Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Susan qadın», sayfa 3

Yazı tipi:

Bənövşə barədə düşündü. Bu cəfakeş qadın ona həmişə sədaqət göstərmiş, namusu-qeyrəti ilə çalışıb dəstək olmuş, üç gül kimi övlad böyüdərək bu yolda saçlarını ağartmışdı. Səxavət ona özü qədər inanırdı. Qəti əmin idi ki, yerlə göy birləşsə də, hətta boşansalar və ya o ölsə belə, Bənövşə başqa bir erkəyə gözünün ucu ilə baxmaz. Elə Səxavətin özü də evlilikləri boyu arvadını aldatmamış, ona xəyanət etməmişdi. Bu düşüncə ona yad bir şey idi və indi balkonda dayanıb bunu bir anlıq xəyalından keçirəndə belə öz-özündən utandı.

Əgər oğlunun dediyi doğru idisə, artıq dünyadan köçmüş Əsmər adlı o gəlin ərinə xəyanət etmişdisə… Blokdan çıxıb gedən, daha doğrusu, qaçan yad adamı xatırladı. Görəsən, kim idi o? Hər halda hər kim idisə, düzgün adam deyildi, yoxsa bircə dəqiqəlik dayanıb gecə vaxtı adamların oraya niyə toplaşdığı ilə maraqlanardı. Taksi sürücüsü Babakişi də o adamı gördü və Səxavət əmin idi ki, kişi onu tanıdı. Bəs əgər tanıdısa, niyə polisə bu barədə heç nə demədi?

Əsən külək ağappaq, soyuq dənəcikləri üzünə vurmağa başlayanda düşüncələrindən ayrıldı. Qar yağırdı…

Dördüncü fəsil

SEÇİLMİŞ QURBAN

O gün evdə Əsmərin əhvalı üz-gözünü təbəssüm bürümüş Qönçənin tam əksinə olaraq heç də yaxşı deyildi. Özü barədə kədərli düşüncələrə dalmışdı. Qızlara qoşularaq Eyvazla kafeyə getməsinə peşman idi. Çünki orada insan yaşamı üçün ən vacib olan özünəinamı zədələnmişdi. Universitetin önündə Eyvazla rastlaşanda Lamiyənin bu tərifli qardaşı bacısının rəfiqələrinin hansındansa xoşlandığı üçün onlara lahmacun qonaqlığı təklif etdi. Xoşlandığı da ya Qönçə idi, ya Əfsanə, ya da onların hər ikisi. Hər halda Əsmər deyildi. Bu dəqiq idi, çünki masa arxasında o iki qızla deyib-gülən Eyvaz onun üzünə bir dəfə də olsun, baxmadı. Yəni əslində baxdı, ancaq baxmasaydı, daha yaxşı idi, o biri qızlara baxarkən gözlərində yaranan parıltı ona baxanda sönürdü sanki.

Qönçə nəyə görəsə həyətə enəndə bundan istifadə edib tez aynanın qarşısına qaçdı, dayanıb uzun-uzadı öz əksinə baxdı. Düşündü ki, görəsən, Qönçənin və ya Əfsanənin xarici görkəmcə ondan üstünlükləri nədədir? Əfsanə bir az açıq-saçıq geyinirdi. Əvvəllər belə geyinənlərə pis baxırdılar, indi isə sadəcə, “Cəsarətlidir” – deyirdilər. Kosmetikadan lazımınca istifadə edirdi. Qaşlarını aldırmış, uzun burnunu estetik əməliyyatla kiçiltdirmiş, üst dodağını gellə qabartmışdı. Pis görünürdü? Yox. Əsmər etiraf edirdi ki, Əfsanə bu görkəmdə cazibədar və qiymətli görünür. Bu “qiymətli” terminini elə Əfsanənin özündən eşitmişdi. Gözəlçə rəfiqəsi belə hesab edirdi ki, geyim əşyalarının qiymətli və ucuz olaraq ikiyə ayrılmasını elə qadınların özünə də şamil etmək olar. Özünə baxan, yəni həm üz gözəlliyinə, həm geyiminə diqqət yetirən qadınlar istər kişi, istərsə də digər qadınların nəzərində qiymətli bir varlıq təsiri bağışlayırlar.

Əfsanə bu “qiymətli” kəlamını bəyan edəndə Əsmər etirazını bildirib demişdi ki, sənin dediklərin yalnız zahiri görünüşə aiddir. Bəs qiymətli görünən o qadınla ünsiyyətdə olanlar onun mənəviyyatca cılız biri olduğunu aşkar edərsə? Onda yenə qiyməti yerində qalacaq, yoxsa aşağı düşəcək? Cavabında Əfsanə gülüb dedi ki, onda, əlbəttə, ucuzlaşacaq, ancaq onu tanıyanın nəzərində. Başqalarının nəzərində isə yenə qiymətli olaraq qalacaq…

Qönçə kosmetikadan çox az istifadə edirdi. Heç bir estetik əməliyyat etdirməmişdi. Yəni ehtiyacı yox idi buna və elə bu halı ilə Əfsanədən daha gözəl hesab edilirdi. Yaxşı, bəs onun Əsmərdən nəyi fərqli idi? O da elə Əsmər kimi saçlarını darayıb arxada sadə sancaqla bağlayırdı. Hə, saç imiclərində balaca bir fərq vardı: Qönçə başının sağ tərəfindən nazik bir topa ayıraraq üzünə salırdı. Bu gün də universitetə gedəndə elə etmişdi.

Güzgünün qarşısında dayanmış Əsmər saçlarından bir topa ayırıb eynən Qönçə kimi üzünə saldı. Bu adi və kiçik fəndin görünüşünü müsbətə doğru belə dəyişə biləcəyini gözləmirdi. Gülümsədi. Güzgüdəki əksinə baxaraq qərara gəldi ki, o heç də kifir biri deyil, hətta özünə əl gəzdirərsə, cəzbedicilikdə Qönçədən, Əfsanədən, Lamiyədən geri qalmaz…

Lamiyə qardaşının fotosunu öz vatsap hekayələrində tez-tez paylaşmağa başlamışdı. Müxtəlif məkanlarda çəkilmiş bu fotolarda Eyvaz fərqli geyimlərdə fərqli pozalar göstərməkdə idi. Qönçə ilə Əfsanə Lamiyəyə, “Qaqaşın daha nəyə görəsə universitetə gəlmir ha, gəlib bizi kafeyə aparmır” – kimi zarafatyana atmacalar atanda qız onlara yalnız gülümsəməklə cavab verib başından edirdi.

Hə, Lamiyə son vaxtlar nədənsə Əsmərlə daha mehriban idi. Hətta bir nömrəli rəfiqəsi olan Qönçədən daha artıq yaxınlaşırdı ona. Dərs zamanı eyni partada oturur, tənəffüsdə bufetə, tualetə birgə gedirdilər. Onun Qönçədən soyumasına heç bir səbəb yox idi. Hər halda Əsmər belə bir səbəb görmür, tələbəliyin bitməsinə bir neçə ay qalmış Lamiyənin ona birdən-birə belə yaxınlaşmasını anlaya bilmirdi. Bir də ki bu mövzuda o qədər də düşünüb baş sındırmırdı. Çünki necə olmasa, onlar elə əvvəldən eyni “dəstə”də idilər, rəfiqə sayılırdılar və Lamiyə, həqiqətən, səmimi, istiqanlı qız idi.

O vaxtlar Əsmərin məhz Lamiyə kimi sirdaşlara ehtiyacı vardı. Məsələ burasındadır ki, rayondan zəng vuran anası onu xalası oğluna vermək istədiklərini bildirmişdi. O isə Nurəddin adlı bu oğlanı əsla bəyənmirdi. Boyunun Əsmərdən bir neçə santimetr qısa olması bir yana dursun, yöndəmsiz, kobud və nadanın biri idi. Ancaq kim idi Əsməri eşidən? Nə anası, nə də atası onu eşitmək istəmirdilər. Anası deyirdi ki, artıq universiteti bitirirsən, ərə gedən vaxtındır, əgər indi getməsən, bir də ayılacaqsan ki, yaşın keçib, ondan sonra da sənə ancaq dul kişilər elçi düşəcəklər. Əsmər bu barədə universitetdə qızlarla dərdləşəndə Lamiyə ona möhkəm olmağı, anasının sözünə görə sevmədiyi, hətta bəyənmədiyi biri ilə ailə qurmamağı tövsiyə edirdi. Özündən misal çəkərək deyirdi ki, düzdür, mən də tələsdim, tez ailə qurdum, ancaq Urfanı özüm bəyənib qəbul etdim. Deyirdi ki, heç narahat olma, sən gözəl və ağıllı qızsan, tezliklə qarşına səni həqiqi mənada xoşbəxt edə biləcək elə bir oğlan çıxacaq ki, özün onunla ailə qurmaq istəyəcəksən. Onda artıq anangil də sənin seçiminə etiraz edə bilməyəcəklər.

Evdə isə bu barədə Qönçə ilə danışırdı. Həm də bu əsl dərdləşmə sayıla bilərdi, çünki Qönçənin də problemi onunku ilə eyni idi. Ona anası Sərdar adlı bir həmkəndlilərini uyğun görmüşdü. Oğlan Rusiyanın Barnaul şəhərində yaşayırmış, ticarətlə məşğul imiş. Qönçənin problemində fərq bundan ibarət idi ki, onu yola gətirməyə yalnız anası çalışmırdı. Atası, əmisi, dayısı, xalası, bibisi və daha kimlər zəng vurub, “Ağlını başına yığ, ay qız, bundan yaxşı namizəd tapa bilməyəcəksən” – deyə zəhləsini tökürdülər. Əsmər Sərdarın fotosunu görmüşdü, pis adama oxşamırdı. Zahiri görünüşü normal idi. Xasiyyəti də Qönçənin qohumlarının dediyi kimi “qızıldan” idisə, ona ərə getməyə dəyərdi. Bunu rəfiqəsinin özünə də deyirdi. Məsləhət görürdü ki, oğlanla görüşüb danışsın, xoşuna gəlsə, razılıq versin. Özü isə xalası oğlunu çox yaxşı tanıyırdı və ona ərə getməkdənsə, ömrü boyu subay gəzib qız qarımağı üstün tutardı…

Sərdar Rusiyadan Bakıya gəlib Qönçə ilə görüşdü. Görüşdən evə qayıdan Qönçə dedi ki, oğlana heç bir iradı yoxdur, amma içində bir şey hiss edə bilmir ona qarşı. Sonra anasına telefon açıb Sərdarla evlənməyə razılaşmadığını və ümumiyyətlə, hələ ailə qurmaq fikrində olmadığını bildirdi.

Mart ayı idi, deyəsən. Qönçə möhkəm soyuqlayıb yatağa düşmüşdü. Əsmər evdə olduğu saatlarda ona əlindən gəldiyi qədər qulluq edir, tez sağalması üçün hər gün bol acılı şorba bişirirdi. Xəstəlik bir həftə çəkdi və bu müddətdə Əsmər universitetə tək gedib-gəlirdi.

Həmin günlərin biri idi. Sonuncu dərs bitdi. Tələbələr ikibir-üçbir auditoriyanı tərk edərkən Lamiyə saçlarını düzəltmək və dodaq boyasını təzələmək üçün Əsmərə onunla birlikdə tualetə getməsini xahiş etdi. Əfsanə ilə Fərihə dəhlizdə sağollaşıb evlərinə yollandılar. Tualetdən çıxanda qrup uşaqlarının hamısı getmişdilər. Pilləkənlə aşağı enib həyətə çıxdılar. Bir neçə addım atmışdılar ki, arxadan Lamiyəni çağırdılar. Bu Eyvazın səsi idi. Sən demə, binanın tinində dayanıb bacısının çıxmasını gözləyirmiş.

– Eyvaz? – Lamiyə özünü təəccüblənmiş kimi göstərdi. – Sən haradan çıxdın, abi?

– Düz on beş dəqiqədir, səni gözləyirəm, bacı, – Eyvaz bunu deyib Əsmərə baxdı, – Xoş gördük, Əsmər. Necəsən?

Əsmər bu oğlanı artıq ikinci dəfə idi ki, canlı görürdü. İlk görüşün təəssüratı yaxşı olmasa da, salamı mehribanlıqla almaq qərarına gəldi. Necə olmasa, qarşısındakı oğlan yaxın rəfiqəsinin qardaşı idi.

– Salam. Çox sağ olun, yaxşıyam.

– Universiteti bitirirsiniz, hə?

– Hə, bakalavr pilləsini bitiririk.

Əsmər bilirdi ki, Eyvaz ali məktəb oxumayıb. Lakin danışığında özünü təhsildən xəbərdar kimi göstərirdi:

– Praktikanız hələ başlamayıb?

– Bir həftəyə başlayacaq.

– Hansı məktəbə düşmüsən?

– On səkkiz nömrəliyə…

Eyvaz gözlərini inadla ona zilləmişdi. Sanki baxışları ilə daxilinə nüfuz edərək içindəkiləri öyrənməyə çalışırdı. Onun ilk görüşlərində Qönçə ilə Əfsanəyə baxmasını xatırladı. Onda bu gözlərdə qəribə bir parıltı sezmişdi. İndi isə həmin parıltıdan əsər-əlamət yox idi. Lakin ilk görüşdə Əsmərə baxarkən hiss edilən laqeydlik də görünmürdü. Nəsə yeni, fərqli bir şey vardı bu baxışlarda. Görəsən, nə? Əsmər həmin darmacallıqda bunun nə olduğunu anlaya bilməzdi…

Bayaqdan qollarını sinəsində çarpazlamış Lamiyə nədənsə susub onların söhbətinə qarışmır, xüsusi bir maraqla gah qardaşını, gah da Əsməri süzərək hey gülümsəyirdi. Yenə Eyvaz dilləndi:

– İnanıram ki, praktikada olanda şagirdlərinin hamısı səni sevəcək…

– Niyə belə düşünürsünüz?

– Sənin kimi gözəl bir qızı kim sevməz ki?! – oğlan bunu deyəndə yanaqları azacıq qızardı və sözlərinin Əsmərdə ani şok yaratdığını hiss edib tələsik əlavə etdi, – Həm də Lamiyənin deməsinə görə qrupunuzda ən bilikli qız sənsən…

Qızların böyük əksəriyyəti özlərini gözəl sanırlar. Və gözəl olan da, olmayan da gözəl görünmək istəyir. İçlərində həmişə bir inamsızlıq, bir tərəddüd olur: “Görəsən, mən həqiqətən gözələmmi? Görəsən, bu gün bu imicdə, bu geyimdə necə görünürəm?” Bax elə buna görə də, “Gözəlsən” – sözünü eşitmək hər bir qıza xoş gəlir. Yəni elə Əsmərə də xoş gəlirdi. Ancaq bunun bir yeri, bir məqamı var axı? O sözü sənə kim deyir, necə deyir, hansı məqsədlə deyir? Əsmər heç də ağılsız biri deyildi. İlk görüşlərində bu oğlanın Qönçə ilə Əfsanəyə necə münasibət göstərdiyini, onu isə sadəcə olaraq görmədiyini unutmamışdı. İndi nə baş vermişdi ki, ona belə kompliment deyirdi? Nə dəyişmişdi? Hə, o gündən sonra Əsmər də Qönçə kimi üzünə “çolka” sallayır, bir də dodaqlarına yüngülcə, rəngi, demək olar, heç bilinməyən boya vururdu. Dəyişən bu idi yəni? Yox, əlbəttə! O yenə həmin Əsmər idi…

Düşündü ki, ən yaxşısı oğlanın gecikmiş komplimentini cavabsız buraxmaqdır və elə də etdi.

Eyvaz da nəsə anlamışdı və söhbəti dəyişmək istədi:

– Bəs Qönçə xanımla Əfsanə xanım haradadırlar?

Oğlan sualı nə qədər laqeydcəsinə verməyə çalışsa da, Əsmərin içindən xəfif bir sızıltının keçməsinə səbəb oldu. Bu qısqanclıq idimi? Yox, nə qısqanclıq? O bu yad oğlanı Qönçəyə və ya Əfsanəyə hansı səbəbdən qısqanmalı idi?

Sual Lamiyəyə yox, birbaşa ona ünvanlanmışdı, ona görə də cavab verməyə məcbur oldu:

– Əfsanə bizdən əvvəl getdi evə, Qönçə isə xəstələndiyi üçün dərsə gəlməmişdi.

– Xəstələnib? – Eyvaz dərhal qayğıkeş görkəmi aldı. – Yazıq qız… Nə olub ki?

– Soyuqlayıb. Qrip olub…

– Nə pis! Keçmiş olsun. Salamımı çatdırarsan.

– Çatdıraram…

Əsmər bunu deyib elə bir hərəkət etdi ki, aqil adam onun ayrılıb getmək istədiyini mütləq anlamalı idi. Lakin Eyvaz ya aqil deyildi, ya da özünü anlamazlığa qoymuşdu. Bayaqdan bəri üzünü ilk dəfə bacısına çevirib:

– Gəlin gedib üçümüz birlikdə lahmacun yeyək, Lamiyə. Nə deyirsən? – dedi.

– Əla olar, – Lamiyə heç düşünmədən razılaşdı.

– Siz gedin, yeyin, – Əsmər dərhal etiraz mənasında başını buladı, – mən evə getməliyəm, Qönçə məni gözləyir.

– Bir az gözləsin də, nə olacaq ki? – bunu Eyvaz dedi. – Yarımca saat oturaq, gedərsən.

Əsmər ciddiləşdi:

– Yox, olmaz, xəstədir axı. Gedib ona yemək bişirməliyəm.

Həmin an Lamiyə qolundan tutdu:

– Ay qız, naz eləmə, gəl, gedək!

– Yox, getmək istəyirsinizsə, ikiniz gedin.

– Yaxşı, nə deyirəm, – Eyvaz pərt halda mızıldandı, – onda başqa vaxt gedərik lahmacun yeməyə.

– Sağ olun… – Əsmər bunu deyərək getmək üçün dönəndə Eyvazın küskün halda, “Yaxşı yol” – dediyini eşitdi.

Darvazaya doğru addımlayanda isə arxadan Lamiyənin ərkyana hədələyici səsi gəldi:

– Sabah dərsdə baxarsan halına, sənin saçlarını yolacam!

Çiyni üstündən bir anlıq geriyə boylanaraq gülümsədi:

– Sabah dərs yoxdur, şənbədir, birisigün də bazar…

Növbəti həftənin ilk günü Qönçə də onunla universitetə gəlmişdi. Lamiyə imkan tapıb Əsmərin qulağına pıçıldadı ki, dərsə girməsin, onunla vacib söhbəti var. Dərs başlayanda gedib bufetdə oturdular. Lamiyə hər ikisi üçün çay və şirniyyat götürdü. Əsmər rəfiqəsinin onu gizlin söhbətə dəvət etməsindən narahat olsa da, susub onun nə zaman danışacağını gözləyirdi və o, nəhayət, çayından bir qurtum içərək dilləndi:

– Sən mənim qaqaşıma nə etmisən, ay qız?

Sualı ciddi şəkildə verdiyi üçün Əsmər özünü itirdi:

– Heç nə!? Neyləmişəm ki?

– Daha neyləyəcəksən, dəli-divanə olub sənin dərdindən.

– Yaxşı görək!

– Həqiqi sözümdür, Eyvaz sənə vurulub, – Lamiyə bunu şıltaq təbəssümlə dedi.

Əsmərin sifəti birdən-birə tutuldu:

– Lamiyə, zarafat etmək istəyirsənsə, normal bir zarafat elə gülək. Bu zarafatın heç komik olmadı.

– Ay qız, zarafat etmirəm, Urfanın canı üçün ciddiyəm.

– Düz demirsən axı!

– Nəyi düz demirəm?

– Qardaşın mənə necə vurula bilər?

– Niyə belə deyirsən, səndən artığına vurulacaq?

– Yox, o mənada demirəm, Eyvaz məni cəmi iki dəfə görüb. Birinci dəfə lahmacun yediyimiz gün o mənim heç üzümə də baxmırdı. Qönçə ilə, Əfsanə ilə söhbət edib zarafatlaşırdı. Sonra nə baş verdi birdən-birə? İki gün əvvəl universitetin qarşısındakı söhbətimizdə aşiq oldu mənə?

– Yox, – Lamiyə başını buladı. – Keçən həftə universitetin önünə şəxsən səni görməyə gəlibmiş. Həm səni ona çox tərifləmişdim, həm də telefonumda şəkillərini görmüşdü axı. Sənə görə gəldiyini o gün evə gedəndən sonra dedi mənə. Elə birinci görüşdən xoşuna gəlmisənmiş. Deyirsən, o gün sənə baxmırdı, qızlarla danışırdı, yəqin, səndən elektrik aldığı üçün çəkinib. Bir də ki mənim qardaşım həm ağıllı, həm də əsl kişi kimi ciddi xarakterli biridir. Qönçəgillə danışıb zarafatlaşsa da, sənin özünü ağır aparmağın daha çox xoşuna gəlib.

Əsmər bilmirdi, bu deyilənlərə inansın, ya yox. Amma içində özünə də maraqlı gələn gizli bir fəxarət hissi baş qaldırmışdı. Deməli, Lamiyənin bu yaraşıqlı qardaşı Qönçəni və ya Əfsanəni yox, onu bəyənmişdi, ona vurulmuşdu. Bir gənc qız kimi sevilmək zövqünü duyub yaşaması bir dəqiqəyə yaxın çəkdi. Sonra neçə illərdən bəri qəlbində daşıdığı arzularını xatırladı. Özünü toparlamağa çalışaraq küskün səslə dilləndi:

– Lamiyə, özün bilirsən ki, mən hələ ailə qurmaq fikrində deyiləm. Ürəyimdə nə qədər arzularım var.

– Olsun da arzuların. Onların həyata keçməsində Eyvaz da sənə yardımçı olacaq.

– Yox, bacı, mən razı deyiləm…

Lamiyə, deyəsən, incidi:

– Sən mənim qardaşımı bəyənmirsən?

– Elə demədim ki. Lap yaxşı oğlandır. Düzdür, xasiyyətini bilmirəm, amma sənin qardaşındırsa, pis ola bilməz. Amma necə deyim… Heç ali təhsili də yoxdur…

– Pah! – rəfiqəsi ağzını büzdü. – Nəyinə lazımdır ali təhsil? Urfan da universitet bitirməyib. Pivə zavodunda işləyir. Ancaq pis qazanmır. İndi ali təhsillilərin çoxu ya alver edir, ya taksi sürür, ya da evdə oturub acından ölür. Eyvaz isə hər şeydən pul çıxarmağı bacarır. Ticarət firmasında işləyir. Sənə nə lazımdır, əsas odur ki, gələcək ərinin sənin arzularını həyata keçirəcək qədər maddi imkanı olsun.

– Nə bilim… – Əsmər başını kədərlə yırğaladı.

– Sən Eyvaza bir şans ver, görüşüb söhbət edin, bir-birinizi tanıyın. Həm də tələsmək lazımdır. Vallah, sənin yaxşılığını istəyirəm. Bir-iki aya universiteti bitirib rayona qayıdacaqsan, başını yeyib xalan oğluna verəcəklər səni. Ancaq Eyvazla evlənsən, Bakıda qalarsan. Anam da rəfiqələrimin içində ən çox səndən xoşlanır. Ovcunun içində tutacaq səni. Zamanla bütün arzularına çatacaqsan.

Əsmər ah çəkdi. Rəfiqəsi ən yaralı yerinə toxunmuşdu. Atasıgil bakalavr pilləsini bitirən kimi rayona dönməsini, xalası oğlu ilə evlənməsini istəyirdilər, onun isə arzuları vardı. Fikirlər beynində bir-birinə qarışmışdı. Nə deyəcəyini bilmirdi. Eləcə susub durmuşdu, gözləri yol çəkirdi.

Birinci dərsin bitməsini bildirən zəng vurulanda Lamiyə ətrafına boylanıb səsini alçaldaraq dilləndi:

– Bunu hələlik qızların heç biri bilməsin. Telefon nömrəni Eyvaza vermişəm, nəsə yazsa, forslanıb bloka salma qaqaşımı. Danışın, bir qərara gəlin. Ancaq inan ki, mən sənin xətrini dünyalar qədər çox istəyirəm. İstəyirəm ki, Eyvaz başqası ilə yox, səninlə evlənsin.

Əsmər yenə susurdu. Ayağa qalxıb auditoriyaya getdilər…

O gün bilərəkdən rəfiqələrinə yaxınlaşmayan, auditoriyada və dəhlizdə kölgə kimi gəzib dolanan Əsmərin halındakı dəyişikliyi yalnız Qönçə duymuşdu. Ondan bunun səbəbini nə qədər soruşsa da, həqiqəti açmadı. Mədəsinin bulandığını deyib başından elədi.

Çox fikirləşirdi. Hətta o qədər çox fikirləşirdi ki, birisi tərəfindən sevilməyin şirindən şirin həzzini ürəyincə yaşaya bilmirdi. Bəli, onu sevən vardı. Eyvaz adlı bu yaraşıqlı oğlan onun gözəlliyini Qönçədən də, Əfsanədən də üstün tutmuşdu. Bir qız üçün bundan qürurverici nə ola bilərdi?

Lakin… Birinin onu sevməsi heç də hər şey demək deyildi. Onun da qəlbində sevgi olmalıydı. Bu var idimi? Əsmər Eyvazı sevirdimi? Əlbəttə, yox. Bu necə olurdu, görəsən? Necə olurdu ki, bir qızla bir oğlan bir-birilərini eyni dərəcədə sevirdilər? Ya ümumiyyətlə, belə bir şey olurdumu? Olurdusa, necə baş verirdi, təsadüfdənmi?

O günün axşamı soyunub yatağına girəndən bir az sonra telefonuna Eyvazdan mesaj gəldi:

“Əsmər, salam. Necəsən? Eyvazdır yazan. Nömrəni bacımdan aldım. Bağışla, bu vaxt narahat edirəm. Düşündüm ki, gündüz dərslərini hazırlayırsan, vaxtını almayım”.

Ürəyi sürətlə döyünməyə başladı. İndiyə kimi heç oğlanla mesajlaşmamışdı. Həm də əynində iç geyimindən savayı heç nə olmadığı indiki halında. Bir anlıq ona elə gəlmişdi ki, yorğanın altında olmasına baxmayaraq oğlan telefonda onu görə bilər. Yox, əlbəttə, Eyvaz ona görüntülü zəng etməmiş, sadəcə vatsapdan mesaj göndərmişdi, ancaq Əsmərin beyni bu anlarda normal işləyəcək halda deyildi.

Eyvaz mesajı oxuduğunu görmüşdü, cavab gözləyirdi və bunu düşünmək qızın həyəcanını daha da artırırdı. Ona elə gəldi ki, indicə cavab yazmasa, hörmətsizlik etmiş olacaq və barmaqları əsə-əsə yazdı:

“Salam. Yaxşıyam. Siz necəsiniz?”

Cavab tez gəldi:

“Mən də yaxşıyam. Ancaq “siz” nədir, mənə “sən” deyə bilərsən. Yaş fərqimiz də elə böyük deyil, sənin iyirmi bir yaşın var, mənim iyirmi dörd. Lamiyənin dedikləri barədə düşünə bildin? Qərarını bilmək mənə çox vacibdir”.

Pərt oldu. Eyvazın yazdıqları qəlbinə toxunub qızlıq qürurunu tərpətmişdi. Bu nə qaçhaqaç idi axı? Sevən oğlanın qızdan belə tələskənliklə gecə vaxtı, həm də vatsap mesajı ilə qərar soruşması nə dərəcədə doğru idi?

“Anlamadım… Bir qıza öz dilinizlə yox, bacınız vasitəsilə evlənmə təklifi edib sonra da həmin günün axşamı qərarını soruşursunuz?” – yazdı və bununla kifayətlənməyib ağzını əyməklə ironiya bildirən smaylikdən üçünü yan-yana düzdü.

“Əlbəttə, yox, sən məni düz anlamadın, Əsmər (gülümsəmə smayliki). Səndən ikilikdə görüşüb söhbət etməyimiz, bir-birimizi dərindən tanımağımız barədə qərarını soruşuram.”

Bu düzəliş də onu qane etmədi. Artıq qəlbi incimişdi. Ona görə də söhbətə tez son qoymaq istəyirdi. Həm də ondan bir az aralıdakı çarpayıda uzanmış Qönçə bayaqdan ona nəsə deyirdi, cavab almayanda duyuq düşə bilərdi.

“Mən heç nə demək istəmirəm. Gecəniz xeyrə!”

Telefonu söndürüb tumbanın üstünə qoydu və bir də səhər yataqdan qalxıb cihazı yandıranda Eyvazın ona cavab olaraq, “Əsəbləşmə, səni tələsdirmək istəmirəm, fikrim ciddidir. Xeyrə qarşı” – yazmış olduğunu gördü.

Ertəsi gün dərsdən evə qayıdandan sonra Qönçə bir daha ona nə olduğunu soruşdu və Əsmər bu dəfə rəfiqəsinə hər şeyi danışdı.

Onu dinləyən Qönçə nədənsə yaman tutulmuşdu. Heç nə demədən dodaqlarını gəmirirdi.

– Nə məsləhət görürsən? – Əsmər sadəlövhcəsinə soruşdu. – Belə məsələlərdə sən məndən daha ağıllısan. Doğrusu, nə edəcəyimi bilmirəm.

Rəfiqəsi cavab əvəzinə qızların da həmişə təriflədiyi qara, qalın qaşlarını dartıb kinli bir səslə:

– Sən bir Lamiyəyə bax, məndən gizlin danışıb səninlə… – dedi.

Əsmər Lamiyəni müdafiə etmək üçün nələrsə mızıldandı, ancaq Qönçə, deyəsən, artıq onu dinləmirdi. Yalnız bir xeyli susandan sonra dilləndi:

– Eyvaz səni istəyirsə, şans ver, görüşün, söhbət edin. Yaxşı oğlandır. Allah xoşbəxt eləsin!

Elə o gün axşamüstü Qönçə anasına zəng vurub bildirdi ki, Sərdargilin elçilərini qəbul edib, “Hə” – cavabını verə bilərlər və Əsmər rəfiqəsinin bu qəfil qərarının səbəbini anlaya bilmədi…

O biri gün yenə Eyvazdan mesaj gəldi. Sadəcə halını-əhvalını soruşurdu. Əsmər cavab yazdı.

Anası isə gündə azı dörd-beş dəfə zəng vururdu son günlər. Deyirdi ki, bəsdir, inad etdin, razılaş, xalangil elçi gəlsinlər. Əsmər hər dəfə bu təklifi əsəbi halda, bəzən də ağlaya-ağlaya rədd edirdi. Nəhayət, anası da əsəbləşib dedi ki, səni öz xoşuna qoysaq, ömrün boyu subay qalacaq, adına yüz cür söz qoşdurub bizi kənddə rüsvay edəcəksən, ona görə də xalana deyəcəm, mayda sən kənddə olanda elçi gəlsinlər.

Eyvaz yenə mesaj yazdı. Praktika barədə, kəndə nə zaman gedəcəyi barədə soruşdu. Bir az söhbətləşdilər. Sonra yenə, yenə… Eyvaz özündən söhbət açırdı, suallar verib onu da yazmağa vadar edirdi, ancaq sevməkdən, evlənməkdən söhbət açmırdı. Beləliklə, Əsmər bir də ayıldı ki, artıq iki həftədir hər gün Eyvazla yazışmaqdadır və o bir az gec yazanda darıxır.

Görüş təklifini qəbul etdi və “Sevgi parkı” deyilən parkda görüşdülər. Açıq havada bir az gəzəndən sonra çay içmək üçün kafeyə girdilər. Eyvaz centlmensayağı stul çəkib onu əyləşdirdi, sonra özü də onunla üzbəüz oturdu, çay sifariş verdi və çayın gəlməsini gözləməyib birbaşa mətləbə keçdi:

– Əsmər, mən həyatımda çox qızlar görmüşəm. Lamiyə ərə gedəndən sonra anamgil mənim də ailə qurmağımı istədilər. İndiyə kimi mənə neçə qız təklif ediblər, amma hamısına yox demişəm. Deyim ki, pis idilər, yox, hamısı gözəl qızlar idi. Amma mən heç evlənmək fikrində də deyildim. Yalnız səni görəndə anladım ki, həyatımı səninlə bağlaya bilərəm. Çünki sən tamam başqasan, indiyə kimi gördüyüm qızların heç birinə bənzəmirsən. Həm çox gözəlsən, həm ağıllısan, bir sözlə, mükəmməl bir qızsan. Sənə qarşı fikrim kifayət qədər ciddidir. Yəni… Əgər sən də razı olsan, səninlə ailə qurmaq istəyirəm…

Bu sözləri eşitmək Əsmərə xoş idi. Ancaq cəmi iki dəfə gördüyü və iki həftə vatsapla yazışdığı bir oğlanın evlilik təklifi etməsini də normal saya bilmirdi. Bunu dilinə gətirdi:

– Axı biz bir-birimizi tanımırıq, – dedi.

– Şəxsən mənə bu saat elə gəlir ki, səni yüz ildir, tanıyıram, Əsmər. Sən də məni tanıyacaqsan və əminəm ki, peşman olmayacaqsan. Doğru deyirsən, bu işdə tələsmək doğru bir şey deyil. Amma bildiyimə görə, anangil səni xalan oğluna verməkdə israrlıdırlar. Bu yandan məni də evdə tələsdirirlər. Mən səni itirmək istəmirəm. Gəl razı ol, atangilə elçilərimi göndərim.

Eyvaz sözünü bitirən kimi ona doğru əyilib arıq əlini əlinə aldı. Uzun barmaqlarını nəvazişlə sığalladı. Bu təmasdan qızın bədəninə sanki elektrik cərəyanı keçdi. Əlini dərhal geri çəkmək istədi. Ancaq gecikdi. Keçən bir neçə saniyə ərzində oğlanın təmasına alışdı və bu təmas ona xoş gəlməyə başladı. İndiyə kimi heç bir əks cins nümayəndəsi onun əlini beləcə əlinə alıb sığallamamışdı. Heç atası Əsgər kişinin və özündən beş yaş böyük qardaşı Mirzənin də nə vaxtsa ona toxunuşla nəvaziş göstərdiyini xatırlamırdı. Keçirdiyi şirin duyğular onun üçün tamamilə yeni idi.

Atasından kifayət qədər sevgi və isti nəvaziş görməyən qız uşaqları yetkin yaşa çatandan sonra belə münasibətə başqa qızlardan daha artıq möhtac olurlar və onlara adi bir nəvazişlə yaxınlaşan hər hansı əks cins nümayəndəsinə asanlıqla vurula bilirlər.

Əsmər də atasından nəvaziş görməmişdi. Hətta atasının onu öpdüyü də yadına gəlmirdi. Olduqca ciddi, hətta sərt xarakteri vardı kişinin. Bəlkə, elə buna görə Əsmər ilk dəfə əlinə sığal çəkən birinə – Eyvaz adlı bu oğlana özündə bağlılıq hiss etdi.

– Nə deyirsən? – oğlan onu çox düşünməyə qoymadı.

Bayaqdan başını aşağı endirmiş Əsmərin yanaqları od tutub yanırdı. Əlini Eyvazın əlindən çəkib üzünə baxdı və:

– Şərtlərim var, – dedi.

Eyvaz aldığı cavabdan sevindi:

– Buyur, eşidirəm, indidən deyim ki, şərtlərinin hamısına razı olacam.

– Əvvəldən fikir bildirməyə tələsmə, qoy şərtlərimi sayım.

– Buyur, say, – Eyvaz əminliklə gülümsədi.

– Mən təhsilimi magistratura pilləsində davam etdirəcəm. Bitirəndən sonra isə universitetdə müəllim işləyəcəm.

– Lap yaxşı, – oğlan yenə gülümsədi, – Sonra?

– Bütün evliliyimiz boyu, ta ölənə kimi başqa bir qadınla sevgi, ya intim münasibətin olmayacaq. Məndən soyusan, sevdiyin başqa biri olsa, bunu mənə deyəcəksən, xoşluqla ayrılacağıq. O zaman mən səndən inciməyəcəm. Lakin bil ki, aldadılmağı sevmirəm. Ən nifrət etdiyim şeydir xəyanət.

– Aldadılmağı kim sevir ki?

– Elə qadınlar var. Ərlərinə deyirlər ki, nə qələt eləyirsən, elə, təki mənim xəbərim olmasın.

– Qəribədir… – Eyvaz dodaqlarını büzdü.

– Yaxud belə olur: qadın ərini iş və ya dostluq əlaqəsində olduğu hansısa qadına da qısqanır, qızışıb özündən çıxır. Bu zaman ər çarəsiz qalıb hər şeyi arvadından gizlədir, yəni onu aldatmağa başlayır. Deməli, belə çıxır ki, qadın özü aldanmaq istəyirmiş. Amma mən elə deyiləm. Kiməsə təmiz dostluq, yoldaşlıq hissi bəsləsən, səni anlamağa çalışaram. Təki məni aldatmayasan.

Eyvaz əlini sinəsinə qoydu:

– Əmin ola bilərsən ki, ömrüm boyu sənə sadiq olacam, heç zaman aldatmayacam.

– Bax məndən əvvəl həyatında kimlər olub, dərinə gedib maraqlanmıram. Nə olubsa, keçmişdə qalsın, yaxşı?

– Yaxşı… – Eyvaz razılaşdı. – Keçmiş elə keçmişdə qalıb. Görürsən ki, mən də sənin keçmişin barədə sual vermirəm.

– Mənim keçmişimdə heç nə olmayıb. Yəni gizlədiləsi, utanacağım bir şey olmayıb.

– Çox gözəl! Bitdi şərtlərin?

– Bir də… – Əsmər burada bir qədər tərəddüd göstərdi. – Uşaqlıqdan ən böyük arzum Amerikanı görmək olub…

– Problem deyil, gedib görərik.

– Hətta orada yaşamaq istərdim. Bunun üçün ingilis dilini xüsusi həvəslə öyrənmişəm.

Eyvaz burada bir qədər duruxub fikrə getsə də, tez dilləndi:

– O da mümkündür. Təki sən arzu et. Mənzil qonşumuz neçə ildir, ailəsi ilə Amerikada yaşayır. Ondan vəziyyəti öyrənərəm, hətta ora köçməyimizə kömək də edə bilər.

– Nə yaxşı!.. Bir də həmişə şəxsi minik avtomobilimin olmasını arzulamışam. Yəni səndən mənə maşın almağını istəmirəm, düz başa düş, müəllim işləyib özüm pul yığaram, sən də kömək edərsən. Əsas odur avtomobil sürməyimə etiraz etməyəsən.

– Niyə etiraz edirəm ki. Sənə özüm maşın da alaram, sürücülük vəsiqəsi də təşkil edərəm.

Əsmər kafeyə girəndən bəri ilk dəfə ürəkdən gülümsədi:

– Mənim əsas şərtlərim bitdi. Sənin də şərtlərin varsa deyə bilərsən.

– Mənim şərtlərim… – Eyvaz azacıq fikrə getdi. – Mənə həmişə sadiq olacaqsan, deyərdim, amma yəqin ki, yersiz olar, çünki sənin sədaqətli biri olduğuna əminəm.

– Minnətdaram. Mənə inanmağına peşman olmayacaqsan.

– Deməli, razılaşdıq, hə? – Eyvaz ofisiantın gətirdiyi çaydan içərək məmnun halda dilləndi. – Onda ailənizə xəbər ver, qoy elçilərimi gözləsinlər.

Əsmər qəmli halda gülümsədi:

– Anamın bunu eşidəndə nə hala düşəcəyini bilirəm, amma mütləq danışacam…

Anasını razı salmaq çətin başa gəldi. Hətta onu aldatmağa məcbur oldu Əsmər. Guya Eyvazla ötən ildən bir-birilərini sevirlərmiş, lakin bunu anasına deməyə cəsarət etməyib. “Sevdiyi” oğlan barədə bir qədər şişirdilmiş məlumat verdi, fotosunu göndərdi və nəhayət, anası onunla razılaşdı.

Eyvazgil dörd-beş adamla rayona elçi gedib qızın “Hə”sini aldılar, barmağına brilyant qaşlı üzük taxıb qayıtdılar. Bu üzük hər kəsin görməsi üçün bir nişan olacaqdı və mənası da bu idi ki, bu qız artıq azad, müstəqil birisi deyil, bütün qəlbi, ruhu və bədəni ilə məxsus olduğu biri var…

Başqa bir üzük də Eyvazın barmağına taxıldı ki, bu da onun bundan sonra Əsmərə aid olmasının nişanı idi.

Universiteti bitirən kimi Qönçə evi tərk edib rayonlarına gedəcək, Əsmər tək qalacaqdı. Ona görə toyun tez olmasını istəyirdi və may ayının 21-ində evləndilər. Şadlıq sarayında keçirilən toy məclisində rəfiqələri də iştirak edirdi. Fərihə əri ilə gəlmişdi. Artıq barmağında Sərdarın nişan üzüyünü daşıyan Qönçə məclis boyu nədənsə fikirli görünürdü. O da, ərinin yanında özünü ağır aparmağa məcbur qalmış Fərihə də yalnız bircə dəfə Əsmərin qarşısında rəqs edib yerlərinə keçdilər, Əfsanə isə bütün məclis boyu yorulana qədər atılıb-düşdü…

Bəli, Əsmər subaylıq illərinə əlvida deyib Eyvazgilə gəlin köçdü. Qönçə ilə Əfsanə diplomlarını alıb öz rayonlarına qayıtdılar. Sonra Qönçə Sərdarla ailə qurub Rusiyaya getdi. İndi Əsmər keçmiş qrup yoldaşları sayılan rəfiqələrindən yalnız baldızı Lamiyəni görə bilirdi.

Magistraturaya qəbul üçün sənəd vermək istəyəndə Eyvaz tələsməməyi məsləhət gördü. Dedi ki, qoy hələ evliliyimizin ilk ilinin dadını çıxaraq, sonra nə istəsən, edərsən.

Cəmi bir-iki ayın içində yeddimərtəbəli binanın yeddinci mərtəbəsindəki 41 nömrəli mənzilə, əri Eyvaza, qayınatası İsrafil kişiyə, qayınanası Məhluqəyə, bir sözlə, yeni həyatına alışmağa başladı.

Altmış yaşlı İsrafil kişi bütün günü evdə oturur, bəzən də əsasını əlinə alıb yaxınlıqdakı parka gəzməyə çıxırdı. Çox zəhmli, bir az da diliacı kişi idi. Əsmərə qarşı pis deyildi. Amma işlərinə qarışması da olmayaydı kaş. Evdə gördüyü işlərə, bəzən hətta geyiminə irad bildirir, “Sən artıq subay qız yox, bir evin gəlinisən, düşdüyün evin qayda-qanunlarını öyrənməlisən” – deyirdi. Bir də qəribə nəzərlərlə baxmağı vardı. Əsmər bütün bunlardan sıxılsa da, xəstə qayınatasını öz atası kimi bilib qulluğunda durur, istək-arzularını dərhal yerinə yetirir və bütün bunları təbii bir şey hesab edirdi.

Qayınanası Məhluqə evdar qadın idi. İpək kimi yumşaq xasiyyəti vardı. Gəlininin xətrini əziz tutur, onunla mehriban dolanırdı. O yazıq da xəstə idi. Yüksək qan təzyiqindən əziyyət çəkirdi və bunu nəzərə alan Əsmər onun qulluğunda xüsusi olaraq durur, çox zaman ailə üçün bişirdiyi xörəklə yanaşı qayınanasına ayrıca pəhriz xörəyi hazırlayırdı.

₺113,60

Türler ve etiketler

Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
15 aralık 2022
Hacim:
340 s. 1 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri
Metin, ses formatı mevcut
Ortalama puan 4,9, 32 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 25 oylamaya göre
Metin PDF
Ortalama puan 4,8, 5 oylamaya göre
Metin PDF
Ortalama puan 4,8, 30 oylamaya göre
Metin
Ortalama puan 4,7, 9 oylamaya göre
Metin
Ortalama puan 4,9, 13 oylamaya göre
Metin
Ortalama puan 5, 2 oylamaya göre
Ses
Ortalama puan 5, 19 oylamaya göre
Metin
Ortalama puan 4,7, 43 oylamaya göre
Metin PDF
Ortalama puan 4,7, 22 oylamaya göre