Kitabı oku: «Metro-2033», sayfa 5
Xüsusilə, əgər yolda təkbaşına gedirdilərsə, əminliklə demək olar ki, yoxa çıxmaqları an məsələsiydi. Lakin on nəfərdən artıq üzvü olan qrup ordan sağ-salamat çıxa bilirdi. Sonra da ordan gələnlər həmin stansiyanın yanından keçdikləri üçün elə bilirdilər, stansiya çox sakit, rahat stansiyadır, orda baş verən hadisələri görmədən əvvəl…
Stansiyada bircə canlı da yoxdur, nə bir xışıltı, nə bir heyvan. Ertəsi gün yenə bir nəfər, oranın nə qədər xoş, təmiz olduğunu eşidən kimi, batil inanclarını kənara buraxıb tunelə girir və bir saniyə içində yoxa çıxır. Sanki yer parçalanır, bu adam da içinə girir. Elə bil, əvvəldən olmayıb.
– Cadugər haqqında danışacaqdın!
– İndi o məsələyə gəlirəm, gözlə. Beləliklə, insanlar tunelə girməyə cəsarət edə bilmirdilər. “Suxarevskaya” stansiyasından hansısa yoldaşı tapıb birlikdə tuneli keçmək istəyirlər. Lakin bazarın işləmədiyi günlərdə, çox az insan olur. Birlikdə gedə biləcəyin bir neçə nəfər tapa bilmək üçün günlərlə, hətta həftələrlə oturub gözləmək lazımdır. Çünki nə qədər çox insan olsa, bir o qədər təhlükəsizlik baxımından yaxşıdır. Lyoxa, bəzən çox maraqlı şəxslərlə qarşılaşdığını deyirdi. Təbii ki, axmaq adamlar da ola bilər, insanları tanımaqda usta olmalısan. Amma bəzən də bəxtin də gətirməlidir və nəticədə bəzi şeylər eşitməyə başlayırsan…
Nə isə… Lyoxa orada bir cadugərə rast gəlmişdi. Yox əsla, sən düşündüyün kimi deyil, çıraqdan çıxmış keçəl deyil!
– Sehirli çırağın içində cin oturur, cadugər yox, – Artyom onun sözlərinə düzəliş etdi.
Jenya xəbərdarlığa diqqət etmədən davam etdi:
– O sirlər dünyasının elm adamıdır. Ömrünün yarısını alman ədəbiyyatını təhlil etməklə keçirmişdi. Lyoxa onun Kasaneda, ya da buna bənzər bir şey olduğunu deyir. Hər nəsə, deməli, bu tip düşüncələri oxuya, gələcəyi görə bilir. Hətta ruhları görə bildiyini deyir. Bir düşün, metronun içində yanında silahı olmadan gəzə bilir. Sadəcə qidaları soymaq üçün bir dəmirlə plastik dəyənək daşıyır. İndi əsl can alıcı nöqtə gəlir: dediyinə görə, bu göbələkləri başqa cür bişirənlər tamam başqa dünyaya düşürmüş.
– Sənin cadugərin sadəcə narkomandır! Yadıma gəlir, Saşa əmi də belə bir əhvalat danışmışdı. Deməli, hansısa stansiyada, adını unutdum, bəlkə də “Suxaervskaya”da olub. Ona bir qoca yaxınlaşıb deyib ki, guya o ekstrasensdir. O deyirdi ki, guya şər ekstrasenslərin başçısı yadplanetlilərlə birlikdə dünyanı zülmətə məhkum edib, özü də metronun ən dərin yerində oturur. Birdən başlayıb ulamağa ki, mənə hücum edirlər, mən də ulamaqla mübarizə aparıram. Sən gülürsən indi, amma atalığım onda bilmirmiş nə etsin. Zarafat deyil, kimsəsiz bir yerdə belə başıxarabla tək qalmışdı.
– Bəsdi, əş-şi… Ola bilər ki, boş şeydir, amma uzaq stansiyalarda hər şeydən uzaq olmalısan. Cadugər Lyoxaya deyirdi ki, əgər insan əşyaları hansısa şəkildə idarə edə bilirsə, o zaman, həqiqətən, dünyandakı hadisələri də idarə edib istədiyi kimi istiqamətləndirə bilər. Nəticə etibarilə, cadugər Lyoxanın ertəsi gün tuneldən keçməməsini məsləhət görmüşdü. Lyoxanın da əslində, niyyəti də elə bu idi. Cadugərin sözlərinə qulaq asıb getmədi. Bu cəhətdən çox şanslıydı!
Çünki eyni gün yolunu itirən bir çox insan “Suxarevskaya” ilə “Sülh Prospekti” arasındakı tuneldə oraları gəzən bir qrup insana hücum etmişdi. Halbuki çoxları bu tunelin təhlükəsiz olduğunu demişdi. Alverçilərin yarısı öldürüldü, geri qalanlar çətinliklə xilas edildilər. İndi baş verən bu qəribə hadisələrə nə deyəcəksən?
Artyom bir müddət fikrə getdi:
– Kim bilir?! Hər şey ola bilər. Saşa əmi mənə buradan çox uzaqlardakı stansiyada insanların vəhşiləşərək təkrar əvvəlki qorxunc varlıqlara döndüklərini danışmışdı.
İnsanların ağıllı varlıqlar olduğu orada artq yavaş-yavaş unudulur, bizim məntiqlə izah edə bilməyəcəyimiz qəribə şeylər olur. Hərçənd, Saşa bunların nə olduğunu tam demədi. Mənə də danışmayıb bu haqda, təsadüfən eşitdim.
– Bax, mən də eyni şeyi deyirəm! Burdakılar bəzən, normal bir insanın həyatda inana bilməyəcəyi mövzulardan danışırdılar. Lyoxa da mənə ən son görüşəndə bir hekayə danışdı. İstəyirsən sənin üçün danışım? Belə qorxulu, qeyri-adi hekayə heç ögey atandan da eşitməmisən, buna əminəm! Lyoxa, “Serpuxovskaya” xəttindəki bir alverçidən eşitmişdi, onu bazarda hamıya danışırdı… Ruhlara inanırsan?
Artyom özünü gülməkdən zorla saxladı:
– Səninlə hər söhbətimdən sonra özümdən ruhlara inanıb-inanmadığımı soruşuram. Lakin tək qaldığım, normal insanlarla danışdığım vaxtlarda yenə unuduram.
– Həqiqətən, ciddi deyirsən?
– Hm-m… Əlbəttə, bir neçə şey oxumuşam bu haqda, Saşa da bəzi şeylər danışıb. Amma düzünü demək lazımdırsa, bu hekayələrə inanmıram. Səni də heç cür başa düşə bilmirəm, Jenya. Burada onsuz da qaralarla davamlı stress içindəyik, belə qorxunc, qeyri-adi hadisə bəlkə də heç metro stansiyasında baş verməyib. Mərkəzi stansiyalarda analar övladlarına yaşadıqlarımız haqqında nağıllar danışır, sonra da qarşılarına keçib soruşurlar: Bu nağıllara inanırsan, inanmırsan? Amma bu sənə bəs etmir. Belə çıxır ki, sən qorxu nədir bilmirsən?
– Bircə bunu de görüm, sadəcə gördüyün, hiss etdiyin şeylərlə maraqlanırsan? Dünyanın sadəcə bunlarla məhdud olduğuna, həqiqətən, inanmırsan, elə deyilmi? Məsələn, köstəbək heç nə görə bilmir, anadangəlmə kordur. Lakin köstəbək görmürsə, bütün bu şeylər yoxdur deyə bilməzsən. Sən də eynilə beləsən.
– Yaxşı… Bəs hekayə danışmaq istəyirdin? “Serpuxovskaya” xəttindəki alverçidən bəhs edəcəkdin.
– Alverçi haqqında? Hə, bu dəqiqə! Bir gün Lyoxa bazarda qəribə bir adamla rastlaşır. Əslində ”Serpuxovskaya” stansiyasından deyil, “Hanza” İttifaqından olan vətəndaşdır, “Dobrinskaya”da yaşayır. Amma oradan “Serpuxovskayaya” gedən keçid var. Ögey atan sənə bunlar haqqında danışıbmı, bilmirəm.
Ətraf stansiyaların yan tərəfində qalan xətt bütünlüklə tərk edilib, daha doğrusu sadəcə “Tulskaya” stansiyasından etibarən başlayan bölgə. Səhv etmirəmsə, hələ də “Hanza”nın silahlı patrulları qoruyur oranı, təhlükəsizliyini təmin edirlər, irəli sürdükləri iddia isə budur: Xətdə heç kim yaşamadığıyçün orada nə kimi şeylərin ortaya çıxacağını əsla kimsə bilmir. Yəni bir növ neytral zona yaradılıb. Lakin burdan o tərəfə “Tulskaya”ya qədər heç kim getmir. Bu da o deməkdir ki, orada heç nə yoxdur. Stansiyaların hamısı tamamilə boşaldılıb, infrastruktur məhv edilib. Ölü zona – nə heyvanlar, nə qorxunc varlıqlar, hətta nə də siçanlar var. Lakin alverçinin bir dostu vardı, “Tulskaya”nın o biri tərəfinə bir dəfə keçməyə cəsarət etmişdi. Orada nə işi vardı, bilmirəm. Lakin “Serpuxovskaya” xəttində bəzi şeylərin qaydasında olmadığını danışmışdı. Orda hansı hadisələrin baş verdiyini heç kim xəyal edə bilməzmiş. “Hanza”lıların belə bu xətti işğal üçün cəhd etməmələrinə təəccüblənmək lazım deyil, məzarlar və ya donuz axırlarına sahib olmaq üçün belə…
Jenya susdu. Artyomun həyəcanlı davranışını kənara buraxıb ofsunlanmış kimi özünü dinlədiyini hiss etmişdi. Qələbə duyğusuyla, bir az da rahatlanmış kimi yerinə oturdu:
– Lakin bütün bu baş verənlər səni artıq maraqlandırmır. Hamısı qadın-qız söhbətləri kimidir. Yenə çay istəyirsən?
– Çayın başını burax, “hanza”lıların o bölgəni nə üçün işğal etmək istəmədiklərini izah et. Bu həqiqətən, gülməlidir. Saşa “hanza”lıların son vaxtlarda əhalinin artımıyla bağlı böyük narahatlıqlar yaşadıqlarını demişdi. Bu imkanı necə qaçırmaq olar? Həqiqətdən onlardan gözlənilməyəcək şeydir.
– Bax, belə! Demək, bu mövzu axırda səni də maraqlandırdı! Yəni, demək istəyirəm ki, bu gəzəyənlər çox uzaqlara gediblər. Dediklərinə görə, orada bir Tanrı quluna rast gəlmədən elə sonsuza qədər getmək mümkündür. “Suxarevskaya” stansiyasının arxasındakı tuneldə olduğu kimi, burada da heç nə və heç kim yoxdur.
