Читайте только на Литрес

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Çalıquşu», sayfa 3

Yazı tipi:

Mən, ona rəhmim gəldiyi üçün yox, ancaq daha onunla danışmağa halım qalmadığından, yaxamı tezliklə qurtarmaq üçün dedim:

– Narahat olma, heç qorxmalı bir şey yoxdur. Arxayın ol… Tez qonaqlarının yanına get, ayıbdır.

– Söz verirsənmi, Fəridə, and içirsənmi?

– Söz də verirəm, and da içirəm… Nə istəsən edərəm.

– İnanımmı?

– Elə bilirəm ki, inanmaq lazımdır… Mən daha əvvəlki kimi uşaq deyiləm…

– Fəridə…

– Axı, nə bilim ki, sən mənim nəyi söyləyəcəyimdən qorxursan? Mən ağacda özüm üçün oturmuşdum…

– Bilmirəm, amma nədənsə inanmıram…

– Sənə dedim ki, daha böyümüşəm, demək olar ki, bir gənc qız olmuşam. Əlbəttə, bunu deməkdən bir məqsədim var… Di yaxşı, əziz xalaoğlum, heç narahat olmayın… Bəzi şeylər var ki, onları uşaqlar görər… Amma bir gənc qız heç fikir də verməz… Di yaxşı, arxayın olun…

Deyəsən Kamranın qorxusu yavaş-yavaş heyrətə dönürdü. Məni mütləq görmək istəyirmiş kimi başını qaldırıb dedi:

– Sənin danışığın nə qədər başqalaşmışdır, Fəridə…

Əgər söhbət uzansaydı, biz bu çətin vəziyyətdən daha çıxa bilməyəcəkdik. Ona görə qondarma bir hiddətlə çığırdım:

– Daha bəsdir… Söhbəti uzatsan, sözümü geri alaram!.. Özün bir fikirləş.

Bu təhdid onu qorxutdu. Fikirli-fikirli ağacdan düşdü, Nərimanın yollandığı tərəfə getməkdən utanıb bağçanın aşağılarına sarı üz qoydu.

Xoşbəxt dul qadın o gündən sonra daha köşkdə görünmürdü. Kamranın xeyli müddət məndən qorxduğunu hiss edirdim.

Xalaoğlum hər dəfə İstanbula gedəndə, mənə hədiyyələr gətirirdi. Rəsmli bir yapon çətiri, ipək yaylıqlar, ipək corablar, ürək biçimində bir tualet aynası, qəşəng bir əl çantası…

Nadinc uşaqdan çox yetişmiş bir gənc qıza yaraşan bu şeylərin mənə verilməsinin mənası nə idi? Çalıquşunu aldatmaq, dimdiyini bağlayıb çərənçilik etməsinə mane olmaqdan başqa bu hədiyyələrdə nə məna ola bilərdi?

Mən elə bir yaşa çatmışdım ki, bu yaşda başqası tərəfindən yad edilmək adama ləzzət verir. Bundan başqa belə gözəl şeylər də xoşuma gəlirdi.

Ancaq nədənsə bu hədiyyələrə əhəmiyyət verdiyimi nə Kamrana, nə də başqasına göstərmək istəyirdim.

Üzəri qamış köşklər, badamgözlü yapon qızları ilə bəzənmiş çətirimi yerə, tozun içinə salanda qəsdən tez götürmür, xalalarımdan bu cür məzəmmətlər eşidirdim:

– Fəridə, sənə verilən hədiyyələrin qədrini beləmi bilirsən?

Kamranın bağışladığı əl çantamı o qədər əzizləyirdim ki, barmaqlarımı onun parlaq və yumşaq dərisinə sürtəndə, az qala bağrıma basmaq istəyirdim. Bununla belə, bir gün özümü elə göstərdim ki, guya əlimdəki sulu meyvələri çantamın içinə doldururam. Xalalarım o saat bar-bar bağırdılar.

Bir az acgöz olsaydım, mən Kamranın bu qorxusundan daha çox istifadə edərdim. Xırım-xırda intriqalarla onu daha nələr, nələr almağa məcbur edərdim…

Mənə bağışlanan bu şeyləri çox sevirdim, amma bəzən bu şeyləri də yırtmaq, qırmaq, sonra ayaqlarımın altında tapdayıb əzmək istəyirdim.

Xalaoğluma olan qəzəb və nifrətim nədənsə keçib getmirdi.

Başqa yay fəsillərində məktəbin açılmasının yaxınlaşdığını görəndə kefim pozulardı, amma bu dəfə bu evdən, bu insanlardan uzaqlaşacağım günü səbirsizliklə gözləyirdim.

Məktəbdə dərs başlanandan sonra ilk həftələrdə bir bazar günü idi. Bacılar bizi Kayathana13 tərəflərinə gəzməyə aparmışdılar.

Bacılar küçələrdə gəzməyi çox sevməzdilər, amma nədənsə o axşam qaranlıq düşənə qədər küçələrdə qalmışdıq.

Mən dəstənin arxasında gedirdim. Bilmirəm necə oldu. Bir də gördüm ki, yoldaşlarımla aramdakı məsafə xeyli çoxalmışdır. Hamı həmişəki kimi öndə getdiyimi güman etdiyindən, məni itirib-axtaran yox idi. Birdən yanımda bir kölgə göründü. Baxıb gördüm ki, Mişeldir.

– Sənsənmi, Çalıquşu? – deyə Mişel soruşdu. – Nə üçün belə yavaş-yavaş gedirsən?

Sağ ayağımın topuğuna sarıdığım yaylığı göstərib dedim:

– Bir az bundan əvvəl oynayanda, yıxılıb ayağımı yaralamışam. Yəqin ki, sənin bundan xəbərin yoxdur.

Mişel pis qız deyildi. Halıma ürəyi yanıb dedi:

– İstəyirsən sənə kömək edim.

– Hər halda məni arxana almağı təklif etməyəcəksən ki?

– Əlbəttə ki, yox… Bu, mümkün olan şey deyil… Amma qoluna girə bilərəm, deyilmi? Yox, elə yox… Qolunu mənim çiynimə sal… Bir az da bərk yapış… Mən də sənin belindən tutum… Bir qədər yüngülləşərsən… Necədir, yeriyəndə daha ayağın az incidir, eləmi?

Mən onun dediyi kimi etdim. Doğrudan da, yaxşı olurdu. Mişelə dedim:

– Mersi14, Mişel. Sən çox nəzakətli qızsan…

Bir az yeridikdən sonra Mişel dedi:

– Bilirsənmi, Fəridə, yoldaşlarımız bizi bu vəziyyətdə görəndə, nə zənn edəcəklər?

– Nə zənn edəcəklər?

– Deyəcəklər ki, yəqin Fəridə də birinə bənd olmuşdur… İndi dərdini Mişelə danışır…

Mən birdən-birə durub dedim:

– Düz deyirsən?

– Əlbəttə…

– Elə isə, bu saat qolumdan çıx, məndən ayrı get.

Bu əmri verəndə əsgər komandanı kimi sərt idim.

Mişel məni buraxmayıb dedi:

– Ay sarsaq, heç sənin barəndə belə düşünən olarmı?

– Sarsaq nə üçün?

– Hamı sənin necə qız olduğunu bilmirmi?

– Nə demək istəyirsən?

– Heç… Hamı bilir ki, sənin belə bir macəran ola bilməz… Sənin heç kəslə eşqbazlıq edəcəyinə güman yoxdur…

– Nə üçün?.. Məni çirkinmi sanırsan?

– Xeyr, çirkin deyilsən… Bəlkə hələ gözəlsən də… Amma yaman key və maymaqsan…

– Mənim barəmdə sən beləmi düşünürsən?

– Təkcə mən yox, hamı belə düşünür… Deyirlər ki, «çalıquşu sevgi məsələsində əsl gourde-dir».

Bu sözün türkcəsini çox yaxşı bilmirəm, amma fransızca asma qabaq, su qabağı, balqabaq kimi bir şey deməkdir. Bunlardan hansı olursa olsun, pis şeydir… Əslinə qalsa, boyum qısa, bədənim dolu olduğundan bu qabaqlardan birinə bənzəməyim mümkündür… İndi Çalıquşundan sonra mənə bir də gourde ləqəbi qoysalar, bu daha ağ olar! Necə olursa olsun, bu təhlükənin qabağını almaq vacib idi, çünki bu mənə bərk toxunurdu.

Mişelin özündən öyrəndiyim bir hərəkətlə, başımı çiyninə qoydum, ona mənalı-mənalı gözaltı baxıb, dərdli-dərdli gülümsünərək dedim:

– Siz elə bilin…

– Nə söyləyirsən, Fəridə?

Mişel ayaq saxlayıb heyrətlə mənə baxdı. Mən boynumu əyib dediyimi bir də təsdiq etdim.

– Təəssüf ki, iş elə siz bilən kimi deyil… Axır mən də vuruldum…

Mən dediyim bu yalana onu daha da inandırmaq üçün üstəlik bir ah da çəkdim.

Mişel bu dəfə heyrətindən xaç da vurdu.

– Çox gözəl… Fəridə, çox gözəl!.. Amma hayıf ki, heç inana bilmirəm.

Yazıq Mişel sevgi mübtəlası idi, belə ki, başqasının sevişdiyini eşidəndə də ona ləzzət verirdi. Amma, özü dediyi kimi, hayıf ki, mənim sevişdiyimə inanmır və açıqdan-açığa sevinməyə cəsarət edə bilmirdi.

Mən bir yalan danışmışdım. İndi daha bunu davam etdirməli idim ki, rüsvay olmayım.

– Bəli, Mişel, – dedim, – mən də sevirəm…

– Eləcə tək sənmi sevirsən, Çalıquşu?

– Şübhəsiz ki, o da məni sevir, grande gourde.

Bir az bundan əvvəl Mişelin mənə söylədiyi gourde kəlməsinə mən bir də böyük sifətini artırıb onun üzünə qaytardım. Amma onun heç ağlına da gəlmirdi mənə desin ki, «gourde sən özünsən, bu, sənin ləqəbindir!»

Deməli ki, mən yalançılığa başlayan kimi onu inandırmağa müvəffəq olmuşdum. Çox yaxşı!..

Mişel indi məni daha böyük bir məhəbbətlə qucaqlamışdı.

– Danış, Fəridə… Danış, necə oldu? Demək, sən də sevdin, hə! Sevmək gözəl şeydir, deyilmi?

– Əlbəttə gözəldir…

– Sevdiyin kimdir?.. O gənc gözəldirmi?

– Çox gözəldir.

– Harda gördün? Necə tanış oldun?

– …

– Di yaxşı, tərsliyi burax.

Düzü, elə özüm də tərsliyi buraxmağı ürəkdən istəyirdim. Amma nə uydurub söyləyəcəyimi bilmirdim. Sevməyə həqiqi bir insan tapanlara min əhsən!.. Çünki xəyali bir sevgili tapmaq özü də son dərəcə çətin, son dərəcə çətindir!..

– Di yaxşı, Fəridə… Ürəyimi… çəkmə… Yoxsa elə bilərəm ki, mənimlə zarafat edirsən.

Mən birdən-birə təşvişə düşdüm. Zarafat? Allah eləməsin ki, mən yenə asma qabaq, ya balqabağı vəziyyətində qalım!.. Sənə elə bir eşq hekayəsi uydurum ki, özün də çaşıb qalasan!..

Mişelə sevdiyim gənc adına kimi təqdim etsəm yaxşıdır? Kamranı…

– Xalaoğlumla sevişirik… – deyə cavab verdim.

– Keçən il məktəbin görüş otağında gördüyüm o sarışın xalaoğlunmu?

– Özüdür ki, var…

– Ah, nə yaxşı!

Demişdim ki, Mişel sevişmək üçün yaranmış bir qızdı… Kamran indiyə qədər məktəbə ya iki dəfə gəlmişdi, ya üç dəfə… Yəqin ki, xalaoğlum məktəbə gələndə, Mişel, ciyər qoxusu duymuş pişik kimi gənc bir oğlan qoxusu duyub görüş otağına yüyürübmüş, bəlkə də bizi güdübmüş… Qəribədir, elə deyilmi?

Ulduzlar çıxmışdı. Payız fəsli olmasına baxmayaraq, hava lap yay havası kimi ilıqdı. Elə bil havadan təzə əkin qoxusu gəlirdi.

Mən bədənimin bütün ağırlığını Mişelin çiyinlərinə salıb asılmışdım, saçlarımız, yanaqlarımız bir-birinə toxuna-toxuna, ona uydurma bir eşq nağılı danışmağa başlayıb dedim:

– Bundan da aydın bir gecə idi. Xalaoğlumla mən qapının yanındakı qonaqlarımızdan ayrılıb uzaqlaşmışdıq. Mən öndə, xalaoğlum iki-üç addım arxada gedirdik. O, mənə gözəl-gözəl sözlər söyləyirdi. Nələr dediyini təkrar edə bilməyəcəyəm… Çünki istəmirəm… Cırcıramalar bir səs salmışdı ki… Getdik, getdik… Ay işığında hovuz kimi parıldayan meydanlardan ağacların qaranlıqlarına girirdik. Sonra yenə meydanların aydınlığına çıxırdıq. Sonra yenə qaranlıqlar…

– Sizin bağça nə böyükdür, Fəridə?

Mən bir saxtalıq etməkdən qorxurdum.

– O qədər də böyük deyil, axı biz yavaş-yavaş gedirdik, – deyib sözümə davam etdim. – Nəhayət, bağçanın axırına gəlib çatdıq… Bağçanın qurtardığı yerdə budaqları qonşunun divarından aşmış böyük çinar var… Onun altına çatıb durduq… Mən barmaqlarımın ucuna qalxıb özümü elə göstərdim ki, guya qonşu bağçaya baxıram… Xalaoğlum əllərini ovuşdururdu… Nə isə etmək istəyirdi… Amma cürəti çatmırdı.

– Madam ki, sənin üzün bağçaya sarı dönmüşdü… Bunları necə görürdün?..

– Xalaoğlumun kölgəsi divara düşmüşdü, ondan bilirdim.

Mən rolumu yəqin çox yaxşı oynayırdım, çünki bunları danışanda bədənim titrəyir, səsim tutulur, gözlərim yaşla dolurdu…

– Sonra, sonra, Fəridə?

– Sonra… Xalaoğlum birdən-birə biləklərimdən tutdu…

– Ah, nə gözəldir, sonra?..

– Sonrası… Nə bilim…

– Aman Allah, ən gözəl yerində kəsirsən…

– Sonra ağacdan bir quş ötməyə başladı… Qaba, çirkin bir quş… Biz qorxduq, qaçdıq…

Daha göz yaşlarımı saxlaya bilmədim, başımı Mişelin köksünə qoyub hıçqıra-hıçqıra ağladım. Bu ağlamanın nə qədər sürəcəyini bilmirdim… Yaxşı ki, yoldaşlarımız Mişellə mənim yox olduğumuzu başa düşdülər… Bağıra-bağıra bizi axtardılar. Mişel də onlara səs verdi:

– Gəlirik, – dedi, – yeyin gedə bilmirik… Çalıquşunun ayağı ağrıyır…

– Düzdür, Mişel… Mən də elə onun üçün ağlayıram… İndi daha yeyin gedə bilərik.

Mən o gecə hamı yatdıqdan sonra yatağımda da ağladım. Amma bu səfərki göz yaşlarım rol üçün deyil, öz-özümə acığım tutduğu üçün idi. Madam ki, yoldaşlarıma bir gourde olmadığımı isbat üçün bir yalan uydurmağa qərar vermişdim, dünyada başqa adam qəhətdi ki, öz xalaoğlumu – dünyada ən iyrəndiyim bir insan olan Kamranı göstərmişdim? Öz-özümə and içdim ki, sabah oyanan kimi Mişelin əllərindən tutub bir bucağa çəkəcəyəm, axşamkı sözlərimin yalan olduğunu deyəcəyəm.

Amma nə çarə ki, ertəsi sabah oyandığım zaman, acığım da, utancaqlığım da tamamilə keçib getmişdi.

Mənə həmişəkindən fərqli nəzərlərlə baxan və bir xəstə uşaq kimi rəftar edən Mişelə həqiqəti söyləməyə cəsarət edə bilmədim.

Nağıl yavaş-yavaş yoldaşlarımın arasında yayıldı. Mişel onlara yəqin möhkəm tapşırıbmış ki, heç kəs mənə bir şey söyləmirdi. Amma baxışlarından, gülüşlərindən nə demək istədiklərini anlayırdım. Bu, mənə qəribə bir qürur verirdi. Bir müddət çərənçiliyi, dəcəlliyi buraxmağa məcbur oldum. Artıq hamının gözündə xalaoğlusunu sevən bir gənc qız idim. Bu vəziyyətdə bir adama uşaq kimi hoppanmaq, sıçramaq, dəcəllik etmək yaraşmazdı.

Bununla bərabər, necə deyərlər, qanla gələn candan çıxmaz, axşamüstüləri son tənəffüsdə Mişelin qolundan asılaraq ona yavaş-yavaş yeni nağıllar uydurub söyləyəndə, arabir yenə şeytana aldanıb yalan danışardım.

Bir gün yenə çöl gəzintisindən qayıdırdıq.

O gün nədənsə bizimlə gəzməyə getməyən Mişel məni qapıda qarşıladı, əlimdən tutub qaça-qaça bağçanın bir guşəsinə apardı.

– Sənə söyləməli sözüm var, – dedi, – həm sevinəcək, həm də qüssələnəcəksən.

– !!??

– Bu gün sənin sarışın xalaoğlun məktəbə gəlmişdi.

– …

– Şübhəsiz sənin üçün… Kaş sən də mənimlə qalaydın.

İnanmırdım ki, böyük bir səbəb olmadan Kamran məni görməyə gəlsin!.. Yəqin Mişel səhv etmişdi.

Bununla bərabər bu şübhəni ona söyləmədim. Yalandan özümü inanan kimi göstərərək dedim:

– Gənc oğlanın sevişdiyi bir qızı görməyə gəlməsindən təbii nə ola bilər?

– Burada olmadığına heyifsilənirsən, deyilmi?

– Yəqin.

Mişel yanağımı oxşayıb dedi:

– Söz yox ki, o, yenə gələr; madam ki, sevir…

– Əlbəttə…

Elə həmin axşam yeməkdən sonra Matilda bacı məni çağırdı, zərli ip ilə bir-birinə bağlanmış rəsmli iki şəkər qutusu uzadıb dedi:

– Bunları sənə xalan oğlu gətirdi.

Matilda bacını heç vaxt xoşlamazdım. Amma o, qutuları mənə uzadanda boynuna sarılıb yanaqlarını öpməkdən özümü güclə saxladım.

Demək, Mişel səhv etməmişdi. Məktəbə gələn xalaoğlumdu. Yoldaşlarım arasında nağılımın doğru olduğuna şübhə edən varsa, onlar da bu iki qutunu görəndə, fikirlərini dəyişdirməyə məcbur olacaqdılar. Çox gözəl!

Qutularımın biri rəngbərəng likörlü konfetlərlə, biri də bəzəkli vərəqlərə sarınmış şokoladlarla dolu idi. Üç-dörd ay əvvəl olsaydı, onları ən yaxın yoldaşlarımdan da bərk-bərk gizlədərdim. Amma o gecə mütaliə saatında qutularım əldən-ələ sinfi gəzir, insaflarının dərəcəsinə görə uşaqlardan kimi bir, kimi iki, kimi də üç konfet götürürdü.

Bəziləri uzaqdan mənə mənalı işarələr edirdilər. Mən utanırammış kimi başımı yana çevirir, gülürdüm. Çox gözəl!

Mişel təəssüf ki, ancaq zərli dibi görünən qutularımı mənə qaytaranda, pıçıldayıb dedi:

– Bu qutular lap nişan şəkəri qutularıdır, Fəridə!

Nağılım mənə bir az baha oturmuşdu, amma nə edəsən!

Üç gün keçdi. İmtahan üçün boyalı bir coğrafiya xəritəsi hazırlayırdım. Boya işləri mənim əlimdən gəlməzdi. Bir az yöndəmsiz olduğum üçün, tez-tez rəngləri bir-birinə qarışdırar, əllərimi və dodaqlarımı boyayardım. O gün mən yenə bu halda çalışanda, qapıçının qızı sinfə girdi, məni görmək üçün gələn xalaoğlumun görüş otağında gözlədiyini xəbər verdi. Yadımdadır, nə edəcəyimi bilməyib, ətrafıma və kürsüdə oturan müəllim bacıya çaşqın-çaşqın baxmağa başladım.

O dedi:

– Dur, Fəridə, xəritələrin qoy qalsın… Qonağını gör.

Xəritələri qoyum qalsın, bu çətin deyil… Bəs qonağı hansı sifətlə görməyə gedim?

Yanımdakı yoldaşım önlüyünün cibindən xırdaca bir ayna çıxardıb gülə-gülə mənim önümə qoymuşdu.

Üzüm, ağzım yaman gündə idi. Yazı yazanda qələmi ağzıma soxduğum kimi, indi də fırçanı ağzıma soxmuşdum. Dodaqlarım cürbəcür – sarı, qırmızı, bənövşəyi rənglərə boyanmışdı. Bunları nə yaylıqla, nə də su və sabunla təmizləməyə imkan var idi, baş qoşsam sifətimə daha da yayacağımı bilirdim.

Kamrana o qədər əhəmiyyət vermirdim. Təbii ki, onun qarşısına hansı sifətlə istəsəm çıxardım. Amma gələnin kim olduğunu bilib gizlin-gizlin baxan yoldaşlarımın gözündə mən sevişən, hətta nişanlanmağa hazırlaşan bir qız vəziyyətində idim. Allah bu nağılın cəzasını versin!

Koridordan çıxanda, gözümə dəyən bir ayna təşvişimi lap artırdı. Yenə, görüş otağının qabağı boş olsaydı, bəlkə heç içəri girməzdim. Amma nə edim ki, orada mənim bu hərəkətimə başqa məna verə bilən adamlar gəzişirdi.

Nə edək, daha olan olmuşdu. Qapını sürətlə açıb içəri atıldım. Kamran pəncərənin yanında ayaq üstə durmuşdu. Dümdüz ona tərəf getsəm, yəqin ki, bir-birimizə əl vermək lazım gələcəkdir və xalaoğlumun qadın əli kimi təmiz yaraşıqlı əllərini yaş əllərimlə bulayacaqdım.

Gözümə stolun üstündə yenə zərli iplərlə, bir-birinə bağlı paketlər dəydi. Bunları mənim üçün gətirdiyini bildim. Daha işi hay-küyə salmaqdan, əllərimin, dodaqlarımın boyalarını bir uşaq dəliliyi pərdəsi altında gizlətməkdən başqa çarə yox idi. Qara önlüyümün ətəklərini tutaraq qutuların önündə dəbdəbəli və uzun bir reverans elədim. Sonra barmaqlarımı ətəyimə silib, qutulara əlimlə tez-tez bir neçə öpüş göndərdim, bununla dodağımdakı boyalar bir qədər getmiş oldu.

Kamran gülərək mənə yaxınlaşdı.

Ona dil-ağız etməyə başladım.

– Bunlar nə böyük iltifatlardır, Kamran bəy əfəndi, – dedim. – Hərçənd şokoladlar, likörlü konfetlər susmağımın haqqıdır, amma hər halda adam utanır… Dünənki qutuda bir növ likörlü konfet vardı, inşallah onların bacılarına bu yeni qutularda da təsadüf etmək mümkün olar… Amma, doğrudan da, çox yaxşı konfetdir, tərifləməklə başa gələn deyil. Adam onları ağzında əridəndə, ürəyi də onlarla bərabər əriyir.

Kamran deyir:

– Bu səfər zənn edirəm ki, daha qiymətli bir şey görəcəksən, Fəridə.

Onun göstərdiyi qutunu qondarma bir təşviş və səbirsizliklə açdım, içindən iki bəzəkli kitab çıxdı. Bunlar Yeni il bayramında kiçik uşaqlara hədiyyə edilən rəsmli uşaq nağıllarına oxşayırdı. Xalaoğlum hər halda anlamadığım bir səbəbə mənimlə əylənmək istəyirmiş. Əgər, doğrudan da, yalnız bunun üçün zəhmət çəkib buraya gəlibsə, bu yaxşı iş deyil… Görəsən ona kiçik bir dərs vermək zamanı gəlmişdirmi? Bilmirəm, amma özümü saxlaya bilmədim; rəngə batmış dodaqlarıma yaraşmayan bir ciddiyyətlə dedim:

– Hədiyyələrin hər növü üçün təşəkkür etmək lazımdır. Amma icazə verin, sizi bir azca məzəmmət edim… Bir neçə il əvvəl siz də bir uşaqdınız… Hərçənd o vaxtlar özünüzü ağır və ciddi aparmaqla böyük adamlara bənzədərdiniz, amma hər necə olsa, bir uşaqdınız, elə deyilmi? Siz, maşallah, ildən-ilə böyüyüb, şəkilli romanların qəhrəmanlarına bənzər bir gənc olduğunuz halda, bəs mən niyə daim yerimdə sayıram?

Kamran heyrətlə gözlərini açdı:

– Bağışla, Fəridə, – dedi, – anlaya bilmədim.

– Anlaşılmayan bir şey yoxdur. Yəni siz böyüyürsünüz, bəs mən nə səbəbə «Güllü kitabxana» nağılları oxuyan bir körpə kimi qalıram, heç vaxt öz vəziyyətinə görə, yəni on beş yaşına girmiş bir qız rəftarına layiq görülmürəm?

Kamran çaşqın-çaşqın üzümə baxmaqda davam edirdi:

– Yenə anlamadım, Fəridə!

Özümü kütlüyə heyrət edən kimi göstərib dodaqlarımı büzdüm. Düzünə qalsa, nə demək istədiyimi mən özüm də anlamamışdım. Etdiyimə peşman olub, izahatdan can qurtarmağa bir yol axtarırdım.

Bu dəfə sinirli bir hərəkətlə ikinci qutunun bağını qırdım. Burada likörlü konfetlər vardı.

Kamran, demək olar ki, rəsmi bir tövrlə azca əyildi:

– Daha sizinlə boya-başa çatmış, yetişmiş bir gənc qız kimi rəftar etmək lazım gəldiyini öz ağzınızdan eşitmək məni çox bəxtiyar etdi, Fəridə, – dedi. – Kitablar üçün sizdən üzr istəməyi lüzum görürəm, çünki konfetlər isbat edir ki, kitablar əslində zarafatdan başqa bir şey deyildir. Məqsədim sizə kitab gətirmək olsaydı, bəlkə o bayaq dediyiniz romanlardan da seçə bilərdim.

Kamranın bu davranışı, bu sözləri, yəqin ki, istehza idi. Amma belə də olsa, onun qarşımda bu səslə, bu cür danışması xoşuma gəlirdi.

Cavab verməyə məcbur olmamaq üçün, əllərimi dua vəziyyətində bir-birinə qovuşdurub heyran qalmış adam rolu oynayırdım. O, sözünü qurtaran kimi üzünə baxdım; gözlərimə düşən saçlarımı başımın hərəkətilə arxaya verərək dedim:

– Nə söylədiyinizi dinləyə bilmədim, konfetlər o qədər gözəldir ki… onları görəndən sonra incikliyim keçdi, barışdıq, çox sağ ol, Kamran.

Sözlərini dinləmədiyimi zənn etmək, yəqin ki, ona toxunmuşdu. Bununla bərabər, o da, nədənsə bunu mənə sezdirmək istəmədi. İçini çəkərək özünü yalandan acıqlı göstərib dedi:

– Nə edək, madam ki, uşaq hədiyyələri qəbula keçmir, daha bundan sonra böyük adamlara məxsus ciddi şeylərlə xatirinizi xoş edərik.

Mən indi özümü elə göstərirdim ki, guya ancaq konfetlərimlə məşğulam. Bir cavahirat sandıqçasını seyr edən kimi, sevinclə qutuya baxır, içindən çıxardığım şəkərləri şəkilli kağızın üstünə düzür, həm də çərən-pərən danışırdım.

– Bunları yemək də bir ustalıq istəyir, Kamran. Həm də bu sənəti sizin aciz qulunuz olan mən kəşf etmişəm. Bax, məsələn, bu sarını sən qırmızıdan sonra yeməkdə bir zərər görməzsən, deyilmi? Amma, yox, heyifdir! Çünki qırmızı həm çox şirindir, həm də bir az nanəlidir. Onu əvvəlcə yesən, sarının o zərif ləzzətini, o şairanə ətrini hiss eləməzsən, heyif olub gedər! Ah, canım şəkərlər…

Şəkərlərdən birini götürüb ağzıma yaxınlaşdırdım. Quş balasını sevən kimi onu oxşayıb, onunla az qala danışırdım.

Xalaoğlum əlini uzatdı və dedi:

– Onu mənə ver, Fəridə.

Qəribə bir nəzərlə üzünə baxdım:

– Bu nə deməkdir?

– Yeyəcəyəm.

– Qutunu sənin yanında açmaqda, yəqin ki, səhv etdim. Gətirdiklərini özün yeməyə başlasan, daha nə oldu…

– Bircə onu ver.

Doğrudan da, bu nə deməkdi! Adam başqasının ağzına dəymiş bir şeydən iyrənməmək üçün gərək… Nələr düşünürəm!

Bir saniyə çaşbaş olub qalmışdım ki, xalaoğlum birdən-birə əlini uzatdı, konfeti qapmaq istədi. Amma mən daha cəld tərpəndim. Şəkəri gizlədib dilimi çıxartdım.

– Əvvəllər siz əldən bu cür zirək deyildiniz. Bunu hardan öyrəndiniz? – deyə ona sataşdım. – Baxın, mən belə gözəl konfetin ləzzətlə yemək qaydasını sizə öyrədim, ondan sonra qapın…

Başımı bir az arxaya ataraq təkrar dilimi çıxartdım, konfeti üzərinə qoydum. Şəkər yavaş-yavaş əridikcə başımı sağa-sola əyir, dilim sərbəst olmadığından şəkərin çox ləzzətli olduğunu ona işarələrlə bildirirdim.

Xalaoğlum qəribə bir çaşqınlıqla ağzıma baxırdı, odur ki, özümü saxlaya bilməyib gülməyə başladım.

Sonra təkrar ciddiləşdim, qutunu ona uzadaraq dedim:

– İndi daha yeməyi öyrəndiyiniz üçün, bir dənə götürə bilərsiniz.

Kamran yarı zarafatyana bir hiddətlə qutunu itələyib:

– İstəmirəm, – dedi, – hamısı sənin olsun.

– Bunun üçün də mersi.

Aramızda demək olar ki, daha danışmalı bir şey qalmamışdı. Ədəb-ərkan xatirinə evdəkilərin əhvalını soruşduqdan və onlara xoş arzularımı göndərdikdən sonra, qutularımı qoltuğuma vurub çıxmağa hazırlaşırdım.

Birdən-birə görüş otağının yanındakı otaqdan yavaşca bir tıqqıltı gəldi. Pişik kimi qulaqlarımı şəkləyib durdum.

Məktəb lövhələrinə və xəritələrə məxsus olan bu otağın qapısı bir az əvvəl açılmışdı. Sonra lövhələrdən birinin yerə düşməsinə bənzər bir səs eşitmişdim. İndi də aradakı şüşəli qapının arxasından siçan tıqqıltısına bənzər bir tıqqıltı və hərəkət hiss edirdim.

Xalaoğlumdan gizlin, bu qapıya sarı gözaltı baxanda, nə görsəm yaxşıdır! Tutqun rəngli şüşənin arxasında bir baş kölgəsi… Dərhal işi başa düşdüm. Bu, Mişel idi. O, xəritə lazım olduğunu söyləyərək, maymaq bacını aldadıb görüş otağının yanındakı otaqdan bizi güdməyə gəlmişdi.

Kölgə yox olmuşdu. Amma qapının açar yerindən bu qızın bizi güddüyünə heç şübhəm yoxdur. Nə edəcəkdim? Kamranla mən bir-biri ilə sevişən iki adam olduğumuzdan, o bizdən mütləq fövqəladə bir şey gözləyirdi. Mənim xalaoğluma: «Yaxşı yol, evdəkilərə salam de», – deyib maymaq-maymaq qapıdan çıxdığımı görsə, hər şeyi başa düşəcək, koridorda başımı qucaqlayıb saçlarımı qarışdıraraq gülə-gülə deyəcəkdi: «Deməli, mənə nağıl danışmışdın, hə?»

Bu qorxu məni bir anda hiylə işlətməyə məcbur etdi. Bu yaxşı şey deyildi, amma madam ki, bir rol oynamağa başlamışdım, axıra çatdırmalı idim.

Mişel məktəb yoldaşlarımın çoxu kimi türkcə bilmirdi. Deməli, söyləyəcəyimiz sözlərin əhəmiyyəti yox idi. Səs və hərəkətlərimiz sevişən iki adamın hərəkətlərinə bənzəsə kifayət idi…

Kamrana dedim:

– Az qala unutmuşdum, süd nənəmin nəvəsi köşkdədirmi?

Süd nənəmin nəvəsi illərdən bəri köşkdə böyüyən bir yetimdi.

Kamran sualıma çaşmış kimi olub:

– Əlbəttə, köşkdədir, – dedi. – O hara gedəcək ki?

– Təbii… Bilirəm… Yalnız… Nə bilim… Mən bu uşağı o qədər sevirəm ki…

Xalaoğlum gülümsündü:

– Bu hardan çıxdı? – dedi. – Biçarənin heç üzünə də baxmazdın…

Qəribə bir hərəkətlə dedim:

– Üzünə baxmamaq nə isbat edir ki, əzizim? Onu sevmirəmmi? Heç də yox!.. Əksinə, mən bu uşağı o qədər sevirəm ki…

Bu «sevirəm» kəlməsini La Dam o kamelya15 rolu oynayan bir aktrisa kimi boynumu bükərək əllərimi köksümdə qovuşduraraq təkrar edir, arabir gözaltı qapıya baxırdım.

Mişel altı kəlmə türkcə bilirsə, bunların üçü mütləq «sevmək, sevgi, sevda» kimi sözlər olacaqdı. Bununla bərabər bu zənnimdə yanılmış olsaydım da, o hər halda lüğətə baxa bilər, yaxud da «sevirəm ki» kəlməsinin mənasını türkcə bilən bir adamdan soruşub öyrənərdi. Yalnız bu rolu təkcə Mişelin qarşısında deyil, Kamranın qarşısında da yaxşı oynamaq lazımdı. Bu ikinci cəhəti deyəsən bacarmamışdım, çünki Kamran sözlərimə də, hərəkətimə də gülməyə başladı.

– Bu, birdən-birə hardan ağlına gəldi, Fəridə? – dedi.

Hardan ağlıma gəlirsə gəlsin, bu haqda fikirləşməyin yeri deyildi. Odur ki, həmin coşqunluqla dedim:

– Neyləyim, belədir… Sevirəm, vəssəlam! Mənə bir şey vəd etməlisən… Evə gedən kimi mənim tərəfimdən bu yazıq uşağa bir suvenir olaraq, bir suvenir olaraq… Bildinmi, bir suvenir d’amoure16 olaraq…

Süd nənənin nəvəsinə aparmaq üçün Mişelin gözü önündə Kamrana bir şey verməyi nə qədər istərdim. Amma ciblərimdən tərs kimi axşam mütaliəsində mürgüləyən qoca bacıya atmaq üçün büküb hazırladığım kağız parçalarından başqa bir şey çıxmırdı. Amma çarəsizlik mənə bundan daha yaxşı bir şey öyrətdi. Birdən Kamranın əllərindən tutdum, özümü elə göstərdim ki, guya qucağına atılacağam, dedim:

– Bu uşağı mənim əvəzimdən qucağına alarsan, yanaqlarından, gözlərindən öpərsən, bildinmi?.. Bunu mənə vəd edirsən də!

Kamranla, demək olar ki, qucaq-qucağa bir vəziyyətdəydik. Nəfəslərimiz bir-birinə qarışırdı. Heç bir şeydən xəbəri olmayan yazıq xalaoğlum bu coşqunluğa bir məna verə bilmirdi, çaşıb qalmışdı.

Rol müvəffəqiyyətlə oynanıb bitmişdi. Daha pərdə salına bilərdi. Kamranın əllərini buraxaraq, tövşüyə-tövşüyə özümü bayıra atdım. Mişelin koridorda mənə çatıb boynuma sarılacağını gözləyirdim. Ətrafda bir səs eşitməyib durdum, döndüm, yavaş-yavaş xəritələr olan otağın qapısına sarı yönəldim. İçəridə bir hənirti, bir səs eşitməyib qapını aralamaqdan özümü saxlaya bilmədim. Nə görsəm yaxşıdır?! Hərdən bizə musiqi dərsi verməyə gələn qoca Frer Ksavye titrək ayaqları ilə skamyanın üstünə çıxıb bir dolabın yuxarı gözlərində nota dəftərləri axtarır…

Tfu-u-u-u, Allah cəzasını versin!.. Mən onu Mişel bilib boş yerə özümü Kamranın yanında rüsvay etmişdim!

Qızdırmalı xəstələr kimi, üzümün od tutub yandığını hiss edirdim. Sinfə girmək yerinə bağçaya çıxdım. Hovuzun önünə gedib kranı açdım, başımı suyun altına tutdum.

Vücudumda istiliklə bərabər qəribə bir titrəmə də vardı.

Krandan gələn su saçlarımdan, üzümdən axaraq, köynəyimin içinə süzüldükcə düşünürdüm ki, «sevginin eləcə oyunu adamı bu cür titrəmə-qızdırmaya salarsa, bəs onda görəsən sevgi özü necə şeydir?!»

O il Kamran dəfələrlə məktəbimizə gəldi. Belə ki, hər qapı açılanda ürəyim çırpınırdı, elə bilirdim məni görüş otağına çağırmağa gəlirlər. Deyə bilərəm ki, bütün sinif onun mənə gətirdiyi şokoladlarla, peçenyelərlə, cürbəcür şirniyyatla keçindi.

Çalışqanlığı qədər qarınqululuğu ilə də məşhur olan sinif yoldaşlarımdan Mari Pırlantaciyan şəkərlərimi iri ağ dişləri ilə çeynəyəndə gizlədə bilmədiyi bir həsrət və heyranlıqla deyərdi:

– Gör səni nə qədər sevir ki, eşqbazlıq üçün gələndə bu qədər gözəl şeylər gətirir!

Bununla bərabər bu nağıl məni artıq bezdirməyə başlamışdı. Bəzən öz-özümə düşünürdüm: çərənçi bir uşağa susmasının haqqı olaraq gətirilən bu şeyləri mənim öz yoldaşlarıma başqa cür göstərməyim vicdansızlıq deyildimi? Həm də bu Kamran axı nə üçün məktəbə belə tez-tez gəlirdi? Hər dəfəsində də: «Bu tərəflərdə yaşayan bir xəstə yoldaşımı yoxlamağa gəldim…», «Təqsim bağçasında17 bir az çalğı dinləmək istədim…» kimi səbəblər söyləyirdi.

Heç bir şey soruşmadığıma baxmayaraq, yenə bir gün dedi:

– Nişantaşıda18 atamın bir köhnə yoldaşını görməkdən qayıdırdım… Atamın çox sevdiyi bir adamdı…

Özümü saxlaya bilməyib qəflətən bir neçə sual verdim:

– Adı nədir? Nə iş görür? Ünvanı nədir?

Xalaoğlum çaşıb qaldı; özünü o qədər itirdi ki, nə uydurma ad, nə də ünvan tapa bildi. Rəng alıb, rəng verərək gülə-gülə: «Nəyinə gərəkdir? Niyə belə maraqlanırsan?» – kimi sözlərlə yaxasını qurtarmaq istədi.

Mən özümü elə göstərdim ki, guya bu çox əhəmiyyətli məsələdir.

– Həftə başında xalamdan soruşaram, – dediyim zaman isə, o, daha çox qızardı.

– Gözlə ha! Anama ondan danışma… Çünki onunla görüşməyimi istəmir, – deyə yalvarmağa başladı.

Hiyləgər əqrəb, öz ağlınca guya məni aldadacaqmış… Mən sənin ciyərinin içinə də bələdəm!

Hiddətlə ayağa qalxdım, zorla tutmağa çalışdığı əllərimi ciblərimə qoyub:

– Ya atanızın dostları ilə, ya da öz dostlarınız ilə maraqlandığımı zənn edirsinizsə, yanılırsız… Bu sözü elə nahaqca yerə dedim, vəssəlam! – deyə otaqdan çıxdım.

O gündən sonra Kamran hər dəfə məktəbə gələndə, bir bəhanə uydurdum, yanına getmədim. Gətirməkdə davam etdiyi qutuları sinifdə, yaxud bağçada açır, içindəkilərinin bircəsinə də əl vurmadan uşaqlara paylayırdım.

Həqiqət aşkar idi. Görünür ki, o xoşbəxt dul qadın bu tərəflərdə yaşayırdı. O gecədən sonra yəqin bir-biriləri ilə razılaşmışdılar. Xalaoğlum tez-tez onun evinə gedir, arada mənə də baş çəkirdi.

İstədikləri əxlaqsızlığı etsinlər… Mənə nə! Amma məni arada oyuncaq etmələri yaman acığıma gəlirdi. Bu yadıma düşdükcə vücudum od tutur, hiddətdən ağlamamaq üçün dişlərimlə dodaqlarımı qanadırdım.

Nərimanın harada yaşadığını evdən soruşub öyrənmək çox asan idi, amma bu qadının adını ağzıma almaq mənə dözülməz bir şey kimi görünürdü.

Bir tətil günü evə getmişdim. Qonağımız Nəcmiyyəyə dedi:

– İki gün əvvəl Nərimandan bir məktub almışam, çox xoşbəxtdir…

Mən kiçik bir fino19 köpəyini hovuzda çimdirmək üçün bayıra çıxırdım. Bu sözləri eşidəndə qapının yanında durdum, çömələrək köpəyi yavaşca yerə qoydum.

Xoşbəxt dul qadın barəsində bir şey soruşa bilməzdim, amma qulağımla eşitmək də qadağan deyil ki!..

Qonaq sözünə davam edib deyirdi:

– Nəriman ərindən çox razı görünür, barı yazıq bu dəfə xoşbəxt olaydı!..

Nəcmiyyə bir hamam günbəzinə düşən səs kimi səs çıxardıb:

– Hə, hə. Yazıq, barı bu səfər xoşbəxt olaydı, – deyə qonağın sözlərini axmaq-axmaq eynən təkrar edib söhbəti qurtardı.

Daha iş-işdən keçmişdi. Mən, eləcə zarafatçı bir tövr ilə dedim:

– Xanım əfəndi təkrar ərə getdilərmi?

– Hansı xanım əfəndi?

– Məktubunu aldığınız xanım. Nəriman xanım.

Qonağın yerinə Nəcmiyyə cavab verdi:

– Xəbərin yoxdurmu? Çoxdan… Nəriman bir mühəndisə getdi… Beş-altı aydan bəri əri ilə bərabər İzmirdədir…

«Yazıq, barı bu səfər xoşbəxt olsun!..» – duasını onlardan sonra da mən təkrar etdim və iti qucağıma alaraq bayıra yüyürdüm. Amma daha hovuza tərəf getmədim, çəpərin kötükləri üstündən atılaraq yüyürür, bağçanın ətrafında hərlənirdim.

O yay səyahətə çıxdım. Ancaq uzağa yox, Tekir dağına20 getdim… Məlumdur ki, həyatda Allah mənə xaladan bol heç nə verməmişdir. Bunlardan biri də Tekir dağında yaşayırdı. Onun əri Əziz əmi çoxdandı ki, o yerlərdə mütəsərrifdi…21 Müjgan adında məndən üç yaş böyük bir qızları da vardı. Qohumlarımızın uşaqları arasında deyəsən hamıdan çox onu sevirdim.

13.Kayathana – İstanbul yaxınlığında xırdaca bir çay – rayon (gəzinti yeri).
14.Mersi – sağ ol (frans.).
15.Kameliyalı qadın – fransız yazıçısı A.Dümanın (oğul) dramı.
16.Suvenir d’amoure – məhəbbət yadigarı (frans.).
17.Təqsim bağçası – İstanbulda gəzinti-əyləncə yeri.
18.Nişantaşı – İstanbulda bir məhəllə.
19.Fino – pudel cinsindən xırdaca it.
20.Tekir dağı – İstanbulun yaxınlığında bir yaylaq.
21.Mütəsərrif – nahiyə rəisi, məmur.
₺94,17

Türler ve etiketler

Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
29 ekim 2022
ISBN:
978-9952-8448-1-8
Telif hakkı:
JekaPrint
Metin, ses formatı mevcut
Ortalama puan 5, 4 oylamaya göre
Ses
Ortalama puan 3,7, 3 oylamaya göre
Metin
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre