Kitabı oku: «Müharibə qadın simalı deyil», sayfa 5
– Nə olsun ki? Afərin sənə! Heç olmasa bir nəfər nor-mal vəziyyətdədir, yoxsa hamı ayaq üstündə yuxulayır…
Mənsə xəcalət çəkirdim. Və biz bütün müharibəni be-lə vicdanla yaşadıq.
Tibbi-sanitar batalyonunda mənə çox yaxşı yanaşır-dılar, amma mən kəşfiyyatçı olmaq istəyirdim. Deyirdim ki, əgər buraxmasalar, ön cəbhəyə qaçacağam. Buna görə də məni komsomoldan çıxartmaq istəyirdilər, çünki hərbi nizamnaməyə əməl etmək istəmirdim. Amma yenə də mən qaçdım.
“Şücaətə görə” ilk medal…
Döyüş başladı. Şiddətli atışma gedirdi. Əsgərlər yerə uzanmışdılar. Komanda verildi:
– İrəli! Vətən uğrunda!
Onlarsa hələ də uzanmışdılar. Yenə komanda, yenə uzanan əsgərlər. Mən papağımı başımdan çıxartdım. Qoy görsünlər ki, ayağa qalxan qızdır. Və onlar hamısı ardım-ca ayağa qalxdılar və biz döyüşə atıldıq.
Mənə medal təqdim etdilər və elə həmin gün də biz tapşırıq dalınca yola düşdük. Həyatımda ilk dəfə… Bi-zim… Qadınların olan məsələ başladı. Mən özümdə qan gördüm, o dəqiqə də bağırmağa başladım:
– Yaralanmışam! Məni yaralayıblar!
Kəşfiyyatda bizimlə bir zabit vardı, artıq ahıl yaşla-rında idi. O mənə baxıb soruşdu:
– Hardan yaralanmısan?
– Hardan olduğunu bilmirəm, amma qan var…
O mənə ata kimi hər şeyi izah etdi.
Müharibədən sonra da on beş ilə yaxın kəşfiyyata getdim. Hər gecə yuxularımda eyni şeylər görürəm: gah mənim avtomatım güllə atmır, gah da bizi mühasirəyə alırlar…
Yuxudan ayılıram – dişlərim bir-birinə sıxılıb. Xatır-lamağa çalışıram – hardayam? Orda, yoxsa burda?
Müharibə qurtardı, mənim üç arzum var idi: birincisi – nəhayət, qarnı üstündə sürünməyəcəkdim, əvəzində trolleybusda gəzəcəkdim; ikincisi – bütöv bir ağ baton çö-rəyi alıb yemək istəyirdim; üçüncüsü – ağ yorğan-döşək-də yatmaq… Özü də döşəkağıları xış-xış xışıldasın. Ağap-paq döşəkağıları…
LYUBOV ARKADYEVNA ÇARNAYA
kiçik leytenant, şifrələyici
İkinci uşağa hamiləydim. Oğlumun iki yaşı vardı, mənsə yenə də uşağa qalmışdım. Bu arada müharibə baş-ladı. Ərim cəbhəyə getdi. Mənsə valideynlərimin yanına yollandım və… Özünüz başa düşürsünüz də… Abort elətdirdim. Düzdü, o zaman buna qadağa vardı. Amma necə doğaydım? Hər yan göz yaşıyla dolu idi. Müharibə gedirdi! Ölümün içində necə doğmaq olardı?
Şifrələyicilərin kursunu bitirdim və cəbhəyə yola düşdüm. Öz uşağıma görə qisas almaq istəyirdim, onu dünyaya gətirə bilmədiyimə görə. Qızımı… Axı qızım dünyaya gələcəkdi.
Ön cəbhəyə göndərmələrini xahiş etdim. Ştabda sax-ladılar…
VALENTİNA PAVLOVNA MAKSİMÇUK
zenit topçusu
Şəhərdən çıxırdıq. Hamı çıxırdı. Qırx birinci il, iyu-nun iyirmi səkkizi, günorta vaxtı. Biz – Smolensk Pedaqo-ji İnstitutunun tələbələri başqaları kimi mətbəənin həyə-tində toplaşmışdıq. Toplanış uzunmüddətli olmadı. Köh-nə Smolensk yolu ilə şəhərdən çıxdıq – Qırmızı şəhər isti-qamətində. Ehtiyatlı olmaq üçün ayrı-ayrı qruplar halın-da hərəkət edirdik. Günün sonuna yaxın havanın istiliyi azaldı, irəliləmək asanlaşdı və geri baxmadan daha sürət-lə hərəkət etməyə başladıq. Geri boylanmağa qorxurduq… Düşərgə salmaq üçün dayandıq və yalnız o zaman şərqə doğru boylandıq. Bütün üfüq qıpqırmızı rəngə bürün-müşdü, qırx kilometrlik məsafədə adama elə görünürdü ki, yanğın bütün səmanı bürüyüb. Bizə aydın oldu ki, üfüq tərəfdə on, ya da yüz ev yanmır. Bütün Smolensk atəşə verilib.
Mənim yaraşıqlı, təzə bir donum var idi. O, Veranın – rəfiqəmin çox xoşuna gəlirdi. Bir neçə dəfə əyninə geyinib yoxlamışdı. Söz vermişdim ki, toyunda bu donu ona ba-ğışlayacağam. O, həmin ərəfələrdə ərə getməyə hazırlaşır-dı. Yaxşı da bir nişanlısı vardı.
Amma bu vaxt müharibə başladı. Biz səngərlərə ge-dəsi olduq. Bütün əşyalarımızı yataqxananın komendantı-na təhvil verdik. Bəs bu don necə olacaqdı?
– Götür, Vera, – şəhərdən çıxdığımız zaman ona dedim.
Götürmədi. Guya, vəd etdiyim kimi, toyunda bağış-layacaqdım… Həmin yanğının içərisindəcə o paltar da ya-nıb kül oldu.
İndi biz elə hey irəliləyir və tez-tez arxaya baxırdıq. Bizə elə gəlirdi ki, kürəklərimiz bişir. Bütün gecə dayan-madıq, səhərisi gün isə işə çıxdıq. Tank əleyhinə xəndək-lər qazmağa… Yeddi metr şaquli divar, üç metr yarım də-rinlikdə. Qazıram və mənə elə gəlir ki, əlimdəki bel od tu-tub yanır, torpaq sanki qıpqırmızı rəngə boyanıb. Çiçəklər və yasəmənlərlə bəzənmiş evimiz gözlərimin qarşısından getmir. Ağ yasəmənlər…
Biz iki çay arasında olan çaybasar çəmənlikdə düzəl-dilmiş komada yaşayırdıq. İsti və rütubətli bir yer idi. Ağ-caqanadlar saysız-hesabsızdı. Yatmamışdan qabaq onları tüstü ilə komalardan çıxardırdıq, səhər açılana yaxın isə yenə də içəri dürtülür, bir-iki saatı rahat yatmağa imkan vermirdilər.
Bir müddət sonra məni oradan səhiyyə hissəsinə apardılar. Hamımız yerdə – yan-yana yatırdıq, çoxumuz xəstələnmişdik. Yüksək hərarətimiz vardı. Titrətmə.
Uzandığım yerdəcə ağlayırdım. Elə bu vaxt palatanın qapısı açıldı, həkim astanadanca (burdan o yana keçmək mümkün deyildi, döşəklər sıx-sıx düzülmüşdü) dedi:
– İvanova, qanında plazmodi14 var.
Bu, mənim qanımda idi, demək. O bilmirdi ki, altıncı sinifdə olarkən haqqında dərslikdə oxuduqlarımdan son-ra mənin üçün həyatda bu plazmodidən qorxulu heç bir şey yoxdur. Elə bu vaxt reproduktorun səsi eşidildi:
– Qalx ayağa, böyük ölkə!
Mən ilk dəfə o zaman eşitdim bu mahnını. “Bax, qoy sağalım, dərhal cəbhəyə gedəcəyəm” – öz-özümə dedim.
Bir həftə Roslavlda qaldıqdan sonra məni Kozlovka-ya gətirdilər. Skamyanın üstünə qoydular, oturdum, yıxıl-mamaq üçün var gücümü toplayaraq özümü saxlamağa çalışdım. Amma yuxudaymışam kimi səslər eşidirdim:
– Bu odur?
– Hə, – feldşer dedi.
– Yeməkxanaya aparın. Əvvəlcə yedirin.
Və budur, indi artıq çarpayıdaydım. Bunun nə de-mək olduğunu siz başa düşürsünüz? Ocaq yanında torpa-ğın üstündə deyil, ağacın altında yağmurluq çadırda de-yil, hospitalda, istidə və çarpayıda… Düz yeddi gün yuxu-dan ayılmadım. Sonra danışırdılar ki, tibb bacıları məni oyadıb yedirdirmişlər. Mənimsə heç nə yadımda deyil. Yeddi gün sonra özüm ayıldığımda həkim gəldi, baxdı və dedi:
– Orqanizmi möhkəmdir, sağalacaq.
Və mən yenidən yuxu aləminə qərq oldum.
… Cəbhədə öz hissəmlə birlikdə o dəqiqə mühasirəyə düşdüm. Qidalanma normamız – gündə iki suxari idi. Öl-dürülənləri dəfn etməyə vaxt çatmırdı, sadəcə onların üstünü qumla basırırdıq. Sifətlərini də papaqla örtürdük.
– Əgər sağ qalsaq, – komandir deyirdi, – səni arxa cəbhəyə göndərəcəyəm. Mən əvvəl elə düşünürdüm ki, qadın burda heç iki gün də dözə bilməz. Elə ki gözlərimin qarşısına öz arvadım gəlir…
Bunu eşidəndə inciklikdən ağlamağa başladım; mə-nim üçün bu, ölümdən betər idi – belə bir zamanda arxa cəbhədə oturmaq?! Ağlım və qəlbimlə hər şeyə davam gə-tirirdim, amma fiziki olaraq dözmürdüm. Fiziki yüklən-mələr məni məhv edirdi…
Yadımdadır, mərmiləri qucağımızda daşıyır, topları palçığın içi ilə sürüyürdük; xüsusilə də Ukraynada yağış-dan sonra və baharda torpaq o qədər ağır olurdu ki… Lap xəmir kimi. Hətta qardaşlıq məzarı qazaraq yoldaşlarımı-zı dəfn etmək belə ağır olurdu. O zaman biz hamımız üç sutka idi ki yatmırdıq. Artıq ağlamırdıq da. Çünki ağla-maq üçün də güc lazım idi, bizsə yatmaq istəyirdik. Yat-maq və yatmaq…
Qarovulda mən dayanmadan var-gəl edir və ucadan şeir oxuyurdum. O biri qızlar mahnı oxuyurdular ki, yıxılmasınlar, yatmasınlar.
MARİYA VASİLYEVNA JLOBA
məxfi siyasi işçi
Minskdən yaralıları çıxarırdıq. Mən hündürdaban ayaqqabıda gəzirdim, boyumun balaca olmasından uta-nırdım. Sonra dabanımın biri qırıldı; elə bu zaman qışqır-dılar:
– Desant!
Mən ayaqyalın qaçırdım, ayaqqabılarımsa əlimdə idi, atmağa heyfim gəlirdi – çox gözəl tuflilər idi.