Təsəvvür et ki, siçanlar da yoxdur! Sadəcə su damcılayır. Tərk edilmiş stansiyalar eləcə yerindəcə dayanıb, sanki daha əvvəllər burda heç yaşayış olmamış kimi zil qaranlıq. Səni daim təhdid edən təhlükəni hiss edirsən. Çox qorxulu, ürəksıxıcı vəziyyətdir. Sürətlə hərəkət edərək yarım gün ərzində ən az dörd stansiyanı geridə buraxmışdılar. Belə qəribə şəraitdə təkbaşına getməyə qərar vermək üçün insan olduqca cəsarətli olmalıdır!
Hər nə isə…
“Kaxovskaya” xəttindən18 keçidin olduğu “Sevastopolskaya” stansiyasına qədər gəlmişdi. “Kaxovskaya”nı sən də yaxşı tanıyırsan, sadəcə üç stansiya uzaqda yerləşir. “Sevastopolskaya” stansiyasında gecələmək istədi. Yol boyunca davam edən gərginliyi onu yorubmuş, güc-bəlayla ətrafdakı əşyaları yığıb yandırıb ki, ətrafda qorxulu nəsə olmasın. Sonra yuxu adyalının içinə girib yatıb. Və gecə…
Söhbətinin bu hissəsində Jenya qalxıb gərnəşdi və sadist gülümsəməylə:
– Amma bilirsən, əvvəlcə bir fincan çaya ehtiyacım var, – dedi. Artyomun cavab verməsini gözləmədən əlində çaydanla çölə çıxdı.
Artyom, təbii ki, bu boş söhbətləri dinləməkdən yorulmuşdu. Lakin gözləyirdi ki, hekayəni sonuna qədər danışsın. Birdən Hanter və onun tapşırığı yadına düşdü. Daha doğrusu verdiyi əmrlər.
Jenya qayıdanda Artyoma metal qutunun içindəki kəsik kristaldan – əvvəllər vaqonlarda istifadə olunan – bir fincana təzə dəmlənmiş çayı doldurdu, sonra təkrar yerinə qoyaraq söhbətinə davam etdi:
– Bəli, yatmaq üçün ocağın yanına uzanmışdı. Sanki qulaqlarına pambıq tıxamış kimi ətrafında səssizlikdən başqa nəsə yoxmuş kimi. Amma gecə yarısı gurultuya oyandı, bu gurultu çox qəribə və vahiməliydi. Birdən-birə vücudunu tər basdı. Yanında eşitdiyi uşaq gülüşüydü. Büllur kimi bir uşaq gülüşü. Platforma tərəfindən gəlirdi. Son bir neçə insanın yaşadığı yerdən dörd stansiya o tərəfdə! Siçanların belə yaşamadığı yerdə. Belə vahiməli gurultu qarşısında qorxuya düşməsi çox təbiiydi. Yerindən sıçrayaraq platformaya tərəf qaçdı və bir vaqonun stansiyaya yaxınlaşıdığını gördü. Həqiqi metro vaqonu! Projektorlardan yayılan işığın gözləri qamaşdırdığı vaqon. Vaxtında qolunu üzünə tərəf tutmasaydı kor ola bilərdi. Pəncərələrdən sarı işıq sızırdı, içəridə insanlar varıdı və hər şey ölümcül səssizlik içindəydi! Adi tıqqıltı belə yoxdu! Nə metronun uğultusu, nə təkərlərinin tıqqıltısı eşidilirdi! Vaqon tam səssizliklə stansiyaya girdi və təkrar tunelin içində yoxa çıxdı. Adam yerinə oturmaq məcburiyyətində qalıb, ürəyi stresə dözməyibmiş. Qatarın vaqonları bir-bir qabağından keçirdi ki, birdən gördü: ən arxa pəncərənin qabağında bir oğlan uşağı oturmuşdu, təxminən yeddi yaşında; ona baxır, əliylə işarə edib gülürdü. Bu gülüşü o eşidirdi! Bir səssizlik, demək olar ki, adam öz ürəyinin döyüntüsünü eşidir, sonra təkrar gülüş səsi… Qatar tunelin içində itmişdi və qəhqəhələr get-gedə azalıb uzaqlarda eşidilməz olmuşdu… Yenə boşluq. Qorxulu bir səssizlik.
Sonra yuxudan oyandı? – deyə, Artyom rişxəndlə soruşdu. Amma səsindən, gələcək cavabdan əminliyi hiss olunurdu.
– Kaş ki… Bu arada sönmüş ocağın yanına gəlib, cəld əşyalarını topladı və arxasına baxmadan geriyə, “Tulskaya”ya qədər qaçdı. Bütün yolu bir saatda getdi. Bu tələskənlik və həyəcan duyduğu qorxudan olmalıydı…
Artyomun bu qorxusu hiss olunurdu ki, danışılan hekayəylə bağlıydı, ona görə də sakit şəkildə dayanmışdı. Çadır sükuta qərq olmuşdu. Sonda özünə gəldi, sanki boğazında nəsə varmış kimi alçaq səslə udqunub söhbətinə davam etdi:
– Və sən bunlara inanırsan? – soruşdu.
