Читайте только на Литрес

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Çalıquşu», sayfa 2

Yazı tipi:

Müdirə bacı gözlərini gözlərimə dikib məni dinləyirdi.

– Yaxşı, bəs sən məktəbdən necə çıxdın? – deyə soruşdu.

Heç çəkinmədən dedim:

– Camaşırxananın arxasındakı divardan atıldım.

Müdirə bacı böyük bir fəlakət xəbəri eşidibmiş kimi, əlləri ilə başını tutaraq dedi:

– Necə cəsarət etdin?

Mən sadəcə cavab verdim:

– Narahat olmayın, masör… Divar çox alçaqdır…

Həm də necə ola bilər ki, qapıdan çıxım? Qapıçı məni heç buraxarmı? Birinci dəfə onu «masör Terez səni çağırır», – deyə aldatdım, qaçdım… Rica edirəm siz də mənim yalanımın üstünü açmayın… Çünki qorxuram köpəklər ac qalar…

Bu bacılar nə qəribə insanlardır. Zənnimcə, başqa bir məktəbdə bunu etmiş olsaydım, ya həbs olunardım, ya da başqa bir cəza alardım.

Müdirə üz-üzə duraq deyə çömbəldi və dedi:

– Əzizim, heyvanları qorumaq gözəl şeydir, amma itaətsizlik etmək yaxşı deyil… Səbəti mənə ver… Mən artıqları qapıçı ilə köpəklərə göndərərəm.

Həyatda yəqin ki, heç kimsə məni bu qadın qədər sevməmişdir.

Bacıların buna bənzər hərəkətləri o zaman mənim üçün küləyin qayaya təsiri kimi bir şeydi. Mənim dəcəlliyimə, intizamsızlığıma mane ola bilməzdi. Amma zaman keçdikcə bunlar gizli-gizli qəlbimə işləmiş, məndə silinməz izlər buraxmışdı. Əlacsız bir zəiflik və rəhmdillik kimi ürəyimə çökmüşdü.

Bəli, mən doğrudan da qəribə, anlaşılmaz bir uşaqdım. Müəllimələrimin zəif damarlarını tutmuşdum. Hər birinin daha çox nədən inciyəcəyini yaxşı-yaxşı öyrənər, ona görə də işgəncələr hazırlardım.

Məsələn, Matilda bacı adında qoca və son dərəcə dindar bir musiqi müəlliməmiz vardı. O, divardakı Məryəm heykəlinin önündə, gözləri yaşara-yaşara dua edəndə, heykəlin ətrafında uçuşan milçəkləri göstərərək: «Masör, əziz anamızı mələklər ziyarətə gəlmişlər», – deyib ən sevər yerindən sancardım.

Bir başqa müəlliməmizin son dərəcə təmizkar və vasvası olmasına diqqət etmişdim. Onun yanından keçəndə, qələmimin yaxşı yazmamasından şikayət edə-edə qələmi bərk silkələrdim. Yazığın ağappaq yaxasına mürəkkəb sıçradardım.

Bir müəlliməmiz də vardı ki, həşəratlardan çox qorxardı. Mən kitablardan birində rəngli əqrəb şəkli tapıb qayçı ilə ətrafını kəsdim, sonra bu kağız parçasını yeməkxanada tutduğum iri bir eşşəkarısının arxasına yapışqanla yapışdırdım. Axşam mütaliəsində bir bəhanə ilə müəllimənin yanına gəlib, bunu stolun üstünə buraxdım.

Mən müəllimə bacını sözə tutarkən, eşşəkarısı yeriməyə başlamışdı. Yazıq qız qaz lampasının işığında qorxunc bir əqrəbin qısqaclarını, quyruğunu titrədə-titrədə stolun üzərində yeridiyini görəndə fəryad qopardı. Yanındakı xətkeşi qapıb bir vuruşda arını stolun üstünə yapışdırdı. Sonra arxasını divara dayayıb əlini üzünə tutaraq, bir anlığa huşunu itirdi. Həmin gecə mən də yata bilmədim, yatağımda bir böyrü üstdən, o biri böyrü üstə çevrildim.

On iki yaşım olardı. Mən ar və həyanın nə olduğunu daha başa düşürdüm. Odur ki, müəlliməmə qarşı etdiyim bu hərəkətdən utanırdım. Qəbahətimin asanlıqla bağışlanmayacağını da anlayırdım. Ertəsi gün, yəqin ki, məni dindirməyə çağıracaqdılar və kim bilir başıma nə gələcəkdi.

Yuxuda müdirə bacını bir neçə dəfə qarşımda gördüm. Acıqlı-acıqlı üstümə gəlir, gözlərini bərəldib bağırırdı.

Ertəsi gün birinci dərs hadisəsiz keçdi. İkinci dərsin qurtarmasına az qalmışdı ki, qapı aralandı. Bacılardan biri içəri girib müəlliməyə nə isə dedi, sonra məni əli ilə bayıra çağırdı. Dəhşət!

Mən çiyinlərimi yığaraq dilimi dişlədim, fikirli-fikirli bayıra çıxdım, içəridə uşaqlar gülüşür, müəllimə xətkeşi yavaş-yavaş stola vurub onları sakit etməyə çalışırdı.

Bir az sonra müdirə bacının otağında idim. Amma təəccüblüdür! Müdirənin çöhrəsi röyada gördüyümə heç bənzəmirdi. Elə bil, əqrəbli eşşəkarısı oyununu icad edən və müəllimənin özündən getməsinə səbəb olan dəcəl mən yox, müdirə özü imiş.

Müdirənin üzü qəmli idi, dodaqları titrəyirdi. Əlimdən tutub bağrına basmaq istəyirmiş kimi bir hərəkət etdi, sonra yenə buraxdı.

– Fəridə, qızım… Sənə bir xəbər verəcəyəm… Acı bir xəbər… Atan bir azca xəstədir… Bir azca deyirəm, amma deyəsən bərk xəstədir…

Müdirə bacı əlindəki kağız parçasını burur, sözünün ardını gətirə bilmirdi.

Bu vaxt məni sinifdən gətirən bacının yaylığı üzünə tutaraq bayıra çıxdığını gördüm.

İşin nə yerdə olduğunu anlamışdım. Bir şey söyləmək istəyirdim. Amma müdirə bacı kimi mənim də dilim qurumuşdu. Başımı çevirib açıq pəncərədən bayırdakı ağaclara baxdım. Onların gün düşmüş təpələrində qaranquşlar uçuşurdu.

Birdən-birə mən də onlar kimi canlandım.

– Anladım, masör, – dedim, – narahat olmayın… Nə edək? Hamımız öləcəyik…

Bu dəfə müdirə bacı başımı köksünə dayayıb uzun müddət buraxmadı.

Bir az sonra xalalarım, qəbul günü olmadığına baxmayaraq, məni görməyə gəldilər. İzn alaraq məni evə aparmaq istədilər. Razı olmadım. İmtahanların çox yaxın olduğunu söylədim. Bununla bərabər, imtahanların çox yaxın olması mənim o gün həmişəkindən daha çox dəcəllik etməyimə mane olmadı. Belə ki, axşam mütaliəsində məni şiddətli qızdırma tutdu, tənbəllərin etdikləri kimi qollarımı skamyanın üstünə qoyub yuxuladım və o gecə yemək yemədim.

Yay tətillərini Bəsimə xalamın Qozyatağındakı köşkündə keçirirdim.

Burdakı uşaqlardan mənə xeyir yoxdu. Bəsimə xalamın qızı Nəcmiyyə anasının dizindən ayrılmayan səssiz bir uşaq idi. Həmişə xəstə olurdu. Böyük qardaşı Kamrana çox oxşayırdı.

Yaxşı ki, ətrafda mühacir10 uşaqları vardı. Mən onları bağçaya yığıb başçılıq edər, axşama kimi qiyamət qoparardım.

Arada yazıq yoldaşlarım qəzəbə düçar olmuşdular. Köşkün bağbanı onları qovlamışdı.

Amma onlar heç bir şeyi vecə almayan uşaqlardı. Bu hərəkətə göz yumub məni köşkdən qaçırmağa gəlirdilər. Saatlarla çöllərdə veyillənib bağçaların barılarından aşar, yer-yemiş oğurlardıq.

Mən gecəyə yaxın, üzümün dərisi günəşdən yanmış, yaralı əllərimlə ətəklərimin yırtıqlarını örtə-örtə içəri girəndə xalam saçını-başını yolar, öz qızı Nəcmiyyəni nümunə göstərərdi. Nəcmiyyə bir qucaq parlaq tük yığını altında hərdənbir çəhrayı ağzını açıb əsnərdi. Bu vəziyyətdə o, sarsaq və tənbəl Van pişiklərinə bənzərdi. Ədəbliliyi, oxumuşluğu, zərifliyi, tərbiyəliyi və daha nə bilim nələri tez-tez mənə nümunə göstərilənlərdən biri də Kamran idi.

Nəcmiyyəyə sözüm yoxdur… Hər necə olsa, anasının dizində böyümüş, incə-mincə, dəymədüşər bir qızdı. Əslinə baxsan, mən ürəyimdə təsdiq edirdim ki, qız uşağı elə belə olmalıdır. Bəs Kamran – iyirmi yaşına çatan, incə dodaqları üstündə nazik bığları çıxmağa başlayan o yekə Kamran adını nə qoymuşdu? Qız ayağı kimi xırdaca ayaqlarında ağ, yumşaq maral dərisindən tufliləri, ipək corabları, yeriyəndə incə bir budaq kimi yırğalanan zərif vücudu, ipək köynəyinin açıq yaxasından çıxan uzun ağ boynu ilə oğlandan çox qıza bənzəyən bu uşağa son dərəcə acığım tutardı.

Onun kişi qohumlarımız və qonum-qonşu tərəfindən tez-tez təriflənən üstünlükləri mənə bərk toxunurdu.

Yadımdadır ki, mən dəfələrlə qaçarkən yalandan ayağımı sürüşdürüb onun üstünə yıxılar, kitablarını cırar, boş bəhanələrlə dalaşmağa çalışardım. Amma Allahın qulu hünər edib bir gün azca canlansaydı, qəzəblənsəydi, istədiyimin tərsinə bir şey söyləsəydi, pişik kimi boynuna atılıb onu tozun-torpağın içinə yıxar, saçlarını yolar, ilan gözlərinə bənzəyən yaşıl gözlərini barmaqlarımla tökərdim.

Ayağına daş salıb onu ufuldatdığım günü sevincimdən, şadlığımdan titrəyə-titrəyə xatırlardım. Amma o özünü bişmiş, yetişmiş bir insan sayaraq, mənə yuxarıdan aşağı baxar, kinayə ilə gülümsəyərək sanki deyərdi: «Bu uşaqlıq nə vaxta qədər davam edəcək, Fəridə?»

– Yaxşı, bəs səndə bu nərmə-naziklik, elçi qabağına çıxan köhnə zəmanə qızları kimi naz və ədalar nə zamana qədər davam edəcək?..

Təbii ki, bu sözləri mən heç bir vəchlə ona söyləyə bilməzdim… Yaşım, maşallah, on üç-on dörd idi… Bu yaşda bir qız, etdiyi qabalığı bu qədər nəzakətlə qarşılayan gənc oğlana daha artıq sataşa bilməz. Dodaqlarımdan qeyri-ixtiyari yersiz söz çıxmasından qorxaraq, əlimi ağzıma tutar, onu doyunca söymək üçün bağçanın tənha guşələrinə qaçardım.

Yağışlı bir gün idi. Kamran köşkün alt mərtəbəsində bir neçə qohum qadınla tualet barəsində söhbət edirdi. Qadınlar tikdirəcəkləri qış paltarlarının rəngi haqqında onun fikrini soruşurdular.

Mən bir küncdə dilimi çıxarıb, gözlərimi qıyıb, bütün diqqətimi toplayaraq yırtıq bir köynəyin qolunu yamamaqla məşğuldum. Özümü saxlaya bilmədim, qəhqəhə çəkib gülməyə başladım.

Xalaoğlum:

– Nəyə gülürsən? – deyə soruşdu.

– Heç… – dedim, – ağlıma bir şey gəldi…

– Nə gəldi?

– Demərəm…

– Di yaxşı, naz eləmə… Əslinə qalsa, sən söz saxlayan deyilsən, əvvəl-axır söyləyəcəksən.

– Elə isə, acığın tutmasın… Sən xanımlarla tualet barəsində danışanda düşünürdüm ki, Allah səni yanlış yaratmışdır… Sən gərək qız olaydın… Amma indiki yaşında yox… On üç-on dörd yaşlarında…

– Yaxşı bəs sonra?..

– Bayaqdan bəri bir qarış yeri tikincəyə qədər barmağımı dəlik-deşik etdiyimə görə, mən də iyirmi iki yaşlarında oğlan…

– Hə, sonra?..

– Sonra nə olacaq, Allahın əmri ilə, peyğəmbərin şəriəti ilə səni özümə alardım, qurtarıb gedərdi.

Otaqda bərk qəhqəhə qopdu. Başımı qaldırdım və bütün gözlərin mənə zilləndiyini gördüm.

Qonaqlardan biri yersiz bir söz dedi:

– Çox yaxşı, amma bu iş indi də mümkündür, Fəridə!

Çaşıb qaldım. Gözlərimi geniş açaraq dedim:

– Necə?

– Necə olacaq… Kamrana ərə gedərsən… O sənin tualetlərinlə məşğul olar, söküklərini tikər… Sən də bayır işlərinə baxarsan…

Qəzəblə yerimdən qalxdım. Ancaq bu qəzəbim əslində özümə idi. Sözün bu yerə gəlib çatmasına özüm bais olmuşdum. Mən çərən-pərən danışmaqda bu qədər irəli getməzdim, amma yəqin ki, əlimdəki yamaq işi bütün diqqətimi almışdı.

Buna baxmayaraq mən özümü sındırmayıb yenə hücuma keçdim və dedim:

– Mümkündür, amma Kamran bəy üçün zərərli olar, çünki Allah eləməmiş, evdə bir dava düşərsə, xalaoğlumun halı necə olar? Vaxtı ilə onun zərif ayaqlarına düşən daşı yəqin ki, unutmamışdır.

Yenə gülüşmə başlandı, qəribə bir ciddiyyətlə öz otağıma yönəldim. Amma qapıda ayaq saxladım və dönüb dedim:

– Üzr istəyirəm, on dörd yaşında bir qızın belə danışması ayıb olsa da təqsirimdən keçin.

Ayaqlarımı pilləkənin taxtalarına vura-vura, qapıları çırparaq öz otağıma çıxdım. Özümü top kimi çarpayımın üstünə atdım. Aşağıda qəhqəhələr davam edirdi. Kim bilir, bəlkə də mənimlə əylənirdilər.

Kamranla evlənmək, yəqin ki, yaxşı bir şey olacaqdı. Çünki yaşlarımız getdikcə artır, onunla dava salmaq fürsəti gündən-günə uzaqlaşırdı. Bircə dəfə də olsun saç-saça tutuşub döyüşərək ondan acığımı çıxarmaq üçün, evlənməyimizdən başqa çarə qalmırdı.

Yay tətilinin sonlarında məktəbimiz bir müddət için-için qaynar, bu coşqunluq ancaq imtahana yaxın yatışardı.

Səbəbi bu idi: on üç-on dörd yaşına çatan katolik qız yoldaşlarım baharda Pasxa bayramında xristian əhd-ayinlərini edib ətəkləri yerə dəyən ipək paltarlar geyər, gəlin duvaqlarına bənzəyən qucaq-qucaq tüllərə bürünərək, İsa peyğəmbərə nişanlanardılar.

Kilsədə şam işıqları, orqanla çalınan ilahilər, hər tərəfi dolduran bahar çiçəkləri qoxularına qarışaraq, bir qat daha ağırlaşan buxur və aloe tüstüləri içində edilən bu nişan toyu çox gözəl bir şeydi. Amma hayıf ki, bu toydan sonra gələn tətil aylarında xain qız yoldaşlarım tez bir zamanda nişanlılarına vəfasızlıq edərdilər, mum rəngli, mavi gözlü İsanı qarşılarına ilk dəfə çıxan bir, bəzən də bir neçə oğlanla aldadardılar.

Məktəblər açıldığı zaman qız yoldaşlarım çamadanlarının gizli bir guşəsində məktublar, fotoşəkillər, xatirə çiçəkləri və daha nə bilim nələr gətirərdilər.

Bağçada iki-bir, üç-bir qol-qola gəzişdikləri zaman nələr danışdıqlarını bilirdim. Qızların ən məsum və dindarlarına hədiyyə edilən rəngli və bəzəkli peyğəmbər və mələk rəsmlərinin altında gizlənən fotoşəkillərin gənc oğlanların şəkli olduğunu anlamaqda çətinlik çəkməzdim. Bağçanın bir guşəsində qızlardan birinin öz yoldaşının qulağına yavaşcadan pıçıldadığı hekayəni gözümdən qaçırmazdım.

Bu mövsümdə qızlar iki-bir, üç-bir qruplara ayrılıb qol-boyun gəzişərdilər.

Təkcə mən biçarə, bağçada və sinifdə həmişə yalqızdım. Yoldaşlarım mənə qarşı, adətən, bir sirr dağarcığı halını alardılar. Onlar bacılardan artıq məndən çəkinərdilər. Deyəcəksiniz ki, nə üçün? Çünki çərənçi idim, saqqallı əminin dediyi kimi, ağzımda söz saxlaya bilməzdim. Məsələn, bir qızın bağça barmaqlığı arasından qonşu gənclə məsum bir çiçək alış-verişini duydummu, bağçada demək olar ki, car çəkərdim. Üstəlik, belə şeylərə yaman xoşum vardı.

Heç unutmaram, bir qış axşamı qiraətxanada dərs hazırlayırdım. Mişel adında çalışqan bir qız öz korazehin yoldaşına Roma tarixini başa salmaq üçün bacıdan icazə almış, ən dal cərgəyə çəkilmişdi. Qiraətxananın səssizliyi içində birdən hıçqırıq səsləri gəldi. Bacı başını qaldırıb dedi:

– O nədir, Mişel, sən ağlayırsanmı? Nə üçün?

Mişel əlini göz yaşından tamam islanmış üzünə tutdu.

Cavabı onun yerinə mən verdim:

– Mişel karfagenlilərin məğlub olmasına heyfsilənib, ona ağlayır.

Sinifdə qəhqəhə qopdu.

Müxtəsər, yoldaşlarımın məni öz aralarına qəbul etməməkdə haqları vardı. Amma hamıdan ayrı qalmaq, yekə bir qız olduğum halda, çərənçi bir uşaq rəftarı görmək çox da xoşagələn bir şey deyildi.

Yaşım on beşə girirdi. Demək olar ki, bu yaş analarımızın gəlin olduqları, nənələrimizin «aman, evdə qalırıq» – deyə təşvişə düşüb, Əyyubdakı niyyət quyusuna11 yüyürdükləri bir yaşdı.

Boyum çox uzanmamışdı. Ancaq dəlisovluğuma baxmayaraq, bədənim inkişaf etmişdi, üzümdə qəribə rənglər peyda olmuşdu.

Saqqallı əmi hərdənbir əllərimdən tutub məni pəncərə qabağına çəkər, üzümü koruş gözlərinə soxacaqmış kimi üzünə yaxınlaşdıraraq deyərdi: «Ay qız, nə qəribə rəngbərəng sifətin var. Lap elə bil basma çitdir. Heç vaxt solmayacaq».

«Aman Allah, heç belə də qız olar?» – deyə fikirləşirdim. Bədən yupyumru, fırfıra kimi, üz də ki, elə bil fırça ilə boyanıb… Aynaya baxanda, elə bil, Bonmarşe12 vitrinlərində müqəvva görürdüm. Odur ki, dilimi çıxarıb gözlərimi çəpləşdirərək öz-özümlə əylənirdim.

Tətillər içində ən xoşuma gələni Pasxa bayramı idi. Bu iki həftəni keçirmək üçün Qozyatağına getdiyim zaman, böyük bağçanın küçəyə baxan tərəfini başdan-başa bürümüş gilas ağacları, yetişmiş meyvələrlə bəzənmiş olardı.

Gilası çox sevərdim. Bu on beş gün içində sərçə kimi demək olar ki, ancaq gilasla keçinərdim. Yalnız ən uca budaqlarda qalmış gilasları yeyib qurtarmamış, məktəbə dönməzdim.

Bir gün axşamüstü yenə bir ağacın təpəsinə çıxıb gilas yeyir, çəyirdəklərini çırtma ilə uzaqlara tullayıb əylənirdim.

Tərs kimi bunlardan biri yoldan keçən yaşlı bir qonşu kişinin düz burnunun ucuna dəydi.

Yazıq kişi başına nə gəldiyini anlaya bilməmişdi. Çaşqın-çaşqın ətrafını nəzərdən keçirir, amma başını qaldırıb ağaca baxmağı ağlına gətirmirdi.

Səsimi çıxarmayıb, sakit otursaydım bəlkə də heç görməyəcəkdi, fikirləşəcəkdi ki, bu çəyirdəyi başının üstündən uçub keçən quş salmışdır. Beləliklə də çıxıb gedəcəkdi.

Mən yamanca qorxub xəcalət çəkdim, amma buna baxmayaraq, özümü saxlaya bilmədim, gülməyə başladım.

Kişi başını qaldırıb iri bir budağın üstündə ata minən kimi oturmuş yekə bir qızın arsız-arsız güldüyünü görəndə dayana bilmədi, acığından qaşını-gözünü oynadaraq dedi:

– Afərin, xanım qız. Bunu sənə heç yaraşdıra bilmirəm! Maşallah sizin kimi boya-başa çatmış, yetişmiş yekə bir xanıma…

O dəqiqə yer yarılsaydı, yerə girərdim. Onsuz da qırmızı üzüm daha da pörtüşüb rəngdən-rəngə düşdü. Ağacdan yıxılmaq təhlükəsinə baxmayaraq, əllərimi köksümdə dua edən kimi çarpazlayıb bir azca boynumu bükdüm və dedim:

– Məni bağışlayın, bəy əfəndim, vallah, bu bir qəzadır… Daha doğrusu, diqqətsizlikdir…

Bu məsum yalvarma vəziyyəti məktəbdə bacıların və dindar şagirdlərin Məryəm və İsa qarşısında dua edəndə aldıqları vəziyyətdi. Təsiri sınaqdan çox çıxmışdı. Əsrlər boyunca belə yalvarış Məryəmlə İsanı yumşaltdığına görə, yəqin ki, bu qocanı da rəhmə gətirəcəkdi.

Təxminimdə aldanmamışdım. Qoca qonşu bu riyakar peşmançılığıma və səsimdəki titrəyişə inanıb yumşaldı. Nədənsə mənə xoş bir söz söyləmək lazım gəldiyini hiss edib dedi:

– Heç düşünmürsünüz ki, belə bir diqqətsizliyin yetişmiş kiçik xanıma zərəri dəyə bilər?

Onun məqsədini çox yaxşı başa düşdüyüm halda, gözlərimi guya təəccüblə iri-iri açıb dedim:

– Nə üçün əfəndim?

Qoca əlini günəşin yandan düşən işığına tutub diqqətlə mənə baxır və gülürdü:

– Məsələn, sizi oğluma almaqdan çəkinə bilərəm.

Mən də gülüb:

– O cəhətdən sığortalıyam, bəy əfəndim. Düzü, dinc bir qız olsam da, almazsınız, – dedim.

– Nədən bilirsiniz?

– Çünki mənim ağaca çıxmaqdan, gilas çəyirdəyi atmaqdan çox-çox böyük nöqsanlarım vardır… Əvvəla, varlı deyiləm… Eşitdiyimə görə, varlı olmayan qıza çox da meyil edən olmaz… Sonra gözəl də deyiləm… Və mənə elə gəlir ki, bu yoxsulluqdan daha böyük bir nöqsandır…

Bu sözlər qoca bəyi çox əyləndirmişdi.

– Siz çirkinsinizmi, qızım? – deyə soruşdu.

Mən üz-gözümü turşudub dedim:

– Nə deyirsiniz deyin, mən özüm necə olduğumu bilirəm. Heç qız da belə olarmı? Uzunboy, sarısaç, mavi, yaxud yaşıl gözlər lazımdır…

Bu qoca bəy, görünür ki, vaxtı ilə bir az dəcəlmiş… Qəribə bir baxışla və dəyişik bir səslə dedi:

– Ah, yazıq balam, məgər sən gözəlliyin nə olduğunu anlayan, özünün nə olduğunu başa düşən bir yaşdasanmı? Hər nə isə… Sizin adınız nədir, deyin görək?

– Çalıquşu…

– Bu necə addır?

– Bağışlayın, məni məktəbdə belə çağırırlar… Əsl adım Fəridədir. Özüm kimi yupyumru, zəriflikdən uzaq bir ad.

– Fəridə xanım… Əmin olun ki, sizin adınız da özünüz kimi gözəldir… Kaş oğluma sizin kimi bir qız tapa biləydim…

Bilmirəm nədən bu kübar tövrlü, mehriban səsli adamla çərənçilik etmək xoşuma gəlirdi.

– O halda, ona da gilas ata biləcəyik, – dedim.

– Əlbəttə, əlbəttə… Ona nə şübhə…

– İndi icazənizlə sizə bir neçə gilas verim. Məni əfv etdiyinizi isbat üçün bunları mütləq almalısınız… İkicə dəqiqə gözləyin…

Bir mışovul çevikliyi ilə budaqlara dırmaşmağa başladım. Qoca qonşu əllərini gözlərinə tutub çığırırdı:

– Ay aman, budaqlar cırıldayır… Mən bais olacağam… Yıxılacaqsınız, Fəridə xanım!

Mən bu təşvişə fikir verməyib söyləyirdim:

– Narahat olmayın… Yıxılmağa o qədər öyrəşmişəm ki… Məsələn, yaxında olsaydınız, gicgahımda bir yara izi görərdiniz. Bu elə bir izdir ki, bütün başqa gözəllikləri tamamlayır.

– Aman, qızım, yıxılarsınız!..

– Qurtardım, əfəndi, qurtardım… Bəs bunları sizə necə verəcəyəm? Tapdım, əfəndim, ona da çarə tapdım…

Önlüyümün cibindən yaylığımı çıxartdım, gilasları onun içinə qoyub düyünçə kimi bağladım.

– Yaylıq sarıdan heç nigaran qalmayın… Hələ burnumu silməmişəm… Lap tərtəmizdir… İndi rica edirəm, onu yerə salmayıb tutasınız. Bir… iki… üç…

Qoca qonşu gözlənilməz bir çevikliklə gilas dolu yaylığı tutdu.

– Çox təşəkkür edirəm, qızım, – dedi. – Bəs mən indi yaylığınızı necə qaytaracağam?

– Ziyanı yoxdur… Sizə hədiyyəm olsun.

– Bu necə olar?

– Nə üçün olmasın? Lap yaxşı olar.

Başqa bir şey də var… Mən bir neçə gündən sonra pansiona qayıdacağam… Bizim məktəbdə bir adət vardır… Qızlar tətil günlərində gənc oğlanlarla sevişirlər, məktəb açılanda isə bunu bir-birilərinə danışırlar… Mən belə şeyləri bacara bilmədiyim üçün yanlarında həmişə xəcalətli qalırdım.

Üzümə bir şey söyləməyə cəsarət edə bilmirlər, amma yəqin ki, dalda mənim axmaqlığımla əylənirlər… Bu səfər mən də bir şey elədim… Məktəbə getdiyim zaman, gizli bir sirrim varmış kimi, başımı aşağı əyib düşünəcək, qəmgin-qəmgin gülümsünəcəyəm. Onlar deyəcəklər: «Çalıquşu, səndə bir iş var?..» Mən əzilə-əzilə deyəcəyəm: «Xeyr… Nəyim olacaq?» İnanmayacaqlar, məni sıxışdıracaqlar… Onda mən də: «Çox yaxşı, elə isə… Amma and için ki, heç kəsə söyləməyəcəksiniz», deyəcəyəm və bir yalan uyduracağam.

Necə yalan?

Sizinlə tanış olmağım bu yalanı asanlaşdırır. Deyəcəyəm ki, «divarın üzərindən sarışın, uzunboy bir oğlanla eşqbazlıq etdik…» Əlbəttə, ağsaçlı deyə bilmərəm. Həm də siz kiçiklikdə yəqin ki, sarışın olmuşsunuz… Yoldaşlarımın xasiyyətini bilirəm. «Nə danışdınız?» – deyə soruşacaqlar. And içib deyəcəyəm ki, «mənim gözəl olduğumu söylədi». Əgər desəm ki, «mən də ona yaylıq içində gilas verdim», təbii ki, yaxşı düşməz… Deyəcəyəm ki, «gül verdim…» Ancaq bu da olmazdı… Gülü yaylıq içində vermək adət deyildir… Deyərəm: «Yaylığımı bağışladım», qurtarıb gedər.

Bir az əvvəl bir-birimizlə davalaşmağa azca qaldığı halda, indi qoca qonşu ilə gülüşür, ayrılanda bir-birimizə əl edirdik…

O ilin yayında ağaca çıxmaq azarı üstündə başıma bir iş də gəldi.

Aydın bir avqust gecəsi idi. Köşkə bir xeyli qonaq gəlmişdi. Bunların arasında Nəriman adlı iyirmi beş yaşlarında bir dul qadın vardı. Onun hərdənbir öz gəlişi ilə köşkü şərəfləndirməsi mühüm hadisə hesab olunardı.

Dünyada özlərindən başqa heç kəsi bəyənməyən xalalarımdan tutmuş, maymaq xidmətçi qızlara qədər, hamı bu qadına hayıl-mayıl olmuşdu.

Nərimanın guya çox sevdiyi əri bir il əvvəl ölmüşdü. Odur ki, həmişə qara geyərdi. Ancaq mənə elə gəlirdi ki, qara paltar bu qadının sarışın üzünə yaxşı yaraşmasaydı, bu matəm çox davam etməyəcəkdi, o paltarlar dəmdəsgahı ilə birlikdə zibilliyə atılacaqdı.

Nəriman məni də it-pişik kimi tumarlaya-tumarlaya ələ almağa çalışırdı. Ancaq nədənsə mən ona isinişmirdim. Aramız xeyli soyuqdu. Mənə göstərdiyi nəvazişlərə etinasız yanaşırdım.

Soyuqluğu hələ də davam etdirdiyimə baxmayaraq, indi boynuma almağa məcburam ki, Nəriman yaman gözəldi. Onun ən bəyənmədiyim cəhəti həddən artıq ədabaz olması idi. Yalnız qadınlar arasında olanda, yenə bir təhəri vardı, amma bir kişi gələn kimi Nərimanın üzü dəyişər, səsi, qəhqəhələri, baxışları bambaşqa olurdu. Sözün qısası, bu qadın mənim saman altından su yeridən məktəb yoldaşlarımın daha da fəndli-feyilli bir nümunəsi idi.

Ərindən söz düşəndə, bu qadın: «Mənim üçün daha həyat qurtardı» deyə sifətinə yalandan elə qəmginlik verərdi ki, lap zəhləm gedərdi. O belə edəndə mən əsəbiləşib deyərdim: «Qabağına fərli bir kişi çıxsın, onda görərik».

Bizim köşkdə Nərimana tay-tuş olacaq heç kəs yox idi. Dəymədüşər Nəcmiyyəni insan saymaq, təbii ki, doğru olmazdı. Xalalarım saçları-başları ağarmış qoca qadınlardı. Arabir onun-bunun qeybətini etməkdən başqa danışmalı söhbətləri də yox idi. O halda, o halda!..

Mən bu Nərimanın köşkə dadanmasının səbəbini başa düşmüşdüm. Yəqin ki, bizim sarsaq xalaoğlunu gözaltılamışdı. Evlənmək üçünmü? Güman etmirəm. Otuzu haqlayan bir dul qadının iyirmi yaşında bir gənclə evlənmək istəməsi həyasızlığın son dərəcəsi olardı… O belə bir həyasızlıqdan çəkinməsə də, inanmıram ki, mənim vasvası xalalarım öz balalarını belə sarsaq bir quzğuna qapdıracaq qədər kor olsunlar?

O halda, o halda?..

O haldası-filanı varmı? Bu xoşbəxt dul qadın öz zövqünə, öz xəyallarına nökərçilik edən yeni bir qismət ovlayana qədər bizim xalaoğlu ilə vaxt keçirəcək, könlünü əyləndirəcəkdi…

Kamrana sarsaq dedim, amma bu acığımdandır… Həqiqətdə isə o, yerə baxan, ürəkyaxan, yaman hiyləgər sarı bir əqrəbdir. Nərimanla danışarkən, guya bir şey bildirməmək istəyir, bu isə mənim gözümdən qaçmırdı.

Uşaqlarla boğuşanda da, öz-özümə ip üstündən atılanda da, yerə uzanıb oyun kartları ilə fal açanda da gözlərim həmişə onlarda olardı…

Xalaoğlum günlərin birində o qadının pəncəsinə düşəcəkdi… Arabir heç nəyi görmürəmmiş kimi onların yanlarından keçirdim… O saat səslərini alçaldırdılar… Ya da söhbəti dəyişdirirdilər. Deyəcəksiniz ki, «nə istəyirlər eləsinlər, sənə nə?» Heç elə şey olar? Kamran düşmənim də olsa, xalam oğludur… Heç istəyərəmmi ki, hansı yuvanın quşu olduğu bilinməyən bir qadın onun əxlaqını pozsun?

Nədən danışırdım?.. Bəli, aydın bir avqust gecəsi idi. Qonaqlar köşkün önündəki eyvanda, lüks lampasının işığında – hərçənd ona ehtiyac yox idi – oturub danışır-gülüşürdülər.

Nərimanın musiqi notaları kimi ölçülüb-biçilmiş ahəngli qəhqəhələri sinirlərimə toxunduğu üçün mən ordan uzaqlaşıb, bağçanın bir bucağında ağacların qaranlığına çəkilmişdim.

Bağçanın lap o biri başında, budaqlarının bir qismi qonşunun bağçasına sallanmış qoca çinar vardı. Biçarə ağacın işə yarayan bir meyvəsi olmadığına baxmayaraq, mən bu yekə ağacı sevirdim. Onun yoğun və yastı budaqlarının üstündə rahat-rahat gəzmək olurdu. Mən tez-tez bu budaqlara çıxıb gəzər, ya da oturardım.

O gecə də elə etdim. Ağacın xeyli uca bir budağına çıxıb oturdum.

Bir az sonra qulağıma yüngül ayaq səsi, ardınca da yavaş qəhqəhə səsi gəldi.

O saat gözlərimi açdım, qulaqlarımı şəklədim: nə görsəm yaxşıdır? Xalaoğlum o xoşbəxt dul ilə bərabər mənə sarı gəlir…

Tilovuna balıq yaxınlaşdığını görən bir balıqçı kimi bütün diqqətimi topladım. Oturduğum yerdə bir səs çıxarmaqdan yaman qorxurdum. Amma bu, boş bir qorxu idi…

Onlar o qədər özlərində-sözlərində deyildilər ki, oturduğum yerdə təbil də çalsaydım, yəqin ki, duymayacaqdılar. Nəriman öndə gedirdi. Xalaoğlum ərəb qulu kimi dörd-beş addım geridə idi. Hasardan keçib yollarına davam edə bilməyəcəklərinə görə, oturduğum ağacın altında durdular.

Gəlin balalarım, gəlin, quzularım!.. Sizi mənim yanıma Allah özü göndərmişdir… Bir azdan sonra görüşərik… Bu gözəl aylı gecədən sizdə unudulmaz bir xatirə buraxmaq üçün bacardığımı əsirgəməyəcəyəm.

Elə bu arada bir cırcırama cırıldamağa başladı.

Az qala dəli olacaqdım. Xalaoğlumun xoşbəxt dula söylədiyi nitqi eşidə bilmirdim… Az qalmışdı qışqıram ki, «Ay miskin, nədən qorxursan? Buralarda kim ola bilər?.. Səsini çıxarsana!»

Bu nitq arasında qulağıma yalnız bir neçə söz gəldi: «Nəriman, gülüm, mələyim…» Tir-tir əsməyə başladım. Yıxılmasam da, səs çıxaracağımdan, yarpaqları xışıldadacağımdan qorxurdum. Arada Nəriman xanımın da bir-iki kəlməsini eşidirdim. «Rica edirəm, Kamran bəy, rica edirəm», – deyirdi.

Nəhayət, səslər kəsildi. Nəriman yavaş-yavaş hasara yaxınlaşdı, pəncələri üstündə qalxıb qonşu həyətə boylandı. Guya ordan onları güdən olub-olmadığını bilmək istəyirdi.

Bu vəziyyətdə, təbii ki, Nərimanın arxası xalaoğluma çevrilmişdi. O isə nə edəcəyini bilmirdi.

Xalaoğlumun birdən-birə qollarını yana açıb ona sarı yeridiyini gördüm… Ürəyim çırpınır, öz-özümə deyirdim: «Nəhayət, ağlı başına gəldi, bu pis qadına gözəl bir şillə vuracaq». Kamran bunu etsəydi, mən sevincimdən ağlayaraq özümü ağacdan atacaq, onunla ömürlük barışacaqdım. Amma o canavar bunu etmədi. Sısqa qollarından, ağappaq qız əllərindən umulmayan bir qüvvətlə Nərimanın əvvəl çiyinlərindən, sonra biləklərindən yapışdı. Qucaq-qucağa, nəfəs-nəfəsə boğuşurdular, çinar yarpaqları arasından süzülən ay işığında saçlarının bir-birinə qarışdığını gördüm.

Bu nə rəzalətdir, aman Allah, nə rəzalətdir! Bütün bədənim tir-tir əsirdi. Bir az əvvəl onların başına yaxşı bir oyun açacağımı düşündüyüm bir halda, indi məni sezəcəklərindən qorxub bağrım yarılırdı. Doğrudan da, bir quşa dönüb budaqların üstündən göyə uçmağı, yuxarıdakı ay aləmində yox olub gedərək, bu dünyadakı insanların üzlərini bir daha görməməyi nə istəyirdim!

Dodaqlarımı barmaqlarımla sıxdığıma baxmayaraq çığırdım. Bu çığırmaqdan çox fəryaddı. Amma bu fəryad aşağı çatmamış, həmin saat qəhqəhə ilə güldüm. Namussuzların o dəqiqədəki çaşqınlıqlarını, pərişanlıqlarını gərək özünüz görəydiniz!

Bir az əvvəl ay işığı kimi ayaqları sanki yerə toxunmadan, süzə-süzə gələn o xoşbəxt dul qadın indi ağaclara dəyə-dəyə, büdrəyə-büdrəyə var gücü ilə qaçırdı.

Xalaoğlum da onun kimi etmək istədi. Amma o bir az qaçmışdı ki, nə düşündüsə, pərt halda geri döndü.

Mən nə edəcəyimi bilmədiyimdən hələ də gülürdüm. O, məşhur «Qarğa və tülkü» təmsilindəki tülkü kimi ağacın altında hiyləgərcəsinə gəzməyə başladı.

Nəhayət, utanıb sıxılmağı buraxıb mənə dedi:

– Fəridə, əzizim, azacıq aşağı enərsinizmi?

Mən gülməyi kəsdim, ciddi bir səslə dedim:

– Nə üçün?

– Heç… Sənə bir sözüm var…

– Mənim səninlə danışmalı bir sözüm yoxdur… Rahatlığımı pozmayın.

– Fəridə, zarafatı burax…

– Zarafatmı? Nə zarafat!..

– Amma sən daha həddini aşırsan… Sən aşağı düşmək istəmirsənsə, mən yuxarı çıxa bilərəm!

– Ay çıxdın ha!..

Yolunda bir xırdaca su gölməçəsi görəndə təşvişə düşən, hoppanmadan əvvəl üç-dörd dəfə tuflilərinə və suya baxan, stulda oturanda şalvarını barmaqlarının ucu ilə tutub yuxarı çəkən nazlı və nazənin xalaoğlunun ağaca çıxmaq istəməsi çox gülməli idi!..

Amma bu gecə o, doğrudan da, canavara dönmüşdü… Alçaq budaqların birindən tutub ağaca hoppandı və yuxarı çıxmağa hazırlaşdı…

Gecə vaxtı ağacda xalaoğlumla üz-üzə gələcəyimizi düşünəndə, nədənsə qorxuya düşdüm. Bunun axırı bir fəlakət ola bilərdi. Əgər mən onun yaşıl ilan gözlərinin yaxından mənə baxdığını görsəydim, yəqin ki, budaqların arasında onunla boğuşacaqdım. Biz bir-birini didən iki yırtıcı quşa dönəcəkdik. Mən onun gözlərini çıxardıb onu da, özümü də ağacdan atacaqdım.

Amma nədənsə bu coşqunluğumu büruzə verməyi düzgün hesab etmirdim.

Yerimdə dikəlib sərt bir səslə əmr etdim:

– Orada durun görüm!..

Amma o, heç qulaq asmadı, hətta cavab da vermədi. Budağın üstündə dikəlib yuxarı baxmağa başladı.

– Durun, dedim, yoxsa pis olacaqdır!.. Bilirsiniz ki, mən Çalıquşuyam. Ağaclar mənim oylağımdır… Buralara məndən başqasının ayaq basmasına dözə bilmərəm!

– Bu nə qəribə danışıqdır, Fəridə?..

Doğrudan da, bu nə qəribə danışıqdı!

Mən çarəsiz qalıb zarafatcıl bir tövr aldım və əgər yanıma gəlsə, daha yuxarılara çıxmağa hazırlaşıb dedim:

– Bilirsiniz ki, sizə hörmətim vardır. Sizi ağacdan aşağı atmağa məcbur olsam, özüm də çox kədərlənərəm. Bir az əvvəl şeir oxuduğunuz halda, indi birdən-birə: «Aman! Aman!» – deyə çığırmağa başlasanız çox pis olar.

Bu sözləri deyərkən mən onun səsini yamsılayır, qəhqəhələrlə gülürdüm.

– İndi görərik!

Qorxu onu cürətləndirmiş və çevikləşdirmişdi. Mənim təhdidimə əhəmiyyət verməyib budaqlara dırmaşmağa davam edirdi.

Ağacda, demək olar ki, biz qaçdı-tutdu oyununa başladıq. O yaxınlaşdıqca mən yuxarı budaqlara çıxırdım, budaqlar da getdikcə incəlirdi. Mən bir istədim ki, hasarın üstünə atılıb qaçım. Amma qorxdum ki, birdən qaça bilmərəm, bir yerim əzilər və xalaoğlumun yerinə mən özüm çığırıb-bağırmalı olaram.

Ancaq necə olursa olsun, biz bu gecə bir-birimizə yaxınlaşmalıydıq. Mən siyasəti dəyişib soruşdum:

– Mənimlə danışmağa nə üçün bu qədər çalışdığınızı görəsən bilmək olarmı?

Mənim bu sözlərimdən o da dəyişdi, ciddi bir tövr alıb durdu və dedi:

– Səninlə zarafatlaşırıq, amma məsələ çox mühümdür, Fəridə… Mən səndən qorxuram…

– Eləmi? Görəsən nəyimdən qorxursunuz?

– Çərənçiliyindən…

– Bu mənim hər gün etdiyim şey deyilmi?

– Yox, bu gecəki həmişəkilərə bənzəməz…

– Bu gecədə nə fövqəladəlik var ki?

Kamran yorulub əldən düşmüşdü. Daha şalvarını-filanı nəzərə almayıb bir budaqda oturdu. Hələ də zarafat edən kimi görünürdüsə də, amma elə bil bu saat ağlayacaqdı.

10.Mühacir – qaçqın, o zamanlar Balkanlardan qaçıb gəlmiş əhali.
11.Əyyub – İstanbulun bir məhəlləsi, Niyyət quyusu – pir kimi bir yer.
12.Bonmarşe – Universal mağaza, firmanın adı.
₺94,17

Türler ve etiketler

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
29 ekim 2022
ISBN:
978-9952-8448-1-8
Telif hakkı:
JekaPrint
Metin, ses formatı mevcut
Ortalama puan 5, 4 oylamaya göre
Ses
Ortalama puan 3,7, 3 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre