başlandığı kimi də dərhal puça çıxırdı.
Kuzminski Qafqaza gedərkən Lev Nikolayeviç ondan da xahiş etmişdi ki, Qara dəniz sahilində satılan torpaqlar və dövlət torpaqları sahələri haqqında bəzi şeyləri öyrənsin (o yazırdı ki, hərəsi 10 manatdan 1000 desyatin almaq istəyir və ödəməni hissə-hissə vermək arzusundadır). Bu satınalmada da Lev Nikolayeviç qazanclı gələcək görürdü. Yadımdan çıxıb ki, bu satınalma niyə baş tutmadı.
1872
EVDƏ MƏKTƏB
«Əlifba» və «Qiraət üçün kitablar»ın tərtibi ilə məşğul olan Lev Nikolayeviç yəqin ki, onları təcrübədən keçirmək və işdə istifadə etmək istəyirdi. Bundan başqa, o zaman Yasnaya Polyanada məktəb yox idi, camaat arasında isə savadlanmağa təlabat artırdı.
Bir dəfə o yanıma gəldi və Yasnaya Polyana uşaqlarına evdə – geniş dəhlizdə, iş otağında və aşağıdakı kiçik yemək otağında dərs vermək arzusunda olduğunu bildirdi.
Lev Nikolayeviç o zaman əlifba təliminin hər yerdə yayılmış səsli üsulla deyil öz üsulu üzrə, yəni hərfləri: «be, te, re» – tələffüz vasitəsilə öyrətmək istəyirdi.
Mən razı oldum, uşaqları – Seryoja və Tanyanı isə bu çox sevindirdi və xahiş etdilər ki, onlara da balaca kəndli uşaqlarına dərs deməyə icazə versinlər. Mən öz təcrübəmdən bilirdim ki, öyrədərkən özün də öyrənirsən və hesab edirdim ki, uşaqlar üçün belə məcburi əmək faydalıdır, ona görə onların həvəsini söndürmək fikrində deyildim.
Cürbəcür məktəb ləvazimatı və kitablar aldıq, axşamlar dərsə başladıq. Həyəcanlanmış uşaqlar şaxtalı hava ilə birgə hay-küylə dəhlizə tökülüşür və həmin dəqiqə hərə müəyyən edilmiş yerdə otururdu. Kostya dayı böyükləri iş otağına götürmüşdü, uşaqları öyrədir və tez-tez onlarla birlikdə dəcəllik edir, gülüşürdülər. Mən səkkiz qız və iki oğlan götürərək onlara yemək otağında dərs deyirdim. Xatirimdədir, məndə iki Donka məşğul olurdu. Svetkova – ağıllı və zirək idi, yaxşı oxuyurdu və hər şeyi çox tez qavrayırdı. O biri Donka – kök və sadədil idi, heç bir şey başa düşmürdü və elə pis oxuyurdu ki, təkcə ona, bütün başqa uşaqlara sərf etdiyimdən az qala artıq vaxt sərf etməli olurdum. Məsələ verirsən, hamı həll etməyə çalışır, Donka Svetkovanın iri, ağıllı boz rəngli gözləri hər şeyi anlamaq, həll etmək, öyrənmək həvəsindən eləcə parıldayır. Donka Matveyeva isə oturub gülümsəyir və bir şey öyrənmək üçün səy də göstərmir.
Lev Nikolayeviç bütün işə rəhbərlik edirdi və çox sevdiyi məşğuliyyət pedaqogika ilə sevimli kəndli (hərçənd ki, uşaq) mühitinə düşdüyündən razı görünürdü.
Bizim dərslərimiz o qədər uğurla gedirdi ki, uşaqlar həftə ərzində hərfləri və höccələməyi öyrəndilər. Hər birimiz öz şagirdlərimiz ilə lovğalanmaq istəyirdik və bunun üçün çox canfəşanlıq edirdik…
O vaxtlar Moskvada, açılışı mayın 30-na təyin edilmiş pedaqoji sərgi hazırlanırdı və Lev Nikolayeviç həmin müddətə öz «Yeni əlifba»sını çap etdirməyə çox tələsirdi.
Yadımdadır, Lev Nikolayeviç ilə birlikdə həmin «Əlifba» üzərində necə də səylə işləyirdik. Biz korrektura üzərində gecə saat 4-dək işlədik, yatağa uzanarkən hava işıqlanırdı. O zaman bahar çox tez gəlmişdi və olduqca gözəl idi. İsti idi, artıq aprelin ilk günlərindən çöl və meşədə bitən güllər, bənövşəyi və sarı güllər çiçək açmışdı. Aprelin 9-na yaxın artıq bənövşələr çiçəkləmişdi və yadımdadır ki, mən və Varya Tolstaya, uşaqlarla birgə onları meşədə yığırdıq və Varya artıq çoxdan Naqornovun nişanlısı idi və həmin yay onunla nikahlandı.
1873
KRAMSKOY
Həmin 1873-cü ilin payızında Yasnaya Polyanadan bir qədər aralı Zaseka yaxınlığında, demək olar şose üzərində Vanikina Daça adlanan yerdə iki rəssam: Korovin və İ.N.Kramskoyev kirayələmişdilər.
Moskvada şəkil qalereyasının sahibi Tretyakov Kramskoya qalereya üçün Lev Nikolayeviçin portretini çəkməyi tapşırmışdı. Kramskoy bir neçə dəfə Tretyakovun xahişini yerinə yetirməyə təşəbbüs göstərsə də Lev Nikolayeviç razı olmamışdı.
Nəhayət, Kramskoyun özü gəlib çıxdı və Lev Nikolayeviçin çox xoşuna gəldi7. Lev Nikolayeviç çəkilməyə razı oldu, lakin rəssamın qarşısında durmağa söz vermədi, bundan başqa belə bir şərt də qoydu: Kramskoy özü məsləhət bildiyi qiymətə bizim üçün portretin surətini çıxardacaqdır.
Kramskoy dedi:
– Yox, mən surət çəkə bilmirəm, iki portret çəkmək mənə daha asandır. – Və belə də etdi.
İ.N.Kramskoy. L.N.Tolstoyun portreti 1873-cü il
Hər iki portreti bitirdikdən sonra o mənə daha çox xoşuma gələni seçməyi təklif etdi və portret üçün nisbətən kiçik bir muzd aldı.
Yadımdadır, kiçik qonaq otağına qalxıram, bu iki sənətkara baxıram, biri Tolstoyun portretini çəkir, o birisi öz «Anna Karenina» romanını yazır. Sifətləri ciddi, dalğındır: hər ikisi əsl, böyük simalardır, mən qəlbimdə böyük bir ehtiram hiss edirdim…
Bir dəfə mən onların incəsənət barədə söhbətinin üstünə çıxdım. Onlar hərarətlə mübahisə edirdilər, təəssüf ki, nədən danışdıqlarını unutmuşam. Portretlərin hər ikisi tez, iki-üç həftəyə bitirildi. Kramskoy başı və əlləri naturadan, bədəni isə yaddaşı əsasında çəkdiyindən onları bir qədər korladı. Lev Nikolayeviç o zaman Obolenski ilə ova getmişdi və poza almağa razı olmadı. Guya ki, ov yüz illər yaşayacaq portretdən daha vacib imiş.
Kramskoyun Lev Nikolayeviçin boz bluzasına cürbəcür paltar tıxaması və toqqa ilə qurşaqlanmış başsız müqəvvanı stula oturtması indiki kimi yadımdadır. Portretə yaxşı diqqət edilsə, həddindən artıq qabağa verilmiş döşün süniliyi, büküşlərin qeyri-bərabərliyi və başın bədənə nisbətən nə qədər kiçik olduğu nəzərə çarpacaq.
Bu portretlərdən biri Moskvada Tretyakov qalereyasında, o birisi Yasnaya Polyanadadır.
İvan Nikolayeviç Kramskoy xoşsifət, sadə və ağıllı bir adam idi və biz onun vaxtsız ölüm xəbərini eşidərkən çox təəssüfləndik.
1877
OPTİNA PUSTIN VƏ YAY HƏYATI
1817-ci ilin yayında Qafqazdan bacım Tatyana Andreyevna Kuzminskayanın ailəsi gəldi və biz öz adi şən yay həyatımızı yaşamağa başladıq. Bundan başqa Nikolay Nikolayeviç Straxov da qonaq gəlmişdi və Lev Nikolayeviç onu o vaxtlar öz abidələri ilə, xüsusilə məşhur Amvrosi ata ilə şöhrət tapmış Optina Pustın monastırına getməyə dəvət etdi. Tolstoylar ailəsində bu monastıra əzəldən pərəstiş edilirdi. Qızlıq familiyası qrafinya Tolstaya olan bibi qrafinya Aleksandra İliniçna Osten-Sarken hər il oraya gedərdi və oradaca dəfn edilmişdir. Oraya habelə qızlıq familiyası Ertolskaya olan qrafinya Yelizaveta Aleksandrovna Tolstaya və onun bacısı Tatyana Aleksandrovna da gedərdi. Tolstoy uşaqlara da Optina Pustına və onun abidələrinə xüsusi bir ehtiram təlqin etmişdi.
Oraya çatdıqda Lev Nikolayeviç Amvrosi atanın yanına, inam və İncil barədə söhbətə getdi. Bu söhbətlərin təfsilatını bərpa etmək mümkün deyil, Lev Nikolayeviçin özünün də bu səfər barədə yadında az şey qalıb. Lakin Lev Nikolayeviç Amvrosi ata və Optina abidələri ilə söhbətdən razı qalmışdı və onların müdrikliyini etiraf edirdi.
Lev Nikolayeviç ilə Nikolay Nikolayeviç Straxovun bizə gəldikləri günün sabahı mehmanxanaya Lev Nikolayeviçin keçmiş dostu knyaz Dmitri Aleksandroviç Obolenski gəldi, onun malikanəsi Optina Pustın yaxınlığında idi. Nikolay Rubinşteyn də onunla gəlmişdi.
Obolenski Lev Nikolayeviçi keçmişdə qvardiya zabiti olmuş arximandritin (Polovtsev) yanına gətirdi, orada dini və siyasi söhbət oldu, həmin söhbət zamanı öz itaətkarlığı ilə Lev Nikolayeviçin xüsusilə xoşladığı Pimen ata sakitcə, uşaq kimi yuxuladı. Buradan onlar birlikdə Amvrosi atanın yanına getdilər, sonra knyaz Lev Nikolayeviçi öz malikanəsinə, ailəsinin yanına apardı, Straxov isə mehmanxanada qaldı. Obolenskigildə Lev Nikolayeviç özünü çox yaxşı hiss edirdi, Obolenskinin mehriban qadını Darya Petrovna, gənclər və Nikolay Rubinşteynin royalda gözəl çalğısı – bütün bunlar Lev Nikolayeviçə böyük ləzzət vermişdi. O vaxtlar o, hələ musiqini inkar etmir, onu açıq qəlblə adi bir şey kimi sevirdi. Əsl sənətkar kimi o, musiqini və hər hansı başqa bir incəsənəti həmişə sevirdi. Lakin inkar ruhu ona elə güclü sirayət etmişdi ki, bir zamanlar o, öz həyat yolunda torpaq, xalq və kənd əməyi ilə bağlı olmayan hər şeyi qırıb-dağıdırdı.
Həmin yay Lev Nikolayeviç Straxov ilə birlikdə Stepanovka kəndinə Fetin yanına da getmişdi. Öz xatirələrində Fet yazır ki, onlarda olarkən şairanə təbiətli Lev Nikolayeviç m-lle Oberlenderin çalğısına aludə oldu. O, Oberlender ilə royal arxasında oturdu, ikilikdə çalmağa başladılar və Bethovenin əsərlərinin az qala hamısını çaldılar.
Və demək lazımdır ki, Lev Nikolayeviç özünün musiqiyə olan sevgisindən heç zaman soyuya bilməzdi.
1878
TURGENEV VƏ URUSOV
Avqustda biz, əvvəllər Lev Nikolayeviçlə küsülü olan Turgenevin gəlişini gözləyirdik. Mən öz gündəliyimdə bu barədə aşağıdakıları yazmışam: «Getdikcə daha artıq dindar əhvali-ruhiyyəyə qapılan Lev Nikolayeviçi, guya onunla düşmən münasibətdə olan adamın mövcudluğu barədə düşünmək kədərləndirirdi və o, baharda Parisə, Turgenevə məktub yazdı. Orada habelə deyilirdi: «Sizin qarşınızda nə təqsirim varsa, məni bağışlayın». Turgenev cavab verirdi: «Uzadılmış əli məmnuniyyətlə sıxıram…»
Turgenev bizə, avqustun 8-də Lev Nikolayeviçi 2 günlüyə Moskvada şair Puşkinin xatirəsinə təşkil edilən təntənələrdə iştirak etmək üçün dilə tutmağa gəlmişdi. Lev Nikolayeviç, ümumiyyətlə yubileyləri, təntənələri, nitqləri, naharları sevməzdi, onlarda heç zaman iştirak etməzdi: bu dəfə də Turgenevə rədd cavabı verdi.
Turgenev bizə bir daha sentyabrda baş çəkdi8.
Lev Nikolayeviç Turgenevlə ürək dolusu fəlsəfi söhbətlər və mübahisələr edirdi. Yadımdadır, artıq naharın vaxtıdır, nə Turgenev görünür, nə də Lev Nikolayeviç. Mən başa düşdüm ki, onları Çepıje meşəsində, Lev Nikolayeviçin yeni komasında axtarmaq lazımdır. Yaxınlaşıram – doğrudan da İvan Sergeyeviçin əzəmətli qaməti görünür, o qıpqırmızı qızarıb, əl-qolunu oynadaraq nəyəsə etirazını bildirir, Lev Nikolayeviç də qızışmış halda ona nəyi isə sübut edir. Təəssüf ki, söhbətin nədən getdiyini eşitmədim.
Axşam mübahisələr xalis dini-fəlsəfi xarakter aldı, Lev Nikolayeviçin xristianlıq barədə təliminin atəşin tərəfdarı, tez-tez Yasnaya Polyanaya gələn və onun bütün sakinlərinin böyük, vəfalı dostu knyaz Leonid Dmitriyeviç Urusov bu zaman hələ bizdə qonaq idi. Sonralar həmin knyaz Urusov əvvəlcə «Mark Avrelinin kəlamları»nı, bir qədər sonra isə Lev Nikolayeviçin «Mən nəyə etiqad edirəm» («La Religion») əsərini fransız dilinə tərcümə etdi.
Urusov hər cür dini-fəlsəfi əsərləri və fikirləri sevirdi. O, bir zaman məni də Senekanı, Mark Avrelini, Platonu, Epikteti və başqa filosofları oxumağa həvəsləndirmişdi.
Mən o zaman hərisliklə hər şeyi dalbadal oxumağa başladım, qeydlər götürür və fəlsəfədən əsl mənada nəşələnirdim. Bu sahəni heç zaman kimsə mənim üçün kəşf etməmişdi, yalnız cavanlıqda, təqribən 16 yaşımda, rus dili müəllimimin məsləhəti ilə materialistlərin – Büxnerin, Feyerbaxın fəlsəfəsini çox oxuyardım: indi knyaz Urusov məni maarifləndirəndən və fəlsəfi məsələlərin gözəlliyini, dərinliyini və əhəmiyyətini göstərəndən sonra, mən öz təbiətimin qızğınlığı və qətiyyətilə tamamilə mütaliə (xüsusilə qədim mütəfəkkirlərin) zövqünə qapıldım. Oxuduqlarımdan çox şeyi qeyd edir və hətta əzbərləyirdim. Biz onunla tez-tez keçmiş və indiki dövr adamlarının mənəvi həyatına aid müxtəlif mövzularda söhbətlər edərdik və sonralar o «Mən nəyə etiqad edirəm» əsərini tərcümə edərkən bu tərcüməni birlikdə yoxlardıq, knyaz mənə ərimin təfəkkürünün əzəmətini təlqin edir və inandırırdı ki, vaxt gələcək bu əzəmət bütün dünyanı bürüyəcəkdir. Bir dəfə. birlikdə məşğul olarkən, o birdən mənə dedi: «Birgə əqli məşğələ qədər insanları yaxınlaşdıran və bir-birinə bağlayan başqa şey yoxdur, belə deyilmi, qrafinya?»
M.M.Antokolskinin «İsa camaatın məhkəməsi qarşısında» heykəli nəzərdə tutulur. 1874, tunc, Dövlət Rus muzeyi, 1876, mərmər, Dövlət Tretyakov qalereyası).