Sadece Litres'te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Qafqaz qaçaqları», sayfa 4

Yazı tipi:

Yatağın sahibi orada yox idi. Baş çoban Şəfi isə yataqda idi. Ona qonaq oldu. Bura böyük bir təsərrüfat idi. Qoyun-quzu çobanları; ata, eşşəyə, itlərə baxanlar, sağıcılar, süd məhsulları hazırlayan mənsilçilər təsərrüfatın gündəlik işləri ilə məşğul idilər.

İkinci gün itlərə yal unu gətirmək üçün qəsəbəyə gedən nökər Alı ağaya yaraqlı-yasaqlı bir adamın onlara qonaq gəldiyini dedi. Alı ağa:

– Baş çobana de, mən gələnə qədər onu qonaq eləsin, yataqdan getməyə qoymasın, – deyə tapşırıq verdi.

Yatağa gələn mehtər verilən tapşırığı olduğu kimi baş çoban Şəfiyə çatdırdı.

* * *

Çox keçmədən Alı ağa da yatağa gəldi. Baxıcılar, nökərlər vurnuxurdu. Biri atın yüyənini, biri yəhərin üzəngisini tutdu. Bədəni xeyli iri olsa da, cəld hərəkətlə atdan enən Alı ağa burun pərləri gərilmiş, gözlərini və qulaqlarını sahibinin üzünə dikmiş köhləninin yalını tumarladı, ovcunun içi ilə boynunu şappıldatdı. Atın yüyənini tutmuş nökər tərini soyutmaq üçün atı yedəyində dolandırmağa başladı.

Alı ağa pəhləvan cüssəli, boylu-buxunlu bir adam idi. Çiynidəki beşaçılan tüfəngi, belindəki güllə qatarı, böyründəki Qafqaz xəncəri ilə nüfuzedici görkəmi var idi. Atının belindəki, böyük bir sənətkar əlinin işi olan gümüş yəhər, yəhərin gümüş sinəbəndi və gümüşə tutulmuş yüyən, əlindəki qamçı bu Borçalı bəyinin görkəminə xüsusi bir zəriflik verirdi.

Şabalıd rəngli kəhər köhlənin hələ yatağa yaxınlaşmadan igid nərəsini xatırladan kişnərtisi, hər gəlişində olduğu kimi, bu dəfə də ağanın gəldiyindən xəbər vermişdi. Baş çobanla Aloy Hacı da onu qarşılamağa çıxmışdılar. Şəfi:

– Ağam, xoş gəlibsən, – dedi.

Ağa:

– Xoş gördük! – deyib, Aloy Hacıya baxdı. O da ağanın özü kimi yaxşı geyinib-kecinmiş, silah-sursat qurşanmışdı. Aloy Hacının uzunboğaz xrom çəkmələri, kəməri və çiyinlərindəki aşırma qatar dəsti bir-birinə tən gəlirdi. Başına Buxara papağı qoymuşdu.

– Qonağımız bu yoldaşdırmı? – deyə ağa soruşdu.

– Bəli ağam, bu yoldaşdır. Adı Hacıdır. El arasında ləqəbi Aloydur: Aloy Hacı.

Hər kəslə əl tutub görüşməyə o qədər də əhəmiyyət verməyən Alı ağa qarşısındakı Qazax igidinin yoldan ötən biri olmadığını dərhal anlamışdı. Əlini ona uzatdı:

– Xoş gəlibsən, – dedi. Əlini əlindən çəkməyərək Hacını özü ilə xüsusi otağına tərəf apara-apara nökərlərə tapşırıq verdi:

– Samovara od salın, çay gətirin!

Sadə, kübar bir otağa girdilər. Otağın döşəməsinə iki Qazax xalısı sərilmişdi, divardan da çox zərif bir Qazax xalısı asılmışdı. Bunların rənglərini və naxışlarını tamamlayan divar yasdıqları və döşəkcələr ev sahibinin zövqündən xəbər verirdi. Pərdələri açıq pəncərələrdən içəri düşən işıq tünd rənglərə bir yumşaqlıq gətirirdi. Böyük mis sini, sahanlar və qızılı rəngli samovar otağın ümumi sahmanını tamamlayırdı. Xüsusi qonaqlar üçün hazır saxlanılan yataq dəstinin yığıldığı farmaş ev sahibinin qonaqpərvərliyi barədə ciddi fikir oyadırdı.

Alı ağa görüb-götürmüş bir bəy əfəndi idi. Çay gələnə qədər heç nə soruşmadı. Təsərrüfatından, heyvanlarından, erməni oğrularının mal-heyvana dadanmalarından, onların yayla və biçənəklərinə ziyanlıq vermələrindən danışdı.

Aloy Hacı:

– Ermənilər basqınlarından hələ də əl çəkməyiblərmi? – soruşdu.

– Əl çəkərlərmi? Camal Paşanı öldürəndən sonra ayaqlarına yer elədilər. O boyda Osmanlı generalını, keçmiş naziri mühafizəçiləri ilə birlikdə Tiflisdə ÇeKa idarəsinin yanında qanına qəltan elədilər.

– Haqlısınız. İskəndər əmi ilə də bu məsələ barədə danışmışdıq. Yenə də mən bunu ermənilərin eləyə biləcəyinə heç inanmıram.

– Doğrudur. Bu sui-qəsdi onlar törədə bilməzdi. Bu işi onlara gördürdülər.

– Kim gördürdü deyirsiniz?

– Məncə, bu dəstəni quranlar və idarə eləyənlər. İngilislərin və rusların xəbəri olmadan bu bölgədə bir iş görmək olmaz. Cənazə mərasimində hökumət adamlarından birinin dediyinə görə, Ermənistan hökuməti Türkiyənin Tiflisdəki konsulluğuna və Kazım Qarabəkir Paşaya başsağlığı teleqramı vuraraq sui-qəsdlə əlaqələrinin olmadığını bildirib. Ancaq kim nə deyirsə desin, mən qəti şəkildə bu işin arxasında onların olduğuna inanıram.

– Siz cənazə mərasimində oldunuzmu?

– Əlbəttə. Xəbər bizə çatan kimi Qazaxdan və Bor-çalıdan izdihamlı bir dəstə ilə getdik. Böyük bir mərasim keçirildi. Türkiyə konsulluğunun rəhbərliyi altında şəhidləri tabutlara qoyaraq xüsusi bir vaqonla Qarsa yola saldıq. Qarsda da böyük mərasim keçirilib. Tabutlar qatardan götürülərək şəhərin küçələrində çiyinlərdə aparılandan sonra oradan yenə qatarla Ərzuruma yola salınıb. Ərzurumdakı “Qars qapı” şəhid məzarlığında torpağa tapşırılıb.

– Onlara Allah rəhmət eləsin! Məkanları cənnət olsun!

– Amin!… Amin!.. Yüz ildir ruslara nökərlik eləyən erməni rəhbərləri görək işin axırını hara çıxaracaqlar. Ağıllarını başlarına cəm eləyənə oxşamırlar. Sovet hökumətinin bu yanlış gedişatın qarşısını alacağına inanırdıq. Son hadisələr göstərir ki, Çar Rusiyasının siyasətini davam etdirəcək, onlardan da ol yana keçəcəklər.

– Necə yəni?

– Dünən məni Tiflisə çağırmışdılar. Kommunist Partiyasını rəhbərliyi bir tapşırıq verdi. Nə edəcəyimi bilmirəm.

– Nə istəyirlər?

– Nə istəyəcəklər? Sözün həqiqi mənasında hər şeyimizi! Bütün var-yoxumuzun siyahısını istəyirlər. Atların, iribuynuzlu heyvanların, qoyun-quzunun, toyuq-cücənin, bağ-bağça və meyvə ağaclarının miqdarını; əldəki hazır məhsulun və hələ yığılacaq məhsulun miqdarını; torpağın, əkin yerlərinin, yaylaq və biçənəklərin əmlak sənədlərini, eninin-uzununun ölçülərini istəyirlər. Xalıdan, kilimdən tutmuş qızıl və gümüş əşyaya, büllurdan çiniyə qədər bütün mətbəx və ev qab-qacaqlarını, qadınların, gəlinlərin nişan üzüklərindən başqa, bütün zinət əşyalarını istəyirlər.

– Bununla məqsədləri nədir?

– Tambov şəhərinin kəndlərində elədikləri kimi kəndlilərin bütün sərvətlərini heç bir əvəz vermədən əllərindən alacaqlar. Mallarını və məhsullarını verməyənlər, onlara müqavimət göstərənlər ya öldürüləcək, ya da sürgün ediləcək. Təsəvvürünüzə gətirirsinizmi, inqilab olalı neçə ildir, hələ cəza qanunu qəbul edilməyib. Məmləkət inqilabçıların insafına qalıb. Moskvanın məntiqinə görə, inqilabçılar aldanmır, aldatmır və ədalətsiz iş tutmurlar. Kimi tutacaqlarını, əmək düşərgələrinə göndərəcəklərini yaxşı bilirlər. Belə də şey olarmı?

– Bizim Qazax cümə məscidinin mollasını da tutub aparıblar. Zavallının əynindəki əbasından başqa bir şeyi yox idi. Qazax seminariyasının da bəzi müəllimlərini aradan götürüblər. Nə etmək istədikləri məlum deyil.

– Onların eləmək istədikləri açıq-aşkar bəllidir. Özlərindən başqa qarşılarında sözü ötən insan, güc görmək istəmirlər. Heç nəyi nəzarətlərindən kənarda qoymurlar. Keçən gün bizim Tiflisin cümə məscidinin mollasını partiya mərkəzinə çağırıblarmış. “Bir qulağın göydə, bir qulağın da bizim partiyamızda olacaq. Əks halda qulaqlarını dibindən çıxardıb nə edəcəyimizi təxmin eləyərsən”, – deyib, tərbiyəsiz şəkildə onu təhqir eləyiblər. Bizim müsəlmanların elə bir şeyi yoxdur. Əsl sərvət və güc kil-sələrdədir. Kilsələrin var-dövlətinin, sərvətlərinin hamısını əllərindən alıblar. Onlara tabe olmayan din adamlarını bir gecənin içində aradan götürüblər. Kilsə rəhbərliyinə də öz adamlarını gətiriblər.

Bu arada qapı döyüldü. Alı ağa:

– Gətirin görək, çayımız nə oldu? – dedi.

Əli-üzü tərtəmiz cavan bir oğlan otağa girib əlindəki sini altlığını ortalığa qoydu. Gedib sağıcı qadınların hazırladıqları böyük sinini gətirib onun üstünə yerləşdirdi. Siniyə quymaq, motal pendiri, qaymaq, nehrədən təzəcə çıxarılmış kərə yağı, fətir, fəsəli, bir neçə dilim tərəkəmə kətəsi, çini piyalələrdə çay və bir qabda da qənd qoyulmuşdu. Sininin üstündə yaylağın su axarlarının yan-yörəsindən yığdıqları yarpız dəstələri də var idi.

Alı ağa:

– Buyurun, bir qismət çörək kəsək. Bəli, buranın vəziyyəti belədir. Gürcüstanı, Borçalını çox da xoş günlər gözləmir. Bizim Azərbaycanda, Qazaxda vəziyyət necədir?

– Vallah, buradan fərqli deyil. Deyərdim ki, daha pisdir. ÇeKa və milisin yıxmadığı ev, söndürmədiyi ocaq qalmayıb. Bir yandan elimizin-obamızın ən dəyərli övladlarını tutub qırırlar. Kiminin yolunu Sibir, kiminin də yolunu qəbir gözləyir. Azərbaycan yaşanılacaq ölkə olmaqdan çıxıb. Belə bir söz var: ya bu dəvəni otararsan, ya da bu diyardan gedərsən. Bizim də halımız lap bunun gününə düşüb. Adamların başa düşdüyü bir şey var: ya kommunist partiyası rəhbərlərinin əmrinə tabe olub, onun verdiyi zülmə ortaq olmalısan, ya da Sibirə getməlisən. Görək nə olacaq. Allah axırımızı xeyir eləsin.

Aloy Hacı bu rahat otaqda kübar bir bəy əfəndi ilə həm Borçalı yaylasının özünə xas olan nemətlərindən dadır, həm də bolşevik inqilabının başlarına gətirdiyi bəlalar barədə danışırdı.

* * *

Süfrə yığışdırılmışdı, ləzzətlə samovar çayı içirdilər. Alı ağa:

– Nə zamandan bəri qaçaq düşübsən?

– Qazaxdakı dustaq damından qaçandan bəri gizlənirəm. Bir ilə yaxın oldu.

– Səni buraya kim göndərdi?

– İskəndər əmi.

– Mənim bu yatağımda qala bilərsən. Ancaq istəsən səni başqa yaylaqlara da göndərə bilərəm. Mən sənin burada qalmağını istəyirəm. Burada sənə dəyib-dolaşan olmaz. Tüfənginə də sənəd alacağam, hər yerdə gəzdirə biləcəksən. Çobanlara, sağıcılara, işçilərə nəzarət eləyərsən. Yataqda bir neçə at var, minib əraziyə göz-qulaq olarsan. Şəfiyə deyəcəyəm, bütün örüş və biçənəklərimizi sənə tanıtsın, ərazini sənə göstərsin. Bu yan otağı da sənə versin, orada hər şey var. Nəsə bir sıxıntın olsa, mənə xəbər verərsən.

Aloy Hacı bu səmimi qarşılanmadan çox razı qalmışdı. Bu görüb-götürmüş ağır kişinin yatağında ürək rahatlığı ilə qala biləcəyinə inandı.

Alı ağa baş nökər Şəfiyə də lazım olan tapşırığı verəndən sonra getdi.

* * *

Alı ağanın tapşırığı ilə Şəfi iki at hazırladı. Aloy Hacı ilə atlara minib bütün yaylanı, örüş yerlərini, biçənəkləri gəzdilər. Erməni çobanların gözdən yayınanda örüş və biçənəklərinə girdikləri yerləri göstərdi. Çobanları, sağıcıları, işçiləri, malabaxanları onunla tanış elədi. Sağın və süd məhsulları düzəldilən yerə baxdılar. Lap sonda da çoban itlərinə baxıb, tövlənin önündə bu tanışlıq gəzintisini tamamladılar. Mehtərlər atları tövləyə çəkdilər, Aloy Hacı isə bütün bu gördüklərini yaddaşına həkk eləmişdi.

* * *

Yatağa gələli üç həftə olmuşdu. Aloy Hacı elə bil burada doğulub böyümüşdü. Hər tərəfi bəlləmişdi. Hər şeyə alışmış, görəcəyi işləri də planlaşdırmışdı. Planların-dan biri də hər cümə günortadan sonra məhsul düzəldilən yerə baxmaq idi. Ona görə də məhsul düzəldilən yeri bu başından o başına gəzmiş, buradakı işləri bəyənmiş, işçi və ustalara gələcəkdə hər şeyin yaxşı olacağını deyib onları ürəkləndirmişdi.

Usta və işçilərlə apardığı söhbət yenicə bitmişdi ki, Şəfi də gəlib çıxdı.

– Ay Hacı, mehtərə dedim atları gətirsin, yaylanı gəzib, çobanlara baş çəkək.

– Düz fikir eləmisən. Gedək. Atlar gələnə qədər mən də qatarımı qurşanım.

Şəfinin dağ kimi gövdəsi, kərən kimi qolları olsa da, tüfənglə, güllə ilə işi yox idi. Döyənin qabağında əlsiz, söyənin qabağında dilsiz adam idi, ona təpinən bir uşağın qabağında belə səsini çıxarmazdı. Nizə gördüyü yerdən uzaqlaşan təbiəti var idi.

Atların minib sürünün yanına gəldilər, çobanlara baş çəkdilər. Beş yüzdən artıq qoyun örüşə yayılıb otlayırdı. Xeyli aralıda da böyük bir sürü yayılıb üzü onlara tərəf gəlirdi. Şəfi onlara tərəf gələn sürünü və çobanları tanıyırdı. Bunlar erməni çobanları idi. Aradabir sürülərini Alı ağanın biçənəklərinə salıb otarırdılar. Şəfi və çobanlar bunları görməzliyə vurur, qabaqlarına çıxmırdılar. Bu dəfə də bəri tərəfə keçəcək, onların örüşünü basdıracaqdılar. Şəfi bunu başa düşmüşdü, gurultu, qovğa qoxusu hiss edirdi. Üzünü Aloy Hacıya tutdu:

– Mən köməkçi çobanı da götürüb, kəndə gedim. İtlərin unu qurtarıb. Deyirəm gedib atların tərkində itlərə un, özümünzə də çörək gətirim.

– Gün ilkindi olub. Sən gedib gələnə qədər axşam düşəcək. Sabah tezdən gedərsən.

– Sabah məhsul düzəldilən yerdə işimiz çox olacaq, icazə ver indi gedim.

– Yaxşı, gedirsən get. Mən buradayam.

* * *

Hər bir sürünün özünün örüş yeri olduğuna görə düzlərin və çöllərin otları çox azalmışdı. Gülməmmədoğlu Alının qorunan xam yerlərinin örüşləri də, biçənəkləri də dizə qədər çiçəkli, çəmənli yaşıl yoncalıq idi. Buna görə də ona paxıllığı və düşmənliyi olanların iştahını çəkirdi. Çoban və ikinci köməkçisi sürünün qabağı ilə gedirdilər. Aloy Hacı da beynində min bir düşüncə sürüyə tamaşa eləyə-eləyə onların qarasına düşmüşdü. Yüzlərlə qoyunun eyni anda otların başını qırpmaları, udmaqları, burunlarına çiçək tozları düşdükcə asqırıb-tısqırmaqları bir neçə not üzərindən çalınan qamma kimi səslənirdi.

Yeyəcəkləri otların, qoparacaqları çiçəklərin sayı artdıqca qoyunlar ot və çiçəkləri seçməkdə qərarsız olurlar. Ən sevdikləri otları və ya çiçəkləri yemək üçün sürətlə irəliləyib gedirlər. Qaçdıqları da olur. Qoyunlar az vaxt içində xeyli irəliləmişdilər. Aloy Hacı tüfəng çiynində, əlləri arxasında düşüncəli-düşüncəli örüşdə addımlayaraq qoyunların arxasınca gəlirdi. Şəfi çoban köməkçisini özü ilə aparıb gedəndə uzaqdan üzü bu tərəfə olduğunu gördüyü sürü artıq Alı ağanın xam qoruq yerinə yayılmışdı.

Çoban Mahmud yavaş-yavaş Aloy Hacının yanına gəldi:

– A bəy, zorba erməni çobanları yenə gəldilər.

Aloy Hacı məsələnin nə yerdə olduğunu başa düşsə də, dəqiqləşdirə üçün:

– Anlamadım, nə demək istəyirsən? – soruşdu.

– Baxsanız, erməni çobanları yenə bizim xam örüşlə-rimizi otarır. Kefləri istəyəndə gəlib bizim örüşlərimizi, biçənəklərimizi basdırırlar. Şəfi qorxusundan onlara bir şey deyə bilmir. Özünüz də gördünüz ki, onların gəldiklərini görən kimi dərhal aradan çıxdı.

– Yəni Şəfi bunların qorxusundanmı çıxıb getdi?

– Əlbəttə. Yoxsa günün bu saatı çörək dalıncamı gedilər?

Aloy Hacı həm çobana qulaq asır, həm də Alı ağanın biçənəyinə yayılan erməni sürüsünə baxırdı. Ona çox ağır gəlmişdi, çox qəzəblənmişdi. Çobanın bu ötkəm danışığı da onu əməlli-başlı təhrik etmişdi. Sürünün ona yaxın tərəfində çomağına söykənmiş erməni çobanın üstünə yeridi. Səsinin çatacağı qədər yaxınlaşanda:

– Aya, ay çoban, nə üçün xamı basdırırsan? Gözümüzün qabağında belə iş tutmağınız ayıb deyilmi? Siz qoçu-zadsınızmı? Çıxarın qoyunları xamlıqdan!

Aloy Hacı bu sözləri çox sərt və bağıra-bağıra söylədi. Onun səsini bütün çobanlar eşitmişdilər. Yaxınlığındakı çoban:

– Bizim kim olduğumuzu ağandan soruş! Qoçu olub-olmadığmızı o bilir.

Aloy Hacı əllərini bir-birinə vurur, yerdən xırda daşları götürüb atır, həm qoyunların ağzını geri döndərməyə çalışır, həm də ermənilərin cavabını verirdi:

– Alı ağanın yerində mən varam. Çəkin sürünüzü buradan. Sizin elədiyiniz doğru iş deyil.

– Sən kimsən? Səninləyəm. Sən get, ağan gəlsin!

– Sizə dedim ki, buranın ağası mənəm, çəkin qoyunları buradan. Sizin elədiyiniz başqasının torpağına təcavüzdür, yer sahibinə təhqirdir.

– Sən kimsən ki, bizi buradan qovub çıxardasan? Ağan hansı dəliyə girib, Şəfi haraya qaçdı, gəlsin bizi buradan onlar çıxartsın.

Aloy Hacı qoyunların ağzını döndərməyə çalışırdı, onlar isə daha da irəli sürürdülər. Söz güləşinin və qoyunların yüyürtmə irəli sürülməsinin arasında arxadan qulağına bir səs gəldi. Səsə doğru döndü. Onun başı qarşısındakı çobana qarışdığı zaman arxadan başqa bir çoban çomağını qaldırıb onu vurmağa gəlirdi. Aralarındakı məsafə az idi. Aloy onu görər-görməz tüfəngi üzünə qaldırıb atəş açdı. Güllə çənəsinin altından girib beynini dağıtdı. Dəvə gövdəli adam kötük kimi aşırıldı. Aloy Hacı iki-üç saniyə içində başında çatlayacaq çomaqdan canını salamat qurtardı.

Bayaqdan bəri söz güləşdirdikləri çoban nəyə rast gəldiyinə çaşdı. Dəli dana kimi böyürməyə başladı. Sürünün o biri tərəfindəki çobana bağırdı:

– Gədə yüyür, tüfəngi mənə gətir. Bu it oğlu it ocağımızı söndürdü. Gədə, qaç, qaç. Vayy, bu nə idi başımıza gəldi. Bu it oğlu it haradan çıxdı?

Aloy Hacı o yandakı çobanın eşşəyə doğru qaçışından tüfənglərin eşşəyin üstündə olduğunu başa düşdü. Eşşək xeyli aralıda idi. Eşşəyə tərəf qaçan çobanın qabağına bır neçə güllə atdı. Gedib tüfəngi götürməyə imkan vermədi. Güllənin qorxusundan erməni çobanları yerə sindilər. Yaxınlıqdakı çobanın da başının üstündən iki güllə boşaltdı. Onun da ödü yarıldı. O da özünü yerə atdı.

Aloy Hacı neçə gündən bəri ağanın vəkili kimi başçılıq elədiyi çobanlarına və çoban köməkçisinə tərəf boylandı. Onlar lap uzaqlarda kolluğa tərəf qaçırdılar. Sürünün ikisi də çobansız qalmışdı.

Gün ilkindini çoxdan keçmişdi. Aloy Hacı olub-bitənləri gözünün önünə gətirir, öz halını götür-qoy eləyirdi. Doğrudan da qul başına gələcəkdən qaça bilməzmiş. O özünü saxlamaq, başına gələn bəladan qurtarmaq hayında olduğu halda, indi də başına bəlanın ən yekəsi gəlmişdi. Günah öldürəndə yox, öləndə olur, deyərlər. Həmin an o da bunu yaşayırdı. Öz-özünə gülürdü, başını sağa-sola yelləyir, söylənirdi:

– Mən nə etməli idim? Əmanətə xəyanətmi edəydim? Şəfi kimi mən də qaçıb getməlimi idim? Başqa heç nə eləyə bilməzdim. Ya öləcəkdim, ya da öldürəcəkdim. Elə bir erməni çobanının əlində ölməyi də özümə heç yaraşdırmazdım, – deyib, yenə gülümsədi. Öz halına gülə bilməsi, hətta özü ilə zarafat etməsi yaşının cavan olmasına baxmayaraq Aloy Hacının ruhən yetkin olduğunu göstərirdi.

* * *

Aloy Hacının yatağın qonaq yerinə gedib, əşyalarını yığışdırması, orada qalanlarla vidalaşması çətin olacaqdı. Sürətli və qəti qərar verməkdə mahir olan Aloy Hacı dərhal qərarını vermişdi. Daha burada qalması mümkün deyildi. Vaxt itirmədən buradan uzaqlaşıb özünü dağlara, ya da meşəyə çatdırmalı idi.

Tüfəngin vurma məsafəsindən çıxmadan bir sel oyruğuna girdi. Onun uzaqlaşdığını düşünən erməni çobanlar qalxıb tüfənglərini götürmək istəyirdilər. Aloy Hacı təkrar onların üstünə güllə yağdırdı. Özlərinə gəlməyə imkan vermədi.

Axşama qədər bir kəsi özünü tarazlamağa qoymadı. Hava qaralan kimi yola çıxdı. Bir həftə əvvəl gəldiyi yataqdan ayrılmaq məcburiyyətində idi. Cənub şərqə tərəf yönəldi. Ermənistana keçməzdən əvvəl evə baş çəkmək barədə düşünürdü. Başından ötən xata-bəlanı anasına danışıb yüngülləşmək, üzərindəki ağırlığı azaltmaq istəyirdi. Xeyli yol gəldi. Yolunun üstündəki açıq ərazidə yol təhlükəsizliyi qüvvələrinin idarəsi vardı. Hələ axşam idi. Yoldan gəlib-gedən çox idi. Görə biləcəklərindən ehtiyatlandığı üçün yenidən bir sel oyuğuna girib, gecənin düşməsini gözlədi. Ortalığa tam sakitlik çökəndən sonra “Ya Allah bir!” deyib yola düzəldi.

Xalq nağıllarında deyildiyi kimi, dərələrdən sel kimi, təpələrdən yel kimi on beş kilometrlik yol qət edərək Damğaçı tərəfə endi. Sabaha iki saat qalmış dostlarından Qarabağlı Həmzənin Damğaçı kəndinin yaxınlığında yerləşən yatağına gəldi. Onu görən yataq itləri ortalığa vəlvələ saldılar. Çobanlar çıxıb onu içəri apardılar.

Damğaçı çayın yaxasında yerləşən bir meşə kəndi idi. Yataq isə bir ucu Sınıq körpüyə qədər uzanan ovanın baş tərəfində idi. Aloy Hacının bibisinin oğlu burada işləyirdi. Çay çörəkdən sonra əyin-başını qurutdu. Hava aydınlaşmamış kəndin yaxınlığındakı meşəyə getdi.

Aloy Hacı meşənin çəmənlərini oxşaya-oxşaya axan çayın sahilində çöməlib, əllərini qoşalayıb hürkək və titrək suya uzatdı, ovcuna doldurduğu suyu sifətinə çırpdı. Bunu bir neçə dəfə təkrar elədi. Suyu hər çırpandan sonra üzünü-gözünü sığadı, rahatlandı. İslaq gözləri ilə ətrafa boylandı. Təmkinli və diqqətli olmalı idi. Qaçaqların həyatda qalmaları təmkin və diqqətlərindən asılıdır. Quş kimi ürkək, qartal kimi diqqətli, bəbir kimi çevik və cəld olmaq məcburiyyətində idi. Təkrar ətrafa boylandı. Fövqəladə bir şey yox idi. Hər şey: yer, göy, su, ağaclar, bütün həşəratlar – hər şey yerli-yerində idi. Təbiətin bu gözəl parçasında tək fərqli olan onun özü idi. Çayın axışı və səsi onu alıb uzaqlara apardı. Gözləri bir nöqtəyə dirənmişdi. Suyun axışı ilə birlikdə son bir neçə gündə başına gələnlər gözlərinin önündən gəlib keçdi. Nə üçün bu qədər qısa zamanda onun başına bir belə hadisə gəlmişdi? Bundan çox sıxılırdı…

Gün boyunca meşədə qalan Aloy Hacı axşamın qaranlığı düşəndə yenidən yatağa qayıtdı. Dost və yoldaşları başına yığışdılar. Bibisinin oğlu Mahmud, Şəfinin gəldiyini xəbər verdi:

– Ay Hacı, sən meşəyə keçəndən sonra Şəfi gəlib çıxdı.

Aloy Hacı heyrətlə:

– Mənim burada olduğumu bilirdimi?

– Xeyr, bilmirdi. Sənin barəndə bir şey soruşmadı.

– Mənim burada olduğumu ona dedinizmi?

– Xeyr, niyə deməli idik?

– Bəs bura niyə gəlmiş ola bilərdi?

– Əvvəlki il bir müddət burada işləmişdi. Qarabağlı Həmzənin xətrini çox istəyir. Qorxudan və həyəcandan çıxmaq üçün gəlmiş olardı.

– Yağlıcadan nə danışdı?

– Sənin Yağlıcada ermənilərin adlı-sanlı bir çobanını vurduğunu, Tiflis hökumətinin məsələyə əl qoyduğunu, ortalığın qarışdığını, daha orada qalmasının mümkün olmadığını, onu görə də qaçıb bura gəldiyini dedi. Çox qorxurdu. Boğazından çörək keçmədi. Bir az südü zorla içirtdik. Yerində dura bilmirdi. Dəli kimi söylənə-söylənə qalxıb, öz kəndinə getdi.

* * *

Aloy Hacı tez-tələsik yeməyini yeyib, tüfəngini götürüb axşamın qaranlığı düşən kimi yola çıxdı. Gürcüstan ilə Azərbaycanın sərhəd xəttində yerləşən Sınıq körpünün kəsilmiş olacağını ağlına gətirdi. Soyunub Xıram çayından keçdi, gecənin yarısında özünü İkinci Şıxlı kəndinə, evlərinə çatdırdı.

Şəfi bütün kəndə Aloy Hacının erməni çobanı öldürdüyünü yaymışdı. Bunu Zalxa xanım da, arvadı Nazan da eşitmişdi. Ağlamaqdan Nazanın gözləri qan çanağına dönmüşdü.

Aloy Hacının kəndə gəlməsi ailələri üçün çox böyük təhlükə yaratsa da, onun erməni çobanın əlində həlak olmadığına, sağ-salamat gəldiyinə çox sevinmişdilər. Aloy Hacı da üzərinə çökmüş bu kabusdan sonra ata ocağına, ana qucağına qovuşmağın fərəhini yaşayırdı. Çox pis şəraitdə, pis bir hadisə üzündən olsa belə, həyat yoldaşını və anasını bir də görməyin xoşbəxtliyini yaşayırdı. Nazan çimməsi üçün ona su qoydu. Çimib üst-başını dəyişdirdi. Qapısı yemək otağına açılan evin anbarında yer açdılar. İlk gecəni orada qaldı. Sonrakı bir neçə gecəni isə qardaşı Hümmətin qayınatası İsa Əfəndinin evində keçirdi.

Hər kəs öz yerinə çəkilib yuxuya gedəndən sonra İsa Əfəndi ilə söhbət elədilər. İsa Əfəndi ona Ermənistana getməyi məsləhət gördü:

– Ora həm çox yaxındır, həm də sənin orada ola biləcəyin heç kəsin ağlına gələ bilməz.

Aloy Hacı da:

– Doğru deyirsən. Baxaram. Çarəsiz qalsam, gedərəm, – deyə cavab verdi.

Türler ve etiketler

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
18 ekim 2022
Hacim:
384 s. 7 illüstrasyon
ISBN:
978-9952-8451-1-3
Telif hakkı:
JekaPrint
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Standoff At Christmas
Margaret Daley
Metin
Средний рейтинг 3 на основе 2 оценок
Ses
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin, ses formatı mevcut
Средний рейтинг 0 на основе 0 оценок
Metin PDF
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin PDF
Средний рейтинг 0 на основе 0 оценок
Ses
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок
Metin
Средний рейтинг 0 на основе 0 оценок