Kitabı oku: «Qafqaz qaçaqları», sayfa 3
Nəzarətçinin başının üstündən aralanıb, Həzrətin yanına gəldi. Daşı əlindən yavaşca yerə qoyub, paltarlarını qucaqladı. Ayaqqabıları yox idi. İşarətlə ayaqqabılarını soruşdu. Cavab gəlmədi. Qaçmaq işarəsi verdi.
Qoca nəzarətçi saat səkkizdə içəridəkilərin qaçdıq-larından xəbərsiz növbəsini təhvil verəcəkdi. Yeni gələn nəzarətçi və milislər isə istintaq üçün gəlib qapını açanda məsələnin nə yerdə olduğundan xəbər tutacaqdılar.
Xeyli uzaqlaşandan sonra Həzrət həyəcanlı olduğuna görə ayaqqabıları unudub içəridə qoyduğunu söylədi. Paltarları qucaqlarında çıl-çılpaq bir neçə divardan aşdılar, bir neçə həyətdən addadılar. Böyük bir bağçanı və geniş xırman yerini keçəndən sonra çoxlu ağacları olan sakit bir həyətə girdilər. Ətrafda kimsə yox idi. Dərhal paltarlarını geyindilər. Alt paltarlarını isə ayaqlarına doladılar. Heç olmasa, bir müddət ayaqları kol-kosdan qorunacaqdı.
Gecə saat iki olmuş, ay yeni doğmuşdu. Artıq dərə-təpəni, əkini, biçənəyi bir-birindən seçməyə başlamışdılar. Önlərindəki xırmanın qarşı küncündə, baharın ilk günləri olsa da, bayırda, ot tayasının yanında bağlanmış bir neçə at gördülər. Sinərək atlara doğru getdilər. Atları hürkütmədən yanlarına yaxınlaşdılar. İplərini açıb, noxtanın ucuna bənd edilmiş ipi gəm kimi atların ağızlarına verdilər və yəhərsiz atların belinə qalxdılar.
Uçurdular. Allah hər ikisinə yenidən həyat vermişdi. Xalq dastanında belə nağıl edilirdi ki, Kərəm ilə Əsli yanıb külə dönəndən sonra ulu insanlar dua etmiş, Allah onlara yenidən ömür vermiş, yüz il yaşamışdılar. Demək, Allah istəyəndə öz bəndələrinə yenidən həyat verirmiş. Həzrətin kəndi buradan on kilometr aralıda idi. Aloy Hacının isə otuz kilometrdən artıq yolu var idi. Bir-biri ilə halal-hümmət eləyib, ayrıldılar. Hayıf ki, onlara bir də heç vaxt görüşmək qismət olmadı. Həzrət yolda atdan yıxılıb yaralanmışdı. Bolşeviklər onu yaralı ələ keçirib, elə həmin gün Kür çayının sahilindəki Gəmi qayası deyilən təpənin üstündə güllələdilər.
* * *
Aloy Hacı Kür çayını, Qarayazı meşəsini və yol boyunca sıralanan kəndləri sağında qoyaraq əsas yollara yaxınlaşmadan atını dağların ətəyi, təpələrin yamacı ilə sürürdü. Göy madyan sanki günlərdir onu gözləyirmiş: işini böyük bir intizamla yerinə yetirmək üçün çapırdı. Tərə, suya, köpüyə qərq olan madyan otuz kilometrlik yolu ikicə saatın içində kəsərək Aloy Hacını anasının evinə çatdırdı. Hamı sabah yuxusunda idi. Oyanan quşların havadakı cövlanı və yatmağa hazırlaşan yorğun itlərin kəsik-kəsik hürüşmələri eşidilməkdə idi. Onu bir kimsə görməmişdi. Atının dünən axşam Məmməd Babanın qəbrinin üstündən qayıdan və bağçanın yan kənarında açılmış arabanın təkərinə bağlayıb, içəri keçdi. Aloy Hacının gələcəyini hiss etmiş kimi yarıoyaq yol gözləyən Zalxa xanım atın ayaq səslərini eşidəndə yanında yatan Nigarı oyatmadan yerindən qalxdı, otağın aşxanaya açılan qapısından eşiyə çıxdı. Oğlu ilə üz-üzə gəldi. Qan çanağına dönmüş gözlərini, sızım-sızım sızıldayan ürəyini və dəfələrlə əməyi puça çıxmış əllərini oğluna açdı. Onu bağrına basıb, qovuşmalarının həyəcanına tutuldu.
– Oğlum, səni yaradan Allaha qurban olum. Səni mənim üstümə sağ- salamat göndərən Allaha şükürlər olsun. Rəbbim bütün məzlumları sevindirsin. Bir de görüm necə gələ bildin, o zalımların əlindən canını necə qurtardın?
– Soruşma, ana. Qaçmışam.
– Haradan qaçdın?
– Qazax qalasından.
– Necə qaçdın?
– Uzun söhbətdir. Həzrət ilə birlikdə qaçdıq.
– O da oradaydımı?
– Bəli. Onu da toydan tutub gətirmişdilər. Mən bu dəqiqə kənddən çıxmalıyam. Tez ol. Mən dədəmin silahını çıxardıb atı yəhərləyənə qədər sən də yeməyə bir şey hazırla.
– Yaxşı, oğlum, yaxşı. Bu dəqiqə hazırlayacam.
* * *
Aloy Hacı yola çıxmağa hazır idi. Silahı götürmüş, güllə qatarını qurşanmış, atı yəhərləmişdi.
Anası xurcunun hər iki gözünü çörəklə, ərzaqla doldurmuşdu. Oğlunun ən çox sevdiyi bir cam tərəkəmə halvasını, bir qazan da kişmişli plovu xurcunun gözünə yerləşdirmişdi.
– Qismət dedikləri elə budur. Kimsə kimsənin qismətini əlindən ala bilməz. Səni ac-susuz tutub aparmışdılar. Bir büküm halva yeməyə imkan verməmişdilər. Sənə fürsəti o böyük Allah verdi. Səni yaradan Allaha qurban olum.
Anasının yanında yatan Nigarın dünən milislər “ya vuracağıq, ya da tutub aparacağıq” deyərkən ağlayıb döyünməsi Aloy Hacının gözlərinin önünə gəldi. Qapının arasından başını uzadıb bacısına baxdı. Onu bağrına basıb öpə bilmədi. Nigar onu görsəydi, sevincindən sabah bütün kəndə səs salacaqdı. Uzaqdan bacısının üzünə boylandı. O biri bacı-qardaşlarını, yaxınlarını isə görə bilmədi. Heç nişanlısı Nazanı da görmədi.
Hava işıqlanmağa başlamışdı. Ağacdan-ağaca, budaqdan-budağa uçuşan quşların civiltiləri yeri-göyü bürümüşdü. Kimsəsiz yollardan keçib kənddən uzaqlaşdı. Rastına çıxan adamlarla üz-üzə gəlib danışmasa, onu tanımaq mümkün deyil. Geyim-kecimi, yaraq-yasağı, mindiyi at onu tanınmaz etmişdi.
Atının ağzını quzey tərəfə çevirdi. Qazax-Tiflis şose yolundan enib Xıram çayından keçərək Qozluq meşəsinə girdi. Xıram ilə Kür çayları arasında böyük bir yarımada şəklində olan Qozluq meşəsini eninə qət eləyəndən sonra Kür çayının üç-beş qola ayırdığı keçid yerindən Muğanlı kəndinə gəldi. Artıq önündə bir əngəl qalmamışdı. Atını Sınıq körpünün şimal şərqindəki Ağ göl, Keşiş dağları və Sarıyoxuş arasında yerləşən qışlaqlara sürəcəkdi.
Kür çayından keçəndə atı təpədən dırnağa islanmış, özü də sinəsinə qədər suya batmışdı. Çaydan çox uzaqlaşmamış saatlardır günəşlə bir-birinə boylanan təpələrin arasındakı kiçik vadidə atdan endi, xurcundakı ərzağı və paltarlarını çıxartdı. Çox incə əyrilmiş iplərdən sıx toxunmuş xurcunun içinə o qədər də su keçməmişdi. Xurcunun sağ gözündəki ərzaq da, sol gözündəki paltarlar da çox islanmamışdı. Atın ağzından gəmini aldı, ayaqlarını cidarlayıb otlamağa buraxdı. Gecədən bəri ağzına yem dəyməmiş at təpənin güneyində qalxmış otları gözünə təpirdi. Aloy Hacı da çox acmışdı. İyirmi saatdır onun da ağzına bir şey dəyməmişdi. Əynindəki paltarları çıxardıb, yan-yörəsindəki qayaların, kolların üstünə sərdi. Tüfəngi qucağına alıb bardaş qurdu və yeməkləri qabağına çəkdi. Bozartma, plov və tərəkəmə halvası… Ən çox sevdiyi yeməklər idi. Tez-tələsik qarnını doydurdu. İndi tüfənginə əl gəzdirməyin vaxtı idi. Xurcundan çıxarıb yanındakı qayanın üzərinə sərdiyi dəsmalı alıb böyük bir sayğı və diqqətlə tüfəngini silməyə başladı.
Üzərində ay-ulduz və Osmanlı Sultanının tuğrası olan “Osmanlı muaddel mauzeri” – Osmanlıda yığılmış beşaçılan, tüfəng olmaqdan daha çox atası ilə, ondan əlavə də ayaqları donduğuna görə müalicə məqsədilə bir müddət evlərində qalmış, İstanbula qayıdanda öz tüfəngini Məmməd Babaya hədiyyə etmiş türk zabiti ilə eyniləşmiş bir varlıq mənası daşıyırdı.
Tüfəngi silərkən gəlib gözünün qabağında atasının al qana qərq olmuş üzü canlandı. Yuxarı Salahlı təpəsinin yanında şəhid düşən və silahını əlindən buraxmayan, gözləri yarıaçıq atasının… Gözlərini sığayıb qapamış, alnından öpmüşdü. Tüfəngi əlindən müqəddəs bir əmanət kimi götürmüşdü. Üstündə əlinin izi qalan tüfəngi atasının əlini öpürmüş kimi öpdü.
Tüfənglə birlikdə atasının ruhunun da onun yanında olduğunu hiss edirdi. Tüfəngin tamaşasına durmuşdu. Tüfəngin sinəsindəki tuğraya və ay-ulduza bax-baxa onun ilk sahibini – Qafqaz İslam Ordusunun zabitini xatırlayırdı.
Aloy Hacı o vaxt cavanlığa yeni qədəm qoymuşdu. Evlərində qonaq vardı. Osmanlı zabiti idi. Qafqaz İslam Ordusunun səhiyyə bölüyünün zabitlərindən idi. Almanların himayə etdiyi gürcülər Türk Ordusunun Qars-Tiflis-Gəncə dəmir yolu ilə Baklıya getməsinə imkan verməmişdi. Buna görə də may ayının ikinci yarısında Azərbaycan türklərinin köməyinə gələn 9-cu türk təməni Gümrü, Qarakilsə, Dilican, Ağstafa-Qazax marşrutu ilə gəlməli olmuşdu. Ordu hələ qarla örtülü olan Maymaq dağlarından aşmaq məcburiyyətində idi. Qarlı-buzlu Maymaq dağlarından aşarkən iyirmiyə yaxın əskərin və zabitin ayaqları donmuşdu. Döyüşəcək halda olmayan bu əskərlər Azərbaycanın birinci kəndində xətir-hörmətli və etibarlı ailələrdə qalmışdılar. Zabitlərdən birinə də Məmməd Baba evində yer vermişdi. Zabitin vəziyyəti o qədər də ağır deyildi. Gərək yarası sağalana qədər yeriməyəydi. Düşmənlər bundan xəbər tutmamalı idi. Atası hər kəsə bunu ciddi tapşırmışdı. Bir kimsənin yanında onun haqqında söz deyilməyəcəkdi. Əskərə Məmməd Babanın özü qulluq edirdi. Hacı da türk zabitini görmək arzusunda idi. Bir neçə dəfə atasından icazə istəsə də, izin ala bilməmişdi.
Bir axşam Məmməd Baba Hacını yanına çağırdı:
– Oğlum, bayırda gözlə, Tomtullu Əmiraslanla bir həkim gələcək, onları qonaq olan otağa gətir.
– Baş üstə, dədə. Gözləyərəm.
– Anana da de samovara od salsın.
– Yaxşı, dədə. Deyə
Çox keçməmiş Əmiraslan ilə həkim gəldi. Hacı onları qarşılayıb qonaq olan otağa gətirdi. Qapını döyməyə macal tapmamış atası onların qabağına çıxdı və onları içəri apardı. Hacıya:
– Çayları sən gətir, qulluğu sən elə! – dedi.
– Yaxşı, dədə. Baş üstə.
Hacı sevincindən uçurdu. Türk zabitini öz gözləri ilə görəcəkdi.
Anasının əlüstü hazırladığı çay sinisini alan kimi özünü otağa saldı. Atası ilə Əmiraslan stullarda əyləşmişilər. Həkim isə taxtın üstündə uzanmış türk əskərinin ayaqlarına baxırdı. Xəyalında canlandırdığı kimi idi – türk zabitinin heybətli görünüşü var idi. Tapançasını yasdığının altına qoymuşdu. Qızılı rəngli qın içindəki qılıncı divardan asılmışdı. Tüfəngi və güllə qatarları isə yasdığının böyründə divara dayalı idi. Gün kimi parıldayan qırmızı qundaqlı tüfənginin lüləsindəki ay-ulduz ilə Osmanlı Sultanının tuğrası diqqəti çəkirdi. Gözlərinin içinə nəqş edirmiş kimi uzun müddət onlara baxa-baxa qalmışdı. Atasının:
– Oğlum, çaylarımızı təzələ! – Tapşırığı ilə fikri özünə gəldi.
* * *
Tüfəngini silib qurulayandan sonra gözləri lülənin üzərindəki ay-ulduzun və tuğranın üzərində dirənmişdi. Tüfəng həmin tüfəng, ay-ulduz və tuğra da həmin ay-ulduz, həmin tuğra idi. Başını qaldırıb gözünü tüfəngdən çəkdi. Öz-özünü danladı:
– Mən nə edirəm! Mənim günümə bir bax! Neçə il bundan əvvələ getmişəm!..
* * *
Sıçrayıb yerindən durdu. Qantarğanı atın ağzına verib, xurcunu belinə aşırdı. Sonra özü də atın yəhərinə qalxdı.
İlkiniyə qədər öz yataqlarına çatdı.
* * *
Aloy Hacı aylarla özlərinin qışlaqdakı yataqlarında gizləndi. Onu bir adam görməsin deyə qoyunların saxlandığı arxaclara gedə bilmirdi. Elə çətin vaxt gəlmişdi ki, təzyiq, zülm və qorxudan nökərlər, xidmətçilər, hətta qapıbir qonşular xəbərçilik edə bilər, Sovet hökumətinə xoş görünmək naminə hər cür əmələ əl ata bilərdilər.
Ölkədə qarışıqlıq baş alıb gedirdi. Yalançı və yaltaq yerli kommunistlər canfəşanlıq etməsələr, xalq zülmə düçar olmadan həyatını davam etdirə biləcəkdi. Ancaq illərdir gizli aparılan kommunizm təbliğatının təsiri ilə gözlərini qan örtən kommunistlər zülmün ocağının üstünə yağ tökürdülər.
Aloy Hacı həyatda qalmaq üçün mübarizə aparır, özünə görə bir həyat yaşamağa çalışırdı, anası Zalxa xanım isə kənddə içindən oyulurdu. Bir tərəfdən evinin dirəyinin – torpağa tapşırdığı Məmməd Babanın dərdi, bir tərəfdən gözünün işığı oğlunun qaçaq düşməsi, evdəki uşaqların ehtiyacı, yemək-içməyi, torpağın, heyvanların qayğısı… Bəzən nə qədər yorulub-usandığını heç özünə də etiraf edə bilmir, Allaha sığınırdı.
Ancaq bir dərd də vardı ki, heç birinə bənzəmirdi. İki ildir toy eləyib gəlini gətirə bilmirdilər. Söz-söhbət çıxması, bunun da gedib Hacının qulağına çatması ehtimalı Zalxa xanımın yuxusuna haram qatırdı. Axırı bir gün Şərif Şikəstə ilə söhbət eləmiş, əndişələrini dilə gətirmiş, vəziyyəti ona başa salmışdı. Şərif Şikəstə Zalxa xanıma yol göstərmişdi:
–A bacım, indi toy-düyünmü yeridir? Hər günümüz matəmdir. İndi də onu öz toyundamı tutdurub ələ verəcəksən? Tədarükünü gör, lazı m olan şeyləri hazırla, axşamın birində bir-iki adam gəlini gətirib evə qoyaq. Gəlin gəlib sənə əl-ayaq olsun, özünün evini, yuvasını qursun. -Ay Şərif Əfəndi, belə ola bilərmi deyirsən? -Niyə də olmasın. Elə bilsin ki, əri əskər gedib, uzaq bir diyardadır. Sonrası Allah kərimdir. Baxaq, görək Allah nə göstərəcək? Zalxa xanım öz bacısı olan qudasını razı salandan sonra bir axşam bibisi qızı Səltənət xanımı və bir neçə qonşu qadını da yanına alıb, gəlini evinə gətirdi. Böyüklərin beynində, xüsusən də Zalxa xanımın ürəyində bir qırıqlıq olsa da, evin və qonşuların cavan qızları sevinmiş, çalıb oynamış, gülüb əylənmişdilər. Dədə Qorqud ənənəsi davam etsin, ocaqdan ozan səsi kəsilməsin deyə Aloy Hacının qardaşı Səməd Dərya Məhəmmədi – Aşıq Məhəmməd Şıxlını dəvət edib, süfrə açmış, məclis qurdurmuşdu. Gəlinin ayaqlarının altında iki qurban kəsilmiş, biri kasıblara paylanmış, biri də qovrularaq axşam qurulan aşıq məclisində plovun üstündə qonaqların qabağına qoyulmuşdu. Məhəmməd Babanın Tomtullu Əmiraslan, Tomtullu Sədi və Gülalıoğlu Aslan kimi qohumları və dostları Zalxa xanımı tək qoymamışdılar. Aloy Hacının yoldaşları Gülalıoğlu Əmrah, Mehralı, Balakişi və İbrahimxəlil də məclisdə iştirak eləyirdilər. Cavan aşığın oxuduğu Çıldırlı Aşıq Şenliyin “Eyləmə” rədifli cığalı divanisi zalımların və namərdlərin zülmü ilə qarşı-qarşıya olan xalq üçün çox yerinə düşmüşdü:
“Ey İrəbbim bu dünyada namərdi şad eyləmə,
Mərdi gözdən cüda qılıb, könüldən yad eyləmə.
Məhəbbətli möminləri saxla öz pənahında,
Məhşər günü mücrim edib, qəbrini od eyləmə.
Payidar olmaz zalim,
İgidə neylər ölüm.
İşte boynum, sal qılınc,
Doğrunu söylər dilim.
Mən Allahdan haqq, ədalət istərəm!..”
Gecə uzunu başqa mətləblərdən də söhbət açan Dərya Məhəmməd sözünü “Yurd yeri” havası üstündə özünün “Yurd yerindədir” rədifli qoşması ilə tamamladı:
“Dostun məzəmməti könül sındırar,
Namərd deyil könül, mərd yerindədir.
Gözləyir gözlərim, karvan axtarır,
Deyirlər yar köçüb, yurd yerindədir”.
* * *
Üçüncü axşam Şərif Şikəstə dəvət edildi. O, yetkin kamallı, mömin bir insan idi. Həm də Məmməd Babanın bibisi nəvəsi idi. Mükəmməl mədrəsə təhsili görmüşdü, ərəbcə, farsca və rusca bilirdi. Bir sıra çox mühüm dini və ədəbi əsərlər yazmaqla yanaşı, tərcümə yaradıcılığı da var idi.
Ailə üzvlərindən başqa, bir də qardaşı Səmədin qayınatası Ömər əfəndini dəvət etmişdilər. Söz sözü çəkmiş, söhbət uzanmışdı. Şərif Şikəstə hikmətli sözləri ilə məclisdəkiləri ələ almış, ruhani bir aləmə aparmışdı.
Şərif Əfəndi yatsı namazından sonra Quran oxuyub dua verdi. İki gün öncədən xəbər çatdırılmış Aloy Hacı qəfildən içəri girdi. Şərif baba nikah kəsmək üçün onu gözləyirdi. Yenə bir aşır Quran oxuyub, axirət dünyasında olan qohum, əqrəba və böyüklərin adına bağışladı. Nikah mərasimindən sonra süfrə başına keçdilər. Aloy Hacı tutulub türmədən qaçandan bəri ev yeməyi yeməmişdi.
Yeməkdən və samovar çayından sonra Səməd qayınatası Ömər Əfəndini və Şərif Əfəndini yola saldı.
El gücü, sel gücü deyiblər. Allahın lütfü, elin yardımı ilə yeni bir yuva quruldu, həsrətlilər qovuşdu.
3.
Aloy Hacının Gürcüstana qaçması
Bolşevik inqilabından sonra bir yandan çar Rusiyasının əlindən yeni qurtulub öz müstəqilliklərini qazanan ölkələr Qırmızı Ordunun gücünə Sovet hakimiyyətinə tabe edilir, bir yandan da Almatı, Bakı, Bişkek, İrəvan, Daşkənd, Tiflis kimi böyük şəhərlərdə yaşayan varlı insanlar, bəylər, ağalar; eyni zamanda nüfuzlu, sözü ötən, etibarlı şəxslər, ziyalılar tutulur, onlardan kimisi Sibirə əmək düşərgələrinə göndərilir, kimisi də məhv edilirdi. Hətta bir çox yazıçı, şair və siyasət adamının həyat yoldaşı, qızı, anası, qaynanası tutulub qısa adı ALJİR1 olan Orta Asiya həbs düşərgələrində, fermalarda işlədilirdi. Onlar heyvanlara baxmağa məcbur edilirdi. Kollektiv təsərrüfat – kolxoz və birbaşa dövlətin əli ilə idarə edilən sovxoz sistemini həyata keçirmək bəhanəsi ilə adamların tarlaları, biçənəkləri, yataqları, mal-heyvanları əllərindən alınırdı. Sərvətləri, binaları, fabrik və zavodları, qiymətli əşyaları – qızılları, gümüşləri, pulları qarət edilirdi.
1920-ci ildə Azərbaycan və Ermənistan, növbəti il isə Gürcüstan Qırmızı Ordu tərəfindən işğal edilmişdi. Artıq sovetləşmə adı altında Qafqaz xalqlarının da mal-mülkü talan, həyatları viran ediləcəkdi. Əslində, Qazaxıstandan Ukraynaya, Tacikistandan Xakasiyaya kimi yağmalanacaq o qədər yer, zülm ediləcək o qədər xalq var idi ki, onların yanında Qafqaz kiçik bir dilim idi. Amma çox qiymətli dilim idi. Çox vaxt keçməyəcək, iki-üç il ərzində buraların məsələsi həll ediləcəkdi.
Bolşeviklərin ilk mühüm qərar və qətnaməsi birbaşa Lenin tərəfindən hazırlanan “Torpaq haqqında dekret” ilə bütün xanədan, monastr və kilsə torpaqları, iş heyvanları və alətləri ilə birlikdə “milliləşdirilmiş” – sahiblərinin əlindən alınıb dövlətin ixtiyarına keçirilmişdi. Bunun ardınca da vəziyyəti yaxşı olan kəndlilərin var-dövləti və məhsulları əllərindən alınmışdı. Bununla birlikdə özəl ticarət tamamilə qadağan edilmiş və bütün müəssisələr içindəki mallarla “milliləşdirilmişdi”. Bu müəssisələrin sahibləri isə tutularaq ya həbs düşərgələrinə göndərilmiş, ya da güllələnmişdi. Bu əməllər qısa adı ÇeKa olan xüsusi təyinatlı milis orqanı və Kommunist Partiyasının üzvləri vasitəsilə həyata keçirilirdi.
Xalqın anbarlarda saxladıqları məhsulun müsadirə edilməsindən bir il keçməmiş bütün ölkə boyunca böyük quraqlıq fəlakəti yaşandı. Əlində çox geniş torpaq sahələri olan Sovet hökumətinin Volqa, Uralboyu və Qazaxıstan kimi bir çox yerində vaxtaşırı quraqlıq olurdu. Xalq ənənəvi olaraq quraqlıq düşəndə əllərindəki ehtiyatlardan istifadə edərək həyatını davam etdirirdi. Kəndlilərin bütün məhsullarını dövlət əllərindən aldığına görə 1921-ci ildə meydana gələn quraqlıqda Ukrayna, Qazaxıstan və Volqa ilə Ural arasında milyonlarla insan aclıqdan ölmüşdü.
* * *
Ölkənin müxtəlif yerlərində davam edən daxili müharibələr, qıtlıq və ölümlər səbəbindən ÇeKa və milis rəhbərləri qəsəbələrdəki kommunist xəfiyyələrə əyalətlərdə tutulacaq, güllələnəcək, sürgünə göndəriləcək şəxslərin üstündə göz qoymağı həvalə etmişdi. Azərbaycanın Qazax şəhərinin qazamatından qaçan Aloy Hacını da İkinci Şıxlı kəndinin xəfiyyələri təqib edirdilər. Onlar Aloy Hacının izinə düşüb xəbər göndərən kimi başının üstünü alacaqdılar.
Aloya Hacı görkəmini və yerini dəyişdirərək aylarla yalnız qurd kimi yaşadı. Gecələr kəndə enib, doğmaları ilə görüşür, onların ehtiyaclarını qarşılayandan sonra bir də dağa çəkilir, meşələrdə ağacların daldasında, sel oyruqlarında başını saxlamağa çalışırdı.
Qışlağın isti günləri başlamışdı. Çoban və nökərlər onun qoyun sürüsünü Qaltan dağının döşündəki örüşlərdə saxlayırdılar. O da vaxtaşırı öz sürüsü olan yatağa getməyə, çobanları gözləyib izləməyə başlamışdı. Çox keçmədən kommunist xəfiyyələrinin göndərdiyi xəbər qəza mərkəzinə çatdırılmışdı.
Aloy Hacı sabaha yaxın gəldiyi arxacda talvarın altına keçmiş, dərin yuxuya getmişdi. Gün günortaya yaxınlaşmışdı. Yuxudan oyanıb, yerinin içində oturdu. Arxacın üst tərəfi döş, yastı yamac idi. Baş çoban Oruc onu çağırdı:
–Ay Hacı, ay Hacı! Gəl bir az söhbət eləyək, görək nə var, nə yox, – dedi.
