Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Kərbəla dilbəri», sayfa 3

Yazı tipi:

7. Müəmmalı qonaq

Səlma əli ilə itə işarə edib, onu yanına çağırdı. İt dərhal qaçıb qızın yanına gəldi. Səlma cibindən bir xurma çıxarıb itə tərəf uzatdı. İt xurmanı qızın əlindən götürüb yedi. Qıza mehribanlaşdı, başını onun paltarına sürtməyə başladı. Səlma isə barmaqları ilə itin başını sığallamağa başladı. İt qıza daha da isnişib, quyruğunu bulamağa başladı. Lakin zəngin səsini eşidən kimi dik qalxdı. Quyruğunu dikəltdi, nəzərlərini monastırın qapısına dikdi. Sanki kimi isə görmək istəyirdi. Gələn adamın üstünə atılmağa hazır dayandı.

Monastır rəisinin də bayırda həddindən çox yubandığını hiss edən it bərkdən hürməyə başladı. Bu, həyətdə oturanları, xüsusilə də qocanı narahat etdi. İtin hürməsindən yuxudan diksinib oyanmış qoca ətrafa baxmağa başladı. İtin ondan çox uzaqda olduğunu görüb, “Şeybub!” – deyə qışqıraraq onu yanına çağırdı. İt dərhal qaçıb qocaya yaxınlaşdı və onun barmaqlarını və qollarını yalamağa başladı. Qoca isə bundan xoşhal olub dedi:

– Necəsən, dostum, mənim yeganə həmdəmim!?… Bu gələn qonaqla necəsən? Deyəsən, öz adətinə görə onu heç xoşlamırsan?

Amir qocanın dediklərini eşidəndə fikir verdi ki, o, təmiz ərəb dilində danışır. İtini isə ərəblərin cahiliyyət dövründə öz itlərinə verdikləri adlardan biri ilə çağırır. Öz-özünə dedi: ”Qoca, deyəsən, ərəbdir. Görəsən, o kimdir? Niyə bu hala düşüb?”

Rahibin gecikdiyini görüb onun ardınca gedən monastır rəisi qapıda Amirgilin paltarına bənzəyən libas geyinmiş bir kişi ilə qarşılaşdı. Lakin onun sifətinin alalıq xəstəliyindən dümağ olduğunu görüb özünü bir az itirdi. Lakin kişinin də Amirgildən olduğunu, nədənsə, onlardan geri qaldığını və yalnız indi gəlib çıxdığını zənn etdi. Kişini salamlayıb dedi:

– Buyur, içəri keç. Dostların artıq iki saatdır ki, gəliblər.

İçəri daxil olan kişi monastır rəisinə susmağı işarə etdi və onları heç kəsin görməməsi üçün rəisi qapının arxasına çəkib pıçıltı ilə dedi:

– Mənim buraya gəlməyimi heç kəsə, xüsusilə də mənim dostlarım olduğunu zənn etdiyin o üç nəfərə demə! Burada böyük bir sirr vardır, vaxtı gələndə özüm sənə danışacağam. İndi isə məni tez elə bir otağa apar ki, heç kim görməsin və mənim orada olmağımdan heç kəs xəbər tutmasın. Bax, səni xəbərdar etdim, özündən muğayat ol. Dediyim həmin məsələ mövlamız əmirəlmöminin xəlifə ilə bağlıdır.

Monastırın rəisi qorxub duruxdu, sonra dərhal dedi:

– Mən istədiyin kimi edərəm. Əgər istəyirsənsə, mən o üç qonağı bu saat monastırdan çıxarım?

– Yox, çıxarma! Qoy istədikləri qədər qalsınlar, amma gözdə-qulaqda ol, mənim buraya gəlməyim barədə onların yanında heç nə danışma!

– Baş üstə! – dedi və qonağı həmin dəhlizin qapısından çıxarıb rahiblərin müxtəlif işlərlə – dərzilik, dülgərlik, dəmirçilik və digər sənətlərlə məşğul olduqları otaqlara daxil etdi. Qonaq bu iş yerlərinə nəzər salan kimi özünü Kufənin bəzi bazarlarına düşdüyünü zənn etdi. Burada işləyənlərin libaslarına baxanda daha da təəccübləndi. Çünki İraqdakı sənətkar rahiblərin də eyni ilə bu cür paltarda olduqlarını görmüşdü. Onlar cod tükdən toxunmuş və ya pambıq parçadan hazırlanmış uzun rahib köynəklərinin üstündən ağ keçi dərisindən biçilmiş önlük taxmışdılar. Bu rahiblər gecə-gündüz bu paltarlarda olur və işləyirlər. Onların canı bu paltarlardan yalnız xaçpərəst dini ayinlərini yerinə yetirərkən azad olur7.

Monastırın rəisi qonağı kilsənin yanındakı xüsusi otağa gətirib çıxardı. Onu içəri ötürdü. Beynində isə ondan eşitdiklərini saf-çürük edirdi. Rəis bundan sonra daha monastırın həyətində tərk etdiyi qonaqların yanına qayıdıb onlarla birlikdə oturub söhbət etmək arzusunun olmadığını hiss etdi. Rahiblərdən birinə boş otaqlardan birini qonaqlar üçün hazırlamağı əmr etdi. Rahib qonaqları hazırlanmış otağa apardı və geri qayıtdı. Otaqda həsirdən başqa heç nə yox idi. Onlar qapını arxadan bağlayıb, yorulduqlarından dərhal həsirin üstünə çökdülər.

8. Mübahisə

Qonaqlardan ilk danışan Əbdürrəhman oldu. O, Amirə müraciətlə dedi:

– Mən deməmişdimmi ki, mənim ardımca gəlməyin. Sən bu diyara gəlməkdə səhv etmisən. Yenə də tək gəlsəydin, dərd yarı olardı. Sən isə üstəlik Səlmanı da özünlə gətirmisən. Bu da monastır rəisinin barəmizdə vurduğu eyhamlara gətirib çıxardı.

Amir sakitcə cavab verdi:

– Oğlum, dedim ki, səni qorumağı öhdəmə götürdüyümə görə arxanca buralara gəlmişəm. Axı, sən mənə oğul yerindəsən. Atan vəfat edəndə sənə qəyyum olmağımı vəsiyyət edib. Sənin belə bir təhlükəli işə başlamağını gördüm. Həm də o işi yad bir ölkədə, özü də təkbaşına görmək istədiyini biləndən sonra heç ola bilərdimi ki, ardınca gəlməyim?! Səlma isə sənə görə məndən daha çox həyəcan keçirir.

– Bəlkə Peyğəmbər aleyhis-səlamın ailəsinin intiqamını almaq və müsəlmanları bəladan xilas etmək kimi bir işi səfeh iş hesab edirsən?

Səlma sifətinə ciddilik və təmkin verib Əbdürrəhmanın sözünü kəsdi:

– Sənin həyata keçirmək üçün buraya gəldiyin iş çox müqəddəs işdir. O işi sən həyata keçirməsən, mən özüm yerinə yetirəcəyəm. Buna səndən çox mənim haqqım var. İnsanların rahatlığını təmin etmək məqsədilə öldürmək istədiyin o adam səndən çox mənə zülm edib. Onunla mənim aramda bir qan düşmənçiliyi vardır. Özün yaxşı bilirsən ki, onun atası mənim atamı qətlə yetirib. Özü də heç bir təqsiri olmadan öldürüb. O öz qəbiləsinin başçısı və ağsaqqalı Hucr Əl-Kindini qətlə yetirib. Nəyə görə öldürüb, təqsiri nə idi? Ona görə öldürüb ki, Hucr Peyğəmbər aleyhis-səlamın əmisi oğlu İmam Əlini lənətləməkdən qəti imtina edib. Bəli, bu Yəzid İmam Əlinin qətlinə görə olmasa da, Hucr ibn Adiyyin öldürülməsinə görə cəzasını almalıdır. Yəzid bu cinayətlərdən biri olmasa belə, o birisinə görə cəzalandırılmalıdır. Yəzid Allahın bəndələrinin işləri ilə məşğul olmayıb, vaxtını sərxoşluqda keçirdiyinə, it, meymun və pələnglərə təlim verdiyinə, əyyaşlıq etdiyinə, həftələrlə ovla məşğul olduğuna, vaxtını şeir deyib tənbur çalmaqla keçirdiyinə görə qətlə yetirilməlidir.8 Onu qətlə yetirmək özü şərəfli işdir. Lakin bu iş çox təhlükəli və çətin işdir. Sən buna müvəffəq ola bilməzsən, çünki sən adi bir adamsan. Yəzid isə xəlifədir, onu əyanları və mühafizəçiləri gecə-gündüz qoruyur. Sənə görə çox qorxuram. Eşitmişəm ki, lənətə gəlmiş Əbdürrəhman ibn Mülcəm İmam Əlini məscidin ortasında qətlə yetirməyə cəsarət etdi, amma ölümdən yaxa qurtara bilmədi. Sən niyə özünü belə bir təhlükəyə məruz qoyursan!?

Əbdürrəhman döşəmədə oturmuşdu. Səlmanın sözü bu yerə çatanda döşəmədən qalxdı, otaqda var-gəl etməyə başladı. Sir-sifətindən qıza çox diqqətlə qulaq asdığı hiss edilirdi. Səlma sözünü qurtaran kimi ona tərəf baxıb dedi:

– Səlma, dediklərinə diqqət yetir. Öz sözlərindən özün nəticə çıxar! Sən cavan bir qız ola-ola deyirsən ki, Yəzidi öldürmək özü şərəfli bir işdir. Bunu mən etməsəm, sən özün edəcəksən. Bəs mən necə bu işi həyata keçirməyə bilərəm!? Axı, bunu mənim bütün həyatım öhdəmə qoyub!

Səlma onun sözünü kəsdi:

– Heç vaxt “həyatım” demə! Qoy Allah özü səni şərdən qorusun. Bu iş məni əmim Amirlə birlikdə ardınca yola çıxıb, sənə çatmağa məcbur etmişdir. Sən Kufədən çıxanda Şam diyarının Dəməşq şəhərində Yəzidi qətlə yetirməyi qərara alıbsan. Bəs Yəzid kimdir? O, indi bütün müsəlmanların xəlifəsi deyilmi!? Hər bir işi açmaq və bağlamaq onun əlindədir. Onu əyanları və əsgərləri yaxşı qoruyurlar. Biz qorxduq ki, sən onun əlinə düşə bilərsən, ya da başına bir iş gələr, əlimiz sənə çatmaz. Onda biz neylərdik!? Ona görə də yanında olmaq arzusu ilə sənin arxanca gəldik ki, bəlkə sənə bir köməyimiz dəydi. Yəzidə gəlincə, mən o qətlə yetirilməyincə rahatlıq tapa bilmərəm. Əgər onun atası özündən sonra xəlifə seçməyi müsəlmanların şurasının ixtiyarına versəydi, bəlkə də biz belə bir cinayət törətmək niyyətindən xilas olardıq. Əgər o bunu etsəydi, sevimli rəhbərimiz, müsəlman gənclərinin başçısı İmam Hüseyn xəlifə seçilərdi, çünki buna onun hamıdan çox haqqı vardır. Lakin Müaviyə müsəlmanların arzusunun əksinə olaraq xəlifəliyi bu oğluna vəsiyyət etdi. Bu işdən necə imtina edə bilərik? Bundan əlavə, Müaviyə mənim atam Hucru vəhşicəsinə qətlə yetirmişdir. Sən Hucrun qətlinə görə qəzəblisən, çünki o sənin əmindir. Lakin o mənim atamdır, canımdır, qanımdır. Onu qətlə yetiriblər, mən heç onun üzünü də görməmişəm. Siz isə onun taleyini mənə lap bu yaxınlarda demisiniz. Mən lap kiçik yaşlarımdan səhrada bədəvilərin yanında böyümüşəm. Oynamaqdan, gülməkdən başqa bir işim olmayıb.9 O vaxtacan mən elə bilirdim ki, atam Kufədədir. Adamlar isə atamı yada salanda onun qorxmazlığından, əzəmətindən ağzıdolusu danışırdılar. Arzulayırdım ki, böyüyəndən sonra gedib onu görəcəyəm, onunla fəxr edəcəyəm. Lakin birdən mənə dedilər ki, o, qətlə yetirilib.

Birdən qızı hıçqırıq tutdu, sözünə ara verdi. Sonra üzünü Amirə tutub dedi:

– Əmi, sən indiyədək onun qətlə yetirilməsinin təfsilatını mənə danışmamısan. Yaddan çıxarmayıbsansa, vəd eləmişdin ki, bu təfsilatı onun qəbri üstündə mənə danışacaqsan? Bir dəfə mənə demişdin ki, o, haradasa, bu yerlərin yaxınlığında dəfn edilmişdir. Onun qəbrinin yerini bilirsənmi?

Amir dərindən nəfəs alıb dedi:

– Bəli, qızım, onun qəbrinin yerini bilirəm. Zənnimcə, bu monastırın rəisi də bilir. Eşitmədinizmi, həmin dəhşətli qətli hələ də unutmadığını bildirdi.

Səlma cavab verdi:

– Bəli, bunu eşitdim. Mən bir şeyi çox yaxşı dərk edirəm ki, bizim buraya gəlməkdə məqsədimizi bu iş başa çatanadək heç kəs bilməməlidir.

Əbdürrəhman hələ də otaqda var-gəl edirdi. Başındakı uqalı çıxarıb kufiyyəni çiyinlərinə salmışdı. Gözlərini Səlmanın üzünə dikmişdi. Qızın çılğınlığına təəccüblə baxırdı. Səlma sözünü bu yerə çatdıranda Əbdürrəhman dedi:

– Səlma, sən mənim əmim qızısan, həm də nişanlımsan. Sən mənim həyatımsan, canımsan, ciyərimsən! Allah canına dəyməsin, amma bil ki, bax, burada – Mərcul-Əzrada dəfn edilmiş atanın intiqamını almasam, mən yaşamağa layiq deyiləm. Əgər buna nail olsam, mən səninəm, sən də mənimsən. Bunu valideynlərimiz hələ sağlıqlarında əhd-peyman ediblər. Əgər buna müvəffəq ola bilməsəm, həyatımın məhvinə heç təəssüf etməyəcəyəm.

Səlma səsinin başqalarının eşitməməsi üçün və həm də abır-həyasını saxlayıb dedi:

– Sənin həyatın mənim üçün ən əziz həyatdır. Allah göstərməmiş, sənə bir şey olsa, mənim yaşamağımın nə faydası ola bilər?! Gəlib burada sənə çatdığıma görə məni niyə qınayırsan? Əmimiz Amir isə bizə ata yerindədir. Bizdən ötrü bu dünyada çox şeydən əlini üzüb, çətinliklərdə bizə dayaq olubdur.

Amir isə qarşılarına qoyduqları işin təhlükəli olduğunu yaxşı qiymətləndirsə də, Səlmanın sözlərini və hərəkətlərini diqqətlə izləyirdi. O, gah Səlmaya, gah da Əbdürrəhmana baxır, Allahın bu iki gəncə bəxş etdiyi ruh yüksəkliyinə təəccüb edirdi.

