Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.
Kitabı oku: «QRAF MONTE-KRİSTO», sayfa 14
XXI. TİBULEN ADASI
Dantes qulağı batmış, nəfəsi kəsilmiş halda olsa da, nəfəsini tutmağı unutmamışdı; və o sağ əlində bıçağı hazır saxladığından cəld çuvalı yırtıb əlini, sonra da başını çıxartdı; hər cəhdlə qumbaranı açmağa çalışsa da, o Dantesi suyun dibinə çəkməyə davam edirdi; onda Dantes, əlləri ilə ayaqları bağlanan kəndiri axtarıb taparaq, boğulmağa başladığı an, son bir həmlə ilə onu kəsdi; qumbara az qala Dantesin kəfəni olacaq o qalın toxunuşlu kətanı suyun dibinə çəkməyə davam etdiyi vaxt, o ayaqları ilə təkan verərək suyun üzərinə çıxdı.
Dantes yalnız bir dəfə nəfəsini dərib yenidən suya daldı, çünki o hər şeydən çox onu görməklərindən qorxurdu.
İkinci dəfə o suyun üzünə çıxdıqda, düşdüyü yerdən ən azı əlli addım aralanmışdı; o səmada, başı üzərindən sürətlə keçib gedən, bəzən ayrılaraq yaranan kiçik mavi guşələrdən, sayrışan ulduzları göstərən, şimşək çaxan, qara dolu buludları gördü; onun qarşısında qaranlıq, coşqun, geniş dəniz sahəsi açılmışdı, üzərində isə dolu xəbərçisi olan dalğalar qaynaşırdı, arxada sanki qorxulu xəyala bənzər, dənizdən, səmadan qara nəhəng qranit bir şey və onun şikarı qaçırmış uzanan ələ bənzər, qara dolamaçarx yüksəlirdi; ən uca sıldırım qayada, fənərin sayrışan işığı iki kölgəni işıqlandırırdı.
Dantesə elə gəlirdi ki, hər iki kölgə narahat halda dənizə tərəf əyilib. Bu qəribə qəbir qazanlar, çox güman ki, o düşərkən çıxardığı qışqırıq səsini eşitmişlər. Ona görə də Dantes, yenidən suya dalıb üzməyə davam etdi. Vaxtı ilə, bu üsul ona yaxşı tanış idi və Faro limanında onun ətrafına dəfələrlə Marselin ən mahir üzgüçüsü adlandıran çoxlu pərəstişkarını toplayırdı.
O suyun üzərinə çıxanda, fənər artıq yox olmuşdu. Dantes ətrafına göz gəzdirməyə başladı. İf qalasını əhatə edən adalardan ən yaxını Patonno və Pomeq adaları idi; lakin Patonno və Pomeq məskunlaşmış adalardır, Dom adası da kiçik olmasına baxmayaraq, məskunlaşmışdır, buna görə də ən etibarlı Tibulen və Lemper adaları idi; onların hər ikisi İf qalasından bir mil məsafədə idi.
Buna baxmayaraq Dantes, onlardan birinə üzərək çatmağa qərar verdi. Lakin saniyə-saniyə daha da qaranlıqlaşan, gecənin bu qaranlığında, onları necə axtarıb tapmaq olar?
– Elə bu zaman o ulduz kimi parlayan Plane mayakını gördü. Düz mayakın üzərinə üzərək, o Tibulen adasını azacıq sol tərəfdə saxlayırdı. Deməli bir az sol tərəflik üzsə, ada onun yolunun üstündə olacaq.
Lakin qeyd etdiyimiz kimi, İf qalası bu adanın ən azı bir mil məsafəsində idi.
Faria, həbsxanada Edmonun tənbəllik və ümidsizliyə qapandığını görərək dəfələrlə deyərdi: “Dantes, hərəkətsizlikdən qorxun, əgər öz gücünüzü məşq elətdirməsəniz, xilas olunmağa çalışarkən, siz boğularsınız”.
