Kitabı oku: «Ticarətin yolu», sayfa 2
Nəhayət, günəş batanda, şagirdlər qərara gələndə ki, bu gün cavabı eşitməyəcəklər, şagird bir də soruşdu:
– Müəllim, alıcı artıq ona verdiyim malın pulunu ödəmək istəmirsə nə edim?
Müəllim ona tərəf döndü, gülümsədi və dedi:
– Təkrarla! – Və cavab zalda olan şagirdlərə aydın oldu.
Danışırlar ki, o unudulmaz gün Müəllimin evində olan bütün şagirdlər, vaxt keçdikcə özləri də hörmətli Müəllimlər oldular. Onların hamısı, ömürlərinin sonuna kimi, həmin günü “Qızıl gün” adlandırırdı.
* * *
Şagirdlərdən biri soruşdu: ”Müəllim, mən əksər kitablarda oxumuşam ki, alıcıyla onu maraqlandıran şey barəsində danışmaq lazımdır. O, azarkeşdirsə – futbol haqqında, varıdırsa – uşaqları barəsində, itləri sevirsə itlərdən danışmağı məsləhət görürlər. Lakin hamı azarkeş deyil, hamının uşağı yoxdur və hamı itləri sevmir. İstənilən alıcının maraqla danışacağı mövzu var?” Müəllim başını tərpətdi və gülümsəyərək cavab verdi: – Onun işləri.
Bizə tam aydın olmayan, Müəllimin “işləri” sözünü hansı – biznes yaxud da insanın məşğul olduğu bütün işlər mənasında işlətməsidir. Biz Birinci Şagirdə bu sualı verəndə, o cavab verdi: “Düzgün mənanı tapmaq üçün, Yolu anlamaq zəruridir”.
* * *
Bir dəfə şagird soruşdu: “Müəllim, mən satış şöbəsinin müdiri işləyirəm və satıcılarımın hamısının yaxşı işləməsi üçün nə etmək lazım olduğunu bilmək istərdim?”
– Yaxşı? – Müəllim soruşdu.
– Onların müvəffəqiyyətlə işləmələrini nəzərdə tuturam. Mən, olur ki, bu və ya digər satıcıyla məşğul oluram, amma, onun işi yaxşılaşdığı müddətdə də qalanlarının işi pisləşir.
Müəllim şagirdə divanın üstündəki yumşaq tük balışı sökməyi əmr etdi. Şagird bunu edəndə sonra Müəllim dedi:
– Mənə bir tük gətir, – şagird gətirdi. – Birini də gətir – şagird bunu da etdi. O, bu qayda ilə divanla Müəllimin arasında on dəfə gedib gəldi.
– Bax, – Müəllim dedi, tüklərin hamısını ovcuna qoydu və onları olduqca bərk üfürdü. Tüklər havaya qalxdı və yüngül ağ bulud kimi bir tərəfə istiqamətləndi.
– Külək yarat, – Müəllim dedi.
Bu əhvalat bizə göstərir ki, Müəllim əlverişli ümumi şəraitin yaranmasını hər bir xırda hissənin üzərində aparılan cari işdən qat-qat daha vacib hesab edirdi.
* * *
Bir dəfə şagird soruşdu: “Müəllim, mənim rəqibim qiyməti on faizə qədər aşağı salıb. Şatışlarım dörddə bir qədər azalıb. Nə edim?”
– Qiyməti qaldır, – Müəllim dedi.
– Nə qədər? – Şagird soruşdu.
– On faiz.
Şagird təəccübləndi, amma qiymətləri qaldırdı. Onun mallarını daha az almağa başladılar. O yenidən Müəllimin yanına gəldi:
– Müəllim, satış daha pis gedir…
– Sən əminsən?
Şagird təəccübündən donub qaldı, sonra Müəllimə təzim edib getdi və vaxtının çoxunu öz mühasibi ilə keçirdi. Bundan sonra Məktəbə qayıtdı və dedi:
– Gör, nə alındı: mən qiyməti on faiz qaldırdım, nəticədə satışım əvvəlkinin üçdə-biri qədər azaldı. Lakin gəlirim əvvəl necə idisə indi də elədir! Rəqibim isə günü-gündən daha az gəlir əldə etməyə, nəhayət şirkətini bağlamağa məcbur oldu. Sağ ol, Müəllim! Sən fikirlərimi doğru yola yönəltdin!
– Mən hərəkəti yönəltdim, – Müəllim cavab verdi. – Öz fikirlərini sən özün yönəltdin.
Bu əhvalat bizə göstərir ki, Ticarətin Yollarına aid olanda, hər düzgün olan, ilk baxışda göründüyü qədər də düzgün olmur. Bundan başqa, söyləyirlər ki, Müəllim birinci görüşdə şagirdinə bu hadisələrə qədər malın üzərinə nə qədər əlavə qiymət qoyduğunu da dəqiq demişdi. Şagird Müəllimin müdrikliyinə valeh olmuşdu, lakin Müəllim demişdi ki, bunu ağlı olan hər kəs edə bilər......
