Sadece LitRes`te okuyun

Kitap dosya olarak indirilemez ancak uygulamamız üzerinden veya online olarak web sitemizden okunabilir.

Kitabı oku: «Varlıq və Yoxluq Arasında», sayfa 6

Yazı tipi:

–Hə, hə, yaxşı hiss edirəm.

–Ay sağol, Tanrı səni qorusun, yaxşı iş gördün içəridə. Minnətdaram əzizim.

–Bir şey deyil

Riçard da gəlmişdi, qızla nəsə söhbət edirdilər. Vodkanı Riçarda uzadıb aldığı siqaret paketini açmağa başladı. Yola düşdülər. Riçard kişinin arabasını sürürdü, ən qabaqda onlar gedirdilər, arxada həmin ağbəniz qara saçlı qız və bir nəfər daha gedirdi. Qızla həmin üçüncü şəxs nəsə qızğın müzakirə edirdilər. Siqaretini yandırdı. Kişinin təkərli arabasına baxdı. Dilənmək üçünmü bu arabaya oturmuşdu görəsən, yoxsa həqiqətən də çox gəzə bilmirdi? Mağazanın içində ayaq üstəydi çünki. Yəqin dilənmək üçün belə edirdi, deyə düşündü. Bir qədər yeridikdən sonra qız dörd beş metr aralıdakı Riçarda baxaraq “mənim heç bir fikrim yoxdu, bu kimdi və arabanı hara sürür” – deyə mızıldandı və yüksək səslə Riçardı çağıraraq soruşdu:

“Heey, hara gedirsən axı sən?”

“Bilmirəm”

“Dayan orda görüm” – dedi qız və Riçardın yanına yaxınlaşdılar, qız arabanı aldı, “Yaxşı, burda yollarımız ayrılır gənclər, sağolun” – dedi.

“Sürürdüm də, nolub” deyə Riçard arabası alınmış uşaq kimi mızıldandı. Geri döndülər və yeriməyə başladılar. İzdihamlı küçəni enləməsinə keçərək yolun o biri başındakı sakit və ağaclar olan kiçik parka bənzər yerə getdilər.

“Bura necədi? Oturaq səncə burada?”

“Aha olar, olar oturaq” – dedi və oturdular.

Riçard yeni alınan vodkanı içdi, sonra oğrulamış olduğu iki pivəni çıxardı, “içmək istəsən götür iç” – dedi.

“Steel reserve? Mən də bu pivədən içirəm, çox sevirəm, amma dəmir qabda satdıqlarını bilmirdim heç, bunu neçəyə satırlar bəs?

“Bilmirəm”

“Yaxşıdı bu, ucuz və faizi çoxdu, səkkiz faiz, tez tutur adamı”

“Çəkmək istəyirsən birini də? Saraq?”

“Olar”

Oturduqları yer dar bir küçə kimiydi, baş tərəfində süni şəlalə var idi və ordan axan su küçənin kənarıyla axıb gedib başqa bir yerə tökülürdü. Sakit idi, arada bir-iki nəfər adam keçirdi. Keçənlər onları müşahidə edirdi, onlar da keçənləri. Onlara baxanlar qəribə gözlərlə baxırdılar, bəzən çəkinərək və qorxaraq. Küçədə oturub içən evsizlər kimi. “Qızınızın çox gözəl saçları var xanım” deyə Riçard nəzakətlə yoldan keçən ana və qızına səslənir və təşəkkür cavabı alırdı. Arada bir keçənlərə nəsə söz atır, bəziləri qorxur, bəziləri gülür, bəziləri qarşılıq verirdilər. “Hey, siz iki bacısınız?” – deyə o başqa bir ana və qızına səslənir, anaya hələ də cavan göründüyünü xatırlatmağa çalışaraq dostcasına sataşır və gülürdü. Qadınlıq qüruru oxşanan ana da ona gülüb keçirdi. “Ona bax, ona bax” – deyə Riçard qarşılarından keçib sağa doğru irəliləyən üç nəfəri göstərdi. O baxdı amma bir şey anlamadı. “Nəyə?” – deyə soruşdu.

“Homoseksual deyilsən sən təsadüfən? Ortadakı qızın götünü deyirdim, keçdi artıq”

“Yox deyiləm, baxdım qıza baxmasına amma yaxşı heç nə görmədim”

Yoldan keçən evsizlər onlara salam verib keçirdilər. Bə ziləri yaxınlaşıb onlardan müxtəlif narkotik maddələrin adını soruşaraq olub olmadığını soruşurdular, onlar da yox deyirdilər. Sonra yavaş addımlarla biri daha keçirdi küçədən. Riçard ona da salam verdi. Otuzlu yaşlarında bir oğlan idi. Qəddar görünümü var idi. O da salam verdi. Riçard onunla yenə nəsə bir zarafat etdi, o qəribə formada onları süzdü, sanki nədənsə qorxurmuş kimi baxdı. Qaradəriliydi, qabaq dişləri yox idi, köhnəlmiş və çirkli qara şalvar və köynək geyinmişdi. Onunla zarafatlaşdıqlarını görüb yavaşladı. Üzündə zəhm, qəddarlıq, qəzəb, qorxu, maraq və şübhə mimikaları biri birinə qarışmış formada sakitcə yanaşdı və soruşdu:

“Olar yanınızda oturum?”

“Olar, olar, əlbətdə olar. Otur. Necəsən, neynirsən?” Riçard soruşdu.

Onların oturduğu daşların sağında yanlarına oturdu.

“Adın nədir?” – Riçard onu dindirdi.

“Ra”

“Ra? Günəş tanrısıydı o hə?”

“Hə, düzdü, bilirsən ki”

“Əla addı, Ra, iki hərfdən ibarət, Ra, Ra”

“Sizin adlarınız nədir?”

“Riçard”

“Mavi”

Ra cibindən sarma kağızı çıxardı və içinə yumru qara nələrsə qoyaraq sarmağa başladı. Mavi bunun nə ola biləcəyi barədə düşündü, daha əvvəl belə bir şey görməmişdi. Bugünlərdə küçələrdə bir yığın narkotik maddə gəzirdi, yəqin onlardan biri idi.

Yoldan keçən evsiz qılığında orta yaşlı bir qadın və axsayan kişi onların yanında dayandı və kişi boğuq səslə Riçarddan soruşdu:

“Kristal varınızdı?”

“Yox”

Yaşına görə üzü həddindən artıq qırışıqlı olan axsaq kişi onlar ona sanki yalan deyirlərmiş kimi onlara qəzəblə baxdı. Üçünün də üzünü bir saniyəlik müddətə incələdi. Sonra qadınla dönüb axsaya-axsaya çıxıb getdilər.

Kristal deyərkən o ucuz kokaini nəzərdə tutmuşdu. Bu zonada elə adlandırırdılar evsizlər. Normal kokaindən dəfələrlə güclü və zərərliydi. Kişinin üzündəki erkən qırışıqlar, axsaq yerimə tərzi və həddindən artıq boğuq səsi onun ağır kristal aludəçisi olduğunu göstərirdi. Evsizlər arasında çox yayğın idi. Onları görünüşlərindən ayırd etmək olurdu. İstifadəçisi əvvəlcə tənəfüs problemləri yaşayacaq, sonra öskürəklər başlayacaqdı, nəfəs darlıqları, ağciyər xəsarəti və qanamalarla davam edəcəkdi problemlər. Sonra bir-birini izləyən ağır depresiyalar. Depresiyadan çıxmaq üçün aludəçi maddəni tapmaq adına hər şeyi edəcəkdi, hətta öldürəcəkdi. Əgər bunlar da işə yaramasa tək yolu qalacaqdı: intihar.

“Məni harda görürlər, gəlib kristal istəyirlər, yoxdu deyirəm, yenə istəyirlər. Yoxdu da, yoxdu. Məndə kristal ya daş zad yoxdu. Mən istifadə etmirəm elə şeylər” – deyə Ra gileyləndi.

Daha sonra bir neçə yoldan keçən də ayaq saxlayıb onlardan fərqli-fərqli ucuz küçə narkotikləri soruşdular. Gələnlər Riçarda yaxınlaşır, sanki onu uzun müddətdir tanıyırmışcasına bir şeylər deyir, Riçard da sanki söhbətin mövzusunu dəyişmək üçün çabalayırdı. Ən son bir kişi daha gəldi və Riçardla sanki hər gün görüşürmüş kimi hal-kef etdi. Riçard onu yola vemrəyə çalışdı və sonda bacardı.

“Tanıyırsan onu?” – Mavi soruşdu.

“Yoo, yo tanımıram”

Mavi hələ də Riçarddan baş aça bilməmişdi. Görünən o idi ki bu adamlar onu tanıyırdılar və o buraların çoxdankı sakini idi, küçələrin. Riçard Ra ilə bir şeylərdən danışırdı. Onun üzünə baxdı Mavi, uşaq məsumluğu var idi. Yanmış dodaqlarına baxdı, Riçard alovun onun qolunu və dodaqlarını yandırdığını demişdi. Mavi onun neçə yaraşıqlı və zəki olduğunu görüb heyfslənirdi. Həyatda yerini tapa bilməmişdi. Yeri səhv düşmüşdü. Ya da həyatda heç kimin doğru yeri deyə bir şey yox idi əslində. Onun bükük belinə baxır və yazığı gəlirdi. Əlində olsa onun üçün ən yaxşısını edərdi deyə düşünürdü. Nə istəyirdi Riçard? İçməkmi? Olsun, onun içkisini və rahat yatağını təmin edərdi, deyə düşünürdü. İçsin istədiyi qədər, öz həyatı idi.

“Al yandır” – Riçard ona növbəti sarmanı uzatdı.

Ra onlardan haralı olduqlarını soruşdu, cavabları aldıqdan sonra bir qədər uzağa daldı. Mavi sarmanı ona ötürdü.

“Böyüdüyüm yerdə, küçələrdə adam öldürürdülər. Hamının silahı var idi. Bərbad bir yer idi,” – deyib Ra bir tüstü aldı və davam etdi, “O cəhənnəmdən canımı qurtarıb bura gəldim. Bir neçə ay əvvəl. Nəsə fərqli bir şey etmək istəyirəm. Bilirsən? Nəsə fərqli bir şey, fərqli bir şey, nəbilim” deyə həssas səs tonuyla bitirdi cümləsini. Sanki ümidlərinin indidən ölü doğduqlarını bilirmişcəsinə kefsizləşdi. Sanki yarısı getmiş ömründə bundan sonra da heç vaxt fərqli bir şey edə bilməyəcəyini başa düşür və üzülürdü.

Sözləri Maviyə təsir etmişdi. Onu yenidən müşahidə etdi. Onu ilk gördüyündə üzündəki zəhmdən çəkinmişdi, ancaq indi nə qədər həssas olduğunu görürdü. Demək ki, üzündəki bu zəhmin səbəbi böyüdüyü küçələr və şəhər idi. Elə bir yerdə yaşayırsansa əgər, onlar kimi davranmağa məcbursan. Tək ayaqlılar yaşayan kənddə sən də tək ayağınla gəzməliydin. Demək ki yeni bir insan ilə görüşərkən üzündəki o qorxu, zəhm, şübhənin səbəbi böyümüş olduğu illər idi. Elə formalaşmışdı.

Onun qolundakı ucuz və keyfiyyətsiz formada işlənilmiş siqaret çəkən Joker tattoosuna baxdı. Aşağı hissədə də yenə qrafiti yazı tərzi ilə nəsə yazılmışdı. O tattoo da keyfiyyətsiz görünürdü. Əlində silahlar gəzən insanların yaşadığı yerdə böyüyən bir uşağın necə bir tattoosu ola bilərdisə elə də tattooları var idi. O “nəsə fərqli bir şey eləmək istəyirəm” deyərkən necə də qorxaq bir ümid içində qıvrılırdı. Sanki dediyinə özü də inanmırdı. Sanki elə belə də ölüb gedəcəyinə artıq əmin idi, ancaq inanmaq istəmirdi. Nə edə bilərdi Ra? Onun kimi neçə Ra var idi? Onun kimi kimsəsiz, yoxsul, təhsilsiz böyü müş neçə ümidsiz və başdan uduzan Ra var idi? Fərqli nə edə bilərdi ki? Bir işə başlaya bilərdi məsələn, bəlkə də? Əgər ona iş verən birini tapsaydı təbii ki. Yaxşı olmasına ehtiyac yox idi, təki iş olsaydı? Bu hər şeyi həll edirdimi? Tək problem bumuydu? İşindən sonra insanlar yenəmi ondan qorxacaqdı? Bəlkə dişlərini düzəltdirərdi ilk maaşıyla? Bəlkə yeni paltarlar alardı? Bəlkə bir gün bir qadın gülümsəyərdi onun üzünə? Unutmuşdu bəlkə də isti bir qadın gülümsəməsini küçələrdə yaşayarkən. Unutmuşdu, yoxsa o istiliyi heç vaxt hiss etməmişdi? Necə üç fərqli dünya yaşamışdı Ra, Mavi və Riçard? Dünya qavrayışı onlar üçün nə qədər nisbi və subyektiv idi?

Hər üçü nə qədər fərqli həyatlar yaşamışdılarsa da, aralarından biri ölmək istəyir, digər ikisi sürünsələr də ölümdən imtina edirdilər. Həyat bu qədər çox dəyərliydi. Hər gün daha da əzilərək, ancaq yenə də yaşayacaq qədər. Yoxsa məsələ həyatın gözəlliyi deyil də, insanın həyatda qalma instiktimiydi?

“Yaxşı bir işin olmalıdı, yaxşı iş çox vacibdi və başının üstündə bir daxman” – Riçard dilləndi və davam etdi – “Ancaq yaxşı iş çox azdı. Hamıya bəs edəcək qədər yoxdu, nə olursa olsun, əhalinin yarısı həmişə əziyyət çəkəcək. Getdikcə də çətinləşir, işlər azalır, texnoloji işsizlik artır. Daha da betər olacaq. Ev və kira qiymətləri də çox bahadı. Neçə min illik dünyada milyardlarla insanın yaşadığı evlər sanki yoxdu və biz yaşamağa ev tapmırıq. Lənətə gələsi əmlak lobbisi.”

“Lənətə gələsi dövlət şəhərlərin xaricində park yerləri ayırsa, maşında ya furqonda yaşamaq istəyənlər üçün, elektrik dirəkləri olsa ucuz qiymətə və duş yerləri qoyulsa, əla olardı. Amma kapitalist əmlak lobbisi ona da icazə verməz yəqin. Mən nə kira vermək nə ev almaq istəmirəm. Geniş furqonda yaşaya bilərdim. Lənətə gələsi yaxşı işləri tapmaqsa həddindən artıq həvəs tələb edir. Nifrət edirəm iş axtarma prosesinə. Sırf onun üçün belə özümü öldürə bilərəm” – Mavi dedi.

“Sənin gəldiyin yerin qadınları necədi?” – deyə Ra söhbəti dəyişib Mavidən soruşdu.

“Qadınları? Belə də. Bəzən ehtiraslı, bəzən təhlükəli, bəzən dindar, bəzən utancaq. Darıxıram onlar üçün. Hamısının öz yeri var, utancaq qadının öz yeri var, utancaq olmayanın öz yeri. Ancaq yenə də bir qadında vaginadan əvvəl beynini üstün tuturam.”

“Maraqlıdı. Daha əvvəl dindar qadınla birlikdə olmamışam”

“Rəqibin başqa oğlan yox, tanrı olur. Maraqlı və şərəfli işdi”

“Bəs təhlükəli niyə dedin? Nə təhlükəsi??”

“Məni evinə çağıran qızın evindən əli bıçaqlı üç qardaşı çıxmışdı bir dəfə. Onu deyirdim, bəzən bilmirsən başına nə gələcək, bunun da öz marağı var.”

“Əli bıçaqlı qardaşları? Doğrudan? Niyə? Neylədin bəs??”

“Qızla evə girəndə evin içindən çıxdılar, gizlənmişdilər. Tez qaçıb çölə çıxdım, arxamca qaçmağa başladılar. Bir neçə küçə qaçdıqdan sonra gördüm ki qaça bilmirəm, yandakı divarın dibində gizləndim. Ya yanımdan qaçıb gedəcəkdilər ya da görəcəkdilər. Bəxtim gətirdi, keçib getdilər. Əsl nazi filmində hiss etmişdim özümü. Sonra onların küçəsindən altı ay keçmədim. Niyə o qədər əsəbiydilər bilmirəm. Qız razıdırsa sənə nə axı? Bəlkə də məni qısqanırdılar, bacılarına sahib ola bildiyim üçün. Bəlkə də onlar da istəyirdi. Bəlkə də insest əlaqəyə ən çox əsəbləşənlər onu ən çox istəyənlərdi. Bilmirəm.”

