Kitabı oku: «Xatirələrim», sayfa 4
Molla Məktəbi
Hamımız palaz üstündə oturub, sağ ayağımızı irəli uzadırdıq, uşaqlardan biri sayırdı. "İynə-iynə, ucu düymə, bal ballıca, ballı keçi, qoz ağacı, qotur keçi, hoppan-huppan, yarıl, yırtıl, su iç, qurtul". Axırıncı heca kimin ayağında qurtarsaydı, o öz ayağını çəkirdi. Bu sadalama davam edirdi. Axıra kimin ayağı qalsa idi, o, başını əyir, biz də əllərimizi bir-birinin üstə onun belinə qoyub soruşurduq:
– Əl üstə kimin əli?
Uşaq suala düzgün cavab verməyəndə hamımız əlimizi yavaşca onun belinə vurub deyirdik:
– Qaldırın, vurun, yalandır! Qaldırın, vurun yalandır!
Bu qayda ilə yorulana qədər oynar, sonra oturub söhbət edərdik.
Tıntın Fərəcin mənimlə yaşıd oğlu Əsgər mollaxanada oxuyurdu. Bir dəfə yenə oyundan sonra söhbət əsnasında mən onun nə üçün mollaxanada oxuduğunu soruşdum. O, atasına məxsus bir qürur ilə cavab verdi:
– Atam deyir ki, hansı evdə rus kitabı olsa, ora məleykə girməz.
– Mənim də atam molladır, bəs, nə üçün məni rus məktəbində oxudur?
Əsgər əvvəlki tövrünü pozmayıb cavab verdi:
– Sənin atan, Molla Həsən ağadan çox bilmir ki? Bu sözü atama Molla Həsən ağa deyibdir. Bir də ki, rus məktəbində oxuyanlar "Quran"ı oxuya bilmirlər. Mən bu il "Quran"ı qurtarıram. Sən "Quran" dan heç bir kəlmə də bilmirsən.
– Yalan deyirsən, mən "Quran"da oxuya bilirəm, kitab da, – dedim.
O mənə inanmadı. Deyişməmiz uzandı. Əsgər qalxıb evlərinə qaçdı, bir azdan sonra əlində "Quran" gəldi.
– Di, oxu, görüm! – dedi.
Mən "Quran"ı açıb höccələyə-höccələyə oxudum. O heyrətlə üzümə baxdı, sonra "Quran"ı əlimdən çəkib özü oxumağa başladı. Lakin Əsgər məndən pis oxuduğu üçün davam etdirmədi, bir söz deməyib başını aşağı saldı.
Get-gedə Əsgərin də mən oxuduğum məktəbə həvəsi artırdı. Xüsusən, mollaxanada ona verilən cəzalar yazıq uşağı lap cana gətirmişdi. O, bəzən evə ağlaya-ağlaya gələr, mollanın onun ayaqlarını falaqqaya salıb döydüyünü yana-yana anasına söylərdi. Qəmər xala oğlunun qızarmış ayaqlarına baxıb, mollaya qarğıyır, sonra da Fərəcin arxasınca deyinirdi:
– Bu zalım oğlunda övlad məhəbbəti də yoxdur. Gözünün ağı-qarası bir oğlu var, onu da belə zülm ilə oxudur…
Əsgər sızıldaya-sızıldaya anasına yalvarırdı ki, onu da mən oxuduğum məktəbə qoysunlar. Qəmər xala neçə dəfə bu barədə Fərəc əmiyə yalvarmışdısa da, kişi üz-gözünü turşudaraq:
– Yox! Öz məktəbinə gedəcək! – deyə cavab vermişdi.
Əsgərdə mollaxanaya qarşı nifrət gündən-günə artırdı.
O hər gün dərsdən qayıtdıqdan sonra mollaxanada baş verən hadisələrdən mənə danışırdı.
Köhnə məhəllə məktəbləri uşaqlara dörd-beş ilə ancaq "Quran" oxumaq və bir qədər də yazı-pozu öyrədirdi. Otuz cüz "Quran"ın kiçik ayələrdən ibarət olan birinci cüzinə çərəkə deyilirdi. Həmin çərəkə mollaxanalarda oxuyan şagirdlərin ilk dərsliyi idi. Molla məktəbə yeni daxil olan hər uşağa gündə bir xətt dərs verib, axşama qədər oxuyub hazırlamağı tapşırırdı. Uşaqlar tanımadığı hərfləri və tamamilə yad ərəb kəlmələrini tutuquşu kimi əzbərləyir və çərəkəni ancaq bir ilə qurtara bilirdilər. Hər uşaq mollaya verdiyi aylıqdan başqa "Quran"ı qurtaranda ona pul və xələt gətirməli idi. Çərəkədən başqa mollaxanalarda "Gülüstan", "Cameyi-Abbas" və sairə kimi kitablardan da dərs keçilirdi.
Mollaxanalarda dərs vermək üsulu çox ibtidai və pedaqoji prinsiplərə zidd bir şəkildə qurulmuşdu. Uşaqlar həsir üstündə diz çöküb qarşılarındakı kitabları ucadan oxuyur, molla da əlində uzun bir çubuq onlara nəzarət edirdi. Hər axşam, dərs qurtarana yaxın uşaqları bir-bir çağırıb dərslərini soruşur, bilməyənləri tənbeh edərək ya əllərinə, ya da falaqqaya salıb ayaqlarına çubuqla vururdu.
Falaqqa ilə tənbeh etmək mollaxanalarda ən çox yayılmış üsullardan biri idi. Kiçik yaşlı uşaqlarda məktəbə, təhsilə nifrət oyadan, onların məktəbdən qaçmasına səbəb olan falaqqa qol yoğunluqda, arşın yarım uzunluğunda bir ağacdan ibarət idi. Ortasına iki tərəfdən yoğun kəndir keçirilmiş bu ağacın hər yanından bir şagird tuturdu. "Müqəssir" uşağın ayaqlarını falaqqanın ortasındakı kəndir halqalara salıb bururdular, ayaqlar göydə, bədən yerdə qalırdı. Molla çubuğu işə salırdı…
Bir dəfə mənimlə yanaşı oturan sinif yoldaşım Nəbiağa Acalovun başına belə bir əhvalat gəlmişdi. Yay tətili boş keçməsin deyə, atası onu bir-iki ay müddətinə molla Nağının məktəbinə qoyubmuş. Bir gün anası ilə bərabər qonaqlığa çağrıldığından mollaxanaya getmir. Ertəsi gün qoltuğunda kitab-dəftəri məktəbə gələndə molla Nağı onu yanına çağırıb dünən dərsdə olmamasının səbəbini soruşur. Nəbiağa qonaq getdiyini söyləyir. Qəzəblənən molla ona dünənki dərsi oxudur. Uşaq dərsi oxuyur. Molla:
– Yox, düz oxumadın, aç əlini, görüm içində nə var, – deyir.
Nəbiağa bir şey başa düşməyib əlini açır. Molla Nağı çubuqla onun əlinə elə vurur ki, uşağın baş barmağının sümüyü sınır. Əlinin ağrısından nə edəcəyini bilməyən Nəbiağa mollanın qutusunun yanındakı ayaqqabını götürüb onun başına vurur. Molla yerindən sürətlə qalxarkən qabağındakı qutu yuvarlanır və içində uşaqlardan gizlin saxladığı şərab şüşəsi yerə düşüb dağılır…
Ucqarlarda maarifin inkişafına mane olmaq üçün çarizmin gördüyü tədbirlərə, ruhanilərin yeni təhsil üsuluna qarşı apardıqları mübarizəyə baxmayaraq, XIX əsrin 80-90-cı illərində "üsuli-cədid" adlanan məktəblərin sayı ildən-ilə artırdı. Xalqda elmə, maarifə oyanan həvəs, Rusiya ali məktəblərində və Qori müəllimlər seminariyasında təhsil alıb gələn qabaqcıl müəllimlər, yeni üsullu məktəblərin möhkəmlənməsi, dini məktəblərin nüfuzdan düşməsi üçün şərait yaradırdı. "Rus-tatar məktəbləri" adlanan bu tədris ocaqları tədris üsulu etibarilə mollaxanalara zidd idi. Bu məktəblərdə yeni dərsliklərdən istifadə olunur, dərslər isə rus dilində aparılırdı. Ana dili dərsləri böyük rus pedaqoqu Uşinskinin prinsipləri ilə yazılmış "Vətən dili", daha sonralar "Uşaq bağçası" kimi dərsliklər əsasında keçilirdi.
