Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Mən bir susmaz duyğuyam ki…», sayfa 4

Yazı tipi:

ÜÇÜNCÜ PƏRDƏ

Pərdə qalxır, səhnədə heç kim yox, bir zaman sonra Sara sadə geyinmiş, başında bir qara örpək, mütəfəkkir halda daxil olub, Bəhram üçün baxır.

Sara. Ax, fələk! Bu nə fəlakətdir ki, məni saldın, mən ki, ömrümdə bir kəsi incitməmişəm! Ya rəbbi, niyə məni incidirlər? Məni evdən çıxarıb həyətin o biri başında bir daxmada oturdublar. Eybi yoxdur, hər yerdə olursam-olum, fəqət bircə Bəhrama bir şey olmasın. Onun sağlığından başqa bir şey istəmirəm. (Bəhram gəlib qapı yanında gizlənir.) Onu da bir neçə vaxtdır ki, gormurəm. Yəqin biçarə mənim bu halımı görüb utandığından yanıma gəlmir. Ah, yazıq əmim oğlu nə eləsin, hənuz tələbə ikən dərsdən alındı, əlində də bir şey yox. Dünən gedib bacılığım Soltan bəyin qızına yalvarmışam atasına desin ki, ona öz kantorunda münasib bir yer versin. O da 60 manat ilə bir yer verəcək, vallah yetər, ac da olsaq, eybi yoxdur. Ah, yazıq əmioğlu, nə edim? Bilirəm, sən məndən utanırsan, mən də səndən utanıram ki, əlimdə bir şey yoxdur. (Burada fikrə gedib, başını stolun üstünə qoyur.)

Bəhram. Ey dili-qafil! Necə oldu ki, mən belə mələküzlü, süzgün baxışlı bir qızdan əl çəkib də, Pərini istədim? Milyonlaramı uydum? Ax, o milyonlar ki, səadətin açarı deyildir. Belə də insaf olar ki, biçarə Saranın illərlə davam edən məhəbbətini sındırıb da, əhdimi buraxıb da, bir başqasına əsir oldum. Bax, Bəhram, siması nə qədər məhzun, nə qədər həzin! Mən gecə-gündüz qəhqəhələrlə gülməkdə, söhbətdə, işrətdə ikən, o məni səfil, kəsrəti-qəmdən küçələrə düşmüş zənn edir. Daima mənim üçün çalışır. Ox, simasında nə can sevən məhzuniyyət! Yanaqlarında nə sevimli qızartı, gözlərində… Ax, o ahu baxışlarında nə qədər məlulluq! Oturub məni gözləyir. Məndən başqa bir kimsəsi yoxdur… Gəl, Bəhram, əl çək hər bir şeydən, sağlam bir vücuda malik ikən özünü qeyrilərə əsir etmə! Al ağuşuna bu dünyanın sevimli hurisini, uzaqlaş bu vicdanı napak olan hiyləgər insanlardan, çəkil bir guşeyi-xəlvətdə çalış və kimsəyə möhtac olmadan, yaşa. Səadət budur. Ya rəbbi, bəsdir bivəfalıq etdim! Qəhr olsun dünyanın milyonlar sayəsində vücuda gələcək səadəti! Səadət nə? Səadət Saranın məhəbbəti deməkdir. O… o… ox, Bəhram! Biinsaf! Belə bir vücuddan da üz çevirmək olarmı? Yox, bəsdir! (İçəri girmək istəyir, gedir, dayanır.) Tədarük görülüb, mənim üçün bu günlərdə toy olacaq. Bəs o? Özümü bütün şəhər içində bədnammı edəcəyəm? Sultan bəy ki, mənim əmimin pulu ilə dolanıb, indi onun yanında xidmətmi edəcəyəm? Ah nə etməli? Daha nə olub, keçən keçib, əvvəldən zərərini gör, bir işə başlama, başladın, nəhayətə vur. Saranı da minlərlə adam istəyir. Mən olmayım, bir qeyri milyoner olsun, hələlik bir az incisə də, sonra hər şey yadından çıxar, daha söz vermişəm, toy olacaq… (Fikrə gedir, Sara yenə başını qaldırır.)

Sara. Ah! Gecə keçdi, niyə bu yazıq Bəhram gəlib çıxmadı? Neçə vaxtdır gözləyirəm, gözləyirəm, gəlmir, gedirəm. Vallah, zərrə qədər öz dərdimi çəkmirəm! Daima onun fikri! Qorxuram yazıq özünü həlak etsin. Bəlkə onu buradan qovublar? Ah! Yazıq Bəhramciyim, haradasan?