“Mənim bir dostum var idi. Anası uşaqlıqdan ona oral seks edirmiş, atası da bilirmiş. Qəribədi, amma düz deyirsən, hərənin öz işidi, bəyənmirsən etmə. Başqasını niyə qınayırsan öz şəxsi həyatına görə” dedi Ra və davam etdi “Hər şey bir tərəfə, nə vaxt ot çəksəm ya həyəcanlansam bağırsaqlarımda nəsə bir şey hiss edirəm, kəpənəklər uçuşur, çox qəribədi”

“Bilirsən niyə? Çünki bağırsaqlar beyindən sonra ən çox neyron olan yerdi. Ona görə sevinəndə ya həyəcanlananda filan bağırsaqlarda neyron partlaması yaşayırsan, kəpənəklər uçuşur. Sinir impulslarıdı onlar. Bağırsaq instikti ya intuisiyası ki deyirlər ha? Ordan gəlir”

“Doğrudan? Bağırsaq hisslərin deyir ki hər şey yaxşı olacaq” – dedi və güldü Ra.

“Onu ot dedirdir sənə Ra” – deyə Riçard araya girdi.

Gülürdü indi Ra. Riçard təkrar nəsə məzəli bir şeylər dedi. Ürəkdən gülürdü. Bir uşaq kimi bütün dərdlərini unutmuşcasına gülürdü, otun verdiyi təsirlə. Gözətrafı və yanaq əzələləri sonadək gərilmişdi. Qabaq üstdəki dörd əksik dişi ilə gülürdü. Biraz əvvəlki o zəhmli görünüşündən əsər-əlamət qalmamışdı. Yarımca saat içində yola gedə bilmişdilər. Bir insanın daxili dünyasını görəbilmək və onunla tanış olmaq bu qədər asan idi əslində. İnsanlar instiktiv olaraq tanımadıqları bütün digər insanlara ehtiyyatla yanaşırlar ilk başda. Şübhəylə. “Tanımdadığın yad insanlardan uzaq dur” cümləsini onlara analarından əvvəl genlərinə işləmiş olan təbiət öyrətmişdi. Meşə insanının bir başqa mirası. Əslində bütün insanlar – ən azından bir çoxu – eyni dərdləri bölüşərkən və bu lənətə gələsi həyatın eyni zülmünü paylaşarkən niyə də yeni bir insan görərkən sanki yad planetli kimi ondan çəkinir, tez öz ciddi qabığına bürünür, ciddi üz ifadəsi alır, qarşı tərəfi şübhəylə süzür və qorxurlar?

“Orada, divardakı yazını oxuya biləniniz var? Mənim gözərim zəifdi, oxuya bilmirəm” – deyə Riçard onun düşüncə axışını pozdu.

“dörd, üç.. Üçdü o ya beş? Yox, mən görə bilmirəm” – dedi Mavi.

“4,8,15,16,23 və 42” deyə bir nəfəsə bütün rəqəmləri oxudu Ra.

“Aa, halaldı Ra. Sən çox yaxşı görürsən deyəsən. Bilirsən, sənin kimilərə pilot göz deyirlər, yaxşı görənlərə, nadir tapılan dərəcədə yaxşı görənlərə” – dedi Mavi

“Doğrudan? Pilot göz?” – deyə soruşdu Ra. Sevinir və gülürdü. Bir işdə yaxşı olduğunu bilmək onu sevindirmiş olmalıydı. Özünü bir işə yarayır hiss edirdi ən azından.

“Aha”

“Mən həm də yaxşı üzə bilirəm” – deyə o həyəcanla əlavə etdi.

“Sən lap sağ qala bilmək üçün yaradılmısan ki” – deyə Riçard dilləndi. “Bəs qaçmaq? Yaxşı qaça bilirsənmi, geniş çiyinlərin və güclü qolların da var.”

“Belə də, pis qaçmıram” – deyə Ra Riçardın tərifinə sevinərək ürəklə dilləndi.

Həyatda sağ qala bilmək üçün insana lazım olan təməl güc Ra’da var idi. Ancaq hansı həyatda? Meşə insanının həyatında hə. Ancaq iyirmi birinci əsrdə bunlar çox şey ifadə etmirdi. Bütün müasir yaşam tərzini rədd edib küçədə yaşamaq istəyən insan üçün bunlar heç bir şey ifadə etmirdi. Özünə sadəcə başqa bir heyvan növü kimi baxmaq istəyən və elə yaşamaq istəyən insan üçün artıq yer yox idi dünyada. Bütün meyvə bağları və meşələr dövlətlərin əllərindəydi. O meşələrə milli qoruq adları verilmiş və ətraflarına çəpərlər çəkilmişdi. Küçədə yaşamaq istəyən insana sadəcə başqalarının gündəlik zibilləri ilə keçinmə şansı qalırdı.

“Mənim gözlərim yaxşı görmür, sanki gözümün ətrafı bulanıqdı, ancaq ortanı normal görürəm. Uzağı da görmürəm,” – dedi Riçard.

“Bəlkə də az şey görməyin daha yaxşıdı” – dedi Mavi. Ra onun cavabını xoşladı və güldü.

“Tapmaca kimi oldu lap. Sizə bir tapmaca deyim?”

“De”

“O nədir ki, düzəldən adam onu istəmədi, alan adamın ona ehtiyacı yox idi, işlədən adamın işlətdiyindən xəbəri yox idi.”

İkisi də düşüncəyə daldı, dodaqlarının arasında təkrar edirdilər: “düzəldən adam istəmədi”, “işlədənin xəbəri yox idi”. Bir neçə dəqiqə fikirləşdilər və bir qərara gələ bilməyib cavabı istədilər.

“Mən də tapa bilməmişdim, tabut” – deyə Ra uşaq həyəcanı ilə cavabladı, sonra da tapmacanı izah etdi. Sonra bir neçə tapmaca və lətifə daha danışdı.

Bir qız peyda oldu küçənin sol tərəfində və onlara yaxınlaşdı. Siqaret istədi. Verdilər. Yandırdılar. Qız onları süzdü, onlar da qızı. Gəldiyi istiqamətin tərsinə davam edən qız onlardan bir neçə metr aralıda uşaq arabası gördü və onlara səsləndi:

“Hey, bilirsiniz bu kimindi?”

Bir-birlərinə baxıb başlarını yelləyərək yox işarəsi verdilər. Yəqin ki sahibi arabanı orda saxlayıb uşağı gəzintiyə çıxarmışdı və birazdan qayıdacaqdı. Qız peşəkarcasına tezcənə ətrafa baxındı, arabanın içindəki jaketi götürdü və öz köynəyinin altından qarnına salaraq gəlmiş olduğu istiqamətə tərəf qaçmağa başladı. Ağzında siqaretlə qaçan hamilə qadın təəssüratını yaradırdı.

“Bu nəydi ki ala indi?” deyə onlardan biri təəccübləndi, digər ikisi də mimikləri ilə ona qoşuldular.

Bir müddət daha söhbətləşdilər. Sonra Mavi Laranı və onun evdə olduğunu xatırladı. Bu qədər vaxt necə unutmuşdu onu? Otun təsirindən olacaqdı deyə düşündü, başı çox qarışmışdı. Birdən birə getmək istəyi tutdu onu. Getməliydi. Laraya getməliydi. Onunçün darıxdı.

“Mən artıq getməliyəm” – deyə dilləndi birdən durduq yerə.

“Doğrudan? Gedirsən? Nə oldu ki?” – Ra təəccübləndi. Qərar çox ani idi.

“Aha, getməliyəm,”

Ayağa durdu dönüb Riçarda baxdı, burnunu eşməklə məşğul idi. “Riçard, səni harda tapa bilərəm sonra?” – deyə soruşdu ondan, o da etinasızca “Bilmirəm” deyə cavabladı.

“Telefon nömrən filan nəyinsə var?”

“Yox. İstəyirsənsə mənə öz nömrəni yaz ver”

Mavi bircə saniyəlik dayandı. Qələmi var idi. Amma bir anda fikrini dəyişdi və ona əlaqə nömrəsi vermək istəmədiyini düşündü, qərarsız idi, birdən istəmədən onlara nömrəni yazacaq qələminin olmadığını dedi. Ra inadla nömrəni deməsini istədi, yaddaşının belə şeylər üçün yaxşı olduğunu və nömrəni əzbərləyəcəyini bildirdi. Mavi ona nömrəni dedi, Ra bir neçə dəfə təkrar etdi və nömrəni əzbərlədi. Üç dəqiqə sonra unudacaqdı deyə düşündü Mavi, qısa müddətli yaddaş. Riçardı qucaqladı, Riçard ona soyuq davranırdı. Sonra Ra ilə sağollaşdı və ordan uzaqlaşdı. Evə doğru tələsirdi, çox tələsirdi. Metroya minməliydi deyə düşündü. Yaxındakı stansiyaya doğru tələsdi.

7
YORĞUN ÜMIDLƏR

Metrodaydı. Fikirlər bir-birinə qarışmışdı. Laranı evdə eləcə qoyub çıxdığı üçün özünü günahlandırır və bunun necə axmaq bir hərəkət olduğunu düşünürdü. Metro onu arada bir silkələyirdi. Baxışları gerisi görülməyən qapqara pəncərəyə zillənmişdi. Lənətə gələsi həyatı nə qədər sevdiyini və ölümü nə qədər arzulasa da bir o qədər də yaşamağı istədiyini düşündü. Ölmək istəmirdi. Bəlkə də Lara onunçün yeni bir ümid ola bilərdi. Ola bilərdimi? Yoxsa artıq onu qurtaracaq heç bir ümid qalmamışdı? Tək istədiyi şey geri gedib onu bağrına basmaq idi. İki gündür tanıdığı bu yad insan, indi dünyada ən çox istədiyi varlıq idi. İki insanın bir-birini dəlicəsinə istəməsi üçün bir neçə saniyənin bəs etdiyini düşünürdü bəzən. Bunun üçün illər lazım deyildi. Hətta bəlkə də əksinə, illər bu təsiri azaldırdı. İki insan bir-birini nə qədər az tanıyırsa o qədər çox arzulayardı. Sevgi kimyəvi idi və son istifadə tarixi var idi. Bir insana olan istək və birlikdə keçirilmiş müddət tərs mütənasib idi Mavi üçün. O əslində bütün həyatını bu düşüncə üzərinə qurmuşdu. Bir müddətdən sonra, onun kimi insanlar üçün, ən müqəddəs məna belə dəyərini itiriridi. Lara haqlıydı, ehtiras tanrısından belə bezərdi. Kimilərinin təbiəti bir qadına, bir şəhərə və ya hansısa bir mübarizəyə ölümünə və ömürlük bağlı olmaq idisə, kimilərininki də yenilik, yeni şəhərlər, qadınlar və yeni mübarizə uğrunda bitməz bilməyən axtarış idi.

Sonra birdən Riçardı eləcə qoyub çıxıb gəldiyi üçün inanılmaz ağırlıqda bir sancı hiss etdi. Sanki etdiyi hərəkətin nə qədər mənasız olduğunu ancaq indi anlaya bilmişdi. Onu bir də görə bilməyəcəkdimi? Niyə vermədi nömrəsini? Gözünü pəncərədən çəkib ətrafa baxdı anlamsızca. Sanki durub geri Riçarda doğru qaçmaq istəyirdi. Etdiyi hərəkətin adı əclaflıqdan başqa bir şey deyildi deyə düşündü. Qaşları çatılmışdı. Boş baxışları yerə zillənmişdi. Əli ilə oturduğu oturacağı tutub sıxırdı. Üzünü yumruqlamaq istəyirdi. Alçaq və vicdansız hərəkət etmişdi. Riçardın sonra ona zəng edib ondan bir şeylər istəyəcəyini düşündüyü üçün verməmişdi nömrəni. O an, problem istəmədiyini düşünmüş və belə etmişdi. Ya bir gün zəng edib də bir şey istəsəydi demişdi? Qalacaq bir yer, bir miqdar pul. Əgər nömrəni verməsə bir gün ona yox cavabı vermək məcburiyyətində də olmayacaqdı deyə düşünmüşdü. İndiysə bunun peşmançılığında boğulurdu. Riçard, son vaxtlarda tanıdığı tək insan idi ki onun yanında saatlarca oturmaq istəmişdi. O zəki idi və özünəməxsus satirik üslubu var idi. Sadəcə həyat, onun da üzünə gülməmişdi.

Qərara gəldi ki indi evə getsin. Sonra səhər qayıdıb Riçardı parkda axtaracaqdı. Oralarda bir yerdə olacağını ümid edirdi. Amma əvvəlcə Laraya qovuşmalı onu bağrına basmalı və ona səhər dediyinin əksinə, gec də olsa tapdığı üçün nə qədər minnətdar olduğunu deməliydi. Onunla bir müddət yaşamaq istədiyini deməliydi. Birdən-birə elə həyəcanlanmışdı ki evtanaziya kamplarına getməyi, intiharı belə unuda bilərdi. Həyatın gözəl olduğunu düşünürdü. Ya da, gözəl olmasa belə, Larayla birlikdə bəlkə öhdəsindən gələ bilərdilər.

Eşq kimyəvi hissdir. Ya da daha dəqiq sözlə, bio-kimyəvi hissdir. Və aşiq olduğumuz anda bədənimizdə gedən bir sıra bio-kimyəvi prosesslər var. Loru dildə desək, hormonların sevişməsi kimi. Bilinən ən möhtəşəm xoşbəxtlik hormonlarının şaha qalxması və bir-birini qucaqlamasıdır eşq. Və sözsüz ki, müqəddəs bir hissidir. Ya da, düzəldirik; hiss yox, prosessdir. Çünki hiss dediyimiz şey də, kimyəvi prosesslər bütünüdür. Eşq, ən müqəddəs prosessdir eləysə.

Aşiq olduğunu düşünürdü. Laranı xatırlayarkən ürəyi ayaqlarından da çox əsirdi. Məsələ o idi ki, bu romantik sevgi idi deyə düşünürdü indi. Çünki onlar sevişmişdilər, bu sadəcə primitiv bir cinsi eşq deyildi. Eşqə düşərkən hiss etdiyimiz prosesslər əgər sevişmə sonrası hələ də davam edirlərsə əgər, bu artıq romantik eşq olmuş olurdu və o bunu çoxdandı yaşamamışdı. Hər dəfə bir yadla sevişmə səhəri yatağındakı qadını unudub yeni bir qadın arxasınca qaçırdısa, indi onun ayaqları və ürəyi hələ də əsirdi Laranı düşünərkən. Larayla birlikdə hər şeyin çox gözəl olacağına bütün qəlbiylə inanırdı indi.

Eşqə düşərkən partnyorların beyinlərinin ön lobu olan frontal lobun fəaliyyətində azalma hiss olunur və frontal lob beyindəki analitik düşünmə, fikir yürütmə kimi məntiqi funksiyaların yerinə yetirildiyi yerdir. Eşqin gözü kordur deyimi burdan gəlir. Frontal lobun fəaliyyəti azaldığı üçün partnerlər sevdikləri insanın qüsurlarını görmür, analitik dəyərləndirmə edə bilmirlər. Əksinə onun hərəkətlərini, gözəlliyini şişirdirlər. Həmçinin zaman-zaman hərəkət pozğunluğu da hiss edilə bilinir, əl əsə bilər, nələrsə səhvən sındırıla bilər. İnsanın qorxu keçmişinin saxlanıldığı amiqdalada da fəaliyyət pozunutusu yarandığı üçün aşiq daha cəsarətli olur və qorxmur. Bu dəyişikliklərin təkamüli açıqlaması, sevənin sevdiyi üçün özünü risklərə atması, onu qoruya bilməsi, genlərini paylaşacağı partnyorunu qorumasıdır.

İndi o eşqə düşdüyünü və düşündüklərinin böyük ehtimal doğru olmadığını, Lara ilə birlikdə olsa hər şeyin heç də çox da yaxşı olmayacağını düşünür, ancaq yenə də buna – hər şeyin yaxşı olacağına – bütün qəlbi ilə inanırdı. İnsana bəxş edilmiş ən böyük psixoloji paradokslardan biri idi bu. İdraki ziddiyət. Bir-birini səhv çıxaran tezislərin hər ikisinə eyni anda yüksək dərəcədə inanma hissi. Həyatına son verməyi düşünən Mavi, bir anda Larayla tanışırdı və onunla birlikdə olsa əgər, bütün ağrılarını unudacağını sanırdı. Bir tərəfdən də onu bu yanılqıya salan şeyin mədəsində uçuşan kəpənəklər – kapilyar damarlarında hərəkət edən sürətli qan dənəcikləri- olduğunu bilirdi.

Ancaq o qərarını vermişdi. Bunun bir illuziya olub olmaması vacib deyildi. Onsuz da həyat bir xoşbəxtlik oyunundan ibarət idi və xoşbəxtlik çox vaxt sadəcə bir illuziyaydı. Nə olur olsun Laranı istəyirdi. Çəkdiyi bütün ağrılar, keçmiş həsrəti, həyatda qala bilmək üçün işləmə əziyyəti, hər an seçim etmə əziyyəti və qalan digər bütün əziyyətlərə göz yuma bilərdi. Lara ilə bir neçə ay daha xoşbəxt ola bilərdi. Gerisi önəmli deyildi. Onsuz da həyatında bir neçə aydan daha uzun planlar qurmamışdı, qurmaq da istəməmişdi heç vaxt.

İndi ona maraqsız və dadsız gələn, bu şəhərdə bildiyi bütün yerlərə, küçələrə, meşələrə, parklara, göllərə Lara ilə birlikdə yenidən gedə biləcəklərini, onu gəzdirə biləcəyini düşündü. Bir yeniyetmə kimi həyəcanlı və xoşbəxt idi. Görəsən onun ən sevdiyi o gölü bilirdi Lara? Bilməsə nə yaxşı olardı deyə düşündü, onu ilk o aparardı. Bilirdisə də eybi yox, yenə gedərdilər. Sahilində sərxoş olardılar. Tək gəzdiyi bütün o yerlər, artıq onun çarəsiz yalnızlığını paylaşan və yalnızlığını onun üzünə vuran, bar-bar bağıran birər cəhənnəm halını almışdılar. Düşündüyü o göl məsələn, sıxıntılı günlərində gedib yalnızca dolaşıb, sahibsiz bir it kimi sülənib sonra boynu bükük o yalnız otağına qayıtdığı və artıq ona heç bi həyəcan verməyən quru bir təkliyin hökm sürdüyü su yığıntısından başqa bir şey deyildi. Halbuki Lara, o quru gölə bahar gətirə biləcək bir təravətə sahib idi.

– deyə düşünürdü Mavi.

Ya da,

– deyə yanılırdı Mavi.

Onu Riçarddan uzaqlaşdıran qatarlar, Laraya yaxınlaşdırırdılar. Bugün tanıdığı və sevdiyi bu iki insanın ikisini də bilərək özündən uzaqlaşdırmışdı. Necə də axmaq idi. İlk öncə evə gedib Laranın könlünü alacaq, sonra da Riçardı tapacaqdı. Hətta Larayla birlikdə gedərdilər onu axtarmağa? Hə, əla fikir idi, Laranı da onla tanış edərdi. Həm Riçarda dediyi sevgilimin evində qalıram yalanının o qədər də yalan olmadığını göstərmiş olardı. Bir də Rubl vodkasını alardı Riçard üçün, onu tapdıqdan sonra içərdilər birlikdə üçü. Əla plan idi deyə düşündü. Riçardı yəqin ki tapacaqdı, uzaq başı həmin o çin mağazasına gedəcək və orda gözləyəcəkdi, onlardan soruşacaqdı. Tapacaqdı, hər şey yaxşı olacaqdı.

Səhər Laraya demiş olduğu o lənət cümləni – kaş səni heç tanımamış olaydım – cümləsini, Laranınkı ilə dəyişəcək və ona kaş səni daha əvvəl tanımış olaydım deyəcəkdi. Bu qədər gec tanımışkən heç hara buraxmaq fikrinin olmadığını deyəcəkdi. Laranın ona dediklərini xatırlayırdı, ona hələ onlar dünən axşam barda ikən bir neçə günlük qalacaq bir yerə ehtiyacı olduğunu, gedəcək bir yerinin olmadığını dediyini xatırlayırdı. Ona məndə qala bilərsən bir müddətlik demişdi, indi isə ona istədiyin qədər məndə qala bilərsən deyəcəkdi. Yığıb saxlamış olduğu pul onlara bir müddətlik bəs edərdi. Bəlkə işlər yolunda getsə, köhnə işlərindən arası yaxşı olduğu müdürlərdən birinə gedər və bir iş istəyərdi təkrardan. İşlər bəlkə qaydasına düşərdi yavaş-yavaş. O bir daha işləməmə qərarı almışdısa da, hətta onu evtanaziya kamplarına itən səbəbin bu lənət dünyada hara getsə işləmək məcburiyyətində olması olmuşdusa da belə, indi Laranın eşqi, qadın istiliyi onu geri qaytarırdı və rasional düşüncə emosiyaların arasında itirdi. Məsələ xoşbəxt olmaq idi və olacaqdı da.

Metroya ilk mindiyində ən başdakı vaqona minmişdi. Evə gedərkən isə son vaqonun yaxın olduğu çıxışdan çıxıb getməliydi. Ona görə metrokı müddət ərzində Lara üçün getdikcə daha çox darıxdıqca, qatar hər növbəti stansiyada dayananda olduğu vaqondan çıxıb tez qaçıb ondan əvvəlki vaqona minir, enəcəyi stansiyada çıxışa ən yaxın sonuncu vaqona doğru yaxınlaşdırırdı özünü. Sona yaxınlaşdıqca iki vaqon birdən qaçıb minirdi ən arxadakına. Qatardan endikdən sonra evə ən qısa müddətə çatması üçün edirdi bunu, Laraya aparan ən qısa yol idi ən gözəl yol. Ya da bəlkə də, nə olur olsun, bütün yollar Laraya aparırdı.

İndi, Laraya ən yaxın vaqonda idi və növbəti stansiya son stansiyası idi. Ayaqlarını yellədirdi. Daha doğrusu mindiyindən bəri dayandırmamışdı ayaqları. Dayanmadan yelləyirdi. Vaqondakı siqaretiydi sanki yellənən ayaqları. Həyəcanını yatışdırır, gözlədiyi vaxtın tez keçməsinə kömək edirdilər. Sanki dağları aşmışdı bu kiçik amma ona uzunmu uzun gələn metro yolçuluğunda. Laranın həsrətinin yaratmış olduğu adrenalin səbəbi ilə heç bir ağrısını hiss etmirdi.

Bir qoxu diqqətini dağıtdı və keçmişə getdi yenə. Çox gözəl hisslər xatırladı və qoxunun nəyin qoxusu olduğunu anlamağa çalışdı. Bir anda xatırladı, nərgiz gülüydü. Amma bu dəfə, ona keçmişi xatırlatmış qoxuya nifrət etməmiş, əksinə onu təkrar qoxlamışdı. Başqa vaxt olsa durub yerini dəyişər və xatırladığı keçmiş hisslərindən qurtulmağa çalışardı. Ancaq indi xoşbəxt idi. Və xoşbəxt insan üçün keçmiş xatirəsi də gələcək xatirəsi də gözəldir. Dünyanın və hisslərin nə qədər nisbi olduğunun göstəricisi, bir nərgiz gülü qoxusu bədbəxtkən sizi ağrıdan ağlada, xoşbəxtkən sevincdən meyxoş edə bilərdi. İyi dərin nəfəslə ciyərlərinə çəkdi və üzünə nostalgia təbəssümü qondu.

Mavinin son, qatarınsa sondan üçüncü stansiyasına girdi vaqonlar. Yavaşladılar. Qapıda hamıdan əvvəldə durub hazır gözləyirdi. Çıxışda önündə heç kim olmasın da qaça bilsin deyə. Açıldı qapılar. Evə tələsdi. Sürətli addımlarla qalxdı eskalatoru. Yuxarıdakı çıxış qapısında digər istiqamətlərdə hərəkət edən qatarlardan çıxmış insan izdihamında biraz gözləməli oldu. İzdiham qapıdan əvvəl qıf kimi enlidən ensizə doğru yavaş-yavaş daralıb, qapıdan sonraysa getdikcə eyni həndəsi silsilə ilə yavaş-yavaş genişlənir və bütün bu proses ona qum saatını xatırladırdı.

Ən pis hiss isə sözsüz ki, xüsusilə də belə bir istəklə alışıb yanarkən, var gücünlə qaçmaq istəyərkən o izdiham içində önündəki insanın ardınca yavaş-yavaş addımlamalı olmaq idi. Çıxdı metrodan və evə yönəldi.

Metronun iki küçə aşağısında qalırdı. Nisbətən izdihamlı olan ilk küçəni bitirib sağa dönərkən tindəki hər gün gördüyü gül satıcısına sataşdı gözü. Qadınlara gül almaq kimi bir xasiyyəti yox idi. Deyəsən heç vaxt da almamışdı. Amma bu dəfə, Laraya bir üzür borclu olduğunu düşündü. Laranın da onun kimi bir tip olduğunu və gülün çox da önəmi olmayacağını bilirdi. Amma ikisi üçün də simvolik bir mənada belə olsa ayaq saxladı, geri döndü və qoxladıqdan sonra bir dəstə mavi gül aldı. Adlarını bilmirdi, o an üçün vacib də deyildilər. Tələsməyə davam etdi. Gülü qoxlayırdı ara sıra, heç də pis olmadıqlarını və əslində Laranın da onları sevəcəyini düşündü, daha da sevindi, təkrar qoxladı. Uzun zamandır ayıq başla təbii olan nədənsə heç bu qədər zövq almamışdı, həyatın əslində nə qədər gözəl olduğunu düşündü və təkrar qoxladı.

Dörd mərtəbəli binanın qarşısına çatdı, pilləkənləri qaçaraq çıxdı və qapını açıb içəri atdı özünü.

“Lara!” deyə qışqırdı qapını açıb girərkən. O gedərkən dağınıq olan evin hər tərəfi səliqə ilə yığışdırılmışdı. Təbəssüm qondu üzünə. Ancaq bir tərəfdən də üzündəki sevinc, həyəcan və təbəssüm ifadəsi boş otaq qarşısında qərarsız və anlamsız forma aldı. Qaşlar çatıldı. Yataq otağında olduğunu güman etdi. Oradaydı əlbətdə, başqa harda olacaqdı. Qorxaq iki addımın ardından otağa boylandı. Boş idi. Dayandı bir qədər. Lara, əlbətdəki hamamda olmuş olmalıydı. Evin qapısı açıq idisə əgər, demək ki Lara evdəydi. Və deməli hamamdaydı. Qapısı bağlı hamama doğru yaxınlaşdı. Barmaqları ilə sakitcə döydü. Ölü səsslizliyi dinlədi. Ürkək bir ürək döyüntüsü səsi qulaqlarında əks-səda verirdi. Qapını açdı. Boş otaq. Dondu. Ordaca dayandı. Gül dəstəsi boşalan əlindən yerə düşdü. Nəyi düşünəcəyindən əmin deyildi. Bəlkə aşağı mağazaya düşmüşdü? Qapı niyə açıq idi? Bəlkə sıxılıb, dünənki yaxınlıqdakı bara gedib içməyə? Başqa nə ola bilərdi ki, orda olmuş olmalıydı. Özünə təsəlli verərək qorxusunu azaltdı. Ağlına gələn başqa fikirlər onu qorxutdu və narahat etdi. Sakitləşməliydi. İçməliydi. Evdə heç içki qalmadığını xatırlayıb gəldiyi kimi evin açıq qapısından aşağı doğru tələsdi.

Ücretsiz ön izlemeyi tamamladınız.

₺65,44
Yaş sınırı:
16+
Litres'teki yayın tarihi:
27 ekim 2022
ISBN:
978-9953-8066-5-9
Telif hakkı:
Alatoran yayınları / Алаторан
Metin PDF
Ortalama puan 4,5, 4 oylamaya göre
Metin
Ortalama puan 0, 0 oylamaya göre
Metin
Ortalama puan 5, 4 oylamaya göre
Metin PDF
Ortalama puan 5, 2 oylamaya göre
Ses
Ortalama puan 5, 1 oylamaya göre
Metin
Ortalama puan 4,7, 6 oylamaya göre
Metin
Ortalama puan 2, 1 oylamaya göre
Ses
Ortalama puan 5, 3 oylamaya göre
Metin, ses formatı mevcut
Ortalama puan 5, 5 oylamaya göre