Lakin "rus-tatar" məktəbləri ayrı-ayrı ruhanilər tərəfindən açılan və feodal-ruhani məfkurəsini təlim edən mollaxa-naları tamamilə sıxışdıra bilmirdi. Mollaxanalar həm çarizmin məmurları, həm də yerli mürtəcelər tərəfindən bərk müdafiə edilirdi, çünki bu məktəblər uşaqlarda dini təəssübü tərbiyə etməklə çarizmin ucqarlarda cəhaləti və fanatizmi möhkəmlətmək siyasətinə xidmət edirdi. Uşaqların hər səhər dərs başlayanda ərəb dilində padşah haqqında mollanın əzbərlətdiyi duanı oxumaları, onun səltənətinin uzun illər yaşamasını arzu etmələri mollaxanalarm mövcud siyasi quruluşa nə dərəcədə sadiq olduğunu göstərirdi. Ancaq çarizmin və yerli mühafizəkarların cidd-cəhdlərinə baxmayaraq, mollaxanalar, ruhani məktəbləri, mədrəsələr get-gedə nüfuzdan düşür, qabaqcıl adamlar öz balalarını bu məktəblərə verməkdən imtina edirdilər.
Oxu daşa dəydi
Tıntın Fərəclə bir artırmada yaşayan Səfi dayı ucaboylu, irigövdəli, sağlam və xoşsifət bir kişi idi. Cavanlıqda tez-tez güləşərmiş. Tiflisdə onun qabağına çıxan pəhləvan çox az imiş. Aslan pəncəsi kimi iri, qüvvətli əllərini kimin yaxasına, ya kəmərinə keçirsəydi, bir anda qaldırıb yerə vurardı. Şəhərdə hamı onu tanıyır, sevir, hörmətini saxlayırdı.
Səfi dayının Gülbala adlı bir oğlu və Ülkər adlı bir qızı vardı. Gülbala altı sinifli məktəbin dördüncü sinfini qurtardıqdan sonra atası öz sənətini ona öyrətmək üçün dükana aparmışdı. Səfi dayının misgərlər küçəsində kiçik dükanı var idi. Oğlu Gülbala ilə çalışır, qazan, güyüm, sini, dolça və mis kasa qayırıb satırdılar.
Səfi dayının yaşı əllini keçmişdisə də, bu vaxta qədər məscidə gedib bir dəfə də namaz qılmamışdı.
Bir gün dükan sahibləri axşam namazını qılmaq üçün məscidə gedərkən, onu da çox sevdiyi çayxanadan çıxarıb, özləri ilə bərabər aparmaq istədilər. Səfi dayı çox yalvardı, dostları əl çəkməyib, onu zor ilə çayxanadan çıxartdılar. Hay-küyə məhəllənin bütün adamları çıxmışdı. Tanışlar onu bu vəziyyətdə görüb, "Səfi dayı, xeyir ola, hara belə?" – deyə soruşduqda o, başını bulaya-bulaya belə cavab vermişdi:
– Səfi dayını namaza aparırlar…
O gündən sonra hər kimi könlü olmayan bir işə məcbur etsəydilər, camaat, "Səfi dayını namaza aparırlar" – deyə bu sözləri zərbi-məsəl kimi işlədirdi.
Səfi dayı bir qonaqlıqda Şorməkə Hüseyn ilə tanış olmuş, onun qarmon çalıb oxumasını çox bəyənmiş və o gündən onunla dostlaşmışdı. Odur ki, son zamanlar Hüseyn arabir Səfi dayının evinə gəlib-gedirdi. Tıntın Fərəcin qızı Tovuzu gördükdən sonra Səfi dayının evinə daha tez-tez gəlməyə başladı. Həyətdə hamı, o cümlədən Fərəcin qızı Tovuz da onun çalıb-oxumasına aşiq olmuşdu. Tovuzun on dörd yaşı var idi. Bu qız o qədər gözəl idi ki, baxanlar gözlərini ondan ayırmaq istəmirdilər. Həyət arvadları deyirdilər:
– Tıntın Fərəcdən belə qız?! Hələ bu qızlar bulağından su içəndən sonra gör nə qız olacaq! Bəxtəvərin ağzı-burnu, elə bil qüdrətdən yaranıb.
Tovuz Hüseynin oxumasına qulaq asmaq üçün gələndə oğlan coşur, əlindəki qarmonu elə həvəslə çalırdı ki…
Hüseynin belə coşmasının səbəbini həyətdə artıq hamı duymuşdu. Arvadlar pıçıldaşırdılar:
– Şorməkə Hüseyn Tovuza vurulub. Ancaq qudurğan Fərəc ona qız verməz!
Şorməkə Hüseyn Səfi dayıgilə gələndə çox vaxt eyvanda çalıb-oxuyur, qonşular isə qapıya çıxıb tamaşaya dururdular. Qəmər xala da tamaşaya çıxardı. Deyəsən, belə bir oğlanın ona kürəkən olmaq istəməsindən narazı deyildi.
Səfi dayının arvadı Narıngül bir gün Qəmərin ağzını aradı. Qəmər hazır adam kimi o saat cavab verdi:
– Hüseyn yaxşı oğlandır, mən razıyam. Ancaq bilirsən ki, gödək adamlar gündə yeddi dəfə allahlıq iddiası edər. Bizim kişi də belələrindəndir. Danışanda ağzına çullu dovşan sığmır. O, pul, ad-san istəyir. İnanmıram, Hüseynə qız verə.
* * *
Qonşu olduğumuza baxmayaraq, Tıntın Fərəc çox gec-gec atamın yanına gəlirdi. Bir gün necə olmuşdusa, bizə gəlmişdi. Arvadlarından şikayət etdikdən sonra atamdan soruşdu:
– Axund əmi, camaat içində yayılıb ki, guya Molla Həsən ağa oğlunu gimnaziyada oxudur? Bu xəbəri sən də eşitmisən?
– Eşitmişəm.
– Bəs özü minbərdə bizə deyirdi: uşaqlarını rus məktəbində oxudanlar kafərdir.
– Axmaq sözdür, elmi hər yerdə, hər dildə olursa-olsun, oxumaq lazımdır. Bu sözlərə görə, mən onu minbərdən düşürmək istəyirdim. Şeyxülislam qoymadı. Dedi ki, camaat içində böyük hörməti və nüfuzu var. Hamı ona inanır. Məsciddə avam müridlər içində həyəcan qopa bilər. O, molla deyil, lotudur.
Fərəc bir az düşündükdən sonra dedi:
– Mənim fikrimə görə, molla gərək varlı olsun. Bəs anasının əmcəyini əmib dolanmayacaq ki.
Atam istehza ilə cavab verdi:
– Molla Həsən kimi lotuların sizin kimi də müridləri olar.
Fərəcin qaşları çatıldı, burnunda mızıldadı:
– Niyə elə deyirsən, axund əmi? Molla Həsən ağa necədir ki? Hörməti Şeyxülislamdan da, sizdən də artıqdır. Hələ üstəlik, var-dövləti də var.
Atam bu dəfə cavab vermədi.
* * *
Tovuz şən və oynaq bir qız idi. Musiqiyə dərin məhəbbəti vardı. Hüseynin qarmonunun səsini eşidəndə tez içəridən çıxır, oxunan mahnıları öyrənir, sözlərini əzbərləyirdi. Hüseyn gedəndən sonra o havalar ağzından düşmürdü.
Son zamanlar Hüseyn ilə Tovuz məsələsi Qəmər xalanı da düşündürməyə başlamışdı. O bilirdi ki, şöhrətpərəst və pulgir Fərəc Tovuz kimi gözəl bir qızı qarmonçalan Hüseynə verməz. Buna görə də o, qızını bir daha Hüseynin çaldığı havalara qulaq asmağa qoymadı. Bundan sonra Hüseyn sevgilisini görə bilmədi.
Musiqi pərəstişkarı olan Tovuza anasının bu hərəkəti pis təsir etdi. Onun qızılgül qönçəsi kimi yenicə açılmağa başlayan göyçək üzünə qəm-kədər tozu qondu. Ahənrüba kimi hər kəsi özünə cəlb edən uzun kirpikli qara gözlərinə həzin bir kədər çökdü. Hüseyn ovunu itirmiş ovçu kimi bir müddət həyətə, bağçaya göz gəzdirdi, günlər ötdü, bir daha Tovuzu görmədi. Onun şən, oynaq havalar çalan qarmonu birdən-birə inləməyə başladı.
* * *
Molla Həsən ağanın, elə bil ki, hər yerdə adamı var idi. Tıntın Fərəcin Tovuz adlı şəkil kimi bir qızı olduğundan xəbər tutmuşdu. Molla Həsən ağa əmin idi ki, müridi Fərəc onun heç bir sözündən çıxmaz. Buna görə də, xeyli vaxtdan bəri beynində dolaşdırdıqlarını ona açarkən çətinlik çəkmədi.
Bir gün o məscidə tez gəlib payi-minbərdə Fərəcin yolunu gözlədi. Fərəc məscidə girən kimi Molla Həsən onu yanına çağırdı. Bir az ordan-burdan danışdıqdan sonra mollaya qız verib qohum olmağın savabından söz açdı, "Quran" dan bir neçə ayə və hədis gətirdi. Nəhayət, Tovuzla evlənmək istədiyini söylədi.
Tıntın Fərəc bir an belə düşünmədən dedi:
– Baş üstə, ağa, on qızım da olsa, sizə qurbandır.
Molla Həsən, "İçindən qənbərqulu çıxar" – deyə işi tələsdirib, ertəsi günü kəbin kəsdi və bir-iki günə qızı gətirmək fikrində olduğunu söylədi. Fərəc etiraz etmədi. Bir gecə Molla Həsənin böyük arvadı Zibeydə qızı fayton ilə evinə gətirib mollaya tapşırdı. Bu işi Fərəc o qədər gizlin tutdu ki, nə qonşuların, nə də Səfi dayının xəbəri oldu.
Təsadüfə bax ki, bu zaman Şorməkə Hüseyni Qızıl Hacı kəndinə toya aparmışdılar. İki gün müddətinə getdiyi halda, on gün keçirdi, hələ gəlib çıxmamışdı. Görünür, onu zorla saxlamışdılar.
Bir gün eyvanda Şorməkə Hüseynin səsi ucaldı. Əlində qarmon Tovuzgilin eyvanına yaxınlaşaraq Tıntın Fərəcin və molla Həsənin dalınca qəzəbli-qəzəbli danışırdı:
– Sən öz qızını bədbəxt elədin, Fərəc kişi! Molla Həsən molla deyil, lotudur, başkəsəndir!
Bu arada eyvanda görünən Tıntın Fərəcin gözü kəlləsinə çıxdı:
– Ey, Şorməkə, başından böyük danışma! Onun sözü sənin ağzına sığmaz!
– Molla Həsənin qayınatası olmaq və avam camaat içində hörmət qazanmaq üçün Tovuz kimi qızı o qoca şeytana satdın! Qızını satan ata mənim gözümdə hər şeydən alçaqdır.
Molla Həsən ağa Tovuzu aldıqdan sonra Altıbarmaq Seyid onu yaman həcv etmişdi. Bu həcv o zaman dillərdə dolaşırdı. Sonralar həmin həcvi atamın kitab şkafında tapıb üzünü köçürtmüşdüm. Hayıf ki, indi o həcvdən cəmi bir-iki beyt yadımda qalmışdır:
Gündə bir toğlu gələr, keyfini saz eylə, Tovuz,
Vermərik qonşulara kəllə-paçadan, bu gecə,
Ətinı cız-bız edib tavada büryan edərik,
Vermərik qonşulara kəllə-paçadan, bu gecə.
On iki yaşda qız olmaz, girir on üç yaşına.
Ona həmdəm olacaq qıllı o xortdan, bu gecə.
Bu həcv çox uzun, həm də çox biabırcasına yazılmışdı.
Hüseynin keçirtdiyi iztirab Səfi dayıya çox bərk təsir etmişdi. O, hər cür vasitə ilə gənc dostuna təsəlli verməyə çalışırdı. Hüseynin isə oxu daşa dəymişdi. Odur ki, üzünü Səfi dayıya tutub dedi:
– Səfi dayı, bu evdən mən daha həmişəlik getməli oldum. Ona görə izn ver, son sözümü deyib gedim.
Hüseyn qarmonu bağrına basıb dilləndirdi. Elə yanıqlı çalıb-oxuyurdu ki, bütün qonşular onun halına yanırdı.
Aşıq, qaralı qoyma,
Ovçu, maralı qoyma,
Oxun sinəmdə qaldı,
Öldür, yaralı qoyma!
Səfi dayı əli ilə onun çiyninə vurub:
– Hüseyn, fikir eləmə, adam qədrini adam bilər, elə acgözlər sənin qədrini bilməz. Bir-iki il gözlə, Ülkər böyüsün, onu sənə verəcəyəm, – dedi.
Məhərrəmlik vüsatı
Məhərrəm ayının (hicri ilinin 1-ci ayının adıdır) ilk on günü Tiflisdə yaşayan azərbaycanlıların həyatında ən ağır günlər olurdu. Şəriətmədarların müsəlman xalqlarına gətirdiyi müsibətləri aydın təsəvvür etmək üçün bu on günə nəzər salmaq kifayət edərdi. Təsadüfi deyil ki, Şərqin, o cümlədən Azərbaycanın qabaqcıl adamları həmişə məhərrəmliyin acı nəticələrindən yazmış, belə mürtəce adətlərə atəş açmışdılar.
Bütün şiələr kimi avam Tiflis müsəlmanları da İmam Hüseynə matəm saxlayırdılar. Bu matəm mərasimi vəhşiliyin son həddi hesab oluna bilərdi. Məhərrəm ayının birindən başlayıb qırx gün davam edən bir müddət ərzində ruhanilərin fırıldaqlarına uymuş avam camaat məscidlərdə, təkyələrdə sinə vurur, baş çapır, zəncir vurur, dərilərinə sancaq, qıfıl keçirir, özlərinə min bir əzab verir, bundan zövq alırdılar. Bütün bu oyunbazlıqlar isə nəticə etibarilə mərsiyəxanların, müftəxor təziyə mübaşirlərinin ciblərini doldurmağa xidmət edirdi.
Məhərrəmlik ayı əslində arvadların bayramı olurdu. Məhərrəmlik ayinləri məscidlərdə keçirildiyi üçün onlar bir yerə yığılıb söhbət etməyə fürsət tapırdılar. Məscidin aşağı tərəfində, üst qatda arvad və uşaqlara məxsus taxtadan qayırılmış böyük bir eyvan var idi. Orada oturub tamaşa edən arvadları kişilər görməsin deyə, eyvanın məhəccərlərinə ağ pərdə çəkilmişdi. Minbərdə molla moizə edir, mərsiyəxan mərsiyə oxuyur, arvadlar isə yuxarıda şirin-şirin söhbət edir, səsləri məscidi basırdı. Aşağıdan kişilərin, "Ay analar, ay bacılar, qoyun qulağımız bir şey eşitsin, bura söhbətə gəlibsiniz?" – deyə səsləri eşidiləndə, elə bil qurbağa gölünə daş atılırdı. Arvadların səsi kəsilirdi. Bir qədər sonra yenə şirin söhbət, səs-küy başlanırdı.
Məsciddən başqa ayrı-ayrı məhəllələrdə təkyələr təşkil olunur, məhərrəmlik ayinləri icra edilirdi. Hər təkyənin başçısı öz təkyəsini gözə soxub ad qazanmaq üçün, gözəl səsli növhəxanlar və mərsiyəxanlar çağırır, sinəzənlər, zəncir vuranlar dəstəsi düzəldirdi. Dəstənin qabağında gedən tuğa (ələmə), Cənab Qasım və Əli Əkbər otaqlarına qiymətli, rəngbərəng ipək dəsmallar asılırdı. Bunların hamısı arvadlar tərəfindən verilən nəzirlər idi.
Aşura günü qəbiristan yaxınlığındakı açıqlıqda baş çapılırdı. O gün başı çarşablı arvadları küçələr tutmurdu. Onlar dəstə-dəstə həmin meydançaya gedib, tamaşa üçün yer tutmağa can atırdılar.
Başlarını əvvəlcədən qırxdırmış, qara sətindən paltar geyib boyunlarına ağ kəfən keçirmiş kişilər cərgə ilə dayanardılar. Sağ əllərində xəncər olan bu adamlar sol əlləri ilə bir- birinin əlindən tutur, xəncəri havada başlarının üstündə oynada-oynada, "Şaxsey-vaxsey" – deyir, sağ ayaqlarını irəliyə və geriyə qoyub, yavaş-yavaş hərəkət edirdilər. Hər xəncər oynadanın arxasında əllərində bir arşın uzunluğunda, qol yoğunluğunda ağac olan adamlar dururdu. Dəstə bu qərar ilə yavaş-yavaş hərəkət edir, baş yaranların "Şaxsey-vaxsey" – səsi ucalır, xəncərlər qalxıb-enir, əllərində ağac olan adamlar isə bu bədbəxt insanları qorumaq məqsədilə həmin ağacları onların öz başlarına endirdikləri xəncərin qarşısına uzadırdılar.
Dəstələr "Gəncə bağı"nın yaxınlığında yaşayan məşhur Seyid Mir Nemətulla ağanın evinə yaxınlaşanda səslər daha da ucalır, xəncərlər daha sürətlə enib-qalxır, çapılan başların sayı daha da artırdı. Dəstəbaşı ucadan, "Ya Hüseyn!" – deyib xəncər ilə başını yardığı zaman, o biriləri də "Şaxsey-vaxsey, ya Hüseyn!" – deyə xəncəri endirir, göz qarşısında dəhşətli, qanlı bir lövhə canlanırdı. Bu qanlı lövhədən və xəncər oynadan kişilərin "Şaxsey-vaxsey" səsindən qorxan uşaqlar həyəcan içində ağlayır, analarının dizlərinə qısılır, insanların bu vəhşiliklərinə heyrətlə baxırdılar.
Aşura axşamı təkyələrdə şəbih başlanırdı. Guya Şümr adlı birisi Fərat çayının yolunu kəsib İmam Hüseyni və onun ailəsini susuzluqdan öldürmək istəyir. Bu mənzərəni canlandırmaq üçün təkyənin ortasında böyük tasda su və yanında bir dolça qoyulurdu. Şümr də əlində xəncər suyun yanında durub, Ərəbistan çöllərində susuzluqdan yanan İmam Hüseynə su vermirdi.
Şümr rolunu o zaman azərbaycanlılardan heç kəs oynamaq istəməzdi. Hər dəfə təkyə başçısı yalvarıb-yaxarıb bir ermənini Şümr rolunu oynamağa razı edərdi. Bir dəfə erməni əynində dəmir geyim, başında dəmir papaq, əlində xəncər suyun başında durubmuş. Ona tapşırıbmışlar ki, İmam Hüseyn at üstündə, qucağında da kiçik oğlu Əli Əsgər gəlib su istəyəndə verməsin.
İmam Hüseyn rolunu oynayan şəxs Əli Əsgəri qundaqda iki əli üstündə tutub, at belində gəlir və Şümr rolunu oynayan erməniyə deyir:
– Ey Şümr, Fəratın yolunu üzümüzə bağlayıb bizi susuzluqdan öldürmək istəyirsən. Heç olmasa, bu yazıq südəmər balama rəhm elə, susuzluqdan dil-dodağı quruyub. Ona bir içim su ver.
Ürəyi yumşalan erməni dolçanı su ilə doldurub "İmam Hüseynə" verir.
– Al, ver, uşaq içsin, məni, vallah, bu köpək oğlu Kəblə Nəsib öyrətdi, – deyə səhnədən çıxıb gedir.
Təkyədə oturan camaat ağlamaq əvəzinə, gülməyə başlayır.
Tiflisdə aşura günündən başlayaraq imamın qırxına qədər təkyələr davam edirdi. Təbrizlilərin, ərdəbillilərin, qarabağlıların və yerli tiflislilərin tövsiyələri ayrı olurdu. Yerlilərin təkyəsi Mir Nemətulla ağanın evində təşkil edilirdi. Təkyə başçısı müxtəlif xörəklər bişirtdirib növbə ilə hər gecə imam ehsanını yeməyə məhəllədən iyirmi-iyirmi beş adam çağırır və çağırılan adamların evinə də xonça göndərirdi.
Bir dəfə qəbiristan məhəlləsindən çağırılan üç nəfərin evinə üç xonça tutulub göndərilir. Xonçaları aparanlar qəbiristana yaxın köhnə bir günbəzin yanından keçərkən oradan belə bir səs ucalır:
– Gəlirəm, gəlirəm!
Adamlar qorxudan xonçaları yerə qoyub qaçırlar. Əhvalatı eşidən təkyəbaşı inanmır, özü birbaş qəbiristana tərəf yollanır. Günbəzə yaxınlaşarkən həmin səs yenə təkrar olunur. Bu işin sirrini öyrənmək üçün səhər ala-qaranlıqdan birneçə nəfər həmin yerə gedir, ancaq bir şey tapmırlar, nəhayət, günbəzə girib görürlər ki, çolaq bir seyid xonçalardan birini tamam yeyib, qalanlarını da yanına düzüb yatmışdır…
Qırx gündən sonra təkyələr bağlanırdı. Təkyə xörəklərinə dadanmış ruhani və müftəxorların ötən günləri yada salıb təəssüf etmələrinə Tiflis camaatı bu cür söz qoşmuşdu:
Getdi plov, sındı belim, vay, vay!
İşkənədən çıxdı əlim, vay, vay!
Məhərrəmlik günləri avam xalqın bir daha var-yoxdan çıxmasına, soyulmasına, müxtəlif xəstəliklərin yayılmasına səbəb olurdu. Məhərrəmlik büsatı bəzi mollaların müsəlman aləmi üçün "yadıgar" qoyub getdiyi mənfur hoqqabazlıqlardan biri idi. Belə adətlər xalqa çox baha oturur, tənbəl adamları müftəxorluğa alışdırırdı.