Kitabı oku: «Varlıq və Yoxluq Arasında», sayfa 5
Yandakı reklam lövhələrinə sataşdı gözü təkrar. “Mən xərçəngə necə qalib gəldim!” deyə bir reklam gördü və əsəbləşdi. Reklamda bir qadının gülən üzü var idi Sanki həyat ölümdən daha gözəlmişcəsinə xərçəngdən qurtulmağı qalibiyyət adlandırırdılar. Digər reklamlar ona son iş yerlərindən birində divara yazılan yazını xatırlatdı: “Birinci məqsədimiz: müştərini məmnun etməkdir”. Müştərini xoşbəxt etmək üçün lazım olan hər yol qəbuldur. Biznesdə makiavellizm.
“Daha çox işlə daha çox oyna” sözünü xatırladı, bəlkə də “daha az işlə daha az oyna” olmalıydı düzgün forması, ya da “oynamasan qazanmarsan” sözü “oynamasan uduzmarsan” olmalıydı. Yaşamasan əzab çəkməzsən. Bütün yollar ölümə aparırdı.
Bu ölkənin iqtisadi yaşam tərzi ona heç uyğun deyildi deyə düşündü. O çox işləmək istəyənlərdən deyildi. Ancaq yenə də sevirdi bu ölkəni. Qarışıq irqliliyi. Kiçik dünya kimi. Yoldan keçən insanlara baxdı. İmiqrantlar və fərqli irqlər. Çinlilər, hindlilər, ərəblər, meksikalılar, braziliyalılar, avropalılar. Hər gün nə qədəri gəlirdi. Sanki dünyanın bir ucu boşalıb o biri ucu dolurdu. İş səbəbilə imqirasiyalar. Bir gün ölkələr yox olub yerlərini şirkətlər alacaqmı görəsən? Onsuz da Amerika ölkə yox, şirkət idi. Prezidentləri də biznesmenlər. Gələn yeni imiqrantlara iş icazəsi verilir və vergiləri alınırdı. 80’lərdən sonra daha da çox şirkətləşmişdi Amerika deyə düşündü, Ronald Reagan və neoliberal addımlar. İqtisadi globalizmin və sosial ədalətsizliyin artışı.
Bayaq yanından keçən o gözəl qızın qarşıda oturduğunu gördü. Görəsən xoşbəxtdirmi deyə düşündü. Əlbətdəki xoşbəxt olacaqdı. Amerikada sanki xoşbəxtsənmi sualına yox cavabı verənləri gilyotinlə öldürürdülər. Hamı hə deyirdi. İnsanların həzz mexanimzasıyla idarə edildiyi Amerika qitəsində Huxleyin ruhu dolaşırdı və Orwel ölmüşdü.
Ürəyinin belə dərindən sıxıldığı anlarda tək şeyi arzulayırdı, bir düymə olsaydı da və basan kimi ağrısız ölsəydi. Çünki insanı ölümdən uzaq tutan əsas şey ölümün fiziyoloji yox psixoloji ağrısıdır. Ancaq ani bir düymə hər şeyi dəyişə bilərdi və elə olsaydı yəqin onsuz da insanların yarıdan çoxu ölərdi. Dünya qəbirstanlığa çevrilərdi.
Qarşı yoldan keçən bir qadının üzünə ilişdi baxışları birdən. Sanki ailəsindəki bütün yoxsulluqlarına, kasıblıqlarına və ümidsizliklərinə baxmayaraq dik durmağa çalışan və qarşıdan gələn bayramı üstlərinə çökmüş bədbəxtliyi uşaqlarına hiss etdirmədən yola verməyə çalışan bir ana üzü gördü qadının üzündə. Bu bayram uşaqlara hədiyyə alınmayacaqdı, son bayramda və ondan əvvəlkində də olduğu kimi. Amma gələn bayramda alınacaqdı. Mütləq. Çünki tanrı bu qədər mərhəmətsiz ola bilməzdi. Gələn bayram çox yaxşı olacaqdı. Ancaq bu bayramın bədbinliyini uşaqlara hiss etdirməmək lazımdı. Onlar hələ çox kiçikdirlər.
Qadına baxdıqca ürəyi parçalandı. Uşaqlığını və yoxsulluqlarını xatırladı. Bədəni istiləndi. Mərhəməti gözlərinə vurdu və gözləri islandı. Kişilərə məxsus ustalıqla göz yaşını əliylə silmədən qurutmağa çalışdı, bacarmadı. Xilas olmuş bir damla sol yanaqdan aşağı doğru süzüldü. Durub qadını qucaqlamaq istədi. Ancaq həyat o qədər də gözəl deyildi ki, yoldan keçən istədiyin hər insanı qucaqlayıb ağlaya ya öpə biləsən. Qadının məğrur baxışları altında bir çarəsizlik gizlənirdi. Düşüncəliydi. Bəlkə doğuştan xəstə bir uşağını bəlkə bu gün yeməyə üç kartofdan başqa heç nə qalamayan evdə nə hazırlayacağını düşünürdü.
Üzünü çevirdi. Laranı xatırladı. Neyləyirdi görəsən. Evdəydimi. Yenidən kefi pozuldu. Heç tanış olmamış olsaydı, görməsəydi, o gün orada olmasaydı deyə düşündü. Bir gün içində ona sanki vurulmuşdu. Birdən-birə evdən qaçıb çıxaraq bəlkə də ona qarşı düzgün hərəkət etməmiş olduğunu düşündü. Ancaq sanki onun yanında olduğu hər müddətcə ona daha da bağlanırdı. Düşünmək üçün qaçıb çölə çıxmışdı.
Yenidən yerə uzandı və gözlərini yumdu. Səhər isti olan hava indi bir anda dəyişmişdi və günəş buludların arxasında gizlənirdi. Soyumuş hava kefini pozdu. Bir qədər mürgülədi və sonra otların üstündəcə yuxuya getdi.
Poe və Emerson’un ruhunun dolaşdığı bu ziddiyətli şəhərin qoşatəbiətli bədbəxtliyi getdikcə üstünə çökür, bu bəs deyilmiş kimi üstünə bir də soyuq və bom-boz payızın ağırlığı yüklənirdi. Buralardan getməliydi. Ya da bu şəhərin onu öldürməsinə razı olmalıydı.
6
RIÇARD
Bir müddət sonra küçədəki inşaatın səsi onu oyatdı. Qısa müddət ərzində dərin yuxuya gedə bilmişdi. Gözlərini qıyaraq yavaşca və azca açıb ətrafa baxındı. Bir qədər uzanmış vəziyyətdə gözlədi. Dikəldi. Yüngül baş gicəllənməsinin keçməsini gözlədi. Alçaq təzyiq problemi var idi. Ayağa durub həmişə getdiyi o parka doğru yollandı.
Parkın ortasındakı hündür heykəlin olduğu kiçik təpəyə getdi. Adətən gənclərin yığışıb oturduğu yer idi. Ot çəkənlər və satanlar olurdu. Həmçinin hündür heykəlin şəklini çəkməyə gələn turistlər, uşaqlarını ya itlərini gəzdirənlər, idman edənlər, oturub kitab oxuyan ya söhbət edənlər və s. Heykəlin başına bir dəfə fırlandıqdan sonra boş oturacaqlardan birini seçib oturdu. Gəlib keçənləri izlədi. Tam qarşısında oturub ot çəkən yeniyetmələrə baxdı, onların xoşbəxtliyini qısqandı. Qibtə etdi. Bir müddət onlara baxdı və ortada oturan gözəl gülüşlü qızın təbəssümündə itdi. Bir qədər sonra gənc qızın ehtirasının yaratdığı xəyaldan oyanıb əlini cibinə atdı, son oxuduğu kiçik kitabçanı çıxarıb oxumağa başladı.
Kitab oxumağın bütün məntiqi səbəblərindən əlavə, son vaxtlar sadəcə reallıqdan uzaqlaşmaq, beynindəki keçmişlə bağlı xatirələrdən bir an belə olsun yayınmaq üçün oxuyur du. Bu günlərdə oxuduğu vaxtlara nifrət etdiyi anlar olurdu. Həddindən artıq kitab oxumağı kasıbın əyləncəsi adlandırırdı. Ucuz əyləncə. Ən çox kitab oxuduğu aylar ən yalnız qaldığı aylar idi və bu fakta nifrət edirdi. Əgər xoşbəxt olsaydı bu qədər oxumazdı bəlkə də. Bədbəxtliyindən bu qədər oxuduğunu düşünürdü. Yenə də bəzən bitməməsini istədiyi kitablar olurdu, bədbəxtliyindən deyil sevdiyindən oxuduğu. Qərarsız və doymaz xisləti nəticəsində yarım buraxdığı yüzlərlə kitab var idi, digər yarım buraxdığı hər şey kimi.
Çox düşünən insan reallıqla əlaqəni itirir və illuziyalar dünyasında yaşayır deyirdi Alan Watts. Haqq verirdi ona, çox düşünən insan ya gələcək ya keçmiş ya da fikirlərin illuziyasında yaşayır. İndidə, anı yaşamaq üçün düşünməməlisən. Oxumaq ən azından onun fikirləşməsini dayandırırdı. Öz keçmiş ya gələcəyindən uzaqlaşdırırdı. Bir neçə saatlıq belə uzaqlaşdıra bilirdisə kitab onu öz reallığından, sevinirdi. Bir neçə saat fikirləşmədən, əzab çəkmədən keçmişdi.
Ümumiyyətlə, sadəcə oxumağın deyil, yazmağın da səbəbini yalnızlıq olaraq görürdü. İnsanlar yalnızlığa məhkum idilər. İnsanlar həm birlikdə yaşamağa, həm də təkliyə məhkum idilər. Taleyin ironiyası. Başqa bir insanı anlamaq həddindən artıq yorucuydu, onun iç dünyasına girmək və başa düşmək. İnsanı tamamilə başa düşəcək başqa birini tapması çətindir. O adam onun üçün bəlkə də Lara idi, bəlkə də sabah səhər şimal küçəsindən keçəcək olan o şəxs idi, bəlkə yox idi, bəlkə də Qodot idi. Dinlənilmək və başa düşülmək deyə düşündü, bütün insanların əsas dərdiydi. Tarixin səhifələrini bəzəyən qalın romanlar bəlkə də bunun ən yaxşı nümunəsiydi. Özü-özüylə yüzlərcə ya minlərcə səhifə söhbət edən dialoq quran yazarlar niyə yazırdı? Ədəbiyyat tarixi danışmağa yaxşı bir insan tapa bilməmiş yalnızlarla doludur deyirlər. Məsələ ətrafında kimərinsə olması deyil. Milyonlarca sevəni olan insanlar belə yalnızdırlar. Söhbət etməyə yaxşı bir dostları olsa bəlkə yazmazdılar, ehtiyaclarını danışaraq ödəyərdilər, bəlkə də yanılırdı deyə düşündü. Səhifəni çevirərkən oxuduğu səhifədə heç nəyi xatırlamadığını görüb yenidən eyni səhifəni oxumağa başladı. Oxumaq belə düşünməsini dayandırmırdı. O qənaətə gəldi ki insanlar yalnız qalmamaq üçün başqa bir insanla danışarkən dürüstlük və təsdiqlənmə arasında qalırlar. İnsanlarla heç vaxt tam səmimi ola bilməzsən, yoxsa həm söhbət edəcək kimsən qalmaz, həm də hamını incidə bilərsən onlar haqqındakı əsl fikirlərinlə. Ona görə də nəzakətli insanlar ən çox şirin yalan danışan insanlardırlar. Olanı deyil, qarşı tərəfin eşitmək istədiyini deyirdilər. Bunu yaxşı bacaranların çox dostu olurdu, bacarmayanların, ya da bunu etmək istəyənlərinsə az.
Yaşadığı köçəri həyat onu yalnızlaşdırmışdı. Hər dəfə bir yerdən köçdükcə bütün əlaqələri ilə sağollaşmış və yenilərini qurmuşdu və bir nöqtədən sonra o qədər uzaqlaşmışdı ki artıq özü belə yanında deyildi. Artıq tənha belə deyildi, daha da betər idi. İnsanların xoşbəxtliyinin ya da xoşbəxt hiss etmələrinin ən güclü faktrounun nə pul nə şöhrət, sosial əlaqələr olduğunu düşünürdü. İnsan, başqa bir insana və bir nöqtədən sonra daha da başqalarına möhtacdır. Eyni insanlar bir nöqtədən sonra darıxdırıcı gəlir, yenilərinə möhtacdır insan. Ən azından onun təbiəti eləydi, bir introvert üçün belə olmaya bilərdi. Sosial əlaqələri zəif olan, ya da ətrafında heç kim olmayan insanlar ona görə də süni sosial mühitlərin, sosial medianın, internetin aludəçisi olurlar. Bir qrup içində olmaq üçün darıxmışdı. Onu başa düşəcək bir qrup insanın içində olmaq üçün, ortaq maraqlara sahib olduğu bir qrup üçün, köhnə günləri üçün darıxmışdı.
“Yanında otura bilərəmmi dost?” deyə kimsə səsləndi birdən. Başını qaldırıb səslənənə baxdı və “aha, otura bilərsən” dedi. Otuzlu yaşlarında bir oğlan idi. İlk görünüşdən bir evsizə oxşatdı onu. Əmin ola bilmədi. Dodaqlarının və burnunun bir hissəsinin dərisi soyulmuşdu. Yanıq izinə oxşayırdı. Sağ qolunda diqqəti tez cəlb edən ağ sarıq var idi. Kürəyində qara bel çantası. Hündür boy, sarı saç, yaraşıqlı, üst-başı dağınıqdı. Oturub əlində nəyləsə məşğul olmağa başladı. Kitabını oxumağa davam edirdi ki oğlan yenidən səsləndi:
“Nə var nə yox, necəsən?”
“Belə də, sən necəsən”
“Nədir o, nə oxuyursan?”
Kitabın üzünü qaldırıb adını göstərdi. Oğlan gözünü qıyaraq baxıb kitabın adını oxudu “qav-raaa-yış, qavrayış qapıları, aldous huxley”.
“Necədi, necə kitabdı?” – ciblərində nəyisə axtara-axtara soruşdu.
“Yaxşıdı, yaxşı kitabdı”.
“Riçard, mənim adım Riçarddır, səninki nədir?” – əlini uzatdı ona Riçard. O da öz adını dedi, əl sıxışdılar. Sonra Riçard cibindən çıxardıqlarını qucağına qoyub nəsə hazırlamağa başladı.
“Ot çəkmək istəyirsən?” deyə soruşdu Riçard
Bir qədər düşündü. Beyin kimyasını dəyişdiyi üçün içkidən başqa bütün hər şeyi buraxmışdı amma ölümə gedirsə nə fərqi deyə düşünüb razılaşdı.
“Çox çəkənsən?” – Riçard soruşdu
“Bir ara təmiz buraxmışdım, beyin balansını pozduğuna inandığım üçün, ancaq sonra həyatımdan əlimi üzdükdən sonra çox daha çəkməyə başladım”
Riçard sarmaqla məşğul ikən ətrafa baxındı biraz. Riçard haqqında düşündü. Qısa müddətdə ondan xoşu gəlmişdi. Qəribə birinə oxşayırdı. Xoşniyyətli biri təəssüratını bağışlamışdı. Səsi olduqca mülayim idi. Ağladıqdan sonra göz yaşları qurumuş ancaq gözətrafı qızarıqlığı qalmış kədərli bir uşağı xatırladırdı. Üzü sanki mərhəmət üçün yalvarır, ancaq bir o qədər də bunu gizlədir, hələ yıxılmadığını, başının dik olduğunu göstərirdi. Onun hələ də bir evsiz olub olmadığını başa düşməmişdi. Qolundakı yaranın izləri sarğının biraz ətrafına daşırdı, yara olduqca pis görünürdü, görəsən nə yarasıydı, deyə fikirləşdi. Nədənsə söhbət açmaq istədi, bilmədi nə desin. Kitabdan son bir cümlə oxuyub səhifəni qatlayıb örtü. “Meskalin haqqındadır bu kitab, bilirsən meskalini?” deyə soruşdu.
“Meskalin? Hə, bilirəm meskalini”
“Yoxlamısan heç nə vaxtsa? Mənə maraqlıdı, yoxlamamışam amma”
“Yox, mən də yoxlamamışam” – dili ilə sarmanı isladıb kənarlarını yapışdırdı.
Riçard işini bitirdi, çantasını götürdü və “dur gedək, hazırdı, ancaq burda uşaqlar var, uşaqların yanında olmaz” dedi. “Bu mənim qaydamdı, uşaqlar varkən olmaz”
Qalxıb yamacları çəmənlərlə örtülü təpənin biraz kənarına doğru gedib oturdular. Riçard sarmanı ona uzadıb yandırmasını istədi, o yandırdı, dərin bir tüstü aldı və geri ötürdü. Təkrar Riçardı müşahidə etdi, olduqca nəzakətliydi.
“Bacım məni evdən atdı,” – dedi birdən Riçard. “Vodka içirəm deyə atdı məni evdən,” bir tüstü daha aldı və üzgün səslə davam etdi: “Gəldi gördü içirəm, qovdu evdən, indicə, bugün, ordan gəlirəm”
“Neyləmək istəyirsən bəs?”
“Bilmirəm, heç bir fikrim yoxdu, gedəcək heç bir yerim yoxdu”
Riçard dodaqaltı nələrsə mızıldanır, heyfislənir, amma anlaşılmırdı. Hələ də bacısının onu evdən qovmasının təsirindəydi. “Mən onlar üçün əlimdən gələni etdim, onlarsa belə etdi. İşləyirdim, əlimdən gəldiyi qədər kömək edirdim, al bu da nəticə, sadəcə çox içdiyim üçün qovdu məni”
Riçard bayaqdan bəri arxada oturan gənclərə baxırdı. Birdən onları çağırdı və nəsə problemləri olub olmadığını soruşdu. Onlar heç nə başa düşmədilər. “O bayaq yanınızda oturan uşaqlar sizi narahat etdilər sandım, onu soruşurdum” dedi onlara. Onlar da problem olmadığını dedilər. Üç nəfər idilər. İki gənc yerli qız və bir asiyalı oğlan, yeniyetməydilər. Çəmənlərin üstündə oturub söhbət edirdilər.
– O gedən üç nəfər qaradərili uşaq nəsə şübhəli görünürdülər, onları narahat etdiklərini sandım, gəlib yanlarına oturdular və nəsə dedilər onlara, bilmək istədim nə məsələdi. – Riçard ona məsələni izah etdi.
“Başa düşdüm” – deyərək cavab verdi. Sonra Riçard çan tasını açdı, bir şeylər götürdü və “Yaxşı çantadı bu” – deyə dilləndi.
– Hə, yaxşı görünür,
– Baxmaq istəyirsən içinə? Al bax, bu arxa cibi görürsən? Bura öz kompyuterini qoya bilərsən. Sonra, bu ipi görürsən burda? Onu çəkirsən kompyuterin qalxır yuxarı, əladı hə? Al, bax çək ipi.
Kompyuter üçün ayrılmış cib boş idi. O ipi Riçard istədi deyə çəkdi və bunun çox yaxşı düşünülmüş bir fikir olduğunu dedi. “Bahalı çantaya oşxayır,” – deyə davam etdi.
– Elədi, 240 dollar.
– 240?? O qədər pulu çantaya verməzdim yəqin
– Mən vermişəm demədim, – deyib gülümsədi Riçard.
Çantanın içində təkrar birşeylər axtarmaq üçün çabaladı, sonra davam etdi,
–Oğurlamışam.
–Necə?
–Sadəcə oğurladım, götürdüm və çıxdım. Aşağısında bağlı bir metal var idi, qırdım onu və çıxdım ordan.
–Başa düşdüm. Məni tutmuşdular bir dəfə oğurlayanda, oğurlaya bilməmişdim – gülərək Riçarda cavab verdi, – Tam qapıdan çıxanda iki nəzarətçi qabağımı kəsdi və mənə yaxınlaşıb yan otağa keçməyimi istədilər. Ağappaq olmuşdum, nə edəcəyimi bilmirdim. Onlarla otağa girdim. Bütün divarlarda təhlükəsizlik kamerasının çəkmiş olduğu oğurluq anları var idi, oğurlayanlar hansısa əşyaları tam ciblərinə qoyarkən çəkmişdilər. Ağ qara şəkillər idi, bir video kadrdan lentlər kimi. İndi yəqin o otaqda mənim də şəklimi vurublar divara – deyib yüksək səslə güldü.
Bir tüstü daha alıb sarmanı Riçarda ötürdü və davam etdi,
– Bilirsən nə oğurlamışdım? Paltar sabunu. Onlar sadəcə böyük qutunun içində iyirmi otuz ədəd kiçik sabunları satırdılar. Mənə isə sadəcə iki ədəd lazım idi. Qabı açdım və içindən iki ədəd kiçik sabun götürüb sonra qabı səliqəli formada geri qoydum. Bir də ondan əlavə, almış olduğum başqa ərzaqlar var idi. Kassada onları ödədim. Sabun cibimdəydi, sonra çıxanda dayandırdılar məni. İçəridə dedilər ki ciblərimi boşaldım, bir anlıq dayandım, həyəcanlıydım. Sonra cibimdən iki sabunu çıxarıb stolun üstünə qoydum. Baxdılar və gülməyə başladılar. Sonra mənə divardakı şəkilləri göstərərək “vodka, vodka” deməyə başladılar. Ortaq dil bilmirdik, ingiliscə də bilmirdilər, başqa bir ölkədəydim. Mənə “niyə vodka oğurlamamısan, o daha dəyərlidi” deməyə çalışırdılar. Mən də onlarla birlikdə gülməyə başlayıb vəziyyəti yumuşaltmağa çalışırdım. Əslində gülməyim gəlmirdi, təqlid edirdim. Sonra aralarında bir şeylər danışdılar, anlamırdım, biri otaqdan çıxırdı, saxladım “hara gedirsən” dedim anlamasa da, o da “menecer, menecer” deyə təkrarladı. Əllərimi ortada birləşdirib onların dilində “xahiş edirəm, xahiş edirəm” deyə təkrarladım. O da mənə alayarımçıq ingiliscəsiylə “mənim işim, mənim işim” deyə qarşılıq verdi və getdi.
Bir siqaret yandırdı, Riçarddan siqaret istəyib istəmədiyini soruşdu və səs tonunu dəyişərək əlavə etdi: “Yəqin onlar da tutduqları oğru başına pul alırlar. Yazıqlar oturub bütün gün kiminsə nəsə oğurlamasını gözləyirlər yəqin” deyib güldü, Riçard da ona qoşularaq güldü.
– Sonra polis gəldi.
– Polis?? – Riçard təəccüblü formada sözünü kəsdi.
– Aha, polis.
– Polis çağırıb əclaflar?! –Riçard təkrar sözünü kəsdi əsəbi formada.
– İşimdi deyirdi də, yəqin məcburdu. Passportumu istədilər. Mən də yataqxanadadı dedim, getdik bunların maşınında. Yataqxanada da hamı gördü ki iki polis məni otağıma aparır. Hamısına öz dillərində nəsə deyirdi polis, yəqin “baxın bu xiyar sabun oğrusudu” deyirdilər. Otağımdakı içki butulkalarını görüb onlar da niyə vodka oğurlamadığımı dedilər, cavab verdim ancaq anlamadılar. Cəza yazdıqları bir kağız verdilər, 20 dollar kimi bir məbləğ ödədim, getdilər.
Siqaretdən uzun bir tüstü aldı və sonra ağzının sağ kəna rıyla dumanı havaya buraxdı. Riçard çantasını açdı, vodka butulkasını götürdü. İçində səliqə ilə qatlanılmış paltarlar var idi. “Elə bunlardı əşyaların?” deyə soruşdu o, “Hə, sadəcə bunlar, vəssalam” deyə Riçard üzgün formada başını yellədi. Bir qədər sonra dilləndi: “Həyat bilirsən nədir? Yola getmə, razılaşma, qəbul etməkdir həyat. Vəssalam. Başqa nə edə bilərsən ki?” dərdli formada vodkasından bir qurtum aldı, “Olacaqları dəyişdirə bilərik? Yox. Olmuşları dəyişdirə bilərik? Yox. Vəssalam. Sadəcə yola gedirsən həyatla. Başqa heç nə edə bilməzsən.” Deyib susdu. Gəlib keçənlərə baxırdı. Arada dodağının altında birşeylər mızıldanırdı, ancaq onu başa düşmək olmurdu. “Elədi, haqlısan, sadəcə yola gedirsən və yola verirsən” deyə onu təsdiqlədi.
“Mən bacımı çox sevirdim, onun üçün hər şeyi edərdim, amma bax, o məni küçədə qoydu” deyib Riçard təkrar içdi. “Bacın üçün adam öldürərdin sən?” deyə soruşdu sonra.
“Mən??” – bir qədər qərarsız formada düşündü, “Yox yəqin, bilmirəm”
“Zarafat edirsən!? Bacındı o sənin, əlbətdəki öldürərdin” Riçard onun sözünü kəsib təəccüblənərək dilləndi.
“Bilmirəm, baxır niyə, baxır o anki vəziyyətə, əmin deyiləm, ümumiyyətlə heç nə üçün kimisə öldürəcəyimi düşünməmişəm, ancaq ola bilər ki buna səbəb olmayıb. Bir situasiyanın içində olmadan insan heç vaxt dəqiq əmin ola bilmir nələr baş verəcəyindən. Ancaq fərz edə bilərik.”
“Mən öldürərdim əgər onu kimsə incitsəydi. Əslində indi yoldaşı onu incidir, ancaq daha çox sözlü olaraq incidir”
Arxada oturmuş bayaqki Asiyalı yeniyetmə onların yanında peyda oldu birdən-birə. Salam verdi. Onlar qarşılıq verərək onu salamladılar. Oğlan olduqca narahat görünürdü. Tez-tez eynəyinin ortasından işarət barmağıyla basaraq yerini tarazlamağa çalışırdı. Nisbətən kök barmaqları olan əlinin içi tərləmişdi sanki. Salam verdikdən sonra bir qədər dayandı. Onun niyə gəldiyini açıqlamasını gözləyirdilər. Durduq yerə birdən “Siz haralısınız?” deyə soruşdu. Sual ani olmuşdu. Çaşqın formada ikisi də gülümsədi. “Buralıyam mən. Burda doğulmuşam. Bu küçələrdə böyümüşəm.” deyə Riçard sualı cavabladı. Gənc oğlan hələ də çox həyəcanlıydı, sözlərini birləşdirib deyə bilmirdi. Durdu və birdən mızıldandıqdan sonra dilləndi: “mm, Kaliforniya”. Bu anlaşılmaz cümləsinin üstünə onlar bir-birinə baxdılar. Oğlan “Yaxşı sağolun” deyib geri dönürdü ki Riçard onu çağırıb “Hey” deyə dilləndi ona. Oğlan dayandı, ona baxdı,
“Missiyan nə idi?” – deyə soruşdu Riçard.
“Nə missiyası?” oğlan çaş-baş formada cavabladı.
“Missiyan. Ordan durub bura gəlməkdə məqsədin. Niyə gəldin bura? Nə etmək istəyirdin?”
Oğlan daha da qızarıb əsməyə başladı. Üzündə güclü bir nifrət hissiylə Riçarda baxırdı. Sanki Riçarda onların rahatını pozduğu üçün nifrət edirdi və üzünə tüpürmək istəyirdi, amma qorxurdu.
O anda digər iki yeniyetmə qız onlara doğru yaxınlaşdı. Gülürdülər. Səmimi formada salam verdilər. Necəsiniz, deyə soruşdular. Riçard onlara yaxşı olduğunu deyib sonra da biraz əvvəl yanlarına yaxınlaşan oğlanların onları narahat edib etmədiklərini soruşdu. Onlardan şübhələndiyi üçün belə soruşduğunu əlavə etdi. Qızlar hər şeyin qaydasında olduğunu bildirdilər. Təkrar gülürdülər. Marixuananın təsirində idilər. Asiyalının qoluna girib “yaxşı, sağolun” deyərək uzaqlaşdılar.
Riçardla o bir-birinə baxaraq gözlərini bərəldib çiyinlərini çəkərək bu son olanlardan heç nə anlamadıqlarını bildirdilər. “Bu nə idi ki indi?” Riçard gülünc formada gəncin arxasınca baxa-baxa soruşdu. Gənc də hələ də arada geri dönüb qəzəb dolu gözlərlə onlara baxırdı.
“Bilmirəm. Yəqin qızların yanında özünü göstərmək istəyib. Onlara sataşdığımızı düşünüb kişilənib. O bir yeniyetmədi, nə gözləyirsən? Həyəcanlıdı. Görmədin necə əsirdi?”
“Hə, elədi,” – bir qədər dayandıqdan sonra təkrar dilləndi Riçard – “Bu qız daha yaxşı oxuyur. Ən azından əvvəlkindən yaxşıdı.”
Parkın o biri başında qurulmuş səhnədə oxuyan qızdan danışırdı. Səhnəni burdan görə bilirdilər. Riçard təkrar qızı dinlədi. “Hə, hə, bu qız çox yaxşıdı. O biri sanki ağzında penis varmış kimi oxuyurdu. Sən, başını hara qoyassan bugün?”
“Başa düşmədim?”
“Başını, başını deyirəm, qoyacaq bir yerin var? Harda yatacaqsan bugün?”
Nə cavab verəcəyindən əmin deyildi. Dayandı birdən. Düşündü. Ona qalmağa bir yerinin olduğunu deməliydimi yoxsa yox. Görəsən onun evində qalmaq istədiyini dilə gətirərdi? Əgər soruşsa necə yox deyəcəkdi? Yoxsa hə deməliydi? Artıq problem lazım idimi ona? Yoxsa yaxşılıqmı etmək istəyərdi?
“Sevgilimin evində qalıram” – deyə dilləndi birdən.
“Aydındı” – dedi Riçard. – “İşləyirsən?”
“Yox. Ayrılmışam işdən bu yaxınlarda. Əslində mən də küçələrdə yaşamağı düşünürdüm bir müddət..”
“Nəə? Yox! Qətiyyən elə bir şey etmə. Ciddisən? Asan deyil küçədə yatmaq. İşlə mütləq. Bir işin olsun. Məni işimdən də qovdular. Həm işsizəm, həm evsiz.” Riçard onun sözünü kəsdi.
“Yox, bir müddətlik deyirdim. Ancaq hə, sonra əmin oldum ki yox, küçələrdə yaşamaq da alınmır. Asan deyil. Ancaq məncə, hər insan ayda bir dəfə çıxıb küçədə bir evsiz kimi yatmalıdır. Yatmalıdır ki görsün necə çətin olduğunu və bəlkə onda öz həyatından zərrə qədər belə olsa razı qalar heç olmasa. İnsanlar bəzən başını soxacaq bir daxmanın olmasının necə bir xoşbəxtlik olduğunu unudurlar həqiqətən.”
“Birini də saraq bəlkə? Çəkmək istəyirsən?”
“Yox. Mən yaxşıyam.”
“Yox? Yaxşı. Nədən danışırdın sən ən son?
O nə qədər etdisə ən son nədən danışdıqlarını xatırlaya bilmədi, “dilimin ucundadı bir dəqiqə..” bir qədər fikirləşdi, “yox, alınmır xatırlamıram, siktir et”.
“Qısa müddətli yaddaş”
“Hə, nə qədər idi o? Üç dəqiqə?”
“Səndə otuz saniyədi deyəsən” deyib qəhqəhə ilə güldü Riçard, o da ona qatılaraq gülməyə başladı, sonra bunun otun təsirindən olduğunu dedi.
“Mən vodka almalıyam parkın başındakı mağazadan, həm də yeriyim biraz, oturmaqdan götüm düzləşib.” deyib durmağa hazırlaşdı Riçard. O da onunla birlikdə yığışdı və ayağa durdu.
“Sən də gəlirsən? Sənin də gedəcək yerin yoxdu deyəsən, mənim kimi”
“Aha”
“Yaxşı. Onda bəlkə belə edək. Bu parkın başındakı mağazada eyni vodka 7 dollardır, biraz aşağıda Çin məhəlləsində isə 5 dollar. Gələrsən ora qədər mənlə? Orda mənə satmırlar içki, sənə pulu verərəm alarsan mənə, olar?”
“Olar olar, gedək, problem yoxdu”
Getməyə hazırlaşırdılar ki birdən “Hey” deyə araxadan biri Riçardı çağırdı. Dönüb baxdılar. Asiyalı oğlan və yanında qızlardan biri var idi. Digəri yox idi. Olduqca kədərli görünürdülər.
“O sənin dediyin oğlanlar dostumuzun portmanatını oğurlayıblar” – deyə mızıldandı oğlan dodağının altında kefsiz halda.
“Nəə?? Doğrudan?? Mən bilirdim! Mən bilirdim!” deyə Riçard təəccüblə cavabladı. “Onlar gəlib sizin yanınıza oturub eyni ağaca söykəndilər, mən düşündümki sizə nəsə deyib narahat edirlər, ancaq deməli əli ilə yavaşca portmanatı götürüb gediblər!”
“İnana bilmirəm, sən demişdin Riçard!” Onlar həm təəccübləndilər, həm də sevindilər. Portmanatı oğrulanan qız onlardan biraz aralıda yerə baxınaraq gəzinirdi.
“Yaxşı, sağolun” – dedi gənc asiyalı oğlan və yanındakı qızla dönüb getməyə başladılar yavaş-yavaş, kefsizcəsinə.
“Hey” – Riçard çağırdı onları, “onlar bu istiqamətdə getdilər, bax, görürsən, burdan düz o qapıya tərəf” barmağıyla parkın qərb çıxışını göstərdi.
“Onlar onsuz da tapa bilməyəcəklər o oğruları” – dedi Riçarda o.
“Bilirəm,”
“Bəs niyə elə dedin?”
“Onlara ümid vemrək istədim,”
“Bu daha da pisdir”
Çin məhəlləsinə doğru yola düşdülər söhbətləşərək. Təəccüblərini və haqlı çıxma sevinclərini hələ də basdıra bilmirdilər.
Parkın çıxışında dayanan bir qrup qaradəriliyə yaxınlaşdı Riçard. Satıcıydılar. Bir tərəfdə velosipedin üstündə oturmuşdu biri təkcə, digər tərəfədə isə üç dörd nəfər ayrı idi. Tək olan oğlana yaxınlaşdı Riçard.
“Hey, necəsən, 20lik varındı?”
“Aha”
Bir neçə metr aralıdakı dəstədən bir gənc yaxınlaşaraq yüksək səslə dilləndi “Hey, hey, dayan neynirsən? Gözlə burdakına da bax, seç sonra al da. Pulunu ziyan etmək istəmərsən, elə deyil?”
“Göstərin ikisini də, iyləməliyəmki bilim yaxşıdılar ya yox” – dedi Riçard.
“Ala, al, bax, necədi? Xoşuna gəldi, hə? Bu zibil deyil səninçün, ən yaxşısı budu, necədi, bəyəndin?”
Sol tərəfdəki velosipedli gənc cibindən öz satdığını çıxardı, solğun rəngi qaçmış malı görən kimi Riçard “onun söhbəti belə gedə bilməz” deyib söhbəti bağladı. Satıcı gənc səhərdən bütün müştərilərini bu formada itirmiş olacaqdı ki kədərli formada başını aşağı saldı. Kefsiz idi. Riçard pulu digərlərinə verib, malı aldı, sonra biraz daha artıq verməsini xahiş etdi, satıcı da verdi və onlar ayrıldılar.
“Bax görürsən, birinin kefinin pozulmasına səbəb oldum, ancaq nə edə bilərəm? Mən yaxşı mal almaq istəyirəm, yaxşı olanı alıram, pisi satanın kefinin pozulmasına səbəb oluram. Hər şeyi idarə edə bilməzsən, bir nöqtədən sonra axışına buraxmaq lazımdı” deyə gileyləndi Riçard, “hə, bir də ki, malı alanda, həmişə daha artığını istə, mütləq verəcəklər”
Çin məhəlləsinə doğru yola düşdülər. Yolda Riçard “mən işəməliyəm” dedi, ətrafda işəniləcək yer yox idi.
–Bu kafelərdən birinə girəsən bəlkə?
–Yox, onlar biz işəməyək deyə tualet qapılarına şifrə qoyurlar. Gözlə məni burda, bir dəqiqə – deyib bir neçə metr arxada az adam keçən küçənin divarına işəməyə başladı Riçard.
Olduqca uzun çəkdi və bu onu darıxdırdı. Şırıltı səsi ətrafı götürmüşdü. Bir müddət sonra kəsildi. Riçard gəldi.
–Qapılara biz işəməyək deyə şifrə qoyublar dedin, bilirsən nə yadıma düşdü? Bir müddət Avropada yaşamışam. Bel çantamı götürüb hər həftə bir ölkəyə gedirdim. Bəzən qalacaq heç kimi tapmayanda küçələrdə yatırdım. Çox az pulum var idi deyə sadəcə yola pul xərcləyirdim, bir də ucuz sandviçlərə. Bir gün Parisdə Notr-Dam kilsəsi tərəfdə boş-bekar fırlanarkən bərk qarın ağrısına tutuldum. Normalda küçələrdə evsizlər və turistlər üçün tualetlər olurdu, amma orda yox idi. Zənginlər üçün bahalı restoranlar idi hər tərəf. Restoranın birinə girib çantamı masaya qoydum. Üst başım bərbad haldaydı, içəridəki elitləri narahat etmişdim girən kimi. Tualetə getdim. Dayana bilmirdim. Qapını açıb tualetə girəndə çox sevindim, şifrə yox idi qapıda, ancaq sonra tualetin içindəki qapını açanda gördüm ki açılmır ağzında şifrə var. Təmiz kefim pozuldu. Pulum da yox idi onsuz da, sadəcə geri dönüş biletim var idi. Birdən kostyumlu bir elit parisli kişi gəlib qəpik atıb içəri girdi. O çıxanda qapını tez tutdum ardından mən girib oturdum tualetdə. Dəhşət sevinirdim. Bir az keçmişdi ki, bir də gördüm kimsə qapını açdı, baxdı, fransızca nələrsə dedi və örtdü. Zibilə qalmış qapıya qəpik atmasan həm də içəridən bağlanmırmış sən demə. Sonra bir-bir fərqli kostyumlu elit fransızlar qapını açıb nələrsə deyib örtürdülər. Lənətə gələsilər, atamı belə söyürdülərsə çox poetik səslənirdi. Həyatımda ilk dəfəydi ki, kimsə məni tualetdə o formada görürdü, ağlıma gəlməzdi ki, parisli burjua nümayəndələri olacaq onlar da. İşimi bitirib məyus formada ayrıldım restorandan. Bir daha da Parisə qayıtmadım.
Hər ikisi güldü və yola davam etdilər. O irəlidə hər ikisi üçün kofe aldı, Riçard kofe üçün dəfələrlə təşəkkür etdi, sanki bir uşaq kimi sevinmişdi. Uzun yürüşdən sonra məhəlləyə çat dılar. Girişində çin mədəniyyətini əks etdirən böyük və bəzəkli bir qapı düzəldilmiş uzun bir məhlə idi. Bir küncdə dayandılar. Riçard ona burda gözləməsini, əvvəlcə özünün getməsi gərəkdiyini sonra isə onun vodkanı almaq üçün gedə biləcəyini dedi. Mağazaya doğru getdi. Hər yer insan qaynayırdı. Çində olduğu kimi bura da izdihamlı idi. Ətrafda olduqca çox evsiz insan var id. Günəş tam təpədəydi. Gözəl bir gün idi. Özünü rahat və dinc hiss edirdi indi. Bir müddət reallığından uzaqlaşa bilmişdi. Bir siqaret yandırdı, üstündən kofesini içdi. Xüsusilə bu kafenin kofesini çox sevirdi, siqaretlə birlikdə çox yaxşı olduğunu düşünürdü. Bir qədər sonra Riçard içəridən çıxdı, əlində qara bir torba var idi. Ona yaxınlaşdı. İki pivə var idi, oğrulamışdı. “Hə, indi sən get, Rubl vodkasını alacaqsan, tam satıcının arxasında olur, 5 dollar, al bu pulu” deyib dəmir pulları və əzik kağız pulları onun ovcuna qoydu.
Mağazaya getdi, içəridə sıra var idi, sıranın arxasına keçdi. Gözü ilə Rubl vokdasını axtarmağa başladı. İçəridən narahat edici və pis iy gəlirdi, bütün çin mağazalarında olduğu kimi.
“Yerlisən sən?” – deyə qarşısındakı iri və yaşlı qaradərili kişi çevrilib bir müddət onu süzdükdən sonra soruşdu.
“Anlamadım?” – deyə qarşılıq verdi, söhbətin hansı yerlilərdən getdiyini anlamamışdı, ancaq ikisindən də deyildi onsuz.
“Yerli, yerli deyirəm, yerlisən sən?”
“Yox deyiləm”
“Yaxşı, mən yerliyəm. Burda doğulub burda böyümüşəm. İndi qulaq as mənə, al sən bu pulu” – deyib onun ovcuna xırda-xuruş pulları tökdü – “burda 3 dollar 25 sent var, bunu 4 dollar 50 sentə tamamla mənim göstərəcəyim vodkanı al, vəssalam, başqa da söz demə. Yaxşı?
“Yaxşı” deyib gülümsəyərək cavab verdi. Yaşlı kişi qəzəbli və qorxulu danışırdı, ya onu qorxudub vodkanı aldırmaq üçün belə ciddiləşmişdi ya da onu həyat bu hala salmışdı. İstənilən halda o, onsuz da kişinin heç pulu olmasaydı belə vodkanı alardı yəqin, deyə düşündü.
Növbələri gəldi çatdı. Kişi satıcıya vodkanı göstərdi, satıcı uzatdı, o vodkanın pulunu ödədi və kişi mağazadan çıxdı. Sonra o Rubl vodkasını istədi “və bir də qızıl Marlboro zəhmət olmasa” deyib pulu uzatdı, xırdanı götürüb çıxdı çölə.
Çöldə həmin yaşlı kişi onun qolundan tutdu, çönüb ona baxdı, kişi təkərli əlil arabasında oturmuşdu. Yuxardan aşağı kişiyə doğru baxırdı. Kişinin arabasını ağ dərili gənc və gözəl bir qız sürürdü.
–Özünü necə hiss edirsən əzizim?
–Nə?? – O heç nə anlamamış formada təəccüblə kişiyə baxırdı.
–Özünü deyirəm, necə hiss edirsən? Orda içəridə etdiyin hərəkətə görə? Məmnun hiss edirsən? Hə?