Kitabı oku: «Yol dəftərimdən: Quzey Qafqaz, Ukrayna, Maldova və Güney Koreya», sayfa 5
Araşdırıcılarla görüş
Avqustun 5-də mineral su vannası qəbul etdikdən sonra dincəlirdik. Safulya Batırbiyeva otağımıza gəldi. Üzü gülürdü, ərklə:
– Durun, hazırlaşın, indi dincəlmək vaxtı deyil. Sizi qonaq aparmağa gəliblər. Malkarların şair və alimləri sizi yaxından tanıyırmışlar. Gələnlərin biri də malkarların ünlü şairi, şagird yoldaşım Ahmed Sozayevdir, – dedi.
Biz özümüzü səliqəyə salıb həyətə endik. Nalçik Dövlət Universitetində kafedra müdiri, professor Burxan Berberov, Elmlər Akademiyası folklor şöbəsinin müdiri, milliyətcə qaraçay olan Hamid Malkondiyev, şair Ahmed Sozayev ağacların kölgəsində ayaqüstü söhbət edirdilər.
Onların bizi qarşılaması, səs-küylü görüşləri sanatoriyanın həyətindəkilərin deyil, kabinetlərdəki həkim və tibb bacılarının da diqqətini çəkdi. Kimisi nə baş verdiyini bilmək üçün həyətə çıxdı, kimisi də pəncərədən boylandı. Ahmed Sozayev dedi ki, sanatoriyada yerləşdiyiniz gündən xəbərimiz vardı. Həmin gün gəlmədik ki, yol yorğunluğunuz çıxsın. Dincəlib özünüzə gələsiniz, sonra görüşək. Bu gün şənbədir. Biz işdə deyilik. Sizin də günortadan sonra prosedurlarınız olmadığını bilirik.
Gənclərin ətrafımızı sarması vəziyyəti dəyişdi. Onların əksəriyyəti Ahmed Sozayevlə şəkil çəkdirməyə çalışırdılar. Onun şairliyi və uzun müddət televiziyada işləməsi öz işini görmüşdü. Universitet müəlliminə, akademiya işçisinə diqqət yetirən yox idi.
Təklif etdim ki, biz bir az aralanaq, gənc qızlar şairlə şəkil çəkdirib söhbət edə bilsinlər. Burxan Berberov dedi ki, yay tətili olmasaydı, sizi görməyə gələnlərin sayı çox olacaqdı. Kimi ailəsi ilə dəniz sahilinə dincəlməyə gedib, kimi iş dalınca başqa şəhərlərə, kimi də ata-baba yurdundakı kəndə.
Ahmed Sozayevlə ilk dəfə 1987-ci ilin iyulunda tanış olmuşduq. Onda mən xanımımla Quzey Qafqaza sanatoriyaya getmişdim. Sonuncu dəfə isə 1989-cu ilin avqustunda görüşmüşdük. İlk görşümüzdə Respublika Lenin Komsomol laureatı, gənc şairlə söhbətimiz o qədər də alınmamışdı. Sovetlərin qızğın tərəfdarı kimi çıxış edirdi. Ölkədə gedən, “yenidənqurma”ya, “aşkarlığ”a da münasibəti o qədər yaxşı deyildi. Milli məsələlərdən, xalqların sürgünündən, repressiyadan da ehtiyatla danışırdı. Cəmi iki il sonra isə Bakıdakı mitinqlərlə və orada söylənən şüarlarla maraqlanırdı. Naxçıvanda keçirilən mitinqdə mənim həbs edilməyimə, istintaqıma dair suallar verirdi.
Əhalisi 40–50 min nəfər olan Naxçıvan şəhərində mitinqlərə bəzən şəhər əhalisinin sayı qədər adam toplaşdığını eşidəndə heyrətləndi. O qədər insanı necə bir yerə toplaya bildiyimizlə maraqlandı. İkinci dəfə görüşümüzdə ona Pribaltikadakı və Ukraynadakı Xalq Cəbhələrinin öndərlərinin telefonlarını və ünvanlarını verdim, məsləhət gördüm ki, onların qəzetlərini alıb oxusun. Sonralar bildim ki, müxalif fikirlilərlə nəinki əlaqə saxlayıb, heç onların qəzet-jurnallarını, kitablarını da oxumayıb. Bütün bunlara baxmayaraq, onunla əlaqəni kəsmir, bayramlarda təbrik açıqcaları göndərir, ildə bir, iki ildə bir telefonla zəng vurub hal-əhval tutur, Türkiyədə keçirilən şairlərin toplantılarına getməyə həvəsləndirir, tanışlarım vasitəsilə ona şeir şölənlərinə dəvətnamələr göndərirdim.
Şəkil 14. Soldan: Burxan Berberov, Əli Şamil və Ahmed Sozayev Malkar Repressiya Muzeyi qarşısında.
Burxan Berberov və Hamid Malkondiyevi isə 2004-cü ildən tanıyırdım. Onları çox çətinliklə Bakıda keçirdiyimiz “Ortaq Türk keçmişindən, ortaq türk gələcəyinə” simopoziumuna gətirdə bilmişdim. Martın 17-21-də keçirilən simpoziuma onlar indi Nalçik Dövlət Unversitetində prorektor işləyən, professor Boris Tetuyevlə gəlmişdilər. Onlar simpoziumun adından çəkinərək bir daha AMEA Folklor İnstitutunun toplantılarına qatılmasalar da, Boris Tetuyev iki-üç dəfə başqa toplantılarda iştirak üçün Bakıya gəldi.
Boris Tetuyev Bakıda gedən dəyişikliklərlə qürurlanırdı. Ona və Quzey Qafqazdan tanıdığım alimlərə Türkiyədə, Avropa ölkələrində, Güney Koreyada, Yaponiyada keçiriləcək elmi toplantıların dəvətlərini göndərirdim. Həm də yazırdım ki, mövzuya uyğun məruzənizi hazırlayın, mən də əlimdən gələn köməyi edəcəm. Amma onlar hər dəfə gileylənirdilər ki, göndərdiyim dəvət məktubları nədən rus dilində deyil. Bakıda olduğu toplantılarda da rus dilinin aparıcı olmadığından narazı qaldığını bildirirdi. “Siz Almaniyaya, Fransaya, İngiltərəyə, Amerikaya və başqa ölkələrdə keçirilən konfranslara getsəniz məruzənizi rus dilindəmi oxuyacaqsınız?” – deyə sual verdikdə o, nə dediyimi başa düşsə də, yenə kürəyini yerə vurmayaraq: “Onlar xarici ölkələrdir. SSRİ respublikalarında gərək belə olmasın. Axı biz keçmiş Sovet vətəndaşlarıyıq”, – cavabını verirdi. Məndən yaşda kiçik olan bu alimlərin rus dilindən başqa bir dil öyrənməmələri, ana dillərini yaxşı bilməmələri xarici ölkələrdə keçirilən elmi konfranslarda görüşməyimizi əngəlləyirdi.
Nalçikdə repressiya muzeyi
Malkarla bizi Nalçikdə bir neçə il əvvəl açılmış Balkar Repressiya Muzeyinə apardılar. Sanatoriya şəhərciyi ilə Nalçik şəhəri arasında tikilmiş birmərtəbəli bina yaşıllığın ortasındadır. Həyətdə malkarların ünlü şairi Kazım Bekkin ulu (qıpçaq türkləri oğlu sözünü ulu və yaxud ulı kimi işlədirlər) Meçiyevin (Meçilanı) qəbri var. 1859-cu ildə, Tersk vilayətinin (indiki Rusiya Federasiyası Kabarda-Balkar Respublikası) Xolam-Bızgi bölgəsindəki Şiki kəndində doğulan və Dağıstanda mədrəsədə oxuyan şair 1891-ci ildə “Tahir bla (qıpçaq türklərində və bağlayıcısı bla kimi işlədilir.) Züleyxa” poemasını yazır.
Malkar ədəbiyyatının ilk poeması sayılan bu əsər xalq tərəfindən maraqla qarşılanır. İlahiyyatçı şair 1898-ci ildə “Şikayət” poemasını yazır, 1906-cı ildə Teymurxanşurada “İman-İslam” adlı kitabını nəşr etdirir. Bu poema malkar türkcəsində ilk mətbu əsər sayılır. Şairin 1918-ci ildə Teymurxanşurada çap etdirdiyi “Soltan-Hamid al Çeqemi” kitabına daxil edilmiş şeirlərin əksəriyyəti Çeqem dərəsində yaşayan malkarların Soltan Hamid Kalabeyin başçılığı ilə Ruslara qarşı üsyanından bəhs edir.
1920-ci ildən sonra kommunist partiyasını, Oktyabr inqilabını, kommunist öndərlərini, bir sözlə, sosializm quruculuğunu, Sovetlər Birliyini tərifləyən şeirlər də yazır. 1944-cü il martın 8-də 85 yaşlı şairi də yaşadığı Kisibalık kəndindən xalqı ilə birlikdə sürgünə göndərirlər. 1945-ci il martın 15-də sürgündə dünyasını dəyişən şairin nəşi (sümükləri) 1999-cu ildə Taldı Kurqan vilayətinin Telman kəndindən Nalçikə gətirilərək muzeyin həyətində təntənə ilə dəfn edilir.
Biz öncə onun qəbrini ziyarət edib, Fatihə oxuduqdan sonra muzeyə keçdik.
Repressiya muzeyi Sovet dövrünün qaydaları əsasında qurulsa da, eksponatlarının zənginliyi ilə diqqətçəkicidir. Həssas tamaşaçının muzeyi diqqətlə və sonadək gəzməsi çətindir. Çünki özünü bir anlıq işgəncə çəkən insanlar arasında hiss edirsən.
Muzeydə Həsən bəy Zərdabinin xanımı Hənifə Abayevaya (1856–1929) da yer ayrılıb. Onun maarifçilik fəaliyyəti haqqında qısa bilgi verilib.
Muzeyin işçilərinə və malkar aydınlarına: “Hənifə xanım və onun ailəsi haqqında geniş bilgi verən eksponatlar çox olsa yaxşıdır. Cünki repressiyanı əks etdirən eksponatlar tamaşaçını çox bədbinləşdirir. Bir neçə nikbinlik oyadan, insanlara həyatı sevdirən eksponatlar da olsa, yaxşı olar-dedim. Onların sual dolu baxışlarını görüb Həsən bəylə Hənifə xanımın evliliyindən danışdım. Dedim ki, 1865-ci ildə Moskva Universitetini bitirib Azərbaycana dönən Həsən bəy Məlikov (Məlikov Həsən bəy Zərdabinin soyadıdır.) savadlı müsəlman qızı ilə evlənmək istəyir. Lakin belə bir qız tapa bilmir. 1872-ci ildə “Qafqaz” qəzetində bir yazıya rast gəlir. Orada Tbilisidəki Müqəddəs Nina qız məktəbini bitirənlərin siyahısı verilibmiş. Həmin siyahıda Terek vilayətinin Nalçik şəhərindən olan Hənifə xanım Abayevanın da adı varmış. Bu ad Həsən bəyin diqqətini çəkir.
O, Tbilisiyə gedir, məktəbin direktoru ilə görüşüb istəyini ona bildirir. Direktor Həsən bəylə Hənifə xanımı görüşdürür. Hənifə xanım Həsən bəyin savadına, davranışına heyran qalır və ona ərə getməyə razılıq verir. Həsən bəy Məlikov molla gətirdib kəbin kəsdirir. Beləcə, Hənifə xanım Abayevə Nalçikə qayıtmır, Bakıya gəlir və Məlikova olur.
Evlilikdən Pəri, Qəribsultan adlı qızları, Midhət və Səffət adlı oğlanları dünyaya gəlir. Pəri xanım Rusiya Müsəlmanları Qurultaylarına sədrlik edən, Azərbaycan Cümuriyyətinin qurucularından biri olan Əlimərdan bəy Topçubaşovun xanımı olub.
Onlar belə qəribə evliliyə güldülər. Mən bir az da “Əkinçi” qəzetinin nəşrində Hənifə xanımın rolundan, Midhətin 1937-ci ildə repressiyaya məruz qalıb güllələnməsindən, qızı Fatmanın repressiya illərində Bakıdan uzaqlarda, Stavropola sürgün olunmasından danışdım.
Sonrakı söhbətimizdən də aydın oldu ki, istər malkar şair və araşdırıcılarının, istərsə də muzey işçilərinin Hənifə xanımın nəsli haqqında geniş bilgisi çox azdır. Bir onunla qürurlanırlar ki, Hənifə xanımın atası Aslanbəy Rus ordusunda ilk malkar zabit olub.
Hənifə xanımın 1880-ci illərdə qızları Pəri və Qəribsultanla ata-baba yurdu Günnüm kəndinə getdiyini yazırlar. Günnüm auluna gedib o yerləri ziyarət etmək istədiyimi bildirəndə ürək ağrısı ilə kəndin xarabalıqları qaldığını söylədilər.
Muzeydə Hənifə xanımın nəslinin, ailəsinin, Həsən bəy Zərdabinin xidmətlərinin geniş işıqlandırılması təkcə malkarlarla Azərbaycan arasında deyil, türk dünyası ilə aralarında əlaqələrin genişlənməsinə böyük təsir göstərə biləcəyi fikrimlə razılaşdılar.
Şəkil 15. Soldan: Burxan Berberov, Əli Şamil və Ahmed Sozayev Kazım Meçilanının qəbri başında.
Adətən repressiya deyəndə yadımıza 1930-40-cı illərdə insanların təqib edilməsi, həbsxanalara və sürgünlərə göndərilməsi, güllələnməsi düşür. Balkar Repressiya Muzeyində isə Rusların Quzey Qafqazı işğal etməyə başladıqdan günümüzədək olan dövrə dair sənədlərə rast gəlmək olur. 1957-ci ildən sonrakı sənədlər azdır və əsasən də, qəzet jurnallarda çap olunan yazılar, fotolardır.
Aksu kəndində axşam süfrəsi
Muzeydən çıxdıqdan sonra Nalçikin yaxınlığındakı Aksu kəndinə getdik. Sürgündən döndükdən sonra Ahmed Sozayevin ailəsi bu kənddə yerləşib. Ahmed ali məktəbi bitirdikdən sonra Nalçikdə yaşamağa başlayıb. Kəndin içərisində keçəndə ikimərtəbəli, qapısı-pəncərəsi olmayan bir binanı göstərən Ahmed: “Bura mənim orta təhsil aldığım məktəbdir. Bu bina ilə bağlı şirin xatirələrim var. Şeirlərimin bir çoxunun mövzusu da bu məktəblə bağlıdır”, ‒ dedi.
Ahmedin kövrək danışması məni təsirləndirdi. Xahiş etdim ki, binanın qarşısında dursun, şəkilini çəkim. Malkarların üçü də birdən, elə bil şərtləşmiş kimi: “Yox, lazım deyil. Üç mərtəbəli yeni məktəb binası tikiblər. Gedər, orada şəkil çəkdirərik”, ‒ dedilər. Mən onların narahatçılığını başa düşdüm. Demokratik düşüncə olmayan yerlərdə həmişə belə olur. Onlar qorxdular ki, mən şəkil çəkib mətbuatda, kitabda verərəm, şəkli görən hakimiyyət orqanları onlara “Niyə imkan veribsiniz, qonağınız xarabanın şəkilini çəksin”, ‒ deyər və ya cəzalandırar.
Axşam sanatoriya şəhərciyindəki gölün kənarında, malkarların işlətdiyi bir kababxanada əyləşdik. Mən malkarların durumu, orta və ali məktəblərdə ana dilində təhsilin səviyyəsi, son illərdə nəşriyyatlarında hansı kitabların çap olunması və s. maraqlanırdım. Onlar isə Sovet dövründən danışırdılar. Hiss edirdim ki, keçmişdən qopmaq istəmirlər. Güzəranları ötən illərlə müqayisədə yaxşılaşsa da, əməklərinin dəyərləndirilməməsindən, yəni fəxri fərmanlar, orden və medalların verilməməsindən, təntənəli toplantıların təşkil edilməməsindən gileylənirdilər.
Hamid Malkonduyev folklorun kiçik janrlarını, xüsusən ovsunları, mərasimləri, əyələrlə bağlı mətnləri və s. araşdırır. Bu mövzuda bir neçə kitabı çap olunub. Kitablarını nəzərdən keçirdikdə, söhbət etdikdə Sovet dövrünün təfəkküründən çıxa bilmədiyi hiss olunur. Yazdığı əsərlərdə Avropa, Amerika, Türkiyə, İran araşdırıclarının əsərlərində istifadə etmir. Bunu həmin ölkələrdə nəşr olunan kitabları və elmi məqalələri tapa bilməməsi ilə bağlayır. Mən sual verdim ki, tatar, başqırd, saka, şor, qazax, qırğız, özbək araşdırıcılarının kitablarını, məqalələrini tapmanız o qədər də çətin deyil, bəs nədən onlardan istifadə etmirsiniz? Sözü ora-bura yozmağa çalışdılar. Mənim əl çəkməyəcəyimi gördükdə: “Pantürkist damğası vurulmasını istəmirik”, ‒ dedilər.
Təklif etdim ki, Dədə Qorqud dastanları ilə qaraçay-malkar nartlarını müqayisəli şəkildə öyrənsinlər. Onların yazdığı kitabın Azərbaycanda və Türkiyədə nəşrinə mən vasitəçi olum. Onunla da razılaşmadılar. Dedilər ki, bu mövzunu Türkiyəyə oxumağa gedən uşaqlarımıza verin. Onlar yaza bilərlər.
Hamid Malkonduyev sual verdi ki, Güney Azərbaycanı Azərbaycan Respublikasına nə vaxt birləşdirə biləcəyik? Mən də zarafatla: “Sizlər Qarabağ probleminin həllində Azərbaycana nə vaxt kömək etsəniz onda!”, – dedim. Cavabıma üçü də güldü. Söhbətin mövzusu dəyişdi və biz İran İslam Respublikasından və orada yaşayan türklərdən danışmağa başladıq. Mən orada qaşqayların, xələclərin, türkmanların və başqa türk xalqlarının yaşadığı yerlər və onların sayı haqqında bilgi verəndə çox heyrətləndilər. Maraqlandılar ki, onların danışdığını başa düşmək olurmu? Gülərək: “Siz başa düşməsəniz də, biz başa düşürük!”, – dedim. Hamid Malkonduyev “Onlar farsların əsarəti altındadır, ana dillərində məktəbləri, universitetləri, qəzet-jurnalları, televiziya və radioları yoxdur”, – deyəndə mən yenə zarafata salaraq: “Amma onlar evdə də, küçədə də, bazarda da türkcə danışırlar. Təbrizdə ana dilində danışmayana ətrafdakılar çox pis baxır. Amma siz mənim yanımda malkarca danışırsınız, məndən üç addım ayrılan kimi bir-birinizlə yenə rus dilində danışmağa başlayırsınız. İranda istər Təbriz olsun, istər Şiraz, istər Xorasan, istər Həmadan… türklər evdə oğul-uşaqları ilə türk dilində danışmağa üstünlük verirlər. Tehranda belə küçə və bazarda, hətta dövlət idarələrində tərcüməçisiz keçinmək olur. Mənə deyə bilərsinizmi, İranda assimilasiya güclü gedir, yoxsa Rusiya Federasiyasında?” – dedim.
Hamid Malkonduyev duruxdu, bilmədi nə cavab versin. Burxan Berberov susurdu. Vəziyyətdən çıxmaq üçün Ahmed Sozayev zarafata keçdi: “Nə vaxt bizi İrana aparıb oradakı türklərlə tanış etsən, sualına onda cavab verəcəyik”, – dedi.
Mən hər ay minlərlə insanın İran İslam Respublikasına müalicəyə getdiyindən, orada səhiyyənin səviyyəsinin RF-dən çox yüksək olduğundan, Tehran xəstəxanalarında Moskvadan gələn xəstələri gördüyümdən söhbət açanda təəccüblərini gizlətmədilər. Bir az da oradakı vergi sistemindən, qayda-qanundan, qadınların hüquqlarından danışanda lap təəccübləndilər. Oradakı inkişafın səbəbinin xaricə getmək istəyənlərə qapıların həmişə açıq olduğunu, bunun nəticəsində də minlərlə gəncin gedib Avropanın, Amerikanın ali məktəblərində oxuyub vətənə qayıtdıqları olduğunu dedim. Ölkədəki islam rejimini kommunist rejimi ilə müqayisə etdim. İranın bugünki durumunun ağır olmasının səbəbini xarici ölkələrin embarqosu olduğunu söylədim.
Söhbətimiz o qədər uzun çəkdi ki, qarsonu çağırıb əlavə yemək sifariş verəndə dedi ki, hamı gedib, onunla qarovuldan başqa kimsə qalmayıb.
Malkarların Göygölü
Dünyanın müxtəlif yerlərində kiçik dağ göllərinin bəziləri Göygöl adlandırılır. Kiçik Qafqazdakı Göygöllərdən biri Gəncə yaxınlığında, Kəpəz dağının ətəyində, biri Şəmkir çayın başlanğıcında, biri də Ordubad rayonundakı Gəmiqaya dağının yamacındadır. Böyük Qafqazdakı Göygöllərin biri Abxaziyada, Aşağı Göygöl və Yuxarı Göygöl isə Kabarda-Balkar Respublikasındadır.
Sovet dövründə Quzey Qafqaz sanatoriyalarında olanda Çerek Balkar çayının sahilindəki Aşağı Göygölə də getmişdim.
Böyük Qafqazın Dıx tay (dağ), Koştan tay zirvələrinin suları axdığı dərələrin adıyla Çerek Xula və Çerek Balkar adlandırılır. Bu çaylar Babuqrent kəndində birləşəndən sonra Çerek adlanır. Nalçik, Baksan çayı ilə birləşib Proxladın qəsəbəsi yanında Malka çayına tökülür. Malka çayı da Tərəkə qovuşub Xəzərə axır.
Turist səfərləri zamanı o yerlərin gözəl təbiət mənzərələrini seyr edir, dincəlir, həm də oradakı səyyar bazarlardan özümüzə və dost-tanışa malkarların keçi tifdiyindən (anqorka) toxuduqları qış geyimləri alırdıq.
Avqustun 6-da Aşağı Göygöl və Yuxarı Balkariya kəndinə təşkil ediləcək turist səfərinə iki bilet aldıq. Məqsədimiz Həsən bəy Zərdabinin xanımı Hənifənin babalarının tikdirdiyi Abay qalasını ziyarət etmək idi. Yuxarı Balkar kəndini yaxınlığında, Çerek Balkar çayının sol sahilində dağ yamacındakı aulun xarabalıqları arasında Abay qalası ucalır. Buralarda qala deyəndə adətən geniş ərazili, uca hasarlı qala-şəhərləri nəzərdə tutulmur. Dördkünc, 15–20 metr hündürlüyündə, kiçik pəncərəli müşahidə qüllələri qala adlanır.
Nalçikdən təxminən 40 kilometr aralıda, Çerek Balkar çayının kənarındakı Aşağı Göygöl də o qədər böyük deyil. Avtobusumuz gölün yanında durmadan Yuxarı Balkar kəndinə doğru irəlilədi. Bir tunelə çatdıqda durmalı olduq. Bildirdilər ki, tuneldə təmir işləri gedir. Ona görə avtobus bir saata yaxın yubanacaq. Kim istəsə, burada avtobusu gözləsin, kim gəzmək həvəskarıdırsa, keçmiş dağ yolu ilə tunelin o başına kimi piyada getsin.
Qoca olsaq da, sərin dağ havası almaq, yamacdan dərənin dibi ilə axan dağ çayına baxmaq, suyun qıjıltısını dinləmək üçün piyada getməyi qərara aldıq. Avqustun 6-sı olmasına baxmayaraq, burada yamacların otu hələ biçilməmişdi. Dağ çiçəklərinin çoxu yeni açırdı. Yol boyu malkar qadınları ayran, yerli meyvələr, toxuduqları paltarları, ağaclardan düzəltdikləri hədiyyəlik əşyaları, dərman bitkiləri satırdılar.
Təxminən 250, 500, 800 qramlıq plastik qablardakı kiçik, yumru və çil-çil əriklər diqqətimi çəkdi. Naxçıvanda olarkən bu əriklərdən çox yemişdim, qurusundan da qışda xörəklərdə istifadə edirdik. Gözəl ətiri vardı. Neçə illər idi, Bakı bazarında belə əriyə rast gəlmirdim. Naxçıvanlılar ona qığ ərik deyirlər. Ərik hər yerdə sovuşsa da, burada yeni-yeni yetişir. Sanatoriyada olduğumuz günlərdə yeməyə bir neçə qutu ərik aldıq.
Yeni tikilmiş tuneldən Yuxarı Balkar kəndinə məsafə o qədər də uzaq deyil. Turist cəlb etmək üçün tunellərin vurulması, yolların asfaltlanması bölgədə yaşayan malkarların da xeyrinədir. Bu işlər görülməsə, qar yağan zaman dağ yamaclarında, dərələrdə yerləşən kəndlərin sakinlərinin şəhərlə əlaqəsi kəsilər və bu vəziyyət, təqribən, altı ay davam edə bilər.
Yuxarı Balkar kəndində yeni tikilmiş məscid, məktəb, evlərin abadlığı onu göstərir ki, adamlar köçüb getmək fikrində deyillər.
Malkar Azretlə söhbət
Avtobusumuz mənzilə çatdı. Burada yeni restoranlar, kafelər, qonaq evləri tikilib, çayların üzərində gözəl körpülər salınıb. Bələdçimiz bizi gətirən avtobusun iki saatdan sonra geri dönəcəyini bildirdi. Bundan kim necə istəyir, elə istifadə edə bilərdi. İki saatdan sonra hamı avtobusda olmalıydı.
Mən xanımımla vaxtdan necə istifadə edəcəyimizi planlayırdıq. Yoldan keçən yaşlı birisi bizə yaxınlaşanda addımlarını yavaşıtdı. Deyəsən, danışığımızdan bəzi sözləri başa düşdüyü üçün salam verdi. Biz də gülərüzlə onun salamını aldıq. Xoş baxışımız onu həvəsləndirdi. “Türkmüsünüz?” ‒ deyə xəbər aldı. Mən elə bildim, qoca malkar bizi türkiyəlilərə bənzədir. Dəqiqlik olsun deyə: “Azərbaycanlıyıq”, ‒ dedim. O gülərək “Azərbaycanlı da türkdür, malkar da, qaraçay da”, ‒ dedi.
Şəkil 16. Əli Şamil Abay qalası önündə.
Bu kiçik dialoqumuz məni onunla tanışlığa həvəsləndirdi. Təklif etdim ki, yaxınlıqdakı kafe və restoranların birində oturub söhbət edək. Bir az fikrə gedib “Buradakı restoran və kafelərdə müsəlman oturmaz”, – dedi və nə fikirləşdisə: “Yaxınlıqda “Əski Mecid” adlı bir restoran var. Orada mənim tanıdığım gənclər işləyir. Onlar bizə qaydasınca qulluq edərlər”, – dedi.
Söhbət edə-edə “Əski Mecid” restoranına gəldik. İçəri girərkən mən əlimi yumaq bəhanəsilə yubandım. Restoranı işlədənin yanında pul qoydum ki, bizim xərclərimizi oradan çıxsın. Bir az tərəddüdlə baxsa da, pulu götürdü.
Süfrə arxasında oturandan sonra tanış olduq. Azret kişi malkar olsa da, türkcə sərbəst danışırdı. Türk dilini harada öyrəndiyini xəbər aldıqda dedi:
– Sürgünə gedəndə üç yaşım olub. Orada malkarlar az, axısqalılar çox idi. Evdə malkarca, bayırda axısqalılar kimi danışırdıq. 1957-ci ildə biz vətənimizə döndük, onlara icazə vermədilər. Yaşıdlarım buraya döndükdən sonra da bir-biri ilə zarafatla türkcə danışırdı. İndi onlardan 5-10 qarı, 4–5 də erkək qalıb. Son 20–25 ildə ancaq sizin kimi turistlərlə türkcə danışıram.
Sürgündən əvvəl doğulduğu kəndi, evlərini xatırlayıb xatırlamadığını xəbər aldım. Dərin bir ah çəkərək:
– Sürgündən geri dönəndə elə bilirdim, buraları görmüşəm. İllər keçəndən sonra başa düşdüm ki, 3 yaşlı uşaq hər şeyi belə dəqiqliyi ilə yadında saxlaya bilməz. Kəndimiz, evimiz, buradakı bulaqlar, çaylar haqqında yanımda o qədər danışmışdılar ki, geri dönəndə elə bilirdim, bu yerlər yadımda qalıb.
Azret kişi insanlardan da xeyli gileyləndi. Dedi ki, sürgünə göndəriləndə evimiz, ev əşyalarımız, mal-qaramız hamısı qalmışdı. Hökumət aşağıdakı düzən, əkin sahəsi geniş olan kəndlərə rusları, ukrayınları və başqa millətdən olanları yerləşdirə bilmişdi. Dağ kəndlərinə isə gələn olmamışdı. Sahibsizlikdən istifadə edən çobanlar, ovçular, yoldan keçənlər evləri dağıtmış, yandırmışlar. Biz gəldik, hər yeri xaraba gördük. Deyirdilər ki, qışda burada hər il neçə adam ölürdü. Çünki bir yerdən başqa bir yerə getməli olanlar daldalanmağa nə bir kənd tapa bilirdilər, nə örtülü bir yer, nə də isti bir ocaq. Buradakı evləri sökənlərin, dağıdanların, yandıranlarının özləri əməllərinin qurbanına çevrilirmiş.
Azret kişidən xəbər aldım ki, nədən kəndlərin çoxu xarabadır? Onlar sürgün yerindən geri qayıtmadılar, yoxsa başqa yerlərə köçdülər? Cavabı bu oldu ki, dağ kəndlərində əkinə yararlı torpaqlar az olduğundan, həm də düşməndən, vəhşi heyvandan qorunmaq üçün keçmişdə evləri dağ yamaclarında, bir-birinə yaxın tikirdilər. Harada bir balaca düzən, əkinə yararlı torpaq görürdülər, oranı da əkib becərirdilər. Beləcə, yaşamlarını təmin edirdilər. Sürgündən geri dönəndən sonra adamlar basqınlar, silahlı toqquşmalar dövrü geridə qaldığını görüb çay kənarlarında, düzən yerlərdə ev tikdilər. İstədilər, həyətlərində 5-10 sot torpaq olsun, orada kartof, kələm, kök, pazı əkib qışda ailələrini keçindirsinlər. İndi həmin yerlərdə meyvə ağacları əkiblər.
Şəkil 17. Əzizə Şamil Çerek Balkar çayı üzərindəki körpüdə.
Azret kişi Çerek Balkar çayının sol sahilində xarabalıqda yeganə salamat qalan Abay qalasından, onunla üzbəüzdəki, çayın sağ sahildəki Əmirxan qalasından da xeyli söhbət etdi. Babalarından da gileyləndi. Onların aralarındakı tayfa davasından, kənd davasından danışdı və xırda bir şeyi qan düşmənçiliyinə çevirmələrindən, qan düşmənçiliyinin yüz illər boyu davam etməsindən, qan düşmənçiliyinə görə neçə soyun yox olmasından olduqca maraqlı söhbətlər etdi.
Sözünü belə yekunlaşdırdı ki, babalarının yanlışlıqları olmasaydı, xalq bu günə qalmazdı. Çox heyifsiləndim ki, Azret kişinin danışdıqlarının hamısını yaza bilmədim.
Yeməkləri Azret kişi sifariş vermişdi. Özünün və bizim yaşımızı nəzərə alıb xəmir xörəkləri hazırlatmışdı. Söhbətimiz şirin olduğundan xörəyi necə yediyimizi də bilmədik. Qarsona dedim ki, restoranda türk qəhvəsi dəmləyə bilən varsa, bizə türk qəhvəsi hazırlatsın. O, özündən, işindən razı halda cavab verdi ki, Türkiyədə universiteti bitirib özünə ixtisası üzrə iş tapa bilməyən bir gənc burada işləyir. Gözəl türk qəhvəsi dəmləyir. Bizi də qəhvə içməyə o alışdırdı. Deyərəm, sizin üçün də dəmləyər.
Şəkil 18. Əli Şamil Çerek Balkar çayının sahilində.
Qəhvələrimiz gəldi. İçdik. Bizim də xoşumuza gəldi, Çerekli Azret kişinin də.
Azret kişi qarsonu çağırıb hesabı gətirməsini istədi. Ondan hesabın ödəndiyini eşidəndə bir anlığına çaşqınlıq keçirdi. Sonra özünü o yerə qoymayaraq:
– Bilsəm, həmişə hesab ödənəcək, həftədə bir dəfə gəlib türk qəhvəsi içərəm, – dedi.
Azret kişi ilə sağollaşıb ayrılandan sonra bir az da Abay qalasının ətrafında gəzinib avtobusumuzun yanına gəldik. Deyəsən, gecikməkdə olan biz idik. Avtobusa minən kimi yola düşdü.
Ücretsiz ön izlemeyi tamamladınız.