Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Qafqaz qaçaqları», sayfa 5

Yazı tipi:

4.
Aloy Hacının Ermənistana qaçması

Qardaşı Hümmətin qayınatası İsa Əfəndi Ermənistanın Pəmbək-Qarakilsə həndəvərindəki meşədə yerləşən kəndlərdən birində – Ağtalada Dəmirçi Verşoy adında bir erməni dostunun olduğunu, onun yanına gedib orada qala biləcəyini dedi. Özünü Verşoya çatdıra bilməsə, həmin kəndin güneyində berzanlar – türkcə danışan yunanlar ilə türklərin birlikdə yaşadıqları başqa bir kəndin yaxınlığında Yekə Alının oğlu İsmayılın yatağı var idi, orada gizlənə bilərdi.

Ermənistan ərazisinin bu bölgəsindəki kəndlərin, yəni Qars-Çıldır sərhədinin qarşısında məskunlaşmış kəndlərin əksəriyyəti türk və berzan adlandırılan yunan kəndləridir. Yunanların hamısı türk dilində danışırdılar. Bunlar da ermənilər kimi yüz illər boyu türklərin tabeliyində yaşamışdılar. Ermənilərlə “dindaş”, türklərlə “dildaş” idilər. Bəzi kəndlərdə isə ermənilər ilə berzanlar birgə yaşayırdılar.

Aloy Hacı beşinci günün gecəsi tüfəngini götürüb, qatarını qurşanıb, kənddən çıxdı. İki gün yol getdi. Üçüncü gün göyün üzündə gün bir mizraq boyu qalxanda Ağtala kəndinə çatdı. Bura türklərlə ermənilərin birlikdə yaşadıqları kənd idi. Dəmirçi Verşoyun evini tapdı. Evin qarşısındakı qadın və uşaqlardan Verşoyu soruşdu. Türkcə bilən qadın Verşoyun evdə olmadığını və nə zaman gələcəyini bilmədiyini dedi. Aloy Hacı Verşoyun evinin kəndin mərkəzində yerləşdiyini, üstəlik də dəmirçiliklə məşğul olduğunu özü üçün uyğun və etibarlı hesab etmədi. Bir az dincini alandan sonra dərəyə enib, qarşı yamacdakı meşəyə keçdi. Meşənin içindən keçən köç yolu ilə meşədən çıxdı. Kənardakı seyrək ağaclardan birinin başında bir yığın ot var idi. Bu ot yığınının altında bir az dincəldi. Bu daldalıq onun çox xoşuna gəldi. Axşam da yaxınlaşmaqda idi. Gedəcəyi mənzilə – Yekə Alının oğlu İsmayılın yatağına nə qədər yol qaldığını bilmirdi. Düşündü ki, gecəni burada qalıb, yola sabah çıxsın. Dağın yuxarısına qalxıb, ətrafı gözdən keçirmək istədi. Dağın o biri üzü seyrək ağaclıq idi. Dərənin güneyində bir kənd var idi. Yamacda yataqlar gözə dəyirdi. Ona salıq verdikləri yataq bura idi. Ağacların arası ilə aşağı endi. Çayın kənarında arxası ona tərəf bir kişi inəkləri sulayırdı. Ona yaxınlaşdı. Kişi, qulaqları ağır eşitdiyinə görə onun ayaq səslərini eşitməmiş, onun yaxınlaşdığından xəbəri olmamışdı. Aloy Hacının:

– Salamməleyküm!.. Bərəkətli olsun!.. – sözlərini eşidəndə diksindi.

Gözləmədiyi bir anda qarşısında yaraq-yasaqlı bir adam görəndə canına qorxu düşmüşdü. Onun qorxduğunu görən Aloy Hacı:

– Qorxma, sənə zərəri dəyəcək adam deyiləm. Səndən bir adam soruşmaq istəyirəm. Bura Yekə Alının oğlu İsmayılın yatağıdırmı?

– Bəli, bizim yatağımızdır. Mən onun kiçik qardaşıyam. Adım Mustafadır.

Özü buradadırmı?

Yoxdur. Şəhərə gedib, axşam qayıdacaq.

Mən Azərbaycandan gəlmişəm. Onunla görüşmək istəyirdim.

– Evə buyurun. Harada olsa, indi özü də gələr.