Yuxunun xumarını üzərindən yeni atan Aloy Hacı yerindən qalxıb, yaxası-başı açıq baş çobanın yanına gəldi. Oradan-buradan, qoyundan-quzudan danışmağa başladılar. Gün günortadan keçmək üzrə idi. Naxırdakı heyvanlar alt tərəfdəki böyük düzlük ərazidəki örüşə yayılıb otlaşırdı. Düzün o biri ucunda dörd atlı göründü. Atlılar naxırçıların yanına gəldilər, onlardan nəsə soruşdular. Naxırçılar dağın üst yamacını, Aloy Hacıgilin yatağını göstərdilər.
Aloy Hacı bunlardan şübhələnmişdi. Üzünü çobana tutub:
– Ay Oruc, bu gələnlər düz əməlli adama oxşamırlar. Yəqin ki, milis dəstəsidir. Düz buraya gəlirlər. Mən tüfəngimi, qatarımı götürüb uzaqlaşıram.
– Yox, canım, milislərin burada nə işi var. Mal-qoyun yiyələridir, heyvanlarına baxmağa gəlirlər, – Oruc onu arxayın salmağa çalışdı.
Aloy Hacı çobanla söz güləşdirmək istəmədi. Amma yenə də rahatlıq tapa bilmirdi. Ocaq qalayıb çay-çörək hazırlamaq üçün ətrafda çır-çırpı toplayan danaçı Sarını səslədi:
– Ay Sarı, ay Sarı, yataqdan mənim tüfəngimi və qatarımı tez mənə yetir.
Uşaq əlindəki çırpıları ocağın yanına qoyub, yatağa doğru yüyürdü. Tüfəngi və qatarı gətirənə qədər Aloy Hacı da ona tərəf gəldi. Qatarını, kəmərini qurşandı. Tüfəngin lüləsinə güllə verib yenidən çobanın yanına qayıtdı. Söhbətlərinə davam elədilər.
Onlar yüksək təpənin üst yamacında olduqlarına görə milislər təpənin dibinə gələndə onların görüş dairəsindən çıxmışdılar. Bir müddət sonra atlılardan biri gözə dəydi. Düz onların yanına gəlirdilər. Onlardan biri – İkinci Şıxlı kəndindən Hüseynin oğlu Həsən Hacının dəqiq tanıdığı adam idi. Kommunist partiyasının yaratdığı təhlükəsizlik dəstəsinin üzvü idi. Onu milislərin komandiri təyin eləmişdilər. Gəlib atını düz çoban Oruc ilə Aloy Hacının qabağında saxladı.
Atın boynu, qoltuğunun altı, paçalarının arası köpük-köpük idi. Kürün o tayındakı İkinci Şıxlıdan, iyirmi kilometrdən artıq yoldan gələn at yorğun olsa da, hava isti olduğuna və çibinlər üz-gözünə daraşdığına görə yerində dura bilmir, sərt-sərt başını silkələyir, quyruğu və ayaqları ilə üstünə qonan çibinləri qovurdu. Tam tədarüklü olan milis komandiri Aloy Hacını da yar-yasaqlı görəndə özünü yığışdırdı. Salam verib, hal-əhval tutdu. Siqaret çıxarıb yandırdı. Onlara da siqaret uzatdı. Onlar da siqaretlərini yandırdılar. Bu zaman milislərdən biri də gəlib özünü onlara çatdırdı. Onun da yaraq-yasağı üstündə, tüfəngi qucağında, barmağı da tətikdə idi. Tüfəngin lüləsi Aloy Hacıya tuşlanmışdı.
Yuxarı tərəfə keçən kimi tüfəngi üzünə qaldırdı. Aloy Hacının üstünə bozardı:
– Aya, köpəkoğlu, tüfəngini yerə qoy!..
Milisin tüfəngi üzünə qaldırıb söyməsi ilə eyni anda Həsən də atın üstündən əlini uzadıb Aloy Hacının tüfənginin qayışını əlinə yığıb, yaxasından yapışdı. Aloy Hacı həm təhqirin cavabını verdi, həm də tüfəngini milisin əlindən qurtarmağa çalışdı:
– Köpəkoğlu sənsən, şərəfsiz gəda, sən kimin itisən ki, mənim silahımı alasan? – Bunu deyib, yerindən yay kimi fırlandı, yaxasını da, silahını da Həsənin əlindən qurtardı, sıçrayıb bir az yuxarıya keçdi. Milis rəisi Həsən də, yanındakı yoldaşı da atdan düşdülər. Onlar atdan düşənə qədər Aloy Hacı qaçıb iyirmi-otuz metr də aralandı. Atının cilovunu çobana verən milis Aloy Hacının üst tərəfini kəsib onu aşağıya istiqamətləndirmək üçün üzüyuxarı qaçanda büdrəyib yıxıldı. Bu vəziyyətdən istifadə edən Aloy Hacı bir az da uzaqlaşdı. Milis özünü tarazlayıb arxadan atəş açdı.
Güllə yan keçmiş, Aloy Hacının yanında toz qaldırmışdı. O da dərhal dönüb milisin başının üstündən bir neçə güllə atdı. O arada Həsən atının yüyənini çobana vermişdi. Hacı Həsən ilə çobanın arasından bir güllə atdı. Güllə atın burnunu sıyırdı. At hürkdü. Başını silkələdi. Atın başı Həsənin başına çırpıldı, Həsənin sifəti paralandı. Həsən canının hayına qaldı.
Milis Aloy Hacının arxasından bir neçə güllə də atdı. Aloy Hacını nə aşığı döndərə, nə də vura bildi. Onlar hələ yolda olarkən Aloy Hacı onların dörd atlı olduqlarını görmüşdü. Onlardan ikisinin alt tərəfdə pusuda olduqlarını bilirdi. Ona görə də üst tərəfə qaçdı.