Bəhram. Nə eləyim? Bu sözlər hərəsi bir iynə kimi mənim sinəmə batır. Gəl, Bəhram, əl çək hər bir şeydən.

Gülnisə daxil olur.

Gülnisə (çığırır). Nə var, burada oturmuşsan? İtilib öz yerinə getsənə, bu vaxta qədər burada nə eləyirsən? Elə onu istəyirsən ki, həyətdən də çıxarılıb qovulasan?

Sara. Mən öz əmim oğlunun halını bilmək üçün bura gəlib onu gözləyirəm.

Gülnisə. Səsini kəs, həyasız! Sən buranı nəyə bənzədirsən! Bu saat rədd olub öz xarabana, çıx, eşidirsənmi?

Sara. Mən sizdən xahiş edirəm ki, bir qədər nəzakətli dolanasınız! Mən sizə bu vaxta qədər ana demişəm, amma siz məni kimə bənzədirsiniz? Siz məni namussuz qızlaramı bənzədirsiniz? Bircə o qalmışdı ki, onu da mənə dediniz, nə qədər siz rəhimsiz, vicdansız insansınız! Ax, ana, ana, haradasan? Ata, ata, eşidirsənmi ki, sənin əziz qızına səndən sonra namussuz deyirlər? (Ağlayır.)

Gülnisə. Niyə yas tutursan, burada sənin nə işin var?

Sara. Bu vaxta qədər danışmamışam, fəqət siz məni vadar edirsiniz. Əcəba, bu ev mənim atamın deyilmi və ondan başqa, mənim, öz yetim əmim oğlunun halını bilməyə ixtiyarım yoxdur?

Gülnisə. Otaqdan xaric ol sənə deyirəm, yoxsa güc ilə çıxarılarsan!

Sara. İndi hamısını yəqin etdim, sabah ərizə verəcəyəm ki, mənim atamı da siz zəhərləyib, malını mənimsəmişsiniz.

Gülnisə. Səsini kəs, həyasız! Bu saat bayıra! Niyə durmuşsan? Əbdül!

Əbdül (daxil olur). Bəli, xanım!

Gülnisə. Çıxar bu həyasızı bayıra!

Bəhram. Ox, Bəhram, nə ölümdür! Səndə heç ürək yoxdur ki, bu qədər zülmə davam edib, özündən ötrü belə bir qızı məhzun edirsən!

Gülnisə. Niyə durmuşsan? Eşitmirsənmi?

Əbdül. Bağışlayın, xanım, kişi olsaydı, mən güc-xoş çıxarardım, amma onunla mən dava eləyə bilmərəm ki! Gücsüz bir qız…

Sara. Mən özüm gedirəm. Fəqət bu gecə Bəhramı görməyə mənə izn verin, sonra tamamilə bu həyətdən çıxıb gedərəm.

Gülnisə. Bayıra! Artıq söz lazım deyil! Sən azmışsan!

Sara. Yaxşı, mən gedirəm! Fəqət mən daha bu zülmlərə dayana bilmirəm, mənim atamın malını mənə qaytarmalısınız ki, daha əmim oğlu çöllərə, mən də bu qədər zülmə düşməyim!

Gülnisə. Atanın nəyi vardı? Hər nəyi vardısa, borclarına verdim.

Sara. Daha bilirəm, hamısını bilirəm, veksel düzəltməyi də bilirəm, malların adınıza salınmasını da bilirəm. Axundlar da bilir, barı gedib sizi mühakiməyi-şərə çağıraram! Mənim atamın kim olduğunu hamı bilir, siz Əbdülü çağırarsınız, mənim də əmim oğlu aciz deyil, fəqət mən onu saxlayıram.

Gülnisə. Bayıra çıx deyirəm sənə, hər nə bilirsən get, elə! Əbdül! Eşitmirsənmi ki, deyirəm çıxar bunu?

Sara. Əbdül adi bir nökər isə də, sizin kimi vicdansız deyil, gedirəm, özüm gedirəm! Əbdül əmi! Bəhram gələrsə, söylə ki, mənim yanıma gəlsin. Degilən çox nigarandır. (Yavaş-yavaş gedir.)

Əbdül (kənara). Bəli, gəlsin. Bəhram elə namərd deyil ki, sənin yanına gəlsin. Odur, qapılar arxasında gizlənib qeyrətini, kişiliyini pula satan məlun! Biçarə qıza bu sözləri, bu işləri demirəm ki, özünü öldürər.

Gülnisə (gəlir). Bu, bu işləri haradan bilir? Yox, belə olmaz! Bunu tamamilə rədd etmək lazımdır ki, bu gün sabah toy da olanda bir qiyamət salmasın. Ha, ha, ha! Axmaq qız! Qorxma, daha Bəhram sən görən Bəhram deyil. Bu saat Pəri Bəhramı elə alıb əlinə ki, Saranı öldürməyə də ona hökm etsə, Bəhram çəkinməz. (Gedir.)

Bəhram. Ax! Bu nə bəladır mən özümü saldım! Bəhram, qorx! Qorx öz vicdanından! Sən ki, Saranın xatiri üçün bu işə iqdam etmişdin, nə tez sovuşdun? Bəli, hiylə sənin işin deyil, onunçün da xüsusi insanlar var. Sən özgəyə hiylə etmək istədikdə özün yıxıldın. Qorx, Bəhram, qorx! Getdiyin qorxunc yolun nəhayəti bir biyabani-vəhşət deyilmi? Tutduğun nəsəza əməlin nəhayəti bir matəmsərayi-fəlakət deyilmi? Tutduğun çirkin işin nəticəsi bir peşman sərayi-təəssüf deyilmi? Zənn etdiyin məsud həyatın nəticəsi bir dəryayi-ədəmi-təhəyyür, bir məzaristani-həlakət deyilmi? Qorx Bəhram, qorx! Hiylə sənin işin deyil, qorx bu xətərnak olan lətifədən! (Fikrə gedir.) Ya rəbbi! Nə edim, bu tərəfdən də toy başlanmaq üzrədir. Bütün cahan bilir. Bu yerdən qaçmaq olarmı? Bütün mallar mənim adıma yazılıb, toy olub, izdivac keçəndən sonra Gülnisə imza edəcək. Bəli, qəza belə istəmiş imiş. Daha iş işdən keçib, bu yerdən dönmək olmaz. Sara üçün də bir yaxşı ər tapmağa səy edərəm ki, o da xoşbəxt olsun. (Sükut.)

Pəri daxil olur.

Pəri. Bəhram! Niyə fikrə getmişsən? Yenə nə olub, Saranın cəncəlindənmi əhvalın qarışıb?

Bəhram (birdən diksinib gülür). Sən buradasan? (Ona tərəf gedir.)

Pəri. Gərək, Sara: “Bəhram, Bəhram”, – deyəndə sən birdən oradan çıxıb: “Mən Bəhram, nə deyirsən? Əl çəkməzsənmi?” – deyə idin. Onda daha da gözəl olardı.

Bəhram. Yox! Gözəlim! O, bir az namünasib düşərdi.

Pəri. Ha-ha-ha! Bilirsənmi nə qədər o biri evdə gülmüşəm! Ərizə verəcəyəm, axunda gedəcəyəm. Bəhram gəlsin! Ha-ha-ha! Mən deyirəm qız axır vaxtlarda dəli olmuşdur.

Bəhram. Nə eləsin biçarə? Adamın yazığı gəlir. Qalır xəlvət evdə, fikir, xülya! Gündə yüz dönüş mənim dalımca gəlir, mən də ki, o gələndə qaçıb gizlənirəm, gərək onu köçürüb əvvəlki yerində, yaxında oturdaq, yoxsa tamamilə dəli olar.

Pəri. Vallah, onun canı bərkdir, heç bir şey olmaz! Əgər mənim xatirimi istəyirsənsə, belə sözü söyləmə. Qoy öz yerində oturubdur.

Bəhram. Eybi yoxdur, mən bir söz demirəm, desəm də sənin sözündən çıxmaram! Sən mənə nəinki onu, bəlkə həyatını ver desən, yenə söz demərəm.

Pəri. O! Vallah, nə qədər sevimlisən, Bəhram! (Boynunu qucaqlayır. Kənara.) Bütün-bütünə mənim, mənim əlimdədir. Mum kimi hər tərəfə istəsəm, əyərəm.

Bəhram. Pəri, bu axır vaxtlarda sən, nədənsə, o qədər gözəlləşmisən ki, heç əvvəlki Pəriyə bənzəmirsən. Yox! Əvvəl sən belə deyildin, mən səndən qaçırdım, amma indi başqa bir qiyafət almışsan.

Pəri. Ola bilər ki, əvvəl mənim sənə aşiq olduğumu bilmirdin, fəqət indi bizim məhəbbətimiz bir-birinə aşikar olduğu üçün, bu qədər şirinləşmişik.

Bəhram. Pəri, bilirsənmi? Mən əvvəl səni sevmirdim və səni sevdiyimi söylədikdə, doğrusu yalan deyirdim. Amma indi bütün vücudumla səni sevirəm və nəzərimdə səndən başqa bir şey yoxdur.

Pəri. Daha Allaha şükür, hər bir şey hazırdır. Anam sazandar və lazımlı şeylərin hamısını mühəyya edib, toy bu günlərdə başlanasıdır.

Bəhram. Pəri, nə qədər mən səni sevirəm, inanırsanmı, dil təsvirindən acizdir.

Əbdül (daxil olur). Ağa! Sara xanım mənə yalvarıb ki, sizi onun yanına çağırım. Neçə dəfə də mən sizə demişəm, getməmişsiniz, amma bu gün əhvalı çox məğşuşdur. Daima ağlayır.

Pəri. Əbdül! Axır vaxtlarda sən çox üzlü olmuşsan. Sənə min dəfə demişəm ki, hər saatda bir xəbərlə yüyürüb gəlmə! Halı məğşuşdur. Hiddətindən. Yeri, çıx get öz işinə…

Əbdül. Xanım, mən nə eləyim. Mənə dedilər, mən də gəlib dedim. Daha niyə acıqlanırsınız?

Pəri. Yeri deyirəm sənə, öz işini gör.

Əbdül. İndi biçarə Saraya necə deyim ki, Bəhram gəlmir? Bağrı çatlar. Yox, demərəm. (Gedir.)

Bəhram. Pəri, mən elə bilirəm ki, bir gedib onunla görüşsəm, yaman olmaz. Yazıqdır… Məni görərsə, nə olar? Heç bir şey.

Pəri. Elə isə, Bəhram, sən məni istəmirsən ki, onun yanına getmək istəyirsən. Ağlayır deməsinə acıdın? Ağlayanda gözünün sürməsi getməz ki! İstədiyi qədər ağlasın, nəhayət, yorulub oturacaq deyilmi?

Bəhram. Pəri! Səni istəyirəm, sevirəm, fəqət nə olursa olsun, Sara da insandır, barı nə deyəcəyini, nə olduğunu soruşum.

Pəri (işvə ilə durur). Elə isə həmişəlik get! Daha mən səninlə danışmıram. (Yavaş-yavaş getmək istəyir.)

Bəhram. Pəri! Getmirəm, bura gəl (əlini ona uzadır, sərxoş kimi). Bir dəfə ki, mən səni sevmişəm, sevmişəm. Əl də çəkmərəm, sözündən də çıxmaram.

Pəri. Sübut olaraq mən Saranın bilmərrə bu evdən çıxarılmasına razı olmağını istəyirəm.

Bəhram. Pəri! Mən sənə deyirəm ki, səni istəyirəm, daha Sara bizə heç bir şey edə bilməyəcək. Elə bil ki, bir qulluqçudur evdə saxlamışsınız, fəqət israr edərsənsə, əlbət ki, sözünü sındırmaram.

Pəri. İndi inanıram ki, məni doğrudan da sevirsən. (Bəhramın boynunu qucaqlayır. Bəhram da əlini onun başına uzadır.)

Bəhram. Sevirəm, bəli! Mən səni sevirəm! Bütün mövcudiyyətimlə. Və səndən ötrü həyatımı fəda etməyə hazıram, zira ürəkdən səni sevirəm.

Sara içəri girir və bunları gördükdə bir neçə saniyə ayaq üstündə durub birdən

Sara. Ah… Bəhram!!! Sən də, sən də məni atdın! (Yıxılır.)

Pərdə

DÖRDÜNCÜ PƏRDƏ

Vaqe olur bir bağçada. Bir tərəfdə qaranlıq bir otaqdır. Bir krovat üstündə Sara düşkün, saçları pərişan sinəsinə tökülmüş. Başının yanında çiçəklər, dərman şüşələri. Divarda güzgü. Əbdül mütəfəkkir dayanmış. Bağçanın o biri başında digər bir otağa girəcək qapı. Saranın daxmasından bağçaya pəncərə. Camaatla üzbəüz qapı. Lampa yarımxod.