Bizi mühasirəyə aldıqlarında və gördükdə ki, bura-dan qurtula bilməyəcəyik, sanitar Daşa ilə birlikdə xən-dəkdən qalxdıq; artıq gizlənmirdik, bütün boyumuzla boy göstərib dayanmışdıq. Yaxşısı budur, başımızı mərmi aparsın, nəinki onlara əsir düşək, yoxsa təhqir edəcəklər. Yaralılardan da kim ayağa qalxa bilirdisə, qalxdı…
Mən ilk faşist əsgərini görəndə heç bir söz deyə bil-mədim, dilim-ağzım qurudu. Onlar isə gəlirdilər: gənc və şən idilər, gülümsəyirdilər. Və onlar harda dayanırdılar-sa, harda bir quyu, ya su çuxuru görürdülərsə, mütləq yu-yunmağa başlayırdılar. Qolları da həmişə çirmələnmiş olurdu. Elə hey yuyunurdular… Ətraf qanla dolu idi, qış-qırıqlar eşidilir, onlarsa elə hey yuyunur, yuyunurdular.
O zaman mənim içimdə elə bir nifrət baş qaldırdı ki… Evə gəldim, düz iki dəfə üst köynəyimi dəyişdim. Da-xilimdə hər şey o qədər onların burada olmasına üsyan edirdi ki… Gecələr yata bilmirdim. Bəs necə? Bizim qon-şumuzu, Klava xalanı onların torpaqlarımızda gəzdiklə-rini görəndə iflic vurmuşdu. Onun evində idilər almanlar. O tezliklə dünyasını dəyişdi, çünki buna dözə bilmədi…
MARİYA TİMOFEYEVNA SAVİTSKAYA-RADYUKEVİÇ
partizan-rabitəçi
Almanlar kəndə girirdilər. Böyük qara motosiklet-lərdə… Mən gözlərimi bərəldib onlara tamaşa edirdim: onlar gənc idilər, şən idilər. Durmadan gülüşürdülər. Qəhqəhə çəkirdilər. Onların burada, bizim torpaqlarda ol-duqlarını, hələ bir üstəgəl güldüklərini gördükdə az qala ürəyim dayanacaqdı.
Mən ancaq qisas almaq haqqında xəyal qururdum… Necə həlak olacağımı, haqqımda necə kitab yazılacağını təsəvvür edirdim. Mənim adım qalacaqdı. Bu mənim ar-zum idi.
Qırx üçüncü ildə qızımı dünyaya gətirdim. Bu o za-mandı ki, biz ərimlə birlikdə meşəyə – partizanların yanı-na gəlmişdik. Bataqlıqda doğdum – saman tayasının üs-tündə. Əskilərini öz üstümdə qurudurdum, qoltuğuma qoyur, isidir, sonra yenə onlarla uşağı bələyirdim. Ətraf-da hər şey od tutub yanırdı, kəndləri içindəki adamlarla birlikdə atəşə verib yandırırdılar. Məktəblərdən qovur-dular, kilsələrdən çıxarırdılar. Neft tökürdülər. Beş yaşlı qardaşım qızı da mənimlə birlikdə idi, o bizim söhbət-lərimizi eşitdikdən sonra bir dəfə soruşdu:
– Manya xala, mən yanandan sonra yerimdə nə qala-caq?! Ancaq çəkmələrim?
Uşaqlarımız, bax, bu barədə soruşurdular.
Mən yanan insanların qalıqlarını toplayırdım. Rəfiqə-min ailəsini toplamağa kömək etmişdim. Sümükləri da-ğılmış halda tapırdıq və harda ki, paltarın bir parçasını görürdük, lap bir ucu da olsa, bunun kim olduğunu mü-əyyən edə bilirdik. Hər kəs özününkünü axtarırdı. Mən bir parçanı qaldırırdım ki, rəfiqəm dedi:
– Anamın köynəyidir…
Sonra yıxıldı.
Kimisi döşəkağına, kimisi yorğanüzünə yığırdı sü-müklərin qalığını. Nə gətirirdilərsə, ona… Rəfiqəmlə mən çantamıza yığırdıq, amma topladığımız heç çantanın yarı-sından belə olmadı. Yığdıqlarımızı ümumi qəbrə qoyduq. Hər şey qapqara idi, ancaq sümüklər ağappaq ağarırdı. Bir də sümüyün külü. Mən onu artıq tanıya bilirdim… O da ağ olurdu – ağappaq…
Bundan sonra məni hara göndərirdilərsə, artıq qorx-murdum. Uşağım balaca idi, üç aylığında onu özümlə bir-likdə tapşırığı yerinə yetirməyə belə aparırdım. Komissar məni göndərir, özüsə arxamca baxıb ağlayırdı. Şəhərdən tibb ləvazimatları gətirirdim – tənzif, serum… Uşağı ayaq-larımın və əllərimin arasına qoyur, əski ilə bələyir və özümlə aparırdım.
Meşədə yaralananlar ölürdülər. Getmək lazımdı! La-zımdı! Başqa heç kəs keçib gedə bilmirdi, gizlicə adlaya bilmirdi, hər yerdə alman və polis postları vardı, bircə mən keçirdim. Uşaqla birlikdə. O isə mənim qucağımda bələkdə idi.
İndi bunu etiraf etmək elə dəhşətdir ki… Oh, çox ağır-dır. İstiliyi olsun deyə, uşaq ağlayırdı, mənsə onu duzla sürtürdüm. O zaman qıpqırmızı qızarırdı, bütün bədəni səpirdi, az qala dərisini yarıb çölə çıxmaq istəyirdi. Postda saxlayırdılar:
– Yatalaqdır, pan… Yatalaq…
Onlar tez çıxıb gedim deyə məni qovurdular:
– Vek… Vek…
Həm duz sürtürdüm, həm sarımsaq qoyurdum. Uşaq isə lap balaca idi, mən onu hələ əmizdirirdim.
Elə ki postu adlayır, meşəyə girirdik, onunla birlikdə mən də ağlayır, hönkürürdüm. Qışqırırdım! Uşağa elə ya-zığım gəlirdi ki. Amma bir-iki gün sonra yenə də gedir-dim…
YELENA FYODOROVNA KOVALEVSKAYA
partizan
Nifrəti tanıdım… İlk dəfə bu hissi o zaman tanıdım. Onlar bizim torpaqlarımızda necə gəzə bilirlər, axı. Onlar kimdilər belə? Bu səhnələri görəndə mənim hərarətim qalxırdı. Nə üçün onlar burada idilər?
Hərbi əsirlərin dəstələri keçirdilər və yolda yüzlərlə meyit qalırdı. Yüzlərlə… Heydən düşüb yerə yıxılanları o dəqiqə güllələyirdilər. Onları heyvan sürüsü kimi aparır-dılar. Ölənlərə görə artıq heç kim ağlamırdı. Dəfn etməyə imkan tapmırdıq. Onlar o qədər çox idilər ki! Yıxılanlar uzun müddət torpağın üstündəcə qalırdı. Sağlar ölülərlə birlikdə yaşayırdılar.
O zaman ögey bacımı gördüm. Onların kəndlərini yandırmışdılar.
Onun üç oğlu vardı, üçü də artıq sağ deyildi. Həm evini, həm də oğlanlarını yandırmışdılar. O yerə çökür, o yan-bu yana yellənirdi, sanki bununla öz dərdini də yel-ləyirdi. Ayağa qalxırdısa da, hara gedəcəyini bilmirdi. Kimin yanına gedəcəkdi ki?
Biz hamımız meşəyə getdik: atam, qardaşlarım və mən. Heç kim bizimlə təşviqat aparmadı, məcbur etmədi, özümüz getdik. Ancaq anam qaldı – inəklə birlikdə…
ANNA SEMYONOVNA DUBROVİNA-ÇEKUNOVA
qvardiyanın baş leytenantı, təyyarəçi
Mən heç fikirləşmədim də. Cəbhədə lazım olacaq bir ixtisasım vardı. Bir anlıq olsa belə düşünmədim, tərəddüd etmədim. Ümumiyyətlə, o zaman bu dövrü evində otura-raq keçirmək istəyən insanlara az təsadüf edirdim. Hadi-sələrin axırını gözləyən insanlara…
Bir şeyi xatırlayıram: gənc qadını – bizim qonşumuz idi. O mənə vicdanla etiraf etdi:
– Mən həyatı sevirəm. Pudralanmaq və bəzənmək is-təyirəm. Ölmək istəmirəm.
Ondan başqa beləsini görmədim. Ola bilsin ki, var idilər, susurdular, gizlənirdilər. Sizə nə cavab verəcəyimi bilmirəm.
Yadımdadır ki, cəbhəyə yola düşərkən otağımdakı çi-çəkləri çıxardım və qonşulardan xahiş etdim:
– Zəhmət olmasa, sulayarsınız. Mən tezliklə qayıda-cağam…
Amma düz dörd ildən sonra qayıtdım.
Evdə qalan qızlar bizə qibtə edirdilər, qadınlarsa ağ-layırdılar. Mənimlə birlikdə yola düşən qızlardan biri ye-rindəcə donub qalmışdı; hamı ağlayırdı, o isə yox. Sonra götürdü və su ilə gözlərini islatdı. Bir dəfə, iki dəfə… Burun dəsmalı ilə… Sən demə, özünü narahat hiss edirmiş ki, axı hamı ağlayır.
Məgər biz başa düşürdük ki, müharibə nə deməkdir? Gənc idik. O indidir ki, mən gecələr qorxaraq yuxudan qalxıram; yuxuda müharibədə olduğumu görürəm.
Təyyarə uçur, mənim təyyarəm, yüksəkliyə qalxır və… yıxılır… Başa düşürəm ki, yıxılıram… Sonuncu dəqi-qələrdir… Və o qədər qorxuludur, ta ki oyanana, ta ki bütün bunlar yox olub gedənə kimi həyəcandan titrə-yirəm. Yaşlı adam ölümdən qorxur, cavansa gülür. O ölümsüzdür. Mən də inanmırdım ki, ölərəm!
MARİYA AFANASYEVNA QARAÇUK
hərbi feldşer
Tibb texnikumunu bitirdim. Evə gəldim, atam xəstə idi. Elə bu vaxt – müharibə! Yadımdadır ki, səhər idi. Mən bu dəhşətli xəbəri səhər öyrəndim! Hələ ağacların yarpaq-larında şeh qurumamışdı, amma dedilər ki, müharibə! Və ağacların yarpaqlarının və otların üstündə gördüyüm bu şeh cəbhədə də mənim tez-tez yadıma düşürdü. Təbiət in-sanlarla baş verən hadisələrlə təzad təşkil edir. O zaman da günəş par-par yanırdı. Çobanyastığı gülləri çiçək aç-mışdı (mənim ən sevimli güllərim), onlar çəmənlikdə saysız-hesabsız idilər…
Yadımdadır ki, haradasa buğda zəmisində gizlənmiş-dik, hava günəşli idi. Alman avtomatları “ta-ta-ta” səslə-nirdi və sonra səssizlik… Ancaq sünbüllərin necə səs sal-dığını eşidirdim. O zaman düşünürdüm: “Görəsən, bir də nə zamansa sünbül zəmisinin necə səs saldığını eşidəcə-yəmmi? Bu səs…
LYUBOV İVANOVNA LYUBÇİK
avtomatçılar taqımının komandiri
Anamla bizi arxa cəbhəyə evakuasiya elədilər… Saratova. Haradasa üç ay ərzində xarratlığı öyrəndim. Dəzgahların yanında on iki saat dayanırdıq. Aclıq çəkir-dik. Fikrimdə ancaq bir şey vardı – cəbhəyə getmək. Ora-da heç olmasa hər necə olsa da yemək vardı. Qənd və şirin çay olacaqdı. Yağ verəcəkdilər. Bunu kimdən eşit-mişdik, xatırlamıram. Bəlkə, dəmiryol vağzalında gördü-yümüz yaralılardan duymuşduq? Amma aclıqdan xilas olmaq istəyirdik və aydın məsələdir ki, həm də komso-molduq. Rəfiqəmlə birlikdə hərbi komissarlığa getdik, amma orada zavodda işləməyimiz haqqında heç bir şey demədik. O zaman bizi götürməzdilər. Amma belə qəbul etdilər.