İndi, suyun ölümcül ağırlığını hiss etdikdə, Dantes yaşlı adamın bu məsləhətini xatırladı; o tələsik suyun üzərinə çıxıb, əvvəlki qüvvəsini saxlayıb-saxlamadığını yoxlamaq üçün, üzərək dalğaları yarmağa başladı; o sevinərək əmin oldu ki, məcburi hərəkətsizlik dözümlüyünü və çevikliyini heç də azaltmamışdı və hiss etdi ki, uşaqlıqdan alışdığı bu şəraiti yenə bacarıqla idarə edir.
Bir də ki daima onu təqib edən qorxu hissi Dantesin gücünü iki qat artırırdı. Dalğaları yara-yara o, şübhəli səsin gəlib-gəlmədiyinə qulaq asırdı. Hər dəfə, dalğanın darağının üzərinə qalxanda o cəld üfüqə nəzər salır, qatı dumanın daxilini görməyə cəhd edirdi. Digərlərindən yüksəyə qalxan hər bir dalğa, ona, təqib edən bir qayıq kimi görünürdü; bu zaman o daha tez-tez üzərək əlbəttə ki, məsafəni qısaldırdı, lakin bununla yanaşı bu onun qüvvəsini də tükədirdi.
Beləliklə bir saat keçdi, bu müddət ərzində azadlıq hissi ilə ruhlanmış Dantes, müəyyənləşdirilmiş istiqamətdə dalğaları yarmağa davam edirdi.
O öz-özünə deyirdi, “bir saata yaxındır ki, mən üzürəm, lakin külək əlverişli olmadığından, ola bilsin ki, mən sürətimin dörddə birini itirmişəm. Hər halda, əgər mən istiqaməti itirməmişəmsə, onda çox güman ki, artıq mən Tibulen yaxınlığındayam. Əgər mən istiqaməti itirmişəmsə!..”.
Üzgüçünün canına titrəmə düşdü. O yorğunluğunu almaq üçün arxası üzərinə uzanmaq istədi; lakin dəniz get-gedə coşurdu və o tezliklə başa düşdü ki, yorğunluğunu almaq mümkün olmayacaq.
– Nə etmək olar, – dedi, – bacardığım qədər, əlim yorulana qədər, çəng olana qədər üzərəm, sonra da bataram!
O, güc və ümidsizlik inadı ilə üzməyə davam etdi. Birdən ona elə gəldi ki, onsuz da qara olan bulud, daha da qaralmağa başlayır, qatı, ağır, sıx bulud onun başının üstünü alır; elə bu zaman o dizində güclü bir ağrı hiss etdi. Xəyalı anında bunun güllə zərbəsi olduğunu və indi o atəş səsi eşidəcəyini söylədi; lakin atəş olmadı. Dantes, əlini uzadıb suyun altını yoxlayaraq, əlinin bərk bir şeyə dəydiyini hiss etdi. O ayaqlarını qatlayaraq onun torpağa dəydiyini hiss etdi. İndi o başa düşdü ki, nəyi bulud olaraq zənn edib. Onun iyirmi addımlığında, gur, aydın, parlaq alovlandığı vaxt, qəfildən daşlaşmış nəhəng tonqala bənzər bir qalaq qəribə sıldırım qaya yüksəlirdi. Bu Tibulen adası idi. Dantes ayağa qalxıb, bir neçə addım etdi və allaha dua edib, bu anda, ən yumşaq yataqdan ona daha yumşaq gələn qranit qayalar üzərinə sərildi.
Sonra o küləyə, tufana, başlayan yağışa baxmayaraq, bədəni keyləşən, lakin qəlbi gözlənilməz xoşbəxtlikdən sayıq adam kimi şirin yuxuya getdi.
Bir saatdan sonra, Edmonu güclü ildırım gurultusu oyandırdı. Tufan şiddətlənərək qanadlarını gah dənizə, gah da səmaya çırpırdı. İldırım od püskürən adam kimi dalğaları və buludları işıqlandırırdı.
Təcrübəli dənizçinin gözü yanılmamışdı. Dantes iki adanın birincisinə yan almışdı. Bu, Tibulen adası idi. Dantes bilirdi ki, bura bir dənə də olsun, sığınacağı olmayan, açıqlıq və çılpaq sıldırım qayalıqlı bir məkandır. Lakin o zənn edirdi ki, tufan sakitləşər və o dənizə atılıb üzərək bunun kimi vəhşi, lakin daha geniş, deməli daha qonaqpərvər Lemer adasına çatar.
Sallaq qaya, Dantesə müvəqqəti sığınacaq yeri oldu; o qayanın altında gizləndi və demək olar ki, elə həmin anda şiddətli tufan qopdu.
Edmon, altında gizləndiyi qayanın necə silkələndiyini hiss edirdi. Bu nəhəng qayanın ətəklərində parçalanan dalğa damcıları onun üzərinə səpələnirdi. Lakin, təhlükəsiz yerdə olmasına baxmayaraq dəhşətli gurultudan, göz qamaşdırıcı partlamadan onun başı dolandı; ona elə gəlirdi ki, ada onun altında silkələnir, sanki gəmi kimi lövbərdən qırılıb onu bu dəhşətli su burulğanına aparacaqdı.
Ancaq indi onun yadına düşdü ki, bir gündür heç nə yeməyib; onu aclıq əldən salmışdır, susuzluq isə əziyyət verirdi. Dantes, əlini uzadıb qayadakı oyuqdan doyunca yağış suyu içdi.
O, başını qaldırdığı anda ildırım sanki səmanı allah-taalanın taxt-tacının ətəklərinədək parçalayıb, bütün sahəni işıqlandırdı; bu ildırım işığında Lemer adası ilə Kruavil burnu arasında, Dantesdən dörddə bir mil qədər aralıqda xəyalat kimi, külək və dalğalarla sürüklənən kiçik bir balıqçı gəmisi göründü. Bir saniyədən sonra dəhşətli sürətlə yaxınlaşan bu xəyalat digər bir dalğanın darağı başında göründü. Dantes, bağırmaq, bir nəyinsə parça-tikəsini tapıb onunla işarə vermək istəyirdi ki, onlar ölümə doğru sürüklənirlər, lakin görünür onların özləri də bunu bilirdilər; ildırım yenidən çaxanda Edmon ştaq və yelkənlərdən bərk-bərk yapışan dörd nəfər gördü, beşinci dağılmış sükanın yanında durmuşdu. Yəqin ki, adamlar da Dantesi görürdülər, çünki onun qulaqlarına küləyin vıyıltısı ilə kəsilən ümidsiz bağırtılar gəlirdi. Qarğı kimi, əyilən dor ağacının üzərində dağılmış yelkənin parçaları şappıldayırdı; qəfildən gəmini saxlayan avadanlıqlar dağıldı və onu külək götürərək, səmanın qaranlıq dərinliyində, qara buludlar içərisindəki nəhəng ağ quş kimi görünüb yox oldu.
Bu an qulaqbatırıcı şaqqıltı eşidildi; Dantes boğulan adamların qışqırtılarını eşitdi. Sfinks kimi öz sıldırım qayasına yaxınlaşan Dantes, dənizin sonsuz dərinliyinə baxırdı, ildırım yenidən çaxanda isə o gəminin dağıldığını və onun dağıntıları arasında ümidsiz üzləri, göyə uzanan əlləri gördü.
Sonra hər şey gecənin qaranlığında gözdən itdi; qorxulu qarabasma ildırımın çaxması qədər çəkdi. Dantes, hər an dənizə düşmək ehtimalı ola-ola, sürüşkən qayaların üzəri ilə, irəli getdi. O, baxır və qulaq asırdı, lakin heç nə görmür və heç nə eşitmirdi; nə bağırtı, nə adamlar var idi; yalnız küləklə bərabər tufan uğuldamağa və dalğalarla birlikdə köpüklənməyə davam edirdi.
Tədricən külək sakitləşdi; səmada, sanki doludan tülənmiş böyük boz buludlar qərbə doğru hərəkət edirdi; səmanın mavi guşəsindən yenidən, lakin daha aydın şəkildə ulduzlar sayrışırdı. Tezliklə şərqdə, qırmızıya bənzər geniş bir zolaq qara mavi üfüqü göstərdi; dalğalar coşaraq, qəfildən işıqlandı, onların köpüklü daraqları qızılı yala çevrildi.
Gün doğdu.
Dantes dinməz və hərəkətsiz şəkildə, sanki onu ilk dəfə görürmüş kimi, bu möhtəşəm mənzərəyə tamaşa edirdi; doğrudan da İf qalasında olduğu müddət ərzində o, günəşin necə çıxdığını unutmuşdu. O, qalaya tərəf dönərək yerə və dənizə uzun bir nəzər saldı. Qorxunc şəkildə dalğaların içindən nifrət oyandıran bina – mühafizəçi və hökmdar – yüksəlirdi.
Səhər saat beş idi; dəniz tədricən sakitləşirdi. “İki üç saatdan sonra, gözətçi mənim kamerama girib zavallı dostumun meyitini aşkar edəcək, – Edmon öz özünə dedi, – onu tanıyıb nahaq yerə məni axtarmağa başlayacaqlar, sonra həyəcan siqnalı verəcəklər, onda yeraltı yolu da tapacaqlar; məni dənizə atan və yəqin ki, qışqırığımı eşidən adamları sorğuya tutacaqlar. Anında silahlı əsgərlərlə dolu qayıqları yəqin ki, çox da uzağa gedə bilməyən zavallı qaçqının ardınca göndərəcəklər. Top atəşləri ilə, sahil boyu xəbərdarlıq edəcəklər ki, ac və çılpaq dilənçiyə sığınacaq verilməsin. İf qalasının komendantı dənizi araşdırdığı bir vaxtda, Marsel polisinə xəbər veriləcək və onlar sahili mühasirəyə alacaqlar. Onda necə olacaq? Suda mühasirəyə alınıb, quruda təqib edilərək mən nə edəcəyəm? Mən acam, üşütmüşəm, hətta üzməyimə mane olduğuna görə, mənə xilas olunmağımda kömək edən bıçağı da atmışam; indi məni ələ verəcək iyirmi frank qazanmaq istəyən hər bir adamın əsiriyəm. Mənim artıq nə qüvvəm, nə fikrim, nə qətiyyətim var! Ya rəbbim! Ya rəbbim! Sən mənim əzablarımı görürsən, mənə kömək et, çünki mən özüm-özümə kömək etmək iqtidarında deyiləm!”
Halsızlıqdan düşünmə qabiliyyətini itirən Edmon yarı soyuqlamış vəziyyətdə bu alovlu duanı pıçıldayaraq, eyni zamanda qorxu ilə İf qalasını nəzərdən keçirirdi, bu anda o Pomeq adası ətrafında qağayı kimi, tam suyun üzərində uçan, kiçik bir gəmi gördü; yalnız dənizçi gözü dənizin yarıqaranlıq zolağında, bu gəminin Genuya tartanası olduğunu müəyyənləşdirə bilərdi. O, Marsel limanından dənizə açılırdı və parlayan köpük onun itiuclu burnu qarşısında ayrılaraq, ona yol verirdi.
– Yarım saat sonra, – Edmon bağırdı, – əgər qorxmasaydım ki, onlar məni dindirib mənim kim olduğumu anladıqdan sonra geri, Marselə göndərməyəcəklər, mən bu gəmini yaxalaya bilərdim! Nə edim? Onlara nə deyim? Onları aldatmaq üçün necə bir təmsil fikirləşim? Bu adamlar dəniz yarıpiratları, qaçaqmalçılardır. Onlar ticarət pərdəsi altında quldurluqla məşğuldur və yəqin ki, xeyirxah iş görmək yerinə, məni satarlar.
Gözləyək görək.
Lakin gözləmək mümkün deyil; mən acımdan ölürəm, bir neçə saatdan sonra mənim qüvvəm tükənəcək; yoxlama saatı da yaxınlaşır; həyəcan siqnalı hələlik verilməyib, ola bilsin ki, heç məndən şübhələnməyəcəklər; mən gecə dağılmış gəminin dənizçisi kimi özümü təqdim edə bilərəm; bu həqiqətə uyğundur, onların hamısı boğuldu, məni təkzib edəcək adam yoxdur. Beləliklə, irəli!…
Dantes, kiçik gəminin dağıldığı yerə tərəf baxıb diksindi. Sıldırım qaya üzərindəki çıxıntıların birinə ilişmiş batmış dənizçilərdən birinin papağı var idi, yaxınlıqda isə dalğalar üzərində, gücdən düşmüş çömçə balıqlar kimi, adanın ətəklərinə dəyərək, parçalanmış şalban qırıqları üzürdü.
