Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Susan qadın», sayfa 4

Yazı tipi:

Eyvaz da mehriban idi onunla. Restorandakı işini buraxıb bir şirkətdə mühafizəçi kimi çalışmağa başlamışdı. Evdə az olurdu, ancaq yenə imkan tapıb hərdən onu şəhərə gəzməyə çıxarır, pal-paltar alır, bazar günləri Lamiyəgilin üçüncü mikrorayondakı evlərinə aparırdı.

Əsməri gecələr yataqda da kifayət qədər sevib-əzizləyirdi. Amma bir az qədərindən artıq çılğın idi, deyəsən. Yataqda hər şey istəyirdi arvadından. Əsmər əvvəllər onun “qeyri-normal” istəklərinə etiraz edirdi. Qönçə bunu biləndə onu yaxşıca qınadı:

– Bizdə belədir də, kişi yataqda hər şey istəyir, qadın isə abır-həya saxlayır. Kimdən abır saxlayırsan, ay bədbəxt, öz halal ərindən?

Rəfiqəsi ilə həmin telefon söhbətindən sonra Əsmər özü ürəkdən istəməsə də, yataqda tam ixtiyarını Eyvaza verməyə, onun bütün istəklərini qarşılamağa başladı.

Növbəti ilin martında oğulları Elmir dünyaya gəldi. Əsmər həmin günlər ana olmağına çox sevinirdi, ancaq bilmirdi ki, bu onun taleyinə yazılmış qısa həyatının son xoş günləridir…

Beşinci fəsil

MÜSTƏNTİQ NƏSİBLİ

Yuxusuzluqdan gözləri qızarmış Rasim Nəsibli prokurorun kabinetindən çıxıb dəhlizlə öz otağına doğru gedərkən burada rastlaşdığı növbətçi polis çavuşu Səxavət adlı birinin onun çağırışı ilə gəldiyini bildirdi.

– Buraxın gəlsin, – deyib kabinetinə keçdi və dünən gecə baş vermiş ölüm hadisəsi barədə düşünməyə başladı.

Yeddinci mərtəbədən atılaraq əvvəlcə elektrik məftillərinin üzərinə düşən, sonra gül kollarını əzərək torpağa çırpılan gənc qadının acınacaqlı şəkli gözləri önündən getmirdi. Gecə vaxtı yataq köynəyində… Çox gənc, lakin vaxtından əvvəl solmuş, olduqca arıq bir qadın… Əri və iki uşağı var… Yeganə şahidin dedikləri və mavi rəngli köynəkdən cırılıb qadının əlində qalmış parça bu ölümün heç də intihar yox, qəddarcasına törədilmiş qətl hadisəsi olduğunu birmənalı təsdiqləyirdi. Yəni bu bədbəxti doğrudanmı öz əri öldürmüşdü? Həm də belə amansızlıqla, yataq köynəyində? Hansı normal ər yad kişilərin öz arvadını yataq köynəyində görməsinə razı olar?

Eyvazın deməsindən belə məlum olurdu ki, bacısıgildə qurulmuş məclisdə spirtli içki içib və bu səbəbdən mənzilinə gələn kimi yataq otağına keçərək yatıb. Şübhəlinin o gecə içkili olması dəqiq idi, bunu Rasim özü də təsdiq edə bilərdi. Eyvazın nəfəsindən, həqiqətən, alkoqol qoxusu gəlirdi. Lakin buna baxmayaraq guya məclisdən evinə qayıdan kimi yatağa girməsi həqiqət olmaya bilərdi.

Əgər Əsmər adlı qadını öz əri öldürmüşdüsə, bunu niyə etmişdi? Səbəb nə idi? Sərxoşluğu? Yox, sadəcə sərxoşluq qətl törətməyə səbəb ola bilməzdi. Əgər qatil ruhi xəstə deyildisə, onda onun kimisə həyatdan məhrum etməsi üçün mütləq hansısa bir səbəb olmalıydı. Sərxoşluq isə ağlı və iradəni zəiflətdiyi üçün qatilin nəzərində həmin səbəbin mahiyyətini böyüdürdü. Bəs bu cinayətə səbəb nə imiş? Qısqanclıq? Bəli, qadınların öz ərləri tərəfindən öldürülməsi hallarında, adətən, ən çox rast gəlinən səbəb bu olurdu. Kişilər namusu hesab edilən qadının yad kişilərlə cinsi əlaqəsini əsla bağışlaya bilmir, onu çox vaxt ölümlə cəzalandırmağa meyil edirdilər. Sonra isə cinayətlərini bu cür izah edirdilər ki, ləkələnmiş namuslarını təmizləmək və əzilmiş qürurlarını yerinə qaytarmaq məqsədi ilə belə ediblər.

Elə bir ay əvvəl Rasim Nəsibli belə bir cinayətin istintaqını aparırdı. Əlli yaşlı ər qırx yaşlı arvadını qısqanclıq zəminində baltalamışdı. Rasimin fikrincə, bu tip cinayətlərin hamısı mahiyyətcə bir-birinə bənzəyirdi. Qadınının ona xəyanətini öyrənən və ya səhvən bu qənaətə gələn kişi bunu heç cür həzm edə bilmirdi. Kişilik qürurunu sındırılmış hesab etdiyi üçün içində arvadına qarşı nifrət hissi alovlanır və həmin məqamda düzgün işləməyən beyni onu qarşısındakı yolların ən pisinə – cinayətə yönləndirirdi. Və bu kişi yalnız həbsə düşməklə həyatında nə qədər çox şey itirdiyini anlayanda peşman olub fikirləşirdi ki, normal düşüncəli, sivil bir insan kimi qürurunu arvadından boşanmaqla da bərpa edə bilərdi.

Gənc müstəntiq öz təcrübəsində hələ elə “qeyrətli” kişilər də görmüşdü ki, arvadını namus üstə öldürüb həbsə düşür, bu əməli ilə evdəki qız uşaqlarını hər iki valideyndən məhrum edir, onların namussuz yola düşmələrinə səbəb olur.

Yenə dünən gecəki hadisəni xatırladı. Daha doğrusu, qətlə yetirilmiş qadının sağ əlinin ovcunda sıxıb saxladığı əşyanı. Bu, böyük ehtimalla, kişi köynəyindən qopmuş kiçik parça idi. Mavi rəngli köynəkdən zorla cırılıb qoparılmış parça…

Müstəntiqin əlində olan bu dəlil nəyi göstərirdi? Əlbəttə, bunu göstərirdi ki, qadın onu zorla pəncərədən tullamaq istəyən şəxsə müqavimət göstərib əlini onun yaxasına aparıb və yerə atılarkən köynəyin bir parçası cırılaraq əlində qalıb. Lakin bu gecə yatağa girəndən sonra Rasimi düşündürən, yuxusunu qaçıran məsələ heç də bu deyildi…

O, hadisə yerində Əsmərin sağ əlinin inadla yumulmuş olduğunu öz gözləri ilə görmüşdü. Qadın onda hələ sağ idi, ölməmişdi. Rasim hətta həmin an düşündü ki, o sağ əlinin ovcunda nəsə tutub. Sonra bir neçə anlıq başı nəyəsə qarışdı, yenidən dönüb yaralıya baxanda onun sağ əlini ağac və kollardan tökülüb qalmış quru yarpaqların altından çıxardığı diqqətindən yayınmadı. Əl bu dəfə açıq idi. Yaxınlaşıb həmin yerdə xəzəllərin arasına baxdı və bu köynək parçasını tapıb götürdü. Azacıq sonra isə Əsmər adlı bəxtsiz qadın artıq öz həyatına vida etmişdi.

Rasim qadının ovcunda bərk-bərk tutduğu əşyanın məhz həmin köynək parçası olduğuna qəti əmin idi. O, pəncərədən aşağı atıldığı anda sövqi-təbii olaraq özünü xilas etmək məqsədi ilə əlini öz qatilinin köynəyinə atmış, köynəyin kiçik bir parçası cırılıb qoparaq əlində qalmışdı. Bura qədər hər şey anlaşılırdı. Anlaşılmayan isə Əsmərin ölümündən dəqiqələr əvvəl əlindəki bu dəlili gizlətməyə çalışması idi. O niyə belə etdi axı? Köynək parçası qatili müəyyən etmək üçün əhəmiyyətli bir dəlil ola bilərdi və Əsmər də bunu anlamamış deyildi, yəqin. Yəni belə çıxırdı ki, o qatilinin ifşa olunub həbs edilməsini istəmirmiş?

Görəsən, niyə? Ona görə ki qatil Əsmərin əridir, Əsmər onu sevirmiş və üstəlik də uşaqlarının atasız qalmağına razı olmayıb? Rasim öz fərziyyəsinə kinayə ilə gülümsədi. Əri tərəfindən pəncərədən atılıb ölməyən, hətta uzun müalicədən sonra şikəst qalan bir qadın ola bilərdi ki, illər sonra ərini bağışlasın, lakin düşdüyü yerdə uzanıb qalmış halında ölümlə olumun düz arasında olduğu bir anda kim öz qatilini bağışlamaq istəyər? Əlbəttə, heç kim. Bu, psixoloji baxımdan ağlabatan bir şey olmazdı.

Bəs onda ölmək üzrə olan və böyük ehtimalla, yüz faiz öləcəyini düşünən Əsmər o halında öz qatilini niyə hamıdan gizləmək istəmişdi? Bəlkə, onu pəncərədən vəhşicəsinə aşağı atan adamla arasında cinsi münasibət varmış və qadın bu səbəbdən onun varlığının gizli qalmasını istəyirmiş? Hə, Rasimin fikrincə, bu mülahizə daha ağlabatan idi.

Yaxşı, bəs bu qadının gizli görüşdüyü kişi dünən gecə həmin mənzilə gəlmişdisə, orada nələr baş vermişdi ki, onu pəncərədən atmaq qərarına gəlmişdi? Gənc müstəntiqin fikrincə, bu cinayət işi asanlıqla açılacaq, lakin eyni zamanda kifayət qədər maraqlı bir iş olacaqdı.

Gecə hadisə yerində Əsmər acı içində can verərək öləndən sonra Rasim, qadının əri Eyvaz, kapitan Əliyev və bir polis çavuşu binaya daxil olub liftlə yeddinci mərtəbəyə qalxdılar. Mənzilin qapısı örtülü olsa da, qıfıllanmamışdı. Soruşanda Eyvaz bunu belə izah etdi: Əsmərin çığırtı səslərini eşidərək ayılıb, onu yanında görməyəndə salona qaçıb. Pəncərədən aşağı baxaraq arvadının intihar etdiyini düşünüb. Geri qayıdıb. Tələsik geyinərək mənzildən çıxıb və bu zaman başını elə itiribmiş ki, qapını qıfıllamaq ağlına da gəlməyib.

Onlar mənzilə daxil olanda yalnız dəhlizin işığı yanırdı. Otaqlar isə qaranlıqda idi. Salonun və mətbəxin pəncərəsi həyətə, iki yataq otağınınkı isə arxa tərəfə baxırdı. Yataq otaqlarının birindəki böyük çarpayıda yataq açılmamışdı. Eyvaz dedi ki, bura valideynlərinin otağıdır, özləri isə hazırda qızlarının evindədirlər. Digər yataq otağındakı ikinəfərlik çarpayıda isə yataq açılmış vəziyyətdə idi. Ev sahibi arvadı və uşaqları ilə bu otaqda yatdığını bildirdi.

Küncdəki kiçik uşaq çarpayısında iki azyaşlı uşaq yatırdı. Rasim bir müddət onlara tamaşa edib ah çəkdi. Sonra kapitan Əliyevə yaxınlaşdı və səsini alçaldaraq dilləndi:

– Mənzildə axtarış aparmaq və barmaq izlərini götürmək üçün əməliyyat qrupu gəlməlidir. Ancaq məncə bunu indi etməyə ciddi ehtiyac yoxdur. Əməliyyat-axtarış qrupu səhər tezdən gəlib işini görər. Buna görə mənzildən çıxanda qapını bağlayıb möhürləməliyik.

– Hə, əlbəttə, – kapitan razılaşdı.

Sonra Rasim mobil telefonunu cibindən çıxararaq salonda divanın üstünə atılıb qalmış xalatdan başlayaraq mənzilin hər bir künc-bucağının fotosunu çəkdi. İşini bitirəndən sonra ev sahibindən bu blokdakı sakinlər arasında kiminlə daha yaxın olduğunu soruşdu. Eyvaz Babakişinin adını çəkdi və dedi ki, o da hazırda aşağıda hadisə yerinə yığışanların arasındadır. Rasim polis çavuşuna aşağı enib onu gətirməyi tapşırdı və Babakişi öz oğlu ilə gələndə onlardan uşaqları götürüb öz mənzillərinə aparmalarını xahiş etdi.

– Belə niyə edirsiniz? – müstəntiqin məqsədini anlamayan ev sahibi təəccüblə soruşdu.

– Siz bizimlə gedəcəksiniz, – Rasim qısaca cavab verdi.

– Niyə axı?

– Belə lazımdır. Ən azı ona görə ki sabah bura əməliyyat qrupu gələcək və o vaxta kimi mənzilə kimsə girməməlidir. Qapını möhürləyəcəm. Xahiş edirəm, açarları verin!

Eyvaz cibindən açarları çıxarıb ona verdi:

– Mən gedib Babakişinin mənzilində qala bilərəm…

– Yox, olmaz, bizimlə getməlisiniz!

Uşaqlar aparılandan sonra yenidən salona keçib işığı yandırdılar. Divanın üstündə xırda qırmızı gülləri olan ağ ev xalatı atılıb qalmışdı.

– Bu xalat həyat yoldaşınızındır? – Rasim soruşdu.

– Bəli, – Eyvaz təsdiq etdi. Açıq-aşkar görünürdü ki, onun halı özündə deyil.

– Bunu hansı vaxtlarda geyinirdi?

– Evdə çox vaxt elə bu xalatda gəzirdi.

– Nəyin üstündən geyirdi xalatı?

Müstəntiqin sualı Eyvazı çaşdırdı:

– Heç nəyin… Eləcə xalat geyinirdi… Yəni alt paltarları və xalat…

– Gecə köynəyinin üstündən geydiyi olurdu?

– Yalnız gecə uşaqların səsinə yataqdan qalxmalı olanda.

– Onda belə çıxır ki, bu gecə o da sizinlə yatağa girmişdi?

Eyvaz bu sualdan özünü itirdi və gec cavab verdi:

– Yəqin, giribmiş… Bilmirəm, mən gələn kimi soyunub yerimə girdim, onu gözləmədim…

– Hm-m… Yatdığınız otağın pəncərəsi o biri tərəfə baxır. Necə oldu ki, həyat yoldaşınızın salonun pəncərə tərəfindən gələn səsini eşidib ayıldınız?

– Eşitdim də… Gecə vaxtı üzbəüz otaqdan gələn çığırtını necə eşitməyə bilərdim?

– Çığırıb nə deyirdi?

– Bilmirəm, eləcə çığırtı eşitdim…

– Sizin mavi köynəyiniz var? – Rasim qəfil sual verdi.

– Mavi köynək? – Eyvazın nədənsə yenə dili dolaşdı. – Yox, yoxdur… Yəni olub, nə vaxtsa geyinmişəm, amma indi geyindiklərimin içində o rəngdə köynəyim yoxdur.

Rasim yaxasından bir parçası qoparılmış mavi köynəyi tapmaq ümidi ilə özü şəxsən qarderoba, otaqların bütün künc-bucaqlarına, hətta vanna otağındakı kirli paltarların arasına kimi hər yerə baxdı, lakin axtarışı nəticəsiz oldu…

Növbətçi polis qapını döyüb açaraq Səxavəti içəri buraxdı, özü isə qayıdıb getdi. Müstəntiq Nəsibli dünən gecə baş vermiş dəhşətli qətlin, demək olar ki, yeganə şahidi sayılan bu adamı mehribanlıqla qarşılayıb masa arxasında oturmağa yer göstərdi və:

– Mən sizin barədə öyrəndim, şəhid atası imişsiniz, – dedi.

Səxavət ah çəkdi:

– Bəli, böyük oğlum Vətən müharibəsində şəhid olub.

– Allah rəhmət eləsin, qəbri nurla dolsun! Bizim hər birimizin siz şəhid valideynlərinə böyük hörmətimiz var.

– Allah bütün şəhidlərimizə rəhmət eləsin!

– Amin!

Rasim noutbukunu qarşısına çəkib protokol tərtib etməyə hazırlaşdı və bir neçə vacib prosedurdan sonra şahiddən gördüyü hər şeyi danışmasını xahiş etdi.

– Cənab müstəntiq, – Səxavət çox da düşünmədən ifadə verməyə başladı, – Biz ailəlikcə oturub televizorda seriala baxırdıq. Mən siqaret çəkmək istəyirdim, amma yoldaşım xəstə olduğu üçün onun yanında çəkmirəm. Reklamların başlanmasını gözləyirdim. Saat dəqiq yadımda deyil, amma on ikiyə işləmişdi, reklamlar başladı. Mən siqaret çəkmək üçün dərhal balkona çıxdım. Elə çıxan kimi də qarşı binadan qulağıma çığırtı səsi gəldi. Başımı qaldırıb baxanda çığırtını daha aydın eşitdim və bir qadının işıq yanan pəncərədən aşağı necə atıldığını gördüm. O, çığırtısında sanki Allahı köməyə çağırırdı. “Ay Allah!” – deməsini aydın eşitdim. Pəncərə qarşısında bir kişi də vardı. Qadının üzüaşağı necə uçduğunu gözlərimlə izlədim. O elektrik məftillərinə dəydi, partlayış oldu. Sonra həyətə düşdü. Dərhal başımı qaldırıb yenə həmin pəncərəyə baxdım. Bu an qadını aşağı atan kişi cəld geri çəkilib pərdəni qapadı. Beş-altı saniyə sonra otağın işığı da söndü…

– Elə bu qədər? – Rasim şahidi sınayıcı nəzərlə süzdü.

– Bəli, – Səxavət cavab verdi, – nə görmüşəmsə, dedim.

– Hansı seriala baxırdınız və hansı kanalda?

– Türkiyənin “TRT-1” kanalında “Təşkilat” adlı seriala baxırdıq.

– Aha, – Rasim bloknotunda və noutbukda müvafiq qeydlər aparıb istintaqa davam etdi. – Dediniz ki, reklam başlayan kimi dərhal balkona çıxdınız, eləmi? Bir də düşünün, bu dərhal oldu, yoxsa nəyə görəsə bir az ləngidiniz? Məsələn, siqaret və alışqanı götürmək üçün vaxt itirə bilərdiniz.

– Yox, cənab müstəntiq, – Səxavət utancaqlıqla gülümsədi, – Zəhrimarın dəmi elə gəlmişdi ki, reklamların başlanmasına yaxın siqaret qutusunu və alışqanı əlimdə hazır saxlamışdım. Reklam başlayan kimi balkona qaçdım.

– Və elə o an da çığırtını eşitdiniz?

– Bəli. Amma ilk eşitdiyim çığırtı, yəqin ki, otağın içindən gəlirdi, ona görə səs bir az zəif idi, qadın pəncərədən atılanda isə daha ucadan çığırdı.

– Bu onun son çığırtısı idi?

– Bəli… Amma, deyəsən, elektrik məftillərinə toxunanda yenə çığırdı, burası dəqiq yadımda deyil.

– Başqa nə görüb eşitmisiniz, Səxavət dayı? Balkonda olanda və ya hadisə yerinə gələndən sonra?

Səxavət bu dəfə bir az düşünməli oldu:

– Mən hadisə yerinə gedəndən, təxminən, yeddi-səkkiz, ya bəlkə də, on dəqiqə sonra həmin blokdan tanımadığım bir kişi çıxdı. Bizə tərəf baxıb tez də üzünü çevirdi və tələsik çıxıb getdi həyətdən.

– Hə-ə? – Rasim yerində qurcuxdu. – Bax bu qiymətli bir məlumat oldu. Necə bir adam idi o, təsvir edə bilərsiniz?

– Əynində uzun plaş, başında şapka vardı. Cavan adam idi.

– Hm-m… Onun barəsində başqa heç nə deyə bilməzsiniz?

– Xeyr, yadımda qalan sadəcə bunlardır.

Rasim protokolu printerdə çap edib şahidə imzaladandan sonra ayağa qalxıb ona əl uzatdı:

– Gedə bilərsiniz, Səxavət dayı, – dedi, – sizinlə hələlik işimiz qurtardı. Çalışacam, bir daha narahat etməyim.

Səxavət onun əlini sıxıb qapıya doğru bir neçə addım atdı və birdən dayanıb geri döndü. Deyəsən, nəyisə deyib-deməmək barədə tərəddüd edirdi:

– Cənab müstəntiq…

– Buyurun, nə sözünüz varsa, deyin, sizi dinləyirəm.

– Blokun qapısından çıxıb gedən o adamı Babakişi də gördü. Nədənsə mənə elə gəldi ki, onu tanıyır…

– Babakişi kimdir, bizim orada mənzilə çağırdığımız?

– Bəli, onu deyirəm, həmin blokda olur. Taksi şoferidir.

– Nəyə görə düşünürsünüz ki, o həmin yad adamı tanıyır?

– Baxmağından mənə elə gəldi…

Bu zaman qapı döyüldü. Müstəntiq, “Gəlin!” – deyə səslənib Səxavəti yola saldı:

– Yaxşı, çox sağ olun, siz gedə bilərsiniz.

Səxavətin qapıdan çıxması ilə qırx yaşlarında, orta boylu, həddən artıq arıq bir nəfər kabinetə daxil oldu. Bu tanınmış vəkil Fazil Məmmədli idi. İçəri girən kimi gəlib müstəntiqlə əl tutdu və dəvət gözləmədən stul çəkib əyləşdi:

– Rasim bəy, sizin bu gecə saxladığınız Rəhimli Eyvaz İsrafil oğlu məşhur bir şirkətdə mühafizəçi işləyir. Həmin şirkətdəki mühafizə xidməti rəisinin mənimlə yaxın əlaqəsi var. Və onun Eyvazla da münasibəti yaxşıdır. Bu gün səhər mənə zəng vurub Eyvazın durumunu bildirdi və xahiş etdi ki, onun vəkili olum. Məni tanımamış olmazsınız, yəqin, bilirsiniz ki, mən hər işi öhdəmə götürmürəm, lakin əgər götürdümsə, onu layiqincə nəticələndirirəm. Xahiş edirəm, şübhəli qismində saxladığınız Rəhimli Eyvazı çağırasınız, ona lazımi sənədləri imzaladım və işə başlayım. Siz onu hələ istintaq etməmisiniz ki?

– Yox, etməmişəm, – Rasim vəkilin, nəhayət, sözünə ara verməsinə sevinərək gülümsədi.

– Çox gözəl, mən onun istintaqında iştirak edəcəm.

– Fazil bəy, mühafizə rəisinin Eyvazın durumunu sizə izah etdiyini söylədiniz. Maraqlıdır, Eyvazın durumu necədir ki? Dostunuz hələ istintaq başlamamış bu barədə necə məlumat toplayıb?

– Mühafizə rəisinə bu gün səhər tezdən Eyvazın atası zəng vurub. Qaldı müvəkkilimin durumuna, məncə, bu heç də ürəkaçan deyil. Gecə saatlarında o özü mənzilində olarkən arvadı pəncərədən atılaraq öldürülüb. Siz dərhal Eyvazı tutub bura gətirmisiniz. Sizi əsla qınamıram. Yerinizdə başqa hansı müstəntiq olsa, o da yüz faiz Eyvazdan şübhələnərdi. Gördüyünüz kimi müvəkkilimin mövcud durumu heç də yaxşı görünmür.

– Bəs onda bu işi niyə boynunuza götürmüsünüz? Yoxsa sizdə Eyvazın günahsız olması barədə nəsə bir inam var?

– Bəli, tam olmasa da, müəyyən inamım var. Mühafizə rəisi olan dostum bu adam barədə mənə çox cəlbedici sözlər dedi. O hələ indiyə kimi insanlıq adına cüzi xələl gətirə biləcək bir əməlin sahibi olmayıb, onda ola kimisə pəncərədən aşağı tullayıb öldürmək kimi insanlığa tamamilə zidd hərəkət etsin. Qaldı mənim bu işi boynuma götürməyimə, bəli, mən uduzacağımı əvvəldən bildiyim bir işi götürmərəm. Amma vəkilin işi heç də öz müvəkkilini tam təmizə çıxarmaq yox, istintaq və məhkəmə proseslərində onun hüquqlarını müdafiə etməkdir.

– Maraqlıdır, – Rasim yenə gülümsədi, – bizdə, adətən, birilərinin yaxınını şübhəli qismində saxlayanda ora-bura baş vurub əyri yollarla işi o adamın xeyrinə həll etməyə çalışırlar. Bunun üçün vəkil tutmaq çoxlarının ağlına gəlmir, ya da sərf eləmir.

Fazil Məmmədli də gülümsədi:

– Haqlısınız. Lakin bu, əsas o səbəbdən olur ki, işi aparan müstəntiqin ədalətsiz olduğunu düşünürlər. Eyvazın adamları isə işi sizin götürdüyünüzü artıq bilirlər. Sizi ədalətli biri kimi tanıdıqları və istintaqın qanunlar çərçivəsində aparılacağına inandıqları üçün əyri yollar axtarmaq əvəzinə vəkil tutmağa üstünlük veriblər.

– Aydındır, Fazil bəy, – Rasim söhbəti yekunlaşdırdı. – İstintaqın, həqiqətən, qanunlar çərçivəsində aparılacağına əmin ola bilərsiniz. Elə indi şübhəlini gətizdirərəm. Hüquqlarının müdafiəsi ilə bağlı sənədləri imzaladandan sonra istintaqda da iştirak edə bilərsiniz.

İyirmi dəqiqə sonra artıq vəkil lazımi sənədləri Eyvaza imzalatmışdı və Rasim Nəsibli elə onun yanında şübhəlini dindirməyə başladı:

– Vətəndaş Eyvaz, siz mənə dediniz ki, dünən axşam bacınızgildə olmusunuz. Uşağının ad günündə. Orada daha kimlər var idi?

– Mən, atamla anam, bacımın rayondan gəlmiş rəfiqəsi, ərinin valideynləri və bir də qaynı Altay öz ailəsi ilə.

– Bəs mərhum həyat yoldaşınız sizinlə niyə getməmişdi?

Sual Eyvazı bir qədər düşündürdüyü üçün gec cavab verdi:

– Uşaqlar balacadırlar, rəhmətlik dedi ki, getsəm, orada mütləq narahatçılıq olacaq.

– Aha… Bacınızgildən nə vaxt çıxdınız və kiminlə?

– Biz oradan çıxanda saat on olardı. Atamgil qalası oldular. İçkili olduğum üçün öz maşınımı sürə bilməzdim. Ona görə evə Altayın maşınında gəldim. Ailəsi də bizimlə idi. Əvvəl məni evimizin qarşısında endirdi, sonra arvadı ilə uşaqlarını öz evlərində apardı. “28 may” metrosu tərəfdə olurlar. Mənzilə qalxanda Əsmər uşaqları yatırırdı. Mən də yorğun olduğumu deyib yatağa girdim.

– Və yuxuya getdiniz?

– Yatmışdım, bəli.

– Nə zaman ayıldınız?

– Rəhmətliyin çığırtısına ayıldım.

– Ayılandan sonra dəhlizdə addım səsləri və ya açılıb-örtülən qapının səsini eşitdinizmi?

– Xeyr, eşitmədim.

– İzahatınızdan belə nəticə çıxır ki, siz yuxuda olarkən mənzilinizə biri gəlib və mərhum həyat yoldaşınız ona qapını açıb. Həm də həmin adamın mərhumla bağlı problemi varmış. Deyin görüm, həyat yoldaşınız hansısa yad bir kişi ilə gizli cinsi münasibətdə ola bilərdimi? Nə zamansa belə şübhəniz olubmu ona qarşı?

Fazil Məmmədli dərhal yerindən müdaxilə etdi:

– Rasim bəy, bu nə sualdır, verirsiniz müvəkkilimə? Biz avropalı deyilik, müsəlmanıq, türkük. Sizcə, heç elə şey ola bilərmi? Yaxud olsa da, belə bir sualınızın qarşısında əri sizə nə cavab versin?

– Ola bilər, Fazil bəy, siz məndən də yaxşı bilirsiniz ki, söhbət insandan gedirsə, hər şey ola bilər, – müstəntiq bunu deyib üzünü yenə Eyvaza tutdu, – Xahiş edirəm, sualıma cavab verin!

Eşitdiyi sualdan tutulub qalmış Eyvaz dillənməyə məcbur oldu:

– Xeyr, cənab müstəntiq, rəhmətlik namuslu qadın idi. Onu tanıyan istənilən birindən soruşa bilərsiniz bunu.

– Demək istəyirsiniz ki, siz yatağa girib yuxulayandan sonra o mənzilə heç kimi buraxmayıb? Ancaq bu qadını birinin pəncərədən tulladığını görən şahid var. Sizdən az əvvəl izahatını verib getdi. Sözünüzdən belə çıxır ki, dünən gecə mənzilinizdə sizdən, yoldaşınızdan və uşaqlardan başqa kimsə olmayıb. Əgər belədirsə, şahidin də ifadəsini nəzərə alaraq mərhumu yalnız sizin öldürə biləcəyiniz qənaətinə gəlirik. Bunu niyə etiraf etmirsiniz?

– Onu mən öldürməmişəm, xahiş edirəm, araşdırıb əsl qatili tapın, – Eyvaz mızıldandı.

– Tapacağıq. Ancaq mən bu hadisədə yalnız iki variant görürəm və bunların hər ikisi sizin qatil olduğunuzu göstərir. Birincisi, mənzilə kənar şəxs gəlməyib, siz hansı səbəbdənsə mərhumla dalaşmısınız, məsələ böyüyüb və qəbul etdiyiniz spirtli içkinin təsiri ilə bu qətli törətmisiniz. İkinci variantım isə belədir ki, həyat yoldaşınız siz yatandan sonra yad kişini evə buraxıb, siz ayılıb onları bir yerdə tutmuş və qısqanclıq zəminində cinayət işləmisiniz…

– Cənab müstəntiq, – vəkil yenə söhbətə qarışdı, – Axı siz nəyə əsasən qatilin müvəkkilimdən başqa kimsənin ola bilməyəcəyi qənaətindəsiniz?

– Başqa kim ola bilər? Deyirsiniz, qadını pəncərədən həmin yad qonaq tullayıb? Yaxşı, tutaq ki, belədir. Fərz edək ki, həmin adam qadını pəncərədən atıb, Eyvaz çığırtını eşidərək ayılıb və qalxıb dəhlizə çıxana kimi qatil mənzili tərk edib. Bu necə ola bilər? Hələ onu demirəm ki, Eyvazın deməsinə görə ayılandan sonra nə qapı səsi eşidib, nə də ayaq səsi.

– Üçüncü variant da var, – vəkil səsini qaldırdı, – İçkili halda mənzilə girən Eyvaz qapının cəftəsini vurmağı unuda bilərdi. O yatandan sonra kənar biri soyğunçuluq məqsədi ilə mənzilə soxular. Bu vaxt salonda olan qadın haray salar və soyğunçu qadını bu şəkildə susdurmaq məcburiyyətində qalar…

Sözünə qəfil ara verən Fazil Məmmədli müstəntiqin onun sözlərinə başını buladığını görüb üzünü Eyvaza tutdu:

– Sizə bir sual verəcəm, xahiş edirəm, düzgün xatırlamağa çalışın, həyat yoldaşınızın çığırtısına ayılıb onun pəncərədən atıldığını bilən kimi həyətə enmək üçün geyinib mənzildən çıxmısınız, elədirmi?

– Bəli, elədir.

– Həmin vaxt qapının cəftəsi açıq idi, ya vurulmuşdu?

Eyvaz vəkilin sualına dərhal cavab verdi:

– Cəftə vurulmuşdu, mən onu çəkib qapını açdım.

– Xahiş edirəm, yaxşı xatırlayın! – Məmmədli heyrətlənərək səsini qaldırdı.

– Yaxşı xatırlayıram, cəftəni çəkib qapını açaraq çıxdım.

Gülməyini güclə saxlayan Rasim tez də ciddiləşib üzünü pərtləşmiş vəkilə çevirdi:

– Fazil bəy, sizə bacarıqlı bir vəkil kimi hörmətimiz var, ancaq özünüz də görürsünüz ki, hər şey açıq-aşkar ortadadır. – Bunu deyib əlini heç nə anlamadan gözlərini döyən Eyvaza uzatdı, – Həyat yoldaşının qatili olduğunu boynuna almaq istəməyən bu adamın sözündən belə çıxır ki, tamamilə başqa bir adam qətli törədərək mənzildən qaçıb və o gedəndən sonra üç yaşlı oğlu qalxıb qapının cəftəsini vurub. Mənasız da olsa, belə nəticə çıxır bu adamın ifadəsindən.

Vəkil pərt halda susurdu. Bundan istifadə edən müstəntiq saatına baxdı:

– Mən əməliyyat qrupu ilə hadisə yerinə getməliyəm. Biz orada hələ lazımi təhqiqat aparmamışıq, mənzildən barmaq izləri filan götürülməlidir. Ona görə də üzrlü sayın, istintaqı sonra davam etdirəcəm.

Bunu eşidən Məmmədli dərhal ayağa qalxdı və:

– Elə mənim də büroda işlərim var, getməliyəm, – deyərək qapıya yönəldi.

Bu zaman məşhur vəkil yaman dilxor görünürdü. Bir az əvvəlki coşqusundan əsər belə qalmamışdı.

Altıncı fəsil

EYVAZIN ƏSMƏRLƏ EVLƏNMƏSİ

Yeddi il bundan əvvəl iyirmi iki yaşlı Eyvaz kifayət qədər ucaboylu, idmançı görkəmli, hər kəsdə rəğbət oyada biləcək cəzbedici simaya malik bir oğlan idi. Universitet təhsili almasa da, zahiri görkəminin və mədəni davranışının verdiyi uğurlu zəmanətlə özünə yaxşı iş tapmışdı. Ticarət firmalarının birində marketlərə mal paylaşdırma işinə baxırdı.

Həmin illər evlənib ailə-uşaq sahibi olmağı ağlından belə keçirməyən Eyvaz sosial şəbəkələrdə işsiz-gücsüz qızlarla əylənməyi sevirdi. Onların içində tanış olub canlı görüşdüyü, onunla eyni firmada çalışan dostunun Nərimanov metrosu yanındakı boş evində sevişdiyi qızlar da olmuşdu. Bir sözlə, yerli mentalitetin də uyğun bildiyi kimi, “cavanlığını edirdi”.

Bir gün instaqram səhifəsindəki profilinə çiçək fotosu qoymuş Səbinə adlı qız diqqətini cəlb etdi. Paylaşımı da, təqibçisi də, təqib etdikləri də çox az idi. Təqib istəyi göndərdi və bir neçə saat sonra istəyi qəbul olundu. Dərhal mesaj yazdı:

“Salam, Səbinə xanım, necəsiniz?”

Bəzən düşünəndə tanımadığın birinə “Necəsiniz?” sualını ünvanlamaq özünə də qəribə gəlirdi. Sanki səni tanımayan, hətta ömründə bir dəfə də olsun, görməyən həmin adam dərhal halını sənə bildirəcək, bütün dərdlərini səninlə bölüşməyə başlayacaq. Az keçmiş şablon cavab gəldi:

“Yaxşıyam, Eyvaz bəy, siz necəsiniz?”

“Şükür, yaxşı olun” yazdı və həmin andan onların davamlı yazışmaları başlandı. Qız olduqca mədəni, istiqanlı biri təsiri bağışlayırdı. O vaxtlar Eyvaz gənc olmasına baxmayaraq sosial şəbəkələrdə baş verənlərlə bağlı müəyyən təcrübəyə malik idi və bilirdi ki, bəzi oğlanlar qız profili açaraq içlərindəki qızlıq duyğularını oğlanlarla (kim bilir, bəlkə, həmin oğlan profilini də hansısa “itoynadan” qız açıbmış) bölüşürlər. Bunu bildiyi üçün həmsöhbətindən öz səsini göndərməsini xahiş etdi və aldığı cavab maraqlı oldu:

“Mən on səkkiz yaşlı qızam. Adım, həqiqətən, Səbinədir. Ancaq atam və qardaşlarım aşırı qısqanc olduqları üçün sosial şəbəkələrdə olmağımı istəmirlər. Bu da məndə təbii qorxu hissi yaradır. Görürsünüz ki, buraya nə şəklimi qoymuşam, nə də soyadımı yazmışam. Səhifəni evdəkilərdən gizli açmağım məndə elə bir psixoloji hal yaradıb ki, kiməsə səsimi və ya fotomu göndərsəm, bunun internet məkanında qalacağından və nə vaxtsa qardaşlarımın qarşısına çıxa biləcəyindən qorxu keçirirəm”.

Eyvaz ilk yazışmalardan qızın ünsiyyət tərzinə valeh olmağa başlamışdı və bəlkə də, buna görə ona haqq qazandırıb səs və ya foto barədə təkid etmədi. Hansı ki həmsöhbətinin gətirdiyi dəlillər heç də məntiqli deyildi. Eyvaza “atacağı” qısa bir səs internetdə “üzərək” qardaşlarının qarşısına çıxa bilməzdi. Həm də ondan, “Ah-h, səni istəyirəm” – kimi təhlükəli bir müraciət istəmirdi ki. Məsələn, ən azından, uca səslə, “Qarabağ Azərbaycandır!” – deyə səslənə bilərdi.

Ancaq buna baxmayaraq yeni həmsöhbəti ilə yazışmanı kəsmədi. Hətta günlər keçəndən, aylar ötəndən sonra artıq qızdan canlı görüş, telefonda görüntülü söhbət, səs atmaq və foto göndərmək kimi tələblər etmək yadına belə düşmürdü.

Qız boyunun 172 sm, çəkisinin 52 kiloqram, saçlarının qısa və qəhvəyi, gözlərinin qonur olduğunu özü yazışmalarda bildirmişdi. Qalan şeyləri isə Eyvaz öz təxəyyülü hesabına yaratdı. Həm də mövcud ola biləcəklərin ən yaxşısı kimi yaratmışdı bu keyfiyyətləri. Səbinə adlı bu obrazın yerişi də, gülüşü də, səs tonu da, geydiyi paltarlar da Eyvazın “zövqünə tam uyğun gəlirdi…”

Bir il sonra anladı ki, artıq Səbinəyə vurulub. Bu qız və ya yaratdığı bu obraz onun bütün həyatına daxil olmuşdu. Bütün keçmişini bölüşməklə kifayətlənməyib hər gün evdə və işdə baş verənlər, naharda və şamda yediyi xörək, gün ərzində getdiyi yerlər, görüşdüyü adamlar barədə qıza hesabat verirdi.

Səbinəyə ruhən bağlansa da, real həyatda aralarındakı əlaqə bağı yalnız instaqram səhifəsi idi. Yazışmalarının artıq iki ilə yaxınlaşmasına baxmayaraq Eyvaz qızın nə ünvanını bilirdi, nə oxuduğu məktəbi, nə telefon nömrəsini, nə də soyadını. Və bir gün Səbinə aralarında tək əlaqə vasitəsi olan səhifəsini bağlamaqla birdən-birə qeyb oldu, sanki Eyvazın öz beynində qurduğu şirin bir xəyal idi, uçub getdi.

Eyvaz bu günə kimi dəqiq bilmədi və heç zaman da bilməyəcəkdi ki, iki il sevə-sevə yazışdığı insan, həqiqətən, Səbinə adlı gənc qız imiş, yoxsa onunla “məzələnən” yaşlı qadın və ya qız doğulmalı olduğu halda oğlan doğulmuş biri?

“Sevgilisini” itirməklə özünü kainatın vakuum boşluğuna düşmüş kimi hiss edən Eyvaz bir gün satış üçün mal gətirdiyi supermarketdə onu görüb şok oldu. Kassa arxasında əyləşmiş gənc qız iki il qəlbində yaşatdığı “Səbinəyə” necə də çox bənzəyirdi. Saçları, üzü, bədən quruluşu, hətta geyimi…

Tələsik rəflərin arasına keçib ehtiyac olmadığı halda ev üçün bir qədər ərzaq götürdü və həmin kassaya yaxınlaşdı. Növbəsi çatanda qız şirin bir təbəssümlə ona müraciət etdi:

– Salam, xoş gəlmisiniz. Bonus kartınız var?

Eyvazın heyran baxışları onun üzündə qalmışdı və bir az gec dilləndi:

– Salam, gözəl qız. Yox, kartım yoxdur. Mən bura mal gətirirəm, dedim, gəlmişkən alış-veriş də edim.

– Hə-ə, deyirəm axı, sizi burda işçilərimizlə görmüşəm, – qızın onun üzünə tuşlanmış baxışlarında özəl bir qığılcım parlayıb keçdi.

– Ola bilər… Bilmək olar, adınız nədir sizin?

Sualı verdi və dərhal da düşündü ki, cazibədar müsahibi adını deməyəcək. Lakin düşündüyü kimi olmadı:

– Zərifə… – qız elə sevincək dilləndi ki, sanki kiminsə onun adını soruşmasını illərdir, həsrətlə gözləyirmiş.

– Gözəl adınız var. Elə özünüz də qənirsiz gözəlsiniz.

– Çox sağ olun…

Qız onun aldığı ərzağın qiymətini dedi. Eyvaz məbləği ödədi. Yenə danışmaq istəyirdi, lakin arxasında gözləyən alıcı vardı. Ona görə də:

– Hələlik, Zərifə, yenə görüşərik, – deyib kassadan aralandı.

Və sonra həmin supermarketə tez-tez getməyə başladı. Qız onu hər dəfə görəndə bunu büruzə verməməyə çalışsa da, sevinirdi. Gün kimi aydın idi ki, ondan xoşlanır. Eyvaza da bu lazım idi. Zərifə ilə bir neçə il sevgili kimi münasibət qurub olmazın həzz ala bilərdi. Və bir də ayıldılar ki, artıq, doğrudan da, sevgilidirlər. Eyvaz onu dostunun gündüzlər boş olan mənzilinə aparırdı. Saatlarla sevişirdilər. Bu zaman Eyvaz öz xarakterinə sadiq qalaraq “gələcəyini korlamayım” deyə qızın bakirəliyinə toxunmurdu.

Bu görüşlər beləcə bir il davam etdi. Həmin vaxtlar evdə Eyvazı evləndirmək istəyirdilər. Əsas da anası ilə Lamiyə düşmüşdü üstünə və onu ailə qurmağa tələsdirirdilər. Artıq ərdə olan bacısı gülə-gülə deyirdi ki, bəsdir, avara qızlarla gəzdin, evlən, mən də bibi olum.

Ücretsiz ön izlemeyi tamamladınız.

₺113,60

Türler ve etiketler

Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
15 aralık 2022
Hacim:
340 s. 1 illüstrasyon
Telif hakkı:
Hədəf nəşrləri
Metin, ses formatı mevcut
Ortalama puan 4,9, 32 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 25 oylamaya göre
Metin PDF
Ortalama puan 4,8, 5 oylamaya göre
Metin PDF
Ortalama puan 4,8, 30 oylamaya göre
Metin
Ortalama puan 4,7, 9 oylamaya göre
Metin
Ortalama puan 4,9, 13 oylamaya göre
Metin
Ortalama puan 5, 2 oylamaya göre
Ses
Ortalama puan 5, 19 oylamaya göre
Metin
Ortalama puan 4,7, 43 oylamaya göre
Metin PDF
Ortalama puan 4,7, 22 oylamaya göre