Kitabı oku: «Qoca Azaflıyam», sayfa 4
Yazı tipi:
OZUMUZ
Çərxi-zəmanəni görmə günahkar,
Yıxılan özümüz, yıxan özümüz.
Fələk çarmıxının məngənəsində,
Sıxılan özümüz, sıxan özümüz.
Ağladan qardaşım, gülən qardaşım,
Dağlayan qardaşım, bölən qardaşım,
Öldürən qardaşım, ölən qardaşım,
Yaxılan özümüz, yaxan özümüz.
Çoxu ədalətin düşdü dalınca,
Döyüldü, əzildi, nəşi qalınca.
Ürəyi nizəyə, başı qılınca,
Taxılan özümüz, taxan özümüz.
Haqqa xain çıxar pirnən oynayan,
Əlləri qızılnan, zərnən oynayan.
Qanun deyə-deyə şərnən oynayan,
Baxılan özümüz, baxan özümüz.
Azaflı, haqq düşdü yüz min cəzaya,
Allah, Allah deyib baxdı fəzaya,
Min oda, ocağa, qəhri-qəzaya,
Çaxılan özümüz, çaxan özümüz.
GOZƏLİM
Qönçə dəhan, getmə dayan, bir aman,
Yarı anmaz, yada salmaz gözəlim.
Ürək viran, hal pərişan, mehriban,
Dərd anlamaz, könül almaz, gözəlim.
Sənsən maral, gəl canım al, ay maral,
Bir yada sal, yanımda qal, olum lal!
Ağ üzdə xal, dodaqda bal, gülcamal,
Eyləmə naz, gedər qalmaz, gözəlim.
Ay sərvinaz, söhbəti saz, xoş avaz,
Qalxsın avaz, söz dayanmaz, deyim yaz.
Azaflı saz, söyləyər az, eylə naz,
Vurma almaz, dözmək olmaz, gözəlim.
LƏNƏT
Bir insanın qəlbi insan olmasa,
Yüz olar sifəti, ay ona lənət.
Çəkməyə dost, qohum, el, vətən dərdi,
Olmaya qeyrəti, ay ona lənət.
Qədrini bilməyə ana, atanın,
İlan balasına insan satanın.
Adəti ev yıxıb, ara qatanın,
Zülm ola niyyəti, ay ona lənət.
Eybi ola-ola özgədən deyən,
Dala qala-qala özünü öyən,
Pulu dura-dura ətini yeyən,
Ala el töhməti, ay ona lənət.
Kim ki çətin gündə ata yarını,
Günahsız bəlaya qata yarını.
Min dilli lotuya sata yarını,
Dönə məhəbbəti, ay ona lənət.
Azaflı, mərd olar mərdlərin qəsdi,
Xalqa ziyan vuran alçaq, nakəsdi.
Kim ki şər əməlli, iblis nəfəsdi,
Bəşər xəyanəti, ay ona lənət.
GÜNAHSIZ
Vəzifən olanda, ey insan oğlu,
Gücün çatdığını döymə günahsız.
Bir yaxşı yaxşıdır min yamanlıqdan,
Vicdanlı qəlbinə dəymə günahsız.
Elini, yurdunu bedasıl çapar,
İxtiyar çox getməz, əlindən qopar.
Gün olar, vaxt gələr haqq yerin tapar,
Haqqa yalan deyib öymə günahsız.
Çıxma insanlığın düz niyyətindən,
Qazan sərvətini el hörmətindən.
Naxələf övladın qəbahətindən,
Aqil atalara söymə günahsız.
Azaflı, bay olmaz heç vaxt zülümkar,
Tarimar eyləyən olar tarimar.
Təbiət şahiddi, səni görən var.
Heç kimin işini əymə günahsız.
KÜSƏR
Sənətində kamil olmayan aşıq,
Şairdən, şeirdən, dastandan küsər.
Canının qədrini bilməyən insan,
Həkimdən, cərrahdan, dərmandan küsər.
Adam var azdırar aşıb-daşanda,
Bəxti səadətlə qucaqlaşanda.
Adam var günahı həddən aşanda,
Allahdan, bəndədən, Qurandan küsər.
Deyirlər ki, dost da, düşmən də puldur,
Onun dərgahında cəmiyyət quldur.
Başkəsən, cibkəsən, oğruynan quldur,
Haqdan, ədalətdən, divandan küsər.
Həyatın nəbzini bilməyən şair,
Dərdini həmdəmlə bölməyən şair,
Dövranla danışıb-gülməyən şair,
Tarixdən, gərdişdən, zamandan küsər.
Saf vicdan inildər mərd döyüləndə,
Qardaş da yad olar iş əyiləndə.
Azaflıya haqsız söz deyiləndə,
Bir əsil insandan, qanandan küsər.
OLMAZ
Elə yaşayasan yaşayanda da,
Ac, gic yaşamağın ləzzəti olmaz.
Namərd kababından mərdin hörrəsi,
Qaxılmaz başına, töhməti olmaz.
Dünya bir olsa da, insan bir olmur,
Zamanın oduna yanan bir olmur.
Qanmayan bir olmur, qanan bir olmur,
Qanan ol, qanmazın hörməti olmaz.
Azaflı, zay oldu şir cavanlığın,
Vədəsiz itirdin pir cavanlığın.
Əziz can sağlığın, bir cavanlığın,
Bir də insanlığın qiyməti olmaz.
OLA
Dünyaya gələndən gedənə kimi,
Nə ola, dərdini qananın ola.
Ömrün yollarında şadlığı, qəmi,
Nə ola, hər zaman ananın ola.
Çox çətindi ağıl, huş ağrıyanda,
Yandırar üzünü yaş ağrıyanda.
Ürək ağrıyanda, baş ağrıyanda,
Nə ola, oduna yananın ola.
Yarın əsil olsa, ülfət bilərdi,
Namusu, vicdanı qeyrət bilərdi.
Azaflı hər günü cənnət bilərdi,
Nə ola can deyən cananın ola.
ZARAFAT
Lətifə yaxşıdır məzələnməyə,
Güldürər insanı, olar zarafat.
Yüzillik dostluğu bir an içində,
Heç eylər, odlara qalar zarafat.
Qaraqabaq, kinli, kifirli gəzən,
Sadə, mehriban ol, ay ürək üzən.
Düz söz zarafatda deyilir bəzən,
Çox qəlbi əllərə alar zarafat.
Zarafat qan əlli iti bıçaqdı,
Haramdı, fitnədi, şərdi, alçaqdı.
Aşma sərhəddini keçdiyin vaxtı,
Çoxları qanına bular zarafat.
Zarafat düşməndi yaxşı insana,
Azdıranda deynən, lənət şeytana.
İki dostun arasına bir ana,
Zəhər tuluğunu calar zarafat.
Zarafat şadlıqdı, həmi pisikmək,
Azaflı istəməz hörməti kəsmək.
Əzəli şirindi, ortası küsmək,
Axırında dava salar zarafat.
NƏDİ
Adam var ki, ucaldı da qanmadı,
Əla nədi, yaxşı nədi, pis nədi.
Adam var ki, qocaldı da qanmadı,
Papaq nədi, kefqa nədi, fəs nədi.
Hamı gəlir bu dünyadan köçməyə,
Kimi badə, kimi al qan içməyə.
Sərraf gərək zəri zərdən seçməyə,
Qızıl nədi, gümüş nədi, mis nədi.
Ay Azaflı, adam sayar adamı,
Adam var ki, heç nə bildi fədamı.
Adam var ki, nə dad qanır, nə tamı,
Alma nədi, soğan nədi, ris3 nədi.
SƏN DEDİN OLMAZ
Sevgilim, atəşin odlara məni,
Mən dedim salacaq, sən dedin salmaz.
Məhəbbət dünyada müqəddəs kimi,
Mən dedim qalacaq, sən dedin qalmaz.
Eşqinə bağladım din-imanımı,
Həqiqət quluyam, tökmə qanımı.
Sehrkar gözlərin axır canımı,
Mən dedim alacaq, sən dedin almaz.
Azaflı, nə imiş saç ağarmağı,
Keçdimi ömrünə tale qarmağı?
Ömrün boran çağı, qocalıq çağı,
Mən dedim olacaq, sən dedin olmaz.
ÇƏKİR
Dünyanın işinə lap mat qalmışam,
Hərə bildiyi tək bir yana çəkir.
Qanunu, dövranı dəyişir insan,
Gah yaxşıya, gah da yamana çəkir.
Bəşərin doğrudan yalanı boldur,
Gəzdiyi sağdırsa, ürəyi soldur.
Zaman karvanının çəkəni puldur,
Bilmirsən cilovu hayana çəkir.
Kimi kef içində, kimi qəhərdə,
Kimi bal içində, kimi zəhərdə.
Həqiqət sözünü dediyi yerdə,
Cəhalət tətiyi dabana çəkir.
Qaradan qaradı baxtı gərdişin,
Yaşı yaş üstündən axdı gərdişin.
Gör necə qurulub taxdı gərdişin,
Tarix də xeyrini ziyana çəkir.
İnsandı həyatım, eşqim, qüdrətim,
İnsandı varlığım, saf məhəbbətim.
Azaflıyam, sazım, sözüm, sənətim,
İnsandan başlayıb, insana çəkir.
BAĞIŞLANARMI
Söylə, ey dünyamın könül dünyası,
Dostluğa xəyanət bağışlanarmı?
Həyatın mənası, ömrün mənası,
Sevgidə cinayət bağışlanarmı?
Söylə, ey əhdini, peymanı danan,
Şöhrət qucağında can verən canan.
Əğyarın, nadanın oduna yanan,
Məhv olan sədaqət bağışlanarmı?
Söylə, ey eşqimin sevda mələyi,
Oldun Azaflının qansız fələyi.
Gözlərimdə qoydun arzu, diləyi,
Satılmış məhəbbət bağışlanarmı?
OLSA YAXŞIDI
Bu dünyada gözəlliklər içində,
Ağılın, kamalın olsa yaxşıdı.
Zülm ilə ucalmaq uçmaq deməkdi,
Bəxt ilə iqbalın olsa yaxşıdı.
Namərd xain olar, mərd düz çörəkli,
Uçanda dözəmmir qızıl dirəkli.
Varlı xəsis olar, kasıb ürəkli,
Bir az pulun, malın olsa yaxşıdı.
Mən istərəm ömür gözəl, gün gözəl,
Həyat gözəl, dövran gözəl, şən gözəl,
Nə çirkin olasan, nə də ən gözəl,
Babətcə camalın olsa yaxşıdı.
Azaflı dil açdı söz baharından,
Döyüşdü fələyin zülümkarından.
Dünya şöhrətindən, dünya varından,
Sağlam canın, halın olsa yaxşıdı.
QİSMƏT OLMADI
Dəryalar yaratdı əsirlər yaşı,
Yanana yananı qismət olmadı.
Aşiqə məşuqu, yaxşıya yaxşı,
Yamana yamanı qismət olmadı.
Sevda çəmənindən çiçək dərdilər,
Sevgi pərisinə çələng hördülər.
Nə fayda, axırda hicran gördülər,
Canana cananı qismət olmadı.
Harda gül bitərsə, hazırdı xarı,
Aranın barıdı dağların qarı.
Loğmana dərmanı, xəsisə varı,
Anana ananı qismət olmadı.
Azaflı da oldu haqqın əsiri,
Yandı neçə şair, neçə nasiri.
Şaha taxtı-tacı, qula həsiri,
Qanana qananı qismət olmadı.
OLANDA
Allah pis adama lənət eyləsin,
Dava salar ala çatı olanda.
Yüz dəliyə iki alim neyləsin,
Vurhavurdu ağıl qatı olanda.
Sarsağın başından xata xal olmaz,
Şəkər tökməyinən zəhər bal olmaz.
Hər salavey atan Rüstəm Zal olmaz,
İgid olar əsil-zatı olanda.
Ay Azaflı, acın oğlu ac olar,
İnsan bəxtnən, arxa, varnan ucalar.
Saqqalın ağardar, vaxtsız qocalar,
Kişinin arvadı fatı olanda.
ƏZİZİM
Vaxt dolanıb yüz il, min il keçsə də,
Qisas qiyamətə qalmaz, əzizim.
Kimsəyə toxunub evyıxan olma,
Dəyməsən ilan da çalmaz, əzizim.
Gözdən yaş çıxarmı ürək dolmasa,
Bahar köç eyləməz çiçək solmasa.
Yaxşı qohum, qardaş, dostun olmasa,
Özgə səni yada salmaz, əzizim.
Adam deyil, yoxsa onda yaralar,
Ömrün yollarını çəkib qaralar.
Aşiqi, məşuqi ölüm aralar,
Əsil məhəbbəti solmaz, əzizim.
Azaflı, dərdinə dərmanın ola,
Toylar məclisində dövranın ola.
Öz elin, vətənin, öz qanın ola,
Yaddan sənə böyük olmaz, əzizim.
OLMAZ
Gülün gül ətri var, çiçəyin çiçək,
Qanqalı gül təki qoxlamaq olmaz.
Satmaz ilqarını vəfalı mələk,
Günahdı, sevgini oxlamaq olmaz.
Ovçu var, əməlnən tutar pələngi,
Bir damla zəhərlə yıxar nəhəngi.
Bilinər yerin də, göyün də təngi,
Amma ürək var ki, yoxlamaq olmaz.
Azaflı, yaranmaz heç nə səbəbsiz,
Əsilli aylədən çıxmaz ədəbsiz.
Heç nəyi sahibsiz, vaxtı tələbsiz,
Ürəyi ürəksiz saxlamaq olmaz.
DÜŞÜB
Təbiət insana qismət verəndə,
Şairə el dərdi, ağlamaq düşüb.
Alimə yaratmaq, zalıma yıxmaq,
Məşuqə aşiqi dağlamaq düşüb.
Taleyi yazanda sahib-ixtiyar,
Qanmaza bəxt verir, qanana qəmxar.
Namərdə xəyanət, mərdə qeyrət, ar,
Həkimə də yara bağlamaq düşüb.
Vuruşar xeyir-şər, kədərlə fərəh,
Birisi ah çəkər, birisi qəh-qəh.
Qurda parçalamaq, bülbülə cəh-cəh,
Çaqqala, tülküyə ulamaq düşüb.
Azaflı, varlığı eyləyən vəhdət,
Şahlara taxtı-tac, qullara zəhmət.
Kimiyə şərafət, kimiyə nifrət,
Kimiyə haqq üçün çağlamaq düşüb.
GÖRMÜŞƏM
Çox da bel bağlama çərxi-dövrana,
Şahları, xanları atan görmüşəm.
İnanma verdiyi əmrə, fərmana,
Adili zalıma satan görmüşəm.
Qanunlar zamana qibləgah oldu,
Başların üstündə Seyfullah oldu.
Kim ki taxta çıxdı, o, Allah oldu,
Aləmi odlara çatan görmüşəm.
Zalım hakim olsa bəşəriyyətə,
Zindanlar qurdurar haqq-ədalətə.
Dahilər qərq olar, şərə, möhnətə,
Fitnə dəryasında batan görmüşəm.
Deyilən haqdandı, tutulan nahaq,
Yalan çox, doğru yox, həqiqət naçaq.
İş başında oldu gəda, qurumsaq,
Şeytan qucağında yatan görmüşəm.
Azaflı, əzəldən qaradır donun,
Sonu gethagetdi hər qonhaqonun.
Bir faşist əliylə əlli milyonun,
Külünü torpağa qatan görmüşəm.
OLMASAYDI
Dünyada yaşamaq dərdsiz olardı,
Mərifətsiz, axmaq, gic olmasaydı.
Heç kim bir-birindən inciyib küsməz,
Namərd, ara qatan, bic olmasaydı.
Gözlərin görsə də, əyri hər yanı,
İtirmə ilqarı, atma həyanı.
Qurd kimi didərdi insan insanı,
Dövlət, qanun, qılınc, güc olmasaydı.
Azaflı, çəkdiyin qanan sözüdü,
Qəlbini yandıran nadan sözüdü.
Böyük ali məktəb həyat özüdü,
Yaxşıdı, imtahan gec olmasaydı.
DALINCA
Dedim könül, insan axtar, el axtar,
Quyruq olma qan-qadanın dalınca.
Mürvət axtar, vicdan axtar, dil axtar,
Tərif demə şər ədanın dalınca.
Aşıq dərdi qiyamətdən qiyamət,
Taleyindən müdəm eylər şikayət.
Qorxub dedim zülümkara ədalət,
Əsir oldu can cidanın dalınca.
Can verərəm sədaqətdən ötəri,
Pak, ləkəsiz məhəbbətdən ötəri.
Ay Azaflı, şan-şöhrətdən ötəri,
Gəl sürünmə hər gədanın dalınca.
YAXŞIDI
Pis adamın nə üzünü, adını,
Tanımaqdan tanımasan yaxşıdı.
Zalımı, alçağı, bici, namərdi,
Yanımaqdan yanımasan yaxşıdı.
Rəhbər olub öz xalqını döyəni,
Bir gün olar qanla dolar ləyəni.
Yaxşıya pis, pisə yaxşı deyəni,
Sınamaqdan sınamasan yaxşıdı.
Azaflı da dünya görmüş danəndə,
Vulkan dağı göl-göl olar sönəndə.
Doğruların işi tərsə dönəndə,
Qınamaqdan qınamasan yaxşıdı.
ÖTRÜ
Sevgilim, gözəlsən Günəşdən, Aydan,
Ulduzlar zəvvardı elindən ötrü.
Cənnət misallılar tökülüb göydən,
Tamaşana gəlir telindən ötrü.
Gözəllər mürşüdü, el yaraşığı,
Məhəbbət dünyası, eşqin işığı.
Şaha baş əyməyən haqqın aşığı,
Əsir-yesir olub dilindən ötrü.
Azaflıyam, yarım, qəlbində olam,
Sevdana sultanam, sevdana qulam.
Eşqimin qibləsi olarmı qalam,
Dolanam başına belindən ötrü.
O MƏNƏM
Elimə, yurduma elə bağlıyam,
Harda bir bənizi solsa, o mənəm.
Atası atamdı, anası anam,
Harda bir yetimi qalsa, o mənəm.
Həyatı həyatım, öz aləmimdi,
Şənliyi şənliyim, qəmi qəmimdi.
Toyları, şanları sevinc dəmimdi,
Harda bir aşığı çalsa, o mənəm.
Hər daşı, torpağı, zər taxtı tacım,
Şirini şirinim, acısı acım.
Qardaşı qardaşım, bacısı bacım,
Harda bir gözləri dolsa, o mənəm.
Düşmüşəm böhtana, felə yanmışam,
Haqq deyin ağlayan dilə yanmışam.
Mən elin qəmində elə yanmışam,
Harda bir başını yolsa, o mənəm.
Azaflı, vətənin kanı kanımdı,
Gözləri gözlərim, canı canımdı.
Güləni gülənim, qanı qanımdı,
Harda bir ağlayan olsa, o mənəm.
KİŞİ OL
Alçaq olma bu beşgünlük dünyada,
Nəsimi tək soyulsan da kişi ol.
Babək kimi doğrasalar ətini,
Öz qanınla yuyulsan da kişi ol.
Qürrələnmə vəzifəyə, yoldaşa,
İlişəndə başın dəyər min daşa.
İnsanlığı satma pula, daş-qaşa,
Haqq yolunda oyulsan da kişi ol.
Ay Azaflı, kimlər sevər namərdi,
Qurd oğlu qurd, mərd oğlu mərd, nər nərdi.
Çəkirsənsə vətən dərdi, el dərdi.
Buz məzara qoyulsan da kişi ol.
ƏDALƏT
Dünyanın taleyi, səmimiyyəti,
Məsləki, vicdanı, canı ədalət.
Təbiətin hissi, haqqın niyyəti,
Həyatın şöhrəti, şanı ədalət.
Olanda sevinər aləmin üzü,
Olmasa yandırar zalımın közü.
Səxavət qəlbidi, mərhəmət gözü,
Hər dərdin dərmanı, qanı ədalət.
Onda həqiqət var, onda qeyrət var,
Onda kəramət var, onda mürvət var,
Onda ülviyyət var, onda hörmət var,
Dahilər məkanı, kanı ədalət.
Sülh olar, düz olar çıxanda taxta,
Səadət istəyər ürəyi haxda,
Zamana, məkana, gələcək vaxta,
Arzular naz-nemət, nanı ədalət.
Azaflı, şəfadı ülfəti onun,
Bəşərə səfadı zəhməti onun,
Cahanı şən istər qüdrəti onun,
Kainatın nuru, danı ədalət.
İNANMA
Könül dostum, vəfasızlar andına,
Şirin-şirin dillərinə inanma.
Yüz aşnalı, yüz bir dilli gözəlin,
Yüz əl tutan əllərinə inanma.
Əsil tapıb məhəbbətlə həyat qur,
Hiyləgərdən, fitnəkardan kənar dur.
Əməli şər, qəlbi murdar, üzü nur,
Yağlı, ballı fellərinə inanma.
Aləm istər ömürü xoş, günü xoş,
Nə lovğalan, nə acıqlan, nə də coş.
Min bəzəkli, zər düzəkli, içi boş,
Üzü par-par ləllərinə inanma.
Uğur haqqın, həqiqətin uğrudu,
Ürək var ki, ürəklərə oğrudu.
Elə bilmə doğru deyən doğrudu,
Gop danışan yellərinə inanma.
Azaflı da nələr gördü, nə çəkdi,
Sinəsində vəfa adlı gül əkdi.
Min çiçəyin bəlkə biri çiçəkdi,
Şahmar dolub güllərinə inanma.
GÖZLƏMƏ
Adam var min felə, min dona girər,
Ondan ilqar, iman, mürvət gözləmə.
Yüz min ev dağıdar, yüz min göz tökər,
Şeytandan insana ülfət gözləmə.
Çoxları saydı ki, o, Dağ Yunusdu,
Axırda qızıldan teştinə qusdu.
Var-dövlət də dostdu, aşna da dostdu,
Hər dostdan sədaqət, qeyrət gözləmə.
Abad da, veran da qu dünyadadı,
Varlıq da, həyat da su dünyadadı.
Cənnətlə cəhənnəm bu dünyadadı,
Məzarın içində cənnət gözləmə.
Cavanlıq eşqinə səsləyər səni,
Kefin saz olanda istəyər səni,
Tənəzzülə düşsən pisləyər səni,
Vəfasız gözəldən ismət gözləmə.
Həyatda gah sevinc, gah da dərd olar,
Bir gün aciz olan, bir gün qurd olar.
Azaflı, mərd oğlu yenə mərd olar,
Heç kimdən hər vaxtı hörmət gözləmə.
QORXURAM
Namərd vurdu, fələk yıxdı, qorxmadım,
Şər-şeytandan, ziddiyətdən qorxuram.
Haqq yanında haqq günahkar olmadım,
El içində bir töhmətdən qorxuram.
Dünyada hər insan edər cinayət,
Hakimləri pozar yalan şikayət,
Vicdan, həya, ismət, namus, ar, qeyrət,
Pozulanda, bu millətdən qorxuram.
Ədaləti ömür-ömür izlərəm,
Həqiqəti ürəyimdə gizlərəm,
Düşmənimdən ayıq olar, gözlərəm,
Dost əliylə xəyanətdən qorxuram.
Qardaş gördüm qardaşını uçurdu,
Dostlar gördüm öz dostuna od vurdu.
Adam gördüm el malıyla qudurdu,
Xain, alçaq, pul, sərvətdən qorxuram.
Altmışında anlamayan nə qanar,
Tövbə toxdan, üz-göz yoxdan yaranar.
Ay Azaflı, qırğını var, qəhri var,
Boy… davadan, müsibətdən qorxuram.
BİLMƏZSƏN
Acda aman, toxda iman az olar,
Ac olmasan, ac olanı bilməzsən.
Qismət ola, bəxt gətirə, gələ var,
Ucalmasan, ucalanı bilməzsən.
Nazir ağlar vəzifədən enəndə,
Güc saxlamaz təkər dala dönəndə.
Qalxıb, qalxıb, birdən taxtı çönəndə,
Alçalmasan, alçalanı bilməzsən.
Arif, aqil Azaflını danlamaz,
Sağlam adam xəstə dərdin anlamaz.
Yüz and içəm, nadan cavan yanlamaz,
Qocalmasan, qocalanı bilməzsən.
SƏNİ
Çalış dərdi-qəmdən uzaq olasan,
Yaxınlaşdın, qəhri bulacaq səni.
Laf eyləmə pisə, gələr başına,
Lağ etsən felinə salacaq səni.
Çatanda baxtına böyüklük əli,
Dağıtma obanı, incitmə eli.
Zalımın zinası, şeytanın feli,
Hər gündə davaya qatacaq səni.
Gözəl alsan, ara əsil-zatını,
Qanlarnan sulama gənc həyatını.
Özünə dost tutma ala çatını,
Sağ ola, manata satacaq səni.
Azaflı, hörmətdi dünyanın başı,
İnsanı aldadır pulu, daş-qaşı.
Gəl buraxma əsil dostu, qardaşı,
Dar gündə çətindən alacaq səni.
ARALI GƏZ, BAX
Bir neçə sözüm var qanana, dostlar,
Güc çatmaz əlindən aralı gəz, bax.
Bir kibrit başından bir mahal yanar,
Namərdin ləlindən aralı gəz, bax.
Nə cinayət, xata, şər eyləməynən,
Nanəcib əlindən çörək yeməynən.
Avara, sarsağa dostum deməynən,
Kor gəzən gölündən aralı gəz, bax.
Qəzanın qəhrinə tapılmaz çara,
Geri qayıdarmı vurulan yara?
Uyma sərxoşluğa, caya, qumara,
Fitnənin selindən aralı gəz, bax.
Yansan məhəbbətin, eşqin közündən,
Nakam gedəcəksən dünya üzündən.
Elin təhnizindən, alçaq sözündən,
Şər-xata dilindən aralı gəz, bax.
Azaflı, özünü salma fəryada,
Üzmək bilmirsənsə, gəzmə dəryada.
Mən ölsəm, siz qalın hələ dünyada,
Şeytanın felindən aralı gəz, bax.
SƏN ALLAH
Ey qasidə, qurban olum sənə mən,
Yetir bu naməni yara, sən Allah.
Düşdüm həsrətindən yaman günə mən,
Ona söylə, axtar, ara, sən Allah.
Mən ölürəm, o da oynar dəmindən,
İçdim sevdasını hicran cəmindən.
Sevgi qiyamının dərdi-qəmindən,
Deynən oldu parça-parça, sən Allah.
Azaflı, vüsaldı loğmanı dərdin,
Məhəbbətdən deyib yamanı dərdin.
Ondan qeyri yoxdu dərmanı dərdin,
Eyləsin dərdimə çara, sən Allah.
UYMA
İnsan oğlu, eşit ustad sözünü,
Şeytan fitnəsinə, felinə uyma.
Mərd, igidlə olsan zindan şən olar,
Namərdin evinə, zilinə uyma.
Evinin sirrini söyləyən qulun,
Atanı, ananı döyən oğulun.
Qırxdilli arvadın, satqın, çuğulun,
Yalan söyləyənin dilinə uyma.
Azaflı, gəl qəza ilə oynama,
Odun vulkan olsa coşub qaynama.
Arxanı çevirmə alçaq adama,
Xain, hiyləgərin bəlinə uyma.
PAYI
Qoy dönüm başına, edim ziyarət,
Bəxş et aşiqinə zənaxdan payı.
Eşqimin tanrısı, ey böyük xilqət,
Ürəyim istəyir yanaxdan payı.
Məhəbbətin nuru gözlərindədi,
Günəşin şöləsi üzlərindədi.
Mirvari incilər sözlərindədi,
Amandı, lütf elə buxaxdan payı.
Atma Azaflını, ey mehri-mahım,
Öldürmə gəl, tutar səni bu ahım.
Ey sultanım, xanım, sərdarım, şahım,
Qoy alım bir dənə yanaxdan payı.
NƏ SEVGİ
Yanar eşqin bir vüsaldı dərmanı,
Can-cananı istəməsə nə sevgi?
Həsrətindən çəkib ahı, amanı,
Ürəyində səsləməsə, nə sevgi?
İki qəlbə məhəbbəti yazanda,
Bəla çəksin onu pozub azan da.
Düz əhdinə, düz peymana, düz anda,
Hüsnü-rəğbət bəsləməsə, nə sevgi?
Azaflıya sevgi həyat, sevgi dad,
Sevənləri çətin gördüm qəlbi şad.
Sevgi bəla, sevgi ölüm, sevgi bad,
Başı qurban kəs deməsə, nə sevgi?
SABAH-SABAH
Əgər istəyirsən sağlam olasan,
Tez oyan yuxudan hər sabah-sabah.
İdman edə-edə dolan bağçanı,
Şehli çiçəklərdən dər sabah-sabah.
Candı günortanın yemək ləzzəti,
Şirindi axşamın sözü-söhbəti.
Fiziki əməyi, zehni zəhməti,
Ən ağır işini gör sabah-sabah.
Azaflı, görməynən şər, bəla, qəm, yas,
Tənbəllik eyləmə, tutarsan piy, pas.
Əzəl öz canına özün qulaq as,
Uzaq ol əsəbdən, tər sabah-sabah.
GÖRDÜM
Gündə min gözələ, min gözə baxdım,
Könlümü mehriban gözündə gördüm.
Məhəbbətim oldu dostum, düşmənim,
Canımı eşqinin közündə gördüm.
Qəlbim incisilə zərbab toxudum,
Alim məclisində ətir qoxudum.
Min əsər öyrəndim, tarix oxudum,
Hikməti atalar sözündə gördüm.
Azaflını əzab deyindirsə də,
Elə şad görünər, qəm dindirsə də.
Güldürüb, oynadıb, sevindirsə də,
Hər dərdi aşiqin özündə gördüm.
ZÖVQ ALA BİLMƏZ
Şirindi hər kəsə öz istədiyi,
Qanmayan qanandan zövq ala bilməz.
Şirindi doğruya düz istədiyi,
Vəfasız peymandan zövq ala bilməz.
Şirindi aşiqə öz məhəbbəti,
Şirindi şairə sözün qüdrəti,
Şirindi ovçuya ovun ləzzəti,
Şikar ox-kamandan zövq ala bilməz.
Şirindi, Azaflı, adil hökmüdar,
Şirindi insanlıq, namus, qeyrət, ar.
Bir haqqın başında yüz min bəla var,
Hər dahi zamandan zövq ala bilməz.
3.öfkə, ağ ciyər
Ücretsiz ön izlemeyi tamamladınız.
₺89,60
Türler ve etiketler
Yaş sınırı:
16+Litres'teki yayın tarihi:
29 ekim 2022ISBN:
978-9952-8050-9-9Telif hakkı:
JekaPrint