Dantes sonuncu şübhəsini də bir kənara qoydu; o üzərək papağa çatıb onu başına qoydu, sonra şalbanlardan birini yaxalayaraq tartananın yolunun qarşısına üzdü. O, pıçıldadı, – indi mən xilas oldum. – Bu əminlik ona güc verdi.
Tezliklə o tartananı gördü, təxminən küləyin əks istiqamətində gedən tartana İf qalası ilə Klanye qülləsi arasında manevr edirdi. Dantes ehtiyat edirdi ki, əgər gəminin istiqaməti Korsika, yaxud Sardiniya olsa, o sahil boyu getmək əvəzinə, qanuni olaraq açıq dənizə çıxmalıdır; lakin tezliklə gəminin gedişindən Dantes əmin oldu ki, İtaliyaya gedən digər gəmilər kimi, onlar da Jarosla Kalasaren adalarının arasından keçməyə hazırlaşırlar.
Bu arada tartana və üzgüçü hiss edilmədən bir-birinə yaxınlaşırdılar; hətta bir həmlədə tartana Dantesə dörddə bir mil məsafəyə qədər yaxınlaşdı. Dantes dikəlib həyəcan siqnalı vermək üçün papağını yelləməyə başladı; lakin heç kim onu görmədi; tartana sükanın istiqamətini dəyişib düz qalsa oturdu. Dantes, qışqırmaq istədi, lakin məsafəni gözəyarı ölçərək başa düşdü ki, dalğaların gurultusu altında, küləyin qaçırdığı səs tartanaya yetişə bilməz.
Onda o şalbanı özü ilə götürməklə necə doğru etdiyini başa düşdü. Dantes, həddindən artıq gücdən düşdüyündən, şalban olmadan çətin ki, tartana ilə görüşənədək özünü suda saxlaya bilərdi, əgər tartana onu görmədən, belə bir ehtimal da var idi, keçib getsəydi, o çox güman ki, sahilə üzüb çıxa bilməyəcəkdi.
Baxmayaraq ki, Dantes tartananın getdiyi istiqamətdən əmin idi, o yenə həyəcanla onu izləyirdi, ta ki tartana geri dönüb onun yanına istiqamət götürənədək.
Dantes onun qarşısına tərəf üzməyə başladı, lakin onlar qovuşanadək tartana digər qalsın üzərinə yatdı.
Bu vaxt Dantes, var gücünü toplayaraq suyun üzərinə qalxıb papağını yellədərək boğulan adamlardakı dəniz ruhunun fəryadına bənzər iniltili səslə qışqırdı.
Bu səfər onu gördülər, həm də eşitdilər. Tartana istiqamətini dəyişib ona tərəf döndü; eyni zamanda o, tartanadan suya qayıq ötürməyə hazırlaşdıqlarını gördü. Dantes, şalbana ehtiyacı olmadığını düşünərək şalbanı əlindən buraxıb, avar çəkənlərin yolunu qısaltmaq üçün, onların qarşısına tərəf üzməyə başladı. Lakin o tükənən gücünü hesaba almamışdı; Dantes, özündən yüz addım o tərəfdə dalğalanan şalbanı əlindən buraxdığına görə çox təəssüflənirdi. Onun əlləri uyuşur, ayaqları elastikliyini itirirdi, hərəkətləri ağır və sərt idi, nəfəsi də çətinliklə gəlirdi.
O ikinci dəfə qışqırdı; avar çəkənlər cəhdlərini ikiqat artırdılar, onlardan biri italyanca qışqırdı:
– Bərk durun!
O bu səsi, dalğaların onu köpüklə örtdüyü və onları aşmağa gücü qalmadığı bir zamanda, eşitdi. O bir daha çırpınaraq, gücsüz, ümidsiz halda suyun üzünə çıxdı, üçüncü dəfə o qışqıranda hiss etdi ki, ayağına ağır daş bağlanmış adam kimi, dənizin dibinə çökür.
Su onun üzərini örtdü və onun altında Dantes, qara ləkələrlə örtülmüş bəyaz səmanı gördü.
O bir daha insana xas olmayan güc tətbiq edərək, suyun üzərinə çıxdı. Dantesə elə gəlirdi ki, onun saçlarından tuturlar; sonra o heç nə görmədi və heç nə də eşitmədi.
Dantes, özünə gəlib gözlərini açanda, özünü yoluna davam edən tartananın göyərtəsində gördü. İlkin hərəkətində onun məqsədi tartananın hansı istiqamətdə hərəkət etməsinə nəzər salmaq idi; o İf qalasından uzaqlaşmaqda idi.
Dantes o dərəcədə zəifləmişdi ki, onun sevinc nidası bir iniltiyə bənzədi.
Beləliklə Dantes göyərtədə uzanmışdı; dənizçilərdən biri yun ədyalla onu masaj edirdi; digəri ona “bərk durun!” Bağıran mehtərəni onun ağzına soxurdu; üçüncü, yaşlı dənizçi eyni zamanda şkiper vəzifəsini yerinə yetirən və gəmi sahibi olan adam xudbin şəfqətlə ona baxaraq, dünən onlardan ötüb keçən, sabah isə başlarına gələ biləcək bədbəxtliyin düşüncəsində idi.
Mehtərədən verilən bir neçə damcı rom Dantesin qüvvəsini bərpa etdi, yanında dizi üstə oturub onu masaj edən dənizçinin səyi nəticəsində isə Dantesin uyuşmuş bədən üzvləri canlanmağa başladı.
Tartananın sahibi fransız dilində nəm-nüm edərək soruşdu, – siz kimsiniz?
Dantes italyan dilində nəm-nüm edərək cavab verdi, – mən Malta dənizçisiyəm, biz Sirakuzdan şərab və parça dolu yüklə gəlirdik. Dünənki tufan bizi Morjion burnu yaxınlığında o sıldırım qayalıqlara vuraraq parçaladı.
– Siz üzərək haradan gəlirdiniz?
– Mən sıldırımlıqdan tuta bildim, bizim zavallı kapitanımız isə başını vurub əzdi. Qalan üç nəfər isə boğuldu. Deyəsən sağ qalan tək mənəm. Mən sizin tartananı gördüm və bu kimsəsiz adada uzun müddət qalmaqdan qorxaraq bizim gəminin qırıntıları üzərində sizə çatana qədər üzməyə qərar verdim. – Dantes davam etdi, – sizə təşəkkür edirəm, siz mənim həyatımı qurtardınız; mən artıq batmaq üzrə idim ki, sizin dənizçilərdən biri məni saçımdan tutdu.
Açıq və gülər üzlü, haşiyələnmiş bakenbardlı dənizçi dedi, – bu mən idim və bu tam zamanında oldu: yoxsa siz batırdınız.
– Bəli, bəli, əziz dostum, – Dantes əlini ona uzadaraq dedi, – bir daha sizə təşəkkür edirəm.
– Doğrusu mən tərəddüd içində idim, – dənizçi davam etdi, – sizi elə tük basıb ki, mən sizi quldurlara bənzətdim.
Dantesin yadına düşdü ki, doğrudan da, İf qalasında olduğu müddətdə bir dəfə də olsun nə saçını, nə də saqqalını qırxmışdı.
– Bəli, – Dantes dedi, – bir çətin anımda mən müqəddəs anamız del Pye de la Qrotta and içmişdim ki, on il sər tamam nə saçımı, nə də saqqalımı vuracağam. Bu gün and içməyimin müddəti tamam olur və mən bu ildönümündə az qala boğulacaqdım.
– Bəs indi biz sizinlə nə edək? – Sahibkar soruşdu.
– Necə ürəyiniz istəyirsə, – Dantes dedi, – mən üzdüyüm feluka məhv olmuş, kapitan isə boğulub. Gördüyünüz kimi, mən sağ-saliməm, lakin anadan olduğum kimi, lüt-üryanam. Xoşbəxtlikdən mən pis dənizçi deyiləm; daxil olduğunuz ilk limanda məni endirin və mən istənilən ticarət gəmisində özümə iş tapa bilərəm.
