Kitabı oku: «Qutadqu bilik», sayfa 2
Aydoldu Xaqan Gündoğdunun yorulub xəstə düşdüyünü eşidəndə məyus oldu. Çünki ona böyük sevgi və sayğı bəsləyirdi. Ona necə kömək edə biləcəyi barədə düşüncələrə daldı. Bu günə qədər çox kitab oxumuşdu. Həmin kitablardan öyrəndikləri həyatında ona çox fayda vermişdi. Görəsən, oxuyub-öyrəndikləri ilə xaqana kömək edə bilərdimi?
Ana-ata duası
Aydoldu böyük həyəcan içində evə getdi. Eşitdiklərini ana-atasına danışıb dedi:
– Anacan, atacan, məni xeyirli dualarınızla böyüdüb başa çatdırdız. Dövlətə, millətə faydalı olacağımı arzulayaraq böyütdüz. Ehtiyacı olanlara kömək etməyi öyrətdiz. Eşitmişəm, Xaqan Gündoğdu yorğunluqdan xəstə düşüb. Buna görə özünə dövlət işlərində kömək edəcək bir nəfər axtarır. Amma heç cür istədiyi xüsusiyyətlərə sahib adam tapa bilmir. İcazə versəz, Xaqan Gündoğdunun paytaxt Kaşğardakı sarayına gedib köməkçilik vəzifəsinə talib olardım.
Anası əvvəlcə məyus oldu. Hər ana kimi balasının evdən gedəcəyi fikrindən təlaşa düşdü. Atası isə bundan narahat olsa da, büruzə vermədi. Xanımına dönüb dedi:
– Xanım! Biz Aydoldunu dürüst, ağıllı, çalışqan övlad olaraq böyütməyə çalışdıq. İstədik, dövlətə, millətə xeyirli, faydalı insan olsun. O da usanmadan oxuyub özünü inkişaf etdirdi. Bacarıqlı, mərhəmətli, dürüst insan oldu. Əgər Xaqan Gündoğdunun yanında dövlətinə, millətinə faydalı olacaqsa, Allah yolunu açıq eləsin!
Anasının da razılığını alandan sonra Aydoldu hazırlaşmağa başladı. Əşyalarını toplayıb çantasına qoydu. Yol yoldaşı olan atını yəhərlədi. Ox-kamanını da yanına alıb ana-atasının əlini öpərək xeyir-dua istədi. Çünki övlad üçün ana-ata xeyir-duasının nə qədər önəmli olduğunu bilirdi. Əgər xeyir-dualar olmasaydı, heç bir işi düzgün getməzdi.
Aydoldu və dostu Küsəmiş
Aydoldu dağ aşıb dərə keçib, uzun yol getdi. Yolda sərt küləklə, fırtına ilə boğuşdu. Bəzən yağışda islandı, bəzən istidə qovruldu. Palçığa batdığı da oldu, atını səhra qumlarında sürdüyü də. Nəhayət, Xaqan Gündoğdunun yaşadığı şəhərə – paytaxt Kaşğara gəlib çatdı.
Bir məsələ vardı ki, Kaşğarda heç kəsi tanımırdı. Üstəlik onu da burada tanıyan yoxdu. Xaqanın sarayına necə girəcəyini, onunla nə cür görüşəcəyini bilmirdi.
Gecəni dövlət mehmanxanasında keçirdi. Burada yolçular qonaq edilir, yemək-içmək, gecələmək üçün otaq verilirdi. Bir neçə gün burada qalmalı oldu. Bu yad şəhərdə tanışı olmadığından özünü tənha hiss edib çətinlik çəkirdi. Amma bir müddət sonra ağlı, biliyi, xüsusilə, gülər üzü sayəsində özünə xeyli dost tapdı.
Bunlardan biri Küsəmiş idi. Küsəmiş insanlara kömək etməyi özünə məslək seçən insandı. Aydoldu ona öz sirrini açdı. Kim olduğunu, öz diyarından qalxıb bura niyə gəldiyini təfərrüatı ilə danışdı.
Aydoldu Küsəmişin etibarını qazandı. Xaqanın çox sevib sayğı göstərdiyi ağıllı, bilikli, dünyagörmüş bir dövlət adamının yanına getdi. Dövlət idarəçiliyində söz sahibi olan bu cür adamlara “ağsaqqal” deyirdilər. Küsəmişin görüşdüyü bu ağsaqqal da xaqanın ən yaxın adamlarından idi. Onu “Hacib” deyə çağırırdılar.
Küsəmiş Hacibə Aydoldunun dürüstlüyündən, biliyindən danışdı. Aydoldunun istəyindən də bəhs etdi. Hacib düşüncələrə daldı, sonra Küsəmişə dedi:
– Əvvəl gərək Aydoldunu görüb tanıyım. Əgər hökmdarın axtardığı xüsusiyyətlərə sahib olsa, onu xaqanın hüzuruna çıxararam.
Küsəmiş sevinclə Aydoldunun yanına gəldi. Haciblə söhbətini başdan-ayağa nəql etdi. Sonra bildirdi:
– Aydoldu, üzünə gün doğub. Elə indi Hacibin yanına get, onunla danış. Səni görüb tanısın. Sözünü dinləsin. Bütün dediklərini ona danışdım, amma fikrini məndən daha yaxşı çatdıra bilərsən.
Aydoldu bu xəbərə çox sevindi. Dərhal hazırlaşdı. İkisi birlikdə Hacibin evinə yollandılar. Qapıya çatanda atdan düşdülər. Hacibin adamı gəlib onları qarşıladı. İçəri əvvəlcə Küsəmiş girdi. Haciblə görüşüb çölə çıxdı. Aydoldunu da yanına alıb Hacibin yanına apardı.
Aydoldunun ilk sınağı
Hacib Aydoldunu çox yaxşı qarşılayıb yuxarı başda oturtdu. Əvvəlcə yemək gətirtdi. Ardınca mehriban söhbətə başladılar. Hacib Aydoldudan kim olduğunu, haradan gəlib nə istədiyini soruşdu. Onu tanımaq istəyirdi. Aydoldu isə həmişəki kimi, doğru söz, gülər üzlə cavab verdi. Hacib Aydoldunun bilikli, dürüst, səlis danışan biri olduğunu görüb sevindi. Üzü, geyimi, davranışı, danışığı, yəni hər bir xüsusiyyəti ilə hökmdarın xidmətinə layiq bildi. Aydolduya belə dedi: