Kitabı oku: «Qafqaz qaçaqları», sayfa 2
Hazırlıq çox da uzun çəkmədi. Camaat cənazənin dəfni ilə məşğul olduğu vaxt gəlinlər, qızlar arabaları hazırlayırdılar. Əslində, o gün Novruz bayramı idi. Köçəri vəziyyətində olsalar da, gəlinlər, qızlar, uşaqlar Novruz hazırlığı görmüşdülər, ilin son çərşənbəsini qarşılamışdılar, səməniləri cücərtmiş, yumurtaları boyamış, baca-baca payı paylamışdılar. Heyf ki, Novruz bayramları məhərrəm ayına dönmüş, yasla gəlmişdi. Kəndlərinin neçə-neçə qəhrəman övladı yaralanmış, biri də şəhid olmuşdu.
O axşam on bir ay sığındıqları Yuxarı Salahlı səmtindən öz kəndlərinə yola düşəcəkdilər. Ancaq şəhər rəhbərliyindən gələn tapşırığa əsasən, nəzarət tədbirləri görülüb, təhlükəsizlik təmin olunmadığına görə yola ancaq ertəsi gün günortadan sonra çıxa bilərdilər. Bəzi cavanlar atlarını minib dağ yolu ilə getmək istəyirdilər. Ancaq ağsaqqalların məsləhəti ilə hamı ağzıbir şəkildə qayıtmalı idi. Bu arada ağsaqqallar tək iki adamı – Qara Tapdıq ilə Şəmistanı Yuxarı Salahlının örüşündə qoyun və mal sürülərini otaran çobanların yanına göndərmişdilər. Bu iki yoldaş çobanlara söyləyəcəkdilər ki, qoyun sürülərini və mal naxırlarını öz kəndlərinin örüşlərinə gətirə bilərlər. Bir də Zalxa xanımın naxırından iki cavan mal seçib kəndə gətirəcəkdilər. Sabah Məmməd Babanın şəhadətinin üçüncü günü idi. Mallar səhər tezdən kəndə çatdırıl-malı idi. Mallardan biri Məmməd Babanın üçündə, digəri isə yeddisində veriləcək ehsan üçün kəsiləcəkdi.
O gecə uşaqlardan başqa heç kəsin gözünə yuxu getmədi. Ocaqların başına yığışıb səhərə qədər söhbət elədilər. Sovet süvarilərinin könüllü atlıları arxadan vurduqlarını, könüllü atlıların qəhrəmanlıqlarını, Məmməd Babanın atının yaralandığını, Binnət Əfəndinin atının şahə qalxaraq rus süvarisinin çiynini gəmirdiyini, onu atdan yerə salmasını, Sovet atlılarının dava qaydalarına məhəl qoymayıb qarşılarına çıxan hər kəsi qılıncdan keçirdiklərini dönə-dönə danışırdılar.
* * *
Bütün kənd ayaq üstə idi. Kimi piyada, kimi də at və araba ilə yol gedirdi. Səbirləri tükənmişdi. Yola günortadan əvvəl çıxmışdılar. Gələndə cənazə aparırmış kimi könülsüz gələn kəllər və öküzlər indi yüyürtmə gedirdilər.
İri və ağır kəllər ərəmik cöngələr kimi cəld yeriyirdilər. İyirmi kilometrlik yolu bu dəfə dörd saata qət elədilər. İlkindi vaxtına qədər kəndə girdilər. Sanki kəndə deyil, illərdən bəri tərk edilmiş xaraba yerinə gəlmişdilər.
Kənd viranəyə dönmüşdü. İşə yarayan bir şey qalmamışdı. Gürcülər daşınan əşyalardan bir şey belə saxlamamış, daşınmaz əmlakı da çapıb talamışdılar. Qapı-pəncərələri, çardaqları, eyvanları söküb dağıtmışdılar.
Kənd talandıqdan sonra buraya gəlib-gedən olmamış, qış aylarından bəri ayaq dəymədiyi üçün hər yeri ot basmış, yer damlarının arasındakı cığırlar bağlanmış, təndir buxarıları, anbarlar, mal damları yerlə bir olmuşdu. Onsuz da yarısı yerdə olan qazma evlər sanki tamamilə torpağın altında qalmışdı. Xırman yerləri çayırlığa dönmüşdü. Damların uçuq-sökükləri arasından boy atan qanqal, gicitkən, ot-ələf dizə verirdi. Bütün bunlara baxmayaraq tumurcuqlamış meyvə ağacları çiçək üstündə idi. Ceviz, tut, gilas, gilənar, alma ağacları sahiblərinin qayıdışından sevinirmiş kimi küləyin qabağında yırğalanıb onları salamlayırdı.
Evlərinin, ocaqlarının halını görən kəndlilərin əlləri-qolları yanlarına düşmüşdü. Ağızlarına sanki su almışdılar. Atadan-babadan qalma mirasları, bütün xatirələri yox edilmişdi. Keçən həftə Sarıyoxuş həndəvərində atlı mühafizəçilərin gürcülər tərəfindən şəhid edilməsi, dünən gecə də illərdən bəri insanların özlərini və mal-mülkünü qoruyan Kənd Mühafizə Birliyinin Qırmızı Ordunun hücumuna məruz qalması, mühafizə döyüşçülərinin yaralanması, Məmməd Babanın şəhid olması kəndlilərin hamısını matəmə qərq eləmişdi. Bunun da üstündən kəndlərini bu halda görəndə nə deyəcək sözləri, nə də görəcək işləri qalmışdı.
* * *
İkinci Şıxlı kəndinin sakinləri gözdə-qulaqda idilər, tək səs, tək ürək olmuşdular. Gürcü işğalından xilas olmuş digər yeddi kəndin sakinləri də eyni vəziyyətə düşmüşdülər. Hamının qulağı səsdə, gözü yolda idi. Əslində, bütün Azərbaycan, bütün Borçalı eyni duyğu, eyni düşüncə içində idi. Harada nə baş versə, soraq tutur, birinin ayağına batan tikanın, dəyən daşın ağrısını hamısı hiss eləyirdi. Heç kəs təkbaşına hərəkət eləmirdi. Hər kəs öz evi ilə maraqlandığı kimi gözü başqalarının üzündə, qulaqları başqalarının səsində idi.
Olub-keçənləri o bölgənin camaatı, hətta kənarda olanlar da eşitmişdi. Borçalıdan, Qazaxdan, Ağstafadan İkinci Şıxlıya el yerimişdi, ağsaqqallar, əli-ayağı tutanlar axın-axın başsağlığına, yaralıları yoxlamağa, köməyə gələcəkdilər.
* * *
Zalxa xanım və onun yanından ayrılmayan yaxınları, qohumları bir ildi Allah ümidinə buraxılmış, həddindən artıq dağınıq böyük qonaq otağını sahmana salmışdılar. Otağı düşərgə yerindən gətirdikləri xalça, kilim, döşək və yastıqlarla döşəmişdilər. Həyətdəki bağça yamyaşıl xalı kimi tərtəmiz idi. Gəlinlər samovara od salmışdılar. Hər ailə öz evinin bir otağını sahmana salmaq hayında idi ki, başlarını salıb, gecəni orada keçirə bilsinlər.
Hələ axşam düşməmişdi. Kəndin gündoğar səmtindən iki atlı gəlirdi. Yuxarı Salahlıdan Matos Məhəmməd və yoldaşı idi. Az sonra körpü tərəfdən də iki atlı gəldi. Bunlar da Lejvəddinli kəndindən Qarabağlı Məhəmməd və Avsəlim oğlu Məhəmməd idi. Sanki bir-birləri ilə əvvəlcədən xəbərləşmişdilər. Atlarını birbaşa Zalxa xanımın evinə sürdülər. Yas yerinə gəlmişdilər. Kəndin axundu Molla Əhməd, kənd məscidinin banisi Tomtullu Əmiraslan, kəndin ağsaqqalları Şərif Şikəstə və Güla-lıoğlu Aslan da bir az əvvəl yas yerinə gəlmişdilər. Zalxa xanımın yanında bir neçə ağbirçək var idi.
Molla Əhməd Qurani-Kərim oxuyub dua verəndən sonra Borçalıdan və Ağstafadan gələnlər Zalxa xanıma və ağsaqqallara başsağlığı verdilər. Zalxa xanım təziyələri qəbul edərək:
– Başımız üstündə yeriniz var, – dedi. – Allah hamınızdan razı olsun. Siz sağ olun, dostlar var olsun. Allah vətənimizə, millətimizə ağrı göstərməsin.
Bir-birlərinə dil-ağız eləyəndən, təsəlli verəndən sonra Zalxa xanım Qarabağlı Məhəmməddən soruşdu:
– A Məhəmməd ağa, bizim başımıza gələnlərdən siz necə, haradan xəbər tutdunuz?
Qarabağlı Məhəmməd:
– Necə xəbərimiz olmasın? Biz Gürcüstan türkləri sizinlə nəfəs alırıq, gözümüz, qulağımız sizdədir. Qırmızı Ordu əvvəlki gecə Qazaxdan yeriyib gürcü birliklərini qabağına qataraq Tiflisə doğru irəliləyəndə yolunun üstündəki bütün milli birlikləri də qılıncdan keçirib. Qırmızı Ordunun törətdiyi bu vəhşiliyi indi bütün dünya danışır.
Tomtullu Əmiraslan:
– Bolşeviklərdən bundan başqa nə gözlənilir ki, – dedi. – Onlar üçün özlərindən olmayan hər kəs düşməndir. Bir insan və ya bir xalq Qırmızı Ordunun cərgəsində olmadıqdan sonra hansı sırada yer tutursa-tutsun onlar üçün düşməndir, dağıdılmalıdır, məhv edilməlidir.
Qarabağlı Məhəmməd:
– Doğru deyirsiniz. Bolşeviklərin çar hökumətindən fərqi yoxdur. Eyni yolla gedirlər. Əvvəlcə erməniləri, gürcüləri üstümüzə saldılar, kəndlərimizi işğal etdirdilər, sonra da guya onları cəzalandırmaq adı altında, bizi gürcülərin əlindən qurtarmaq adı ilə yenə bizimkiləri qırğına verdilər. Üzdə elə göstərdilər ki, guya bizi xilas elədilər, əslində isə ölkəmizi işğal elədilər, öz hakimiyyətlərinin altına aldılar.
Tomtullu Əmiraslan:
– Üstəlik də aqibəti bəlli olmayan bir işğalın altına aldılar. Bolşeviklərin işğal elədikləri yerlərdə törətdikləri əməllər göstərir ki, bunların soyğunları və talanları gürcülərdən və ermənilərdən betər olacaq. İndiyə qədər heç bir dövrdə və ölkədə görünməmiş dövlət talanı törədəcəklər. Hər şeyimizi əlimizdən alacaqlar. Mal-qoyunlarımızı, qiymətli əşyalarımızı, evimizi, əkin yerlərimizi, biçənəklərimizi, xülasə, nəyimiz varsa hamısını alıb, guya dövlət malına çevirəcəklər. Bundan da pisi odur ki, insanlarımız məhv ediləcək. İgidlərimiz, alimlərimiz, ziyalılarımız aradan götürüləcək.
Avsəlimoğlu Məhəmməd:
–Bizim Qarayazı ÇeKa rəisinin xalqa müraciətində dedikləri də elə bunlar idi. Dedi ki, vaxtilə Kommunist Partiyasına üzv olmayan və sovetləşmə prosesində iştirak etməyən şəxslərin yaşamaq haqqı əllərindən alınacaq. Allah axırımızı xeyir eləsin. Bizi heç də yaxşı günlər gözləmir.
Söhbət uzanıb gedirdi. Qonaqlara sabah veriləcək ehsan məclisinə qalmaları təklif edildi. Onlar gecəni yas evində keçirdilər.
* * *
Sabah tezdən hamı hərəkətə gəlmişdi. Qara Tapdıq ilə Şəmistan gətirdikləri malın birini kəsib ətini doğramışdılar. Kəndin aşpaz qadınları ocaqları qalayıb qazanları asmışdılar. Bu eldə həm toy, həm də yas məclislərində bozartma və plov verirlər. Ehsan süfrəsində isə ayrıca tərəkəmə halvası da çalınır.
Qonum-qonşu, qohum-əqrəba ilkindidən sonra veriləcək ehsan üçün hazırlıq görür, ağsaqqallar və ağbirçəklər də uzaqdan-yaxından təşrif gətirən qonaqların təziyələrini qəbul eləyirdilər. Qazax şəhərinin və kənd sovetinin təzə rəhbərləri, seminariyanın müəllimləri Əli Hüseyn Əfəndi və yoldaşları gəlib başsağlığı verdilər. Onlardan bəziləri ehsan süfrəsinə də qaldı. Ağsaqqallara və ağbirçəklərə, eləcə də uzaqdan-yaxından gəlmiş xətir-hörmətli insanlara qonaq otağında, qalan camaata da xırman yerində ehsan süfrəsi açıldı. Yüzlərlə insan Məmməd Baba üçün verilən ehsandan yeyib dua elədi. Bütün işləri isə qonşular və ailənin yaxın adamları görürdülər.
* * *
Zalxa xanım və yaxınları üçün bir ilə yaxın evlərindən didərgin düşmələri, ocaqlarının talan edilməsi, sərvətlərinin əllərindən çıxması, Məmməd Babanın şəhadətinin yanında heç gözə görünmürdü. Məmməd Babanın ölümü ilə sözün həqiqi mənasında ailənin dünyası başına yıxılmışdı.
* * *
Məmməd Babanın şəhid canı cənnətə yola salındı; onun şəhidliyi könüllərdə yer aldı; cəsədi isə Yuxarı Salahlı təpəsinin üstündə şəhid abidəsi dəyəri qazandı.
* * *
2.
Aloy Hacının tutulması və həbsxanadan qaçması
Zalxa xanım ilə böyük oğlu Aloy Hacı hər cümə axşamı arabanı qoşub, uşaqları yanına alıb Məmməd Babanın qəbrinin üstünə gedirdi. Aloy Hacı ilə birlikdə həyatda Hümmət, Səməd, Nigar və Koroğlu adında beş övladı olan Zalxa xanım hər gedəndə uşaqlarından ikisini atalarının qəbrinin üstünə aparırdı. Körpə ikən ölən Şah-nigar və Aslan adlı iki uşağı isə ataları ilə bir yerdə idi.
Aloy Hacı hadisədən az sonra kəndlərinin inzibati baxımdan tabe olduğu və kənddən otuz kilometr aralıda yerləşən Qazax şəhərinə getmiş, Qırmızı Ordunun şəhid etdiyi atasının qəbri üçün başdaşı sifariş eləmişdi. Sovet hökumətinin tələbi ilə hər cür dini, milli ifadələr, simvol və işarələr qadağan edildiyi üçün başdaşının kitabəsinə nə “Fatihə”, nə “şəhid” kimi ifadələr, nə də “Kənd mühafizə birliyinin rəisi” kimi milli qüvvələrin mübarizəsini əks etdirəcək bir ibarənin yazılmasına imkan verilmişdi. Sovet rəhbərliyinin, Qırmızı Ordu, ÇeKa və ya milisin öldürdüyü barədə eyham vurmaq isə bütün ailənin yox edilməsi demək olardı.
Məzar daşının kitabəsini hazırlayanlar daşın ön üzünə ərəbcə belə bir cümlə yazmışdılar: “1338 hâzâ merkad əl mərhum əl məğfur Məhəmməd İbni Bayram Şıxlı, Ğaferallahu nevvere bihim.” (1338 Bu məzar mərhum və məğfur Bayram oğlu Məhəmməd Şıxlınındır, Allah onun qəbrini nurlandırsın.)
Məzar daşının sağ tərəfində bir qılınc, sol tərəfində də bir tüfəng şəkli qabartma qaydada əks olunmuşdur. Bu işarələr Qafqazda xalq üçün böyük qəhrəmanlıq göstərən, fədakarlıq edən və ya şəhid düşən igidlərin məzar daşlarına həkk edilirdi. Daşın ön tərəfində də qabartma üsulla üç ay-ulduz həkk edilmişdi. Daş Məmməd Babanın şəhid edilməsinin ildönümündə, Novruz bayramında sadə bir mərasimlə qəbrin üstünə qoyulacaqdı. Heyiflər olsun ki, gözlənilməz hadisələrə görə bu iş üç il sonraya qaldı.
Aloy Hacı millətini, vətənini sevən, dini və milli dəyərlərə bağlı, igidliyi və dik duruşu ilə; yaşı cavan olsa da, sözünün sayılması ilə böyük-kiçik yanında hörmət sahibi idi və buna görə də milis orqanının diqqət mərkəzində idi. Anası ilə birlikdə tez-tez qəbir üstünə getməsi, molla gətirib dini mərasim keçirməsi axtarılan bəhanələrdən biri olmuş, dövlət orqanları onu daha yaxından təqib etməyə başlamışdı. Aloy Hacı Zalxa xanımı, bacısı Nigarı və ona ehtiyacları olan digər bacı-qardaşlarını gözünün qabağına gətirib özü qəbir üstə gedə bilmirdi. Başdaşını qohumlarının və dostlarının yardımı ilə Qazaxdan qəbrin yanına gətirtmişdi.
Novruz bayramı idi. Şirniyyat, quru meyvələr aldılar; şirin çörək yapdırdılar; kətə bişirildi, halva çalındı, qohum və yaxınları ilə arabalara minib Məmməd Babanın qəbrinin üstünə gəldilər. Daş məzarın baş tərəfinə qoyuldu. Molla Əhməd Qurani-Kərim oxudu, təkcə kəndin yox, o bölgənin hörmətli ağsaqqalı Şərif Şikəstə dua verdi. Duadan sonra mərasimə gəlmiş böyüklü-kiçikli hər kəsə şirniyyat, meyvə qurusu, çörək, kətə paylandı, halva verildi.
Şərif Əfəndinin verdiyi duanı düşünə-düşünə dinləyən və “amin” deyən Aloy Hacı əlini üzünə çəkib ayağa qalxanda bir milis komandirinin dörd milis nəfəri ilə təpəyə yaxınlaşdığını gördü. Onlar burnu iy çəkmiş köpəklər kimi gəlirdilər. Qəbrin ətrafında dövrə vurub oturan yığnaqdan heç kəs onları görmürdü. Aloy Hacı milislərin gəlib onu tutacaqlarını yəqinləşdirmişdi. Ona görə də özünü təmkinli aparmalı, işini tədbirli tutmalı idi. Çünki təlim keçmədən əllərinə silah verilmiş bu milislərin nə edəcəklərini bilmək olmazdı. Bunlar cənazə mərasimini yarıda kəsib adam tutmuşdular, toydan bəyi həbs edib aparmışdılar. Bu mərasimi də dağıdıb, onu tutub aparacaqları gözlənməyən bir hərəkət deyildi. Milislər atlarını aşağıda əyləyib, xeyli yüksəkdə olan təpəyə çıxana qədər Məmməd Baba üçün qurulmuş mərasim də bitmişdi.
Gələnlər məzarın ətrafında dövrə vurub oturanların sual dolu baxışları altında onların arxasında dayandılar. Komandirlərinin səsləndi:
– Ay Hacı, təslim ol! Səni aparacağıq!
Hər kəs daş kimi quruyub qalmışdı, onlara baxırdılar. Şərif Şikəstə və yoldaşlarından ikisi əllərindəki tüfəngi Aloy Hacıya tuşlamış milislərin komandirinə yaxınlaşdı:
– İcazə verin evimizə qayıdaq. İl veririk, siz də bizimlə gəlin. Evdə heyvan kəsilib, yemək hazırlanıb. Qonum-qonşu bizi gözləyir. Yeməyimizi yeyək, sonra sizi yola salarıq.
Milislərin komandiri etinasız şəkildə:
– Xeyr. Ya vuracağıq, ya da tutub aparacağıq.
Ağsaqqallar xahişlərini bir neçə dəfə təkrar etsələr də, komandir hər dəfə “Ya vuracağıq, ya da tutub aparacağıq” deyir, dilinə ayrı söz gətirmirdi.
Aloy Hacı dərhal getmək, ağsaqqalların bu kütləşmiş, söz qanmaz küçə uşaqlarına minnət etmələrinin qarşısını almaq, anasının, nişanlısı Nazanın, bacısı Nigarın və qonum-qonşularının halını pozub, onları çox üzməmək üçün:
– Əziz dostlar! Dəyərli qonşular!.. – dedi. – Allah hamınızdan razı olsun! Ölənlərinizə Allah rəhmət eləsin. Allah sizi var eləsin! Allah amanında qalın!.. Əziz qonşular, haqqımızı bir-birimizə və Məmməd Babaya halal eləyək.
– Halal olsun!..
Mənim də varsa, haqqım hamınıza halal olsun.
– Amin!.. Üzünü ağsaqqallara və anasına tutdu:
– Mənə izin verin milislərlə gedim. Siz də narahat olmayın, kəndə qayıdın, mənim salamımı hər kəsə çatdırın. Allah amanında!..
Milislərin qarşısına gəlib əllərini irəli uzatdı. Əllərini arxadan bağladılar. Onu qabaqlarına qatıb dərə-təpə ilə Qazax tərəfə yola düşdülər. Qadınlar, gəlinlər bayaqdan gözlərinin yaşını Məmməd Baba üçün tökürdülər, indi buna Aloy Hacı üçün tökdükləri göz yaşı da qarışdı!.. Atası öləndən sonra böyük qardaşı Hacıya daha çox bağlanan və onu atasının yerində görən bacısı Nigarın uşaq səsi ilə çəkdiyi fəryad ürəkləri dağlayırdı.
Zalxa xanım təmkinini qoruyurdu. Gözlərinin yaşını ürəyinə axıtmağı bacarırdı. İşğal güclərinə nökərlik eləyən bu zülm köpəklərinə tərəf heç baxmırdı da.
Təpənin ayağında nökərlərin hazır saxladıqları öküz arabalarının yanına endilər. Zalxa xanım ilə qohum qadınlar bir arabaya, molla ilə ağsaqqallar da başqa bir arabaya minib Şıxlıya yola düşdülər.
* * *
Üç qoyun kəsib ətini kasıblara paylamışdılar, ehsan məclisi üçün də bir düyə kəsilmişdi. İri-iri qazanlarda bozartma ət, plov bişirilmişdi. Kəndin camaatı gözləyirdi. Onlar kəndə çatar-çatmaz Aloy Hacının milislər tərəfindən tutulduğu xəbəri də çatdı və tez bir zamanda qulaqdan-qulağa yayıldı. Ehsan süfrəsinə dəvət edilmiş onlarla qonum-qonşuya, yaxından-uzaqdan gəlmiş qohum-əqrəbaya yemək verildi. Zalxa xanım ilə birlikdə bir neçə ağbirçək qadın da üst tərəfdə əyləşmişdilər. Mollanın yanında oturan Şərif Şikəstə Zalxa xanımın ağzına apardığı loxmaların boğazında düyünləndiyini gördü. Ona və boğazından çörək keçməyən yaxınlara, qohum-əqrəbaya təskinlik vermək üçün danışdı:
– A Zalxa xanım, anam, özünü üzmə. Sən çox böyük ağrı-acılar görübsən. Dərd – çəkmək üçündür. Dərdə dözmək lazımdır. Bu süfrədə sən yemək yeməsən, kim yeyəcək? Allah böyükdür. İnşallah, axırı yaxşı olacaq. Oğlun Hacı kəndimizin, elimizin-obamızın madarı, iftixarıdır. Xalqın qoçaq və mərd övladıdır. Onun heç bir günahı, suçu yoxdur. Allah özü ona kömək edəcək. Bir də ki, Hacını dəyirmanın boğazına ölü atsan, oradan diri çıxar. Yenə deyirəm, ona Allah özü kömək olacaq. Allah Məmməd Babaya və buradakı camaatın keçənlərinə rəhmət eləsin. Buyurun, yeməyinizi iştahla yeyin. Hamınıza nuş olsun!
– Amin! – səsləri gəldi.
Qəhəri boğazına düyümlənən Zalxa xanım başını yelləyib zorla gələn qırıq səslə:
– Amin, amin! Allah sizdən razı olsun, – dedi. Məclisdəkilərin üzərinə çökmüş ağır hava yüngülləşdi.
Camaat yeməyə davam elədi.
* * *
Milislər Aloy Hacını əlləri arxadan bağlı atların qabağında on beş kilometrdən artıq yolu piyada yeridərək Qazax milis idarəsinə gətirdilər. Gün ilkindi vaxtını keçmişdi.
Onlarla adamı tutub buraya gətirib dindirirdilər. Hacını dindirməyi ertəsi günə saxladılar. Köhnə həbsxanada və gözləmə evində bir adamlıq yerə beş adam salsalar da, boş yer qalmamışdı. Vaxtilə varlı bir bəyin malikanəsi və bağçası olmuş bir neçə binadan ibarət malikanədə yerləşən milis idarəsi tutulanlar üçün darlıq edirdi. İkimərtəbəli idarə, nəzarət və həbsxana binaların-dan kənarda, bağçanın içində bu binalara əlavə olaraq tək otaqlı həbsxana tikililəri salmışdılar. Bu tikililərin içi və çölü suvaqsız, döşəməsi torpaq idi. Tutulanları istintaq başa çatana, onlar sürgünə göndərilənə, ya da güllələnəcəkləri günə qədər burada saxlayırdılar. İdarədən gətirilən açarla damlardan birinin qapısının üstündəki qıfılı açıb, əllərinin bağını açdıqları Aloy Hacını içəri itələdilər. Qapı gurultu ilə örtüldü və bayırdan kilidləndi. Tüfəng əlində qapının önündə keşik çəkən ixtiyar nəzarətçi yorğun və heç nə ifadə etməyən baxışlarla onlara baxırdı.
Aloy Hacı içəri girər-girməz burada böyük bir gözlənilməzliklə qarşılaşdı. Həzrət adlı yaxın dostu qarşısında idi. Həzrət Aloy Hacının məktəb yoldaşı olmuşdu. Üç il bir yerdə oxumuşdular. O gündən bəri də yoldaşlıqları davam etmiş, qardaşlığa dönmüşdü. Həzrət yoxsul ailənin övladı idi. Tək günahı millətçi, vətənpərvər olması, Sovet hökumətinə boyun əyməməsi idi.
Aloy Hacı necə bir yerə salınacağı, gecəni necə keçirəcəyi, daha nələri, nələri düşünməkdə ikən ən yaxın yoldaşını tapmışdı. Bu ona böyük mənəvi güc verirdi. Onları gün işığından məhrum, nəm və yarıqaranlıq dama salmışdılar. Buranın eni-uzunu üç-dörd, hündürlüyü üç metr olardı. Əl uzadanda çatan pəncərəsinə dəmir barmaqlıqlar vurulmuşdu.
Bir-birinin boynuna sarıldılar. Saatlarla bir-birlərinin kürəklərini sığalladılar. Belə məşum bir yerdə qarşılaşmağın, bir yerdə olmağın, təbii ki, ayrı bir mənası və əhəmiyyəti də vardı. Aloy Hacı həyəcanla soruşdu:
– Həbsdən nə zaman çıxdın?
– Bir həftə oldu.
– Niyə xəbər vermədin?
– Çox əziz bir dostumun toyu var idi. Toyu yola verəndən sonra sənin yanına gələcəkdim.
– Ay sənə Allah kömək olsun, kaş xəbər göndərmiş olaydın… Buraya nə zaman gətirdilər?
– Dünən axşam.
– Harada tutdular?
– Heç onu soruşma. Həm mən biabır oldum, həm də dostumun toyu vaya döndü. Bayaq dedim dostumun toyu idi. Mən də toya getmişdim. Toyun ən yaxşı vaxtında, şən bir hava çalındığı, gəlinlərin, qızların oynadığı, qonaqların yeyib-içdiyi zaman içəriyə bir milis komandiri ilə beş milis girdi. Ayı kimi donquldan-donquldana bağırıb çalğıları susdurdular. Səs-səda kəsildi, yolkəsən ədası ilə mənim qabağıma gəldilər.
“Aya a Həzrət, qalx! Səni tutub aparacağıq”, – dedilər. Yerimdən durub özümü tarazlayana qədər toybabası və böyüklərdən bir neçəsi irəli yeridi. Toybabası: “A komandir, gəlin oturun, çörək kəsin. Toy da bir azdan dağılacaq. Ondan sonra apararsınız”, – dedi.
Komandir dediyindən dönmürdü: “Xeyr, olmaz. Bu dəqiqə aparmalıyıq. Ya aparacağıq, ya da vuracağıq”.
Toybabası irəli atılıb: “A kişi, belə biabırçılıq olarmı? Belə şey dünyanın harasında görünüb? Toyumuzu niyə bu hala salırsınız?”, – dedi. Komandir dal ayaqlarının üstünə qalxmış ayı kimi kükrədi: “Kəs səsini, it oğlu it! Abırsız sizsiniz ki, belə bir xalq düşmənini, burjua qalığını toyunuza çağırırsınız!…” – dedi.
Bütün dost-tanış ayaq üstə idi. Mən dərhal irəli atıldım. “A dostlar, a qonşular, amandır, – dedim. – Allaha baxın. İzin verin mən gedim. Arvad-uşağın içində dalaş-dava düşməsin!”
Sağ olsunlar. Təmkinli davrandılar. Bir kəs yerindən tərpənmədi. Mən əllərimi irəli uzatdım, əllərimi bağladılar və qolumdan tutub buraya gətirdilər. Allaha şükür ki, dostlar mənim sözümü eşitdilər. İş bir az irəli getsəydi, insanlar susacaq, silahlar danışacaq, ortalıq dava meydanına dönəcəkdi.
– Yaxşı eləmisən, dava-qalmaqalın qarşısını almısan. Bir an cavanların milislərin üstünə getməsini, onların da silaha sarılmasını, bundan sonra nələrin ola biləcəyini ağıla gətirmək belə insanın qanını dondurur. Yol uşaqlarını yığıb, onlardan milis dəstəsi düzəldəndə belə olar. Bunların yaradacağı quruluş da bundan artıq olmayacaq ki. Allah xeyirlisini eləsin!
– Bəs səni harada tutdular?
– Onu da sən heç soruşma!.. Bilirsən ki, bizim sərhəd kəndlərinin camaatı gürcülərin işğalından başını götürüb Yuxarı Salahlı ətrafındakı dərələrə sığınmışdı. Xalq qışı orada keçirdi. Əhalini könüllü atlı birliklər qoruyurdu. Qırmızı Ordunun süvariləri Gürcüstanın üstünə yeriyəndə yollarının üstündə növbədə olan Məmməd Babanın başçılıq elədiyi Kənd Mühafizə Birliyini qılıncdan keçirdilər. Mühafizəçilərin hamısı yaralandı. Atam isə şəhid oldu.
Həzrət heyrət və hüznlə başını buladı:
– Of!.. Allah rəhmət eləsin. Başımız sağ olsun.
– Amin. Allah razı olsun!..
– İndi sən deyirsən, mən eşidirəm. Xəbərim olmayıb.
– Haradan xəbərin olacaqdı? Sən onda Bakıda həbsxanada idin.
– Hə, elədir.
– Atamın qanına qəltan olmuş cəsədini son nəfəsində yanındakı yoldaşına etdiyi vəsiyyətinə görə şəhid olduğu yerin yaxınlığındakı təpənin üstündə dəfn elədik. Daha sonra siz tərəfdə qazaxlı bir ustaya başdaşı sifariş elədim.
Dediyi vaxtda yanına getdim. Gördüm ki, daşa “şəhid” sözü yazılmayıb, “həlak oldu” yazacaqdı. Onu da mən qəbul eləmədim. İkinci dəfə gedəndə gördüm “Kənd Mühafizə Birliyinin rəisi” də yazılmayıb. Bir də getdim, nə dedimsə “olmaz” cavabını aldım. Axırı bu Novruz bayramında daşı qəbrin üstünə qoymağı qərara aldıq. Daşı gətirdilər. Üzərinə heç kimin başa düşmədiyi ərəb dilində: “1338 hâzâ merkad əl mərhum əl məğfur Məhəmməd İbni Bayram Şıxlı, Ğaferallahu nevvere bihim” yazmışdılar.
Sonradan fərqinə vardım ki, məzar daşının tarixini də səhv yazıblar. Daşın üzərinə onun düzəldildiyi tarixi – 1338 yazmışdılar. Halbuki, ondan əvvəlki il, yəni atamın şəhid olduğu 1337-ci il yazılmalı idi. Qırmızı Ordu bizim bu bölgəni 1337-ci ildə – miladi təqvimlə 1921-ci ildə qılıncdan keçirərək Gürcüstana daxil olub. 1338-ci il isə miladi təqvimlə 1922-ci ilə düşür.
Nə isə, daşı qəbrin üstünə qoyduq. Molla Quran oxudu, Şərif Şikəstə dua verdi. Şirniyyat, meyvə qurusu, halva paylayırdıq ki, milislər gəldi. Məni tutub buraya gətirdilər.
– Keçmiş olsun. Allah Məmməd Babaya rəhmət eləsin. Onlar olmasaydı, elin-obanın namusu, şərəfi yerlə yeksan olacaqdı. Allah onun qalan ömrünü sənə bağışlasın!..
* * *
İçəri salındıqdan bəri Həzrət ilə ayaqüstə üz-üzə söhbət eləyən Aloy Hacı özündən ixtiyarsız qazamat dedikləri bu qəribə məkanın hər tərəfinə göz gəzdirdi. Arxasındakı divarın dibində bir adamın büzüşüb oturduğunu gördü. İçəri salınanda gözləri damın alaqaranlığına alışmadığına görə onu görə bilməmişdi. İndi görə bildi.
– Bu adam kimdir?
– Qubalıdır. Neçə gündür buraya salıblar. Danışmaq istəmir.
– ÇeKanın adamı, çekist olmaz ki? – Yox, canım. O qədər işgəncə veriblər ki, bu yazıqda hal qalmayıb. Hər yanı yara yeridir. O da indi bizi ÇeKanın adamı hesab eləyir. Bayırdan səs gəldi. Qıfıla açar salındı. Dəmir qapı açıldı, bu qapıdan adamın başını əymədən içəri girməsi mümkün deyildi. Ayı görkəmli bir milis çəmkirdi:
– A qubalı köpəkoğlu! Bura gəl görüm! “Qubalı” dedikləri adam özünü tarazlamaq istəsə də, yerindən qalxa bilmədi. Vəziyyəti çox ağır idi. Ona qalxması üçün Həzrət yardım elədi. Birtəhər damdan çıxartdılar. Qapı gurultu ilə örtüldü və arxadan kilidləndi. Dustaq damında onların ikisi qalmışdı. İçəri o qədər də aydınlıq deyildi. Bayaq qapı sona qədər açılanda günəş batmış olsa da, damın içi işıqlanmış, divarı-daşı, döşəməsi-tavanı aydın görünmüşdü. Qapı ilə üzbəüz divardakı şüşəsiz, çərçivəsiz pəncərənin içəridəki ağır və üfunətli qoxunu təmizləməyə gücü çatmırdı. Pəncərə boşluğu mişar dişləri kimi girintili-çıxıntılı köhnə təkər əyrisindən düzəldilmiş iki dəmirlə üçə bölünmüşdü. Qoca nəzarətçi əlində tüfəng qapının ağzındakı daşın üstündə oturub keşik çəkirdi. Arxa tərəfdə qalan pəncərədən kimsənin çıxa biləcəyini ağıllarına gətirmədiklərinə görə keşikçi kişi təkcə qapını gözləyirdi. Aloy Hacı tələyə düşüb qəfəsə salınan qurd kimi dustaq damının dörd tərəfini dolanıb götür-qoy edirdi. Bir gecəlik ömürlərinin qaldığını, sabah ölümlə üz-üzə, burun-buruna duracaqlarını yaxşı bilirdi. Ən yaxşı ehtimal bu idi ki, gedər-gələməzə – Sibirdəki əmək düşərgələrindən birinə göndərəcəkdilər. Dustaq damına salınandan bəri divarlarda yoxlamadığı kərpic, daş qalmamışdı. Aloy Hacının hərəkətlərinə göz qoyan Həzrət:
– Xeyir ola, neyləmək istəyirsən? – soruşdu.
– Eləyəcəyimiz iş bəllidir. İki şey var: ya oturub ölümü, sürgünü gözləyəcəyik…
Həzrət həyəcanla:
– Ya da? – soruşdu.
– Qaçacağıq.
– Necə qaçacağıq? Buradan qaçmaq mümkündürmü?
– Bir tədbir töküb qaçmalıyıq. Ölməməliyik. Məsuliyyətini daşıdığımız ailələrimiz və xalqımız var. Mütləq qaçmalıyıq.
Hava qaralmışdı. Damın içində göz-gözü görmürdü. Ay doğsa, azca işıq düşəcəkdi. Novruzun ilk günləri olduğuna görə bu gecə ay gecə saat iki radələrində doğacaq, tam boyunun dörddə birini göstərəcəkdi.
Artıq qərar verilmişdi. İndi iş görmək lazım gəlirdi. Aloy Hacı pəncərəyə dırmaşanda ayağının ucunu dayamaq üçün iki kiçik kərpic parçasını divardan iki saata sökə bildi. Barmaqlarının dərisi soyulmuşdu. Söküb çıxartmağa uyğun olan başqa kərpic, daş tapa bilmirdi. Əllərində ucu sivri dəmir kimi bir şey olsaydı, divarı sökmək çox asan olardı. Aloy Hacının kibrit qutusunda bir neçə kibrit dənəsi qalmışdı. Həzrətdə isə neftlə yanan çaxmaq var idi.
Aloy Hacı uzun müddət əlinin havasına, arabir kibrit yandırıb və ya çaxmağı çaxıb divar və pəncərə ilə əlləşdi. Pəncərəyə dırmanıb, oradan düşməyi məşq elədi. Həzrətin çiyninə çıxaraq başını pəncərə barmaqlıqlarının arasına saldı. Başı dəmir barmaqlıqların arasına sığırdı. İnsanın başı keçən yerdən gövdəsi də keçər deyərlər. Bədənləri keçəcək, ancaq mişar dişi kimi girintili-çıxıntılı dəmirlərin arasından paltarlı keçmələri mümkün deyildi.
Həzrət qapını döydü. Gözətçinin səsi gəldi:
– Nə var? Nə istəyirsən?
– A kişi, ayaqyoluna getmək istəyirəm.
– Ayaqyolunun içindəsən, məndən niyə ayaqyolu soruşursan!..
– A kişi, nə deyirsən? Burada abdəsti pozmaq olarmı?
– Niyə olmasın ki, sizdən əvvəlkilərin şeylərini görmürsənmi?
Aloy Hacı dözülməsi mümkün olmayan pis qoxunun səbəbini indi başa düşdü. Gerçəkdən də damın içindəki iydən adamın başı düşürdü. Torpaq döşəməli dustaq damının qarşıdakı küncünün dibini it kimi eşib abdəstlərini başa çatdırandan sonra yenidən üstünü basdırmışdılar. Həzrətin məqsədi abdəst almaq deyildi, nəzarətçinin başını söhbətə qatıb Aloy Hacının pəncərədən çıxmasına şərait yaratmaq idi.
O, nəzarətçi ilə bağıra-bağıra danışanda Aloy Hacı əynindəki paltarlarını çıxardıb, çılpaq vəziyyətdə mişar dişli dəmirlərin arasından çıxmaq üçün məşq etmişdi. Belinə qədər çıxa bilmiş, ancaq bədənini təzədən içəri salmaq çox çətin olmuşdu. Sinəsi və kürəyi sıyrıq-sıyrıq olmuşdu. Gövdəsi qan içində idi. İşin yaxşı tərəfi isə bu idi ki, Aloy Hacı buradan çıxa biləcəyinə inanmışdı. Artıq vaxtı gözləyəcəkdilər. Həzrətin gövdəsi Aloy Hacıya baxanda bir az iri idi. Aloy Hacı onu məşq etdirmədi. Düşündü ki, məşq zamanı yaralansa, gözü qorxacaq, sonradan çıxmağa ürək eləməyəcək. Çünki gövdəsi çox yaralanacaq və ona ağrı verəcəkdi.
Nəzarətçinin asqırığı-öskürəyi kəsilmişdi. İkisi də qulağını qapıya söykəyib nəfəslərini içlərinə çəkib dəqiqələrcə bayırı dinlədilər. Yaxınlıqdakı söyüd ağaclarının budaqlarında yuva qurmuş qarğaların seyrək səsləri ilə yuvalarında yatan leyləklərin dimdiklərinin şaqqıltıları gəlirdi, bunların arasında nəzarətçinin hərdənbir xorultusu, fısıltısı eşidilirdi. Artıq gün bu gün, saat bu saat idi. Ölüm-qalım anı çatmışdı.
Əyinlərindəki paltarları çıxarıb tam soyundular. Öncə Aloy Hacı çıxacaq, nəzarətçi oyansa, onu təsirsiz hala gətirəcək, oyanmasa, dərhal dönüb Həzrətin uzatdığı paltarlarını geyinəcək, sonra da Həzrət çıxmağa cəhd edəcəkdi.
Ayaqlarını Həzrətin belinə qoyub, yuxarı qalxan Aloy Hacı kürəyini bir neçə yerdən sıyıraraq dəmirlərin arasından keçdi. Divarın küncündən başını uzadıb, nəzarətçini yoxladı. O, yuxuda idi. Dönüb Həzrətin uzatdığı paltarlarını aldı. Qorxu və həyəcan ən yüksək həddə çatmışdı. Ayaqqabılarını verəcəyini gözləyirdi, Həzrətin dəmirlərin arasından sağ əlini uzatdığını, ardından da başını çıxardığını görəndə divarın dibindəki iri daşlardan birini iki əlinin arasına alaraq qapının ağzındakı daş oturacaqda oturaraq başını ayaqlarının arasında tutduğu tüfənginin lüləsinə dayayıb yatan nəzarətçinin üstünü aldı. Oyanan kimi əlindəki daşı kəlləsinə çırpacaqdı. Həzrət çiyinlərini hələ barmaqlıqların arasından çıxarmamış iniltisi gəlməyə başladı. Get-gedə inilti səsi artmaqda idi. Əlində daş gözləyən Aloy Hacının ayaqları həyəcan və qorxudan yarpaq kimi əsirdi. İçin-için inləyib-sızlayan Həzrət uzun bir iniltidən sonra sinəsini və kürəyini mişar dişli barmaqlıqların arasından keçirdi. Sinəsinin və kürəyinin üstündə şırımlar açılmışdı. Yerə düşəndə bir neçə dəqiqə huşu üstünə gəlmədi. Kürəyindən, sinəsindən qan axırdı. Həzrət paltarları əlində küncdən boylanaraq bayırda olduğunu bildirdi. Onun içəridən çıxdığını görən Aloy Hacının həyəcanı və qorxusu bir anda sevincə döndü.