Əbdül. Ey fani dünya, etibarına lənət! Bir neçə ay bundan qabaq Sara bu evdə xanım idi, hər ixtiyar onda idi. İndi adamsız kənizlər kimi bu qaranlıq daxmada can üstündədir. Bir müsəlman yoxdur, bir adamı yoxdur ki, onu yada salsın. Çörəyi yeyirlər, artıq qalsa ona göndərirlər, qalmasa yaddan çıxıb gedir. Bu yazıq da həm naxoş, həm ac. Vallah, iki gündür öz payımı gətirib ona verirəm. Dəxi bunları ona demirəm, yoxsa daha da tez bağrı çatlar. Bəhram zalımın gözlərini pul elə tutub ki, heç qulağına da girmir. Burada belənçik gözəl can üstündə, orada o, iblis Pəri ilə kef eləyir. Tfu belə etibara, belə kişiliyə! Yazıqcığaz dəxi axır dəqiqələrdədir. Bəhramı dilə tutub, neçə dəfə gedib demişəm, bir yandan Pəri qışqırır, xəlvəti deyəndə o da mənim üstümə qışqırır. Yenə gəlib yalandan deyirəm ki, görmədim. Nə eləyim? Otururam, o ağlayır, mən ağlayıram. Az qalır bağrım çatlasın. Əgər bu Sara olmasaydı, mən bir dəqiqə belə qüssədə qalmazdım. Amma yalqız qoyub gedə bilmirəm ki, acından, qüssədən bu xəlvət evdə ölər, kimsə də bilməz. O qədər anası, atası və özü mənə yaxşılıqlar eləyiblər, mən uşaqlıqdan ona ata, o də mənə qız yerində olmuşdur… Ah… Nə eləyim! Allah belə istəyibmiş. (Saranın üzünü yelləyir.)

Sara. Əbdül əmi! Bəhram gəlmədimi?

Əbdül. Xanım, qızım, getdim, görmədim onu, bilmirəm haradadır.

Sara. Əmi, bilirəm, məndən gizləyirsən. Bəhram mənim yanıma gəlmək istəmir.

Əbdül. Yox, qızım, nə danışırsan? Heç ola bilər ki, Bəhram sənin yanına gəlməsin?

Sara. Əmi, Bəhram mənim yanıma niyə gəlsin ki, mənim pulum yox, atam-anam yox, köməyim yox. Onda ki, var idi, istəyirdi, sonradan ki, hamı Pərinin əlinə keçdi, o da Pərini sevdi. Daha mənim yanıma niyə gəlsin?

Əbdül. Qızım, qüssə çəkmə! İnşaallah sağalarsan, bu işlərin hamısını ayırd elərik.

Sara. Əmi, bilirəm mən bir də sağalmayacağam! Daha mən ölürəm. Amma əlimdə bir şey olmadığı üçün bilmirəm, sənin yaxşılığını nə ilə əvəz eləyim. Belə yaman günümdə mənə qalan bircə sən oldun! Ax, Əbdül əmi, görürsənmi mənə nə eləyirlər? (Ağlayır.)

Əbdül. Mənə heç şey lazım deyil, təki sən sağalasan. Hər şey sənə qurban olsun.

Sara. Əmi! O sandığın içərisində mənim dünya malından bir dəst ipək paltarım və iki də qızıl üzüyüm var. Mən öləndən sonra onları özün üçün götürərsən.

Əbdül gizli ağlayır.

Əbdül. Allah eləməsin, qızım, nə danışırsan? Məgər sənə nə olub! Qorxma, inşaallah bu gün, ya sabah sağalarsan. (Kənara.) Yazıq qız ölüm halındadır, amma o yanda Pəri ilə Bəhram üçün toy eləyirlər. Adamların ürəyi daşa dönüb. Dağılsın belə dünya, dağılsın.

Sara. Əbdül əmi, səni and verirəm o Allaha, nə qədər mənə indi yaxşılıq eləyirsən, mən öləndən sonra mənim çiçəklərimə elə!.. Qoyma mənim çiçəklərim solsunlar… Onlar mənim xoşbəxt günlərimin yadigarıdır.

Pəri ilə Bəhram səhnəyə çıxırlar, qayıdırlar.

Bəhram. Sənin kimi bir gözəlin yanında qəmgin oturmaqmı olur! İnsan üzünə baxınca, biixtiyar fərəhindən gülümsəyir. Nə qədər xoşsima olduğunu bilmirsən.

Pəri. Nə qədər mən gözəl olarsam, o qədər sən sevinməlisən.

Bəhram. Təbii, zira sabahdan bizim həyatımız tamamilə birləşir. (Səhnədən gedirlər.)

Sara. Əbdül əmi, mən ölərsəm, mənim qəbrimi atamın ayaqları altında qazarsan. Əmimin də qəbri oradadır. Ax… Şikayət edəcəyəm əmimə ki, sənin oğlun Bəhram məni köməksiz qoyub qeyrisini tutdu. Sən ki, məni hər şeydən artıq sevərdin, gecə-gündüz qucağına alıb oynadardın, amma səndən sonra… (Ağlayır.) Allah, nə üçün məni hər bir şeydən məhrum edib, quru sümüklərimi saxlayıbsan? Bu gün deyilsə, sabah, ya o biri gün öləcəyəm, elə indicə al canımı. Ah… bivəfa Bəhram! (Ağlayır.)

Həyətin o başındakı otaqlarda tar, kamança çalınıb, xanəndə oxuyur.

Xanəndə.

 
Könül, pər vur, pərişan halimi dildarə izhar et!
Xəbərsiz yarımı hali-xərabımdan xəbərdar et!
 

Bəhram və Pəri çıxıb qayıdırlar.

Əbdül (pəncərədən baxır). Odur, toy eləyib oxuyurlar! Odur, Bəhram namərd! Niyə qalmışsan, ax, məlun, iblisəbənzər Pəri!

Xanəndə.

 
Vəfasız yar cövründən ölür bir aşiqi-məhzun,
O namərdi oyadıb qəflətindən bircə bidar et!
 

Sara (yavaş-yavaş hərəkətlənir). Ax, bu səs hardan gəlir? Nə yaxşı da oxuyur! Ax, kimdir bu fəlakət içində fəryad eləyən? Əbdül əmi, kimdir bu oxuyan ki, oxuduqca könül təranələrini tərənnüm edir? Of, bu sözlər hərəsi bir eşq mübtəlasının paralanmış sinəsindən axan qanlar, sineyi-suzanından parlayan alovlar deyilmi? Ox, yoxsa mənim üçün ölüm əzanı çəkirlər? Eləmi, Əbdül əmi? Məgər mən ölürəm ki, mənim üçün əzan çəkirlər? Mən ki, dünyada bir şey görməmişəm!

Əbdül. Nə üçün, qızım, narahat olursan? Qonşunun evində toydur, xanəndə oxuyur. Məgər sənə nə olub, Allaha şükür, salamatsan, bu gün, ya sabah tamamilə salamat olub durarsan!

Sara. Hansı qonşu üçündür toy?

Əbdül (kənara). Yazıq qız, toy Bəhram ilə Pəri üçün. (Saraya.) Bilmirəm hansı qonşudan gəlir, ancaq oxuyan evimizdən uzaqdır.

Sara. Ah… fələk! Bəs məni niyə nakam ikən bəstəri-həlakətə saldın! Ya rəbbi, mən nə günahın sahibi idim… Bəhram! Bəhram!.. Əmi!

Əbdül. Bəli, qızım!

Sara. Əmi, sən allah gör Bəhramı çağıra bilərsənmi? Söylə ki, ey bivəfa, bədbəxt Sara ölür, fəqət ölməkdən qabaq səni görmək istəyir.

Əbdül. Eybi yoxdur, qızım, bu saat gedirəm. (Kənara.) Bəhram elə qızmış ki, elə bir pələngdir, yanından keçmək olurmu? (Gedir.)

Pəri ilə Bəhram qol-qola səhnəyə çıxırlar.

Əbdül onlara yaxınlaşır.

Əbdül. Ağa! İzin versəniz bir kəlmə xəlvəti sizə söz deyim?

Bəhram ayrılıb gəlir.

Pəri. Bu nədir? Gizlin, xəlvəti! Bu nə deməkdir! (Çığırır.)

Bəhram. Dayan görək, Pəri, bəlkə bir ciddi xəbərdir.

Əbdül. Ağa, əminiz qızı ölüm halındadır, sizi arzulayır.

Bəhram. Əbdül, sən Allah məndən əl çək. Hər saatda yüyürürsən Sara…

Pəri. Daha sən bizi təngə gətirmişsən. Əl çəkməzsənmi bizdən?

Əbdül. Xanım ölüm halındadır. Deyir, bəs nə eləyim?

Pəri. Daha bəsdir, sən itil, işlərini gör, sənə demişəm onun yanına getmə.

Əbdül. Daha nə eləyim, bağışla, xanım. (Gedir.)

Sara. Bəhramın səsi gəlir zənn edirəm, görəsən gələcəkmi? (Əbdül gəlir.) Əbdül əmi, gəlirmi?

Əbdül. Xanım, Bəhramı görmədim, bir azdan sonra yenə gedərəm.

Sara. Ah, daha bildim ki, məndən gizlədirsən. Bəhramın səsi mənim qulağıma gəldi, eşitdim, fəqət nə dediyini bilmədim.

Əbdül. Xanım, Bəhramın işi vardı.

Sara. Ah, bədbəxt Sara, niyə davam edirsən? Sənin dünyada bir kəsin və bir gözləmən yoxdur. Məhəbbətin qırıldı! Ürəyin sındı! Sevdiyin bivəfa! Ya rəbbi! Al bədbəxt Saranın canını! Bəsdir zillət çəkdim. Ax, Bəhram! (Bihal olur.)

Əbdül. Xanım, ağlama, eybi yoxdur! Vay, əhvalı fənalaşdı, bihal oldu! Yanımda bir qəpik yox! O biinsafları da dindirmək olmur. (Özünü itirir, üzünə su səpir, dərman şüşəsini süzür boğazına, bayıra yüyürür, Pəri və Bəhram səhnəyə çıxır. Əbdül onlara yanaşır.) Sara xanımın halı fənalaşır, bihal olub, tez həkim lazımdır.

Pəri. La ilahə illəllah, a kişi, itil buradan. (Lap bərkdən çığırır.)

Gülnisə o qapıdan çıxır.

Gülnisə. Nə var? Nə olub səhərdən çığırırsınız?

Əbdül. Xanım, Saranın ürəyi gedib, tez həkim lazımdır!

Pəri. Daha bizə rahatlıq vermir, gedir hərdən bir bəhanə ilə yüyürüb gəlir.

Gülnisə. Sənə mən nə qədər söz tapşırmışdım, hamısını elədinmi, hələ itib tapılmırsan? Məgər səni Sara üçün tutublar?

Əbdül. Nə eləyim, axı müsəlmandır, ürəyi xarab olub, vallah, ölür, vallah ölüm halındadır, tez həkim…

Gülnisə. Sən öz işinə get! Bizim işimizə qarışma. Saranın yanına getmə, eşidirsənmi?

Əbdül (kənara). Biçarə qız ölür, amma bunlar heç qulaq asmırlar. Ya rəbbi! Yenə keçən dəfəki kimi öz məvacibimdən alıb tez həkim çağırım! (Gülnisəyə.) Xanım, özünüz bilərsiniz, ancaq mənə bir beş manat pul verin, gərəyimdir.

Gülnisə. Dünən aldın, gündə də pul olarmı? Yeri məclisə, qonaqlara xidmət et!

Əbdül. Xanım, vallah mənə lazımdır.

Gülnisə. Ay kişi, bu qarışıqlıqda iki saat da məni saxlama, itil sənə deyirəm.

Pəri. Ana, çıxarın bunu getsin, insanı təngə gətirir.

Bəhram. Madam ki, bu qədər sözə baxmayıb hər dəqiqədə insanın qanını qaraldır, daha niyə saxlamışsınız, başqa xidmətçi yoxmu?

Gülnisə. Qoyun bircə bu toy qurtarsın, onu evdən elə rədd edim ki… (Gedir.)

Əbdül (kənara). Danış! Sən də danış, kişilikdən uzaq olan bihəya! (Gedir.)

Əbdül Saranın otağına daxil olub su səpir, yelləyir, fəqət üzü məsrurdur.

Əbdül. Dava vəkili Kərim bəy gəlmişdi, deyir bütün işlər düzəlib. Axundlar məhkəməyə getməyə razı olublar. Bütün məhəllə camaatı da deyib ki, biz hamımız axundlarımıza sadiq olduğumuz üçün məhkəmədə şəhadət edirik. Sabah yox, biri gün işə baxılacaq. Pərvərdigara, sən bu köməksiz qıza kömək edib, onu bu zalımların əlindən xilas elə. İlahi, görürsənmi, yad bir vəkil atasının yaxşılıqlarını yadına salıb pulsuz, təmənnasız onun üçün çalışır. Amma bu zalımlar həkim gətirmək bir yana, mənim də bu yazıq qızın yanında qalmağıma razı olmurlar. Məni çıxarsalar da, bu biçarə qızı yalqız qoymayacağam. Kərim bəyə yalvardım, dedi indicə gedib həkim göndərərəm. (Sara yavaş-yavaş ayılır.) Sara, qızım, Kərim bəy gəlmişdi, qorxma, işlər yaxşıdır. Bu işdən xəbərsiz neçə mötəbər adam tapılıb, axundlar da məhkəməyə getməyə razı olublar. Daha heç qorxma!

Sara. Əbdül əmi, bir az mənə kağız-qələm ver! Mənim əhvalım pərişandır. Heç bir şey istəməzdin. Yalnız Bəhram! Oh, bivəfa Bəhram! Bietibar Bəhram! (Yazır.) Əmi, bu kağızı gizlət, mən öləndən sonra oxuyarsan! Mənim halım çox fənadır. Heç həyatıma ümidim yoxdur.

Əbdül. Xanım qızım, heç qəm çəkmə, sabah yox, biri gün işə baxılacaq, inşaallah, malınız sizə qayıdan kimi Bəhram da tez yanına gələr.

Sara. Əbdül əmi, məhəbbət pul ilə alınacaq bir şeymi? Ax, məhəbbət şamı vəfasızlar pəncəsilə söndürülən yazıq canım! (Çiçəklərə baxır.) Əmi, bir az su ver, güllərimə verim! Ax, çiçəklər, çiçəklər! Sizsiniz mənim xoşbəxt günlərimin yadigarı, siz bizim əhdimizin şahidisiniz. Həmin əhdi gördünüz. Bəs indi görürsünüzmü mənə nə eləyirlər! (Ağlayıb öpür, su verir.)

Xanəndə (oxuyur).

 
Aşiq oldur ki, can verə cananı görməmiş,
Bülbül ölər səfayi-gülüstanı görməmiş.
 

Sara. Ax, Əbdül əmi, necə də mənim hali-pərişanımdan söyləyir! Zəhmət də olsa, lütf edib məni pəncərənin qabağına aparın, bir az qulaq asım, ürəyim açılsın. (Əbdülün köməkliyilə pəncərənin qabağına gəlir.)

Xanəndə.

 
Aşiq deyil, o kəs ki, dilər eşqdən səfa…
 

Sara. Ax, bu sözləri söyləyəndə mütləq mən bədbəxtin halın təsvir etmişlər.

Xanəndə.

 
Məcnun deyil, kim ölsə biyabanı görməmiş.
 

Əbdül. Yazıq qız heç özündə deyil.

Bəhram Pəri ilə qol-qola səhnəyə çıxırlar.

Pəri. Gərək bizim toyumuzda belə qəmli sözlər oxunmaya idi.

Sara onları görür.

Sara. Ah, Bəhram üçün, Pəri üçün toy olur! Ya rəbbi, mən nə üçün qalmışam? Ax, bundan sonra ölüm yaxşıdır! Ölüm! Ölüm! Qaçmaq gərək bu bivəfa insanların üzündən. Ah, öldüm, bağrım çatladı!

Əbdül (təlaş edir). Xanım, xanım, səbir edin, niyə belə deyirsiniz?

Sara. Əmi, əmi, daha mən ölürəm! Belə qalmaqdan ölüm yaxşıdır. Bağışla məni, bağışla! Mənim çiçəklərim! Ah, dünyada kam almamış bədbəxt Sara, öl!

 
Tez geri-geri çəkilib rəxtxabına yıxılıb ölür.
Əbdül iztirabla baxır, öldüyünü görüb ağlayır.
 

Əbdül. Ah, biçarə öldü! Namərd Bəhram, yazıq qızı öldürdün. İnsafsız Pəri, zalım Gülnisə, biçarə qızcığazı işrətinizə fəda etdiniz! Çalın! Oxuyun!

Bayıra yüyürür. Pəri, Bəhram səhnəyə çıxırlar. Əbdül yetişir.

Əbdül (bərkdən). Ağa Bəhram, müjdə! Ağa Bəhram, müjdə verin ki, Sara öldü.

Bəhram (pərişan olur). Nə? Nə dedin, nə oldu?

Əbdül. Namərd, Saranı öldürdün! Bəli, Sara öldü!

Bəhram başını tutub tükləri ürpərərək, Saraya doğru gedir. Pəri onu tutur.

Pəri. Daha hara gedirsən? Ölünü ki, diriltməyəcəksən! Niyə cəza-fəza edirsən?

Bəhram. Burax! Burax məni!

Pərini itələyib cəld içəri girdikdə çit pərdəni bərk itələyib baxır, birdən cəld Saranın üstünə yüyürüb gözlərinə baxır, bir kəlmə “Sara, əmiqızı”, – deyib, bərk qışqırır və Saranın başını sinəsinə basıb ağlayır, pərdə ahəstə-ahəstə düşür.

Pərdə

Türler ve etiketler

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
18 ekim 2022
ISBN:
978-9952-8250-3-6
Telif hakkı:
JekaPrint
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 4, 3 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 3, 1 oylamaya göre
Metin PDF
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre