Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Həbsxana», sayfa 5

Yazı tipi:

«OSUJDYONKA»

Hər kəsin öz ölümü var.

M.Rilke

İyul özünün dəhşətli istisi ilə «burjuy»ları muzdura döndərmiş, son inamlarını qırmışdı. Kameradakıların başı üstündən ölüm kabusu asılmışdı. Xüsusi ilə də mənim və Əzizalının.

Məlumdur ki, burda həkim xidməti pula bağlıdır və bu xidmət üçün «sançast»83 korpusuna köçmək, daha doğrusu, maya qoyub köçürülmək lazım idi. «sançast» korpusunun «burjuy» kamerasından əsas fərqi də elə onun qiymətindədir. Əgər, «burjuy» kamerasına düşməkdən ötrü bütün təcridolunma müddəti üçün 500 «yerpulu» verilirsə, «sançast»da qalmağa ayda 500 verməlisən (hələ digər xərcləri saymıram). Bu səbəbdən də kasıb və ya ortabab «zek» həqiqətən xəstədirsə, elə öz kamerasında ölməlidir.

Nitroqliserin həbləri qəbul etməkdən dilimiz turşumuşdu. Mazan həkim tez-tez aldığı «çaypulu»nun müqabilində kömək göstərməyə çalışsa da, elə bir nəticə əldə edə bilmirdi. Vəziyyətimiz yoldaşlarımızın əzablarını artırır, dərdlərinin üstünə dərd gətirirdi.

Əslində, çoxdan gözlədiyim, həsrətini çəkdiyim ölümün gəlişindən narazı deyildim. Ancaq bu günlərdə məhkəmə olacağını nəzərə alıb yaşamaq istəyirdim. Ona görə yox ki, «Mitropolit» ədalət yolunda qeyrət göstərib məni buraxacaqdı; sadəlövh deyiləm və dünyaya, heç olmazsa, SSRİ-yə və Azərbaycana açıq gözlə baxmağı bacarıram. Onsuz da 88-1 və 170-2 maddələrinin mənə nahaq «yapışdırılmasını» boyunlarına alıb onu yüngülləşdirmiş. 167-147-yə qədər yaxınlaşdırmışdılar. Məsələ burasındadır ki, lənət qapısı arxasında məhkəməyə qədər xəstələnib ölənə qorxudan «ürəyi partladı» deyirlər. Bu adı öz üzərimə götürmək istəməzdim.

Ölümün labüdlüyünə, qaçılmazlığına kim inanmır ki?

Di gəl ki, ölüm də var, ölüm də!

İt ölümü, şah ölümü, insan ölümü…

«Suda boğuldu» – Allah rəhmət eləsin!

«Odda yandı» – Allah rəhmət eləsin!

«İtkin düşdü» – ölübsə, rəhmət! Qalıbsa, can sağlığı!

«Türmədə öldü» – yazıq!..

El arasında gəzən bu deyimləri kim eşitməyib? Qəribədir; intihar etmək istəyirik – ölüm ceyran belinə çıxır. Yaşamaq istəyirik – ölüm çökür boğazımıza. Özü də hər kəs üçün başqa növdə, başqa formada, başqa yerdə…

Ölüm nədir, axı? Sərbəstlik, bütün məşəqqətlərin sonu, əsl azadlıq! İndi mənim üçün bundan əziz qonaq yox idi. Qollarımı açmışdım onu qucaqlamaq üçün və ilk gəlişindəcə ağuşuma alıb sıxacaqdım onu, dodaqlarım buz bağlayana kimi öpəcəkdim bu qonağı.

Kəlbətin əllərinin buz hərarətini, nazik, uzun barmaqlarımın titrəyişini dəfələrlə hiss etmişdim. Təzə, təəccübləndirici heç nə yox idi; ancaq mübarizə, daha doğrusu, «aclıq» öz bəhrəsini verdiyi üçün ümid işıq salmışdı yollanma və bu yolların ayrıcına, döngəsinə baxmaq istəyirdim. Ağrıları əsasən kürəyimin sol tərəfində hiss edirdim; elə bil minlərcə iynə batırırdılar, sonra onu küt, göynəyən ağrılar əvəz edir, sol tərəfim, ümumiyyətlə, keyləşir, taqətdən düşürdüm.

Bir dəfə elə «ölüb diriləndən» sonra özümə gəLəndə Əliağa kişinin başımın üstündə dayanıb ağladığını gördüm. Ömrümdə ilk dəfə yad adamın belə mehribançılığını, canıyananlığını gördüm. Tələbəlik illərinin ilk çağlarında Bakı şəhərində hələ pasport qeydiyyatım olmadan küçə-küçə gəzib iş axtardığım günlər gəldi gözümün önünə. Kimin ayağına, hansı idarə müdirinin hüzuruna gedib adicə fəhlə götürməyini xahiş edirdimsə, qeydiyyatım olmadığından yaxın qoymurdular. Çarəsiz qalıb atamın dayısının yanına getdim.

Böyük bir müəssisədə yüksək rütbə tutmuş İsgəndər «dayı» məndən, lüt-üryan tələbədən qeydiyyat üçün… 300 manat pul istədi. Rayondan çörək və paltar üçün mənə göndərilən 200 manatı pasportumla bərabər ona verdim. İki aylıq get-gəldən sonra qeydiyyata düşməmiş «üzüqara» pasportla 80 manat buxarlanıb azalmış halalca pulumu özümə qaytardı. «Az olduğundan milis yaxın durmadı», – dedi… Onsuz da «yekə»liklərinə görə üzlərinə baxmaq istəmədiyim bu «dayı»ların simasında hamıya inamsızlığım və nifrətim artdı. Əgər Bakı şəhərində Əliyev Mamed Süleyman oğlu kimi bir alicənab ağsaqqal olmasaydı, kimsəsizlik, inamsızlıq üzündən kim bilir başıma nələr gələcəkdi.