– Siz Aralıq dənizinə bələdsiniz?
– Mən burada uşaqlıqdan üzürəm.
– Dayanacaqları yaxşı tanıyırsınız?
– Ən çətin limanlar daxil olmaqla, çox az liman tapılar ki, mən ora gözüyumulu girib çıxa bilməyəm.
Dantesə “Bərk dur!” bağıran dənizçi dedi, – əgər yoldaş düz deyirsə, onda biz onu özümüzdə niyə saxlamayaq?
– Bəli, – deyə sahibkar şübhə ilə cavab verdi, – əgər o düzünü deyirsə. – Lakin bu zavallının vəziyyətində olanlar çox vəd edirlər, amma bacardıqları qədər yerinə yetirirlər.
– Mən vəd etdiyimdən çox yerinə yetirərəm, – Dantes dedi.
Sahibkar gülümsəyərək, – görərik, – dedi.
– Nə vaxt istəsəniz, – Dantes ayağa duraraq cavab verdi. – Siz hara gedirsiniz?
– Livornoya.
– Yaxşı olmazmı ki, dolama gedib qiymətli vaxt itirmək yerinə, sadəcə küləyin istiqamətində gedəsiniz?
– Ona görə ki, bu zaman biz Rionla qarşılaşacağıq.
– Xeyr, o sizin qırx metrliyinizdə qalacaq.
Sahibkar dedi, – elədisə, sükan arxasına, – baxaq görək, siz bunun necə öhdəsindən gələcəksiniz.
Dantes rumpelin yanında əyləşərək, yüngül toxunuşla gəminin sükana necə riayət etdiyini yoxladı və çox da həssas olmamaqla yanaşı, tabe olduğunu görüb əmr etdi:
– Bras və bulinə!
Gəmi heyətinin dörd dənizçisi sahibkarın nəzarəti altında öz yerlərini tutdu.
Dantes davam etdi, – brasları tarım çəkin! Bulini tutun!
Dənizçilər əmri asanlıqla yerinə yetirdilər.
– İndi isə ipləri sarıyın!
Bu əmr də, əvvəlki iki əmr kimi, yerinə yetirildi və tartana dolanmadan Dantesin dediyi kimi, Rion adasına, onun sağ tərəfindən qırx metr məsafə ilə hərəkət etdi.
– Afərin! – Sahibkar dedi.
Dənizçilər təkrar etdilər, – afərin!
Və hamı təəccüblə bu adamda, hiss etmədikləri gözlərindəki ağlı və bədənindəki gücün oyandığını gördü.
– Görürsünüz, – Dantes sükanı buraxaraq dedi, – mən sizə heç olmazsa bu reys üçün lazımam. Əgər Livornoda mən sizə lazım olmasam, məni orada salarsınız, mən isə ilk maaşımdan sizin mənə verəcəyiniz yeməyin və paltarın pulunu ödəyərəm.
– Yaxşı, – sahibkar dedi. – Əgər siz artıq istəməsəniz birtəhər dil taparıq.
– Dənizçilərin biri o birindən yaxşıdır, – Dantes dedi. – Siz onlara nə qədər verirsinizsə, mənə də o qədər ödəyərsiniz.
– Bu düzgün olmaz, – Dantesi sudan çıxaran dənizçi dedi, – siz bizdən çox bilirsiniz.
– Cakopo, sənə nə dəxli var? – Sahibkar dedi. – Hər kəs hansı qiymətə istəyirsə, o qiymətə də işə girir.
– O da düzdür, – Cakopo dedi, – mən elə belə deyirəm.
– Ən yaxşısı sən ona əgər artıq varındırsa, şalvar və gödəkcə ver.
– Artıq gödəkcəm yoxdu, – Cakopo cavab verdi, – lakin köynəklə şalvarım var.
– Mənə lazım olan da elə budur, – Dantes dedi, – sağ ol, dostum.
