Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Allah eşqinə! Şeirləri və Poemaları», sayfa 3

Yazı tipi:

HƏMİŞƏYAŞAR ŞAİR

Son söz əvəzi.

Şair var ki, sağlığında dəfn olunur və yaddan çıxır.

Şair var ki, zəmanəsinin şairidir, nəyinsə və kiminsə hesabına yaşayıb.

Şair var ki, keçmişin, indinin və gələcəyin şairidir. Bəhmən Vətənoğlu məhz belə şairdir.

Sağlığında zamanın süzgəcindən süzülüb keçən həmişə yaşar şairdir. Bu da talehin bir qistəmi imiş. Bir vaxtlar onun şerinin misralarının təsirindən vəcdə gəlib ara-sıra gənclik mövzusunda kimin xəyalına gələrdi ki, vaxt gələr Bəhmən Vətənoğlunun nəşrə hazırlanan yeni kitabına ön sözü yazmağı o ocağın ağbirçəyi, şairin ömür-gün yoldaşı Təzəgül xanım mənə həvalə edə. Bəli, Bəhmən Vətənoğlu mənim xalam oğlu olduğundan demək olar ki, birevli olmuşuq. Mənim üçün Bəhmən Vətənoğlunun bu kitabına ön söz yazmaq bir tərəfdən çox məsuliyyətli və çətin, digər tərəfdən isə asan və şərəfli işdir. Bəhmən Vətənoğlu böyük şairdir. Bunu böyükdən kiçiyə böyük türk dünyasından eşidirik.

Onun haqqında yazmaq ona görə mənə asandır ki, vaxt olub bizim evdə bir çarpayıda ayaq-baş yatmışıq və çox vaxt onun şerlərinin ilk oxucusu da mən olmuşam. Hətta elə vaxtlar olub ki, təbiətin qoynunda olanda bədahətən dediyi şerləri mən öz qeyd dəftərimə köçürmüşəm. Bu qəbildən olan aşağıdakı şerlərdə eləcə:

 
Gözəlliyinə heyranıq.
Bitirdi bir lala-dünya.
Şirinliyindən doymuruq,
Bələnibdi bala dünya…
 

Mən o xoşbəxtlərdənəm ki, B.Vətənoğlu yaradıcılığını əzbər bilirəm və mənə elə gəlir ki, mənimlə bərabər içimdə B.Vətənoğlu gəzir. B.Vətənoğlu, o xoşbəxtlərdəndir ki, istər gəncdən, istər orta yaşlı nəsildən və istərsə də yaşlı nəsildən şair haqda soruşanda onlar B.Vətənoğlunun ibrətlə kəlamları ilə cavab verirlər. Bundan xoşbəxt nə ola bilər. Hələ gəncliyindən üzü bəri dediyi şerlərin bəzi bəndləri Atalar sözü səviyyəsində yaddaşlara həkk olundu.

 
Qaratikan səpər dost arasına,
Yalançı, böhtançı, çuğula lənət.
Yüz fərsiz oğuldan bir qız yaxşıdı,
Başa qaxınc olan oğula lənət.
 

O zamanlar Kəlbəcərin xoşbəxt günləri idi. Kitab oxumaq mütaliə etmək rayonda böyük bir ziyalılıq sayılırdı. 6 özəl kitablar əldən-ələ, evdən evə gəzirdi. Bundan maraqlı isə Bəhmən Vətənoğlunun şeirləri dəftər vərəqlərində ürəkdən-ürəyə yol tapırdı. Gözəl şair Əli Qurban Dastançı bir ayın həsrətinə dözməyib Bəhmən Vətənoğlundan təzə şeri istədiyi kimi

 
Bəhmən, niyə gəlmir səsin-sorağın,
Niyə dillənmirsən, hanısan, Ayə?!.
Qəlbimə məlhəmdi hər bir varağın,
Könlümün soltanı, xanısan, Ayə?!.
 

