Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Qaçaq Kərəm», sayfa 5

Yazı tipi:

QANLI QAR

Havalanan ağ yel ac qurd kimi Ceyrançöldə ulayır, göydən ələnən quşbaşı qarı təzədən göylərə sovururdu. İki dağın arasındakı «Çatma»dan girən qasırğa gah «Qoca qolpun»a soxulur, gah Çoban dağının burnundan burulub Qurd yolunda at çapır, gah da Qanlı təpəyə dirənib şahə qalxaraq burula-burula Sac dağının döşündəki «Maral yatan»da dincəlirdi. Hava elə ayaz idi ki, yalnız cülyələr, Qaynarlıca bulağı deyil, Qazan gölü, Ağ göl və Durnalı göl də buz bağlamışdı....

…Sac dağının ətəyində yerləşən Pirverdi evinin yatağını da qar basmışdı. Yalnız bacanın ətrafı bir az açıq idi. İstidən burada qar qalmırdı. Yalnız qar altında qabaran yataqdan qalxıb çovğuna qarışan tüstüdən bəlli olurdu ki, burada yaşayış var.

Qazma yatağın içi geniş idi. Qoyun-quzu sürüləri burada saxlanılırdı. Qapının ağzına yaxın çətən arakəsmədə isə çobanların özləri olurdu.

Adətən belə havada onlar bayıra çıxmır, ortalıqda qalanan ocağın qırağında qartıya bürünüb ötüb keçənlərdən söhbət açır, müxtəlif oyunlar oynayır, beytləşir, tapmacalar deyir, qaravəllilər söyləyirdilər. Bəzən də biri-birini sınamaq üçün cürət və cəsarət tələb edən çətin işlərdən mərc gələrdilər. Daha bundan artıq nə etmək olardı, eşik qar, içəri dar…

Çobanlar indi də ocağın başına yığışmışdılar. Sərkər Süleyman məzhəkə danışırdı. Onlara baş çəkmək üçün kənddən təzəcə gəlmiş Pirverdi də burada idi; Yataq yiyəsi araba ilə duz, neft, un və başqa şeylər gətirmişdi.

…Hamının diqqəti qoca sərkərdə idi. O, indi də başqa bir əhvalat danışmağa başladı:

– Hə, bir gün də Bəhlul Danəndə qardaşı xəlifə ilə gedirdi. Gördülər ki, göydən bir əl uzandı. Bəhlul onu görən kimi barmağını qaldırdı, əl o saat yox oldu. Xəlifə bu işə təəccüb eləyib Bəhluldan soruşdu:

– Qardaş, bu sirdən məni agah elə görüm o əl nə idi? Nə üçün sən barmağını qaldıran kimi o yoxa çıxdı?

Bəhlul dedi:

– O, sahibi-əzzamanın əli idi. Soruşdu ki «dünya düzəlibsə gəlim, mən də barmağımı qaldırıb ona dedim ki, zəhmət çəkib gəlmə, hələ heç şey düzəlməyib…» O da varıb getdi… Hamı ağız dolusu gülüşdü.

Xəncərini hisdən qaralmış ocaq daşına çəkən Binnət kişi gözünə düşən saçaqlı papağını əlinin arxası ilə alnından bir az yuxarı qaldırdı.

– Düz deyib də… dünya elə pozulmayıb ki, tezinə də düzələ… Deyirəm, bir ağıllı paççah gəlməsə dünya düzəlməz. Vəli faraş doğan davardan eydirə-eydirə sağdığı bulamanı bişirirdi, dedi:

– Zamana bünövrədən dəyişməsə yüz paççah də gəlsə, Bəhlul demişkən, dünyanın düzəlməyi uzun zırıltıdı…

Pirverdi dilləndi:

– Kim düzəldəcək?! Ağalar bu dövrandan razıdı. Rəiyyətdə də ağzı birlik yoxdu. Sən deyən mənim xoşuma gəlmir, mən deyən sənin. Zamana oğrularındı…

Süleyman kişi etiraz elədi:

– Biz kimik ki? Çidarlanmış bir köhlən. Ağalar nə deyir, ikiqat əyilirik…

Bığ yeri yenicə tərləmiş çoban Əfqanın gözü böyüklərin ağzında idi. Elə bil onların dodaqlarından qopan sözləri yığıb udurdu. Bir vaxt gələcək, onun gördüyü ağır günlərdən doğan bu şikayət nidaları sinəsində cilalanıb misralara dönəcək…

 
O çərxi fələkdən şikayətim var,
Çünki onda bir ədalət görünmür,
Verib ağaların əlinə bizi,
Çəkdiyimiz ağrı, zillət görünmür.
 

Yaxud başqa bir qoşmasında:

 
Bürüyüb hər yeri bəylərin malı,
Qazaxda qururlar cahı-cəlalı,
Əfqan, yaman keçir ellərin halı
Düşüb yandığımız nar inciməzmi?
 

– Eh ağa-rəiyyət məsələsi çətin məsələdi. Padşah kimin dalındadı, güc də ondadı, – deyə sərkər əlavə elədi, Arada sakitlik yarandı. Bu bir anlıq sükutu Vəli pozdu:

– A Süleyman dayı.

Boz çuxasının qoltuq cibindən gödək quyruq qəlyanını çıxardan qoca çoban:

– Nədi, ağrın adım? – dedi.

– Bir həkət danış, bu dərdləri unudaq.

Söhbətə həvəsli qoca sərkər xəyalında ömür səhifələrini vərəqlədi. Sonra heç vaxt danışmadığı bir xatirənin üstündə dayandı:

– Uşax vaxtında, elə bu Nağı yaşda olardım. Özüm də Gülümcanlıların malına gedirdim… Söz vaxtına çəkər belə qış öynüdü, özü də qarlı havadı, soyuq ağız-burun kəsir. Naxırı yatağa sürdüm. Daşdı dərədən ötəndə gördüm qabaqda çoxlu canavar var.

Hamı, o cümlədən Pirverdi də bu söhbətə diqqət kəsildi. Bayaqdan ağzından bir kəlmə söz də çıxmayan cavan Əfqan heyrətlə xəbər aldı:

– Çoxlu, yanı nə qədər?

Qəlyanına tənbəki dolduran Süleyman kişi dedi:

– Bir səkkiz dənə olardı. Dördü yolun altda, üçü üstə yatır, biri də qarolda. Onacan heç canavar görməmişdim. Nə olacax, uşaq adam, matım-qutum qurudu, eləcə anqut qaldım. Deerəm ay allah, indi inəkləri də, məni də yiyəjəklər.

Binnətin də ağzı açıla qalmışdı, dözə bilmədi, soruşdu:

– Bəs yaxında bir binə-zad yoxuydumu?

– Varıydı, – dedi Süleyman, – istədim qışqıram, səsim çıxmadı. Nitqim tutulmuşdu. Pirverdi sərkərin sözünü təsdiqlədi:

– Hə, andırın zəhmi ağırdı, adamın o dayqa basaratı bağlanır.

Süleyman kişi ocaqdan qəlyanına od qoyub sözünə davam etdi:

– Nə olajax, özümü tez naxırın içinə verdim. Canavarın heç biri də yaxın gəlmədi, məəttəl qaldım.

Pirverdi arıq sifətini övkələdi:

– Qoyun sürüsü olsaydı, hərəsi beş-altısını parçalardı.

Sərkərin sifətinə ciddi bir ifadə qondu:

– Geri qanrılıb baxanda nə görsəm yaxşıdı? Sual dolu baxışlar kişiyə zilləndi: «Nə?».

Qoca sərkər qəlyanının çubuğu ilə sallaq bığını sığallı:

– Sən demə, dərədə gözümə canavar görünənlərin hamısı daş imiş.

İntizardan qurtarmış kişilərin hamısı gülməkdən uğundular.

İçəridəki gülüşlər bayırdakı itlərin hürüşünə qarışdı. Üzlərdəki ifadə dəyişdi. Hamı eşikdən gələn səsə qulaq asdı. Çoban Əfqan dedi:

– Oxşuyur canavar sürüsüdü. Adını, çək, qulağını bur, aclarından qudurublar.

Süleyman kişi ocağın qırağından ayağa qalxdı:

A bala, itin dilini bilməsən də, daha sənin səsi səsdən ayıran vaxtındı. Mənim saqqalım belə-belə işlərdə ağarıb. Onlar canavara yox, adama hürürlər. Pirverdi də narahat oldu. «Bəlkə basqına gələn var?» – deyə fikirləşdi və sorğulu-sorğulu sərkərin üzünə baxdı:

Xeyir ola, bu boranda görəsən kimdir?

Kimdisə çovğuna düşüb… yatağımız yol ağzıdı, – dedi sərkər.

Qartısını çiyninə salan Binnət qıllı papağını gözünə basaraq ulğundan hörülüb üzünə keçə çəkilmiş qapını araladı. İçəri soxulan çovğun sümsük it kimi hər yana baş çəkdi.

Qısaboylu, cəld hərəkətli Binnət tez eşiyə atıldı. Çovğun onu çulğadı. Çoban özünü tarazlayıb əlləri ilə çovğunu yarırmış kimi bir-iki addım irəli getdi. İtlərin səsi İlanlıca tərəfdən gəlirdi.

Yataq bir qədər döşdə idi. Hava açıq olanda buradan ətraf yaxşı görünürdü. İndi isə beş arşın irəlini seçmək olmurdu.

Çoban Binnət nəhayət yatağa doğru irəliləyən atlıların qaraltısını gördü. Onlar üç nəfər idi. Atların ayaqlarından qar tozu qalxırdı. Binnət ucadan səs elədi. Uzaqdan ona hay verdilər. Yaxınlaşan atlılar elə bil ağ yapıncılara bürünmüşdülər. Qar qara yapıncıların saçaqları arasına dolmuşdu, onlar ətraf mühitdən seçilmirdi? Boran az qalırdı gələnləri atdan yerə salsın. Papaqları üstündən geydikləri boz başlıqlar altından yalnız qar qonmuş ağ qaşlar və bığlar görünürdü. Binnət itlərə təpindi. Qabaqdakı boğazı çəngəlli, döşü xışlı qurdboğan dayandı. Basarın arxasınca hürüşə-hürüşə döşlərinədək qara bata-bata gedən itlərin dördü də ona baxıb geri döndülər.

Bu vaxt Pirverdidə sarı kürkünü çiyninə atıb əlində tüfəng bayıra çıxdı. O, ucaboylu, qıvraqbədən, arıqsifət bir kişi idi… Otuz yaşı ancaq olardı… Yatağın qabağında açılmış arabanın qoluna bağlanıb çullanmış ulaqların yanında dayandı:

– Kimdi a Binnət, gələnlər?

– Bilmərəm, – dedi Binnət.

Pirverdi qarşısında cilovu dartaraq ayaqlarını üzəngiyə dirəyib:

– Bizik, ay yeznə, tüfəngi oyana elə. – deyən atlını səsindən tanıyıb tez irəli durdu. Atlılar yerə endilər. Bu, Kərəm və onun silahdaşları idi. Onlar çırpınıb üstlərindəki qarı tökdülər və əvvəl Pirverdi və Binnət sonra da çobanlarla öpüşüb görüşdülər. Əfqan atları yatağın yanındakı mal damına çəkdi. Qaçaqlar bir də üst-başlarını qapının ağzında çırpdılar və başlarını əyib içəri girdilər…

Kərəm bu Eyvazlı ocağı ilə ikitərəfli qohum idi. Bir tərəfdən Pirverdinin arvadı Qızxanım doğmaca əmisi Abbas kişinin qızı idi. Digər tərəfdən də anası bu nəsildən idi. Kərəm qaçaq düşdüyü gündən bu yatağa ikinci dəfə idi ayaq basırdı. Odur ki, hamı onu çoxdan görmədiyi üçün dövrəyə almışdı. Ona dikilən baxışlarda inam etimaddan doğan bir razılıq və heyranlıq vardı.

Kərəm boy-buxunlu, nazikbel, enlikürək bir oğlan idi.

Göy ala gözləri vardı. Kürən saçları, aypara bığları təmiz sifətinə yaraşıq verirdi. O, iyirmi beş yaşına yenicə girmişdi. Qaçaq yoldaşları da özü kimi cavan idi. Onlardan biri – çobanların yaxşı tanıdığı Kəsəmənli Kərim kişinin oğlu İsfəndiyar, o birisi isə İncə dərəsinin Aslanbəyli kəndindən İsmayıl idi. Onlar iki ay olardı ki, tapışmışdılar. Kərəm İsmayılı elliləri ilə tanış elədi:

Mənim sağ əlimdir, qırğını gözündən vurur. Sərkər Süleyman İsmayılı göz süzgəcindən keçirib onun Qarayanız sifətini, orta boyunu, ğıvraq dolu bədənini, qüvvətli qollarını süzdü.

– Kimlərdənsən oğul? – Söncəli tayfasından, Ömərin oğluyam, a dayı, – dedi İsmayıl. Kişi gözlərini ondan çəkmədi:

Mənim də Şəddilidən bir dostum var… Tanıyırsan, bığ Məhəmməd.

– Hə, niyə tanımıram, qonşumuzdu…

– Allah hamınızın ömrünüzü uzun eləsin. Sərkər baxışlarını Kərəmə dikdi.

Belə qoçaq oğlanlardan başına çox yığnaq elə… Koroğlunun başında gör neçə Dəlisi vardı? O da sənin kimi bir oğlan oluf… Di gəl, gör nə ad qoyuf!?

Yapıncısını arakəsmə çətənin üstünə sərən Kərəm dedi:

– Düz deersən a Suleyman əmi. Tək əldən səs çıxmaz! Kişi onun sözünə qüvvət verdi:

– Məsəldi, deyir: «Höyür sürüyə qurd batmaz!» Kərəmin gəlişi Pirverdini sevincək eləmişdi. Binnət Pirverdinin verdiyi tapşırığı yerinə yetirmək üçün arakəsmənin o üzündəki sürünün içinə keçdi. Pirverdi Kərəmə:

– Yuxum çin oldu, – dedi.

– Bu gecə yuxumda səni görmüşdüm.

Kərəm də üzündə təbəssüm qohumuna baxdı, çal-çarpaz patrondaşını soyunub ləzgi şalından tikilmiş çuxasının üstündən belinə bağladığı gümüşdəstə xəncərini düzəltdi, sonra da əynindəki qara ləstikdən boyunlu arxalığının yuxarıdan iki düyməsini açdı… Pirverdi Kərəmdən soruşdu.

– Hardasan neçə aydır? Sorağını elə ordan-burdan eşidirik.

– Qaraçöpdə Talıblı nəslindən atamın etibarlı dostları var… Bir müddət onlarda qaldıq… Bir yerdə çox qalmaq da olmur. İndi də Kolayırdan gəlirik. Orda Bayramlılarda qonaq idik.

Birdən Pirverdinin yadına nə düşdüsə üz-gözü güldü, söhbəti dəyişdi:

– Muştuluğumu ver sana bir xeyir xəbər deyim. Kərəmin gözləri işıqlandı, üzünə təbəssüm qondu…

– Borclu qalmaram, sözünü de… Əlini cibinə saldı. Atası İsgəndər kişi vurulanda Kərəmin anası hamilə idi. Pirverdi dedi:

– Anan bir oğlan doğub, yerin-göyün sultanı! Kərəmin gözü də, könlü də güldü:

– Ay səni şad xəbər olasan! Buyur, bu da sənin muştuluğun! O, yeznəsinə bir qızıl onluq verdi.

– Uşaq nə vaxt olub?

– İki-üç gündür, əmbə hələ ad qoymayıblar, səni göləyirlər ki, ona ad qoyasan… Böyük qardaşsan.

Kərəm fikirləşmədən:

– Məni niyə gözləyirlər? – dedi. – Onun adı öz üstündədi. Atamın torpağı sanı yaşasın.

Sevincdənmi, kədərdənmi Kərəmin gözləri nəmləndi, xəncərini açıb Pirverdiyə uzatdı:

– Bunu da balaca İsgəndərin beşiyinə bağla… İşdi mən atamın qisasını düşməndən ala bilməsəm, qoy o, alsın.

Kərəmin sözləri ürəklərdəki kövrək telə toxundu. Dostlar arasında İsgəndərin adı çəkiləndə həmişə hüzn yaranırdı. Yara hələ təzə idi. Kərəm xəyalən atasını xatırladı.

…Pirverdi xəncəri xurcuna qoyub qayıdanda Kərəm yaldan ayıldı. Əllərini ocağın hənirinə verib üzünü Pirverdiyə tutdu:

– Qoy indi də mən sizi sorğu-suala tutum. Kənddə nə var, nə yox?

Onun sifətində təbəssüm görünsə də bu sualında qayğı, bir nisgil vardı. Neçə vaxt idi ki, evdən-eşikdən aralanmışdı.

Pirverdi sanki bayaqkı pərişanlıqdan azad olmaq üçün köksünü ötürdü.

– Kənddi daa, – dedi. – Bəylər, ağalar öz kefində, rəiyyət də ki, öz dərdində. Onlar kərə yeyir, biz tərə… Son vaxtlar pristav gündə kənddədi. Gah ağsaqqalları yığıb deyir: «Kərəmi verin!», gah camaatı yağlı dilə tutur: «Kim Kərəmi ələ versə, hökumət ona pul verəcək, torpaq verəcək» – deyir. İndi də hədə-qorxu gəlir, Sibirnən qorxudur. Camaat da dərya kimi çalxanır… Keçən səfər də Carçılıların Babaxanı ortalığa çıxıb dedi ki: «A ləçənnik, bizi Sibirnən qorxutma, oraları biz yaxşı bilirik… Hünəriniz var gedin Kərəmlə özünüz hesablaşın, xalqı incitməyin, camaata nə veribsiniz ki, alammırsınız?!». Pristavın acığı tutub, deyib: «İndi ki, belədi, onda canınızı alacayıq, innən belə hamınızdan «Kərəm vergisi aldıracam, onda ağlınız başınıza gələr»…

Kərəm doğrudan da günü-gündən özünün də xəbəri olmadan kasıbların pənahına, el təəssübkeşinə çevrilirdi. Dünən kənd dəliqanlısı indi qoçaq, qorxmaz bir igid olmuşdu. Qubernator, qəza rəisi, pristavlar, bir sözlə, bütün divan adamları onun əlindən zəncir çeynəyirdi. Kərəmin hər sözü, hərəkəti isə rəiyyətin ürəyindən idi. Adı yoxsulların evində hörmət və ehtiramla çəkilirdi. Hamı ona ümid bəsləyir, ondan nicat gözləyirdi. Divan adamları isə xalqı ona qarşı qaldırmaq üçün kəndlərdəki oğruluqları və bəzi açılmayan başqa cinayətləri onun adına çıxırdılar. El-oba isə buna inanmayıb deyirdi: Kərəm quldur deyil, qaçaqdır.

…Əfqan gərmə ocağının gözünə ulğun çubuqları qoydu. Ulğun yaş idi, yatağın içini bürüyən tüstü hamının gözünü acışdırdı. Cavan çoban tutduğu işdən peşman kimi oldu. Sonra da dirəkdən asılmış qara çıraqdan ocağa azca neft tökdü… Ocaq alışıb çathaçatla yandıqca hərdən ətrafa qığılcım səpələnirdi… Pirverdinin kəndlilərin vəziyyəti haqqında danışdıqları Kərəmi düşündürürdü. Axı, ac-yalavac xalqın nə günahı var ki, ondan «Kərəm vergisi» yığsınlar. Bu cürə də olarmı? Elə bil Kərəmin gözləri ocağa baxa-baxa qərar tutub yol çəkirdi. Bu yol onu gah evlərinə aparıb anası, bacı-qardaşları ilə görüşdürür, gah da, xəyal atını Dağkəsəmənə, nişanlısı Zibeydənin yanına sürürdü… «Görəsən o indi neyləyir? Neyləyəcək? Mənim kimi hicran oduna yana-yana dözməkdən başqa nə əlacı var?» Bir kənarda erkəyi açmalayan Binnət ona kömək eləyən İsfəndiyarla nə barədəsə alçaqdan söhbət eləyirdilər. Vəli soğan soyurdu…

Pirverdi Kərəmin söhbətdən pozulduğunu görüb ona ürək-dirək verdi:

Fikir eləmə a Kərəm… Sən eldən cida düşsən də rəiyyət sənnən öyünür… Siz Niftalı koxanı öldürənnən bəri bəylərin, ağaların canına vəlvələ düşüb…

Kərəm dedi:

– Niftalı koxa kəndçilərə çox zülm eləyirdi! İsrafil ağanın puluna tamah salıb camaatdan danos yazmaqla məşğul idi. Ölməliydi.

O, qıraqda tüstülənən kösövü ocağın altına itələdi:

– Qaçaqlığa görə fikir eləmirəm. Əmbə mənə görə qohum-əqrəbanı, el-obanı incidirlər.

Pirverdi qollarını dizlərinin üstünə qoydu:

– Qohum-əqrəbadan narahat olma… Elin gözü onların üstündədir.

Dirsəyəcən qolunu çırmamış Binnət soyduğu erkəyin ətini və içalatını doğrayıb dərinin üstündə duzlayırdı…

Kərəm atları yemləyib geri qayıdan İsmayıla yanında yer elədi. O da ocağın qırağında oturdu. Əfqan sacı çevirib içini tərtəmiz yuyandan sonra götürüb ocaq daşlarının üstünə qoydu.

Kərəm Vəlinin bulaya-bulaya bişirdiyi isti bulamada bir az hörtləyib təriflədi. Sonra üzünü fikirli-fikirli qəlyan çəkən qoca sərkərə tutdu.

– A Süleyman əmi, nə xəyal elersən, belə? Dünya belə gəlib, belə də getmiyəcək ha? Yaxşı bilersən ki, hər gecənin bir gündüzü var…

Kişi qəlyanını damağından çıxartdı. – Elə olmağına, elədir, a bala. Əmbə bu zamananın gecəsi yaman uzun çəker, savağı heç açılmer…

Haqq dalınca getdikcə addımbaşı haqsızlıqlarla qarşılaşan Kərəm bozay günü kimi tez-tez açılıb tutulur onu yenə fikir çulğadı.

Bu vaxt barxana yığılan yerin qabağında yatan ekiz quzulardan biri ayaq üstə durub mələyə-mələyə, səndələyə-səndələyə ocaq tərəfə gəldi. Çətən arakəsmənin o üzündə anaş qoyun balasına səs verdi. Kərəm quzunu əlinə alıb dizləri üstünə qoydu, başına, belinə sığal çəkdi.

Binnət erkəyin doğranmış quyruğunu qızmış sacın içinə tökdü, quyruq cızhacırla əridi. Sonra o, doğranmış əti yağın üstünə töküb qarışdırdı. Yatağın içini sac qovurmasının iyi bürüdu. Əfqan sarımsaqlı qatıq hazırlayırdı. Kərəmin qaşları çatılmışdı, gözləri isə yol çəkirdi… Birdən o, düşüncələrdən ayrılıb Pirverdidən düşməni İsrafil ağanı xəbər aldı. Hamı birtəhər oldu. İsrafil ağanın adı elə bil yatağa bir çaxnaşma saldı.

Pirverdi, ağanın yaxşı-yamanlığından, kefi kök, damağı çağ olmasından danışıb Kərəmin qanını qaraltmaq istəmədi, odur ki, onu bu söhbətdən yayındırmağı qərara aldı. Di gəl ki, Kərəmin ona dikilən təkidli baxışları cavab gözləyirdi. Pirverdi uç-dörd gün bundan əvvəl Tağı ilə Nağının İsrafil ağanı öldürmək əhvalatını danışdılar.

Dirsəklərini dizləri üstünə qoyub diqqətlə Pirverdiyə qulaq asan Kərəm qamətini düzəltdi:

– Onlar nahaq elə iş tutublar… İsrafil onların tayı bərabəridimi, onunla gizlənpaç oynayırlar? Elə bilirlər qaçaqlıq padşahlıqdı! Qardaşlarım da qoy sakit otursunlar, eşitmişəm…

Pirverdinin gətirdiyi xurcundan xamralı çıxardan Vəli Kərəmin sözünü kəsdi:

– A Kərəm, niyə elə deyirsən, qoysan kimin fırsandına düşsə qisası alsın…

Kərəm:

– Özümə nə oluf ki? Qısas almağın da öz kişilik qanunu var. Yoxsa arxadan vur, xəlvətdən vur, nə bilim yatanda vur. Yox, namərdlik bizə yaraşmaz! – dedi. Süleyman kişi ağsaqqal kimi söhbətə qarışdı:

Kərəm haqqına deyir. Düşmənçilik məzaratdıxnan yox mərdi-mərdanə olmalıdı!

Artıq sac qovurması, yanında da sarımsaqlı qatıq hazır idi. Hamı süfrənin dövrəsində bardaş qurub, yeməyə başladı. Əllər, ağızlar işə düşdü. Soyuq Havada isti yeməyin əvəzi yoxdur.

Nahardan sonra Süleyman kişi Kərəmdən xəbər aldı: Bilmirəm İsrafil ağaynan Mehdi koxa arasında olan davanı eşidibsənmi?

Kərəm başını buladı və soruşdu: Niyə, nəyin üstə, dalaşıblar?

…Uzun haqq-hesabdı… İsrafil ağa Mehdi koxaya bir şillə ilişdirif ki…

Qoca sərkərin söhbəti hamını maraqlandırdı. Kişi bir neçə ay bundan əvvəl baş vermiş əhvalatı nəql etdi…

Kənddən dörd-beş verst aralı, obanın günbatan səmtində iki il bundan qabaq çəkilmiş Bakı – Tiflis dəmir yolunun üst tərəfində ilanyalı bir təpə var. Bura Kəsəmən qəbirstanlığıdır. Uca başdaşlarının üzərində həkk olmuş yazılar, rəsmlər buradakı qəbirlərin qədimliyindən xəbər verir. Bəzi daşlar üzərində tüfəng, xəncər, at və atlı şəkilləri təsvir olunmuşdur. Üzərində hana, cəhrə, güzgü, daraq, qayçı nəqş edilmiş başdaşları da mövcuddur.

Elə qəbirlər də vardır ki, artıq yerlə-yeksan olmuş, başdaşları çürümüşdür. Daş kitabələrdəki ibrətamiz sözlə beytlər və bayatılar isə xalq hikmətindən danışırdı. «Haqqı tanıyan xana-bəyə baş əyməz!», «İgid özü üçün doğular, özgələri üçün yaşar!», «Gələn birdir, qalan birdir, gedən bir, gələn qalmaz, gedən gəlməz, – bu nə sirr?» və s. Bu hikmət və nəsihətlərlə dolu qəbiristanlıq hamı üçün əziz və müqəddəs idi. Ona görə müqəddəs idi ki, bu torpaqda hərənin bir əzizi uyuyurdu. Və bu da bir növ kənd idi – ölülər kəndi. Diriləri düşündürən, bəd əməllərdən çəkindirən kənd!..

Poylu kəndinin qırağında yerləşən bu qəbiristanlığın dörd yanındakı düzlər əkənək idi. Bu torpaqları Mehdi koxanın atası satın almışdı. Onlar bura gəlmə idilər. Amma çoxdan Poyluda yaşayırdılar. O, buraları bir il taxıl, bir il bostan əkdirir və hər dəfə də çoxlu gəlir götürürdü. Həmişə anbarında taxıl saxlayan koxa camaatın yazqabağı əli aşağı olanda birə-üç qatına onlara nisyə taxıl verirdi. Qarpız-yemiş isə vaqonla Tiflisə daşınıb satılırdı…

Günəşli bir payız günü idi.

Bir neçə yoxsul kəndli xışla koxanın yerini şumlayırdı. Koxalığın bir dadı da bunda idi: – Sən əlin belində gəz, camaat sənin işini görsün! Onlar ətraf yerləri əkəndən sonra gəlib üstündə sanki daş meşə olan təpəyə çatmışdılar. Artıq şum qəbiristanlığa dirənirdi.

Adəti üzrə, günortadan xeyli keçmiş Mehdi koxa cütçülərin necə işlədiklərini yoxlamaq üçün atını minib onların yanına sürdü…

Bir azdan onun atının kişnərtisi çöllərə yayıldı. elə bil, cütçülərə xəbərdarlıq idi. Əllər xışların manqalını daha möhkəm sıxdı. Herik qoşulmuş zəncirlər səsləndi, hodaxçılar sözləşmiş kimi, hamısı «Ho! Ho!» – deyə qışqırışdılar. Əllərdəki dəmirqara çubuqları gah sağa, gah sola vurduqca, kəllərin belində .boz iz buraxırdı.

Mehdi koxa atını işləyənlərin qənşərində əylədi.

– Təpəni su döyəninə kimi hələ bir az da yuxarı şumlayın!.. Boş yer qalmasın. Belinizin ipliyi qırılmayıf ha. Xışın burnunu dərinə salın! Arada çiy yer ötürməyin…

Elə bu vaxt qəbiristanlıqdan ağlaşma səsi eşidildi. Mehdi koxa at belində başını yuxarı qaldıranda, qəbir üstə çıxmış qara geyimli bir neçə qadın gördü. Onlardan biri ucadan ağı deyirdi:

 
Qəbiristan bir kənd oldu,
Nədənsə erkən doldu
Viran qalsın buranı,
Hər kim gəldi, bənd oldu!
 

Mehdi koxa əsəbi deyindi: «Kaş elə bütün Kəsəmən gəlib biryolluq burda bənd olaydı, bizim də canımız sizin əlinizdən qurtaraydı!».

Koxa atını dəhmərləyib təpənin o üzünə – dəyirman olan səmtə fırlananda (bu dəyirman da Kəsəmənin idi), əlini gözünün üstünə tutub irəli baxdı. Qəbiristanlığın ətəyində iki nəfər kişinin qəbir qazdığını görəndə torpağına qızırqalandı: «Gör gənə haranı qazırlar, belə getsə…»

Koxa atını sürüb onların yanına gəldi. At yorğaladıqca dolu gövdəli Mehdi koxa körük kimi fısıldayırdı. O, bir azdan cilovu dartıb atdan endi, qəzəblə soruşdu.

– Kimə qazırsız ə bu qəbri?

Qəbrin içindən torpaq çıxaran yaşlı kişi dilləndi:

– Dünən Kürdə Xalsalardan on yaşında bir uşaq axıb… Axıb, axıb, mənə nə?!.. Gedin təpənin o tərəflərində qazın. O, əli ilə yuxarı səmti göstərdi.

Yerqazanlardan biri yovşan kolunun üstündə oturub dincini alırdı.

– Ağa, o yanlarda boş yer yoxdu, – dedi və əllərini tüpürcəkləyib külüngü götürdü. Mehdi koxa özündən çıxdı:

– Gözüm aydın! Yoxdu, onda rədd olun burdan, gözüm sizi görməsin. – O, əlini çəkməsinin boğazına sancdığı qamçıya apardı.

Yaşlı kişi əlindəki belin sapına söykəndi. Ağa, biz…

Koxa onların üstünə çımxırdı:

– Kəs səsini, köpək oğlu! Kəsəmən gündə bir-birini qıracaq, biri Kürdə batacax, mənim əkənəyim onlara qəbiristanlıq olacax?!..

«Gör tamah necə güclüdürsə, qəbiristanlığın ətəyini də özünə qənimət bilir» – əlindəki külüngü bərk-bərk sıxıb dayanmış kişi belə düşündü və astadan qeyzlə pıçıldadı: «Heç yezid də belə iş tutmaz!».

Mehdi koxa onun dodaqaltı deyindiyini görüb irəli hücum çəkdi. Köhnə, boz çuxasının yaxasından yapışıb onu silkələdi, əlindəki qamçı ilə budamağa başladı… Yaşlı kişi onu Mehdi koxanın əlindən almağa çalışdı. Hirsindən gözləri qızmış koxa bir neçə şallaq da qocaya ilişdirdi:

– Sizə belə divan tutmasam… qanan döyülsüz! Gedin ölünüzü öz xarabanızda basdırın! Haranı əkdirirəm sümük çıxır, köpək uşağı…

Onun «qan-qan» deyən səsini eşidib kəlləri dayandıran cütçülər də, yuxarıda – təpənin üstündə ağlaşan arvadlar da hadisə yerinə gəldilər.

Mehdi koxa bir əlini belinə qoydu, o biri əlindəki qamçının ucu ilə xurmayı Buxara papağını qaldırıb, üzünü əkinin başından üzü bəri gələn cütçüyə tutdu və hökmlə dedi:

– Ayə, a Məmməd, şumluyun bu qazılan yeri! Elə bil, qəbirqazanların ayağının altından yer qaçdı, onların matı-qutu qurudu, bir-birinin üzünə baxdılar.

Öküzləri koxanın yaxınlığında dayandıran hodaxçı da, cütçü də gözlərini döydü. Mehdi koxa sağ qaşını əyib çəpəki nəzərlərlə onları süzdü.

– Ayə, siznən döyüləmmi, a köpək uşağı?! Mehdi koxanın özbaşınalığı camaatı cana gətirmişdi. Pristavla dost olduğundan gözü heç kimi seçmirdi. Bir az da qoldan zorlu idi. Həmişə əli qamçılı gəzirdi, kəndin içinə çıxanda Poylu camaatı onun gözünə görünmək istəmirdi. Kəsəmən camaatının da ondan zəhləsi gedirdi.

– İtilin, burdan, gözüm sizi görməsin! – O, qəbirqazan Kəsəmənlilərə bozardı.

Qara keyinmiş, ağzı yaşmaqlı arvadlar Mehdi koxaya lənət yağdırırdılar:

– Tanrısız! Dirilərə zülm elədiyi bəs döyül, ölülərə də zülm eləyir. Cəhənnəm beləsinin yeridi!..

Mehdi koxa əli qamçını cütçülərin başının üstün durub qazılan qəbri şumlatdı.

Arvadlar əlləri ilə üzlərini tutub fəryad elədilər. Ağbirçək bir arvad irəli durub yumruğu ilə qıcandı:

– Mehdi koxa, bu torpaq göz yaşlarıynan sulanıb, bu da bitən taxılın çörəyi yeyilməz. O, ağı-zəhrimar ola. İnadından əl çək!

Başqa bir yaşlı qadın da dilləndi:

– Burdan xeyir-bərəkət görməzsən! Dərd-qəm biçərsən.

Ağbirçək bir ana:

– A Mehdi koxa qulaq as…

 
Eləmi kəsəmənnər,
Mərd olur kəsəmənnər.
Poylulu dərdə düşsə,
Dərd eylər kəsəmənnər.
 

– Əmbə sən, gör nə iş tutursan?! Kərəm bunu bilsə vayını verəcək!

Mehdi koxaya söz təsir eləmədi, inadından dönmədi. Qəbirqazanlar kor-peşman kəndə qayıtdılar. Cütçü Məmməd koxaya dedi:

– Ağa, heç yaxşı olmadı… günah iş gördük.

– Mənə ağıl öyrətmə, qələtini elə! Səni bura vəkillik eləməyə gətirməmişəm!

Yəqin indi gedib İsrafil ağaya xəbər verəcəklər. – Bunu hodaxçı dedi.

– Xox, qorxdum! O, Kərəm kimi bir gədanın əlində aciz qalıb… Mən onnan qorxacam?! – Koxa hodaxçının ağzını əyib, onu yamsıladı:

– «Gedib İsrafil ağaya xəbər verəcəklər?! Cəhənnəmə versinlər! İsrafil Kəsəmənin ağasıdır, mən də Poylunun. Hər iyid öz yurdunun Süleymanıdı!..

* * *

İsrafil ağa elə bu vaxt «Boz»un belində təzə tikdirdiyi mülk üçün Tiflisdən gətirtdiyi, ceviz ağacından hazırlanmış alman çarpayı və kamodları və başqa ev əşyaları arabalardan boşaltdırırdı. Kəsəmən bəylərindən Musa bəy, Allahqulu ağa, İsrafil ağanın qardaşları Yusif ağa, Məmməd ağa, əmisi oğlu Molla Bayram və kəndin rəiyyətləri də burada idi.

Elə bil kəndə «kosa-kosa» oyunu çıxardanlar, yaxud kəndirbaz gəlmişdi. İsrafil ağanın bu cah-calalını eşidən «Boz»un belinə tərpənir və yaxından-uzaqdan tamaşaya dururdu.

Bəylərlə söhbət eləyən və hərdən də nökərlərə göstəriş verən İsrafil ağa açıq-açığına qürrələnirdi. Bu kənddə, bəlkədə bütün bu qəzada heç kimin belə cah-calalı yox idi.

Qəbiristanlıqdakı hadisəni eşidən kimi kişinin novrağı birdən-birə pozuldu. Qaş-qabağı sallandı. Daxilində yatan əfi ilan baş qaldırdı. Əli xəncərini dəstəklədi və Kürdə boğulan uşağın gözüyaşlı atasından bircə kəlmə soruşdu:

– Mehdi koxa indi ordadı?

– Bəli! – Hüznlü atanın yanında dayanan qəbirqazanlardan biri dilləndi.

İsrafil ağa talvarın altına baxdı.

At yəhərli, yüyənli idi. Ağa özünə gələnə kimi nökər qaşqalı ağ atın üzəngisini basdı. İsrafil ağa atın belinə elə qalxdı ki, az qaldı atın qarnı yerə dəysin. Ağa ata tərs qamçı çəkdi. Ağ at ciyəri dağlanmış kimi, qanad açdı və bir göz qırpımında özünü qəbiristanlığa çatdırdı…

Mehdi koxa hələ getməmişdi.

İsrafil ağa şumlanmış qəbrin yanında yəhərdən enəndə gördü ki, qəbiristanlığın ətrafı yuxarılara kimi əkilib.

O, yaxınlıqda için-için göz yaşları axıdan qadınlara tərs bir nəzər saldı, bu baxışlarla: «Gedin burdan!» – söylədi. Sonra Mehdi koxanın yanına gedib, salamsız-kəlamsız dedi:

– Əə, Mehdi, deyəsən sənin başın gövdənə ağırlıq eləyır! Bu nə işdi tutubsan? Gözünü aç, üzümə xub bax!

Baxışlar davaya girişən pəhləvanlar kimi qəzəbli idi. Mehdi koxa gördü ki, İsrafil ağa çox ağzı yelli danışır, ona nə «koxa», nə də «ağa» deyə müraciət elədi. Bu, əlbəttə, onun şəninə toxundu, qürurunu tapdadı, amma üz vurmadı. Sakitliklə:

– İsrafil ağa, belə iş olmaz! – dedi. – Sizin qəbirlər get-gedə mənim yerimə addayır!..

İsrafil ağanın qılınc nəzərləri onu yenidən çaldı.

– Bu nə sözdür?! Lazım gəlsə adlayacaq, hələ bir az da o yana keçəcək! Kənd ölüsünü köhnə qəbirlərə basırmayacaq, ha?!

Mehdi koxanın içəridə ürəyi qorxudan titrəsə də cəsarətlə dilləndi:

– İsrafil ağa, mən qanunnan danışıram!

İsrafil ağa bir az da qeyzləndi:

– Boynuna koxa zənciri taxıb özünü gözə soxma, əlimi qana bulama. Bu qəbiristanlığa öz ayağınnan gəlib çıxıbsan…

Mehdi koxa özünü onun qarşısında sındırmadı:

– Mənə xox gəlmə, İsrafil ağa. Bura mənim dədəmin yeridi!..

– Bura sənin dədənin yox, elin axirət yeridi!.. Biz gözümüzü açannan buranı. qəbiristanlıq görmüşük… Burada bizim əcdadlarımız yatır!

Mehdi koxa divan yanında İsrafil ağanın özündən nüfuzlu, həm zərli, həm zorlu olduğunu bilirdi. Ancaq yenə höcətini yeritdi:

– Yaxşı, onda qoy Kəsəmən camaatı mənə bu yerin haqqını versin. İsrafil ağa:

– Ə, sən kimsən ki, bizdən haqq istəyirsən? – soruşdu, Mehdi koxa dedi:

– Onda əcdadlarınızı çıxardın, aparın «Boz»un belində basdırın!

İsrafil ağanın içindən bir nida qondu: «Ölüləri gorbagor eləmək?!»… Yox, bundan artıq təhqir ola bilməzdi! İsrafil ağa sağ əlini xəncərinin qəbzəsinə apardı və bu vaxt divan-dərə gəlib gözləri önündə dayandı. «Lənət sənə kor şeytan!» – deyib qınından xeyli sıyrılmış xəncərinin parıldayan tiyəsini geri basdı. Lakin artıq aşıb-daşmış qəzəbini cilovlaya bilmədi. Sağ əli sürətlə havanı yardı, koxaya elə bir tərs şillə ilişdirdi ki, kişinin yoğun boynu üstündəki kiçik, keçəl başı çiyninə əyildi. Xurmayı Buxara papağı diyirlənib İsrafil ağanın qabağına düşdü. Gözlərinə isə qaranlıq çökdü. Qara rəngi qar rənginə döndü, bədəninə soyuq tər gəldi. İsrafil ağa öz-özünə təəccüb elədi ki, Mehdi koxa onun şilləsindən nə yaxşı yıxılmayıb ayaq üstə qala bildi. Axı, bu zərbə kələ dəysəydi, kəlin dizi yerə gələrdi…

Mehdi koxa özünə gələndə, gözünə birinci növbədə İsrafil ağanın ayaqları ucuna düşmüş papağı göründü… Bu, onun şəninə əskiklik gətirdi. Bir anlıq fikrə getdi. O yandan papağı götürmək istəyir, bir yandan da İsrafilin qarşısında əyilməyə mənliyi yol vermirdi. Amma kişinin namusu sayılan papağı götürməmək də olmazdı…

Gözlərini yan-yörəsində gəzdirən Mehdi koxa İsrafil ağanın ovsunlu nəzərləri altında yavaş-yavaş aşağı əyilməyə məcbur oldu. Daz başı az qaldı ağanın dizlərinə toxunsun. İsrafil ağanın baxışları onun boynunu ölçdü:

«Nə vurulası boynun var, bircə qılınc zərbəsi!

Məğlubiyyət hissi, düşmənə baş əymək doğrudan da ölümdən betərmiş. Bu əyilmək ona şillədən ağır təsir elədi. əlini papağına uzatdı. Ürəyindən qara qanlar axa-axa:

«Yaxşı İsrafil ağa, sənin ananı ağlatmaq mənə borc olsun» – deyə düşündü.

Yenicə açılmış şırımın içindən toza bulanmış papağını götürüb qamətini düzəldəndə İsrafil ağa onu sözlə də şillələdi: …Baxışlar yenə şahə qalxıb, kəllə-kəlləyə gəldi.

– Di get. Allahına şükür elə ki, səni salamat buraxıram… Burda yatanlara qurban ol!.. Mən əcdadlarımız yatan bu müqəddəs torpağı sənin çirkin qanınla murdarlamaq istəmirəm!

Hirsindən burun pərənləri qalxıb-enən Mehdi koxa toza batmış papağını çırpıb başına qoydu. Sonra ayağını yəhərin üzəngisinə keçirib atın belinə qalxdı:

– Mən səndən lap Sərdarın özünə şikayət eləyəcəm! – deyib atını mahmızladı.

İsrafil ağa saymazyana:

– Get əlindən gələni min qaba çək! – dedi.

* * *

…Kərəm qoca sərkəri dinlədikcə içində baş qaldıran tufan şiddətlənirdi. Mehdi koxadan intiqam almaq hissi üzündə, gözündə əks olunurdu. Hirs onu boğurdu.

O, xəyalında elin heysiyyətinə toxunduğu üçün Mehdi koxanı ittiham edir, həm də İsrafil ağanı asıb-kəsirdi ki, niyə onu öldürməyib?!..

Süleyman kişi əhvalatı nəql elədikcə Kərəmin gözlər önündə çoxdan o dünyaya köçmüş adlı-sanlı kişilər, igid oğlanlar, ağbirçək nənələr, analar gəlib keçirdi. Atasın xatırladı. Ona elə gəldi ki, Mehdi koxa indi də qəbirlərin arasını şumladır. «Biqeyrətdən nə desən çıxar!» az qaldı yerindən durub elə bu dəqiqə ora yollansın…

₺66,22