Kitabı oku: «Yol dəftərimdən: Quzey Qafqaz, Ukrayna, Maldova və Güney Koreya», sayfa 4
Vladiqafqazda Xolfman məhəlləsi
Murtuza İsgəndər oğlu bizi maşını ilə Vladiqafqaz şəhərini gəzdirdikcə keçdiyimiz yerlər haqqında bilgi verirdi. Səliqə-səhmanı və memarlıq forması ilə şəhərin başqa məhəllələlərindən fərqlənən bir yerdən keçəndə “Bu məhəllənin adı Xolfmandır”, – dedi.
Xolfman nə yerli xalqların, nə də rus dilinin sözünə oxşadı. Mənə alman sözünü xatırlatdı. Fikrimi Murtuza İsgəndər oğluna dedikdə, gülərək: “Düz tapdın. 1988-ci ildə almanlar Sovet hərbi birləşmələrini çıxarmağa çalışırdılar. Sovet rəhbərliyi isə bu işi yubatmaq üçün bəhanə gətirirdi. Deyirdilər: “Gözləyin, hərbi qışlalar, anbarlar, zabitlərin ailələri üçün yaşayış binaları tikək. Hazırlıq işlərimiz başa çatanda sonra köçürməyə başlayaq”.
Almaniyanın kansleri Helmut Kol onlara inanmırdı. Bunun bir bəhanə olduğunu, rusların vaxtı uzatmaq istədiyini düşünürdü. Ona görə də SSRİ rəhbərliyinə “ərazi ayırsalar, gəlib SSRİ-də hərbi hissələr üçün gərək olan binaları, qurğuları öz xərclərilə tikərlər” təklifini verdilər. Sovet rəhbərliyi də Helmut Kolun təklifi ilə razılaşdı. Görünür, Güney Qafqazdakı respublikaların da SSRİ-dən ayrılmaq əhval-ruhiyyəsinin gücləndiyindən xəbərdar idilər. Ona görə də hərbi hissə üçün yeri Qafqazın quzeyində – Vladiqafqazda ayırdılar. Almanlar da gəlib qısa müddətdə nəinki əsgərlər üçün qışlalar, zabitlərin ailələri üçün yaşayış binaları, texnika və hərbi sursat üçün anbarlar, hətta xəstəxana, məktəb, mədəniyyət evi və s. tikdilər. Beləcə, gözəl, alman səliqəsi ilə salınmış Xolfman məhəlləsi yarandı”.
Vladiqafqazda park qəbristanlıq
Vladiqafqazın hər addımında Rusiya müstəmləkəçiliyinin təsiri hiss olunur. Mərkəzi küçə və meydanlarda çar dövrünün “girdavoy”unun heykəlinə də rast gəlmək olar, Sovet dövrünün öndərlərinin də.
Murtuza İsgəndər oğlu bizi bir parka aparır. Burada çoxlu heykəl var: 2-ci Yekatirina və ona minnətə getmiş osetin böyüklərinin, Quzey Osetiyanın işğalında fəallıq göstərənlərin, İkinci Dünya Savaşı iştirakçılarının, 1990-cı ildən sonra həlak olanların, yazıçı, şair, dramaturq, aktyorların və b. Park-qəbristanlıqda əzəməti ilə seçilən bir heykəl diqqətimi cəlb etdi. Bu bizim “Qanun naminə” filmində Mehman rolunu oynayan Bibo (Bimbolat) Batayevin (1939–2000) heykəli idi. Kinoda yaratdığı 50-yə kimi obrazdan ən çox yadımda qalanlar “Knyaz İqor” filmindəki Konçak, Firdovsinin “Şahnamə” dastanı əsasında çəkilmiş “Rüstəm haqqında hekayə”, “Rüstəm və Söhrab”, “Səyavuş haqqında hekayə” filmlərindəki Rüstəm, “Əbu Reyhan Biruni” filmindəki Mahmud Qəznəvi olmuşdur.
Şəkil 10. 1992-ci ildə Moskvada demokratiya uğrunda mübarizədə qəhrəmanlıqla həlak olmuş 27 yaşlı həmyerlimiz Nizami Mehdiyevin məzarı.
Şair, dramaturq, publisist, rəssam, etnoqraf, içtimai xadim, osetin ədəbiyyatının banisi kimi tanınan Kosta Xetaqurovun (1859–1906) heykəli baxımlı və diqqətçəkici hazırlanıb. Osetinlər onun adının əbədiləşdirilməsi üçün çox işlər görüblər. Mükafat təsis ediblər, heykəllərini qoyublar, küçə və meydanları, mədəniyyət ocaqlarını onun adı ilə adlandırıblar.
2011-ci ilin may ayının 26-da, 71 yaşında bıçaqlanaraq öldürülən şair, filoloq, ictimai xadim Şamil Cıkkaytın heykəl kompleksi də gözəl hazırlanmışdır.
1992-ci ildə Moskvada demokratiya uğrunda mübarizədə qəhrəmanlıqla həlak olmuş 27 yaşlı həmyerlimiz Nizami Mehdiyevin qəbirüstü abidəsinin səliqə-səhmanı onu göstərirdi ki, azərbaycanlılar onu unutmayıblar, buraya tez-tez ziyarətə gəlirlər.
Səliqə-səhmanından və orada olduğumuz zaman gördüklərimizdən bu qənaətə gəldik ki, şəhər sakinləri hər gün buraya gəlir və qonaqlarını da gətirirlər.
Azərbaycanlılar Vladiqafqazda
Murtuza bəydən Vladiqafqazda yaşayan azərbaycanlılar və onların yaratdığı təşkilatın işi ilə maraqlandım. Onun dediyinə görə, azərbaycanlılar 1860-cı illərdən Vladiqafqazda yaşamağa başlayıblar. Güney Azərbaycandan gəlib burada işləyənlərin sayı daha çox olub. Onlar əsasən tikintidə, ticarətdə və xalçaçılıqda çalışıblar. 20-ci yüzilin əvvəllərində azərbaycanlıların sayı daha çox olub. Belə ki, 100 min əhalisi olan Vladiqafqazın 20 faizini azərbaycanlılar təşkil edirmiş.
Bolşeviklər Quzey Qafqazı işğal edəndən sonra azərbaycanlıların sayı azalmağa başlayıb. Bir qismi həbs olunub və ya sürgünə göndərilib. 1938-ci ildə Güney Azərbaycandan gələnlər İrana deportasiya edilib. İndi 10–12 min Azərbaycanlı olsa da, cəmi 3–4 min nəfər rəsmi qeydiyatdadır.
Sovet hakimiyyəti illərində SSRİ-nin hər yerində olduğu kimi burada da milli mənsubiyyətə görə cəmiyyətlər, təşkilatlar yaradılmağa icazə verilmirdi. 1990-cı ildən Vladiqafqazda azərbaycanlıların ilk dərnəyi yaradıldı. Bu işin başında çoxdan burada yaşayan, restoran işlədən Hüseyn Məmməd oğlu Mamiyev dururdu. Onun restoranı çox məşhur idi.
Hüseyn Mamiyevin hökumət adamları ilə də xoş münasibətləri vardı. Onun maddi imkanları da yaxşı idi. Buna görə də o, yaratdığı dərnəyi qeydiyyatdan keçirə bildi.
1992-ci ildə dünyasını dəyişəndə dərnəyə aptek müdiri Andrey Fərəcov rəhbərlik etməyə başladı. Azərbaycan Tibb Universitetini bitirib burada işləməyə başlamış Andrey Fərəcovun əsl adı kiminsə yadında qalmayıb. Burada hamı onu Andrey Andreyeviç deyə çağırırdı. Dərnəyin formalaşmasında şəmkirli, Tibb Universitetini bitirmiş Teymur Yadigar oğlu Musayevin də böyük rolu olub. Mən dərnəyə 1993-cü ildən qoşuldum.
Dərnəyimizin formalaşmasında dinin də rolu böyük oldu. Burada Molla Mehdi deyilən bir el ağsaqqalı vardı. Güney Azərbaycan kökənli idi. Burada yaşayırmış. Bilmirəm nə səbəbdənsə sürgün olunubmuş. Sürgün müddətini başa vurandan sonra yenidən Vladiqafqaza qayıdıb.
Şəkil 11. Tərək çayı üzərindəki körpüdən görünüş.
1992-93-cü illərdə azərbaycanlıların qəbristanlıq üçün yer almasına Mehdi Rəcəbov başçılıq edirdi. Danışıqlarlarda mən də vardım. Danışıqlarımız uğurlu alındı. Dərnəyi biz cəmiyyətə çevirdik. Andrey Fərəcov dünyasını dəyişəndən sonra cəmiyyətə Vaqif Əliyev rəhbərlik etdi. 2010-cu ildə Vaqif Əliyev dünyasını dəyişəndən sonra cəmiyyətə rəhbərlik Şahin Məmmədova keçdi. 2015-ci ildə cəmiyyəti Azərbaycan Konqresinə çevirdik. Şahin Məmmədov prezident, mən də vitse-prezident seçildim. Zakir Məmmədov, Azər İsmayılov, Ələkbər Quliyev və başqaları isə idarə heyətinin üzvləri seçildilər.
Azərbaycan Konqresinin fəaliyyəti çoxşahəlidir. Birincisi, burada yaşayan soydaşlarımızın hüquqlarını qorumağa çalışırıq. İkincisi, Vladiqafqazda yaşayan xalqların dərnəkləri ilə dostluq əlaqələri qururuq. Üçüncüsü, Azərbaycanda baş verənləri diqqətlə izləyir və burada geniş təbliğat aparırıq.
Peşəkar vəkil və tərcüməçi olmasam da, çox vaxt bu işləri də görürəm. Soydaşlarımız rus dilini incəliklərinə qədər bilmədiyindən bəzən müstəntiqlər, hakimlər qərəzli şəkildə onlara ağır cəza verməyə çalışırlar. Bir dəfə yerlimiz olan iki gənc arasında dava olmuşdu. Müstəntiq həmin hadisəni qəsdən adam öldürməyə cəhd kimi sənədləşdirib məhkəməyə vermişdi. Biz işə qarışdıq. Məhkəmədə mən tərcüməçilik edirdim. Hakimə dedim ki, 40 ildən çoxdur mən burada yaşayıram, ali təhsil almışam. Amma rus dilini hələ də istənilən səviyyədə bilmirəm. İki-üç ildir buraya gəlmiş gənclər rus dilinin hüquqi terminlərini necə bilsin. Hakim fikrimlə razılaşdı. Gənclərə icbari iş kəsdi.
Azərbaycanlıların uşaqları üçün bazar günü məktəbi açılmasına nail olmuşuq. Məktəbin müdiri Zaur Məmmədovdur. Çox işgüzar, vətənsevər bir gəncdir. Heyif ki, adamlarımızın çoxu onun əməyini layiqincə qiymətləndirmir. Cəmi 20 şagirdi var. Çoxdan gələn və qarışıq ailələrin bəzilərinin övladları dilimizi bilmir.
Biz yalnız bu günlə yaşamırıq. Keçmişimizə də sahib çıxırıq. İkinci Dünya Savaşında faşizmə qarşı vuruşanlar arasında azərbaycanlılar da çox olub. Savaşda həlak olanların iki qardaşlıq məzarı var. Biri Rassvet kəndindədir, biri də Mazdok rayonunun Visyolı qəsəbəsindədir. Visyolı qəsəbəsindəki abidə 223-cü Azərbaycan Diviziyasının şərəfinə qoyulub.
Onu da deyim ki, islam dininin birləşdirici gücünü heç vaxt unutmamalıyıq. Burada Sergey Xutinayev adlı bir adam olub. Döyüşlər gedəndə yeniyetməymiş. Ölənlərin əksəriyyəti müsəlman olduğunu gördükdə cəsədini yığıb bir yerdə dəfn edib. Onun 9 oğlu bir qızı varmış. Oğullarına azərbaycanlıların qəbirlərini qorumalarını, qəbri üzərində abidə ucaldılmasına çalışmalarını vəsiyyət edib. Oğulu Lazar atasının arzusunu reallaşdıra bilib.
Təşkilatımızın üzvləri hər il əlamətdar günlərdə soydaşlarımızın qəbri üzərinə gedir, onların xatirəsini yad edir, orada səliqə-səhman yaradır.
Burada ən ağır işimiz Azərbaycan-Ermənistan davası haqqında həqiqətləri təbliğ etməkdir. Sadə adamlar bizi başa düşür, haqlı olduğumuzu qəbul edirlər. Lakin rəsmi dairələr, xüsusən, mətbuat bu mövzuda söz açmaqdan çəkinir. Məsələni həmişə görməməzlikdən gəlir.
Konqresimizin üzvü professor Rəşid Quliyev Xetequrov adına Universitetin “Xarici Dillər kafedrası”nın müdiridir. Rusiya Qəhrəmanı adını almış Qafan Nəcəfov da burada yaşayır. Daxili işlər orqanlarında, KQB-də və başqa sahələrdə işləyən soydaşlarımız da çoxdur.
Gömrükdə, sərhədlərdə yaradılan bürokratik əngəllər nəqliyyatın işini pozur, gediş-gəlişi əngəlləyir. Ona görə də Azərbaycanla əlaqələri istədiyimiz səviyyədə qura bilmirik. Sovet hakimiyyəti illərində Azərbaycandan minlərlə ailə yay tətilində Quzey Qafqazın sanatoriya və kurortlarında dincəlməyə gələrdi. Sanatoriya və kurortlara putyovka tapa bilməyənlər ev kirayələyib qalardılar. İndi onları barmaqla saymaq olar.
Gömrükdə problemlər aradan qaldırılsa, buranın dağlarında, meşələrində istirahət evləri açarıq. Yayda da, qışda da Azərbaycandan turistlər gələr. Azərbaycanda son illər qış turizminə maraq artıb. Osetiyanın elə yerləri var, ilin altı ayı qar olur. Oralarda düşərgələr qurub qonaqlar qəbul edə bilərik. Bu işləri görməyə soydaşlarımızın marağı da var, bacarığı da.
Bizim qaldığımız Şahin Məmmədova məxsus kiçik qonaq evinin səliqə-səhmanı, xidmət mədəniyyətinin yüksəkliyi Murtuza İsgəndər oğlunun dediklərini təsdiq edirdi.
Vladiqafqazdan Nalçikə doğru
Murtuza bizi Vladiqafqazda çox saxlamaq, oranın gəzməli və görməli yerlərini göstərmək istəyirdi. Vaxt isə öz işini görürdü. Nalçikdəki “Mayak” sanatoriyasında bizi gözləyirdilər. Murtuza İsgəndər oğlu bizi avtovağzala gətirib Nalçikə gedən bir taksiyə əyləşdirdi.
Sürücü orta yaşlı, idmançı görünüşlü bir kişiydi. Telefonla danışmasaydı, bəlkə, Nalçikədək lal-dinməz gedəcəkdik. Taksidən enəndə pulunu verib ayrılacaqdıq.
Sürücünün telefonu zəng çaldı. O, ana dilində şirin bir söhbət etdi. Qaraçay, malkar, noqay, qumuq dillərində danışsaydı, bilərdim, ancaq mənim başa düşmədiyim bir dildə danışırdı. Diqqət yetirdim ki, osetin dili də deyil. Güman etdim ki, qabardin dilində danışır.
Sürücü söhbətini bitirəndən sonra üzürxahlıqla: “Bağışlayın ki, rus dilində deyil, başa düşmədiyiniz ana dilimdə danışdım”, – dedi.
Mən:
– Ana dilində danışmaq nə vaxtdan ayıb sayılıb? Nədən üzürxahlıq edirsiniz? – dedikdə heyrətini gizlədə bilməyərək: “Sovet dövründə siz də belə deyildinizmi?” – dedi.
– Başqalarını bilmirəm, mən heç vaxt ana dilində danışdığıma görə kimdənsə üzr istəməmişəm! – dedim.
– Haqlısınız. Görünür, sizlərə nisbətən Rusiya əsarətində daha çox qaldığımızdan beləyik. Gürcü tanışlarım da var. Onlar da bir-biri ilə danışanda ana dilində danışırlar. Ətrafdakıların onları başa düşüb-düşmədiyinə heç əhəmiyyət vermirlər. Amma biz qabardalılar (kabardin) belə deyilik. Ana dilimizdə çəkinə-çəkinə danışırıq. Bir yerdə on qabardalı, bir nəfər rus varsa, hamımız rus dilində danışırıq ki, o bir nəfər nə dediyimizi anlasın.
Onun ana dilində danışması sanki yola bir nərdivan oldu. Tanış olduq. Adı Malbax idi. Ad diqqətimi çəkdi. Soruşdum ki, sizin babalarınız malkar deyil ki? Tez və bir az da sərt: “Yox, biz malkar deyilik”, ‒ cavabını verəndə mən gülərək “Sizin adınızdakı Malbaxı mən malkar sözünə oxşatdım”, – dedim. O, malkar (balkar) sözünü izah etməyə başladı. Açıq görünürdü ki, onun izahının elmi əsası yoxdur. Sonra da Malbax sözünün xalis qabarda sözü olduğunu izah etməyə çalışdı. Bu sözü izah edərkən qabarda ləhçəsində və sözün çalarlarını, səs dəyişimini də anlatmağa çalışırdı. Düzünə qalsa, bir şey anlamadığımdan və mənə yorucu gəldiyindən söhbəti dəyişdim. Vladislav Malbaxov haqqında bilgisi olub-olmadığını xəbər aldım. O, bir neçə Vladimir Malbaxov haqqında bilgi verməyə çalışdı. Mən isə onların heç birini tanımırdım.
Xəbər aldı ki, siz hansı Vladislav Malbaxovu tanıyırsınız? Onunla haradan tanışsınız? Mən dedim ki, Vladislav Malbaxovu Azərbaycanda tanıyanların sayı çox azdır. Amma onu tanıyan azərbaycanlılar həmişə hörmətlə yad edirlər. Vladimir Malbaxov, Axısqa türklərindən topçu İsgəndər Aznaurov 1992-93-cü illərdə, ermənilər Rusiya hərbçilərinin köməyi ilə Azərbaycanın Gədəbəy rayonuna hücumlar edəndə, onlar qəhrəmanlıq göstərib. Azərbaycanın könüllü özünümüdafiə dəstələri ilə birlikdə peşəkar hərbçilərə – Rusiya ordusunun əsgər və zabitlərinə, erməni silahlılarına qarşı dirəniş göstəriblər. Gədəbəy torpaqlarının işğalına imkan verməyiblər.
Qabardalı Vladimir Malbaxovun və axısqalı İsgəndər Aznaurovun Azərbaycan könüllüləri ilə birgə vuruşması onu xeyli təəccübləndirdi.
Malbax mənə Vladislav Malbaxovun Kabarda-Balkar Respublikasının hansı şəhərində, qəsəbəsində doğulması, indi harada yaşaması və başqa suallar verdi. Mən ona əlavə bilgi verə bilməsəm də, o, həmyerlisi haqqında xoş söz eşitdiyinə görə qürurlandı.
Söhbətindən aydın oldu ki, hansısa zavodda mühəndisdir. İşi növbəlidir. İki gün işləyir, bir gün istirahət edir. İstirahət günlərində də Nalçik-Vladiqafqaz arasında sərnişin daşımaqla ailəsini dolandırır.
O da Azərbaycan hökumətinin Qarabağda nə vaxt qayda-qanun yaradacağı ilə maraqlananda mən qısaca “Rusiya bölgədən gedəndə” cavabını verdim. Bərkdən gülərək: “Bu cavabınız mənim xoşuma gəldi. Biz də bilirik ki, Azərbaycanla Ermənistanın arasındakı qarşıdurmanın səbəbkarı Rusiyadır. Amma radio-televiziyanın, qəzetlərin apardığı təbliğat adamları çaşdırır”.
Mən qabardalılarla malkarların arasında münasibətlə maraqlandıqda: “Hələlik sakitlikdir. Turistlər üçün əşyalar satan bazar malkarların əlindədir. Sanatoryalar da yavaş-yavaş milli mənsubiyyətə görə formalaşır. Sizin gedəcəyiniz “Maya” sanatoriyası malkarların obyekti kimi tanınır. Şəhərdəki bir çox obyektlər də gözəgörünmədən qabardalılar və malkarlar arasında bölünür. Zavodlar, ciddi obyektlər, strateji vəzifələr isə rusların əlindədir. Əksər idarə və təşkilatların rəhbərləri qabardalı, yaxud malkar olsa da, xüsusi şöbənin müdiri, mühasib, kargüzarlıq idarəsinin müdiri ya ruslardır, ya da yerli xalqlardan olmayan rusdillilərdir”, – dedi.
Bölgədə milli zəmində qarşıdurma olmadığını təqdir etdikdə: “Ruslar buradan gedəsi olsa, görəcəksiniz ki, ara qarışdı. Bu qarışıqlığı yaratmaq onların əlində çətin bir şey deyil. Kifayətdir ki, bir qabardalını öldürələr. Sonra da şayiə yayalar ki, onu malkarlar öldürüb. Ondan sonra görüm toqquşmaların qarşısını kim alacaq. Bölgədə işsizlik artsa da, dolanışıq çətinləşsə də, Muxtar Respublikada qabardalıların və malkarların sayı artıb, ruslar və gəlmə rusdillilərin sayı azalıb”.
Avtovağzala çatanda maşından enib taksinin pulunu vermək istədik. Sürücü etiraz etdi: “Sizi sanatoriyaya kimi aparacam”, – dedi. Bir kağız parçasına da telefon nömrəsini yazıb verdi: “Haraya getmək istəsəniz, bir gün öncə mənə zəng vurun. İstirahət günümə düşsə, gəlib sizi aparıb gəzdirim. Vladiqafqaza gedəndə iki gün əvvəl zəng vurun ki, növbəmi dəyişib sizi aparım”, – dedi.
Sürücü dediyi kimi də etdi. Bizi sanatoriyanın qapısına kimi gətirdi. Orada sağollaşıb ayrıldı.
Müalicə həkimimiz Safulya Batırbiyeva
“Mayak” sanatoriyasına iyulun 31-də günortadan sonra çatdıq. Qeydiyyat şöbəsinə getdik ki, bizə ayrılmış otağın nömrəsini və müalicənin nə vaxt başlanacağını öyrənək. Şöbə müdiri yol çantalarımızı otağına qoyub onunla getməyimizi xahiş etdi. Sanatoriyanın inzibati binası müalicə korpusundan aralıda idi. Bizi sanatoriyanın direktoru Qalina Maqamedovna Mamayevanın otağına gətirdi.
Şəkil 12. Soldan: Safulya Batırbiyeva, Əli Şamil və Əzizə Şamil.
Qarabuğdayı, yaşı əllini keçmiş Qalina Mamayeva bizi gülərüzlə qarşıladı, necə gəldiyimizlə, yolda çox incidilmədiyimizlə maraqlandı. Çay süfrəsi arxasındakı söhbətimiz yarım saata kimi çəkdi.
Sanatoriyanın direktoru Azərbaycanın durumu ilə maraqlandı və televiziyada Bakı haqqında çəkilən sənədli filimlərə baxdığını, şəhərin inkişafına heyran qaldığını söylədi. Bir az da gileyləndi ki, azərbaycanlılar daha əvvəlki kimi Nalçikə, oradakı sanatoriyalara gəlmirlər. Bizə ayrılmış otağın nömrəsini dedi və qeydiyyat şöbəsinin müdirinə tapşırdı ki, bizə ümumi yeməkxanada deyil, həkim-dietoloqun otağını səliqəyə salıb orada süfrə açsınlar. Müalicə həkimimizin Safulya Batırbiyeva olacağını bildirdi, onun haqqında xoş sözlər söylədi. Azərbaycanlıların Nalçik və Quzey Qafqazdakı sanatoriyalara az gəlmələri məsələsinə mən də fikrimi bildirdim. Dedim ki, sovet dövrüdə adətən Sov. İKP MK sərəncamında olan sanatoriyalara istirahətə gedirdik. Onlar həmkarlar təşkilatının, ayrı-ayrı idarə və təşkilatların sanatoriyalarından səliqə-səhmanına, yeməyin keyfiyyətinə, xidmət mədəniyyətinin yüksəkliyinə görə seçilirdi. 1992-ci ildə Türkiyəyə gedəndən sonra oradakı hotelləri, yeməkxanaları, xidmət mədəniyyətini, insanların davranışını görəndən sonra bir daha Sovet sanatoriyalarına getməməyi qərara aldım.
Qalina Mamayeva da mənim dediklərimi təsdiqlədi. Dedi ki, mən də dəfələrlə Türkiyədə olmuşam. Oradakı xidmət mədəniyyəti ilə bizimkiləri müqayisə etməyə dəyməz. İndi deyirik ki, vəsait olmadığından binamızı təmir etdirə, yeni avadanlıqlar, tibbi cihazlar ala bilmirik. İnanın ki, vəsait ayrılsa, təmir işlərini yüksək səviyyədə aparsaq da, bizim sanatoriyalara gələnlərin sayı Sovet dövründəki kimi olmayacaq. Pulla qısa müddətdə tikinti, təmir işlərini görmək, avadanlıq almaq olar, amma insanların davranışını dəyişmək olmaz. Bizdə xidmət sektorunun bütün sahələrində işləyən adamlarda bir kobudluq var. Hamısı elə bilir müştəri ona borcludur, muştəri ondan asılıdır. Müştəriyə evinə gələn qonaq kimi yanaşmaq psixologiyası bizlərdə hələ formalaşmayıb.
Bunları yaxşı bilsəm də, çalışıram ki, işimizdə dəyişiklik edəm. Sanatoriyaya müştərilər cəlb edəm. Xarici ölkələrdən gələnlərin sayı nə qədər çox olsa, bizim güzəranımız o qədər yaxşı olar. Xaricdən gələnlər həm putyovkanın tam qiymətini ödəyirlər, həm də büdcəmizə valyuta gətirirlər. Gözəl təbiətimiz, mineral sularımız, tarixi və təbiət abidələrimiz var. Yaxşı bilirəm ki, sərhəddə və yollarda qanqaraldıcı problemlər yaradılmasa, xidmət sahəsinin bütün sahələri normal işləsə, Azərbaycandan və Türkiyədən gələn turistlərin hesabına biz burada ağa kimi dolanarıq, respublikanın büdcəsinə də böyük qatqımız olar.
Qalina Mamayeva ilə fikirlərimizin üst-üstə düşməsi məndə xoş bir əhval-ruhiyyə yaratdı. Otağımıza gəlib iki-üç saat istirahət etdik, yol yorğunluğumuzu çıxardıq. Axşamüstü sanatoriyanın ətrafını gəzdik, şəhərin xəritəsini aldıq.
Səhər yeməyindən sonra tibb bacısı bizi müalicə həkimimizlə tanış etməyə apardı. Daxil olduğumuz otaq dar və uzunsov idi. İçəri girəndə salam verdik. Pəncərənin qarşısındakı stolun arxasında əyləşmiş, yaşı yetmişi haqlamış, balacaboy, dolubədənli qadın elə bil ki, gəlişimizi hiss etmədi. Qapıya yaxın orta yaşlı qadın isə ayağa duraraq gülər üzlə salamımızı aldı. Mehribanlıqla oturmağımız üçün yer göstərdi. Sanatoriyanın direktorunun dediyindən hiss etdim ki, buSafulya Batırbiyevadır.
Şəkil 13. Əli Şamil Sanatoriya şəhərciyindəki süni gölün sahilində.
Mən onunla Azərbaycan və Türkiyə türkcəsinin qarışığında danışırdım. O da mənə Malkar və Türkiyə türkcəsinin qarışığı olan bir ləhcədə cavab verirdi. Bizi çoxdan tanıyırmış kimi səmimi danışır, gülür, hərdən də xanımımı əzizləyirdi. Bizim sənədləri hazırlayıb, müalicə qrafiki haqqında bilgi verəndən sonra sənədlər aparıb kardioloq Rimma Xazrailovna Aripşevanın qarşısına qoydu. O, bizi görməməzlikdən gəldiyi kimi, sənədlərimizə də baxmadı.
Safulya Batırbiyeva ona rus dilində:
– Sənədlərə baxın, yazın, vaxt itirməyib müalicəyə başlasınlar, – deyəndə dodaqaltı mızıldandı: – İndi vaxtım yoxdur, qalsın, sonra baxaram.
Safulya Batırbiyeva əhvalını pozmadan bizimlə dəhlizə çıxdı. Tibb bacısını çağırıb tapşırdı ki, bizi mualicə kursları olan otaqlara aparsın.
Aradan yarım saat keçməmişdi ki, yanımıza gəldi. Üzürxahlıq edərək:
– Siz ona fikir verməyin. Rus qafalı qabardindir. Rusdan da çox rus şovinistidir. Mən bir adamla ana dilimdə danışanda, elə bil, başına bir qazan qaynar su tökürlər. Xasiyyətini bildiyimə görə, xəstələrin yanında bir söz deməsəm də, təklikdə, iclaslarda dərsini verirəm. Yenə də xasiyyətini tərgitmir. Sanatoriyanın direktoru onu işdən uzaqlaşdıra bilmir. Əlli ilə yaxındır, həm burada işləyir, həm də qonşuluqdakı KQB-nin sanatoriyasında. Təqaüd yaşı çatandan sonra sanatoriyanın direktoru onun əmrini verib işdən çıxardı. Ağlınıza gəlməyən yerlərdən, Moskvadan, yüksək vəzifəlilərdən zənglər gəldi. Məcbur qalıb yenidən işə qaytardılar.
Safulya Batırbiyeva bizimlə doğmaları kimi davranırdı. Dərdini-sərini də deyirdi. Öyrəndik ki, 4–5 il olar ki, ərini itirib. Ərdə olan qızı Vladiqafqazda münasib iş tapa bilmədiyindən ailəliklə İstanbula köçüb. Dolanışıqları yaxşıdır. Safulya Batırbiyeva də ildə bir-iki dəfə nəvələrini görməyə İstanbula gedir. Üç nəvəsi var. Dənizçi olan oğlu isə hələ evlənməyib.
O, axşamlar sanayoriya şəhərciyinin göl kənarındakı parkında bizimlə gəzməyə, çay süfrəsi arxasında, ya da restoranda yemək yeyərkən söhbət etməyə həvəskar idi. Həmişə də söhbəti hərləyib ona gətirirdi ki, əvvəllər yayda bu park Azərbaycandan istirahətə gələnlərlə dolu olardı. Onda biz də qürurlanardıq. Çünki hər yerdə başa düşdüyümüz dildə danışanları görərdik.
O, Bakıya gəlməyə çox can atırdı. Qonaq dəvət etdik. Söz verdi ki, vaxt tapan kimi gələcək.