Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Altunsaç», sayfa 4

Yazı tipi:

İKİNCİ FƏSİL

Otaq qaranlıq idi. Yerdən tikilmişdi və pəncərələrinin hər ikisi həyətə açılırdı. Ortalıqda müşəmbə örtüklü masa və üç stul vardı.. Tavandan başaşağı uzun şnura bərkidilmiş çılpaq bir çıraq asılmışdı. Divarlara doğru yan-yana bir çarpayı və bir divan əzik-üzük divar kağızlarına söykəli durmuşdu. Yalnız nisbətən boş divarlarda bir dolab dayanmışdı ki, onun qapısını da qatlanmış qəzetin köməyi ilə örtmüşdülər. Bunun yanından bir neçə saralmış şəkil asılmışdı. Ahmed Paşa Anbari masanın qırağında əyləşib baxışlarını saralıb-solmuş divar kağızlarının salamat nümunələrinə dikmişdi.

– Xəstələnmişəm,– deyib Asiyadeh stula əyləşdi. Ahmed Paşa başını qaldırdı. Onun xırdaca gözləri qorxu içində irəli baxdı. Asiyadeh əsnəyib incə qollarını gərdi. Ahmed Paşa ayağa durub yatağı düzəltdi və Asiyadeh paltarını sivirib çıxartdı. Çarpayının qırağında oturub «a» ilə bitən yakut sonluğundan və onun boğazına baxmış yad kişidən titrətmə içində, sayıqlaya-sayıqlaya danışmağa başladı.

Ahmed Paşanın gözlərinə dəhşət doldu:

– Təkbaşına həkimə getmisən?

–Bəli, ata.

– Soyunmalı oldun?

– Xeyr, ata, vallah yox.

Çox etinasız səsləndi. Asiyadeh gözlərini yumdu və əzaları qurğuşun kimi ağırlaşdı. Ahmed Paşanın ləngərli addım səslərini və gümüş pulların cingiltisini eşitdi.

– Limonla çay, – Ahmed Paşa hardasa qapı arxasından pıçıldadı.

Asiyadehin kirpikləri titrəyirdi. Yarıaralı göz qapaqlarının altından o, divardakı saralmış şəkillərə baxdı. Bu şəkillərdə Ahmed Paşa zərli parad paltarı geymişdi, üstdən sallama xəncər bağlamışdı, başına şərəf nişanəsi fəs qoymuşdu, əlində isə parıltılı dəri əlcək vardı. Asiyadeh dərindən nəfəs aldı və birdən-birə köksündə Qalata körpüsünün tozunu, haçansa Bosfor sahilindəki otağının taxçasında quruyan xurmanın qoxusunu duydu. Uzaqdan dərin bir mızıltı eşidildi. Ahmed Paşa Berlin odasının tozlu xalçası üstündə diz çökmüşdü və alnı döşəməyə dəyirdi. O, içinə qapanıb astadan namaz qılırdı. Asiyadehin gözlərində günəşin böyük, yumru kürəsi və İstanbul qapılarındakı Konstantinin qədim divarları canlandı. Yanıçar Həsən divara dırmaşıb qədim istehkamın başı üstündən Osman soyunun sancağını dalğalandırdı. Asiyadeh dodağını dişlədi. Rum Alaqapısında Mixail Palioloq vuruşurdu və Fateh Mehmet cəsədlər üstündən Aya Sofiyaya daxil olub qanlı əlini Bizans sütunlarına basdı. Asiyadeh də əlini qaldırıb ağzına tutdu. Nəfəsi nəm idi və od tutub yanırdı, o, ucadan, var gücü ilə dilləndi:

– Boksa.

– Nə var, Asiyadeh, – Ahmed Paşa qızın başı üstünə əyilmişdi.

– Cağatay «boqus»unun («boğazının») Karakas yönlük halı, qız cavab verdi. Ahmed Paşa qayğılı-qayğılı baxıb kürkünü onun üstünə atdı.

Sonra namazını sürdürdü və Asiyadeh qarışıq ayıq röyada əsgərlərin arasında cümə namazına gedən Sultan Vəhdəddinin şux çiyinlərini gördü. Tatlı Suda balaca qayıqlar çevrə vururdu və qəzetlər Qafqazdakı uğurlardan, almanların qələbələrindən və Osmanlı Səltənətini gözləyən böyük gələcəkdən xəbər verirdilər.

Kimsə onun saçını dartışdırdı. Qız gözünü açıb əlində stəkan tutmuş Ahmed Paşanı gördü. Acı maye ilə qarqara edib çox ciddi dedi:

– «Qarqara» səs təqlididir, hər şey səslərin tarixi ilə açılmalıdır.

Sonra balınca quylandı. Arxası üstdə uzanmışdı, yanaqları allanmışdı, gözləri də qapanmışdı. Xəyalında səhralar, çöllər, çılğın cəngavərlər və Bosfor sarayının başı üstündəki Aypara canlandı. Sonra üzünü divara çevirib uzun-uzadı, acı-acı ağladı. Zərif çiyinləri atılıb-düşürdü və sifətinə axan göz yaşlarını o, əlinin arxası ilə silirdi. Hər şey yağı generalın İstanbulu tutduğu və bütün müqəddəs Osman soyunu ölkədən çıxartdığı gün oldu. O vaxt Ahmed Paşa bir ər ədası ilə xəncərini küncə atıb qonaq evinin kiçik pavilyonunda göz yaşı axıtdı. Evdəkilərin hamısı bilirdi ki, ağlayır və hamı da pavilyonun astanasında dayanıb susurdu. Sonra atası Asiyadehi çağırtdırdı və qız içəri girdi. Paşa yerdən oturmuşdu, paltarı əskiyə dönmüşdü.

– Sultan qovulub,– deyib kişi üzünü qırağa çevirdi. Özün bilirsən, o mənim dostum və hökmdarım idi. Bu şəhər mənim üçün yadlaşdı. Köçürük.

Sonra hər ikisi pavilyonun pəncərəsinə yanaşıb uzun müddət Bosforun çəpəki dalğalarına, əzəmətli camilərin minarələrinə və uzaqdakı boz təpələrə baxdı ki, həmin təpələrin arxasından haçansa Osmanlı dəstələri Avropaya yürüşə qalxmışdılar.

– Berlinə gedirik,– Ahmed Paşa dedi. Almanlar bizim dostumuzdur.

Asiyadeh göz yaşlarını sildi. Otağa qaranlıq çökmüşdü. Divandan Ahmed Paşanın hənirtisi gəlirdi. Qız çarpayıda dirsəklənib geniş açılmış gözləri ilə uzaqlara baxırdı. O, İstanbul, köhnə evləri və vətənin yumşaq və mülayim havası üçün qəribsədi. Xilafət paytaxtının minarələrini bir əlçatarda duydu və lal bir qorxu onu çulğadı. Hər şey yox olmuşdu, hər şey itmişdi. Qalan yalnız doğma dilin incə səslənişi və haçansa Osman yurdunu göylərə qaldırmış həmin gələnəklər idi.

«Babam Bosnada vali olub», Asiyadeh beynindən keçirdi və həkimin dizinin öz buduna toxunduğu birdən yadına düşdü. Gözlərini yumdu və onun qara, azca qıyqacı biçimli gözlərini gördü. «A» deyin söyləyən həkimin başında müqəddəs bir nur yanırdı.

«’A’ yakut variantıdır. Mən isə Osmanlıyam. Yiyəlik halında biz ’İ’ deyirik.” – Asiyadeh vüqarla cavab verib yuxuya getdi. Və bu zaman əli döşəyin altına sürüşüb sevgi ilə özünün bərkimiş budunu sığalladı.

Qız yatırdı, Ahmed Paşa isə gözlərini yumub çarpayıya uzanmışdı, lakin oyaq idi. İmperatorluğu qorumaq üçün əsgər getmiş və bir daha geri dönməmiş hər iki oğlunu gözləri önünə gətirmişdi. Sultan oğullarından biri ilə ailə qurmalı olan və indi yad hieroqliflərin dəryasında çabalayan altunsaç qızını düşünürdü. İçərisində yüz mark olan və Anbari ocağının bütün var-yoxu sayılan pul kisəsini, eyni zamanda qürbətdə oturub İstanbulun mülayim havası üçün qəribsəyən sultanı xəyalından keçirirdi.

Dan yeri sökülürdü, Ahmed Paşa çay qoydu və Asiyadeh yuxudan ayılıb çarpayıda oturdu, gümrah və inamla dilləndi:

–Tamam-kamal sağalmışam, əlahəzrət.

* * *

Knezebek küçəsindəki «Vatan» kafesi siqaret tüstüsü və quyruq kababının iyi ilə dolmuşdu. Qəhvəxananın yiyəsi görünməmiş mürşidlik şərəfinə yetişmiş və buna görə də vətənini tərk etməli olmuş eynəkli bir hind professoru idi. Onun baş süfrəçisinin adı Smaraqd idi, uzun burnu vardı və Buxara əmiri sanını daşıyırdı. Balaca masaların başında misirli tələbələr, suriyalı siyasətçilər və qacarlar sülaləsinin şahzadələri əyləşmişdilər. Onlar quyruq kababı yeyir və xırda fincanlardan ətirli qəhvə içirdilər. Qəhvəçi Kürdüstan dağlarında qaçaqçılıq etmiş enlikürək, sıx çatmaqaş bir kişi idi. On səkkiz cür qəhvə hazırlamağın yolunu bilirdi, ancaq öz bacarığını başlıca olaraq prinslərin, valilərin və tayfa başçılarının qarşısında nümayiş etdirirdi.

Ahmed Paşa Anbari küncdəki masanın arxasında əyləşib buğlanan qəhvənin üzünə baxırdı. Yan masada çərkəz Orxan bəy müəmmalı Əhmədiyyə təriqətinin yastıburun müridi ilə nərd oynayırdı.

– Bilirsiz, əlahəzrət, – deyib qəhvəxana sahibi paşanın qarşısında baş əydi. Bilirsinizmi ki, Rəfi Paşa artıq Yəməndən yola düşüb? Orda o, yerli imamın hakimiyyətinə generallar və dövlət xadimləri arayır.

– Mənim Yəmənlik halım yoxdur, – Ahmed Paşa dedi.

– Düz buyurursuz, – sahib etinasız dilləndi, yəmənlilər kafirdir.

O, piştaxtanın arxasında gözdən itib fincanlarını cingildətdi. Çərkəz nərddə uddu, siqaret yandırıb yan masadakı gombul suriyalıya nəzər saldı.

– Ayıbdır, – suriyalı dedi, – Allaha inanan zər atmaz.

Çərkəz ikrahla siqaretini sümürüb üzünü qırağa çevirdi.

Arıqlıqdan əllərinin sümüyü çıxmış dazbaş bir kişi içəri girdi, Anbarinin masası yanında ayaq saxlayıb əlini sinəsinə, dodağına və alnına toxundurdu.

– Tanrı Sizlərə yar olsun, əlahəzrət. Çoxdandır görüş-mürük.

Paşa başı ilə təsdiqlədi.

– İstanbuldan gəlirsiz, rəis bəy?

– Bəli, əlahəzrət. Sakariyada yaralandım, indi də gömrükdəyəm. Biz axırıncı dəfə mən deputat, Siz də əmniyyət naziri olanda görüşmüşdük. O vaxt məni həbs etmək istəyirdiniz.

– Heyf ki, qaçıb qurtara bildiniz, rəis. Vatan naşıldır?

– Çiçəklənir və Qızıl Buynuza günəş saçır. Məhsul yaxşı oldu, qışda Ankara bölgəsinə güclü qar düşmüşdü. Geri qayıtmanız gərəkdir, əlahəzrət. Hökumətə bir əfvnamə göndərin.

– Təşəkkürlər. Xalça alverinə qatılmaq fikrindəyəm. Heç kimin əfvinə ehtiyac duymuram.

Qonaq getdi və Anbarinin gözlərinə qəm çökdü. Onun yadına ödənilməmiş ev kirayəsi, onu Levant25 kələkbazı sayan ev yiyəsi, Əfqanıstana qaçan və ona pul göndərəcəyini vəd edən əmioğlusu Qiyasim, düşmən tərəfə keçib onun məktublarını cavabsız qoyan digər əmioğlusu Mustafa və yuxa yağmur plaşında Berlin küçələrində vurnuxub xəstələnmiş altunsaç Asiyadeh düşdü. Sonra o, bir neçə qullab vurdu və Smaraqd pulları yığıb onun masasına əyləşdi.

– Çox pis, əlahəzrət, həm soyuq, həm də kasıbçılıq,– Smaraqd bunu özünün güclə anlaşılan ləhcəsində söylədi. –Buxarada müharibə. Mən yenidən əmir. –Güldü, ancaq gözlərindən qəm çəkilmədi.

Küncdə bir iranlı əyləşmişdi, əlini sol qulağının dibinə qoyub astadan və uzada-uzada bir bayatı başladı. Hindistanlı piştaxtanın arxasında oturub Əhmədiyyə təriqətinin müridi ilə haqq olan Allahdan söhbət salmışdı. Onlar qızğın mübahisə edirdilər. Ahmed Paşa başını aşağı salıb düşünürdü ki, xam avropalı topluçuların məsləhətçisi və bir mütəxəssis kimi gerçəkdən də xalça işinə girişə bilər. Kişi köksünü ötürdü və sol sinəsində yüngül bir ağrı duydu. Bu ağrını o, on illər öncə ərəb savaşından yadigar gətirdiyi müharibə yarasının son xatirələri kimi əzizləyirdi.

Qonşu masadakı çərkəz bir hava mızıldanıb dalğın-dalğın gülümsədi.

– «Şərq» restoranında pianoçu olmaq istərdim, əlahəzrət, –yarıtəsdiq, yarısual dilləndi. Çünki ulularının ərən peşəsi, qaçaqçılıq və savaş, indi onun üçün əlçatmaz olmuşdu. Dədə-babası haçansa bir dəstə igidlə Osmanlı sarayına gəlmiş və o, hökmranlıq və əmr vermək üçün doğulmuşdu. Lakin keçmiş qaranlıq və alacalı idi, göylərə sovrulan səhra qumunun sütunları arxasında olduğu kimi. Hazırkı çağ isə Berlinin daş döşəmələrinə sərilmişdi və çərkəzin əlindən yalnız iki şey gəlirdi: əmr vermək və zümzümə etmək. Əmr vermək açıq-aşkar dəbdən çıxmışdı.

Qovqun Qacar şahzadələrinin oturduğu masanın arxasında həzin bir pıçıltı başladı:

– Sürgünlük çörəyi acı olur,– kimsə dilləndi.

– Yox, bir başqası cavab verdi.– Acı nədir ki?! Sürgünlük ölkəsi sürgünlər üçün heç çörək də yetirmir.

Ahmed Paşa yerindən qalxdı. Qəhvəxananı tərk edib başını aşağı saldı, yad şəhərin küçələri ilə ağır-ağır addımladı. Evlər alınmaz yad qalalara bənzəyirdi. İnsanlar tələsə-tələsə ötüb keçirdilər, boz kabuslar kimi. Paşa səsli-küylü şəhərlə dinmədən irəliləyir və onun səs-küyünü eşitmirdi.

«Hələ kartof da alasıyam», düşündü. «Üstəlik pomidor da. Qarışdıraram bir-birinə. Yaxşı bir horra alınar».

Vittenberq meydanında ayaq saxladı. Böyük mağazanın girəcəyinə çəpəki günəş saçaqları səpilmişdi. Parıldayan ipək corablı yabançı qadınlar paşanın gözündən yayınmadı. Asiyadehin ipək corabı yox idi. Qadınlar etinasız, boş baxışlarla yanından ötüb gedirdi. Birdən paşa addımlarını yeyinlətdi və yan küçələrdən birinə buruldu. Gün altında qaralıb-yanmış koppuşyanaq, kök bir kişi Tauensin küçəsi ilə yeriyirdi. Ahmed Paşa şaşqın, yorğun gözlərini kişidən çəkdi. Çox acınacaqlı idi ki, sultanlığın naziri yan küçəyə burulmalı olmuşdu. Çünki varlı həmyerlisinə onun əlli mark borcu vardı. Əlbəyaxa olmaq, özünü kiminsə üstünə atmaq və savaşmaq kimi ağrılı bir istək onu çulğadı. Könlündən qaranlıq bir küçə və qəfildən ona toxunacaq yad bir kişi keçdi ki, acığını onun üstünə töküb kişini şillələsin. Lakin küçələr işıqlı idi, insanlar da heç kəsə toxunmadan qəflətən kənara çəkilirdilər. Ahmed Paşa kartof, pomidor və turp aldı. Sonra qapısı üstündə «Yalnız kübarlar üçün giriş» sözləri yazılmış yaşıl təmiz fasadlı qosqoca dördqatlı evə doğru yollandı. Öz evinə girmək üçün bu kübar alaqapıdan imtina edib baş girişin mərmər cah-cəlalı yanında qaralan balaca qapıya yönəldi. Çəlimsiz ağaclar bitirən dördkünc həyətdən keçib getdi və mənzilinin sınıq-salxaq dəstəyi qarşısında ayaq saxladı. Qapını açdı, olacağa bitişik dəhlizə daxil oldu. Asiyadeh divanda oturmuşdu, sapı dişinin arasında tutub aludəliklə corab gözəyirdi. Qarşısındakı kətilin üstündə açıq bir kitab vardı və o, anlaşılmaz, yabançı kəlmələr mızıldayırdı. Ahmed Paşa pomidorla kartofu masanın üstünə boşaltdı. Asiyadeh torpaq iyi verən qonur yumrulara qarışmış qırmızı kürəcikləri gördü və ləzzətdən, coşqunluqdan, izaha gəlməyən surluluq"’ duyğusundan əllərini bir-birinə vurdu.26

ÜÇÜNCÜ FƏSİL

Tələbə yeməkxanası əyalət vağzalının gözləmə zalına bənzəyirdi. Örtüksüz uzun masaların arxasında tələbələr sıx sıralarda əyləşmişdilər və toyuğabənzər kişinin akrobat məharəti ilə süfrəyə düzdüyü xörəkləri ağına-bozuna bax-madan tələsə-tələsə yeyirdilər. Solda, bufetin yuxarı başında qara bir lövhə asılmışdı, üstündə tabaşirlə yeməklərin siyahısı yazılmışdı. Qiymətlərin ucuzluğu və yemək adlarının təmtəraqlı səslənişi ilə siyahı adamı çaşbaş salırdı.

Asiyadeh yeməklərin sırasını diqqətlə gözdən keçirdi və Köniqsberq frikadelini, yoxsa şaftalı plombirini seçməkdə xeyli çətinlik çəkdi. Nəhayət aclıq tamsınış arzusunu yendi, Asiyadeh süfrəçiyə iyirmi beş pfenniq uzadıb turşməzə iy verən bir iri nimçə ət dolması götürdü. Nimçəni ustufla masanın yanına gətirib əyləşdi və turşməzə iyi acgözlüklə içinə çəkdi.

– Deyəsən sağalmısız, froylayn Anbari?! – Qız başını qaldırdı. Doktor Hassa qənşərində dayanıb onun boşqabına baxırdı.

– Həkimlər haçandan tələbə yeməkxanasına gəlirlər?– Asiyadeh soruşdu və, axır ki, nə türk, nə də türkoloq olan bir nəfərlə danışdığına çox sevindi.

– Müştərisiz həkim elə tələbə kimi bir şeydir, – deyib Hassa masaya əyləşdi. Siz türksünüz, elə deyilmi? Bilməzdim ki, altunsaç türk olurmuş.

Asiyadeh heyrətlə ona baxdı. Deməli, İstanbul sultan qızlarının mavi gözlərinin Tibetdən Balkana qədər məşhur olduğunu bilməyən insanlarda varmış.

– Hərdən olur,– qız saya dillənib buğlanan dolmanı çəngəllə qurdaladı. –Siz də alman deyilsiniz, elədir?

– Hardan bilirsiniz?

Asiyadeh razı-razı gülümsədi.

– Əslinə qalsa, mən yalnız türkoloqam, amma ləhcələrdən başım çıxır. Birdə ki … Hassa alman adı deyil.

Həkim qarşısındakı pivədən bir qurtum alıb qıyqacı biçimli qara gözləri ilə Asiyadehi süzdü. Onun baxışları qızın bədəninin uşaqsal cizgilərini və dodaqlarının yumşaq qatlarını yalayıb keçdi. Qızın azca kölgəli ala gözlərini gördükdə xəyalında sirli, çadralı qadınlar, mərmər fəvvarəli hərəmxanalar və uğurlu cərrahi müdaxilə yolu ilə Asiya xalqları arasında önəmli, lakin dumanlı bir rol oynayan məkrli qulamlar haqqında tutqun təsəvvürlər baş qaldırdı. O, qəfildən içində «Min bir Gecə» nağıllarından ucalan bir uşağı sinəsinə sıxmaq arzusu duydu və dizləri masanın altında ehtiyatla qızın incə buduna toxundu. Asiyalı uşaq ona kəc-kəc baxıb dedi:

– Dinc durmasanız, ağzımı açıb «a» deyəcəm. Onda olacam xəstəniz və həkimlik etikası duyğularınızın coşmasına imkan verməyəcək.

Uşaq aşkarca daha uşaq deyildi, yaxud çox ağıllı uşaq idi. Hassa tələsik parçını boşaltdı.

– Mən avstriyalıyam,– mərhəmliklə bildirdi. – Vyana ilə tanışlığınız var?

Kayzer paytaxtının adının çəkilməsi Asiyadehə heç bir təsir göstərmədi. O, ətin son tikəsini ağzına aparıb boşalmış nimçəyə azca qəmli bir nəzər saldı və cəhəngləri ikrahla aşağı dartıldı.

– Qara Mustafa haqqında eşitmisiz? Sultan Süleyman dövründə Vyanaya basqı yapanı? Belə, o mənim ulu babam olub. Qalib gəlsəydi, bəlkə də mən Sizi özümün can həkimim etmişdim.

Amma heç də belə deyildi. Əzəmətli Qara Mustafanın Anbari soyu ilə heç bir qohumluğu yox idi. Ancaq bu xəbər Vyanalıya lazımi təsirini göstərdi.

– Ürəkdən təşəkkürlər, prinses,– Hassa ədəblə dilləndi.– İzin verirsinizmi, Sizə «prinses»lə müraciət edim?

– Xeyr,– qız cavab verdi.– Mənə prinses deməyin.

Asiyadeh qəmlənib heç vaxt üzünü görmədiyi sultan oğlu Əbdülkərimi xatırladı, bu oğlan onun gələcək əri olmalıydı. Əbdülkərim Amerikaya getmişdi. O çağdan ondan bir xəbər eşidən olmamışdı. Yəqin hardasa süfrəçilik edirdi.

Qızın çöhrəsindəki nisgil doktor Hassanın gözündən yayınmadı. O özünü bufetə salıb qaymaqlı-şokoladlı bir bişi gətirdi. Asiyadeh onu mərhəmətlə süzüb bişini yedi. Ağ, yapışqan kütlə onun dodaqlarına yayıldı və o, sivrilənmiş dili ilə dodaqlarını yaladı.

– Mən Vyanalıyam, – Hassa vurğu ilə dedi, çünki qarşı-sındakı yabançı qıza bu deyimin heç bir təsir göstərmədiyi ona yaman toxunmuşdu. Doktorluğumu Vyanada qazanmışam, sonra biliyimi artırmaq amacı ilə bir semestr Parisdə, birini də Londonda keçirmişəm. Bu semestrin axırına kimi də Berlindəyəm, sonra birdəfəlik Vyanada oturaqlaşacam.

Bu da təmiz gerçəklik deyildi, təmiz gerçəklik Hassanın qəlbinin dərinliklərinə elə hopmuşdu ki, onu qəflətən dartıb işığa çıxarmağın heç anlamı da yox idi. Çünki həqiqətən anlamsız idi ki, sınaqlardan çıxmış Vyanalı həkim dünyanı dolaşır və çeşidli xəstəxanalarda qastrol tamaşaları göstərirdi. Asiyadeh bu barədə sorğu etsəydi, doktor Hassanın elmi çabasından və bilimsəl maraqlarından xəbər tutardı. Hətta bəlkə qızı məlumatlandırardı ki, Berlinə başlıca olaraq burun-boğaz plastikasının yeni başarılarını araşdırmaq üçün gəlmişdir. Ancaq, yəqin ki, Marionla qalmaqalının və bütün yayı Zaltskammerqutda birgə … Amma bunun qəti yeri deyildi. Fritsin üstündən sükutla keçəcəkdi. Axı bunun heç kəsə dəxli yoxdur və çoxdan ötüb-keçmiş bir olaydır. Başını əyib gülümsəyə-gülümsəyə üstdən aşağı Asiyadehə baxdı.

– Hə, – Hassanın danışıqlarına məhəl qoymadan Asiyadeh dedi. Artıq dörd ildir Berlindəyəm. İstanbulu çöküşdən sonra tərk etdik. Həyat qəribədir. O vaxt mənim on beş yaşım vardı və çadrada gəzirdim. Əvvəllər burda təkbaşına və çadrasız küçəyə çıxmağa adət edə bilmirdim. İndi ürəyimcədir. Amma hər halda biabırçılıqdır. Vətəndə musiqi təhsili almışam, dilləri öyrənmişəm. İndi də ipə-sapa yatmaz ulularımın dillərini öyrənirəm. Bilirsiz, məni vətənə bağlayan da budur. Hər halda başa düşürsüz, deyilmi?

–Hə, – Hassa dedi. – Bir semestrdən sonra Vyanada oturaqlaşacam. Operada. Müğənniləri müalicə edəcəm.

Bir müddət beləcə danışıb hərə öz havasını çaldı və hər biri də nəyinsə üstündən susub keçdi. Hassa Marion adlı Vyanalı bir qadının varlığının, Asiyadeh isə belə bir olayın üstündən sükutla keçdi ki, bu gün səhər tezdən tanımadığı bir kişi poçtalyon mundirində otağın qapısını döyüb «poçt» deyə səslənmişdi. Bu yad kişi Ahmed Paşaya solğun möhürlü bir məktub vermiş və Ahmed Paşa zərfi açanda içərisində əlvan bəzəkli min əfqan rupisini və əmioğlusu Qiyasimin salamlarını görmüşdü. Gülərüz bank məmuru başını yırğalayıb pullara baxmış, mərkəzə telefon açmış və Ahmed Paşaya yeddi yüz qırx alman markı ödəmişdi ki, bununla da Asiyadeh təhsil pulunu vermiş və Köniqsberq frikadelini yemişdi. Ancaq bu, doktor Hassaya dəxli olmayan bir incəlik idi.

– İlkindi üstü nə işiniz var?– Hassa qəflətən soruşdu.

– Osman realiləri. Əlyazmaların tədqiqi. Anadolu təri-qətləri.

– Önəmli bir şeydir?! Məncə … Bəlkə bu gün ən sonuncu isti payız günüdür və Sizə də təmiz hava gərəkdir. Gəlin mənimlə Ştölpxen Gölünə gedək. Bunu Sizə həkim kimi deyirəm.

Asiyadeh onun düzbucaqlı alnına və təbəssümlü qaytan dodaqlarına baxdı. Yadına onun yolunu gözləyən Qızılbaşlar sülaləsi və müqəddəs Sarı Saltıq Dədə düşdü. Qızın istiliyi üzünə vurdu.

– Gedək Ştölpxen Gölünə, –çox arxayın cavab verdi və Hassa bilmədi ki, Asiyadeh ömründə birinci dəfədir, yad kişinin dəvətini qəbul edir.

Hər ikisi qalxıb çölə çıxdı. Asiyadeh inamlı addımlarla avtobus dayanacağına yollandı.

–Hara,– Hassa səsini qaldırıb onun qolundan yapışdı. Qızı yan küçəyə gətirib arxa dövlət nişanında iri, ağ «A» yazılmış arabanın qapısını onun qarşısında açdı. –Avstriya, –fəxrlə dedi və səssiz heyrətdən Asiyadehin ağzı açıla qaldı. Heç vaxt inanmazdı ki, belə adi peşəli bir adamın maşın almağa gücü çatar. Avropa doğrudan da möcüzələr ölkəsiymiş.

***

Sahil təpəsinin yamacında quma uzanmışdılar. Asiyadehin gövdəsi sezilmədən titrəyirdi. Qız yolüstü Hassanın ona aldığı yaşıl çimərgə paltarına baxırdı və hazırkı çağ ona qatqarışıq və fantastik görünürdü. Buğdayı barmaqları ilə qumu eşələyir və əynindəki bayadera paltarından xəcalət çəkirdi.

Berlində keçirdiyi dörd ildə tanıdığı yer universitet, şəhərin küçələri, bir də kafelər olmuşdu. İndiyə qədər çimərgənin nə olduğunu görməmişdi və avropalı kişi və qadınların yarıçılpaq, bir-birinə sarmaşaraq sifətlərini quzey günəşinin həlim saçaqlarına verdiyi yerlər haqqında tam dumanlı təsəvvürü vardı. Çimərgə instruktoru onu dar, balaca bir odaya aparanda, açarı və geyçimi ona verib qapını örtəndə dəhşətdən qızın gözləri bərələ qaldı.

Bu dar, qaranlıq odadan su və duz iyi gəlirdi. Asiyadeh özünü hinkir-minkir ayağında Tanrının üz döndərdiyi sursuz insanlar kimi hiss edirdi. Ensiz, taxta oturacağa əyləşib bundan sonra üyələrini örtməli olan bu xırdaca yun parçasını umudsuzcasına dənətlədi. Dodaqları büzülmüşdü və uyğur şəkilçiləri ilə Kiçik Asiya sülalələrinin tanış dünyasından ötrü qızın burnunun ucu göynədi. Sonra ayaqqabısını çıxarıb corablarını soyundu və ağır-ağır tərpənməyə başladı. Bu onu azca sakitləşdirdi. Gözlərini yumub paltarı əynindən atdı və çimərgə paltarını geydi. Sonra milçəklərin bulaşdırdığı balaca divar güzgüsünə baxıb yerində dondu. Özlərinin də xəbəri olmadan yumru döşlərin çılpaqlanıb trikotun enli kəsiyindən çölə pırtmasını gördü. Şaşqınlıqla oturacağa əyləşib imdadsız-imdadsız ağladı. Yox, bu görkəmdə gerçəkdən də çölə çıxa bilməzdi, lap Berlinin bütün qadınları bu sayaq gəzib-dolaşsalar da. Bayırdakı çılpaq, mətin ayaqların şappıltısını eşidib qorxu içində çiyinlərini çəkdi. Odanın yarıqaranlığında hürküdülüb küncə qısnanmış quşa bənzəyirdi. Axır ki, qapının arasından başını çölə çıxarıb çimərgə inspektorunu əli ilə yanına çağırdı. Qadını kabinəyə salıb utancaq təbəssümlü gözləri ilə onu süzdü və qorxa-qorxa soruşdu:

– Sizcə mən bu qiyafədə çölə çıxa bilərəmmi? Mənə elə gəlir… Güzgüdə elə pis görünürəm ki!

– Yox, – çimərgə inspektoru köksünün dərinliyindən cavab qaytardı. – Belə heç cür çıxa bilməzsiniz. Paltarın dalını qabağına geyinmisiniz.

Geyçimi əyninə dəyişdirməkdə qadın Asiyadehə kömək etdi və başını bulaya-bulaya ondan aralandı.

Asiyadeh çimərgəyə cəhənnəm qapısından keçən suçlu kimi daxil oldu. Əlləri qıclaşıb bədəninə yapışmışdı və o, gözlərini yumdu. Başı gicəlləndi. Çılpaq qadın kürəkləri və tük basmış sinəli kişilər gözləri önündən çəkilmirdi.

– Bismillah, –pıçıldadı və ölüm diksintisi ilə gözlərini açdı. Tanımadığı-bilmədiyi bir kişi qarşısında dayanıb üzünə gülümsəyirdi. Asiyadeh günəşdən qaralmış bir cüt dümdüz qıç və bir-birindən aralanmış ayaq barmaqları gördü. Qız gözlərini qaldırıb geyçimə qədər onun qıçlarını süzdü. Özünü toplayıb gözlərini daha geniş açılmağa məcbur etdi. Trikotla örtülü tarım çəkilmiş bir qarın, qara qıvrım tüklü qaralmış enli sinə və dərinin altında səyriyən əzələli tüksüz qollar gördü. Birinci kərə idi ki, tanımadığı, az qala çılpaq bir kişi görürdü və bu halın özü həyəcanlandırıcı idi.

«Yolumu azmışam», kədərli düşündü və özünü zorlayıb Hassanın sifətinə baxdı. Hassa heç nə anlamadan heyranlıqla gülümsədi. Sonra onu bayaqkı yerlərinə apardı. Asiyadeh özünü quma atdı və bilmədi ki, öncə bədəninin hansı hissəsini qumlayıb gizlətsin.

– Üzmək istəyirsiz? – Hassa soruşdu.

– Xeyr, soyuqdur,– deyib Asiyadeh özünün üzə bilmədiyini və haçansa üzə bilən bir adamı görmədiyini ondan gizlətdi.

Hassa asta-asta sıçrayış taxtasına doğru getdi və Asiyadeh köklü əsas olmadan böyüklərin şappıltı ilə suya atılmasına təəccüblə tamaşa etdi. Qız çimərgədə hürkək-hürkək ətrafına baxındı. Çılpaq bədənlər gözlərini qamaşdırdı. Gördü ki, kişi və qadınlar böyük və əsassız cəfa ilə necə suda o üz-bu üzə çapalayırlar, ya da yorğun ilbizlər kimi hərəkətsiz və pəndəm-pəndəm günə sərilmişlər. Kağız qırıntıları və yemək qalıqları çimərgəni basmışdı və kök bir qadın sarımtıl kütlə ilə burnunu yağlayırdı. Asiyadeh qalxıb oturdu, yuxarı qatladığı dizini qolları ilə qucaqladı və utancaqlığının çəkildiyini hiss etdi. Yüngül bir ürək bulantısı ağır-ağır içində baş qaldırdı. İnsanlar eyni erotik heyvanxananın canlılarına bənzəyirdilər. Hamısı da tüklü idi, meymunsayağı tüklü. Ayaqları, sinələri, qolları. Hətta qadınların da qoltuğunun altında tüklər vardı. Hər xırdaca tükü ağrılı bir qayğı ilə dartıb çıxartdığı öz bədəni, atasının və qardaşlarının şümşad, tüksüz dərisi Asiyadehin yadına düşdü. İçinə səssiz bir nifrət doldu. Baxışlarını yarıçılpaq bədənlərdən çəkib göylərə baxdı. Geniş, pənbə buludlar qəribə cizgilənmişdilər və səma hərdən professor Banqın burnuna, hərdən də Roma imperiyasının ən çox şaxələndiyi çağlardakı xəritəsinə bənzəyirdi. Soyuq su damcısı kürəyinə sıçrayanda Asiyadeh diksindi. Doktor Hassa suyu süzələnən şıltaq pudel kimi onun yanında dayanmışdı. Asiyadehin böyründə yerə çökdü və pəmbə üst dodağı ilə köməksiz bir uşaq təsiri bağışlayan bu qəribə qıza səssiz bir heyranlıqla tamaşa etdi.

– Bura, necə, xoşunuza gəlirmi? – Hassa soruşdu.

– Təşəkkürlər, yaxşıdır. İlk dəfədir, Ştölpxen Gölündəyəm.

– Adətən bəs harda çimirsiniz?

– Rupenhornda,– Asiyadeh yalan danışıb məsum-məsum irəli baxdı.

– Birazdan hər ikisi ağzıüstə üz-üzə uzanmışdılar və barmaqları ilə qumu eşələyirdilər.

– Hərəmxanada böyümüsüz, Asiyadeh? – Əsl hərəmxana gözəlini Ştölpxen Gölünə gətirə bildiyinə görə Hassa yenə də yava-yava soruşdu.

Asiyadeh başı ilə təsdiqlədi. Söylədi ki, hərəmxana pis deyil, elə bir yerdir ki, kişilər oraya girə bilməzlər, qadınlar da təkbaşına qalırlar. Doktor Hassa tam anlaya bilmədi. O, dəqiq bilmək istəyirdi ki, hərəmxana nə olan şeydir.

– Xacələriniz çox idimi?

– Səkkiz nəfər. Çox sadiq insanlardı. Biri mənim müəllimim idi.

Hassa özünə yer tapa bilmirdi və bir siqaret yandırdı.

– Tfu,– dedi. Bu ki cılxa barbarlıqdır. Atanızın da üç yüz arvadı olub, elədir?

– Tək biri. –Asiyadeh qürurla və incik cavab verdi.

İndiyə qədər tanıdığı kişilər ürək edib onun yanında hərəmxana barədə söhbət salmazdılar. Ancaq Hassa həkimdi. Burda məsələ başqa cür idi. Qız alnını düyünlədi və onun uşaqsayağı üst dodağı qabağa yığıldı.

– Sizə hərəmxana barbar görünür,– hirslə dilləndi, – mənə də Sizin adınız.

Bu cümlənin təsiri Asiyadehin gözlədiyindən də güclü alındı. Doktor Hassa dikəlib matdım-matdım ona baxdı.

– Necə yəni adım? – aşkar pərtliklə kəkələdi.

– Çünki onda adlıqdan heç əsər-əlamət yoxdur.– Asiyadeh coşqun dilləndi. Hessen məmləkəti var, bir də hass sözü. Hassa yad-yabançıdır və almanca deyil. Sondakı «a»nın heç bir anlamı yoxdur.

Hassa yenidən qarnı üstə uzandı, gülər gözlərlə ona baxıb yüngülcə qəhqəhə çəkdi. Allaha şükür ki, qızın Vyanalı tanışı yox idi və Marionla qalmaqaldan, Hassanın adı ilə bağlı rüsvayçılıqdan heç nə bilmirdi. Filoloqlar əcəb məxluqlarmış.

– «Hassa» rəsmi qəbul olunmuş kiçiltmə formasıdır. –Kişi dilləndi. Əvvəllər soyadımız Hasanoviç olub. Kökümüz əslində Bosnanın Sarayevo şəhərindəndir. İlhaqdan qabaq Vyanaya köçmüşük. Mən özüm Vyanada doğulmuşam.

İndi də Asiyadeh dikəldi. Kefi durulmuş halda həkimə baxdı.

– Sarayevodan? –soruşdu. –Hasanoviç? Üzr istəyirəm … «viç» sonluğu bizdəki «oğlu» deməkdir. Kök «Hasan» olmalıdır.

– Tamamilə doğrudur.– Hassa həlim dilləndi. – Ulu babam, görünür, Hasan olub.

–Axı Hasan …– Asiyadeh sözə başlayıb özünün kəşfinə təəccüblənərək susdu.

– Nə olub ki?– Hassa heyrətləndi.

– Məncə, – Asiyadeh kəkələdi. Məncə, Bosna 1911-ci ilə qədər rəsmən Türkiyənin tərkibində olub və Hasan müsəlman adıdır. Peyğəmbərin nəvələrindən birinin adı da Hasan olub.

Bu qəribə qızın haralara işarə vurduğunu Hassa axır ki anladı.

– Bəli,– dedi. – Əlbəttə. Əslinə baxsan, biz boşnaklarıq, yəni türk işğalından sonra islamı qəbul etmiş serblərik. Gərək ki, Sarayevoda yaşayan bir neçə qohumum da var. Yadıma düşür ki, türklərin zamanında Bosnada hələ mülklərimiz də vardı. Amma bu, çoxdanın sözüdür.

Asiyadeh bir ovuc qum götürüb barmaqları arasında ələdi. Qısa üst dodağı titrədi.

– Onda Siz də müsəlman olmalısınız, hə?

Hassanı gülmək tutdu. Qarnı üstə uzandı və bədəni silkələndi. Gözləri balacalaşdı və o, bardaş qurub oturdu.

– Ay körpə türk ledisi, – deyib güldü. Qara Mustafa Vyananı almış olsaydı, yaxud San Stefano barışı başqa cür qurtarsaydı, mənim də adım İbrahim bəy Hasanoviç olardı və çalma gəzdirərdim. Ancaq Qara Mustafa Vyananı tutmayıb, ona görə də mən gözəlcə bir avstriyalı olmuşam, adım da Aleksandr Hassadır. Vyanaya bələdçiliyiniz var? Günəş üzümlüklərin arxasında batanda, bağlarda nəğmələr səslənəndə … Vyanadan gözəl heç nə ola bilməz.

O susub şişkin-şişkin Asiyadehə baxdı. Asiyadeh başını qaldırdı, qanının yanaqlarına, qulaqlarına, gözlərinə, dodaqlarına və alnına vurduğunu hiss etdi. Ayağa sıçrayıb qumda çılpaq uzanmış və onun dünyasını lağa qoyan bu adamın sifətinə ilişdirmək, qaçıb burdan uzaqlaşmaq arzusu ilə yandı və darvazaları önündə qocaman sultanlığın hökmranlığı bitən şəhərdən daha heç nə eşitmək istəmədi. Sonra bu kişinin uşaqsal-sadəlövh gözlərini, onun razı təbəssümünü və cəlbedici tutqun məsum baxışlarını gördü. Qızı sonsuz bir nisgil çulğadı. O, gözlərini yumub çöküşü Vyana darvazalarının ağzından başlayan dağılmış sultanlığı düşündü.

– İstiləndiniz, Asiyadeh? – Hassa qayğılı soruşdu.

– Xeyr, tərsinə, soyuqdur. Deyəsən, tam sağalmamışam. Payızdır axı. Gözünü zilləyib pərt-pərt qabağa baxdı və gözlərinə tam qaranlıq çökdü.

Hassa birdən-birə əl-ayağa düşdü. Xalatı qızın çiyninə saldı və isti qəhvə gətirdi. Asiyadehin quruyub buza dönmüş əllərini ovcunun içinə alıb ovuşdurdu və payızda çimərgədə insanın canına daraşan saysız-hesabsız bakteriyaların adını sadalamağa başladı. Streptokoklara27 çatanda qızın qorxudan əyilmiş sifətini gördü və eyni sıra ilə müxtəlif antitoksinlərin28 adını çəkdi. Bu zaman o özünü tam rahat hiss elədi, Asiyadehin yanağını sığalladı və heç cür aşkar olmadı ki, bunu o, profilaktik, yoxsa erotik baxımdan edir. Hassa nəhayət evə dönmək təklifini irəli sürdü.

Asiyadeh ayağa qalxdı. Yanaqları od tutub yanırdı. Doktor Hassa ilk kişi idi ki, onu sığallamışdı, amma bu da heç kəsə dəxli olmayan bir detal idi. O, kabinəyə qaçdı, əynindəki trikotu nifrətlə küncə tullayıb geyindi. Çölə çıxıb vüqarla, əlçatmaz bir görkəmlə arabanın yanında dayandı; bu vaxt Hassa motorla əlləşirdi.

Onlar tozlu asfaltla şütüyürdülər. Avtomobillər düdüldəyib ötürdülər və Hassa avtobusların, qaçayaqçıların29 və taksi sürücülərinin arasında qıvrıla-qıvrıla irəliləyirdi. Hərdənbir də xəstəxanadakı işi haqqında və bu gün apardığı və cəmi səkkiz dəqiqə çəkən çağdaş septum rezeksiondan30 danışırdı. Vyanadakı böyük Hayek də bundan tez bacara bilməzdi. Həm də özü tamponlamalı olub ki, bu da, səsinin ifadəsinə görə hökm yeridilsə, həddən artıq ağırlaşdırıcı bir haldir. Asiyadeh arabanın arxa oturacağına söykənmişdi. Üz-gözündən diqqət kəsilmiş həmsöhbətə oxşayırdı, ancaq Hassanın sözlərinə qulaq asmırdı. Yolun qırağına nəzər salıb yaşamın hər anında Bulrix xörək duzundan istifadəyə çağıran və ya əllərini umudsuz-umudsuz göylərə qaldırıb bütün dünyaya «Ulştayn kitabı qaldı elində, nəyim var mənim Ştölpxen gölündə» cümləsi ilə dərddən gileyli gombul bir kişinin təsvirini canlandıran lövhələrə baxırdı.

25.Levant- fransızca Şərq
26.Bəxt ərəb sözünün türk sinonimi «sur» («Surun yerisin!» alxışı ilə müqayisə et) sözündən düzəldilib «xoşbəxtliyin» əvəzində işlədirik.
27.Streptokoklar-yun. Streptos (zəncir)+yun. Kokos (dən), kürə şəkilli hərəkətsiz bakteriyaların bir növü. Eyni səth üstündə hüceyrələrini ayırmaq və bu zaman hüceyrə zənciri yaratmaqla çoxalırlar. Onlara torpaqda, ağac yarpağında, insan və heyvanların dərisində rast gəlinir.
28.Antitoksinlər- antihüceyrələrin uyğar antigenlərlə xüsusi birləşməsi. Bədənə yeridilən antigenlər müqavimət mexanizmini işə salır ki, bu da xüsusi antihüceyrələrin yaranmasına gətirib çıxarır.
29.Qaçayaq- sözünü fransız və latın dillərindən kalka etmişik və onu deyimi dilimizdə ağırlıq törədən «velosiped» sözünün yerində işlədirik, beləki «velosiped» də ilkin dildə əslində «qaçan ayaq, iti ayaq» deməkdir. Müq. et: «velox» (iti)+ «pes» (ayaq)
30.Septum rezeksion- lat. Septum (bədəndə, məs. ürəkdə, burunda «çəpər» və resektion (yarma, yarğı, doğrama, kəsib götürmə); burun çəpərinin yarğısı

Ücretsiz ön izlemeyi tamamladınız.

₺64,34

Türler ve etiketler

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
29 ekim 2022
ISBN:
978-9952-8450-2-3
Telif hakkı:
JekaPrint
Metin, ses formatı mevcut
Ortalama puan 5, 2 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 5, 1 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 3 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 5, 4 oylamaya göre
Metin PDF
Ortalama puan 4,7, 22 oylamaya göre
Ses
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 43 oylamaya göre
Ses
Ortalama puan 4,6, 8 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre