Kitabı oku: «Həbsxana», sayfa 6
«Vojak»ı sındıracaqdım!
Özü də elə bu gün, əsəblərimin tarıma çəkildiyi bu anda, «zek» kimi öz yerimi tutmağa qərar verdiyim dəmdə sındırmalı idim onu. Özüm sına bilməzdim – ölə bilərdim. Ölüm də indi mənim üçün doğma qardaş, yaxın dost sayılırdı.
Təsadüfən də bu gün palatanın hamam günü idi. Hamılıqla yığışıb «vojak»ın dalınca getdik. «Hamam» sözü özü də Bayıl türməsində şərti addır. Yeri, divarları çirkab içində olan otağın tavanından 75 sm diametrli borular keçir. Onu bir neçə yerdən deşiblər – həmin deşiklərdən ilıq su axır. Pas basmış bu boruların deşikləri tədricən tutulub, bəzi deşikdən damcı-damcı, bəzisindən nazik xətt kimi su süzülürdü. Suyun ən gur yeri «vojak»ın, qalanları kim tez tutsa onundur. «Vojak» özünə arxayın olduğundan soyunmağa – içəri keçməyə tələsmir – yeri təmin olunub. Digər yerlər uğrunda mübarizə elə soyunub-geyinmə otağında başlayır. Kim o biri otağa tez keçsə, kimin gözü alıcı quş kimi yaxşı yeri tez seçə bilsə və həmin axının altında dayansa, bu yer onundur. Heyvan psixologiyası!
Hamı öz yerini tutdu, «vojak»ın yeri və damcılarla su süzülən yerlər boş qaldı. Tələsmirdim. Hamının arxayınlaşmasını gözləyirdim. «Vojak» hələ o biri otaqda idi. Təmkinlə, aramla «vojak»ın yerini tutdum. «Zek»lər bir-birinə, sonra mənə baxdılar. Əliağa kişi qaş-gözlə ürəyindəkiləri mənə bildirib, xəbərdar etmək istədi (ucadan deməyə ixtiyari yox idi). Yazıq hardan biləydi ki, mən özlüyümdə çox şeyə qərar verib, nəticə çıxarmışam?
«Vojak» qapını açıb içəri keçdi. Bir addım atıb dayandı, əvvəlcə məni sonra, digər yoldaşları gözdən keçirdi. Heç kəs yuyunmurdu. Hamı hadisənin sonluğunu izləyirdi. Bu bədbəxtin isə çıxış yolu qalmamışdı; ya geriyə dönüb buranı tərk etməli, ya boş yerlərdən birini tutub taleyin ona göndərdiyi bu acı payla razılaşmalı, ya da…
«Vojak» da əcdadının ona irs qoyub getdiyi «yer güclünündür» yolunu seçdi. Nazik, əyri qıçlarının üstündə mənə tərəf addımladı. Çox güman ki, bu işlərdə hələ naşı olduğumu zənn etdi, yaxud, xəstə olduğumdan müqavimət göstərə bilməyəcəyimi, acizlik göstərəcəyimi zənn etdi.
– Ey,.. çəkil görüm! – deyə qabardı. Fərqinə varmadım.
– Sənnən danışıram, eşitmirsən? – bir az da ucadan qışqırdı.
Eşidirdim. Eşitməzliyə vurmuşdum özümü. İlıq su bütün bədənimə qəribə bir gizilti gətirmişdi. Suyun hərarətindənmi, bu qəribə atmosferin təsirindənmi, yoxsa indicə qopacaq tufanın görünməz dalğalarının gücündənmi nəhəngləşirdim – elə bil bir boy ucalmışdım. Dərd əymiş çiyinlərim qalxmış, sinəmdə qəhərdən sonrakı nifrət düyünlənmişdi. Barmaqlarımı daraq kimi saçlarıma taxmışdım; qollarımın əzələlərinin öz-özünə oynadığını da hiss edirdim.
Bu dəqiqə ikimizdən birimizin taleyinə qara xətt çəkiləcəkdi.
Bu dəqiqə bu suyun bir sahibi olacaqdı!
Bu andan etibarən bütün baxışlar dəyişəcəkdi.
İndicə insanlara və insanlığa nifrətin ağırlığı dəyirman daşına dönüb ikimizdən birimizin başına enəcəkdi.
İndicə iki haqsızdan biri qol gücü ilə haqlı olacaqdı. Zorla tutulmuş bir vəzifə ya daha da möhkəmlənəcək, ya başqa qoluzorluya veriləcəkdi.
İki heyvanın məkan üstündə mənasız mübarizəsi!
İki insanlardan təcrid olunmuşların canlı döyüşü başlayırdı indi. Qalan təcridolunmuşlar lal-kar kimi dayanıb baxacaqdılar; eynən heyvan sürüsündə döyüşənlərlə etinasızların səhnəsi yaranmışdı.
«Vojak» bir addım da irəliləyib sağ əlini qaldırdı, dünyanın özü böyüklüyündə qəzəb düyünlənmiş sinəmdən itələməyə cəhd göstərdi:
– Çəkil demirəm sənə?
Elə bu lazım deyildimi mənə? Vəhşiləşmiş mənə, insanlıq sözü üstündən öz əlləri ilə qara xətt çəkməyə hazırlaşan mənə!
Qana susamış mənə!
Lənət qapısı arxasında lənət qazana-qazana yaşamağa alışmaq istəyən mənə!