Aloy Hacı təpəni aşıb silah mənzilindən çıxdı. Həsən üz-gözünün qanını sildi və özünə təsəlli vermək üçün Hacının dalınca bir neçə güllə atdı.
Aloy Hacı çox cəld, çevik və dəqiq atıcı idi. Milislər isə nə təlim görmüşdülər, nə də qabiliyyətləri vardı. Sovet hökumətinin sadiq qulları olduqlarına görə bu vəzifəyə təyin edilmişdilər. Aloy Hacı istəsə onların hərəsini bir güllə ilə o dünyaya göndərə bilərdi. Ancaq onlardan birini öldürsə, onun bütün ailə üzvlərini güllədən keçirəcəklərini, qohum-əqrəbasını Sibirə sürgün edəcəklərini bilirdi. Ona görə də bu fikirdən daşınmışdı. Kolların, pöhrələrin arasından sivişib dərə yatağındakı bir sel oyuğuna – seloya girdi. Milislər atlarını minib dalınca gələsi olsalar, onu tapa bilməyəcəkdilər. Tapsalar da, bu, onların dünya ilə son görüşləri olacaqdı.
Dördü də bir yerə cəm oldu. Öz aralarında danışacaq sözləri qalmamışdı. Ova gedib, özləri ovlanmışdılar. Aloy Hacının da onları vurmaq istəmədiyini başa düşüb, özlərini həddindən artıq əskilmiş hiss edirdilər. Dağdan üzüaşağı çobanların, sağıcıların, danaçıların tənəli baxışları altında ovunu əlindən qaçırtmış fərsiz ovçular kimi geri qayıdırdılar. Bura gələndə belə düşünürdülər ki, Aloy Hacını qartal kimi pəncələyib ələ keçirəcək, atların qabağına qatıb, qanını axıda-axıda müzəffər bir sərkərdə ədası ilə milis mərkəzinə gətirəcəklər, ya da onu öldürüb, cənazəsini arabaya qoyub havaya atəş aça-aça camaatın gözləri qarşısında mərkəzə çatdıracaqlar. Çünki “naçalnik milisiya” – Mamed adlı milis rəisi Həsən ilə dəstəsini Qaltan dağına göndərməzdən əvvəl əlinə tüfəng götürüb Aloy Hacını evinin qabağına getmiş, anası Zalxa xanımı çağırmışdı:
– A Zalxa xala! Oğluna xəbər göndər, gəlib təslim olsun. Yoxsa gedib onu göy atın qabağına qatıb öldürəcəyəm, ölüsünü də arabaya qoyub, qanını axıda- axıda gətirəcəyəm.
Zalxa xanım da:
– A Məmməd, a qurban olum, o, Sovet hökumətinə qulaq asmır, mənim sözümü eşidərmi? Bacara bilsəniz, gedin, tutub gətirin, qanı sizə halal olsun! – demişdi.
* * *
Neçə saat idi Zalxa xanım evin damına çıxıb yollara boylanırdı. Aşağı enir, qərar tuta bilməyib, bir də dama qalxırdı. Yazıq qadının halı özündə deyildi. Fikrində neçə güman dolaşırdı. “Əgər atlarını oynada-oynada, silahlarını ata-ata gəlirlərsə, demək, onu ələ keçiriblər. Səssiz-sakit gəlirlərsə, demək onu tuta bilməyiblər”.
Bu pis və yaxşı ehtimallar Zalxa ananın beynində dolaşdığı vaxt kəndin ən ucundakı qovşaqdan milislərin gəldiyini gördü. Zalxa ana nəfəsini tutub diqqət kəsildi. Günün şüaları kəndin üstündən yenicə çəkilmişdi. Ancaq hələ şər qarışmamışdı. Hacını tutduqlarını təsdiq edəcək bir əlamət gözə dəymirdi. Sakit-sakit gəlirdilər. Qadın yerə-görə sığmırdı, maraqdan ürəyi partlamaq həddinə çatmışdı. Evin üstündən aşağı enib, iki həyət o tərəfdəki qohumunun bağçasına keçdi, həm qonşusu, həm də qohumu olan qadınla divarın dibində milis və ÇeKa idarəsi səmtinə qulaq kəsildilər. Bu vaxt milislərin dördü də həyətə girdi.
ÇeKa idarəsi İkinci Şıxlı kəndində yeganə daş binada – Tatya bəyin gözəgəlimli mülkündə fəaliyyət göstərirdi. ÇeKanın İkinci Şıxlı şöbəsinin rəhbəri naçalnik Mamed neçə saat idi balkonda var-gəl edirdi. Milis dəstəsinin komandiri Həsən öndə, milislər arxada rəisin qarşısına gəldilər. Rəis əsəbi və sərt bir səs tonu ilə onlara təpindi:
– Hacı haradadır? Yenə də gətirə bilmədiniz?
Üzü-gözü yara içində olan Həsən:
– Yoldaş Mamed, onu hər tərəfdən mühasirəyə aldıq, yaxısını özüm əlimə keçirdim. Ancaq quş olub əlimdən uçdu. Dalınca onlarla güllə atdıq, biri də dəymədi. Qaçıb aradan çıxdı, – dedi.
Xudiyev Oruc sizə kömək eləmədimi?
Çox ustalıqla kömək elədi. Bir yanını da o kəsmişdi. Oruc biz getməzdən əvvəl onu söhbətə tutub başını qatmışdı. Mən yanlarına çatanda çobanla bərabər elə bil bizim yolumuzu gözləyirdi. Ancaq olmadı. Onu əlimizdən qaçırtdıq.
Zalxa xanım da, bütün qonşuları da divarın dibindən ətrafa qulaq kəsilmişdi. Mömin bir insan olan Zalxa xanım dərindən nəfəs aldı. Həm oğlunu tuta bilmədikləri üçün, həm də belə bir igid oğul böyütdüyü üçün əllərini göyə açıb, Allaha şükür elədi.
Aloy Hacı axşam yeməyi vaxtı arxaca gəldi. Yüngül yemək yeyəndən sonra özü ilə ərzaq götürüb aşağıya, yatağa endi. Bir-iki gün burada qaldı. Tövlələrə əl gəzdirmək lazım idi. Yataqçılar və ustalar tövlələrdə təmir işləri aparırdılar.
* * *
Ərinin şəhid düşməsindən sonra evin idarəsini tam əlinə alan ağıllı, qeyrətli və uzaqgörən Zalxa xanım Aloya Hacının yataqda ola biləcəyini təxmin edirdi. Əmisinin oğlu İskəndəri yatağa göndərdi. İskəndər Aloy Hacının yanına gəldi:
– Ay Hacı, Zalxa xanımla sənin vəziyyətini hərtərəfli götür-qoy elədik. Son hadisə də göstərir ki, sənin burada qalmağın düzgün deyil. Sovet rəhbərləri ya öz təhlükəsizlik orqanlarının, ya da içimizdəki adamlarının əli ilə səni tutub ya sürgünə göndərəcək, ya da öldürəcək. Axırda belə qənaətə gəldik ki, daha burda qala bilməzsən. Buradan çəkilib ya Gürcüstana, ya da Ermənistana keçməlisən. Oralarda başını saxlayarsan. Baxaq sonu neçə olacaq. Hayıf, çox hayıf ki, Azərbaycan artıq Sovet hakimiyyətinə tabe olmayanların yaşaya biləcəyi ölkə deyildir.
Doğru deyirsiniz. Bunu mən də görürəm. Azərbaycan kommunistlərin və onlara tabe olanlardan başqa bir kimsənin yaşaya biləcəyi ölkə olmaqdan çıxıb. Bu aydındır. Ancaq mən Gürcüstanda, ya da Ermənistanda haraya gedim?
Tiflis kimi, Gümrü kimi şəhərlərə gedə bilməzsən. Oralarda heç bir həftə də baş dolandırmaq mümkün deyil. Şəhərlərdə vəziyyət çox pisdir. İnsanların həyatının təhlükəsizliyi yoxdur. Bilirsən, Osmanlının böyük sərkərdəsi Camal Paşanı və mühafizəçilərini aradan götürüblər. Onları öldürənlər səni öldürə bilməzlərmi?
Aloy Hacını maraq bürüdü:
– Doğrudan, hər dəfə ağlıma gəldikcə marağım artır, Camal Paşanı öldürənlər kimdir, sizcə?
– Deyilənə görə, daşnaklar öldürüb.
– Daşnaklar bunu bacara bilərmi?
– Arxalarında ingilislər və ruslar olandan sonra niyə də bacarmasınlar?
– Nə isə, öz söhbətimizin üzərinə qayıdaq. Nə deyirdim. Hə, dağ kəndlərinə, meşəliklərə çəkilməyin lazım gəlir. Sənə Gürcüstanın Yağlıca yaylaqları çox uyğundur. Yağlıcada Gülməmmədoğlu Alının yataqları var, oraya gedə bilərsən. Bizim kənddən Şəfi orada baş çobandır.
Aloy Hacı İskəndəri yola saldı. Özü də ertəsi gün Yağlıcaya yola düşdü. Günbatana doğru, Gürcüstan tərəfə gedirdi. Bir-birinə paralel uzanan, bəzi vaxtlar da bir-birinin boynuna sarılan Kür çayı ilə Qarayazı meşəsi sol tərəfində qalırdı.
Başdan-ayağa silahlanmışdı: güllə qatarlarının ikisini çiyinlərindən aşırmış, birini belinə dolamışdı, Qazax xəncərini sallama kəmərindən asmışdı, boynunda durbini, çiynində Osmanlı beşaçılanı yol gedirdi. Atası şəhid olandan sonra göy və yaşıl çuxalarını əynindən çıxarıb vəznəli qara çuxa geyinirdi. Qara buxara papağı ilə uzunboğaz xrom çəkmələri, soyuq havada, dağda-bayırda yatanda geydiyi kürkü isə belindəki yol torbasında idi. Ayağında yüngül boğazıkəsik postal var idi. Atasına çox oxşayan Aloy Hacı heç nədən qorxmurdu. Qurddan qaplana, qartaldan çaqqala qədər uçar-qaçar vəhşi heyvan sürülərinin gəzib-dolaşdığı meşələrdə günlərlə qala bilirdi. Daşqın çaylardan üzüb keçir, sel oyruqlarında gizlənir, günlərlə üzər-gəzər heyvanların ətindən yeyib, bitkilərlə qidalanır, bu cür həyat sürə bilirdi. Sözün tam mənasında mərd, igid bir oğlan idi.
Səhərə yaxın Kürün Nəzərli-Kosalı kəndlərinin tuşundakı sahilinə çıxdı. Gündüz çayın bölünmüş dayaz yerlərindən keçərək qarşı yaxada ağacların, kolluqların daldasında gizləndi. Yatı vədəsində Gülməmmədoğlu Alının Yağlıcadan o qədər də uzaqda olmayan yatağına gəldi.