Kitabı oku: «Bozqurdlar», sayfa 2
Yüzbaşı İşbara Alp işlərin yoluna düşdüyünü görüncə əsgərlərinə bağırdı: “Haydı, qılınclarınızı yığın! Hər kəs öz qılıncını götürsün!” Əsgərlər hərəkətə gəldilər. Çaxan ildırımlar qılıncların bəzilərini parçalayıb dağıtmışdı. İşbara Alpın ən üstdə olan qılıncının, əvvəlkindən daha parlaq, daha iti olduğu görünürdü. Atlarını itirənlər axtarır, adları ilə səsləyir, fışqırıqla çağırırdılar. Uzaqdan kişnərti səsi eşidilir, bu dəhşətli bəladan sağ qalan atlar bir-bir, iki-bir ortaya çıxırdılar. Bəzilərinin atları geri dönmürdü, geri dönənlərin sahiblərindən isə bir çoxu artıq yoxdu. İşbara Alp qılıncının ildırımların zərbindən əvvəlkindən daha iti olduğunu görüb buna uca Tanrının onu əfv etməsi kimi baxırdı. Amma bu fırtına, bu dolu, bu sular, bu məhv olan əsgərlər…təzadlı mənzərəydi. Demək, Tanrı həm qəzəblənmiş, həm də bağışlamışdı. Yüzbaşı neçə adam öldüyünü öyrənmək üçün onbaşılara bağırdı:
− Onbaşılar ərlərini saysın!
Onbaşılar öz ətraflarına toplaşan əsgərləri saymağa başladılar.
İşbara Alp bir-bir soruşdu:
− Onbaşı Yamtar!
− Buyur.
− Əsgərlərin hamısı yerindədimi?
− Biri çatışmır.
− Onbaşı Süləmiş!
− Buyur.
− Əsgərlərin hamısı burdadımı?
− Biri əskikdir.
− Onbaşı Sancar!
− Buyur.
− Ərlərin hamısı burdamı?
− Bir əskik var.
− Onbaşı Pars!
− Buyur.
− Ərlərin hamısı burdamı?
− Hamısı.
− Onbaşı Göy Börü!
− Buyur.
− Ərlərin hamısı burdamı?
− Beşi əskikdir.
− Onbaşı Buğra!
12
Yüzbaşı İşbara Alp bu suala cavab almadı. Yenidən bağırdı:
− Onbaşı Buğra!
Qalın bir səs cavab verdi:
− Onbaşı Buğra cənnətlik olub.
− Ərlərinin hamısı burdadımı?
− Burdadır.
− Onbaşı Qara Budaq!
− Buyur!
− Ərlərinin hamısı burdadımı?
− Üçü yoxdur.
− Onbaşı Üç Oğul!
− Buyur!
− Ərlərinin hamısı burdadımı?
− Biri əskikdir.
İşbara Alp, onbaşıları sorğu-sual edərkən çatışmayan ərlərin sayını bilmək üçün bıçağı ilə ağac parçasının üstə xətt cızırdı. Sorğu bitincə çəkdiyi cızıqları saydı. On iki əsgər və onbaşı Buğra ölmüşdülər.
Günəş ətrafı isidirdi. Göydə qoyun yununa oxşar buludlar vardı. Gecə vaxtı təpədən-dırnağa qədər yaş olub üşüyən əsgərlər indi yavaş-yavaş quruyub isinirdilər. Hələ bir az öncə, atlıların toplandığı enişdə kökslərinə qədər qalxan, önünə gələni aparan, Göy Türk ordusunun on üç igidini udan su indi hardaydı? Hər şeyi bağrında əridən, yüz illərcə durmadan qanla bəslənən türk elinin bozqırlarının torpağı bu suları sanki bir anda içmişdi. İri quşlar uçuşur, incə bir buğ torpaqdan yüksəldikcə
yüksəlirdi.
İşbara Alp yeni bir göstərişlə əsgərlərini dünən gecə qaldıqları yerə aparmağa başladı. Yenicə
düzənliyə çıxmışdılar ki, qarşıdan bir atlının böyük sürətlə onlara doğru çapdığını gördülər. Kürən ata minmiş bir əsgər onlara çatmağa otuz addım qalmış atının başını çəkib bağırdı:
− Yüzbaşı İşbara Alp kimdir?
İşbara Alp atını irəli sürüb cavab verdi:
− Mənəm! Sən kimsən? Nə istəyirsən?
Atlı atından yerə atılıb yüzbaşını salamladı:
− Mən Bağatur Şadın at uşağıyam, Bağatur Şad tez geriyə, onun ordusuna dönməyinizi tapşırdı.
Çinə hücum olmayacaq. Çuluq Kağan zəhərlənib cənnətlik olub.
Atlı bir sıçrayışla yenidən atına mindi. Dumanlı bozqırda atını ildırım kimi sürməyə başladı.
Düzənlikdə çaparaq uzaqlaşan atın nal səslərindən başqa bir şey eşidilmirdi. İşbara Alpın əsgərləri arasında bir ölüm səssizliyi vardı. Donub qalmışdılar. Kimsə bir söz söyləmir, nəfəs almaqdan belə
çəkinirdi. İşbara Alp başını göyə qaldırdı. Keçən gecəki o uğursuz buludu axtardı. Boşuna atdığı oxu düşündü. Gecəki boranı, fırtınanı, dolunu göz önündən keçirdi; “Tanrı ulu kağanımızı əlimizdən almaqla bizdən üz döndərdi”, − dedi. Sonra rəngi saralan, amma səssiz-səssiz ona baxan əsgərlərinə
göstəriş verdi:
− Ardımca gəlin! Erkən çatmalıyıq!
Sonsuz düzənlikdə səksən yeddi atlı uçurdu. Çuluq Kağanın kiçik qardaşı Bağatur Şadın tabeliyində olan yüzbaşı İşbara Alp onun ardınca gedirdi. Dəqiqələr keçdikcə atların sürəti artırdı.
Atların quyruqları, əsgərlərin qumral saçları havada dalğalanırdı.
13
BAĞATUR ŞAD
Dörd yana xəbərçi göndərmişdilər, ətrafdakı bütün əsgərlər Bağatur Şadın ordusuna toplaşmışdı.
Artıq geriyə dönürdülər. Əvvəlcə Çuluq Kağanın öz ordusuna, oradan da Yurda köç edəcəkdilər.
İyrimi min atlı quzeyə doğru ağır-ağır gedirdi. Yüzbaşı İşbara Alp səksənaltı əsgəri ilə birlikdə bu dəstənin ortasında idi. Bütün ordu ağzına su almışdı. Çünki Çuluq Kağanın İçinq Katun tərəfindən zəhərlənib öldürüldüyünü öyrənmişdilər.
Onbaşı Yamtarla onbaşı Pars sıranın arxasında idilər. Yavaş-yavaş danışırdılar. Pars deyirdi:
− Çinli Katunun etdiyini gördünmü? Çinin altını-üstünə çevirəcəyimizi anlayınca kağanı zəhərlədi.
Yamtar belə cavab verdi:
− Bir şey anlamıram. Katun öz ailəsinin yenidən Çinə kağan olmasını istəmirdimi? Çuluq Kağan çinliləri məğlub edərək onun istəyini yerinə yetirəcəkdi. Elə isə hansı səbəbə görə Katun Kağanı zəhərlədi? Mənə elə gəlir ki, nəsə başqa bir səbəb var.
− Başqa nə səbəb ola bilər?
− Nə olacağını bilmirəm. Yəqin ki, bu qadın sorğu-suala çəkiləcək. O zaman səbəbi nə olduğunu biz də öyrənəcəyik.
− Bu qadının mütləq ölməsi gərəkdir. Heç şübhəsiz yay kirişi ilə onun nəfəsini kəsəcəklər.
− Kağanı zəhərləyən kim olursa-olsun, yay kirişi ilə öldürülə bilməz. Onun qılıncla başını vurmaq, ya da oxla köksünü dəlmək lazımdır.
− Bağatur Şadın otağına baxan çinli xidmətçiləri gördünmü? Bəlli etmək istəmirdilər amma sevincdən içləri içlərinə sığmırdı.
− Bağatur Şad, ağası Çuluq Kağanı zəhərləyən bu qadını sağ buraxmaz. Bu çinli qadınlar çox zaman qısır olurlar. Yalnız ən nəcabətlisi beş uşaq doğa bilər. İnəklər buzovlayar, atlar qulunlayar, qancıq it isə küçük doğar. Ancaq çinlinin dişisi isə heç bir işə yaramaz. Üstəlik, kağanımızı zəhərləyər.
− İşə yaramayan təkcə dişilərmi? Bəs erkəyi nə işə yarar?
− Heç olmasa erkəyi ter əkib, qumaş toxuyur. Biz hücum edənə qədər qarət üçün bizə mal hazırlayır.
***
Sulara axşam qaranlığı çökəndə ordu gecələmək üçün dayandı. Yay olduğu üçün çadırları yox idi.
Bir gecə öncəki fırtına isə onlara baha başa gəlmişdi. Amma o fırtınanın bir daha gəlməyəcəyini yaxşı bilirdilər. Sadəcə Tanrı, Çuluq Kağanı apararaq hirsini soyutmuşdu. Bu gecə ətraf çox gözəl idi. Sərin külək əsir, göydə incə buludlar dolaşır, yaxındakı meşədən qəribə səslər gəlirdi. Bu gecə atları tumarlayan, silahları itiləyən yox idi. Kımızlar içilmir, qızarmış ətlərə, qurudlara gözünün ucuyla da baxan yox idi. Bu gecə hər şey öz içində həsbi-halda, alış-verişdə idi. Bu gecə göstərişlər kəskin verilmir, sözlər sərt deyilmirdi.
Gecə yarısından sonra Ay batdı. Ortalığa çökdü. Könüllərə də qaranlıq enmişdi. Əsgərlərin az bir hissəsi yatır, çoxu isə düşüncələr içərisində idi. Bir türkün nələr düşündüyü üzündən bilinməz ki.
Birdən-birə qəfil bir səs yuxulayan, düşünən əsgərləri bu küskün hallarından çəkib çıxardı. Bu, bir 14
qopuzun səsiydi. Otluğa uzananlar durdular, oturmaqda olanlar ayağa qalxdılar. Səs güclənirdi.
Əsgərlər bir-bir, iki-iki səsə doğru getdilər. Onbaşı Pars, Onbaşı Yamtara baxaraq:
− Qara Ozan olacaq, yenə coşub, − dedi.
Yamtar cavab verdi:
− Coşub. Bizi də coşduracaq!
İki onbaşı ağır addımlarla gedirdilər. Qaranlıqda bir-birini tanımayan bir çox əsgər də səsə tərəf üz tutmuşdu. Onların arasında onbaşılar, yüzbaşılar vardı. Hətta minbaşılar, tümənbaşılar, tarkanlar, buyruqlar, təkinlər7 də vardı. Hətta Bağatur Şad da onların arasındaydı. Bir sözlə, bu səsi eşidən qalxır, yüyürürdü.
Qara Ozan yerdə bardaş qurub, qopuzu ilə baş-başa vermişdi. Çaldığı havaya elə dalmışdı ki, ətrafına bu qədər adamın toplandığını hiss edəcək halda deyildi. Qarşısında cox gənc bir əsgər oturmuşdu. Qara Ozana baxırdı. Qara Ozan əvvəlcə çaldı, çaldı, sonra isə coşub söyləməyə, oxumağa başladı. Oxuyur və çalırdı. Çevrəsindən səs-səmir çıxmırdı. Bu yüzlərcə əsgər və bəylərin ürəyi sanki Qara Ozanın qopuzundakı tellərdə titrəyirdi. Qara Ozanın şaqraq səsi bir gurultu kimi eyni zamanda düzənliyə və könüllərə enirdi. Qara Ozan şeir söyləyirdi.
Çuluq Kağan öldümü?
Türklər başsız qaldımı?
Qorxaq çinli güldümü?
Parçalanır ürəklər.
Kim bizə qurdu tuzaq?8
Tanrı türklərdən uzaq.
Kağandır yurda bəzək
Parçalanır ürəklər.
Çuluq Kağan igiddi,
İndi cənnətə getdi.
Bunu bizə kim etdi?
Parçalanır ürəklər.
Ulduzumuz sönmüşdür,
Yağılar sevinmişdir.
Kağan zəhərlənmişdir,
Parçalanır ürəklər.
Ordu, Qara Ozanın oxuduğu havanın ruhunu tutmuşdu. Dördlüklərin sonunu hamısı birdən gur səslə təkrarlayıb ağlayırdılar. Bu, hər biri qanlı savaşlardan, ölümün pəncəsindən neçə dəfə salamat çıxmış, on beş yaşlı uşaqlardan tutmuş, altmış yaşındakı qocalaradək minlərcə savaş ərləri titrək səslərlə:
− “Parçalanır ürəklər!..” – deyə inlədikcə minlərcə bozqurd ulayırmış kimi bütün düzənlik inildəyir, qarşıdakı meşədən isə həqiqi bozqurdlar səslərini öz soydaşlarının səsinə qatıb səs-səsə
verirdilər. Qara Ozan isə oxumağındaydı:
İndi bunludur9 budun10
7 Onbaşı, yüzbaşı, minbaşı, tümənbaşı, tarkan, buyruq, təkin – o dövrdə türk ordusunda hərbi rütbələr.
8 Tuzaq − tor
9 Bunlu − sıxıntılı
10 Budun – el, soy
15
Kağan, bizi tək qoydun.
Bunu sən etdin, Katun!
Parçalanır ürəklər!
Katun, səni asmalı,
Yer-yurdunu basmalı,
Yüz min çinli kəsməli,
Parçalanır ürəklər!
İndi könül sayrıdır11,
Kağanından ayrıdır.
Çinli Katun əyridir12,
Parçalanır ürəklər.
Sayrıya əm13 var demə,
Yaramız gəlməz əmə,
Qara Ozan, inləmə,
Parçalanır ürəklər.
Qara Ozan qopuzunu çalıb, türküsünü oxuyarkən birdən-birə qaranlıqdan bir səs hayqırdı:
− Ozan, daha kəs! Könülləri dağlayırsan!..
Hamı sağa-sola dönərək, hayqıranın kim olduğunu anlamaq istədi. Qaranlıqda bir şey görünmürdü ki… Elə bu zaman Qara Ozan başını qaldırıb dörd yanına toplaşan adamların fərqinə vardı. Ağır-ağır qalxdı. Adamların arasına qarışaraq qeyb oldu.
Dan sökülürdü. Düzənlik ağarmağa başlayarkən könüllərdəki qaranlığı da aparan kimi oldu.
Bağatur Şad bütün gecəni yatmamışdı və buna görə də onun çinli mehtərləri də oyaq qalmaq məcburiyyətində idilər. Bu mehtərlərdən ikisi kənara çəkilib çincə nə barədəsə danışırdılar. Birisi
“Çuluq Kağanın zəhərlənməsi yaxşı oldu, yoxsa Çini alt-üst edəcəkdi” – deyir, digəri:
− Bu İçinq Katunun heykəlini düzəldib məbədlərə qoymaq lazımdır, − deyə cavab verirdi.
Sonra yenə kağanın kim olacağı barədə mübahisə etməyə başladılar.
− Çuluq Kağanın iki oğlu var. Yaşar Şad, Şu Təgin. Şu Təgin hələ on səkkiz yaşındadır, uşaq sayılır. Yaşar Şad isə iyirmi iki yaşındadır, bənizi sapsarı donuq bir adamdır. Təbii ki, böyük oğul olduğu üçün o, kağan olacaq. O, kağan olan kimi də Çinə gün doğacaq. Bu da səbəbsiz deyil. Çünki onun savaşacaq halı yoxdur.
Çinli mehtərlər belə lüzumsuz söhbətləri edərkən bir az aralıda onları dinləyən bir nəfərin olduğunu sezməmişdilər. Onların söhbətini dinləmək üçün oraya xəlvəti uzanmış əsgərin kim olduğunu alaqaranlıqda aydınlaşdırmaq çətindir. Çinliləri dinləyərkən qalxıb qılıncına əl atdı. Sonra fikrindən vaz keçdi və yavaşca oradan uzaqlaşdı. Çinlilər hələ də danışırdılar.
Bu zaman uzaqdan iki atlı yavaşca yaxınlaşırdı. İki yüz addım aralıda dayandılar. Biri o birisinə
əli ilə çinliləri göstərdi. Qaranlıqda iki yuz addım uzaqdan bu iki çinli ancaq qara bir çevrə kimi gorünürdü. İkinci atlı sadağından iki ox çıxartdı. Görünməmiş bir cəldliklə ikisini də ataraq hər iki çinlini vurdu. Sonra iki atlı durduqlari yerdən uzaqlaşdılar. Bu işlər o qədər tez baş verdi, kimsə xəbər tutmadı.
Ölmüş çinliləri ətraf işıqlandıqdan sonra tapdılar. Bağatur Şad, atlılarından ikisinin öldürüldüyünü görüncə qaşlarını çatdı. Artıq toplanış şeypuru çalınmış, Bağatur Şadın bayrağı qalxmış, Şad ata minmişdi. Göndərdiyi carçılar çinli mehtərləri öldürəni görən olub-olmadığını 11 Sayrı – xəstə
12 Əyri – doğru olmayan, yalan
13 Əm − əlac, dərman
16
soruşurdular. Bir neçə dəqiqədən sonra iyirmi min əsgər Bağatur Şadın iki mehtərinin öldürüldüyünü öyrənmişdilər. Carçılar bağırıb, çığırıb bir şey öyrənməyib geri qayıdınca İşbara Alp atını dördnala çaparaq Bağatur Şadın önünə gəldi. Atından düşüb diz vuraraq onu salamladı. Bağatur Şad soruşdu:
− Yüzbaşı İşbara Alp! Mehtərlərimi kimin öldürdüyünü bilirsənmi?
− Bilirəm, Şad.
− De görüm kimdir?
− Mən!
Bağatur Şadın sifəti dəyişdi:
− Nə səbəbə belə etdin?
İşbara Alp ağır, kobud və soyuq danışırdı:
− Onlar Çuluq Kağanın ölümünə sevinirdilər.
Bağatur Şad başını aşağı əydi, bir az düşündü. Sonra İşbara Alpdan soruşdu:
− Sevindiklərini hardan bildin? Sən Çin dilini bilirsən ki?
− Çin dilini bilmirəm. Amma mehtər Çalıq yaxşı bilir. Çində üç il əsir olanda öyrənib. Çinli mehtələrin də danışdığını o mənə dedi.
Bağatur Şad:
− İşbara Alp! Bu işin sonunun nə olacağını bilirsənmi?
− Çuluq Kağana küfr edənləri yox etdiyim üçün minbaşı olmaq, sənin adamlarını öldürdüyüm üçün isə zopa yeməkdir.
Bağatur Şad yenə dilləndi:
− İşbara Alp! Yanılırsan. De görüm, çinli mehtərləri mənə demədən öldürmək üçün sənə göstəriş
verən olubmu?
İşbara Alp bu suala cavab verməmiş, yavaş-yavaş aralığa soxulub danışıqlara qulaq asan bir gənc sözə qarışdı:
− Çox güman ki, olub, Bağatur Şad!
Bağatur Şad, İşbara Alp, bəylər və əsgərlər səs gələn səmtə üz çevirdilər. Bu sözləri söyləyən Çuluq Kağanın kiçik oğlu Şu Təgin idi. Orada həmin an bir canlanma baş verdi. Bəylər və əsgərlər yerə diz vuraraq Təgini salamladılar. Bağatur Şad atdan enərək Təginə tərəf getdi. O da bir sıçrayışa atından enərək Şada doğru irəlilədi. Bağatur Şad gülümsəyərək:
− Xoş gəldin, yigənim,14 − dedi.
Hamı İşbara Alpa çinliləri öldürmək əmri verənin Şu Təgin olduğunu sanmışdı. Çuluq Kağanın ordusundan Bağatur Şadın yanına gələn Şu Təgin əvvəlcə ətrafına boylandı. İşbara Alpı süzdü, bəylərə baxdı. Bir ara gözləri Bağatur Şadın çinli mehtərlərinə dəydi. Baxışları sərt idi. Hələ on səkkiz yaşı təzəcə tamam olmuşdu. Sonra Bağatur Şada yönəldi:
− Şad, mübarək olsun. Qurultay səni seçdi. Kağan oldun, − dedi.
Bu soz ildırım kimi adamların arasında dolaşdı. Sevindilərmi, kədərləndilərmi, şaşırdılarmı − bəlli deyildi. Bağatur Şadın üzü birdən ciddiləşdi. Yanındakılardan bir neçəsi qeyri-müəyyən, müəmmalı halda gülümsədilər. Şu Təginlə İşbara Alp bir-birilərinin könüllərini gözlərindən oxuyurmuş kimi gülümsədilər, göz-gözə gəlib baxışdılar. Sonra Şu Təginin bir əmri ətrafdakıları yerindən tərpətdi:
− Təbillər çalınsın! Bağatur kağan oldu!
Bu sözlər ağızdan-ağıza keçərək bütün orduya yayıldı. Qısa bir müddətdə iyirmi min atlı Bağatur Şadın kağan seçildiyini öyrənmişdi.
14 Yigən − qohum, qardaşoğlu, bacıoğlu.
17
QARA KAĞAN
On gün sonra Ötükəndə Bağatur Şadın kağan seçilməsi bayram edilirdi. Bağatur Şad artıq Qara Kağan adını almışdı. Onun böyuk otağı bəzədilmiş süslü bir taxt qurulmuşdu. Bir ucdan təbillər çalınır, borular ötur, kımız paylanırdı. Qara Kağanın bu səliqə-səhmansız otağı, içində yüzlərcə
adamın yerləşə biləcəyi qədər böyük idi. Kağan taxtın mötəbər sayılan sol tərəfində oturmuşdu, sağında da bir Katun. Taxtdan bir az aşağıda solda-sağda şadlar, təginlər, buyruqlar, tarkanlar dayanmışdı. Bir az uzaqda isə alplar, minbaşılar, onbaşılar, yüzbaşılar sıralanır, uşaqlar durmadan kımız paylayırdılar. Çuluq Kağanın böyuk oğlu Yaşar Şada Qara Kağan tərəfindən Tulu xan Şu Təginə isə Kür Şad adı verilmişdi. Bununla bərabər Tulu xanın solğun üzündə sonsuz bir qəlb sıxıntısının izləri vardı. Çunki əmisi Qara Kağanın yanında oturan Katun, atası Çuluq Kağanı zəhərləyən ögey anası İçinq Katun idi. Qara kağan qardaşını zəhərləyən bu qadını sorğu-suala çəkmək əvəzinə, hamını çaş-baş salan bir iş görmüşdü, onunla evlənmişdi.
Otağın lap uzaq bir küncündə onbaşı Yamtar kim bilir neçənci kımız bardağını başına çəkməyə hazırlaşırdı ki, onbaşı Pars ona yaxınlaşdı:
− Yamtar, sən bu işlərə nə deyirsən? − dedi.
Yamtar cavab verdi:
− Mən də onu səndən soruşacaqdım. Sənin fikrin nədir?
− Yəqin Yaşar Təgini zəifdir deyə qurultay Kağan seçməmişdir. bəylər heç onun ağlını, hərəkətlərini də bəyənmirlərmiş.
− Yaxşı, bunu dedin başa düşdük, bəs Qara Kağan nəyə görə qardaşını zəhərləyən bir Katunla evlənməyə razı oldu?
− Eşitdiyimə görə türk adətincə böyük qardaş öləndə onun arvadını kiçik qardaş alır, bəlkə bu adətə görə evlənib?
− Yaxşı, türk adətinə görə ərini zəhərləyən bir qadını cəzasız buraxarlarmı?
Onbaşıların sözü bu yerdə yarımçıq kəsildi. Çinli bir uşaq kımız paylayırdı. Yamtar çinliyə
yuxarıdan aşağı baxıb sonra:
− Ey, çinli! bax ha, bizə verdiyin kımıza da zəhər qatmayasan, − dedi. Sonra ona əyri-əyri baxan çinliyə boşaltdığı çamçağı15 geri qaytararkən əlavə etməyi unutmadı: “İyirmi çamçaq içmişəm, deməli iyirmi dəfə ölməliydim, eləmi? Amma bu bir dəfə ölməyə bənzəməz!..”
Çinli uşaq çəkilib gedərkən Pars Yamtarı dürtmələyib yavaşca:
− Bax, bax! Yaxşı bax! Çuluq Kağanın oğulları gör bir Katuna necə sərt-sərt baxırlar, − dedi.
Yamtar başını otağa tərəf çevirdi.
− Qara Kağan usulluca hərəkət etdi. Çuluq Kağanın böyük oğlu Təkini Tulu Xan etdi. Onu şərqə
tunquzlarla tatarların üstunə xan göndərəcək.
− Beləliklə onu başından eləməkmi istəyir?
− Kim bilir.
− Bəs kiçik oğlu?
− O hələ kiçikdir. Kağan onun da könlünü aldı. Onu Kür Şad etdi.
− Onda bizim yüzbaşı nədən bu qədər kədərlidir?
− Yaxşı bilmirəm, amma dünən yenə bir qızı doğulub. Yüzbaşının indiyədək dörd uşağı olub, hamısı da qız. Bəlkə buna görə kədərlidir.
15 İçki qabı
18
Yamtarın bu sözlərindən sonra onbaşı Pars birdən-birə sustalıb qaldı.
***
Yeni kağanın otağının önündə toplanan bu minlərcə adam bol-bol kımız içib sərxoş olsalar belə
böyük bir səssizlik içində idilər. Hətta kağandan ən uzaqda dayananlar da yavaş səslə danışırdılar.
Yalnız nağara, boru, zəng səsləri Ötükəni başına götürmüşdü. Axşam düşənə qədər əyləncə davam edəcəkdi. Bu gün pəhləvanlar güləşəcək, bahadırlar döyüşəcək, nişançılar ox atacaq, atlılar ötüşəcəkdi.
Kağanın işarəsindən sonra nağaralar, borular susdu. Kağan, solundakı bəylərə dönərək, Tunqa Təginə dedi:
− Tunqa Təgin! Bu gün qılınc oyununu sən təşkil edəcəksən! Görək səndən qeyri bahadırlar varmı? Bu alpların içində sənə bərabər bir ər çıxarsa, onu yüksəldəcəm. Yox, hamısına qalib gəlsən, sənə öz əlimlə seçəcəyim ən yaxşı atlarımdan doqquzunu verəcəyəm.
Tunqa Təgin, yerə diz vurub:
− Buyruq kağanındır, − dedi.
Qara Kağan bu dəfə irəliyə baxdı. Gülümsədi. Hayqırdı.
− Ötükənin yenilməz igidi, Bozqurd ailəsinin qolubükülməz bahadırı, Göy Türklərin böyük bəyi Tunqa Təginlə yarışmaq istəyən varsa, ortaya çıxsın!
Bir an ortalıqdan səs çıxmadı. Tunqa Təginlə rəqabətə girmək istəmədikləri bəlli idi. Sonra dörd yerdən dörd kişi çıxaraq kağana doğru irəlilədilər. Diz vurub özlərini təqdim etdilər:
− Mən, Çuluq Kağanın savaşda yoldaşı, bilikdə dostu Apa Tarkanam!
− Mən qılıncı şimşəkdən kəskin, savaşda yağıya qənim, ağacsökən Kül Çuran!
− Mən qırx dəfə Çinə hücum etmiş, üç qardaşı savaşda, ataları döyüşdə, dədələri vuruşmada ölmüş, minbaşı Makaraç Alpam!
− Mən, yüzbaşı İşbara Alpam!
İçinq Katun İşbara Alpın özünü belə təqdim etdiyini gördükdə Qara Kağana doğru əyildi: “Bu Alp nə üçün özünü öyüb daha ətraflı tanıtmır ” − deyə soruşdu. Kağan İşbara Alpa sarı döndü:
− Böyük Katun, sənin də digər ərlər kimi özünü daha əhatəli təqdim etməyini istəyir, − dedi.
İşbara Alp yerə diz vurub qalxdı. Sonra Katuna sarı dönüb özünü belə tanıtdı:
− Mən atdığı ox sərrast dəyən, atdan yerə düşməyən, Çinə hücum etdikdə on min mal daşıyan , Çuluq Kağan ölənə qədər çinliyə qan uddurub yaşayan yüzbaşı İşbara Alpam!
Bu sözlər ildırım kimi səsləndi. Kür Şad və Tulu xan, Katuna baxdılar. Katun qızarmış dodaqlarını çeynəyir özünə gəlməyə çalışırdı. Qara Kağanın üzündə heç bir dəyişiklik yox idi. Tunqa Təginə tərəf döndü:
− Bu ərlərin hansı ilə boy ölçmək istəyirsən?– deyə soruşdu.
Tunqa Təgin baxışlarını död ərin üstünə gəzdirdi. ətrafdakılar nəfəs çəkmədən dayanmışdılar.
Ağır-ağır belə söylədi:
− Tunqa Təgin! İşbara Alpla vuruşacaqsan!..
Eyni zamanda onbaşı Pars, Yamtarın çiyninə əl atıb:
− Qorxuram, bizim yüzbaşıya bir şey olsun? − dedi.
Tunqa Təgin irəliləyib İşbara Alpın qarşısında durdu. Əynində yeni, gözəl bir qoruyucu döşlük vardı. Dəbilqəsində gümüş bir ay parlayırdı. Boyu İşbara Alpdan uzun, gövdəsi daha iri idi. Qıyıq, yaşıl gözləri sərt baxırdı. Kağan: “Hazırsınızmı?” − deyə soruşdu. Sonra üç dəfə əl çaldı. Bir-birindən on addım uzaqda dayanan iki igid qılınc çəkərək bir- birlərinə hücum etdilər. Bütün gözlər onlara zillənmişdi. Arxada qalanlar atlara minib ordan baxırdılar. İki bahadır böyük bir ustalıqla qılınc oynadırdı. Endirilən qılıncları ya öz qılıncı ilə geri qaytarır, ya da qalxanla dəf edirdilər.
Ortalıqda qılınc şaqqıltısından başqa heç bir şey eşidilmirdi. Katun həyəcanlanmışdı. İşbara Alpın məğlub olmasını, hətta ölməsini istəyirdi. Tulu Xanla Kür Şad yaxın qohumları Tunqa Təginin qalib gəlməsini istəməklə bərabər İşbara Alpın məğlubiyyətinə də razı ola bilmirdilər. Çünki o da uzaq qohumları idi. İşbara Alpın tabeçiliyindəki onbaşılar göz qırpmadan bu çarpışmaya baxır, kağan isə
donuqluğunu hələ də saxlamışdı. Savaş güclənir, sərtləşir, çevik addımlarla sıçrayan iki bahadır kağanın önündəki sahədə irəli-geri gedərək döyüşürdülər.
19
Bir ara ikisi də bir-birinin sağına dönərək sol əlləri ilə tutduqları qalxanlarla qorxunc, amma son dərəcə gözəl və maraqlı bir qılınc oyununa başladılar ki, ikisi də bir addım irəliləyib geri çəkilmədən çarpışmalarını beləcə xeyli davam etdirdilər. Onlar bu güclü zərbələri bir-birinin dəbilqələrinə doğru endirirdi. Zərbələr eyni vaxtda, eyni surətlə endirildiyindən qılınclar sanki havada donmuş kimi görünürdü. Kür Şad göz qırpmadan bu oyuna baxırdı. Doğrusu, bu döyüşdən doymaq olmazdı. Qara Kağan döyüşəcək iki igidi yaxşı seçmişdi. Birdən ikisi də irəli bir addım ataraq bir- birlərinə
yaxınlaşdılar. Qılıncları bir-birinə taxılı qalmışdı. Göz-gözə gəldilər. Tunqa Təgin:
− İşbara Alp! Səninlə döyüşdüyüm üçün öyünürəm, − dedi.
Yüzbaşı:
− Sağ ol, Təgin! − deyə cavab verdi.
Sonra ikisi də bir addım geriyə çəkilərək qalxanlarını önə tutdular. Döyüş yenə əvvəlki surətlə
davam etdi. Daha heç birində yorğunluq görünmürdü. İçinq Katun hirslənməyə başlamışdı. Kağana tərəf əyilərək:
− Artıq bitməzmi? − deyə soruşdu. Kağan başını çevirmədən cavab verdi:
− Belə gözəl vuruşan ərləri bu qədər tez ayırmaq insafdan deyil. Yaxşı bax! Belə gözəl döyüşü ömründə bir daha görə bilməzsən. Çində belə şeylər yoxdur!
Katun susdu. Başını yenə döyüşənlərə çevirdi. Elə bu zaman Tunqa Təginin dayanılmaz hücum etdiyini, İşbara Alpın bu qılıncları qalxanı ilə qarşıladığı, amma qalxanın bu güclü zərbələrə
davam gətirməyərək ikiyə parçalanıb yerə düşdüyünü gördülər. Bir anda Katunun gözləri parladı.
İşbara Alpın onbaşıları dodaqlarını çeynəyirdilər. Kür Şadın gözləri maraqla açıldı. Kağan gülümsədi. İşbara Alp o an qarşısındakına sağını döndərərək qılıncını özünə sipər etdi. Hər kəs Tunqa Təginin yeni və son bir zərbəsini gozləyərkən onun da qalxanını yerə fırlatdığını və “özünü qoru, İşbara Alp!” − deyə bağırdığını gördülər. O dəm hər kəsi heyrətləndirən qılınc oyunu yenidən başladı. İki igid bir-birilərinə ölümcül zəbələr endirdi. Bu dəfə artıq qılınclar ara-sıra hədəfə, dəbilqələrə və zirehli örtüyə dəyirdi. İndi İşbara Alp geri çəkilməyə başlamışdı. Tunqa Təgin durmadan hücum edir, İşbara Alp qorunurdu. Biri irəliləyir, o biri geriləyirdi. İşbara Alp bir az yorulmuş kimi görünürdü. Geri çəkilə-çəkilə tamaşaçıların önünə qədər gəldi. Bir addım da geriləyərsə, məğlub olacağını anladı. Tunqa Təkinin son zərbəsini dəf etdikdən sonra güclü bir zərbə
vurdu. Tunqa Təkin bundan ancaq bir addım geri çəkilməklə qoruna bildi. İkinci zərbəsi daha güclü oldu. Qılıncı dayanılmaz bir gedişlə Tunqa Təginin dəbilqəsinə çırpdı. Dəbilqə dığırlanıb yerə
düşdü. Tunqa Təginin burnundan qan gəlirdi. Bunu görən Katunun gözləri qaraldı. İşbara Alp oyunu udmaq üzrəydi. Bir qılınc zərbəsi başaçıq qalmış Tunqa Təgini öldürə bilərdi. Amma Katun yanıldı, İşbara Alp bir addım geri çəkildi. Bir həmlədə dəbilqəsini başından çıxarıb yerə atdı və “
Özünü qoru, Tunqa Təgin! ” − deyə hücum etdi.
Savaş sanki yenicə başlanmışdı. O qədər surətlə və cəld vuruşurdular ki, uzun saçları havada uçur, üzlərində, alınlarında iti çapıqlar görünür, çapıqlardan qan sızırdı. Kağanın çinli uşaqlarından dörd nəfəri otağın arxasında məqam gözləyirdilər. Otağın önündə qılınc oyununu izləyə bilmir, görə bilmək üçün bir yol arayırdılar. Bu dörd mehtərdən biri əsir bir Çin zabiti idi. Bu döyüş
səhnəsini o hamıdan cox görməyə çalışır, sağa-sola gedib gəlirdi. Çinlilərdən biri yoldaşına dedi:
− Buradan keçənin ətəyini qaldırıb baxsaq olarmı? Bizim tərəfimiz düzənlikdir, döyüşənlər də bir az çökəkdə vuruşurlar. Ona görə də yaxşıca izləyə bilərik. Təklif qəbul olundu.
Dörd çinli birdən yerə uzandı. Bir-iki dəfə çalışandan sonra keçənin ətəyindən bir az qaldırıb, bir-iki yüz addım irəlidəki döyüşü seyr etməyə başladılar. Keçmiş Çin zabiti döyüşləri tənqid edir, yanındakılara bəzi şeylər söyləyirdi.
− Boş yerə gəlmisiniz. İkisi də təcrübəsizdir. Heç bir şey bilmirlər. bu qədər ağılsızlıq olarmı…
qarşısındakının dəbilqəsi düşüncə öz dəbilqəsini də başından çıxarıb atdı. Türklər buna igidlik deyirlər, amma bu tamam acizlikdir. O qılınc məndə olsaydı, göstərərdim!..
Döyüş o qədər uzanmış, o qədər qızışmışdı ki, bütün tamaşaçıların ürəyi nağara kimi döyünməyə başlamışdı. Vuruşu görə bilməyənlər min cür yol axtarırdılar. Bir neçə kişi ortaya bir araba gətirib, atlarını onun üstünə çıxarıb, döyşə bu ucalıqdan baxırdılar. Mehtər Çalıq isə o yana-bu yana gedir, heç olmazsa, bir deşik tapıb oradan qılınc döyüşünü görmək istəyirdi. Amma o bezmədən, usanıb-yorulmadan, gedib-gəlir, münasib bir yer axtarırdı. Axtara-axtara da gəlib çadırın arxasına çatdığını sezmişdi. Birdən dörd kişinin torpağa yataraq baxdıqlarını gorüncə onların savaşı 20
seyr etdiklərini anladı. Yavaşca yanlarına getdi. Yerə uzanıb baxanların çinli olduqlarını anlamadan o da uzandı. Çadırın qapısı başdan-başa açıq olduğu üçün buradan döyüş aydın görünürdü. Çinlilər vuruşa o qədər dalmışdılar ki, yanlarına yeni birisinin gəldiyini hiss etməmişdilər.
Döyüş uzanıb gedirdi. İşbara Alpın alnında, Tunqa Təginin yanağında bir böyük çapıq vardı.
Üstündəki xırda yaralardan isə artıq onların bəti-bənizi görünməz olmuşdu.
Çinlilərdən biri keçmiş zabitdən soruşdu: “Bu həriflər qudurdularmı? Hələ döyüşürlər!” Çincə
söylənən bu sözləri eşitdikdə Çalığın üzü büsbütün dəyişdi… Ancaq seyr etdiyi qızığın döyüş onu söhbətə qarışmaqdan saxladı. Keçmiş Çin zabiti cavab verdi:
− Bu türklər ağılsız adamlardır. Çöl donuzu kimi döyüşürlər. Di gəl ki ustalıqları yoxdur. Mən olsaydım, indiyədək bu İşbara Alp adlı hərifi çoxdan yerə sərərdim! Çalıq ilan vurmuş kimi yerindən atıldı. Keçmiş Çin zabitinin belinə bir təpik vuraraq hayqırdı:
− Ey it oğlu it! Nə dedin?
Dörd çinli birdən ayağa qalxdı. Çincə danışıqlarına fikir verən bu türkün hardan çıxdığını anlamayıb çaşmışdılar. Çinli vəziyyətin qarışdığını görüb qabaqdangəlmişlik etmək istədi:
− Mənə bax! Sənin azğın bir əsgər olduğun görünür. Biz Qara Kağanın mehtərləriyik. Haydı, dəf ol burdan! − dedi.
− Qara Kağanın mehtəri deyil, qohumu olsan belə yenə çinlisən! Sən hansı haqla Göytürklərə
söyər, böyük İşbara Alpa ağzına gələni söyləyə bilərsən? Çinli çaşmışdı. Bununla bərabər dörd nəfər olduqları üçün çox qorxmurdu. Amma gözü Çalığın qılıncına sataşınca özünü itirdi:
− Cəsur! Qılıncın var deyə qürrələnirsən. Mənim də qılıncım olsaydı, sənə bu sözləri söyləməyə
macal veməzdim.
Çalıq bir hərəkəti ilə qılıncını çıxarıb qayışı ilə birlikdə yerə atdı:
− Haydı mən də qılıncsızam. Amma xainlik deyil, igidliklə qərara gələcəyik! − dedi və çinlilərə
hücum çəkdi. Çadırın önündə minlərcə gözün dikildiyi bir döyüş gedərkən, arxasında da tanrıdan başqa kimsənin görmədiyi başqa bir döyüş başladı. Beş kişi alt-alta, üst-üstə yumulub açılırdı.
Çinilər döyüşmək istəmirdilər. Amma bu azğın əsgər onları döyüşə sürükləmiş, artıq ox yaydan çıxmışdı. Çalıq, qarşısında təkcə keçmiş Çin zabiti varmış kimi durmadan onu vurur, o biri üç çinli də
Çalığı yumuruqlayırdı.
Tunqa Təginlə İşbara Alp artıq yorulmuşdular. Lakin heç biri çəkilmək fikrində deyildi. İçinq Katun isə yerində dura bilmirdi. Döyüşçülərdən daha çox başqalarına baxırdı. Bir ara, nədənsə, başını arxaya çevirərək çadırın içinə baxdı. Gözləri təəccüblə açıldı. Hərdənbir gözlərini İçinq Katuna dikən Tulu Xan onun bu təəccübünü görüncə o da çadırın arxasına baxdı. Burada, deyəsən, nəsə baş
verirdi. Ətəyi bir yerdən qaldırılmış keçənin üstü ara-sıra enib-qalxırdı. Tulu xan bunu görüncə içinə
vəlvələ düşdü. “Bəlkə də çirkin bir oyundu, bunu da İçinq Katun elətdirər ”, deyə düşünürdü. Kür Şada doğru əyilərək:
− Çadırın arxasında nəsə xoşagəlməz bir oyun gedir. Kimsəyə duydurmadan get, öyrən,orada nə
baş verir? − dedi.
Kür Şad ona yol verən tamaşaçıların arxasından keçərək otağın axasınacan gəldi. Burada cərəyan eləyən oyun havayıdan başlamamışdı, nəsə ciddi bir iş vardı. Ağız-burnu qan içində bir çinli yuvarlanıb ayağa qalxmağa çalışır, üç çinli mehtər də bir əsgər ilə döyüşürdü. Kür Şad buradakı döyüşü seyr etməyi o birisindən üstün tutdu. Yaxınlaşarsa, döyüşün tez bitəcəyinə qıymadı. Onsuz da döyüşün sonu yaxınlaşırdı. Çinlilər kefin istəyən kötək yeyirdilər. Bir aralıq yerə uzanan çinlilərdən birinin gözü Çalığın qılıncına sataşdı. İlan kimi sürünərək qılıncı götürdü. Qılıncı qınından sıyırıb onlara hücum edən türk əsgərinin başına vurmaq üçün irəlillədi. Kür Şad bütün bu olub bitənləri görürdü. İşə xainlik qarışdığını görüncə müdaxilə etmək vaxtının gəldiyini anladı. Yayına bir ox qoyub nişan aldı. Çinli qılıncı endirərkən Kür Şad yayı çəkdi. Ox çinlinin əlinə saplandı. Çinli bağırmağa başladı. Bu oxun atılması ilə çinlinin bağırması bir oldu. Döyüş dayandı. Çalıq Kür Şadı görüncə salamladı. Çinlilər də onu, türk adətincə yerə diz vuraraq salamlamaq istədilər. Ancaq o qədər yorulmuşdular və elə aciz idilər ki, yerə diz vuran kimi gülünc hərəkətlər etdilər. Əsl kötək yeyən- döyülən çinli, yəni keçmiş zabit Kür Şada şikayət etdi. Kür Şad onun sözünü kəsdi:
− Siz ər kimi döyüşməyi bacarmırsınız. Ər kimi döyüş təkbətək olur. Lap deyəlim ki dördünüz bir adama əvəz olduğunuz üçün hamınınz birdən üstünə gəldiniz. Bəs qılıncsıza nədən qılınc 21
çəkirsiniz? O ərə ki sizinlə savaşanda istifadə etməsin deyə qılıncını çıxarıb bir tərəfə atmışdı. Onun çıxardığı qılıncı onun özünə qarşı çalmaq, xainlik etmək kişilikdəndirmi?!
Sonra Çalığa dönərək soruşdu:
− Sən kimsən?
Çalıq cavab verdi:
− Mənə Çalıq deyirlər. Yüzbaşı İşbara Alpın mehtəriyəm.