9. Məqsəd aydınlaşır

Söhbətin gedişindən aydın oldu ki, Səlma buralarda – Mərcul-Əzrada qətlə yetirilmiş Hucr ibn Adiyyin qızıdır, Əbdürrəhman isə onun əmisi oğludur, həm də nişanlısıdır. Amir isə onların qəyyumudur. Əsas təfsilat isə bundan ibarətdir ki, Səlma Kufədə atasının qətlindən səkkiz il əvvəl anadan olmuşdur. Atası qızını əmizdirib böyütmək üçün o vaxtlar səhrada yaşayan Amirin arvadının öhdəsinə vermişdi. O dövrdə oturaq həyat keçirən ərəblər arasında belə bir adət var idi: kimin övladı doğulsaydı, onu böyüdüb ərsəyə çatdırmaq üçün səhrada yaşayan qadınlardan birinə verirdilər. Çünki səhrada hava təmiz, həyat tərzi sakit idi. Buna görə də onların övladları səhrada təmiz ruhda böyüyür və qüvvətli olurdular. Səlma səkkiz il Amirin himayəsində olmuş və atasını görməmişdir. Atası hicrətin 51-ci ilində bir dəstə adamla birlikdə Mərcul-Əzraya aparılanda anası çoxdan vəfat etmişdi. Atası isə son anlarda Amirə Səlmanı öz qızı kimi qəbul edib böyütməyi və yalnız Müaviyə ibn Əbu-Sufyan öldükdən sonra Əbdürrəhmana ərə verməyi tapşırmışdı. Səlma o vaxtdan əmisinin himayəsində qalıb böyümüşdü.

Amir hələ lap cavanlığında Şam diyarına tez-tez ticarət etməyə gedirdi. Bənu-Kində qəbiləsi hələ də xaçpərəst olduğuna görə Amir hər dəfə Dəməşqə gələndə bir müddət burada qalıb monastırlara və kilsələrə gedir, oradakı elm əhli ilə oturub dururdu. Onlar Amirə Bizansın, ona tabe olan Şam diyarının və digər yerlərin tarixindən maraqlı əhvalatlar danışırdılar. Onun yaxşı hafizəsi olduğuna görə eşitdiklərini dərk edib yadında saxlayırdı. Buna görə də tarixdən yaxşı məlumatı var idi. Amir mehrini Səlmaya salmışdı. Qızın keçmiş dövrlərdə baş vermiş hadisələrə maraq göstərdiyini görüb farslar, bizanslılar və başqa xalqlar haqqında bildiklərindən ona da danışırdı.

Qız tez-tez əmisindən atası barədə soruşurdu. Amir onun qətlini qızdan gizlin saxlayırdı. İki il bundan əvvəl təsadüfən kimsə bu sirri qıza açmışdı və Səlma əmisindən məsələni ona aydınlaşdırmağı xahiş etdi. Amir çarəsiz qalıb hər şeyi qıza danışdı. Qız həyəcanlandı, nifrəti daha da artdı, atasının intiqamını almağı qərara aldı.

Əbdürrəhman Səlmanın əmisi oğlu idi. İkisi də birlikdə səhrada böyümüşdü. Qız hələ beşikdə ikən əmisi oğluna “göbəkkəsdi” edilmişdi. Uşaqkən bir yerdə böyümüşdülər. Bir-birinin üstünə qum atardılar, təpələrdə keçilər və cüyürlər dalınca qaçardılar. Əbdürrəhmanın da atası erkən vəfat etmişdi, onu da lap uşaq vaxtından Amir himayəsinə götürmüşdü. Böyüyəndən sonra əmisi Hucrun qətlini və adamların əmisi barədə ehtiramla danışıqlarını eşitmiş və onun intiqamını almağı qərara almışdı. O da Bənu-Kində qəbiləsinin əhlül-beytin tərəfdarları olan digər üzvləri kimi Müaviyənin xəlifəlik etməyə haqqı olmadığına qəti əmin idi. Beləcə Əbdürrəhman və əmisi qızı Səlma Əməvilərə nifrət və əhlül-beytə məhəbbət ruhunda böyüyürdülər. Müaviyə hələ sağ idi. Adamlar onun ölümünü və İmam Hüseynə beyət edəcəkləri günü gözləyirdilər. Əbdürrəhman ürəyindəkiləri səbrlə qoruyub saxlayırdı. Bir dəfə Əbdürrəhman və Amir Hicaza getməli oldular. Səlma da onlarla idi. Mədinə şəhərində bir müddət İmam Hüseynin mənzilində qalıb münasib vaxtın gəlməyini gözləməli oldular.

Onlar Müaviyənin ölümündən bir az əvvəl Kufəyə qayıtmalı oldular. Kufəyə çatanda artıq Müaviyə ölmüşdü. Yəzidin xəlifə olmasına beyət edilməsi xəbəri onlara elə orada çatdı. Bu, Əbdürrəhmana pis təsir etdi. And içdi ki, Yəzid öldürülməyincə toy etməyəcəkdir. Onun bu qərarına Səlma da razı oldu, Amir isə etiraz etmədi. Lakin Əbdürrəhmanın bu işin yerinə yetirilməsinə belə tezliklə başlayacağını Amir heç ağlına da gətirmirdi.

Günlərin birində Əbdürrəhman Səlma və Amirə andını yerinə yetirmək üçün Dəməşqə tələsdiyini bildirdi. Ondan işi bir az təxirə salmağı rica etdilər, amma Əbdürrəhman razı olmadı. Nəhayət, onlarla vidalaşıb Dəməşqə yol aldı. Onun səfərə çıxdığı gün axşamçağı qız lap həyəcanlanmağa başladı. Amirlə birgə xurma satmaq adı ilə yola çıxıb ona çatanadək Səlmanın ürəyi sakit olmadı. Səlma və Amir Qutəyə bir az qalmış bir karvanla gedən Əbdürrəhmana çatdılar. Bu, Əbdürrəhmanın xoşuna gəlmədi və nahaq yerə onun ardınca gəldiklərini bildirdi. Lakin onların geri qayıtması üçün heç bir şey fikirləşib tapa bilmədi və üçü də birlikdə gəlib bu monastıra çıxdılar.

Onların arasında gedən söhbətdən sonra Səlma dilləndi:

– Biz gərək bu işi ağılla həyata keçirək. Yəzidi öz adamları və əsgərləri arasında qətlə yetirmək ağılsızlıq olardı. Bu, heç mümkün olan iş deyildir. Bu işi yerinə yetirmək üçün heç bir az dərindən fikirləşibsənmi?

Səlmanın bu sözləri Əbdürrəhmanı öz fikirindən ayırdı. Döşəməyə oturub, başındakı kufiyyəni düzəltdi və dedi:

– Sən ağıllı sözlər deyirsən, amma məni də bu dərəcədə ağılsız hesab etmə. Mən bu işdə ağılsızlığa yol vermərəm. Lakin indi başımdakı fikri sizə bildirəcəyəm. Məncə, siz də onunla razılaşacaqsınız.

Amir dərhal soruşdu:

– De, görək, o nə fikirdir?

– Yəzid ovu çox sevir, bir həftədən sonra ova çıxacaqdır. O, adətən, böyük bir haşiyə ilə, yəni süvarilərlə və piyadalarla ova çıxır. Zənnimcə, hökmən ov quşları və cüyürlərlə zəngin olan bu Qutəyə gələcəkdir. Bildiyimə görə bu yaxınlıqda “Cərud” adlı bir kənd vardır10. Onun ətrafında vəhşi qulanlar olur. Yəzid bu heyvanları ovlamağı çox xoşlayır. Xəlifənin başı ova qarışanda mən bir yerdə gizlənib onun tək qalmağını gözləyərəm və qəfildən oxla vurub, xəncərlə axırına çıxaram. Onun fürsət tapıb mənimlə çarpışması məni maraqlandırmır, mən ondan qorxmuram. Əgər buna ilk dəfədən nail ola bilməsəm, ikinci dəfə, üçüncü dəfə cəhd edəcəyəm. Adamları, islamı onun şər işlərindən xilas edəcəyəm.

Səlma onun bu sözlərini eşidib gülümsündü, onun bu tədbirindən gözləri parladı, bir azdan sonra dedi:

– Yaxşı fikirdir. Lakin biz onun ova çıxma mərasimini izləməliyik.

Amir tez dilləndi:

– Bunu mənim boynuma qoyun. Sabah səhər tezdən gətirdiyimiz malları Dəməşq bazarına çıxararam və ov barədə dəqiq xəbər gətirərəm.