Bizi Ryazan atıcılıq məktəbinə göndərdilər. Oradan pulemyot hissələrinin komandiri kimi çıxdıq. Pulemyot ağırdır, onu çiynində daşıyırsan. At kimi… Gecə… Postda dayanır və hər bir səsi tutmağa çalışırsan. Vaşaq kimi… Hər bir şıqqıltını güdürsən. Müharibədə, necə deyərlər, sən yarıminsan, yarımheyvansan. Bu, həqiqətən də belə-dir, çünki başqa yolla sağ qala bilməzsən. Əgər sadəcə in-san olacaqsansa, sağ qalmayacaqsan, başını qoparacaqlar.
Müharibədə mütləq özünlə bağlı nəyisə xatırlamaq lazımdır! Elə bir şeyi ki… Elə bir şeyi xatırlamaq ki… O zamanlar insan bütünlüklə insan olubdur. Mən çox oxu-muş adam deyiləm, mühasibəm, amma bunu bilirəm.
Varşavaya qədər getmişəm. Özü də ayaqla… Piyada, necə deyərlər, müharibənin proletariatı kimi… qarnı üstə sürünürdük. Məndən daha heç nə soruşmayın. Müharibə haqqında kitabları sevmirəm. Qəhrəmanlar haqda… Biz xəstə, öskürə-öskürə, yuxusuz, kir-pas içində, pis geyin-miş halda irəliləyirdik. Adətən ac olardıq… Amma qələbə çaldıq!
ULYANA OSİPOVNA NEMZER
serjant, telefonçu
Bilirdim ki, atam öldürülüb. Qardaşım həlak olub… Və ölmək, ya ölməmək – mənim üçün artıq elə bir əhə-miyyət daşımırdı. Ancaq anama yazığım gəlirdi. O bir anın içindəcə gözəl qadından həyatdan çox küsmüş qoca arvada çevrilmişdi, atam olmadan yaşaya bilmirdi.
– Sən müharibəyə nə üçün gedirsən? – o məndən so-ruşurdu.
– Atamın qisasını almağa.
– Atan səni tüfənglə görsəydi, buna dözə bilməzdi.
Həqiqətən də belə idi. Uşaqlıqda atam mənim saçla-rımı hörərdi. Lent bağlayardı. Onun özü də gözəl geyimi anamdan daha çox sevərdi.
Mən hərbi hissədə telefonçu işləyirdim. Hər şeydən daha çox komandirin dəstəyə qışqırdığı bu sözlər yadım-dadır:
– Əlavə kömək! Əlavə kömək göndərin! Tələb edi-rəm!
Və hər gün də belə idi…
ANNA İOSİFNA STRUMİLİNA
partizan
Mən – qəhrəman deyiləm. Mən gözəl qız idim, uşaq-lıqdan ərköyün böyümüşdüm. Sonra müharibə gəldi. Öl-mək istəmirdim. Atəş açmaqdan qorxurdum, heç vaxt ağ-lıma gəlməzdi ki, atıcı olacağam. Oy, siz nə danışırsınız? Mən qaranlıqdan qorxurdum, qalın meşəlikdən də. Əlbət-tə, heyvanlardan da qorxurdum. Oy… Təsəvvür belə etmirdim ki, canavarla, ya da vəhşi qabanla qarşı-qarşıya gəlmək olar. Hələ uşaqlıqdan itlərdən belə qorxurdum, balaca vaxtı məni bir ovçarka dişləmişdi, onlardan o dərə-cədə qorxurdum. Oy, nə deyirsiniz siz! Mən belə idim… Hər şeyi partizanların yanında öyrəndim. Tüfəngdən, tapançadan, pulemyotdan atmağı bacardım. Və indi də əgər lazım gəlsə, sizə göstərə bilərəm. Yadıma salaram. Bizə hətta bıçaq və beldən başqa silah yoxdursa, necə hərəkət etmək lazım gəldiyini də öyrətmişdilər. Qaran-lıqdan qorxmağa son qoydum. Heyvanlardan da… Ancaq yenə də ilana toxunmaram, onlara alışa bilmədim.
Gecələr meşədə tez-tez canavarlar ulaşırdılar. Biz isə öz qazmalarımızda otururduq və heç bir şey… canavarlar acdırlar, qəzəblidirlər. Bizim elə balaca qazmalarımız var idi ki, yuva kimi. Meşə bizim evimiz idi. Partizan evi. Oy, nə danışırsınız?! Mən müharibədən sonra meşədən qorx-mağa başladım. İndi heç vaxt meşəyə getmərəm…
Amma bütün müharibə boyu düşünürdüm ki, evdə, anamın yanında otura bilərdim. Mənim gözəl anamın… O həddindən artıq gözəl idi. Oy, nə danışırsınız?! Mən buna cəsarət edə bilməzdim. Özüm – yox! Bacarmazdım… Am-ma… Bizə dedilər… Şəhəri almanlar aldılar və mən öyrən-dim ki, yəhudiyəm. Müharibəyə qədər isə biz hamımız mehriban yaşayırdıq: ruslar, tatarlar, almanlar, yəhudilər. Eyni idik.
Oy, siz nə danışırsınız? Mən hətta bu sözü – “cuhud” sözünü eşitməmişdim də… Çünki atamla, anamla və ki-tablarımla yaşayırdım. Biz cüzamlı adamlar kimi idik, o zaman bizi hər yerdən qovurdular. Qorxurdular bizdən. Hətta bəzi tanışlarımız bizimlə salamlaşmırdılar da. Onla-rın uşaqları da yan keçirdilər. Qonşular isə bizə deyirdi-lər: “Bütün əşyalarınızı qoyun, qalsın, onsuz da sizə lazım olmayacaqlar”.
Halbuki, müharibədən əvvəl biz onlarla dostluq edir-dik. Volodya əmi, Anya xala… Nə danışırsınız…
Anamı güllələdilər. Bu, gettoya15 köçürülməyimizə bir neçə gün qalmış baş verdi. Şəhərin hər yerində əmrlər asılmışdı: “Yəhudilərə səkilərlə hərəkət etmək, bərbərdə saç vurdurmaq, mağazadan nəsə almaq… qadağandır… Gülmək olmaz, oxumaq olmaz…”
Oy, siz nə deyirsiniz? Anam bütün bunlara hələ öyrə-şə bilməmişdi, o həmişə dalğın olurdu. Yəqin ki, inanma-mışdı… Bəlkə də, mağazaya girmişdi? Ona nəsə kobud bir söz demişdilər, o isə əvəzində gülmüşdü. Elə gözəl bir qadın idi ki… Müharibəyə qədər filarmoniyada oxuyardı, onu hamı sevirdi.
Oy, siz nə deyirsiniz! Mən təsəvvür edirəm… Əgər o bu cür gözəl olmasaydı… Bizim anamız… O mənimlə və atamla birlikdə olardı… Həmişə bu barədə fikirləşirəm. Yad adamlar onu evimizə gecə, ölmüş halda gətirdilər. Artıq paltosuz və çəkmələrsiz idi. Bu çox dəhşətli görü-nürdü. Qorxulu gecə idi… Vahiməli! Paltosunu və çəkmə-lərini kim isə çıxarmışdı. Qızıl nişan üzüyünü də götür-müşdülər. Atamın hədiyyəsini…
Gettoda bizim evimiz yox idi, yad bir adamın evinin çardağı düşmüşdü qismətimizə. Atam skripkasını götür-dü – bu bizim müharibəyə qədər ən dəyərli əşyamız idi – onu satmaq istəyirdi. Mənim ağır boğaz ağrılarım var idi… Yatırdım. Yüksək hərarətlə yatağa düşmüşdüm, da-nışa bilmirdim. Atam müəyyən ərzaqlar almaq istəyirdi, çünki qorxurdu ki, ölərəm. Anamsız qala bilmərəm. Ana-mın əlləri, anamın sözləri olmadan. Mən o qədər ərköyün idim ki… Sevimli idim.
Onu düz üç gün gözlədim, ta ki tanışlarımız öldürül-düyü xəbərini verənə kimi… Dedilər ki, skripkaya görə olub. Bilmirəm, o bahalı idimi, amma atam gedərkən de-mişdi: “Yaxşı olardı, əgər bir balon bal və bir parça ət ve-rəydilər”. Oy… Mən – anamsız, atamsız… Atamsız…
Atamı axtarmağa getdim. Onun heç olmasa ölüsünü tapmaq istəyirdim, təki birlikdə olaydıq. Mən ağbəniz idim, qarabuğdayı deyildim, açıq rəngli saçlarım, qaşla-rım vardı… və mənə şəhərdə heç kim toxunmadı.
Əvvəlcə bazara gəldim. Və orada atamın dostunu gördüm. O artıq kənddə yaşayırdı, öz valideynlərinin ya-nında. O da musiqiçi idi – atam kimi… Valodya əmi…
Ona hər şeyi danışdım. Məni arabaya qaldırdı, üstü-mü kürklə örtdü. Arabada donuz balaları ciy-ciy ciyildə-yirdilər, toyuqlar qaqqıldaşırdılar; biz uzun müddət yol getdik. Oy, siz nə deyirsiniz… Mən yatırdım, oyanırdım… Yatırdım, oyanırdım…
Beləcə partizanların yanına gəlib çıxdıq…
VERA SERGEYEVNA ROMANOVSKAYA
partizan, tibb bacısı
Parad idi… Partizan dəstəmiz Qızıl Ordunun hissə-ləri ilə birləşmişdi və paraddan sonra bizə dedilər ki, si-lahları təhvil verək, sonra da şəhəri əvvəlki vəziyyətinə qaytarmaq üçün işləməyə gedək. Bizimsə ağlımıza belə sı-ğışmırdı: bu necə ola bilər axı? Hələ müharibə gedir, hələ ancaq Belorusiya azad edilib, biz isə silahlarımızı təhvil verməliyik… Hər birimiz döyüşü davam etdirmək istəyir-dik. Ona görə də hərbi komissarlığa gəldik – bütün qızlar. Mən dedim ki, tibb bacısıyam və xahiş edirəm məni cəb-həyə göndərəsiniz. Mənə söz verdilər: “Yaxşı, sizi qeydə alacağıq, əgər ehtiyac olarsa, çağırarıq. Hələlik isə gedin və işləyin”.
Gəlirdim, gözləyirdim. Çağırmırlar. Yenə hərbi ko-missarlığa gedirdim. Dəfələrlə… Nəhayət, mənə açıq şə-kildə deyirdilər ki, sizə ehtiyac yoxdur, artıq kifayət qədər tibb bacısı var. Minskin dağılmış daşlarını yerinə qoymaq lazımdır. Şəhər xarabalıqlar içindəydi. Soruşursunuz ki, bizim qızlar necə idi? Bizdə Çernova vardı, hamilə idi. Amma minanı böyründə daşıyırdı. Düz dünyaya gələcək uşağının ürəyi döyündüyü yerin üstündə. İndi baş çıxarın görək, bunlar necə adamlar idilər.
Bizəsə bundan baş açmaq lazım deyil, çünki onsuz da belə idik. Bizi belə tərbiyə etmişdilər: Vətən və biz – eyni şeydir. Ya da mənim başqa bir rəfiqəm… O öz balaca qızının əlindən tutub bütün şəhər boyu gəzdirirdi; qızın paltarının isə altında vərəqlər var idi – bütün bədəninə sa-rınmışdı. Qız tez-tez əllərini yuxarı qaldıraraq şikayətlə-nirdi: “Anacan, istidir mənə, anacan, istidir…” Küçədə isə hər yer alman qaynayırdı. Polislər… Almanı hələ aldat-maq mümkündür, amma polisi, çətin. O özününküdür, o sənin bütün həyatına bələddir, sənin ruhunu tanıyır. Sə-nin fikirlərini bilir…
Hətta, bax, uşaqlar… Onları öz yanımıza dəstəyə gö-türürdük, amma uşaq idilər axı. Necə xilas etmək olardı ki?.. Cəbhə xəttinə göndərmək qərarına gəldik, beləcə uşaqyığanların əlindən cəbhəyə qaçıra bildik. Amma on-ları qatarlarda, yollarda tuturdular. Onlarsa yenə də bir-təhər xilas olur, yenə də cəbhəyə yollanırdılar.
Tarix hələ yüz illərlə araşdırmalı olacaq: nə idi bu? Bunlar necə insanlar idilər? Hardan gəlmişdilər? Siz tə-səvvür edirsiniz? Hamilə qadınlar əllərində mina ilə ge-dirdilər. Axı onlar uşaq gözləyirdilər. Sevirdilər, yaşamaq istəyirdilər. Və əlbəttə ki, qorxurdular. Amma yenə də ge-dirdilər.
Stalinə görə getmirdilər, öz uşaqlarının xatirinə ge-dirdilər. Onların gələcək həyatı naminə… O qadınlar sü-rünə-sürünə yaşamaq istəmirdilər… Düşmənlərə baş əy-mək… Ola bilsin ki, bizim gözlərimiz tutulmuşdu, hətta danmayacağam, o zaman biz çox şeyləri bilmirdik, amma gözlərimiz kor olsa da, eyni zamanda da saf idik. Biz iki hissədən, iki həyatdan ibarət idik. Siz bunu başa düşməli-siniz…
MARİYA VASİLYEVNA TİXOMİROVA
feldşer
Yay başlayırdı… Tibb məktəbini bitirmiş, diplom al-mışdım. Müharibə başladı! Dərhal hərbi komissarlığa ça-ğırdılar və əmr verdilər:
– Budur, sizə iki saat verilir. Hazırlaşın. Cəbhəyə göndəririk.
Mən hər şeyi balaca bir ça-madana yığdım.
– Özünüzlə müharibəyə nə götürdünüz ki?
– Konfet…
– Necə?
– Bir çamadan konfet… Mənə orda, məktəbi bitirdik-dən sonra təyin olunduğum kənddə yolxərci vermişdilər. Pul var idi və mən bu pula bir çamadan şokalad aldım. Bilirdim ki, müharibədə mənə pul lazım olmayacaq. Ona görə də aldım, üstdən də kurs şəkillərimizi qoydum, ora-da bütün bizim qızlarımız var idi. Sonra da hərbi komis-sarlığa gəldim. Hərbi komissar soruşdu:
– Sizi hara göndərək?
Mən də ona dedim:
– Bəs rəfiqəm hara gedəcək? Biz Leninqrad vilayətinə onunla birlikdə gəlmişdik, o on beş kilometr uzaqda – qonşu kənddə işləyirdi.
O güldü:
– O da elə eynilə sənin kimi soruşdu.
Sonra çamadanımı götürdü ki, bizi stansiyaya apara-caq yarım tonluq yük avtomobilinə qoysun.
– Sizin çamadanda belə ağır nə var ki? – soruşdu.
– Konfet… Bir çamadan konfet, – dedim.
O susdu. Artıq gülümsəmirdi. Gördüm ki, özünü iti-rib, hətta bir az utanır da. O, cavan adam deyildi. Yəni məni hara yola saldığını çox yaxşı bilirdi.
TANARA İLLARİONOVNA DAVİDOVİÇ
serjant, sürücü
Mənim taleyim o dəqiqə həll edildi… Hərbi komis-sarlıqda elan asılmışdı: “Sürücü lazımdır”. Və mən sürü-cülük kursunu bitirmişdim… Altı aylıq. Hətta müəllim olmağıma da diqqət yetirmədilər (müharibədən əvvəl pe-daqoji texnikumda oxuyurdum). Müharibədə müəllim ki-mə lazım idi ki? Əsgər lazım idi.
Biz çox idik, bütöv bir batalyon…
Bir dəfə təlim zamanı… Nə üçünsə bunu gözlərim ya-şarmadan xatırlaya bilmirəm… Bahar idi. Biz müdafiə oluna-oluna geri çəkilirdik. Və mən çöldən bənövşə topla-dım. Balaca bir dəstə… Dərdim və onu süngüyə bağladım. Bağladım, sonra da elə beləcə də hissəyə qayıtdım.
Düşərgəyə qayıtdıqda komandir hamını sıraya düz-müşdü. Məni irəli çağırdı. Çıxdım. Unutmuşdum ki, tü-fəngimə bənövşə sancılıb. O isə məni danlamağa başladı:
– Əsgər əsgər olmalıdır, çiçək toplayan yox.
O başa düşə bilmirdi ki, belə bir vəziyyətdə necə çi-çək haqqında düşünmək olar. Kişi üçün bu, aydın deyil-di. Amma mən bənövşələri tullamadım. Yavaşca açıb cibi-mə qoydum. Amma bu bənövşələrə görə üç dəfə növbə-dənkənar posta çıxdım.
Başqa bir vaxt yenə də mövqedə idim. Gecə saat ikidə məni əvəz etməyə gəldilər, mənsə imtina etdim. Əvəz et-məyə gələni yatmağa göndərdim:
– Sən səhər dayanarsan, indi mən durmaq istəyirəm.
Bütün gecəni, hətta səhərə kimi dayanmağa razı idim, təki quşların oxumasını eşidim. Ancaq gecələr əvvəlki hə-yatımı xatırlada bilən nələrsə olurdu… Dinc həyatı.
Biz cəbhəyə getdiyimiz zaman küçə ilə addımlayırdıq, insanlar isə divar kimi düzülmüşdülər: qadınlar, qocalar, uşaqlar… Hamısı da ağlayırdı: “Qızlar cəbhəyə gedir”.
Biz böyük bir batalyon idik – gedirdik. Qızlar…
Mən – sükan arxasında olurdum. Döyüşdən sonra öl-dürülənləri toplayırdım. Onlar bütün çöl boyu ora-bura səpələnirdilər. Hamısı da gənc idi. Demək olar uşaq idi. Və birdən görürdüm ki, haradasa bir qız yıxılıb qalıb. Bax, o məqamda, o anda hər kəs susurdu…
VERA İOSİFOVNA XOREVA
hərbi cərrah
Mən cəbhəyə necə hazırlaşdım… Siz inanmayacaq-sınız… Düşünürdüm ki, bu, uzunmüddətli deyil. Tezliklə düşmənə qalib gəlib geri qayıdacağıq. Paltarlarımı yığan-da ancaq bircə ətəyimi götürdüm, özü də ən sevimlisini; iki cüt corab, bir də tuflilərimi.
Voronejdən geri çəkilirdik, amma mənim yadımdadır ki, qaça-qaça bir mağazaya girib bir cüt tufli aldım, özü də hündürdabanlı. Bax, yadımdadır: geri çəkilirdik, hər yer qapqara tüstüyə bürünmüşdü (amma mağaza açıq idi, bu ki lap möcüzədir!) və mən nə üçünsə tufli almaq istə-yirdim. İndiki kimi xatırlayıram, elə zərif tuflilər idi ki… Bir dənə də ətir almışdım.
O zamana kimi yaşadığın həyatdan imtina etmək çə-tin idi. Təkcə qəlbimiz deyil, bütün orqanizmimiz buna müqavimət göstərirdi. Yadımdadır ki, mağazadan necə böyük bir sevinc içində – bu tuflilərlə bərabər qaça-qaça çıxdım. Ruhlanmışdım, elə bil. Hər yer tüstü-duman… Gurultu. Mən artıq müharibənin içində idim, amma mü-haribə haqqında düşünmək belə istəmirdim. Çünki hələ inanmırdım.
Ətrafda isə hər şey guruldayırdı…
MƏİŞƏT VƏ VAROLMA HAQQINDA
NONNA ALEKSANDROVNA SMİRNOVA
sıravi, zenit topçusu
Xəyal qururduq. Döyüşmək istəyirdik.
Bizi vaqonlarda yerləşdirdilər və təlimlər başladı. Hər şey evdə olarkən xəyal etdiyimiz kimi getmirdi. Tez-dən oyanmaq lazım idi və bütün günü qaçmalı olurduq. Bizimsə ruhumuzda hələ keçmiş həyatımızın xatirəsi ya-şayırdı. Hərbi hissənin komandiri, dörd sinif oxumuş kiçik serjant Qulyayev bizə nizamnaməni öyrədəndə və bəzi sözləri düzgün tələffüz etməyəndə özümüzdən çıxır-dıq. Düşünürdük ki, axı o əsgər olmaq üçün nə öyrədə bilər ki? Halbuki, o bizə necə ölməmək lazım gəldiyini öyrədirdi?
Karantindən sonra, andiçmə mərasimindən əvvəl starşina hərbi geyimləri gətirdi: şinelləri, papaqları, köy-nəkləri, ətəkləri, kombinasiya əvəzinə alt paltarını – co-rabları və metal dabanlı ağır Amerika çəkmələrini… Rota-da öz boyuna və bədən quruluşuna görə mən ən balaca-ları idim: boyum yüz əlli üç santimetr, ayaqqabılarım otuz beş ölçülü… Təbii ki, hərbi sənaye sahəsində belə ki-çik ölçülərdə paltar tikmirdilər, xüsusilə də Amerika bizə beləsini təqdim etmirdi… Mənə qırx iki ölçülü çəkmələr qismət olmuşdu, onları qaytanlarını belə açmadan geyi-nir-soyunurdum; özləri də elə ağır idilər ki, ayaqlarımı sürüyə-sürüyə yeriyirdim. Nizami addımlarımdan daş döşəmə boyunca qığılcımlar çıxır, yerişim nizami yeriş-dən başqa nəyə desən bənzəyirdi. İlk marşımın necə dəh-şətli olduğunu xatırlamaq belə vahiməlidir. Qəhrəmanlıq göstərməyə hazır idim, amma otuz beş ölçünün yerinə qırx iki ölçülü çəkmə daşımağa yox…
Ücretsiz ön izlemeyi tamamladınız.