Bir əlimlə seyrək saçlarından, bir əlimlə çiynindən yapışıb başını yüz ilin çirkabı çökmüş divara vurdum, bir də, bir də…
Hiss elədim ki, əlimdəcə ağır qum torbasına döndü – yerə uzadıb indi də alnını döşəməyə döyməyə başladım. Sağ dizimi kürəyinə söykəmişdim. Yuxarıdan axan su indi hər ikimizin üstünə tökülürdü. Əzilmiş burnundan, dərisi çapılmış alnından axan qan bu suya qarışdıqca daha da gözəl rəng alırdı – qızılgül rəngi…
Hər dəfə döşəməyə dəydikcə tappıltı səsi mənə «qan» sözünü xatırladırdı. Qan, qan, qan…
Alacalanmış gözlərimin qarşısında xaçmazlı Akifin təəccübdən büzülmüş sifəti peyda oldu:
– Bəsdi, bəsdi, ay allahsız, bəsdi, – deyə qışqırdı.
Vəhşiləşirdim. Özüm görə-görə, başa düşə-düşə vəhşiləşirdim. Məhbus yoldaşlar sabiq «vojak»ı götürüb o biri otağa apardılar. Hamam təkcə mənə qaldı.
Su! İlıq su! İlıqlaşmış əsəblər…
Dünya nə gözəlmiş, İlahi!
Yaşamaq nə şirinmiş!
Bu lənət qapısı arxasında belə, bu çirkab anbarının içində də yaşamaq istəyirsən, insan! Səfil kimi, it kimi, «vojak» kimi, hər necə olursa olsun, yaşamaq istəyirsən.
Yalandır sivilizasiyalı cəmiyyət anlayışı!
İllərcə boş qafamıza neçə-neçə bünövrədən məhrum kəlamlar yerləşdirilib, bizi bir-birimizə dost olmağa çağırıblar.
İftiralarla, qəbahətli anlarla dolu bir keçmiş yaşamışıq.
İndi o keçmişə son qoyuldu.
İndi bütün yalanlara birdəfəlik «yox» deyildi!
Əcdadımızın qanunu, hakimlik qanunu, qolu-zorluluq qanunu ortaya çıxdı!
Min illər yaşamaq hüququ qazanmış bu qanunun nəyi pis imiş görəsən?
Dünya xalqlarının bütünlükdə bir qanunu, bir qaydası ola bilməz. Hər yerin, hər vilayətin, hər obanın öz qanunu olmalıdır. Həmin yerə düşən qərib kimsə də, məhz, yerin qanunları ilə yaşamalıdır. Sarayda saray qaydaları, it damında it qaydaları, türmədə «zek» qaydaları hakim olmalıdır.
Vay bu qanunları öyrənə bilməyənlərin halına!
(2-ci hissə )
«Qırmızı zon»
«YATAB»93
Bu günkü gün dünənkinin nəticəsidir.
H.Heyne
Bayıl «zek» üçün məhbəs nəzəriyyəsi üzrə həm orta və ali məktəb, həm də akademiyadır. İlk dəfə düşənlər hamısı bura girəndə dilxor, başıaşağı olursa, çıxanda sifətindən sevinc, məğrurluq oxunur. Ona görə yox ki, azadlığa buraxılır, xeyr; azadlıqla Bayıl türməsi arasında qanlı bir uçurum mövcuddur; hələ «zek» «zon»a göndəriləcək, «zon»da öz «srok»unu əridəcək, bəlkə də başına min cür bəla gətiriləcək, bəlkə, yeni cinayət törədib yenə də bura qayıdacaq.
Ona görə ki, o, görmədiklərini gördü, hazır olmadıqlarına hazır oldu, psixoloji cəhətdən «zek» kimi formalaşdı, üzündəki həya pərdəsini şəhadət barmağı ilə yırtdı. İmtahanların ən çətinini verib öz qiymətini, öz «kliçka»sını aldı. Bəlkə hələ çiyninə səkkizguşə ulduz da döydürüb, «ment»lərə qarşı barışmaz, qanun keşikçilərinə qarşı əks bir mövqe də tutdu. Əlində olanları, qohum-qardaşın göndərdiklərini xərcləyib qurtardı, ümidi hər yerdən üzüldükdən sonra yeddi dəmir qapı arxasında pul qazanmağın yolunu, yolağısını da öyrəndi. Heç nə bacarmadıqda qumara qurşandı, uddu, uduzdu, həyasını atdı, bədəninin hansı bir üzvünüsə satdı, manatsız qaldıqda özünə, şəstinə sığışdıra bilmədiyi «balanda»nı da yedi; «proquloçnıy» həyətdən siqaret kötüyü yığdı, onların tütününü bir yerə toplayıb qənaətlə çəkdi, «srok»suz çıxa bilməyəcəyinə əmin olduğundan özgələrinin və özünün mənəviyyatına tüpürdü də…
İndi əlinə «zon»a getmək fürsəti düşüb; heç olmasa hasarların ölçüsü böyüyəcək, heç olmasa bəlalı başının üstündə soma görəcək, aya baxacaq…
Buna da şükür oxuyacaq. Təki bu lənət qapısı arxasından uzaqlaşa bilsin, təki Bayıl məhbəsinin mənəvi ağırlığı onun çiyinlərindən götürülsün…
Qəfəsə salınmış quş nə qədər vurnuxub qaçmağa çalışsa da, nəticə əldə edə bilməyərək tədricən bu payla razılaşır. Aydın soma, geniş torpaq eşqilə cəh-cəh vurub oxuduğu günlər bəlkə də yadından çıxır, bu dar qəfəs doğmalaşır ona. Hələ oxuyur da…
İnsan da belə imiş. «Məhbəs», «zindan», «türmə», «ağzıbir» adlanan bu yerə də «zek» bədbəxt öyrənir. Kameraların qara rəngli qapısı da, «nara»ların dəmir soyuğu, «kamera»nın açılıb-örtülməsi «zek» üçün təkrarlandıqca təkrarlanır, onun şüurunda cilalanır, adiləşir. Hər şey vərdiş halına keçir.
Minlərlə üz görüb qocalmış bu binanın divarları doğmalaşmışdı mənimçün. Dəhliz boyu addımladıqca içəridə oturanların pisini də, yaxşısını da eyni qayğı ilə süzürdüm – sərbəstliyimiz arasında nə qədər fərq vardı; onlar yeddi, mənsə altı dəmir qapı arxasındaydım. Bilsəniz bu bir dəmir qapılıq fərq nə deməkdir?
Bu fərq – həyat, bu fərq – hava. Bu fərq – yemək, gəzmək, danışmaq, kameradakılara imkan çatan qədər kömək göstərmək… Bu qayğının, bu köməyin də sonu yetişmişdi; bu gün gecə yola düşəcəkdik – islah olunmaq, tərbiyələndirmək üçün aparacaqdılar bizi… koloniyaya.
«Zon»a göndəriləsi «zek» «yatab» gününü, yəni qrupun koloniyaya yola salınacağı günü əvvəlcədən bilir. Bayılda adətən şəhər «zon»larına «zek»i «voronok»la göndərirlər ki, bu da həftənin 2-ci və ya 4-cü günü icra olunur. Nisbətən uzaqdakı «zon»lara, məsələn, Xələcə və Ağdama isə qatarla, qəbul olunmuş dildə «stolıpin»lə aparırlar. («Stolıpin» haqda söhbətimiz olacaq.)
Qaradağdakı 9 №-li koloniyaya gah «voronok», gah da «stolıpin» güzar edir. 3 №-li islah-əmək koloniyasına gedənlərin payına «stolıpin»i görmək şərəfi düşür. Yola düşməmişdən qabaq «zek» 2-3 dəfə təşrif buyuran «bratan»dan təlimat alır: filan «zon»da rəis kimdir, «oper» necə adamdır, «daçka» necə və neçəyə keçirilir. «Toçka»94 neçəyədir, «barak» və «kutok»95 nə deməkdir, özünü necə aparmalısan və s.
Bayıldan «zon»a pulun hansı yolla aparılmasını da ətraflı surətdə başa salırlar. Pulu, əlbəttə ki, iri əskinasları çoxluca əzişdirmək, sonra pencəyin boyunluğunu, yaxud yaxalığını söküb içərisinə tikmək lazımdır. «Teleqreyka» daha münasibdir. Bunlara imkan yoxdursa və ya pul çoxdursa, ən münasib yer – tumanın ağıdır. Hər «nazor» özünə sığışdırıb əlini ora uzatmaz. (Hərçənd, uzadanlar da olur.)
Mən də bir ədəd 100-lük, 4 ədəd 50-lik və iki ədəd 25-liyi həmin yerə səliqə ilə tikmişdim. Bayıl türməsində 11 ay ərzində xərclədiyim 27 min manatın qalığı 354 manat idi. Bayıl türməsində də, «zon»da da xərclədiyim pulların hər birinin iç üzünün sağ tərəfindəki ağ sahəyə əski əlifba ilə adımı yazdım ki, çıxandan sonra rastıma gəlsə, təbərrik xatirə kimi saxlayım.
Dəhlizdə saydılar, sıraya düzüb bir də baxdılar, dilucu uğur da arzuladılar və on bir ay əvvəl gətirdikləri yolu indi geriyə qaytardılar. Yenə dəmik qapılar növbə ilə şaqqıldadı, yenə «boks» beton döşəməsinə qəbul etdi; ancaq indi «şmon» haqda düşünən yox idi. «Nazor»lar hədsiz dərəcədə qayğıkeş, canıyanan olmuşdular; insan öz qiyafəsini, cildini nə tez dəyişə bilərmiş…
Onlar çox yaxşı başa düşürdülər ki, burdan gedən «zek» koloniyada çürüyəcək, neçə illər yola verəcək, ancaq, nəhayət ki, qurtarıb çıxacaq və təsadüfən küçədə, bayırda rastlaşacaq onunla. Bu səbəbdən də indiyə kimi etdiyi nadanlıqların əvəzini «yatab» günü mülayimlik, şirindillik, mehribançılıqla qaytarır. Onun bu yeni kefiyyətləri təəccüblənmiş, «zon»a getdiyi üçün qismən ruhlanmış «zek»in ürəyini yumşaldır. «Nazor» da bu momentdən ustalıqla istifadə edərək «zek»dən şirinlik alır.
Pencəyimin cibində cəmi dörd manat pul qaldı – hamısını mehribançılıqlarının həddi-hüdudu olmayan «nazor»lar çay pulu aldılar.
İki saata yaxın boksda var-gəl edəsi olduq. Siqaret tüstüsündən göz-gözü görmürdü.
On bir aylıq məhbəs həyatına uzun bir vergül qoyulacaqdı indicə. Bayıl türməsi ilə bağlı acı xatirələr çözələnəcək, on bir ay on bir saniyə kimi gözümün qarşısında əriyəcəkdi; bu on bir ay on bir insan ömrü idi əslində. Mənsə on bir ayı bircə qurtum su kimi içmişdim.
Şirinli-acılı 35 illik ömrümə on bir aylıq zəhər toxumu səpmişdi. Hamıya mehribanlıqla yanaşdığım illər nağıla dönmüşdü yaddaşımda. İndi insanlara başqa gözlə baxırdım; çəpləşmişdi gözlərim!
Yox, insanlar dəyişməmişdilər, bu qısa müddət ərzində dəyişə bilməzdi bu sayda insan övladı!
Mən dəyişmişdim.
Özüm boyda zəhər tuluğuna oxşayırdım – əl vursan partlayardım.
Bəla burasında idi ki, özüm özümü oxuya bilir, qəddarlaşdığımı, nifrət parçasına döndüyümü, insanlıqdan uzaqlaşdığımı görürdüm. Görə-görə, başa düşə-düşə dəyişə bilmirdim.
Geriyə qayıtmaq istəyirdim. On bir ay, bircə il geriyə qayıdıb əvvəlki mən olmaq istəyirdim. Hava qədər, su qədər istəyirdim keçmişimi. Əynimə biçilmiş təzə libasın nə dərəcədə murdar olduğunu bilirdim. Soyunub da atmaq istəyirdim bu lənət qapısı arxasında məni məndən uzaqlaşdıran bu murdarlığı. Bacarmırdım!
Mənası da yox idi bu paltarı dəyişməyin; axı, mən hələ təcridolunmuşlarla yanaşı oturmuşdum!
Axı, mən hələ təcridolunmuşların yanma aparılırdım.
Mən özüm təcridolunmuş idim hələ!
Hələ! Bəlkə də həmişəlik…
Nəhayət, karton vərəqlər, şəxsi işlər «nazor»ların əlində göründü.
Təqribən gecə saat 11:00 olardı. Ona görə təqribən deyirəm ki, Bayıl türməsində saat saxlamağa icazə verilmir. 39-cu kamerada qalarkən bir su saatı düzəltmişdim. Dezodorant qabının oturacaq hissəsini kəsmiş, alt paltarımızın birini ixtisara salıb onun rezinindən istifadə edərək bu qabı başıaşağı şəkildə asmışdım. Su yavaş-yavaş damcılayıb azalır, rezin yüngülləşən qabı yuxarı çəkirdi. Qaba bənd edilmiş lingin (ikiyə bölünmüş karandaşın bir üzü) bir ucu qalxır, ortası iynə ilə divara bənd edildiyindən o biri ucu qövs şəkildə hərəkət edirdi. Qövsün bir ucunda səhər saat 5, o biri ucunda gecə saat 11 yazmışdıq. Qaba doldurulmuş su bu müddət üçün bəs edirdi. Öz xahişi ilə saata Xosrov kişi qulluq edirdi. Çox alicənab, yüksək təfəkkür sahibi və iki institut məzunu olan Xosrov kişiyə hamının hörməti vardı. Əsl el ağsaqqalı idi… Ona kamerada iş tapşırmırdıq. Buna baxmayaraq, hamıdan tez yuxudan durur, qabları su ilə doldurur, saatı «qurur» və kamera boyu sakit addımlarla «tasovka» edirdi. Dərdi özündən ağır idi. Dəfələrlə müşahidə etmişdim: ata nəvazişi, baba qayğısı ilə üstü açılanların üstünü örtür, başımızın üstündə durub dərdimizə acıyırdı. İnsanın alicənablığının həddi-hüdudu olmazmış. Sənə yüz dəfə təzim və ehtiram, Xosrov kişi.
Az sonra starşina o saatı da çox görərək biz «proqulka»da olarkən söküb aparmışdı…
«Voronok» yenə öz dəmir ağzını ayırmışdı. Familiyalar və maddələr oxunduqca əyinlərində hələlik «adam paltarı», ayaqlarında «adam ayaqqabısı» olan «zek»lər nağıllardakı kimi bu dəmir əjdahanın ayrılmış ağzına girirdilər. Bir, iki,.. on yeddi,.. iyirmi üç (bu mən idim),.. otuz iki…
Əjdaha beşadamlıq balaca qarnında otuz iki nəfəri yerləşdirib guruldadı, baş alıb harasa istiqamət götürdü…
QUL BAZARI
Azadlıqla qul olmaq arasında cəmi bir addım var…
Qonçarov
«Voronok»un yerindən tərpənməsi ilə stajlı «zek»lər arasında mübahisənin qızışması bir oldu: bir dəstə «voronok»la birbaşa, bir dəstə «stolıpin»lə aparılacağımızı söyləyirdi.
Döngələrə görə dəmiryol vağzalına tərəf aparıldığımızı təyin etdik. Sonra döngələrin də sayı itdi. On beş, iyirmi dəqiqə keçmiş «voronok» yenidən ağzını ayırdı. Tökülüşməyimizi tələb etdilər. «voronok» düz «stolıpin»in qapısı ilə üzbəüz dayanmışdı.
Arada ikicə metrə yaxın məsafə olmağına baxmayaraq, əli avtomatlı əsgərlər sağ və sol tərəfdə hazır vəziyyətdə dayanmışdılar. Birinci «zek» maşından düşən kimi rus əsgərlərindən biri qışqırdı:
– Birinci getdi.
Qəbul edən rus əsgəri də cavabında:
– Birinci gəldi, – dedi.
Ayaqlarım torpağa dəydi və bu ünsiyyətdən bədənimə qəribə bir hissiyyat çökdü. Неç olmasa, yarım dəqiqə durub bu vağzalın havasından sinə dolusu udmaq istədim – bu da bir qənimət idi… Avtomatın lüləsini burnuma tutmuşdular. Bu yaramazın boz sifətinə, göy gözlərinə və əlindəki avtomata diqqətlə baxıb ayağımı «stolıpin»in dəmir pilləsinə qoydum. Daha bir addım atıb geriyə boylandım. «Voronok» növbəti «zek»i doğurdu… Əlində avtomat tutmuş dayə isə doğulmuş körpəyə yol göstərirdi. Beləliklə, balaca əjdahanın qarnından çıxıb böyük əjdahanın qarnına doluşduq və qatar yola düşdü.
Əgər dünyada iki nəqliyyat növündən zəhləm gedirdisə, bunun biri və bəlkə də elə birincisi qatar idi. Bununla belə «SV»dən tutmuş, «plaskarta» kimi çox vaqonlar görmüşdüm bu 35 ildə…
«Stolıpin» bunların hamısından fərqli, qeyri-adi bir vaqon idi. Adamda da xüsusi məna vardı… (Bu barədə sonra.)
– Çömbəlin, əllər boyunun dalına. «Stolıpin»dən düşən kimi özümüzə gəlməmiş eşitdiyimiz ilk söz rus dilində oldu. Kapitan indiyə kimi yalnız kinolarda gördüyümüz faşist kimi qışqırırdı. Əlində avtomat tutmuş, ayaqlarını azca aralı qoymuşdu. Yanında iti də vardı. Dörd tərəfimiz əli avtomatlı rus əsgərləri ilə dolu idi.
– Buna «konvoy» deyirlər, – «zek» qardaşımız Fəxrəddin xəbərdar etdi, – ehtiyatlı olun, ata da bilərlər, döyə də. Nə desələr əməl edin. Binamusdurlar bunlar. Qaniçəndirlər.
– Susun, sizin ananızı, – kapitan var səsi ilə bağırdı, – xəbərdar edirəm, qaçmaq istəyəni yerindəcə güllələyəcəm.
Hara qaçacaqdıq görəsən?
– Bir-bir qalxın, əlinizi arxanıza qoyub maşına keçin!
Əmri yerinə yetirməkdən özgə nə çarə var idi ki?
«Bratan»lar «stolıpin»dən düşəndə məni ağsaqqal kimi qabağa buraxmışdılar. İndi də birinci olaraq ayağa qalxdım və bu alçaldıcı vəziyyətdən yaxa qurtardığım üçün sevindim də.
– Birinci getdi, – deyə silahlı əsgər dalımca qışqırdı.
On səkkiz addıma «voronok»da çatdım. Yuxarı qalxan kimi içəridəki, digər rus əsgəri qışqırdı:
– Birinci gəldi. Sonra isə mənə göstəriş verdi:
– Əlindəkiləri bura qoy, düşəndə götürərsən. Şübhəsiz ki, bu əmri də müqavimətsiz yerinə yetirdim. Taleyimin verdiyi bu payı da lənətləyə-lənətləyə keçib oturdum. Sayca altıncı «zek» Fərhad idi, içəri keçən kimi yeddinciyə tapşırdı:
– Şeyləri ora qoyma, oğraşlar eşəcəklər. Əsgər də öz növbəsində qışqırdı:
– Sus, «poskuda»96!
– Özün sus, «suka», – bu da əsgərin aldığı cavab oldu.
Səriştə buna deyərlərmiş. İçəridə 7 nəfər «zek» vardı, əsgər nə biləcəkdi ki, söyən kimdir. İlk gələn beş nəfərin boğçaları əsgərlərin yanında qaldı. «Voronok»un tərpənməyi ilə əsgərlərin torbalara hücumu eyni vaxtda başladı. Gözümün önündəcə sovet əsgəri mənim torbamdan məhrəbamı, diş fırçamı və diş pastamı, alt paltarımı götürüb özünün boş torbasına doldurdu.
– Niyə götürürsən, onlar mənimdir, axı, – deyə dilləndim.
– Mumla, «svolıç»97, özümüz bilərik.
– Danışma, mənasızdır, – Fəxrəddin bildirdi, – qoy soysunlar. Bu binamuslara söz deməyin xeyri yoxdur. Danışsan, düşəndə döyəcəklər, ya da «nazor»a «nakolka» verəcəklər ki, pis adamsan. Danışma…
Danışmadım, ancaq alt paltarı oğurlayan sovet əsgərinə təəccüblə, ikrah hissi ilə baxmaya bilməzdim.
Hansı ruhda tərbiyələndirmişdilər bizi? Şanlı sovet əsgəri! Qızıl əsgər!
Müqəddəs qanunlarımızı qoruyan yenilməz sovet əsgəri…
Oxuduqlarımız, eşitdiklərimiz bu.
Gördüklərimiz həqiqətdirsə… İstəməzdim bu həqiqəti, çünki bu həqiqət çılpaqlaşdıqca iyrəncləşirdi.
Yenə dəmir qapıların şaqqıltısını eşitdik. Neçə dəmir qapı keçdiyimizi saya bilmədim. «Voronok» ikinci dəfə ağzını açdı. Yerə tökülüb sıra ilə düzüldük. Əlimdəki torba bəs deyincə yüngülləşmişdi. Başqa bır «zek»in torbasının ağzı bərk düyünləndiyindən əsgərlər onu altdan bıçaqla kəsib boşaltmışdılar. o da yandığından geri dönüb boş torbanı əsgərin üzünə çırpdı:
– Al, «qnida», bu da sənin olsun!
Əvəzində «nazor» onun boynunun kökünə yağlı bir şillə, qızıl əsgər isə arxasına möhkəm bir təpik ilişdirdi.
Ensiz, üstü dəmir çərçivələrlə örtülmüş bir dəhlizi keçib, eynən Bayıl türməsindəki kimi tavanı dəmir çərçivələrlə bağlanmış bir yerə doluşduq. Uzun, bığlı bir «nazor» sıraya düzülməyimizi tələb etdi. Onun əks tayı, boyca gödək, bığsız, qapqara rəngdə «nazor» əllərini belinə vurub ayaqlarını aralı qoydu… Üz-gözünü qırışdırıb zəhmli görkəm almağa çalışdı:
– Əllər arxaya. Sıraya düzülün, oğrular, quldurlar, rüşvətxorlar.
Fəxrəddin bir dəfə bura düşüb çıxdığından onları tanıyırdı. Yavaşca:
– Ehtiyatlı olun, Rahimdir, – deyə xəbərdarlıq etdi.
Rahim də elə bil buna bənd imiş kimi Fəxrəddinin üstünə yüyürdü:
– Nə tez tapdın buranın yolunu, ə…
Qoşa «duplet» şillə Fəxrəddinin sözünü ağzında qoydu.
Rahim yenə öz qəribə görkəmini aldı. Vurduğu zərbənin psixoloji təsirini müşahidə edib, qışqıra-qışqıra hədələməyə başladı:
– Lezva, bıçaq kimdə var, çıxarıb versin. Özüm tapsam… soxacam.
«Bratan»lardan çoxu şillələnmək, həm də ilk tanışlıqdan bu «ment»lə düşmən olmaq istəmədiklərindən torbalarını açdılar. Kəsici və deşici nə vardısa, təhvil verildi.
İmkansız «zek» tədricən döyülməklə razılaşır, mənəvi əzabını müvəqqəti də olsa, yadından çıxarıb, «Qalsın qulluğunda!» – deyə taleyi ilə barışır, bundan sonra ona vurulan şillə və təpiklər heç fiziki cəhətdən də təsir göstərmir.
İşin nəticəsindən razı qalıb, öz əməlindən ləzzət alan Rahim toybəyi kimi dövrə vurub əmr etdi:
– Pulları çıxarın!
Heç kəsdən səs gəlmədi. Gözlərini bərəldib alnını qırışdırdı, ayaqlarını yerə vurdu:
– Pulları çıxardın, yoxsa lüt soyunduracam sizi… arasınacaq yoxlayacam!
Hər əmrdən sonra pauza verirdi, dəfələrlə bu rolu oynamış, yəqin ki, aktyor kimi formalaşmışdı. Pauza «zek» üçün düşünüb qərar çıxarmağa imkan yaradırdı.
Aramla bir də sağa-sola var-gəl etdi.
Sabirabadlı Şahların yanına gəlib qolundan tutdu:
– Pulları ver!
– Yoldaş nəçənnik, vallah pulum yoxdur.
– Yoxdur, indi mən taparam…
Bir də qabağımızda dövrə vurdu. Nə fikirləşdisə, təzədən Şahların yanına qayıtdı:
– De ki, sən öl pulum yoxdur?!
Şahlar xeyli fikirləşdi, qeyrəti yol vermədi ki, quru bir «sən öl» yapışdırsın onun alnına. Utana-utana, qorxa-qorxa pencəyini əynindən çıxartdı.
– Boyunluğuna tikmişəm, nəçənnik. Bıçaq verin, kəsim çıxardım.
Rahim cibindən ov bıçağını çıxardıb, pencəyin boyunluğunu tamam-kamal kəsdi:
– Onsuz da bu gün sənə «spesovka»98 verəcəklər, pencəyi neynəyirsən?
Pencəyin boyunluğundan çıxan 65 manat pulun 30 manatmı götürüb hamıya göstərdi:
– Mən halal – adamam. Baxın, yandan da azını götürürəm – üzünü Şahlara tutdu, – halal eləyirsənmi?
Görəsən Şahlar yazıq halal eləməyib, ürəyindən keçən «Haramın olsun!» sözlərini deyə bilərdimi?
Müvəffəqiyyətli hücumdan sonra növbə ilə «zek»lərə yanaşıb hamısının pullarım aldı, ikiyə bölüb yarısını götürdü. Növbə mənə çatdı. Qarşımda dayanıb başdan ayağa kimi məni süzdü, uzun saçlarıma, qəhvəyi kostyumuma, ağ köynəyimə nəzər saldı.
– Statya?99 Dedim.
– Adın, familin? Dedim.
– Hardan tutulmusan?
Onu da ədəb-ərkanla deyəsi oldum.
– Ba… Söküb dağıtmısan, hökumətin atasına od vurmusan ki, day denən. Çıxart görək, yığdıqlarından bizə nə gətirmisən!
Cavab qaytarmağın əhəmiyyətsiz olduğunu başa düşdüyümdən, əlimi cibimə salıb 4 manat qalıq pulunu çıxartdım. Aldı. Baxıb qəzəbindən od tutub alışdı. Hirslə pulları (bir üçlüyü və bir manatlığı) pencəyimin ön döş cibinə soxdu. Baş barmağı ilə şəhadət barmağını bir-birinə sürtə-sürtə əlini düz gözümün qabağında oynatdı:
– Pulları, pulları göstər görüm, mənə üçlük gəlmə…
Dövrə vurub o biri «zek»lərlə pul bölüşməyə başı qarışdığından elə düşündüm ki, mən yaddan çıxmışam. Hələ bir Allaha şükür də elədim.
Sevincim uzun sürmədi, bir azdan yenə yaxınlaşdı:
– Görüm pulları, – deyə qışqırdı.
Elə bil öz əli ilə bir dəstə pul qoymuşdu ciblərimə. Atasının pulu kimi tələb edirdi. Yenə də əlimi cibimə salıb dörd manatı çıxartdım. Əl çəkməyəcəyini başa düşmüşdüm. Alıb baxdı, üz-gözünü turşudub xeyli fikirləşdi və pulları sifətimə çırpdı.
– Bunu özünə saxla, rüşvətxor!
Neçənci dəfə kimsəsizliyimi və gücsüzlüyümü dərk etdim. Sifətimə çırpılan pul güllə kimi yaladı üzümü. Şəxsiyyətdə, təhsildə, lap elə boy-buxunda məndən qat-qat aşağı olan bu yaramazın hərəkəti qəfil şillə kimi tutdu məni.
Gözlərim alacalandı, nə dəmir barmaqlığı, nə də tamaşaya düzülmüş «bratan»ları görmürdüm, indi bütün dünya beşaddımlıq asfalt örtüklü torpaqdan və onun üstündə dayanmış bu qara haramzadadan ibarət idi mənimçün. Ruhum, ağlım, başım və bədənim də yox olmuşdu. Əllərimin onun boğazında nə vaxt kilidləndiyini bilmədim, gördüyüm Rahimin nazik boğazı, qıvrım saçlı kəlləsi və hədəqədən çıxmış gözləri idi…
Güc, güc gərək idi indi barmaqlarıma. Sıxmaq üçün, bir-birinə ilişib qaynaqlanmaq üçün, Fəxrəddinə vurulan şillənin əvəzini çıxmaq üçün, mənəvi təhqirin fiziki cəza ilə tarazlaşması üçün güc, qüvvət istəyirdim barmaqlarıma. Bir az da, bir balaca da sıxa bilsəydim…
Hardan tökülüşüb gəldiklərini bilmədim, onda gördüm ki, 5-6 «ment» əl və ayaqlarının var gücü ilə çırpırlar məni. Harama gəldi, necə gəldi vururdular. Döyüb yorulandan sonra qol-qıçımdan tutub beş-on addımı sürüyə-sürüyə apardılar. «Şizo»ya salıb, qapını da möhkəm-möhkəm bağladılar. «ŞİZO» «SİZO»100dan fərqli olaraq cərimə olunmuş «zek» üçün nəzərdə tutulub. Taxta «nara»nın üstündə uzanıb üz-gözümün qanını sildim. Ağrımayan yerim yox idi.
Bir neçə saatdan sonra qolumdan tutub «yatab» gələnlərin yanına apardılar. Döyənlər çıxıb getmiş, təzə «ment»lər gəlmişdi. «Bratan»lar üz-gözümə baxıb təəssüflə başlarını bulaya-bulaya çay verdilər.
– Eybi yox, yaxşı elədin. Xəbər çatdı «zon»a. Uşaqlar gəlmişdilər, dedik, «qrev»i də onlar göndərdilər.
«Zon»dakı qəribə qaydalardan biri də budur ki, «yatab» gələn kimi imkanlı «zek» «nazor»a 5-10 re verib hasarın başına çıxır və öz tanış-bilişlərini, həmkəndlisini, rayonlusunu axtarır, ona mənəvi kömək göstərir, «barak»da ona yer hazırlayacağını bildirir. Bütün bu mənəvi köməklə yanaşı «yatab» gələnlərə «qrev» də göndərirlər.
İsti «zon» çayı kamera çayından xeyli dadlı idi. Bir-iki tikə çörək də yedik. Çənəm dəhşətli şəkildə ağrıyırdı, hər dəfə ağzımı açdıqca qafam tərpənir, ağrıdan gözlərim yaşarırdı. «Bratan»lardan bəzisi qızıl əsgərin yarıladığı və «qanunpərəst» «ment»in ata malı kimi bölüşdürüb yüngülləşdirdiyi torbacığı başının altına qoyub asfalt döşəmədəcə uzanmışdı. Bəzisi, o cümlədən mən də, beton stolbalardan101 üst-üstə düzülüb hörülmüş hasara söykənib yuxulayırdı.
Bir ilə yaxın müddət ərzində ilk dəfə təmiz havada yatmaq kimi bir xoşbəxtlik düşmüşdü əlimə. Başımın üstündəki dəmir barmaqlığın yuxarısında göy səma, seyrək, topa ağ buludlar görsənirdi. Gözümü oxşayan bir şey də vardı: nə «nara», nə «sever» görünürdü. Bu bir misqallıq azadlıqdan məst olmuşdum, qol-qıçımın, qarın nahiyəmin və başımın ağrısı da yadımdan çıxmışdı, elə buradaca, bu göy səmanın altında, bu təmiz havadan sinə dolusu udub uymaq, dincəlmək istəyirdim…
Çoxmu sürəcəkdi bu xoşbəxtlik?
Altıncı və bazar günlərini də burada keçirdik. Rəisin başı qarışıq olduğundan «yatab» qəbul etmədi. Yalnız birinci gün saat 15 radələrində bir dəstə «ment» bir nəfər dəllək «zek»lə təşrif buyurdular.
İnsanın mənəvi alçaldılmasının nə qədər yolları olarmış? «Nazor» bu yolları dəfələrlə keçdiyi üçün öz işindən ləzzət alır. «Zek»-dəllək onun tapşırığını yerinə yetirir. «Nazor»un sözü qorxaq «zek»ə qanundur.
Qoyun qırxımında olduğu kimi, bizi bir-bir tutub dəlləyin yanına gətirir, başımızı əyib boynumuzun kökünə bir yumruq ilişdirir, sakit dayanıb danışmamağımızı tələb edirdilər. «Zek» dəllək «nazor»un əmrinə görə şuluq adamların başının yarısını qırxıb yarısını saxlayır, bununla da öz səlahiyyətini nümayişkaranə sübut edirdi.
Fağır «zek»ləri ütüb buraxdılar. Boyunlarının, qulaqlarının dibində bəs deyincə tük saxlayıb:
– Qalanını dəlləkdə qırxdırarsınız, – deyirdilər.
Pullu «zek»lərə gəldikdə isə… Pulu və adamı olan «zek»ləri elə gəldiyimiz gecə təntənə ilə qarşılayıb «zon»a çıxardılar. Birinci gün saat 14:00 radələrində qaytarıb bizə qoşdular. Bu müddət ərzində onların başı və üzləri səliqə ilə qırxılmış, paltarları, ayaqqabıları dəyişmiş, bir sözlə formaya düşmüşdülər. İki gün yarım ərzində istirahət edib özlərinə sığal çəkmiş, «zon»un ab-havasını götürmüş, yerlərini bərkitmişdilər.
İş zonası ilə yaşayış zonasının arasında qəribə təyinatlı bir keçid qapısı var ki, adına «vaxta»102 deyirlər… Azərbaycanlı «zek»lərin dilində buna «vaxt» demək qəbul olunub.
«Bratan»ların həm görüş, həm də ayrılıq yeridir «vaxt»:
– «Vaxt»a gəl.
– «Vaxt»dan keç.
– «Vaxt»ın qabağında gözlə.
– «Vaxt»da görməsinlər… «nazor»ların hədə yeridir «vaxt»:
– «Vaxt»a gəl!
– «Vaxt»a gətir!
– «Vaxt»da danışarıq!…
Hər tərəfdən neçə qat hasarlar və «zapretka» ilə əhatə olunmuş bu «zon» «zek»in əlində olan nisbi azadlığı da «vaxt»ın köməyi ilə ikiyə bölür: iş zonası, yaşayış zonası. İş zonasında olsan, əgər, yaydırsa, günəşin istisindən başını soxmağa bir kölgəlik tapmayacaq, su və yemək həsrətində bütün günü vurnuxacaq, qışdırsa, soyuqdan əsəcəksən, yağışdan islanıb yaman günə düşəcəksən. Saat 16-ya kimi it əzabı çəkib yalnız bundan sonra yaşayış zonasına keçmək hüququ qazanacaqsan.
Budur «vaxt»ın əsas vəzifələrindən biri.
«Vaxt»ın qabağından sağa dönüb rəisin «zon»dakı kabinetinə (çöldə də kabineti var) tərəf addımladıq. Dörd «nazor» və çiyni ulduzlu 7-8 «ment» bizi müşayiət edirdi. Günəşdən rəngləri kömür kimi qaralmış qara paltarlı, başı qırxılmış «zek»lər yol boyu düzülmüşdülər. Ani olaraq tarakanları xatırladım; ağ və qara tarakanları – rəngimizi bu şəkildə müqayisə etmək bəd olmazdı…
Rəis adlandırdığımız adam heç də rəis deyildi. Haqqında bolluca məlumat almışdıq. «Zon»un rəisi başqa adam olsa da, bütün məsələləri rəis əvəzi özü həll edirdi. Yerişi, danışığı, ədası tamamilə dəyişib qeyri-adi şəklə düşən bu «möhtərəm» rəisdə çox qəribə xüsusiyyətlər cəmləşmişdi. Dəvə kimi kinli, son dərəcə qəddar, əzazil bir sadist idi. Adına «faşist» «kliçka»sı da yapışdırmışdılar. Gizlində «cənab Şults» da deyirdilər.
İllər uzunu bu «zon»da işləmişdi; «otryadnik»103 vəzifəsindən indiki vəzifəsinə qədər ucalmışdı. Milyonlarla pul toplamışdı «zek» qardaşın hesabına, toplamaqda da davam edirdi.
«Cənab Şults»un kabineti qarşısında sıra ilə düzüldük. «Zek»lərin yaxın gəlməsinə «otryadnik»lər icazə vermir, özləri bizi müştəri gözü ilə süzür, gözləri tutanda «Haralısan?», «Maddən nədir?» kimi suallar verirdilər.
Kimin hansı dəstəyə, hansı briqadaya düşəcəyindən çox şey asılı idi. Axı, briqada üzvlərinin imkanı «otryadnik»in imkanı deməkdir. «Zek» pulludursa, «otryadnik» onun pulundan istifadə edəcək, savadlıdırsa, mirzə kimi işlədəcək, satqındırsa, «suka» kimi əlinin altında saxlayacaq və ya «dnevalnıy»104 kimi işə götürəcək. «Dnevalnıy» işləmək «bratan»ların dilində «podlo» iş olsa da, bir çoxları bu vəzifədən ötrü sinov gedir.
Ayaq üstə zorla dayanmışdım. Bədənimdə hələ də təpiklərin yeri göynəyir, daxilimdə hər şey sızıldayırdı. Ürəyim sapdan asılmış kimi titrəyirdi və bu dəqiqə qırılıb düşəcəyini gözləyirdim.
Qulaqlarımda ürəyimin qeyri-sabit ahəngi səslənir, getdikcə güclənirdi. «Cənab Şults» «zek»ləri bir-bir qəbul edir, kabinetdə dövrə vurub oturan «otryadnik»lər seçdikləri qulu siyahıya alırdılar. Bazarda qul alveri görməsək də, qoyun alveri görmüşdük. Qoyun bazarındakı sövdələşmə ilə bu kabinetdəki sövdələşmənin heç bir fərqi yox idi. Baxır, seçir və alırdılar. Həm də malın özünü yox, hələlik adını alırdılar.
Kabinetin çölündə də alver gedirdi. Dünən «yatab» gələn vaxt öz yerlilərini tapmağa maddi imkanı olmayan «bratan»lar indi 20-25 addımlıqda dayanıb soraqlaşırdılar ki, kimin hansı rayondan, hansı məhəllədən, hansı nəsildən olduğunu öyrənsinlər.
Ücretsiz ön izlemeyi tamamladınız.