Kitabı oku: «Yol dəftərimdən: Quzey Qafqaz, Ukrayna, Maldova və Güney Koreya», sayfa 3
Mahaçqaladan Vladiqafqaza yolçuluq
Rusiyanın Güney-Quzey avtomagistralı Dağıstandan keçir. Biz də bu yolla Xasavyurda doğru irəliləyirik. Dünyanı titrədən hərbi gücə malik, kosmosu fəth etmiş bir ölkənin avtomagistralının bərbadlığı bu ölkədə insanın rahatlığı həmişə sonuncu planda olduğunu göstərir. 70–80 kilometr yolu 3 saata gedə bildik.
Avtobus Xasavyurda çatanda yola düşməyimiz haqqında heç bir bilgi almadan yarım saata yaxın gözlədik. Bura bir keçid məntəqəsidir. Quzey Qafqazın bir çox bölgələrindən Rusiyaya gedən avtobuslar buradan keçir. Dağıstana getmək istəyənlər də Rusiyaya gedən avtobuslardan burada enib başqa marşurutlara minirlər. Normal gözləmə salonu, yeməkxanası, çayxanası olmayan avtodayanacaqda bir saat gözləmək adamın səbrini daraldır.
Çeçenistan sərhəddinə yaxınlaşanda zirehli geyimdə olan hərbçilər avtobusa minib sənədləri yoxladılar. Bəzi adamların çantalarını da baqajdan endirib çək-çevir etdikdən sonra getmələrinə icazə verdilər. Açıq-aydın hiss olunurdu ki, bu yoxlamalar pul qoparmaq üçün bir vasitədir.
Çecenistanda isə vəziyyət tamam başqa idi. Yolu kəsmiş fiziki cəhətdən sayseçmə, zirehli geyimdə, əlində avtomat olan hərbçilər bütün maşınları saxlayır, sənədləri və yükləri yoxlayır, xüsusən, gənc və orta yaşlı kişiləri dəmir vaqonda yerləşən keçid məntəqəsinə yollayırdılar. Yolun kənarındakı qum torbalarından düzəldilmiş səngərlərdə isə pulemyotun arxasında sayıq dayanmış əsgərlər növbə çəkirlər. Yol kənarında bir neçə vaqon ev vardı.
Rusiya Quzey Qafqazda yollarda keçid məntəqələri yaradıb, onları müdafiə qurğuları ilə təmin edib, oradakı hərbçiləri döyüşə hazır vəziyyətə gətirib. Bununla bölgədə sabitlik, dinclik yaratdığını düşünür. Keçid məntəqələrinə yaxınlaşanda sürücülərin sərt tormoz verməsi nəticəsində asfaltda sürtülən təkərlərin səsi, eləcə də keçid məntəqələrindən çıxan sürücülərin maşınlarını əsəbiliklə yerindən tərpətməsinin doğurduğu səslər burada necə bir gərginlik hökm sürdüyündən xəbər verir. Yalnız yerli əhali deyil, buraya Rusiyanın müxtəlif guşələrindən dincəlməyə və qonaq gələnlərin də sifətlərindən elə bil zəhər yağır. Demək olar ki, səslərini bərkdən çıxarmasalar da, sakit səslə deyinirlər.
Bizi avtobusdan endirdilər. Yüklərimizi və əl çantalarımızı alıb vaqon evlərə getməyimizi əmr edirlər. Azərbaycanla Rusiya arasındakı yoxlamadan sərt bir yoxlama ilə burada rastlaşdıq. Keçid məntəqəsində də yoxlamalar sakit keçmirdi. Bəzilərini yükləri ilə birlikdə başqa vaqon-evlərə aparırdılar.
Bizim soyadımızın Şamil yazılması və pasportlarımızın Azərbaycan türkcəsində və ingilis dilində olması onları bərk qıcıqlandırmışdı. Sənədlərimizi yoxlayan podpolkovnik əsəbiliklə pasportumuza baxaraq: “Niyə rusca yazılmayıb?”, – deyə xəbər alanda mən sakitcə: “Siz Xarici İşlər Naziri olanda göstəriş verərsiniz, pasportlarında rusca yazı olmayanları ölkəyə buraxmazlar”, ‒ dedim.
Yəqin, imkanı olsaydı, məni basıb döyərdi. Əsəbiliklə dedi:
‒ Siz dünənədək Sovet vətəndaşı idiniz. Bütün sənədləriniz rus dilində yazılırdı. İngilislərlə heç bir əlaqəniz yox idi. İndi sənədləri ingiliscə yazırsınız, rusca heç bir şey yazılmır. Biz də oxuyanda əziyyət çəkirik.
Mən təmkinlə və gülümsəyərək dedim:
– Sizin kimilərin davranışından SSRİ-dən ayrıldıq. SSRİ Avropa Birliyi kimi bir ittifaq olsaydı, heç kim ayrılmaq istəməzdi.
Yanında duran mülki paltarlı şəxs:
– Belələrini saxlama. Gələn kimi pasportlarına möhür vur, getsinlər. Bunlar həm bizi əsəbiləşdirir, həm də buradakı adamlara pis təsir edirlər, – dedi.
Hiss edirdim ki, imkanları olsa, pasportumu çırıb atar, özümü də bərk kötəkləyərlər. Çantalarımızı götürüb avtobusa gəldik. Hamı gəlib əyləşəndən sonra avtobus sürücüsü mənə müraciətlə:
– Yaxşı dediniz! Ürəyimizdən tikan çıxdı. Mən bir neçə dəfə Avropaya getmişəm. Maşınla neçə ölkəni dolanmışıq. Bir yerdə də bizi saxlayıb “Hara gedirsən”, – deyən olmayıb. Burada isə hər 30–40 kilometrdən bir saxlayıb həm vaxtımızı alırlar, həm də qanımızı qaraldırlar. İnquşetiyada, Osetiyada da saxlayıb sənədləri yoxlayacaqlar. Hər gün bunların kobudluğu ilə üzləşirik. Minlərlə insan əziyyət çəkir. Bu ölkədə məmurlar elə bil adamlara əziyyət verməkdən ləzzət alırlar, – dedi.
Avtobusdakılara da elə bir mövzu verdi. Əksəriyyəti yersiz yoxlamaların doğurduğu narahatlıqlardan danışmağa başladı. Avtobus sürücüsünün dediyi kimi də oldu. Yolda iki dəfə də saxlayıb sənədlərimizi yoxladılar. Amma bu yoxlamalar Çeçenistandakı kimi sərt olmadı.
Axşamüstü Vladiqafqaz avtovağzalına çatdıq. Orada rəhmətlik Aşıq İsgəndərin oğlu Murtuza bizi gözləyirdi.
İstefada olan polkovnik Murtuza İsgəndər oğlu
Murtuza İsgəndər oğlu ilə şəxsi tanışlığımız 25 il olar. Amma onu qiyabi 1983-cü ildən tanıyırdım.
1972-ci ilin aprelində tələbə yoldaşım Osman Əhmədoğlu kəndlərinə Türkiyədən bir aşıq gəldiyini dedi. Bu gözlənilməz və mümkünsüz sayıla biləcək bir hadisə idi. Aşığı görmək həvəsi dekanımız Şirməmməd Hüseynovun qorxusuna üstün gəldi. Gürcüstandakı Keşəli kəndinə getdik. Rəhmətlik Qənbər rüşvət verərək Qars ilinin Kümbətli (Vladikars) kəndindəki dayısı Aşıq İslam Ərdənəri gətirdə bilmişdi.
Aşıq İslam Ərdənər bizim aşıq yaradıcılığı haqqında bilgilərimizi alt-üst etdi. Ondan öyrəndik ki, Xəstə Hasan deyilən aşıq İrəvanlı deyil, Axısqanın Levis kəndindən imiş. Azərbaycanlı araşdırıcılar Xəstə Hasanı Aşıq Ələsgərə Xəstə Qasımın bağlamasını göndərən ədəbi oğru kimi tanıdırdılar. İslam Ərdənər isə bildirdi ki, bu mümkünsüz bir işdi. Birincisi, Xəstə Hasan Aşıq Ələsgərdən yaşda çox böyükdür. İkincisi, Xəstə Hasan ustad bir sənətkardır. Başqasının şeirini öz adından kiməsə göndərməz.
İslam Ərdənər iki aya yaxın Keşəlidə qaldı, ətraf kəndlərdən də gəlib onu qonaq apardılar. Adamlarla görüşdü, söhbətləşdi və getdi. Gedəndən sonra da Türkiyədən mənə məktublar yazdı.
O, gedəndən sonra Osmanla mən Azərbaycanda, Gürcüstanda, Ermənistanda Xəstə Hasanı tanıyan, şeirlərini bilən adam axtarışına çıxdıq. Axır ki, tapdıq. Aşıq Hüseyn Saraclı Ermənistan Respublikası Amasiya rayonu Ellər (Elləroyuğu) kəndində yaşayan Aşıq İsgəndər Gülməmmədovun (Ağbabalı) Xəstə Hasanın şeirlərini bilmək ehtimalının çox olduğunu söylədi. Aşıq İsgəndər Gülməmmədova məktub yazdım. Aşıq Hüseyn Saraclı yanılmamışdı. Aşıq İsgəndər Ağbabalı nəinki Xəstə Hasanın şeirlərini bilirdi, hətta onun soyundan olub, Qazaxıstana sürgün olunanları da tanıyırdı. Aşıq İsgəndər Ağbabalını Naxçıvana gətirtdim, televiziyada və radioda verilişlərini hazırladım, qəzetdə haqqında məqalə verdirdim, söylədiklərini yazıya aldım.
Aşıq İsgəndər ailə üzvlərindən də geniş söhbət açdı. Böyük oğlu Murtuzanın Orconikidze (İndiki Vladiqafqaz) şəhərindəki ali ümumqoşun komandirləri hazırlayan məktəbdə zabit olduğunu söylədi. Beləcə, Aşıq İsgəndər Ağbabalı ilə ailəvi dostluğumuz başladı.
Biz 1993-cü ildə Bakıya köçəndən sonra Murtuza Viladiqafqazdan gələndə onunla görüşdük. Sağ olsun, sonralar hər Bakıya gələndə mənə zəng vurar, görüşüb dərdləşərdik. Bir-birimizə işimiz, planlarımız haqqında bilgi verərdik. Necə deyərlər, sözümüz-söhbətimiz tutardı. Atası haqqında xatirələr kitabı nəşr etdirmək istədiyini dedi. Məndən və xanımımdan da xatirələrimizi yazmağı xahiş etdi.
Yazımın həcminin böyük olduğunu gördükdə Aşıq İsgəndərlə yazışmalarımızı bir yerə toplayaraq 2006-cı ildə “Səda” nəşriyyatında “Aşıq İsgəndər Ağbabalı. (Xatirə, məqalə, məktub və sənədlərin işığında)” kitabını nəşr etdim. Kitab maraqla qarşılandığına görə Murtuza Gülməmmədov 2012-ci ildə onun təkmilləşdirilmiş nəşrini çap etdirdi.
O, bizim Nalçikə sanatoriyaya getməyi planlaşdırdığımızı biləndə xahiş etdi ki, proqramımıza onunla görüşməyi, bir neçə gün Vladiqafqazda qalıb birgə gəzməyi də daxil edək. Murtuza bəyin sözünü yerə salmaq olmazdı. Bakıdan yola düşməmişdən əvvəl də, Mahaçqalada olanda da ona zəng vurmuş və gələcəyimizi xəbər vermişdik.
Murtuza İsgəndər oğlu bizi avtovağzalda qarşılayıb Şahin Məmmədovun qonaq evinə apardı. Bu bina Azərbaycanın Vladiqafqazda nümayəndəliyi rolunu oynayır. Azərbaycandan Vladiqafqaza gedən ictimai-siyasi xadimlərin, yazıçı və şairlərin, oxumuşların çoxu orada ağırlanır.
Murtuza bəy orada olduğumuz müddətdə nəinki bizim məsrəflərimizi öz üzərinə götürmüşdü, həm də gözəl bir tanıtma proqramı da hazırlamışdı.
Polkovnik rütbəsində istefaya göndərilən Murtuza Gülməmmədov vaxtının çoxunu ictimai işlərə həsr edib. O, Vladiqafqazdakı Azərbaycan Konqresinin vitse-prezidenti seçilib. Həm bölgəni, həm də orada yaşayan azərbaycanlıları yaxşı tanıyır.
Osetiya və osetinlər
Xəritələrdə, inzibati ərazi bölgülərində iki Osetiya var. Birini Güney, o birini Quzey Osetiya adlandırırlar. Sovet dövründə ərazisi 8 min kvadratkilometr olan Quzey Osetiya Rusiya Federasiyasına bağlı muxtar respublika idi. Ərazisi 3 min 900 kvadratkilometr, əhalisi 50–60 min nəfər olan Güney Osetiya Gürcüstan Respublikasının tərkibində muxtar vilayət idi.
Çar Rusiyası çökdükdən sonra 1918-ci ilin mayın 11-də Quzey Qafqaz Dağlıq Xalqları İttifaqı Respublikası (Millətlər Birliyinə təqdim olunan sənəddə respublikanın adı République de l'Uniom des peoples Montaguards du Caucase kimi yazılıb) yaradıldığı elan edilir. Lakin bu hökumətin ömrü çox qısa olur. Denikin orduları bölgəni işğal edir. Bolşeviklər Denikinçiləri oradan qovub çıxarandan sonra Rusiya Federasiyasının tərkibində 1924-cü il iyulun 7-də Quzey Osetya Muxtar Vilayəti yaradılır.
Sovetlər Birliyi dağılandan sonra, yəni 1991-ci ildə Rusiya Federasiyası bölgəni Quzey Osetya-Alanya Respublikası adlandırır. Gürcüstan Respublikasını da öz təsiri altında saxlamaq üçün Güney Osetiya-Alanya Respublikası yaradır və 2008-ci ildə yaratdığı oyuncaq dövləti tanıdığını da elan etdi. Hər iki respublika qədimliyini göstərmək üçün keçmişdə mövcud olmuş Alanya dövlətinin adına sahiblənib.
Osetinlər özlərini İriston, Diqor və İroni adı ilə tanıtmağa çalışsalar da, mümkün olmur. Sovetlər Birliyində 70 ilə yaxın ateizm hakim ideologiya olsa da, şəriət qaydalarına əməl etməyən, ənənəyə dayanan bir çox insan özünü müsəlman sayır. Buna görə də osetinlərin yarıdan çoxunun müsəlman olduğu yazılır. Quzey Osetiya-Alanyada yaşayan təxminən 25 min inquş, 15 min qumuq, 3,5 min çeçen, 3 min Axısqa türkü, 2,5 min tatar, 2,5 min azərbaycanlı da müsəlman sayılır.
Azərbaycanla Osetiya arasında istər Çar Rusiyası zamanı, istərsə də Sovetlər Birliyi dövründə sıx iqtisadi, mədəni əlaqələr olmuşdur. Osetin dramaturqu, rejissor, pedaqoq Georqi Xuqayevin (1922–2005) “Arvadımın əri” (Naxçıvan Dövlət Musiqili Dram Teatrında bu əsər “Mənim arvadımın əri” adı ilə səhnələşdirilmişdir.), “Elburus evlənir”, “Mənim xalam” komediyaları Azərbaycan teatrlarında tamaşaya qoyulmuşdur.
Vladiqafqazdakı məscidlər və mədrəsə
Murtuza bizi şəhərlə tanışlığa çıxaranda birinci milyonçu Murtuza Muxtarovun tikdirdiyi məscidə apardı. Qazax rayonundan gəlmiş günəmuzd ustalar binada kiçik təmir işləri aparırdılar.
Məscidin tikilməsi ilə bağlı xalq arasında gəzən söhbətlərdən birində deyilir ki, Murtuza Muxtarov Vladiqafqazda olarkən bir rus generalının küçədə namaz qıldığını görür. Generalın yanında yaraşıqlı qız milyonçunun diqqətini çəkir. Generalla tanış olur. Rus generalı Hambi Tuqanovla Murtuza Muxtarovun söhbəti tutur.
Atası ilə milyonçunun söbətində Liza da iştirak edir. Arvadını boşamış Murtuza Muxtarov generalın ortancıl qızı olan Lizaya vurulur. Hambi Tuqanov da bu evliliyə etiraz etmir.
Murtuza Muxtarov Vladiqafqazda gözəl bir məscid tikdirir. Bu onun ilk xeyriyyəçiliyi deyildi. Doğma kəndi Əmircanda tikdirdiyi məsciddən bu gün də dindarlar istifadə edirlər.
1855-ci ildə Bakının Əmircan kəndində arabaçı ailəsində doğulan Murtuza zəhməti, işgüzarlığı və ağılı ilə milyonçuya çevrilmişdir.
Orta təhsili belə olmayan Murtuza Muxtarov fərdi şəkildə oxuması, öyrənməsi sayəsində ixtiraçı mühəndis kimi ad qazanmışdı. 1895-ci ildə metal ştanqlarla zərbə qazma dəzgahını quraşdırdığına görə dövlətdən patent alıb. Çünki bu, dünya neft sənayesində ilk qurğu idi. 1917-ci ildə düzəltdiyi taxtayonan dəzgah Sankt-Peterburq şəhərindəki Dağ Mədən İnstitutunun muzeyində saxlanılır. Onun zavodunda istehsal edilən dəzgah və avadanlıqlar xarici ölkələrə də satılırmış. Abşeronda 1100 metrlik neft quyusunu da ilk dəfə o qazdırmışdır.
19-cu yüzilin sonlarında Murtuza Muxtarov Bibiheybətdə konstruktor bürosu olan neft avadanlıqları zavodu tikdirir. Bu, Rusiyada ilk neft avadanlıqları hazırlayan zavod olur. Murtuza Muxtarovun konstruktor bürosu təkcə Bakıda deyil, Maykop və Qroznuda da neft mədənlərinin sahibləri ilə müqavilə bağlayıb quyu qazdırır, zavodlar qurdurur, mədənlərin bütün texniki işlərini gördürürmüş.
Şəkil 6. Əli Şamil və Murtuza İsgəndər oğlu Murtuza Muxtarovun tikdirdiyi məscidin qarşısında.
Ali və orta ixtisas məktəblərində oxuyan 40 nəfər tələbə üçün təqaüd ayıran Murtuza Muxtarov Bakı Realnı Məktəbinin, Temurxan-Şura Qadın Gimnaziyasının hamisi, Peterburq Müsəlman Xeyriyyə Cəmiyyətinin, Dağılılar Arasında Savadın və Texniki Bilikləri Yayma Cəmiyyətinin fəxri üzvi imiş. Bakıda nəşr edilən “Tərəqqi” qəzeti də onun pulu ilə çıxırmış.
Yüksək memarlıq zövqü olduğuna görə Kislavodskidə, Rusiyanın müxtəlif şəhərlərində, İtaliyanın Florensiya şəhərində, Mərdəkanda (indiki AMEA Dendrologiya İnstitutunun binası) tikdirdiyi binalar indi də göz oxşayır. Onun Bakıda xanımı üçün tikdirdiyi bina məhəbbət əfsanəsinə dönüb.
Venesiyanı gəzərkən orada bir binadan xanımının xoşu gəldiyini görən Murtuza Muxtarov polyak arxitektor İosif Ploşkona Bakıda elə bir bina tikməyi tapşırır. Çox qısa bir zamanda 1911-1912-ci illərdə nəhəng bir saray inşa etdirir. Qotik üslübunda tikilmiş saray sütunları, tağları, buta və gülləri, pəncərə və qapıları, bəzək ornamentləri təkrarolunmaz sənət əsərinə, memarlıq incisinə çevrilir.
Şəkil 7. Vladiqafqazda şiələr məscidindən bir görünüş. Məscidin yanında mədrəsə də varmış.
Murtuza Muxtarov xanımı Lizanın da xeyriyyə işlərinə gen-bol pul xərcləməsinə şərait yaradır. Həsən bəy Zərdabinin xanımı Hənifənin təşəbbüsü ilə 1908-ci ildə yaradılan ilk Azərbaycan Qadın Xeyriyyə Cəmiyyətinin fəxri səfiri Liza Muxtarova olmuşdur. Sahibsiz uşaqlar üçün pansionat açan, onları oxudan bu ailənin sonu faciəli olmuşdur. Bolşeviklər 1920-ci ildə Bakını işğal edəndə onların da evinə zorla daxil olmaq istəmişlər. Murtuza Muxtarov özlərini-sözlərini bilmiyən bolşevik hərbçilərini güllələdikdən sonra özünü də öldürür. Gözəlliyi dillər əzbəri olan Liza xanım ərinin ölümündən sonra səfil həyatı yaşamış və ömrünün son günləri haqqında araşdırıcılar hələ də doğru-düzgün bir bilgi əldə edə bilməmişlər.
Məsciddə tanış olduğumuz qumuq qadın sanki dindar birisi deyil, peşəkar muzey bələdçisi idi. O dedi ki, Vladiqafqazda ilk məscid 1867-ci ildə tatar, noqay və qaraqalpaqların təşəbbüsü ilə tikilib. 1900-cü ildə tikilən bu məscid ikinci olub. “Terk (Türk) Müsəlman İcması”nın təşəbbüsü ilə tatar əsilli memar Sadiq Radimqulov İstanbuldakı “Ayasofiya Məscid”inin bənzəri olan layihə hazırlayıb. Məscid sünni və şiələrin, nəqşibəndilərin və başqa təriqətdən olanların ortaq ibadət məkanı kimi fəaliyyət göstərib.
Şəkil 8. Murtuza Muxtarovun tikdirdiyi məscid.
SSRİ-də dinə qarşı mübarizə adı altında məscidlərin, kilsələrin, sinoqoqların və başqa məbədlərin dağıdılmasına başlayanda Vladiqafqazdakı məscidi də uçurmaq istəyirlər. Deyilənə görə, oradakı hərbi hissənin komandiri, tatar Y.Betkov bu işi əngəlləyir. Onu tarixi memarlıq abidəsi kimi qoruya bilsə də, Nadejda Krupskaya adına uşaq bağçasına çevrilməsinin qarşısını ala bilmir. Sonralar bina baxımsızlıqdan dağılmaq dərəcəsinə gəlir. Sovetlər Birliyi dağıldıqdan sonra məscid yenidən təmir edilir, ibadətə açılır.
İran İslam Respublikasının Viladiqafqazdakı Mədəniyyət Mərkəzinin əməkdaşları buranı İran yönlü şiə məscidinə çevirmək istəsələr də, istəklərinə nail ola bilməyiblər.
Murtuza Muxtarovun tikdirdiyi məscidi ziyarət etdikdən sonra Tərək (xəritələrdə Terek yazılan çaya yerli əhali Tərək deyir – Ə.Ş.) çayının sağ sahilindəki məscid-mədrəsəyə getdik. 20-ci yüzilin başlarında Vladiqafqazı ikiyə bölən Tərək çayının sağ sahilində şiə inanclılar da bir məscid, məscidin yanında da mədrəsə tikdiriblər. Sovet hakimiyyəti illərində məsciddən, mədrəsədən anbar, sex və s. kimi istifadə edilib.
Sovet hakimiyyətinin çöküşündən sonra İran İslam Respublikasından buraya gələnlərin sayı artıb. Onların arasında, hətta səfirlik əməkdaşları da olub. Məscidi də, mədrəsəni də təmir edib işlətməyə çalışıblar. Lakin yerli hakimiyyət orqanları icazə verməyib. Özləri təmir etdirəcəklərini bildiriblər. Yüngül təmir işi aparıb qapısına qıfıl vurdurublar. Dini mərkəz kimi fəaliyyətinə icazə verməyiblər.
Orconikidze “bezparyadka”sı, yoxsa milli hərəkat
Rus dilindəki “bezparyadka” sözünü hərc-mərclik, qarışıqlıq kimi tərcümə edirik. Vladiqafqazda yaşayan osetinlər, inquşlar, qumuqlar da bezparyadok deyəndə 1981-ci ilin oktyabrında baş vermiş hadisəni nəzərdə tuturlar. Necə deyərlər, gündəlik işlədilən söz burada terminə, bir növ tarixi hadisəyə çevrilib.
İosif Stalinin ölümündən sonra Tbilisi, Qori, Novorosiyski, Sumqayıt, Orconikidze və b. şəhərlərdə hökumət əleyhinə nümayişlər olub. Hamısı da hərbi güclə yatırılıb. Hadisələr zamanı nə qədər adam öldüyü, nə qədər adam yaralandığı, neçə nəfərin həbs edildiyi haqqında hələlik dəqiq bilgilər əldə etmək çətindir.
Qazaxıstana elliklə sürgünə göndərilmiş inquşlara 1957-ci ildə vətənə dönmələrinə icazə versələr də, onlar ata-baba yurdlarında, qoyub getdikləri evlərdə tam yerləşə bilmirdilər. İnquşların bəraət almasına baxmayaraq, Stalin dövrünün idarəetmə metodundan ayrılmaq istəməyən rəhbər işçilər hələ də onlara “satqın xalq” kimi baxır, ərizə və şikayətlərinə obyektiv yanaşmırdılar. Bu da inquşlarla osetinlər arasında narazılığa gətirib çıxarırdı. Rəhbər işçilər isə bu narazılıqları görməməzdikdən gəlir, ört-basdır edirdilər. 1981-ci ildə baş verən “bezparyadka”nı ört-basdır etmək mümkün olmadı.
1981-ci il oktyabrın 21-də Nazran rayonunun Plievo kəndində milliyətcə osetin olan taksi sürücüsü Kazbeq Qaqloyevin meyidi tapılır. Şayiə yayılır ki, taksi sürücüsünü inquşlar öldürüb. Qarşıdurma yaranmasın deyə öncədən ciddi tədbirlər görülmür. Hüquq-mühafizə orqanının işçiləri, rəhbər partiya sovet işçiləri, ziyalılar yerlərə təbliğat işi aparmaq üçün göndərilmir.
Nəticədə cənazəni qəbristanlığa aparan 1000 nəfərə yaxın adam Orconikidze şəhərinin mərkəzi meydanına gəlir. Cənazə ətrafına toplanmış adamların mitinqi başlayır. Onlar rəhbər işçilərdən tələb edirlər ki, cinayətkar təcili tapılıb cəzalandırılsın. Partiya-sovet, hüquq mühafizə orqanlarının rəhbərlərinin heç biri meydana toplaşanların qarşısına çıxaraq onların tələblərini dinləmək istəmir.
Murtuza İsgəndər oğlunun da bu hadisələrin şahidi və Sov. İKP Şimali Osetiya Vilayət Komitəsinin birinci katibi Bilar Kabaloyevin qorunmasında iştirak etdiyini bilmirdim. Bir var yazıdan nəyisə oxuyasan, bir də var canlı şahidi dinləyəsən. Ona görə də Murtuza İsgəndər oğlunun danışdıqlarını lentə yazdım.
Murtuza dedi ki, SSRİ Daxili İşlər Nazirliyinin Qırmızı bayraqlı Orconikidze adına Ali Komandirlər Məktəbini yenicə bitirmişdim. Nümunəvi məzunu kimi məni məktəbdə saxlamışdılar. O illərdə Pribaltikanı və Ermənistanı çıxmaq şərtilə SSRİ-nin hər yerində payızda, məhsul yığımında tələbə və şagirdlərdən ucuz işçi kimi istifadə edilirdi. Bizim məktəbin ikinci və üçüncü kurslarında oxuyanları da qrup rəhbərlərinin nəzarəti altında sentyabr-noyabr aylarında kolxoz-sovxozalara köməyə göndərirdilər. Mən birinci kursun rəhbəri olduğuma görə şəhərdə qalmışdım.
İlk baxışda həyat sakitcə öz axarı ilə gedirdi. Məktəbimizin rəhbəri general İvanov da məzuniyyətə çıxmışdı. Hərbi məktəb qapalı olduğundan şəhərdə baş verənlərdən xəbərim yox idi.
Sentyabr ayının 25-də Orconikidze adına Ali Komandirlər Məktəbinin müvəqqəti rəisi, polkovnik Nabatov həyəcan siqnalı ilə zabitləri məktəbin toplantı salonuna çağırdı. Bildirdi ki, şəhərdə vəziyyət gərgindir. “Başıpozuq” dəstələr “Svaboda”5 meydanına toplaşıb. Sov.İKP Quzey Osetiya Vilayət Komitəsini, Nazirlər Sovetinin, Ali Soveti Rəyasət Heyətinin və başqa mühüm dövlət təşkilatlarının binaları təhlükə altındadır. Təcili rəhbərlik etdiyimiz kursların tələbələrini də götürüb həmin binaları qorumağa getməliyik. O zaman nə qalxan vardı, nə də dəyənək. Bizi binaları mühafizə etməyə əliyalın göndərdilər.
Görməli olduğumuz işin dəqiq planı, əlimizdə komandanlığın rəsmi əmri də yox idi. Orada ölənin qanı batacaqdı. Biz meydana giriş yollarını kəsmək üçün “divar”lar qurduq. Qadınlar, uşaqlar üz-gözümüzü cırır, bizi söyür, vurur, daş atırdılar. Özümüzü qorumağa gücümüz yox idi. Ona görə də qurduğumuz “divar”lar izdihamın təzyiqinə tab gətirmədi. Adamlar partiya komitəsinin binasına daxil oldu. Biz yumruq davası ilə özümüzə yol açıb birinci katibi qorumağa çalışdıq. Milis işçiləri də bizimlə birlikdə mitinq içtirakçılarını binadan çıxarmaq istəyirdilər.
Yumruq və təpik zərbələri ilə mitinqçiləri birinci mərtəbəyə kimi endirdik.
Birinci mərtəbənin foyesində mitinq iştirakçılarını itələyib çölə çıxarmaq istəyəndə sol əlimin baş barmağı kiminsə ağzına keçdi. O, var gücü ilə mənim barmağımı gəmirirdi. Gücümü toplayıb sağ əlimlə onun boğazını sıxdım. Boğulacağını, öləcəyini heç düşünmədim. Birtəhər barmağımı onun ağzından çıxara bildim. Qan durmadan axırdı. Məni binadakı tibb otağına apardılar. Orada ilk yardım göstərdikdən sonra təcili xəstəxanaya aparıb barmağıma tikiş qoydular.
Yaramın sağalması üç aya yaxın çəkdi. “Qəhrəmanlığımın” ağrısını bu gün də çəkirəm. Hava soyuq olan kimi həmin barmağım sızıldayır.
Məktəbin rəisi İvanov məzuniyyətdən geri çağırdılar. Zabitlərimizə özlərini qorumaq və zor tətbiq edənlərə cavab vermək üçün tabel silahları verildi, 2-3-cü kursun tələbələri təcili kolxoz-sovxozlardan məktəbə gətirildi. Zirehli maşınlar və pulemyotçular döyüşə hazır vəziyyətə gətirildi. Orconikidzedəki bütün hərbi məktəblərin kursant və zabitləri səfərbərliyə alındı. Hətta Qroznudan və Pyatiqorskdan hərbçilər gətirildi. Sentyabrda 26-da gecə meydan mitinq iştirakçılarından təmizləndi. Kütləvi həbslər başladı. Əsgər və zabitlərimiz bir aya yaxın Orconikidzenin küçələrində növbə çəkdi.
– Mutuza bəy, yazırlar ki, həmin hadisə zamanı kursantlardan birini ikinci mərtəbənin pəncərəsindən atıb öldürüblər. 328 nəfər hərbçi müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onların 226-sı sizin məktəbin kursantı olub. Mitinq iştirakçılarından da 800 nəfərə yaxın saxlanaraq istintaq edilib, – deyə xəbər aldım.
Şəkil 9. Əli Şamil Murtuza İsgəndər oğlu ilə söhbət edərkən.
– Mən həmin vaxt hərbi hospitalda müalicə olunurdum. Lap hadisələrin içərisində olsam da, dəqiq bir rəqəm bilməzdim. Çünki hər şey çox gizli saxlanılırdı. Barmağımın dişlənməsini də təlim zamanı yaralanma kimi qeydə aldılar.
Sonralar eşitdim ki, RSFSR Nazirlər Sovetinin sədri Mixail Solementsev, Daxili İşlər Naziri, general Yuri Çurbanovun rəhbərliyi altında böyük bir istintaq qrupu, SSRİ baş prokurorunun müavini Bazhenovun rəhbərliyi altında əməliyyatçılar qrupu SSRİ Müdafiə Nazirliyinin generalları və başqa rəhbər işçilər Orconikidze hadisələrini tədqiq etməyə göndəriliblər. Hadisələr baş verəndə yerli partiya-sovet, hüquq mühafizə orqanlarının rəhbərləri xalqın qarşısına çıxıb onları dinləsəydi, məsələ bu qədər qəlizləşməyəcəkdi. Gözləmə mövqeyi tutdular. Bu da adamların səbrini daşırdı. Rəhbər işçilərin kabinetlərinə doluşdular. Onların da əlindən gələn bu oldu ki, Moskvaya zəng vurub desinlər: “Xalq üsyan qaldırıb, hakimiyyəti devirir. Təcili tədbir görün”. Tədbir də belə görüldü. Münaqişəyə səbəb olan məsələ kökündən, ciddi şəkildə həll edilmədi. Zor gücünə münaqişə donduruldu.
Həmin hadisədən 35 ildən çox keçib. Sərhədlər elə cızılıb, hər addımda xalqlar arasında münaqişə yaratmaq mümkün olsun. Mərkəzi hakimiyyətdə zəifləmə başlayan kimi Rusiyanın başbilənləri Quzey Qafqazda milli zəmində toqquşmalar törədə biləcəklər. Onları sakitləşdirmək də asan olmayacaq. Osetinlərin çoxu 1981-ci ilin hadisəsini indi milli dirçəliş hərəkatı kimi qələmə verirlər. Amma mən onlarla razı deyiləm, – dedi.