Həqiqətən də şairin könüllər soltanı olan gözəl şerləri əllərə çatan kimi ürəklərdə özünə doğma yuva salırdı. Bir qısa müddətdə lirik qoşmalara köklənmiş şair elə həmin vərəqin arxasında cavab məktubunu təvazökarlıqla yazıb məktubu gətirən adama verərdi:

 
Heçlikdən varlığa dönübdü Bəhmən,
Səmadan torpağa yenibdi Bəhmən.
İnanma, desələr sönübdü Bəhmən,
Əbədi məşələm, yanıram, Ayə.
 
* * *

Və az keçməmiş bu deyişmələr məclislərin yaraşığına çevrilərdi aşıqların dilində.

Aşıqlar tez-tez sazın kökünü dəyişdiyi kimi, Bəhmən Vətənoğlu da öz ilham çeşməsini başqa kökə kökləyirdi. Və mənə elə gəlirdi ki, bunu şair öz oxucu pərəstişkarını yormamaq üçün belə edirmiş. Bir ara divanilərə dillər əzbəri olurdu.

 
Qafil insan, gəl oyadım, şirin xəyaldan səni,
Xilas edim tamah adlı bir qeyli-qaldan səni.
Var toplasan hərami tək dostun olar çoxları,
Varın əldən gedən kimi, qılınclar daldan səni.
 

Bəli bir müddət də şairin divanələri. Divaniyə köklənərdi, könül duyğuları bu səslə səslənərdi başqa bir zaman kəsiyində şirin gəraylılarla ürəklərə yol tapan şair üçün mövzu həmişə var idi.

 
Payız gəlsə, çiçək açmaz,
Yüz sulasan solan ömrü.
Kim təzədən cavan eylər,
Ahıl yaşa dolan ömrü?!.
 

Belə-belə ürəklərə yol tapan şair də cavanlığından müdrik bir şair görkəmi almışdı. Və şerin çətin cinasları-təsnifləri ilə öz məharətli nəfəsi ilə el obada gündən günə hörmətini qazanırdı.

 
Zahirdə üzümə dost deyə-deyə,
Yağı düşmən saldı məni nə qala.
Dərdimi göylərə bülənd eylədi.
Belə yüksək nə bürc olar, nə Qala.
 
* * *
 
Bu vətəndir, torpağından el əmən,
Mən elinəm, qurban olum elə mən.
Öz-özümə od ki tutdum elə mən,
Ocağıma nə kösöv qoy, nə qala.
 
* * *
 
Bəhmən, dərdi ürəyindən at Ayə.
Kədərini ilə qoyuma, at aya.
Fərsiz oğul göz dağıdır ataya,
Beyşüurdan nə qalıbdı, nə qala.
 
* * *

Yerin nura boyansın ay Bəhmən. Həqiqətən də, beyşurdan nə qalıb ki, nə də qala?!.

Bir dəfə kiçik bir xahişdən ötəri bir nəfər vəzifəli adamın yanına getmişdim və özümü xəcalət eyləyən bir cavab eşitdim, qapıdan çıxanda özümə təskinlik üçün dedim.

Allah sənə rəhmət eyləsin, ay Bəhmən Vətənoğlu. Gözəl demisən, belələri haqda.

 
Bəhmən, nalayiqə söyüş nə lazım,
Əlinə biz götür, qayış nə lazım.
Ulağın oğlundan xahiş nə lazım,
Atası nə qanıb, oğlu nə qana?!
 

Bəhmən Vətənoğlunun ömür gün yoldaşı Təzəgül xanım Bəhmənin əlyazma qalın dəftəri mənə verdi və dedi ki, özü kitabın adının da haradan gəldiyini yazıb.

Bəhmənin yazdıqlarından:

Formaca balaca məzmunca böyük olan bu kitabın adı belə olacaq:

«Allah eşqinə»

I fəsil: – «Allahdan böyük mütəfəkkir yoxdur».

II fəsil: – «Allahsız dünya»

Və bura əlavə olunacaq I fəsilə o balaca «Lüks» bloknotda yazdığım hikmətlər və əlavə olaraq yazır:

Əlbətdə buna inananlar da az olacaq,

Lakin kimsənin inanıb-inanmamasından asılı olmayaraq deyirəm:

Sanki mənə hardansa bir səs yumşaqca dedi: – Verdiyim ağıldan düzgün istifadə etməyənlər cəza çəkəcəklər. Həqiqətdə belədir, hər bir adam öz ağılının cəzasını müsbət və mənfi mənada çəkir.

Yenə qayıdaq Bəhmən Vətənoğlu yaradıcılığına səmimiyyətlə onu deyə bilərəm ki, yalnız yuxarıda Bəhmənin dediyi dəftərdəki o misraları yazanda kitab və dəftərdən istifadə etdim. Ona görə ki, istədim hər bir cümlə-misra təbii olsun. Axı onsuz da Bəhmən Vətənoğlu poeziyasını demək olar ki, əzbər bilirəm. Bir şerində yazır:

 
Həqiqət varlıqdan, vüsal diləkdən,
Ağıl-kamal başdan, qüvvət biləkdən.
Məhəbbət gözlərdən, arzu ürəkdən,
Şer dodaqlardan ayrı yaşamaz.
 

Bir dəfə dedim, ay xalaoğlu, sən ki, Allaha inanan bir adamsan, ana-babalarımız böyük bir seyid nəslidir. Hətta ulularımızın dediklərindən bizə gəlib çatıb ki, Molla Vəli Vidadi (Şıx Vəli) ana babalarımızdan biridir:

–Bəli, Ay Yusif həqiqətən Molla Vəli Vidadi bizim ana babamızdır, (Şıx Vəli). Amma kitabın adını ona görə «Allahsız dünya» qoydum ki, bəzi «İnsanlara ibrət olsun».

Axı:

 
İnsanlar Allahlıq edəndən bəri,
Fəlakət gözləyir bütün bəşəri.
 

El-oba itkisinə dözməyən şair zaman-zaman dərdini vərəqlərə tökürdü:

 
Dağ başında qartal idim,
Qanadımdan yaralandım.
Yollarımı duman aldı,
Qatarımdan aralandım.
 

Və ya:

 
Zəhmi nə ağırdı evdə təkliyin,
Sonu ağlamaqdı bu kövrəkliyin.
 

Digər şerində:

 
Məni Kəlbəcərə qaytar İlahi,
Onun dağlarından, düzündən öpüm.
Nərgizi, Laləni basım bağrıma,
Qaymaq çiçəyinin üzündən öpüm.
 

Bəli, Bəhmən Vətənoğlu yaradıcılığından aylarla, illərlə danışmaq nə yazmaq olar.

Çünki urvatlı şeir yazmaq, urvatlı ömür yaşamaq Bəhmən Vətənoğlu dünyasının gözəl məzuniyyətlərindən biridir. Mən elə bilirəm ki, Bəhmən Vətənoğlunun bu kitabı da ürəklərə yol tapıb könüllərdə yaşayacaq.

Ruhun şad olsun, Qəbrin nurla dolsun, ay Vətənoğlu.
Böyük hörmətlə Yusif Hüseyn.
Azərbaycan Yazıçılar birliyinin üzvü.
Şair-publisist.02.05.2014

ULU TANRININ ŞƏNİNƏ SƏHƏR DUASINDAN

 
Qəlbimdə özümsən, dilimdə sözüm,
Çiynimdə mələklər xeyir-şər yazır,
Mən hələ dünyaya gəlməzdən əvvəl,
Alnımın yazısı hazırdır, hazır!
 

BU UŞAQLARA

 
Etibar, etiqad olub sərsəri,
Ülfət də azalıb illərdən bəri
Ey bu məmləkətin müəllimləri,
Ülfət dərsi keçin bu uşaqlara.
 
* * *
 
Bilsin doğrusunu, bilsin düzünü,
Zamanın yolunda, görsün izini.
Dərindən tanısın özü özünü,
Millət dərsi keçin bu uşaqlara.
 
* * *
 
Vətən satanları tanımaq üçün,
Vətən alanları tanımaq üçün,
Düşmən olanları tanımaq üçün,
Nifrət dərsi keçin bu uşaqlara.
 