Cakopo lükə girib bir dəqiqədən sonra əlində paltar qayıtdı, Dantes onu izah olunmaz ləzzətlə əyninə geydi. Sahibkar soruşdu, – sizə başqa heç nə lazım deyil ki?
– Bir parça çörək və bir neçə qurtum dadına baxdığım əla rom; mən uzun zamandır ki, heç nə yeməmişəm.
Doğrudan da o iki gün idi ki, heç nə yeməmişdi. Dantesə bir parça çörək gətirdilər, Cakopo isə ona mehtərə verdi.
Kapitan sükançıya uca səslə dedi, – sükanı sola!
Dantes mehtərəni dodaqlarına aparırdı ki, əlləri yarı yolda qaldı.
– Baxın, – sahibkar dedi, – İf qalasında görəsən nələr baş verir?
İf qalasının cənub bürcünün dişləri üzərində ağ bulud görsəndi.
Bir saniyədən sonra tartanada uzaq top səsləri eşidildi.
Dənizçilər bir-birinə baxaraq başlarını qaldırdılar. Sahibkar soruşdu, – bu nə deməkdir?
– Görünür ki, bu gecə hansısa məhbus qaçıb, – Dantes dedi, – ona görə də həyəcan siqnalı verirlər.
Sahibkar, bu sözləri deyə-deyə mehtərəni dodaqlarına yaxınlaşdıran gənc adama diqqətlə baxdı. Lakin Dantes, sakitliyini pozmadan rom içməyə davam edirdi və əgər sahibkar ondan şübhələnmiş olsaydı da belə, bu onun ağlından ötüb həmin dəqiqə yox oldu.
Dantes, köynəyinin qolu ilə alnındakı təri silərək dedi, – əcəb də tünd romdu!
– Əgər bu odursa da, – sahibkar ona baxaraq donquldandı, – lap yaxşı: mənə igid, qoçaq birisi nəsib olmuşdur.
Dantes, sükanın arxasına keçmək üçün izin istədi. Sükançı əvəzlənməsinə sevinərək, ona sükanı öz yoldaşına verməyi işarə edən sahibkara baxdı.
Sükanın arxasında oturan Dantes, şübhə doğurmadan Marselə tərəf baxa bilirdi.
İf qalası gözdən itəndən sonra, Dantes, onun yanına oturan Cakopodan soruşdu, – bu gün ayın neçəsidir?
Dənizçi cavab verdi, – iyirmi səkkizi fevral.
Dantes soruşdu, – hansı ilin?
– Necə yəni hansı ilin? Siz soruşursunuz ki, neçənci ildir?
– Bəli, – Dantes cavab verdi, – mən soruşuram ki, neçənci ildir.
– Siz neçənci ildə yaşadığınızı unutmusunuz?
– Nə etmək olar! – Dantes gülə-gülə dedi, – bu gecə mən o dərəcədə qorxmuşam ki, az qala huşum itəcəkdi və mənim yaddaşım tamamilə dağılmışdır; ona görə də mən soruşuram: bu gün neçənci ilin iyirmi səkkiz fevralıdır?
– Min səkkiz yüz iyirmi doqquzuncu ilin, – Cakopo cavab verdi.
Dantesin həbsxanaya düşməsindən tam on dörd il keçirdi. O, İf qalasının astanasından içəri girəndə on doqquz yaşı var idi, oradan çıxanda isə otuz üç yaşındaydı.
Onun dodaqlarından acı bir təbəssüm keçdi. O, öz-özündən soruşurdu, bu müddət ərzində yəqin ki, onu ölmüş hesab edən Mersedesin başına, görəsən, nələr gəlib.
Sonra onun gözlərində nifrət atəşi alovlandı – Dantes bu uzun, əzablı həbsin səbəbkarları olan o üç əclafı xatırladı. Və o bir vaxtlar həbsxanada olduğu kimi yenidən Danqlar, Fernan və Vilfordan amansız intiqam almaq üçün dəhşətli bir and içdi.
Bu and artıq boş hədə deyildi, çünki yelkənlərinin hamısını qaldıraraq sürətlə Livornoya tərəf gedən tartananı, artıq Aralıq dənizində üzən ən iti sürətli yelkənli gəmi belə, yaxalaya bilməzdi.