“Bax, bu “Serpuxovskaya” ilə bağlı eşitdiyim ilk hekayə deyil. Sənə hər dəfə yenidən başdan danışmayım. Səninlə də danışmaq olmur, elə hey rişxənd edirsən. Amma artıq kifayət qədər oturduq, işimizin başına gedək. Əşyalarımızı yığışdıraq. Söhbətlərimizə orda davam edərik.
Artyom istəksiz şəkildə yerindən qalxıb gərnəşdi. İşdə yeməyə nəsə götürmək üçün evə tərəf getdi. Ögey atası hələ yatmışdı, stansiya səssizliyiə bürünmüşdü. Deməli, polislərin xidməti başlamışdı, yəni gecə növbəsinə az vaxt qalmışdı. Tələsməliydi. Çay fabrikinə gedən yolda, Hanterin yaşadığı çadırın qabağından keçərkən açıq olduğunu gördü. İçəridə heç kim yoxdu. Artyom narahat oldu. Hanterlə danışdıqlarının yuxu yox, həqiqət olduğunu, bundan sonra gələcək hadisələrin birbaşa özünə yönələcəyini yavaş-yavaş dərk etməyə başlamışdı. Bəli, bəlkə bu hadisələr onun taleyini də müəyyən edəcəkdi.
Çay fabriki stansiyanın artıq bağlanmış yeni çıxış qapısının olduğu dar dalandaydı; yuxarıya uzanan eskalatorların qabağında mühafizə səddi vardı. Əslində, fabrik demək də düzgün deyildi buraya, çünki işlər tamamilə kustar üsulla həyata keçirilirdi. Elektrik çay hazırlanması üçün boşuna israf edilməyəcək qədər dəyərliydi.
Fabriki digər stansiyalardan ayıran metal divarlar başdan-başa məftillərlə örtülmüşdü, üzərlərinə qurudulmaq üçün təmizlənilmiş göbələklər sərilmişdi. Nəmlik faizinin yüksək olduğu günlərdə kiflənməmələri üçün, onların altında kiçik tonqal yandırılırdı. Məftillərin altına stellar qurulmuşdu, burada işçilər qurudulmuş göbələkləri əvvəlcə böyük ölçülərdə doğrayır, sonra əzirdilər. Hazır olan çaylar bu stellar üzərində, həmin anda kimin əlində nə varsa ona qoyulub paketlənir, üzərinə tərkibini göstərən balaca kağız yapışdırılırdı. Bütün bu proseslərdən sonra, bu sadə istehsal müddəti tamamlanmış olurdu. Səkkiz saat davam edən göbələk doğrama, təmizləmə prosesində söhbət imkanı olmasına baxmayaraq belə işdə işləmək insanı əldən də, ruhdan da salırdı.
Gecə növbəsində Artyomla Jenyanın yanına, Artyomun tuneldəki ortaq növbələri zamanı tanıdığı, saçları tökülmüş Kirilli də salmışdılar. Kirill Jenyanı görən kimi canlandı və az əvvəl yarıda kəsdiyi hekayəni yenidən danışmağa başladı. Artyom hekayənin qalanını dinləyərkən sıxıldığı üçün fikirə daldı. Birdən-birə ağlına yenidən Hanterlə danışdıqları gəldi. Birdən bu plan uğursuzluqla nəticələnsə?
Hanter çılğın bir addım atmağa qərar vermişdi, düşmənlərinin qərargahına, cəhənnəmin ortasına gözü bağlı, cəsarətlə atılmışdı. Onu qarşıda gözləyən təhlükə heç kimin təxmin edə bilməyəcəyi qədər böyükdü. Sadəcə sərhəddəki işıqların söndüyü, tamamilə qaranlığa məhkum olan 500 metrdən o tərəfdə onu nələrin gözlədiyini təxmin edə bilirdi.
Qaraların haqqında bildiklərini, stansiyadakılar da çoxdan bilirdi. Bu qorxunc varlıqların “Botanika Bağı”ndakı bir deşikdən çölə çıxdıqları da sadəcə təsəvvürdən ibarətdi.
Belə olan halda Hanter, böyük əminliklə demək olar ki, vəzifəsini yerinə yetirə bilməyəcəkdi.
Bir tərəfdən, şimaldan gələn təhlükə elə böyükdü və o qədər sürətlə böyüyürdü ki, artıq bir an belə tərəddüd etməməliydi. Bəli, bəlkə də Hanter, Saşayla Artyomun dəyərsiz görüb üzərində durmadığı bəzi şeyləri bilirdi.
Riskin ağırlığını dərk edir, bunu öz gücü hesabına həll edə biləcəyinə də inanırdı. Yoxsa Artyomu hadisələrin bu şəkildə cərəyan etməsinə əvvəlcədən hazırlamazdı. Hanter özünü davamlı qoruyan insan deyildi. Son dərəcə realistdi. VDNX stansiyasiyasına geri qayıdacığı mütləqdi, bunu qəti şəkildə qərarlaşdırmışdı.
Bəs Artyom heç kimə heç nə demədən stansiyanı tərk etməyi necə bacaracaqdı? Hanter belə, beyni xarab olmuşların qorxusuna görə, başqalarına ürəyini açmağa ehtiyat etmişdi.
Artyom qaranlıq, səssiz tunellərdəki hər kəsin bildiyi və ya bilmədiyi təhlükələrə inad tək-tənha “Polis” stansiyasına o əfsanəvi stansiyaya necə gedib çıxacaqdı?
Ovçunun kəskin cazibəsinə, onu sehr altına alan, bir növ hipnoz edən baxışlarına məğlub olduğuna, ona sirrini açdığına, bu təhlükəli vəzifəni qəbul etdiyinə görə peşman oldu.
– Ey Artyom! Artyom! Yatmısan? Nə üçün cavab vermirsən?
Jenya onu çiyinlərindən tutub silkələdi:
– Kirillin dediklərini eşitdinmi? Sabah axşam bir qrup şəklində “Rijskaya”ya gedəcəyik. Yəni, “bizim rəhbərlik sizinlə əməkdaşlıq etmək istəyir”. Onlara köməklik göstərib dəstək verməyə hazır olduğumuzu göstərməkçün indilik sadəcə canlı qüvvə yardımı göndəririk. Deyəsən, uşaqlar orada kabelləri olan qərargah qurublar. Kabellər stansiyalar arasında telefon əlaqəsi qurmaq üçün döşənəcək. Ya da ən azından teleqraf sistemini qurmaq üçün…
Kirill deyir ki, sabah işi olmayan hər kəs gedə bilər. Nə deyirsən bu işlərə, fikrin nədir?
Artyom o an bu baş verənləri sanki alın yazısı kimi başa düşdü. Vəzifəsini yerinə yetirməsi üçün əlinə imkan düşmüşdü. Susaraq təsdiq əlaməti kimi başını tərpətdi.
– Əla! – Jenya sevinclə qışqırdı, – Mən də səninlə gəlirəm. Kirill adımızı qeyd edəcək. Sabah saat neçədə yola çıxırıq, doqquzdamı?
Ürəyini sıxan düşüncələri heç cür başından ata bilməyən Artyom növbə bitənə qədər kəlmə kəsmədi. Quraşdırılmış maşın kimi işinə davam etdi. Göbələkləri kəsib, doğrayıb, toz vəziyyətinə düşənə qədər üyüdür, məftillərin üstündən başqa göbələkləri götürərək doğrayıb qutulara yerləşdirir, heç kimlə danışmadan sakit şəkildə beynindəki fikirlərlə bu işləri edirdi.
Böyük ehtimalla bir daha geri gəlməyəcəyini deyən Hanterin sifəti bu müddət ərzində gözlərinin qabağından getməmişdi. Həyatını riskə atmağa öyrəşmiş bir adamın sifətiydi…
Artyomun ürəyi daraldı; bu davranış və bu ifadə bir fəlakətin qabaqcadan görünüşüydü.
İşləri bitdikdən sonra çadırına qayıtdı. Saşa yoxdu, hər halda bəzi işlərdən dolayı yenə səfərə çıxmışdı. Artyom yatağına uzandı, vəziyyəti bir daha sakit başla təhlil etməyi düşündüyü halda, başını yastığa qoyan kimi yuxuya getdi.
Gün boyunca danışılan söhbətlər, düşüncələr və hadisələrdən sonra ona əziyyət verən qarışıq bir yuxu, onu dərinlərə, daha dərinlərə apardı. Artyom özünü “Suxarevskaya” stansiyasındakı qərargah tərəfdə olan ocağın yanında, Jenya və Karlos adlı cadugərlə oturarkən gördü. Karlos Jenyayla özünə, zəhərli göbələklərdən necə həqiqi narkotik vasitə əldə edildiyini danışır, açıq şəkildə cinayət təşkil etsə də, VDNX stansiyasında bu göbələklərin necə istifadə ediləcəyini izah edirdi; çünki burada əsas məsələ göbələklər deyildi; yer üzündə təptəzə, məntiqli yaşayış forması olan sağlam həyatı necə qurmaqdı.
Bəlkə də bir gün insanların yerini alacaq yeni həyat şəkli olacaqdı. Bu göbələklər qeyri-adi cisimlər deyildi, əksinə, ney-ronları bir-birinə əlavə edilmiş bir bütünün, metro boyunca qol-qanad açıb budaqlanan göbələk parçalarıydı. Bu otları udan hər kəs sadəcə ruh sağlamlığı üçün bir dərman qəbul etmiş olurdu, eyni zamanda, bu yeni rasional həyatla əlaqə qurmuş da olurdu.
Bəli, hər şey doğru şəkildə həyata keçirildiyi təqdirdə, bu həyatla dostluq yaradabiləcək, həyat da bu otlar sayəsində ona hər sahədə kömək göstərəcəkdi.
Lakin o anda birdən Saşa meydana çıxır, əliylə, əsla bu bitkidən istifadə etməmələri üçün onlara xəbərdarlıq edirdi, çünki zövq verən bu bitki beyinin normal işləməsinə, fəaliyyət göstərməsinə mane olurdu.
Artyom bunu yoxlamağa qərar verdi: Yüksək səslə, bir az təmiz hava almaq istədiyini deyir, amma gizlincə İspan dilində adı olan cadugərin arxasına tərəf keçir və birdən adamın başının arxa hissəsinin açıq olduğunu, içində də soxulcanların gəmirməsndən qapqara kəsilmiş beynini görürdü. Cadugər sanki heç nə baş verməmiş kimi danışmağa davam edərkən soxulcanlar içəridə sürünürdülər.
