Kitabı oku: «Çalıquşu», sayfa 5
Çox sürətlə gedirdim. Güman edirəm ki, bu sürətlə lap İstanbula qədər gedərdim. Amma qapının önündə Əziz əmim qarşıma çıxdı:
– Ay qız, bu nə sifətdir! Çuğundur kimi qızarıbsan! Səni qovlayan var? – deyə yolumu kəsdi.
Hirsli-hirsli gülərək:
– Elə bir şey yoxdur, əmi! – dedim və uşaq səsləri gələn bağçaya sarı yüyürdüm.
Arxa bağçada böyük bir vələs ağacından asılmış yelləncək vardı. Bəzən qonşu uşaqlarını yığıb buranı bayram meydanına döndərərdim. Bu gün kiçik yoldaşlarım mənim dəvətimi gözləmədən, irili-xırdalı gəlib yelləncəyin dövrəsini almışdılar.
Bu, çox gözəl oldu! Evə gələndə, otağıma qaçıb qapını kilidləməyimi düşünürdüm. Amma, Kamranla Müjgan, yəqin ki, dalımcan gələcəkdilər, zorla qapını açdırmaq istəyərək dəhlizdə hay-küy salacaqdılar. Halbuki, indi uşaqların arasına qarışar, işi dəliliyə vurub Kamranla Müjganın yanıma gəlmələrinə mane ola bilərdim. Xırdaca yoldaşlarım arasında yelləncəyə əvvəlcə minmək üstündə dava düşmüşdü. Mən o saat aralarına girdim. Onları ayırıb dedim:
– Hamınız kənarda cərgəyə düzülün görüm… Mən özüm sizi bir-bir yelləndirəcəyəm.
Yelləncəyə atıldım. Balacalardan birini də qabağımda oturtdum, yavaş-yavaş yellənməyə başladım. Çox keçmədən Kamranla Müjgan gəlib çıxdılar və uşaqların arxasında durdular.
Müjgan yaman tövşüyürdü. Arabir əli ilə köksünü sığallayırdı. Görünür ki, xalaoğlum onu yaman yüyürtmüşdü.
Ürəyimdə Müjgana dedim: «Sənə yaxşı olub!» və yelləncəyi sürətləndirdim.
Kənarda növbə gözləyən uşaqlar darıxıb çığırışmağa başlamışdılar: «Çox oldu, bizi də mindir, bizi də mindir, bizi də…»
Amma mən onlara qulaq asmırdım. Başımın üstündəki vələs ağacının sıx yarpaqlarını xışıldada-xışıldada getdikcə artan bir sürətlə yellənirdim. Bu hal uşaqları lap hirsləndirdi. Onlar bərk darıxdıqlarından, yerdə çəkdiyim xətti keçib özlərini yelləncəyin önünə atırdılar. Müjganla Kamran onların qollarından tutub kənara çəkildilər ki, yelləncəyə dəyib bir yerlərini zədələməsinlər. Bu vaxt mənimlə yellənən uşağın da tərsliyi tutdu. Dizlərimin arasında bar-bar bağıran bu uşağın ipləri buraxaraq, yerə yıxılıb ölməsindən qorxmağa başladım.
Çarəsiz yelləncəyi saxladım və uşağa acıqlanmağa başladım. Dedim: – Bir az bərk yellənməkdən qorxan bir uşağın yelləncəkdə nə işi var? Sən evdə kiçik bacı-qardaşlarının beşiyində yellənsəydin, daha yaxşı olardı…
Sonra buna bənzər cürbəcür sözlər dedim. Yəni, sözün açığı, Kamranın mənə söz deməsinə fürsət verməmək üçün qəsdən hay-küy salmışdım. Yaxşı ki, o biri uşaqlar da bağırıb bağçanı başlarına götürmüşdülər.
– Məni, Fəridə abla! Məni də! Məni də! Məni də!..
– Yox, heç birinizi mindirməyəcəyəm, qorxursunuz!
– Qorxmarıq, Fəridə abla, qorxmarıq, qorxmarıq, qorxmarıq…
Bu əsnada evin pəncərəsindən xalamın səsi gəldi:
– Fəridə, canım, onların da bir az könlünü alsana!
O saat səs gələn tərəfə döndüm və xalamla uzun-uzadı deyişməyə başladım.
– Ay xala, belə deyirsiniz, amma yıxılsalar, bir yerlərini əzsələr, sonra məni danlayacaqsınız, axı!..
– Ay qızım, uşaqları yıxmaq şərt deyil ki! Yavaş-yavaş yelləndir də…
– Ay xala, özünüzü bilməməzliyə qoymayın, rica edirəm. Məgər siz Çalıquşunu hələ tanımırsınız? Mənə bel bağlamaq olarmı? Ağıllı-başlı başlaram, yelləncək gedib-gəldikcə şeytan məni yavaş-yavaş dümsüklər, deyər ki: «Haydı, haydı! Bir az da, bir az da!» Mən «Eləmə, eləmə, yanımda uşaqlar var!» – deyə cavab verərəm, amma şeytan israr edib deyər: «Haydı, haydı! Bir az da, bir az da, nə olar ki!» Bir də görərsən ki, ağacın budaqları, yarpaqları da bir ağızdan təkrar etməyə başladılar: «Haydı, Fəridə! Haydı, Fəridə!» Bütün bunlara yazıq Çalıquşu necə dözsün? Özünüz bir insaf edin də!
Çərənçiliyi qurtardım, bu vaxt arxam Kamrana olsa da hiss etdim ki, xalaoğlum arxamda durub. Heç şübhəm yox idi ki, səsim kəsilən kimi o mənimlə danışmağa başlayacaq. Nə edim?! Onunla üz-üzə gəlməkdən necə qaçım?!
Qəflətən bir uşağın ətəklərimə sarıldığını gördüm, qoltuğundan tutub havaya qaldırdım. Bu, mənim qonaqlarımın ən balacası idi, yeddi-səkkiz yaşında bir uşaqdı. Üzünü üzümə yaxınlaşdıraraq dedim:
– İncimə, heç bir şey edə bilmərəm! Yıxılarsan bu totuq yanaqcıqların qanayar…
Uşağın arxasına bir kölgə düşdü. Bu, Kamran idi. Uşağı yerə qoyan kimi Kamranla üz-üzə, göz-gözə gələcəyimizə heç şübhəm yox idi. Daha qurtuluş yolu qalmamışdı. Ondan qaçmaq, ondan qorxmaq elə bir şeydi ki, bunu mən əsla qüruruma sığışdıra bilməzdim. Odur ki, balaca uşağı qucağımdan endirdim, dik Kamranın gözlərinə baxıb uşağa dedim:
– Haydı, balacan, Kamran ağabəyə27 söylə. O, xanım kimi nazlı, zərif bir oğlandır. O, bir dayə kimi səni yavaşca-yavaşca ağıllı-başlı yelləndirər. Amma çox tərpənmə ha!.. Çünki onun zərif qolları səni saxlaya bilməz, ikiniz də yıxılarsınız?..
Gözlərimi Kamranın gözlərinə dikməkdə məqsədim budur ki, xalaoğlum bu amansız istehzaya dözə bilməyib təslim olsun və üzünü yana çevirsin. Amma Kamran gözlərini qaçırmadı, gözlərini gözlərimə zilləyib baxırdı. Onun gözləri sanki deyirdi: «Nahaq yerə özünü yorma, hamısını bilirəm!..»
Mən başa düşdüm ki, oyunu uduzmuşam. Başımı bir qədər qabağa əyib yaylığımla tozlu ovuclarımı silməyə başladım.
Kamran birdən mənə dedi:
– Mənə lağ edirsən, eləmi? Dəcəlin biri! İndi görərik, ikimiz birlikdə yellənəcəyik!
Çevik bir hərəkətlə pencəyini çıxardıb Müjgana sarı atdı.
Xalam pəncərədən çığırdı:
– Amandır, Kamran, uşaqlıq eləmə! Onunla bacara bilməzsən, bir yerini zədələr!
Uşaqlar əyləncəli bir şey seyr edəcəklərini anlayaraq geri çəkildilər. Biz yelləncəyin yanında yalqız qaldıq.
Xalaoğlum gülərək dedi:
– Nə gözləyirsən, Fəridə, qorxursanmı?
Bu dəfə üzünə baxmağa cəsarət etməyərək dedim:
– Bu nə deməkdir? – və yelləncəyə hoppandım.
Kəndir dartınıb cırıldadı, yelləncək yavaş-yavaş hərəkət etdi.
Mən ehtiyatlı tərpənir, çox çətin olacağını hiss etdiyim bu yarışda qüvvətimi mühafizə etmək üçün dizlərimi azacıq bükməklə kifayətlənirdim.
Get-gedə sürətimiz artmağa, vələs ağacı çoxalan yarpaq xışıltıları ilə sarsılmağa başladı. İkimiz də dişlərimizi sıxıb susmuşduq, sanki bir kəlmə danışsaq, qüvvətimiz zay olacaqdı.
Mən hərəkətin sürətindən ləzzət alıb məst və bihuş kimi olmuşdum. Kamranın başı birdən-birə sıx yarpağın içinə girdi, uzun saçları alnına töküldü.
İstehzalı bir səslə soruşdum:
– Yoxsa, peşman olmağa başlamısınız?
O da gülərək dedi:
– Kimin peşman olacağını görərik!
Onun dağılmış saçları arasında par-par yanan yaşıl gözləri məndə qəribə bir kin, zülm etmək meyli oyadırdı. Qüvvətlə dizlərimi bükərək yelləncəyə daha da sürət verdim. İndi hər gediş-gəlişdə başlarımız yarpaqların içinə girib-çıxır, saçlarımız bir-birinə qarışırdı. Arada yuxuda olan kimi xalamın: «Yetər, bəsdir!» çığıran səsini eşitdim.
Bunu Kamran da təkrar etdi:
– Yetərmi, Fəridə?
– Onu sizdən soruşmaq lazımdır, – deyə cavab verdim.
– Mənim üçün xeyr, – dedi. – Müjgandan öyrəndiyim xoş xəbərdən sonra mən daha yorulmaram!..
Dizlərim birdən-birə sustaldı, qorxdum ki, iplər əlimdən çıxsın.
Kamran davam etdi:
– Buna ümid etmirdim. Mən bura sənin üçün gəlmişəm, Fəridə…
Mən heç bir hərəkət etmirdimsə də, yelləncək həmin sürətlə yellənirdi. Qollarımı iplərin dövrəsinə keçirdim, əllərimi bir-birinə bənd edib:
– Bəsdir, daha düşək, yıxılacağam, – deyə yalvardım.
O mənim nə halda olduğumu başa düşməyib dedi:
– Xeyr, Fəridə. Mənimlə evlənməyə razı olduğunu sənin öz ağzından eşitməmiş əl çəkə bilmərəm. Bərabər yıxılıb ölənə qədər yellənəcəyik!
Onun dodaqları saçlarımın arasından alnıma, gözlərimə toxunurdu. Dizlərim büküldü. Birdən-birə əllərim açıldı. Kamran məni bu əsnada qucaqlamasaydı, yəqin ki, yıxılacaqdım. Amma onun məni saxlamağa gücü çatmadı. Müvazinəti pozulmuş yelləncəyin ipləri arasından birdən-birə ikimiz də yerə yıxıldıq.
Mən huşumu itirdim, azacıq sonra gözlərimi açıb özümü xalamın qucağında gördüm.
Xalam islanmış bir yaylıqla gicgahımı silə-silə deyirdi:
– Bir yerin ağrıyırmı, qızım?
Başımı qaldıraraq:
– Xeyr, xala, – dedim.
– Elə isə nə üçün ağlayırsan?
– Mən ağlayıram, xala?
– Bəs gözlərindəki yaş nədir?
Başımı xalamın qoynuna soxub dedim:
– Yəqin yıxılmamışdan əvvəl ağlamışam, xala!
Üç gün sonra Ayşə xalamla Müjgan da bizə qoşuldu; hamımız İstanbula qayıdırdıq. Əhvalatı oğlunun məktubundan öyrənmiş Bəsimə xalam və Nəcmiyyə bizi Qalata körpüsündə qarşılamağa gəlmişdilər.
Nişanlandığımın ilk həftələrində hamıdan qaçırdım. Kamrandan isə daha çox qaçırdım. O mənimlə təklikdə qalmaq, bərabər gəzmək və danışmaq istəyirdi. Zənn edirəm ki, bu hər nişanlı kimi, onun da haqqı idi. Amma nə çarə ki, mən dünyadakı nişanlıların ən bacarıqsızı və vəhşisi idim. Kamranın mənə sarı gəldiyini görəndə hürkmüş at kimi dördayaq qaçırdım. Ardımdan sapand daşı da atsaydılar çatmazdı. Mən Müjgan vasitəsilə Kamrana bir ultimatum göndərmişdim. Üz-üzə gələndə o mənimlə nişanlım kimi danışmayacaqdı. Sözümə əməl etməsə, and içmişdim ki, hər şeyi pozacağam.
Müjgan, Tekir dağında olduğu kimi, burada da hərdənbir yataqda məni sual-cavaba tutub deyirdi:
– Bu dəliliyi nə üçün edirsən, Fəridə? Bilirəm ki, Kamranı lap ürəkdən sevirsən. İndi sizin ən gözəl zamanlarınızdır. Kim bilir, onun sənə deməli necə sözləri vardır!
Müjgan bəzən bununla kifayətlənməyib incə əlləri ilə saçlarımı oxşaya-oxşaya Kamranın dilindən danışırdı. Mən yatağımda büzülərək:
– İstəmirəm, qorxuram, utanıram… Qəribə şeydir də… Başa sala bilmirəm ki… – deyə sızıldanırdım. Müjgan daha da üstümə düşəndə ağlayırdım.
Sonra Müjgan məni yalqız buraxıb yatmağa gedəndə, Kamranın onun vasitəsilə göndərdiyi sözləri öz-özümə təkrar edib, bu kəlmələrin ahəngi ilə yuxulayırdım.
Xalam mənə bəzəkli-düzəkli bir nişan üzüyü qayırtdırmışdı. Bu üzüyün, mənim yaralı barmaqlarıma heç yaraşmayan göz qamaşdırıcı, çox qiymətli bir daşı var idi.
Bir dəfə İstanbuldan qayıtdıqda, xalam məni pəncərənin qabağına çəkib bu üzüyü bir sürpriz kimi göstərdi. Üzüyün qaşını xalam ağacların içində gözdən itməkdə olan günəşə tutub parıldadanda, mən gözlərimi yumub geri çəkildim. Əllərimi arxamda gizlətdim. Qızardığımı göstərməmək üçün üzümü çevirib pərdənin dalına tutdum.
Xalam mənim vəziyyətimi başa düşmədi. Mənim böyük bir şadlıqla atılıb onun boynuna sarılmadığıma heyrət edib dedi:
– Yoxsa bəyənmədin, Fəridə?
Mən soyuq-soyuq dedim:
– Çox gözəldir, xala, mersi.
Mənim bu hərəkətimdən xalamın incidiyi görünürdü. Amma bu çox sürmədi. O, təkrar gülümsünüb dedi:
– Əlini uzat, üzüyü bir taxıb yoxlayaq. Sənin köhnə bir üzüyünü verib onun boyda qayırtdırmışam. İnşallah ki, balaca olmaz.
Mən əllərimi arxamda gizlədib barmaqlarımı bir-birinə keçirtdim. Guya xalam üzüyü mənim barmağıma zorla taxacaqdı.
– İndi yox, xala, sonra… – dedim.
– Uşaqlıq eləmə, Fəridə.
Mən inadla başımı önümə əydim, ayaqlarımı yerə dirədim.
– Bir neçə gündən sonra qohumlarımızı yığıb bir kiçik qonaqlıq verəcəyik, nişan taxacağıq.
Ürəyim tez-tez çırpınırdı. Xalama dedim:
– İstəmirəm… Əgər bu mütləq lazımdırsa, mən məktəbə gedəndən sonra edin.
Xalamın məni yaxşıca danlamağa haqqı vardı. Amma o özünü tox tutmaq istədi. Gülümsünə-gülümsünə dodaqlarını büzüb bir istehza ilə dedi:
– Necə yəni? Yoxsa, nişan məclisində sənin yerinə bir vəkil qoyacağıq? Bu nikahda olar, amma qızım, hələ nişanda qızın yerinə vəkil qoymaq adəti çıxmamışdır.
Mənim buna deməyə bir cavabım olmadığı üçün başımı önümə əyib durmuşdum. Xalam elədiyi töhmətin şiddətini azaltmaq üçün, bir əli ilə mənim belimdən tutdu, o biri əli ilə çənəmi, saçlarımı, alnımı oxşaya-oxşaya dedi:
– Fəridə, elə bilirəm ki, sənin daha uşaqlığı buraxmaq vaxtın çatmışdır. İndi mən sənin təkcə xalan yox, həm də ananam… Buna çox şad olduğumu söyləmək artıqdır, deyilmi? Sən Kamran üçün xasiyyətini, əslini bildiyimiz hər hansı bir yad qızından çox-çox yaxınsan. Ancaq… Ancaq bir az yüngülsən. Bu, uşaqlıqda bəlkə o qədər zərərli bir şey deyildi, amma daha böyüyürsən, böyüdükcə də, əlbəttə, ağırlaşacaqsan, ağıllanacaqsan. Məktəbi qurtarmağına və evlənməyinizə dörd il var. Bu, xeyli uzun bir zamandır. Bununla bərabər, sən daha nişanlı qızsan. Bilmirəm, nə demək istədiyimi başa düşürsənmi? Sən ciddi və ağır olmalısan. Uşaqlığa, dəcəlliyə, inadcıllığa nəhayət verməlisən. Kamranın nə qədər incə hissli və zərif olduğunu bilirsən…
Xalamın kəlməsinə qədər yadımda qalan bu sözlərində həqiqətən adama toxunacaq bir şey varmı, yoxmu, bunu mən bu gün də anlaya bilməmişəm. Amma nə bilim. Mənə elə gəldi ki, xalam məni öz qiymətli oğlu üçün bir az ləyaqətsiz bilir....
Xalam, nəsihətlərinin mənə necə təsir etdiyini bilmək istəyirmiş kimi dedi:
– İndi daha bir-birimizi başa düşdük, deyilmi, Fəridə? Yalnız qohumlarımızın və bir-iki yaxın dostun iştirakı ilə nişan məclisi düzəldəcəyik.
Mən xəyalən çiçəklərlə, çilçıraqlarla bəzənmiş bir məclisdə, indiyə qədər öyrəşmədiyim bir tualetdə, saçlarım başqa cür daranmış, sir-sifətim dəyişmiş bir halda, özümü Kamranın yanında oturmuş gördüm. Bütün baxışlar bizə zillənmişdi…
Məni birdən-birə titrətmə tutdu:
– Yox, bu mümkün deyil, xala, – deyərək tez aşağı qaçdım.
Müjgan bu günlərdə mənə böyük bacıdan başqa, demək olar ki, ana olmuşdu. Gecələr otağımızda yalqız qaldığımız zaman, lampanı söndürüb mənimlə didişməkdən lap incəlmiş vücudunu qollarım arasına alır, cavab verməsin deyə, əlimi ağzına tutub yalvarırdım:
– Dünyada ən çox hallarına yandığım, istehza etdiyim insanlar nişanlı qızlardır. İndi mən onlardan biri oldum. Onlara yalvar… Heç kim mənə nişanlı deməsin. Bu sözü eşidəndə yerə girirəm, qorxuram, axı mən hələ uşağam. Qabaqda hələ dörd il var. O zamana qədər bir az böyüyərəm, alışaram. İndi isə mənimlə heç kəs nişanlı kimi rəftar etməsin.
Nəhayət, danışmağa imkan tapan Müjgan dedi:
– Çox yaxşı, ancaq bir şərtlə. Daha doğrusu, iki şərtlə. Əvvəla, mənimlə boğuşmayacaqsan. Sonra Kamranı sevdiyini mənə, yalnız mənə bir dəfə təkrar edəcəksən.
O zaman mən üzümü Müjganın qoynunda gizlədib, başımla bir neçə dəfə «bəli» işarəsi etdim.
Müjgan sözündə durmuşdu. Nə evdəkilərdən, nə bayırdakılardan heç kim nişanlandığımı üzümə vurmurdu. Arabir zarafatlaşmaq istəyənlər olurdusa, mən onların da cavablarını verib susdururdum. Hətta bunlardan birinə yüngül bir şillə də vurdum. Ancaq yaxşı ki, bu, yad deyildi, elə xalaoğlu özü idi. Bu, çox haqlı bir şillə idi! Ancaq, Allah eləməmiş, Bəsimə xalam duysaydı, kim bilir mənə nə edərdi.
Bununla belə özümü köşkdə o qədər də rahat hiss etmirdim. Məsələn, nişanlandığım üçün bir gün məni evin ən yaxşı otağına köçürdülər, pərdələrimi, çarpayımı, qarderobumu dəyişdirdilər və bunun səbəbini soruşmağa, təbii ki, cəsarət edə bilmədim.
Bir gün faytonla Mərdivənköyündə bir kənd toyuna gedəcəkdik. Faytonun içi tünlük idi. Odur ki, dedim:
– Mən faytonçunun yanına minim?!
Yaman qəhqəhə qopdu. Mən qızarıb başımı aşağı saldım və faytona mindim.
Əvvəllər olduğu kimi, hərdənbir mətbəxdən qaysı qurusu, ya başqa bir şey oğurlamağa gedəndə, xain aşpaz mənə sataşıb deyərdi:
– Nə istəyirsən, açıq deyinən, ay kiçik xanım. Daha zatınıza oğurluq yaraşmaz!
Hələ heç kim mənə bir şey deməmişdi, bununla belə daha oynamağa, küçədən uşaq çağırmağa da cəsarət etmirdim. Hərdənbir ağaca çıxmaq üçün, künc-bucaqda gizlənib gecəni gözləmək lazım gəlirdi. Amma bunlardan ən pisi Kamran idi. Deyə bilərəm ki, tətilin son günləri köşkdə onunla qovdu-qaçdı oynamaqla keçdi.
O məni tək tutmaq üçün fürsət axtarırdı. Mən isə bütün qüvvəmi sərf edirdim ki, o, məni tənha bir yerdə tuta bilməsin.
Arabir mənə təklif etdiyi fayton gəzintilərinə razılıq vermirdim. Çox təkid etdikdə, özümüzlə Müjgandan başqa birisini də götürürdüm və yolda həmişə onunla danışırdım. «Müjgandan başqa» deyirəm. Çünki Müjganın yolda məni Kamranla tək qoyub qaçmayacağına, yaxud da lüzumsuz çərənçilik etməyəcəyinə etibarım yoxdur.
Kamran bir gün mənə dedi:
– Bilirsənmi, Fəridə, sən məni bədbəxt edirsən.
Özümü saxlaya bilməyib dedim:
– Hələ indidən?
Bu sualı elə qəribə bir heyrətlə verdim ki, ikimiz də gülməyə başladıq.
– Müjgana söylədiyin sözü, sənin dilindən mən də eşitmək istəyirəm. Zənn edirəm ki, buna mənim haqqım var.
Müjgana nə söylədiyimi unutmuşam kimi, yalandan gözlərimi yuxarı qaldırdım, düşündüm, sonra dedim:
– Bəli, amma Müjgan qızdır. Kəniziniz də zənn edirəm ki, elədir. Onunla aramızda danışdığımız şeyi hər kəsə söyləyə bilmərik.
– Mən «hər kəsəmmi?».
– Yanlış başa düşməyin. Hərçənd, qadına oxşayan kişisiniz, amma hər halda kişisiniz. Demək, qıza söylənilən hər şey kişiyə deyilə bilməz.
– Mən sənin nişanlın deyiləmmi?
– Deyəsən axı boğuşacağıq! Bilirsiniz ki, mən bu kəlməni xoşlamıram.
– Görürsən ki, özümə bədbəxt deməkdə haqqım var. O kəlməni söyləməyə cəsarət etmirəm, qorxuram ki, yenə ağzıma vurarsan. Amma ürəyimdə bir hiss var ki, o, heç kəsə yox, yalnız sənə aiddir.
Bu vaxt başa düşdüm ki, çoxdan bəri məharətlə qorunduğum tələyə düşmək üzrəyəm. Danışsam, ya səsim titrəyəcəkdi, ya da başqa bir münasibətsizlik edəcəkdim. Kamranın sözünü ağzında qoyub küçəyə sarı qaçmağa başladım.
Onun da ardımca gələcəyini zənn edirdim. Amma hənirti eşitmədikdə ayağımı yavaşıtdım. Bir az sonra üsulluca dönüb arxama baxdım.
O, ağaclardan birinin altındakı qamış skamyada oturmuşdu. Öz-özümə dedim: «Yəqin ki, mən yaxşı iş görmürəm».
Elə sanıram ki, Kamran bu əsnada mənə baxsaydı, peşmanlığımı anlayıb təkrar yanıma gələcəkdi və yəqin ki, mən də daha qaçmayacaqdım.
Xalaoğlumun oturuşunda, doğrudan da, bədbəxt bir insan tövrü var idi. Öz-özümə qüvvət vermək üçün söylənməyə başladım:
– Hiyləgər sarı əqrəb! Bu bağçada o xoşbəxt dul qadının ətəkləri ardınca necə yüyürdüyünü hələ unutmamışam. Lap yaxşı edirəm!
Tətilin son günlərində başıma gələn bir qəzanı da söyləməyi lazım bilirəm.
Köşkdəkilər bir gün sağ əlimin bir barmağını yekə bir tənziflə bağladığımı gördülər. Soruşanlara deyirdim:
– Elə bir şey deyil, bir azca kəsmişəm. Ziyanı yoxdur, öz-özünə sağalar.
Yaramı inadla gizlətdiyimi başa düşən xalam dedi:
– Yəqin bir dəcəllik edibsən. Görünür ciddi şeydir ki, gizlədirsən. Həkimə göstərək, yoxsa başımıza iş açar.
Həqiqət bu idi: xalam bir gün məni yataq otağındakı qarderobundan, gərək ki, bir yaylıq gətirməyə göndərmişdi. Qarderobun aralıq gözündə, üstünə göy məxmər çəkilmiş bir qutu gördüm. Bu, mənim nişan üzüyüm idi. Onu bir dəqiqə barmağımda seyr etmək həvəsindən özümü saxlaya bilmədim. Amma bu həvəs mənə çox baha oturdu. Üzük, xalamın dediyi kimi, bir az balaca qayrılmışdı. Barmağımdan heç cürə çıxmırdı. Həyəcan içində bir xeyli əlləşdim, sonra üzüyü dişlərimlə çıxarmağa çalışdım. Olmadı. Mən əlləşdikcə barmağım şişir, üzük də sıxılmağa başlayırdı.
Əgər desəydim, yəqin ki, çarə tapacaqdılar, amma nədənsə, onların bu üzüyü barmağımda görmələri qüruruma toxunurdu. Buna görə də barmağımı sarğı ilə bağladım. Düz iki gün fürsət tapan kimi, otağıma girib qapını bağlayır, sarğını çıxarıb öz-özümə saatlarla əlləşirdim. Üçüncü gün, həqiqəti utana-utana xalama etiraf etməyə hazırlandığım bir zamanda üzük öz-özünə çıxdı. Buna səbəb, yəqin ki, keçən iki gündə çəkdiyim kədər və sıxıntı idi. Nəticədə mən arıqlamışdım, barmağım da nazilmişdi.
Tətilin son günü hazırlığa başlamışdım. Kamran buna etiraz etdi:
– Bu qədər tələsmək nəyə lazımdır, Fəridə. Bir neçə gün də qala bilərsən.
Amma mən nümunəvi bir şagird kimi buna razı olmurdum:
– Bacılar mütləq məktəb açıldığı gün gəlməyi tapşırıblar. Bu il də dərslər çox çətindir, – kimi bəhanələrlə inad edirdim.
Kamran bu təkidimdən yenə də qüssələnib inciyən kimi oldu.
Ertəsi gün məni məktəbə aparanda heç danışmadı və ayrıldığımız zaman:
– Heç vaxt inanmazdım ki, məndən bu qədər tez qaçasan, Fəridə, – deyə şikayətləndi.
Mən əslində o qədər də ağıllı və çalışqan bir şagird deyildim. Üstəlik, bu dərd çıxandan sonra isə özümü lap itirdim.
İlk üç ayda dərs qiymətlərim son dərəcə pis idi. Qeyrət edib özümü ələ almasam, sinifdə qalacağım yəqin idi.
Qiymət cədvəlləri paylandığı günün axşamı Aleksi bacı məni bir küncə çəkib dedi:
– Qiymətləri bəyəndinmi, Fəridə?
Bədbin bir tövr ilə başımı yırğalayıb dedim:
– Bir qədər pisdir.
– Bir qədər yox, çox pisdir. Mən sizin bu qədər geri qaldığınızı yadıma gətirə bilmirəm. Halbuki bu il daha yaxşı çalışacağınızı gözləyirdim.
– Haqqınız var. Bu il keçən ildən bir yaş da böyüyəm.
– Elə bumu?
Qəribə şeydir! Aleksi bacı çənəmi oxşayır, mənalı-mənalı gülürdü. Nə edəcəyimi bilməyib gözlərimi gözlərindən qaçırdım.
Ah bu bacılar! Dünyaya aid heç bir şeylə maraqlanmırlarmış kimi göründüklərinə baxmayaraq, ən kiçik dedi-qoduları bilir, öyrənirlər. Kimdən? On il aralarında yaşadığıma və çox da maymaq, key bir qız olmadığıma baxmayaraq, bunu heç cür başa düşə bilmədim.
Mən bir bəhanə ilə özümü bu vəziyyətdən qurtarmaq istəyəndə Aleksi bacı daha dərinə gedib dedi:
– Zənn edirəm ki, cədvəldəki qiymətləri hamıya göstərməkdən sıxılacaqsan.
Ardınca daha ağır bir söz atdı:
– Bu il sinifdə qalsan, keçməsən, bir il – bir uzun il də burada gözləməli olacaqsan.
Gördüm ki, hücuma keçməsəm, Aleksi bacıdan yaxamı qurtara bilməyəcəyəm. Çarəsizlikdən utancaqlığı atıb yalançı bir safdilliklə soruşdum:
– Qorxumu? Nə üçün qorxu?
Aleksi bacı dediyi sözləri ilə onsuz da son həddə çatmışdı. Bundan irəli getmək, mənimlə az-çox üz-göz olmaq deməkdi. Məğlub olduğunu mənə göstərməkdən çəkinməyən ədabaz bir tövrlə yanağıma çırtma vurub:
– Onu sən özün başa düşməlisən, – dedi və getdi.
Mişel bu il məktəbdə yox idi. Olsaydı, yəqin ki, məni danışmağa məcbur edəcək, ürəyimdəki pərişanlığı daha da artıracaqdı.
Bir il əvvəl uydurma bir nağıl danışanda mən nə qədər sərbəst və yüngül idimsə, bu il həqiqətən nişanlı bir qız vəziyyətinə düşdükdən sonra, bir o qədər qorxaq olmuşdum. Yoldaşlarımdan məni təbrik edənləri qısa, quru bir təşəkkürlə başımdan edir, sataşmaq meylində olanlara üz vermirdim.
Yalnız bir qız – bizim tərəflərdə yaşayan bir erməni doktorun qızı bu inadımı qırmağa müvəffəq oldu. Mən həftə tətillərini məktəbdə keçirirdim. Üç ay içində evə ya iki, ya üç dəfə getmişdim.
Mənim səbəbini özüm də yaxşı bilmədiyim bu inadım, Bəsimə xalamla Nəcmiyyəyə toxunur, Kamran isə nə düşünəcəyini, nə edəcəyini bilmirdi. İlk aylarda o, hər həftə məktəbə gəlirdi. Bacılar bir şey söyləməyə cəsarət etmirdilərsə də, ancaq bir şagird qızın nişanlısının buraya gəlib-getməsini rüsvayçılıq sayırdılar. Xalamoğlunun məni görüş otağında gözlədiyini xəbər verəndə üzlərini turşudurdular.
Mən görüş otağının qapısını qəsdən açıq qoyub ona söykənirdim. Əllərimi məktəb köynəyimin kəmərinə taxaraq, ayaq üstə ən çoxu beş dəqiqə söhbət edirdim. Xalaoğlum hərdən mənə məktub yazmağı da təklif etmişdi. Amma mən, bundan boyun qaçırıb demişdim ki, bacılar gələn məktubları türkcə bilən bir adama oxutduqdan sonra cırıb atırlar.
Yadımdadır, belə görüşlərin birində Kamranla mənim aramda heç də xoş olmayan bir söhbət getdi. Kamran uzaqda durmağımdan hirslənib qapını zorla örtmək istəmişdi. Ancaq o yaxınlaşanda, mən bayıra qaçmağa hazır bir vəziyyət alıb alçaq səslə dedim:
– Rica edirəm, Kamran… Bilin ki, otaqda gözə görünən və görünməyən nə qədər dəlik-deşik varsa, onların hamısından bizi güdürlər.
O birdən-birə duruxdu:
– Bu nə deməkdir, Fəridə? Axı, biz nişanlıyıq.
Yavaş-yavaş çiyinlərimi çəkib dedim:
– Elə işi korlayan odur da. Bir gün yəqin ki, bu cür sözlər eşitmək xoşunuza gəlməz: «Ziyarətə bir az tez-tez gəlirsiniz. Bağışlayın, amma buranın məktəb olduğunu unutmayın!..»
Kamranın rəngi qaçdı, o gündən sonra bir də məktəbə gəlmədi.
Mən, doğrudan da, pis iş tutmuşdum. Amma başqa çarəm yox idi. Kamranın yanından qayıdarkən, bütün başların mənə tərəf çevrildiyini görəndə yanıb-yaxılırdım.
Nədən danışırdım? Bəli, bir gün doktorun qızı həftə tətilindən qayıdanda mənə dedi:
– Deyirlər Kamran bəy Avropaya gedir, elədirmi?
Mən birdən-birə çaşıb qaldım və soruşdum:
– Hardan bilirsən?
– Atam dedi. Madriddəki əmisi çağırmışdır.
Mən «bilmirəm» deməyi qüruruma sığışdıra bilmədim.
– Hə, elə bir fikri var, kiçik bir səyahətə çıxacaq, – dedim.
– Çox da kiçik deyil, səfarətxanada katib olacaq.
– Lap az qalacaq.
Söhbəti burada kəsib ayrıldıq.
Yoldaşımın atası bizim köşkə tez-tez gedib-gəlirdi. Ailə doktorumuz idi. Bu xəbər çox ola bilsin ki, doğrudur, amma necə olub ki, mənə bir şey deməyiblər? Günləri hesabladım. İyirmi gündən bəri idi ki, köşkdən bir xəbər almamışdım.
Bütün gecə bu məsələ haqqında fikirləşdim. Kamrana göstərdiyim mənasız soyuqluğu unudub bu qədər mühüm bir şeyi mənə xəbər vermədiyi üçün özlüyümdə ona acığım tutdu. Axı, hər necə olsa, biz daha bir-birinə bağlı idik.
Ertəsi gün cümə axşamı idi. Hava yaxşı olduğu üçün günortadan sonra gəzməyə çıxacaqdıq. Mən özümdə-sözümdə deyildim. Belə düşüncələr içində bu gecə də məktəbdə qalmaq fikri məni qorxutdu. Müdirə xanımın yanına gedərək xalamın xəstə olduğunu söylədim və icazə istədim. Bəxtimdən o gün bacılardan biri Qartala gedirdi. Ərənköy stansiyasına qədər bərabər getmək şərtilə müdirə bacı icazə verdi.
Mən əlimdə kiçik çantam köşkə çatdığım zaman hava qaralmaqda idi. Qapıda məni köşkün köpəyi qarşıladı. Bu qoca köpək son dərəcə acgöz və yaltaq idi. Çantamda yaman-yaxşı, həmişə yeməli bir şey olduğunu bildiyindən yolumu kəsir, qarşımda dal ayaqları üstünə qalxaraq dal-dalı yeriyir, ayaqları ilə məni tutmağa çalışırdı. Ağacların arasından Kamranın mənə sarı gəldiyini görüb yerə çömbəldim, köpəyin çirkli ayaqlarından yapışdım ki, üstümə sürtünməsin.
Köpək yekə ağzını gülürmüş kimi açıb dilini çıxarır, mən onun burnunu sıxırdım. Sözün qısası, biz əlləşir və zarafatlaşırdıq.
Özümü elə göstərdim ki, guya Kamranı lap bu saat görmüşəm, dedim:
– Bu gülüşə bir baxın! Ay aman, nə yekə ağzı var! Timsaha bənzəyir, eləmi?
Kamran acı-acı gülümsünüb mənə baxırdı. Köpəyi buraxıb ətəklərimi çırpdım. Yaylığımla əllərimi sildikdən sonra Kamrana əl verdim.
– Bonjur28 Kamran, xalam necədir? İnşallah ki, ciddi bir xəstəlik deyil…
O bir az heyrətlə soruşdu:
– Anammı? Anama heç bir şey olmamışdır. Xəstə olduğunumu eşidibsən?
– Bəli, xəstə olduğunu eşitdim və nigaran qaldım. Bazar gününə qədər səbir edə bilmədim, məktəbdən icazə alıb gəldim.
– Kimdən eşitdin?
Yeni bir yalan uydurmağa vaxtım olmadığı üçün dedim:
– Doktorun qızından.
– Sənə o söylədi?
– Bəli, söz arasında dedi ki, atamı sizə çağırmışdılar, deyəsən, xalanız xəstələnmişdi.
Kamran heyrət edirdi:
– Səhv olmuşdur. Hətta doktor son günlərdə nə anam, nə də başqası üçün köşkə gəlməmişdir.
Bu incə mətləb üzərində çox dayanmayıb dedim:
– Çox sevindim, elə nigaran qalmışdım ki… Onlar təbii ki, içəridədirlər…
Çantamı yerdən götürüb getmək istədim. Kamran əlimdən tutub dedi:
– Niyə belə tələsirsən, Fəridə, elə bil məndən qaçırsan?
– Niyə qaçıram? – dedim, – botlarım bir az ayağımı sıxır… İçəri bərabər getməyəcəyikmi?
– Elədir, amma içəridə, hamının gözü qabağında danışacağıq. Halbuki, mən səninlə təklikdə danışmaq istəyirəm.
Həyəcanımı gizlətmək üçün zarafatçı bir tövr alaraq dedim:
– Əmr sizindir!
– Mersi. Onda istəyirsən, heç kəsin gözünə görünmədən bir az bağçada gəzək.
Qaçmağımdan qorxurmuş kimi əlimi buraxmırdı. O biri əlinə çantamı aldı. Yan-yana getməyə başladıq. Nişanlandığımızdan bəri ilk dəfə idi ki, yan-yana gedirdik…
Yeni tutulmuş bir quşun ürəyi köksündə necə çırpınarsa, mənimki də elə çırpınırdı. Ancaq zənn edirəm ki, məni buraxsaydı da, artıq qaçmağa qüvvətim qalmayacaqdı.
Bir-birimizə heç bir şey söyləmədən, bağçanın sonuna qədər getdik. Kamran mənim gözlədiyimdən də kədərli və acıqlı görünürdü. Bu üç ay içində nə olmuşdu, aramızda nə dəyişmişdi, bilmirəm. Ancaq bu saatda özümü onun qarşısında günahkar görür, indiyə qədər göstərdiyim vəhşiliyə peşman olurdum.
Qışın ortalarına xas olmayan gözəl və sakit bir axşam idi. Ətrafımızdakı çılpaq dağ təpələri mərcan kimi qıpqırmızı idi. Kamranın qarşısında günahlarımı bu qədər asan qəbul etməyimdə bəlkə bunun da bir təsiri var idi, bilmirəm.
Bu vaxt onun könlünü alan xoş bir kəlmə tapıb deməyə böyük bir ehtiyac hiss elədim. Amma ağlıma heç bir şey gəlmirdi.
Daha qayıtmaqdan başqa bir iş qalmadıqda, Kamran dedi:
– Burada, bir az otura bilərikmi, Fəridə?
– Sən necə istəyirsən, elə olsun, – dedim.
O hadisədən sonra ona birinci dəfə «sən» deyirdim.
Kamran şalvarına əhəmiyyət etmədən, oradakı bir tayanın üstünə oturdu. O saat qolundan yapışıb qaldırdım:
– Sən zərifsən, quru yerdə oturma, – dedim və göy paltomu çıxarıb yerə sərdim.
Kamran gözlərinə inanmayıb:
– Neyləyirsən, Fəridə? – dedi.
– Salıram ki, xəstələnməyəsən, – dedim. – Zənn edirəm ki, bundan sonra səni qorumaq mənim vəzifəmdir.
Xalaoğlum bu dəfə də, yəqin ki, qulaqlarına inanmadı:
– Neyləyirsən, Fəridə? – dedi. – Bunu mənə sənmi deyirsən? Nişanlandığımızdan bəri bu səndən eşitdiyim ən şirin sözdür.
Başımı aşağı salıb susdum.
Kamran paltomu yerdən götürmüşdü. Tumarlayırmış kimi əllərini paltomun qollarına, yaxasına, düymələrinə sürtürdü.
– Sənə bir az şikayət etməyə hazırlanırdım, – dedi, – amma indi hamısını unutdum.
Gözlərimi qaldırmadan dedim:
– Mən sənə nə eləmişəm ki?..
O təkrar vəhşiləşəcəyimdən qorxurmuş kimi mənə yaxınlaşmaqdan çəkinərək dedi:
– Zənnimcə, eləmisən, Fəridə, hətta artıqlaması ilə. Nişanlını bu qədər unudarlarmı? Qəlbimdə pis şübhələr də oyandı. Qorxuram ki, Müjgan yanılmış olmasın?
Mən istəmədən güldüm. Kamran maraqla gülməyimin səbəbini soruşdu. Əvvəlcə cavab vermək istəmədim. Amma o, təkid edəndə gözlərimi ondan qaçırmağa çalışaraq dedim:
– Müjgan yanılsaydı, belə olmazdı ki…
– «Belə» nə deməkdir? Yəni mənim nişanlım olmazdın?
Gözlərimi yumub təsdiq əlaməti olaraq başımı iki dəfə tərpətdim.
– Fəridəm!
Kiçik fəryada bənzər bu səs hələ də qulağımdadır. Gözlərimi açdım, onun böyümüş kimi görünən gözlərində iki damla yaş parlayırdı:
– Sən məni bu dəqiqə elə xoşbəxt etdin ki, öləndə yadıma düşsə, yenə ağlayacağam. Üzümə elə baxma! Sən hələ çox kiçiksən. Belə şeyləri başa düşə bilməzsən. Artıq bütün dərdlərimi unutdum.
Kamran biləklərimdən tutmuşdu. Mən əllərimi çəkmədən hıçqıra-hıçqıra ağlamağa başladım. Elə ağlayırdım ki, Kamran lap qorxdu.
Həmin yolla geri dönərkən, mən hələ də tez-tez içimi çəkir və hıçqırırdım. O daha mənə əlini vurmağa da cəsarət etmirdi. Mən daha onun könlünün rahat olduğunu bilir və sevinirdim.
Köşkə yaxınlaşdığımız zaman dedim:
– Sən qabaqca get. Mən hovuzda əl-üzümü yuyacağam. Məni bu sifətlə görərlərsə, nə deyərlər!
Birdən yadıma düşmüş kimi Kamrandan soruşdum:
– Deyəsən Avropaya bir səyahətin var, elədirmi?
O cavab verdi:
– Belə bir fikir var. Daha doğrusu, mənim fikrim deyil, Madriddəki əmimin fikridir, hardan bildin?
Azacıq duruxduqdan sonra dedim:
– Doktorun qızından.
– Doktorun qızı sənə nə çox xəbərlər verir, Fəridə?
Ücretsiz ön izlemeyi tamamladınız.