Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Həbsxana», sayfa 4

Yazı tipi:

Bu yerlərin qəribə tarixçəsi var. Hələ inqilab ərəfəsində Rusiyada aclıq başlayarkən bir tikə çörək, isti ocaq həsrəti ilə neçə-neçə insan övladı öz ev-eşiyindən didərgin düşüb Qafqaza, Azərbaycana, nəhayətdə lap bizim kəndimizə qədər gəlib çıxır. Kasıblığın məngənəsindən qurtara bilməyən kənd əhli islam qanunlarına sədaqəti qoruya-qoruya ruslara bir tikə çörək versə də yatmağa, yaşamağa yer verməyib. Rus kafərdir, axı! Dinsizdir! Qışın şaxtasını kürəyində daşıyası olan adı, famili soruşulmayan bədbəxt rus kənddən qovulur, gecəni elə bu düzənlikdə, çöllü-biyabanda keçirəsi olur. Səhər kənd əhli rusun donub öldüyündən xəbər tutub, onu elə həmin düzənlikdə də dəfn edirlər. Çox güman ki, heç vicdan əzabı çəkmirlər də! Həmin o vaxtdan ta indiyə kimi bu yerə «Urusölən» deyirlər…

Allah hardansa Məşədi Məhərrəm kişini yetirdi.

– Hə, qoçaq, yenə soyuqdan büzüşmüsən? – atdan düşüb yaxın gəldi – Nə yaman nazik geyinmisən!

Əllərimdən tutdu. Mənmi fikrimi ona gözlərimlə çatdıra bildim, o özümü məni açılmış kitab kimi oxudu, deyə bilmərəm…

– Donursan ki, ay tifil! Gəl tez bir ocaq qalayaq. Özü qabağa düşüb çırpı axtarmağa başladı.

Çox keçməmiş ocağımızın alovu donmuş sifətimi qarsdı. Dünya rəngini də, formasını da dəyişdi. Bu balaca kəndin özündə və yeddi ətraf kənddə hamı ona təhrif olunmuş şəkildə Maşad Məhərrəm kişi deyirdi. Uşaqlar Maşad Məhərrəm dayı deyəndə öz dayılarmı unudurdular da! Dayı kimi köməyə çatmağı bacarırdı. Soyuqdan göyərmiş burnuma, qaloşlu ayağıma baxa-baxa nəsə fikirləşdi. Bir ah qopdu sinəsindən. o vaxt mənasını anlamazdım bu nidanın.

– Hə bala, oxumaq lazımdır. Oxusan çox şeyi başa düşərsən, – bir az düşündü. Başmı yuxarı qaldırıb amiranə görkəm aldı – indi isə get evə. Atan soruşsa, de ki, Maşad Məhərrəm dayı qoyunlara bu gün özü baxacaq. De ki, məni dərs oxumağa göndərdi. Get, bala, get…

Ayıldım. Yaddaşım yumaq kimi çözələndi; olmuşdu, vallah olmuşdu bu hadisə. Neçə il qabaq, altmışıncı illərin soyuq bir qış günündə. İndicə gördüyüm bu səhnə bütün dəqiqliyi ilə yadıma düşür. Var idi belə bir insan! Bizim Kür qırağındakı yeddi para kəndin əvvəl sahibkarının nəvəsi Maşad Məhərrəm kişi. Alicənab və qeyrətli kişi idi. İdi ona görə deyirəm ki, öldü-qaldısından xəbərim yoxdur. Qəribə xasiyyəti vardı, uşaqla-uşaq, böyüklə-böyük kimi davranırdı. Bu insani xisləti, bəlkə də, ona müqəddəs Məşhəd aşılamışdı, bəlkə də genlərin təzahürü idi, deyə bilmərəm. Kəndin ağsaqqalıydı. Hələ bir kəsin ondan incidiyini, eşitməmişdik. Bəy nəslindən yeganə nümunə kimi qalmışdı. Bəy səxavəti vardı bu üzü nurlu kişidə. Qapısına gələni naümid qaytarmazdı. Həyətində ehsanlıq bir əncir ağacı yetişdirmişdi – bəhrəni özü toplayıb yoldan keçən məktəb uşaqlarına öz əlləriylə verirdi. Şirin söhbətləri ilə ruhlandırardı bizi. Oxumağı məsləhət görürdü – onun məsləhəti isə bizim üçün ehkam idi. Allah sənə qəni-qəni rəhmət eləsin, (ölüyə də rəhmət var, diriyə də) Maşad Məhərrəm dayı. 25 illik ayrılıqdan sonra ruhun xeyirxahlıq paylayır.

Bu lənət qapısında, bu yeddi dəmir qapı arxasında yenə də təsəllisən mənə! Gücsən, qüdrətsən, işıqsan mənə!

Sənin qədəminlə həmişə xeyir gəlib, dövlət gəlib, xoşbəxtlik gəlib.

Çıraq yandıran olmusan, söndürən yox!

Ev tikən olmusan, sökən yox!