Artyom dəhşətə gəldi, bir an əvvəl oradan qaçmağa cəhd göstərdi, özüylə birlikdə gəlməsi üçün Jenyanı qolundan dartırdı. Amma Jenya Karlosdan səbirsiz şəkildə əl işarələrilə izaha davam etməsini xahiş edərkən, Artyom soxulcanların cadugərin başından zəmiyə, ordan da Jenyanın üstünə gəldiklərini, kürəyinə dırmanaraq qulaqlarının içinə girməyə çalışdıqlarını görürdü. Bunları görən Artyom platformanın üzərinə atılaraq var gücüylə stansiyadan uzaqlaşırdı. Amma tam o ərəfədə buranın təkbaşına gedilməməsi lazım olan tunel olduğu ağlına gəlir, geri dönüb təkrar stansiyaya tərəf istiqamətlənirdi. Lakin səbəbi nədir, bilinmir, nə qədər getsələr də ora çata bilmirdi.
Qəflətən arxada işıq yanır və tunelin içinin bir anda elə işıqlandığını görür ki, bu hadisə qarşısında az qalır ürəyi dayansın…
Arxasına döndü. Relslər üzərində qorxulu, qulaqları kar edəcək gurultu eşidildi; projektorların kəskin işığında bir qatar sonsuz sürətlə yaxınlaşırdı.
Artyomun ayaqları sanki artıq özünün deyildi, boş-boşuna titrəyirdi, onlara heç cür hakim ola bilmirdi! Sonra… Olduğu yerdən bir neçə metr uzaqlıqda görmək qabilliyyətini itirdi, söndü və yoxa çıxdı.
Lakin yoxa çıxan bu görüntü yerinə bu dəfə başqa şey, tamamilə yeni şey gəldi. Artyom qarşısında Hanteri gördü, kar kimi ağ bir geyim içində, divarları da eyni ağlıqda boş bir otaqda durmuşdu.
Başı qabağa əyilmiş, baxışları yerə tikilmişdi. Sonra gözlərini qaldırıb Artyomun üzünə tərəf çevirdi. Qəribə duğuydu, çünki o ana qədər Artyom bu yuxuda öz bədənini heç hiss etməmiş, hadisələri sadəcə kənardan izləmişdi. Hazırda Hanterin gözlərinə baxarkən, sanki hər an əhəmiyyətli nəsə baş verəcəkmiş kimi, məna yükləyə bilmədiyi bir narahatlıq basmışdı.
Hanter danışmağa başlayan kimi, hadisələr inanılmayacaq qədər həqiqi oldu, narahatlığı da bir anlıq yoxa çıxdı. Artyom daha əvvəllər gördüyü qorxulu yuxularda gördüklərinin də öz başından qurduğu fantaziyalar olduğunu həmişə bilirdi. Lakin indiki görüntülərdə vəziyyət fərqliydi, hər an oyanacaq kimi duyğu yoxdu!
Artyom gözlərini açdı. Bu dəfə daha dəqiq şəkildə o boğuq səsi eşitdi:
– Bu, yuxu deyil!
– Bu bir yuxu deyil! – Artyom təkrar etdi. Bu baş verənlər, soxulcanlar, qatar çoxdan yaddaşından silinmişdi, lakin bu son sistemi hələ bütün dəqiqliyilə xatırlayırdı. Ovçunun ağır-ağır dediyi sözləri: “Mənə nə söz verdinsə, yerinə yetirməlisən”. Bu sözlər ağlından çıxmırdı.
Atalığı çadıra girib, həyəcanla soruşdu:
– De görək, Hanterlə son görüşünüzdən sonra onu görmüsən? Axşam burdaydı, amma indi yoxa çıxıb, çadırı da boşdur. Görəsən, harasa getdi? Dünən sənə heç planları haqqında danışdımı?
– Yox, Saşa əmi, heç nə demədi. Sadəcə mənə burdakı vəziyyətlə bağlı bir neçə sual verdi. Artyom yalan danışdı.
– Onun üçün narahatam. Ümid edirəm, bir dəlilik edib də özünü təhlükəyə soxmaz, nəticədə onun hər hərəkətinin bizə də təsiri vardı. Kiminlə və nəyə qarşı mübarizə apardığını kaş biləydi. Mənə bax, sən bu gün işləyirsən?
– Jenya ilə mən “Rijskaya”ya gedən qrupda yer almaq üçün müraciət etdik. Yardım əşyaları və bəzi şeylər aparacağıq, əsasən, buranı döşəmək üçün kabellər gətirəcəyik. – Artyom bunları deyərkən birdən qəti qərara gəldiyini hiss etdi.
Bunları düşünən kimi içindən nələrinsə qopduğunu hiss etdi, qəribə rahatlıq, eyni zamanda sanki ürəyini sıxan, nəfəs almasına mane olan sinəsindəki ağırlığın çıxarılmasıyla hiss olunan rahatlıqdı bu.
– Yardım aparan qrupa müraciət etdin? Tunellərdə boş-boş dolanmaq əvəzinə evində otur… Əslində, mənim də “Rijskaya”da bəzi işlərim var, amma bu gün özümü o qədər də yaxşı hiss etmirəm, qalsın gələn dəfəyə. Yəqin elə indicə getmirsən, elə deyil? Saat doqquzda? Onda bir azdan sağollaşarıq. Sən əşyalarını yığ, – Saşa bunu dedikdən sonra Artyomdan ayrıldı.
Artyom yolda ehtiyacı ola biləcək bir neçə əşyasını bel çantasına yığırdı; cib fənəri, batareyalar, yeni batareyalar, göbələklər, kiçik bir paket çay, donuz kolbasası, bir vaxtlar hardansa oğurlanmış dolu bir “Kalaşnikov”, metronun planı, yenə əlavə batareyalar. Pasportunu da unutma! Əslində “Rijskaya” stansiyası üçün pasporta ehtiyac yoxdur, lakin ani olaraq başqa stansiyadakı patrullar onu pasportsuz tutsalar, həmin dəqiqə geri göndərəcək, ya da o vaxtkı qaydalara görə güllələyəcəkdilər. Hə, bir də ən əsası: Hanterin ona verdiyi kapsul. Özüylə birlikdə götürəcəyi əşyalar bunlardı.
Bel çantasını götürdü, son dəfə qaldığı çadırı gözləriylə axtardı, sonra da qərarlı şəkildə çadırdan çıxdı.
Qrup cənub tunelində yığışmağa başlamışdı. Relslərin üzərində içi ət, göbələk və çayla doldurulmuş sandıqların üst-üstə yığıldığı, qol gücüylə hərəkətə gətirlən drezin dururdu. Yığılanların ən üstündə, buradakı texniklərin quraşdırdıqları qarışıq bir alət, böyük teleqraf gördü.
Kirill və Jenyadan başqa qrupda bir neçə könüllü, “Rijskaya” stansiyasıyla əlaqələrə məsul şəxs, dövlət tərəfindən işlərə cəlb edilmiş zabit. Jenyadan başqa hər kəs gəlmişdi, yola çıxma işarəsi verilənə qədər vaxtlarını domino oynayaraq keçirirdilər.
Yol boyunca istifadə etmək üçün paylanılmış avtomatlar piramida şəklində yığılmışdı; hər silahın ehtiyat darağı vardı, mavi izolyasiya lentiylə əsas darağa bərkidilmişdi
Sonda Jenya da göründü, gəlmədən əvvəl bacısına yemək hazırlamış, sonra da onu valideynləri işdən qayıdana qədər qalmaq üçün qonşularının yanına göndərmişdi.
Artyom son anda ögey atasıyla sağollaşmadığını xatırladı. Yanındakılardan üzr istəyərək tezliklə qayıdacağına söz Verdi, bel çantasını yerə qoyub evə tərəf qaçdı. Çadırda heç kim yoxdu.
Həyəcanla əvvələr iş otağı kimi istifadə edilən, indisə stansiya idarəsinin olduğu binaya tərəf istiqamətləndi. Saşa, orada VDNX stansiya müdirinin qarşısına oturub söhbət edirdi. Artyom qapını asta-asta döyərək öskürdü və alçaq səslə:
– Sabahın xeyir! Aleksandr Nikolayeviç – dedi, – Saşa əmiylə bir dəqiqə danışa bilərik?
– Təbii Artyom, gəl içəriyə. Çay içirsən? – məsul müdir dostcasına soruşdu.
Saşa masadan stulqarışıq geri çəkilərək ayağa qalxdı:
– Yoxsa gedirsiz? Nə vaxt qayıdacaqsız? – deyə soruşdu.
– Dəqiq bilmirəm, – Artyom cavab verdi.
– Get, yaxşı…
Birdən atalığını bəlkə bir daha görə bilməyəcəyini hiss etdi. Bu səbəbdən həyatda həqiqətdən sevdiyi yeganə insana “Sabah, ya da birigün geri qayıdacağam və hər şey əvvəlki kimi olacaq” – deyə, yalan danışmaq istəmirdi. Gözlərinin dolduğunu hiss edib utandı. Bir addım qabağa çıxaraq Saşanı bərk-bərk qucaqladı.
– Nə deyim? Sabah yenə burda olacaqsız da? – Saşa soruşdu. Bir az təəccüblü, bir az da həyəcanlıydı.
– Hər şey planlaşdırdığı kimi gedərsə, sabah axşam, – Aleksandr Nikolayeviç təsdiqlədi.
– Salamat qal, Saşa əmi, özünə diqqət et, ehtiyatlı ol! – Artyom qısıq səslə ögey atasının əlini sıxıb, sürətlə çölə çıxdı.
Saşa arxasınca həyacanla baxdı.
– Oğlan nə üçün belə pərişan, həyəcanlıydı başa düşmədim? “Rijskaya”ya ilk gedişi deyil ki.
– Bəsdir, Saşa, zamanla sənin oğlun da kişi olacaq. İki stansiya o tərəfə getmək üçün səninlə göz yaşları içində vidalaşdığı bu günlər üçün darıxacaqsan. “Alekseyevskaya”dakılar tunel patrulları haqqında nə düşünürlər? Bu, bizə çox kömək etmiş olardı…
Və onlar yenidən problemləri müzakirəyə başladılar.
Artyom qaça-qaça təkrar qrupun yanına geri qayıdanda komandir hamıya qol çəkdirib imza aldıqdan sonra hərəsinə bir silah verdi və:
– Gəlin, yoldaşlar. Əvvəlcə bir az oturaq, bu oturmaq bizə şans gətirəcək, – dedi.
Komandir illərlə istifadə edildiyi üçün sürtülüb parıldayan bir taxtanın üstünə oturdu. Digərləri də onu izlədilər.
– Tanrı bizi qorusun! Tanrı yar olsun bizə!
Komandir təkrar yerindən ayağa qalxdı, relsin üstündən tullandı. Dəstənin başına keçərək yerində oturdu. Qrupun ən cavanları, Artyomla Jenya heç də asan olmayan vəzifələri üçün arabanın üzərinə dırmaşdılar. Arxadan Kirillə könüllülər gəlib qrupu tamamladılar.
Zabit “İrəli!” deyə, səsləndi. Artyomla Jenya arabanın üstünə uzandılar, Kirill arabanı arxadan itələyib ağır-ağır irəliyə tərəf hərkət etdirdi. Qrup az sonra cənub tunelinin dəhlizində gözdən itdi.
4
TUNELİN SƏSİ
Komandirin əlindəki fənərdən yayılan zəif işıq tunelin divarlarına nəfis sarı ləkə dolandırıb nəmli döşəməni yaladıqdan sonra fənərin uzağa çervilməsiylə gözdən itdi.
Qabaqlarında, demək olar ki, on addımlıq uzaqlıqdan başlayan dərin qaranlıq, sonsuz acgözlüklə şüaları udurdu. Araba həmişə eyni düzlükdə, səs salaraq yoxluğa doğru yol alırdı. Nimdaş çəkmələrin çıxardığı qəribə tıqqıltılar, nəfəs almaqları da eynilə drezinin gedişilə eyni tempdəydi.
Cənubdakı növbə nöqtələrini arxada buraxmışdılar, ocağın son yanması da tunelin arxasınca çoxdan itmişdi.
VDNX stansiyasına aid zona arxada qalmışdı. Son vaxtlarda qonşuluq əlaqələrinin yaxşılaşması, iki stansiya arasındakı birlik məsələsinin yenidən canlanmasından dolayı “Rijskaya”ya qədər uzanan xətt nə qədər təhlükəsiz görünsə də, tətikdə olmaq vacibdi.
Həqiqətən, təhlükə hər zaman şimal və ya cənubdan gəlmirdi. Yuxarıdakı havalandırma süzgəclərində, sağda və soldakı yolayırıcılarında, əvvələr stansiya rəhbərliyinin iş məkanı kimi istifadə edilən qapıları sürgülənmiş otaqlarında, yaxud gizli çıxışlarda, metronu inşa edənlərdən qalan, təmir işlərini yerinə yetirən komandirlərin unutduqları, itirdikləri qəribə qutularda da ola bilərdi. Çox əvvəllər, metronun sadəcə nəqliyyat vasitəsi kimi xidmət etdiyi vaxtlarda, ən cəsarətli qəhrəmanların belə gözünü qorxudan dəhlizlərdən birində, qorxulu şeylər meydana gəlmişdi. Komandirin fənəri məhz bu səbəbdən dayanmadan tunelin divarlarını yoxlayırdı, arxadan gələnlərin barmaqları da bu səbəbdən silahlarının təhlükəsizlik mexanizminin üzərində, tətiyi çəkməyə hazır şəkildə gözləyirdi. Çox danışmırdılar: çünki boşboğazlıq tuneldən gələn səsləri eşitməyə mane ola bilərdi.
Artyom çoxdan yorulmuş olduğu halda yenidən arabanın qolundan tutdu, arabanın qolu yüksəlir və ara vermədən təkrar enir, relsin üstüylə səs çıxara-çıxara gedirdi. Qabağında heç nə görmədən ancaq qabağa tərəf baxırdı; həm arabanın hərəkəti və Hanterin bir neçə gün bundan əvvəl dedikləri beynində fırlanırdı. Moskva metrosunun böyük bir hissəsində zil qaranlıq hökm sürürdü. “Polis” stansiyasına necə gedəcəyini fikirləşirdi. Amma yavaş-yavaş bütün əzalarına yayılan sancı, taqət qalmayan ayaqlarından bud sümüyünə qədər uzanan, əllərini əhatə edən yorğunluq, onsuz da qarışıq olan bütün düşüncə kanallarını beynindən xaricə itələyirdi. Əvvəl alnında kiçik damcılar şəklində toplanan isti, duzlu tər damcıları indi sel kimi axaraq gözlərini yandırsa da, tərini silə bilmirdi. Çünki digər tərəfdə Jenya vardı, əgər qolunu buraxsa, bütün ağırlıq və güc Jenyanın üzərinə düşəcəkdi. Artyomun gicgahı get-gedə lap ağrımağa başladı. Birdən hələ uşaqkən gicgahındakı ağrıları hiss etməmək üçün bədənini bu əziyyətə salan bir hərəkəti, necə həvəslə etdiyi yadına düşdü. Gözlərini bağlayan kimi, özünü rəsmi tədbirə hazırlaşan marşal kimi xəyal edir, sadiq qüvvələr, bölüyün ən kənar hissəsindəki əsgərlər, başları ona tərəf çevrilmiş şəkildə parıldayan çəkmələriylə qabağından keçirdi. Bütün bunları orduyla bağlı kitablardakı rəsmlərdən öyrənmişdi.
Nəhayət, komandir başını tərpətmədən səsləndi:
– Yaxşı, uşaqlar! Hamınız enin aşağıya, yer dəyişdirin! Yolun yarısına gəlmişik artıq!
Artyomla Jenya bir-birlərinə baxıb aşağıya düşdülər. Əslində arabanın qabağında və ya arxadakı yerləri almalı olduqları halda komandir kimi relsin üzərində oturdular.
Komandir diqqətlə onları süzdükdən sonra yazıq səslə:
– Yoruldunuz! – dedi.
Jenya cavab verdi:
– Bəli, düz deyirsiz, yorulduq!
– Qalx ayağa, qalx ayağa! Burda oturmaq olmaz! İrəli marş! Sizə maraqlı əhvalat danışacam.