Kitabı oku: «Bir cavanın dəftəri», sayfa 2
Bir Cavanın dəftəri
22 mayis1, 1905. Deyəsən, atam getməyimə razı olacaq. Anama qaldıqda, o çoxdan razıdır. Məqsədim xalamı görüb, ziyarət etmək deyil – onu bir o qədər də könlüm istəmir – şəhərimizdən bıqmışam, qaçmaq istəyirəm. Tühaf deyilmi, orta məktəbin altıncı sinfinin tələbəsi hələ öz şəhərindən başqasını görməmişdir. Halbuki buralardan bıqdım, yoruldum; gözlərim yeni yerlər, yeni simalar, yeni üfüqlər görmək istəyir. “Yenilik” – deyə bütün varlığım hıçqırır. Gör, atam nə deyir:
– Qürbət ellərdə nə var? Niyə gedirsən? Çox da xalan ordadır.
Kişi qocalmışdır – varlığımın köhnə mənalara sığmadığını dərk eləmir.
Atam məhdud bir adamdır, ehtiyac və məfkurəsi də məhduddur: oruc tutar, namaz qılar, doşaba qatılmış qoz ləpəsi yeyər.
Bu qədər!
23 mayis. Axşam atamla yenə danışdıq. Dedim:
– A kişi, fəqir olduğunu bilirəm. Amma otuz manat verməyə qüvvətin çatar. İndiyə qədər mən səndən pul istəməmişəm, indi otuzca manat yol xərci istəyirəm.
Atam tərs adam da olsa, bu səfər məni diqqətlə dinlədi və iki barmağı ilə qulağının içindən bir tük dartıb dedi:
– Ay oğul, axı otuz manat bir igidin mayasıdır, bunu necə verim?
– Nə olar ki? Mən də sənin oğlunam, mənim də bir arzum var…
Yaş məni boğdu, sözlərim yarımçıq qaldı. Atam qəti də olmasa razılıq verdi. Sabah pulu alsam, bir həftədən sonra yola düşərəm. Anam başqa cür davranır.
– Qorxma – deyir, – atan verməsə, mən sənə pul taparam.
Vallah yaxşıca arvaddır! Yəqin sandığında pulu var. Axı müsəlman arvadlarında xoruz səsi eşitməmiş pullar olur, görürsən, cındıra bağladı, sandığın küncünə atdı. Xülasə, gedirəm. Kefim kökəlir. Anam deyir:
– Bala qürbət ellərdə din-məzhəb sözləri danışma, başına iş açarlar, yazığam.
Məclislərdə mollalarla mübahisə etdiyimi anam bilir. Atam kəndə alış-verişə gedəndə adət üzrə xeyir-şərə mən gedirəm. Məclisdə molla başda oturur; onun yanında oturmağı kimsə özünə yaraşdırmadığı üçün ətrafı həmişə boş olur. Adətlərə zidd getmək məndə bir xəstəlikdir. Qapıdan girib, düz yuxarı başa keçirəm. Bu “xətama” qarş xalq2 bir şey söyləmir – “gəncdir, anlamır” – deyirlər. Lakin mənim dini mübahisələrə girişib, dinsiz mülahizələr yürütməm heç kəsin xoşuna getmir. Bir məclisdə ətəbatdan3 yeni gəlmiş bir mollanın bilgisini yoxlamaq məqsədilə ondan bir məsələ soruşdular:
– Pişiyin tükü niyə pakdır, itinki murdar? – dedilər. Gənc molla məsələnin çətinliyini duyaraq qızardı, dili belə dolaşdı. Pişik haqqında rəvayət olunan hədisi söyləsə də, məclisi qane edə bilmədi. Axırda köhnə mollalardan biri məğrur bir şəkil alaraq dedi:
– Həzərat, molla olmağı asan bir iş bilməyin. Bu cavanın molla olmasına hələ çox qalıb. Gərək bu, müctəhidlər tərəfindən cild-cild yazılmış kitabları oxusun, püxtə mollalar məclisində olub, mübahisələrdə bişib çıxsın. Onda o xalis molla ola bilər… İndi verilən məsələ barədə ağalara ərz edim. Mötəbər risalələrdə belə yazırlar: allahü-təbarəkə və taala Adəmi yaradanda, məlumunuzdur ki, şeytaniləin tüğyan etdi, büxl və həsəd büruzə verdi. Hətta xaliqi-üləmyəzəlin4 hüzurunda cürət edib, adəmin heykəlinə tüpürdü. Şeytaniləinin tüpürcəyi gedib Adəmin qarnının üstə bənd oldu. Allah-taala buyurdu, o tüpürcəyi Adəmin qarnının üstündən qazıyıb atdılar. Onun yerində göbək əmələ gəldi və atılan torpaqdan da it vücuda gəldi… İt şeytanın tüpürcəyinə qa-rışmış torpaqdan nəşvü-nüma olduğu5 üçün murdar heyvan sayılır. Mötəbər kitablarda belə yazılmışdır…
Molla böyük bir qürurla sözlərini bitirib, məclisi başdan-ayağa süzdü və hər tərəfdən “Afərin!” sədası eşitdi.
Mən özümü saxlaya bilmədim.
– Axund, – dedim, – nə vaxta qədər bu yazıq camaatı boş nağıllarla bəsləyəcəksiniz?..
Bunuca deməyə müvəffəq oldum – müridlərin mırıltısı sözlərimə xitam verdi. Vəhşi gözlər parıldadı, bardaş quranlar qalxıb dizi üstə oturdu, dizi üstə oturanlar qalxıb bardaş qurdu. Məclisdə tühaf hərəkətlər görüldü. Tapançaya belə əl atan oldu. Bu əsnada, “Həzərat, aram!” – deyə mollanın səsi eşidildi:
– Bu cavan rus məktəbində oxuyur, dini-mübinə lazımınca vaqif deyil, cahildir. Günah bunda deyil, bunu kafir məktəbinə yollayan valideynindədir.
Mən yenə etiraz etdim. Başqa xalqların tərəqqi etməsindən, bizim geridə qalmamızdan bəhs edərək, məclisin bir hissəsini öz tərəfimə çevirə bildim.
Bu vəqə əvvəl şəhərdə bir qələyan6 törətdi, sonra xalqın qulağı doldu. İndi artıq mənim məclislərdəki etirazlarım təbii kimi görünür. Yalnız anam mənimlə razılaşmaq istəmir.
– Camaat avamdır, səni öldürər, – deyir. Mən anamın ehtiyat etməsinə için-için gülürəm. Ölüm nə deməkdir? Gənclik vulkanından qopan bir qığılcım!
24 mayis. Bu gün gəzməyə getmişdik. Bərk yorulmuşam. Axşam saat doqquz. Yuxu gözümdən tökülür… Gecəniz xeyrə qalsın!
25 mayis. Dünənki gəzmək pis keçmədi. Şəhərin7 ətrafında görmədiyim bir çox yerləri gördüm. Ləzzəti damağımdan getmir. Qəribə burasıdır ki, burada doğulub, iyirmi il də yaşamışam, hələ bu gözəl çeşmələrə, bağlara, kahalara rast gəlməmişdim. Çıxmaq istədikdə həmişə anam demiş:
– Bala, ölkə xarabdır, görürsən nələr olur, uşaq götürüb qaçırlar, namusuna sataşırlar… Allah eləməsin!.. Ölərəm!.. Çıxma, bir şey də olmasa, adına pis söz deyərlər.
Biçarə arvad məni bu iyirmi ilin müddətində qız kimi qorumuş. “Bala, məktəbə gedəndə həmişə küçənin ortası ilə get-gəl, şənliksiz küçəyə ayaq basma, səni xoş dindirənə sərt cavab ver!” – deyə öyüd vermiş…
İndi artıq “kişi” olmuşam, bığ və saqqalım cücərir; yavaş-yavaş yoldaşlarımla gəzməyimə müsaidə olunur.
İyirmi illik məhbəs həyatı! Gəncliyin ən şehli və təravətli vaxtlarını müsəlmanların qorxusundan damın altında keçirmişəm… Mən qız deyiləm ki, mənə həsrətlə baxırsınız. Qoy qızlar baxsınlar, pak ürəkləri də döyünsün! Gedirəm. Müsəlmanların üzündən qurtaracağam. Anam mənə alt paltarı tikir. Sabah gedib özümə çamadan və başqa yol şeyləri alacağam.
26 mayis. Yağışlıqdır, bazara gedə bilmədim. Dumandan göz-gözü görmür. İnsan sıxıntıdan bağırmaq istəyir. Sabahdan kitablarımı toplayıb, sandığa qoydum ki, mən gedəndən sonra əl-ayağa dolaşmasın. Anam mənə baxaraq “ah” çəkirdi. Deyəsən, gözləri də yaşarırdı.
– Bala, – deyir, – kitablarını belə görəndə ürəyimə pis gəlir.
Xırda bacılarım da anama baxıb onlar da ağlamsınırlar. Avam yazıqlar! Kağız-dəftərlərimi də yığışdırdım, arasında bir lazımlı şey tapmışam, onu da özümlə Aşqabada aparacağam. Onun adı “Murad hürufatı”dır. Mənim adımla adlanır. Bu hürufatı bir il bundan əvvəl icad etmişəm. “Murad hürufatı” ilə hər nə yazsan, yazıldığı kimi oxunar. Basması ayrı və yazması da ayrı cürdür. Soldan sağa yazılır. Bir səsin bircə şəkli var… “Şərqi-rus” qəzetindəki “Məhəmməd Ağa xətti” buna nisbətən çox geridə qalır, çünki ərəb hərfini islah etməklə xəstəlik bitmir. Mənimki isə məsələni kökün-dən həll edir.
Bu hürufatı gənclər arasında yayıram.
27 mayis. Şəhərimiz ikiyə ayrılır: qərb tərəfində ermənilər, şərqdə müsəlmanlar yaşayır. Qocaların nağılına görə əvvəllər ermənilərlə müsəlmanlar qarışıq yaşamışlar. İkisinin də adət və ayinləri bir imiş: bir-birinə də “dinayrı qardaş” deyərmişlər. Müsəlman uşaqları sünnət olunarkən çox vaxt ermənilər kirvə olarmışlar. Atam deyir ki, məhərrəmlikdə müsəlmanlar dəstə təpərkən erməni çocuqları da dəstəyə girib “Heydər, Şəftəl!” deyərmişlər. Müsəlmanlar erməni pirlərinə nəzir edib, qurban aparırmışlar. Bir gün Çətənə Məmməd adlı birisi gecə gedib erməni kilsəsinin zəngini vurur. Ermənilər tökülüb zəngi vuranı axtarırlar, tapmırlar. Keşiş gəlib çıxır. Çox düşündükdən sonra zəngin qeybdən vurulmasına qane olurlar. Qoca bir erməni də göydən nur endiyini gözü ilə görmüş deyə, şahid keçir. Hər kəs möcüzəyə inanaraq kilsəyə dolub ibadətə başlayır. Baş qarışıqlığından istifadə edən Çətənə Məmməd ermənilərin başmaqlarını qapıdan yığışdırıb çuvala doldurur… Sabah, deyirlər, başmaqları erməni kəndinə aparıb, toyuq-cücəyə dəyişir.
Ermənilər əlli il bundan əvvəl belə avam imişlər, müsəlmanlar da onları həmişə qapazlamışlar.
İndi ermənilər müsəlmanlardan ayrı yaşayırlar. Abad məhəllələri, gözəl küçələri, kaşanə evləri var. Şəhərin bütün ticarəti onların əlindədir, hər sahədə sənətkarları, mütəxəssisləri və elm adamları vardır. Qız və oğlanlar üçün ibtidai və orta realnı məktəblər açmışlar. Məktəbə getməyənləri yoxdur. Hökumət və şəhər müəssisələri də erməni məhəlləsindədir.
Müsəlmanlar isə köhnə “çətənəliyində” davam edir. Bir “rus-tatar məktəbi”ndən və bir neçə mollaxanadan başqa bir şeyə malik deyilik… Məhəllələrimiz tamamilə xərabədir: erməni sərhədindən aşağı lağımların üstü örtülmədiyi üçün iydən nəfəs çatlayır, küçələrdə işıq yox, gecələr hərə öz fanusu8 ilə çıxır… Adamlar da ki, qurda dönüb bir-birini yeyir: adam öldürmək adi bir şəkil almışdır… Tam bir cəhalət! Mədəni səviyyəmizi ölçmək üçün bunu bilməlidir: realnı məktəbdə oxuyan 300–400 tələbədən yalnız on beşi müsəlmandır, bunlar da bəy balalarıdır ki, dördüncü sinifdən yuxarı getmirlər; qızların da oxumaları şərən günah sayılır…
Şəhərdə, Peterburqda təhsil görmüş bir doktordan, dəftərxanalarda bir neçə mirzədən başqa ziyalıya müsəlmanlar malik deyillər. Bir dənə dülgərimiz, bir dənə dərzimiz yoxdur. Papaqçı, dəmirçi, nalbənd, başmaqçı və şərbafdan başqa sənətkara gümanımız gəlmir… Yerdə qalanı zırrama, ağzı dualı qulibiyabanilər…
Bu gün çamadan alıb hamballa erməni məhəlləsindən enirdim, bir də küçədəki baqqalın biri üzünü mənə çevirib:
– Şəhərimizdə bir maral var idi, o da gedib, bizi yetim qoyur, – dedi və köksünü çəkdi. Baqqalın komplimenti mənə güllə kimi əsər elədi; qan beynimə vurdu. Dükana tərəf sıçradım, baqqal qaçdı. Əlimə tərəzi keçdi, götürüb tabaqların üstünə tolazladım, qatıq qablarını bir-birinə qatıb sındırdım… Bir qoca kişi gəlib məni sakit elədi:
– Qadan alım, sən nəcibsən, ona qoşulma! Allah onun bəlasını versin, dilinin yiyəsi deyil.
Bizim müsəlmanlar belə çirkin hərəkətlərin ustasıdırlar. Bunların əlindən cavan uşaqlar zardırlar. Təzə paltarda küçəyə çıxmaq mümkün deyil, rəngli üst köynəyi yasaqdır… Gördükdə hərə bir söz atır, adama tərəzi çalırlar…
28 mayis. Dünən axşam yoldaşlarım Həsən, Mürsəl və Rəcəblə bulvarda idik. Bulvar erməni hissəsinin cənub-qərb tərəfində yeni salınmışdır, dağa doğru dolama xiyabanları, gözəl yay klubu, qəhvəsi var, yanında realnı məktəb üçün möhtəşəm bir bina yapılır.9 Aşağıda, yaşıl ağaclar arasında gizlənən rəngarəng taxtapuşlu, məğrur kilsəli şəhər, dağlarla əhatə olunmuş; buludlara dalmış Murovla çılpaq Bağrıqan arasındakı açıqlıq minbir rəng çalır… Bu mənzərəyə tamaşa etdikdə, sanki ruh böyüyür, qanadlanıb göylərə doğru uçmaq istəyir…
Yoldaşlarıma dedim:
– Uşaqlar, bilirsiniz, şənbə nə təhər olsa gedirəm.
Hamı mənə qibtə edər kimi üzümə dik baxdı. Mürsəl gülə-gülə:
– Bu xarabanın üzündən qurtarırsan. Görək biz başıdaşlı bu üç ay yayı necə küllənəcəyik.
Doğrudan da, qışda başımız dərsə qarışır, yayda isə insan darıxır.
Həyatımız bir həyat olsa, insan səfalı bir yerdə darıxarmı? Həyat bir həyat deyil. Müsəlmanıstanın dedi-qodusundan baş götürüb bulvara qaçırıq, burada da mənəvi rahatlıq yoxdur. Hansı tanış erməni qızına yanaşırsan, ətrafdan sənə min daşnaq gözü ağardırlar. Müsəlmana erməni qızı ilə gəzmək yasaqdır!
Canım, bu milli ədavət nəyə lazımdır? Əsrlərdən bəri bir yerdə yaşaya-yaşaya gəldik, dost və qardaş yaşayışına nə üçün davam etməyək? Xülasə…
Həsən dedi:
– Burada könülaçan bir şey yoxdur, gəlin, dağın başına çıxaq.
Razı olduq. Rəcəb getmədi. Dağa dikləndik. Bulvarın hasarını aşıb yuxarı çıxdıq. Sıldırım bir qayada oturub ayaqlarımızı aşağı salladıq. Qarşımızda dərin və qorxunc bir uçurum var idi. Dibində, iki dağın arasındakı çay ayın şüasında sınıq güzgü parçasını andırırdı. O tayda ətrafı meşə ilə bürümüş Topxana sükut içində idi… Sağ tərəfdəki Kirs qarlı başını göylərə yüksəldib sanki ulduzlarla dərdləşirdi. Bu əzəmətli mənzərə qarşısında üçümüz də susub qalmışdıq. Bu halda çayın qaranlıq dərədən yüksələn əsrarəngiz şırıltısı: “Dünyada yalnız bircə dəfə yaşanılır” – deyə mənə anlaşılmaz kədərlər təlqin etdi.
Bir də kim isə aşağıda yanıqlı səslə oxudu:
“Qırıldı bülbüllər, boş qaldı bağlar”.
Xəstə ürəklərimizə atəş səpildi – için-için yandıq. Nədənsə səs qırılıb yarımçıq kəsildi.
– Amandı, Həsən, yandıq! – deyə Həsənə yalvardıq. Onun gözəl səsi var idi. Başladı:
“Xumar-xumar baxmaq göz qaydasıdır,
Lalə tək qızarmaq üz qaydasıdır,
Pərişanlıq zülfün öz qaydasıdır,
Nə badi-səbadan, nə şanədəndir.”
Bu halda Rəcəb böyürdən çıxdı. Qəmli bir halda oturub başını aşağı saldı. Məsələni duyduq. Həsən gülə-gülə:
– Dostum, – dedi, – deyəsən, qızla gəzməyə yenə ermənilər razı olmayıblar?
Rəcəb dinmədi. Mən Həsənə göz vurub başladım:
– Canım, qız bunu istəyir, bu da qızı. Bilmirəm bu ortaya girənlər nə deyir?
Rəcəbin yarası qanayan kimi oldu, başını dik qaldırıb söyə-söyə:
– Vallah, bilmirəm bu köpək uşaqları bizdən nə istəyirlər?
Rəcəb sözlərini elə məzəli qeyzlə bitirdi ki, gülməkdən az qaldı qəşş edək.
Həsən sual verməyə başladı:
– Axı bu gün görüşəcəkdiniz, bəs necə oldu?
– …
– Mən ölüm, necə oldu?
Rəcəb bir az gülümsünərək:
– Əşi, görüşəcəkdik; demişdi, aşağıda, ağacın altında gözlə gələcəyəm. Məktub verəcəkdi… Bir köpəkoğlu dəllək şagirdi bizə göz verdi, işıq vermədi.
Rəcəb sözünü bitirib yenə qəmlənərək başını aşağı saldı.
– Deməli, məktubu ala bilmədin?
Rəcəb yavaş səslə:
– Aldım.
– Bəs niyə gəzmədin?
Rəcəb yenə qeyzlə:
– Əşi, deyirəm dəllək göz verdi, işıq vermədi.
Mürsəl gülə-gülə:
– Deməli, dəlləkdən qorxdun, hə?
İndiyə qədər cürətsiz görünən Rəcəb Mürsəlin sözündən alovlandı:
– Yox bir, öldüm! Vallah, beşi yığılsa, arxa yerə vermərəm. Qızın xatirəsi üçün dinmirəm: qorxur atasına xəbər versinlər ki, qızın müsəlmanla gəzir.
Rəcəb bir az susdu. Sonra birdən əlini çiynimə vurub dedi: