Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Susan qadın», sayfa 2

Yazı tipi:

– Yox, – dedi.

– Niyə ki? Dördümüz – sən, mən, Fərihə, Əfsanə bəylə gəlinin qabağında rəqs edəndə gəlib bizə qoşuldu ha, həmin oğlan Lamiyənin qardaşı idi. Adı da Eyvazdır.

– Hə, bildim… Ancaq heç fikir verməmişəm, – Əsmər başını buladı, – sən isə, maşallah, adını da öyrənmisən.

Qönçə əlini əlinə vurub qəhqəhə çəkdi…

Əfsanə, demək olar, fakültənin bütün oğlanları ilə səmimi idi. Dəhlizlərdə rastlaşdığı istənilən biri ilə laqqırtı vurmağı sevirdi. Ancaq universitetin sonuna kimi heç bir oğlanla ciddi münasibət qura bilmədi. Deyirdi ki, hamısı yalançıdır.

Qönçənin də anası qızının tez nişanlanmasını istəyir, ona müştəri çıxanlar barədə vaxtaşırı məlumat verərək fikrini soruşurdu. Belə müştərilərin isə sayı kifayət qədər çox idi. Həm də yalnız öz rayonlarından yox, qonşu rayonlardan da onu istəyənlər olurdu. Uzaq qohumlar, tanışlar eşidəndə ki Abdulla kişinin yetişmiş gözəl qızı var və Bakıda ali təhsil alır, onu əldən buraxmaq istəmirdilər. Ancaq Qönçə onu alıb özünə arvad eləmək istəyənlərin hərəsinə bir qulp qoymaqla rədd edir, hələ ki ailə qurmaq fikrində olmadığını bildirirdi.

Kiçik dəstələrinin beşinci üzvü Fərihə hələ ikinci kursdan başqa fakültədə oxuyan Samir adlı oğlanla gəzirdi və hətta oğlanın bir dostunun boş mənzilində görüşərək qeyri-təbii yolla cinsi əlaqədə olurlarmış. Bunu Fərihənin özündən ilk dəfə eşidəndə Lamiyə utandığından qızardı, Qönçə güldü, Əfsanə nazla qaşlarını dartıb gözlərini oynatdı, açıq-aşkar əsəbləşmiş Əsmər isə dözməyib qıza ağzına gələni dedi:

– Tfu, sizə, iyrənclər! Utanmırsan, hələ bir gəlib deyirsən də bunu bizə?

– Nə olub, ay qız? – ondan belə sərt təpki gözləməyən Fərihə təəccübləndi. – Yazıb universitetin divarlarına elan vurmamışam ki. Təkcə sizə deyirəm də…

– Daha nə olacaq, ay həyasız, toya qədər gözləməyə səbrin çatmırdı?

– Nə toy? Mən onunla ailə qurmaq fikrində deyiləm ki.

– Bu lap pis!

Lamiyə ilə Qönçə də Fərihəni qınadılar. Bunu görən qız çılğınlıqla özünü müdafiəyə başladı:

– Pay atonan! Guya sizin ürəyinizdən keçmir elə şeylər. Lap yaxşı keçir, vallah! Alışıb yanırsınız, ancaq eşidən-bilən nə deyər deyə içinizdə qovrula-qovrula dözürsünüz və yalnız bu yanğınızı söndürmək üçün tələsik birini tapıb ərə getmək istəyirsiz. Getdiyiniz oğlanla xoşbəxt ola biləcəksiniz, ya yox, bunu heç düşünmürsünüz də. Mən isə istədiyimi subaylıqda edə bilirəm deyə tələsmirəm. Kiminlə ailə quracağımı yüz ölçüb bir biçməyə vaxtım çox olacaq.

– Birincisi biz heç nə üçün alışıb-yanmırıq, xəyalın özünə getməsin! – Əsmər onun mentalitetlə daban-dabana zidd olan fikirlərinə etirazını bildirdi. – İkincisi, mən anlaya bilmirəm, sən ailə quracağın adamın üzünə necə baxacaqsan?

– Lap yaxşı baxacam, – Fərihə forsla cavab verdi. – Mənim keçmişimin ona nə dəxli var axı? Əsas odur, mən sevdiyim biri ilə nigah bağlayıb həmişəlik ona sadiq olacam.

– Bax, buna heç inanmıram, – Əsmər əlini acıqlı halda yelləyib qızlardan uzaqlaşdı.

Sonra Fərihə avtobusda Bəndər adlı bir oğlanla tanış oldu. Nişanlandılar. Əsmər eşitdi ki, qız nişanlanandan sonra da Samir ondan əl çəkmirmiş. Bir dəfə tənəffüs zamanı qrup uşaqlarının hamısı bufetə getmiş, auditoriyada təkcə Əsmər qalmışdı. Samir gəlib ondan Fərihəni soruşdu. Bu zaman Əsmərin gah üzünə, gah da mütənasib əndamına zillənən baxışlarında qızı ürküdən xoşagəlməz bir şey vardı. Fərihənin yerini bilmədiyini deyərək fınxırıb oğlandan əvvəl otağı tərk etdi.

O günlər Fərihənin çətin günləri idi və qızlar Samirdən qurtulmaq üçün ona müxtəlif məsləhətlər verirdilər.

Nəhayət, universiteti bitirmələrinə bir neçə ay qalmış Fərihə Bəndərlə evləndi. Əsmər də Qönçə ilə birlikdə onların toyunda iştirak edirdi. O gün bəylə gəlin hər kəsin gözündə çox xoşbəxt görünürdülər.

Dördüncü kursun əvvəllərində, daha dəqiq 28 oktyabrda Lamiyə öz vatsapının hekayəsində qardaşı Eyvazın fotosunu paylaşaraq altından, “Doğum günün mübarək olsun, yaraşıqlı qaqaşım!” – yazmışdı. Oğlanın əynində cins şalvar, qara köynək və bəyaz gödəkcə vardı. Foto dənizkənarı bulvarda çəkildiyi üçün əsən meh qalın qara saçlarını dağıdaraq bir hissəsini alnına tökmüşdü. Ağ sədəf dişləri görünürdü. Lakin Əsmərin diqqətini daha çox oğlanın gözləri cəlb etdi və onu bəyənmədi. Yox, Eyvazın gözləri heç də pis deyildi. Əksinə, yaraşığı ən çox elə gözlərində idi. Amma baxışları… Bu baxışlar nədənsə qıza Samiri xatırlatdı. Bəlkə də, ona görə ki bir vaxt Samir ona belə bir baxışla baxıb hiddətləndirmişdi.

Dəstədəki digər qızların isə Eyvazın fotosuna münasibəti fərqli idi. Qönçə öz telefonunda paylaşıma doya-doya baxıb gülümsəyərək:

– Mənim də adımdan yaraşıqlı qaqaşını təbrik elə, – dedi.

Lamiyə cavabında təəccüblənərək güldü:

– A-a-a, nə deyim?

– Nə deyəcəksən, de ki, Qönçə adında dünya gözəli bir rəfiqəm var, sənin doğum gününü təbrik edir.

– Yaxşı, gözüm üstə! Təbrikini məmnuniyyətlə çatdıraram, canım.

Eyvazın fotodakı baxışının mənasını, deyəsən, Əfsanə də oxuya bilmişdi. Şəklə baxanda qaşlarını nazla oynatdı və:

– Qardaşın çapqın birinə bənzəyir ha, Lamiyə, – deyərək ucadan qəhqəhə çəkdi. Qızlar da onun gülüşünə qoşuldular.

– Gözün çıxmasın sənin, hardan bildin? – Lamiyə də güldü və sonra birdən ciddiləşib əlavə etdi: – Elə demə, Eyvaz çox ağıllı oğlandır.

Fotoya acgözlüklə baxan Fərihə isə daha dərinə getdi:

– Bəndərlə nişanlı olmasaydım deyərdim, məni al buna.

– Sən öləsən elə! – Lamiyə forslandı və sonra rəfiqəsinin xətrinə dəyə biləcəyini düşünüb söhbəti zarafata salaraq güldü: – Qızlar ölürlər mənim qardaşım üçün, özü kimi istəsə, onunla da evlənəcək. Sən get, öz Bəndərindən bərk yapış.

Fərihə üzünü turşutdu:

– Yaxşı, ay qız, məəttəl deyiləm sənin qardaşın üçün. Ancaq biz birinci kursda oxuyanda tanış eləsəydin, bir-iki il yaxşı zaman keçirərdik, hər halda Samirdən yaraşıqlıdır.

O söhbətdən, təxminən, iki həftə sonra noyabrda Əsmər Eyvazı ilk dəfə canlı olaraq gördü. Sonuncu mühazirə də bitdi, beş rəfiqə birlikdə universitetin binasından çıxanda Lamiyə birdən heyrətlə səsləndi:

– A-a-a, qaqaşın burada nə işi var?

Binanın qarşısındakı meydançada təkcə dayanmış Eyvaz qollarını sinəsində çarpazlayaraq gülümsər baxışlarla onlara baxırdı. Əynində ona yaxşı yaraşan qara rəngli klassik kostyum vardı. Cəld qardaşına yaxınlaşan Lamiyə indicə səsləndirdiyi sualı onun özünə verdi:

– Burada nə gəzirsən, qaqaş?

Oğlan gözünü bacısının rəfiqələrindən çəkərək ona baxdı:

– Buralarda biri ilə görüşməli idim, işim bitəndə gördüm, sənin də dərsdən çıxan vaxtındı, dedim, evə birlikdə gedərik.

– Hə, yaxşı eləmisən…

Eyvaz yenə öz təmənnalı süzgün baxışları ilə qızları süzdü və bu zaman onun Əfsanə ilə Qönçəyə daha inadla baxması Əsmərin diqqətli nəzərindən yayınmadı.

– Bura bax, Lamiyə, – oğlan birdən dilləndi, – dərsdən çıxmısınız, acsınız, indicə qarşıdakı küçədə yaxşı lahmacun verilən bir yer gördüm, gedək, sizi qonaq edim. Nə deyirsən?

– Ay Allah, qaqaşım bizə qonaqlıq vermək istəyir, – Lamiyə bunu gülərək deyib üzünü qızlara tutdu: – Hə, nə deyirsiniz, gedək?

– Əla olar, mən acımışam, – birinci Əfsanə razılıq verdi.

Əsmər rəfiqəsinin qardaşı da olsa, yad bir oğlanla kafeyə getmək fikrində deyildi. Qönçə ilə evə gedib özlərinə makarondanfilandan hazırlamaları ona daha ağıllı görünürdü. Lakin bu an Qönçə həvəslə:

– Hə, gedək, – dedi.

Dönüb rəfiqəsinə narazılıqla baxdı:

– Yox, burada vaxt itirməkdənsə, evə gedək, mən nahardan sonra dərs hazırlamalıyam.

– Nahar hazırlamağa sərf edəcəyin vaxtı burada sərf et, nə fərqi var ki? – Qönçə ortaya məntiqli bəhanə atdı.

Vəziyyəti belə görən Lamiyə Əsmərə nəsə deməyə imkan verməyib qolundan dartdı:

– Çox danışmayın, gəlin gedək, yoxsa qaqaşım inciyər!

