Kitabı oku: «Beynəlxalq Münasibətlər üzrə bələdçi», sayfa 2
Təşəkkürlər
Beynəlxalq münasibətlər üzrə Bələdçi (Handbook of International Relations) ölçüdə kitabın redaktəsi və nəşri işi çoxlu sayda borclarsız mümkün deyildir. Bu isə ən azı minnətdarlıq bildirilməsinitələb edir, lakin çox təəssüf ki, burada hamının adını çəkmək mümkün deyilidir, yalnız ona görə yox ki, siyahı çox uzundur, həm də ona görə ki, bizim aldığımız çox qiymətli məsləhətlərin bir hissəsi anonim (adsız) olaraq təqdim edilmişdi. Lakin tam siyahısını burada açıqlaya bilməsək də, naşirlərin bizim ilkin təşəbbüsümüzün kənar rəyçilər kimi cəlb etdikləri adamlar istisnadır, çünki biz onları tanıyırıq və etdikləri köməyə görə onlara həmişə minnətdar olacağıq. Bu sözlər bizim üçün naməlum qalan, lakin yazılı məsləhətləri redaktə prosesinin eyni dərəcədə qiymətli hissəsi olan şəxslərə də aiddir.
Beynəlxalq Məsləhətçilər Şurasının üzvlərinin adlarının burada çəkiləməməsinin yeganə səbəbi, hörmətli həmkarlarımızın bu siyahısının kitabın başqa yerində gətirilməsidir. Bundan başqa onların layihənin lap başlanğıcından bəri etdikləri qiymətli töhfələri açıq və tam etiraf etmək üçün bir sıra ciddi səbəblərimiz var. Biz bu və ya başqa üsulla onların köməyini axtaranda, onlar həmişə bizi bu növ tədbirlərin zəruri şərti (sine qua non) olan möhkəm intellektual və fənni əsaslarla təmin etmişlər. Onlardan bəziləri müəllifdən və ya həmmüəllifdən fərdi fəsilləri qəbul etməklə əhəmiyyətli dərəcədə daha çox əmək sərf etmişlər.
Bu Vəsaiti nəşr etmək ideyası öncə naşirlər tərəfindən qaldırılmışdır. Belə ki, onlar ötəri anılmadan daha çox hörmətə layiqdirlər. Xüsusən də Simon Ross və Lucy Robinson belə ağır bir cildə çevrilmiş kitabın ilk konsepsiyası ilə son məhsulu arasındakı uzun proses ərzində daim yardım göstərməyə, dostcasına məsləhət verməyə və şən iradlar tutmağa heç vaxt tərəddüd etməmişlər. Bu mənada biz bu prosesə böyük istehsalçı redaktor kimi qoşulmuş, bizim qeyri-formal iş şəraitimizdə tezliklə populyarlaşmış, və bizi nəşrin müddəti haqqında təsəvvürləri tam itirməkdən xilas etmiş Vanessa Harwood-u da qeyd etmək istəyirik. Onların hər üçü bu növ və bu ölçüdə nəşrin hazırlanmasının nə dərəcədə etibarsız və çətin olduğunu redaktorlardan çox-çox yaxşı bilsələr də, əsəblərini saxlamış və bizim iş qabiliyyətimizə tam inandıqlarına şübhə yeri qoyacaq bir işarə belə göstərməmişlər. Bizə olan inamlarına, birinci növbədə isə bizi bu işi görməyə sövq etdiklərinə görə onlara çox minnətdarıq.
Bu, eləcə də bizim fərdi iş yerlərimizə aiddir, özü də bu növ layihələrdə çəkilən xərclərin zaman, pul və başqa mənada təmin edilməsi burada heç də sonuncu yeri tutmur. Bu mənada biz layihənin başlanğıcından surətçıxarma, məktublaşma və digər rahatlıqları təmənnasız təmin edən inzibati mərkəz kimi fəaliyyət göstərmiş və ümumiyyətlə ruhlandırıcı mühit yaratmış Uppsala Universitetinin Hökumət fakultəsinə xüsusilə minnətdarıq. Bələdçini üç ildən artıq bir müddət ərzində bizim peşə həyatımızın dinamik (və arzuolunan) hissəsinə çevirmiş ideyalar mübadiləsi görüşünü keçirməkdə xüsusi qonaqpərvərliyinə görə, ən səmimi akademik mühitlərdən biri olan Florensiyadakı European University Institutu da burada qeyd edilməlidir.
Nəhayət, fərdi müəlliflərə minnətdarlığımızı bildirməmək etikadan kənar olardı. İlk növbədə onların böyük ruh yüksəkliyi ilə yerinə yetirilmiş çətin, məsuliyyətli və təmənnasız əməyi olmadan, bu Beynəlxalq münasibətlər üzrə Bələdçi yəqin ki, heç vaxt işıq üzü görməzdi.
Walter CarlsnaesThomas RisseBeth A. SimmonsUppsala, Berlin və Berkeley.
Birinci hissə
BEYNƏLXALQ MÜNASİBƏTLƏRDƏ TARİXİ, FƏLSƏFİ VƏ NƏZƏRİ MƏSƏLƏLƏR
1
Beynəlxalq münasibətlərin tarixi və tarixşünaslığı haqqında
BRIAN C. SCHMIDT
Beləliklə Beynəlxalq münasibətlərin öyrənilməsi bu gün, əsrin dörddə-biri uzunluğunda fəaliyyətdən sonra da, nəzərəçarpan nizamsızlıq halındadır. Fəaliyyət dairəsi, əməl edilməli təhlil və sintez üsulları, kollec tədris proqramlarına edilməsi lazım olan inzibati dəyişikliklər, tədqiqatların təşkili – bütün bu məsələlər davam edən mübahisələrin mövzusudur. (Kirk, 1947: 7)
Qısası, bu gün bir tədqiqat sahəsi kimi Beynəlxalq münasibətlər bir-birinin təkrarı olan tədqiqat proqram və strategiyalarının rəqabət apardığı, birgə mövcud olduğu, bir-birini təkrar etdiyi və ya təkəbbürlü tənhalığını saxladığı pis mərzlənmiş səhnəyə bənzəyir. (Plating, 1969: 11)
Beynəlxalq tədqiqatlar sahəsi müəyyən mənada müxtəlif səslərin ahəngsizliyi ilə dolu olan Babil qülləsinə (Tower of Babel) və ya, bəzilərinin dediyi kimi, öz ərazisini qoruyaraq yaxın gələnlərə atəş açan, və ancaq özü kimi olanlarla əlaqəyə üstünlük verən tayfalar dəstinə bənzəməyə başlamışdır. Nəticədə Beynəlxalq münasibətlər sahəsi ardıcıl zehni tədqiqatlar sahəsi və ya tədqiqatçılarin icmasından daha çox inzibati səhmdar şirkətə çevrilmişdir. (Hermann, 1998: 606)
Bu iqtibaslar Beynəlxalq münasibətlər (BM) sahəsində fənn tarixinin tədqiq edilməsinin gərəkliyinə şübhə edənlərə ilkin cavabdır.1 Sahənin müasir vəziy-yətinin ümumi diaqnozu razılaşdırılmış mənsubiyyətin (xüsusiyyətlərinin) çatışmaması olduğu halda, yuxarıdakına bənzər bəyanatlar göstərir ki, sahənin sərhədlərinin müəyyənliyi heç vaxt çoxlarının düşündüyü qədər təhlükəsiz olmamışdır. Son zamanlarda nəşr edilmiş kitabların, günü-gündən artan ixtisaslaşmış jurnallardakı məqalələrin, Beynəlxalq Tədqiqatlar Assosiasiyasının (ISA) və Britaniya Beynəlxalq Tədqiqatlar Assosiasiyasının (BISA) proqramlarının səthi xülasəsi qeyri-adi imkanlara malik mürəkkəb bir sahəyə işarə etsə də, onun tarixinin öyrənilməsi məsələsinə şübhə toxumlarının atılması davam edir. Bu məsələnin tədqiqinin qanunauyğun olmasının etiraf edilmə-məsinin bir izahı ondan ibarətdir ki, “biz tarixi onsuz da bilirik”. Digər səbəb ondan ibarət ola bilər ki, sahənin inkişafı haqqında söylənən indiki hekayət hakim meylləri təmin edir. İstənilən halda, fənnə giriş dərsliklərində, sahənin vəziyyəti haqqında məqalələrdə və ISA Prezidentinin müraciətlərində bu tarixin qısa xülasələri ilə əlaqədar qıtlıq yoxdur.
Bu çıxışlarda tez-tez sahənin idealist, realist, davranışçı (behavioralist), post-davranışçı (post-behavioralist), plüralist, neorealist, rasionalist, post-pozitivist və konstruktivist kimi müxtəlif mərhələlər silsiləsindən keçməklə necə inkişaf etdiyi haqqında ənənəvi tarixi söylənilir. Birinci üç mərhələnin təsviri tələbələrin və tədqiqatçıların beyninə o qədər dərindən yeridilir ki, sahənin ibtidai dövrlər tarixinin başa düşülməsi üçün heç bir başqa alternativin olmaması təsəvvürü yaranır. Məsələn Hedley Bull hesab edir ki, «nəzəri fəaliyyətin üç ardıcıl dalğasını ayrıd etmək mümkündür» – 1920-ci illərdə və 1930-cu illərin əvvəllərində üstünlük təşkil edən «idealist» və ya «proqressivist» nəzəriyyə, 1930-cu illərin sonlarında və 1940-cı illərdə inkişaf etmiş «realist» və ya konservativ (mühafizəkar) nəzəriyyə və nəhayət, 1950-ci illərin sonu və 1960-cı illərdə meydana çıxmış və «öz mənşəyini əvvəlki iki növ nəzəriyyənin əsaslandığı metodologiyaların qeyri-kafiliyindən götürən» «ictimai elmi» nəzəriyyələr (Bull, 1972: 33). Sahənin təkamülünün bu tarixi öz növbəsində tez-tez «idealistlər» və «realistlər» arasında sahənin fənni təyini haqqında «böyük debatlardan» başlayaraq, bu gün «rasionalistlər» və «reflektivistlər» arasında aparılan son debatlara qədər genişləndirilən «böyük mübahisələr» silsiləsi vasitəsilə təkamül kimi sıx əlaqəli hesabatla möhkəmləndirilir. (Banks, 1986; Katzenstein və başq., 1999; Keohane, 1988; Lijphart, 1974a; Maghroori, 1982; Mitchell, 1980). Sahə tarixinin bu özünəməxsus quruculuğu, əvvəlki mübahisələri kölgədə qoyaraq, indiki mübahisəni BƏ üzrə bütün ciddi tədqiqatçıların diqqətini cəmləməli olduqları mövzuya çevirməyə meyl göstərir.
Nəhayət, sahənin tarixinin səlnaməsi ənənəvi olaraq beynəlxalq siyasət kimi müəyyənləşdirilmiş səltənətdə baş verən kənar hadisələrə istinad etməklə tərtib edilmişdir. Belə bir güclü inam mövcuddur ki, beynəlxalq siyasətdəki müharibə və ya ABŞ-ın öz siyasətini kəskin dəyişməsi kimi mühüm hadisələr BM-i formalaşmaşdıran başqa amillər dəstindən daha artıq təsirə malik olmuşdur. Məsələn, sahənin yaranması tez-tez Birinci Dünya müharibəsinin dəhşətlərinə cavab olaraq, 1919-cu ildə Aberystwyth-dəki Wales Universitet Kollecinin Beynəlxalq Siyasət fakultəsində beynəlxalq siyasətin öyrənilməsi üzrə dünyada ilk kafedranın təməlinin qoyulması ilə əlaqələndirilir (Porter, 1972).
Bu fəsildə mənim əsas məqsədim sahənin necə inkişaf etdiyi haqqında geniş yayılmış bu rəyləri şübhə altına almaq, və bu tarixin ədəbiyyatın əsas axınında ənənəvi olaraq təsvir ediləndən daha mürəkkəb və daha az öyrənilmiş olduğunu göstərməkdir. Sahənin necə inkişaf etdiyinin birqiymətli anlanılmasını tam əhatə etməyimizin mümkünsüz olduğunu başa düşsək də, BM-in müasir praktikləri və tədqiqatçılarının bu tarixlə lazımi dərəcədə tanış olmalarının həlledici əhəmiyyətə malik olduğunu göstərən bir çox dəlillər vardır.
Birincisi, əsasən unudulmuş alimlərə məxsus çoxlu sayda nəzəri anlayışlar sadəcə olaraq şüurlardan silinmişdir. Buna baxmayaraq onlar, yada salınarsa, indiki vəziyyətə mühüm əlavələr edə bilər. İkincisi, sahə özünün təkamülü haqqında gerçək tarixini kölgədə qoyan güclü əfsanə yaratmışdır (Booth, 1996; Kahler, 1997; Osiander, 1998; Schmidt 1998a, 1998b; Waever, 1998; Wilson, 1998). Üçüncüsü, sahənin tarixinin olduğu kimi başa düşülməsi Beynəlxalq münasibətlərin öyrənilməsi haqqında bizim indiki fərziyyə və ideyalarımızın təbiətinin izahı üçün çox mühümdür. Cari intellektual metodlar və nəzəri mövqelər tez-tez beynəlxalq siyasətin üzləşdiyi son dilemmaların cavabı kimi qələmə verilsə də, daha iti tarixi şüur müasir metodların çox vaxt keçmiş müzakirələrin yeni formada təzahürü olduğunu bizə xatırladır. Sahənin necə formalaşdığını lazımi dərəcədə anlamadıqca, təkəri yenidən icad etmək təhlükəsi qalır. İndi yeni kimi qəbul edilənlərin çoxunun əslində sahənin qeyri-ardıcıl keçmişinin dərinliklərində artıq mövcud olduğu haqqında mülahizəni doğru saymaq üçün kifayət qədər sübutlar mövcuddur. Nəhayət, sahənin bəsirətli tarixi indinin tənqidi təsviri üçün məhsuldar əsas təklif edir. Əfsanəvi əvəzinə faktik olanı bildikdə, tarix bizi sahə haqqında geniş yayılmış təsəvvürlərimizin bir hissəsini dəyişməyə və nəticədə yeni minillikdə beynəlxalq siyasət haqqında fikirləşmək üçün böyük ehtiyacımız olan sahələri açmağa təhrik edə bilər.
Bu fəsildə mənim məqsədim BM-in geniş mənada təyin edilmiş sahəsinin və ya fənninin hərtərəfli tarixini vermək deyildir. Bu məsələnin deyilən formada qeyri-mümkün olmasından əlavə, aşağıda göstərəcəyim kimi, mənşəyi, təsisati yeri və coğrafi sərhədləri baxımından sahənin dəqiq müəyyən edilməsində kifayət qədər çoxrəylik olduğundan, belə problemlərə müfəssəl olaraq müraciət etmədən, BM-in sadəcə şəcərə tarixini yazmaq özünün qeyri-məhsuldar nöqtəsinə artıq gəlib çatmışdır. Bundan əlavə, tarix haqqında əvvəlki işlərin çoxu birqiymətli tarixi dəyərləndirmə məsələsini asanlaşdırmaq yolunda kifayət qədər nəzəri və metodoloji səriştə göstərmədiyindən, son zamanlar bu sahədə görülmüş bəzi işlər tədqiqatçıları çoxlu sayda tarixşünaslıq problemləri ilə üz-üzə qoymuşdur. Ən son tədqiqatçılıq cərəyanı fənnin mənsubiyyəti ilə onun tarixi təsvirinin təqdimatı arasındakı əlaqəni aydın başa düşür. Bundan əlavə, BM tarixinin bərpası tərzi müstəqil dəyərləndirmənin özü qədər mühüm olmağa başlamışdır və ona görə də sahənin tarixinin yazılmasına necə yanaşmaq lazım olduğu haqqında fundamental tədqiqat məsələlərinə müraciət etmək həlledici dərəcədə mühüm olmağa başlayır.
Mən BM-in hansı dərəcəyə qədər fərqləndirilə bilən mənsubiyyətə malik, yaxşı müəyyən edilmiş sərhədləri olması ilə əlaqədar bir sıra köhnə və mübahisəli məsələlərin, eləcə də eyni dərəcədə mübahisəli olan, sahənin tarixinin aşkar milli və təsisati fərqlərə kifayət qədər diqqət verməyən kosmopolit münasibət çərçivəsində yazılmalı olması, yoxsa bu məsələyə dəqiq sərhədlənmiş milli cəhətlərin daxilindən yanaşılmalı olması kimi məsələlərin qısa müzakirəsindən başlayacağam. Hərçənd ki, sahənin yaranması tarixini haradan başlamaqdan asılı olaraq, əlli ildən yüz ilə qədər müddətdəki təkamül nəticəsində BM-in ayrıca akademik sahə olması şübhə doğurmamalı idisə də, həm fənnin mövzusunun xarakteri, həm də sahənin təsisati sərhədləri ilə əlaqədar qeyri-müyyənliklər fasiləsiz meydana çıxırdı. Sahənin mənsubiyyəti faktını əhatə edən qarışıqlığa, BM-in amerikalı tədqiqatçıları icmasının şəksiz və hələ də davam edən üstünlüyünün hərdən «BM-in tarixi onun Birləşmiş Ştatlardakı inkişafının sinonimidir» kimi yanlış fikrə gətirməsi faktını da əlavə edin. Stanley Hoffnann-ın (1977), “çoxlu sayda avropalı alimlərin təsirinə baxmayaraq BM amerikan sosial elmidir” fikri böyük hörmətə layiq olsa da, amerikan modelinin qlobal təsirinə baxmayaraq, özünün unikal fənn tarixinə malik olan çoxlu sayda yerli akademik icmalar mövcuddur. Məsələn, töhfələri yalnız bu yaxınlarda lazımi qaydada sənədləşdirilməyə və qiymətləndirilməyə başlanmış İngilis Məktəbi bu qəbildəndir (Dunne, 1998; Little, 2000). ABŞ-da baş verən nəzəri və metodoloji hadisələr bu icmalara dərindən təsir göstərsə də, fənnin dünyanın müxtəlif yerlərində öyrənilməsində fərqlər olmuşdur (Jorgensen, 2000). Sahənin fənnlərarası xarakteri və milli şəraitlərdəki fərqlər tez-tez belə bir fikrə gətirir ki, dəqiq BM fənni və ya sahəsi mövcud deyildir, lakin fənnin sərhədləri və təsisati mövqeyi ilə əlaqədar qeyri-müəyyənliklərə baxmayaraq, akademik tədqiqat sahəsi kimi BM dəqiq peşəkar mənsubiyyətə və mülahizələrə malikdir.
Mən sonra diqqəti BM-in tarixşünaslığı üzərində, yəni həm sahənin tarixinin tədqiqi, həm də bu tədqiqat və işlərdə istifadə edilən metodoloji prinsiplər üzərində cəmləyirəm. Mən diqqəti iki fundamental problem üzərində cəmləyəcəyəm: birincisi, sahənin tarixinin onun bugünkü xarakteri haqqında müəyyən təsəvvür yaradılması məqsədilə yazılması praktikasını əhatə edən prezentizm (cariçilik), ikincisi isə beynəlxalq siyasət səltənətindəki ekzogen (sistemdənkənar) hadisələrin BM-in akademik tədqiqat sahəsi kimi inkişafını mühüm dərəcədə struk-turlaşdırdığını fərz edən kontekstualizmdir. Mən bu problemləri mövcud ədəbiyyatın şərhi yoluyla təsvir etməyə çalışacağam. Son zamanlar sahənin tarixi haqqında ədəbiyyatda nəzərəçarpacaq kəmiyyət və keyfiyyət artımı müşahidə olunmuşdur və belə bir fikir irəli sürmək olar ki, ümumiyyətlə sosial elmlərin tarixi ayrıca tədqiqat ixtisasına çevrilməyə başlayır. Bu yeni ədəbiyyat BM-in ənənəvi təsvirləri üzərinə artan şübhə toxumları səpməyə başlamışdır. Bu fəsildə mənim əsas məqsədim sahənin inkişafı haqqında ənənəvi təsəvvürləri şübhə altına almaq və BM-in fənn tarixi haqqında daha səriştəli işləri həvəsləndirməkdir.
Mən fəsilboyu dövri olaraq John Gunnell (1998) tərəfindən qurulmuş konseptual struktura iqtibas edəcəyəm. Gunnell-in «mülahizələrin diskursiv tərtibi» adlandırdığı bu struktur BM sahəsində müxtəlif problemlərin təhlilinə tətbiq edilə bilər, çünki digər sosial elmlərlə bağlı çoxlu sayda xarakteristikalardan istifadə edir. Gunnell-in terminologiyasına görə sosial elmlər onların müxtəlif üsullarla bəhs etdiyi faktlarla, bəzən isə birinci tərtib fəaliyyətlə məntiq, funksiya və özünüdərk terminlərində müəyyən edilmiş ikinci tərtib meta-texnologiyalardır (Gunnell, 1998: 22). Təbiət elmləri, din, musiqi, incəsənət və siyasəti əhatə edən birinci tərtib metodları Gunnell əzəli və «verilmiş» hesab edir, çünki onların «müxtəlif formaları və tarixi təzahürləri bəşər fəaliyyətinin funksional zəruri elementlərini təşkil edir (1998: 19). Mülahizələrin tərtibi arasındakı münasibətə gəldikdə, məsələnin çətinliyi ikinci və birinci tərtib metodlar arasında olanla əlaqədardır. Əvvəlki müxtəlif yollarla sonrakı üzərində epistemik və praktik hökmranlıq əldə etməyə çalışırdı. Gunnell yazırdı ki, «sosial elmlərin tarixi mühüm dərəcədə onun idraki iddialarının düzgünlüyünü necə sübut etmək və onları praktik hakimiyyətin əsasına necə qoymaq məsələsi ilə hərəkətə gətirilmişdir». (1998: 3). Biz bu strukturun BM-in intellektual tarixinə tətbiqi prosesində, zaman-zaman beynəlxalq siyasətin praktikası üzərində hökmranlığı əldə etmək üçün, sahənin mövcudluğunun lap əvvəlindən meydana çıxan müxtəlif nəzəri, metodoloji və epistemoloji mövqelərin necə işə cəlb edildiyini görə bilərik. BM-in tarixçələri, başqa sosial elmlərdə təklif edilənlər kimi, çox vaxt elmi yanaşmanın cari təsvirini legitimləşdirmək məqsədilə sahənin konkret təsvirinin yenidən canlandırılmasına xidmət edirdi. Belə təsdiq axtarışı, sosial elmdə sahənin inkişafını qiymətləndirmək üçün qismən daha bir ikinci-tərtib praktikaya – təbiət elmlərinin tarixi və fəlsəfəsinə üz tutmağa olan marağı izah edir. Bu, Gunnell-in terminlərində «üçüncü dərəcəli söhbətə (diskursa, mülahizəyə)» aid edilən, və mənim, BM sahəsinin beynəlxalq siyasətlə münasibətlərində istinad nöqtəsi təmin edə biləcək bilik səlahiyyəti əldə etməyi arzuladığı tərzdə, tədqiq edəcəyim fənnin tarixi mühiti vasitəsilə baş verə bilər. Belə ki, mən BM-in beynəlxalq siyasətlə münasibətdə ona nəzəri və praktik dəyər təmin edəcək bilik səlahiyyəti əldə etməyi düşündüyü tərzi tədqiq edəcəyəm.
BEYNƏLXALQ MÜNASİBƏTLƏR AKADEMİK TƏDQİQAT SAHƏSİ KİMİ
Sahənin fənn sərhədlərini müəyyən-ləşdirmək onun mühakimə obyekti üzərində səlahiyyət qazanmağın mühüm şərtidir. Ona görə də ayrıca BM sahəsi və ya fənninin olub-olmaması ardıcıl müzakirə mövzusu olmuşdur (Gurian, 1946; Kaplan, 1961; Neal və Hamlett, 1969; Olson, 1972; Olson və Groom, 1991; Olson və Onuf, 1985; Palmer, 1980; Thompson, 1952; Wright, 1955). Ziddiyyətlər, müəyyən dərəcədə, sahənin mənşəyi və coğrafi sərhədləri ilə əlaqədar mübahisəli məsələlərlə bağlı olsa da, dərindən baxdıqda BM-in ikinci-tərtib mülahizə kimi mənsubiyyəti və onun müzakirə predmetinin vəziyyətini əhatə edir. Bu suala heç vaxt kafi cavab verilməyəcəyi aydın olsa da, fənn tarixi sahənin öz mənsubiyyətini müəyyən etməyə çalışması tərzini nəzərdən keçirmək üçün həqiqətən də bəsirətli müşahidə nöqtəsi təmin edir.
Sahəni ayrıca akademik praktika kimi görməyə başladığımız nöqtədən əvvəlki dövrü onun «tarixə qədərki dövrü» adlandıracağıq. Bu müddətdə «tədricən mülahizələrdən fənnə keçid baş vermişdir» (Farr, 1990). Bu dövr sonradan sahənin iyirminci əsrin ilk onilliklərindəki formasını təşkil etmiş mövzular və problemlərin çoxunun müəyyənləşdirilməsi üçün əhəmiyyətlidir (Schmidt, 19980). Sahənin keçmişinə beynəlxalq hüquq, diplomatiya tarixi, sülh uğrunda hərəkat, etika, coğrafiya və antropologiya daxil idi (Olson və Groom, 1991). The Study of International Relations-də (1955) Quincy Wright BM-in inkişafına öz töhfəsini vermiş səkkiz «təməl fənn» və altı «dünyəvi nəzər nöqtəsinə» malik fənn müəyyən etmişdi.2 Wright bir çoxları ilə paralel olaraq bildirirdi ki, belə çox sayda muxtar tədqiqat sahələrini sintez etmək vəzifəsi vahid, ardıcıl BM fənninin yaradılması cəhdlərini mürəkkəbləşdirir (Bailey, 1932; Gurian, 1946; Kirk, 1947; Wright, 1955). Bundan əlavə Kenneth Thompson müşahidə etmişdi ki, Beynəlxalq münasibətlərin predmetinə aid elə bir konkret məsələ olmayıb ki, başqa müstəqil sahələrə düşməsin (Thompson, 1952: 433). Sahənin fənnlərarası xarakteri və digər fənnlərin onun predmetinin müxtəlif mövzularını tədqiq etməsi faktı tez-tez «Beynəlxalq münasibətlər ayrıca fənndirmi» sualının qoyulmasına gətirirdi (Kaplan, 1961). Bu, adətən mərkəzi səlahiyyətin olmadığı halda sahənin siyasət terminlərində ifadə edilən konkret predmetinə iqtibas edilməsi, eləcə də müxtəlif epistemoloji və metodoloji əsaslar gətirməklə cavab verilmiş maraqlı və mühüm sualdır. Lakin bu sualın çox cəlbedici olmasına baxmayaraq, onun beynəlxalq siyasətin öyrənilməsi tarixinin bərpası yolunda maneəyə çevrilməsinə yol verməmək çox vacibdir.
Bununla belə bu problemlər sahənin təsisati kontekstinin aydın müəyyən edilməsinin və diqqəti onun üzərində cəmləməyin vacibliyini ön plana çəkir. Təsisati kontekstin dəyişkənliyi sahənin yaranmasını əsaslandırmaq üçün istifadə edilə biləcək tarixçələrin geniş intervalı üçün qismən məsuldur. Bu, böyük fərqlərə gətirir, məsələn BM, Birinci Dünya Müharibəsindən sonra bir sıra müstəqil kafedralar yaranmış Böyük Britaniyada olduğu tərzdə ayrıca fənn kimi, yoxsa, Birləşmiş Ştatlar, Almaniya və Fransa halında olduğu tərzdə, siyasət elminin alt-sahəsi kimi təsis edilmişdir.3 Hər bir halda ənənəvi tarixlər sahənin təsisati quruculuğunun xarakterindən daha çox, mühüm siyasi hadisələrin sahənin yaranmasına təsirini qeyd etməyə meyllidirlər. Məsələn, ABŞ halında BM-in tarixini onu amerika siyasi elminin fənn matrisində yerləşdirmədən yazmaq mümkün deyil. Bu, BM-in siyasi elmin bir hissəsindən daha çox, ayrıca ofisə malik yeni tədqiqat sahəsi olduğu Böyük Britaniyadakı tarixi təcrübəsindən fərqlidir (Hill, 1987; Waever, 1998). Bu təsisati fərqlərə əlavə olaraq intellektual iqlim, məlumat əldə etmək, tədqiqata kömək, hökumət və akademiya arasında əlaqə, universitet sisteminin ümumi strukturu və xarakteri ilə əlaqədar çoxlu sayda fərqlər mövcuddur (Simpson, 1998; Smith, 1985).
Təsisati kontekstin əhəmiyyəti sahənin milli konteksti məsələsi ilə sıx əlaqəlidir. Təsisati strukturdakı fərqlər BM-in yerləşdiyi ölkənin milli şəraiti ilə dərindən əlaqəlidir. BM-in sərhədləri bir konkret ölkənin terminlərində müəyyənləşdirilə bilər, yoxsa buna milli fərqlər nəzərə alınmadan, daha kosmopolit əhatə çərçivəsində baxılmalıdır məsələsi sahənin tarixini yazmaq vəzifəsini mürəkkəbləşdirir. İstək həqiqi qlobal fənn yaratmaq cəhdi olsa belə, tədqiqatlar beynəlxalq siyasətin akademik öyrənilməsinin Britaniya, daha çox isə Amerika yerliçiliyi yarlığını daşıdığını göstərməkdə davam edir. Stanley Hoffmann özünün məhşur 'An American Social Science: International Relations' məqaləsini nəşr etdirəndən, Amerika akademik icmasının BM «qlobal fənnində» hansı dərəcədə üstünlük təşkil etməsi və bu üstünlüyün ümumilikdə fənn üçün hansı dərin nəticələrə gətirməsi haqqında müzakirələr davam etməkdədir (Alker və Biersteker, 1984; Crawford və Jarvis, 2001; Goldmann, 1996; Hoffmann, 1977; Holsti, 1985; Kahler, 1993; Krippendorf, 1987; Smith, 1987, 2000; Waever, 1998). Ehtimal edilən amerikan hegemonluğuna baxmayaraq, beynəlxalq siyasətin amerikan tədqiqatlarını «qlobal BM fənni» ilə bağlamaq fundamental səhvdir. Milli BM icmalarının çoxunun amerikan nəzəriyyə, meyl və müzakirələrinə kifayət qədər həssas olmasına baxmayaraq, BM Waever-in qeyd etdiyi kimi «müxtəlif yerlərdə kifayət qədər müxtəlifdir» (1998: 723). Mən hesab edirəm ki, BM-in fənn tarixçələri sahənin qeyri-ardıcıl tarixinin həm qlobal, həm də yerli ölçülərdə yenidən qurulmasına xidmət etməlidir. Yerin məhdud olmasının, dünyanın hər bir ölkəsindəki BM haqqında şərh verməyə mənə mane olmasına və əsas diqqətin ABŞ və Böyük Britaniyada baş verən hadisələr üzərində cəmlənməsinə baxmayaraq, BM quruculuğunda çoxlu miqdarda ölkə xüsusiyyətli tədqiqatların aparıldığını qeyd etmək vacibdir.4
BEYNƏLXALQ MÜNASİBƏTLƏRİN TARİXŞÜNASLIĞI
BM-in tarixi məsələsində ən mühüm problemlərdən biri ondan ibarət idi ki, bu tarixçələr sahənin tarixi necə yazılmalıdır sualına birqiymətli cavab verə bilmirdi. BM tarixini sahənin təkamülünün mühüm ölçülərinin tam konsensusunun mövcud olması kimi təsvir etməyə meyl edilirdi. Sahənin inkişafı ilə əlaqədar heç bir əhəmiyyətli ziddiyyətin olmadığı şəraitdə, tarixşünaslıq məsələlərinə çox az diqqət yetirilir və ya ümumiyyətlə diqqət verilmirdi. İstənilən halda, politologiya kimi bir sıra əlaqədar akademik fənlərin öz fənn tarixlərini daha yaxından tədqiq etməyə başlamasıyla, lazımi tarixi təhlilin ümumiyyətlə nədən təşkil olunduğu, xüsusən də fənn tarixinə nəyin daxil olduğu haqqında müxtəlif nəzəri və metodoloji ziddiyyətlər meydana çıxdı. (Bender və Schorske, 1998; Collini və başq., 1983; Dryzek və Leonard, 1988; Parr və başq., 1990; Gunnell, 1991; Ross, 1991; Tully, 1988). Lakin bu ədəbiyyatın qaldırdığı tarixşünaslıq qayğıları BM-in tarixi haqqında fikirləşənlərə çox az təsirə malik oldu, və ya heç bir təsirə malik olmadı. Bu ümumiləşdirmədən yeganə istisna Ole Waever-in ədəbiyyata mühüm töhfə olan 'The Sociology of a Not So International Discipline' (1998) məqaləsidir. Sahənin tarixi haqqında mövcud ədəbiyyatın cari vəziyyəti ilə əlaqədar Waever narazılıqla yazırdı ki, o, «adətən sistemli tədqiqatlara və aydın üsullara əsaslanmır», və onun qiyməti «hər bir yaxşı praktikin fənnin tarixini yaza bilməsini üstüörtülü olaraq güman etməklə, bizim keçmişimiz barədə «ümumi biliklərin» incə şəkildə təkrar bəyan edilməsindən» bir balaca artıqdır. (Waever, 1998: 692). Lakin praktiklərin sahənin tarixini artıq bildikləri haqqında fərziyyənin özündə, nəzəri səriştəsizliyin açıq-aşkar oturması ilə bərabər, tarixi bəsitləşdirmək və beləliklə təhrif etmək meyllərini möhkəmləndirən əlavə amillər də fəaliyyət göstərir.
Analitik və Tarixi Ənənələr
Belə bir ümumi fərziyyə mövcuddur ki, sahənin tarixini klassik Afinadan (Athens) günümüzə qədər uzanan kəsilməz ənənəyə istinad etməklə izah etmək olar. BM ədəbiyyatında beynəlxalq fikrin realizm və liberalizm kimi ardıcıl məktəblərinə, və ya paradiqmalarına gətirmiş epik ənənələrin olması ideyasına çoxlu sayda iqtibaslar mövcuddur (Clark, 1989; Donnelly, 1995; Holsti, 1985; Kugler, 1993; Zacher və Matthew, 1995). Bundan əlavə, və bizim müzakirəmiz üçün daha vacibi, geniş yayılmış belə bir inam mövcuddur ki, bu qədim ənənələr sahənin keçmişinin ayrılmaz hissəsini təşkil edir, və deməli, sahənin müasir sərhədlərinin başa düşülməsi üçün yararlıdır. Bu inamın bir nümunəsini münaqişə və müharibə haqqında ədəbiyyatın Jacek Kugler tərəfindən aparılmış tədqiqində tapmaq olar. O, belə bir fikir irəli sürür ki, «beynəlxalq müharibələrin klassik hesabatı dünya siyasətindəki realist ənənlərdən gəlir» və «müharibənin öyrənilməsində realist metod Thucydides-dən (b.e.ə. 400-cü illər), Machiavelli (1513), Hobbes (1651), Hume (1741), von Clausewitz (1832), Morgenthau (1948), Organski (1958), Waltz (1979) və Gilpin-ə (1981) qədər izlənilməsi mümkün olan uzun bir ənənəyə malikdir» (Kugler, 1993: 483-4). Məsələn, Kenneth Waltz-ın Man, the State and War (1959) əsərində göstərildiyi kimi, nəzəriyyəçilərin Qərbin siyasi fikrinin klassik kanonları ilə bağlı olan tədqiqatları BM praktikasının elementini təşkil etsə də, Thucydides və ya Kant kimi klassik siyasi nəzəriyyəçilərin işlərinə müasir BM ədəbiyyatının konstruktiv keçmişi kimi baxmağın mümkünlüyü kökündən yanlış təsəvvürdür.
Müasir tədqiqatçıların, klassik siyasət nəzəriyyəçilərinin uzun illər ərzində hakim fərziyyələrindən biri «Plato-dan Marx-a qədər klassik mətn kanonları beynəlxalq siyasət haqqında deməli çox az şeyə malikdir» olan yazılarına istinad etmələri kimi geniş yayılmış meylin özündə müəyyən bir istehza vardır. Bu, Martin Wight-ın 1959-cu ildə Beynəlxalq Siyasətin Nəzəriyyəsi barədə Britaniya Komitəsinin (British Committee on the Theory of International Politics) təsis yığıncağında təqdim etdiyi mübahisəli 'Why is There No International Theory?' (1966) essesində populyarlaşdırılmış nəzər nöqtəsi idi. Wight-ın arqumentləri «siyasi fikrin zəngin və dəqiq müəyyən olunmuş, beynəlxalq fikrin isə yoxsul və əslində mübahisəli ənənələri var idi» kimi geniş yayılmış fikrə öz töhfəsini verdi. Bu baxış, kanonun məqsədəuyğunluğunu birbaşa şübhə altına alan davranışçıların (bihevioristlərin) elmi təkəbbürləri ilə birlikdə, siyasi nəzəriyyə və BM sahələrinin ayrılıqda hərəkət etməsinə gətirmiş və yalnız bu yaxınlarda dəyişməyə başlamış soyuqluq hissi yaratmışdı (Boucher, 1998; Brown, 1992; Knutsen, 1997; Schmidt, 2000; Walker, 1993; Williams, 1992). David Boucher belə hesab edir ki, BM-in klassik fənnlərin qurulmuş kanonlarına malik olmamasının səbəblərindən biri də BM nəzəriyyəçilərinin «öz nəzəriyyə və konsepsiyalarını yaratmaq üçün özlərini siyasi elmin əsas axınından ayırmaq» kimi səhvindən irəli gəlir. (1998: 10).
Lakin siyasi nəzəriyyə və Beynəlxalq münasibətlər arasındakı gərgin və narahat münasibətlər tədqiqatçıları klassik siyasət nəzəriyyəçilərinin ideyalarını çeşidləmək üçün çoxlu sayda tipologiya və ənənələr qurmaqdan, onları Beynəlxalq münasibətlərin müasir tədqiqatçılarının işləri ilə əlaqələndirməkdən çəkindirməmişdir. (Boucher, 1998; Donelan, 1990; Doyle, 1997; Holsti, 1985; Kauppi və Viotti, 1999; Wight, 1992). Rəmzi və ya mübaliğəli (metaforik) olaraq müasir praktiklər özlərini Thucydides və ya Kant-ın xələfləri kimi təsvir etməyə ümid edə bilərsə də, sahənin tarixinin klassik Yunanıstandan və ya İntibahdan başlayıb hazırki tədqiqatçıların işləri ilə öz zirvəsinə çatmış epik ənənələr terminlərində yazılmasında ciddi konseptual səhv var. Sahənin tarixinin çoxsaylı sinoptik qiymətləndirilmələrində rast gəlinən bu ümumi praktika, BM-in gerçək tarixi inkişafını izləmək cəhdi zamanı analitik və tarixi ənənələrin böyük maneələrə gətirən qarışıqlığına səbəb olur. (Schmidt, 1994). BM-in ənənləri haqqında müzakirələr geniş yayılmış və Rob Walker (1993) demişkən monolitlikdən uzaq olsa da, onlar faktik tarixi ənənələrə, yəni ideyaların tanınan qaydada inşa edilmiş məntiqi strukturun içərisinə daşındığı adi praktikanın öz-özünə təsis olunmuş nümunələrindən daha çox, əsasən mövcud meyarlar və prooblemlərlə müəyyən olunan analitik retrospektiv konstruktsiyaya müraciət etməyə meyl göstərirlər. BM-in fənn tarixi halında, realizm kimi belə retrospektiv qurulmuş ənənələr elə təqdim edilir ki, sanki onlar sahədəki faktik və ya özü-özünə təsis olunmuş ənənələri təmsil edirlər. Və əvvəlki səhvən sonrakının əvəzinə qəbul edildikdə, və ya sonrakı kimi təqdim edildikdə BM tarixinin başa düşülməsi və yazılmasında ciddi problemlər yaranır.
Yəqin ən böyük çətinlik ondan ibarətdir ki, keçmişin belə epik təsvirləri diqqəti gerçək akademik praktikadan, sahənin müasir inkişafı və müəyyənliyinə töhfəsini vermiş fərdlərdən yayındırır. BM-in peşəkar inşasında şüurlu və təsisati qaydada iştirak etmiş akademik tədqiqatçıların şəcərəsini əks etdirən tarix əvəzinə, keçmişin ideallaşdırılmış variantı bizə qədim zamanlardan indiyə qədər olanı əhatə edən kəsilməz ənənə formasında təqdim edilir. Aparıcı ali məktəb dərsliklərinin çoxunda adi qayda olan bu növ epik dəyərləndirmələr, bizim fənn tarixini guya artıq bildiyimiz haqqında fikirləri gücləndirməyə xidmət edir. Diqqət adətən Thucydides, Machiavelli və Kant kimi «təsisçi atalara» yönəldilir, beynəlxalq siyasətin təsisatlanmış akademik tədqiqinə töhfələrini vermiş fərdlər ordusu isə sadəcə olaraq yaddan çıxarılır. James Bryce, Frederick S. Dunn, Pitman Potter və Paul S. Reinsch kimi akademik tədqiqatçılar tarixi baxımdan cəlbedici olmasalar da sahənin faktik inkişafını izləmək üçün daha yararlıdırlar.