Su içib doyan inəklər yatağa tərəf gedirdilər. Onlar da inəklərin dalınca irəlilədilər. Evin qarşısında bir qadın ilə biri beş-altı, o biri də yeddi-səkkiz yaşlarında iki uşaq var idi. Onu içəri dəvət elədilər. Qadın “xoş gəlmisiniz” deyib, ayran gətirdi. Aloy Hacı:

– Təşəkkür edirəm, mən orucam, – dedi.

Evin xanımı:

Mən də orucam, – dedi. – Bizim kəndi xristian kəndi kimi tanıyırlar, ancaq burada müsəlmanlar daha çoxdur. Biz də müsəlmanıq. Kəndimizdəki berzanlardan da müsəlman olanlar var.

Qadın müsəlman qonaqlarının gəldiyinə çox sevinirdi. İftar hazırlığı üçün ən gözəl hesab etdiyi yeməkləri tədarük eləməyə başladı.

Zalxa xanım Aloy Hacı ilə vidalaşanda ona xeyli tapşırıqlar vermişdi:

–İki gün sonra Ramazan ayı başlayır. Oruc tutsan, yaxşı olar. Həm səbirli və sakit olarsan, həm də mənəviyyatın yüksək olar, – demişdi. Aloy Hacı da anasının sözünə əməl edərək uyğunsuz şərtlərə, səfər üstündə olmasına baxmayaraq oruc tutmağa başlamışdı.

Berzan çoban mal-qaranı gətirdi. İnəkləri sağına götürdülər. Naxırdan sonra qoyun sürüsü gəldi. Sürü ilə bərabər İsmayıl ağa da gəlib yatağa çatdı. Yəqin ki, şəhərdən gələndə yolda təsadüfən rastlaşmışdı. Üzəngisini tutub, onun atdan düşməsinə kömək eləyən nökər atın yüyənini alıb, İsmayıl ağaya evdə qonaq olduğunu söylədi.

İsmayıl ağa birbaşa otağa, Aloy Hacının yanına gəldi. Salaməleykdən sonra söhbət xeyli uzandı. Onların ortaq tanışları çox idi, hamısının salamını çatdırdı. Bu zaman evin xanımı da gözəl bir süfrə açmışdı.

Ondan adını soruşan İsmayıl ağaya gerçək adını demədi: adının Məmməd, atasının adının da Hacı olduğunu bildirdi.

Söz gəlib Aloy Hacının nə üçün qaçaq düşdüyünün səbəbinə çıxdı.

– Niyə qaçaq düşübsən, bunu mənə de ki, mən də ona görə hərəkət eləyim. Əgər adam öldürübsənsə, ya da hökumətə qarşı çıxıbsansa, səni elə yerə göndərim ki, kimsə tapa bilməsin. Başqa bir səbəb varsa, ona uyğun bir şey fikirləşək.

Aloy Hacı həbsxanadan qaçdığı, hökumət orqanlarının onu axtardıqları, başına nələr gəldiyi, hətta bir həftə bundan əvvəl Gürcüstanda bir erməni çobanı öldürdüyü barədə bir söz demədi. Hələ bir çobanı öldürdüyünü necə deyə bilərdi ki? Əlacsız qaldığını, başqa bir yol tapa bilmədiyini, haqlı olduğunu, gözü dönmüş dağ boyda erməni çobanı öldürməsə, çobanın əlindən sağ qurtara bilməyəcəyini neçə başa sala bilərdi. Oruc ağzı ilə yalan söylədi:

– Əskərlikdən qaçmışam.

– Hə, onda iş o qədər də çətin deyil. Sən burada gözlə. Lazım olsa, sənə sənəd də düzəldib verəcəyəm. Sən oxuyub, yaza bilirsən, bizim yatağın hesab-kitabını apararsan, buradakı işlərin başında durarsan. Zənnimcə, azdan-çoxdan rus dilini də bilirsən. Bizim Mustafadan bir az da erməni dilini öyrənərsən.

* * *

Aloy Hacı yeni bir həyata başlamışdı. Həm yatağa nəzarət, həm də təsərrüfata mühasiblik edirdi. Günlər həftələri, həftələr ayları qovurdu.

Bu kəndlə birliklə ətrafdakı kəndlərin də əhalisi qarışıq idi. Hamısında erməni, berzan və türklər birlikdə yaşayırdı. Yaylar çox isti olduğuna görə mütləq yaylağa çıxırdılar. Qışları isə aranda – qışlaqda keçirirdilər. Meyvə bol olurdu. Dərələrin yamacları, güneylər meyvə ağacları ilə dolu idi. Payız və qış aylarında qoyunlar və mal-qara ağacların dibinə tökülən meyvələri yeyirdi. Alma, armud, fıstıq, xüsusilə göyrüş ağaclarının yarpaqlarını gözlərinə təpir, kökəlirdilər. Bu meyvələrlə bəslənən heyvanların beli balıq beli kimi olurdu.

* * *

Artıq yayın son günləri idi. Yaylaqdakı bir təpənin quzey yamacında oturub, tüfəngini təmizləyirdi. Əlləri işdə olsa da, özü uzaqlarda idi. Fikrində ev-eşiyi, könül yoldaşı, anası, bacı-qardaşları, kəndi, atasının məzarı, eli-obası dolaşırdı. Artıq yeddi-səkkiz aydır evindən bir xəbəri olmadığı xəyalından gəlib keçirdi. Sevdiyi ömür yoldaşı Nazan indi ana olmağa hazırlaşırdı. Zalxa xanım Nigarı böyük qardaşından zorla ayırmışdı. Bütün bu olanlar gözünün qabağına gəldikcə qəhərlənirdi. Nigarın yaş dolub par-par yanan gözlərini xatırlayırdı. Son dəfə ayrılanda yaman çox ağlamışdı. Nazan ona ata olacağını söyləyəndə Aloy Hacı ürəyində “Nigar kimi bir qızım olacaq, inşallah” demişdi.

Düşüncələri onu yaxın keçmişindən alıb, bir az da uzaqlara apardı. Qardaş-bacıları ilə bağlı nə gözəl xəyalları var idi. Səmədlə Hümməti, sonra da kiçik qardaşı Koroğlunu Gürcüstanın Qori şəhərindən Azərbaycanın Qazax şəhərinə, yəni öz şəhərlərinə köçürülmüş Qazax seminariyasında oxudacaqdı. Onların bu pedaqoji məktəbdə yaxşı təhsil almaları üçün əlindən gələni əsirgəməyəcəkdi. Onların toylarında məclisə böyüklük, sahiblik eləyəcəkdi. Ancaq kəndlərinin işğal edilməsi, sonra da başına gətirilən hadisələr bu arzularını gözündə qoymuşdu.

Tüfəngini silib təmizləmişdi, dalğın-dalğın yan-yörəsinə baxırdı. Dağın ətəyindən üzüyuxarı iki adamın gəldiyini gördü. Düz onun yanına gəlirdilər. Ayağa qalxıb diqqətlə baxdı. Qeyri-adi bir hadisə baş vermişdi: gələnlərdə biri qardaşı Səməd, o biri də yaxın dostu İbrahimxəlil idi.

Onlara doğru yüyürdü. Qucaqlaşıb görüşdülər. Onları alaçığa apardı. Alaçığın qapısına çatanda Səməd ona gözaydınlığı verdi:

– Qağa, muştuluğumu istəyirəm. Dünya gözəli bir qızın olub. Ailəsinə, elinə-obasına sadiq olsun deyə anam adını Sadiqə qoydu.

– Muştuluğun gözüm üstə. Allah dualarımı qəbul elədi. Çox şükürlər olsun. Həmişə dua eləmişdim ki, Allah mənə bir qız versin. De görüm Nigara oxşayırmı?

– İnan, çox oxşayır. Elə bil hərəsi almanın bir yarısıdır.

Aloy Hacı ürəyinin dərinliklə rində şükür, dua, xoşbəxtlik, həsrət – qarmaqırışıq duyğuların hamısını birdən yaşayırdı. Yenidən səsləndi:

– Allahın verdiyinə çox şükür. Sadiqə sadiq və xeyirli övlad olsun, – dedi.

– Amin!.. Amin!..

Mustafa quzu sürüsündən gözəgəlimli bir əmlik quzu gətirib kəsdi. Ocaq qalandı, kabablar çəkildi. Qonaqlar iki gün burada qalandan sonra üçüncü gün yola çıxdılar.

Səməd ilə İbrahimxəlil aylarla dağlarda, yaylaqlarda, yataqlarda Aloy Hacını soraqlamışdılar. Axır ki, gəlib onu burada tapmışdılar. Tezliklə qayıdıb, analarına müjdə verəcəkdilər. Zavallı qadın nə əndişələr çəkirdi. Onun bu səkkiz ay içində ağlına gəlməyən itkinlik şəkli, ölüm çeşidi qalmamışdı.

* * *

Payız gəlmişdi. Onun bu yataqda gizlənməsinin az qala bir ili tamam olurdu. Anası Zalxa, arvadı Nazan, bacısı Nigar, hələ üzünü görmədiyi qızı Sadiqə, sonbeşik qardaşı Koroğluya qədər ailənin bütün üzvləri, bütün qohum-əqrəbaları üçün burnunun ucu göynəyirdi. Neçə dəfə buradan qaçıb ayaqüstü onları görüb qayıtmaq barədə düşünmüş, ancaq anasına dərd verməmək üçün bu fikrindən vaz keçmişdi. Həsrətə, kədərə dözmüşdü. Gün olmuşdu atlarla, gün olmuşdu qoyunlarla, gün olmuşdu ağzı yeni ota çatmış quzularla başını qatmış, aranı-yaylağı addım-addım gəzmişdi. Neçə gecə qurd ulartısı altında yuxuya getmiş, quzu mələrtisinə oyanmışdı. Bulaq görəndə gözünün yaşını tökmüş, yal-yamaclarda kədərini dağıtmışdı. Hər mövsüm çiçək dərmişdi: qardələndən, gəlincikdən, sünbüldən, nərgizdən, bənövşədən, reyhandan, boğça gülündən dəstələr bağlamışdı; ancaq onları nə arvadına, nə Nigara, nə də anasına yollaya bilmişdi.

Kəndin ağsaqqalı, ellər atası Şərif Şikəstədən ötrü lap darıxmışdı. Onu görmək, onun ağıllı söhbətini eşitmək, ondan məsləhət almaq arzusunda idi.

* * *

Qız qaçırtdığı üçün bir neçə aydı həbs edilmiş İsmayıl ağa azadlığa buraxılmışdı; qardaşları Abdulla, Mustafa, oğlu Xallı, yaxınları, dostları yaylaqda şənlik edirdilər. İsmayıl ağa çox cavan bir qız qaçırtsa da, xətir-hörmət sahibi olan dostlarının sayəsində həbsxanadan çıxmış, qaçırtdığı qızı da özünə ikinci arvad eləmişdi. Aloy Hacı şənlik məclisinin toy babası olmuş, erməni çalğıçıların çaldıqları zərif Azərbaycan oyun havalarının sədaları altında dəfələrlə meydana çıxıb qartal kimi süzmüşdü. Çalğıçılara “Tərəkəmə” havası sifariş vermiş, o, oynayanda hər kəs nəfəsini içinə çəkib ona tamaşa eləmişdi. Oyunu başa vurub, əlini sinəsinin üstünə qoyub, qonaqları salamlayanda məclisdəkilərdən gur bir alqış qopmuşdu.

Hamı onu yatağın baş çobanı kimi tanıyırdı. Onun da İsmayıl ağa kimi yatağının, sürüsünün, yaylağının olduğundan heç kəsin xəbəri yox idi. Oturuşundan-duruşundan, sözündən-söhbətindən, təhər-tövründən, davranışından, lap elə bu toydakı toy babalıq şərtlərini öz yolu və qaydası ilə yerinə yetirməsindən Aloy Hacının gördüklərindən nə qədər fərqli bir insan olduğunu anlasalar da, bu qeyri-adi insanın kim olduğunu tam başa düşə biməmişdilər.

Günlərlə davam edən toy-düyün, şənlik başa çatmış, yaylaq həyatı öz normal məcrasına qayıtmışdı. Yenə də səhər tezdən qoca berzan naxırı qabağına qatıb göyrüş yarpaqları yedirtmək üçün dərənin yamacındakı kiçik meşəyə sürmüş, yenə də qoyun-quzu qarışıq nəhəng sürünü Abdulla ilə Süleyman qarşıdakı dağın yamacına yaymışdı. Aloy Hacı alaçıqdan çıxmışdı, dağın ən yüksək döşündə dayanıb onlara göz qoymaqda idi. Gözünün gördüyü məsafə dairəsində bir quş da uçsa, fərqində idi.

Alaçığa bir adam gəlmişdi. Onu içəri apardılar. Bir az keçəndən sonra alaçıqdan bir adam çıxıb Aloy Hacıya doğru gəlməyə başladı. Lap yaxınlaşanda yerişindən gələnin Xallı olduğunu başa düşdü. Aloy Hacı da yerindən durub ona doğru gəldi. Yaxınlaşanda:

– A Xallı, xeyirlisindən olsun, nə olub?, – soruşdu.

– Xeyirdir, Məmməd əmi, qardaşın gəlib.

– Muştuluğun məndə, canın sağ olsun!..

Dərhal Aloy Hacının beynində onlarla sual işarəsi oyandı. ÇeKa, ya da milis idarəsi yerini öyrənmişdir, bunu ona xəbər verməyəmi gəlib? Anasına bir şeymi olub? Bəlkə, arvadının, uşağının başına bir iş gəlib? Yoxsa, bir çox yerlərdə elədikləri kimi Sovet hökuməti onların da var-dövlətini əllərindən alıb? Bunları beynində götür-qoy eləyə-eləyə alaçığa gəldi. Səmədin boynuna sarıldı.

– Ay Səməd, xeyirdimi? Nə üçün gəldin?

– Xeyirdir, xeyirdir. Qorxma, yaxşı bir xəbər gətirmişəm.

– De görək, nə xəbərdir?

– Ay canım, sən xeyir xəbər gözləyirsən, ancaq ağzından xeyir verəcək bir söz çıxmır.

– Yaxşı, yaxşı. Söz verirəm, bir quzu sənin.

– Heç bir quzunun yeridirmi? Bir quzudan ötrü yol basa-basa buraya gələrlərmi?

– Sən Allah, zarafatı burax, mənim ürəyimi çartladacaqsan. Tez ol de, nə istəsən verəcəm.

– Amnistiya elan edilib!..

– Nə amnistiyası?

– Oktyabr bolşevik çevrilişinin onilliyi ilə bağlı amnistiya.

– İndi nə olacaq?

– Nə olasıdır ki, artıq gedirik.

Qucaqlaşıb qol-boyun oldular. Səmədin gözləri yaşarmışdı. Aloy Hacı anası kimi idi, gözlərinin dolduğunu hiss etdirmirdi. Gözünün yaşını ürəyinə axıdırdı. Necə ağlaya bilərdi – ailənin böyüyü o idi. Ailə başçısının ağlamağına yaxşı baxmazdılar.

Xallı heç nə başa düşməmişdi. Ondan başqa da heç kəs bu barədə bir şey eşitməmişdi.

Neçə gündür şəhərdən qayıtmayan İsmayıl ağa nə yaxşı oldu ki, o axşam yatağa gəldi. Yeməkdən sonra hərə bir tərəfə çəkildi. Alaçıqda üçü qaldı. Aloy Hacı İsmayıl ağaya Səmədin gəlişinin səbəbini dedi:

– Ay İsmayıl ağa, Səməd qardaşım bir xeyir iş üçün məni görməyə gəlib. Gedib gərək həm o xeyir işi yola verəm, həm də mənim əskərlikdən qaçmağımla bağlı məsələni “Oktyabr bolşevik inqilabının onuncu il amnistiyası”na saldırıb həll edəm. Özün də bilirsən ki, mən bir ildir buradayam. Sizdən bir qəpik haqq almamışam. Əgər qismət olsa, qayıdıb gələ bilsəm, oturub hesab-kitab edərik. Gəlməsəm də bütün haqqım sizin halalınız olsun!

– Yəni sən indi buradan birdəfəlikmi gedəcəksən?

– Xeyr, xeyir!.. Dedim axı, qismət olsa, qayıdacağam. Ancaq dünyanın işini nə bilmək olar, ölüm var, qalım var. Allahın işinə qarışmaq olmaz. Bir də deyirəm ki, əgər qayıda bilməsəm, haqqım sizə halal olsun. Ocağınız şən, eviniz bərəkətli olsun, Allah sizi var eləsin.

Səməd söhbətə qarışdı:

– Hörmətli İsmayıl ağa, bizə böyük qardaşım Aloy Hacının, bağışlayın, Məmmədin bir ildir burada, sizin yataqda işlədiyi ilə bağlı bir kağız verə bilərsinizmi?

– Əlbəttə, verərəm. Niyə verməyim ki. Məmməd düz bir ildir burada işləyir.

Buraya gələndə adının Məmməd olduğunu bildirən Aloy Hacı bu məsələnin üstünü açmadı. Atasının adını öz adı kimi, öz adını da atasının adı kimi yazdırdı. “Məmməd oğlu Aloy Hacı” yazdırmaq əvəzinə, “Aloy Hacı oğlu Məmməd” yazdırdı.

İsmayıl ağa çantasından bir kağız çıxardıb, həm türkcə, həm də ermənicə Aloy Hacı oğlu Məmmədin bir ildi onun yatağında baş çoban və katib işlədiyinə dair bir arayış hazırladı. Kağızın altından qol çəkib Aloy Hacıya verdi.

* * *

Neçə il idi gündüzlər gizlənib, gecələr üzə çıxan Aloy Hacı ilk dəfə gün gözünə yol gedəcəkdi. İki qardaş yataqdakılar ilə vidalaşıb yola çıxdılar. İki gün sonra isə gecə gəlib öz evlərinə çatdılar. Aloy Hacı yenə də üzə çıxmır, qardaş-bacılarının, yoldaşlarının evində gizlənir, bir kimsənin gözünə görünmürdü. Qardaşı Səməd günlərlə İkinci Şıxlının milis idarəsi ilə Qazax şəhərindəki məhkəmə arasında yol ölçürdü. Kağız-kuğuz işlərini iyirmi iki günə başa çatdırdılar. Aloy Hacını da götürüb Qazax məhkəməsinə gəldilər. Məhkəmədə lazım olan sənədlər hazırlandı və Aloy Hacı azadlığa buraxıldı. Onun üstünə nəzarət təyin edilmişdi. Nəzarət bir il, bəlkə bir ildən də artıq davam eləməli idi. Bu isə o demək idi ki, İsmayıl ağanın yanına qayıda bilməyəcəkdilər. Gürcüstanda baş vermiş hadisədən isə heç kimin xəbəri yox idi.

Zalxa xanım bir yandan sevinc yaşı tökür, bir yandan da əhd elədiyi xeyrat ehsanı verə bilmədiyinə görə dərin iztirab hissi keçirirdi. Zəmanənin düz vaxtı olsaydı, əfv edilib evinə qayıdan oğlu üçün ən azı üç qurban kəsərdi. Ancaq indi bir qurban kəsməyə də imkanı yox idi. Çünki Sovet hökuməti bütün mallarını, qoyunlarını sayıb siyahıya alandan sonra onlara toxunmamaq şərti ilə özlərinə qaytarmışdı. Vaxtı çatanda kolxozun adamları gəlib aparacaqdılar.

Maldan-qoyundan kəsmək üçün “itdi”, “öldü” kimi yalanlar uydurmaq lazım gəlirdi. Yalan sözdən və haram maldan ehsan olmayacağını bilən Zalxa xanım, təbii ki, belə iş tuta bilməzdi. Bir neçə əşyasını fağır-füqəraya pay vermiş, ürəyi bununla arxayınlaşmışdı. Gəlini Nazan da qulağının sırğalarını toya hazırlaşan yetim bir qıza bağışlamışdı.

* * *

Nazanın atası kürəkəninə görə Kommunist Partiyası yanında etibarını itirmişdi. Yalnız atası deyil, qardaşları da təqib olunmağa başlamışdı. Kommunist Partiyasına və Sovet hökumətinə tabe olub itaət etməyənləri, bu ideologiyanı qəbul edib ona xidmət etməyənləri isə Sibirdəki “əmək düşərgələrinə” sürgün edirdilər. Aloy Hacı kimi başı bəladan ayrılmayan, yalquzaq qurd kimi dağlarda-dərələrdə təkbaşına gəzib-dolaşan bir kürəkən ucbatından Sibir zülmlərinə qatlanmağı gözünün altına ala bilərdilərmi? Nazan Kommunist Partiyasının yerli idarəsində yüksək vəzifələrdə çalışan qardaşlarının təzyiqinin qarşısında dayana bilmirdi. Aloy Hacının əfv edildiyini eşidəndə qulaqlarının sırğasını sədəqə vermişdi. Bundan sonra da qardaşlarına söz verdiyi kimi əri kəndə gəlməmiş qayınanasından halallıq almış, iki yaşı yenicə tamam olmuş gözəl qızını – Sadiqəni onun yanında qoyub, evdən çıxmışdı.

Nazan atasının, qardaşlarının, qohum-əqrəbasının etibardan salınmaması, evlərinin dağıdılmaması üçün öz ailə həyatını fəda etdi. İndiyə qədər onu və Zalxa xanımı sürgünə göndərmədikləri möcüzə idi. Bəlkə də əyalət rəhbərləri qaçaqlıqda olan Aloy Hacının və yoldaşlarının tutulmalarını və ya öldürülmələrini gözləmək üçün sürgünün vaxtını uzadırdılar. Bəlkə də Aloy Hacının onlara yetirə biləcəyi çılğın bir xətərdən ehtiyatlanırdılar.

Aloy Hacı böyük bir bəladan yenicə yaxamı qurtarmışam deyirdi ki, Nazanın evdən getməsi ilə başı yeni bir dərdin içinə düşmüşdü.

* * *

Aloy Hacının evdə olmadığı, qardaş-bacılarını və dostlarını başına cəm eləyərək yataqdakı damları təmir eləməyə getdiyi həftələrdən birində İsmayıl ağa da qardaşı Abdullanı Aloy Hacının dalınca İkinci Şıxlıya göndərdi. Onu necə olur-olsun tezliklə öz yataqlarına qaytarmağı tapşırmışdı. Aloy Hacı və qardaşları evdə olmadıqlarına görə Abdullanı Zalxa xanımın qudası öz evinə qonaq apardı. Aloy Hacının qohumları iki gün onun qulluğunda durdular. Abdulla Aloy Hacı ilə əlaqədar həqiqətləri burada olanda öyrəndi. Başa düşdü ki, özləri kimi o da mal-mülk, var-dövlət sahibidir, onun da yataqları, yaylaq yerləri var, onun başına bu bəlalar rejimin adamı olmadığı üçün gəlir. Zalxa xanım İsmayıl ağanın qızının və oğlunun hərəsinə bir dəst paltar qoydu. Evdəki adamların da hərəsinə bir pay hazırladı. Qonağı izzət-ikramla yola saldılar.

Zalxa xanımın iki gözü iki çeşmə olmuşdu. Nazan gedəndən bəri boğazından su keçmirdi, yuxusu ərşə çəkilmişdi. Başını qaldırıb kəndin arasına, elin içinə çıxa bilmirdi.

– Başımıza gələn nə idi? – deyib, sözün gerisini gətirmirdi. Nə əri şəhid olanda, nə də iki balasını körpə ikən torpağa tapşıranda bu qədər üzülüb ağlamamışdı. Nazanı gəlin kimi deyil, qızı yerində görürdü, onu özünə ürək dostu bilirdi. Əsil bir gəlin idi, əsli-soyu vardı. Vəfalı və mərd qadın idi. Neçə dəfə öz həyatına qıymaq istəmiş, bacarmamışdı. Aloy Hacını çox istəyirdi. Ona çox bağlı idi. Darda olan ərini tək qoymamışdı. Amma indi çox pis vəziyyətdə qalmışdı. Ya kənara çəkilib bütün ailəsinin pər-puç olmasına qıraqdan baxacaq, ya da ərindən ayrılacaqdı. Ərindən ayrılmağı minnətlə yaşamaqdan üstün tutmuşdu.

Evdən ayrılarkən üzüntüsündən huşunu itirən qayınanasının üzünə su səpib, ayıltmışdı:

– Canım-gözüm anam, özünü üzmə! – demişdi. – Evdən niyə çıxdığımı bilirsən. Başqa çıxış yolum qalmayıb. Aloy Hacı igid və mərd oğlandır. Bu gün-sabah sənə yaxşı bir gəlin tapacaq. Sən özünü həlak eləmə!

Nazan bir neçə il sonra atasının məsləhəti ilə İmran adında yoxsul bir kişiyə ərə gedəcək, Zəkiyə, Cavahir, Zalxa adında üç qızı və Həmid adında bir oğlu olacaqdı. Kənd sovetində işləyəcəkdi.

* * *

Arvadı Nazanın evdən getməsi Aloy Hacıya böyük zərbə olmuşdu. Bir yanda anası, bir yanda da balası gözünün yaşını onun üstünə tökürdü. Bacısı Nigar ərə getmişdi. Evlərinin sonbeşiyi Koroğlu isə hələ uşaq idi, quzu otarmağa gedirdi.

Aloy Hacı elə bir qadın axtarırdı ki, anasının və balasının gözünün yaşını dayandırsın, ağlı başında olsun, onun ucbatından qohum-əqrəbası ziyan görməsin. Öz qohumu və yaxın dostu İbrahimxəlilin köməyi ilə Qiymət xanımla evlənməyə qərar verdi. Qiymət Birinci Şıxlının Papaqçılar tayfasından Səmədin qızı idi. Ailəsinin başıpapaqlılarından bir neçəsini Sibirə sürgün eləmişdilər. Qardaşı Əmirxan da İkinci Dünya müharibəsində davaya göndəriləcək və geri qayıtmayacaqdı. İkinci Şıxlının varlı-hallı ailələrindən Tatya bəyin oğlu İsmayılın arvadı olmuşdu. İsmayıl Kür çayından sürüsünü keçirəndə çayın girdabına düşmüş, çayda boğulmuşdu. Ondan da Yasəmən adında bir qız uşağı qalmışdı.

Qiymət kəndin ən gözəl gəlinlərindən biri idi. Balaca Sadiqəninmi bəxtindən idi, Zalxa xanımın duasınınmı düşərindən idi, Allah fürsət verdi, az sonra Qiymət onların evinə gəlin gəldi. Böyük bir ziyafət oldu. Şərif Şikəstədən Tomtullu Əmiraslana, İbrahimxəlildən Osmana qədər bütün qohumlar, dostlar süfrə başına toplaşdılar. Bu, Şərif Əfəndi də daxil olmaqla bir çoxlarının son dəfə bir süfrə başında bir yerə yığışmaqları olacaqdı…

Qiymət Zalxa xanımı ana, Sadiqəni də ikinci övladı hesab edirdi. Uşaq üçün ananın yerini heç kəs verə bilməsə də, daha Nazan uşağın yadına düşmürdü. Qiymət Zalxa xanımın əli-qolu, yoldaşı, sirdaşı olmuşdu. Sözləri, söhbətləri, düşüncələri tuturdu. Bununla yanaşı, həm də gözəl və əldəniti bir gəlin idi.

Aloy Hacı bu vur-çatlasın zamanda ailəsinin, qohum-əqrəbasının və dostlarının ziyan görməmələri üçün ona vurulan zərbələrə, ona qarşı irəli sürülən ittihamlara sinə gərir, suyu üfürə-üfürə içirdi. ÇeKa və Kommunist Partiyasının yerli rəhbərlərinin saydıqları, dövlət malı kimi qeydiyyata aldıqları, əvvəl-axır əllərindən çıxacaq mal-heyvanlarını saxlamaqla başını qatırdı. Əslində, kolxozun mal-heyvanına baxırdı. Süd məhsulları, yağ-pendir bol idi. Ara-sıra qoyundan-quzudan kəsib dolanırdılar. Ancaq indi öz mallarının sahibi deyil, qulluqçusu idilər.

Həyat öz axarını bu minvalla iki ilə yaxın davam etdirdi. Evləndiyinin üstündən bir il keçməmiş Aloy Hacının Qiymətdən də bir qızı oldu. Xalqın adına dastanlar, hekayələr qoşduğu, məşhur qıpçaq kraliçası Tamaranın adını ona qoydular. Bir neçə aylıq olanda həqiqətən də Tamaranın gözəlliyini kölgədə qoydu. Çox gözəl körpə idi. İnşallah, bəxti də özü kimi gözəl insanlardan olmalı idi. Ancaq, əldən nə gələrdi!.. Bu zəmanədə bu ölkədə yaşayanın bəxti gözəl ola bilərdimi?

Ücretsiz ön izlemeyi tamamladınız.