Kitabı oku: «Varlıq və Yoxluq Arasında», sayfa 4
Doğrular artıq vecinə də deyildi. Tək istədiyi xoşbəxt olmaq idi, qarşılığı nə olur olsun. Beyninə xatirələri unutmaq üçün tam səlahiyyət vermişdi. Təslim olmuşdu. Keçmişi xatırladacaq heç nəyi etməməyə çalışırdı artıq. Keçmişi və uzaqları xatırladacaq heç bir musiqini dinləmirdi artıq məsələn. Ona müəyyən insanları xatırladan yazarlar və rejissorlardan uzaq qaçırdı. Kundera oxumur, Trier izləmirdi. Keçmişi xatırlada caq heç bir çiçəyi qoxlamırdı artıq. Proustvari yaddaşdan qaçırdı. Proust’un müasir elmdən əvvəl insanlığa xəbər vermiş olduğu o qoxlama hissinin keçmişi xatırlatmasından bacardığı qədər qaçırdı.
Que sont mes amis devenus
Que j'avais de si près tenus
Et tant aimés ?
(Hanı mənim dostlarım,
bir vaxtlar çox bağlı olduğum
və çox sevdiyim)
-Poèmes de l'infortune (Bəxtsizliyin şeirləri) Rutebeuf, (1245 – 1285)
Ubi sunt?
(hardadırlar?)
5
EVSIZ VƏ IŞSIZ
Dənizə çatdı. Çəmənlərlə dolu sahildə oturub başını dizinə qoydu və ağlamağa başladı. Nadir hallarda ağlayırdı. Daha doğrusu ağlaya bilmirdi. Ancaq bu dəfə çox asan olmuşdu, heç nə düşünmürdü. Bu dəfə sanki həyatında ilk dəfə durduğu yerdə ağlamağa başlamışdı. Və ağlamaqdan qəribə formada zövq alırdı. Boşalırdı sanki içi, sinəsi. Ən son nə vaxt bu dərəcədə şiddətli və sakitləşdirici ağlamışdı yadında deyildi. Başını iki dizinin arasında saxlayıb səssizcə zırıldayırdı yaşıl otların üstündə. Yaxınlıqda heç kim yox idi, çimənlərin bitdiyi yerdə səki başlayırdı və ordan arada-sırada keçən insanlar var idi. Bir neçə metr aralıdakı ağacın dibində qoca bir evsiz kişi uzanmışdı, yaşlı ağacın gövdəsinə söykənərək. Ağlamasını heç kimin görmədiyindən əmin olmaq istəyirdi. Buna görə də uzun müddət başını dizlərindən qaldırmadı. Əllərini dizlərinin birləşdiyi nöqtədə çarpazlayaraq üzünü də gizlətmişdi. Ağladıqca rahatlayır, boğazına dirənən qəhər azalırdı. Ürəyindən daş sallanırdı və ağladıqca yüngülləşirdi. Ürəyini sıxan məngənə ağladıqca boşalır və yumuşalırdı.
Kirpikləri və yanaqları göz yaşı içindəyi. Əli ilə gözünü silərkən kiminsə onu ağlayarkən görəcəyindən qorxur, çəkinirdi. Ona görə də üzünü arada dizinə sürtərək silirdi. Əzab dolu keçmiş uşaqlığını xatırladı. Və uşaq vaxtı ağlamalarını və bunun necə rahatladıcı olduğu düşündü. Əvvəllər, lap balaca olanda ağlayarkən kiminsə təsəlli verməsini xatırladı, bir qadının məsələn ağlayan kəsin başını sinəsinə dayayaraq “ağlama” deməsinin necə rahatladıcı olduğunu və o sinənin üstündə ağlamağın necə dinc olduğunu düşündü. Bunun üçün darıxdı, birinin ona təsəlli verməsi üçün darıxdı. Birinin ona mərhəməti üçün darıxdı. Birinin onunla uşaq kimi rəftar etməsiyçün darıxdı. Başını sinəsinə dayamış qadının hər şeyə rəğmən verdiyi yalan təsəllilər üçün darıxdı. Hər şey yaxşı olacaq yalanı üçün darıxdı. Saçlarının öpülməsi üçün darıxdı.
Böyüdükcə gizlin ağlamağa başladığı vaxtlar yadına düşdü. Artıq başqalarının yanında ağlaya bilmədiyi, ağlamağa icazə olmadığı vaxtları xatırladı. Qadağan olunmuş emosiyaları düşündü. Qadınları qısqandı. Onların hər xırda şey üçün ağlaya bilmə bacarıqlarına və bunu bir-birlərinin yanında çəkinmədən edə bilmələrinə qibtə etdi. Bir-birlərinə yalan da olsa verdikləri təsəlliləri qısqandı. Həyat onlar üçün bu səbəblə kişilərə nisbətən, bir zərrə nisbətində olsa belə, daha asan olmalıydı deyə düşündü. Həm istədiyin vaxtı ağlaya bilmə bacarığı, həm də yanında ağlaya biləcəyin kimlərinsə olması. Kişilər üçün ağlamaq o qədər də asan deyildi. Ağlamaq istəsən belə gözündən yaş gəlməməsi, yuxuda qışqırmaq istəyib də qışqıra bilməməyə bənzəyirdi. Bəlkə də bəzi qadınlarda da eləydi deyə düşündü.
Ona heç vaxt ağlamadığını demiş bir sevgilisini xatırladı. İndi başa düşürdü, bəlkə də o heç vaxt ağlaya bilməmiş olduğunu vurğulamağa çalışmışdı. Onun adına üzüldü. Onu nə qədər sevdiyini xatırladı. Onun üçün darıxdı. Ağlamaq ilə sərxoşkən qusmaq arasındakı əlaqəni düşündü. Hardasa eyni şey idi. Sərxoş olduqdan sonra qusarkən insan rahatlayırdı. Ancaq ən azından qusamaq üçün barmağını boğazına sala bilirdin, ancaq ağlamaq üçün barmaqlarını gözülərinə sala bilmirdin.
Ağladığı üçün indi nisbətən daha yaxşı hiss edirdi özünü. Göz yaşları bədənindəki stres toksinlərini atmışdı. Depressi ya və aqresiyadan melanxoliyaya keçmişdi əhvalı. Melanxo liya tanrının ya başqa deyişlə təkamülün insana depresiyadan yoğrulmuş hədiyyəsi olmalıydı. Depresiyadan zövq almağın başqa açıqlaması ola bilməzdi yoxsa.
Kəskin bir qoxu firkini dağıtdı və yumulu gözlərini açdı. Marixuana iyini hiss etdi. Gözlərini və üzünü əliylə sildi. Başını azaca qaldırıb sağdakı evsiz qocaya baxdı. Qoca yerini dəyişib üzü dənizə doğru baxır və əlindəki yarımçıq ot sarma sını çəkirdi. Bir müddət onu izlədi. Gözlərində qara eynəklər var idi. Bir anlıq çəkdiyi otun ona xoşbəxtlik verib vermədiyini bilmək istədi. Onun gün boyu tapdığı bu kiçik xoşbəxtlik anını düşündü və yazığı gəldi. Ürəyini mərhəmət və şəfqət bürüdü. Kaş onun üçün edə biləcəyi bir şeylər olsaydı deyə düşündü. Görəsən siqaret istəyirmi deyə fikirləşdi.
Başını aşağı saldı və gözlərini yaxşıca sildi. Burnundan axan suyu əlinin üstüylə silib sonra əlini şalvarına sürtdü. Ba şını qaldırıb dənizə və sonra sol sahil boyunca uzanıb gedən şəhərə, qarşıdakı hündür binalara baxdı. Dənizin bu hissəsi körfəz kimi şəhərin nisbətən içinə girmişdi. Şəhər dənizi qu caqlayırdı. Buludları yarıb çıxan günəş şüaları gözünü qıyma sına səbəb oldu. Ətrafa saçılan günəş şüaları hər yerin parla masına səbəb olurdu. Çəmənlər daha da yaxşı görünürdülər. Ordaca yıxılıb yatmaq, bəlkə də heç oyanmamaq istədi.
Yatıb da oyanmamağın necə gözəl bir xoşbəxtlik olduğunu fikirləşdi. Öləcəyindən xəbərin olmurdu. Yatırdın və oyanmır dın. Ağrısız və xəbərsiz. Görəsən o anda insan nə yuxu görür dü? Bəlkə də yuxuda öldüyünü görürdü insan, ancaq bunun sadəcə bir yuxu olduğunu sanırdı. Yuxuda ölmək gedənə yox, qalana ağır idi ən çox. Gedən gedirdi, hiss etmədən, həyatın ağırlığını bir daha hiss etməmək üzərə. Ancaq qalan, hələ də yanında yatan biri varsa. Eyni yataqda. Oyanıb da birinin nəfəs almadığını görmək, necə ağır olmalı idi. Bir anlıq o insanları düşünərək kədərləndi. Onların yerinə ürəyini qəm bürüdü.
Atası sübh çağında gözlərinin qarşısında can vermiş dos tunu xatırladı. Dostunun dediyinə görə səhər gün yenicə ağa rarkən anası qışqıraraq onu yanına çağırmışdı, atası onu görmək istəyirmiş. O qorxu və vahiməylə otağa gəldiyində atası yerində vurnuxmuş və nəfəs ala bilmirəm deyərək həyata gözlərini yummuşdu. Bu bütün ailə üzvləri üçün olduqca ağır bir ayrılıq forması olmalı idi. Həmin dostuna buna görə xüsusi nəvazişlə yanaşırdı həmişə. Üstündən illər keçmiş olmasına baxmayaraq ona rəhmi gəlirdi. Son anda oğlunun və arvadının çarəsiz və qorxu dolu baxışlarını görən ata və onu can verən halda görüb ancaq heç nə edə bilməyən çarəsiz ana və uşaq. Yaşanılabilinəcək ən böyük travmalardan biri olmalıydı. Qorxu dolu çarəsizlik.
İki başqa evsizin yandakı qocanın yanına gəlib onunla salamlaşmaları fikrini yayındırdı. Çönüb onlara baxdı. Orta yaşlı iki nəfərdi. Paltarları köhnə və çirkli idi. İkisinin də çiynində böyük çantaları var idi. Evsizlərin hamısının böyük çantaları olurdu. Evlərini yanlarında daşıyırdılar. Başqa heçnələri yox idi. Paltarları rəngbərəng idi, adətən belə olurdu, çünki ordan-burdan tapdıqları paltarları geyinirdilər və o paltarlar adətən bir-birinə uymur, dəst olmurdular. Dəriləri günəşin təsirindən qızarmış olurdu. Çoxunun saçları təmiz kəsilmiş olurdu. Çöldə qaldıqları müddətdə saçları çirklənməsin deyə edirdilər bunu. Saç sadəcə artıq problem yaradırdı və kəsilməli idi. Bu görünüşləri ilə onları istənilən yerdə rahatca tanımaq olurdu, rəngbərəng köhnə və çirkli paltarlar, böyük çanta və bəzən də olduqca qısa saç. Şəhərin bu hissəsi onların ən çox yığışdığı və görüşdüyü yerlərdən biri idi. Günəşli havalarda onları həmişə burada tapa bilərdin. Ətrafda çəmənlərin üstündə oturur, söhbət edir və yatırdılar.
Diqqətini cəmləyərək onların söhbətlərini eşitməyə çalışdı. Yeni gələn iki nəfər də digərinin yanında oturub siqaret çəkirdilər. Bir müddət sonra onlardan biri dilləndi:
“Tanışlarımdan biri bir iş deyib mənə. İki nəfərlik işdi, bir saatlıq, saatı əlli dollar”
“Əlli?”
“Hə, bir saat, iki nəfər, əlli əlli”
“Əladı ki”
Ötüb keçən maşınların səsi onların səsini bir müddətlik basdırdı. Yanlarına bir cavan oğlan gəldi və qocadan soruşdu:
“Çips istəmirsən?”– Hansısa narkotikə taxdıqları ad olmalıydı.
“Yox!” qoca tamamilə əminmiş kimi uca səslə cavabladı.
“Əminsən?”
“Çips zad istəmirəm mən əşi! Çıx get başımdan!”
“Yaxşı,” deyə cavab verdi cavan, sonra yanındakı oğlanla söhbətləşməyə davam etdi, hansısa görüşün vaxtını təyin etməyə çalışırdılar. Bir qədər davam etdikdən sonra ayrıldılar. Cavan oğlan böyük ehtimalla narkotik satıcısı olmalıydı. Üst başı da digərlərinə nisbətən daha düzgün formada idi. Uzaqlaşıb çəmənliyin o biri başında yerdə oturmuş dörd-beş nəfər evsiz qadın və kişinin olduğu yerə yönəldi. Yəqin çips istəyib istəmədiklərini soruşacaqdı.
Onların arxasındakı böyük reklam lövhəsindəki yazı diqqətini çəkdi: “Kariyeranız əmin əllərdə! Bizə zəng edin!”. Yandakı digər lövhəyə baxdı: “İstədik və etdik! Sən də istə, sən də et! Bizə səng edin!” Taleyin ironiyası, evsizlərin arxasındakı kapitalist sloqanları. Əsəbləşdi, sanki hər şeyi etmək üçün istəmək bəs imiş kimi. Yerə uzanıb gözlərini yumdu. Gözünü günəş şüalarından gizlətmək üçün qolunu gözlərinin üstünə uzatdı. Günəşin qızdırmış olduğu torpağın və otların istiliyini kürəyində hiss etdi. Əsnədi. Bir anlıq heç nə düşünmək istəmədi və ordaca yatmağı arzzuladı. Bir-biri ilə əlaqəli və əlaqəsiz sayısız fikir gəlməyə başladı ağlına.
Bəzən gəlib burda oturaraq evsizləri uzaqdan izləyirdi. Həm də burdakı çəmənliyi, dənizi və günəşi sevirdi. Evsizlərin arasında özünü rahat hiss edirdi. Kənardan durub söhbətlərinə qulaq asırdı, bəzən də söhbət edirdi. Siqaret paylaşırdı. Çox vaxt bəziləri onun da evsiz olduğunu sanırdı. Çünki üst başı adətən səliqəli olmurdu, yanında çox vaxt çantası olurdu və bu tip yerlərə tez-tez gəlib gedirdi.
Onların bərbad həyatları var idi, hətta bir həyatlarının olub-olmaması müzakirəyə açıq idi. Meşə insanı üçün həyat bir mənada bundan ibarət idi, sadəcə həyatda qalmaq, günü yola vermək, qida və seks. Bəs indiki insan? Küçələrdə yaşamaq? Hər şey bir kənara, onlar xoşbəxt deyildilər. Üzləri çox vaxt gərgin və kədərli, yanaqları sallaq və halsız olurdular. Heç birinin üzündə xoşbəxtlik ya dinclik yox idi. Yəni evsiz olmaq da məsələyə çarə deyildi. Onlar sadəcə bezmişdilər və görünən o idi ki, ölmək də istəmirdilər ya da ölə bilmirdilər. Sürünürdülər. Onlara acıyırdı. Kaş edə biləcəyi bir şeylər olsaydı deyə düşünürdü. Ən kiçik şeylərə belə sevinirdilər bəzən. Bir paket siqaret. Yemək. Az miqdarda pul. Vodka. Zibillikdən tapılan eynək, bəzən işləyən qulaqlıq. Üzlərində uşaq təbəssümü yaranırdı. Qırx yaşlı kişi uşaq kimi tullanıb düşürdü bəzən. Yaş aralıqları geniş idi, qocası cavanı, qadını kişisi. Bəziləri keçici evsiz idilər bəziləri illərdir. Bəzisi üç dörd aylıq, müdürdən, işdən, həyatdan hər şeydən bezib evdən ayrılaraq küçələrdə yaşamağa qərar verir sonra peşman olub yenə geri qayıdırdılar köhnə həyatlarına. Bəziləri də küçələrdə qalmağa davam edir, xəstələnir, məhv olurdular. Xəstəxanalar çox vaxt onlara sahib çıxmayıb başlarından edirdi. Dövlətin yataqxana kimi bəzi sığınacaqları mövcud idi bu tip evsizlər üçün, ancaq çox vaxt dolu olurdu bu sığınacaqlar, yerlərin sayı az idi, evsiz çox. Ya da bəzilərinin xüsusi qaydaları var idi. Bəziləri incil oxudurdu, bəzilərinin qapıları hər axşam doqquzda bağlanırdı, bəzilərində hər axşam içəri girərkən alkoqol promili ölçülürdü və əgər fərd içki içibsə buraxılmırdı.
Küçədə yatdığı və yarı evsiz olduğu vaxtlar olmuşdu əvvəllər. İndi də küçədə yaşamağı da düşünmüşdü ölümə getməkdənsə. Ancaq məsələ o idi ki küçədə yaşamaq problemi həll etmirdi, iztirabı uzadırdı. Bildiyi tək şey var idi, işləmək istəmirdi. Çox pula ehtiyacı da yox idi xoşbəxt olmaq üçün. Pul bəlkə də xoşbəxt olmasını bilməyənlər üçün alətdir deyə düşündü. İqtisadi materializm amerikalıların düşdükləri bir çuxurdur əslindəysə çox pulun olmadan da xoşbəxt ola bilərsən, ancaq işləməməlisən və həyatda qalacaq minimum vəsaitin olmalıdır.
İşsiz qaldıqdan sonra daha çox düşünməyə və dolayısilə əzab çəkməyə başlamışdı. Çünki işləmək problemi həll etmirdi. Ortada keçinə bilməmək kimi bir problem var idi. Üç ay sonra ya ölməli ya yenidən işləməliydi. Ancaq yenə də vaxtını istədiyi şeyə vicdan əzabı duymadan xərcləyirdi işsiz qaldığı dövrdə. Kapitalizmsə insanı təşvişə soxurdu, işdən sonra az qalan vaxtını nəyə xərcləməli olduğuna qərar verə bilmirsən, vaxtı özünəmi ayırasan, yoxsa daha yaxşı iş imkanı tapmağamı. Boş durarkən belə insan özünü rahat hiss etmirdi sanki.
Həyat istəmədən oynadılmağa başladığın bir oyundur. Sonra bir gün oyunun ortasında sənə deyirlər ki vaxtının yarısını işləməli geri qalanını oynamalısan. Kimisi bununla razılaşırdı, kimisi də oyundan ayrılmağı qərara alırdı ölümə gedərək. Sadəydi əslində.
Nazilərin ən böyük ölüm düşərgəsi olan Auschwitz kampını ziyarətini və kampın girişindəki sloqanı xatırladı. “Arbeit macht frei”. Mənasını başa düşməmiş gəzinti rəhbərindən soruşmuşdu o da izah etmişdi; “İşləmək insanı azad edər”. Kapitalizmlə sloqan arasındakı bənzərliyi düşündü. Digər kamplarda da bənzər bir sloqan var idi. “Jedem das Seine” – hərə özü üçün, ya da hər kəs haqq etdiyini, layiq olduğunu tapar. Kapitalizmlə üst-üstə düşürdü mahiyyətləri. Hərə özü üçün idi və azad olmaq üçün işləməliydin.
Amerikada yaşadıqdan sonra daha da yaxşı başa düşürdü kapitalizmi. Əvvəllər sosializmə meyli olmuşdu və protestlərə qatılmışdı ancaq indi başa düşürdü ki sosializm bəlkə də doğrudan da utopiya idi. Amerikada, ən zəngin insanların ölkəsində küçədə evsizlər və yoxsullar gəzirdi. Çünki insanın təbiəti bu idi. Bu bir həyatda qalma savaşı idi. Təkamül idi. “Survival of the fittest” deyirdi Darwinin təkamül nəzəriyyəsi, yəni ən uyğunun həyatda qalması. Sosial darvinizm də eyni şeyi deyirdi. Fərdi orqanizmlər arasındakı rəqabətdən ətraf mühitə ən uyğunlarının həyatda qalıb artması kimi, sosial olaraq da situasiyaya ən uyğun olanlar zəncirin yuxarı başına qalxırdı. Təbiəti və genetikası işləməyə ən uyğun olanlar kapitalist sistemdə yüksəlirdi ya da sağ qalırdı. Olmayanlar isə ya evsiz və pulsuz qalır, küçələrdə yaşayır ya da ölürdü. O başa düşürdü ki mövcud rejimə uyğun deyil, işləmə istəyinin olmaması onu zəncirin aşağılarına itələyirdi. İşləmədiyi ya da işləyə bilmədiyi üçün sıradan çıxanlar, belə çıxır ki, təkamülün qurbanlarıdır və təkamülün indiki mexanizması işləməkdi. Sosializm zəiflərin təsəllisidir. Təbii olmadığı üçün də totalitarianizmə məhkumdur.
İşləmək insanların beyninə o qədər yeridilib ki, onlar işsiz dayanmağı düşünə bilmirlər. Daha çox işləsələr hər şeyin daha yaxşı olacağını düşünürlər, ya da bəlkə də işləməkdən bir diqqət dağıtma mexanizmi kimi istifadə edərək öz faciələrindən uzaqlaşmağa çalışırlar. Səbəb hər nə idisə də, işləmək, insanları yadlaşdırırdı və onlar yavaş-yavaş özlərindən çıxıb işlərinə çevrilirdilər. İşləmiş olduğu işləri düşündü, mağaza kassiri, satıcı, barmen, ofisiant, poçtalyon, taksi şoferi və digər bütün keçici işlər. Keçici işlərdə işləmişdi çünki onlara girmək və çıxmaq daha asan idi. Ciddi işlərin iş görüşmələrini sevmir, hətta onlara nifrət edirdi. Onun üçün uğurlu bir iş görüşməsi özünü daha yaxşı sata bilmə və yalan danışma qabiliyyətiydi. Məsuliyyəti daha artıq olan işlərdən də qaçırdı, ümumiyyətlə məsuliyyətdən qaçırdı.
Həmişə keçici işlərlə yaşaya biləcəyini düşünmüşdü ancaq bir gün hamısından bezəcəyini düşünməmişdi. Həyatına digər bütün insanlar kimi həmişə deus ex machina gözüylə baxmışdı, göydən tanrının əli enəcək və onu xilas edəcək. Ya da Godot gələcəkdi. Təkamüli açıqlaması optimizm idi, insanı pis günlərdə motivasiyalı saxlayan hisslər bütünü: bir gün birdən-birə hə şey yaxşı olacaq. Olmadı. Heç kim gəlmədi və onun artıq gözləmək kimi bir fikri yox idi.
Acgöz olmasaydı əgər bəlkə küçələrdə yaşamaqla razılaşa bilərdi həyatının qalanını. Ancaq azgöz idi və çox şey istəyirdi, istədiklərini edəcək gücü özündə tapa bilmədiyi və bununla razılaşa bilmədiyi üçün də ölümə qaçırdı.
Nə qədər qəribə bir hal içində olmalıdı ki insan, həm dünyadakı hər şeyi acgözcəsinə istəyir həm də onları əldə etmək üçün heç nə etmir, qılını belə tərpətməyə ərinir. Tənbəllikmiydi bu yoxsa nə? İstəksiz deyildi, digər insanlardan daha çox şey istəyirdi, içində dolub daşan istəklər yığını var idi. Anhedoniyaya qapılmamışdı, fəaliyyətlərdən hələ də həzz alırdı və hətta hedonist idi. Ancaq onu hərəkətə keçirən motivasiya mexanizmində problem var idi.
Baxılan ya təsəvvür edilən istənilən şeyə toxunma və ya ona doğru hərəkət etmə istəyi dopamin sistemini aktivləşdirir beyində. Və insan beləcə o şeyi əldə etmək üçün hərəkətə keçir. Məsələn ac meşə insanı gördüyü ya düşündüyü meyvə ya dovşanı əldə etmək üçün hərəkət edir. Əgər beynindəki motivasiya mərkəzi, dopamin sistemində xəsarət olsaydı hərəkət etməz və aclıqdan ölərdi. O düşünürdü ki, bəlkə də onun beynində tərs gedən bir şeylər var, bəlkə də dopamin sistemi nasazdı. Bəlkə də belə doğulub deyirdi, ya da bu bəd inama qapılaraq özünü aldadır və rahatlayırdı.
Ya da bəlkə də yaşama sevinci o qədər artıq idi ki, həyatdakı bütün seçimləri seçə bilmədiyini başa düşdüyü üçün ondan imtina edirdi. Yaşam sevincinin əksikliyi kimi artıqlığı da problem deməkdir deyə düşündü. Əgər artıqdırsa yaşama sevincin bir formada onun qol-qanadını qıracaq və öldürəcəksən, çünki hər şeyi edə bilməzsən. Nəticədə yaşama sevincin yenə əksik qalacaq. Deməli, həyat çox gözəl olduğu üçün həm də pismi olmuş olur? – paradoksuna cavab tapa bilmədi.
İstədiklərini əldə edə bilmədiyinə görə də bu son bir ildə ümidlərini öldürməklə məşğul idi. Hər insanın həyatında girdiyi ağır bir dövr olur, böyük ümidlərlə girib sınıq ya budanmış ya yontulmuş ya ölmüş ümidlərlə çıxdığı o ağır depressiv dövr. O dövrdən çıxmağı bacaranlar həyatda qalırdılar bəlkə də, çıxmağı bacaramayanlarsa intihar edirdilər. 27’lər klubunun səbəbi bu idi bəlkə də. Çünki çoxları üçün tam bir keçid dövrüydü. Doğumdan bu yana davam edən həzzlər, yeniliklər bitir və yerini monotoluq almağa başlayır. Bir körpü kimi. Əgər yaxşı bir həyatın varsa yaşamağa davam edirsən yoxdursa da ya onu yaratmaq ümidiylə sürünür ya ölürsən. O elə düşünürdü. Ona görə də bügünlərdə səs küylü olaraq ümidlərini öldürürdü. Yerə çırpıb qırdığı hər bardaqda bir ümidi daha ölürdü. Yüksəkdə olan həyat gözləntisini aşağı endirirdi.
Hər dəfə insan biraz da çox təəccüblənir. Hər dəfə deyirsən ki yəqin daha artıq dözə bilmərəm amma dözürsən. Ümidlərinin, xəyallarının və gözləntilərinin hər ölüşündə, tragediyayla hər üz-üzə qaldığın anda bu yəqin ki sondur və bundan artığına dözə bilmərəm deyirsən ancaq dözürsən. İnsan hər şeyə alışır. Hətta aclığıa belə alışır. Pulsuzluqdan günlərcə ac qaldığı vaxtları və hər keçən gün bədənin necə də buna alışdığını xatırladı. O günlər üçün belə darıxdı. Restoranların qarşısında ac yeridiyi günləri və girib içəridən yeməkləri götürüb qaçmaq istədiyi anları xatırladı. Küçələrdə aclıqdan baş gicəllənməsi ilə yeridiyi vaxtlar.
O vaxtlar üçün belə darıxırdı çünki ən azından daha az yalnız idi o vaxtlar. İnsanlarla daha asan tanışa bilirdi. Bəlkə də yaşına görəydi, çünki yaş keçdikcə daha da az insanla tanışmağa başlayırsan. Çox vaxt maraqlı da olmur. 20li yaşlardan 30lu yaşlara keçdikcə daha da sakitləşir və bir kənara çəkilirsən. Yeniyetmə entuziazmı, coşqunluğu və həvəsi yox olur. Ya da tab gətirə bilmədiyin insanların və xaraketrlərin sayı artır. Daha az insanla danışır və əlaqə qurursan. Ən azından onda elə olmuşdu.
Həmin yalnız olmayan günlərini xatırladı, üzüldü və əsəbləşdi. O günlərə heç vaxt qayıda bilməzdi çünki keçmişdə qalmışdılar. Artıq heç nə geri gəlməyəcəkdi. O günləri daha da dolu-dolu yaşasaydı kaş deyə düşündü, bir şansı daha olsaydı kaş, deyə dilədi. Lənətə gələsi o günlərdə ətrafında diqqətini dağıdacağı o qədər insan və şey var idiki hətta yalnızlığı belə arzulamış və onu əldə etmişdi də. Amma sonra, tənhalığın necə bir zillət olduğunu daddıqdan sonra, ondan son sürətlə qaçıb uzaqlaşmış və bir daha heç vaxt geri baxmamışdı. Onda başa düşmüşdü, əgər sizi heç vaxt bir yaban köpəyi dişləməyibsə onun ağrısını bilə bilməzsiniz. O ağrını hiss etdikdən sonra bir daha ona geri dönməmək üzərə qaçmışdısa da taleyin ironiyası onu indilərdə o ağrının, yalnızlığın ortasına qoymuşdu.
İçindəki bu keçmişə, o günlərə olan həsrəti yox etmənin ölümdən başqa bir yolu varmıydı görəsən deyə düşündü. Yenidən xoşbəxt olmaqmı? Çox uzaq bir xəyal kimi görünürdü. Bu lənət ölkədən çıxıb gedərək o xoşbəxt olduğu yerlərə qayıtmaq da istəmirdi çünki məyus olmaqdan qorxurdu. Heçnəyi əvvəlki kimi tapa bilməyəcəyindən şübhələnirdi. Və hər şey bir tərəfə, hansı küçəyə, hansı şəhərə ya hansı ölkəyə qayıdacaqdı? Bütün xatirələr param-parçaydı və hərəsi bir yerə səpələnmişdi.
Nə olduğuna tam əmin ola bilmədiyi bir anı xatırladı, içində yenə yaxşı bir xatirənin izlərini hiss etdi, sinəsinə sanki yığınla hava doldu və yaz müjdəçisi quşları eşitdi. Sonra o ani hiss təkrar yox oldu. Onun hansı xatirənin hissi olduğunu xatırlamağa çalışdı ancaq heçnə təsəvvür edə bilmədi. Təsəvvüründə heçnə canlanmırdı, bom-boş və qaranlıq bir səhifə canlanırdı gözündə, ancaq hisslər bütün şiddətiylə oradaydı, sinəsində. Bəlkə də olmamış bir xatirənin izləriydi, bəlkə də gələcəkdən bir xatirənin izləriydi. Hə gələcəkdən, üç il bundan əvvəl beş il bundan sonrası üçün qurduğu xəyalların hissləri. Nə vaxtsa gəlib çıxacağını umduğu anların sevinciydi, ancaq heç vaxt gəlməyəcəklər. Sonra qərar verdi: insanı ən betər günlərə salan xatirələr keçmişdəkilər deyil, gələcəkdən xatirələr idilər.
İndi anlayırdı, gənclərin ən böyük səhvlərindən biri də odur ki onlar elə bilir ki gələcək var. Amma gələcək yoxdur. Onu sənin addımların təyin edəcək. Sabah məsələn, yoxdur. Bir düşün dedi özünə, sabahı, qaranlıqdır hə? Boş səhifə. Sabah deyə bir şey yoxdur. Sadəcə indi var. Sabah sadəcə təsəvvürdəki bir anlayışdan ibarətdir və bəzən zərərli ola bilər. Çünki insanlar sabahlara böyük mənalar yükləyirlər. Bəzən insan elə düşünür ki onun mövcud yazılmış bir gələcəyi var və nə vaxtsa ora gedib çatacaq. İnsanlar o qədər xəyal qururlar ki bəzən xəyalın fakt deyil sadəcə bir xəyal olduğunu unudurlar. Məsələn o, həmişə düşünmüşdü ki, işlər gələcəkdə yaxşı olacaq, daha yaxşı işlərdə işləyəcəyini düşünmüşdü məsələn. Yaşamağın çox da çətin olmadığını və həmişə bir yolunu tapacağını düşünmüşdü. Xəyallar qurmuşdu ancaq indi onları yaratmış olduğu üçün peşman idi. Yeni nəslin xəyalları əlində qalmış başqa bir nümunəsiydi. Həmişə elə sanmışdı ki nə vaxtsa işlər düzələcək, ancaq məsələ o idi ki “nə vaxtsa” deyə bir şey yox idi. Onu sən qurursan.
Düşdüyün girdabdan beş il sonra çıxacağını sanırsan, amma xəbərin yoxdur ki beş il sonra da eyni dərəcədə zibilə batmış olacaqsan. Amma yenə də təkamülün sənə verdiyi optimizm səni məcbur edir düşünəsən ki yox, beş il sonra hər şey əla olacaq. Lap qəbul belə etsən ki beş il sonra heç nə düzəlməyəcək, yenə də fikirləşirsən ki, ən azından başqa formada bədbəxt olacam. Məsələ də odur ki, başqa formada bədbəxt olsan belə bunu hiss etməyəcəksən çünki ora birdən birə yox, zamanla gedəcəyin üçün elə o bədbəxtçiliyin də həmişə orda, səninlə olduğunu sanacaqsan. Necə ki, indiki çuxurunda illərdir yaşadığını sanırsan. Ya da başqa sözlə, insan beş il sonra da bədbəxt olacağını düşünəndə o dərəcədə də qorxmur, amma ona desən ki, təsəvvür et, indi yaşadığın bədbəxtlik beş il çəkəcək və sən beş il sonra da yenə həmin evində oturub əzab çəkəcəksən, o dəhşətə düşəcək. Necə yəni, beş ildə heç nə dəyişməyəcək? Yox dəyişməyəcək. Əhəmiyyətsiz faktorlar dəyişə bilər amma əhəmiyyətli olan tək faktor var, o da ki, yenə də sənin bədbəxt qalmandır.
Ölüm, bütün bu pessimist düşüncələrinin içində əslində onun üçün ən yaxşısı kimi görünürdü. Çünki o nəinki indi bədbəxt idi, həm də gələcəkdə də bədbəxt olacağına artıq özünü inadırmışdı. Bir optimist üçün bu düşündüklərinin nə qədər gülünc səslənəbiləcəyini düşündü və kaş ki bir optimist olsaydı deyə arzuladı. İnsanların biokimyalarının nə qədər fərqli olduğu düşündü və içində olduğu bədənə lənətlər yağdırdı. İstəmədiyin həyata həm də istəmədiyin bir bədən içində gətirilirdin. İstəmədiyin bir kimya, zəif, pessimist, nevrotik ya qorxaq. Bu lənət bədəndən qurtula bilsəydi kaş, deyə düşündü və ölümü xatırladı. Üzüldü. Üzüldü çünki ölmək istəmirdi.
Sahildən gələn sərin bir meh fikrini dağıtdı və son yalnız keçirdiyi doğum gününü xatırladı. Əvvəllər ətrafında dostları var ikən doğum günlərinə qarşı vecsiz olduğunu düşünürdü, doğum günləri onun üçün əhəmiyyətsiz idi və təbrikləri etinasızlıqla qarşılayırdı. Ancaq son doğum günündə anlamışdı, bir təbrikə nə qədər möhtac olduğunu. Yanında onu tanıyan bir insanın olmasını və təbrik etməsini diləmişdi. Son doğum günündəki kədərini və hirsini xatırladı. Bu həm də ona görəydi ki yaşlanırdı və yaşlanmaq istəmirdi. Doğum günləri uşaq ikən böyüdüyün üçün çox sevindiriciydisə, sonralar yaşlandığın üçün kədər günlərinə çevrilirdilər. Həmişə gənc qalmaq istəyirdi. Ya da bəlkə də yaşlanmaqdan ona görə qorxurdu ki, xoşbəxt deyildi, çünki xoşbxət günləri gəncliyində olmuşdu və artıq geridəydilər. Xoşbəxt insan üçün yaşın heç bir fərqi olmaya da bilər, ancaq bədbəxt insanlar həyatlarındakı hər şeyi bədbəxtliklərinə görə günahlandırır və özlərində bitməz və əsassız obsessiyalar yaradırlar. Mən bədbəxtəm çünki çiyələklər qırmızıdır, onlar mavi olsa bəlkə xoşbəxt ola bilərdim, yenə də əmin deyiləm.
Küləyin uğultusu ona təkrar tənhalığın dözülməs ağrısını xatırlatdı. İnsanların tənhalıqdan necə qaçdıqlarını düşündü. İnsanlar o qədər yalnız və bir-birlərinə o qədər möhtac idilər ki, onlara ən primitiv bir səbəb belə versəydiniz onlarda qrub təfəkkürünün toxumunu atmağa bəs edərdi. Tənhalıqdan qorxur və qaçırdılar. Gülünəsi acizliklə ən primitiv səbəbdə belə bir-birlərinə arxa çıxmağa başlaya bilərdilər. Çünki təkamüli olaraq belə formalaşmışdılar. Çünki meşə insanı üçün tənhalıq ölüm demək idi. Məsələn, insanlar sadəcə qapı nömrələri cüt sayılı olduğu üçün belə qruplaşa və bir-birini dəstəkləyə bilərdilər. Onlara bəhanə lazım idi, nə qədər məntiqli olub-olmadığı yox. Məsələ tənhalıqdan qaçmaqdırsa, insan ən səfeh hərəkətlər toplusuna belə bürünə bilər. Bir futbol komandasına dəlicəsinə bağlı olmaq məsələn, bəlkə də insanın tənhalıqdan qaçma və diqqətini dağıtma metoduydu. Ya da daha bəsit misal və nümunələr. Dünya üzərində indiyə qədər qurulmuş bütün qruplaşmaların bəlkə də sadəcə bir tək və doğru cavabı var: yalnızlıq.
Biriləri ilə ortaq bir dəyəri paylaşma hissi insana yalnız olduğunu unutdurur. Bütün o inqilablar, hətta savaşlar, hər nə qədər kompleks səbəblərdən qaynaqlanır olsalar da bütün səbəblərin aralarına səpələnmiş tənhalıqlar varıydı. Öz keçmişindən nümumələr düşündü tezisini dəstəkləmək üçün. Dövlət əleyhinə keçirdikləri ya qatılmış olduğu böyük mitinq və protestləri düşündü. Üzvü olduğu və tez-tez ziyarət etdiyi kommunist təşkilatları və bunun səbəbini düşündü. O vaxtlar niyə o protestlərə qatıldığı sualına tam doğru cavab tapa bilmirdi, vicdanımıydı onu oralara aparan yoxsa nə? Polisin qaz bombaları altında qaçışmalarının səbəbi tam olaraq nə idi? Adrenalin hərisliyi ya nə?
İndi cavabı bilirdi, o sadəcə bir qrupla birlikdə gücü yetdiyi qədər bağırmaq istəyirdi. Evdə qalmış olduğu yalnız günləri xatırlayırdı və daha da çox qışqırırdı. Üstlərinə qaz bombaları yağan minlərlə insanın arasında var gücüylə bağırmaq, çox da böyük problem deyildi və asan idi. Hamılıqla bağırırdılar. Onlar sanki ömrünün yarısını şüursuz bir heyvan, məsələn bir pələng kimi keçirərkən birdən birə durduq yerdə şüur sahibi olmuş və varlıqlarının dayanılmaz ağırlığı qarşısında qışqıraraq ağlayan canlını xatırladırdılar. Üsyançıların yaş aralıqlarının əsasən gənclər olması təsadüf deyildi. Onlar birdən-birə həyatla üzləşir və bunu rədd edirdilər. Sonra isə onlar o həyata öyrəşirdilər. Təkamülün ən asi yetirmələriydilər, zira birbaşa ona baş qaldırırdılar. Uçuşan qaz bombaları altında qaçışan ümidlər.
Bir nöqtədən sonra o təşkilatlarla fikir ayrılıqları yaşamış və çoxundan ayrılmışdı. Yenə də yaşadığı bütün ölkələrdəki protestlərə qatılırdı, çünki ona yalnız olmadığını xatırladırdılar. Protestlərin mahiyyəti vacib deyildi, öz şəxsi fikrini gizlədib protestçilərin ideologiyalarına bürünürdü, əsas o idi ki tənhalığını unutdururdular.
Həzin bir parfüm qoxusu diqqətini çəkdi və gözünü açdı. Yanından keçən qıza fikir verdi. Yeriyişindəki özünə inam və rahatlıq həmən gözə batırdı. Qızın böyüdüyü mühit ya indi içində olduğu mühiti düşündü, varlı bir mühitdə olmalı idi. Situasiyanın, mühitin, insanın yeriyişinə belə necə təsir etdiyini düşündü.
Parfümünün və gözəlliyinin təsiri ilə o qızı arzuladı. Və bir anlıq qərara gəldi, xoşbəxtlik qadın kimidir, arxasınca düşürsən ancaq əldə etdiyin an başqasını ya yenisini istəyirsən. Başqa qadını, başqa xoşbəxtliyi. Sonra bu mülahizəsinin nə qədər nisbi olacağını düşündü, hər insan üçün belə olmadığını və bəzilərinin sadəcə tək bir qadınla, tək bir xoşbəxtliklə kifayətlənərkən bəzilərinin təbiətləri səbəbilə nə qədər acgöz olduqlarını düşündü.
Bəlkə də gedib o qızla tanışmalı və son günlərini xoşbəxt keçirməliydi, deyə düşündü. Ancaq son günləri xoşbəxt keçirmək insanı ancaq daha da çox bağlaya bilərdi həyata. Pis keçirməliydi. Ölümə gedirdisə Laranı da unutmalıydı. Bəlkə onunla bir ay yaşayıb sonra ölə bilərdi, amma bu sadəcə yaşamaqla çəkdiyi işgəncəni uzatmaq demək olardı, başqa heç nə.
Təkrar ürəyi sıxıldı. Sanki içində sönməkdə olan bir ulduz var idi və yavaş-yavaş qara dəliyə çevrilərək onu bilinməz qaranlığa doğru çəkirdi. İçdə böyüyən ağrı ya sinənin məngənəylə sıxılması hissi kiçilən ulduz kimidir, bəzilərində qara dəliyə çevrilir, bəzilərindəsə partlama verərək əsərlər yaradır, onun kiçilən ulduzu ölümlə nəticələnəcəkdi.
Lənətə gələsi həyatın, xoşbəxt bir insan üçün çox qısa, bədbəxt bir insan üçünsə çox uzun olduğunu düşündü. Ona görə də bəlkə də həbsxanalarda edam cəzasının olması əslində qatillərin sayını artıra bilərdi, deyə fikirləşdi. Çünki əsl cəza yaşamaqla cəzalandırılmaq idi, kiçik bir qəfəsdə həm də. Əgər qatillər edam edilsəydi, öldürmək istədiyi bir insan olsa onu öldürərdi, ancaq düşünəndəki sən kimisə öldürməklə ömrünün sonuna qədər bir qəfəsə salınırsan, bu dəhşətli bir cəza idi və cinayət təşəbbüskarını əməlindən yayındıra bilərdi. Hessenin yalquzağını xatırladı, taleyi belə olmuşdu, o edam cəzası üçün can atarkən Mozart onu yaşamaqla ittiham etmişdi. Ən ağır ittiham yaşamaqla ittiham olunmaqdır.