* * *
 
Bizə başa gəldi, məktəblər baha,
Yalan öyrətmələr bəs eylər daha.
Yerdə hökmüdara, göydə Allaha,
Hörmət dərsi keçin bu uşaqlara.
 
* * *
 
Elm ilə göylərə uçmasanızda,
Hanibal andını içməsənizdə,
Qeyri bir fənləri keçməsənizdə,
Qeyrət dərsi keçin bu uşaqlara.
 
1994

ONUN

 
Yüz il bundan sonra yanasıyam mən,
Sinəmdə sönməyən odu var onun.
Ona simsar olanlarda əzizdir,
Qohumu var onun, yadı var onun.
 
* * *
 
O zamandan aylar, illər ötüşüb,
Cavan idim saçlarıma dən düşüb,
Bircə dəfə baxışımız öpüşüb,
Hələ damağımda dadı var onun.
 
* * *
 
Bəhmənəm, satılmaz könlüm həmdəmi,
Sevmişəm ilqarı doğru sənəmi,
Çağırdım cərrahı, yardı sinəmi,
Gördülər köksümdə adı var onun.
 
* * *
 
Yadigar qoymasa hər gəlib-gedən,
Təbiət viranə bir bağa bənzər.
Dünya yol üstündə karvansaraya,
İnsan gəldi-gedər qonağa bənzər.
 
Kəlbəcər

GÖZƏLSƏN

 
Ayrılanlar bir də gəldi görüşdü,
Deyirəm ki, günlər nə tez ötüşdü.
Səni gördüm xəyalıma nə düşdü…,
Qarayanız bir qız idin əzəl sən.
Səni könlüm sevən gündən gözəlsən.
 
* * *
 
Özümüzə lalədən don biçirdik,
Durna gözlü bulaqlardan içirdik,
Körpəliyi o dağlarda keçirdik,
Qarayanız bir qız idin əzəl sən.
Səni könlüm sevən gündən gözəlsən.
 
* * *
 
Dəcəl idin, ürkək idin sən yaman,
Dalaşardıq, barışardıq hər zaman,
Ayrı gəzib dolanmazdıq bircə an,
Qarayanız bir qız idin əzəl sən.
Səni könlüm sevən gündən gözəlsən.
 

ELİMDƏDİ

 
Məni məcnun edən Leyli,
Elimdədi, elimdədi.
Əllərinin hərarəti,
Əlimdədi, əlimdədi.
 
* * *
 
Oğrun baxan ala gözlər,
Sinəm üstə qoydu közlər,
Şirin dildən çıxan sözlər,
Dilimdədi, dilimdədi.
 
* * *
 
Arı olmaz şandan ayrı,
Ürək vurmaz qandan ayrı,
Vətənoğlu ondan ayrı,
Zülümdədi, zülümdədi.
 

BU DAĞLARDA

 
Duyğum təmiz çeşmə kimi,
Durulmuşam bu dağlarda.
Yüz il gəzsəm demərəm ki,
Yorulmuşam bu dağlarda.
 
* * *
 
Oylağımdı bu dağ, dərə,
Axar-baxar, keçid, bərə.
Zirvələrdən zirvələrə,
Çox qonmuşam bu dağlarda.
 
* * *
 
Bu dağlar çəkib nazımı,
Şən görmüşəm hər yazımı,
Ellər dinlər avazımı,
Mən bir quşam bu dağlarda.
 
* * *
 
Könül sazı çala-çala,
Qərq olmuşam min xəyala,
Ceyranbaxış bir marala,
Vurulmuşam bu dağlarda.
 

İSTƏRƏM Kİ…

 
İstərəm ki, dağlar sənə,
Baharlı dağlar desinlər.
Vədəsində gül-çiçək aç,
İlqarlı dağlar desinlər,
Əzəməti göylər dəlsin,
Vüqarlı dağlar desinlər.
İstərəm ki, dağlar sənə,
Qoy qarlı dağlar desinlər.
Ana dağlar təki sənə,
Qanlı dağlar deməsinlər.
 

GÖZƏLLİK VƏ MƏHƏBBƏT

 
Gözəllik məhəbbət əkiz yaranıb,
Hər ikisi yoxsa səadət olmaz.
Barsız bağdır məhəbbətsiz GÖZƏLLİK.
Gözəllik olmasa məhəbbət olmaz.
 
* * *
 
Əzəli, əbədi ehtiyacımız,
İnsan üçün bir maraqdı GÖZƏLLİK.
Hər baxışda gözümüzə xoş gəlib,
Könlümüzü oxşamaqdı GÖZƏLLİK.
 
* * *
 
Mənası kitabdan-kitaba sığmaz,
Sanma ki, bir quru addı MƏHƏBBƏT.
Gözün gözəlliyə vurğunluğundan,
Ürəkdə yaranan oddu məhəbbət.
 

ƏYİLƏN KİMİ

 
Hər sözdə sən ara bir məna, bir sirr,
Sevgilim diqqət et deyilənlərə.
Əyilmək alçaqlıq əlamətidir,
Ellər nifrət edir əyilənlərə.
 
* * *
 
Mən də əyilirəm… sənə gözəlim…
Fəqət əyilmirəm deyilən kimi.
Mənsə əyilirəm, axşam günəşi…
Çiçəkli dağlara əyilən kimi.
 

DURUB BAXIR DƏRDLƏRİMƏ KƏNARDAN

 
Durub baxır dərdlərimə kənardan.
Bir zamanlar dərdi mənlə bölənim.
Arzusuna, istəyinə yetişib,
Daha ölmür həsrətimdən ölənim.
 
* * *
 
Aramızda nə xatadı nə qandı.
Ulu tanrı özün saxla amandı…
Təbəssümə ehtiyacım yamandı,
Gülümsəmir o üzümə gülənim,
 
* * *
 
Elə güldü gül üstümə töküldü,
Elə baxdı bağrım başı söküldü.
Bu çağımda mən ağladım o güldü,
O çağımda göz yaşımı silənim.
 

YADIMA DÜŞƏNDƏ

 
Gəncliyimin oynar, gülər çağında,
Qalmaz iman-din yadıma düşəndə.
O arzuya, o vüsala yetdiyim,
O günəşli gün yadıma düşəndə.
 
* * *
 
Unutmaram o ilqarı, o andı,
Çox da indi zaman ayrı zamandı.
«Sarı Bulaq» xəyalımda dolandı,
«Çənli Yurt»-da çən yadıma düşəndə.
 
* * *
 
Sellər, sular mənim kimi çağlamaz,
Səndən qeyri kəs yaramı bağlamaz.
Deyirlər ki, kişi olan ağlamaz,
Mən ağladım sən yadıma düşəndə.
 

BİLƏNDƏN SONRA

 
Nə pünhan yer axtar nə xəlvətə gəl,
El-oba dərdimi biləndən sonra.
Məcnun, Məcnun deyə düşüb arxamca,
Uşaqlar üstümə güləndən sonra.
 
* * *
 
Hicran toxumundan dərd əkəcəksən,
Hər zaman ağlayıb yaş tökəcəksən.
Hədər yada salıb ah çəkəcəksən,
Əzrayıl üstümə gələndən sonra.
 
* * *
 
Dönmür qeyri yana, dəyişmir halım,
Sənsən gecə-gündüz fikrim, xəyalım,
Vədəsində yan oduma maralım,
Ağlama Bəhməni öləndən sonra.
 

QADAĞAN EYLƏ

 
Səni gözəl yaradanda yaradan,
İcazə veribmi, nahaq qan eylə?
Sən allah gündə min qan eyləməyi,
Ala gözlərinə qadağan eylə.
 
* * *
 
Biz insanıq bir məhəl qoy sözünə,
İnsaf eylə qılınc çalma izimə,
Nə olar, bir dəfə xoş bax üzümə,
Mən yazığı gəda ikən xan eylə.
 
* * *
 
Kədər laylasında yatan ömrümə,
Dumanlar içində itən ömrümə…
Zülümlər etmisən ötən ömrümə,
Gələcək ömrümü firavan eylə.
 
* * *
 
Kamalım səndədir, kamalı şıx ver,
Bəzəksiz hüsnümə bir yaraşıq ver,
Öz günəş eşqindən zərrə işıq ver,
Bəhməni bəxtəvər bir insan eylə.
 

GƏLİBSƏN

 
Bu uzaq yolları a gözəl sonam,
Peşmanmı gəlibsən, şənmi gəlibsən?
Xaindən, xəbisdən keçib aralı,
Bədnəzər olandan genmi gəlibsən?
 
* * *
 
Dilim baş aparsa verim qadağa,
Sən gələn yollara canım sadağa.
Günəş zirvəsini yandıran dağa,
Dumanmı gəlibsən, çənmi gəlibsən.
 
* * *
 
Bəhmənəm, qurbanam özüm ellərə,
Mirvari sözləri düzüm ellərə,
A dünya gözəli bizim ellərə,
Allahmı göndərib, sənmi gəlibsən.
 

YAZ EYLƏR

 
Şəhla gözlərinə qurban olduğum,
Ürəyimi kaman eylər, saz eylər.
Məni cavanlığa bir də qaytarar,
Qış ömrümü bahar eylər, yaz eylər.
 
* * *
 
Sığal çəkib təbiətin öz əli,
Özü şirin sözü meyli, məzəli.
Ala gözlü Azərbaycan gözəli,
Yeriyəndə yerə-yurda naz eylər.
 
* * *
 
Bəhmən girib qəsdimizə o mələk,
Dönüb baxmaz tüstümüzə o mələk,
Sayə salmaz üstümüzə o mələk,
Heyif, bizə güzəranı az eylər.
 

A ZALIM

 
Məni görmək arzulama sən allah,
İllər salıb saçlarıma dən mənim.
Elim-günüm köç eyləyib arana,
Bürüyübdür dağlarımı çən mənim.
 
* * *
 
Vəfasızsan bir də məni arama,
Dilə tutub saçlarımı darama,
Gəl toxunma qaysaqlanmış yarama,
Qoy tək çəkim öz dərdimi mən mənim.
 
* * *
 
Ürəyimdən tellər keçdi a zalım,
Gözlərimdən sellər keçdi a zalım,
Aylar ötdü, illər keçdi a zalım,
Nə vaxt bildin qədrimi sən mənim.
 

DƏR MƏNƏ

 
İstər eşqin, istər dərdin bağından,
Fərqi yoxdur nə dərirsən dər mənə.
İslanmışın sudan olmaz qorxusu,
Diş qıcama ay qocaman nər mənə.
 
* * *
 
Adda verdin el içində hörmətdə,
Sanda verdin, şan da verdin, şöhrət də,
Pulda verdin, var da verdin, dövlət də,
Sən Hatəmsən nələr verdin gör mənə.
 
* * *
 
Mən Bəhmənəm sınıq könlüm hörmədin,
Ah-naləmi eşitmədin, görmədin,
Qadir allah sevdiyimi vermədin,
İndən belə nə verirsən ver mənə.
 

DOLANIM

 
Axşam-axşam cəh-cəh vurum bağında,
Bülbül olum güllərinə dolanım.
Səhər-səhər oyananda yuxudan,
Bir meh olum tellərinə dolanım.
 
* * *
 
Yarpaqlanıb ləçəklənən ömrünün,
Qönçələnib çiçəklənən ömrünün,
Gözəllənib göyçəklənən ömrünün,
Aylarına, illərinə dolanım.
 
* * *
 
Suvar edib səməndinə Bəhməni,
Keçiribdi nə fəndinə Bəhməni,
Yaman salıb kəməndinə Bəhməni,
Fitnəsinə, fellərinə dolanım.
 

ÖLDÜRÜR

 
Dindirməyin dərdim çoxdur hazarat,
Məni bir alagöz ceyran öldürür.
 
Aşıq Ələsgər

 
Bu vətən oğlunu o zalım qızı,
Qızıl-qızıl güllərinən öldürür.
Mehriban-mehriban baxışlarınan,
Şirin-şirin dillərinən öldürür.
 
* * *
 
Qönçə kimi gül dodağın üstündə,
Al yanağın, ay qabağın üstündə,
Ağ sinənin, tər buxağın üstündə,
Qıvrım-qıvrım tellərinən öldürür.
 
* * *
 
O gözləri şəhla, baxışı xumar,
Bəhməni odlara salıbdı aşkar,
Bir yolluq öldürüb qurtarsa nə var,
Aylarınan, illərinən öldürür.
 

ŞİRİNDİ

 
Mən xəstəyəm könlüm yaman arzular,
Nar xəstəyə dənə-dənə şirindi.
Əgər versə öz əliylə həkimim,
Könlüm istər dönə-dönə şirindi.
 
* * *
 
Yada düşdü yarın ala gözləri,
Alışdı sinəmdə eşqin közləri,
Sevdiyim sonanın acı sözləri,
Yada acısada, mənə şirindi.
 
* * *
 
Məcnun tək dolansam çölü-çəməni,
Qınamaz məhəbbət əhli Bəhməni,
Sonam üz döndərib tərk edib məni,
Nədənsə könlümə yenə şirindi.
 

GÖRÜNMƏZ DAHA

 
Vətənoğlu səndən elə uzaşdı,
Birdə gözlərinə görünməz daha.
Eşqin göylərində qanad çalır o,
Kölgə tək arxanca sürünməz daha.
 
* * *
 
Gəzməz vəfasızın sevgi dağında,
Yanmaz ilqarsızın eşq ocağında,
Fərhad qayasında, Kərəm dağında,
Dumana, çisginə bürünməz daha.
 
* * *
 
Axtarar bir qədir bilən tapınca,
Dərdi həmdərd ilə bölən tapınca,
Eşqinin yolunda ölən tapınca,
Dolanar dünyanı ərinməz daha.
 
* * *
 
Taleyi tufanla yarışsa qoşa,
Qıy vurar onunla, gələr baş-başa.
Elə ki, ilk oxu toxundu daşa,
Susar, nə danışmaz, nə dinməz daha.
 
* * *
 
Bir naşı əlləri gül üzdü səndən,
Onda ülfətini el üzdü səndən,
Bəhmən Vətənoğlu əl üzdü səndən,
Arxayın-arxayın dolan gəz daha.
 

NİYƏ GÖZƏL YARADIB

 
Nə insafın, nə mürvətin var sənin,
Allah səni niyə gözəl yaradıb.
Nə qəlbində məhəbbətin var sənin,
Allah səni niyə gözəl yaradıb.
 
* * *
 
Nə Leyli tək məni Məcnun sanırsan,
Nə Əsli tək Kərəm üçün yanırsan.
Nə yaxşını, nə yamanı qanırsan,
Allah səni niyə gözəl yaradıb.
 
* * *
 
Nə Bəhməni Nəsimi tək soyursan,
Nə qovursan, nə yaxına qoyursan,
Nə söhbəti, nə eyhamı duyursan,
Allah səni niyə gözəl yaradıb.
 

KÜLƏKLƏRƏ QARIŞDI

 
Bir arzuma, istəyimə yetmədim,
Diləklərim diləklərə qarışdı.
Çağırdığım eşitmədi səsimi,
Ahım, ünüm küləklərə qarışdı.
 
* * *
 
Gözəl dünya, məni gözəl aldatdı,
Dilə tutdu zəhər verdi bal daddı,
Heç bilmədim kim qohumdu, kim yaddı,
Başım elə kələklərə qarışdı.
 
* * *
 
Vətənoğlu bu talehlə barışma,
Barışsan da bacarmazsan yarışma,
Gəncliyimdə sevdiyimi soruşma,
Uçdu getdi mələklərə qarışdı.
 

Türler ve etiketler

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
18 ekim 2022
Hacim:
1 s. 3 illüstrasyon
ISBN:
978-9952-8032-8-2
Telif hakkı:
JekaPrint