Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Ankara məhbusu», sayfa 2

Yazı tipi:

Bəli, illərdən bəri ortadan yox olan Vəsfi indi haradadır.

Bu günki Vəsfi onun həyatını korlamış dünənki Vəsfini çox da yaxşı xatırlaya bilmirdi. Həmin Vəsfi adında mübhəm1 bir rəsm kimi qalmışdı.

İndi bu günki Vəsfinin ona bu qədər yad və uzaq gələn dünənkinin davamı ola biləcəyini ağlı qəbul etmirdi.

O Vəsfini həmin dəliliyə sürükləyən səbəb və hisləri indiki Vəsfi anlamırdı. Əvvəlki Vəsfiyə qarşı qəlbində nə paxıllıq, nə kin, nə məhəbbət, nə də mərhəmət vardı…

Halbuki o özünü dünənki Vəsfini həmin müdhiş dəliliyə sövq edən səbəb və hisslərin hələ də təsiri altında olduğuna inandırmaq istəyirdi. Buna inanmağa möhtac idi, bu onun üçün zəruri idi. Əgər bu olmasaydı, o öz qüssəsinə qələbə çala bilməyəcəkdi. Kədərinə qalib gəlməyincə, yaşamaq üçün, qüssələrini yox etmək üçün, Zeynəbə qarşı olan hisslərinin zərrə qədər də dəyişmədiyinə özündə inam yaratmaq lazım idi. Lazım yox, zəruri idi!..

Dünənki Vəsfi: «Həyatımı fəda elədimsə, Zeynəb üçün qurban verdim…» – deyir və bundan təsəlli tapırdı, tapa bilirdi.

Lakin bugünkü Vəsfi həmin cümlələri təkrar edərkən özündə həmin inamı, həmin həvəsi görmürdü. Dünənki Vəsfiyə görə Zeynəbin uğrunda elədiyi, ona layiq deyildi. Zeynəbə hər şeyin ən gözəlini, ən qiymətlisini vermək istəyirdi. Zeynəb dilinin əzbəri olan vaxt həyatın, gələcəyin nə qiyməti, nə əhəmiyyəti var idi ki…

Vəsfi hələ də Zeynəb üçün edilən fədakarlıqların yerində olduğuna özünü inandırmağa çalışırdı. O bu köhnə xatirələrinə bağlı idi. Əvvəlki Vəsfinin Zeynəbə olan odlu məhəbbətinin təsiri azalıb yox olarsa, Vəsfi üçün yaşayışın heç bir mənası olmayacaqdı. Bu xatirələr olmasaydı, Vəsfi yaşaya bilməyəcəkdi, özündə belə bir qüvvət görmürdü.

O, Zeynəbin uğrunda hər şeyi qurban vermişdi: həyatının, gəncliyinin ən gözəl illərini… Onu dəlicəsinə sevmişdi… Ona səcdə etmişdi. Hələ də onu əvvəlki şiddətlə sevdiyinə özündə inam yaratmağa çalışırdı… Lakin Zeynəb, artıq onun üçün pozuq bir xəyal halını almışdı. Bəli, bu Zeynəb əvvəlki Zeynəbə çox oxşayırdı. Amma artıq Vəsfi üçün aydın seçilməyən kölgə halına düşmüşdü. Onu – o zamankı Zeynəbini olduğu kimi gözünün önünə gətirməyə çalışırdı… Dümağ dişlərini göstərə-göstərə gülümsəyən, adamın ağlını başından alan, tayı-bərabəri olmayan, şaqraq qəhqəhəli Zeynəbi görmək istəyirdi.

Zeynəbin insanı başdan çıxaran şən qəhqəhələri hələ də qulaqlarında idi. O, incəbelli, uzun, təsəvvürəgəlməz dərəcədə yaraşıqlı, biçimli qılçaları, o şəfəq saçan, adamı yandırıb-yaxan bir cüt qaragözləri– İstanbulda aydın yay gecələrinin parlaq ulduzlarına bənzəyən gözlərini indi elə bil görən kimi oldu.

Ancaq bütün bunlara baxmayaraq, irəliki Zeynəbi tam mənası ilə, bütün cizgiləri, bütün xüsusiyyətləri ilə xəyalında canlandıra bilmirdi.

* * *

Otağın qapısı birdən açıldı. Başında şapka, ortaboylu bir adam otağa girdi.

– Salam.

– Əleykəssalam.

– Bağışlayın, otaqda olduğunuzu bilmədim. Ona görə qapını döyməmiş içəri girdim.

– Eybi yoxdur.

Həmin adam başından şapkanı çıxarıb, çarpayının üstünə atdı, özü də yanında oturdu.

– Görünür, təzə gəlmisiniz?

– Bəli, indi gəldim.

– Mən düz üç saat bundan əvvəl otaqdan çıxdım, onda siz hələ gəlməmişdiniz.

– Elədir, gəlməmişdim.

– İstanbuldanmı gəlirsiniz?

– Xeyr…

– Ancaq, əminəm ki, istanbullusunuz. Bunu o saat bildim.

– Bəli, istanbulluyam, oraya qayıdacağam.

– İstanbul kimi gözəl bir şəhərdə yaşamış adam, başqa bir şəhərdə necə qala bilər?.. hər halda, oranı çox gəzmiş olarsınız?..

Vəsfi həmin adamın ona başqa suallar verməməsi üçün yerindən qalxıb əlüzyuyana yaxınlaşdı. Əllərini yumağa başladı… Lakin müsahibi hələ də danışırdı:

– Doğrudan istanbullusunuz?.. Gözəl şəhərdir…

Mən İstanbulu yaxşı tanıyıram, bir neçə dəfə orda olmuşam… İki dəfə Sirkəcidə gözəl bir mehmanxanada qaldım…

Vəsfi: «Bu adam heç susmayacaq?»– deyə düşündü. O isə hələ də danışmaqda idi.

– İstanbulda çox xoş günlər keçirtdim. Orada görməli şey çoxdur. Qadınları da olduqca gözəldir ha!..

O, bic-bic gülüb Vəsfiyə baxdı və sözünə davam etdi:

– Düz deyilmi?

– Düz deyirsiniz… Siz ankaralısınızmı?..

– Xeyr, lakin ilin yarısını burada keçirirəm. Kəskində arvadım və bir dəyirmanım var.

Vəsfi əllərini quruladıqdan sonra şapkasını götürdü.

– Gedirsiniz?

– Bəli…

– Ciftliyə, yoxsa Bomantiyə gedəcəksiniz?.. Ankaraya gələn adam bu iki yerdən birində yemək yeməlidir…

Vəsfi cavab vermədi…

– Mən sizə Ciftliyi məsləhət bilirəm. Çox Yaxın deyil, amma taksi ilə getmək olar.

– Eləmi?

– Mən də bu axşam oraya getmək niyyətindəyəm… Orada çox gözəl xanəndələr var. Həm də, allah haqqı, bir-birindən gözəl qızlar. Yəqin ki, siz bunlara əhəmiyyət verməzsiniz. İstanbulda gözəl qızlar görməyə alışmışsınız. Amma, yenə də, Ciftliyə gedin, peşman olmazsınız.

Vəsfi:

– Bəlkə getdim, – deyə gülümsündü.

Amma elə yerlərə getməyəcəyinə əmin idi, çünki ora getməyə nə həvəsi, nə də pulu vardı. Ailəsiz və dostsuz Vəsfi, cibindəki bir neçə lirə ilə iş tapana qədər bir təhər dolanmalı idi.

Vəsfi, gülümsəyə-gülümsəyə ona baxan adama:

– Hələlik, allah əmanətində – dedi.

– Gülə-gülə.

Vəsfi otaqdan çıxdı və yavaşca qapını örtdü.

* * *

Bir müddət səkidə qərarsız dayanıb, ətrafına baxdı. Hələ o qədər də gec deyildi, qaranlıq düşməmişdi. Dünən bu saatlarda hələ orada olduğunu yada saldı.

Həbsxana yoldaşları ilə axırıncı dəfə çörək yeyəcəkdi… Vəsfi düşünürdü. İndi Müsləhəddinin həyətdə manqalın üstündə bişirdiyi plovu yeyirlər. Ona plov bişirməyi heç kəs, hətta həbsxana intizamı belə qadağan edə bilməmişdi. Xoca olduğu üçün həbsxana gözətçiləri onun bu şıltaq inadına göz yummuşdular…

Müsləhəddin xoca bundan istifadə edərək hər gün, həvəslə plovunu bişirər, ağzını marçıldada-marçıldada böyük bir iştaha ilə yeyərdi. Onun bu cür plov yeməsi Vəsfini əsəbiləşdirər və həmişə: «Ağzını birdə belə marçıldatsan ağız burnunu əzəcəyəm», – deyərdi. Xoca bu sözlərə qətiyyən acıqlanmazdı: «Haqlısan, oğlum, – deyərdi – Nə edim, bu pis adəti bir il yalqız yaşadığım hücrədə öyrəndim… Yemək yediyimi qulaqlarımla eşitmək mənə çox xoş gəlirdi. Hücrədə tək-tənha qalmadığıma inanan kimi olurdum».

Xocanın üzü arıq saqqalı qısa idi, sol yanağının üstdə qırmızı ləkə vardı… Danışanda yaşıl rəngə çalan uzun dişləri və dişlərinin ağımtıl əti görünərdi. Baxışları həmişə mütəvazi idi, davakar deyildi, hamı ilə astadan danışardı. Lakin belə görünməsinə baxmayaraq, Müsləhəddin xoca qatil idi… Arvadını zəhərlədiyi üçün iyirmi il həbs cəzasına məhkum edilmişdi. Xoca qatil olduğunu boynundan atırdı. Arvadını öldürməmişdi; yeri düşəndə deyərdi: «Arvadımı mən öldürməmişəm. Özü zəhər içib, canına qəsd elədi».

Lakin onun sözlərinə inanan olmazdı. Xülasə, Müsləhəddin xoca çox qəribə adam idi. Uzun müddət eyni bir həbsxanada qalmazdı. Olduğu yerdə darıxan kimi ərizə yazar, necə edərdisə başqa bir həbsxanaya köçürülməyin çarəsini tapardı. Xocanın gələcək haqqında planları da var idi. Kefi kök olanda gülə-gülə deyərdi:

– Buradan çıxan kimi birinci işim körpəcə bir qızla evlənmək olacaq… Təcrübəsiz, bakirə bir qızcığazla…

Bəli, Müsləhəddin xoca gələcək işlərindən danışa bilər – axı o, buraxılandan sonra nə edəcəyini indidən bilirdi… Halbuki Vəsfi həbsxanada yatdığı zamanlar, bir gün azadlığa çıxacağına heç cür inanmamışdı… Məhz həmin hissin təsiri idi ki, Vəsfi ona qaytarılmış azadlığın qarşısında, hələ də çaşqın, devikmiş bir halda qalmışdı…

Mütərəddid addımlarla küçənin tinindəki kiçik bir restorana girdi. Masaların üstünə süfrə salmışdılar. Süfrələr təmiz olmasa da, Vəsfinin xoşuna gəldi. On iki ildən bəri birinci dəfə idi ki, süfrəli masada yemək yeyəcəkdi. Restoranın bir küncündə boş stol gördü, keçib oturdu. Restoranda adam çox idi, xidmətçi onu dərhal görmədi. Vəsfi səbirlə xidmətçini gözləməyə başladı…

Həbsxanada adət etdiyi səbirlə ətrafına baxındı. Restoranda qadın müştəri az idi, çoxluğu kişilər təşkil edirdi. Kassanın yanında oturan sahibkar şişman bir adamdı. Radioda köhnə, kədərli bir mahnı oxunurdu. İnsan iztirabını, həsrətini səsləndirən bu qədim mahnını Vəsfi çox yaxşı bilirdi. Çalğıçı Mahmud bu mahnını həbsxanada tez-tez oxuyardı, həm də fasilə vermədən o qədər oxuyardı ki, Şövkətini hövsələdən çıxardar, o da hədələyici bir səslə Mahmudun üstünə qışqırardı: «Balam, sənin bütün həyatın iztirabdır, həbsxanada çürüyürük… Burda Axıntı-burnu meyxanasında deyilsən! Həbsxanadasan… Kəs səsini, sənin bu mahnından lap təngə gəldik».

Hamı gülərdi, Mahmud isə sanki heç bir şey eşitmirmiş kimi mahnını oxumaqda davam edərdi. Qəribə məxluq idi Mahmud! Döysələr də, üzünə qarşı söysələr də, özünü o yerə qoymaz, əhəmiyyət verməzdi… Onda nə izzəti-nəfs, nə də vüqar qalmışdı. heç nədən narazılıq etməz, heç kəsə cavab qaytarmazdı. Vəsfi düşündü ki, yəqin yenə də Mahmud mahnısını oxuyur və yenə də bizim Şövkəti əsəbiləşib ona deyir:

«Axıntı-burnu meyxanasının qapıları nə mənim, nə də sənin üzünə açılacaq… Çünki sən də, mən də – iki rəzilik».

Zavallı Şövkəti! Artıq səbrini qeyb edib. Əsəbləri pozulmuşdur. Yenə bu axşam işıq üstündə gözətçi ilə dalaşacaq… hər gecəki dava…

Vəsfi öz-özündən soruşdu: «Dustaqlığın ilk illəri adama çox dözülməz gəlir. Görəsən, bu niyə belədi?.. Sonralar isə adam yavaş-yavaş alışır. Əvvəllər bəzən adam dözmür, üsyan edir, sonra isə kütləşir və tabe olur… Bəs itaət insanı insanlıq duyğusundan uzaqlaşdırmırmı?.. Hər halda, bu belədir… Adam yavaş-yavaş bütün duyğularını itirir. Miskin vəziyyətə düşür, ətalət dövrü başlanır. Adam, əvvəlki mənliyini itirərək bir kölgəyə çevrilir. Bəli, cansız, ruhsuz bir kölgəyə! Məhbuslar ruhsuz qalmış kimsələrdir! Bu ölümdən də qorxunc bir şeydir».

Vəsfi üçün yenidən dirilmək vaxtı gəlmişdi. «Ruhum» – deyib mənliyində daşıdığı cəsədin isinməsi, yenidən dirilməsi zəruri idi. Lakin bu, çox tezliklə başa gələn iş deyil. İnsan bu ölü duyğulardan dərhal yaxa qurtara bilməz. Anlayırdı ki, bu çətin olacaq.

Birdən rəngi sapsarı oldu. Radio ilə «Zeynəb» mahnısını verirdilər: «Üç kəndin içində adlı-sanlı Zeynəbim…» Vəsfinin Zeynəbi həmin o «üç kəndin içində» seçilən gözəllər gözəli Zeynəbdən də qənirsiz idi. O, İstanbulun ən yaraşıqlı qızı idi.

Restoran xidmətçisi hələ onun masasına yaxınlaşmadığı üçün dərhal yerindən qalxdı, qapıya doğru addımladı. Mahnıdan qaçıb qurtulmaq istəyirdi… Fəqət, mahnı onu küçədə də təqib etdi… Qarşı səkidəki qəhvəxananın radiosu da həmin mahnını çalırdı…

Vəsfi bir neçə küçəni ötüb keçdi, kiçik bir meyxananın önündə durdu. İçəri girdi, piştaxtaya yaxınlaşdı, bir qədəh araq istədi. Meyxana çox qaranlıq idi. Sol gözü şəhla olan meyxanaçının sağ közündən biclik, hiyləgərlik yağırdı. Meyxanaçı çirkli əlləri ilə ona bir qədəh araq süzdü, yemək üçün bir az ucuz məzə də verdi.

Çoxdan bəri içki içmədiyi üçün arağın birinci qurtumundan sonra qanının beyninə vurduğunu hiss etdi.

Burada radio yox idi. Piştaxtanın bir başında iki işçi dayanıb nə haqdasa gülə-gülə danışırdılar. Piştaxtanın o biri başında isə üç tələbə mübahisə edirdi. Tələbələrlə Vəsfinin arasında gözləri qızarmış, paltarı qırış-qırış olmuş bir adam qədəhindəkini qurtumlayırdı.

Vəsfi ilk qədəhi içdikdən sonra daxilində bir fərəh duydu. İkinci bir qədəh sifariş verdi və bir siqaret yandırdı… Sonra ağır addımlarla, mehmanxanaya qayıtdı və dərhal yerinə girdi.

Otaq yoldaşları hələ gəlməmişdi. Vəsfi tək olsa da, yata bilmirdi, öz-özünə danışıb elə hey təkrar edirdi: «Sabah İstanbula gedəcəyəm…» Sonra bu düşüncəsinə başqa fikirlər də qarışdı: «Görəsən Zeynəbi axtarıb tapmaq üçün cürətim çatacaqmı?.. Bu cəsarəti heç vaxt özündə tapa bilməyəcəyinə əmindi. Görəsən o, çox dəyişib?.. Görəsən böyük əmim hələ sağdımı?.. Böyük əmisi hələ on iki il əvvəl lap qoca bir adam idi…

Zeynəbin dəyişilib-dəyişilməməsinin heç bir əhəmiyyəti yox idi. Onsuz da Vəsfi bu gün nədənsə onun sifətini gözünün önünə gətirə bilmirdi. Zeynəb onun xatirəsindən silinmiş kimi idi. Necə bir qadın idi? İndi o incəbelli, uzunboylu, qaragözlü Zeynəbdən Vəsfinin yaddaşında yalnız qəhqəhələri qalmışdı. Bəzən nəşəli, bəzən zarafatcıl, bəzən də həyəcanlandırıcı bir qəhqəhə! Hələ Zeynəbin üzünü görməmişdən əvvəl, eşitdiyi gülüşlər indi də Vəsfinin qulaqlarında idi. Bu nadir qəhqəhəni ilk dəfə eşidəndə Vəsfi yatağında uzanmışdı, Bir yay günü kiçik bağçaya baxan pəncərə açıq idi. Yataqda olsa da yuxulamırdı. Günortadan sonra hava büsbütün ağırlaşmışdı. O da gözlərini yumub uzanmışdı. Birdən şən və şaqraq bir qəhqəhə eşidərək gözlərini açdı. Bu, qadın qəhqəhəsi idi. Amma ürəkdən gələn sadə, səmimi və nəşəli bir uşaq qəhqəhəsini xatırladırdı. Belə, ürəkdən gülə bilən qadın kim olardı?..

Vəsfi bu kiçik məhəllənin adamlarının, demək olar ki, hamısını tanıyırdı. Məhəllələrindəki evlərin bağçaları bir-birindən taxta çəpərlərlə ayrılmışdı. Yerindən qalxıb pəncərəyə yaxınlaşdı. Bu cür gözəl gülə bilən qadını görmək istəyirdi, fəqət, görə bilmədi…

Taxta çəpərlərlə bir-birindən ayrılmış kiçik bağçalardan birində dörd uşaq oynayırdı. Başqa birisində qoca arvad pişiyini yedizdirirdi. Qarşıdakı qonşuları Nuriyyə xanım da bağçasında paltar yuyurdu. Qəhqəhələr ara vermirdi. Vəsfi bu qəhqəhəni üzbəüzdəki evdən gəldiyini anladı. Qəhqəhələr Nuriyyə xanımın üçmərtəbəli evindən gəlirdi. Nuriyyə xanım evinin zirzəmisində yaşayırdı. Üstdəki üç mərtəbəni isə kirayə verib, aldığı pulla dolanırdı.

Birinci mərtəbəni kiçik bir məmur olan Faruk bəylə arvadı tutmuşdu. Kədərli və xəstə adam idilər. Məhəllədə onların gülümsədiyini belə heç kəs görməmişdi. İkinci mərtəbədə yaşayanlar bir ana və bir qız idi, ikisi də birlikdə rezin fabrikində işləyirdilər. Gecə növbəsində… Axşam saat səkkizdə evdən çıxar, ertəsi gün yeddidə qayıdardılar. Həmişə əsəbi, yorğun olardılar. Evə gələn kimi dərhal yatağa girərdilər və bütün günü yatardılar. Pəncərələrinin pərdəsi həmişə salınmış olardı. Üçüncü mərtəbədə isə bir qadın yaşayardı. Ancaq qadın ölmüşdü. O gündən bəri də onun yaşadığı otağın pəncərələri qapalı qalırdı.

Vəsfi birdən həmin pəncərələrin açıq olduğunu gördü. Pəncərələrdən yaxşı tanıdığı xəfif xışıltı eşitdi. Yəqin kim isə içəridə döşəməni yuyurdu. Onun anası da sabunlu su ilə taxtaları belə yuyardı. Təzə qonşunun bu çətin və yorucu işi belə nəşə ilə, gülə-gülə görməsi Vəsfiyə qəribə gəldi. Adətən, bu iş əksər qadınları əsəbiləşdirir, qanlarını qaraldır. Üçüncü mərtəbənin təzə kirayənişini, yəqin çox nəşəli adamdır. Bu da təəccüblü idi. Məhəllədə nəşə o qədər nadir təsadüf edilən şey idi ki…

* * *

O gündən sonra Vəsfi hər gün eşitdiyi həmin şən qəhqəhələrin təsirindən qurtulmadı. Bu qəhqəhələr günün müxtəlif saatında eşidilərdi və hər dəfə də Vəsfini sanki alov qarsardı. Doğrudan da həmin qəhqəhələrdə alov hərarəti vardı.

O zamanlar Vəsfi hələ gənc idi… O qədər də təcrübəsiz və pak olmasalar da həmin yaşdakı gənclər, asanlıqla həyəcanlanırlar…

Vəsfi heç zaman ata danlağı görməmişdi. Anasına gəlincə isə, oğlunu sonsuz bir məhəbbətlə sevən bu qadın, övladına qarşı heç zaman sərt olmamışdı. Vəsfi ibtidai məktəbdə beş il əvəzinə yeddi il oxumuşdu. Ən çox sevdiyi əyləncə, yoldaşları ilə top-top oynamadığı vaxtlarda çölə gedib cələ ilə quş tutmaq idi. On dörd yaşına çatanda daha böyük bir adam olduğuna inanmışdı. Elə bu yaşda da papiros çəkməyə, on yeddi yaşında ikən yoldaşları ilə məhəllədəki meyxanaya getməyə başlamışdı. Amma yenə də bu qəhqəhələr onu yerindən oynatmışdı.

* * *

İlk eşq macərasını hələ lisey tələbəsi olduğu zaman yaşamışdı. Bu ilk macəra özü kimi bir lisey tələbəsi olan gənc qızla məktublaşmaqdan ibarət idi. Bu məktublar həddən ziyadə aşiqanə yazılmış uşaq məktubları idi.

Həmin macəradan az sonra, məhəllə qəssabının gözəl arvadı, əri olmayan vaxtda Vəsfini evinə dəvət etdi. Bu, nərmənazik, ağ bədənli, sarışın bir qadın idi.

Vəsfi bir müddət həmin qadına bağlandı. Macəraları aylarca davam etdi… Sonra isə qəssab, ticarət işini böyütdüyündən, məhəllədəki kiçik dükanını Misir bazarına köçürdü, arvadını da şəhərin başqa bir tərəfində tutduğu evə apardı. Beləliklə də Vəsfinin öz «məşuqəsi» ilə görüşməsi çətinləşdi. Daha sonra onunla görüşmək fikrindən tamam əl çəkdi… Özünü artıq təcrübəli, görüb-götürmüş və həyatdan doymuş bir adam hesab elədi.

Yüngül bir iş tapıb müəssisədə çalışmaq üçün, liseydən çıxmaq qərarına gəldi. Ancaq anası bütün gücü ilə ona mane oldu. Dul qalandan sonra bir tikə çörək qazanmaq xatirinə varlı evlərində xidmətçilik edən bu qadının arzusu o idi ki, oğlu təhsilini davam etdirib oxusun.

– Xeyr, əziz balam, – deyirdi, – mən istəyirəm ki, sən oxuyasan, təhsilini başa vurmamış işləməyə məcbur olmayasan. Atandan bizə çatan təqaüd çatışmadığı üçün mən çalışaram, işləyərəm, çünki səni də baban kimi oxumuş, təhsilli gərmək istəyirəm.

O zaman Vəsfi anasını qucaqlayıb zarafatca soruşardı:

– De görüm, anacığım, babamın təhsili nə qədər idi?

O, ali təhsil görməmişdi. Sənətkar idi. Amma onun böyük qiyməti, məharəti vardı. O, həqiqi sənətkar idi.

– Ana can, babam da əmim kimi xarrat idi, vəssalam.

– Elə demə, oğul, özün ki, babanın düzəltdiyi şeyləri görmüsən. O heç əminlə müqayisə edilər? Sözsüz ki, onun ustalığı, qabiliyyəti əmində yoxdur…

– Eh, ay ana, bunun əhəmiyyəti nədir ki… Babamın məharəti əmimdə olsa da, nə edə bilərdi? Nə qazanacaqdı? Atamın əmisinə bir bax. Onun nə təhsili, nə də qardaşı kimi hünəri var, lakin bununla belə nəslimizdə ən zəngin adam odur.

– Sənin onunla nə işin var, oğlum. O, tacir adamdır. Halda2 iki kişinin biridir… Çoxlu pulu, sərvəti var…

– Düzdür, bunu hamı bilir.

– Mən sənin varlı bir adam olmağından daha çox savadlı adam olmağını istəyirəm… Mənim atam təvazökar bir müəllim idi, çox ağıllı, çox oxumuş, çox savadlı bir adam idi. Sənin atan da həqiqi bir ziyalı, hörmətli məmur idi. Sənin gələcəkdə böyük adam olacağına inanırdı. «Mənim oğlum mənim kimi balaca bir məmur olmayacaq, – deyərdi. – Onun elm adamı, bəlkə də tanınmış bir həkim olacağına əminəm…».

Oğlu ilə belə söhbətləri edəndə həyəcandan qadının üzü qızarırdı. Gülümsəyərək deyərdi:

– Bəli, oğlum, mən sənin həkim olmağını istəyirəm.

Məşhur bir həkim olacaqsan. Mən sənin ağlına, zehninə, fərasətinə inanıram. Kim bilir, bəlkə də, bilikli bir müəllim olacaqsan. Əgər həvəs göstərsən, çalışsan bunlar mümkün olan işdir. Mən də qocalanda əlimdən tutacaq, dadıma çatacaqsan. Xəstələnəndə mənə özün baxacaqsan, müalicə edəcəksən. hələ ki, şükür, canım suludur, işləyə bilirəm. Çalışacağam ki, sən oxuyasan; yorulmadan, usanmadan ən ağır işləri məmnuniyyətlə görəcəyəm. Təki sən oxu, təki təhsilini başa vur. Sonra isə məlumdur. Sən işlərsən, ananı dolandırarsan. İşləmək növbəsi sənə çatar.

1.Qeyri-müəyyən, gizli, qaranlıq, naməlum, üstüörtülü, anlaşılmaz
2.Hal – üstü örtülü bazar yeri.
₺56,41