Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Ölüm qədər sadə», sayfa 4

Yazı tipi:

–Ekstrasenslərin köməyi ilə bizim uğur qazandığımız halları barmaqla saymaq olar.

– Düz deyil və sən bunu çox gözəl başa düşürsən.

– Roy, mən bircə şey başa düşürəm. Sən ağıllı adamsan. Mən bilirəm ki, sən qeyri-normal təzahürləri öyrənməyə çox vaxt sərf edirsən və buna inanırsan. Mən sənin otağında kitabları görmüşəm və standart düşünməyən polis zabitlərinə hörmət edirəm. Lakin bizim cəmiyyət qarşısında borcumuz var. Bağlı qapı arxasında baş verənlər bir şeydir, bizim kütləyə təqdim etdiyimiz isə tamamilə başqadır.

– Elison, axı camaat da inanır! 1925-ci ildə alimlər arasında sorğu apardılar. Onlar soruşurdular: Allaha inanırsınız? 43 faiz bəli cavabı verdi. Eyni sorğunu 1998-ci idə də keçirdilər. Bilirsən nəticə necə oldu? Müsbət cavabı yenə də həmin 43 faiz verdi. Yeganə fərq o idi ki, inananlar içərisində daha az bioloq var idi. Əvəzinə riyaziyyatçilar və fiziklər üstünlük təşkil edirdi. Başqa bir sorğu da keçirildi, lakin keçən il. İnsanlardan soruşurdular ki, onların həyatına hansısa fövqəltəbii hadisə baş verib ya yox. 90 faizi bəli cavabı verib, –Roy masaya tərəf əyildi.

–Roy, sakinlər inanmaq istəyir ki, polis cinayətlərin axtarışı üçün vergi verənlərin pulunu cinayətkarların ənənəvi üsulla axtarışına sərf edir. İnsanlara düşünmək xoşdur ki, biz lupa ilə DNT nümunələri və barmaq izləri tapmaq üçün sürünürük, bizim çoxlu ekspertlər olan laboratoriyalarımız var. Biz gecə və gündüz tarlaları təmizləyirik, bataqlıqları quruduruq və qapıları döyərək şahidləri dindiririk. Onlara bilmək vacib deyil ki, biz Brayton körpüsünün yanında müştəri qəbul edən xanım Arkata ilə məsləhətləşirik. Büllur şara baxırıq və boşqab fırladırıq. Vergi verənlər elə güman edirlər ki, digər dünyaya müraciət edərkən biz boş yerə öz qızıl vaxtımızı itiririk. Qədim xarabalıqları gəzən Hamlet kimi ruhlarla danışan polis güvən vermir. Başa düşürsən sözü nəyə gətirirəm?

– Bəli, başa düşürəm. İcazə ver, səninlə razılaşmayım.

– Bizim işimiz cinayəti araşdırmaqdır. Və biz istənilən əl altında olan vasitələrdən istifadə etməliyik.

Elison inadla başını buladı:

– Onsuz da, biz bütün cinayətləri aça bilmərik və bununla razılaşmalıyıq. Lakin cəmiyyətə əminlik təlqin etmək lazımdır. Lazımdır ki, insanlar öz evlərində rahat yatsınlar və küçələrdə qorxmadan gəzsinlər.

– Boş söhbətdir. – Qreys hiddətləndi. – Sən çox gözəl anlayırsan ki, statistikanı manipulyasiya etmək asandan da asandır. – Sözünü bitirməmiş artıq özünü saxlaya bilmədiyi üçün peşman oldu.

Müdir ona soyuq və kinli bir təbəssüm bəxş etdi.

– Qoy hökumət daha 100 milyon funt ayırsın ki, biz Sukkensdə cinayətin kökünü kəsək. Hələlik isə, bizə bir şey qalır, o da daha ağıllı tərzdə vəsaitləri bölüşdürək.

– Mediumların qiyməti ucuzdur, – Qreys yenə çiyinlərini çəkdi.

– Əvəzində onlar bizə güvən verirlər. – Elison Vosper nəzərlərini qəzetlərə çevirdi. – Ekstrasenslər məhkəmə tədqiqatlarının nəticələrini təhlükə altında qoyanda onlar çox baha başa gəlir. Mən yetərincə aydın danışıram?

– Aydın olmasa da yetərincə yüksəkdən danışırsan, – Roy özünü kobudluqdan saxlaya bilmədi. İndi Elison onu qıcıqlandırırdı.

Əgər ona qadın tərəfindən qurulmuş sorğu-sual bu qədər dözülməz idisə, yəqin o, islaholunmaz şovinist idi.

– İcazə ver, mən daha aydın ifadə edim. Bu gün sənin bəxtin çox gətirib ki, səni işdən atmayıblar. Şef sənin hərəkətinə heyran deyil. O qədər əsəbiləşib ki, səni birdəfəlik aktiv işdən kənarlaşdırıb və işinin sonuna qədər yazı stoluna mıxlayacağı ilə təhdid etdi. Sən buna çalışırsan?

– Yox.

– Onda gic əməllərindən əl çək və unutma ki, sən polis işçisisən.

13

Polisə gəldiyi müddətdən Roy Qreys birinci dəfə idi ki, özünə belə bir sual verirdi: Qanun keşikçisi olmaq bu qədər vacibdir? Uşaqlıqdan o, başqa heç nə arzulamırdı, elə böyüdükcə də başqa bir sənət haqqında da düşünməyib.

Atası Cek cinayət işləri üzrə polis müfəttişi vəzifəsinə qədər yüksəldi. Zabitlərdən yaşca böyük olan bir nəfər qocanı hələ də xatırlayırdı və onu mehribanlıqla yad edirdi. Uşaqlıqda Qreys atasını çox sevirdi. Onun hekayələrini dinləməyi, polis avtomobilində gəzməyi, onunla işə getməyi sevirdi. Körpə Roya atasının sənəti parlaq və macəralarla dolu görünürdü-başqa oğlanların atalarının işlərindən çox maraqlı.

Onda Qreys bütün polis seriallarına baxır, mümkün olan detektiv və döyüş kitablarını oxuyurdu. Şerlok Holmsdan Ed Makbeynə qədər. Demək olar ki, fotoqrafik yaddaşa malik idi. O, tapmacaları, başsındran, bağlamaları çözməyi sevirdi və bununla da nadir güclü oğlan kimi böyüyüb. Atasının söhbətlərindən sonra Roy dəqiq əmin idi ki, guya polislər bir ailədir və bu ailədən güclü dostluq və yoldaşlıq hissi inkişaf etmişdir.

Lakin bu günkü kimi günlərdə o başa düşürdü ki polislərin işi yalnız imkanları çərçivəsində iş aparmaq deyil, həm də heç yerə qaçılmayacaq uğursuzluqlara uyğunlaşmaqdır.

Müasir siyasi dünyada hüquq-müdafiə orqanları zabiti tez-tez özünü siyasi piyada kimi hiss etmək məcburiyyətindədir. Cinayət axtarış şöbəsində bütün gənc superintendentlər arasında Royun vəzifəsinin ikinci pilləyə qədər qaldırılması axırıncı üç ayda ona zövq verirdi. İndi isə yüksək rütbə ona zəhər dolu fincan kimi görünürdü.

Xidmətdə yüksəliş Braytonun mərkəzindəki səs-küylü, Royun demək olar ki, bütün dostları işlədiyi bölmədən nisbətən daha sakit yerə şəhər kənarında yerləşən yaxın zamanlarda təmir edilmiş və Susseks polisinə qərargah olaraq verilmiş keçmiş sənaye zavoduna keçirilmişdi.

Otuz il xidmətdən sonra təqaüdə getmək olar. Necə işlədiyin vacib deyil, əgər bu üç onilliyi dözə bilsən ömrünün qalan hissəsini ac qalmayacaqsan. Lakin Roy öz kariyerasını bu cür təsəvvür etmirdi. Hər halda adətən o buna başqa cür yanaşırdı. Lakin bu günkü gün onun qanadlarını xeyli sındırdı və göstərdi ki, əslində işlər nə yerdədir. Masanın arxasında beli bükülmüş vəziyyətdə oturaraq elekton poçtuna yeni məktubun gəldiyini bildirən səsə belə fikir vermədən, Roy düşünürdü ki, qaydalar dəyişib. Qara çörəkdən hazırlanmış içərisində yumurta və vəzəri olan sendviçi yeyərək Roy Sureş Xosseynin məhkəmə işinin stenoqramlarına baxırdı. Həyat yerində durmur. Gah yaxşıya doğru, gah da o qədər də yaxşı olmayan istiqamətə dönür. Bircə il də keçsin 40 yaşı tamam olacaq. Saçlarında artıq ağlar yaranıb.

Onun yeni kabineti isə çox darısqaldır. Üç yığın dəbli firma alışqanlarının kolleksiyası pəncərə ilə masa arasındakı rəfdə birtəhər səpələnmişdi. Mənzərə isə Elison Vosperdə olduğu kimi çəmənliyə deyil, İƏK-in kameralarına və dayanacağa açılırdı. Kürəyinin arxasındakı divarda böyük dairəvi taxta saat yerləşirdi.

London İst-Endinin bölməsi haqqında çəkilmiş məşhur polis işi teleserialında çəkilmişdi. İyirmi altı yaşı tamam olanda saatı ona Sendi hədiyyə etmişdi. Saatın altında bir neçə il əvvəl İrlandiyada tutduğu min yeddi yüz funtluq və altı unsiya18 ala balıq müqəvvası nəzərə çarpırdı.

Qreys bilərəkdən onu saatın altından asmışdı ki, iş tabeçiliyində olanları nəzarətdə yaxşı saxlasın, zəhmətsiz göldən balıq çıxarmaq olmaz misalı.

Müqəvvanın hər iki tərəfində çərçivəyə salınmış bir neçə sənəd və “Bramsxil polis kolleci Ağır və silsilə cinayətlər bölməsi 1997-ci il” yazılan qrup rəsmi operativ bölmənin işçilərindən doğuşdan rəssam olan biri tərəfindən şəklə çəkilmiş iki karikatura… Qarşı tərəfdəki divar isə kitab dolu rəflər (əsasən də məxfi kitablar) və sənəd qovluqları tutmuşdu.

“L” hərfi formalı yazı masasına bilgisayarlar, daxil olan və göndərilən sənədlərlə dolu tabaqlar, vacib və o qədər də vacib sayılmayan məktub yığınları və nəhayət, kalambur adlandırılan “Coşdurulmuş dünya” adlı daktiles-kopislərin jurnal nömrəsi doldurmuşdu. Bütün bu qarmaqarışıqlığın üzərində isə çərçivəyə alınmış kəlam hakimlik edirdi: “Biz öz imkanlarımız səviyyəsinə qalxmırıq, öz bəhanələrimiz səviyyəsinə enirik”.

Qalan yeri isə televizor, videopleyr, dairəvi masa, dörd stul, bir yığın qovluq, sadə kağız bir də içərisində cinayətə baxmaq üçün bütün vasitələr olan dəri yol çantası tuturdu. Masanın üstündə açıq keys, yanında cib telefonu, diktofon və bir yığın dünən evə gətirdiyi şifrələri açılmış stenoqramlar var idi.

Roy yeyib qurtarmadığı sendviçi zibil səbətinə atdı, iştahı qaçmışdı. O kiçik qurtumlarla fincandan qəhvə içərək axırıncı elektron məktublara baxırdı, sonra isə Susseks polisinin saytına daxil oldu və sələfləri tərəfindən araşdırıldıqdan sonra ona çatdırılan iş siyahısının fayllarını açdı.

Hər birində açılmamış qətllərin təfsilatı olan və bəlkə də, daha artıq qovluq dolu qutulardan yığcam idi. Əks təqdirdə bu qovluqlar elə döşəmədə də qalaqlanıb qalacaqdılar, dolablardan töküləcəkdi və ya qətl törədilmiş bölgədəki qarajda kif basmış halda olacaqdılar. Qovluqlarda cinayət yerindən çəkilmiş şəkillər, ekspertlərin hesabatı, toplanmış dəlillər şahidlərin ifadələri və digər məlumatlardan ayrılmış və rəngli lentlə bağlanmış məhkəmə zalında olan stenoqramlar var idi. Yeni öhdəliklərə qraflığın ərazisində baş vermiş açılmamış qətllərin yenidən öyrənilməsi bu və ya digər araşdırmalar ilə məşğul olan polis bölmələri ilə əlaqə yaratmaq daxil idi. Ola bilər ki, keçən illər ərzində hansısa dəyişikliklər baş verib və onların nəticəsi olaraq işləri yenidən açmaq olardı. Bir çox qovluqların tərkibini Roy Qreys ona məktəbdə və polis kollecində imtahanları verməyə kömək etmiş fotoqrafik yaddaşın hesabını əzbər bilirdi. Qovluqdakılar onun üçün sadəcə alınmış insan həyatları indiyə qədər azadlıqda gəzən cinayətkarlar deyildi. Hər bir açılmamış iş Qreysin zəif damarı idi: axı qətlə yetirilmiş insanın ailəsi keçmişi basdıra bilməzdi və sirr açılmamış qalırdı və haqq-ədalət öz yerini tapmamışdı. Belə ki bəzi işlərin artıq otuzdan yuxarı yaşı var idi. Roy başa düşürdü ki, ümid yalnız qətlə yetirilənlərin qohumlarına qalır. Riçard Ventnor homoseksual-heyvan həkimi öz otağında on iki il əvvəl ölənə qədər döyülüb. Syuzan Dauni-gözəl gənc qız zorlanmış və boğulmuşdur, 15 il əvvəl onun meyitini kilsə qəbiristanlığından tapıblar. Pamela Çizxolm varlı dul qadın xarab edilmiş avtomobildə ölmüş halda tapılmışdı, lakin zədələr heç də yol qəzası hadisəsinə xas deyildi. 9 yaşlı hindli oğlan Pratar Qokalın yoxa çıxmış şübhəli bilinən pedofilin mənzilindən döşəmənin altından tapılmış skeleti. Uzun siyahıdan cəmi bir neçə iş....

Qurbanların cənazəsi dəfn edildi və şərtlər onlar üçün də dəyişdi. Təhqiqat metodikasında əsaslı dəyişikliklər baş verib, indi DNT analizinin köməyilə yeni şübhəliləri və yeni dəlilləri üzə çıxarmaq olar.

İnternet ünsiyyəti yetərincə sadələşdirib və genişləndirib. Qanunlar dəyişib. Yeni şahidlər peyda olur. İnsanlar boşanır, dostları ilə dalaşır. İyirmi il əvvəl bir-birinin əleyhinə ifadə vermək istəməyən evli cütlüklər indi bir-birilərinə nifrət etməyə başlayıblar. Qətl haqqında işləri heç vaxt bağlamırlar. Sadəcə onları “sallaq” adlandırırlar.

Telefon zəng çaldı. Ona kömək edən rəhbər köməkçisi həm də bilavasitə rəis olan Elison Vosperə kömək edən xanım, məlumat verdi ki, operativ bölmədən zəng vurublar. Detektivlə birləşdirsin, ya yox? Siyasət getdikcə Roy Qreysi daha çox qıcıqlandırırdı, əsasən də polisdə. Yaxın vaxtlara qədər onları sadəcə katibə adlandırırdılar, indi isə rəhbər köməkçisi. O calaşdırmağı xahiş etdi və bir saniyədən sonra telefonda Qlen Brensonun tanış səsi eşidlidi. Ağıllı, fanatikcəsinə öz işinə sadiq olan çavuş detektivlə Qreys əvvəllər dəfələrlə bir yerdə işləyib. Hər şeydən əlavə olaraq filmə aid olan hər şeydə Qlen canlı ensiklopediya idi. Qlen Brenson Qreysin xoşuna gəlirdi, bəlkə də çavuş onun ən yaxın dostu idi.

– Roy, işlər necədi? Sənin haqqında oxudum, oxudum…

– Daha səsini kəs. Nə lazımdır? Necəsən? Yaxşısan?

– Sən indi məşğulsan?

– O baxır sən nəyi nəzərdə tutursan?

– Heç olmasa bir dəfə suala sualla cavab verməməyə səy göstərmisən?

Qreys gülümsədi:

– Bəs sən?

– Qulaq as, burda bir xanım məni bezdirib. Onun nişanlısı yoxa çıxıb. Guya oğlan toyu olub, orda nəsə baş verib. Qısası çərşənbə axşamından yoxdur, yoxa çıxıb.

Qreys alnını qırışdıraraq, bu gün hansı gün olduğunu yadına saldı. “Aha, cümə axşamı. Hə nə olsun”.

– Mən elə bildim ki, sən məhkəmədəsən. Cib telefonuna zəng vurdum lakin o, söndürülmüşdü.

– Mən nahar edirəm. Məhkəmədə fasilədir. Hakim Driskol müdafiənin təqdim etdiyi sənədlərə baxır.

Məhkəmə prosesinin əsas çatışmazlığı odur ki, çox vaxt alır. Qreysin rəhbərlik etdiyi istintaq bütün təhqiqat zamanında daim ya məhkəmə binasında, ya da əlaqədə olmalıdır. Bu prosesin isə üç ay uzanma ehtimalı var və vaxtın çox hissəsini də məsələnin ətrafında fırlanmaq aparacaq.

– Mənə elə gəlir ki, itkin düşmək sadə məsələ deyil – Qlen Brenson davam etdi. Mən sənin beynini də tərpətmək istəyirəm. Bu gün axşam boşsan?

İstənilən başqa birinə Qreys “yox” cavabı verərdi, lakin o bilirdi ki, Qlen Brenson avara deyil. Bundan əlavə, lənət şeytana, indi o, nə bəhanə ilə olur-olsun, bu kabinetdən qaçmaq istəyirdi, hətta murdar havaya baxmayaraq.

– Əlbəttə, mən bir az vaxt oğurlayaram.

– Əla. – Bir az susaraq Qlen Brenson davam etdi: qulaq as, o oğlanın mənzilində görüşək. Mənə elə gəir ki, sən ora baxmalısan. Mən açarı taparam və səni orda gözləyərəm.– Brenson ünvanı söylədi. Qreys saata baxdı, orqanayzerlə tutuşdurdu.

– Gəl beşin yarısı görüşək oldu? Bir-iki qədəh də içərik.

– Məgər sənə üç saat lazımdır ki… Ancaq bağışla, sənin yaşlarında çətin ki, tapmaq olsun. Sağ ol.

Qreys diksindi. O, kimsə qarşıdan gələn qırxilliyi yadına salanda sevmirdi. Roy bu cizgini təsəvvür etmirdi. Bu yaşda yekun vurmaq qəbul olunub. Haradansa oxuyub ki, insan 40 yaşdan sonra müəyyən quruluş-forma alır və sona qədər də bu cür gedir. Otuz səkkiz – bu hələ yaxşı idi. Lakin 39 yaş özündən asılı olmayaraq artıq qarşıdan gələn yubiley haqqında düşünməyə vadar edirdi. Amma bu yaxınlara qədər qırx yaşlıları qoca hesab edirdi. Lənət şeytana! Qreys yenidən “sallaqların” siyahısına baxdı. Hərdən açılmamış cinayətlərin qurbanları ona canlı insanlardan daha yaxın olurdu. Ondan əl çəkməyən iyirmi ruh onların qatillərini cavab verməyə məcbur etməsi üçün yalvarırdı. Onlar daim oyaq olanda Royun düşüncəsində yığışırdılar, hərdən isə yuxusuna da girirdilər.

14

Qreysin iş maşınından istifadə etmək hüququ var idi. Lakin özünün “Alfa-Romeo 147”-sinə üstünlük verirdi. O, öz avtomobilini sevirdi: cod oturacaqlar, rəvan keçid, dözümlü salon, funksionallığı, qulaqbatırıcı səslə işlənmiş qazın çıxması, dəqiqlik hissi, ləvazimat lövhəsində parlaq daimi ləvazimat komplekti. Avtomobili onun xasiyyətinə uyğun gəlirdi.

Enli, qalın fırçalar ön şüşədəki su şırnağını təmizləyirdi, təkərlər yaş yolda xışıldayırdı, stereomaqnitofondan Elvis Kostelin öz-özünə danışığı eşidilirdi. Bort bilgisayarının göstərişlərinə əsaslanaraq Qreys təpədə yolu kəsdi, sonra isə aşağıya, vadiyə doğru endi.

Yağış örtüyünün arxasında Brayton və Houvun dənizkənarı şəhərətrafı kurort qəsəbələri başlayırdı. Uzaqda köhnə səmt Şorem elektrik stansiyasının borusu yüksəlirdi. Bir az uzaqda isə demək olar ki, səma ilə birləşən La-Manşın boz zolağı parıldayırdı. Burada Breyton küçələrində də elə o böyüyüb. Olurdu ki, atası ona yerli tör-töküntülərin adlarını çəkirdi: narkotika alverçilərinin, massaj salonlarının sahiblərinin, bəzənib düzənmiş antikaların, mebel və şəkillərin, möhtəkirlərinin. Vaxtilə bu yerdə qaçaqmalçıların kəndi yerləşib. Sonra 4-cü Georgi burada, öz sevgilisinin evindən bir neçə yüz yard aralıda saray tikdirib. Hansısa üsulla Brayton bir tərəfdən öz cinayət aləmində öz şöhrətini saxlayıb, bir tərəfdən isə şəhər imicini qoruyub. İstirahət günləri sevgililərinin yanına qaçmaq xoş idi. Qreysin fikrinə görə bu özünəməxsusluqlar Brayton və Houva kömək edirdi ki, adi ingilis kurort əyalətinə çevrilməsinlər. O, dönmə işığını yandırdı və bort bilgisayarını bağladı.

Qrassmir-Kort qırmızı kərpicdən çoxmənzilli bina idi. Zəngin və dəbli Houv rayonunda 30 il əvvəl tikilmişdi. Fasad yola çıxırdı, arxada tennis klubu yerləşirdi. Sakinlərin orta yaş həddi 25-35 yaş arası dəyişirdi. Əsasən, burada uğurlu kariyera quran subaylar yaşayırdılar, lakin gənc imkanlı təqaüdçülər də nəzərə çarpırdı. Daşınmaz əmlak agentliyi Qrassmir-kort yaşayış kompleksini biznes klasa aid edirdilər.

Hündür və keçəl, qara dərili Qlen Brenson qalın uzun papaqlı gödəkcədə, meteorit kimi, artırmada gözləyirdi. Qreys çatanda o, cib telefonu ilə danışırdı. İndi o, polisdən daha çox narkotik alverçisinə bənzəyirdi. Qreys gülümsündü. İllər uzunu məşq zalında keçirdiyi məşğələlər nəticəsində nəzərəçarpan əzələlər, ona, teleaparıcı Klayv      Ceymsin, Arni Şvastneqer haqqında dediyi sözləri xatırlatdı: “yunan qozu ilə doldurulmuş prezervativ”.

– Salam qoca! – Brenson onu salamladı.

– Kəs səsini mən səndən cəmi 7 yaş böyüyəm, – Qreys güldü. – Vaxt gələcək sənin də 39 yaşın olacaq onda anlayacaqsan ki, bu gülməli deyil.

Onlar əllə görüşdülər, sonra Brenson üzünü turşutdu.

– Pis gündə görünürsən, ciddi deyirəm.

– Açıq olmaq hamıya yaraşır

– Hə, ancaq səhər qəzetlərində sənin soyadını böyük hərflərlə dərc ediblər və mən istər-istəməz gördüm.

– Yer üzünün başqa sakinləri kimi.

– Bilirsən dostum, sən qoca olmaq üçün ağılsızsan.

– Nə, nə? Ağılsız?

– Qreys sən ağıllanmırsan. Hasarın arxasından boylanmağa davam et və bir dəfə sənin başını üzəcəklər. Hərdən mənə elə gəlir ki, sən mənim tanışlarım arasında nadir ağılsızsan. – Çavuş giriş qapısını aralayaraq tamamilə açdı.

– Çox sağ ol, sən təsəlli verməyi çox yaxşı bacarırsan. –Qreys dostunun arxasınca küçə qapısına yaxınlaşaraq dedi. O an da üzünü turşutdu. Hətta gözləri bağlı da köhnə binanın girişinə daxil olduğunu müəyyənləşdirmək çətin deyil.

Eyni iyrənc çırpılmış xalça, köhnə rəng, bişmiş kələm qoxusu… Lifti gözləyənə qədər o soruşdu, yoldaşın necədir?

– Yaxşıdır.

– Bəs uşaqlar?

– Semmi əla oğlandır. Remi isə fərsizdir. – Brenson zəngi basdı.

– Qlen, heç nə elə deyildi. Müxbirlər hər şeyi yalan yazıblar.

– Bilirəm qoca, çünki mən səni tanıyıram, müxbirlər isə tanımırlar. Tanısaydılar onlar sənə tüpürməzdilər də. Onlara bişmiş dəlillər lazımdır. Sən isə o qədər səfeh oldun ki, onları dadlı tikə ilə yedizdirdin.

Onlar 7-ci mərtəbədə kabinədən çıxdılar. Mənzil dəhlizin sonunda yerləşirdi. Brenson qapını açdı. Mənzil böyük deyildi: birləşdirilmiş qonaq-yemək otağı, nazik qranit lövhə ilə örtülmüş paslanmayan qabyuyulan və iş masası olan mətbəx, iki yataq otağı, birini ev sahibi iş otağına çevirmişdi. Orada yazı masası və “İ Mac” bilgisayarı dururdu. Kabinetin qalan hissəsini kitab rəfləri tuturdu. Əsasını ucuz tərtibatlı üz qabıqları təşkil edirdi. Binanın hüznlü fasadı və ağardılmış pilləkənləri ilə müqayisədə Mayklın evi içəridən təmiz və müasir görünürdü. Boz qatqılı ağ rənglə rənglənmiş divarlar, avadanlıq moderndir. Görünür, ev sahibi yapon dizaynı ilə maraqlanır. Yastı divarlar, divarlarda sadə qravürlər, düz ekranlı televizor, altında DVD pleyr və qəribə uzun və qısa səsucaldıcı sütunları olan musiqi mərkəzi. Yataq otağında yığışdırılmamış yumşaq taxt, qəşəng yana sürüşdürülən qapıları olan dolab, televizor və alçaq çarpayı tumboları, müasir xay-tek dəbli lampalarla bəzədilimşdi. Döşəmədə “Nike” firmasının id-man ayaqqabıları atılmışdı.

Qreys:

– Pis daxma deyil.

– Aha, – Brenson təsdiqlədi, – “Həyat gözəldir”.

Qreys təəccüblə dostuna baxdı.

– Belə bir film var. – Brenson izah etdi.

– Mən bu filmə baxmışam. Kabel televiziyası ilə baxdım.

– Bu əla bir şeydir.

– Sən bu filmi görmüsən ?

Qreys başını tərpətdi. Hadisələr həbs düşərgəsində baş verir. Ata oğluna deyir ki, bu belə bir oyundur. Əgər onlar qalib gəlsələr onda onlara əsl tank hədiyyə edəcəkər. “Şindlerin siyahısı” və “Pianoçu” filmlərindən daha çox tanınır.

– Məlumatım yoxdur.

– Hərdən düşünürəm ki, sən hansı planetdən gəlmisən?

Qreys çarpayının yanındakı çərçivədəki şəklə baxdı. Yaraşıqlı sarışın 28 yaşlarında gənc adam qara futbol maykası və cins şalvarda, təxminən öz yaşlarında olan qara tünd saçlı qızın çiyinlərindən qucaqlamışdı.

– Bu odur?

– Hə, onlar Maykl Harrison və Eşli Harper. Gözəl cütlükdür, düzdür?

Qreys şəkli nəzədən keçirərək təsdiqlədi.

– Onlar şənbə günü ailə qurmalı idilər. Ən azından hazırlaşırdılar.

– Yəni?

– Əgər o peyda olsa. Hələ ki, işlər o qədər də yaxşı deyil.

– Deyirsən onu çərşənbə axşamının gecəsindən görməyiblər? – Qreys pəncərədən baxdı. Geniş yaş yol maşınla dolu idi. Avtobus tıxacda asta-asta manevr edirdi. – Onun haqqında sənə nə məlumdur?

– O yerlidir. Tərbiyəli ədəbli vətəndaşdır, iş icraçısıdır. İşləri pis getmir. Şirkət “W M Properties” adlanır. Mark Uorren adlı şəriki var. Bu yaxınlarda Şorem yaxınlarında mövcud olan köhnə uçulmuş anbarı yenidən tikiblər. Otuz iki mənzillik bina tikiblər və bütün mənzillər hələ tikinti bitməmiş sürətlə satılıb. Artıq 17 ildir ki, biznesdədirlər, xeyli yer tikiblər, hərdən söküb yenidən təmir ediblər, bəzən isə sıfırdan başlayıblar. Qız isə Mayklın katibəsidir, ağıllı və əsl gözəlçə.

– Səncə, o qaçıb?

Brenson başını tərpətdi.

– Çətin ki.

Qreys masanın üstündən şəkli götürdü və baxdı.

– Hm… belə biri ilə mən də evlənərdim!

– Mən də eyni fikri deyirəm.

Qreys qaşqabağını tökdü.

– Bağışla, mənim fikrim bir az dağınıqdı, günüm ağır keçib.

– Sən onunla evlənərdin?

– Mən subay olsaydım… İstənilən kişi onun arxasından dünyanın axırına belə gedərdi, düzdür?

– Qız sadəcə əladır.

– Necə yəni?

Qreys heyrətli halda dostuna baxdı.

– İlahi, qoca, sən tutma qabiliyyətini itirirsən.

Özünü əsəbi göstərərək Brenson nərildədi: – Nədi? Heç siçan tuta bilmirsən?

– Ola bilər, – Qreys razılaşdı.

– Nəyə işarə edirsən?

Brenson başını tərpətdi.

– Əgər sən şənbə günü bu balaca boyla evlənməli olsaydın qaçardın?

– Mən dəliyəm?

– Əgər o qaçmayıbsa onda hardadır?

Qreys fikrə getdi.

– Telefonda sən hansısa oğlan məclisindən danışırdın, hansısa zarafat alınmamışdı elə bil.

– Nişanlısı mənə elə dedi.

– Mən də o an bu barədə düşündüm. Olur ki, bəyin dostlarının təxəyyülü genişlənir. O dünən peyda olmayanda mənim ağlıma bu gəldi. Lakin iki gün yoxa çıxmaq…

– Bəlkə qorxub? Ya da başqası var?

– Hər şey ola bilər gedək, mən sənə başqa bir şey də göstərəcəm.

Qreys dostunun arxasınca qonaq otağına keçdi. Brenson monitorun arxasında əyləşdi və klaviaturanı taqqıldatdı. Bilgisayarın ustası idi. Qreysin də texnika və müxtəlif alətlərdən başı pis çıxmırdı, lakin Brenson bir neçə il ondan irəli idi.

Ekrana belə bir yazı gəldi: “şifrəni daxil edin”. Brenson klaviaturaya lap bərk döyəclədi və bir saniyə sonra monitor rəqəmlərlə doldu.

– Sən bunu necə edirsən? – Qreys təəccübləndi. – Şifrə səndə hardandır?

Brenson rişxəndlə ona baxdı.

– Heç bir şifrə yoxdur. İnsanların çoxu şifrə daxil etmək tələbini görürlər və ona uyğun olmağa çalışırlar. Lakin o, bilgisayarı tək işlədirsə, şifrə onun nəyinə lazımdır?

– Mən heyrət içindəyəm. Sən əsl bilgisayar dahisisən.

Tərifi qulaq ardına vuraraq, Brenson dedi:

– Mən istəyirəm ki, sən buna baxasan. Qreys əmrə tabe olaraq ekranın qarşısında əyləşdi.

15

Cəmi bir neçə mil onlardan aralıda Mark Uorran da bilgisayarın arxasında əyləşmişdi. Monitorun sağ aşağı küncündə saat 18:10 dəqiqəni göstərirdi. Köynəyin qolu qatlanmış, yanında unudulmuş südlü köpüyü olan kapuçino fincanı.

Adətən boş olan kabinetdəki masa, hansını ki, o, Maykl Harrisonla bölüşürdü 7 il idi ki, sənəd qalağı ilə doldurulmuşdu. “W M Properties” şirkəti hökumət naibliyi dövrünün altımərtəbəli dar binanın 4-cü mərtəbəsini tutmuşdu. Brayton dəmiryol vağzalının yaxınlığında yerləşirdi. Bu ev onların ilk layihəsi idi. İş otağını nəzərə almasaq həmin mərtəbədə müştərilər üçün zal, çox da böyük olmayan qəbul otağı, kiçik mətbəx var. Avadanlıq müasir və funksionaldır. Divarlarda Mayklla birgə sahibi olduqları üç yarış yaxtasının rəsmləri asılmışdı. Yaxtaların görünüşünə əsasən şəriklərin yaxşı güzəran keçirdiklərini anlamaq olardı. Əvvəlcə onlar daha sadə olan “Nikolson-27” yaxtasını, “kontessa 33” və nəhayət, təmtəraqlı “Oyster-42” ni əldə ediblər. Hansı ilə ki, son vaxtlar yazılmış kisə kimi rəftar edirdilər. Divarları həm də onların layihələrinin rəsmləri də bəzəyirdi. Şorem limanında Pakqouz 32 mənzilli yaşayış binası, 10 mənzilli evə düzəldilmiş hökumət naibliyi dövrünün Keyptaundakı dənizkənarı köhnə hoteli, arxa həyətindəki iki tövlə və son layihələri – ən iddialısı, beş akrlıq mənzərəli meşə sahəsi – şəriklər burada 20 ev tikmək üçün icazə almışdılar.

İki yuxusuz gecədən sonra qarşıda kazino və ucuzlaşdırılmış xalçalar satılan dükan var idi. Günəşli günlərdə qəşəng qızların necə gəzməsinə buradan tamaşa etmək gözəl olurdu. Lakin indi dayanmadan yağış yağırdı, keçənlər işlərinin ardınca tələsirdilər, çətir və yaxası qaldırılmış gödəkçələrin altında əllərini ciblərinə salaraq gizlənirdilər. Lakin Mark qarşısında duran məsələdən başqa heç nə haqqında fikirləşə bilmirdi.

Bütün gün hər 10 dəqiqədən bir o, Maykılın cib telefonuna zəng vururdu və hər dəfə də avtocavablayıcı ilə qarşılaşırdı. Əgər telefon söndürülməyib və ya batareya zəifləməyibsə, bu o deməkdir ki, Maykl hələ də oradadır. Heç kəs, heç nə eşitmirdi.

Qəzanın vaxtlarını nəzərə alsaq, dostları onu srağagün basdırıblar, saat 10 radələrində. Artıq 48 saat keçib.

Şəhər telefonunun boğuq səsi gəldi. Mark axırıncı iki sutka ərzində əsəb sarsıntıları və səsindəki titrəyişi gizlədərək dəstəyi götürdü.

–“W M Properties”

– Salam, – tanımadığı kişi onu salamladı.

– Mən Eşdaun Flidzzdə tikinti ilə əlaqədar zəng edirəm. Sizdə prospekt, yaxud qiymət vərəqi var?

– Təəssüf ki, cənab hələ də yoxdur. – Mark cavab verdi. – İki həftədən sonra olacaq. Bizim internet saytımızda məlumat var, yoxsa artıq görmüsünüz? Əgər istəyirsinizsə özünüzü təqdim edin, sizə zəng vurarlar. – Adətən kimsə əvvəlcədən tikinti ilə maraqlanırdısa o, qürur hissi keçirirdi. Lakin hazırki satış onu maraqlandırmırdı.

Daxil olanlar. Göndərilənlər. Səbət. Qalan bütün qovluqlar. Bütün elektron məktubların mətnini silmək mümükün deyildi. Onlar onsuz da serverin yaddaşında hardasa aralardan kiberməkanda qalır. Bax ora baxmaq kiminsə ağlına gəlməz. Birdən gəlsə?

O, axtarış proqramının açar sözlərini sözbəsöz yığırdı. Maykl. Oğlan məclisi. Coş. Pit. Robbo. Lyuk. Eşli. Planlar. Cəza əməliyyatı. Bütün ehtimalları nəzərə alaraq, o, lazım olan bütün faylları silirdi. Coş reanimasiyada ağır vəziyyətdədir, yəqin ki, ciddi şəkildə beynindən zədələnib. Əgər sağ qalsa, çox güman ki, iflicdi. Mark boğazına dirənmiş qəhər dolu düyünü uddu. O, Coşu 13 yaşından tanıyır. Onlar bir yerdə Varandin məktəbində oxuyublar. Əlbəttə ki, Lyuk və Mayklla birgə. Pit və Robbo onların dəstəsinə sonradan qoşulublar. Onlar Brayton barlarının birində, 18 yaşları tamam olanda görüşmüşdülər. Mark kimi Coş da pedant və şöhrətpərəst idi. Hələ üstəlik də çox yaraşıqlı idi. Qadınlar həmişə onun ətrafında dolanırdılar, necə ki Mayklın ətrafında. Bəzilərinə hayatda hər şey hədiyyə olunur, başqaları isə onlar kimi olmaq üçün mübarizə aparmalı olurlar. Baxmayaraq ki, Mark hələ yaşlı deyil – 28 yaşı var, həyatı yetərincə bilir və anlayır ki, heç nə əbədi deyil. Ən yaxşı yırtıcılar ən səbirlilərdir. Səbrini toplasan və gözləməyi bacarsan gec-tez sənin də bəxtin gətirəcək.

Cənubi Amerikada yarasalar haqqında çəkilmiş sənədli film Markda böyük təəssürat yaratmışdı. Hansısa kiçik mikroorqanizmlər mağaranın döşəməsində bu heyvanların peyini ilə qidalanır. Sürfə mikroorqanizmi, böcək sürfəni, hörümçək böcəyi, yarasa isə hörümçəyi yedi. İdeal qidalanma zənciridir.

Yarasa ağıllıdır, ona lazım olan sadəcə qarnını boşaltmaq və gözləməkdir. Cib telefonu çağırdı. Mayklın anası bu gün üçüncü dəfədir zəng vururdu. Mark həmişəki kimi ədəblə və mehribanlıqla cavab verdi. Maykl haqqında hələ heç bir xəbər yoxdur deyə məlumatlandırdı. Dəhşətlidir, ancaq onun harda olduğu, ona nə olduğu təsəvvürünə gəlmir. Onlar sadəcə barları gəzəcəkdilər. O təsəvvür etmir ki, onun harda olduğu haqda məlumatı yoxdur.

– Sən düşünmürsənmi ki, o, başqa bir qadının yanında ola bilər? – Cill Harrison utancaqlıqla, öz xırıltılı səsi ilə soruşdu. Onunla həmişə pis yola getmirdi, mümkün olduğu qədər əlbəttə. Onun həyat yoldaşı hələ onlar Mayklla tanış olmamışdan qabaq qazdan zəhərlənmişdi. Maykl deyirdi ki, atasının ölümündən sonra özünə qapanıb mətbəxə çəkilib, orada da qalıb. Onların evlərindəki şəkillərlə müəyyən etsək, Cill Harrison gəncliyində əsl gözəl olub, son dərəcə qəşəng və sarışın. Amma Mark onu artıq başqa cür görmüşdü. Sarsılmış, vaxtından əvvəl saçları ağarmış, quru və dayanmadan çəkilən siqaretlərdən qırışmış üz dərisi.

– Mən hər şeyi mümkün hesab edirəm, xanım Harrison,– Mark cavab verdi, yavaşıdı, diqqətlə sözləri seçərək dedi. – Lakin o, Eşliyə heyran idi.

– O çox yaxşı qızdır.

– Hə çox təəssüf ki, o, işi atır. Bizim ondan yaxşı katibimiz olmayıb. Bir müddət şəkildə siçanla oynadaraq kursoru ekranda oynadırdı. Ancaq başa düşürsünüz, kişilər içkili olanda istənilən ağılsız hərəkətlərə qadirdir. – O anda da dediklərinə peşman oldu. Axı Maykl danışmışdı ki, atası özünü öldürəndə sərxoş olub. Dəstəkdə uzun müddət səssizlik oldu. Sonra isə Cill sakit halda dedi:

– Məncə yetərincə vaxt keçib və o, artıq, ayılmalı idi. Maykl xeyirxah və düzgün insandır. İçkili halda nə törətsə də heç vaxt Eşlini incitməz. Yəqin ki, ona nə isə olub, yoxsa mütləq zəng vurardı. Mən öz oğlumu tanıyıram – O, bir müddət susdu – Eşli dəhşətli haldadır. Sən ona göz qoy.

– Əlbəttə.

– Coş necədir?

– Dəyişiklik yoxdur. Zoyi daim xəstəxanadadır. İşlərimi bitirib ora gedəcəm, bir az onunla olacam.

– Sən bir məlumat əldə edən kimi mənə zəng vuracaqsan, elə deyilmi?

– Əlbəttə. – Mark dəstəyi asdı. Nəzərlərini masaya çevirdi, hansısa sənədi götürdü və birdən sənədin altındakı əşyaya diqqət elədi. Onun cib bilgisayarı. Marreni soyuq tər basdı… Lənət şeytana, fikirləşdi. Lənət şeytana! Lənət şeytana, lənət şeytana!

16

Superintendent Qreyslə ayrıldıqdan sonra “Voksnol”da yerləşən xidməti şəhərə geri qayıtdı. Salonda dezinfeksiya qoxusu gəlirdi: keçən dəfə avtomobildən istifadə edərkən orada ya yaralı olub, ya da kimsə qaytarıb. O, Brayton polisinin qəşəng, lakin təsiredici binasının arxasındakı adəti yerində avtomobilini saxlayıb, daxili xidmət qapısını itələdi və daş pilləkənlə onlarla həmkarları ilə birgə oturduğu otağa qalxdı. Yeddiyə 20 dəqiqə işləyirdi. Ciddi desək, onun bu həftə növbəsi saat 6-da bitirdi. Lakin narkotik yuvasına basqından sonra onun bir yığın kağız işi var idi və o işdən sonra qalmaq üçün icazə almışdı. Artıq pul da mane olmazdı. Ancaq bu gün bir saat 7-yə qədər oturmağı planlaşdırırdı. Eri növbəti özünütəkmilləşdirmə kursundadır. Bazar ertələri ingilis ədəbiyyatından mühazirələr dinləyir, cümə axşamları isə memarlıqla məşğul olur. Onların qızı Merri dünyaya gəldikdən sonra Eri dəli olmağa başladı, guya onun savadı çatmır və o uşaqlar böyüyəndən sonra onların suallarını cavablandıra bilməyəcək.