Səlma dərhal dedi:

– Tədbir Allahdandır. Lakin, əmi, xahiş edirəm, məni atamın qəbri olan yerə apar, onun qəbrinin torpağını gözlərimə sürtmək istəyirəm, həm də onun necə qətlə yetirildiyinin təfsilatını bilmək istəyirəm.

– Qızım, o qəbir bu monastırın yaxınlığında, böyük bir qoz ağacının altındadır, buradan baxanda ağac görünür. Lakin biz oraya yalnız gecə gedə bilərik. Çünki bizi monastırın rəisi və ya həmin yeri tanıyan başqa bir adam görə bilər və məqsədimizin üstü açıla bilər.

Onlar günün qalan hissəsini yol yorğunluğundan azad olmaq üçün dincəldilər, gecə Hucrun qəbrini ziyarət etməyə hazırlaşdılar.

10. Monastırdan çıxmaq üçün bəhanə

Qonaqlar Günəş qüruba enəndə monastırın damına qalxdılar. Özlərini elə aparırdılar ki, guya Qutənin gecə mənzərəsinə tamaşa edirlər. Damın bir küncündə təkbaşına oturub dua edən monastır rəisi onları gördü. Lakin onlar ona fikir verməyib söhbət etməyə başladılar. Monastırın rəisi duasını başa çatdırıb yerindən qalxdı və onlara yaxınlaşdı. Ay tamamilə bədirlənmişdi. Qaranlıq çökürdü. Ay üfüqdən boylanıb sanki Günəşə tərəf baxıb onunla vidalaşmaq istəyirdi. Günəş isə ona əhəmiyyət vermir, öz yoluna davam edirdi. Sanki Aya deyirdi: ”Mənimlə görüşmək istəyirsənsə, ardımca gəl!” Ay isə Günəşin işığına ehtiyacı olduğunu bilir, onun ardınca gedir, onun şüalarından hörük toxuyub Qutənin hər yerində –meyvə ağaclarının altında çağlayan su arxlarında və göllərin suyunda əks etdirib çıraq kimi işıq saçdırmaq istəyirdi. Heç bir saat da keçmədi ki, bədirlənmiş Ay üfüqdən qalxıb bu barlı-bəhərli bağları işıqlandırdı. Vadi müxtəlif rəngləri əks etdirən bir dənizə çevrildi. Dalğaların pıçıltısı, yarpaqların xışıltısı, suyun şırıltısı və yuvalarına tələsən dəstə-dəstə quşların civiltisi özü böyük yaradana bir minnətdarlıq idi.

Amirin başı monastırın rəisi ilə söhbətə qarışmışdı. Səlma və Əbdürrəhman isə kənarda dayanıb bu gözəl mənzərəni seyr edirdilər. Səlma hələ də sevgilisi Əbdürrəhmanın üzləşə biləcəyi təhlükəyə görə həyəcan keçirirdi. Bununla belə, qız özünü qarşısındakı böyük ağaclara, arxlardakı sulara və bərq vuran işıq şüalarına diqqətlə tamaşa edən kimi göstərirdi. Quşların cəh-cəhi, tövlədəki heyvanların səsi – keçilərin mələşməsi, öküzlərin böyürtüsü və dəvələrin nəriltisi təbiətin bu gözəlliyinə xələl gətirmirdi. Lakin bütün bunlar Səlmanı atasının qətli və Amirin həmin gecə baş verənlər barədə edəcəyi söhbətdən, alacağı məlumatlar barəsində fikirlərdən ayıra bilmirdi.

Əbdürrəhman isə Yəzidi öldürmək üçün fikirləşdiyi tədbir barədə düşünürdü. O, nə Qutənin özünə, nə də onun gözəl mənzərəsinə əhəmiyyət vermirdi. Birdən üzünü çevirib Səlmaya baxmağa başladı. Qız hələ də Qutəyə tamaşa edirdi. Ayın işığı onların ikisinin də üzünü işıqlandırırdı. Onlar sanki görüşə gəlmiş iki Ay idi. Əbdürrəhmanın qəlbində sevgisi cuşə gəldi. Əmisi qızının əxlaqi keyfiyyətləri onu heyran etmişdi. Birdən-birə şairlərin bədirlənmiş Ayın cazibədarlığından vəcdə gəlmələri yadına düşdü. Öz-özünə dedi: “Çöhrəsindən həyat nuru saçan bu danışan mələyin gözəlliyini o lal dairənin gözəlliyi ilə müqayisə etmək olarmı!?” Şairin dediyi bu sözlər onun vəziyyətini çox düzgün əks etdirirdi: “Mənim bədirlənmiş Ayım ondan gözəldir, fərq isə sabahın ilk şəfəqləri kimi aydındır.”

Amir isə monastırın rəisi ilə Hucr Əl-Kindi və bu gecə onun qəbrini ziyarət etmək istəyi ilə heç bir əlaqəsi olmayan müxtəlif işlər barədə söhbət edirdi. Gözləri isə həmin qəbrin yanındakı hündür qoz ağacını axtarırdı. Monastırın rəisi isə onun gözləri ilə nəyi axtardığını yaxşı bildiyini büruzə vermirdi. Hətta gözləri ilə nəhəng və qollu-budaqlı həmin ağacı tapanda belə özünü o yerə qoymadı. Amir dərindən köksünü ötürüb həmin ağacın yanına gedən yola həsrətlə baxmağa başladı. Sonra dilləndi:

– O böyük yaradanın qüdrətinə bax. Bu aylı gecə necə də gözəldir, bu cazibəli mənzərə necə də lətafətlidir.

Monastırın rəisi onun sözlərinə qüvvət verdi:

– Bu onu bir daha sübut edir ki, o böyük yaradan nəyə qadirdir. Mən hər dəfə bu yerdə dayananda fani dünyada insanın ehtiyacı olduğu sevinc və fərəh bəxş etmiş Allah Təalanın qüdrətinə səcdə edirəm.

Amir cavab verdi:

– Allahın böyük cəlalı vardır. Onun yaratdığı məxluqat necə də gözəldir. İraqda da çoxlu barlı-bəhərli bağlar vardır. Ağaclarının əksəriyyəti xurma ağaclarıdır. Bu Qutə vadisindəki meyvə ağacları yalnız Şam diyarında bitir. Ürəyimdən bu gecə buradan çıxıb gülləri qoxulamaq və ağacların arasında gəzmək keçir. Buna bir şey mane olmaz ki?

– Xeyr, sizə heç kim mane ola bilməz. Mən bu mənzərəyə buradan tamaşa etməyə daha çox üstünlük verirəm. Xüsusilə aylı gecələrdə buradan yaxşı mənzərə yaranır.

– Düz deyirsiniz. Lakin qızım buradan çıxıb bağlarda bir az gəzmək istəyir. Söz vermişəm, onu müşayiət edəcəyəm, bir az gəzib qayıdacağıq.

– Buradan çıxmağına heç kim mane ola bilməz. İstəyirsənsə, rahiblərdən birini göndərim sizə bələdçilik etsin, lazım gəlsə, xidmət də etsin.

– Mən yolu yaxşı tanıyıram. Müşayiətçiyə ehtiyacımız yoxdur.

– Necə istəyirsiniz, eləcə də edin.

7.“Britaniya ensiklopediyası”. Müəllif.
8.Əl-Məsudi “Murucuz-zəhəb”, 2-ci hissə; İbn Əl-Əsir “Əl-Kamil fit-tarix”, 3-cü hissə; İbn Təbatəba “Əl-Fəxri fil-adabis-sultaniyyə val-duvalil-islamiyyə”; Əd-Dəmiri “Həyatul-həyəvan əl-kubra”. Müəllif.
9.Həmin dövrdə oturaq həyat keçirən ərəblər öz uşaqlarını hələ lap körpə ikən səhrada yaşayan bədəvilərə tapşırırdılar. Uşaqlar uzun müddət bədəvi ailələrində böyüyüb tərbiyə alırdılar. Tərcüməçi.
10.Əd-Dəmiri “Həyatul-həyəvan əl-kubra”, 1-ci hissə. Müəllif.