Ey bu sətirləri oxuyan, sənin necə, ağlın var?
* * *
Bir dəfə böyük zavod sahibi olan şagird Müəllimin yanına gəldi:
– Müəllim, alıcını mənim malıma daha çox pul verməyə necə vadar edim?
– İndi alıcı pulu sənə nəyə görə ödəyir? – Müəllim soruşdu, və şagird öz zavodunda istehsal etdiyi məhsul haqqında danışmağa başladı.
Müəllim onu dinlədi və yenidən soruşdu:
– Nəyə görə ödəyir? – Şagird fikrə daldı, Müəllimə təşəkkürünü bildirdi və getdi.
Həmin şagird üç aydan sonra yenidən Müəllimin yanına gəldi və dedi:
– Saq ol Müəllim! Sənin sözlərindən sonra mən alıcılarla danışmağa başladım və aydınlaşdırdım ki, mallarımın çox vacib hesab etdiyim bir çox keyfiyyətləri onları qətiyyən maraqlandırmır. Onda mən malımı dəyişdirdim və yalnız alıcılara lazım olan keyfiyyətləri saxlamaqla yaxşılaşdırdım da. İndi mal mənə daha ucuz başa gəlir, əvvəlkindən isə iki dəfə bahasına satıram. Saq ol, Müəllim!
– Bu Ticarətin Yoludur, – Müəllim dedi. – Yola təşəkkür et.
Bu əhvalatın köməkliyi ilə Yolu öyrənərək, Ticarətin Yolunu dərk etməyə yaxınlaşmaq olar. Bir çox şagirdlər sonralar bu əhvalatı Yol haqqında hekayələrinə əsas əhvalat kimi daxil edirdilər. Lakin Birinci Şagird bilavasitə Müəllimdən bu əhvalatın Yolu dərk etmək üçün nə dərəcədə vacib olduğunu soruşanda, “Digərləri qədər” cavabını almışdı.
* * *
Bir dəfə səhər Müəllim bütün şagirdlərini toplayıb, onlara dedi:
– “Kərpiclər” əmtəəsi “peyin” əmtəəsindən nə ilə fərqlənir? Cavab bir dənə olsun.
Şagirdlər Müəllimin tez və axmaq cavabları sevmədiyini bilərək dairəvi şəkildə oturdular və müzakirəyə başladılar. Onlar iki gün oturdular amma hamısını razı salacaq bir cavaba gələ bilmədilər.
Onda müəllim, öz adətinin ziddinə, tapşırığı dəyişmək qərarına gəldi və dedi:
– Yaxşı, hər birinizdən cavab gözləyirəm. Kim doğru cavab verərsə, təhsilini pulsuz davam etdirəcək.
Şagirdlər müzakirəni dayandırıb, otaqlarına çəkildilər. Onların hər biri özünün yeganə cavabını hazırladı, lakin Müəllim cavabları söyləməyi əmr edəndə onların çoxu eyni oldu.
– Kərpici tikinti üçün alırlar, peyini isə torpağı gübrələmək üçün.
Müəllim buna belə cavab verdi:
– Qızılgülləri becərən kəs, gözəllik yaradır…
– Kərpiclər bərkdir, peyin isə yumşaq. – Müəllim cavabında dedi:
– Peyini qurut.
– Kərpic peyindən bahadır. – Müəllim cavabında dedi:
– Kərpici ucuz sat.
– Kərpici insan düzəldir, peyin isə heyvanların həyat fəaliyyətindən alınır. – Müəllim gülümsəyərək cavab verdi:
– İstənilən adam peyin düzəldə bilər.
– Kərpici sayla satırlar, peyini isə çəkisinə yaxud həcminə görə.
– Başqa ölkələrdə kərpici də həcminə görə satırlar.
Şagirdlərin hamısı fikirlərini söylədikdən sonra, Müəllim dedi:
– Peyin pis iy verir.
Bu, Müəllim haqqında ən son əhvalatlardan biridir. O bizə, Yolu dərk etmiş insanın dünyanı dərk etməsinin nə dərəcədə dəyişdiyindən danışır. Eyni zamanda əhvalatdan “sadə olan şeyləri mürəkkəbləşdirmək lazım deyil” nəticəsini çıxartmaq olar. Hər halda, Birinci Şagird, bu əhvalatı məhz belə izah etmişdi.
* * *
Bir dəfə Müəllimin o vaxt yaşadığı və Yol Məktəbinin işlədiyi şəhərə satış və ticarətin nəzəriyyəsi haqqında kitabların bir çox ölkələrdə məşhur olan müəllifi gəlmişdi.
Şagirdlər Müəllimdən həmin müəlliflə görüşüb-görüşməyəcəyini soruşdular. Müəllim belə cavab verdi:
– Nə üçün? Bizim Yollarımız çox fərqlidir. O, dünən dərk etdiyi şey haqqında bu gün kitab yazır. Mənimsə bu gün bildiyim ondan ibarətdir ki, yeganə sabit xassəsi daim dəyişməkdən ibarət olan Yolu öyrənirəm.
Bununla Müəllim öz şagirdlərinə başa saldı ki, Ticarətin Yolunu daim dərk etməyi heç bir nəzəriyyə və kitab əvəz edə bilməz.
Müəllimin bu sualla bağlı fikrini ömrünün sonuna qədər dəyişmədiyinin dolayı təsdiqi, onun bu mövzuda kitab yazmaması, və müxtəlif nəşriyyatların Ticarətin Yolu barəsində kitab yazmaq təklifini “Mən hələ buna hazır deyiləm. Yol da hələ buna hazır deyil” kimi cavablarla rədd etməsidir.
* * *
Bir dəfə yeni şagird Müəllimdən soruşdu: “Müəllim mən yalnız bir həftədir sənin yanındayam, amma bir çoxlarının Məktəbdə on ildən çoxdur ki, oxuduqlarını biləndə təəccübləndim. Doğurdanmı, yaxşı satmaq üçün bu qədər oxumaq lazımdır?”
– Onlar satmağı öyrənmirlər, – Müəllim gülərək cavab verdi. – Onlar Ticarətin Yolunu dərk edirlər.
– Məgər bu eyni şey deyil?
– Sən otağın işığını yandıra bilirsən, elə deyil? – Müəllim soruşdu.
– Əlbəttə, – yeni şagird təəccübləndi.
– Söndürməyi də bacarırsan?
– Bəli, amma bunun nə dəxli var ki? – şagird daha çox təəccübləndi.
– Otağın işıqlı və ya qaranlıq olması, məhz səndən asılıdır, eləmi?
– Əlbəttə, – şagird razılaşdı.
Onda Müəllim pəncərəyə yaxınlaşdı və pərdələri açdı, düz günorta vaxtı idi.
– İndi elektrik açarını nə qədər istəyirsən şıqqıldat… – o, şagirdə gülümsədi.
* * *
Şagird bir dəfə Müəllimdən soruşdu: “Müəllim, alıcıya təkliflə müraciət etməyin ən münasib günü var?”
– Gün? – Müəllim təəccübləndi
– Yəni həftənin hansısa günü, yaxud ayın günü…
– Hə-ə-ə, həftənin günü… – Müəllim başını tərpətdi. – Əlbəttə var. Bu, çərşənbədir, – və bic-bic şagirdlərinə baxdı. Onlar dəftərlərini götürdülər və Müəllimin dediyini yazmağa başladılar.
– Sən niyə yazmırsan? – o, düz oturub Müəllimə baxaraq gülümsəyən şagirddən ciddi səslə soruşdu.
– Çünki ardınca nə deyəcəyini bilirəm, Müəllim.
– Nə deyəcəm ki? – Müəllim, qaş-qabağını tökərək əlini qaldırdı və şagirdlərin hamısı dayandılar. Onda, yazmayan şagird dedi:
– Bu, həm də çərşənbə axşamı, cümə, şənbə, bazar ertəsi, cümə axşamı və bazardır.
– Sən haqlısan, – Müəllim dedi. – Ancaq mən əvvəlcə cümə, sonra isə çərşənbə axşamı demək istəyirdim.
Şagirdlər yoldaşlarının hər şeyi demək olar ki, düz dediyinə sevinərək, səs-küy saldılar. Sonra isə onlardan biri soruşdu:
– Müəllim, ardıcıllıq məhz belə olmalıdır? Müəllim demək olar ki, düzgün cavab verən şagirdə diqqətlə baxdı və əli ilə ona işarə etdi:
– Cavab ver!
– Yalnız bir gün, – o dedi. – Bu, bugünkü gündür.
Bu əhvalat çox böyük məna daşıyır. Hər halda, Birinci Şagird (Müəllimin sözlərini yazmayan, sonra da düzgün cavab verən elə o idi) bu cür hesab edir. Biz ancaq onu əlavə edəcəyik ki, bu, Ticarətin Yolunun dərk edilməsində vacib olan suala Müəllim yox, başqasının cavab verdiyi azsaylı hadisələrdən biridir.
* * *
Bir dəfə şagird Müəllimə dedi: “Müəllim, mən işlədiyim müəssisə üçün xeyli təkmilləşdirmə və islahatlar fikirləşmişəm, sahibkar isə mənə qulaq asmır”.
– Ətraflı danış.
Və şagird onun şirkətində yaranmış vəziyyətdən, müdirinə çatdırmağa çalışdığı təkliflərdən danışdı. Müdirin hər dəfə ona axıra qədər qulaq asmadan söhbəti kəsməsini və təcili işlərin olduğunu bəhanə edərək, aradan çıxması və ya maşınla harasa yollanmasını bildirdi. Bütün məruzə və yazılı təkliflərinin ”İlin sonunda xatırlat” ya da “İndi zamanı deyil” qeydi ilə geri gəldiyini söylədi.