Kitabı oku: «Ölüm qədər sadə», sayfa 3
Gecəni pis yatmışdı, dayanmadan o tərəf, bu tərəfə çevrilirdi, səhəri isə məhkəmədə onu çağıracaqlarını gözləməklə keçirdi. Onun vəziyyəti ağır olacaq. Yağış dayanmaq bilmirdi, lakin nəm hava yetərincə qızmışdı və Qreys kürəyindən tər damcılarının axdığını hiss edirdi.
Müttəhimin vəkili qalxdı. Qreysi şahid kimi çağırması hakimin təəccübünə səbəb oldu. Qısa boz parikdə və geniş qara mantiyada10 vəkilin görkəmi olduqca lovğa idi. O, dodaqlarını nifrətlə sıxaraq dayanmışdı. Riçard Çaruel kral vəkili: Qreys artıq onunla əvvəllər də görüşüb, lakin bu görüşlər xoş xatirələrlə yadda qalmayıb. O, məhkəməyə yalnız oyun kimi baxan vəkilləri qəbul edə bilmirdi. Onlar cinayətkarları tutmaq üçün həyatlarını təhlükəyə atmırlar. Və onlar üçün tamamilə maraqsızdır ki, müdafiə etdikləri şəxs hansı cinayəti törədib. – Susseks-Haus Hollinqberi, Braytonun cinayət axtarışları idarəsindən detektiv-superintendent Roy Qreyssiniz? – Vəkil sifətini turşutdu.
– Bəli, – Qreys cavab verdi. Nəyə görə isə həmişəki səsindən fərqli olaraq bu dəfə onun boğazından xırıltı eşidildi.
– Və verilən iş üzərində axtarışı siz aparırdınız?
– Bəli, – Roy yenidən xırıldadı.
– Məhkəməyə şahidi təqdim edirəm.
Qısa ara oldu. Hamı susurdu ki, kral vəkili Riçard Çaruell bütün zalın diqqətini özünə çəkmişdi. Qüsursuz görünüşlü təcrübəli vəkil bilərəkdən fasiləni uzadırdı. Çaruell danışmağa başlayanda səsindəki qəfildən ton dəyişikliyi onun –Roy Qreysin gözlənilmədən yaxın dostuna çevrildiyini nümayiş etdirməli idi.
–Superintendent, mən bir məsələyə aydınlıq gətirmək üçün sizin köməyinizi istəyirəm. Sizə cinayətdə istifadə olunan dəlil qəhvəyi rəngli timsah dərisindən olan qızıl zəncirli mokasin11 tanışdırmı?
Cavab verməzdən əvvəl Qreys bir neçə saniyə vəkilin gözlərinə baxdı.
– Bəli, tanışdır. – Onu həyəcan bürüdü. Çaruell növbəti ifadəni deməmiş detektivdə dəhşətli vahiməli hissiyat yarandı. O anladı ki, vəkil hara söz atır.
– Xahiş edirik, bizi könüllü olaraq məlumatlandırasınız, siz mokasini kimə göstərmisiniz? Əks təqdirdə mən bunu sizdən sıxıb çıxartmalı olacam.
– Ser, mən o qədər də anlamıram ki, siz nəyə işarə edirsiniz.
– Mənə isə elə gəlir ki, superintendent, siz nədən söhbət getdiyini çox gözəl anlayırsınız.
– Cənab Çaruell, xahiş edirəm məsələyə keçin, – yuxudan ayılmış ayı kimi əsəbi olan hakim Driskoll müdaxilə etdi:
– Biz bütün günü uzada bilmərik.
– Baş üstə, hörmətli hakim, – vəkil riyakarlıq dolu səsini uzatdı və yenidən Qreysə tərəf döndü. – Superintendent, doğrudur ki, siz bu vacib dəlili daha doğrusu mokasini öz şəxsi məqsədləriniz üçün istifadə etmisiniz?
Çaruell ayaqqabını masanın üstündən götürdü və başının üstündə yeni qazanılmış idman kuboku kimi yellədi.
– Mən öz hərəkətlərimin təsvirində “işlətmək” sözünü istifadə etməzdim. – Qreys deyindi. Vəkilin yekəxanalığından qıcıqlanırdı. Eyni zamanda çox gözəl anlayırdı ki, vəkil onu bilərəkdən əsəbiləşdirir, özündən çıxartmaq istəyir.
Çaruell tələsmədən mokasini yerinə qoydu.
– Aydındır. Deməli, siz dəlildən istifadə etdiyinizi düşünmürsünüz. – Qreysin etirazlarını gözləmədən davam etdi: – Bəyan edirəm ki, siz vəzifə səlahiyyətinizdən sui-istifadə edərək dəlili özünüzə götürmüş və qara magiya sevənlərə aparmısınız.
Vəkil hakim Driskola tərəf dönərək davam etdi:
–Hörmətli hakim sizə bu ayaqqabıdan DNT analizi üçün götürülmüş qazıntını göstərmək məcburiyyətindəyəm. Belə ki, superintendent Qreys bir neçə müddət dəlili icazəsiz götürüb və onun üzərində istənilən hiylə və kələkləri törədə bilərdi.
O, yenidən Qreys tərəfə döndü:
– Superintendent əgər mən səhv edirəmsə səhvimi düzəldin. Bu ilin doqquz mart tarixində çərşənbə axşamı siz göstərilən maddi sübutu Qastinqsə xanım Stemp adlı mediumun12 yanına aparmısız. Çox güman ki, siz indi bəyan edəcəksiz ki, makosin digər dünyada da olub elə deyil? Maddi olmayan dünya.
–Xanım Stemp elə bir xanımdır ki, mən onun haqqında yüksək fikirdəyəm. – Deyərək Qreys etirazını bildirdi. – O…
– Superintendent, bizi sizin fikriniz maraqlandırmır. Bizi yalnız faktlar, sübutlar maraqlandırır.
– Mənə elə gəlir ki, verilən sual haqqında onun fikri böyük əhəmiyyət kəsb edir. – Birdən vəkil canlandı.
Bir neçə saniyəlik susqunluq duelindən sonra Çaruell istəmədən təsdiqlədi.
– Keçmişdə o mənə bir sıra təhqiqatlarda kömək edib. –Qreys davam etdi, – üç il əvvəl Merri Stemp məni vacib məlumatlarla bilgiləndirdi. Onların köməyi ilə qətldə şübhəli şəxsin adını dəqiqləşdirmək oldu. Qadının köməyi onun həbsinə və növbəti mühakiməsinə gətirib çıxardı.
Roy görəndə ki, andlılar və camaat öz gərgin baxışlarını ondan çəkmirlər, sanki özünə gəldi və müdafiəçiyə müraciət edərək dedi:
– İcazə verin sizin dəlili guya ki, icazəsiz götürməyim haqqında günahlandırılmağıma cavab verim. Əgər siz diqqətlə qeydləri oxusaydınız və bağlamaya baxsaydınız onda görərdiniz ki, yarlıqda mənim əşyanı götürdüyüm və onu yenə qaytardığım vaxt qeyd olunub. Müdafiə əvvəldən verilmiş dəlil haqqında bilirdi. Ayaqqabını cənab Koen yoxa çıxan gecə onun evində aşkar ediblər. Lakin müdafiə bir dəfə də olsun dəlili bu cür yoxlama üçün təqdim etməyi istəməyib.
– Belə çıxır ki, siz superintendent Qreys baş polis zabiti öz işinizdə davamlı qara qüvvələrin köməyinə müraciət edirsiniz?
Zalda istehzalı gülüş səsləri eşidildi.
– Mən bunu “qara qüvvələr” adlandırmazdım, – Qreys etiraz etdi. – Daha doğrusu bunlar əlavə məlumat qaynaqlarıdır. Polisin borcu isə cinayətin açılması üçün bütün mümkün vasitələrdən istifadə etməkdir.
– Deməli, siz bütün əsaslara görə okkulistsiz,13 – Çaruell qaşqabağını salladı. – Siz fövqəltəbii qüvvələrə inanırsınız?
Qreys hakim Driskola baxdı. O baxışı ilə Royu elə incitdi ki, sanki Roy özü prosesdə müttəhim rolunda idi. Ümidsizliklə layiqli cavab axtarmağa çalışaraq Roy andlıları, dəhlizi nəzərdən keçirdi, sonra isə yenidən vəkilə baxdı. Və bu an qəflətən ağlına gəldi:
– Mən şahidlər üçün kabinədə yer alanda birinci iş olaraq nə tələb edilmişdi? – Ruhlanaraq Qreys bir az səsini qaldırdı və vəkilin cavabını gözləmədən davam etdi.
– Məndən müqəddəs İncilə and içməyi tələb etdilər. – O nəfəsini dərdi. –Allah fövqəltəbii qüvvədir. Daha dəqiq desək fövqəltəbii yüksək varlıqdır. Və məhkəmə fövqəltəbii varlığa and içmiş şahidləri qəbul edirsə bu zalda olan başqaları kimi mənim də fövqəltəbiiliyə inanmamağımı israr etməyim qəribə olardı.
–Daha sualım yoxdur, – vəkil əyləşərək deyindi.
Parikdə və ipək mantiyada olan ittihamçı qalxdı və hakim Driskola müraciət etdi.
– Hörmətli hakim, xahiş edirəm ki, məsələnin müzakirəsini sizin otaqda keçirək.
– Bütün bunlar yetərincə qəribədir. – Hakim Driskol çiyinlərini çəkdi, lakin mən şadam ki, iş lazımi şəkildə həll olundu. Ancaq ümid edirəm ki, mənim apardığım işlər həqiqi dəlillərə əsaslanıb, hansısa cadugərin dediklərinə yox.– Deyərək nəzərlərini Qreysə yönəltdi.
Zal gülüşə qərq oldu. Proses davam edirdi. Müdafiə tərəfinin daha bir şahidini çağırdılar. Bu Sureş Xosseyin üçün sakinlərdən ev haqqı yığan Rubiro Valyente idi. Roy Qreys qaldı ki, görsün bu italyan nə yalan danışacaq. İttihamçı alıcı quş kimi şahidin üstünə şığıdı və nahar fasiləsinə qədər onun ifadələrində daş daş üstündə qalmamışdı. Qreys yalnız ümid edə bilərdi ki, Valentinin yalanı makosinlə bağlı hekayəni örtər. Lakin küçəyə çıxıb bir az hava alıb sendviç yedikdən sonra ümidləri öldü. Küçənin qarşı tərəfindəki hissəsində yerli qəzet olan “Arqus”da gedən məqalələr bütün dünyanı məlumatlandırırdı.
– Baş polis zabiti – okkulistdir.
Birdən Qreys dözülməz dərəcədə içməyi və siqaret çəkməyi arzuladı.
10
Maykl hər vəchlə yemək haqda fikirləri özündən uzaqlaşdırmağa çalışsa da mədəsini küt ağrı incidirdi, sanki daxilini yandırırdı. Başı hərlənirdi, əlləri əsirdi, gözlərinin qarşısına qızardılmış qalın kartoflar və ketçuplu ləzzətli qamburgerlər gəlirdi. Kartofdan canını qurtarmamış onu bişmiş omarlar14, sonra yaxşı qızardılmış qarğıdalı, onun ardınca sarımsaq sousunda göbələk yumurta… sosiska… tavada fışıldaşan bekon…
Qəbirin qapağı üzünü əzirdi. Mayklı yenidən təlaş bürüdü. Nəbzi sürətləndi, havası çatışmırdı. O gözlərini yumdu və təsəvvür etməyə çalışdı ki, hər şey yaxşıdır, isti ölkələrdədir, məsələn, hardasa Aralıq dənizi tərəflərdə, yaxtada ətrafda dalğalar rəqs edir, başının üstündə qağayılar fırlanır, o duzlu və ətirli havanı udur. Lakin hər iki tərəfdən qəbirin divarları sıxırdı, boğurdu, əzirdi… Sinəsində fənəri axtarıb tapdı və yandırdı. Batareya ölürdü, tezliklə tamamilə sönəcək. Maykl əsən əlləri ilə ehtiyatla şüşənin qapağını açdı, dodaqlarına yaxınlaşdırdı və bir az viski içdi. O, hər damcını uzadırdı və bu anlardan ləzzət alırdı. Tezliklə həyəcan keçdi və Maykl düzgün nəfəs almağa başladı. Mayeni içməsindən bir neçə dəqiqə keçdi və qida borusu ilə sürüşərək aşağıya mədəyə getdi və yalnız onda yadına düşdü ki, qapağı bağlamaq lazımdır. Yarım şüşə qalmışdı, saata bir qurtum.
Hər şeydə qayda-qanun lazımdır. Ona görə də Maykl batareyanı qorumaq məqsədilə fənəri söndürdü. İstənilən hərəkət çətinlik yaradırdı. Əlləri və ayaqları keyimişdi. Gah soyuqdan əsirdi, gah da isti, yapışqan tər bürüyürdü. Başı ağrıdan uğuldayırdı. – İndi parasetamol dərmanı necə yerinə düşərdi! – Ümidsizliklə yuxarıdan hansısa səs-küy eşitmək istəyirdi. Səs… burdan çıxmaq… Və yemək.
Hansısa möcüzədən əl ratsiyasının batareyaları fənərin batareyalarının eynisindən idi. Ən son anda onlar ehtiyat üçün qalır. Yenə də bir şeydir. Yeganə yaxşı xəbər. Bir də hər saat başı o bir qurtum viski içə bilər. Nizam-intizam təlaşı aradan qaldırır.
Əgər məşğul olmağa bir şey varsa, ağlın başında qalır. Beş il əvvəl Maykl otuz səkkiz futluq gəmi ilə Atlantikada Çiçisterdən Barbadosa qədər keçmişdi, 27 gün açıq dənizdə keçirmişdi. Onlardan 15-ni əsasən yeddi ballıq fırtınalarda keçirib, hərdən on və on bir ballıq fırtınalar da olurdu. Cəhənnəmdə 15 gün. Gəmiçilər hər dörd saatdan bir dəyişirdilər. Dalğalar bütün sümükləri titrədirdi, gəmini gah yuxarı, gah da aşağı atırdı. Arakəsmələr əsirdi, zəncir və avadanlıqlar göyərtəyə və dor ağacına çırpılırdı. Qaşıqlar, çəngəllər və bıçaqlar aralıqda cingildəyirdilər. Dəstə çətinliklərin öhdəsindən sarsılmaz qaydalara riayət edərək gəldi. Onlar hər bir günü saatlara, saatları isə daha qısa vaxt bölgüsünə ayırdılar. Hər biri şokoladdan kiçik hissələr qoparır, su qurtumlarını ölçür, müəyyən qədər səhifələr oxuyurdular. Kompasla istiqamətlərini tutuşdururdular. Növbə ilə anbardan nasosla suyu çəkirdilər.
Nizam-intizam güc və əminlik verir.
Maykl belə qərara gəldi ki, hər saatın əvvəlini bir qurtum viski ilə qeyd etsin. Yarım şüşə içki qalmışdı, onun “üfüqü” isə nazik saat əqrəbi idi. Saatı ona Eşli bağışlayıb. İsveç firması “Lonjin”dən gümüşlə haşiyələnmiş xronometrli, parıldayan Roma rəqəmləri ilə tərtib olunmuşdu. Saatlarının ən yaxşısı idi. Eşlinin heyranedici zövqü var. O, ümumiyyətlə heyranedicidir. Onda hər şey gözəldir-ucları dalğalanan qəhvəyi saçları üzünün klassik və dəqiqliklə yonulmuş cizgiləri, yerişi, nitqindəki özünə inam. Maykl onunla harasa getməyi sevirdi. Harada olmaqlarından asılı olmayaraq kütlənin bütün diqqəti qıza istiqamətlənirdi. Ya rəbb, bu onu necə də qızışdırırdı.
Eşli başqaları kimi deyil. O, nadirdir.
Anası da elə fikirləşirdi. Baxmayaraq ki, çox vaxt onun rəfiqələrini bəyənmirdi. Ancaq Eşli – o tamamilə başqadır. O var gücü ilə çalışdı və anasını heyran etdi. Bax, onu sevməyinin bir səbəbi də budur ki, o, istənilən insanı heyran etməyi bacarır. Hətta ən yazıq müştərini belə. Maykl Eşliyə həmin gün, Markın kabinetinə iş üçün söhbətə gələndə vurulmuşdu. Cəmi yarım il ötdü və budur, onlar evlənirlər.
Qasığı və yanı dəhşət qaşınırdı. Dermatit!15 O, çoxdan bütün ədəb qaydalarına tüpürərək sidik kisəsini boşaldıb. Artıq iyirmi altı saat keçib.
Yəqin ki, nə isə hadisə baş verib, amma Maykl təsəvvür etmir ki, nə. İyirmi altı saatdır ki, o lənətə gəlmiş ratsiyaya qışqırır, əl telefonundakı düymələri basır və eyni cavabı alır: əlaqə yoxdur.
Çərşənbə axşamı…
Eşli istəyirdi ki, oğlan məclisini toydan çox əvvəl keçirtsinlər. “Sən içəcəksən və özünü çox pis hiss edəcəksən. Mən isə istəmirəm ki, toy günü sənin ürəyin bulansın. Əvvəlcədən gəzib qurtarın və sən toya qədər özünə gələrsən”.
Maykl yüzüncü, bəlkə də, mininci dəfə qapağı döyəclədi. Nə fərqi var? Heç bir fərqi yoxdur. O, artıq sərəncamında yeganə möhkəm alət olan ratsiyanın köməyi ilə qəbirin qapağında deşik açmağa çalışıb. Əl telefonu və fənər plastikdən idi. Lakin uoki-tokinin də metal korpusu işə yaramadı. Maykl ratsiyanı yandırdı.
– Alo, cavab verin, kimsə cavab versin, Alo!
Maneələrin cırıltısı… Mayklı qəfildən qorxunc şübhə bürüdü. Bəlkə, Eşlinin xəbəri var? Buna görə də təkid edirdi ki, oğlan məclisini daha tez – çərşənbə axşamı təşkil etsinlər. Onu bura salsınlar və sutkalarla bişirsinlər, və heç kim axtarmasın.
Yox, ola bilməz. Eşli bilir ki, onda klaustrofobiya var və o, heç də qəddar deyil. O, həmişə birinci növbədə başqaları haqqında düşünür. Təəccüblüdür anası ilə onun üçün nə qədər hədiyyələr alıb. Və nəsə cındır yox, anasının sevimli ətri… anasının çox sevdiyi Robbi Uilyamın kompakt diski, vitrində gördüyü həmin, kəşmirdən sviter. “Bouz” firmasının radiosu hansını ki, Maykl gizlincə arzulayırdı. Görəsən, Eşli hardan bilir ki, nə hədiyyə etmək lazımdır. Bu təsadüf deyil, bu onda bir vergidir. Onu möcüzəvi edən saysız-hesabsız bacarıqlarının siyahısı kimi. Maykl isə dünyanın ən xoşbəxt insanı idi.
Fənərin şüası hiss olunacaq dərəcədə tutqunlaşdı. Maykl batareyanı qorumaq üçün fənəri söndürdü və yenidən qaranlıqda qaldı. O uzanıb özünün sürətlənən nəfəsinə qulaq asırdı. Birdən… Birdən onlar qayıtmasalar necə olacaq?
Demək olar ki 12-nin yarısıdır. Maykl gərgin halda qaranlığa qulaq asdı. Bax indi… İndi gülüş səsləri gələcək və o, onun ardınca gəlmiş dostlarının səsini eşidəcək. İlahi, mənə burdan çıxmağa güc ver. Onlar bu axmaq hərəkətlərinə necə lazımdır peşman olacaqlar. Maykl yenidən saata baxdı: 12-yə 25 dəqiqə qalıb. Yəqin ki, bu dəqiqə gəlib çıxacaqlar. Onlar gəlməyə bilməzlər.
11
Sendi qəsdən onun başının üstündə dayanıb işığın qarşısını kəsərək ona sataşırdı. Onun açıq rəngli sallanmış saçları yanaqlarını qıdıqlayırdı.
– Bəsdir, mən bu raportu oxuyub bitirməliyəm. Mən…
– Qreys, sən necə də zəhlətökənsən, həmişə nə isə oxuyursan, oxuyursan, işləyirsən, işləyirsən. – O, yenidən Qreysi öpdü. – Nədir, məni daha sevmirsən?!
Əynində qısa yay paltarı var idi və döşləri demək olar ki, bayıra çıxmışdı. Roy ötəri onun gündən qaralmış ayaqlarına, ombalarına qədər çəkilmiş paltarın ətəyinə diqqət yetirdi və birdən onu ehtirasla istədi. Onun üzünü sığallamaq, sinəsinə sıxmaq və sadəlövh mavi gözlərinə baxmaq üçün əllərini uzatdı. İnanılmazdır. O, necə ehtirasla onu sevir.
– Mən səni çox sevirəm.– O, pıçıldadı.
– Doğrudan, Qreys? – Sendi sataşdı. –Sən məni lap işindən də çox istəyirsən hə? – O, kənara çəkildi və zarafatyana dodaqlarını şişirtdi.
– Mən səni sevirəm… Çox..
Birdən qaranlıq çökdü, sanki kimsə işığı söndürdü. Qreys soyuq və boş otaqda öz səsinin əks-sədasını eşitdi.
– Sendi, – deyərək çağırdı, ancaq boğazını qəhər tutdu. Günəşin parıltısı zərif narıncı zəif işartıya çevrilmişdi. Nazik pərdədən küçə fənərinin işığı içəriyə keçirdi. Saatın elektron ekranında səhər 3:02-ni göstərirdi. Bütün bədəni tər içərisində idi. Gözlərini geniş açmışdı, ürəyi dəli kimi döyünürdü, dalğalar üzərindəki siqnal üzgəci kimi atılıb-düşürdü. Qreys zibil qabının şaqqıltısını eşitdi. Görünür, ora çöl pişiyi və ya tülkü çıxmışdı. Bir anlıq mühərrik səsi gəldi, yəqin ki, üç ev o tərəfdəki qonşu idi. O, taksi sürücüsüdür və işdən evə gec qayıdır. Bir müddət Qreys tərpənmədən uzandı. Gözlərini yumaraq nəfəsini dərdi, var qüvvəsiylə xatirələrdən yapışaraq yuxuya getməyə çalışdı. Bugün baş verən hər iş kimi Sendi haqqında da təkrarlanan yuxular… Bugünki lap canlı idi. Sanki onlar hələ də birlikdədirlər, lakin başqa şəkildə. Əgər o, portalı tapa bilsəydi, aradakı sərhədi keçə bilsəydi, onunla birləşərdilər və onlar bir yerdə xoşbəxt olardılar. Dəlicəsinə xoşbəxt olardılar!
Roy dözülməz dərəcədə kədərləndi, sonra isə dünənki murdarlıq yadına düşdü, bütün bədənini soyuq tər basdı. O lənətə gəlmiş qəzet! Dünənki “Arqus”dakı murdar başlıq. Roy reallığa qayıtdı: İlahi, Ah İlahi! Səhər buraxılışlarında daha hansı iyrəncliklər çıxacaq?
Hökm ilə birtəhər yoluna qoyardı. İstehzalar daha pis idi. Onsuz da iş yoldaşlarının yarıdan çoxu onu mistikaya meyilli olduğuna görə ələ salırlar. Fövqəltəbii qüvvələrə marağı olan əvvəlki krallığın polis rəisi Qreysə məsləhət bilirdi ki, öz maraq və həvəsləri haqqında elan verməsin, yoxsa, işdə irəliləyişi heç vaxt görməyəcək.
– Roy, hamı bilir ki, səninki xüsusi məsələdir. Sən Sendini itirmisən. Heç kim səni daşa basmayacaq ki, Sendini axtarıb tapmaq üçün bütün üsullardan istifadə edirsən. Sənin yerində biz də olsaydıq eyni cür hərəkət edərdik. Lakin sən öz maraqlarını özündə saxla. İşi bura qatmaq olmaz. – Zamanla gücü özünə qayıdanda Roya elə gəlirdi ki, Sendini itirmək fikrinə alışıb. Lakin, belə yuxulardan sonra o başa düşürdü ki, çətin o, nə vaxtsa düzələr. O, elə ehtirasla Sendinin çiyinlərini qucaqlamaq, ona sığınmaq, hər şeyi danışmaq istəyirdi… O həmişə optimist idi. Əgər stəkan yarımçıq idisə, yarısı boşdur yox, yarısı doludur deyərdi. İnamla sabaha baxırdı və heç vaxt şübhə etmirdi ki, hər şey yaxşı olacaq. Sendi ona işinin başlanğıcında keçirilən inzibati məhkəməyə davam gətirməyə kömək etmişdi. Hansı ki, Roy işdən atıla bilərdi. O zaman Sendinin məsləhətlərinin köməyi ilə ona çox məsələdə haqq qazandırdılar. İndi də… O, nə etmək lazım olduğunu dəqiq bilərdi. Hərdən ona elə gəlirdi ki, bu yuxular Sendinin onunla o biri dünyadan əlaqə yaratmaq üçün təşəbbüsüdür. Harda olur-olsun.
Bacısı Codi, Royu inandırmağa çalışırdı ki, həyat davam edir. Məsləhət görürdü ki, Sendinin ölüm həqiqətini qəbul etsin, səsini avtocavablayıcıdan silsin, paltarlarını dolabdan, diş fırçasını isə vanna otağından yığışdırsın.
Qısacası, Codi hərdən çox sərt danışırdı: “Sendiyə hansısa müqəddəs kimi səcdə etməyi qurtarmalısan. Hər şeyə sıfırdan başlamaq lazımdır”. Ancaq, necə sıfırdan başlayasan? Bəlkə Sendi sağdır və hansısa manyak onu girov saxlayır? Roy onu axtarmağa davam edirdi, saytı bağlamırdı, şəkilləri daim yeniləyirdi ki, Sendinin indi necə görünəcəyi haqda təsəvvürü olsun, küçədə diqqətlə insanların üzünə baxırdı ki, bəlkə o olar.
Yox, Qreys o zamana qədər axtaracaq, nə qədər ki… Nə qədər ki, nə?…
Müzakirə bitmişdir. Otuzuncu ad günündə Sendi Royu oyatdı, içərisində kiçik tort, üzərində yeganə yanan şam, bir qədəh şampan və ən sadə təbrik açıqcası olan məcməyi gətirmişdi. Onda hədiyyələri açdı, sonra onlar sevişdilər. Qreys evdən həmişəkindən gec çıxdı. 10-a 20 dəqiqə işləmişdi və Brayton idarəsinə onun yarısından sonra gəlib çatdı. Ölümlə bağlı iş iclasına gecikmişdi. O, Sendiyə söz vermişdi ki, evə tez gələcək ki, ad gününü dostları ilə qeyd etsinlər. O zamanlar onun ən yaxın dostu Dik Roup və onun Sendi ilə çox yaxşı ünsiyyət quran həyat yoldaşı idi. Dik də onun kimi cinayət şöbəsinin əməkdaşı idi. Lakin gün yorucu keçdi və Roy evə fikirləşdiyindən iki saat gec gəldi. Sendi heç yerdə yox idi.
Əvvəlcə düşündü ki, bu yolla Sendi gecikdiyi üçün Roya necə əsəbiləşdiyini göstərir. Həmişəki kimi evdə səliqə hökm sürürdü, ancaq onun avtomobili və çantası yoxa çıxmışdı. Roy heç bir zorakılıq izinə rast gəlmədi. Bir sutkadan sonra Sendinin avtomobilini Qautik hava limanının dayanacağında tapdılar. Sendi yoxa çıxdığı gün onun kredit kartından iki əməliyyat aparılmışdı. Buta aptekində 75 funt-sterlinqlik ödəmə və bir də 16:42-də Tesko yanacaqdoldurma məntəqəsində edilmiş ödəniş. Həyat yoldaşı özü ilə nə paltar, nə də başqa əşyalar götürmüşdü. Onların dənizə aparan sakit küçələrindəki qonşular heç nə görməmişdilər. Onların evinin bir istiqamətində nadir mehribanlığa malik olan yunan ailəsi yaşayırdı. Onlar iki kafenin sahibi idilər. Lakin həmin zamanlarda onlar məzuniyyətdə idilər. Sol tərəfdəki qonşu qulaqdan zəif olan yaşlı dul qadın idi. O, televizorun səsini yüksək həddə qaldıraraq yuxulayırdı. İndi Roy onun evindən hansısa amerikan polis serialının səsinin yayıldığını eşidirdi: silah səsləri, təkər səsləri, sirenaların uğultusu… Dul qadın da heç nə görməmişdi.
Yeganə nə isə öyrənməyə ümid etdiyi şəxs qarşı tərəfdə yaşayan Norrin Qrinsted idi. Diqqətli və ürkək, yaşı 60-ı çoxdan keçmiş qonşu qadın hər zaman kimin nə işlə məşğul olduğunu bilirdi. Əgər Lorin şiddətli hafizə itkisi xəstəliyinin əldən saldığı həyat yoldaşı Lensə qulluq etmədiyi vaxtlarda küçədə görünürdü, əllərində sarı rezin əlcək öz gümüşü rəngli “Nissan”nı təmizləyir, yolu sulayır, süpürür, pəncərələri və ya başqa bir şeyləri yuyurdu. Lazım olsa da, olmasa da. O, hətta xalçaları da çıxarıb evin qarşısında çırpırdı. Norinin iti gözlərindən heç nə yayınmırdı, Lakin necə olubsa Sendini, Sendini gözdən qaçırıb.
Qreys işığı yandıraraq yataqdan qalxdı. Gecə masanın üzərindəki şəkillərə nəzər saldı. Onlar bu şəkildə Sendi ilə birgə Oksford hotellərindən birində, DNT və barmaq izlərinə həsr olunmuş problemlər konfransına gedərkən çəkdirmişdilər. Bu onun itməsindən bir neçə ay əvvəl olmuşdu. Qreys kostyum və qalstukda kresloda yayılıb. Sendi qara rəngli gecə paltarında ona sıxılmış, sarı buruqları və üzündə, onların şəklini çəkən ofisianta ünvanlanmış hər zamanki təbəssüm… Sonra isə o yatdığı futbol maykasında da yavaş-yavaş aşağı düşdü.
Sendinin o qədər gözəl zövqü var idi ki! Onların evi, daha doğrusu evlərinin yarısı keçən əsrin 30-cu illərində saxta Tüdor dövrünün üslubunda tikilmiş sadə mənzil idi. Yalnız Sendinin təşəbbüsü ilə burda rahatlıq yarandı. O, qəzetlərə bazar əlavələrini, qadın və dizayner jurnallarını çox sevirdi, bəzi hissələri kəsib götürürdü, diqqətini çəkən şəkilləri onunla müzakirə edirdi. Onlar saatlarla interyer üzərində çalışırdılar, özləri divar kağızları yapışdırır, döşəməni hamarlayır, laklayır, rəngləyirdilər…
Sendi “fen-şuy”la maraqlanırdı və şəlaləsi olan kiçik bağça düzəltmişdi. Evi şamlarla doldurmuşdu. Yalnız təbii ərzaqlar alırdı. O, hər şeylə maraqlanırdı, hər şey barədə soruşurdu və hər şeyə şübhə ilə yanaşırdı. Elə buna görə də Sendini sevirdi. Gələcəklə bağlı planlar qurmaq necə də gözəl idi. Üstəlik Sendi çox gözəl bağban idi: gülləri, kol və ağacları araşdırırdı, nəyi nə vaxt əkmək lazım olduğunu bilirdi. Qreys qazonları16 kəsməyi bacarırdı, bununla da onun bacarıqları bitirdi. İndi onların bağçası baxımsız idi və Qreys bu haldan vicdan əzabı çəkirdi. Hərdən o, özünə sual verirdi: Sendi birdən qayıtsaydı nə deyərdi? Sendinin avtomobili indiyə qədər qarajda durur. Avtomobili qaytardıqdan sonra məhkəmə ekspertləri onu demək olar ki, mikroskop altında axtardılar. Sonra isə o avtomobili evə gətirdi və qarajda saxladı. Neçə ildir ki, mühərriki hər ehtimala qarşı işə salır hər etimala qarşı… Yataq otağında Sendinin paltarlarını, başmaqlarını, stəkanda diş fırçasını saxladığı kimi…
O, hələ də Sendinin nə vaxtsa qayıdacağını gözləyir. Qreys tamam oyanaraq özünə “qlenfiddiş” süzüb şappıltı ilə qonaq otağındakı kresloya oturdu. Pulta basaraq televizoru yandırdı, üç film izlədi, sonra bir neçə peyk kanallarını axtardı. Lakin heç biri bir neçə dəqiqədən artıq diqqətini çəkmədi. “Beatles”, “Maylz Devis”, “Sofi-Ellis-Bakster”in musiqilərini dinlədi və pletri söndürdü. Sevimli kitablarından olan Kolin Uilsonun “Məxfi” əsərini əlinə aldı. Paranormal görüntülərə həsr olunmuş kitablar, qalın cərgə ilə kitab şkafını aşağıdan yuxarı doldurmuşdu. Qreys həvəssizcəsinə səhifələri vərəqləyir, az-az viski içirdi. Və bir neçə başlıqdan artıq fikrini cəmləşdirə bilmirdi.
Necə də murdardır bu vəkil! Bu gün o ləzzətlə məhkəmədə Royu ələ saldı və Roy bu fikirdən qurtula bilmirdi. – Ay səni qancığın oğlu! Riçard Çarruell! Təmtəraqlı zibil! – Ən pisi də odur ki, müdafiəçi onu minib çapdı. Aldatdı. Məharətlə aldatdı. Əsl incidiyi də bu idi.
O yenidən pultu götürdü və telemətnə keçdi. Sırağagünki iylənmiş xəbərlər idi. Nə bir geniş siyasət qalmaqalı, nə bir terrorist çıxışı, nə bir zəlzələ, nə bir aviafəlakət…
Qreys heç kimə pislik arzulamırdı, lakin ümid edirdi ki, səhər hansısa şad xəbər olacaq və qəzet və radioların ilk sırasına düşəcək. Bu Sureş Xosseynin məhkəməsindən daha maraqlı hadisə olacaq.
12
Onun bəxti gətirmədi. Məşhur bulvar qəzetlərindən ikisi və bir mötəbər qəzet Xosseyin üzərində gedən prosesin hesabatı-nı ilk zolaqda qalanları isə ikinci, üçüncü zolaqlarda yerləşdirmişdilər. Əsas maraq doğuran məhkəmə araşdırması yox, cinayət axtarışlar polisi, superintendent Roy Qreysin şahid ifadəsi idi.
Səhər saat 9-un yarısında onu rəhbərliyin hüzuruna çağırdılar. Roy öz müdiri Elison Vosperin qarşısında dayanmışdı və oa elə gəlirdi ki, zaman geriyə qayıdıb və o yenidən məktəb direktorunun kabinetində bir ayağını qaldırıb, birini yerə qoyur. Royun əməkdaşlarından biri müdiri “27 Nömrə” adlandırıb və bu təxəllüs ona ölənə qədər yapışıb. Çatdırılma ilə alver edən yerli çin restoranının menyusunda 27 nömrənin altında “turş-şirin sousda hazırlanmış donuz” qeyd olunmuşdu. İndi kimsə 27 nömrəli yemək sifariş edəndə “Elison Vosper” deyirdilər.
Bugün də cinayət işləri üzrə müdir müavini polis Elison Vosper, qırxdan bir az artıq yaşı, seyrək qısa kəsilmiş sarısaçlı, arıq, lakin yenə də öz cazibəsini itirməyən siması olan qadının ovqatı təlx idi. Royu hətta onun kəskin gül ətri olan ətri də qıcıqlandırırdı.
Onun əynində ciddi qara kostyum və nişastalanmış ağ nazik köynək var idi. Elison cilalanmış polisandrdan17 olan yazı masasının arxasında əyləşmişdi. Onun qüsursuz təmizlik hökm sürən otağı kraliça Annanın dövründən qalma xudmani evi Leyisdəki polis idarəsinin birinci mərtəbəsində yerləşirdi. Pəncərələr kəsilmiş qazonlara açılırdı. Masanın üstü boş idi, əgər içərisində üç al qırmızı zanbaq olan büllur güldanı və ammonyak rəngli qələm qabını saymasaq. Masanın kənarında kənarı çərçivəyə salınmış ailə şəkli: həyat yoldaşı və iki uşağı. Elisonun həyat yoldaşı da polisdə işləyirdi və baxmayarq ki yoldaşlarından bir neçə yaş böyük, üç rütbə ondan aşağı idi. Royun nəzərləri səhər qəzetlərinin qalağına yönəldi. Açıq poker kartlarına bənzər şəkildə yelpik kimi səpələnmişdilər. Hərdən Qreys heyrətlənirdi ki, rəhbərlik öz kabinet və yazı masalarını səliqədə saxlamağı necə bacarır. Onun şəxsi iş yeri zibilxananı xatırladır. Yarıdağınıq qovluq yığını, cavabsız qalmış məktublar, itmiş qələmlər, qəbzlər, çıxarış kağızları hansılar ki, heç cür daxil olanlarla düz gəlmirdi. Roy qərara aldı ki, ən yüksəyə çıxmaq üçün mütləq dəftərxana işlərinin təcrübəsindən yararlanmaq lazımdır. Deyəsən, onda bu bacarıqlar yoxdur. Genetik səviyyədə şayiə gəzirdi ki, guya üç il öncə Elison Vosperin döşündə xərçəngi əməliyyat ediblər. Qreys anlayırdı ki, bunlar çox güman ki, nağıldır, belə ki, milis rəhbərinin müavini öz şəxsi həyatının ətrafında əsl divar ucaltmışdı. Buna baxmayaraq onda qəribə bir kiçilmə var idi. Açıq desək hərdən müdir Royda maraq doğururdu. Əsasən də onun qonur ağıllı gözlərində şən qığılcımlar alovlananda. O zaman ona elə gəlirdi ki, az qalsın Elison onunla dilxoşluq edir. Ancaq bu gün səhər o dəqiq eşqbazlıq havasında deyildi. O əlini uzatmadı, hətta salamlaşmadı belə, sadəcə soyuq halda başı ilə masanın qarşısındakı hündür stullardan birinə işarə etdi və o anda öküzü buynuzundan tutdu.
Onun baxışında həm qınaq, həm də açıq qəzəb oxunurdu.
– Lənət şeytana Roy, bu nə deməkdir?
– Bağışla.
– Bağışla?
O, təsdiqlədi:
– Mən.... iş ondadır ki, mənim sözlərim konteksdən götürülmüşdür.
– Sən başa düşürsən ki, sənin diqqətsizliyinə görə bütün iş məhv ola bilər? – İfadəsini bitirməyə imkan verməyərək sözünü kəsdi.
– Mənə elə gəlir ki, biz bunu yoluna qoya bilərik.
– Bu gün səhər müxbirlər məni zəngləri ilə bezdiriblər. Sən gülüş hədəfinə çevrilmisən. Sənə görə biz hamımız axmaq yığınına oxşayırıq. Sən niyə belə ağılsızlıq törətmisən?
Qreys fikirlərini toplamaq üçün bir neçə saniyə susdu.
– O medium-qadın əsl möcüzədir. O, artıq, bizə əvvəllər kömək edib. Mənim heç ağlıma da gəməzdi ki, kimsə onun haqqında öyrənə bilər.
Vosper kürsünün arxasına söykənərək Qreysin gözlərinə baxaraq asta-asta başını yellədi.
– Mənim səninlə bağlı böyük planım var idi. Sənin rütbəni də mənə görə qaldırıblar. Mən sənə kömək edirdim. Roy, sən bilirsən ki, mən sənə necə yanaşıram, düzdür?
İşlər o qədər də göründüyü kimi deyildi, lakin indi mübahisə üçün əlverişli məqam deyildi.
– Bilirəm, – Roy təsdiqlədi. – Və təşəkkür edirəm.
“27 Nömrə” barmağı ilə qəzetlərə vurdu.
– Və sən mənə belə təşəkkür etdin? Bax, sən mənə necə qarşılıq verdin?
– Bəsdir, Elison, mən axı Xosseyni yaxaladım.
– İndi isə onun vəkilinə böyük dəlil verdin, hansı ki onlar ittihamnaməni məhv edə bilərlər.
– Elə deyil, – Roy özünü saxlaya bilmədi. – Ekspertlər artıq ayaqqabıya baxıblar. Mən, onu götürəndə də, qaytaranda da qol çəkmişəm. Onlar özlərindən qondarma dəlilləri mənə tikə bilməzlər. Mən hərdən qeyri-ənənəvi üsullara qaçıram, lakin onlar araşdırmanın gedişatına təsir etməyib.
Elison Vosper öz manikür olunmuş dırnaqlarına baxmağa başladı. Roy gördü ki, onun barmaqlarının ucu tipoqraf rənglərdən qaralıb. Ona elə gəldi ki, Elisondan gələn ətir daha da kəskinləşdi, sanki, o, hansısa zəhərli heyvan idi.
– Sən baş zabitsən, sən iş aparırdın. Və etibardan düşməyə şərait yaratsan, nəticələr çox ciddi ola bilər. Lənət şeytana! Niyə axı, sən belə ağılsızlıq törətmisən?
– Qətl işi üzrə proses ən qızğın yerindədir. Biz dəqiq bilirik ki, Xosseyin Reymond Koeni sifariş edib, lakin meyit yoxdur, düzdür? Meyitin olmaması həmişə zəif hissədir – O, çiyinlərini çəkdi. – Əvvəllər dəfələrlə ekstrasenslərin köməyindən istifadə etmişik-bizim ölkənin bütün polisləri kimi. Heç olmasa Lesli Uitti xatırlayaq…
Lesli Uitlin yoxa çıxması barədə iş bütün ölkəyə səs salmışdı. 1975-ci ildə 17 yaşlı varlı varisi oğurladılar və o, yoxa çıxdı, sanki havada əridi. Polis cəsədi tapa bilmədiyinə görə xəfiyyələr nəhayət ki, bir məşhur ekstrasensin sözlərinə qulaq asdılar. Məhz bu tənək çubuğu kanalizasiya lyukunu göstərdi. Bədbəxt boğulmuş qızı orada gizlətmişdilər.
– Roy, Lesli Uitlin işini çətin polisin qələbəsi saymaq olar.
– Başqa hadisələr də var idi. – O, etirazını bildirdi.
Elison Volter susaraq gözlərini superintendentə zillədi. Birdən onun yanaqlarında çuxurlar əmələ gəldi. Elə görünə bilərdi ki, o qəzəbi hörmətlə əvəzləyib, lakin onun səsi əvvəlki kimi soyuq və sərt səslənirdi.