Sənə min rəhmət, Mamed müəllim! Həyatda gördüyüm bütün yaxşı günlər üçün sənə borcluyam. Yad da olsan, doğmalarımdan min qat yaxın olmusan mənə! Dünya boş qalardı sənin kimilər olmasaydı!

Gözlərimi açanda Əliağa kişi ayağa qalxdı; əllərini göyə qaldırıb Allaha üz tutdu:

– İnsana da belə əzab verərlərmi, İlahi? Bəs sən hara baxırsan?

Allah isə baxırdı. Məchulluğa, nəhayətsizliyə, sonsuzluğa baxıb, beş milyard insan övladı içərisində nə məni, nə də mənim ölümümə fərman verənləri seçmirdi. ya da seçmək istəmirdi.

Səbi nəhayətsiz ünvana bənzər Xuda bəlkə de ağır bir imtahana çəkmişdi məni – nəticəsi yalnız özünə bəlli!

Ağrılardan yenə gözlərim yumuldu. Çox keçməmiş qəribə bır qaranlıqla qarşılaşdım. Elə bil bədənim aşağıya yuvarlandı – qaraca daş dibsiz quyuya yuvarlanan kimi. Həm də lap yəqin hiss edirdim ki, başı aşağı yuvarlanıram. Qulağımda əvvəlcə hiss edilən dəhşətli uğultu getdikcə azalır, uçuş sürətlənir, ətrafı bürüyən qaranlıq qatılaşırdı. Qəribə bir qorxu almışdı canımı; bax, bu an, bu dəqiqə harasa toxunacaq və parça-parça olacağam. Bu müdhiş qaranlığın içində əl-qolumu da tərpədə bilmirdim. Kürəyim isinirdi. Boğazıma nəsə tıxanıb boğurdu məni… Sürətli, əyləcsiz, idarəolunmaz bir maşına dönmüşdüm. Ancaq çox sürmədi bu uçuş, heç yerə toxunmadan, havadaca çarmıxa çəkilən kimi, silkinib dayandım. Gözlərimə çökmüş qaranlıq bir an qırmızı işığa dönüb yox oldu. Qulağımdakı gurultunun azaldığını da hiss edə bildim. Bununla da sükutun qucağına qonaq köçəsi oldum və bu sükutun nə qədər sürdüyündən xəbərim olmadı.

…Qatı duman içində idim, yoxsa suya batmışdım? Tədricən özümə gəlib, hardasa başqa yerdə olduğumu başa düşdüm. Kameradan fərqli olaraq burada tavan ağ rəngdə idi. Altı-yeddi ay gördüklərimin əksinə nikelli çarpayıya uzanmışdım. Ətrafda da belə çarpayılar var idi. Yaşlı bir kişi yemək yeyirdi. Döşəmə beton deyildi, linoleum çəkilmişdi üstünə. Qoca ayıldığımı görüb yanıma gəldi, əlini alnıma qoyub:

– Sənə tərpənmək olmaz, – dedi, – rahat uzan. Əsəblərini qoru, yoxsa işin «turba»dır84.

«Turba» dolaşmış, qarışıq görünən çarəsiz isə deyirlər.

Aydın oldu ki, adı bəlli beşyüzlük «sançast»dayam və məni bura infarktdan sonra gəriblər.

Buranın qaydaları kameradakından fərqlənir. Burada kameranın qapısı bütün günü açıq saxlanılır: – bunun da haqqı hər növbə üçün on re-dir. Burada həm «telefon» var, həm də «raqatqa85». Nisbi sərbəstlik əldə edən «zek» pəncərəyə çöl tərəfdən qaynaqlanmış qabırğanı «nazor» həzrətlərinin razılığı ilə bir yerdən linglə aralayır; həmin deşikdən həm çöl görünür, həm də adi paltar rezinindən düzəldilmiş «raqatqa» ilə çölə «ksiva» tullamaq olur. Çox vaxt atılan «ksiva», qabırğaya toxunub «zapretkaya»86 – daş hasarla korpus arasında şumlanıb malalanmış xüsusi qadağan zonasına düşür. Belə halda da «nazor»un Allahı verir: onu çağırır, «ksiva»nı gətirməsini xahiş edirsən ki, bunun da xərci 15 re-dir. Burada «sever» kameranın içərisində deyil – ümumi «sever» var. Axşam saat 10-dan sonra ora işin düşsə, çox böyük zəhmət çəkəsi olacaqsan; «nazor» növbə rəisini çağırmalı, qapının asma qıfılı açılmalıdır. Bu qulluq isə müftə yerinə yetirilmir. Pulun var – «sever» üzünə açıqdır, pulun yoxdur – bəxtindən küs, özünü batırmalısan. Xahiş və yalvarış burada rol oynamır.

«Sançast» heç də müalicə üçün deyil, imkanlı «zek»lərin xəstə adı ilə güzəştli şəraitdə yaşaması üçündür! Özü də «böyüklərin» qeyri-rəsmi razılığı ilə.

«Sançast»da alverçiliklə məşğul olan adamlar, daha doğrusu «zek»lər, həyətdə işləyən məhbuslar var idi. Həyətə isə düzəlməkdən ötrü tarif 1985-ci ilin yay aylarında 1000 re idi. Burada qazanclı işə düzəlmək üçün taksa daha böyükdür: «xleborez»87 – 3 min, «stolova»88 – 2 min və s. «Bratan» burada da sakit dayanmır. (Əlbəttə, əsl «bratan» nadir halda «sançast»a düşür, o da böyük zəhmətlə, demaqoqluq, hədə-qorxu hesabına). Yata bilmədiyini, yaxud ağrıları olduğunu and-aman edib axşama heç olmazsa, çoxlu sayda KDN həbləri alır, onları suya qarışdırıb çöküntüsünü çıxarır, təmizləyib qurudur, bir sözlə dozasın artıraraq təzədən həb şəklinə salıb daxilə qəbul edir. İmkanlılar üçün burada sərbəstlik daha çoxdur. Araqdan tutmuş tiryəkə kimi gətirə bilərlər.

«Jenski» korpusa düşənlərin arasında, şübhəsiz ki, əxlaqsız qadınlar, ayağı sürüşkənlər və adi fahişələr də olur.

«Sançast»da yatan kişilərin arasında isə neçə aylar qadın üzü görməyən xoşqeyrət pullular da var.

Dünya fahişələrlə doludur desək, yanılmarıq. Türmədə fahişələr də var – desək yenə səhv etmərik, həm də fahişəlik kimi qədim bir sənət burada astarı üzünə çevrilmiş halda yaşayır.

«Nazor» biznesmen kursunda oxumayıbsa da, işıq gələn yeri yaxşı görür. Adətən zəif xarakterli məhbusun intim hisslərindən məqsədyönlü istifadə etməyi özünə peşə seçən «nazor»un əlinə xoşqeyrətlə fahişəni «sançast»da görüşdürmək kimi gözəl bir fürsət düşür və bu fürsəti nə xoşqeyrət əldən verir, nə də «nazor». Nəticədə üçüncü şəxs xacə vəzifəsini icra etdiyi üçün ən azı 500 re, bədənini satıb heç olmasa türmə xərclərini ödəməyə imkan tapan ikinci tərəf 100-200 re qazanır, düşdüyü vəziyyəti lazımınca qiymətləndirə bilməyib, öz maddi imkanı hesabına öz mənəviyyatına daha bir ləkə vuran birinci isə … itirir.

Elə hesab etməyin ki, 500 re təkcə «nazor»un özünə qalır. Yox! Burda «jenski» korpusdan «xəstə gətirən» və növbətçi həkimin otağında əlaqəni yaratmağa əməli kömək göstərən həkimin də, növbə rəisinin də payı var. Maraqlıdır ki, bütün bu qanunsuzluqların törədildiyi həmin cinayət ocağının baş həkimi respublikada tanınmış adamın oğlu idi!..

Beləcə, daxili qayda-qanunları öyrənə-öyrənə özünü müalicə kursu keçdim. Çünki, burada qanuni müalicədən söhbət gedə bilməzdi; istədiyin, yaxud həkimin təyin etdiyi dərmanı özün tapmalısan, özün deyəndə ki, «nazor»un canı sağ olsun!

Burada da «proqulka» üçün yer vardı. Özü də əvvəlkindən heç nə ilə fərqlənmədiyindən və kamerada (yaxud palatada) qalmaq «proqulka»ya düşməkdən daha əlverişli olduğundan aşağı düşməmək üçün «nazor»a əlavə 5 re verirdik!

Mənə görə Əzizalı da, Əliağa kişi də maya qoyub «sançast»a köçmüşdülər. Əzizalı 69-cu, Əliağa kişi ilə mən 71-ci palatada qalırdıq. Tez-tez görüşüb dərdləşə bilirdik. Bu müddət ərzində Əzizalının məhkəməsi olmuş, ona 7 il iş vermişdilər.

7 il! Bu yeddi ilin ərzində nələrlə üzləşəcəkdi ürəyi xəstə Əziz! Məhkəmədən sonra bir gecə «osujdyonka»da yatmışdı – iyrəndiyindən hələ də özünə gələ bilmirdi. Yeddi ilin ərzində yazıq… bəlkə də öləcəkdi… Ancaq neçə ki, sağdı, neçə ki, pulu var, «nazor»lar əməcəklər onu. Elə indi də əmirdilər. «Sançast»a gəlməkdən ötrü başqalarından fərqli olaraq ondan 500 yox, 700 re, 11-ci «zon»a göndərməkdən ötrü 400 yox, 600 re qoparmışdılar, hələ üstəlik, «sançast»a keçmək məqsədi ilə «oper»lərdən birinə də 300 re vermişdi – hələ də geri ala bilmirdi ki, bilmirdi…

«Osujdyonka» müxtəlif tipli kameralara bölünür, pullular adətən bura düşmür. Ortabablar və kasıblar üçün yaranıb bura. Burada «burjuy» kamerası yoxdur, «ağ çörək yeyənlər» var. Düzü burada ağ çörək yemək həm qəddarlıqdır. həm də qəhrəmanlıq. 30-40, bəzən 60-70 nəfər «zek»in «yaşadığı» kameraya gündə 50-yə yaxın ağ çörək lazımdır ki, bu da məlum səbəblərə görə mümkün olmur. Tapılan 10-15 ədəd çörəyi imkanlılar digər imkansızların gözü qarşısında yeməlidirlər. Buna da qəddarlıqdan başqa bir ad qoymaq olmaz. Qəhrəmanlıqdır ona görə ki, 2-3 ədəd çörəyin çətin tapıldığı bir şəraitdə, lap elə gündə 10-15 çörək alıb yemək də hər adamın işi deyil.

«Osujdyonka» Bayıl türməsinin içərisində əlahiddə bir yer, türmə içərisində türmədir. Yayda rəisin göstərişinə əsasən «kormuşka»lar pulsuz açıq saxlanılır.

Səbəb? Təsəvvür edin ki, 60 nəfər adam bir ayaqyolu ümidində qalıb və gün ərzində, heç olmazsa, 3 dəfə çörək yemək lazımdır. Vaxt məhdud olduğundan «sever» üçün növbə düzülür.

Naşatır iyi hələ kameradakı iylər toplusunun yalnız cüzi bir hissəsidir. Nə külək var, nə də meh. «Bunt»89 qalxmasın deyə, heç olmasa «kormuşka»nı «zek»ə güzəşt etmək lazımdır. Burada çirk boğaza çıxır desək, səhv etmərik, çünki, kameranı yalnız «petux» süpürməlidir. «Petux» yoxdursa, nə kamera süpürüləcək, nə «paraşa», nə də zibil atılacaq. Bit «osujdyonka»nın daimi sakinidir. Hətta, rəis «obxod» edəndə qapının ağzında dayanıb qəribə tərzdə soruşur:

– Bit canınızı yeyir?

Kameralarda qəribə bir «əməliyyat» aparılır. Aylarla məhkəmə gözləyən, sonra isə iş alıb, qismən də olsa, öz taleyi ilə barışan «zek» «osujdyonka»da da üç-dörd ay gözləyəsi olur. Axı, orqanizmin digər tələbləriylə yanaşı çox vaxt boynumuza almadığımız, hərdən amoral saydığımız intim tələbləri də var! İnsanı həbs etmək, onu yüz il də azadlıqdan məhrum etmək, güllələnmə və ya asılma, daha pisi – şaqqalama cəzasına məhkum etmək olar. Ancaq bununla çox şey dəyişmir. Əl işi görməmək üçün insanın əlini, yeriməmək üçün ayaqlarını, danışmamaq üçün dilini kəsmək, görməmək üçün gözünü çıxarmaq kifayətdir. İntim münasibətin sonluğu olan cinsi əlaqəni pozmaq, yaxud bu ehtiras «ləvazimatını» susdurmaq üçün, fəaliyyətdən birdəfəlik saxlamaq lazımdır. Əks təqdirdə də…

«Petux», yaxud kameradakı «petuxlar» (onların sayı 2-3-dən artıq olmur) 50-60 nəfərin ehtirasını söndürə bilməz. Buna görə də «osujdyonka»da kütləvi onanizm başlayır. Həm də bu, daha gizli şəkildə deyil, açıq-açığına, gözgörəsi seks kimi aparılır. Utancaqlıq hissi çoxdan dəmir qapının şaqqıltısına bağışlanıb, ehtiras ağla hakim olub. Qəribə xislətimiz var: ölümdən güclüyük, ehtirasdan gücsüz. Öz səhvimizi bağışlamağa həmişə hazırıq, özgə səhvinə qarşı isə barışmazıq.

Burda qurd psixologiyası, qurd instinkti hökm sürür, hər addımda, hər sözdə, danışıq və hərəkətdə səhv axtarılır. Aclıq çəkəndə xəstə, zəif həmcinsini parçalamağa hazır olan canavar sürüsündə hökm sürən qaydalar, təbii seçmə üsulu burda da hakimdir. Burda həm ağıl, həm qol gücü, həm də, şübhəsiz ki, pul təbii seçmənin amilləridir. Fərq yalnız bundadır ki, zəif və günahkar «zek»i parçalayıb yemir, ondan qadın kimi istifadə etmək üçün «petux» edirlər. Həm də bu əməliyyatda «ilk gecə» hüququ daha güclü, daha səlahiyyətli «zek»ə verilir. Kütlə öz əcdadının qədim qaydalarını intim hisslərin ödənilməsinə tətbiq edir, bununla da «zon» üçün indidən «petux» kadr hazırlayırlar. Qanun keşikçiləri də bütün bunları görür, bilir, «bəy»i cəzalandırmaq əvəzinə «petux»un göndəriş vərəqəsində adi qeydiyyat aparılır.

«Osujdyonka» kamerasına «qrev» də gəlir, «daçka» da. Ancaq gəlməyi ilə tükənməyi bir olur. 50 ac adam üçün 5-10 kq yemək nədir ki?

«Burjuylar»ın yaşadığı birinci korpusdan artıq qalan qara çörəyi növbə rəislərindən biri öz inəkləri üçün aparır, «osujdyonka»da isə əlavə qara çörəkdən ötrü yalvaranlar olur.

Çox təzadlı həyatdır bu, aclıqla imtahandır bu.

İnək qədər hörməti olmayan məhbusda cəmiyyətə qarşı nifrət hissi aşılanan məktəbdir buru.

Çöldə olanda türmə və koloniya haqda çox şey eşitmişdim. Eşitmişdim ki, burada ağa kimi, bəy kimi dolananlar, ailəsi ilə istənilən vaxt görüşənlər, hətta evinə gedib-gələnlər var. Eşitmişdim, amma görməmişdim. Gördüm də, inandım da.

İnandım ki, Melkumyan Feliks çöldə Bakı şəhərinin «Qurd qapısı» ərazisindəki qəbiristanlığın «delets»90lərindən biri olduğu üçün burada nəinki ağa və bəy, hətta Sultan Səncər kimi yaşayır. Hər gün evdən isti xörəyi gəlir onun, hər gün evdəkilərlə görüşür! Yatmaq üçün ayrı, yemək üçün ayrı hücrəsi var. Məhkəmədən sonra koloniyaya getməyib elə burada qalmışdı. Guya, Bayıl türməsinin həyətində fəhləçilik edirdi. Əynində dustaq paltarı əvəzində «Ranci» və «Montana» markalı paltar, ayağında «Adidas» olardı həmişə.

Həyətdə işləyənlərin hamısının sol döşündə, ürəyinin üstündə ad-familini və maddəsini bildirən lövhəcik olduğu halda, Feliksin pencəyinin sol döş cibində ağ dəsmal olardı. «Nazor»dan tutmuş «oper»ə kimi hamı bir «Feliks» deyəndə biri də ağızlarından düşürdü. Məhkəmə onun əmlakını. o cümlədən «QAZ-31» üzrə yığılmış «QAZ-24»-nü «müsadirə» etsə də, bu «müsadirə» kağız üzərində qalmışdı: pulunu yenidən ödəyib, maşını elə özü başqa bir tanışının adına keçirmişdi. Əli yuxarıların ətəyində idi. Özü də gizlətmirdi filankəslərlə dost olduğunu. Heç əslində gizlətmək mümkün də deyildi. Filankəslər türməyə gələn kimi onunla dodaq-dodağa öpüşürdülər.

Tezliklə mənim məhkəmə prosesim başlamalı idi. Məhkəmə deyəndə də bir qədər gurultulu və təntənəli alınır. Əslində bir qrup mafiozun mənimlə prinsipial mübarizəsinin final mərhələsi olacaqdı. Sağlamlıq cəhətdən olmasa da, mənəvi cəhətdən bu mübarizəyə tam hazır idim və onu da yüz faiz bilirdim ki, qələbə onların olacaq.

Əgər, bizim mübarizəmizi doğrudan-doğruya mübarizə adlandırmaq olsaydı… Yox, bu finalı qabaqcadan məlum olan gülünc oyun idi.

Ümidin özü qırılmış, işığı sönmüşdü. Uzaqdan baxana ağzı bağlı görünən və içərisində nə olduğu bilinməyən bu boğça mənə də, kamera yoldaşlarıma da gün kimi aydın idi.

Üstümdən 88-1 və 170-2 maddələrini götürən sayca beşinci müstəntiqim, gözlədiyimin əksinə olaraq, qeyrətli, namuslu bir adam idi. İşi yekunlaşdırıb yanıma gəlmişdi.

– Sənə bu maddələri qum divara təzək yapışdıran kimi yapışdırıblar. Ancaq kişi kimi deyirəm, mənim gücüm çatmır onlara, – dedi.

– Kimlərə? – Özümdən asılı olmayaraq bu sual qopdu dilimdən. Çiyinlərini qısıb gözlərini döşəməyə dikdi. Çətinlik çəkirdi: yol ayrıcında qalmışdı. Verdiyim suala özüm də peşman oldum. Və bir daha yəqin etdim ki, müstəntiq də insan imiş! Onun da düzü, əyrisi, satqını olur.

– Aydındır, – deyib onu çətinlikdən qurtardım.

– Özün uşaq deyilsən, güllənin sənə hardan dəydiyini yaxşı bilirsən. Mən də balaca adamam. Vicdanım qarşısında hesabat vermişəm, əlim gəlməsə də, yazıb bitirmişəm. Mən bunları sənə deməyə də bilərdim, amma, qeyrətim yol vermir. Hakimi görməyə çalış. Ancaq… gücün çatmayacaq. Rəhbərlik razılığa gəlib. Çox verməyəcəklər sənə…

Rəhbərlik! Hamının yerinə hər şeyi həll edən rəhbərlik.

Öz düyümüzdən, öz odumuzdan özgəyə aş hazırlayan rəhbərlik!

Hələ «Mitropolit» qarşısında dayanmamışdan qabaq hökm verib qol çəkən Rəhbərlik!

ZİNDANDA GÖRÜŞ

Dövlətlilərin cənnəti kasıbların cəhənnəmindən yaradılıb.

V. Hüqo

Bəlkə də son görüş idi bu. İlk görüşlə bu görüşün arasında on iki illik bir məsafə vardı. On illik bir damın altında ailə qayğılarına, çətinliklərinə sinə gərmiş, onun acısını, şirinini bölüşmüşdük. On iki il iki dərdi, iki fərəhi bir duyduğumuzdan çətinliklərin də çoxu asanlaşmışdı. Bir insan ömrü yaşamışdıq birgə. Aramızda narazılıqlar, incikliklər olmuşdu. İki körpə dünyaya gəlmişdi haqqın köməyilə çatdığımız ocağımızda və bütün inciklikləri, xırdaçılıqları birləşdirmişdi bu hiss.

Bu son bir ili isə cəbhələşmişdik, daha doğrusu, cəbhələşdirilmişdilər bizi… Aramızda yeddi dəmir qapı vardı…

Bir də ayrılan yollar vardı aramızda. Bu ayrılan yolların başındaca dayanmışdı; sağında bir körpə, solunda biri. Hansı başbiləninsə ixtirası kimi görüş otağında qurulmuş sınmayan şüşə divar günahkarla günahsızı ayırırdı, düzlə əyrini.

Qəmli, nəmli gözlərini görcək Dağüstü park düşdü yadıma. İlk görüş çağlarımız canlandı gözümün önündə; əhd kəsmişdik, söz vermişdik. «İlqar» deyilən mənəvi bir duyğunu ədalətlə, ləyaqətlə qorumuşduq. Özünə arxa bilmişdi məni. Güman etmişdi, ümid etmişdi ki, ömrünü mənə bağladığı gündən bircə yolla aparacağam onu – düz yolla, məhəbbət, ülfət yoluyla. Düzlüyə, işıqlığa çıxaracağımı, xoşbəxt edəcəyimi, gələcək körpələrə ata kimi baxacağımı düşünmüşdü yazıq. Əzablar çəkmişdi bu on iki ildə mənimlə, mətinləşmişdi, dözümlü olmuşdu. Bütünlüklə daşa dəymiş bu kövrək məhəbbətindən, dəmir dözümündən, düz ilqarından nişanə kimi süzülmüş ikicə damla göz yaşmı təbərrik xatirə gətirmişdi…

Üçləşmişdilər indi sayca. Və bu üç nəfərin ümid çırağı on bir ay bundan qabaq özgələrin güclü əliylə söndürülmüşdü.

İndi nə fərqi vardı ki, kim günahkardır – yıxanmı, yıxılanmı?

Qaxınc olmuşdum başlarına indi.

Artıq yük, mənəvi əzabdımı bu üç nəfər üçün indi. Alnıma «zek» damğası vurulmuşdu və bu damğanın ağırlığını çəkəcəkdilər çiyinlərində ömürləri boyu. İki oğlan uşağı atasız böyüyüb ərsəyə çatsa da, öz tərcümeyi-hallarını yazmağa utanacaqdılar. Tay-tuşlarından boyca uca olsalar da, mənən bir baş aşağı olacaqdılar; ədalət tərəzisinin bir qolu əyri olur həmişə.

Əllərindən körpələr yapışmışdılar. Gözlərindən axan yaş yanaqları boyu süzülürdü. Şabalıd rəngli saçlarına bir topa dən düşmüşdü. Dodaqlan tərpənirdi, nə dediyini eşitmək mümkün deyildi; şüşə divarın hər iki tərəfində telefon aparatı vardı, gərək telefonla danışaydıq.

Bu on bir ayda bir qohum, bir qardaş qapımı döyüb dərdlərini soruşmamış, hallarına yanmamışdı. Öldü-qaldılarıyla maraqlanan da olmamışdı. Unudulmuşdular – mən unudulduğum kimi. Taleyinmi, yoxsa insanlarınmı, üzləri belə dönük olmuş?

Xahişə gəlməkdən qapının kandarını çıxaran qohum-qardaşları yoxa çıxmışdılar.

Cəmi on yeddi il şor-çörək yedizdirməklə öz borcunu bitmiş hesab edən atam kənara çəkilmişdi, öz «müqəddəs» adına sığışdırıb yaxın gəlməmiş, anam ögey ana hisslərinə sadiq qalıb şəklimi divardan çıxarmış, boynumdan bir vaxt yük kimi asılmış qardaşlarım indi öz ailə qayğılarıyla yaşamağı üstün tutmuşdular.

Yanmaq üçün doğmalıq hissi gərək. Bir damın altında yüz il yaşasan da, qan çəkə gərək ki, doğmalaşasan. Yoxsa, elə yadsan ki, yad. Yaddan da ki dar ayaqda nə haray?

Eləcə bəxtinin ümidinə buraxılmışdı bu yad qızı. İki körpəsiylə bərabər göz yaşlarını özünə həmdəm eləmişdi. Dərdindən, fikrindən quruyub çöpə dönmüş, on bir ay ərzində on bir il qocalmışdı.

Üçü də yazıq-yazıq şüşə divarın o biri üzündən boylanırdı. Öz boğazlarından kəsib yemək də gətirmişdilər mənə.

Hələ əynimdə idi öz paltarlarım. Xəstəlikdən xeyli zəifləsəm də, ayaq üstə dayanmışdım. «Nazor»a da bir 25-lik vermişdim ki, imkan olan kimi alaqapını açıb məni o üzə keçirsin, beşcə dəqiqəliyə görüşə bilək. Bu da lənət qapısı arxasında pul qazanmağın bir üsulu, bir yolu idi. Çiynimdə üç nəfərin baxışının tənəsi, dünyanın özü ağırlığında xəcalət hissi, günahkarlıq duyğusu vardı. Bir də altı il «srok»un ağırlığı. Yatdıqlarımı da hesablasaq hələ beş il bu başı bəlalılar yol gözləyəcəkdilər. Hələ beş il bu zavallı ana iki körpəsi ilə bərabər bir «zek» də saxlamalı idi. Hələ beş il atalı ikən «yetim» əlavəsi vardı bu körpələrin adında.

Və hələ beş il başlanğıcı Bayıl, sonu Sibir çölləri olan bir ünvana sürünəcəkdi bu 3 nəfər bir xəstə «zek»in arxasıycan; yana-yana, yandıra-yandıra, öz bəxtlərini, taleyin verdiyi qisməti söyə-söyə…

Ömrü boyu təyyarəyə minməmiş üç nəfər başıbəlalı stansiyaları saya-saya, göz yaşlarını biletə döndərib Bakıdan Çita vilayət xəstəxanasına kimi bir yol gedəcəkdilər. Və ilk dəfə qulaqlarına elə xəstəxana astanasındaca «böyük qardaşımızın» öz «balaca qardaşına» düzəltdiyi sırğa asılacaq:

«Çernomazıy»91

Qara gəlmiş ömrün hələ açılmamış səhifələri…

Nəhayət, görüşə gələnlərin sayı azaldı, şüşə divarın o üzündəkilərin pulsuzlarını qovub çıxardılar, bizi, iki nəfər pul verəni arxaya keçirdilər…

Ovcumun içində titrəyən bu körpə əllərindən kim ayırmışdı məni, kim?

Hıçqırığı indi də qulağımdan getməyən bu yad qızının bir qucaqlıq mərhəmət və məhəbbətini kim mənə çox görmüşdü?

Necə də yadlaşır insan.

On bir aya doğma uşaq atadan bu qədər soyuyursa, beş ildən sonra nə olacaq, görəsən? Və bu beş ili yaşamağa dəyərmi?

Lənətə gələsən, bəxt!

Lənətə gələsən, tale!

Bu lənət qapısı arxasında, elə bu körpələrin, bu əzabkeş qadının gözü önündəcə partlayasan, ürək!

İndi son bir parça murdar əskisən; əl vuran da iyrənir, vurmayan da. Hələ beş il də bu yollan keçdikcə çirkab içində üzəcəksən, son damla qanıma da məhbəs iyi, haqsızlıq nifrəti hopacaq – üfunət iyi verəcəksən. Doğmaların üz döndərməsələr də, daxilən iyrənəcəklər səndən… Axı, sən… beş ildən sonra belə adi adam olmayacaqsan, «rane sudimıy» kimi asılacaqsan bu üç nəfərin yaxasından.

Özün bitmiş adamsan, övladların səndən, sən adlı ləkədən yaxa qurtarmaq üçün hələ nələr çəkəcəklər.

Günahsız olsan belə, günahkar kimi baxacaqsan onlara.

Təkcə onlaramı?

Haqsızın üzünə haqq sözü deyəndə də çəkinəcəksən – səndən fərqli olaraq haqsız var səsi ilə «türemşik» deyə bağıra bilər axı.

Böyüklərlə üz-üzə oturmaqdan ehtiyatlanacaqsan – özlərinə sığışdırmazlar sənlə söhbəti. Yox, sən ləkəli deyilsən, bütövlükdə, özün böyüklükdə, yox, Yer kürəsi böyüklükdə bir ləkəsən, ürək. Dünənim, bu günüm cəhənnəm, sabahım üçün ləkəsən.

Mənim üçün, eşqim üçün, körpəm üçün – ləkəsən. Lənətə gələsən səni…

Pul gücünə satın alınmış bu vüsal dəmi də sona yetdi. Gözlərinin nurunu, əllərinin hərarətini, ürəklərinin sözünü verib əvəzində bir qucaq məchulluq, bir də yanaqlarında ayrılıq qorxusundan donmuş göz yaşı apardılar milyonluq Bakının bu kimsəsiz üç nəfəri…

Taleyin hökmünə bax; ətraf dolu insan, yaxın insan, uzaq insan və bu insan dənizində sonsuz sayda baxan, görən gözlər. Son bu gözlərin qarşısında, bu gözlər kəhkaşanının önündə tək-tənha dayanmısan, hələ hirsindən, hikkəndən barmağını da uzatmısan bu gözlərin içərisinə, bəbəklərin ortasına – fəqət səni görən yox.

Sağ insan, sol insan, aşağı mərtəbə insan, yuxarı mərtəbə insan, yer insan, göy insan, torpağın üstü insan, altı insan və hər kəsin iki eşidən qulağı. Bu görməyən insanların heç olmasa eşidəcəyinə inandığın üçün var səsinlə qışqırırsan, bağırırsan, boğazın yırtılıncayadək hayqırırsan – fəqət səni eşidən yox.

Bu korlar və karlar səltənətində son tənha bir saman çöpü – «zek»....

…Dəmir qapıların astanasından keçib «sançast»a necə keçdiyimi kəsdirə bilmədim. Yerimdə uzanıb «bratan»ların suallarına cavab verə-verə bircə şey haqda düşünürdüm – ağlamaq! Hönkür-hönkür ağlamaq. Göz yaşlarımdan bir bulaq açmaq istəyirdim. İsti göz yaşlarımla yanaqlarıma «şram» çəkmək istəyirdim. Tənha qalan körpələrimi, taleyin ümidinə buraxdığım məhəbbətimi ağlamaq istəyirdim.

Özümü, qara gəlmiş bəxtimi ağlamaq istəyirdim. Bəlkə də səhvlərimi, günahlarımı göz yaşımın leysanında yumaq istəyirdim.

Başqalarından fərqli olaraq bu görən gözlərimin bulaq kimi qaynamasını istəyirdim. Döyünməsi anbaan artan ürəyimi öz əllərimlə köksümdən çıxarmaq, qoparıb da tullamaq istəyirdim. Təkcə özümə yox, hamıya, yetən hər kəsə, günahkara da, günahsıza da nifrət edirdim. Bu yer, bu göy, bu məhbus sifətləri, sərbəstliyimi əlimdən almış bu hasarlar qan kimi axmışdı gözümün önündən. İşıq da, zülmət də indi eyni dərəcədə acı, eyni cür yeknəsəq idi.

Həyat bir şahmat oyunudur – məni, özündə bir şah qədər qüdrət hiss eləyən bir kəsi adi piyada kimi küncə qısnamışdılar – heç yerə yolum yox idi. Acizdən aciz, gücsüzdən gücsüz, fərsizdən fərsiz olmuşdum, Heç nəyim yox idi indi – ailəm dağılmış, hisslərim ölmüş, bütünlükdə gələcəyimə qara bir xətt çəkilmişdi.

– Kiminçün yaşamalıydım?

Əlim çatmayan, ünüm yetməyən körpələrim üçünmü?

Yağlı süfrəmin başından əl çəkməyən «dostlar» üçünmü?

Sınmış taleyimin dünənindən göz dağı kimi qalan ilk məhəbbətim üçünmü?

Özümü, yalnız özümü aldada-aldada bu hisslərə inana bilərdim.

Bu it ömrünü başa vurmağın nə mənası vardı?

Ürəyim köksümə sığmır, qulaqlarım uğuldayır, kürəyim od tutub yanırdı…

Ayılanda məhbus dərdinə göz yummaqdan gözləri şüşələnmiş və bu şüşə gözlərini sonsuzluğa dikmiş həkim Qarayevi və qıpqırmızı gözlərinin yaşını ovcuna sıxan Əliağa kişini gördüm.

Üsyankar dəqiqələrimin sonluğu belə bir «şirinlik»lə nidalanmışdı.

Qismətinə ölüb dirilmək düşənlər bu şirinliyi dadıb, dadmayanlara qismət olmasa yaxşıdır.

İynələrinmi təsirindən, yaxud ömür payımın ucuzluğu ilə razılaşmadığımdanmı tam bir boşluq içində yaşadım həmin günü…

Gözümün önündə tez-tez son səhnə keçirdi. Körpələri ilə əl-ələ tutmuş bir qadının gedərkən dəmir qapıdan qanrılaraq geri baxması.

Bu baxışı son baxış, bu göz yaşlarını isə birgə yaşadığımız ömrün sonuna düzülmüş nöqtələr kimi başa düşürdüm.

Son görüş idi bu!

Son gediş idi bu!

Qırılmış saz simlərinin sonuncu titrəyişi idi, sonuncu nidası idi…

Bir an da keçəcək, bu titrəyən səs də uzaqlarda, lap uzaqlarda son inilti kimi azalıb yox olacaq… Dünya boş qalacaq mənimçün.

Həyat ümmanında xoşbəxtlik adda bir inci tapmışdım.

Axtarıb tapmışdım.

Salıb itirmişdim.

İtirib də barışmışdım.

Daha məni çölə bağlayan heç nə yox idi. İndi özümü illərcə bu dörd divar arxasında ömür bada verənlərlə eyni hüquqlu «zek» sayırdım.

Yeni hüquqlar qazanmışdım; insan hüquqları yox, «zek» hüquqları. Həyat fəlsəfəsinə tüpürmüşdüm! «Zek» fəlsəfəsi öyrənəcəkdim.

İnsan həyatı deyilən bir həyata da bilərəkdən tüpürmüşdüm – mənə indi «zek» həyatı əksiklərini anlamaq lazım idi.

Uzun yol astanasında idim hələ. «Zek» əlifbasını öyrənməli idim. Və bu «zek» əlifbası Kiril əlifbası kimi «A», yaxud fars əlifbası kimi «Əlif» səsindən başlanmır.

«Zek» əlifbasının ilk hərfi «B», ilk sözü «babki» – yəni puldur. Bu ilk hərfi, ilk sözü olduğu kimi başa düşüb çöldəki pullarımı toplamalı, onların taleyini öz taleyimə uyuşdurmalı idim.

Vəhşiləşməli idim.

Mümkün qədər tez, lap elə bu gündən, bu andan etibarən insan kəlməsini unutmalı idim. Mühitlə ayaqlaşmalı, öz yerimi tutmalı idim. Bu yol qurban tələb etsə də, dönə bilməzdim; geriyə açılan yollarım qapanmışdı.

Palatada altı nəfər idik. «Vojak»92 vəzifəsini əvvəllər üç dəfə ağır cinayət üstündə mühakimə olunmuş Adəm adlı birisi icra edirdi. Altmışa yaxın yaşı vardı. Balacaboy, çəlimsiz bir kişi idi. Sonuncu dəfə yenə adam bıçaqlamaq üstündə tutulmuşdu. Kameradan fərqli olaraq «sançast»da cinayətin tərkibinə görə qruplaşdırma yoxdur. On dəfə məhkum olunmuşla ilk dəfə həbs olunmuş eyni palataya salına bilər.

«Obşak» pulları onun əlində cəmləşmişdi. Özünü həqiqətən də «vojak» kimi aparırdı. Bu çəlimsiz görkəmi, bu yararsız vücudu ilə özünü hamıdan yüksək sayırdı. Boğazı qaşqaldaq boğazı naziklikdə olsa da amirlik iddiasından əl çəkmirdi.

«Zek» fəlsəfəsinin ilk dərsi kobudluqdan başlanır.

İnsana ağıl, «zek»ə güc gərəkdir. «Vojak» kimdir?

Qol zoru, qorxmazlıq, bir balaca ədalət – üçünün bir qazanda qarışığından «vojak»m xəmiri yoğrulur. Ədalətsizlik, mənəmlik, özünəvurğunluq daşının üstünə bu xəmir məharətlə yaxılır, alınan kütlə üzdən cəlbedici, içəridən dişsındıran olur. Üzünün xəmiri qurumuş bu daşı sındırmaq üçün bircə yol var: özünü ona çırpmalısan. Çünki, uzun müddət «vojak» kimi ədalətsizlik göstərib, hökmranlıq edən bu şəxs heyvani istəklə tutduğu mövqeni əldən verməyəcək. Ancaq özünü ona çırpa bilsən, məhz, kəl döyüşündə olduğu kimi buynuzunun qırılmağından qorxmasan, onun iç üzü açılacaq, xıncım-xıncım olub töküləcək. Yox, əgər, boşsansa, ucu itilənmiş buynuzunu sındırmaqdan qorxursansa, çəkinməlisən bu döyüşdən. Çünki, yararsızlığını başa düşüb əzəcəklər səni. Əzəcəklər yox, palaza döndərib sərəcəklər ayaqlar altına!!! İstəyənlər də, istəməyənlər də döyəcəklər qabırğana! Yazılmamış qanunların müti icraçıları işarə gözləyən ov itlərindən əsla seçilməz.

83.Sanitar hissə (rusca).
84.Boru (burada çıxılmaz vəziyyət mənasında) (rusca).
85.Sapand (rusca).
86.Qadağan olunmuş zona (rusca).
87.Çörəkkəsən (rusca).
88.Yeməkxana (rusca).
89.Üsyan (rusca).
90.İşbaz (rusca).
91.Qaraşın (burada təhqir mənasında) (rusca).
92.Başçı (rusca).