Kitabı oku: «Beynəlxalq Münasibətlər üzrə bələdçi», sayfa 6
Belə mücərrəd konseptual tədqiqatların niyə vacib olması barədə yekun arqument ondan ibarətdir ki, təbiət elmlərinin alimləri konkret izahların faktik məzmunu ilə razılaşmayanda belə, ən azı verilmiş hadisənin izahının nəyə bənzəyə biləcəyi barədə razılığa gəlirlər (Nicholson, 1996a: 2; Reynolds, 1973). Sosial elmlərin tədqiqatçıları isə yox (Hollis və Smith, 1990; Reynolds, 1973). Güman ki, müharibənin səbəblərini aydınlaşdırmaq istəyi ilə yaradılmış fənnin belə tədqiqatın edilə biləcəyi şəraiti bilməməsi lənətlənmə hökmünə bərabərdir (Nieholson, 1996a: 3). Müharibənin səbəblərini bilmək bir şeydir; bizim onları bildiyimizi bilmək isə tamamilə başqa məsələdir.
İstənilən halda, işlə məşğul olmaq öz-özlüyündə uğuru təmin etmir, və etiraf edilməlidir ki, BM-də sosiologiyanın fəlsəfəsindən istifadə edilməsinə etirazlar, və onun düzgün tətbiq edilməməsi haqqında şikayətlər müəyyən əsasa malikdir. (Halliday, 1994: 23; Kratochwil, 2000; Wallace, 1996). Ümumi halda bu problemlər konseptual aydınlığın olmaması, əsas terminlərin düzgün işlədilməməsi və qohum fənnlərdə inkişaf etdirilmiş həlledici konsepsiyaların istifadə xüsusiyyətlərini və ya inkişaf kontekstini nəzərə almadan bəsit tətbiqi nəticəsində yaranır. Bu narahatlıqların ən parlaq nümunəsi ontologiya, epistemologiya və metodologiya kimi terminlərin işlədilməsidir, hərçənd ki, Kuhn-un paradiqmlər anlayışının geniş və tənqidsiz qəbulu ikinci nümunə olmağa çox yaxındır yaxınlaşır. (Banks, 1985; Vasquez, 1998). (Banks, 1985; Vasquez, 1998). Bu terminlər sosiologiya və elmin fəlsəfəsində, analitik aydınlığı təmin etmək və sahənin özünəməxsus cəhətlərini təsvir etmək üçün çox konkret istifadəyə və funksiyaya malikdir. BM-də isə bu terminlər çox vaxt onların necə və nə üçün istifadə edilməsinə kifayət qədər diqqət yetirilmədən ətrafa fəlsəfi əl qumbaraları kimi atılır.
Məsələn, özünün başqa cəhətlərinə görə nümunəvi olan işlər silsiləsində Michael Nicholson pozitivizmə müxtəlif formalarda «epistemologiya» (Nicholson, 1996a, 1996b), «metodologiya» (fəslin sərlövhəsinin «Beynəlxalq münasibətlərin epistemologiyası» olmasına baxmayaraq) (Nicholson, 1996a; Nicholson və Bennett, 1994), 'biheviorizm''' (Nicholson, 1996a;129) və «sosial davranışa elmi yanaşma» (Nicholson, 1996a: 190) kimi müraciət etmişdir, hərçənd ki, hamı sonuncunun böyük təəssüf hissi ilə edildiyini başa düşür. Eləcə də Steve Smith pozitivizmi epistemologiya (Smith, 1996: 24); «empirik epistemologiyaya» malik olan (Smith, 1996: 22), və realizmin təməlini bərkidən «metodologiya» (Smith, 1997: 166) kimi nəzərdən keçirmişdir. Mən bu iki tədqiqatçını meylin ən pis deyil, tipik nümunəsi kimi gətirmişəm. Lakin aydındır ki, burada müəyyən qarışıqlıq var.15
ERKƏN BM: FƏLSƏFƏSİZ ELM
Fənnin erkən tarixində elmin problemli anlayış hesab edilmədiyi vaxtlar olub (Bluhm, 1967; Boucher, 1998; Dougherty və Pfaltzgraff, 1996; Tellis, 1996). İlk praktiklərə güman ki, elm anlayışının tam mənası məlum deyildi, lakin BM-in elm olmalı olması və elm olacağı haqqında ümumi bir razılıq var idi. Ashley J. Tellis bildirirdi ki, realizmin Thucydides-dən bu günə qədər inkişafı «elmi nəzəriyyəyə doğru uzun bir yürüş» (Tellis, 1996) kimi başa düşülməlidir. Thucydides-ə realist kimi baxmağın düzgünlük dərəcəsini şübhə altına qoyan çoxlu tənqidlərə baxmayaraq, onun Peloponnes Müharibəsi haqqında mülahizələrinin «bitərəf mövqedən, kifayət dərəcədə intellektual səviyyədə, banallıq və əxlaqi dəyərləndirmə ilə yüklənməmiş, soyuq və tənqidi yazılmış» olmasına çox az adam şübhə edirdi (Bury, 1975: 252).
Düzdür Hobbes hansı predmetlərin elm kimi qəbul edilməsi haqqında təhrikçi fikirlərə malik idi, lakin onun öz işlərinə elm kimi baxdığına şübhə yox idi, və o, ola bilsin ki, özünü hətta politologiyanın ixtiraçısı hesab edirdi (Ryan, 1996; Sorell, 1996). Artıq Hobbes-un politologiya anlayışının özündə, onun «politologiya» və «siyasi praktiklik» adlandırdıqları arasında dəqiq konturlanmış fərq toxumları var idi (Ryan, 1996). Hobbes-a görə Thucydides-in təhlili siyasi praktikliyə əsaslanırdı; ümumi halda bu praktik müdrikliyə bərabər tutulur və bizim müəyyən tarixi nümunələr diapazonundan çıxara bildiyimiz ən yaxşı məsləhət vasitəsilə əldə edilirdi. Siyasi müdriklik biliyin həqiqi forması olmuşdur, lakin istənilən halda bu təfsilatların məlum olmasını tələb edən bilikdir. Sanki Charles Reynoldsun bütün tarixi izahların bu formada olduğunu hesab etdiyi görünür (Reynolds, 1973). Bu, biliyin keçmişin təcrübəsinə və artıq baş vermişlərə əsaslanan formasıdır. Lakin bu, şeylər necə işləməlidir və nə baş verməlidir biliyi deyildir. Hobbes-a görə elm hipotetik, ümumi və səhvsiz olmalıdır. Buna baxmayaraq siyasət elm ola bilər və həqiqətən də olmalıdır.
Hətta müharibələr arası idealizmi də bəşəriyyətin inkişafında elmin roluna uyğun gələn kimi yozmaq olar (Carr, 1946; Long, 1995: 306). BM-in bu dövrü İntibahın biliyə əsaslanan inkişaf ideyalarını daşıdığından, belə mövqe çətin ki, şübhə altına alına bilsin (George, 1994: 74-7). Lakin Richard Little bildirirdi ki, erkən BM təbiət elmləri vasitəsilə özünü modelləşdirmə cəhdlərinin göstərilmədiyi, və «sonsuz mürəkkəb gerçəkliyi anlamaqda kömək edə bilən qanunların kəşfi ilə məşğul» olunmadığı dövrlərdə meydana çıxmış başqa sosial elmlərdən fərqlənirdi (Little, 1980: 7; bax, habelə Smith, 1987). Lakin Little-in mövqeyi (bax, habelə Smith, 1987) iki problemdən əziyyət çəkir.
Birincisi Schmidt-in fənnin pis tarixləri müasir anlayışları təhrif edə bilər hökmünün doğruluğunu nümayiş etdirir (Bax, bu kitabda Fəsil 1). Little-in BM və digər sosiologiya fənləri arasında kəskin sərhədd qoyması yalnız o vaxt mənaya malikdir ki, 1919-cu ildə Aberystwyth-də ilk akademik bölmənin əsasının qoyulmasının unikal bir hadisə olduğu və buna qədər fənnin tarixinin olmadığı qəbul edilsin. Schmidt çox aydın göstərir ki, konkret BM bölməsi 1919-cu ildə yaradılsa da, fənni biliklərin yaradılması daha uzun tarixə malik idi. Bu mənada, Little-in doğrudan da özünü elm kimi modelləşdirmyə çalışdığını iddi etdiyi fənnlər içərisindən yeni BM fənninin çıxarılmalı olduğu mənbələr idi (Schmidt, 1998; bax, habelə Butterfield, 1951).
Little-in təhlili ilə əlaqədar ikinci problem ondan ibarətdir ki, o, elmin çox konkret təyinata malik hesabatını geriyə – müharibələr arası idealistlərin işinə tətbiq edir. Və deyəsən belə hesab edir ki, normativ ölçü tədqiqatı elm olmaqdan kənarlaşdırır; elm ancaq faktual təhlillə məşğul olur və dəyərlə yönləndirilən (dəyərdən çıxarılan) tədqiqat nəsə başqa bir şeydir. (Little, 1980: 7). Bu, elmdə fakt/dəyər nisbətinin çox özünəməxsus və mübahisəli hesabatıdır və fənnin erkən nümayəndələrinin onu himayə etməsi haqqında heç bir dəlil yoxdur. Bundan başqa, elmi BM-in elmi izahları məhz sosial dəyişikliklərə gətirmək məqsədi ilə təmin edilməsi məsələsinə sadiq olan çoxlu sayda müdafiəçiləri var. (Nicholson, 1996a: 3; 2000: 197; Wright, 1962).
Fənnin ilkin mənşələrinin «qeyri-elmi» olduğu barəsində ittiham E.H. Carr-ın ortaya qoyduğu öldürücü tənqidin daxilində idi. Carr bildirirdi ki, strateji polemikanın aparıla biləcəyi yeganə şey «beynəlxalq siyasət elmi özünün körpəlik dövründədir» fikri çərçivəsində aparıla bilər (Can", 1946: 14). Carr-a görə belə elmi realizm «faktları qəbul, onların səbəbləri və nəticələrini isə təhlil etmək» təklifində təkid etməklə təmin edilə bilərdi (1946: 14). Carr-a görə bu elmə alternativ, onun «kimyagarlıq» kimi xarakterizə etdiyi idealizm idi (1946: 14).
Maraqlıdır ki, Carr-ın elmə sadiq olduğunu hamının qəbul etməsinə baxmayaraq, bəziləri ona fənndəki yozumçu ənənənin ən yaxşı nəzərdən keçirilmiş bir hissəsi kimi (Dunne, 1998: 7), digərləri isə həm elmi, həm də yozumçu baxışlarından istifadə edən kimi baxırlar (George, 1994: 77). Lakin Carr-a hansı ənənə daxilində (burada doğrudan da dəqiq sərhədlər varsa) baxılmasından asılı olmayaraq, onun idealistləri tənqidi belə yarlıqların fənni siyasətləri barəsində nəsə vacib bir şeyə işarə edir. Carr-ın realizmin faktların qəbul edilməsi, və onların səbəb və nəticələrinin təhlilinə əsaslanması barədə bəyanatı Norman Angell-in beynəlxalq siyasət məsələləri ilə əlaqədar təhsilin inkişaf etdirilməsi çağırışında öz əksini tapdı. Angell bildirirdi ki, belə təhsilin çatışmaması «həqiqətin qərəzsiz axtarışı və bütün faktların düzgün yozulması» yolunda səddir (Angell, 1947:17); bu inamsız isə biz «davamlı inkişaf əldə etməyə ümid etdiyimiz yeganə metodu: sosial nəzəriyyənin və doktrinanın faktlar və təcrübə işığında təshih edilməsini; cəmiyyətə tətbiq edilə biləcək elmi metodu» səmərəsiz edirik (Angell, 1947: 23). Angell-in idealist yanaşması və Carr-ın daha realist meylləri arasındakı bənzərliklər nəzərə alındıqda, Carr-ın elm/kimyagərlik dixotomiyasına, Angell-in də iddialı olduğu yüksək «elmi» ərazidən müəyyən hissə qoparmaq üçün şüurlu cəhd kimi baxmaq mümkündür.
Hadisələrin belə inkişafı baxımından Hans Morgenthau maraqlı fiqurdur, çünki fənnin öz daxilindən, BM-in bir elm kimi əleyhinə açıq arqumentlər söyləyən ilk şəxslərdən biridir. Lakin onun elmin əleyhinə dönməsi çox konkret mənşəyə malikdir. Onun əvvəlki işi «beynəlxalq mübahisələrin elmi baxımdan şəksiz olan» sinifləşdirilməsini yaratmaq cəhdi kimi düşünülmüşdü (Honig, 1996: 289). Və elmə olan bu sədaqət onun 1940-cı ildə yazdığı 'Positivism, Functionalism and International Law' (Honig, 1996; Morgenthau, 1940) essesində hələ qalmaqda idi. Bu hissədə o, texniki səviyyədə elmi prinsiplərdən məhrum olan beynəlxalq hüquq yaratmaq cəhdlərinə acıyırdı (Morgenthau, 1940: 284). Elmi BM barədə bütün ümidləri rədd etdiyi Scientific Man and PowerPolitics əsərində isə onun mövqeyi tam əksinə çevrilmişdi (Morgenthau, 1946, 1972). Lakin Morgenthau-nun elmdən, və qondarma, metafizik, ehkamçı olduğunu iddia etdiyi pozitivizmdən açıq-aşkar imtina etməsi (Griffiths, 1992), tədqiqatçıları onu BM elmi ilə bir cərgəyə qoymaqdan çəkindirə bilməmişdi (Hollis və Smith, 1990: 23), bəziləri isə ona pozitivist yarlığı vurmağa qədər gedib çıxmışdılar (George, 1994; Hollis və Smith, 1990: 28; alternativ baxış üçün bax Bain, 2000, Gamett, 1984; Nicholson, 1996a).
Ümumiyyətlə, Morgenthau BM elminə sadiq kimi nəzərdən keçirilməlidir gümanı, onun «siyasət kökləri insan təbiətində olan obyektiv qanunlar» əsasında idarə edilirdi bəyanatı əsasında edilmişdir. (George, 1994: 93; Hollis və Smith, 1990: 23-4; Morgenthau, 1948: 4). Lakin bu bəyanatı elmi BM-ə sədaqət kimi yozmaq mövqeni itirmək deməkdir. Siyasətin insan təbiətinin obyektiv qanunları ilə idarə edildiyini qəbul etməklə, Morgenthau əslində BM elminə ehtiyacın olmadığını deyir, çünki bu halda BM sosiologiya yox, biologiyanın izah etdiyi qanunlar əsasında idarə edilir (Griffiths, 1992: 39). Burada artıq BM elminin kəşf edəcəyi bir şey qalmır. Morgenthau-nun nəzəriyyəsi dövlət başçıları üçün təlimat kimi daha yaxşı qavranılır. Bu, insan davranışını idarə edən qanunların başa düşülməsinə əsaslanan siyasət üçün texniki rəhbərlikdir. Daha vacibi budur ki, Morgenthau özünün insan təbiəti haqqında arqumentini elmi deyil, metafizik məzmunda əsaslandırır (Griffiths, 1992:38, 43; Honig, 1996: 305).
Bu mövzu ilə bağlı, elmin təbiəti barədə irəli sürülən və ya rədd edilən heç bir davamlı müzakirənin olmaması çox maraqlıdır. Elm barədə bəyanatların legitimləşdirilməsi üçün başqa fənlərdə yaradılmış ədəbiyyata müraciət etməklə çox zəif cəhdlər göstərilmişdir, lakin elmin faktiki məzmununun dərindən açılması üçün heç bir gerçək cəhd təklif edilməmişdir. Doğrudan da, Herbert Butterfield kimi bəziləri üçün elm sadəcə olaraq tədqiqatın ənənəvi forması idi (Butterfield, 1951; Dunne, 1998: 123). Həmin dövrdə elmin fəlsəfəsinin zəif inkişaf etmiş olduğunu nəzərə alsaq, elmin fəlsəfəsi baxımından bu cür cılız legitimləşdirmə başa düşüləndir. Lakin hadisələr sürətlə davam edir, konsensus yaranır və, istənilən halda, BM-ə öz möhrünü bəzən qabaqcadan nəzərdə tutulmamış üsullarla vururdu. BM elmi müəyyən fəlsəfəni yenidən kəşf etməyə hazırlaşırdı.
YENİYETMƏ BM: ELMİN LEGİTİMLƏŞMƏSİ
Elmin fəlsəfəsinin BM daxilində müntəzəm işlədilməsi John Vasquez-in «davranışçı qiyam» (Vasquez, 1998: 39) adlandırdığı hadisəylə başlamışdır. Politologiya və digər ictimai elmlərdə belə «qiyamın» 1950-ci illərin əvvəllərində baş verməsinə baxmayaraq, 1960-cı illərə qədər o, BM-də özünü əhəmiyyətli dərəcədə göstərməmişdi (Knorr və Rosenau, 1969a). Onu BM-ə daxil etmək üçün çağırışlar bundan əvvəl də olmuşdu (Guetzkow, 1950) və bəziləri hesab edirlər ki Quincy Wright-ın müharibə haqqında 1942-ci il kitabı kimi bəzi işlər davranışçıdır (Knorr və Rosenau, 1969b: 5; Schmidt, bu kitabda Fəsil 1). Lakin Vasquez bu hadisələrə, öz məramına görə, davranışçı kimi baxsa da, onların baş verəcək «qiyama» mühüm bir təsir göstərmədiyini hesab edir (Vasquez, 1998: 40). «Qiyamı» mərhələlərə bu cür bölməklə, «davranışçı qiyam» mənbələri ümumi şəkildə Deutsch (1953, 1964), Kaplan (1957), Schelling (1960) və Snyder, Bruek və Sapin-in (1954, 1962) işlərində verilmişdir; (Hollis və Smith, 1990; Vasquez, 1998; Schmidt, bu kitabda Fəsil 1). Lakin Schmidt 1-ci Fəsildə bildirir ki, davranışçılığın inkişafının hakim hesabatlarında Chicago Politologiya Məktəbinin rolu ümumiyyətlə yaddan çıxarılmışdır. Və elmin fəlsəfəsi baxımından yanaşanda Schmidt-in mövqeyi ümumilikdə haqlı görünür.
1950-ci ildə Harold Lasswell və Abraham Kaplan birqiymətli olaraq bildirirdilər ki, onların politologiya üçün struktur yaratmaq cəhdləri elmin məntiqi pozitivist fəlsəfəsindəki hadisələrlə şərtləndirilmişdir.16 Elmin fəlsəfəsi istiqamətindəki bu dönüş, BM-də «davranışçı qiyama» çox aydın təsir göstərmiş David Easton (1953, 1965) və «elmin fəlsəfəsinin sosial tədqiqatların əsası kimi hamı tərəfindən qəbul edilməsi, sosioloji yozumda davamlı inkişaf vəd edən «uçuş» fenomenidir» (Lane, 1966) deyən Robert Lane tərəfindən təsdiqlənmişdir.17
Məntiqi pozitivizmin elmin fəlsəfəsinə doğru dönüşün legitimləşdirilməsinə xidmət edən həlledici toplananı, onun «elmin vəhdəti tezisi» idi (Nagel, 1961). Əlbəttə ki, bu özünütəsdiq idi; məntiqi pozitivizm elan edirdi ki, elmlər birləşdirilə bilər və məntiqi pozitivizm elmin məzmununu müəyyən edir. Belə ki, elm yarlığına layiq olan hər bir ictimai elmə məntiqi pozitivizm tələb olunur, çünki məntiqi pozitivizm elmin fəlsəfəsinə dönüş üçün legitimləşdirməni təmin edir. (Bhaskar, 1986). Elm yarlığının bu cür qəsb edilməsi «böyük debatlarda» (Dunne, 1998) ənənəçilər (traditionalists) və elmçilər (scientists) arasında mühüm hadisə olmalı idi, çünki elm yarlığı (adı) faktik olaraq məntiqi pozitivizmə verilmişdi.
Bu çox mühüm məqamdır, və BM-in öyrənilməsi ilə əlaqədar fənni müzakirələrdə tez-tez yaddan çıxarılan bir şeyə aydınlıq gətirir; BM-də «davranışçı qiyamı» möhkəmlədən elm modeli alimlərin praktikasına deyil elmin çox konkret fəlsəfəsinə əsaslanır (Gunnell, 1975: 19). Elmi metodlara riayət etmək tələblərinə baxmayaraq, əslində davranışçılıq o vaxt hökmran olan müəyyən elmi fəlsəfəni həyata keçirmək (tətbiq etmək) cəhdi idi. Tədqiqatçıların faktik praktikası ilə məntiqi pozitivizm arasındakı münasibət hələ şübhə predmeti ola biləcək məsələ deyildi (Chalmers, 1992). Öz metodlarını legitimləşdirmək üçün BM artıq üzünü elmin fəlsəfəsinə çevirmişdi və elmin fəlsəfəsi məntiqi pozitivizmin gətirdiyi hesabatı şübhə altına almağa başlayanda BM-in də onun ardınca getməsi qaçılmaz idi. Bu, məntiqi pozitivizmin müxtəlif modifikasiyalarına aparırıdı və «məntiqi» termini son nəticədə pozitivizm yarlığı altındakı daha yumşaq variantın xeyrinə zəiflədilə bilərdi (S. Smith, 1996: 14-18).
Bu, BM-də elmin hər tərəfini sarmış çoxlu sayda cari ziddiyyətləri aydınlaşdırmağa da kömək edir, çünki aydın deyil ki, bu imtina edilmiş şey həqiqi elm, məntiqi pozitivist variant, yoxsa digər, daha mülayim pozitivist variantdır. Bu problem bir şərhçinin 12 variantını gətirdiyi (Halfpenny, 1982) pozitivizmin özü barədə razılığın olmaması ilə daha da mürəkkəbləşir (Halfpenny, 1982). Bundan başqa, elm fəlsəfəsinin özü tez bir zamanda pozitivizmi rədd etməli, və alimlərin praktikasının pozitivist modelə uyğun olmadığını bəyan etməli idi. Bu, daha çox paradoksal görünən belə bir baxışa gətirirdi ki, pozitivist modelin surətini çıxarmağa çalışmış bütün yanaşmalar əslində elmi prosedurlara riayət etmirmiş. Hər halda, problemlərin məntiqi pozitivizmlə fəlsəfənin özünün mübahisəsi zəminində meydana çıxmasına baxmayaraq, davranışçılar fəlsəfəyə üz tutduqda, elmin fəlsəfəsi daxilində pozitivizmin doğruluğu ilə əlaqədar konsensus əmələ gəlmişdi, və ona görə də fənnin bu modeli qəbul etməsi tamamilə düzgün idi. Əslində məntiqi fəlsəfənin daxilində pozitivizmi (pozitivizmlə əlaqədar mövcud olan konsensusun səviyyəsini) nəzərə aldıqda, onu qəbul etməmək anormallıq olardı (Chalmers, 1992).
BM daxilində poztivizmin qəbul edilməsinin tədqiqinə keçməzdən əvvəl onun adından edilmiş və BM-ə mühüm təsir göstərmiş bəyanatlardan bəzilərini nəzərdən keçirmək vacibdir. Onlardan ikisi xüsusi yer tutur: operasionalizm və instrumentalizm «davranışçı qiyamın» lap qəlbində idi, və hər ikisi məntiqi pozitivizm/pozitivizmin daxilinə hörülmüşdü (Gunnell, 1975). Operasi-onalizmə sədaqət ümumiyyətlə yaxşı başa düşüləndir: nəzəriyyənin doğruluğu son nəticədə «faktlara» dayandığından, elmi və ya empirik (təcrübi) hesab edilən bütün anlayışlar operasional olaraq təyin edilməlidir. Ümumiyyətlə bu, davranışçılıqda müşahidə dilini göstərmək mənasında qəbul edilə bilər (Gunnell, 1975; Nicholson. 1996a). Daha az başa düşüləni operasionalizmlə sıx bağlı olan və məntiqi pozitivizmə/pozitivizmə nüfuz etmiş instrumentalizmdir.
İnstrumentalizm nəzəriyyələrdə müşahidə edilə bilməyən terminlərin statusu ilə bağlı bəzi dolaşıq suallardan yan keçmək üçün pozitivistlər tərəfindən işlədilən alətdir. İnstrumentalist baxışa əsasən, nəzəri konsepsiyalar düzgün və ya yalan olmasına yox, nəzəri faydalılığına görə qiymətləndirilirdi. (Singer, 1969: 76; Waltz, 1979: 8; Wasby, 1970: 66). İnstrumentalistə görə nəzəriyyələr dünyanın mövcud olması yolları haqqında fərziyyələr kimi götürülə bilməz. Müşahidə edilə bilən vəziyyətlərə gətirilə bilməyən şəraitlərə mövcud «olan» kimi baxmaq lazımdır. Əhəmiyyətə malik olan faktlardır, nəzəriyyə isə sadəcə olaraq onları toplamağın ən yaxşı üsuludur (Gunnell, 1975: 26-7). Bu yeni başlayan instrumentalizm, müşahidə vasitəsilə doğruluq haqqında tələblərin daxilində möhkəm yerləşdirilmiş fəlsəfənin modelləri, xüsusən də sistemin modellərini qurmaq məsələsində niyə belə səriştəli və təkidli olduğunu izah etməyə kömək edir.
Bu instrumentalist mövqeyə görə, «həqiqət» nə pozitivizm lügətinin bir hissəsi, nə də təməldə duran səbəblərin axtarılması üçün hansısa bir tədqiqat idi (Kenneth Waltz-un həqiqətlə niyə məşğul olmadığı barədə bax Griffiths, 1992:96-8,). Doğrudan da Comte-dən bu yana pozitivizm, ontoloji statusuna uyğun olaraq, hadisə və ya həqiqətin axtarışından kənarda olan hər bir şeydən uzun müddət imtina etmişdi (Comte, [1854] 2000: 28). Comte-yə görə:
Son nəticədə, pozitiv hal, Mütləq anlayışlardan sonra səmərəsiz axtarışlara sərf edilmiş şüur, kainatın mənşəyi və təyinatı, hadisələrin səbəbləri və qanunlarının öyrənilməsinə onlarıntətbiqinin özü, yəni onların daimi varislik əlaqələri və oxşarlığı… Mən sadəcə olaraq, anlayışlarda artıq mütləq bir şeyin qalmadığı qorxusu ilə, bütün pozitiv biliklərimizin nisbi olduğunu nəzərdə saxlamağı arzu edirəm … (Comte, [1854] 2000: 68, 190).
Bu, eləcə də pozitivizmlə bağlı müəyyən müasir anlaşılmazlıqların necə meydana çıxdığına işıq salmağa yardım edir. Məsələn, pozitivizmin hadisələrin əsasında duran səbəblərin axtrışını rədd etdiyi nəzərə alınarsa, Hollis və Smith-in realizmin Morgenthau variantı «hadisələri təhlil etməyin əsil pozitivist üsuludur, çünki davranışı doğuran təməl qüvvələr anlayışına söykənir» (Hollis və Smith, 1990: 23) fikri problemlidir.
Məntiqi pozitivizmin dəstək verdiyi daha açıq elmi yanaşma fənndə möhkəm yer almışdı. (Alker, 1965; Dunne, 1998; Hollis və Smith, 1990; Hoole və Zinnes, 1976; Rosenau, 1971). Sosiologiyanın fəlsəfəsi mövqeyindən baxdıqda dörd fərqli cəhət nəzərə çarpır. Birincisi, məntiqi pozitivizmin xidmətlərinin nədən ibarət olmasından asılı olmayaraq, BM-də davranışçılıq ən azı onun fundamental prinsiplərinə üyğun idi, və onun «elmilik» mandatını sadəcə olaraq əzəldən verilmiş kimi qəbul etmək əvəzinə əsaslandırmağa çalışırdı. Bu baxımdan Abraham Kaplan-ın The Conduct of Inquiry (1964) əsəri güman ki, ən əhəmiyyətli işdir, lakin bundan əvvəl digərləri də olmuşdur (Brecht, 1959; Van Dyke, 1960; bax habelə Meehan, 1968). Görünür ki, davranışçılar fəlsəfəni anlamış və ardıcıl olaraq tətbiq etmişlər; onların qarasına danışanların çoxu haqqında bunu nə o vaxt, nə də indi demək mümkün deyildir.
İkincisi onların realizmin kifayət qədər elmi olmaması barədə tənqidi, realizmin pozitivist olmasını bəyan etməyə çalışan sonrakı hesabatlara həqiqi gərginlik gətirir (George, 1994; Smith, 1996). Davranışçılar klassik realizmdə dəqiqliyin çatışmamasından narazı idilər (Hollis və Smith, 1990: 28). Onların məntiqi pozitivizminin ardıcıl tətbiqi göstərdi ki, insan təbiəti haqqında fərziyyələr metafizik, müşahidə edilə bilməyən və deməli qeyri-elmidir. Realizm və pozitivizmdəki dəyişiklikləri nəzərə alsaq, realizmin pozitivist olması haqqında əsaslandırıl-mamış bəyanatın tərəfində durulacağı ehtimalı çox azdır.
Üçüncüsü, bu yanaşmanın BM-ə idxal edilməsi müqavimətsiz olmamışdır. Bu müqavimətin ön cəbhəsində Hedley Bull-un elmi yanaşma adlandırdığı şeyə polemik hücumu dayanmışdı (Bull, 1969: 361). Bull məntiqi pozitivizmin daxilinə hörülmüş olduğunu aydın gördüyü bu elmi yanaşmaya qarşı Zimmern, Carr və Morgenthau-nun işlərində təsvir edilmiş «klassik» yanaşmanı qoyurdu (debatların müfəssəl və mürəkkəb təsviri üçün bax, Dunne, 1998). Bull-un hücumunun və Morton Kaplan-ın (1969) buna etirazının polemik xarakterinə görə, fənndə bu «debatlara» Amerika sosiologiyası ilə dünyanın qalan hissəsinin akademik icmaları arasında sədd yaratmaq kimi baxmaq meyli vardır (Hoffman, 1977; Smith, 1987; bax habelə Schmidt, bu kitabda Fəsil 1).
Lakin Donald J. Puchala, bildirir ki, davranışçılar tərəfindən pərakəndə satılan bu yeni elm variantı Amerikan BM-i daxilində belə, sahənin əsas amerikalı fiqurları tərəfindən rədd edilmişdir (Ferguson və Mansbach, 1988; Puchala, 1991). Stanley Hoffmann, «qəza-xilasetmə əməliyyatı» kimi xarakterizə edilən erkən tənqidində, Kaplan-ın təklif etmiş olduğu BƏ elmi barədə sarkazm dolu fikirlər söyləmişdi (Hoffman, 1961). Lakin artıq Leo Strauss da (1953) «politologiyada «elmə bənzərlik» yürüşünün» yüksələn hərəkatına hücum etmişdi. Michael Haas (1969) isə çoxlu miqdarda belə Amerikan tənqidçiləri olduğunu müəyyən etmişdir. Artıq qeyd edildiyi kimi, bu debatın ən vacib cəhəti bütün tənqidçilərin elmilik yarlığını davranışçıların nəzarətə götürməsinə yol verməsi tərzi idi. Buradan o yana elm pozitivizmlə qırılmaz şəkildə bağlanmiş oldu, və elmə hər bir iqtibas pozitivizmi nəzərdə tutmağa başladı.
Dördüncüsü, başlanğıcda behaviorizmin daxil edilməsi «elmi» BM yaradılması mənasında dramatik böyük addım kimi alqışlansa da (Lijphart, 1974a, 1974b), sonrakı hesabatlar bu debatların təməl fərziyyələri köklü surətdə dəyişmədiyini, və yalnız metodologiya haqqında çox məhdud debatdan ibarət olduğunu sübut etməyə başladı (Guzzini, 1998; Hollis və Smith, 1990; Holsti, 1985, 1998; Vasquez, 1998). Bu, problemli bəyanatdır (Dunne, 1998: 124; bax habelə Schmidt, bu kitabda Fəsil 1); elm haqqında debat heç vaxt sadəcə olaraq «metodoloji» ola bilməz. Pozitivizm elmin fəlsəfəsi və elm üçün fəlsəfədir, və onun qəbulu bir sıra ontoloji və epistemoloji, habelə metodoloji fərziyyələrin qeyri-aşkar qəbul edilməsini tələb edir. Qismən də bu səbəbə görə, pozitivizmin epistemologiya olması haqqında müasir fikirlər geniş yayılmışdır. (Nicholson, 1996a).
Pozitivizm müəyyən epistemoloji öhdəlikləri gerçəkləşdirir, lakin özü, əgər kimsə epistemologiya termininin istifadəsini onu mənasız edənə qədər dartıb uzatmırsa18, epistemologiya deyildir (Smith, 1996: 17). Lakin tək Bull-un arqumentlərinin məğzini tədqiq etmək onların metodoloji deyil, hər şeydən əvvəl ontoloji olduğunu görmək üçün kifayətdir. Onun tənqidinin məğzi dəqiq olaraq ondan ibarət idi ki, elmi yanaşmanın metodoloji çərçivəsinə dəqiq riayət edilməsi geniş və mühüm beynəlxalq siyasət sahəsini tədqiq edilməmiş qoymuşdur. Belə ki, onun məqsədinin yeni elmi proseduralar təklif etməkdən ibarət olduğunu güman etsək belə, onlar ontoloji fərziyyələrə söykənəcəkdilər. Bundan əlavə, elmin səbəb, izah, qanun və dünyanın xarakteri kimi düzgün formalaşdırılmış əsaslara malik fəlsəfəsi kimi pozitivizmə sadəcə metodologiya kimi baxmaq da düzgün deyildir.
BM-də davranışçı inqilabın yaddan çıxarılmış digər cəhəti onun tərəfdarlarının özlərini sosiologiyadan kənara çıxmış və «davranışçı elm» təsis etmiş hesab etmələrinin dərəcəsi idi (Easton, 1965: 18). «Davranışçı qiyam» təkcə BM-i daha elmi əsaslar üzərinə qoymaq deyil, həm də bütün bəşər elmlərini tikişsiz bütöv halında birləşdirmək kimi iddialı cəhddə iştirak etmək üçün idi. David Easton qəbul edirdi ki, ictimai elmlər «davranışçı qiyama» qədər də elm yarlığına layiq idilər (Easton, 1965: 22). O, habelə etiraf edirdi ki, «davranışçı qiyam» təkcə daha artıq elmi dəqiqlik daxil etmək üçün edilə bilməzdi. Doğrudan da, o göstərirdi ki, «onun ənənəvi mövqedən tənqidçiləri o qədər cəld və dəqiq olmuşdular ki,» daha çox dəqiqlik «meyidin qıc olması» mənasını daşıya bilərdi (Easton, 1965: 22). Əsil Comte üslubunda Easton davranışçı hərəkatın insan biliklərinin inkişafında növbəti, humanitar elmlərin mərkəzində davranış anlayışının dayandığı vahid tədqiqat proqramında birləşdirilə biləcəyi mərhələ olduğunu görürdü. Bu elmin vəhdəti tezisinin çox güclü variantı idi.
«Davranışçı qiyamın» fənnə ümumi təsirinin dərəcəsindən asılı olmayaraq, o, sosiologiyanın və elmin fəlsəfəsinə dönüşü legitimləşdirdi. Hempel, Nagel, Popper, Kuhn, Feyerabend və Lakatos-a iqtibas banal bir şeyə çevrildi. Waltz özünün Theory of International Politics (1979) kitabının bir fəslini elmin fəlsəfəsinə həsr etdi, və nəzəri terminlərin instrumentalist emalını güclü müdafiə etdi (Griffiths, 1992: 93). Və, əlbəttə ki, Thomas Kuhn fənni fundamental üsullarla formalaşdırdı. Bundan əlavə, Kuhn-ın strukturu, istifadə edilən dil artıq paradiqmlər olmasa belə, bu gün də dolayısıyla fənni formlaşdırmağı davam edir. Lakin Kuhn-un özünün ictimai elmlərin paradiqmatikdən əvvəlki vəziyyətdə olması barədə fikirlərini, və onların nə vaxtsa «yetişmiş elmə» çevriləcəyinə şübhələrini yada saldıqda, Kuhn-un strukturunun fənn boyu belə universal qaydada qəbul edilməsi bir qədər tapmaca kimi görünür. (Kuhn, 1962:164-5; bax, habelə Kuhn, 1970: 245; Kuhn-u BM-də tətbiq etmək cəhdlərinin tənqidi üçün bax, Ferguson və Mansbach, 1988).
İstənilən halda, ictimai elmlərdə Kuhn-un uğuru üçün səbəblər tapmaq çətin deyildir. Politoloqlar, sosioloqlar və antropoloqlar öz praktikalarında və fənni münaqişələrdə Kuhn-un paradiqm mənzərəsini tanıdılar. Əvvəlcə sədd olduğu fikirləşilən bir şeyin nüfuzlu elmlərdə işlənib-hazırlanmış üsul olduğunu eşitmək onlara ləzzət edirdi. İndi ənənəçilər özlərini onları elmçilərin tənqidindən müdafiə edəcək başqa bir paradiqmdə işləyən kimi göstərə bilərdilər. Faktik olaraq normal elm siması altında biliklərin artmasına kömək etdikləri zənnindən özlərini təhlükəszlikdə hiss edən elmçilər də işlərini çəkinmədən davam etdirə bilərdilər. Dissidentlər isə özlərini indi yeni paradiqmin inqilabi qəhrəmanları kimi qələmə verə bilərdilər. Burada sanki təkcə elmi layiq olduğu yerə qoyan yox, həm də sosioloqların artıq etmiş olduqlarını legitimləşdirən və onu dəyişmək mənasında az bir şey tələb edən elm fəlsəfəsi var idi. Kuhn-ın birmənalı olmayan terminologiyası da həlledici amil olmuşdu. Xüsusilə də onun aparıcı konsepsiyası, yəni paradiqm, müxtəlif yozumların predmeti olmuşdu; Margaret Masterman (Masterman, 1970) Kuhn-ın bu ifadəni iyirmi bir müxtəlif üsulla istifadə etdiyini müəyyən etmişdi – Kuhn bu tənqidi qəbul etmişdi (Kuhn, 1970). Bu çoxmənalılıq struktura böyük elastiklik vermiş və onun təyinedici debatları özlərinin tədqiqat praktikasının həlledici tərkib hissəsinə çevirmiş fənnlər tərəfindən qəbul edilməsini təmin etmişdi.
Kuhn-ın strukturu demək olar ki, universal uyğunlaşdırılmışdı. Arend Lijphart fənnin «böyük debatlarını» paradiqmlər terminlərində görürdü (Lijphart, 1974a, 1974b). 1980-ci illərdən bu yana BM cücü keçirilmiş qarmağa elə möhkəm ilişmişdir ki, paradiqmlər və Kuhn fənnin qeyri-reflektiv, təhtəlşüur bir hissəsinə çevrilmişlər.
Dərsliklər paradiqmlərə uyğun tərtib edilirdi, və güman ki, Kuhn-na yerli fənn fiqurlarından çox iqtibas edilirdi (Banks, 1984; Hollis və Smith, 1990; Little və Smith, 1991; Viotti və Kauppi, 1987). Lakin Kuhn strukturu iki bir-biri ilə əlaqəli və mühüm problemlə üzləşirdi.
Birincisi yaranmağa başlayan konservatizm idi (Guzzini, 1993: 446; Smith, 1992: 494; Wight, 1996). Kuhn əsaslandırırdı ki, elm normal elm dövrlərində inkişaf edir (Kuhn, 1962; tənqid üçün bax Toulmin, 1970). Bu bəyanat normativ gücə malik idi. Bu, o demək idi ki, bilik yaradılması terminlərində inkişaf əldə edilməli idisə, BM tədqiqatçıları özləri üçün üstün paradiqm tapmalı idilər. Realizm şəksiz namizəd kimi görünürdü, lakin bu, sürətlə meydana çıxan rəqibləri görmək məsələsində Kuhn üçün sürpriz olmamalıydı. BM-də gedən paradiqmlərarası debatlar Kuhn-ın ictimai elmlərin paradiqmatikdən əvvəlki vəziyyətdə olması haqqında fərziyyəsini təsdiq edirdi (Kuhn, 1962:164-5). Lakin BM tədqiqatçıları inkişaf əldə etməli və normal elmə doğru hərəkət etməli idilərsə, fənnin dominant paradiqmə ehtiyacı yaranmalıydı. Bu, plüralizmə inkişafa təhlükə kimi baxıla bilər mənasını verirdi. Lakin Kuhn bu struktura, inkişafın olmayacağı halda belə, paradiqmlərin çiçəklənməsi mexanizmini artıq hörmüşdü.
Bu, müqayisə edilməzlik məsləsi idi (BM-də bax, Guzzini, 1993; Neufeld, 1995; Nicholson, 1996a; Rengger, 1989; Waever, 1996; Wight, 1996; habelə bax, Sankey, 1994, 1997). Belə görünür ki, bir paradiqmdən digərinə hərəkəti Kuhn inqilabi proses kimi fərz edir və paradiqmləri müqayisə etmək üçün heç bir üsulun olmadığını təklif edirdi (Kuhn, 1962, 1970). Kuhn-un təklif etdiyi Paradiqm seçimi sanki inam məsələsi, və ya o şey idi ki, Imre Lakatos onu «kütlə psixologiyası» adlandırardı (Lakatos, 1970: 178). Bu, paradiqmlərarası «debatlar» barədə istənilən ideyanı oksimoron (əks mənalı sözlərin birləşməsi) edirdi (Nicholson, 1996a: 82). Əlbəttə bu, insanları sanki burada mübahisə varmış kimi davam etməkdən çəkindirə bilmirdi. Lakin müqayisəedilməzlik əsas cərəyana məxsus olmayan yanaşmalara Kuhn-ın sanki müəyyən sığınacaq təklif edən digər ağıllı sözünə çevrildi. Son nəticədə dünyanı tənqidi nəzəriyyəyə sağ-salamat ötürən müqayisəedilməzlik deyildimi?