Kitabı oku: «Bir cavanın dəftəri», sayfa 3
– Murad, sən öl, bilirsən Hayqanuş necə qızdır?
Deyir:
– Rəcəb, bizi təqib edənlərdən zəhləm elə gedir ki, görməyə gözüm yoxdur.
Bunu erməni qızı söyləyir… Qəribə işdir. Deyirlər, qızla gəzən kim olur-olsun, istər sərsəri olsun, amma erməni olsun! Mən məktəb şagirdi, eyibliyəm, çünki müsəlmanam. Məntiq varmı? Nə vaxta qədər din, fəsad toxumu əkməkdə davam edəcək?
Dağdan aşağı enirdik. Saat on idi. Rəcəb hələ də Kərəm dədə kimi yanırdı. Onu danışdıran eşq havası idi.
29 mayis. Darvaza döyüldü. Gedib açdım. Xudu idi. Xudunu tanıyırsınız – qəssab Kərbəlayı Vəlinin oğludur. Sənəti sərsərilikdir. Ən böyük məharəti: məhəllədəki baqqal dükanının qabağında mərcə gedər.
– On xiyar yeyim, pulunu ver!
– Yeyə bilməzsən.
– Yeyərəm!
Doğrudan da, yeyər, zorla da olsa yeyər. Şəhadət barmağını tərpədərək beş girvənkə tut yeyər, üstündən də bir neçə girvənkə qıcqırmış qatıq içər. Bu böyük bir məharət deyilmi?
Xudu məni görcək boynunu çiyninə qoydu:
– A bəy, – dedi, – başına dönüm, toyuğum qaçıb, buraya girib, qoy gəlim tutum.
Mən heyrətlə:
– Toyuq buraya haradan gələ bilər – dörd tərəf uca barıdır?
Xudu yalvarar bir sifətlə:
– A bəy, vallah, əlimdən uçdu.
Acığım tutdu, həm də gizlicə güldüm. Biçarə Xuduya yazığım gəldi. Xudu öz aləmində məni sevmiş. Mən bunun məhbubu olmuşam. Ha-ha-ha! Məni görmək istəyəndə gələr toyuğu divardan içəri atar, sonra da ağlamsına-ağlamsına qapını döyər. Toyuğu tutmaq bəhanəsi ilə məni ziyarət edər. Doğrusu, bu sətirləri yazmağa utanıram. Qorxuram dəftərim ələ düşə, rüsvay olam. Amma bu sirlərdən kimsə xəbərdar olmaz, zənnindəyəm, çünki dəftəri həmişə çamadanda saxlayıram, açar da özümdə olur.
Əvvəl Xuduya acığım tutdu, onu döymək istədim. Sonra vaz keçdim. Acığım soyudu, bir az da ona yazığım gəldi. Xudu kimdir?! Xudu müzür bir mühitin meyvəsi! Qadınları çarşabda olan bir cəmiyyətin üzvü Xududan artıq olmaz ki…
Toyuğu tutub Xuduya verdim və sərt bir sima ilə:
– Xudu, – dedim, – bir də toyuğun uçub bizim həyətə düşsə, səni buradan sağ buraxmayacağam. Bunu dürüst bil!
Xudu bərk qorxdu. Üzümə baxmağa belə cəsarət etmədi. Çıxdı. Arxasından darvazanı bərk çırpdım… Nədənsə sonradan əsəbiləşdim. Bədənim əsməyə başladı.
* * *
Camaşırım hazırdır. Şənbə günü gedirəm. Anam yol üçün suxarı və fətir də bişirəcək. Zarafat deyil, mən anamın ən böyük oğluyam. Çocuqluğumda məni atıb-tutub deyərmiş:
“Mən anamın ilkiyəm,
Ağzı qara tülküyəm”.
İndi belə bəzən başımı dizinin üstünə qoyaram, eyni sözləri təkrar edər. Mənə bəslədiyi eşqini anam yalnız bu sözlərlə ifadə edər. Bizim analarımız səs-küy və şöhrət bilməzlər. Məhəbbətlərinin zahiri əlamətləri belə yox kimidir. Bir dəfə də olsun anamın məni öpməsini xatırlamıram. Amma xəstə oluramsa… yatağımın ətrafında pərvanə kimi dolanar, gecə yuxu, gündüz rahatlıq bilməz. Belə analar sevilməzmi?
30 mayis. Gecə saat iki. Yenicə yatağımdan qalxıb, çırağı yandırmışam. Gözlərimə yuxu gəlmir…
31 mayis. Kefim yoxdur. Yuxusuzluqdan rəngim qaçmış, hava da könlüm kimi pərişandır; göyün qara buludları qəlbimin qüssədən qaralmış qanına bənzəyir…
Bu qədər mənəvi əzabın səbəbi nədir? Oğru, əyri, yolkəsən, avara, uşaqlara sataşan həp bizdən!
Mənim şəxsi tərbiyəm, qanacağım, ləyaqətimlə uğraşan varmı?
– Kimdir, müsəlman?
– Kafi!
Başqa şey arayan yoxdur. Əminəm ki, bir İvanın və ya Henrixin oğlu olsaydım, ən böyük hörmətə nail olardım. Nə edim ki, atam Məşədi Əbdül, özüm də Muradam…
1 həziran10. Gedib saçlarımı dibindən vurdurdum: indi ki, qızların məndən zəhləsi gedir, qoy büsbütün getsin. Mən ki, xoş rəftarımla onların rəğbətini qazana bilmədim, qara taleyimləmi qazanacağam? Sabah səfərdir, dərdlərim unudu-lar zənnindəyəm… Öz evimizdə belə yad olmuşam.
Ürəkdən danışmaz, gülməz, əylənməz, hər şeydən qorxardım. Atam məni tez-tez döyər, taleyim belədir, – deyə etiraz etməzdim. Yalnız ata deyil, çocuqları hər kəs döyər.
Şəhərimizdə on yeddi məhəllə var, hər məhəllənin bir məscidi və xüsusi həyatı var. Bir məhəllənin çocuğu o birisinə getdimi – döyərlər. Bu adətdir. Biz çocuq ikən həyatı yumruqsuz təsəvvür etməzdim. Ən gözəl tərbiyə çocuğu həyət hasarından kənara buraxmamaq idi. Mən də belə böyüdüm. Yoldaş yox, oyuncaq yox, bizimlə məşğul olan yox. Ətrafındakılara bir sual verdikdə:
– Az danış, başım getdi, – deyə cavab alardım. Çocuqluq şərəfim qırılar, daxili aləmimə çəkilib mənəvi yaralarımı qəmlə bəslərdim. Yadımdadır, bir dəfə bir araba qayırıb qarda gizlicə sürüşdüm. Şalvarımın arxası yaş olmuşdu – bu, sirrimi açdı. Məni bol döydülər, arabamı da sındırıb, dəmir sobada yandırdılar. Arabadan sonra bir həftə yasa batdım, xəlvət guşələrə çəkilib gizli-gizli ağlardım.
Beləcə, ətrafın zorbalıqları, vəhşəti, istibdadı qəlbimin şüşəsini sındırdı. Qəlbimdə daimi bir yaram var. Hər bir acı söz, acı rəftar ona toxunar, nalələr qoparar.
2 həziran. Sabah ertə hambal gəldi, şeylərimi götürdü ki, karvansaraya aparıb faytona qoysun – tək səbir gəldi. Şeyləri alıb hambalı yola saldılar ki, tək səbirdən sonra səfərə çıxmaq olmaz. Səbrin səfərə dəxli olmadığını anlatmağa qalxmışdımsa da, bir nəticə vermədi. Atam-anam çəkilib işlərinə getdilər, mən də bu avamların dərdini qəlbimə doldurub odlandım.
* * *
Bu axşam heç yerə getmirəm. Gülşəni dağılmış bülbül kimi pərişanam. Fəğan etmək istərdim, lakin fəğanımı dinləməyə müstəid bir adam varmı? Təkcəyəm, kimsəsizəm, fəğanım da təkcədir! Yeganə yoldaşım, bircə sirdaşım dəftərimdir. İndi pəjmürdə halımla onun qarşısında durmuşam. Kipriklərim göz yaşlarımı saxlamağa acizdir. Budur, odlu bir damcı əlimin üstünə düşdü, o birisi dəftərimi islatdı. Ağlayıram, bəli, acizəm, zəifəm. Bu göz yaşlarımdan bir düzüm yapıb səadət ilahəsinin gərdənindən assaydım da.
Ev pərişan; dava-dalaş, deyişmə, qarğış. Atam anamı döyür, anam da acığını qızlardan alır. Bu bəbəxt məxluqa qarşı yapılan zülmü gördükdə, insan dəli olmaq istəyir.
Bu qaranlıq məhbəsdən çıxdıqda bundan daha da qaranlıq küçəyə düşürəm. Vəhşi kişilər gözləri ilə məni yeyirlər. Fəna komplimentlərindən qızarıram, şaşıram, özümü itirirəm. Yenə xərabə evə dönürəm.
Ev pozuq, küçə pozuq, əcnəbilər arasında bizə yer yox. Məktəb bunlardan da xarab: dinirsən “tatarskaya lapatka” deyə başına çırpırlar. Tarix dərsi də ki bir şərəf əzabı – hər sətri xalqımıza və keçmişimizə bir tənə və istehza!
“Dərd çox, həmdərd yox, düşmən qəvi, tale zəbun!”
3 həziran. Xoruzbeçələrin banlayışı, sanki yeni bir aləmdən xəbər verirdi. Xumarlanan gözlərim alaqaranlığı süzür, məstliyində davam edirdi. Xoruzlar təkrar banlaşır, məni yuxudan ayıldırdılar. Dan ulduzu sönük şüaları ilə gözümə çarpdı, təbəssümlər göndərən kimi oldu. Cəld geyinib bağçaya endim. Quyudan su çəkib üzümə vurdum, ayıldım. Gözəl bağçam dərin bir sükuta dalmışdı. Yüzlərcə bakir libaslı qönçələr günəşin yaldızlı11 şüasını gözləmədə idi, zanbaqlar məğrur başlarını yüksəldərək səf çəkmişdilər; məni görcək təzim edən kimi titrəşdilər; rəngarəng pərvanələr həzar butaların ətrafına fırlanaraq rayihədən məst olmuşdular… Əlimdə bel əlvan çiçəklərin arasından keçərək, hər yeri yoxladım: alaqları dartıb atdım, kolların diblərini qazıb boşaltdım, quru budaqları qayçılayıb atdım.
Günəş göründü, bağçaya zər səpildi, ətrafı süsləyən şeh inciləri minbir rəng çaldı, çiçəklər nəşələr saçdı, altun qanadlı pərvanələr və arılar mizrabı simlərə vurar kimi güllüyü lətif təranələrlə doldurdular. Belə söykənib bağçanı heyrətlə seyr edirdim. Ürəyim birdən sıxıldı, qərib hislər duydum: acı bir nəşə qəlbimi yaraladı… Sinanın gözəl siması çiçəklər arasından yüksəlib gözlərimi əsir etdi…
* * *
Tam bir il (əsrlərcə uzun sürən bir il) əvvəl idi. Sinanı ilk dəfə görmüşdüm. Uzun boyu, al yanağı, qara atlaz saçları, xoş baxışı hala12 gözlərimin qarşısında cilvələnir. Onu görməmişdən əvvəl yuxusuz gecələr bilməzdim; qəlbimi viran etdi. İlk dəfə olaraq yeni həyat üçün ayıldım.
Kefim yoxdur, yaza bilmirəm. Sonu sabaha qalsın.
* * *
4 həziran. Çar hökuməti erməni kilsəsinə məxsus əmlakı almışdı. Bizim vəqf əmlakı da alınmış və indiyə qədər geri verilməmiş – bizimlə hesablaşan kimdir ki? Rusiyanın rus-yapon müharibəsi və inqilab kimi çətinliklərindən istifadə edərək ermənilər kilsə əmlakını geri tələb etdilər. Daşnaq firqəsi terrora başladı: günün günorta çağı hökumət məmurlarını küçələrdə öldürməyə başladılar. Şuşada da az adam qırmadılar. Şəhərə əsgər gəldi, idareyi-ürfiyyə elan olundu. Sina gələn kazak zabitlərindən birinin qızı idi. Osetin idilər. Ona ilk dəfə balkonda rast gəldim. Bu kifayət idi. O gündən etibarən o cazibəli sima varlığıma hakim kəsildi. Hər gün neçə dəfə balkonun altından keçər, onu görmək istərdim, bir gün də görməsəm dəli kimi olardım. Mənim üçün ən məsud dəqiqələr balkonun altında keçirdiklərim olurdu. Başqa vaxtlarım əzabdan ibarət idi. Məni heç bir şey maraqlandırmırdı – məktəb zindan, ev zindan, hər yer zindan idi. Nə yoldaşlarımın danışığı, nə evdəkilərin söhbətləri – heç biri məni məmnun etmir, biləks acığıma səbəb olur. Yazıq çocuqları mən də incitməyə başlamışdım.
Sina ilə tanış ola bilmədim, yəni fikrində də deyildim. Bütün mənəvi mükafatı yalnız onu görməkdə bulurdum.
Getdi. Bir müddət dərd içində çırpındım. Zaman unutdurdu. İndi çiçəklərlə bərabər yenə qoxulayır, yenə qəlbimə qonaq gəlir.
* * *
Axşam saat ondur. Evimizdə hamı yatmışdır. Bir bizdə deyil, şəhərdə “müsəlman” deyilən burunlu-qulaqlı bütün məxluq yatmışdır. Bunlar günün qulağı batandan bir saat sonra çörəklərini yeyib, namazını qılıb yatağa sərilirlər. Nə etsinlər – oxumaq, yazmaq yox, kitab yox, əyləncə yox… heyvani bir həyat…
Bağçanın bir guşəsində şam işığında oturub yazıram. Bilirəm, atam işığı görsə üzümü danlayacaq:
– Gecənin yarısına kimi də – deyəcək – çıraq yanarmı? Belə tələfxərclik olmaz ki, sən eləyirsən? Mən bir qəpik qazanınca can allaha verirəm, sən də mənə qəsd eləyirsən.
Bunlar atamın həmişə dediyi sözlərdir. Bu sözləri çocuqluğumdan eşidirəm:
– Ədə, pələsək vurma, başmaq yırtıldı!
– Ədə, ağaca dırmanma, şalvar yırtıldı!
– Ədə, az ye, çörək qurtardı!
Bu kimi ifadələrə qulaqlarımız alışmış. Bu sözlərin sayəsində cəsarətimiz qırılıb getmişdir. Ata-anamızdan bir əmr sadir olar deyə, kipriklərimizi qırpmağa belə cürət etməmişik. İndi iyirmi üç yaşım var (rəsmi kağızlarımda yaşım iyirmidir, bu doğru deyildir), hələ də atamın nüfuzundan qurtara bilmirəm. Neçə gündür avamlığı ilə başıma ip salıb oynadır: şənbə günü tək səbir gəldi, səfərimə razı olmadı; dünən saat xoş deyilmiş; bu gün “bəni yumə”dir, nəhs gündür, sabah qəmər əqrəbdə olacaq… Müsəlman il uzunu saat xoşladır, fala baxdırır, qurana istixarə etdirir. Axırda da hamıdan geridə, kirli və vəhşi bir həyat keçirir. Bizim sadəliklə işimiz yoxdur, hər şey mürəkkəb və dolaşıqdır. Bircə ayların adına bax: Məhərrəm əl haram, Səfər əl müzəffər, Şəvval əl mükərrəm. Bircə adam adlarına bax: Məşədi İmamqulu, Kərbəlayı Ocaqverdi, Hacı Yaftıməli… Bircə adətlərə bax: məhərrəmlikdə xəncər götür, öz başını vur-yar, qanın tökülsün, bədənini deşdir, dərindən qıfıl, güzgü, ox as… Hər şey dolaşıq, hər şey ağıl şaşırdacaq qədər axmaqdır…
Mən də bu çürük mühitin meyvəsiyəm. Qara suda bitmiş yarpız kimi, həm özümü, həm də başqasını acılayıram. Atam məndən dilgir, mühit məndən dilxor.
Evdə ağzımı açıb danışa bilmirəm:
– Sən danışma, heç bir şey bilmirsən! Böyüyün sözünə bax! – deyə hər tərəfdən ağzıma vururlar. Böyük də barı böyük ola. Yazıq ağzının çörəyini yeməyə qadir deyil. Özü də dünyada molla Səlimdən böyük, ondan müqəddəs bir sima tanımır. Onu görəndə səcdəyə düşür. Molla da müridlərin əhvali-ruhiyyəsinə gözəlcə bələddir – başlarına ip salıb istədiyi yerə sürüyür. Qəribə burasıdır ki, atam məni də molla Səlimə mürid etmək istəyir, deyir:
– Niyə ağanın yanına getmirsən, səni çox xəbər alır.
Deyirəm:
– Getmirəm, çünki mənim boynuyoğun və insafsız adamla işim yoxdur.
Bu sözlərimin üstündə atam bir dəfə az qaldı vurub məni öldürsün. Bir iri daş götürüb belimə salmaq istəyirdi, qaçdım, canım qurtardı. Atamın məndən zəhləsi gedir, məni laməzhəb bilir:
– Sən moltanısan, – deyir, – sənin allahın yoxdur.
Atam mənim oxumağıma əsla razı deyil. Məni məktəbə qoyan anam olmuş, sonra da özüm davam etmişəm. Atam molla Səlimin məsləhəti ilə məni məktəbdən çıxarmaq istəmiş, bacara bilməmiş. Dörd ildən bəri bu barədə atamla danışığımız olur; söyür, söylənir, çığırır, bağırır – əlindən bir şey gəlmir.
5 həziran. Sabah ertə yenə atamla sözüm çəp gəldi. İstehzalı bir təbəssümlə dedim:
– Ay dədə, bəs qəmər əqrəbdən nə vaxt çıxacaq?
Atam ciddi cavab vermək istədi, lakin istehzalı təbəssümümü gördükdə şaşırdı. Nə cavab verəcəyini bilməyib darvazaya tərəf gedi və sonra nə düşündüsə, geri döndü:
– Ədə, – dedi – atamın goru haqqı sənin məzhəbin-zadın yoxdur. Nə şəriət tanıyırsan, nə imam. Heç zad tanımırsan! Gör nə təhərdisə, molla Səlim ağa kimi kişi də səndən razı deyil.
Atamın sözlərini kəsdim:
– Sən molla Səlimin atasının goru, qoy oturum! – dedim, – molla Səlim yaxşı olsa, evində arvad sürüsü saxlamaz. Adam sözü danış!
Atamın rəngi üzündən götürüldü, çuxasının qolunu titrək əli ilə çirməyib üstümə yüyürdü… mənə yaxınlaşdıqda əllərini aşağı saldı. Mətanətli baxışım onu bir az da utandırdı:
– Çörəyim səni tutsun! – deyə kişi başını aşağı saldı və yavaş-yavaş geri çəkildi.
Deməli, nə vaxt gedəcəyim yenə bəlli olmadı…
Anama deyirəm:
– Ay ana, bəs məni nə vaxt yola salırsan?
Deyir:
– Belə olsa, heç vaxt.
– “Belə olsa” hansıdır? – deyə ehmal soruşuram.
Anam acıqlanır:
– Özünü xora-xoşa qoymusan, yekə kişini uşaq kimi ələ salıb oynadırsan, üzünə ağ olursan. Sonra da deyirsən, günahkar odur.
Gülmək məni tutur, anam daha da acıqlanır.
– Dişi pişik kimi hırıldama! – deyir.
Gülmək məni götürür. Gülürəm. Axırda rişxəndli bir qayda ilə cırıq arxalığının qolundan yapışıb, yuxarı qaldırıram, yenə gülürəm. Anam da gülür və qolunu dartıb məndən qurtarandan sonra:
Ücretsiz ön izlemeyi tamamladınız.