Ruhun şad olsun, Maşad Məhərrəm dayı, indi nə gətirmisən mənə?

Xoş xəbərmi?

İşıqmı?

Odlu nəfəsmi?

İnsan, bədbəxt insan inamsızlığı üzündən həmişə ziyan çəksə də, bu xislətini tərgitmir ki, tərgitmir. Mən deyənlərə də inanmayanlar olacaq, Allahım qüdrətinə, təbiətin sirlərinə, qəribəliklərə inanmayanlar olan kimi…

Ancaq mən Allah qarşısında şəhadət verirəm ki, yalnız öz gözümlə gördüklərimi yazıram. Xəyaldanmı deyim, röyadanmı ayılmağımla dəmir qapının səs-küy qoparması bir oldu. Öz ədalətliliyi, gözütoxluğu ilə çoxlarından seçilən «nazor» Yuri qapının kandarındaca dayanmışdı. Bir xeyli baxandan sonra təəccübdən qaşlarını çatıb içəri keçdi.

– Da…a... – dilindən qopan ilk nida bu oldu. Sonra nəvazişlə qolumdan tutub:

– Gedək, gələn var, – dedi.

Bu lənət qapısında işləyən çoxsaylı «nazor»lardan bir neçəsi hələ də vicdanlarını pula satmamışdılar. Elə bu Yurinin özünü, yarırus Eldarı, Əkbəri pul əyib əritməmişdi. Məhbusa insani münasibətlərini itirmədiklərindən «bratan»lar onları kişi kimi salamlayır, kişi kimi də danışdırırdılar.

Ayaqlarım bir-birinə dolaşa-dolaşa «karser»dən çıxdım. «Zek»lər həyət boyu düzülmüşdülər. Qayğıkeşliyin, mehribançılığın həddi-hüdudu yox idi. Ayaqqabı verən kim, pencəyimi dəyişən kim…

«Zek» ağlamır, daha doğrusu, ağlamağa çalışır. Ancaq bu, daxili inamıyla «zek» sözünü qəbul edənlərə, yəni «idealistlərə aiddir. Saqqal basmış üzümə, çirkli sudan bir-birinə yapışmış saçlarıma, üfunət iyi verən paltarıma baxanlardan burnunu tutanlar da oldu, gözü yaşaranlar da…

Rəisin otağında, bəlkə də, ilk dəfə bu kökdə, bu iydə «zek» görünürdü. Məsləhətə toplaşan səlahiyyətli nümayəndələr də burunlarını tutub bir-birinin üzünə baxdılar. Tələsik:

– Bunun sənədlərini məhkəməyə getməyə qoymadıq, – dedilər – tələbini nəzərə alıb qaytardıq Bakı şəhər prokurorluğuna. Razısansa bu sənədə qol çək. Rəis də öz növbəsində dilləndi:

– «Qoladovka»dan çıxanı öz kamerasına göndərmirlər. Ancaq sənə hörmət edib qaytarırıq ora. İstirahət elə, özünə gəl, sonra çağıracam səni.

«Bu sənəd»in nədən ibarət olduğunu soruşmaq heç yadıma da düşmədi. Bircə onu gördüm ki, «bu sənəd»ə qol çəkən kimi rəis o biri sənədi cırıb zibil qutusuna tulladı.

Zəngin düyməsini basıb «nazor»u çağırdı:

– Apar 39-a…

«KRISA»

Həyat hər yerdə eynidir; çirkab, qəbahətli sirlər, qaranlıq döngələr…

E.Voyniç

 
Əzizinəm, ay Mədəd,
Ülkər Mədəd, ay Mədəd,
Bu nə yerdi düşmüsən,
Anan ölsün, vay, Mədəd!…
 

Səsində ürək parçalayan qəhər haray çəkən neçə-neçə analardan bircəsidir bu ana! Üzünü görmədiyimiz, səsindən kimi çağırdığını əzbər bildiyimiz dərdli analarımızdan bircəsidir bu ana!

«Telefon»la danışmağa, həsrətini bircə oğlunun səsi ilə ovundurmağa, öldüsündən, qaldısından xəbər tutmağa uzaq Kəlbəcərdən gəlib bayatı çəkən bu ana. Bu lənət qapısının sirlərini dünyadan, qanun və cinayət məcəlləsindən bixəbər olan günahsız qadına da öyrədiblər. Çiynində Kəlbəcər dağlarının yükünü gətirib o, Bayıl türməsinin qarşısına.

Ağlaya-ağlaya gəlib, hönkürə-hönkürə danışacaq, hıçqıra-hıçqıra qayıdacaq…

– Mahmud, ay Mahmud hey!.. – ərinin arxasınca gələn bu qadının səsini hər dəfə eşidəndə kəndimiz, indi şəklimi üzü divara çevirmiş anam gəlib durur gözümün qabağında. O da belə çağırardı.

Anaların hamısı, qadın kimi pisi də, insan kimi kobudu da, yaraşıqlısı və yaraşıqsızı da ana kimi gözəldir. Bütün anaların göz yaşlan biri-birindən seçilməz. Bala haraylayanda hamısının səsində eyni həlimlik, eyni nəvaziş, eyni cazibədarlıq var. Dünyada iki qrup insanlara yazığım gəlir – bir anası olmayanlara, bir də analı ikən anasız qalanlara… Bu baxımdan özümə də yazığım gəlir.

– Otuz doqquz, otuz doqquz,.. – Müstəcəb kişinin səsidir. Şamaxının Dağbağırlı kəndindən gəlib.

Ata hasarın o üzündə, oğul yeddi dəmir qapı arxasında. Ata əli silahlı gözətçinin nəzarəti altında, oğul dəmir barmaqlıqlar, bir metr qalınlığında möhkəm divarlar arxasında.

Ata oğul üçün nəfəs gətirib, güc gətirib. Bir qucaq səbir gətirib, bir dünya quru ümid gətirib. Bəlkə də, ömründə ilk dəfə yalan danışmağa məcbur olub. Bilərəkdən ki, bu möhtəşəm divarların arxasından alnına «damğa» basılmamış heç kimi buraxmırlar, oğlunun səbir kasasını daşdırmamağa çalışır. Ağlaya-ağlaya, qeyrətinə sıxıla-sıxıla yalan danışmağa məcbur olan bu ixtiyar atanın günahından Allah özü keçsin; bu yalan müqəddəs yalandır.

– Əzizalı…, – qəhər boğdu kişini.

Əzizalı qalxıb sürətlə pəncərəyə qaçdı, bircə kəlmə «Lələ!» deyib çığırdı, özünü saxlaya bilməyib göz yaşını ovucuna sıxdı.

– Əzizalı, darıxma, bala, indicə prokurorla danışmışıq. Buraxacaqlar səni, darıxma. Səbrin olsun, bala.

Əzizalının titrəyən əllərini tutduq. Cəfər ona bir «Malboro» yandırdı, mən çiyninə yüngülcə yumruq ilişdirdim.

– Möhkəm ol! Cavab ver, gözləyir, axı, – dedim.

– Anam necədir, lələ? – birinci və bu gün üçün sonuncu sözü oldu. Özündən getdi.

Bu əlaməti onda dəfələrlə gördüyümüzdən hazır dayanmışdıq, əl-qolundan tutub «nara»ya uzatdıq.

Müstəcəb kişi çərçivələr arasındakı hadisələrdən xəbərsiz «Sağ ol, Əzizalı», – deyib getdi. Gətirdiyi 500 manat pulu (aylıq kamera xərcini, «obşak» pulunu), bir səbət ərzağı içəri keçirib, boş əl, boş ürəklə Şamaxıya qayıtdı.

Burda iki kəlmə söz eşitmək və eşitdirmək, bir şey çatdır–maq üçün bir aləm xərc çəkilir. «Görüşə» gələn «müştəri» əvvəlcə «vışka»dakı «ment», daha doğrusu, «popka»nı76 görməlidir. «Ment» əlindəki nazik sapın bir ucunu aşağı salır, «müştəri» 5-lik, 10-luq və ya imkanı daxilində daha böyük məbləğdə pulu bu sapa bağlayır. «Ment» də sapı çəkib ucundakı pulu görəndən sonra sual-cavaba başlayır:

– Kimi istəyirsən?

– Filankəsi.

– Get filan pəncərənin qabağına, adını çağır, cavab verəcəklər.

Yaxud, əgər, məhbus 1-ci mərtəbədədirsə:

– Get filan kameradan xahiş elə, aşağıdan çağırsınlar.

Bu çöldə aparılan əməliyyatdır.

İçəridə isə…

Eşidirik:

– Otuz doqquz.

Dərhal hər hansı birimiz cavab verir:

– Kim lazımdır?

Çöldən:

– Filankəs.

Biz:

– Bir dəqiqə gözlə.

Çöldəki şəxs gözləyənə kimi kameranın qapısını döyürük, «nazor» yaxınlaşır.

– Gələn var, danışırıq, – deyib dərhal həmin «nazor»a 5 manat pul veririk. Əks təqdirdə, danışıq aparılarkən «nazor» gəlib kameranın qapısını açır, danışanı qaydaları pozduğu üçün «oper», yaxud «DPNK» həzrətlərinin hüzuruna aparır ki, bunun da xərci daha ağır olur. Danışıq müddəti çox uzun olmamalıdır. Həm də bu, «DPNK»lardan kimin növbətçi olmasından asılıdır.

Beləcə, həm «telefon» danışığı yerinə yetirilir. həm də içəridəkinin ürəyi cibləri ilə bərabər boşalır.

Müstəcəb kişinin «telefon»la danışıb qurtarması ilə iş bitmirdi. Əzizalının həsrət yükü bir az da ağırlaşır, anası, körpələri yadına düşür, yaralan qövr edirdi.

Həmin gün axşam qolundan tutub, zorla da olsa, dəmir stolun arxasında əyləşdirdik, anasının bişirdiyi xörəkdən hərəyə bir qab çəkib şam yeməyinə oturduq. Yumşaq, nazik təndir çörəyindən bir tikə kəsib ağzına apardı. Çörəyin ətrindən anasının və çox güman ki, kəndinin, obasının iyini duydu. Çörəyin bir ucu dişləri, bir ucu titrəyən barmaqlan arasında ikən gözlərindən sel kimi yaş axdı, hopdu təndir çörəyinə…

Balaca dəmir stolun ətrafında 12 məhbus, taleyi bəd gətirmiş on iki insan… İnsanlardan təcrid edilmişlər…

O göz yaşından hamıya pay düşürdü…

Qarğış sevən qadınlar düşdü bu dəm yadıma.

Daha doğrusu, qadınlara məxsus ustalıqla deyilmiş bir qarğış düşdü yadıma : «Çörəyin zəhərə dönsün!»

Qarğışın bu dərəcədə yerinə düşdüyünü, bəlkə də, birinci dəfə idi müşahidə edirdim.

Şam yeməyimiz, əlimizdəki təndir çörəyinin bal kimi şirin tikəsi göz yaşlan içində zəhərə döndü o axşam…

Tək-tək hallar istisna olmaqla, yeməyə yağdan tutmuş tərəvəzə kimi hər şeyimiz vardı. Ağ çörəyi 2,5, quru çayı 2 re-yə alıb dolanırdıq. «Oper»lərə ayda 30, korpus starşinasına 30, hamamçıya 40, «proquloçka»ya 50-60 re aylıq verirdik. Digər xərclərlə birlikdə kameranın aylıq məxarici 1500 re-yə çıxırdı. Yalnız bahalı siqaret «obşakovski» alınmırdı. Əzizalı adətən «ВТ», Cəfər «Malboro» çəkirdi. Digər yoldaşlar «obşakovski» alınmış «Prima» sümürürlər.

Xoşbəxtlikdən nə mən, nə də Adil siqaret çəkmirdik. Ərzaq «anbarı»nı Bəxtiyara həvalə etmişdik.

Novruz bayramı ərəfəsində kamerada 13 «zek» vardı. Ərzaq ehtiyatımız gündən-günə artır, bayram sovqatı çoxalırdı. Bəxtiyar gələn payları yerbəyer edir, talan edilməsinə imkan vermirdi. Ancaq hiss etmişdi ki, kiminsə əyri əli anbarın səliqə-sahmanını pozur.

Sirri digər yoldaşlardan gizli saxlayıb, gecələr keşik çəkəsi olduq. Gündüzlər isə süfrə arxasında hamının yeməyinə ciddi göz qoyurduq. Şam yeməyinə hər gün bir qazan xörək hazırlayırdıq; hamı yeyib, «Allah sənə şükür», – deyərək çəkilirdi. Zahirən ac qalan, ehtiyacı olan nəzərə çarpmırdı. Əslində isə, görünür, kimsə bölgü ilə payına düşən yeməkdən doymayırmış.

Bütün çöl qanunlarından fərqli olaraq, türmədə oğurluq, xəyanət heç kəsə bağışlanılmır. Kameradakı qəbahət qara tuşla «zek»in alnına yazılmır, ancaq bu barədə hansı «zon»a getməsindən asılı olmayaraq arxasınca «qara ox» göndərilir. Kamerada etdiyi bircə xəyanət ona ömürlük alçaldıcı «kliçka»77 bəxş edir. Xəyanətin dərəcəsindən asılı olaraq «kliçka»lar da müxtəlif olur. Bəzən xəyanətə görə «zek»in «üzünü yazırlar». Bu «yazı» ömür boyu silinməz, ölənə kimi unudulmaz. «Yazı» ya bir nəfər, ya da qrup tərəfindən «yazılır» – həm də qələmlə yox, lezva ilə. «Yazı» üzə, alına, dodağa, ümumiyyətlə, yaxşı görünən baş nahiyəsinə lezva ilə çəkilmiş «şram»a78 deyilir. Nə «şram», nə də «kliçka» heç nə ilə pozulmur. Ancaq, «yazı» ədalətsizliklə yazılıbsa, «zek»lə «kvit»79 olmağa icazə verilir. Bu icazəni şübhəsiz ki, məhkəmə verməlidir – Sovet məhkəməsi yox, ya kamera, ya da «zon» məhkəməsi. Çünki məhkəmənin əsas vəzifəsi kimin «prav», kimin «neprav» olduğunu müəyyənləşdirib hökm çıxarmaqdır. Hökm çıxarılıbsa, «yazılan», ya bu hökmü yerinə yetirməli, ya da bu imtiyazdan istifadə etmədiyi üçün «fuflo» çıxmalıdır. «Yazan» hansı «zona» göndərilsə, «yazılan» da maya qoyub həmin «zon»a gedir, özü imkansızdırsa, bu mayanı kamera yoldaşları qoyur.

Maya qoymaq deyəndə təəccüblənməyin; hər «zon»un öz qaydası, öz «lotusu», öz «oğru oturan»ı var. «Zek» bu məlumatı Bayılda alır, özünə müvafiq «zon» seçir (əgər, o rejim uyğun gəlirsə) və məhz «zon»a getmək üçün rəisin adamına müvafiq qaydalar üzrə haqq verir. Ümumi rejimli «zon», yəni, «obşi zon» üç yerdə – Xələc 200, Qobustan və Qaradağda yerləşir. Xələc 200, Qobustan və Qaradağ nisbətən yaxşı və əlverişli olduğundan qiyməti 300 re qəbul edilmişdi. «Zon»lar işin çətin-asanlığı və özünün «oğru» dünyasında tutduğu yerə görə qiymətləndirilir.

Qobustandakı islah əmək koloniyasına orada «obşak» olmadığından «Qırmızı zon» adı qoyulmuşdu.

Məlumdur ki, veriləsi məbləği imkanlı «yazılan» evdən gətirdir və məhz «yazanın» getdiyi «zona» gedir. Belə qəti qanunların mövcudluğunu kamerada hamı bilir…

…Gecədən xeyli keçmişdi. Daxili qaydalara görə saat 22:00-da hamı yatmalıdır. Buna «otboy vaxtı» deyirlər. Ancaq gün ərzində yemək və yatmaqdan başqa məşğuliyyət tapmayan məhbus gecələr yata bilmir, «Nara»sında sağa-sola çırpınır, evi, ailəsi, körpələri gözünün önündəcə gəlib dayanır. Bu minvalla da gecə yarısından tez yatmaq mümkün olmur.

Bəxtiyarla bərabər keşik çəkirdik. Yalandan gözlərimizi yumub qulaqlarımızı şəkləmişdik. Başıbəlalı məhbuslar, nəhayət ki, yuxuya getdilər. 11 nəfərin fısıltısı və xorultusu kameranı başına götürdü. İri, həqiqətən nəhəng tarakanlar öz gizli yuvalarından çıxıb yem axtarır, bığlarını sağa-sola döndərib xətadan uzaq olmağa çalışırdılar.

Gecənin sükutu insana hər yerdə bir cür təsir edir.

Çoxları gecənin qəbiristan sükutuna dözə bilmir. Dənizin kənarında ləpələrin səsi könül oxşasa da, gecə dəniz sükutu vahiməlidir. Türmə sükutunun isə tamam başqa təsiri var – bu sükut içində insan öz gücsüzlüyünü, kimsəsizliyini təkrar başa düşür, adiləşdikcə adiləşir, tövlədə saxlanan heyvanla özünün heç bir fərqi olmadığına bir daha əmin olur, yazıqlaşıb büzüşür, vəziyyətinin çıxılmazlığını anladığından qeyrətsizləşir.

Qoy «bratan»lar bu sözümə görə məni qınamasın və nə qədər çətin də olsa, boyunlarına alsınlar ki, onların hər biri, hətta, dəfələrlə düşüb çıxanı belə, bu hissi keçirir.

Haşiyə çıxım: Novosibirskdən tranzit yolu ilə 37-ci kameraya Volodya adlı bir «stroqaç» gəlib düşmüşdü. Dəfələrlə «şmon» edilməyinə baxmayaraq, «nazor»lar ondan ehtiyat edirdilər ki, bu «qad» lezva ata bilər, əl və ayaq dişləyə, qulaq gəmirə bilər.

Lezva atmaq xüsusi məharət tələb edir və bu sahə üzrə ixtisaslaşmış «zek» 20-25 metrlik məsafədən iki bölünmüş lezvanı hədsiz dəqiqliklə düşmənin gözünə tuşlayıb ata bilir. Şübhəsiz ki, bu tip məndə böyük maraq yaratmışdı və onunla şəxsən tanış olmağa imkan axtarırdım. Pullu və «ağıllı» «zek» türmədə dəhliz boyu «nazor»un özü ilə gəzə, digər kameralarla «kormuşka»dan söhbət edə, hətta qanunla qadağan olsa da, digər kameraya girib bir neçə saat otura, araq içə, çörək yeyə bilir; burda qanun yox, pul hakimdir. Mən də öz marağımı söndürmək üçün «nazor» həzrətlərinə görüm haqqı ödəyib, «kormuşka»dan Volodya ilə danışmaq hüququ qazandım. Sifətinə, alnına «nakolka» döydürmüş bu «zek» bütün cürəti, vahiməli görünüşü ilə qəfəsdəki pələngi xatırladırdı. Türmə vərəqində (türmə vərəqi kitabxana kartotekasındakı kartoçka kimi bir kağız parçasıdır, məhbusun rekvizitləri və həyatı barədə orada qısa məlumat olur) «xüsusilə təhlükəli, islaholunmaz cinayətkar» yazılmışdı. Tranzit kamerasındakı antisanitariya vəziyyəti, küncə qoyulmuş «paraşa» (ayaqyolu giriləsi vəziyyətdə olmadıqda kameranın küncünə çəllək, yaxud ona oxşar bir qab qoyulur, «zek» ağır və yüngül «işi» bu ağzıaçıq qabda görür və sabahı gün «proqulka» vaxtı onu kameradan çıxarıb aparır, o vaxta qədər isə «paraşa» iyləməyə məhkumdur. Bu da insan şəxsiyyətini alçaltmaq məqsədi ilə türmə başbilənləri tərəfindən düşünülmüş xüsusi cəza tədbiridir) Volodyanı mənən o dərəcədə əzmişdi ki, pələngə bənzərliyindən, «xüsusilə təhlükəli, islaholunmaz cinayətkarlığından əsər-əlamət qalmamışdı.

– Qanunla mənə «kipitok» (qaynadılmış su) verməlisiniz, tez eləyin! – deyə qışqırsa da, aldığı cavab yeknəsəq olurdu:

– Poşol80.

– Şikayət edəcəm.

– Poşol.

– Nəzarət prokurorunu tələb edirəm!

– Poşol.

– Sən «ment», özü də axmaq «ment»sən, sənin ananı…

«Nazor» da sakitcə, karlaşmış qulağının dibindən bu söyüşü ötürürdü.

– Poşol. Su yoxdu. Get, yaz Çemenkoya, urus oğlu urus!

– Yaxın gəl, alçaq, sənin sifətini yazacağam!

– Poşol, bajını… – «Kormuşka» bağlanır, qışqırıq səsi kəsilirdi. Nəhayət, digər respublika türmələrindən Bayıl türməsinin fərqini başa düşən Volodya yarım saat sonra dil çıxarıb mənə yalvarası oldu:

– Bratan, bircə qurtum «çefir» təşkil et, ölürəm…

Bütün atributları, hətta, türməsi ilə də İttifaq türmələrindən seçilən AZƏRBAYCAN!

Əyilməzləri əyən, sınmazları sındıran, sınmağa layiq olanları başıuca edən Azərbaycan!

Qeyrətliləri qeyrətsizləşdirə bilən Azərbaycan!

…Beləcə düşüncələr içində üzürdüm ki, birdən qulağıma kağız xışıltısı dəydi. Gözümü açıb kameraya baxdım: adını yazmaq istəmədiyim yoldaşlardan biri «nara»nın birinci mərtəbəsindəki yerindən qalxmış, barmağının ucunda «sever»ə yaxınlaşmış, əlini dəmir barmaqlığın arasından ərzaq «anbarımıza» uzatmışdı. Qalxıb yerimdə oturdum. Bəxtiyar alacalanmış gözlərini üzümə zillədi, şəhadət barmağımı dodağımın üstünə qoyub, susmaq işarəsi verdim.

Məhbus qardaşımız bir parça pendiri ağzına dürtüb, əlini bir də uzatdı və iki şəkərbura götürdü. Qeyri-iradi yan-yörəyə boylandı və boylanıb bizi gördü; özünü elə itirdi ki, ağzında bir parça pendir yerindəcə dondu.

Bu anı yaşamaq üçün daşdan möhkəm ürəyi olmalıdır insanın! Zavallı nə ağzındakı pendiri uda, nə də yerindən tərpənə bilirdi. Ayaqları sözünə baxmır, iki şəkərbura dəyirman daşına dönüb qolunu yanma salırdı, mənliyi, heysiyyatı gözümüzün önündəcə əriyirdi.

Nələr çəkdin, bu anlarda yazıq! Özünə, doğulduğun günə, düşdüyün vəziyyətə lənətlərmi oxudun?!

İslanıb şor dadı verən bir tikə pendir parçası zəhərəmi döndü ağzında?

İndi sənin heç bir haqqın, heç bir hüququn olmasa da, tüpürmək haqqın vardı!

Səni və sənin kimiləri bu şəraitdə yaşamağa məcbur edənlərin, istintaq izolyatoru kimi yarıtmaz bir «kontor» yaradanların, cəmiyyətin ümumi çürüklüyünü görə bilməyərək onun içindən, guya, çürümüşləri seçib bura dolduranların, aclığın nə demək olduğunu yalnız eşidən və kitabdan oxuyanların, bütünlüklə cəmiyyətin üzünə tüpürməyə haqqı vardı!

Mən səndən də betər hala düşdüm, qardaşım! Tələbəlik illərim, Dərnəgül qəsəbəsindəki 1-№-li yataqxananın 27 №-li otağı düşdü yadıma. Günlərlə ac qalıb əzablar çəkmişdim onda. Rayondan bir manat kömək gəlirdi, işdən çıxdığım üçün maaş da gözləmirdim. Dördüncü gün idi ki, dərsə getmirdim: trolleybusa verməyə 4 qəpiyim də yox idi. Beşinci gün … heç kəsə göstərmə o günləri. Allah! Şkafın siyirməsindən bir baş soğan tapdım. Sevincimin həddi-hüdudu yox idi; bu bir baş soğan mənə yaşamaq üçün, az da olsa, güc verəcək, naməlum yerdən, naməlum miqdarda pul gələnə kimi ayağa qaldıracaqdı məni… Mədəmdə nəsə hiss etmək xatirinə bütövcə udmuşdum o soğancığı və boğazımdan düz mədəmə kimi getdiyi yolu açıq-aydın hiss eləmişdim…

Azmı bəla çəkənlər olub bir tikə çörəkdən ötrü?

Hansı bir mütəfəkkirsə deyib: «Aclıq güc gələndə insanlığı qorumaq asan deyil». Ancaq qorumaq lazım idi, qardaşım! Bəlkə də bu imtahan, imtahanların ən çətini olan aclıq imtahanını elə Allah özü göndərir və bu imtahandan necə çıxmaqdan asılı olaraq ya öz mərhəmətini əsirgəyir, yaxud da sağ əlini uzadıb qaldırır bizi bu çirkabın içərisindən, bütün insanların birlikdə verə bilməyəcəyi böyük bir xoşbəxtliyi bağışlayır cəfakeşə…

Mən tələbəlik illərində qorumuşdum o insanlığı, imtahandan əla olmasa da, yaxşı qiymət almış, bircə baş soğanı günah saymasaq, qeyrətimi, həyata inamımı, sabaha ümidimi qoruya bilmişdim. Mükafatlanmışdım da əvəzində!

Sənsə… Axı, sənin bir parça çörəyin, bir qab xörəyin, «bratan»ların hər birinə çatan qədər payı vardı! Özünə, adına və nəhayətdə bircə misqallıq kişiliyinə necə qıydın!

Ömür boyu pendir üzünə, şəkərbura dadına həsrət qoydun məni… İndi də şəkərbura görəndə sən gəlib durursan gözlərimin önündə…

– «Krısa» köpəyoğlu! – deyə Bəxtiyar bağırdı və bütün yatanlar oyanıb yerlərinin içində oturdular.

Cinayətkar hadisə yerində yaxalanmışdı; əşyayi-dəlillər də əlində. Təkcə əlində yox, həm də…ağzında!

Bütün insanpərvərliyim, ürəyiyumşaqlığım və rəhimdilliyimlə bərabər bu vəziyyətdə heç nə edə bilməzdim. Yeganə çıxış yolu məhkəmə iclasını başlamaq idi, özü də bu saat, bu an.

Əks-təqdirdə məhkəmə mənsiz başlayacaqdı işə, həm də hadisəyə yumşaq yanaşdığıma görə məni «avşaq»lıqdan uzaqlaşdıracaqdılar, onda bu bədbəxtə veriləcək hökm daha qəti olacaq, icrası daha tez yerinə yetiriləcək, mənim də yalnız bir səsim olacaqdı. Geriyə dönməyə heç bir yer görmürdüm.

Hay-küyə «nazor» da yuxudan oyandı, hərçənd ona «post»da yatmaq olmazdı. Gəlib «kormuşka»nı açdı və məsələdən agah olandan sonra:

– «Sud»un hökmünü mənə bildirərsiniz, – deyib yenə yatmağa getdi. Onun üçün bu hadisə heç bir maraq kəsb etmirdi, dəfələrlə bu və ya buna bənzər işlər gördüyündən adiləşmişdi hər şey gözündə. Bir «krısa»nın taleyi onun üçün bir heç idi…

Bəxtiyar ittihamçı rolunu götürdü, Adil vəkillik edəsi oldu. Kamera məhkəməsində, eləcə də «zon» məhkəməsində şahidə ehtiyac yoxdur. Daha doğrusu, belə bir yazılmamış qanun var: istər içəridə, istərsə də çöldə şahidlik «podlo»dur81. «Podlo» iş dedikdə-alçaqlıq, yaltaqlıq, satqınlıq və s. kimi yaramaz kefiyyətlər nəzərdə tutulur.

Məhkəmənin əvvəlindən sonuna kimi «müttəhim» bir kəlmə də olsa danışmadı. Başını aşağı dikib, gözlərinin yaşmı axıtdı. Bağışlanılmasını da xahiş etmədi; onsuz da belə xahişlər işi yüngülləşdirmir, əksinə, günah üstünə yeni günah artırır

Hamı, o cümlədən müttəhim də ikinci mərtəbəyə çıxıb yarım dairəvi düzüldü. Mitropolit, yeni hakimlik edən mən, sağımda Cəfər, solumda Əzizalı ayrıca yarımdairənin qabaq hissəsində oturduq.

– Gecədən xeyli keçdiyi üçün məhkəmə prosesi fövqəladə və sürətli aparılacaq. Çıxışlar uzadılmasın, konkret olağın. Məlumat üçün deməliyəm ki, kamera yoldaşımızdan biri ərzaq anbarımıza təcavüz edib, lakin yerindəcə tutulub. Güman edildiyinə görə əvvəllər də belə hallar olub. Yəqinlik üçün sözü anbar müdirinə verirəm – bu mənim ümumi giriş xarakterli çıxışım idi. Bəxtiyar anbar müdiri kimi izahat verdi:

– Görürdüm ki, hər gün yeməyimizin səliqəsi dəyişir. Siçandan şübhələnirdim. Ancaq ərzağın üstündə diş yeri olmurdu, Demək oğru vardı aramızda. «Avşaq»a srağagün dedim. Qərara aldıq ki, güdək. Nə görsək yaxşıdır, bu köpəkoğlu…

– Nəzakət qaydaları pozulmasın, – deyə onun sözünü kəsdim. Bəli, nəzakət qaydası! Türmədə, dörd divar arasında belə «bratan» nəzakətli olmalı, məhkəmə gedişində təhqirə yol verməməlidir.

– …Bağışlayın. Hə… Gördük ki, bir parça pendiri soxub ağzına, əlində də iki şəkərbura. Hə də… oğurlamışdı, «krısa»lıq82 etmişdi. Payımızı yemişdi – tutuldu. Ona görə də ən ağır cəza verilməsini xahiş edirəm. Tələb edirəm. Qoy hamıya görk olsun. «Petux» edilsin. Dustaq dustaqdan yeməyi oğurlayır. Bilirsiniz, bu nə deməkdir?

Adil söz aldı.

– Mənim bugünkü vəzifəm çox çətin və məsuliyyətli olsa da… Bəlkə onun özün dinləyək, bəlkə, bəlkə, yuxulu olub, heç özünün xəbəri olmayıb, Mitropolit onun özünə də söz versin, dinləyək onu…

Doğrudan da Adilin vəzifəsi bu gün üçün çox çətin idi. Müdafiə ediləsi heç nə yox idi. Hər şey gün kimi aydın olduğu halda nəyi və kimi müdafiə eləsin?

– Başın buraxın a kişi, oğurlayıb-oğurlayıb da, bir iki qapaz ilişdirin, rədd olsun getsin. Yazıq uşaq ac olub da – bu da Xosrov kişinin səsi idi. Başın aşağı salıb sakitcə danışırdı. Yazıq kişi elə bil özünü müdafiə edirdi. Vəzifə borcuma görə bu ağsaqqal kişinin də sözünü kəsəsi oldum:

– İcazəsiz danışılmasın! Axırda hamıya söz verəcəyəm, – dedim.

Əliağa kişi sinəsini qabağa verdi.

– Gəlin bir az yumşalağın, aclıq pis şeydir, axı! Düzdür, gərək oğurlamayaydı, düzdür gərək gizli iş görməyəydi. Ancaq bir qələtdir eləyib də! Bağışlayın getsin.

Elə bil Cəfəri arı sancdı:

– Nə? Bağışlayaq? Sabah da şalvarımızı oğurlasın? Pulumuzu aparsın? Bu gün o, sabah bir başqası. Nə danışırsınız? Bəs, qonşu kameralar nə deyəcəklər? Qətiyyən olmaz! «Krısa»dır, «krısa» kimi də yaşamalıdır.

Təkbətək hamıya son qərar üçün fikir söyləmək tapşırıldı.

Bəxtiyar: – «Petux» edilsin.

Cəfər: – Yumşaq yerinə «krısa» basılsın!

Adil: – Kameradan çıxarılsın.

Əliağa kişi: – Kamerası dəyişdirilsin.

Şamıl: – «Krısa»dır. vəssalam! Güzəşt olmaz!

Beləcə hər kəs öz təklifini verdi.

Ümumiləşdirib qərar çıxarmaq mənim öhdəmə düşdü – iclasçılarımla birgə.

Məhkəmənin hökmü: Filankəs filankəs oğluna bu gündən etibarən «krısa» ləqəbi verilsin, kameranın bütün «qara işləri» ona tapşırılsın; başqa kameraya köçmək istərsə, əşyayi-dəlillərlə bərabər ora «qara ox» da göndərilsin!

Alnına rəsmi surətdə «zek» damğası vurulmuş bir gəncə qeyri-rəsmi yeni «kliçka» da əlavə olundu. «Krısa» – oğurluq malı gizlində yeyən məhbusa qoyulan təhqiramiz «kliçka»dır. Bu «kliçka»nı günahkar şəxs istəsə də, istəməsə də ömrü boyu ağır bir yük kimi çiynində daşımalıdır.

Heç yarım saat keçməmiş kameranı yenə də xorultu səsi başına götürmüşdü. Elə bil heç nə olmamışdı, elə bil kiminsə mənəvi qüruru bu xoruldayan şəxslərin əli ilə sındırılmamışdı!

Acı bir yuxu keçmişdi, yoxsa? Yox! Açıq gözlərini hisli-paslı tavana zilləyib düşünən Xosrov kişinin, siqareti siqaretə calayan Əliağa kişinin, kürəyini divara söykəyib adyalı ayaqları üstünə atmış Adilin bulud çökmüş çöhrələrindən hər şeyin həqiqət olduğunu anlamaq çətin deyildi…

Bəs «krısa»?

76.Dal, omba (rusca).
77.Ayama, ləqəb (rusca).
78.Çapıq (rusca).
79.Hesablaşmaq, borcdan çıxmaq (rusca).
80.Get… (rusca).
81.Alçaq, rəzil (rusca).
82.Siçovul (rusca).