Əsmər çarəsiz qalıb rəfiqələrinə qoşuldu. Universitetin həyətindən küçəyə çıxanda Fərihə Lamiyəyə pıçıldadı:

– Lamoş, vallah, sevə-sevə gələrdim sizinlə, ancaq yaxşı bilirsən ki, Bəndər qısqancın biridir, sonra görüb eləyər, ya kimsə görüb xəbər verər, yaxşı düşməz. Siz gedin, nuş olsun, mən evə gedəcəm.

Lamiyə təəssüflə çiynini çəkdi:

– Yaxşı, nə deyirəm, özün bil…

Fərihə onlardan ayrılıb yaxınlıqdakı avtobus dayanacağına doğru gedəndə onun arxasınca baxan Əsmər düşündü ki, qız indidən öz ixtiyarını başqasının əlinə verib. Bəli, bundan sonra onun həyatının necə keçəcəyini yalnız Bəndər müəyyən edəcəkdi. Bura getmək olar, ora yox, bunu geymək olar, onu yox, bununla görüşmək olar, onunla yox. Həmin an Fərihəyə yazığı gəldi…

Masanın arxasında əyləşib lahmacun yeyirdilər. Eyvazın sağında bacısı, solunda Əfsanə oturmuşdu. Qönçə ilə Əsmər isə oğlanla üzbəüz idilər. Qönçənin də, Əfsanənin də kefləri kök idi. Deyib-gülürdülər. İlk dəqiqələrdə bir qədər sıxılan Eyvaz da artıq açılışmışdı, onlarla sərbəstcə danışır, hətta bəzən şux zarafatlar edirdi.

Əsmərə tərəf isə heç baxmırdı. Sanki masanın arxasında belə bir adam yox idi. Əsmər yaman narahat idi, ürəyindən keçirirdi ki, bu yemək tez bitsin və hər kəs çıxıb öz evinə getsin. Bura gəlməyə razılıq verdiyi üçün Qönçəyə də acığı tutmuşdu. Təkcə ona görə yox ki, Eyvaz onu dindirib-danışdırmır, hamının nəzərindən kənarda qalıb, həm də ona görə ki xarakterinin əksinə olaraq yad bir oğlanla eyni masa arxasında oturmuşdu.

Eyvaz gülümsəyərək bacısına müraciətlə:

– Yaman gözəl rəfiqələrin varmış, Lamiyə, – dedi, – Bəs bunları niyə indiyə kimi mənimlə tanış etməmisən?

– Axır ki, tanış etdim də, – Lamiyə də gülümsədi.

– İndi? Universiteti bitirənə yaxın?

– Guya əvvəl tanış etsəydim, nə olacaqdı ki? – qız sağ qaşını yuxarıya doğru dartdı. – Bura bax ha, bunlar sənin tanıdığın gözəlçələrdən deyil, ağıllı qızlardır.

– Məgər mən dedim ki, ağılsızdırlar?

“Sənin tanıdığın gözəlçələrdən…” Lamiyə, yəqin, özü də bilmədən qardaşının indiyə kimi çox qızlarla tanış olduğunu dilinə gətirmişdi. Bunu düşünəndə Əsmər kinayə ilə üzünü turşutdu.

Kafedən çıxıb səkidə bir qədər addımlayandan sonra ilk olaraq Əsmərlə Qönçə digərlərindən ayrılmalı oldu. Avtobusa minmək üçün küçənin o biri tərəfinə keçməli idilər. Ayrılanda Eyvaz birinci Qönçənin əlini sıxdı:

– Səninlə tanış olmağıma çox şadam, Qönçə, inşallah yenə görüşərik.

– Mən də çox şad oldum, – Qönçə nazlandı. – Lahmacuna görə də təşəkkürlər!

– O nə sözdür, nuş olsun!

Bunu deyən Eyvaz Əsmərə əl uzatmağa imkan tapmamış Əsmər dodaqucu, “Sağ olun” – deyərək uzaqlaşdı və yalnız küçəni keçəndən sonra Qönçə arxadan güclə ona yetişə bildi:

– Ay qız, yavaş yeri də, hara qaçırsan?

Əsmər onu məzəmmətli baxışlarla süzüb başını buladı:

– Sən qalıb bir az da söhbət edə bilərdin.

Qönçənin üzü bəxtəvərcəsinə gülürdü. Nəsə deyəcəkdi ki, avtobus gəldi və sözünü kəsib Əsmərin arxasınca salona qalxmalı oldu…

Üçüncü fəsil

QORXUNC HADİSƏNİN TƏK ŞAHİDİ

– Bu nə işdir axı, ay bala? – Babakişi hələ cavab almadığı sualını təkrarladı.

Eyvaz ona sarı dönüb başını kədərlə buladı:

– Mən… Bilmirəm… Heç nə bilmirəm…

– Bəs evdə deyildin?

– Evdə idim… Yatmışdım. Səs-küyə oyandım, gördüm evdə yoxdur… Pəncərədən baxıb adamları gördüm…

– Atangil evdədirlər?

– Yox… Bacımgilə getmişdik, onlar orada qaldılar, mən qayıtdım. Yerimə girib yatdım… Haradan ağlıma gələ bilərdi ki, bu zalım qızı intihar edəcək?

Hadisə yerinə yığışanların əksəriyyəti onu inamsız, hətta istehzalı baxışlarla süzürdülər. Bəziləri isə Səxavətə baxırdı. Amma Səxavət daha danışmaq fikrində deyildi.

Əvvəl bir polis avtomobili, onun ardınca ağ rəngli “Opel” həyətə daxil olub düz blokun qapısı önündə dayandı. Polis avtomobilindən kapitan, leytenant və çavuş rütbəli üç polis, “Opel”dən tünd mixəyi kostyumlu gənc kişi enərək buraya toplanmış adamlara yaxınlaşdılar. Səxavət qulağına gələn pıçıltılardan bildi ki, mülki geyimli gənc kişi prokurorluğun müstəntiqi Rasim Nəsibli, kapitan isə polis bölməsindən təhqiqatçı Elçin Əliyevdir.

Müstəntiq yerdə uzanmış qadına yaxınlaşıb əlinin arxası ilə boynuna toxunaraq:

– Nəbzi vurur, hələ ölməyib, – deyə asta səslə dilləndi və sonra üzünü məhəllə sakinlərinə tutaraq soruşdu: – Ambulans çağırmısınız?

– Bəli, çağrılıb, – kimsə dedi, – siz gəlib çıxdınız, amma onlardan hələ səs-səmir yoxdur.

– Hm-m… – Nəsibli başını bulayaraq cib telefonu ilə təcili yardıma zəng vurdu və əlaqə yaranan kimi səsini qaldırdı: – Sizə məlumat veriblər ki, Namiq Vəliyev 12 ünvanında yaralı var, harda yatıb qalmısınız? – Azacıq dinləyib daha acıqlı səslə əlavə etdi: – Vicdanınız olsun, burada insan ölür axı!?

Telefonu cibinə qoyandan sonra üzünü adamlara tutaraq:

– Qadının ailəsindən kim var burada? – deyə sual verdi.

Bir neçə adam ona Eyvazı göstərdi və:

– Həyat yoldaşıdır, – deyə onlardan biri məlumat verdi.

Müstəntiqlə polislər üzdən, az qala, canlı meyitə bənzəyən ərə baxdılar. Nəsibli soruşdu:

– Adınız, soyadınız?

– Rəhimli Eyvaz…

– Nə baş verib burada?

– Mən… – Eyvaz boğuq səslə dilləndi. – Atam, anam və mən bacımgilə getmişdik. Bacım oğlunun ad gününə. Yoldaşım isə uşaqlarla mənzildə qalmışdı. Bacımgildə yeyib-içdik. Bacım atamgili buraxmadı, orada qaldılar. Bacımın qaynı maşını ilə məni buraya gətirib sonra öz evinə getdi. Mənzilə çıxandan az sonra yatağa girib yatdım. Bir də qışqırıq səsinə ayıldım, gördüm, Əsmər yanımda deyil. Keçib salonun pəncərəsindən aşağı baxdım, adamların buraya yığışdığını görəndə məsələni anladım…

– Hansı məsələni anladınız?

– Əsmərin intihar etdiyini anladım…

– Deməli, mənzildə ikinizdən və uşaqlardan başqa kimsə yox idi?

– Xeyr, yox idi.

– Deyirsiniz ki, həyat yoldaşınız intihar edib?

– Başqa nə ola bilər axı?

– Vətəndaş, bunu mən sizdən soruşmalıyam, siz məndən yox. İntihar etməsinə sizin bildiyiniz bir səbəb vardımı?

– Yox… Ağlıma heç nə gəlmir…

Eyvazı danışdıran müstəntiqin bir gözü yaralı qadında idi. Diqqətini nə cəlb etdisə, yenə ona yaxınlaşıb aşağı əyildi. Qadının sağ əlindən tutub azacıq qaldırdı. Səxavət bu zaman diqqət yetirib gördü ki, qadının indiyə kimi yumulu olan sağ əli açılıb. Sonra müstəntiq bəzək kollarının arasında bir dizi üstə çökdü və ayağa qalxanda əlində tutduğu nəsə kiçik bir şeyi kapitan Əliyevə göstərərək:

– Bu, pəncərədən atılanda qadının əlində olub, – dedi.

– Hə-ə… – kapitan şübhəli baxışlarını əvvəl Eyvazın üzünə dikdi, sonra yenə Nəsiblinin ovcundakına baxdı.

Eyvaz başını narahat halda irəli uzadaraq müstəntiqin əlində tutduğu əşyanı görməyə çalışdı:

– O nədir elə?

– Sən geriyə dur! – kapitan ona acıqlandı və səsini alçaldıb müstəntiqə:

– Onda belə çıxır ki, bu intihar deyilmiş, – dedi.

– Əlbəttə, intihar deyil… – Nəsibli fikirli halda cavab verdi. – Hələ mən indicə burada başqa bir şey də gördüm və deyəsən, bunun üzərində çox baş sındırmalı olacam.

– Nə gördünüz ki? – kapitan maraqla soruşdu.

– Sonra deyərəm…

– Cənab müstəntiq, – Babakişi birdən ona səsləndi, – Eyvaz, yəqin ki, düz danışır, məclisdən gəlib yatıb, heç nədən xəbəri olmayıb. Ancaq bu zavallı gəlin intihar etməyib, onu mənzilin pəncərəsindən aşağı zorla atıblar. Hadisəni görən olub.

– Görən olub? – müstəntiq mənalı nəzərlə kapitan Əliyevə baxıb üzünü yenə Babakişiyə çevirdi: – Kimdir o şahid?

Taksi sürücüsü əli ilə Səxavəti göstərdi:

– Bu kişini deyirəm. Üzbəüz binanın ikinci mərtəbəsində olur. Hər şeyi öz balkonundan görüb.

Polis kapitanı Səxavəti bir az da yaxına çağırdı:

– Bura gəl görüm, ay kişi, özünü təqdim elə.

Səxavət ona tərəddüdlə yaxınlaşdı:

– Məmişov Səxavət Hüseyn oğlu.

– Danış görək, nə görmüsən?

– Onu atdılar…

– Kimi?

– Bu qadını… – yerdə uzanıb can verən qadını göstərdi.

– Kim atdı?

– Bilmirəm…

– Vətəndaş, belə olmaz, nə görmüsənsə, başdan danış. Həm də ən xırda detalı belə unutmadan.

– Balkona çıxdım… Elə həmin vaxt bu binanın ən yuxarı mərtəbəsindən çığırtı səsi eşitdim. Başımı qaldırıb baxanda yeddinci mərtəbədə yeganə işıq yanan pəncərədən bir kişinin qadını aşağı atdığını gördüm. Qadın elektrik xəttinə toxunub sonra yerə düşdü. Onu atan kişi isə pərdəni tələsik qapayıb pəncərədən çəkilərək otağın işığını söndürdü.

– Balkona niyə çıxmışdın?

– Siqaret çəkməyə.

– Deyirsən ki, qadın çığırtısı eşitdin. Bu necə bir çığırtı idi?

– Necə yəni? – Səxavət gözlərini döydü.

– Yəni çığıran qadın kiminləsə dalaşırdı, söyürdü, yaxud imdad diləyirdi?

– Onun, “Ay Allah!” – deyə çığırtısını aydın eşitdim. Başqa bir şey anlamadım.

– Deməli, qadın çığırıb kömək istəyirdi?

– Bəli… Şəxsən mənə elə gəldi ki, o kömək istəyir…

– Onu atan adamın kişi olduğuna əminsiniz? – sualı bu dəfə müstəntiq verdi.

Səxavət sualdan duruxdu:

– Doğrusunu desəm, mənim gözlərim son vaxtlar o qədər də yaxşı görmür, amma düşünürəm ki, həmin qatil kişi idi.

– Bunu nəyə əsasən deyirsiniz?

– Nə bilim… Kişi idi də… Mən elə gördüm…

– Deməli, qadını aşağı tulladı, sonra da pəncərədən çəkilib işığı söndürdü?

– Qadını atandan sonra pəncərədən onun arxasınca aşağıya boylandı, sonra tez də geri durub pərdəni çəkdi. Bir-iki saniyə sonra isə işıq söndü.

Müstəntiq Nəsibli ilə kapitan Əliyev baxışdılar. Müstəntiq bayaqdan ovcunda saxladığı əşyanı çantasına qoyaraq üzünü Səxavətə tutdu:

– Sabah gündüz saat 10:00-da prokurorluqda olun, sizin izahatınızı alacağıq.

Səxavət çaşıb qaldı. İndi, yəqin, onu günlərlə get-gələ salıb polisin, prokurorluğun yolunda süründürəcəkdilər. Bu qadını, bəlkə də, öz əri öldürmüşdü və məhz onun şahidliyi ilə həbs ediləcəkdi. Öz başına iş açdığını düşünüb dilxor oldu. Gərək gördüyü dəhşətli mənzərə barədə ağzını açıb kimsəyə bircə kəlmə deməyəydi. Ağlı kəsəndən həmişə xəta-bəladan uzaq olmağa çalışmışdı, indi isə budur, ağır cinayətin şahidi kimi kiminsə azadlıqdan məhrum edilməsinə səbəb olacaq, özünə düşmən qazanacaqdı. Həm də gör necə bir düşmən? İsrafil kişinin tərs və kəmfürsət biri olduğunu məhəllə sakinlərindən az eşitməmişdi. Handan-hana zəif səslə dilləndi:

– Əlbəttə, gələrəm, cənab müstəntiq, lakin mən sabah səhər tezdən marşruta çıxmalıyam.

Bu bəhanə müstəntiqi qane etmədi:

– İş yoldaşlarınızdan birinə zəng vurub deyin, sabah sizi əvəz eləsin. Saat onda sizi prokurorluqda gözləyəcəm.

– Baş üstə, gələrəm, – çarəsiz halda mızıldandı.

Kapitan hadisə yerinə toplaşanlara bir-bir göz gəzdirib:

– Hadisənin başqa şahidi varmı? – deyə soruşdu.

Heç kəsdən səs çıxmadı. Belə məlum olurdu ki, hadisənin intihar cəhdi olmadığına yeganə şahid Səxavətdir…

Bu zaman:

– Qadın ayıldı! – deyə kimsə ucadan səsləndi.

Hər kəsin diqqəti yenidən yaralıya yönəlmişdi. Səxavət ona yaxın dayandığı üçün yerində necə çırpındığını görürdü. Müstəntiq cəld özünü irəli atıb can verən qadına doğru əyildı:

– Dili geriyə qatlanaraq nəfəs borusunu tutub, dartıb yerinə gətirmək lazımdır, – dedi və dərhal da qollarını çırmalayıb işə başladı.

Yaralıya yaxınlaşıb dizlərini yerə atmış kapitan da gənc qadını həyata qaytarmaq üçün nəsə etməyə çalışırdı.

– Alınmır! – müstəntiq həyəcanla çığırdı. – Dilini tuta bilmirəm, sürüşüb əlimdən çıxır. Kəlbətin lazımdır!

– Deyir, kəlbətin lazımdır…

Səxavət ətrafındakı adamlara baxıb acizanə səslə zarıdı. Lakin nə o özü, nə də başqa biri kəlbətin dalınca getməyə cəhd göstərmədi. Hamı şok vəziyyətində idi. Nəhayət, bir oğlan:

– Mən bu dəqiqə gətirərəm, – deyərək yan tərəfdəki binaya doğru yüyürdü.

Adamlar onun ardınca baxıb dərindən nəfəs aldılar. Onlar indi sanki həmin cavan oğlanın gətirəcəyi kəlbətinə sehrli bir şey, özünə isə can verməkdə olan qadının qəhrəman xilaskarı kimi baxırdılar. Dili açılmış adamlar danışmağa başladılar. Sanki hər kəs özündə mütləq nəsə demək zərurəti hiss edirdi:

– Ambulans hansı cəhənnəmdə qaldı? Niyə gəlib çıxmır?

– O gün bizim arvad koronavirusa yoluxanda zəng vurdum, düz bir sutka sonra gəldilər. Allahları yoxdur onların.

– Əşşi, nə veclərinə?!

– Ambulans gələnə kimi yaşamaz bu bədbəxt…

– Hə… Zarafat deyil, yeddinci mərtəbədən düşüb.

– Bunu elektrik çarpıb, yoxsa məftillərə toxunub sonra da kolların üstünə düşdüyü üçün az əzilmiş olardı.

– Kəlbətin gətirən olmadı? Burada boş-boş danışmaqdansa, bir işə yarayaydınız, – polis kapitanı kobud səslə bağırdı.

– Oğlan getdi, indi gətirər, – kimsə ona cavab verdi.

Eyvaz yaralıya ilkin tibbi yardım göstərməyə çalışan müstəntiqlə polis kapitanının başı üstündə sual işarəsi kimi görünüş alıb titrəyirdi. Ölmək üzrə olan həyat yoldaşına canı yanırdı, həbs olunacağı üçün qorxu keçirirdi, yoxsa yanvar gecəsinin soyuğundan titrəyirdi, anlamaq çətin idi.

Müstəntiq birdən yerində dikəlib təəssüflə başını buladı:

– Vəssalam, daha heç nə lazım deyil buna…

Kapitan da ayağa qalxdı. Üzünü dərin kədər bürümüş gənc müstəntiqlə müqayisədə onun laqeyd bir görkəmi vardı:

– Hər halda biz həyata qaytarmaq üçün əlimizdən gələni elədik, – dedi və meyitdən aralandı.

– Yəni deyirsiniz, keçindi? – Babakişi bunu elə təəccüblə soruşdu ki, sanki yeddinci mərtəbədən atılmış, üstəlik elektrik vurmuş adamın ölmək ehtimalı yox imiş.

Müstəntiq ona qəribə nəzərlərlə baxıb:

– Bəli, keçindi, Allah rəhmət eləsin! – dedi.

– Öldü? – sanki nə baş verdiyini yalnız indi anlayan Eyvaz titrək səslə dillənib meyitə bir az da yaxınlaşdı. Dizləri üstə yerə çöküb ağlamağa başladı. Səxavət onun hıçqırıqlar içində dediyi qırıq-qırıq kəlmələri güclə eşidib anlaya bilirdi:

– Sənə nə oldu, Əsmər? Kim elədi bunu? Bəs mən indi nə edəcəm? Elmirin, İncinin üzlərinə necə baxacam? Onlara necə deyəcəm ki, ananız daha yoxdur?..

Müstəntiq Nəsibli astadan polis kapitanına:

– Mənzilə qalxıb ilkin baxış keçirməliyik, – dedi.

Başı ilə razılığını bildirən Əliyev yerə çöməlmiş Eyvazı çiynindən yapışaraq ayağa qaldırdı:

– İndi burada zırıldamağın bir xeyri yoxdur. Gecdir artıq! Düş qabağımıza, mənzilinizə baxacağıq.

Eyvaz mütilik göstərib onlarla blokun qapısına doğru getdi. Kapitan Əliyev leytenanta tapşırdı ki, meyitin yanında qalıb tibbi ekspertizaya göndərmək üçün ambulansı gözləsin. Müstəntiq, kapitan və çavuş Eyvazla birlikdə binaya daxil olub gözdən itdilər.

Onlar binaya girən kimi ortaboylu, arıq leytenant meyitə yaxınlaşdı. Ona bir dəqiqə laqeydcəsinə nəzər salıb,ağzını geniş açaraq əsnədi. Sonra saatına baxıb başını buladı. Yəqin, düşünürdü ki, bu iş bitsəydi, evə gedib isti yatağında yatardı.

Blokdan əynində cins şalvar və dəri gödəkcə olan gənc, gözəl bir qadın çıxıb çəkingən addımlarla buraya toplaşmış adamlara yaxınlaşanda Səxavət onun Cəmalə olduğunu tanıdı. Hadisə baş vermiş bu binanın ikinci mərtəbəsində 31 nömrəli mənzildə narkoman ərindən boşanandan sonra tək yaşayırdı. Məhəllədə hər kəsin tanıdığı sakinlərdən biri də bu xanım idi. Həm gözəlliyinə görə, həm də tanınmış həkim Ələkbərlinin qızı olduğuna görə. Məhəllə sakinləri ilə elə də çox salam-kəlamı yox idi. Deyilənə görə, hansısa şirkətdə çalışırdı və səhərlər geyinib-geçinib işə gedir, bir də axşamüstü qayıdırdı. Hə, bir də deyirdilər ki, qardaşı polis mayorudur, rayonun hansısa polis bölməsində rəis müavini işləyir.

Cəmalə əvvəlcə ətrafına boylanıb adamların üzlərinə göz gəzdirdi. Sanki kimisə axtarırdı. Sonra meyitə doğru bir neçə addım atıb dayandı. Başını kədər və təəssüflə bulayıb polis leytenantına xitabən astadan, kədərli səslə dilləndi:

– Ölüb?

Leytenant, yaşı otuzdan az görünən cazibədar xanımın qarşısında özünü yığışdırdı:

– Bəli, xanım, az əvvəl keçindi.

– Necə olub bu? İntihar edib? Səbəbi bilinir?

– Xeyr, intihar deyil, qəsdən adam öldürmədir, pəncərədən zorla atıblar.

– Elə şey olar? – Cəmalə inamsızlıqla çiyinlərini çəkdi.

Leytenant gülümsədi:

– Olar, gözəl xanım, niyə olmur? Həyatda hər şey ola bilər.

– Hansı alçaq edib bunu? – Cəmalə meyitə baxa bilməyib üzünü çevirdi.

– Hələ dəqiq bilinmir, ancaq ərindən şübhələnirik. Hadisə zamanı mənzildə olduğunu özü boynuna aldı, – leytenant dedi və istehza ilə gülüb əlavə etdi, – Guya kimsə mənzilinə girib arvadını pəncərədən atanda bu cənab yataq otağında yatıbmış.

– Hm-m… Açığı, sizin şübhəniz mənə inandırıcı gəlmədi. Kişi öz arvadını gecə vaxtı pəncərədən niyə atsın ki? Həm də belə yataq geyimində, yarıçılpaq…

– Hər adını kişi qoyan da kişi olmur axı.

– Nə bilim…

Cəmalə xanım bunu deyib dönərək blokun qapısına doğru addımladı. Ancaq deyəsən, bayaqdan yuxusu gələn leytenant onunla söhbətdən doymamışdı.

– Siz bu qadını tanıdınız, xanım? – deyə arxasınca səsləndi.

Cəmalə bir anlıq ayaq saxladı:

– Eyni blokda oluruq, əlbəttə, tanıdım.

– Bu gün onu görmüşdünüz?

Leytenant bu sualını bir az da ucadan səsləndirdi. Lakin Cəmalə onu eşitmirdi, sürətli addımlarla blokun qapısından girib görünməz olmuşdu…

Bir dəqiqə keçdi və az əvvəl müstəntiqlə mənzilə qalxmış çavuş həyətə çıxıb üzünü buraya yığışmış adamlara tutdu:

– Babakişi hansınızsınız?

Adamlar əvvəl təəccüblə bir-birilərinə, sonra isə Babakişiyə baxdılar. Taksi sürücüsü özünü qabağa verdi:

– Mənəm. Nə olub ki?

– Mənimlə gəlin!

Kişi bir söz demədən çavuşla birlikdə binaya daxil oldu. Oğlu Tərlan onların ardınca bir anlıq narahatlıqla baxandan sonra o da blokun qapısından içəri girdi.

– Burada nəsə əcaib işlər baş verir, – adamların arasından bir gənc oğlan mızıldandı. – Allah axırını xeyir eləsin!

Bərbər Kazım onun sözünü təsdiqlədi:

– Düz deyirsən, qardaşoğlu, adamın ağlına batan şey deyil bu iş. Gecənin bu vaxtı qadını pəncərədən tullayan adam ya gərək narkotik maddə vurmuş olsun, ya sərxoş, ya da ruhi xəstəxanadan qaçmış dəli. Şəxsən mən bu işdən heç nə anlaya bilmirəm.

– Həqiqət üzə çıxar, onda hər şeyi anlayarıq, Kazım dayı.

– İnşallah, qardaşoğlu!

Ambulans, nəhayət, gəlib çıxdı. İki tibb işçisi meyiti xərəyə uzadaraq maşının salonuna qoydular. Maşın hərəkətə gələrək blokun qarşısından uzaqlaşanda buraya toplaşanlar arasında soyuğa dözməyənlər ikibir-üçbir aralanıb evlərinə getdilər. Yeddinci mərtəbəyə qalxmış müstəntiqi gözləmək istəyənlər isə yerlərində qalmışdılar. Onlardan biri də gördüyü dəhşətli mənzərəni hələ də qavraya bilməyən Səxavət idi.

Çox gözləmək lazım gəlmədi. On-on beş dəqiqə keçmiş müstəntiq Rasim Nəsibli öndə olmaqla kapitan Əliyev, polis çavuşu və Eyvaz həyətə endilər. Nəsibli meyitin yerində olmadığını görüb leytenantdan:

– Gəlib apardılar? – deyə soruşdu.

– Bəli, cənab müstəntiq, – leytenant cavab verdi, – apardılar.

Nəsibli baxışları ilə axtarıb adamların arasından Səxavəti tapdı. “Sabah gecikməyin”, – deyib üzünü Eyvaza tutdu:

– Siz də keçin, oturun maşına!

– Cənab müstəntiq, iki balamın əziz canlarına and içirəm ki, mənim bu işdə günahım yoxdur, – Eyvaz yalvarış dolu baxışlarını müstəntiqin üzünə dikib, az qala, zarıdı, – sabah hansı saatda desəniz, prokurorluğa gəlib ifadəmi verərəm.

– Yox, indi aparacağıq sizi, – müstəntiq başını buladı.

Gənc polis leytenantı kapitan Əliyevin işarəsi ilə Eyvazın qollarına qandal vuraraq onu polis maşınının saxlananlar üçün nəzərdə tutulmuş arxa hissəsinə oturtdu. Bir dəqiqə sonra müstəntiqlə polislər də avtomobillərə əyləşib hadisə yerini tərk etdilər. Hələ də burada qalıb bir qədər əvvəl törədilmiş amansız qətli müzakirə etmək həvəsində olanlar vardı. Amma Səxavət onlara əhəmiyyət verməyib mənzilinə qayıtdı.

Ailə üzvləri yatmayıb onu gözləyirdilər. Üçünün də təlaş və sonsuz maraq ifadə edən baxışları üzünə zillənmişdi. Onun danışmadığını görəndə birinci Bənövşə dilləndi:

– Danışsana, ay kişi, maraqdan bağrımız çatladı, kim imiş pəncərədən düşən?

Səxavət başını kədərlə yelləyib cavab verdi:

– İsrafil adında usta var, yaşlı, xəstə adamdır, onun gəlinini atıb öldürüblər. Ərinin adı Eyvazdır.

– Ay aman! – arvadı qadınlara xas olan sövq-təbii hərəkətlə yanağını cırmaqladı. – Məhluqənin gəlinini? Əri, deyilənə görə, yaxşı adam deyil, amma Məhluqə özü mələk kimi arvaddır.

– Məhluqə filan tanımıram. Mən uzaqdan-uzağa İsrafili tanıyırdım, dedilər ki, onun gəlinidir öldürülən. Adı da Əsmər imiş gəlinin.

– Onu da tanıyırdım. Arıq, qarayanız gəlin idi, adamın Allahı var, abırlı-həyalı birinə bənzəyirdi. Kim atıbmış onu?

– Bilinmir hələ. Ərini danışdırdılar. Dedi ki, arvadı evdə uşaqlarla tək qalıbmış. O özü isə bir məclisdə imiş. Evə gələn kimi yatağına girərək yatıb. Sonra bir də səs-küyə ayılaraq arvadını mənzildə görməyəndə pəncərədən aşağı baxıb və həyətdə toplaşan adamları görən kimi məsələni anlayıb.

– Yalan danışır, ay ata, – oğlu söhbətə qarışdı. – Elə o özü öldürüb arvadını. Yəqin, ki, namus məsələsinə görə. Ola bilər ki, evə qayıdanda içəridə yad kişi görüb.

– Polislər gedəndə qollarını qandallayıb apardılar.

– Bax görürsən, deməli, onlar da Eyvazdan bilirlər qətli.

Səxavət oğluna məzəmmətlə baxdı:

– Ancaq insafla deyəndə elə adama bənzəmir heç.

– Tanıyıram, əşşi, ucaboy oğlandır, şirkətdə mühafizəçi işləyir. Özündən çox razı biridir.

– Hə, Eyvazla mən də bir-iki dəfə həyətdə rastlaşmışam… – bayaqdan susub dayanmış İntizar dedi və nədənsə duruxub sözünü yarımçıq kəsdi.

Səxavət qıza fikir verməyib söhbətinə davam etdi:

– Mən oraya çatandan, təxminən, beş-altı dəqiqə sonra blokdan tanımadığım bir adam çıxdı. Nəsə şübhəli göründü mənə. Taksi şoferi Babakişi də gördü onu. Baxışından hiss etdim ki, tanıyır həmin adamı.

– Sonra necə oldu o adam? – sualı Ziya verdi.

– Qapıdan çıxıb bir anlıq bizə baxdı və sürətlə çıxıb getdi. Tanınmamaq üçün paltosunun boyunluğunu qaldırmışdı.

– Görürsən, mən deyəndir. Əsmərin yanında yad kişi olub. Sənin gördüyün həmin adam. Və əri onları bir yerdə tutub.

Səxavət hələ də paltosunu soyunmadan otağın ortasında ayaqüstə durmuşdu. On doqquz yaşlı tələbə oğluna bir qədər sərt nəzərlə baxıb şəhadət barmağını havada yellədi:

– Ziya, oğlum, bu sözümü qulağında sırğa elə, heç vaxt bir qadın barədə belə ittihamla danışma. Ümumiyyətlə, kiminsə haqqında dəqiq bilmədiyin, gözlərinlə görmədiyin bir şeyi dilinə gətirmə. Yaxşı?

– Yaxşı, ay ata, nə dedim ki? – Ziya incik halda dillənib yataq otağına getmək üçün onlardan ayrıldı. – Sadəcə fikrimi bildirdim, yoxsa nəyimə lazımdır?!

– Siz də yatın, – Səxavət bunu arvadı ilə qızına deyərək özü balkona çıxdı.

Artıq həyətdə kimsə görünmürdü. Elə bir sakitlik hökm sürürdü ki, sanki bir-iki saat əvvəl burada o dəhşətli hadisə olmamışdı. Qadının yataq geyimində yeddinci mərtəbədən aşağıya doğru “uçduğunu” gözləri önünə gətirəndə içindən soyuq titrəmə keçdi. Hələ qadının açıq elektrik məftillərinin üzərinə düşməsi. Son, çarəsiz çığırtı…

Düşündü ki, darda olan çarəsiz insanın çığırtıları arasında fərq var imiş. O, indiyə kimi kimlərinsə yalnız insanlardan yardım istəyən çığırtılarını eşitmişdi. Əsmər adlı bu gənc qadının son çığırtısı isə tamam başqa idi. Birdən-birə bunun səbəbi ona aydın oldu: Qadının son çığırtısı insanlardan yox, yalnız Allahdan imdad istəyən çığırtı idi. Elektrik məftillərinə çırpıldığı həmin müdhiş anda heç bir insan oğlu ona kömək edə bilməzdi, iş yalnız və yalnız Allaha qalmışdı. Allah isə ya bu talesiz qadının çığırtısını eşitmədi, ya da eşitdi və onun dünyadan köçməsini özü məsləhət bildi…

Görəsən, nə imiş bu talesiz gəlinin günahı? Oğlunun ciddi əminliklə, hətta ümumən gəncliyə xas ədəbazlıqla dediyi fikrini xatırladı. Doğrudanmı, bu qadın ərinin qonaqlıqda olmasından istifadə edərək evə yad kişi gətirmişdi? Yəni belə şey ola bilərdimi? Həm də mənzildə iki azyaşlı uşaq olduğu halda?

₺113,60

Türler ve etiketler

Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
15 aralık 2022
Hacim:
340 s. 1 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri
Metin, ses formatı mevcut
Ortalama puan 4,9, 32 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 25 oylamaya göre
Metin PDF
Ortalama puan 4,8, 5 oylamaya göre
Metin PDF
Ortalama puan 4,8, 30 oylamaya göre
Metin
Ortalama puan 4,7, 9 oylamaya göre
Metin
Ortalama puan 4,9, 13 oylamaya göre
Metin
Ortalama puan 5, 2 oylamaya göre
Ses
Ortalama puan 5, 19 oylamaya göre
Metin
Ortalama puan 4,7, 43 oylamaya göre
Metin PDF
Ortalama puan 4,7, 22 oylamaya göre