Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Yol dəftərimdən: Quzey Qafqaz, Ukrayna, Maldova və Güney Koreya», sayfa 2

Yazı tipi:

Gürcüstan, Azərbaycan və Rusiya gömrük məntəqələrinin fərqi

Rusiyaya gedən qatarların vaqonlarının, avtobusların köhnəliyi və göstərilən xidmətin səviyyəsinin aşağı olması bizi vadar etdi ki, heç olmasa, Mahaçqalayadək taksi ilə gedək. 2017-ci il iyulun 28-də Bakıdan yola çıxdıq. Azərbaycanla Rusiya arasında 4 keçid məntəqəsi açılsa da, yenə tələbatı ödəmir. Adamlar keçid məntəqələrində saatlarla gözləməli olur. Sıxlıq vaxt itkisi yaratmaqla yanaşı keçid məntəqəsində işləyən gömrük işçilərinin gəlir mənbəyinə çevrilib. Onların bilərək növbənin pozulmasına şərait yaratmaları qanıqaraçılıq, əsəbilik yaradır.

Şəkil 2. “Mayak” sanatoriyasının həyəti. Soldan: Burxan Berberov, Əli Şamil və Ahmed Sozayev


Bizi aparan taksi sürücüsü təcrübəli idi. Sərhədə yaxınlaşanda telefonla kimdənsə keçid məntəqələrindəki vəziyyəti öyrəndi. Maşın və adam seyrək olan məntəqədən keçmək ona da sərfəli idi. Çünki axşam Mahaçqalada yatıb dincəlməli, səhər tezdən müştəri tapıb yenidən Bakıya qayıtmalıydı. Bəzən müştəri tapanda onlar yorğunluqlarını unudub elə həmin gün də Bakıya qayıdırlar.

Seyrəklik olan keçid məntəqəsi bizə də sərfəli idi. Oraya gələndə növbədə 4–5 minik maşını vardı. Növbəmiz çatanda Azərbaycan gömrük işçilərinin qoyduqları qaydaya əsasən taksidən endik. Yol çantalarımızı sürüyüb manitor olan otağa getməli olduq. Azərbaycanın quru sərhəd keçidlərinin hamısında belədir. Gürcüstan tərəfin keçidində isə maşından enməyə, çantalarını sürüyə-sürüyə manitor otağına aparmağa ehtiyac qalmır. Sərhədçilər və gömrük işçiləri bütün əməliyyatları maşında oturduğun yerdə gülərüzlə həyata keçirirlər.

Şükür ki, Azərbaycan gömrüyündə yüklərimizi töküb-töküşdürməyə ehtiyac duymadılar. Manitorda baxmaqla kifayətləndilər. Sərhəd nəzarət-buraxılış məntəqəsində də pasportlarımıza sakitcə möhür vurdular. Daha heç bir çək-çevir, vaxt uzatma, təmənna olmadı. Yenidən çantaları sürüyə-sürüyə aparıb taksinin baqajına yüklədik.

50-60 metr o tərəfdəki Rusiyanın gömrük-keçid məntəqəsində taksidən enməyi, yüklərimizi də özümüzlə yoxlama otağına aparmağı əmr etdilər. Qocalar da, şikəstlər də min bir zülümlə çantalarını dartıb yoxlama otağına apardılar. Manitorun yanında yaşlı bir gömrük məmuru oturmuşdu. Yükümüzü manitora qoymaq istəyəndə o əsəbi və amiranə tərzdə yol çantalarımızı qarşısına qoymağı və ağzını açmağı tələb etdi. Sonra da ayaqlarının arasına aldığı yol çantalarımızın içərisindəkiləri töküb-töküşdürməyə başladı. O, nəyəsə nəzarət edəndən, yoxlayandan çox, paltarları, ayaqqabıları qurdalamaqdan ləzzət alana oxşayırdı. Xeyli qurdalandıqdan, səliqə ilə yığılmış paltarları qarışdırdıqdan sonra çantalarımızı götürməyə icazə verdi. Çantalarımızı səliqə-səhmana salmağa azı yarım saat vaxt itirdik.

Qarşısında manitor ola-ola gömrük məmurunun çantaları əl ilə yoxlaması mənə təəccüblü gəldi. Bu, vaxt itkisinə səbəb olur, boş yerə növbələr yaradır. Narazılığımı gömrük məmuruna bildirdikdə əsəbiliklə: “Biz belə tələb edirik, bizi öyrətməyəmi gəlibsiniz?” cavabını aldıq.

Səfərə çıxarkən xanımım paltarlarımı səliqə ilə çantaya yığır. Səfər müddətində isə çirkli paltarları necə gəldi çantaya atıb evə gətirirəm. Geri qayıdacağımızı gözümün qarşısına gətirirəm. Demək, bu gömrük məmuru mənim çirkli alt paltarlarımı da beləcə, özündənrazı halda əlləşdirəcək.

Hər dəfə quru yolla xarici ölkələrə gedib-gələndə Azərbaycan gömrükçülərinin və sərhədçilərinin yoxlama metodu qanımı qaraldır. Düşünürəm ki, nədən böyük xərclər hesabına onları xarici ölkələrə təcrübə mübadiləsinə göndərirlər. Elə beş-on metr o tərəfdəki Gürcüstana göndərsələr, olmazmı? Gürcüstanın sərhəd keçid məntəqələrində adam özünü mədəni və inkişaf etmiş bir ölkədə hiss edir. Bir sözlə, Gürcüstanla bizim aramızdakı fərq nə qədərdisə, Azərbaycanla Rusiya gömrük yoxlamaları arasında da fərq o qədərdir desəm, yəqin ki, yanılmaram. Ölkənin giriş qapısındaca Azərbaycanın Rusiyadan nə qədər öndə olduğu görünür.

Qumuq aydınlarla görüş

Mahaçqalada bizi milliyətcə qumuq olan Dağıstan Dövlət Pedaqoji Universitetinin professorları Eldar Hacıyev və İmperiat Xalipayeva qarşıladılar. 30-a yaxın xalqın və etnik qrupun yaşadığı Dağıstanda Azərbaycandan gedib yaşayan və işləyənlərin də sayı az deyil. Onlar əsasən Azərbaycanda doğulub boya-başa çatmış, orta və ali təhsil almış avarlar, ləzgilər, saxurlardır. Dağıstanda yaşayan bir xalq da var, 19-cu yüzilin sonlarında və 20-ci yüzilin əvvəllərində ruslar onları tərəkəmə kimi qeydə alırdı. 1937-ci ildən sonra isə onları qumuq və azərbaycanlı adlandırdılar.

Azərbaycandan gedib Dağıstanda rəhbər vəzifələrdə işləyənlər haqqında məqalə və kitablara rast gəlmək olur. Amma Dağıstan xalqları üçün Azərbaycanda milli kadrlar hazırlanmasından, Bakıda onlar üçün kitablar, jurnallar nəşr etdirilməsindən, milli ədəbiyyatlarının formalaşdırılması sahəsindəki işlərdən son 50–60 ildə, demək olar, ciddi bir əsər ortaya qoyulmayıb. Bu mövzu elə bil yaddan çıxıb. Rəsmi dairələrimiz də Dağıstan oxumuşlarına diqqəti azaldıb. Dövrü mətbuatda hərdənbir Azərbaycan-Dağıstan iqtisadi əlaqələrindən bəhs edən yazılara rast gəlmək olur.

Dağıstanda yaşayan Azərbaycan doğumlular valideynlərini görməyə, xeyirdə-şərdə iştirak etməyə can atırlar. Lakin sərhəd keçid məntəqələrindəki bürokratik əngəllər onların istəklərini reallaşdırmağa imkan vermir.

Dağıstanda yüzillər boyu hər bir xalq və etnik qrup kəndində öz dilində danışıb. Kənddən kənara çıxanlar, qonşu xalqlar və etnik qruplarla əlaqə saxlamalı olanda isə türk dilindən istifadə ediblər. Ümumiyyətlə, təkcə Dağıstanda deyil, Quzey Qafqazda yaşayan xalqlar arasında yüzillər boyu ünsiyyət vasitəsi türk dili olub.

Bolşeviklər hakimiyyətə gəldikdən sonra Çar Rusiyasının həyata keçirə bilmədiyi bir işi qısa zamanda reallaşdıra bildilər. Ərəb əlifbasını dəyişməklə, islam dinini yasaqlamaqla rus dilini xalqlar arasında ünsiyyət dilinə çevirdilər. Təkcə ünsiyyət dilinə çevirməklə kifayətlənmədilər, ruslaşdırma siyasətini də gücləndirdilər. Milli oxumuşlar soydaşlarının bir çoxunun evlərində belə rus dilində danışmalarından narahatlıqlarını gizlətmirlər.

Sovetlər Birliyinin dağılması Dağıstanda da xalqların özünəqayıdışını sürətləndirdi. İslam dininə maraq artdı. Təəssüf ki, ənənəvi nəqşibəndilik, şafilik, hənəfilik inkişaf etdirilmədi. Yaranmış boşluqdan sələfilər, vəhabilər, yeqova şahidləri və başqa təriqətlər bacarıqla istifadə etməyə başladılar. Buna Rusiyanın hakim dairələri də bilərək şərait yaratdılar. İndi də təriqətlərarası ziddiyyətləri qızışdırırlar. Onlar bundan məharətlə istifadə edərək xalqların bir inanc, bir amal ətrafında birləşməsini əngəlləyirlər.

Dağıstanda yaşayan xeyli araşdırıcı tanışım olsa da, onlarla görüşə bilmədik. Yay tətili olduğundan hərə bir iş dalınca getmişdi. İmperiat Xalipayeva və Eldar Hacıyevlə bir süfrə arxasında əyləşib dərdləşdik. Kənardan qulaq asan olsa, bizim hansı ləhcədə danşıdığımızı müəyyənləşdirməyə çətinlik çəkərdi. Türkiyə türkcəsinin, Azərbaycan türkcəsinin və qumuq ləhcəsinin qarışığında danışırdıq. Bir-birimizi anlamaqda da çətinlik çəkmirdik. Əksinə, özümüzü çox rahat hiss edirdik.

1990-cı illərdə qumuqların yaratdığı “Tenlik” təşkilatının bərpa etməyin mümkün olub olmadığı ilə, qumuq dilində nəşr olunan qəzet-jurnal və kitablarla, radio, televiziya verilişlərinin həcmi ilə maraqlanıram. Onlar da suallarıma cavab verirlər. Bu cavabların çoxunda bir inciklik və giley var. Onların gileyləri yalnız Azərbaycan hökumətindən və oxumuşlarından deyildi, Türkiyədən, Qazaxıstandan, Özbəkistandan da incik idilər. Daha çox umduqları isə Azərbaycandandandır. Azərbaycanın heç olmasa, 20-ci yüzilin başlarında Dağıstana göstərdiyi diqqətin təkrarlanmasını istəyirlər.

İmperyat xanım 2008-ci ildə nəşrinə başladığı “Türk dünyası belleteni” (Dağıstan Dövlət Pedaqoji Universitetinin nəzdində elmi məqalələr toplusu) adlı jurnala buradan az məqalə göndərildiyindən, Azərbaycan kitabxanalarının və elm ocaqlarının bu dərgini almadıqlarından narazılığını bildirir. Rusiya Ali Attesstasiya Komissiyasının siyahısına salmadığı elmi məqalələr toplusunun Azərbaycanda siyahıya salınmasına çalışır. Bildirir ki, onda jurnalın nüfuzu artar, məqalə göndərənlərin sayı çoxalar. Beləcə, Dağıstanda Türkiyə türkcəsində və türk xalqlarının dillərində nəşr olunan nüfuzlu bir jurnal meydana çıxar. Jurnal ətrafında daha çox araşdırıcı toplaşar.

İmperiat xanım mətbəəyə göndərməyə hazırlaşdığı jurnalın son sayının maketini göstərir. Azərbaycanda Murad Adcını tanıyan, kitablarını həvəslə oxuyan araşdırıcıların sayı çox olsa da ona həsr olunmuş nömrədə həmyerlilərimizin sayı yox dərəcəsində idi. Məqalə yazacaqlarını söz verənlər də sözlərini tutmamışdılar.

Araşdırıcılarla yalnız elmdən, ədəbiyyatdan, tarixdən söhbət etmirik. Bölgədəki dini cərəyanların durumu da onları bir vətəndaş kimi narahat edir. Çar Rusiyası zamanı burada nəqşibəndilik geniş yayılıbmış. Şeyx Şamilin rəhbərlik etdiyi müridizm hərəkatının da əsas dayağı nəqşibəndilik idi. İsmayıl Siracəddin Şirvani (O, Kürdəmirdən olub.) (1782–1848) və onun müridləri nəqşibəndiliyin yayılmasında və bu dini cərəyanın işğalçılara qarşı xalqı səfərbər etməsində böyük rol oynayıblar.

Çar məmurları İsmayıl Siracəddin Şirvaninin nüfuzundan və apardığı təbliğatdan yaxa qurtarmaq üçün onu öncə Axısqaya, oradan da Amasiyaya (Osmanlı dövlətində şəhər) sürgün edib. İsmayıl Şirvani isə təqib və təzyiqlərə baxmayaraq, ömrünün sonuna kimi müridizm hərəkatına ideoloji və maddi yardım edib.


Şəkil 3. Murtuza İsgəndər oğlu və Əli Şamil Vladiqafqazdakı parkda


Onun müridlərindən Xas Məhəmməd Yaraqlının və Küllülü (İndiki Ağsu rayonunda kənd – Ə.Ş.) Hacı Əhməd Əfəndinin (?-1856) Dağıstanda təsiri böyük olmuşdur. Qafqazı işğal edən rus generalı A.P.Yermolov 1825-ci ildə Xas Məhəmməd Yaraqlını həbs etdirir. Müridləri isə onu həbsdən qaçırıb Tabasarana aparırlar. O, gizli fəaliyyətini davam etdirir və 1838-ci ildə Soqratlı kəndində dünyasını dəyişir.

General-leytinant, knyaz V.O. Behbudovun (1791–1858) Rusiya Daxili İşlər Nazirliyinə 1846-cı il sentyabrın 6-da göndərdiyi 552 saylı raportda Küllülü Hacı Əhməd Əfəndini iki müridi ilə Tambov quberniyasına sürgün edildiyi göstərilir.

Çar Rusiyası dönəmində ən çox nəqşibəndilər təqib və təzyiqləriə məruz qalırdılarsa, bolşeviklər silah gücünə hakimiyyəti ələ aldıqdan sonra bütün dinlərə qarşı mübarizə elan etdilər. Sovetlər Birliyinin çöküşü bölgədə dini təbliğatın genişlənməsinə imkan yaratdı. Necə deyərlər, bütün təriqətlərə geniş meydan açılsa da, rəsmi dairələr vəhabiliyin yayılmasında maraqlı oldular. Sonra da vahabilərə qarşı təqiblər başladı. Mətbuat, radio və televiziyada vəhabilər terrorçu təşkilat kimi tanıdılmağa çalışıldı. Ölkədə baş verən bütün kriminal hadisələr onların adına yazıldı.

Hüquq mühafizə və xüsusi xidmət orqanlarının əməkdaşlarının Moskvanın göstərişilə kimi istəsələr vəhabi, terrorçu adı ilə həbs etmələri, öldürmələri dağıstanlı araşdırıcıları bərk narahat edir. Necə deyərlər, bölgədə at izi it izinə qarışıb.

Bölgədə hənəfiliklə şafiliyin az qala bir təriqət kimi yayılması da diqqətimi çəkdi. Şafiliyin yayılması Azərbaycanla münasibətlərin qədim ənənəyə qayıtmasında böyük rol oynaya bilər.

Azərbaycan-Dağıstan əlaqələrindən söhbət edərkən xan qızı Xurşud banu Nətəvanın əri rus generalı Xasay xan Usmiyev, onun nəsli və bu nəslin faciəvi taleyini də yada salırıq.

Dağıstan şamxallarından olduğuna görə ruslar onları knyaz adlandırıblar. Rusiya ilə əməkdaşlığa məcbur olan Usmiyevlər ailəsinin övladlarını çar məmurları Peterburqa aparıb orada təhsil və hərbi rütbə verib vəzifəyə təyin etsələr də, həmişə onlara şübhə ilə yanaşıb, üzərlərində daimi gizli nəzarət qoyublar. Xasay xan Usmiyevin (1808–1867) ömür yolunu izləyəndə bunu aydın görmək olur. 1808-ci ildə Axsayda general Musa Usmiyevin ailəsində doğulan Xasay xan Usmiyev 1866-cı ildə vəzifədən azad edilərək Voronejə sürgünə göndərilib. 1867-ci ilin aprelin 21-də orada dünyasını dəyişib.

Axsayı görə bilmədim

Mahaçqaladakı görüşümüzdə professor Eldar Hacıyev və İmperiat Xalipayeva ilə mədəniyyət və elm mərkəzi olan Axsaydan, oradakı mədrəsədən və mədrəsənin məzunları olan Yusup Axsavi (Qılıcyev),Muhammed Efendi Osmanov, Minay Alibekov, Nuhay və Zeynalabdin Batırmurzayevlər, Abdulla Muhammadov, Alim Paşa Salavatov, Abdul Vahab Süleymanov, Siraceddin Toqbolatov, Ş.Alberiyev, Mahammad Atabayev, Latip Hajaqayev, Mahammad Amin Adilxanov,Yunus Alimxanov kimi şair, yazıçı, publisistlərdən, Ahmat Sayıp Əfəndi kimi araşdırıcı müəllimlərdən, Rəşid xan Qaplanov kimi dövlət xadimindən, rus yazıçısı Bulqakovun dostu və onunla birlikdə pyes yazmış, uzun illər Vladiqafqazda hüquqşünas işləmiş Tajuttin Penzullayev və başqalarından danışdıq. Seyid Əzim Şirvani də Axsay mədrəsəsində oxuyub. Yalnız qumuqların deyil, Quzey Qafqazda yaşayan xalqların övladlarının çoxu Axsay mədrəsəsində oxuyub.

Təəssüfləndik ki, mədrəsə haqqında indiyədək ciddi araşdırmalar aparılmayıb, sanballı kitablar, məqalələr yazılmayıb.

Eldar Axsay məscidinin imamı ilə dost olduğunu söylədi. Ona zəng vurub xeyli danışdı. Mənim mədrəsə ilə bağlı fakt toplamaq üçün Axsaya getmək istədiyimi bildirdi. Çox şirin söhbət etdilər. Eldar kənddə yaşayan Anvar Baysunqurovun Axsay mədrəsəsi ilə bağlı çoxlu material topladığını, muzey açmağa can atdığını söylədi.

Axsay yolumuzun üstündəki Xasavyurd şəhərindən 15–17 kilometr aralıda idi. Eldar Hacıyevin söhbəti və verdiyi bilgi ürəyimdən oldu. Düşündüm ki, arzumu reallaşdırmağa yaxşı imkan yaranıb. Yolüstü Axsaya gedər, vaxtilə o mədrəsənin məzunu olmuş Seyid Əzim Şirvani haqqında da bilgilər toplayaram.

Planımı Eldar Hacıyeva bildirdim. O, təklif etdi ki, Axsaya kimi onun maşını ilə gedək. Orada tanıdığı adamlarla görüşək, bilgilər toplayaq. Sonra da bizi gətirib Xasavyurddan Vladiqafqaza gedən taksilərlə yola salsın. Sözarası yol məsrəflərini ödəyəcəyimi söylədim. Eldar Hacıyev etiraz etmədi.

Restorandan ayrılıb biz hotelə, qumuqlar isə evlərinə yola düşdülər. Çantalarımızı hazırlayırdıq ki, səhər tezdən yola düşək, telefon zəng çaldı. Zəng edən İmperiat xanım idi. Utancaq bir tövrlə dedi ki, Axsayda görüləsi elə bir şey yoxdur. Mədrəsənin binası Sovet dövründə uçurulmuşdu, indi yerində məscid tikilib. Çeçenistanla sərhəddə olduğundan oraya rusların və yerli məmurların həssasiyəti çoxdur. Siz orada gəzib, bir-iki şəkil çəkdirsəniz, görüşdüyünüz adamları sorğu-suala çəkəcəklər.


Şəkil 4. Əli Şamil və İsgəndər oğlu Vladiqafqaz parkındakı xatirə abidəsinin qarşısında.


İmperiat Xalipayevanın söhbətindən anladım ki, onlar bizdən ayrılandan sonra kimlərləsə məsləhətləşiblər. Eldar Hacıyev bizimlə Axsaya getmək fikrindən daşınıb. Özü bunu deməyə utandığından İmperiat xanıma dedirdib. Mən də İmperiat xanımı sakitləşdirməyə çalışdım. Axsaya getmək planımızı dəyişdirdiyimizi dedim. İmperiat xanım məsləhət gördü ki, Vladiqafqaza avtobusla getsək, yaxşı olar. Taksilərlə getsək, yolda rus hərbçiləri, polisləri bizi daha çox çək-çevirə salarlar. Mən də ona təşəkkürümü bildirdim və avtobusla gedəcəyimizi söylədim.

Acıbiylə söhbət

Mahaçqaladan Vladiqafqaza gedən avtobusa öncədən bilet sifariş etmək istədim. Hotelin qeydiyatçısı, bir müddət Türkiyədə işləmiş xanım: “Özünüzü yormayın, öncədən bilet sifariş verə bilməyəcəksiniz. Biletləri avtobusun yola düşməsinə bir-iki saat qalmış satırlar”, – dedi.

Rahatsız olduğumuzu gördükdə: “Bizim hotelin xidmətindən əsasən türkiyəli qonaqlar istifadə edir. İşimizi Türkiyədəki kimi qura bilməsək də, onları yamsılamağa çalışırıq. Tanıdığımız taksi sürücüləri var, qonaqlarımızın çoxunu onlar qarşılayır və yola salır. Narazılıq edənini görməmişən. İstəyirsiniz onlara deyim sizi aparıb yola salsınlar”, – dedi.

Razılaşdım.

Səhər yeməyi üçün aşağı enəndə hotel işçisi taksi sürücüsünün gəldiyini söylədi və əlavə etdi ki, rahat yeməyinizi yeyin, taksi sizi gözləyəcək.

Sürücü ilə görüşdük. Gənclərin çoxunun səhər tezdən evdən çıxarkən tənbəllikləridən qəlyanaltı etmədiklərini bilirdim. Ona görə də taksi sürücüsündən bizi hotelin yeməkxanasına aparmasını xahiş etdim. Yeməkxanada birlikdə qəlyanaltı etməyi təklif etdim. O, təşəkkürünü bildirib geri dönmək istəyəndə: “Dağlılar qonaqpərvər olur. Bəs sən qonağı qoyub hara gedirsən? Əyləş, qəhvəaltı edək, bir az da söhbətləşək. Dağıstanı mənə tanıt”, – dedim. Gülümsədi və utancaq bir görkəmlə bizimlə bir süfrədə oturdu.

Adını soruşdum. Adının Acıbiy olduğunu dedi. Mən də özümün, xanımımın adını dedim və vizit kartımı verdim. Həmin dəqiqə vizit kartını diqqətlə gözdən keçirərək: “Neçənci azərbaycanlıdır ki, vizit kartının öz dilində və ingilis dilində yazıldığını görürəm. Nədən rus dilində yazmırsınız?” – sualını verdi. “Əsarətlərində olduğumuz 200 ildə rusların çox yaramazlıqlarını gördük, ona görə”, – dedim.


Şəkil 5. Əzizə xanım Murtaza İsgəndər oğlunun kiçik bağ evinin qarşısında.


Fikrə getdi və heç bir cavab vermədi. Mən ondan: “Haralısan?”, – deyə xəbər aldıqda “mahaçqalalıyam”, – dedi. Mən bir də soruşdum: “Harada doğulubsan demədim, atan-babanın haralı olduğunu soruşdum”. Gülümsəyərək: “Bizdə də haralısan deyəndə babalarımızın yaşadığı yeri soruşulduğunu başa düşürük. Ata-babam tabasaranlıdır. 1960-cı illərdə “kiçik dağ kəndlərinə yol çəkmək, orada məktəb, tibb məntəqəsi, mədəniyyət evi, kitabxana açmaq sərfəli deyil” deyərək əhalisini köçürüb qumuqlar yaşayan bölgələrdə, Xasavyurd və Dərbənd ətrafına yerləşdirdilər. Babamgil deyir ki, dağdan köçənlər Xəzər ovalığının isti havasına, suyuna, üzüm və tərəvəz əkməyə alışa bilmədilər. Bir çoxu öldü. Babamgili də Xəzər ovalığına köçürüblərmiş. 1990-cı illərdə kəndlərdə iş olmadığından atamgil Mahaçqalaya köçüb. Mən də Mahaçqalada doğuldum, orta məktəbi də, universiteti də burada oxudum. İki ali təhsil diplomum olsa da, ixtisasıma uyğun iş tapa bilmirəm. Özümü dolandırmaq üçün taksi işlədirəm”, – dedi.

– Bir zaman Azərbaycanda Tabasaranski familyalı adamlar olub, özü də rəhbər vəzifədə işləyiblər. İndi Tabasaranski familyasına heç rast gəlmirəm. Bilmirəm uşaqları köçüb gedib, ya familyalarını dəyişiblər, – deyəndə elə bil Acıbiyin gözləri parladı.

– Dostlarımla ildə bir-iki dəfə Bakıya gedirik. Mən də heç Tabasaranski familyasına rast gəlməmişəm. Bakı gündən günə gözəlləşir. Mahaçqalaya baxan yoxdur. Binalar köhnədi, nə onları təmir eliyən var, nə yollara asfalt döşəyən, nə də yeni parklar salan, – dedi.

Qəlyanaltını etdikdən sonra yol çantalarımızı gətirib taksiyə əyləşdik.

Acıbiy Türkiyə və Azərbaycanda yaşamağı çox arzuladığını dedi. Mən Azərbaycanda və Türkiyədə dağıstanlıların sayının az olmadığını deyəndə Acıbiy “Türkiyədə ləzgilərin toplu yaşadığı yerdə yaşamaq istəmərəm”, – cavabını verməsi məni çox heyrətləndirdi.

– Niyə? – deyə xəbər aldım.

– İki səbəbdən. Birincisi, şovinistdirlər. Məni görən kimi ləzgicə danışırlar. Məndən də ləzgi dilində danışmağımı istəyirlər. Rus dilini bilmirlər. Aramızda problem yaranır. İkincisi, onların əksəriyyəti dindardır. Mənim də onlarla birlikdə məsciddə namaz qılmağımı, içki içməməyimi istəyirlər. Heyif deyil Antalya, Alanya. Orada hamı rus dilini bilir. Məscidlərin, camilərin sayı az, restoranların sayı çoxdu. Günün nə vaxtı, harada istəsən içə bilərsən, – dedi.

Mən gülərək:

– Bəs Azərbaycan necə? – sualını verdim.

– Azərbaycanda yaşamaq çətindir. Ora milyonerlər məskənidir. Yaxşı pul yığmağın üçün gərək böyük bir vəzifən ola. Oğurluq-doğurluq yığdığın pulları da bir gün ilişdirib əlindən alırlar. Oraya gəzməyə, yeyib-içməyə getmək yaxşıdır, – dedi.

Söhbətindən belə başa düşdüm ki, Bakının muzeylərini, tarixi yerlərini tanımır. Orada qohumları, yaxından tanıdıqları, dostları da yoxdur. Tanıdığı hotel və restoranlardır. Belə başa düşdüm ki, min bir zəhmətlə qazandığı pulları əyləncə mərkəzlərində xərcləyir.

Mövcud olmayan dövlətin işğal olunmuş torpaqları

Sadə və yeyib-içmək həvəskarı olan Acıbiy söhbət arası Azərbaycandan narazılığını da bildirdi. Müsahibim gömrük keçid məntəqələrindəki basırıqdan, qaydalara əməl edilməməsindən, polis özbaşınalığından, qiymətlərin bahalığından deyil, “Ləzgistan”ın böyük bir parçasının Azərbaycan tərəfindən işğal edilməsindən gileylənirdi.

– Harada, hansı ölkədə yaşayırsan? – sualım onu çaşdırsa da, nə demək istədiyimi öyrənmək üçün həvəssiz “Dağıstanda” deyə cavab verdi.

Təkrar xəbər aldım: “Xaricə hansı ölkənin pasportuyla gedirsən?” Rusiya Federasiyasının pasportu ilə getdiyini bildirdi. Yenə sual verdim: “Ləzgistan, Tabasaran dövləti haradadır? Niyə Ləzgistan, Tabasaran dövlətinin pasportu ilə xaricə getmirsən?”

Bir xeyli fikirə getdi. Təkrar xəbər aldım: “Sizin torpaqları kim işğal edib, Azərbaycan, yoxsa Rusiya?” Nə demək istədiyimi başa düşdü. “Rusiyanın pasportunu daşıyıramsa, demək, Rusiyanın işğalı altındayıq”, – cavabını verdi.

Könlünü almaq üçün zarafatla dedim: “Sən Rusiya işğalından qurtarıb Ləzgistan, Tabasaran dövləti quranda gələrsən yanıma, Azərbaycandan istədiyin əraziləri sənə verəcəm”.

Ağır-ağır:

– Bu mümkün olan iş deyil, – dedi.

– Dinimiz bir, mədəniyyətimiz bir. Yüz illər boyu eyni dövlətlərin tərkibində yaşamışıq. Aramızda milli zəmində heç bir toqquşma olmayıb. Dilinizi də unutdurmağa çalışan olmayıb. Son 50 ildə ləzgilərin, avarların, darginlərin, bir sözlə, Dağıstanda yaşayan xalqların əksəriyyətinin dili unutdurulub. Çox vaxt evdə övladlarınızla da rus dilində danışırsınız. Sovetlər Birliyi dağılandan sonra əksəriyyətiniz Türkiyədə yaşamaq istəyirsiniz. Nədən Rusiyada yaşamaq istəmirsiniz? Bunu heç düşünübsənmi? – dedim.

– Bunu heç fikirləşməmişdim, gərək bu haqda yenə də götür-qoy edəm, – dedi.

Avtovağzala çatanda Vladiqafqaza gedəcək avtobusun sürücülərinə bizi qohumları kimi tanıtdı. Yolda nə problemimiz olsa, onun həllinə kömək etməsini tapşırdı. Avtobusun bilet pulunu da özü ödədi. Biletləri bizə verəndə taksi xidmətinin və avtobus biletinin pulunu ona rublla verdim. Xahiş etdi ki, mümkünsə, ona rubl deyil, manat və ya dollar verim. Böyük həvəslə istəyini yerinə yetirdim. Qürur hissi keçirdim ki, Azərbaycan manatına Rus rublundan çox dəyər verirlər.

Avtobusun qapısının aşağısında karikatura vurulmuşdu və altından da rus dilində “Trampın və Obamanın girişi qadağandır” yazılmışdı. Bu karikatura və yazı mənə çox qəribə gəldi. Odur ki, Acıbiydən soruşdum:

– Tramp, Obama Dağıstana gəlib və ya gələcəyi gözlənilir?

O heyrətlə üzümə baxaraq:

– Yox, – dedi.

Mənim sualımın mənasını başa düşmədiyini görüb avtobusun qapısının aşağısındakı karikaturanı və yazını göstərdim. Bərkdən gülərək:

– Onu mən də görmüşəm, amma əhəmiyyət verməmişəm. Sizin nə tez diqqətinizi çəkdi, – dedi.

Mən heç bir cavab verməsəm də, Acıbiy avtobus sürücüsünü yanına cağırdı və gülərək ondan xəbər aldı:

– Sənin ağlın yerindədir? – deyə xəbər aldı.

Avtobus sürücüsü, görünür, qonaqlarının yanında ona sərt cavab vermək istəmədi. Sual dolu nəzərlərlə üzümüzə baxdı. Acıbiy avtobusun qapısındakı şəkli göstərib dedi:

– Tramp, Obama Dağıstanda gəlsə, milyon dollar da versən, sənin köhnə avtobusunun yanından keçməz. Dağıstanın prezidentinin “Mersedes”inə də minməz. Putin qarşılayıb gəzdirər. Təyyarə ilə Amerikan cipləri gətirərlər ki, dağları gəzdirsin. Sənin köhnə avtobusunu da onun keçəcəyi yollara buraxmazlar.

Avtobus sürücüsü sanki yuxudan ayılaraq:

– Türkiyəlilər4 sənin başını xarab edib, yoldan çıxarıb, – deməklə canını qurtarmaq istədi.

Acıbiy: “Qohumlarım Türkiyəli deyil, Azərbaycandandır. Onlar da bir zaman bizim günümüzdə idilər. Bizdən ayıq çıxdılar. SSRİ-dən ayrıldılar. İndi bizim axmaqlıqlarımızı həmin dəqiqə görür və bizə gülürlər”, – dedi.

Avtobus sürücüsü onun sözündən incimədi. Gülümsəyərək ayrıldı. Mən avtobus sürücüsünün milliyətini xəbər alanda Acıbiy dedi ki, orta məktəbdə bir sinifdə oxumuşuq, ləzgidir. Yaxşı oxuyurdu. İdman yarışlarında da fəal iştirak edirdi.

– Elə bildim avardır, dargindir, noqaydır və ya başqa xalqdandır, ləzgicə bilmir. İkiniz də ləzgisinizsə, nədən bir-birinizlə rus dilində danışırsınız?

Acıbiy günahkarcasına, sakit səslə “Ləzgilərin dili ilə tabasaranlıların dili arasında da fərq var”, – deyəndə mən gülümsəyərək dedim:

– Bayaqdan Azərbaycanın “Ləzgistan” torpaqlarını işğal etdiyindən gileylənirdin, indi isə tabasaranlıların ləzgi olmadığını deyirsən.

– Siz babama oxşayırsınız. O da tez-tez səhvimi tutur. Babam sizin dili yaxşı bilir. Mən türkcə danışanda bəyənmir. Mən də vəziyyətdən çıxmaq üçün deyəndə ki, ay baba, mən Azərbaycan dilində danışmıram, türk dilində danışıram. Mənə hirslənir, deyir: “Nə fərqi var, ikisi də eyni dildir. Adlarını fərqləndiriblər”. Babam Bakıda oxuyub. Onlara Türkiyədən gələn müəllimlər dərs deyirmiş. Sizin onunla söhbətiniz yaxşı tutar. Geri dönəndə zəng vurun, gəlib sizi qarşılayım. Sizi kəndə, babamgilə qonaq aparacam. Sovet hökuməti kiçik kəndləri rentabelli olmadığına görə köçürdü. Sovetlər yıxılandan sonra rüşvətxorlar, korrupsionerlər xaraba kəndlərdə villalar tikdirdilər, elə villalar ki, Nadir şahın sarayı onların yanında daxmaya oxşayır. Rahat gedib-gəlsinlər deyə asfalt da çəkdilər. O kəndlərə çəkilən asfalt Mahaçqalanın küçələrinin asfaltından yaxşıdır.

Acıbiy biletlərimizi köhnə “İkarus” avtobusunun sağ tərəfindəki oturacaqlara almışdı ki, yol boyu gün bizi az vursun. O, çantalarımızı baqaja verib sağollaşdı. Keçib yerlərimizdə əyləşdik. Acıbiy əlindəki buz kimi iki şüşə limonadla yanımıza gəldi. Bizə verərək “Yolda içərsiniz”, – dedi və telefon nömrəsi yazılmış kağız parçasını da ovcuma basdı.

4.Rus dilində Türkiyə Cümhuriyyəti vətəndaşlarına турк, Türk irqinə mənsub şəxsə isə тюрк deyilir.

Türler ve etiketler

Yaş sınırı:
0+
Litres'teki yayın tarihi:
27 eylül 2022
Hacim:
337 s. 79 illüstrasyon
ISBN:
978-9952-8443-0-6
Telif hakkı:
Автор

Bu kitabı okuyanlar şunları da okudu